Məqalələr Məhəmməd Tağı Sidqi (1854–1903) Qazet, yaxud qəzetə nədir? Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz. Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir. Xülasə, uzun bir mərikə... və illa yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin, iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir. Qazet almaq, qəzetə oxumaq üləma mülahizəsində küfrdür. Tüllab nəzərində günah, tüccar içində təzyin-övqat, əsnaf arsında ləğviyyat və avam yanında lap heç zaddır. Özgə yerləri bilmirəm. Hələ bu tərəflərdə bir para alimnuma nadan tələbələrin nəzərində (ki zatən türk oğlu türkdür) türki dilində hər nə yazılmış olsun şayani-etina deyildir. Qəzetə ki, olsa, pənah bər Xüda!! Həmçinin onun əqidəsinə görə farsi dilində yazılan ruznamələrə də baxmaq günahdır. Bunu da mübaliğəsiz deyirəm. Hərgah eşitsə ki, ərəb lisanında qəzetə nəşr olunur, günahi-kəbirə hesab edib və onun mühərririni kafiri-mütləq bilir. Ondan ötrü ki, ərəb lisanı Allah və peyğəmbər lisanıdır ki, onunla Qurani-məcid nazil olub. O dildə nəzetə yazmaq, əlbəttə, cürmi-əzimdir. Odur ki, bir para maarifpərəst binəvalar və millətdust biçarələr labüd qalıb, qazet kəlməsini zikr etməyi dillərinə adət verməyiblər. Söhbət əsnasında müxatəbin nəzəri-diqqətini cəlb etmək üçün həvadisnamə, ruznamə, cəridə ləfzlərini istemal edə-edə bir haləti-nazikanədə bilirlər. Məsələn, «Tehranda nəşr olunan «Şərafət» ruznaməsinin möhtərəm müdiri İran yəhudilərinin əleyhinə bir məğbul və müfəssəl məqalə yazmışdı. Yainki Misirdə təb olunan «Ənnil» cəridəsinin mühərriri Hicaz dəmir yolunun barəsində məlumati-kafiyə vermişdi» misallı sözlər deməklə camaatı qazet oxumağa rağib etmək istəyirlər. Bununla belə, yenə insafi-müstəme bietina qulaq verə-verə, tez-tez başın tərpədib, ha-ha, bəli-bəli deyib, tərhi-söhbətinə təğyir vermək arzusundadır. Hələ bəzi bekar, müftəxor və sahibi-nüfuz şəxslər vardır ki, rahrolarda və güzərgahlarda tənbəlləşib və yainki bir para dükanların qabağında əngəl və məhəlli-heyətində əyləşib qoluna-qolay adamlardan keçəndə bir haləti-müstəhzibanə və təməsxüranə ilə çağırır: Ha, ay filan kəs! Hardan gəlirsən? Buyur əyləş! Görək nə var, nə yox. Qəzetlərdə nə yazırlar? Bunu da soruşmaqdan müradı odur ki, həmcüvar dükançılara və oradan gəlib keçənlərə özünü «Mərd» tanıtdırıb və onlara qandırsın ki, yəni mən də qazet bədhaxlarından və maarif düşmənlərindən varam. Amma bir neçə gün bundan əqdəm bu günə əşxasdan birisinə bir nəfər yaxşı cavab verdi: Bu soruşmuşdu ki, bu günkü qəzetələrdə nə yazıblar? O, da, - yazıblar ki, bekar və boşboğaz adamları tutacaqlar, - cavabi ilə müqabilə eylədi. Xülasəyi-kəlam, istər yüz belə cavab verilsin və yainki qazet ləfzinin əvəzinə «Cəridəyi-məzidə», «Həvadisnaməyi-mübarək», «Ruznaməyi-müqəddəs» deyilməsin ki, hər nə istərsə deyilsin, qazet kəlməsi bunların hamısını ehtirafı badi-fənaya veribdir. İndi istəyirəm «Qazet» və yainki «Qəzetə» kəlməsini məna edəndən sonra hər bir insaf və vicdan sahibi olan şəxsləri ki, heç qazet oxumurlar, fuadıma çağırıb, onların özlərini münsif və hakim təyin edim və sual eləyim ki, aya özünüzü nə səbəbə bica və əbəs yerə və bu iştibahkaranə xəyalat ilə qazet oxumaq ləzzətindən və maarifdustluq nemətindən məhrum edirsiniz? Nə vaxta kimi mövhumatla məşğul olub və mahalatla məhdud olacaqsınız? Məlum olsun ki, «Qazet» ləfzi qaz kəlməsindən ismi-mənqul və məzidi-fihdir. Yəni «Qaz» kəlməsinə «ət» və ya «eta» hərfi əlavə olunduqda nisbət sahibi «Qazet» və yaxud «Qazeta» olubdur ki, indi qazet, qazeta, qəzetə ləfzlərilə istemal olunur. «Qaz» kəlməsi miladi-İsadan 400 il əqdəm qədim Yunanıstanda bir pulun ismi oluban, Yunan məmləkətində rayic idi ki, o vaxtlar 5 qaz bir diraxim ki, müərrəbi dirhəm olsun hesab olunurdu. Necə ki, indi də İranda bir qaz 5 dinar hesabındadır. Qazın İranda da mütədavi və rayic olmağı və indiyə kimi o kəlmənin baği qalmağı İskəndəri-kəbirin fütuhatından sonra xüləfayi-İskəndərin məskukatı ilə bərabər Əşkanilərə, Əşkanilərdən Sasanilərə, Sasanilərdən indiki əhaliyə yadigar və baği qalıbdır. Əlhasil, o vaxtlar Yunanıstanda hükəmadan bəzisi, o cümlədən Ksenofon və Priqlisen kimi məşhur yazıçılar öz əfkarını və bəzi məlumat və ittilaatı papiros ağacının yarpağından emal olunan səhifə və lövhələr üzərinə yazıb, öz peyrovlarına və müqəllidlərinə göndərirdilər ki, ol vaxt o vərəqənin qiyməti bir qaz idi ki, axırda o səhifələr qazet, qazeta və bəlkə qazetin ismi ilə müsəmma oldu. Yəni bir qazetlik və bir qaz qiymətinə olan vərəqə deməkdir. Yunanıstanın iğtişaş və inqirazından sonra qazet romalılar zamanında mətruk qalıb, tainki miladın 1631-ci sənəsində birinci dəfə olaraq Fransada qəzetə nəşr olunmağa başlandı. Mətləbimizə şahid olaraq «Şərqi-Rus»-un 17-ci nömrəsində cənabi-maarif və kamalati-adab, ədibi-yeganə və fazili-fərzanə Əhməd bəy İsmayılbəyov «Qazet mərifəti» ünvanlı bəndində «Hükəmayi-Yunanilər zamanında qəzetə istemal olduğu sabitdir» buyurub. Şüərayi-ərəbdən Şəhir ibn Sabitin əbyatından və həkim Ərəstunun nəsayehindən fəqərələrini zikr etmişdir. Əgərçi o cənab bu fəqərələrin məxəzini və haradan nəşl etməyini tövzihən bəan buyurmayıbdır və Şəhir ibn Sabiti və yainki Həssan ibn Sabiti Yunan hükəması ilə müasir qərar veribdir. Amma burada bizim mənzurumuz tənqid deyildir. Çünki «Şərqi-Rus»-da hənuz tənqid babi və ədəbiyyat bəhsi açılmayıbdır. İnşaalah gələcəkdə bunların hamısı mətrəhi-müzakirəyə qoyulacaqdır. Məqsudumuz «qazet» kəlməsinin Yunan lisanı olduğunu isbat etməkdir ki, onu müərrəb edəndə cəmi-mükəssəri qəvazit olur. Necə ki, qanun kəlməsi daxi Yunan lisanından olaraq, onun cəminə ərəblər qəvanin deyib, istemal ediblər. Bəli, Vazeh surətdə anlaşılır ki, qazet kəlməsi Yunan lisanından məxuz bir kəlmədir. İndi uca səslə fəryad edib, deyirəm ki; Ey maarifdən rugərdan olan qardaşlar! Və ey qazetdən və qazet kəlməsindən mütənəffir olan şəxslər! Hərgah bu ismi-əcnəbi lisanından olduğuna görə müsəmməsına istikrah göstərib, bəhs edirsiniz. Pəs Qurani-şərifdə nə qədər hindi, yunani, ibrani və siryani kəlmələr var, bu surətdə gərək nəuzübillah bu irad onlara da varid olsun. Bundan əlavə, bu indiki əsrdə ki, cəmi-ülum və fünun və sənaye və ixtiraat və kəşfiyyat əcnəbi əlinə keçib və təzə ixtira olunan əsbab və alat, əşya və əcnas, məkulat və məlbusat, züruf və ləvazimat və tədarükati-səfəriyyə bəlkə bir nəzər ilə baxanda hamı mayəhtacımızı miləli-xaricədən alıb, hamısının adlarını onların istilahınca dilimizə və ədəbiyyatımıza yazıb, istemal etmədəyiz. O cümlədən: suxari, çay, palton, fayton, teleqraf, telefon, lampa, ramka, marka, razbor, fasfor, pomidor. Minlərcə belə kəlmələr var ki, bunların hamısını nəzakət və mətanətlə deyib, alıb, yeyib, içib, geyib, minib, gəzib, dolanıb və işlədirik. Amma qazet kəlməsini deməyə və öz dilimizdə nəşr olunan qəzetəni alıb oxumağa ar edirik. Və heç xəyalımıza da gəlməyir ki, bu indiki əsrimizdə bu hamı təməddünat və tərəqqiyyatın ümdə vasitəsi və ülum və maarifin və vüquati-əfkarın əvvəlinci rəhbəri qəzetədir. İlahi, görəsən bizlər qəzetənin qədr və qiymətini və onun fayda və mənfəətinə nə vaxt bərxurd olacağıq? Qəzetənin məzaya və mühəssənatına və dəqayiq və nükatına haçan bərxürd olacağıq? Yarəbb! Bizlər bu təyyar vərəqənin havasınca nə zaman uçacayıq? Ya əcəb, bu hamı əcnəbi millətlərin arasında və mütəməddinə dövlətlərin məmləkətində ki, ildə milyonlarca qəzetə nəşr olunur, məgər onlar səhv edirlər? Yainki əziz və qiymətli vaxtlarını qəzetəyə məşğul olmaqla bihudə sərf edirlər? Xeyr! Onlar hərgiz səhv etməzlər. Xüsusən məişət əmrlərində hər bir cəhətdən onların elmi və istinbatı və hər bir kəşfiyyat və məlumatı bizlərdən artıqdır. Əgər belə deyilsə, bəs nə üçün onlar bizləri hər bir işdə ötüb keçiblər? Ləvazimaati-məişətin hər bir cüziyyatında bizləri özlərinə möhtac ediblər? Hətta iynədən tutmuş pambıq və əmmamədən kəfənə kimi onlara ehtiyacımız vardır. Onların qəzetəyə olan meyl və rəğbətlərinin payəsini və mətbuat aləminə göstərdikləri səy və himmətlərinin dərəcəsini nə dil ilə bəyan edəlim? Və hansı bəyan ilə əyan edəlim? Əlhəqq, mənim kimi aciz və bibizaətlərin dilində o qədər yara (güc) və qələmində o tavana yoxdur. Amma onların qəzetəyə olan meylü məhəbbəti və qəzetələrinin qədrü-qiyməti barəsində nümunə olaraq bir neçə müxtəsər fəqərələr zikr etmək fayda və münasibətdən xali deyildir. Firəngistan alimləri və mütəməddin millətlərin danişməndləri hər məmləkət əhalisinin mədəniyyət və mərifətini o məmləkətin mətabe və məkatibinin ədədi və mətbuatının miqdarı ilə müvazinə edirlər. Avropa üdəbasından bir şəxs Amerika səyyahlarının birisindən sual edir ki, - siz bir şəhərə varid olanda o şəhərin əhalisinin dərəcəyi-mərifətini və payəyi-fəzilətini nə ilə məlum edirsiniz? Səyyah cavabında deyir ki, mən hər bir vilayətə varid olanda o şəhərin kitabxana və mətbəələrinin və cərayid və məkatib (məktəblər)-inin kisrət və qillətini mizani-mülahizəyə alanda əhalisinin daniş və binişini, maarif və mədəniyyətinin qədr və əndazəsi məlum olur. 1898-ci sənədə Amerikanın «Merlmak» adlı gəmisi ki, Kuba adasının Havana bəndərində ispaniyalıların iğva və təhrikilə çapılıb, sınıb, tələf olmuşdu. O günlərdə məzkur gəminin qərq olmasına dair əhvalat əxz edib, qəzetəyə dərc etmək üçün «Santuri» qəzetəsinin müdiri «Qibson» namında bir generala gəminin nə səbəbdən və necə qərq olmağı barəsində bir müfəssəl məqalə yazmaq üçün 30.000 frank vədə etmişdi. Yenə həmin sənədə İngilis qəzetəçilərindən birisi admiral Duveyə teleqrafən izhar edir ki, əgər Filipin cəzirələrinin (adalarının) xüsusunda bir müxtəsər məqalə yazıb göndərsəniz 2500 frank idarəmizdən Sizə yetişəcəkdir. Admiral teleqraf ilə cavab verir ki, bəndənizi məzur tutunuz, bir ilə məqalə yazmağa. Kisrəti-məşğələ mənə manedir. İngilis dövlətinin sabiq sədri-əzəmi (baş naziri) mistr Qladuston əyyami-sədarətində qəzetə xəbərnigarlığı ünvanı ilə fəxr edirdi. Bəzi övqat ki, «Taymız» qəzetəsinə bir məqalə yazardı 5000 frank ücrət (maaş) alırdı. 1989-ci sənədə Amerika ilə İspaniya müharibəsi əsnasında Firəngistan qəzetəçilərinin çoxusu müharibə əxbarını təhsil etmək (əldə etmək) üçün həftədə 15 000, bəlkə ziadə xərcgüzar olurdular. Qəzetə idarələri tərəfindən hər ləngərgahda (limanda) nə qədər əmələ, nəqqaş, mühərrir, əkkasdan mürəkkəb (ibarət) xüsusi məcmələr mövcud idi. «Niyurq herald» qəzetəsinin idarəsi tərəfindən həmişə dörd gəmi «Santiyaqo» və «Portofino» sahillərində təhsili-əxbar üçün dolanırdı. Avropanın məşhur səyyahlarından «Misyo Nans» ki, 1893-cü sənəsi Qütbi-şümalidən övdət edəndə onun məiyyətində olan şəxslərdən birisi Afrikada bir qəzetəçi ilə görüşüb, qəzetəçi iki saat zaman qədərincə ondan Qütbi-şümaliyə dair məlumat əxz etmək üçün altı yüz lira təxsis etdi. Həmin gün qəzetədə elan eylədi ki, «filan səyyahın Qütbi-şümaliyə dair məlumatı və təhqiqatı filan gün, filan nömrədə dərc olunacaqdır». Bu xəbər müntəşir olandan sonra səyyahın təhqiqatı dərc olunan nömrə sair günlərin nüsxəsinə nisbətən 3400 liralıq artıq satılmışdı. Müxtəsəri-kəlam, qəzetənin qədr və mənziləti və aləmi-mətbuatın şərafəti və fəziləti barəsində minlərcə bu günə əxbar hər gün qəzetələrdə dərc olunmaqdadır. Hələ qəzetə barəsində bəzi təəccübəfza və heyrətbəxşa fəqərələr var ki, onlara müsəlmanlar içində məhz qülv və sırf yalan əsnadı verilmək üçün burada zikr etməkdən sərfi-nəzər olunur. Bunu da xəyalıma gətirirəm ki, məgər bu yazdıqlarıma inanacaqlarmı! Nəzəri-etimad ilə baxıb, təsdiq edəcəklər ki, hələ bunlardan mafövqini də yazım?! Xeyr! Xeyr! Bunların hamısı sidqi-məhz və məhzi-sidq və eyni-həqiqətdir. Heç vaxt bu böyüklükdə yalanı ucalıqda yerdə demək olmaz. Qəzetənin mühəssənatı və əhəmiyyəti çox-çoxdur. Onun tərif və tövsifi, izzət və ehtiramı, məziyyət və lüzumu bundan ziyadədir ki, əsrimizdə hər məmləkətin müəzzilat ümurunun nəticəsi və hər millətin nətayici-əfkarının səmərəsi və hər dövlətin politikasının təğyirat və təbdilatı küllən qəzetə ilədir. Qəzetəni alıb oxumaqdan ar etməyəlim. Qazet kəlməsini dilimizdə zikr etməyə ikrahımız olmasın. Əgər olursa da türki dilimiz ilə bir lisani-lətafət asan və əzəb ül-bəyandır ki, əba və əcdadımızdan gəlib bizlərə yetişənədək hər əsrin təğazasınca və hər qitə əhalisinin istilahınca münasib libas ilə zivərlənibdir. Fars gülüstanından güllər yığıb və ərəb bustanından sünbüllər götürüb. Əgər qazet ləfzində «Qərabət» və «Tənəffür» varsa, ruznamə deməyə haqqımız var. Xüsusən, dini lisanımız olan ərəbi dilində cəridə deməyə daha artıq istehqağımız vardır. İndiki zamanda cəridə bir ayineyi-ibrətnümadır ki, hər millət ondan rugərdan olsa, qüsur və nöqsanına düşünməz və üyubatını görüb, islah edə bilməz. Dust darəm hər an ke, eybe-məra həm ço ayine rubəru quyəd. Nə ke, çon şane ba hezar zəban poşte sər rəfte mubemu söylər. Hələ ibrətnüma olmaqdan maəda bir mirati-cahannümadır ki, öz evində və öz mənzilində əyləşmiş ikən dünyanın hər bir tərəfində zühura gələn əcayib və qərayibi, dövlətlərin hal və hərəkətini, millətlərin ətvar və əfkarını, dostların və düşmənlərin küftar və rəftarını, heyvanat və nəbatatın ənva və əqsamını, əlhasil, övzayi-aləmin hər bir keyfiyyatını vazeh surətdə sənə nişan verir. Cəridə bir müəllimi-səyyar və bir müsafiri-təyyardır ki, hər məkanda və hər buğədə olan üləmanın elmini, üdəbanın ədəbiyyatını, hükəmanın nəsayehini, şüəranın əşarını, üğəlanın nətayici-əfkarını, keçmiş millətlərin və dövlətlərin inqiraz və istiqlalını zəhmət və ücrətsiz sənə təlim edər. Cəridə elə bir xoşməşrəb müsahibdir ki, səni yalandan, qeybətdən, iftiradan, süxənçilikdən və sair boş və biməna söhbətlərdən mən edər. Yalqızlıqda məhbubi-xoşbəyan və bir munisi-şirinzəbandır. Günüzlər fürsət zamanında bir rəfiqi-şəfiq və istirahət məqamında həmdəmi-sədiqdir. Uzun gecələrdə bir nədimi-cahandidə və bir həkimi-karazmudədir ki, siyasi fəqərələr, elmi mübahisələr, fənni və ədəbi məqalələr, şirin və ruhəfza hekayələr, güvara və qəmzədə söhbətlər ilə səni bərxurdar və əhvali-aləmin dəqayiq və nükatından xəbərdar eylər. İndi mehriban qardaşlar, sevgili yoldaşlar! Qeyrət dəmidir, fürsət zamanıdır, qəflət etməyəlim, maarifə meyl edəlim, cəhalətdən çıxalım, qazet oxuyalım! Qazet oxuyalım! Qazet oxuyalım! Cənabi-müdiri-möhtərəm Məmmədağa həzrətləri! Rus lisanına kamilən vaqidə və aşina olmadığıma görə işbu zeyldə yazılan məqalənin məzmununa habi əlahiddə bir məktub «Kaspi» idarəsinə göndərə bilmədim. Cənabınızdan qaibanə və məxsusanə təvəqqe odur ki, bu bir neçə sətirlərə müqəddəs cəridənizdə yer verəsiniz. * * * Təəssüf və yenə təəssüf Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz. Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir. Ah! Nə təəssüfamiz sözlər! Ah, nə möhnətafza fəqərzlər!!!... Sultan Məhəmməd Xarəzmşahi ilə Xətanın sülhündən yeddi yüz il keçibdir. İnsan deyil ki, bu iyirminci əsrdə Məhəmməd ilə Əhməd və Əlinin mabeynlərində xüsumən vaqe olsun. Bundan əlavə, indiki bu münəvvər əsrimizdə bəni-növi-bəşərin əfkarında sülhi- ümumi məsələsi doğulur. Bu surətdə cəngi-xüsusi və nazayi-xanəgi nəyimizə lazımdır? Gəl sülh edəlim, cəng və xüsumət nə gərəkdir? İndi sən nəsən, nəçisən və kimsən? Bu təəssüf ünvanlı bəndi haradan deyirsən və kimin tərəfindən deyirsən? Bu məqaləni nə üçün yazırsan? Kimə deyirsən və müxatibin kimlərdir? Suallarına cavabım budur ki, məni-həqir, naməlum, adsız, sansız və şansız bir adamam. Bu təəssüf ünvanlı bəndi əvvəla xeyri-uxbanə vicdanım məni vadar etdiyi üçün və saniyən yazılan bəndlərdə taqətfərsa fəqərələrə hüzn və həsrət ilə baxan hamı müsəlman qardaşların tərəfindən deyirəm. Bu məqaləni islahi-tərəfeyn üçün bitərəfanə xəyal ilə məhzi-ərz və mərəzdən xali bir hal ilə yazıram və müxatiblərimin əvvəlincisi «Şərqi-Rus»un möhtərəm sahibi-imtiyası Məmmədağa, ikincisi «Kaspi»nin izzətli müdiri Əlimərdan bəy, üçüncüsü elm və ədəb ilə iştihar və imtiyaz tapan Əhməd bəy Ağayev cənablarıdır. Məktubumun əvvəlində Məmmədağadan qalibanə və məxsusanə təvəqqö eləmişəm ki, bu məqaləyə möhtərəm cəridəsində yer versin. İndi sizin hər üçünüzdən də niyazməndanə xahiş edirəm ki, bu məqaləni diqqətlə oxuyub, mizani-mülahizəyə alandan sonra əgər məruzatımı mütabiqi vaqe və həqiqətə məqrun və və xeyirxahlığa şamil görsəniz, mühərrirlik və ədiblik cənbəsinə və insaniyyətə şayan olan hiss və vicdanızla qəlbən və qalibən, canən və xəyalən bir-birinizlə müsalihə edib, bu ikidilli və süxənçin olan qələmin mücadiləsinə dil və könül bağlamayın və bu üzü qara mürəkkəbin vasitəsilə düruyə olan kağızda bir-birinizi xəcalət və dilgəran və bəlkə nəşiman və pərişan etməyin. Mətləbi qələm ilə bundan artıq açıq və aydın yazmağa iqtidarım yoxdur. Əlhasil, əgər mabeynizdə mühibbanə və bəradərənə müsalihə müqərrər olsa və minbəd (bundan sonra) bu təiblili kinayə və təqrizatınız «Nəsiyyən-mənsiyyən» qalsa, ol vaxt mən kəndimi izhar etməyim, ixlas və iradətlə insaniyyət naminə sizlərə səmimi düagü olaram. Ümum qədrdan və qədrşünas və maarifpərəst şəxslər də məsrurən və mütəşəkkirən sizlərdən razı və məmnun olarlar. Əgər Xüda nəkərdə (Allah eləməsin) hənuz qəlbləriniz kədərdən xali olmayıbsa «İnzər ila ma qalə və latənzər ila mən qalə» və «Vər nevişta əst pənd bər divar» məzmununa mültəfit olmayıb, deyəsiniz ki, «Bu vaiz ... və bu nasehi-xüdfüruş kimdir ki, bizlərə belə möizə və nəsihət eləyir?» Onda məni lən və tənəyə müstəhəqq və şətəm və nasəzaya səzavar görəsiniz, ol vaxt mən öz məhəlli-iqamətimi və ism və adresimi tövzihən və məşruhən hər iki idarəyə yazaram. Tainki məni lənət və söyüşə layiq bilib, hər nə qədər ki, dilhaxınızdır söyün. Çünki mən dostların islahı və millətin səlahı üçün hər bir nifrin və naraba sözləri kəndi canıma nuş və guvara bilirəm. Mənim də qabaqca qəlbi nifrinim budur. İndi mən sizin mühakimə məclisinizi nəinki yalnız özüm, bəlkə ümum xeyirxah və sülhpərvər müsəlmanlar tərəfindən birhəm edib, aləm-mənada bir məclis tərtib və sizin hər üçünüzü mütəvəqqeən və mütəvazeən o məclisə dəvət edib, hətta cənabi-mərahim adab Hacı Zeynalabidin Tağıyevə də zəhmət verib, bir neçə münviflər ilə o məclisə çağırıb, kamali-əcz və illah ilə qərəzsiz və riyasız və hər günə kinayədən xali qabaqca «Şərqi-Rus»un hörmətli müdirinə xitab edib, deyirəm ki: Ey maarifin mühibbi Məmmədağa! Mən səni uzaqdan-uzağa tanıyıb və görməz-bilməz bilirəm ki, sən həqiqi surətdə qəyur və tündməcac və hər bir əraz və mərəzdən ari və elmü ədəb düstarı bir şəxssən ki, ömrünü əvvəldən indiyə kimi kamalat və ədəbiyyat yolunda sərf edibsən. Heç bir vaxt elm və ədəb dairəsindən kənara düşməyib, kəndi səy ictihadın səmərəsindən və maarif və kamalata təbii olan meyl və rəğbətin sayəsində həmişə seyrü səyahətdə olub və müddətlərcə Firəngistanda əmrahi-övqat edib, ümum və fünuni-mütənəbbiədən kafi dərəcədə bəhrəmənd olub, neçə-neçə şərqi və qərbi dillərə dark olubsan. Xüsusən həkimi-haziq kimi bunu da dəryaf edibsən ki, mərizə (xəstəyə) müxtəlif bir müalicə edəndə qəl ( ) maddə olmaz. Əgərçi mərəzi təxfif tapıb, səhhətə mübəddəl olursa da, amma yenə müruri-zaman ilə o müzmin mərəz övd edib (qayıdıb) mərizi (xəstəni) həlak eylər. Yəni millətin cəhalət dərdinin dərmanı ülum və maarifdir. O ülum və maarif xəzinəsinin əvvəlincisi miftahı mükəmməl əlifbadır. Odur ki, neçə illərdir zəhmət çəkib, əlhəmdulah ki, axırda bu mükəmməl əlifbanın tərtibinə müvəffəq olmusan. Əlhəqq, bu əlifbaya əlibbayi-kəbir deyilsə, layiqdir. Zira ki, onun ilə hər bir lisanda olan kəlmə və kəlası düz yazıb, səhvsiz və dürüst oxumaq mümkündür. Axırda bu əlifbanın rəvac və intişarına və həm də millətin və mədəniyyətin izdiadına əvvəlinci vasitə ana dilində bir cəridənin ihdasıdır. Şimdi Allah tabarək və taalaya çox şükürlər olsun ki, onun da izn və intişarına müvəffəq olubsan. İşbu təfsilatdan hasili kəlamım şudur ki, əgər «Şərqi-Rus»un sütunları qələm mücadiləsi ilə olsa və onun qiymətli səhifələri təriz və kinayə ilə zaye bulsa, ol vaxt cəridənin ədəbi-davamı, cəridənin ədəmi-davamında, əlifbanın ədəmi-intişarı əlifbanın ədəmi-intişarında əbnayi-millətin maarifdən məhrum olmağı məznun və bəlkə yəqindir. Şimdi bu mühüm əmrin icabı üçün və işbu böyük, müfid, milli və mötəbər xəyalı qüvvədən felə gətirib, meydani-hüsula və zühura qoymaq üçün acizanə və müxlisanə mütəvəqqe olub, deyirəm ki: İncimə, dur çal qələm, mən sənə qurban olum, şürüş və qovqa nədir, sülh və müdaraya bax!!! Ondan sonra üzümü kamali-məhəbbətlə Əlimərdan bəyə tutub, deyirəm ki: Ey millətin mayeyi-iftixarı və ey kamalat və ədəbiyyatın tərəfdarı Əlimərdan bəy! İllərcə zəhmət çəkib, ikmal vəch ilə elm və kamal təhsil edibsən, təhsildən fariq olandan sonra cənab Nəcəbbəy Vəzirovun ikinci komediyasında zikr olunan pəhləvanani-zəmanədən olmayıbsan, hər bir mənfəəti-şəxsiyyə və icrazi-nəfsaniyyədən sərfi-nəzər edib, ülum və maarif və ədəbiyyat tərəfdarlığını dəröhdə eylədin. Neçə illərdir ki, «Kaspi» qəzetəsinin müdiriyyətində zəhmətlər çəkibsən və o qəzetə rus lisanında olduğu üçün müsəlman aləminə bir para xain nəzərilə baxmayanlara və müsəlmanlar əleyhində bəzi mübhəfza və töhmətəngiz yazılan yalan xəbərlərə dövlət dili ilə cavab verib, biz Qafqaz müsəlmanlarının dövlətə və vətənə olan hüsni-sədaqətimizi isbat edib, hökumət nəzərinə yetiribsən. Bakı kimi şəhərdə neçə-neçə rus və müsəlman məktəblərinin təşkili xüsüsündə çəkilən zəhmətlərə və təşviqlərə sənin də iştirakın və iştihaqın olmağı məlumumuzdur. Hər bir təsisati-xeyriyyələrə, aclıq olsun, zəlzələ olsun, cəmiyyəti-xeyriyyə olsun əlindən gəldiyi qədər ianə cəm edib, göndərdiyin heç vaxt yadımızdan çıxmaz. Bu da məlumdur ki, «Şərqi-Rus» kimi türki dilində neçə-neçə cəridələr nəşr olunsa, həmkarlıq və həməfkalıq cənbəsilə hamıdan artıq şad və xoşnud olan sənsən, onun təkrarına hacət yoxdur. ..........süxən mərdi-süxəndana yaraşmaz. Əlbəttə, rusca bilməyən və qəzetə oxumayan müsəlmanlardan «Şərqi-Rus» kimi tazə bir ruznamə çıxanda: «Heç olmasa bir alım, baxım, görüm, nədir, necədir və nə yazıblar» - deyənlərin əlində görüb, əgər oxuyub, anlamasa da, yenə sən bizlərdən artıq məsrur və məşuf olursan. Məmmədağa cənab Hacının barəsində özünü haqlı görüb, bir şey yazmış olsa da, dübarə Şəfiqə xanımın təqrizi zimnində yazdığı təhsin və hüquqşünaslığı talafeyi-mafat və iltiyami-cərahat üçün kifayət deyilmi?! Bəradərim Əlimərdan bəy! Sən elmin havadarısan, sən maarifin dustarısan, sən qəzetəni mədəniyyət vasitəsi bilib, qəzetə məşələsini əldə tutub, zülməti-cəhalətdə qalanları sərmənzili-səadətə yetirmək istəyirsən, əzizim! Bəs bu nə inqilab və küdurətdir? Bu nə etiraz və ləcabətdir? İzhari-kin şüari-dili-zarın olmasın, həmkar ilən cindal sənin karın olmasın. Növbət cənabi-Ağayevə gəlincə o cənabın üzünü körməmişəm. Amma sözünü görmüşəm. «Söz onun sahibinin güzgüsüdür» məfhumunca bilirəm ki, ona heç bir söz deməsəm də, o cənab özü bilir ki, mən nə demək istəyirəm. Çünki nəvisəndə danət ke, dər name çist (ona görə ki, yazan bilir ki, məktubda nə yazılmışdır). Amma onu özümə müxatəb fərz edəndə qəlbimdə bir mənəvi bəşşaşiyyət peyda olur. Odur ki, səfayi-xatir ilə deyirəm: Ey ədəbi-süxənbər və ey ləbibi-maarifpərvərim Əhməd bəy! Sənin dərəcəyi-danişinə və məratibi-kamalatına dost və düşmən səhhə qoyubdur. «Ülviyyəti-əfkarda əngüştnümasan». Sənin vücudun möhtərəm bir zat və zatın bir kitabxanəyi-həyatdır. Əfkarında vüsət və qələmində sürət çoxdur. Rəşəhati-qələmindən təravüt edən sətirlər ziraəti-maarifimizə bir barani-rəhmətdir. Yazdığın məqalələr ibrət aynası və məlif etdiyin risalələr qeyrət taziyanəsidir. Sən dil ilə, əl ilə və qələm ilə milləti maarif və mədəniyyətə, əxlaq və insaniyyətə rəhnümalıq (hidayət) edirsən. Bəs bu nə səhv nisyan və bu nə qüsur və nöqsandır? «Bu bəzmin badənuşu məst olur, amma xarab olmaz». Neçə illərdir ki, Krım «Tərcüman»ının yarım vərəq qəzetəsindən qeyri məgər milli dildə bizim cəridəmiz var idi? İyirmi ildir ki, Krım «Tərcüman»ı nəşr olunur. Hələ indi də onun hər bir sütunu şayani-tənqiddir. İndiyə kimi «Tərcüman»ın» tənqidinə dair çox müfəssəl məqalələr yazılıbdır. Burada «Şərqi-Rus»un ihdasına nə üçün təşəkkür etməməliyəm, cənab Hazı Zeynəlabidin ağanın əqidəsi budur ki, kaş indi bizim yüzlərcə «Şərqi-Rus» kimi caridəmiz olaydı. Mən bu sözü Hacının tərəfindən iznsiz demirəm. Əlimdə isbatım vardır. Hacı əfəndinin islamiyyət, insaniyət, mədəniyyət aləminə olan meyl və rəğbəti və bu gün də sərf etdiyi himməti və səxavəti və fədakarlığı barəsində qələm çəkmək mənim vəzifəmin xaricindədir. Günəşə işıq demək tövzihi-vazihat qəbilindəndir. O cənabın cəmi ianə və xeyratı, ehsanatı, şərhi-halı və tərcümeyi-əhvalı müfəssəl risalələr və rusi, türki, xüsusən farsi qəzetəlrinin vasitəsilə nəşr olunduğu üçün burada təfsilə hacət yoxdur. Amma cənab Hacının məhz qəzetə xüsusunda olan meyli və qəzetəni fəvand və mənafeinə dair olan əqand və xəyalatı bir müfəssəl məqalə ilə «Şərqi-Rus»da ayrıca dərc olunacaqdır. Əlhasil, etibar yolu ilə bir neçə dəqiqəlik təşkil etdiyim sülh məclisinin vacib ül-ehtiram əfradına bundan artıq zəhmətəfza olmağın və təğazası yoxdur. İndi cənabi-Hacı və hamı münsiflər bir əqidə və bir lisan ilə hər üçünüzə üz tutub: Bundan sonra nə «Kaspi»də, nə «Şərqi-Rus»da bu günə məlal gətirən və küdurət artıran bəndlər nəşr olunmasın. Qonşularımızın hərəkətlərindən ibrət alayım. Qəzet yazan və qəzetə oxuyan, xüsusən «Kaspi»də və «Şərqi-Rus»da nəşr olan bəndləri oxuyan sair millətlərdən xəcalət çəkəlim. Dostları məhzun və düşmənləri məmnun etməyəlim. Tainki biganələr bizlərə gülməsin və yazıçılar sizdəri təməsgür və estehza etməsin. Cəridələrdə həmişə ədəbiyyat bəhsində qələm mücadiləsi xoşnümadır. Mühavirati-elmiyyə, münazirati-fənniyyə və mübahisati ədəbiyyə ilə mücadiləyi-həsənə etmək mənfəətbəxşıdır. «Əlaqə bir olucaq dilləri ittihad eylər» dəlildir ona. Hamı birdən ayağa durub, sizi öpüşdürüb və barışdırıb və siz də hüzuri-qəlb və səfayi-xatir ilə mücafihə edən vaxtda Lisan ül-qeyb uca səs ilə deyir: Biya ke, növbəti-sülh əst, dustiyü iradət, Beşərte anke, nəkuim əz güzəştə hekayət. Tərcüməsi: Həl ki, sülh, dostluq və iradət vaxtıdır, O şərtlə ki, keçmişdən danışmayaq. Sidqi * * * Kitabxana.az · https://kitabxana.az/collections/sidqi-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1903). Public domain (author died 1903). Original text only.