Pedaqoji əsərlər Məhəmməd Tağı Sidqi (1854–1903) Nümuneyi-əxlaq Məktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur İfadəyi-məram Üsuli-cədid üzrə açılan məktəblərimizdə kütübi-tədrisəyyəyə nəhayət dərəcədə ehtiyacımız olduğu üçün 1894-cü ildə Naxçıvan şəhərində güşad olunan «Məktəbi-Tərbiyə»nin şagirdlərinin birinci sinfinin ikinci şöbəsinə bir il müddətində həftədə iki dəfə imla təriqilə yazdırdığım əxlaqa dair dərsləri yığıb bir risalə şəklində cəm etdim və bu risalənin mündəriəcatı əbnayi-millətin, xüsusən tərbiyə və təhsilə alışan balaların nəhzibi-əxlaq və tənviri-əfkarına müavinət edəcək ümudilə «Nümuneyi-əxlaq» namı ilə mövsüm qıldım. Müəllim qardaşlarımıza səhulətbəxş olmaq üçün əbnayi-Vətənə əxlaqi-həsənə təlim etdirməyə və həm imla yazdırmaq məqsədilə təbinə mübaşirət olundu. Əbnayi-millətə bir xidməti-acizanə göstərmək sədədində olduğum halda intişari-maarifə himmət və qeyrət sərf edən zəvati-giramdan bu cəsarətin zimnində üzrxahlıq edirəm. Məhəmmədtağı Sidqi Bismillahi-rəhman ür-rəhim! (Mərhəmətli Allahın adı ilə!) Birinci imla Xüdavəndi-təbarək və taalaya çox şükürlər olsun ki, məktəbimizin tətilindən sonra səhhət və salamatlıq ilə məktəbə cəm olub, hamı yoldaşlarımız ilə şövq və həvəslə dərsə şüru eylədik. İnşaallah taala gələcək illərimizdə belə sağlıq və salamatlıq ilə təhsilə davam edərik. Həqiqətdə uşaqlıq aləmi nə gözəl bir aləmdir. Kiçiklik əyyamı nə əcəb günlərdir ki, zəhmətsiz və əziyyətsiz elm kəsb etməyə məşğuluq. Elm qazanmaq həvəsilə məktəbi sevən şagirdlər və elmin qədr və qiymətini bilən balaca uşaqlar bu böyük nemətin müqabilində gündə min dəfə Allah taalaya şükür və səna eysə, yenə azdır. Xüdavəndi-aləm bizi və bizim ata və anamızı və müəllimlərimizi dünya və axirətdə xöşbəxt və səadətmənd eyləsin! Məktəbin rəislərinə və məktəbimizin tərəqqisinə və rövnəqinə himmət göstərənlərə, elm və mərifətin rəvacına çalışıb, səy edənlərə xoş vaxtlar və tükənməyən ömürlər əta və mərhəmət eyləsin! Behəqqi-Məhəmməd və aləhu tahirin. Amin! İkinci imla Məktəb Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədr və qiyməti elm ilə bilinir. Yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Pəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur. Məktəb cahalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər. İllərcə məktəbə gedib tərbiyə və ədəb kəsb etməyən kimsənələr və məktəbdə ömür keçirib, ülum və fünundan bəhrəmənd olmayan şagirdlər rəngarəng güllər və çiçəklər ilə müzəyyən bir bağçada gəzib dolanan kora bənzərlər. Məktəb də bir cismə bənzər ki, onun ruhu müəllimdir. Məktəb müəllimlərinin ülum və fünuna dara və adabi-elm və tərbiyəyə sahib vüquf olmaları hər bir halda şərtdir. Hər halda elmin ləzzətin anlayan şagirdə məktəb bir gülüstani-behcətdir. Amma tənbəl və qeyrətsiz uşaqlara məktəb bir zindani-əziyyətdir. Mən məktəbi sevən şagirdlərdən olmalıyam. Hər gün sevgili məktəbimizin havasınca uçmalıyam. Məktəbimizi sevmək qədərincə müəllimlərimizi də sevirəm. Çünki onlar hər gün mənə bilmədiyim şeyləri öyrədirlər. Müəllimlərimizi sevən kimi kitablarımı və dəftərlərimi də sevirəm. Çünki onlar mənim elm öyrənməyimə səbəbdir. Mən kitabımı və dəftərlərimi kirli və çirkli etməyəcəyəm. Məktəbdən və müəllimlərdən və kitabımdan daha artıq ata və anamı sevirəm. Çünki mənim zəhmətlərimi çəkib, böyüdüb, məktəbə qoyan onlardandır. Üçüncü imla Məktəbə davam İki il bundan irəli mən heç bir şey bilməz idim. Ancaq mübtədilər sinifində əlifba başlayıb, hürufat öyrənməyə məşğul idim. Bir neçə ay məktəbə davam edib, diqqət ilə çalışdım. Sevgili müəllimlərimiz hər gün verdiyi dərsləri həvəslə oxuyub, yazdım və öyrəndim. Tainki bir az müddətdə əlifbanı bitirdim. Gözəl surətdə imtahan verib birinci sinifə daxil oldum. Keçən il bu vədə qiraəti-Quranla kitab oxumağa alışdım. Bəzi hekayələrdən imla təriqilə yazıb və hüsni-xətt təliminə şüru eylədim. Əlhasil, hər bir vəzifəmi layiqincə icra edib, ikinci imtahanımızdan sonra ikinci şöbəyə keçdim. İndi oxuyub-yazdıqca qəlbim nurani olub, məlumatım artır. Dördüncü imla Təfəkkür və mülahizə Hər dəm kiçik və körpə uşaqlara baxıb yəqin edirəm ki, bir vaxt var imiş mənim də onlar kimi nə dişlərim çıxmışdı və nə sürünüb yeriyə bilirdim. Nə də süddən savay bir şey yeməyə iqtidarım var idi. Sonra ata və anamın zəhməti və tərbiyəsi sayəsində yavaş-yavaş böyüyüb, gəzib dolanmağa və xörək yeməyə qadir oldum. Tainki dil açıb, danışıb və söyləşdim. Məktəbə hazırlaşmaq üçün hər gün evimizdə bir neçə saat ata və anamdan gözümüzə görünən şeylərin isimlərini və sairlərin adlarını öyrəndim. Heyvanların və bitkilərin doğulub-göyərməsindən və böyüyüb-nişvü-nüma etməsindən bir çox məlumat kəsb etdim. Neçə yaşında olduğumu da bilib məktəbə gəldim. Bir az müddət zərfində oxuyub-yazmağı təhsil etdim. Bundan sonra hər gün sevinə-sevinə məktəbə gəlib, diqqət ilə dərslərimə davam edəcəyəm. Tənbəl və qeyrətsiz uşaqlardan olmayacağam. Nafəhm və zəkavətsiz şagirdlərə bənzəməyəcəyəm. Beşinci imla Məktəbə davam edən uşaq Yaşasın məktəbə davam edən uşaqlar! Məktəbə davam edən uşaq səhər tezdən yerindən durub məktəbə gəlmək həvəsilə uçar. Evlərində fehristi-tədrisə (dərs cədvəlinə) baxıb, o günün dərsini gözdən keçirib, hazırlar. Ata-anası da onun bir dəqiqə vaxtının fövt olmamasını nəzərə alıb məktəbə gəlməyə tərğib eylər. Məktəbə davam edən şagird hər gün dərs vaxtından irəli məktəbdə hazır olur. Məktəbə daxil olub, öz yerində əyləşib, dərsə hazırlaşır. Odur ki, bu qism uşaqlar əvvəlinci dərsdən əvvəl məktəb həyətində görünməz. Heç bir gün məktəbə gəlməmək barəsində bir üzr və bəhanə gətirməz. İstər bircə dərs də olmuş olsa, yenə vaxtını itirməyib, məktəbdən qayib olmaz. Dərs əsnasında əsla eşiyə çıxmaz. Bu səbəbdəndir ki, bu günə (belə) uşaqlar gündən-günə tərəqqi tapıb, imtahan məclisində imtiyaz vərəqi alır. Məlumdur ki, hər kəs uşaqlıqda bu xasiyyətə adət tutsa, böyüklükdə də tutduğu işdən mənfəətbərdar olur. İndi ümidvar oluram ki, kiçiklikdə məktəbə davam edib, böyüyəndə yenə hər bir vaxt, hər bir işdə müdavimətdən geri durmayacaqsınız. Tainki kamalatlı və mərifətli adamların mərtəbəsinə yetişəsiniz. Altıncı imla Məktəbə gec gələn uşaq Ey mənim həvəsli şagirdlərim! Məktəbimizdə bir neçə uşaq vardır ki, həmişə bivaxt gəlməyə adət ediblər. Xüsusən hava bulut olan vaxtlarda hər gün tövqif cəzasını alırlar. Söz yox ki, belə uşaqların məktəbə gec gəlməyi evlərinin uzaqlığı cəhətinə deyildir. Çünki çox uşaqlar vardır ki, evləri məktəbə daha uzaqdır. Bununla belə yenə hər gün dərsdən irəli məktəbdə hazır olurlar. Pəs məlum olur ki, bu uşaqların ata və anaları vaxtın və dəqiqənin qədr və qiymətini bilməzlər. Həm də özləri şövqsiz və həvəssiz şagirdlərdəndir ki, hənuz oxuyub-yazmağın mənfəətini və elm və ədəbin ləzzətini anlamayıblar. O səbəbdəndir ki, belə uşaqlar çox vaxtlar tövqif cəzasına düçar olub, məktəbin aşağı tərəfində kitabları əllərində, ayaq üstə durub, dərsə məşğul olurlar. Sizlər də onlara həqarət nəzərilə baxdıqca yenə vaxtında məktəbdə hazır olmağa qeyrət və diqqət etməzlər. Məlumunuz olsun ki, belə vaxt keçirən və dərs itirən şagirdlər heç bir vaxt tərəqqi etməz. Həmişə yoldaşlarından geridə qalıb, layiqincə elm təhsil etməyə çalışa bilməz. Pəs lazımdır ki, hər gün vaxtında məktəbə gəlməli və hər günün və hər saatın dərslərini və vəzifələrini öz vaxtında cabəca etməli. Yeddinci imla Fəhim və zəkavətli uşaq Fəhim və zəkavətli şagirdlərə bir böyük dövlət sahibi və bir tükənməz xəzinə maliki demək cayizdir. Çünki belə uşaqlar öz fəhm və fərasətləri səbəbinə hər qism elm və maarifdən bəhrəyab olub, gələcəkdə xöşbəxt və səadətmənd olmaqlarına şübhə yoxdur. Necə ki məktəbimizin qabil və zirək şagirdləri öz zehn və zəkavətlərinin sayəsində hər gün müəllimdən afərin və təhsin vərəqələri alırlar. Zəkavətli uşaq məktəbdə müəllim verdiyi dərslərə qulaq asıb, anlamadığını müəllimdən təkrarən sual eylər. Sual və cavablı dərslərdə hamıdan qabaqca barmağın tutub, hər bir suala layiqincə cavab verər. Öz dərsini oxuyub-yazıb, hifz edəndən sonra yoldaşlarının səhvlərini və dəftərlərinin xətalarını meyl və həvəslə təlim və islah eylər. İmla dərsində hərfləri, kəlmələri, nöqtələri, sətirləri və sair əlamət və işarətləri elə bir gözəl surətdə tərtib ilə yazar ki, səhv və xətası çox az tapılar. Odur ki, belə uşaqların nömrələri heç bir vaxt dörddən və beşdən əksik olmaz. Belə fəhim və zəkavətli uşaqdan müəllimlər və ata və ana nə qədər razı və xoşnud olsa gərəkdir. İndi hər bir şagirdə lazımdır ki, həmişə səy və diqqət etsin və şövq və həvəslə çalışsın, tainki belə zəkavətli uşaqlardan məhsub ola. Səkkizinci imla Nafəhim və zəkavətsiz uşaq Ey mənim zirək və zəkavətli şagirdlərim! Keçən imla dərsimizdə fəhim və zəkavətli şagirdlərin əhvalından filcümlə tərif və bəyan olundu. Bugünkü dərsimizdə nafəhim və zəkavətsiz uşaqların halətindən zikr olunacaqdır. Zəkafətsiz uşaq heç bir vaxt yoldaşlarına baxmaz, öz üzərinə fikir etməz və əsla imtahan günlərini xəyalına gətirməz. Birinci sinifdən ikinci sinifə və ikinci sinifdən üçüncü sinifə tərəqqi eyləmək fikrinə düşməz. Şövqlə və həvəslə çalışıb, çabalayan uşaqların qeyrəti və diqqəti əsla ona təsir etməz və dərs əsnasında gözünü kitabdan götürüb və nəzərini müəllimdən bir özgə şeyə mütəvəcceh olub, xəyalını dağıdar. Məsələn: Məktəbin divarında aslıan xəritələrdən birisinə baxanda gözü bir quş şəklinə sataşır və öz-özünə xəyal eylər ki, bu quş nə gözəl quşdur! Bu quş görəsən harda olur? Bu quş yuvsını haralarda tikir? Divardamı? Ağacdamı? Bağdamı? Dağdamı? Əlhasil, belə xəyalata alışıb, bir vaxt görər ki, müəllim dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxırlar. Amma dərsdən heç bir fayda hasil edə bilməyib. Söz yoxdur ki, belə bifərasət uşaqdan həmişə müəllimlər bizar və yoldaşları narazıdırlar. Ata-anası onu məktəbə göndərməkdə labüd və naçardır. İndi məktəbimizin ümum şagirdlərinə tapşırıb və surəti-məxsurədə tövsiyə edirəm ki, gecə-gündüz həvəslə çalışıb, səy və diqqət eləsinlər, tainki belə bifəhm və bişüur uşaqlardan olmasınlar. Doqquzuncu imla Diqqətli uşaq Diqqət dediyimiz bir böyük mənalı kəlmədir. Hər şagird diqqət kəlməsinin mənasını necə ki, lazımdır anlamaz. Diqqət kimi böyük nemət hər bir vücudda tapılmaz. Odur ki, məktəbimizdə bir neçə diqqətli və qeyrətli uşaqlar vardır ki, hər nə qədər özləri kiçik və sinifləri az olsa da yenə hər sinifdə öz həmdərslərindən təmiz tapıb, tərəqqi etməkdədirlər. Diqqətli uşaq hər gün səhər tezdən məktəbə gələndə kitablarına, dəftərlərinə, qələmdanına və sair təlim şeylərinə diqqət ilə baxıb, mülahizə eylər ki, məktəbdə mətəl qalmasın. Və bəlkə də lazım olan vaxtda yoldaşlarından minnət çəkib almasın. Məktəbdə hər günün və hər saatın dərsini elə hazırlayır ki, müəllim tərəfindən onu xəbərdar etməyə lazım görülməz. Dərs əsnasında əsla yerindən hərəkət eyləməz. Dərsin axırına kimi elə diqqətlə qulaq asıb məşğul olar ki, həmin dərsin sual və cavabına şüru olunanda hər bir suala cavab verməkdən aciz qalmaz. Diqqətli uşaqların imla dəftərlərini nəzərdən keçirəndə hüsni-xətt şivəsini gözləmək lərindən əlavə bir hərf və bir nöqtə səhv və xətası tapılmaz. Məlumunuz olsun ki, məktəbimizin diqqətli və qeyrətli uşaqları gələcək zamanlarda bir neməti-üzmaya vasil olub və bir böyük şan və şövkətə malik olacaqlar. Xalq içində öz əmsal və əcranından təmiz tapıb (seçilib) təhsini-afərinə layiq olacaqlar. Çünki insanı əla dərəcəyə yetirən diqqətdir. Elm və kamalat sahibi edən diqqətdir. Dünyada hər bir işi cabəca edən diqqətdir. Yenə diqqətdir. Yenə diqqətdir, oğlanlarım! Onuncu imla Diqqətsiz uşaq Ey mənim diqqətli şagirdlərim! Diqqətsiz uşaqların hal və hərəkəti sizlərə bir mayeyi-ibrətdir. Belə uşaqlara məbada baxasız! Öz qeyrət və diqqətinizi zaye edərsiniz. Diqqətsiz uşaq dünyada heç bir səadətə nayil ola bilməz. Bu qism uşaqlar məktəbdə heç bir gün öz dərslərini və vəzifələrini layiqincə icra edə bilməz. Çox vaxt olur ki, duadan sonra dərsə şüru olunanda görərsən ki, kitabını açmayıb. Müəllim: Oğlum! Nə üçün kitabını açmayıbsan? Kitabımı gətirməmişəm cavabını verər. İmla dərsinizə dəftərini aç! Deyiləndə evdə qalıbdır deyir. Hərgah bir əlahiddə dəftərə yazmaq lazım gəlsə qələmdanı yazmayacaq. Əgər yoldaşının qələmdanına şirkət etsə qələm tapa bilməyəcək. Demək olur ki, diqqətsiz uşağın məktəbə gəlməyilə evdə qalmağı bərabərdir. Bəzi günlər məktəbə daxil olanda görərsən ki, corabını tərs geyibdir və yainki kəmərini bağlamayıbdır. Bəzi vaxtlar məktəbə gələndə yolun yarısında baxar görər ki, gecə börkü başında qalıbdır. Bir də evə qayıdıb papağın qoyub, gəlib məktəb otağına daxil olanda görər ki, müəllim əvvəlinci dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxıblar. Müəllim onun gec gəlmək səbəbini sual edəndə cavabında aciz qalıb, bir para yalan sözlər telə düzməyə başlar. Müəllim: Yalançının cəzası tövqifdir; - deyib, onu bir saat dizi üstə əyləşməyə düçar eylər. Şübhəmiz yoxdur ki, bu növ diqqətsiz uşaqları heç kəs sevməz. Söz yoxdur ki, hərgiz belə uşaqlardan olmayacaqsınız və həmişə diqqətli olmağa diqqətlə çalışacaqsınız. On birinci imla İtaətli uşaq İtaətli uşaqları Allah taala hifz eləsin! İtaətli uşaq nəinki məktəbdə müəllimin buyurduğuna əməl eylər, bəlkə, evlərində də ata-anasının sözündən əsla təcavüz eləməz. Ona əmr olunan təkliflərdə heç bir qüsur qoymaz. İtaətli uşağı ata-anası bazara, qonşuya və sair yerlərə bir işə göndərəndə «baş üstə!» - deyib, o işi meyl və rəğbətlə cabəca etməyə çalışır. Əcəba! İtaətli uşaq ata və ananın itaətinin vacib və lazım olmağını haradan bilmiş? Necə bilməsin ki, müəllim hər həftə pəncşənbə günləri axırıncı dərsdə mövizə və nəsihət etdiyi halda, ata və ananın itaətinin vacib olmağını neçə-neçə dəlillər ilə sübuta yetirib, xatirnişan eylər. Odur ki, belə uşaqlar ata-anasının və müəllimlərinin tərəfindən verilən nəsihətlərə canü dillə qulaq asıb, əməl etməkdədirlər. Məsələn: Daş atmaq, uca yerdən atılmaq, pis müsahiblər ilə gəzmək, nəmnak yerlərdə əyləşmək, od ilə və kibrit ilə oynamaq, isti-isti təam yemək, tərli-tərli su içmək, kal mevə yemək və sair bu günə (belə) zərərli və bifayda əməllərin barəsində verilən nəsihətləri qəbul edib, əsla itaətsizlik göstərməzlər. Məktəbimizin itaətli şagirdləri bu dərsə necə diqqətlə qulaq asırlar, necə şövq ilə və həvəs ilə yazırlar. Əlbəttə insanı səadətə yetirən itaətdir. Dünya və axirətdə nicat verən itaətdir. İtaətli olmağa kim çalışmaz? İtaətli olmağı kim istəməz? On ikinci imla İtaətsiz uşaq Ey mənim itaətli şagirdlərim! Məbada-məbada dünyada bir para itaətsiz və nadan uşaqlardan olasınız! İtaətsiz uşaqları görməyə gözüm yoxdur. Belə uşaqlar həmişə müəlliminin gözündən düşüb və ata-anasının məhəbbətindən məhrum qalır. İtaətsiz uşaqların gördüyü işləri və tutduğu əməlləri bəyan etməkdən dilim acizdir. Belə uşaqları ata və anası bir lazımlı işə göndərəndə az qalır ki, canı çıxsın. Guya ki, iş görmək haramdır. Bir nəsihət edəndə nə qədər canı sıxılır. Deyəsən ki, nəsihət qəbul eləmək günahdır. Məsələn: Anası deyəndə: - Oğlum, apar bu kuzəni çeşmədən doldur! Mən apara bilmərəm, çeşmə uzaqdır. Mən gedə bilmərəm. Belə çirkin-çirkin cavablar verər. Keçən günlərdə məktəbimizin şagirdlərinin birisindən evlərində bir itaətsizlik sadir olubdur. Ata-ananın itaəti vacib və lazım olduğu halda, anası ilə döyüşüb və savaşıb və bir para namülayim sözlər söyləməyə cəsarət edibdir. İndi mən onun adını aşikar zikr etməyirəm. Bəlkə peşman olub, gedib anasının əlini öpüb və təqsirinin üzrünü istəyib, günahından tövbə edəcəkdir. Və illa əsamiyi-ətfal vərəqəsində onun adının altında nöqteyi-təğbih görünüb və özünü tövqif cəzasına düçar olmuş görəcəksiniz və onun əhvalına yanıb, əfsus edəcəksiniz. On üçüncü imla Qeyrətli və çalışqan uşaq Bu gün bu imla dərsində sizlərə bir müqəddəs kəlmənin mənasını tərif və bəyan edəcəyəm ki, o da qeyrətdir. Qeyrətli uşaqların əhvalından bir müxtəsər məlumat verəcəyəm, ta biləsiniz ki, qeyrətli və diqqətli olmaq eyni səadətdir. Qeyrət dediyimiz nədir? Qeyrət dediyimiz bir tükənməz xəzinədir. Qeyrət bir gövhəri-giranbahadır ki, ona malik olan kimsə həmişə asayiş və istirahətlə keçinir. Hələ kamalatlı və mərifətli şəxslər qeyrət kəlməsini zəhmət mənasına tutublar. Belə ki, hərgah zəhmət kəlməsinin bir nöqtəsin götürsən görərsən ki, zəhmət deyil, rəhmətdir. Pəs məlum oldu ki, səyli və qeyrətli adam zəhmət sevər. Zəhmət sevən kimsə rəhmətə müstəhəqq olur. Odur ki, deyiblər: Cavanlıq zamanında zəhmət çəkən kişi qocalıq əyyamında rahat olur. Qeyrət kəlməsinin mənasında sözlər üçün ancaq bir bu qədər kifayətdir. İndi görək aya qeyrətli uşaq necə olur? Qeyrətli uşaq əziz ömrünün qiymətli vaxtlarının saat və dəqiqələrini bihudə və bica yerə tələf və zaye eləməz. İstər məktəbdə olsun, istər evdə, heç bir vaxt mətəl və bekar əyləşməz. Kitab oxuyar, yazı yazar, dərs əzbərlər, hesab çıxarar, şəkil çəkər. Əlhasil, məktəb vəzifələrindən tutmuş ev işlərinə kimi hər birisini öz vaxtında cabəca eləyər. Səhərlər tezdən hamıdan qabaqca məktəbə gələn, dərsə şüru olunanda hamıdan qabaqca dərs başlayan, dərs əsnasında hər bir suala qabaqca cavab verən qeyrətli uşaqlardır. Məktəbimizə bir müfəttiş gələndə onun nəzər diqqətini cəlb edən qeyrətli şagirdlərdir. Odur ki, qeyrətli şagirdlər dərs günlərində təhsin və afərin vərəqəsinə malik olub və imtahan məclisində imtiyaz vərəqəsinə layiq olurlar. On dördüncü imla Qeyrətsiz və tənbəl uşaq Ey mənim qeyrətli şagirdlərim! Dünyada tənbəllik insanın vücudunda bir böyük mərəzdir. Xasiyyətlər içində tənbəllikdən və bekarlıqdan pis xasiyyət yoxdur. Məsəli-məşhurdur ki; Tənbəl adam badam yemək istər, amma sındırmağının zəhmətindən qaçar. Tənbəl armud ağacının altında uzanıb, - ey armud, gəl ağzıma düş - deyər. Bəziləri bağçanı suvarmaq dərdindən Allahdan yağış istər. Məlumunuz olsun ki, insanın əvvəlinci vəzifəsi səy və qnyrətdir. Çünki insan çalışmaq üçün yaranıbdır. Pəs buna görə gərəkdir o qədər himmət və qeyrət göstərəsiniz ki, adınız tənbəllər cərgəsində və bekarlar dəftərində adınız zikr olunmasın. Tənbəl və qeyrətsiz uşaq necə olur? Tənbəl uşaq səhərlər yerindən gec durar. Çünki çox yeməyə adət edibdir. Necə ki, tənbəl deyər: Ver yeyim, ört yatım. Gözlə canım çıxmasın. Tənbəl uşaqlar yuxudan oyanıb, heç bir iş görmək fikrinə düşməyib, yenə təzədən yatar. Elə ki, gün çıxıb, məktəb vaxtı keçəndən sonra anası gəlib oyadanda durub acıqlanıb, yenə heyvan kimi yatar. Yuxudan oyananda yerinin içində bir gərnəşib və bir neçə dəfə əsnər. O halətdə məktəb yadına düşüb, cırılmış və dağılmış kitablarını, qaralanmış dəftərlərini və qeyrətli uşaqların oxumağını, yazmağını, təzə kitablarını, gözəl-gözəl dəftərlərini xəyalına gətirib bir saata kimi yerinin içində başını və canını qaşıyar. Tainki durub əsnəyə-əsnəyə, gözlərin ovuşdura-ovuşdura eşiyə çıxar. Qayıdıb evə daxil olanda çayın hazır olmağını nəzərdə tutub, salam vermək yadından çıxar. Bunlardan əlavə, paltar geyməyi bir saat çəkər. Çünki kəmərin açanda atıb bir tərəfə, şalvarı-börkü bir tərəfdə, corabı bir tərəfdə. Belə uşaqların biqayda işləri və bifayda əməlləri demək ilə tükənməz, yazmaq ilə tamam olmaz. Qeyrətli uşaqlar bu azacıq sözlərdən çox məlumat hasil edər. On beşinci imla Ədəbli və tərbiyəli uşaq İnsanla heyvanın təfavütü yalnız söz söyləmək və nitq cəhətindən deyil. Çünki heyvan da insan kimi yeyər, içər, yatar, durar, yeriyər, gəzər və yaranmaqda da hər ikisi bərabərdir. Ancaq insanla heyvanın fərqi elm və ədəb ilə bilinir. Doğrudan-doğruya, insaniyyətin nişanəsi tərbiyə və ədəbdir. Necə ki, elmsiz alim meyvəsiz ağaca bənzər. Habelə ədəbsiz adam da ruhsuz cism kimidir. Əlhəqq, dünya və axirətdə insanı xöşbəxt və səadətmənd edən və zülmət, cəhalətdən qurtarıb, nuri-mərifətə yetirən elm və ədəbdir. Odur ki, ədəbli və tərbiyəli uşaqlar hər kəsin yanında əziz və məqbul olur. Keçən günlərdə mən bir evdə Əhməd namında bir ədəbli şagird gördüm. Qapıdan daxil olub, ədəblə salam verib, evin aşağı tərəfindən ayaq üstə durdu. İzn hasil edəndən sonra əyləşib, danışdığımız sözlərə diqqətlə qulaq asırdı. Söhbət tamam olandan sonra bir neçə mətləb sual eylədim. Hamısına müvafiq qayda cavab verdi və sual-cavab əsnasında «bəli-xeyir, buyurursunuz, ərz edirəm, təşəkkürlərim var kimi» ədəbli kəlmələr ilə mətləbini əda edirdi. Sonra kitabın açıb Möhsünün çuxasının əhvalatını elə bir gözəl surətdə oxudu ki, qulaq asanları xoşnud və heyran elədi. Soruşdum: - Möhsün nədir? Dedi: - Möhsün addır. Dedim: - Möhsün kimdir? Dedi: - Möhsün oğlandır. Dedim: - Möhsünün çuxası nədəndir? Dedi: - Mahutdan. Dedim: - Mahutu nədən toxuyurlar? Dedi: - Yundan. Soruşdum: - Dərzi kimdir? Cavab verdi: - Ustaddır. Necə ustad? Libas (paltar) tikəndir. Əlhasil, hər bir sualıma necə ki, lazımdır cavab verəndən sonra ona mərhəbalar oxuyub, afərinlər dedim. Ondan sonra ayağa durub, gedib o biri otaqda sabahkı dərslərini hazırlamağa və vəzifələrini cabəca etməyə məşğul oldu. İndi belə ədəbli və tərbiyəli uşaqlardan olmağınızı təmənna və arzu eyləyirəm, oğlanlarım! On altıncı imla Ədəbsiz və tərbiyəsiz uşaq Ey mənim ədəbli və tərbiyəli şagirdlərim! Bu gün sizlərə təkid ilə tapşırıb vəsiyyət edirəm ki, həmişə biədəb və bitərbiyə uşaqlardan kənar olasınız. Çünki tərbiyəsiz uşağın müsahibəti kömürə bənzər. Hərgah insanın libasını yandırmasa da, qaraldır. Biədəb uşaqlarda əsla ar və namus olmaz. Böyük və kiçik tanımaz. Ata və anasının ehtiramını saxlamaz. Ustad və müəlliminin qədr və qiymətini bilməz. Elm və tərbiyənin ləzzətini anlamaz. Gələcək günlərini əsla xəyala gətirməz. Avara və sərgərdan adamlar kimi küçələrdə boş və bekar dolanıb, əziz ömrünü qəflət və cəhalətlə sərf edər. Böyüyəndən sonra öz-özünə düşünüb, - ey vay, zamanım bühudə yerə tələf olub keçdi və ömrüm nadanlıqla zaye oldu, özümə bir elm, bir sənət hasil etmədim, - deyib peşman olur. Ol vaxt peşmanlıq da faydasız olduğundan ömrünün bağisini (qalanını) zəhmət və məşəqqət ilə keçirir və xalq içində etibarı olmayıb, axırda çörək möhtacı olur. Bəlkə, elmsizlikdən və sənətsizlikdən oğurluğa və yol kəsməyə alışıb, növ-növ məzəllət və məzəmmətə və cürbəcür mərarət və həlakətə düçar olub, axırda həbsxanalarda qalıb çürüyür. Belə ədəbsiz və tərbiyəsiz uşaqlar ilə heç kəs müsahibət etməz. Onunla oyun oynamaq istəməz. Hansı müəllimdir ki, tərbiyəsiz uşağı təhsin etsin? Hansı ata və anadır ki, biədəb övladdan razı olsun? Hansı xalqdır ki, elm və tərbiyəsiz uşağı sevsin və mədh eləsin? Ümidvaram ki, gün-gündən elm və tərbiyənin təhsilinə səy edəsiniz. Ədəb və kamalat əxz etməyə himmət və qeyrət göstərəsiniz. Tainki belə uşaqlara bənzəməyəsiniz. On yeddinci imla Kibrli uşaqlar Bugünkü dərsimizdə sizlərə kibrdən bəhs edəcəyəm. O naşayistə sifətin barəsində bir müxtəsər məlumat verəcəyəm. Kibr bir sifətdir ki, insanı dünya və axirətdə zəlil və həqir edər. Kibr sifəti hər kəsdə tapılsa, yəqin olunur ki, onun hərgiz insaniyyətdən və adəmiyyətdən bəhrəsi yoxdur. Kibrli adam odur ki, özünü hamıdan artıq sayıb və hamını özündən əksik hesab edər. Xudavənda! Kibr dediyimiz nə çirkin sifətdir. Bu çirkin sifət nə pis xasiyyətdir. Bu pis xasiyyət həqiqətdə bir mühlik mərəzidir. Kibrli şagirdlər hərgiz tərəqqi edə bilməz. Çünki heç bir şey bilmədiyi halda özünü alim hesab edər. Söz yoxdur özünü alim hesab edən həmişə cahil qalacaqdır. Kibrli şagirdlərin yerişi ədəbli şagirdlərin yerişinə bənzəməz. Küçədən gedəndə heç bir kəsi saymaz. Ata və anası, qohum və əğrabası və sair möhtərəm şəxsləri görəndə ayaq üstə durub, təzim etmək istəməz. Özündən fağır və biçiz uşaqların söhbətini və müsahibətini əsla özünə rəva görməz. Məktəbdə və küçədə özünü hamıdan artıq sayıb, özündən kiçik və aciz uşaqları döyməyə və incitməyə cəsarət eylər. Məktəb yoldaşları ilə oyun oynamağa və gəzməyə və onlar ilə oxuşub-yazışmağa əbəda etina etməz. Heç bir kəsə etina etmədiyi halda dərsləri sərasər səhv olub, dərs əsnasında oxuya bilməyib, rəngi təğyir tapıb qızarar. Bununla belə, uşaqlardan xəcalət çəkməyib, öz-özündən küsüb, yoldaşları ilə ədavət eylər. Əgər şagirdlərdən birisi onun təlim şeylərindən birisinə əl vursa, guya ki, qiyamət qopar. Həmişə yanında oturan yoldaşlarını (o yana çəkil, bu yana get, qoluma dəymə, məni dindirmə) belə namülayim sözlər ilə narahat eylər. Məlumunuz olsun ki, belə mütəkəbbir uşaqları heç kəs dost tutmaz. Axırda özünü xalqın nəzərindən salıb, heç bir dərəcəyə və mərtəbəyə nayil ola bilməz. İndi bu naməğbul və nalayiq sifətdən uzaq olmağınızı tövsiyə edirəm. Nadan uşaqlara əsla oxşamadığınıza ümidvar oluram, nuri-didələrim! On səkkizinci imla Kibrsiz uşaq Ey mənim xeyirxah şagirdlərim! Müddəti-ömrünüzdə həmişə kibrdən kənar olmağınızı surəti-məxsusədə sizlərə vəsiyyət edirəm. Artıq ümidvar oluram ki, əsla bu sifətin dövrü bərinə dolanmayacaqsınız. Kibrdən ictinab etmək barəsində bir bu sözüm də qalıbdır. Onu da deyirəm: Torpaqdan yaradılmış insana kibr etmək lazım deyil. Məktəbimizin kibrsiz və xoşəxlaq uşaqlarından nə qədər razı və xoşnudam. Hələ məktəbimizdə bəzi uşaqlar vardır ki, atası nə qədər desən dövlətli və müknətli və özü təzə libas geymiş və cəmi ləvazimatı cabəcadır. Bununla belə, yenə heç bir vaxt yoldaşlarına təfakür edib təşəxxüs satmaz. Əsla onların ürəyin sıxıb, qəlbin incitməz. Fəğir və miskin şagirdlərə həmişə himayət eylər. Məktəb yoldaşlarından hər birisi olsun, onunla oyun oynamaqdan və müsahibət etməkdən hərgiz çəkinməz. Bir yerə yığışanda və ya bir məclisdə əyləşəndə aşağı tərəf oldu, yuxarı tərəf oldu heç əhvalına təfavüt etməz. Fağır və biçiz qohumlarının və qonşularının evlərindən ayaq çəkməz. Əldən-ayaqdan düşmüş xəstələrin və gözdən məhrum olan biçarələrin əhvalını riayət eylər. Həmişə özündən əksik bulunanlara baxıb, Allah taalaya həmd və onun verdiyi nemətlərin şükrünü əda eylər. Mərhəba olsun nemətşünas şagirdlərə! Afərin olsun kibrsiz uşaqlara! Əlhəqq belə uşaqları təhsin etməlidir. On doqquzuncu imla Doğruçu uşaq Dünyada gözəl sifətlərin əvvəlincisi sədaqətdir. Sədaqət insan üçün bir mayeyi-istirahət və bir sərmayeyi-səadətdir. Doğrudan-doğruya insanı dünya və axirətdə əziz və möhtərəm edən diyanət və istiqamətdir. Doğruluq bir sifətdir ki, insanın nicatına və səadətinə səbəb olur. Odur ki, peyğəmbərimiz Məhəmməd ül-Mustafa (səlallah) buyurubdur: Nicat doğruluqdadır. Həmişə doğru danışan uşaqlar ata-anasının yanında əziz və mükərrəm və müəllimlərinin nəzərində məğbul və möhtərəm olur. Bu səbəbdəndir ki, məktəbdə bədəxlaq şagirdlərdən birisi müqəssir olanda və ya hər kəsdən bir qəbahət naşi olanda müəllim həmən saat o əhvalatı doğruçu uşaqlardan təhqiq eylər. Müəllimlər ümum məktəblərdə tənəffüs vaxtlarında şagirdlərə nəzarət etmək üçün və qəbahətlilərin adların yazmaq üçün doğruçu uşaqları təyin eylər. Doğruluğun dünya və axirətdə insana o qədər faydası vardır ki, yazmaqla qurtarmaz. Deməklə tükənməz. Çox vaxt ittifaq düşübdür ki, dövləti divanxanalarda öz təqsirinə iqrar edən müqəssirlərin və doğru danışan günahkarların bilmərrə təqsirini əfv edib və günahından keçiblər. Bəh-bəh! Maşallah! Doğruçu şagirdlər bu imla dərsini nə gözəl meyl və rəğbətlə yazarlar. Hələ yazandan sonra necə şövq ilə və həvəslə oxuyacaqlar! Məktəbdə oxumaqlarından əlavə, aparıb evlərində ana-analarının da hüzurunda da kamali-ədəblə oxuyacaqlar. Doğruçu uşaqları Allah taala hifz eyləsin! Gələn imla dərsimizdə yalançı uşağın əhvalından zikr və bəyan olunacaqdır. İyirminci imla Yalançı uşaq Ey mənim doğruçu şagirdlərim! İnsaniyyətin əvvəlinci vəzifəsi yalan danışmaqdan pəhriz və ictinab etməkdir. Məbada-məbada yalançılıq edəsiniz. Çünki yalançı Allahın düşmənidir. Dünyada yalançılıq səbəbindən çəkilən ziyanın həddü-hesabı yoxdur. Yalançı şəxsləri dilsiz və nitqsiz adamlara oxşadıblar. Necə ki, lal adamların xalq arasında sözü və söhbəti yoxdur. Habelə yalançı kimsənələrin də sözlərinin qədr və qiyməti olmadığına görə dilsiz adamlardan heç bir təfavütü yoxdur. Yalan söz sahibini utandırır. Bir vaxt olur ki, yalanı meydana çıxar. Heç bir üzr və bəhanə gətirə bilməz. Odur ki, deyiblər: Yalan söz bir qısa örtüyə bənzər. Əgər insanın bir səmtini örtərsə, yenə bir səmtini açıq qoyar. Yəqiniz olsun ki, hər uşaq yalançılığı özünə şüar etsə, dünada bietibar olub və axirətdə rəstigar olmaz. Bunlardan əlavə ata-anasının, qohum-əğrabasının və sair dost və aşinalarının, xüsusən müəllimlərinin nəzərindən düşüb, heç bir etibarı qalmaz. Məlumdur ki, hər uşaq yalançılıqda şöhrət tapsa, axırda onun doğru sözü də inanılmaz. Necə ki, məsəli-məşhurdur: Yalançının evi yandı, amma heç bir kəs inanmadı. Məgər o hekayət yadınızdan çıxıbdır? Bir gün bir kəndin yaxınlığında bir cavan oğlan qoyun otarırdı. Birdən-birə yalandan vəhşətlə səsləndi: Ay aman! Ay dad! Ey camaat, qurd! Gəlin, qoymayın, qurd gəldi, qurd gəldi. Kənd əhlindən bir neçəsi təcili ilə hər biri bir dəyənək tapıb, gəlib gördülər ki, heç bir şey yoxdur. İttifaqən bir gün həmin yerdə bir qurd heybət ilə gəlib sürünün içinə girdi. Biçarə oğlan vəhşətlə səsləndi: Ay haray, ay dad! Qurd, qurd. Ey camaat, gəlin, qoymayın! Kənd əhli belə xəyal elədilər ki, yenə keçən gün kimi yalandan çağırır. Heç birisi onun fəryad və naləsinə qulaq verməyib, harayına getmədilər. Zalım qurd binəvanın qoyunlarının bir neçəsini yaraladı. Məlum deyil ki, oğlanı da tələf etdi, ya yox. İndi ümidvar oluram ki, bu qissədən bir hissə götürüb, mütənəbbeh olasınız. Əlbəttə, dünyada xöşbəxt və səadətmənd və üğbada əziz və ərcümənd olmaqdan ötrü əsla yalan danışmayıb və yalançı adamların dövrü bərinə dolanmayacaqsınız. Çünki insanı dərəceyi-kamala və payeyi-səadətə yetirən sədaqət və rastguluqdur. İyirmi birinci imla Zirək və huşyar uşaq Bir məktəbin ümum şagirdlərinin içində hamıdan artıq zirək və huşyar olmaq nə böyük səadətdir. Öz fəhm və fərasəti sayəsindən xalq arasında zikri-xeyr ilə yad olunmaq nə gözəl nemətdir. Huşyar uşaqlar sinn hesiyyətindən nə qədər kiçik olsalar da, yenə aqilanə hərəkətlərinin səbəbindən və pəsəndidə xülqlərinin cəhətindən öz həmcinslərindən təmiz tapıb və həmsinnlərinin dərəcəsindən tərəqqi edib, ali mərtəbələrə yetişirlər. İndi məktəbimizdə sizlərə uşaqlar nişan verə billəm ki, onlar hamısı bir tarixdə və bir müəyyən vaxtda məktəbə daxil olub, ol vaxtdan indiyə kimi həmişə dərsə çalışıb, təhsilə davam edirlər. Onların bəzilərinin sinnləri nə qədər az olmuş olsa da, amma zirək və huşyar olmaqlarına görə ikinci sinifin ikinci şöbəsinə keçiblər. Amma bəziləri özləri böyük və sinnləri artıq olmuş olsa da, yenə birinci sinifin birinci şöbəsində tənbəllik və kəsalət ilə vaxtlarını zaye etməkdədirlər. Huşyar uşaqlarda həmişə bir şövq və həvəs və bir məxsusi zehn və zəkavət vardır ki, onun vasitəsilə məktəbə getməkdən, oxuyub-yazmaqdan, təlim və tərbiyə hasil etməkdən bir saat qafil olmazlar. Odur ki, belə uşaqlar kamilən bu mətləbi anlayıblar ki, məktəbə getməkdən maqsud nədir və elmü tərbiyə nədən ibarətdir. Dünyada bikamal və bisavad adamlar nəyə lazımdır? Hələ bunlardan əlavə ata-analarının itaətini və müəllimlərinin ehtiramını və alimlərin və möhtərəm şəxslərin hörmətini vacib bilib, onlara xidmət və məhəbbət etməkdən heç bir vaxt geri durmazlar. Huşyar uşağın hal və hərəkəti, zehn və zəkavəti, xüsusən ləhceyi-qiraəti və bəlkə, cəmi xasiyyəti sair uşaqlara bənzəməz. Ümidvaram ki, bugünkü dərsimizdə zirək və huşyar uşaqların imlalarından heç bir səhv və yanlış tapılmayacaqdır. İyirmi ikinci imla Kəlləgic və bədhava uşaq Ey mənim zirək və huşyar şagirdlərim! Hərgah siz diqqət ilə dürüst mütəvəcceh olasınız, bu addan və bu kəlmədən məlumunuz olacaqdır ki, kəlləgic və bədhava uşaq kimdir və necə olur. Ümidvaram ki, bu məktəbdə belə bihuş və bədhava uşaqlardan tapılmasın. Hərgah bir nəfər və iki nəfər də olsa. İnşaalah onlar da yavaş-yavaş bu adəti və bu xasiyyəti tərk edəcəklər. Bədhava uşaq necə olur? Bədhava uşağın yerişi insan yerişinə oxşamaz. Baxışı və sair hərəkat və səkənatı insanlıq dairəsindən bilmərrə xaricdir. Bədhava uşaqda bir halət mülahizə olunur ki, məazzallah! Bu qism uşaqlar axırda ya damdan və ya divardan yıxılır və ya suda boğulur, ya odda yanar, ya quyuya düşər. Yainki sair bir müxatirəyə rast gəlib həlak olur. Belə uşaqların halətlərini təqrir və bəyan etməkdən dilim acizdir. İndi bilmirəm aya onun corabı tərs geyməyin deyim, yainki başmağı dəyişik salmağın, ya şalvarsız məktəbə gəlməyin, ya gecə börkü başında qalmağın deyim? Bunlardan əlavə elmi-hesab dərsində «üçü beşdən çıxanda neçə qalır?» sual olunanda birdən-birə vəhşətlə fikirsiz ayağa durub «dörd qalır» deyib, cavab verməyin deyim. Hələ bədhava uşaqdan növ-növ qəribə halətlər görünür. Məsələn: Qələmdən, qələmtəraşdan və ya sair təlim şeylərindən birisini görərsən ki, şiddət ilə axtarır. Yoldaşlarından hey soruşur. Elə ki, axtarıb ələdən-ayaqdan düşəndən sonra baxır görür ki, qələmtəraş əlində və ya cibindədir. Çox vaxt belə uşaqlar evlərinə gedən vaxtda baxıb görürsən ki, qapılarını keçibdir. Bir gün bir bədhava uşağa evlərindən pul və qab verib bazara süd almağa göndərmişdilər. Gəlib küçədə uşaqlarla oynamağa məşğul olub, gün batanda süd olmaq yadına düşüb. Çaparaq südçü dükanına gəlib, artıq pul verib, əskik süd alıb, yüyürə-yüyürə getməyə başlar. Birdən yıxılıb, süd tökülüb, qab sınıb, ağzının-burnunun qanı bir-birinə qarışıb, ağlaya-ağlaya evlərinə gedir. Xüdavəndi-aləm belə uşaqları heç kəsə verməsin! Bugünkü dərsimizdən ibrət almağınıza ümidvaram, nuri-didələrim! İyirmi üçüncü imla Nəfsi salamat uşaq İnsanın nəfsinin salamatlığı bədəninin salamatlığına baisdir. Bədənin salamatlığı ruhun salamatlığına dəlildir. Nəfsi salamat şəxsin ağlı kamil, fikri sabit, xəyalı vüsətli, zehni salim olur. Nəfsi bütün uşaqlar həmişə övqatını yemək və içməyə sərf etməz. Belə uşaqların yeməyinin həddü əndazəsi və xörəyinin bir müəyyən vaxtı olur. Heç bir vaxt küçələrdə və bazarda gedə-gedə yemək üçün ağzı tərpəşməz. Xüsusən tənəffüs zamanında və oynamaq vaxtlarında cibindən bir şey çıxarıb yoldaşlarının içində (yanında) yeməz. Hərgah bir yeməli şeyi olsa onu saxlayıb bir münasib vaxtda məsrəf eylər. Süfrə başında o qədər ədəbli və təmkinli əyləşər ki, özündən böyüklər taama şüru etməmiş və ona təklif olunmamış əl süfrəyə uzatmaz. Taamı elə bir nazikanə çeynəyib və aram ilə yeyər ki, həm yediyinin ləzzətini anlar və həm məzaçı salamat olar. Xörəyi fısıldaya-fısıldaya yeməz. Çayı zirinə tökub püfləyə-püfləyə içməz. Taamdan sonra istər gecə olsun, istər günüz meylsiz və iştahasız heç bir şey yeməz. Çünki bu məşhur məsəli eşidibdir ki, meyli və iştahası olmaya-olmaya təam yeyən adam güya ki, qəbrini dişi ilə qazar. Evlərində yeməkdən ötrü heç vaxt döyüşüb, küsüb, dava etməz. «Mənimki az oldu, çox oldu, orası elədir, burası belədir». Əsla belə sözlər onun ağzından çıxmaz. Ev xəlvət olanda tağı, tağçanı, işqabı, dulabı yeməkdən ötrü gəzib axtarmaz. Evdə bir yeməli şey gördüyü halda hərgiz ona iznsiz əl uzatmaz. Bir bağa və ya bir bağçaya daxil olanda sahibinin icazəsi olmadan ağaca-budağa əl uzatmaz. Əlhasil, hər bir belə hərəkətlərdə bulunmaq nəfsi bütünlük nişanəsidir. Gələn imla dərsimizdə sizlərə nəfsi bütünlük barəsində bir hekayət yazdıracağam. İyirmi dördüncü imla Nəfsi salamat uşağın hekayəsi Bir möhtərəm şəxsin dörd oğlu var idi. Həmişə onların təlim və tərbiyəsinə məşğul olub, balalarının nəşvü-nüma etməsindən qəlbini şad və məsrur edərdi. O uşaqların böyüklüyündə bir-birinə nisbət adları budur: Firuz, Bəhram, Rauf, Əziz. Bir gün qohumlarının evlərindən onlara bir neçə «Hulu» göndərmişdilər. Atası ondan oğlanlarının hər birinə birisini verdi. Axşam taamından sonra verdiyi hulunun nəyə və necə sərf olunduğunu oğlanlarından sual eylədi. Firuz dedi: Mən onu satdım bir qiymətə ki, hulunun bol və firavan vaxtında o məbləğə beş girvənkə almaq mümkündür. Ondan sonra Bəhram dedi ki, mən yedim. Çox şirin və lətif meyvə idi. Amma dənəsini saxlamışam ki, bağçamızda əkim. Bəlkə gələcəkdə biz də bir elə meyvə ağacına malik olaq. Üçüncü oğlu Rauf dedi: Ey mehriban ata, mənə verdiyin hulunun nisfini (yarısını) özüm yedim və nisfini verdim anama. Çünki mən anamı o biri qardaşlarımdan çox istərəm. Sonra Əziz nəhayəti-ədəb ilə dedi ki, ey ata, sən mənə hulunu verəndən sonra xatirimə düşdü ki, qonşumuzun oğlu Əyyub ki, mənim məktəb yoldaşımdır və neçə gündür ki, naxoşdur, onun yoluxmağına getdim. Əhvalını soruşub hulunu qoydum onun yasdığının yanına. Atası bu sözləri eşitcək oğlunu qucaqlayıb, öpüb, sevib, «afərinlər» söylədi. Ey mənim oğlanlarım! İndi diqqətlə mülahizə edib, bu uşağımın halına dürüst mütəvəcceh olanda insana nə qədər fərəh üz verir ki, bu balaca uşağın fikrində və xəyalında nə qədər insaniyyət havası və nəfsi bütünlük əlaməti görünür. Doğrudan, çox afərin və mərhaba olsun bizim bu əzizimiz olan Əziz adlı uşağa ki, o xırda vaxtında məktəb yoldaşının fikrinə qalanda, məlumdur ki, böyüyəndə nə qədər rəhmdil və insaniyyətli və nəfsi salamat adamlardan olacaqdır. Həmişə öz qohum və əğrabasının, ata və anasının, millətinin və dövlətinin asayiş və istirahət və tərəqqisinin fikrinə qalacaqdır. Mən də ümidvar oluram ki, sizlər də cəmi gözəl xasiyyətlərdən əlavə nəfsi bütünlük və insaniyyətdə bu Əziz adlı uşaq kimi cəmi xalqın nəzərində hörmətli və əziz uşaqlardan olasınız. İyirmi beşinci imla Bədnəfs uşaq Ey mənim nəfsi salamat şagirdlərim! Bədnəfs uşaq həmişə yemək-içmək, yatmaq fikrində olur. Hətta gecələr yatanda yeməli-içməli şeylərdən yuxuda görər. Necə ki, məsəli-məşhurdur: «Ac toyuq yuxusunda darı görər». Əzbəski fikri və xəyalı yeyib-içmək dalısıncadır və səhər yerindən duranda gözünü samavara tərəf açar. Çay içilən vaxtda stəkanın böyüyünü axtarır. Məktəbə gələn vaxtda evin tağçalarını, dulabı, işqabı və sair gizlin yerləri axtarır ki, görsün bir yeməli şey tapa bilirmi. Məktəbdən azad olanda bu fikirdə olur ki, bazardan keçəndə konfetdən, kişmişdən, fındıq, badam, xurma və sair bir yeməli şeylərdən alsın. Evə daxil olanda oğru pişik kimi evin hər bir səmtini gəzər. Süfrə başında, yemək vaxtında bu qism bədnəfs uşağın halətini və taam yeməyini və sair pis-pis ədalarını bəyan etməkdən dilim acizdir. Bədnəfs uşaq xörək yeməyə bir müəyyən vaxt tapa bilməz. Çünki çörəyi, saatbasaat xırda-xırda yeyər. Belə uşaqların hərgah cibini axtarasan, çörək xırdası, iydə qabığı, xurma çürüyü, ərik dənəsi, konfet kağızı, kişmiş xırdası, üzüm çöpü və sair bu günə xırda-xırda zir və zibillərdən tapılır. Bunlardan əlavə, əl və ayağı, üstü-başı, ağzı-burnu o qədər çirk və natəmiz olur ki, yanında əyləşən adamın nəfəsi darıxıb, əhvalı pərişan olur. Mən dünən bazardan keçirdim. Bir uşaq gördüm ki, ağzında bir şey yeyə-yeyə, əzilə-əzilə gedirdi. Məazallah, nə pis halətdir. Doğrudan-doğruya, bu qism uşaqları görmək insan üçün bir böyük müsibətdir. Pərvərdigari-aləm, peyğəmbərimiz Məhəmməd və ali-Məhəmməd haqqına və hörmətinə bu xasiyyətdə olan uşağı bizim məktəbimizdən kəran və uzaq eləsin. Məktəbimizin ümum şagirdlərini bu mərəzə düçar və mübtəla etməsin. Amin! İyirmi altıncı imla Təmkinli uşaq Əxlaqi-həsənənin cümləsindən biri də təmkindir. Odur ki, təmkin, ədəb, tərbiyə - bunlar bir-birinə oxşayan sifətlərdir. Xüsusən təmkin bir giranbaha sifətdir ki, hər kəsdə tapılmaz. Təmkin dediyimiz nədir? Bir surəti həlimanə və bir hərəkəti-ədibanədə bulunmaya təmkin deyilir. Təmkin gün kimi hər yerə işıq salsa, oranı nurani edər. Odur ki, kiçikləri böyüklər məqamında göstərən təmkindir. İnsanın iftixarına və izzü etibarına səbəb olan təmkindir. Bir kimsənin təmkinli olub-olmadığı hal və hərəkətindən, rəftar və güftarından malum eylər. Təmkinli uşaqlar necə olur? Təmkinli uşaqlar həmişə böyüklərə hörmət, kiçiklərə mərhəmət və öz əmsal və əqranına məhəbbət eylər. Bihudə və bica sözlər danışmaz, boş və bekar əyləşməz, namünasib müsahiblər ilə gəzməz, heç kəslə əbəs yerə döyüşüb küdurət etməz, danışdırmamış danışmaz, sual və cavab olan vaxtda bir sözü anlamamış cavab verməz. Cavab verən vaxtda bir sözü iki dəfə deməz, öz mətləbini və mənzurunu elə bir gözəl surətdə nazikanə və mülayimanə əda eylər ki, eşidənlərin ruhu fərəhlənib, qəlbi məsrur olur. Əlhasil, təmkinli uşaqlar hər bir yerdə çox gördükcə az yeyər, çox eşitdikcə az danışar. Çünki «Məclisdə dilini, süfrədə əlini qısa tutan xəcalətli olmaz» məsəlini heç vaxt xatirindən çıxartmaz. Məktəbdə, evdə, məclisdə, küçədə, bazarda bir xəlaf qayda, hərəkət ondan naşi olmaz. Təmkinli şagirdlərimdən bu barədə məsrur və məmnunəm. İyirmi yeddinci imla Təmkinsiz uşaq Ey mənim təmkinli şagirdlərim! Təmkinsiz uşaqlardan həmişə kənar olub və onların müsahibətindən ehtiraz eləmənizi arzu etməkdəyəm. Təmkinsizlik yəni ədəbsiz və tərbiyəsizlik deməkdir. Cümlə qəbahətlərin qapısını insanın üzünə açan təmkinsizlikdir. Təmkini olmayan şagirdlər tənəffüs vaxtında görərsən ki, oynamaqdan əl çəkib, ancaq uşaqlardan bir neçəsini başına yığıb, özünü onlara gülünc eyləyir. Məsələn: Əl və ayağın oynadar, dilin çıxardar, dodağın büzər, gözlərin bərəldər və sair bu günə nalayiq hərəkətlər gətirər. Bəzi bitəmkin uşaqlar vardır ki, bir məclisdə əyləşəndə heç sakit və təmkinli əyləşməz. Görərsən ki, gah qıçın uzadır, yoldaşına dayanır, gah başını və canını qaşıyır və yainki əlində bir şey oynadır, gah lənpəni əlləşdirir, maşanı götürüb manqalı, ya buxarını (sobanı) qarışdırır, yerini dəyişdirir, ucadan danışır, çayı püfləyə-püfləyə içir, xörəyi fısıldaya-fısıldaya yeyir, əzilir-büzülür, əyilir-düzəlir. Allah əsirgəsin, məktəbimizin ümum şagirdləri bu hərəkətlərdən ictinab etməlidir. Bitəmkin uşaqların özləri xalqın nəzərində həqir və xar olmaqdan əlavə, ata və analarını da hörmətli şəxslərin yanında xəcalət və şərmsar eyləyirlər. İndi ümidvar oluram ki, keçən imla dərsimizdə təmkinli və tərbiyəli insanların gördüyü işləri və tutduğu əməlləri əsla unutmayacaqsınız. Həmişə ədəb dairəsindən kənara çıxmayıb, özünüzə bir gözəl ad qoymağa çalışacaqsınız. İyirmi səkkizinci imla Təmiz və səliqəli uşaq Təmizlik və nizafət insanın əvvəlinci vəzifəsi hesab olmaq kimi səhhəti-bədənin də əvvəlinci əsasıdır. Xüsusən bu təmizlik və məharət müsəlmanların qamətinə biçilmiş bir libasdır. Odur ki, deyiblər: «Nizafət imanın əsəridir». Bu da məlumunuz olsun ki, təmiz köhnə libas təzə çirkin libasdan əfzəldir. Təmiz və səliqəli şəxslər yediyi xörəyin ləzzətini və geydiyi libasın rahatını anlayıblar. Libasın və bədənin təharət və nizafətinə diqqət eləmək kimi, sakin olduğu mənzilin və əyləşdiyi otağın da havası və özü təzə və təmiz olmağı lazımdır. Çünki havası qəliz və özü natəmiz məhəllədən bir para mərəzin zühura gəlməyi aşikardır. Pəs buna görə cəmi böyük və kiçiklər, ələlxüsus məktəb uşaqları bu barədə hər nə qədər diqqət və qeyrət etsələr yenə azdır. Təmiz uşaq necə olur? Təmiz uşağın həmişə dırnaqları tutulmuş, əl və ayağı, ağzı-burnu, üstü-başı və cəmi libasları pak və pakizə olur. Tənəffüs zamanında paltarlarını əsla toza və torpağa batırmaz. Məktəbə daxil olanda libaslarına və başmaqlarına elə diqqət ilə baxar ki, məbada napak və natəmiz olsun. Bunlardan əlavə, əllərini və burnunu silməkdən ötrü həmişə cibində bir təmiz dəsmal saxlar. Doğrudan-doğruya, belə uşaqların kitablarına və dəftərlərinə baxanda insanın qəlbi fərəhlənir. Təmiz və səliqəli uşaqlar hər yerdə hörmət və riayət görüb, hamının nəzərində məğbul olur. Heç kəs onların söhbətindən və ülfətindən ikrah etməz. Əlhasil, məktəbimizin ümum şagirdləri nizafətə alışıb, təharət və təmizliyə diqqət etmələri lazım və bəlkə vazibdir. İyirmi doqquzuncu imla Natəmiz və bədsəliqə uşaq Ey mənim təmiz və səliqəli şagirdlərim! Təmizlik aləmindən xəbəri olmayan şagirdlərdən xəbəriniz vardırmı? Məktəbimizdə bir neçə bədsəliqə uşaqlar vardır ki, hərgah onlar bu adəti və bu xasiyyəti tərk etsələr bundan sonra bu qism uşaqları bu məktəbə yol vermək cayiz deyil. Onlar həmin uşaqlardır ki, dırnaqlarını dişlə tutan, burnunu ətəyinə silən, kitablarını-dəftərlərini cırıb, qaralayan, əlləri çirk, barmaqları mürəkkəbli, dırnaqları uzun, qələmdanı və sair təlim ləvazimatı bədsəliqə. Belə uşaqların qulaqlarının içinə baxanda insanın ürəyi qarışır. Belə natəmiz uşaqlar növ-növ mərəzlərə, cürbəcür naxoşluqlara düçar olurlar. Çünki taam yeməkdə, libas geyməkdə, dolanıb gəzməkdə, yatıb durmaqda bir para şeylərə diqqət və mülahizə etməzlər. Məsələn: Taamdan müqəddəm və taamdan sonra əsla əllərin yumazlar və libasları hər nə qədər çirkin və natəmiz olsa da ikrah etməzlər. Gəzib-dolanan vaxtda bağ və bağçaları, ağac kölgələrini, axar suların kənarını, gözəl-gözəl mənzərələri, təmiz-təmiz gəzib-dolanmalı yerləri qoyub, üfunətli və natəmiz yerlərdə gəzərlər. Nəmnak və havası qəliz məkanlarda əyləşərlər. Hələ belə uşaqlar sübh yerindən duranda nə ağzını yaxalar və nə dişlərin sürtər və nə də əllərini, üzünü, gözünü, ağzını, burnunu yuyar. Pəs indi sizlərə vacibdir ki, həmişə nizafət və təmizliyə diqqət və qeyrətlə çalışasınız, tainki bir para pinti və natəmiz uşaqlardan olmayasınız. Otuzuncu imla Səxavətli uşaq Səxavət, yəni əliaçıqlıq deməkdir. Füqəraya mərhəmət, möhtaclara müavinət, biçiz və biçarələrin halını riayət etməyə səxavət deyilir. Səxavət sahiblərinin həmişə qəlbi məsrur, adı məşhur, dünya və axirəti məmur olur. Səxi olmaq yalnız mal və dövlətlə deyil, bəlkə özgə vəchlə də izhari-səxavət etmək mümkündür. Məsələn: Müknət sahibləri füqərayə mal ilə səxavət edəndə, üləma sinfi də elm möhtaclarına elmlərilə səxavət edərlər. Necə ki, bir yetim və fəqir uşağa xörək və libas verəndə qəlbimizdə bir fərəh və behcət zühura gəlir. Habelə dərsini bilməyən bir uşağın da dərsini gözəlcə təfhim və təlim edəqdə xatirimizdə bir sevinc və şadlıq ehsac edirik. Əlhasil, səxavət insanlıq şənindəndir. Səxavətin ləzzətin anlayanlar insanlıq mərtəbəsinə yetişiblər. Bu gözəl sifət böyüklərdən və dövlət, sərvət sahiblərindən zühura gəlməkdənsə, kiçiklərdən, xüsusən məktəb uşaqlarından zühura gəlməsi daxi məhbub və xoşnümadır. Bir sinifdə bir şagirdə qələmdən və qələmtəraşdan və sair təlim ləvazimatlarından birisi lazım olanda səxavətli uşaqlar «Məndə var, al, mən verirəm, mənimki yaxşıdır!» deyib ikram edərlər. Bəzi vaxt bir şagird bir şagirdə xitabən: «Məhəmməd! Qələmin Haşımda qaldı».- «Qalsın! O nə bir şeydir» - deyib, sonra üzün Haşıma tutub: «Bəradər! O qələm sənin ola bilər» -deyib, təkrim eylər. Haşım da onun müqabilində razılıq göstərib, təzim eylər. Səxavətli şagirdlər bu imla dərsini əzbər edəcəklər. Otuz birinci imla Xəsis və paxıl uşaq Ey mənim səxavətli şagirdlərim! İndiyə kimi bir çox əxlaqi-həsənə və sifati-zəmimədən sizlərə xatirnişan eylədim. Amma xəsis və paxıllıq barəsində heç bəhs olunmadı. İndi sizlərə məlum edirəm ki, məbada-məbada bu iki sifətin dövrübərinə dolasanız. Çünki xəsasət və bəxalət nalayiq və naşayəstə sifətlərin hamısından bədtər və napəsəndidədir. Bu sifətlərin sahibi dünyada rəzil və axirətdə zəlil olur. Necə ki, hədisi-şərifin məzmununca (paxıl behiştə daxil olmaz). Habelə xəsis adam öz malını öz canından əsirgər. Məsələn: Məkulatın (ərzağın) təzəsini almağa qüdrəti var ikən ucuz bilib, köhnəsin alır. Təmiz və təzə paltar geymək mümkün olduğu halda köhnə, yırtıq, çirkin libaslar giyər. Paxıl kimsələrin həmişə ruhu xəstə, qəlbi tutqun və bədəni narahat olur. Büxl bir sifətdir ki, hər uşaqda kiçiklikdə tapılanda böyüdükcə xalqın nəzərində xar və həqir olur. Bir para paxıl uşaqlar vardır ki, ata-anası ondan bizar və yoldaşları narazıdır. Yeməli, baxmalı, oynatmalı bir şey olanda tamaşa etmək üçün də olsa, bir kəsə vermək istəməz. Məktəb yoldaşları onun təlim ləvazimatının birisinə əl vursa naləsi ərşə çıxar. Çox vaxt olur ki, məktəbə gələn vaxtda anası onun kiçik qardaşını məktəbə təşviq üçün və məktəbdə ədəbli və rahat durmaq üçün bir şey verəndə az qalır ki, özünü həlak eləsin. Ta özünün hissəsini ondan ziyadə olmasa sakit olmaz. Halanki özü on iki yaşında, qardaşı səkkiz yaşındadır. Heç özünün səkkiz yaşında olduğu vaxtları xatirinə salıb, xüdhesab olmaz. Hər nə qədər sizlərə bu sifətdən kənar olmaq barəsində tapşırıb, təkid eyləsəm, yenə azdır, oğlanlarım! Otuz ikinci imla Gülərüzlü uşaq Gülərüzlülük ülfət və məhəbbətin bir möhkəm binası mənzələsindədir. Bəşşaşət qəlbin saflığına və təbiətin gözəlliyinə dəlalət eylər. Qaşqabağı açıq kimsənələrə hamı meyl və məhəbbət göstərir. Lətifəgü və zərifxu adamlar hamının məhəbbətini cəlb edər. Gülərüzlü və şirinsözlü olmaq bir türfə halətdir. Çünki zərafət və mülayimət daş kimi olan qəlbləri yumşaldır və kədərli sinələrə səfa verir. Kəcbin və bədxəyal adamların qəlbini islah edib, əfkarını cilalandırır. Qəmli ürəkləri məsrur və məşuf eləyir. Əlhasil, əsnayi-söhbətdə gülmək və güldürmək taamın dadı və duzu mənzələsindədir. Hərgah taamın duzu artıq və əskik olsa ləzzəti itib, tamı qaçar və habelə gülmək və güldürmək də həddən ziyadə olsa, məsxərəlik və istehza dərəcəsinə çıxar. Gülərüzlü uşaq məktəbdə müqəssir olub, tövqif cəzasına düçar olsa da yenə müəllimindən inciməz. Yoldaşları ilə oyun oynamaq vaxtında qəflətən yıxılıb bir yeri incisə, əsla qaş-qabağın tökməz. Bihudə və bica yerə küdurət və şikayət etməz və heç kəslə döyüşüb, küsüb, kin saxlamaz. Yoldaşlarından birisi ona hiddətlə acıqlansa da, yenə təbəssüm və mülayimətlə onu danışdırıb, özündən razı eylər. Belə uşaqların bu hüsni-hərəkəti onların bəzi qüsurlarını əfv etdirir. Bu imla dərsini dürüst və səhih yazan uşaqlara pəncşənbə (cümə axşamı) günü bir təhsin vərəqəsi veriləcəkdir. Otuz üçüncü imla Əbus uşaq Ey mənim gülərüzlü şagirdlərim! Əbus, yəni qaşqabaqlı və kədərli olmaq deməkdir. Bu sifət insanın canına siraşi-zəhərdar bir ilan kimidir. Əlhəqq bu xasiyyət nifrətəngiz bir mərəzə bənzər ki, hamı ondan qaçar. Odur ki, əbus adamlara heç kəs meyl və rəğbət göstərməz. Belə şəxslər həmişə dost və aşinadan məhrum qalıb, tək və tənha, möhnət və məlal ilə ruzigar keçirməkdədirlər. Bu sifət sahiblərinin üzünə baxanda aşkar görərsən ki, bir küdurət tozu qonub, insana bir məyusluq üz verir. Tutulmuş qaş-qabağından və üz və gözündən elə bir nühusət yağır ki, insanın ürəyi sıxılır. Bu günə adamların surətində əsla asari-sürur müşahidə olunmaz. Qəlblərində heç bir nəşə, zövqü-səfa tapılmaz. Belə kimsənələr müsahibət ləzzətindən bixəbər və eyşü nişat nemətindən məhrumdular. Məktəbimizin əbus uşaqlarını adbəad zikr etmək lazım deyil. Onların hal və hərəkəti və zahir surəti özlərini nişan verməkdədir. Əbus uşaqlar yenə skameykanın üstünə yayılıbdır və elə bir kəsalətlə imla yazmağa məşğul olubdur ki, az qalır yuxulasın. Bununla belə, yenə nömrəsini dörd almaq xəyalındadır. Yazdığı imlasını oxuyub, axıra yetirincə az qalır ki, ağlasın. Müxatibinə cavab verən vaxtda guya ki, başmaqları ilə danışır. Tövqif cəzasına düçar olanda bir saata kimi məktəbin aşağı tərəfində üzü divara dursa, əsla təngə gəlməz. Tənəffüs zamanında heç kəs onunla oyun oynamağa və onu özünə yoldaş qərar verməyə razı olmaz. Belə uşaqları gülüş üzü ilə və mülayim sözü ilə danışanda görmədim. Ah! Əbusluq nə pis xasiyyətsən! Otuz dördüncü imla Qəlbi saf uşaq Qəlbi saf və xəyalı rövşən və xatiri səfa olmaq nə böyük səadətdir. Bu sifətin sayəsində insanın zehni səlim və məzacı müstəqim olur. Qəlbi saflıq, yəni hər kimsə ilə müamileyi-sadiqanədə bulunmaq və xalq ilə məhəbbəti-xaliqanədə keçinmək deməkdir. Qəlbi saf adamların hal və hərəkətindən heç kəs zərər çəkməz və onların müsahibətindən və rifaqətindən insana peşmançılıq və nidamət üz verməz. Doğrudan-doğruya saf ürəkli olmaq nə gözəl xasiyyətdir və insanlar ilə insaniyyətlə rəftar etmək nə pəsəndidə halətdir, oğlanlarım! Qəlbi saf uşaqların hərəkat və səkənatı sizlərə bir ayineyi-ibrətdir. Bu qism uşaqlar məktəbimizin ümum şagirdlərini bir nəzərdə tutub və hamısı ilə atadan-anadan bir qardaş kimi gözəl-gözəl rəftar etməyə çalışır. Onların qələm, kağız, dəftər və kitablarını öz malı kimi bilib, cırıb qaralamağa əsla xəyanət əlini uzatmaz. Yoldaşlarının tərəqqi və pişrəftindən bir dərəcədə məsrur və məmnun olur ki, guya bir zəhmətsevən müəllimdir. Məktəbin birinci sinfində əlifba başlayan balaca uşaqları elə bir mülayimətlə danışdırıb, sevib, dərsə təşviq eylər ki, deyəsən bir mehriban mürəbbidir (tərbiyəçi). Hərgah bəzi uşaqlardan sinn və təbiətlərinin təğazasınca bir para namülaim hərəkətlər sadir olsa da, müəllim xəbərdar olmamış, onlara: «Ey qardaş! Bizə və bizim məsələlərimizə belə naməğbul və nalayiq hərəkətlər şayəstə deyil», - deyib, nazikanə və mülayimanə nəsihət etməyə başlar. Çox vaxt tövqifə düçar olanların qüsurunun əfv olunmasını mübsir (sinif rəhbəri) vasitəsilə müəllimdən iltimas eylər. Qəlbi saf uşaqlar öz hüsn və hərəkətlərindən həmişə kamyab və bərxürdar olmaqdadırlar. Otuz beşinci imla Qəlbi fasid uşaq Ey mənim qəlbi saf şagirdlərim! Qəlbi fasid, yəni bədxəyal, fəsad fikirli, qəlbi qara deməkdir. Bu sifət o qədər nalayiq və nagüvara sifətdir ki, insanı hər bir səadətdən məhrum eylər. Fəsad əndişəli adamlar şeytan ağacının yemişi və cəhalət biyabanının qudurmuş qurduna bənzər. Belə şəxslərin vücudundan insaniyyət aləminin havaxahları nə qədər mütəzərrir olur. Xüdavəndi-aləm bizləri bu növ insan libasında olan şeytanların şərrindən hifz eyləsin. Qəlbi fasid uşaq həmişə evdə ata-anasını pərişan və məktəbdə yoldaşlarını narahat və müəllimlərini rəncidə xatir eylər. Məsələn: Atası evdə onun kiçik qardaşını və bacısını öpəndə və sevəndə və yainki yeməli və oynatmalı bir şey verəndə o qədər canı sıxılıb, qaşqabağın tökub, küsüb mükəddər olur ki, axırda o balaca sevgili uşağı xəlvətə salıb, əlindəki şeyi alıb, atıb, yırtıb, sındırıb, zay eylər. Məktəbdə yoldaşları bir-birilə danışanda onların bəzi sözlərindən bədgüman olub, bir para mənalar çıxardır. «Bu sözü mənə deyirsiniz? Bu sözdən muradınız nədir? Bu sözdən məqsudunuz mənə dolaşmaqdır» - deyib, o biçarələrin sözün-söhbətin kəsib, qəlblərini məyus və məhzun eylər. Müəllim uşaqlara nəsihət edəndə və möizə əsnasında bir ibrətəngiz məsəl gətirəndə, (məsələn: «Alim olmaq asandır, adam olmaq çətin») qəlbi fasid uşaqlar onu özünə alıb, müəllimdən inciyər. Belə uşaqların dünya və axirətdə bədbəxt və mübtəzil olmaqlarına şübhəmiz yoxdur. Oğlanlarım! Bir-birinizlə səfayi-xatirlərilə rəftar etməyinizə mütməin oluram. Otuz altıncı imla Cəsur və ürəkli uşaq İnsaniyyətin ləvazimatından birisi də cəsarət və şücaətdir. Lakin şücaətin ifrat dərəcəsi də himaqət və səfahətdir. Şücaət qəlbin qüvvəti və mərdanəliyin zinətidir. Şücaətdən məqsudumuz vurub-yıxmaq, basıb-kəsmək deyil. Bəlkə, cəsarətdən müradımız ürəkli olmaq deməkdir. Cəsur uşaqlar hər bir mövhümü və biməni şeyləri xəalına gətirib, xovf etməz. Hər bir boş və bekara fikirlər ilə öz-özünü qorxutmaz. Məsələn: İt belə gəldi, qurd belə getdi, uci, cüci, damda baca, qara qulaq, qamuq. Bu qism sözlərdən və söhbətlərdən əsla ehtiyat etməz. Su kənarından, ağac dibindən, xaraba və qaranlıq yerlərdən, qəbristandan və sair bu timsallı məkanlardan keçəndə əbədən xəyalın dağıdıb, əhvalına təğyir verməz. Cəsarətli uşaqlar məktəbdə dərs oxuyanda və müəllimə cavab verəndə rəngi qızarıb, dili dolaşmaz. Məktəbə bir vacib ül-ehtiram şəxslərdən gələndə onlara cavab verməkdə və ya nitq oxumaqda ürəyi titrəyib, əl və ayağın itirməz. Küçə və bazarda və ya bir məclisdə birisi ondan bir əhvalat xəbər alanda mərdanə və dəliranə cavab verib, nəhayət sükunət və mətanətlə mətləbin əda eylər. Keçən günlərdə bir uşaq öz qapılarında yoldaşları ilə oynamağa məşğul idi. Mən ondan soruşdum ki, «Oğlum, atan evdədirmi?» Bu sözü eşitcək oyundan əl çəkib, gəlib mənim qabağımda durdu və dedi: Bəli. Atam evdədir. Amma mən gələndə yatmışdı. Siz buyurun əyləşin otaqda. Mən atama xəbər verərəm. Hərgah yatmış olsa da, indi bidar olacaqdır. Çünki mən onun yuxudan duran vaxtını bilirəm. Bu qism ürəkli və ədəbli və qəlbi qüvvətli uşaqlara afərin! Otuz yeddinci imla Qısqanc və qorxaq uşaq Ey mənim cəsur şagirdlərim! Qısqanc və qorxaq uşaqları görəndə qəlbimə qübar əyləşir. Belə şagirdlərin imla yazmağı, dərs oxumağı və dərs əsnasında cavab verməyi xəyala gəlməz dərəcədə insana hüzn gətirir. İmla yazan vaxtda barmaqlarının arasından az qalır qələm düşsün. Dərs oxuyan vaxtda tənbəl uşaqlar kimi kitabı əlinə alıb, ahəstə ayağa durub, əvvəl bir udqunar, sonra ayağının birin götürüb, birin qoyub, yavaş-yavaş alçaqdan oxumağa başlar. Belə ki, deyəsən sözlər ağzından tökülür. Çoxusu da anlaşılmır. Məsələn: «Şahsevən oğlu şərmsar oldu» deyəcək halda «Şahsevən oğlu sərmşar oldu» deyir. Doğrudan, o qədər ağır və səngin oxuyur ki, qulaq asanların zehninə zəhmət, vücuduna əziyyət və qəlbinə siqlət gətirir. Danışan vaxtda sözlərinin yarısı «Mirza, vallah, zaddı, sonra, boylum, ondan sonra, bu səfərim, zaddı»ya çıxar. Tənəffüs zamanı şikayətsiz məktəbə gəlməz. Azad olan vaxtda kitabların yığıb-yığışdırmağı bir saat çəkər. Küçədən keçəndə öz kölgəsindən ürkər. Hərgah qabağına bir it çıxsa «Vay dədə! İt gəlir». Guya ki, it bunu yeyəcək. İnək görəndə buynuzlarına baxar. At görəndə diksinər. Pişik görəndə daşa basar. Qurbağa görəndə rəngi qaçar. Tısbağanı görəndə qəş eylər. Kirpiyə gözü sataşsa tükləri biz-biz olur. Tülkü nağılı, qurd hekayəti eşidəndə bədəni titrər. Qısqanc uşaqlar bu dərsi yaza bilmir. Məlum olur ki, qorxurlar. Bura kimi kifayət eylər, bəsdir. Otuz səkkizinci imla Ata-anasını və müəllimini sevən uşaq Əxlaqi-həsənə sahib olmağın əvvəlinci şərti ata-ananın itaətində olmaq və ustad-müəllimin ehtiramını saxlamaqdadır. Ata-ananız sözlərin barəsində çəkdiyi zəhmətləri təqrir etməkdən acizəm. Odur ki, həmişə stzlərə bu xüsusda mövizə və nəsihət etməkdə müzayiqə etməmişəm. İndi yenə bu imla dərsində sizlərə tövsiyə məqamında xatirnişan edirəm ki, ata-ananızın qədrü-qiymətini bilin və onların itaətindən heç bir vaxt kənar olmayın. Onların qəlbini məsrur və xoşnud etməyə çalışın. Övlad nə qədər kamalatlı və tərbiyəli olsa, ata-ananın o qədər qəlbi fərəhlənib və xatiri xoşnud olur. Məgər qıçı araba təkərinin altında qalan uşağın hekayəti xatirinizdən çıxıbdır ki, anası naxoş və xəstə olduğu üçün qıçını sınıqçı bağlayanda heç səsin çıxartmadı. Necə ki, cərrah ondan sual eylədi ki, məgər qıçın ağrısının və əziyyətinin sənə təsiri yoxdur? Uf! Çox ağrıyır. Amma istəmirəm ki, anam eşitsinki, məbada mərəzi artıb, şiddət eyləyə, - cavabını verdi. Bu qism uşaqlar ata-anasını xoşhal görəndə özü də xoşhal olur. Amma məlul və qəmgin görəndə o da məhzun və mükəddər olur. Müəllimə gəlincə, onu özünə bir mehriban ata hesab edib, həmişə onun verdiyi nəsihəti və tərbiyəti zaye etməz. Müəllim onun barəsində çəkdiyi zəhməti və əziyyəti nəzərdə tutub, əsla onun haqqını itirməz. Hərgah bəzi vaxt bir tövqif cəzasına düçar olub və ya bir təqsir cəhətinə cəzalansa da, yenə müəllimini özünə xeyirxah bilib, təngə gəlməz. Bu səbəbdəndir ki, müəllimini sevən uşaqlar bunu fəhm ediblər ki, müəllim öz şagirdlərindən bir qüsur görəndə nə qədər canı sıxılıb, övqatı təlx olur. Çünki müəllim həmişə onların tərbiəyəli və kamalatlı olmağını istər. Ümum xalqın nəzərində məğbul olmaqlarından məmnun və məsrur olur. Otuz doqquzuncu imla Ata-anasını və müəllimini sevməyən uşaq Ey mənim mehriban şagirdlərim! Ata-ananın haqqını və zəhmətini itirən uşaqlar Allah taalanın da itaət və ibadətindən məhrum qalmağına şübhəmiz yoxdur. Çünki xüdavəndi-təbarək və taala valideynin itaət və ehtiramını özünə ibadət hesab edibdir. Ata-ananın övladdan razı və xoşnud olmağı, Allah taalanın ondan razı olmağına bir böyük nişanədir. Odur ki, həmişə ata-anaya bir itaət və məhəbbət göstərəndə onların qəlbində bir mayəyi-fərəh zahir olub, övladlarını səfayi-xatirilə sevib, «Allah səndən razı olsun», deyərlər. Habelə övladdan bir itaətsizlik və bitərbiyəlik görəndə suzişi-qəlb ilə bir ah çəkib, onun haqqında nifrin və bəddua edərlər. Məazülla! Nə böyük xəta! Valideynini sevməyən uşaqlar və onların itaət və məhəbbətini vacib bilməyən övlad qiyamət günündə divani-Kibriyada nə cavab verəcək? Müəllim və ustadın ehtiramını gözlətməyən uşaqlar və onların təlim və tərbiyəsini zaye edən şagirdlər, insaniyyət və ruhaniyyət aləminə necə xidmət edə bilər? Xüdavəndi-aləm ondan necə razı ola bilər? Çünki müəllim ruhani ata mənziləsindədir. Bəlkə müəllimin ehtiram və itaəti ata-ananın ehtiram və itaətindən vacibdir. Müəllim insanın təhzibi-əxlaq və mənbiri-əfkarına xidmət edir. Müəllim həmişə şagirdlərinin ruhunun qüvvətinə, zehninin vüsətinə və sair əxlaq və adabının hüsni-tərbiyəsinə çalışır. Valideynini və müəllimini sevməyən uşaqlardan olmayın! Özünüzü həmişə müəllimlərin yanında və Allah taalanın nəzərində məhbub və möhtərəm və sahibi-şən olmağa qeyrət və diqqət edin, nuri-didələrim! Qırxıncı imla Məqaleyi-məxsusə Ey mənim xoşəxlaq şagirdlərim! Bu gün bu imla ilə dərsimiz qurtaracaq. Bir neçə gündən sonra imtahana hazırlaşmağınızı xatirnişan edirəm. İmtahan məclisində hər bir sualıma müvafiq cavab verməyinizə ümidvar oluram. Amma burasını nəzərdə tutmaq lazımdır ki, bu günə kimi sizlərə bir neçə gözəl və pəsəndidə xasiyyətlərdən, naşayəstə və nagüvara halətlərdən yazdırıb, oxudub, əzbərlətdim. Lakin onları bilmək və anlamaqdan əlavə, lazımlı dərəcədə əməl eyləmək sizləri bəxtiyar edəcəkdir. Yəni gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərdən nifrət edəsiniz. Tainki bu müddətdə çəkdiyimiz zəhmətlər zaye olmasın. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər. Bu bir ilin müddətində sizlərə əxlaqa dair verdiyim imla təriqilə dərslər elmi-əxlaqdan bir nümunədir. Hərgah bunlara kamilən amil olub, ata-ananızı və müəllimlərinizi özünüzdən razı edib və xalq içində zikri-xeyr ilə yad olunasınız. İnşaallah gələcək ildə sizlərə «Risaleyi-əxlaq» adlı kitabdan dərs verəcəyəm ki, o kitab xoşəxlaq şagirdlərə elmi-əxlaqı kamilən bəyan eylər. Xoşxülq və xoşxasiyyət olmağınıza hər bir halda ümidvaram, nuri-didələrim! * * * Töhfeyi-benat, yaxud qızlara hədiyyə «Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu... Ərzi-məxsus Tərbiyəti-nisvan və təlimi-ətfal məsələsi dünaynın hər tərəfində (bu son vaxtlarda müsəlmanların da arasında) əhəmiyyəti-kamilə kəsb etmək üçün qızlarımızın təlim və tərbiyəti və onlara məxsus kitabların təlifi nəhayət dərəcədə lazım və dərkardır ki, o kitabların vasitəsilə bisavad və layiqi-təlim və tərbiyə olan qızlarımız şahrahi-elmi və təriqi-tərbiyəti tapıb təhsilə raqib olsunlar. Tainki dərəcati-ülumi və məratibi-maarifi teyy edib, elmli və tərbiyəli validələr payəsinə yetişsinlər. Çünki tərbiyəli analaların qəlbində və müəllimə xanımların vicdanında vücudə gələn hüsni-tərbiyə və təhzibi-əxlaq balalarının tövsiyi-əzhan və tənviri-əfkarına əvvəlinci səbəbdir. Odur ki, alimə və ədibə validələr elm və ədəbi məhəbbət südü ilə şirü şəkər kimi qarışdırıb övlada yedirirlər. Binaən əleyh zalik bu barədə olan meyl və rəğbətim və öz hissəmə düşəcək vəzifəmi əda etməyim bəzaətsizliyimə və ədəmi-ləyaqətimə qələbə edib, təlimi-ətfala məxsus olan kitabi-nafedən bilaintixab «Töhfei-benat» namı ilə təsmiyə etdiyim bu əsəri-naçizi yazmağa cəsarət elədim. Lütf nəzərilə mütaliə buyuran maarifpərvər ədiblər və təlim yolu ilə təcrübə hasil etmiş müəllimlər səhv və xətasını təiyib və təhqirə nisbət verməyib, nəzəri ədibanə və himməti-nəqqadanələr ilə təshih etməklərini məxsusən təmənna edirəm. Hərgah bu barədə layiqi-təqrif və təhsin olmasam da, müvədədi-təriz və nifrin olmamağa da əmin və ümidvaram. İxtar Bu kitabçeyi əlifbanı diqqətlə oxuyub və hürufatın işkali ərbəəsinə kamilən vüquf yetirən balaca qızlara məxsusdur ki, bunda dərc olunan dərusi-mütəməddədə və hekayəti-nafeənin vasitəsilə hər bir validə öz qızını və hər bir müəllimə öz mütəllimlərini şiveyi-qiraət və üsuli-kitabətə alışdıra bilir. Bu kitab nəstəliq xəttilə təb olunmağa ümdə səbəb odur ki, o balaca əlləri ilə rəhbəri-maarif olan, qələmi tutan xanım qızlar hər gün oxuduğu dərsi bir əlahidə dəftərə yazmaq ilə təqviyyəti-zehnə səbəb olan hüsni-xətti də təhsil etməyə müvəffəq olsunlar. Bu müxtəsər kitabçada üsuli-inşa və fununi-kitabət iqtizasınca yazılan və beləliklə, lisani-türkidə əmsalı görülən bəzi ərəbi və farsi kəlmələri heyni-tədrisdə bəqədr imkan qızlara təlim və təlhim olunmamış keçilməsin. Tainki onlar adabi-mühavirə və ümurati-beytiyyəyə dair olan mükalimatdan əlavə ədəbiyyati-lisaniyyə və də filcümlə aşina olsunlar. Tainki gələcək zamanda ülum və fünun ... təhsil etməyə müqtədir ola bilsinlər. Minacat İlahi! Qadiri-mütləq və məbud bir həqsən. Zati-əqdəsini əql və fikr ilə bilmək və qüdrət və əzəmətini dil ilə bəyanə gətirmək olmaz. İlahi! Zaman və məkandan münəzze və tərif və tövsifdən mübərrasən. Amma şan və cəlalın və nuri-cəmalın aləmləri doldurub ki, hər şeyi sənin vücuduna dəlil və rəhbər və hər zərrə sənin qüdrətinə şahidi-mötəbərdir. Bu hamı həddü-hesabsız ulduzlar və havada cəh-cəh ilə teyran edən quşlar, yerdə zümzümə ilə cərəyan edən nəhrlər, çaylar, rəngarəng güllərin ətri və gunagun meyvələrin təmi sənin hikmətinə ayinədir. Xüdavənda, elə bir qadiri-təvana və xaliqi-yektasən ki, qüdrət və qüvvətdə və əmri-xilqətdə əsla şərikin və nəzirin yoxdur. Pərvərdigara, mərhəmət nəzərini bizdən kəsmə, səhhəti-bədənimizi əlimizdən alma, verdiyin hamı nemətlərin şükrünü əda etməyə bizləri müvəffəq elə, lütf və inayətini halımıza şamil qıl, məhəbbət və tofiqini bizlərə rəqif et. Günahlarımızdan keç. Dünya və axirətimizi məmur elə! Ya rəb, ümid əlimizi dərgahi-aləm pənahından naümid geri qaytarma! İtaət və ibadətimizi dərəceyi-qəbulə yetir, dua və axirətimizi müstəcəb elə, xatimül-ənbiya Məhəmməd-əl-Mustəfa hörmətinə və onun pak və pakizə olan övladı haqqına. Amin! Qiraət Xanım qızlar! «Əlifba kitabını» diqqətlə oxudunuz. Və hər bir dərsin başında yazılan həriflərin şəkillərini və sədalarını lazımınca öyrənib və anladınız. İndi bu gözəl kitabı oxumaq sizlərə çox asan və çox faydalı olacaq. Bunda neçə şirin hekayətlər yazılıb! Və neçə gözəl dərslər tərtib olunubdur. Bu əvvəlinci dərsdə istəyirəm yenə «Əlifba» kitabında oxuduğunuz dərsləri yadınıza salım. Xatirinizdədir ki, hərflərin hamısı rtuz dörddür. Və o hərflər kəlmənin başında, arasında və axırında yazılanda hər biri neçə surətə düşür. Və hərflər bir-birinə yapışanda səslər hasil olur ki, o səslərdən kəlmələr əmələ gəlir. Məsələn, a-ta, a-na, ba-ba ki, bu səslərdən ata, ana, baba kəlmələri təşkil olunur. Necə ki, ba-la-bal-dan-şi-rin-dir sədalarından «bala baldan şirindir» ibarəti əmələ gəlir. İndi bu dərsdə bir neçə asan cümlələr var, onu oxuyaq: «Mənim kitabım gözəldir. Bu gün dərsim asandır. Yalan danışmaq günahdır. Elm və tərbiyyət hamıya vacibdir. Əməlsiz alimin faydası yoxdur. Kitab oxumağın mənfəəti çoxdur. Kitab insana gözəl münisdir. Qış və yaz oxu yaz». Sübh namazı Fatma sübh tezdən durub, dəstəmaz alıb gəldi, səccadəsini açdı. Namazını qılıb qurtarandan sonra qardaşı Qasımın başı üstə yavaş-yavaş durdu onu oyatmağa: -Qasım, Qasım! Dur, az qalıb gün çıxsın, namazın vaxtı keçir. Qasım durub, dəstəmaz alınca Fatma xanım kiçik qardaşı İbrahimi də oyatdı ki, ona da namaz təlim edib qaldırsıq. Namazlarını tamam edəndən sonra hər üçü qaziülhacat olan Allahın dərgahına əd götürüb minacat elədilər. Fatma dedi ki: Qardaşlarım, mən dua eyləyim, siz də «amin» deyin! -Pərvərdigara, rəhmət və bərəkatını bizlərə nazil qıl. Ehsan etdiyin nemətləri əlimizdən alma. Qəlblərimizi elm və ibadət nuru ilə rövşən və münəvvər elə! Pərvərdigara! Bizləri böyüdüb tərbiyə verən ata-anamızın ömrünü tulani qıl. Onların sayəsini bizim başımızdan kəsmə! Valideynimizi və müəllimlərimizi və qövm və əqrabamızı dünya və axirətdə rastgah eylə! İlahi, sən məsumların duasını tez müstəcəb edərsən! Bizim də bu məsumanə duamızı qəbul elə. Fatma bu tövr dua etdikcə Qasım və İbrahim də «amin» deyirdi. Mehriban anaları gəlib, onları bu halda görəndə hər üçünü də məhəbbətlə qucaqlayıb, bağrına basdı! Və onlar da analarının əlindən öpdülər. Və hamısı bir yerdə atalarının hüzuruna gedib, ədəb ilə salam verib, əyləşib çay içməyə məşğul oldular. Tərbiyənin təfavütü İki bacının hər birisinin bir oğlu var idi. Onlar oğlanlarına bir-birindən təfavütlü surətdə tərbiyə verirdilər. Birisi adabi-tərbiyətə aşna olmadığı üçün oğlunun məzacına görə hərəkət edib və onun nazı ilə oynardı. Və balasının hər bir xahişini yerinə yetirdikcə onun xülqünü pozub daryekini üzərdi. Bu əziz və ərköyün balanın xörəyinin əndazəsi və yatıb durmağının vədəsi yox idi. Hər növ konfet və hər qisim meyvə və hər cürə oyuncaq, bəlkə, hər bir ağlına gələn şeyi istədiyi vaxtda hazır olmasaydı, ağlayıb, çığırıb. bağırıb özünü yerdən-yerə vurardı. Tərbiyət aləmindən bixəbər olan anası da istər zərərli olsun, istər faydalı olsun, balasının hər bir istədiyini və arzusunu əmələ gətirməyi müzayiqə etməzdi. Amma o birisi oğlunu ağuşi-tərbiyətində saxlayıb, pərvəriş verdikcə və analıq məhəbbətin əmələ gətirdikcə yenə balasına lazımınca nəsihət, tənriyə və cəza etməkdən geri durmazdı. Əvvəlincinin oğlu çox yeməkdən zəif olub və çox yatmaqdan tənbəlləşib, xudsər və azadə gəzməkdən tərbiyəsiz və elmsiz qaldı. Amma digərinin hər bir şeyi diqqət və qərarınca yeyib və içib, anasının nəsihətlərinə əməl edib bir çalışqan və zəhmətsevən uşaq oldu ki, böyüdükcə elm və tərbiyət sayəsində validəsinə, vətəninə, millətinə və dövlətinə böyük xidmətlər eylədi. Bəs, bundan məlum olur ki, insanın hər bir halının nəticəsi uşaq vaxtında verilən təlim və tərbiyənin əsəri və səməridir. Məşhur hükəmadan Ərəstu deyibdir ki, uşağın pisliyi və yaxşılığı valideyninə həml olunur. Çünki övlad ata və ananın bir nisfidir. Sitarə ilə xalası Sitarə məktəbdən azad olub, xuraman-xuraman xalasıgilə gedir. Vüqar və təmkin ilə qapıdan girib ədəblə salam verir. Mehriban xalası məhəbbətlə qollarını açıb, Sitarəni bağrına basıb üzündən və gözündən öpüb deyir: Əyləş, gözüm nuru, balaca Sitarə, əyləş! Xanım xala! Bəs anam hanı? Anam mənə demişdi ki, bu gün xalagilə gedəcəyəm. Sən də məktəbdən azad olub gəl. Bəs, anam nə üçün gəlməyibdir? Sən əyləş, sevgili Sitarəm, anan da indi gələcək. Yoxsa, ananı bir neçə saatdır ki, görməyibsən, ayrılığına davam edə bilməyib didarını arzu edirsən? Bəli, bəli! Mən anamı bir gün görməsəm, tab edə bilmərəm. Yoxsa ananı çox sevirsən? Əlbəttə, sevirəm, canım kimi sevirəm. Afərin, balaca Sitarəm, afərin. Ananı sev və ona məhəbbət elə. Zira ki, yer üzündə ana kimi böyük nemət tapılmaz. Anan səni doğan gündən hələ indiyə kimi çəkdiyi zəhmətlərin həddi-hesabı yoxdur. Südəmər vaxtında məhəbbətlə bəsləyən, gecə və gündüz beşiyin yanından ayrılmayan, ağladığın vaxtda öpə-öpə bağrına basan, ovudub gözünün yaşını silən anandır. Naxoş olduğun zamanda səbr və aramı kəsilə-kəsilə pərəstar olan, əlindən tutub xırda-xırda ayaq üstə qoyub yeridən, yavaş-yavaş dil öyrədib, söyləşdirib danışdıran anandır. Ananın zəhmətlərini nəzərdə tut, itaəti vacib bil, xatirinə dəymə, ehtiramın saxla, hər bir hüququnu gözlə. Zira ki, ananın övlada olan məhəbbəti və haqqı atanın iki mislicədir. Ata və ana məhəbbəti Nərgiz xanım ilə Qönçəbəyim bağçada dərslərinə məşğul ikən bağçanın divarında yuva tutmuş sərçələr civ-civ və cəh-cəh ilə balalarına dən gətirirdilər. Qöqçəbəyim dərsdən fariğ olub, sərçələrin hal və hərəkətinə və balalarına olan meyl və məhəbbətinə diqqətlə mütəvəcceh idi. Bu halda Nərgiz xanım da dərsini tamam edib, Qönçəbəyimə dedi ki: A qız, Qönçə, bu sərçələrə baxıb, nə çox təəccüb edirsən? Xanım bacı, əsla sərçələrə baxıb təəccüb etmirəm. Bunların bu qədər öz balalarına olan məhəbbətinə təəccüb edirəm. Cəmi heyvanatın öz balasına olan məhəbbəti məlumdur. Bunda təəccüb yeri yoxdur. İnsanın da öz övladına olan məhəbbəti bunların məhəbbəti ilə bərabər ola bilərmi? Bu qədər bil ki, insanın heyvanatdan ağıl və fərasəti, fəziləti və şərafəti nə qədər artıqsa, övladına olan məhəbbəti ondan dəxi artıqdır. Nə səbəbə artıqdır? Ondan ötrü ki, yumurtadan çıxmış bir quş ki, hənuz uçub getməyə qadir deyil, ata və anası toxumdan, qurddan, mirçəkdən və sair cücülərdən gətirib onları bəslər. Elə ki, bədəni və qanadları kamilən tüklənib pərvaz oldu, onlar dəxi özləri uçub, gedib ruzi axtarmağa başlar və anaları da onları mühafizə etməkdən asudə olurlar. Amma insan öz balasına on beş-iyirmi yaşına kimi pərvəriş verib, hər bir ləvazimatını tədarük eylər. Ondan sonra yenə həmişə onun hümmətinə və qəminə şərik olub, ömrünün axırına kimi balasının yolunda zəhmət çəkib can qoyar. Məazallah! Ata və anamızın haqqı nə böyükdür! Və nə qədər onlara iraət və məhəbbət etmək lazım gəlir! İki bacının mükaliməsi Bir gün İzzət öz böyük bacısı Səadət ilə analarının yanında çay içdikləri vaxtda bu günə söhbət edirdilər. İzzət: - Bacı, bu gün cümə günü olduğuna görə mənim istirahət günümdür. Mən cümə gününü o biri günlərdən artıq sevirəm. Səadət: - Sevgili İzzətim, əlbəttə, cümə günü o biri günlərdən şərif və möhtərəm gündür. Gərəkdir, onu əziz tutasan. Amma sən cümə gününü tətil günü olmaq cəhətinə görə sevirsən, elə deilmi? Bəli, belədir. Çünki cümə günü olanda rahat-rahat əyləşirəm, gəzirəm, dolanıram, gəlinlərimi bəzəyirəm. Otağımı silib-süpürüb, şeylərimi düzürəm. Ev işlərinə əl yetirirəm, dərslərimi oxuyuram. Bəs, nə üçün dərslərini lap axırda oxuyursan? Şənbə gününün dərslərinə hazırlaşmaq üçün. Bərəkəllah! Maşallah! Əlbəttə, gərək hazırlaşasan. Çünki o biri günlərin faydası sənə cümə günündən artıqdır. Elm təhsil etmək insanın əvvəlinci vəzifəsidir. Elm təhsil etməkdən məqsəbimiz nədir? Bizlərə nə faydası var? Balaca bacım! Sən hənuz kiçiksən. Elmin ləzzətini və faydasını necə ki, lazımdır bilməyirsən. Bu qədər bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz. Və insanın hər işində və əməlində elmə ehtiacı vardır. İnsanın fəziləti və heyvan ilə insanın təfavütü elm ilə bilinir. Sən də elm ədəb təhsil et, tainki dünya və axirətdə səadətmənd olasan. Anası dedi: - Qızım, balaca İzzətim, bir vaxt olacaq ki, sən də bir dudmanın mürəbbisi və bir evin zəhmətkeşi olacaqsan. Əgər indi elm və tərbiyə kəsb etməyəsən, bəs, o zaman hansı fəzilət ilə fəxr edəcəksən? Və bir evin ümuratını necə dolandıracaqsan? Elm və tərbiyətə ehtiyacı olan övladına necə pərvəriş verəcəksən? İzzət xanım bu sözləri eşitcək durub getdi, öz otağında dərslərinə məşğul oldu. Ədəbli və tərbiyəli Rübabə Rübabə xanım o qədər ədəbli və tərbiyətli qızdır ki, hər kəs onu görəndə, «kaş mənim də belə bir qızım olaydı» - deyib, arzu eylər. Rübabə hər bir hal və hərəkətdə əsla özgə qızlara bənzəməz. Ata-anasının hüzuruna gələndə və ya bir məclisə varid olanda və özündən böyükləri görəndə ədəb ilə salam verir. Bu az sinni ilə bərabər oxumaq və yazmağı kamilən bilməkdən savayı, nə qədər iş və tikiş öyrənibdir. Bunlardan əlavə, bişmiş bişirməkdə və sair səliqələrdə anası ilə bərabər iş görər. Ev işlərində o qədər üsul ilə dolanır ki, indiyə kimi rübabənin əlində bir şey sınmayıbdır. Məgər Rübabə təam ağzın doldurub tez-tez yeyir və yainki, üstünə tökür? Məgər Rübabə xanım çay və qəhvə içəndə nəlbəkiyə töküb püfləyə-püfləyə içir? Haşa! Hərgiz ondan belə hərəkət sadir olmaz. Hər kəs Rübabəni süfrə başında və çay içilən vaxt görsə, onun o ədəbanə hərəkətinə və nazikanə halətlərinə heyran qalıb, təəccüb eylər. Rübabə həmişə öskürəndə, asqıranda və ya əsnəyəndə dəsmalını və əgər dəsmalı olmasa, əlini ağzına tutar. Heç vaxt barmağı ilə burnunu və qulağını qurdalamaz. Həmişə dırnaqları tutulmuş, əli və ayağı, üst-başı təmiz və pakizə olur. Doğrudan, Rübabə kimi qızların atası nə qədər xöşbəxt və xöşbəxtdir. Və onun anası nə əcəb bəxtəvər övrətdir! Validə məhəbbəti Keçən zamanlarda günahkarları və ölümə layiq olanları cürbəcürə cəzalar ilə həlak edərdilər. Bəzisinin başını kəsərdilər və bir parasını dara çəkərdilər və bir cümləsini həbsxanada saxlayıb, duzsuz görək verərdilər ki, o biçarələr şit xörək yedikcə qanları xarab olub, artıq zəhmət və əziyyət çəkə-çəkə ölsünlər. Bir günləri bir günahkar övrətin təqsiri sabit olandan sonra hökm elədilər ki, onu dara çəkib boğsunlar. Sonra divanxana rəisi ona rəhm edib cəzasının təxfifi üçün fitva verdi ki, həbsxanada yalqız başına qalıb, öz-özünə acından ölsün. O övrətin qızı anası ölənə kimi onun yanına gedib-gəlməyə rüxsət istədi. Rəis qızın xahişini bir şərt ilə qəbul etdi ki, hər dəfə gedəndə onu yoxlasınlar ki, özü ilə bir şey aparmasın. Bir neçə gün bu qərar ilə keçəndən sonra övrətdə bir zəf əlaməti, aclıq əsəri görünməyib təəccüb etdilər. Bir gün gizlincə diqqət edib gördülər ki, qız öz əmcəyindən anasına süd verir. Bu hala dəxi artıq təəccüb edib heyran qaldılar. Qızın bu aqilanə hərəkəti və anasına bu dərəcədə olan məhəbbəti hakimlərin riqqətini və rəhmini artırıb, anasını ona bağışladılar və dövlət xəzinəsindən onların ömrü olduqca hər bir xərc və məsrəfini təyin və təhsin etdilər. Və o həbsxananı söküb, yerinə «Övlad məhəbbəti» ünvanlı bir nişangah bina elədilər. Bala tərbiyəti Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və kirdarı, hal, hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb, övladının təlim və tərbiyəsinə məşğul olurlar. Hüsni-əxlaq və adab tərbiyətə vaqif olan validə balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilirlər. Bir gün zər və zivərə həris olan bir arvad faxir libaslarını geyib və cəvahiratı ilə bəzəndiyi halda bala tərbiyəsinə aşiq olan bir xanımın evinə gəldi. Qiymətli libasını və bahalı qaş-daşını iftixarla göstərəndən sonra mürəbbiyə xanımı adi və sadə libasda görüb: «Sənin də zər-zivərini görmək istəyirəm», -dedi. Xanım cavab verdi ki: Əgər bir az səbr eləsən, onları sənə nişan verərəm. Bir azdan sonra balaları məktəbdən gəlib, evə daxil olanda, onların əlindən tutub, o arvadın yanına gətirdi və dedi: Mənim də zər-zivərim, mülk və malım, cah və cəlalım bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cavahiratdan qiymətlidir. Ruqiyyənin söhbəti Dünən, cümə günü dərslərimi oxuyub qurtarandan sonra anama dedim ki, ana, mənim tikişimi haraya qoyubsan! Ana: - Sənin tikişini yığışdırıb boxçanın üstünə qoymuşam, - cavabını verdi. Tikişim sadə, yaşıl parçadan özümün köynəyim idi. Həvəslə götürüb yaxasının ətrafına qırmızı məməli naxış qoydum. Yaşılın üstündən qırmızı necə gözəl görünürdü! Necə yaxşı yaraşırdı! Sonra düymələrini tikəndə necə oldusa, birdən iynə barmağımın ucuna soxuldu. Elə bir hala qaldım ki, az qalı ağlım dağılsın və huşum başımdan uçsun. Bir də gördüm ki, barmağımın ucundan qan durdu çikkə-çikkə tökülməyə. Davam edib, səsimi çıxartmadım ki, anam eşitməsin. Çünki gəlib məni o halda görsəydi yəqin ki, ağlardı. Barmağımı bağlayıb, tikişimi yığışdırıb yerinə qoydum. İndi hər kəs görər, soruşar ki: Barmağına nə olub? Barmağını nə üçün sarımısan? İynə batıb, - deyib cavab verməkdən usanmışam. * * * Nəsihətnamə Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir. Dünyada dörd şeyin azı və çoxu bərabərdir. Birisi oddur. Əlov bir cikkə bedə olsa, yenə xamuş etmək lazımdır. İkinci tənzilli borcudur. Vəlov beş manat da olsa, yenə verib rədd etmək lazımdır. Üçüncü düşməndir. Bir nəfər də olsa, yenə çalışıb, dost etmək lazımdır. Dördüncü mərəzdir. Vəlov sərmazədəlikdə olsa, yenə dəfinə diqqət və əlac eyləmək lazımdır. Ev sahibinin yaxşılığı qonşularının əhvalından anlaşılır. Bir ev alınan vaxt qonşularının əhvalını mülahizə etməli, sonra almalıdır. Evlərin də yaxşısı odur ki, qonaqlarının dərəcəsin və hörmətin riayət etsin. İnsan gərək qarışqadan ibrət alsın. Çünki qarışqaların hələ böyüyü və əmr edənləri olmaya-olmaya, yenə xoş havalarda və fürsət vaxtında ittifaq ilə çalışıb, qış fəslində və zərurət zamanında insanlardan artıq rahat olub, asudə keçinirlər. Ağıllı adamların nəsihətinə qulaq asmayan axırda peşman olur. Cavahirin qiyməti olsa, nəsihətin qiyməti yoxdur. Tamahkar adamlar çox şeyə tamah eyləsələr də, yenə çox şeylərdən məhrum qalırlar. Tamah ilə və xəsisliklə yığılan dövlət çox vaxt varislərə də fayda verməz. Bir insan elm və mərifət və tərbiyə səbəbilə özgələrin əlli yaşında göstərdiyi şöhrəti və qazandığı mərifəti bu iyirmi yaşında göstərir. Dünyada səadətin kamalı olmadığı kimi, müsibətin də daxi zavalı yoxdur. İnsan əvvəl gərək cəhlin və bulmazlığın dərəcəsini bulsun, ondan sonra bulduğunu təkmil edib, bulmadığının təhsilinə çalışa. Çox zad öyrənər. Yaxşı adamlara pislik eyləyən adamın əməli günə tüpürən adamın misalına bənzər. Çünki tüpürdüyü günə yetişməz. Yenə axırda öz üzünə düşər. İnsanın elmi çoxaldıqca cəhli azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atlatmaqdan çətindir. Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bulunsa, insanların da yaxşısı elmi-əxlaq ilə bulunur. Bir işi başlayıb axıra çatdırmayan adam gərək məyus olmasın. Əvvəlinci dəfə cabəca olmasa, ikincidə, nəhayət üçüncüdə yerbəyer olur. İnsan hörümçəkdən ibrət götürməlidir. Meyvəli ağaca daş atan çox olduğu kimi elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Necə ki, meyvəli ağaca daş vuranda yemiş verər, tərbiyəli və kamalat sahibi insan da gərək hər kəs ilə müdara və rəftar eləsin. İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yeməklə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, yemək dirilikdən ötrü lazımdır. İnadçı adamlar islaha gəlməzlər. Qaraya sabun, dəliyə nəsihət heç bir fayda verməz. Vücudu xəstə olan adam təbibə və ruhu xəstə olan həbibə möhtacdır. Ədavət toxumun əkən zəhmət və məşəqqət becərər. Yəni pislik eyləyən adam axırda pislik görəcəkdir. Tənbəllik və işsizlik fəqr və zərurət qapısının kəlididir. İşlək adama ən böyük cəza bikar qalmaqdır. Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Odur ki, deyirlər: «İşləyən dəmir parıldar və işləməyən dəmir paslanır». Tənbəl adam badam yemək istər. Amma sındırmağın zəhmətindən qaçar. Torpaqdan yaradılmış insana kibr etmək lazım deyil. Kibr elə bir div aynasıdır ki, insanın vücudunu həddindən artıq göstərir. Ata-anasının gözəl-gözəl nəsihətinə qulaq asmayan uşaq, axırda peşman olur. Nəsihətin qiyməti cavahirdən artıqdır. Amma qədrini bilən gərək. Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır. Yaxşılığı tərif eləyən kimsənin sözü doğru olsa, özü əsla yaxşılıqdan əl çəkməz. Vaiz və naseh kimsənə dediyinə əməl etsə, sözünün təsiri artıq olur. Dövlətmənd adamların malına və dövlətinə həsrətlə baxıb, oğurlamaq fikrinə düşən adam heç vaxt dövlətli olmaz. Fağır və biçarələrin halına mərhəmət və mürüvvətlə baxan dövlətli heç bir vaxt fağır olmaz. Bir şeyin qiyməti o şey əldən gedəndən sonra bilinir. Ağ pul qara gün üçün lazım olur. Həddindən ziyadə fikir və xəyal eyləyən adam öz arzusuna çatmaz. Bizim üçün ən gözəl dərslər təcrübə dərsləridir. Məsrəf adamın nə qədər malı olsa, yenə axırda zərurətə düşər. Çünki israfın idarə qapısı açıqdır. Necə ki, açıq qapıdan hər kəs içəri girə bilər, ehtiyaclıq da daxil ola bilər. Ucuz gördüyü lazım olmayan şeyləri alan kimsə, lazımlı şeylərdən məhrum qalır. Diqqət və mülahizənin mənasını insan vaxtında bilər. Dünyada əziz vaxtını bihudə keçirtmək insan üçün böyük bir müsibətdir. Tənbəlliklən keçinən adam hər umduğundan məhrum qalır. Dünyada elmi təhsil eləmək nə qədər çətin olsa da, yaddan çıxmağı çox asandır. Amma cəhalət dediyimiz təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir. Bir mənfəət ümidi ilə dost olan adam insana dost deyil. İnsanın dostu kamalatının aynasıdır. Həvəslə başlanan hər bir iş yarı olmuş kimidir. İş işləyib, yorulan adamın istirahəti istirahətdir. Bikarçılığın istirahəti zəhmət və məşəqqətdən ibarətdir. Özü zəhmət ilə qazanıb, övrəti israf eləyən adamın evi dibi dəlik çuvala bənzər. İçinə hər nə qoysan, dolmaq bilməz. Ağıllı ata-ana övladını elmə və tərbiyətə rağib edəndir. Balasını bikar və əziz saxlayan adam övladının düşmənidir. Quzularının mələməyindən artıq bülbüllərin səsindən həzz alan çobanın öz sürüsünə xeyiri olmaz. İnsanın öz nəfsi özünə böyük düşmən olduğundan hər zaddan vacib əvvəl onu islah etməlidir. Öz qəbahətini görən kimsə özgənin pisliyini görməyə vaxt tapmaz. Ağıllı adam ədəbi ədəbsizdən öyrənir. Qeyrətli adam çörəyi daş dibindən çıxarır. Dəliliyin əvvəlinci dərəcəsi özünü ağıllı bilməkdir. Çox səslənən təbilin içi hava ilə doludur. İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. Dünyada sənət və kəsb fəğr və zərurətə müqabil bir qala kimidir. Amma gözəl sənətkarlıqda həm fayda və həm ləzzət vardır. Xalqın nifaqına və zərərinə bais olan iki üzlü və süxənçin adamlardır. Dili doğruçu olanın ağzının xətası az olur. Nəsihət vermək nə qədər asan olsa, qəbul eyləmək o qədər çətindir. Qərəzkarın sözü kömür kimi dəydiyi yeri yandırmasa da, qaraldır. Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmıq ondan da yaxşıdır. Pisliyi yaddan çıxarıb, yaxşılığı yadda saxlamaq lazımdır. Amma bir adama yaxşılıq edib, əvəzini gözləmək bu gün əkdiyin ağacı sabah çıxardıb atmaq kimidir. Müavinətə möhtac olanları gözləmək insanlıq şənindəndir. Cənabi-Rəbb rəhim, rəhm edənlərə rəhm vədəsi veribdir. İnsanın ömrü azaldıqca arzusu uzanır. Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər. İnsan ömrünü və cavanlığını bühudə keçirtməsə, axırda peşman olmaz. Cavanlıq bir ziraətdir, hər nə əksə, qocalıqda biçəcəkdir. Cəsur adama bəxt və tale əlin uzadar. Fürsəti fövt eyləyən bəxtindən şikayət edər. Vaxtı bihudə keçirtməsə, hər işi görməyə kifayət edər. Fəzilətdən, ibadətdən, elm və mərifətdən məhrum olan adamlar üçün ölüm bir böyük nemətdir. Çalışmaq istəməyən adam yaşamağa layiq deyil. Xəyanət bir qəlp puldur. Tanımayanlar arasında xərclənir. İnsan əlini özgəsinin cibinə və gözünü özgəsinin məktubuna gərək dikməsin. Məhəbbət və ittifaq ilə yeyilən yavan çörək müxalifət və nifaq ilə yeyilən plovdan yaxşıdır. Şirin söz insanın qəlbinin yarasına məlhəm və acı söz zəhərli bir qılınc kimidir. Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır. İnsan üçün nizafət hər vaxt lazım olan bir zinətdir. Hər adam vücudunu və libasını və məskənini hər vaxt təmiz və pakizə etməlidir. Çünki vücudun təmizliyi ruhun təmizliyinə dəlalət edir. Bu qədər danışdıq, amma səbrdən heç bəhs etmədik. Səbr bir ağacdır, onun kökü acı, amma meyvəsi dadlıdır. İnsan böyük adamların kamalatını məmnuniyyət nəzərilə görüb, təhsin və qəbul etməlidir. İnsanın bir az nöqsanı kamalatına xələl verməz. Çünki günün üzündəki ləkələr nuruna ziyan verməz. Elm bir çox kitabları oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir. Əhli-sənət çoxdur, amma sənətkarlıqda mahir olanı azdır. Səadətə yetişən kimsə səadətdən məhrum olanların halını düşünməli və bir müsibətə giriftar olan vaxt ondan bədtərini yadına salıb, mütəsəlli olmalıdır. Səadət və rahatlıq zamanında insanların dostu çox olur. Amma müsibət vaxtı dostları məhəkdən keçirib, çoxunu dağıdıb, azını saxlar. Məclisdə dilini, süfrədə əlini qısa tutan xəcalətli olmaz. Zatı məmduh olanın sifata ehtiyacı yoxdur. Çörək üstə acgöz adam xalqüllahın rəzilidir. Acın qarnı doyar, amma gözü doymaz. İnsan öz-özünü tərif və tövsif etmək xəyalına düşməsin gərək. Çünki öz haqqında hər nə qədər az desə, özgələrin yanında o qədər məğbul olur və yaxşılıq hər bir halda özünü göstərir. Xalq arasında vüqu gələn (baş verən) namehribançılığın çoxu çox görüşməkdən hasil olur. Dostlara məhəbbət və sədaqət etmək lazımdır. Amma qonşu olmaq əbəsdir. İntiqamın lap yaxşısı pislik müqabilində yaxşılıq eləməkdir. İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxladandır. Öz qəbahətlərini saxlayan adam çoxaldır, amma aşkar və iqrar eyləyən adam dağıdır. Ağlına fəxr eyləyən həmişə xəcalətli olur. Məmur və rəis adamlar özündən sonra mənfəətli və böyük işlər qoymalıdır. Çünki gözəl ad insanın vücüdünü həmişə nəzərlərdə cilvələndirib, dirildir. Öz-özünü bəyənən adam özünü heç kimsəyə bəyəndirməz. Çox vədə edənin vədəsinə inanmaq olmaz. Elm, mərifət və səadətin dərəcələrinə tərəqqi eləməyin əvvəlinci şərti pis müsahiblərdən uzaq olmaqdır. İnsaniyyətin və cəmiyyətin lazım olan şərti bədəxlaq həmnişinlərdən kənar olmaqdır. İnsan maaşını və nəfqəsini tədarük etmək üçün bir kəsbü kar tutmağa və bir sənət öyrənməyə möhtacdır. Hər şəxs gərək öz mayəhtacını təhsil edib, özgəsinə möhtac olmasın. Lakin ruzi təhsin eləməyin yolları şəriətə müvafiq olmağı hər bir halda şərtdir. Qeyrətmənd adamlar hər gecə yatmamışdan irəli deməlidir: «Əlhəmdullah, bu gün səhhəti-bədənlə filan xeyir əməli elədim və filan əmrimi də cabəca etdim və filan mömin qardaşıma da ya maddi cəhətdən, ya dil ilən, ya əl ilən filan köməkliyi elədim. Əlhəqq, belə olmağı hər kəs arzu eyləməsə, insan deyildir. Zaye olan övqat və fövt olan fürsətin iadə olunmadığı məlumdur. İnsanın ömrünün saniyələri dəqiqələrindən və dəqiqələri saatlarından və saatları həftə və ay və illərindən və illəri tamam ömürdən hesab olur. Buna görə insan heç bir vaxtını gərək bihudə keçirtməsin. Sevdiyi adamın üstünə toz qonmağını istəmir. Amma bir inciklik səbəbilə cəmi qəbahətlərini üzünə sayır. Belə insana nə demək? Zəhərdən ölənlər az olduğu üçün aləmdə hamı zəhərdən qorxar. Amma səfahət və cəhalət gündə min adamı həlak etdiyi halda, yenə çox adam ona meyl edər. Özgəsinin sözünün həqiqətini anlamayan kimsə öz danışdığını bilməz. Söz arasında tez-tez and içən öz hərəkətinin (günahının) isbatına çalışır. İnsan bilmədiyi şeyləri soruşmaqdan çəkinməsin gərək. Bilməmək eyb deyil, amma bilmək istəməmək ayıbdır. Xəsis adam öz malını öz canından çox istər. Məsələn: Məkulatın (ərzağın) təzəsini almağa qüdrəti var ikən ucuz bilib, köhnəsini alır. Təzə libas geymək mümkün olduğu halda, köhnə və yırtıq və çirkli paltar giyər. İnsan hər bir işi başlayanda əvvəl fikir, ondan sonra müşavirə və məsləhət, ondan sonra cabəca etməlidir. Məşvərətə ehtiyacı olmayan heç kəsdən gərək köməklik istəməsin. İnsan səadət zamanında qazandığı dostunu müsibət zamanında gərək axtarsın. Müsibət zamanındakı dostunu səadət zamanında gərək yaddan çıxartmasın. Qılınc yarası sağalsa, dil yarası sağalmaz. İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlamasıdır. Bir adam yalan deyəndə özgəsinin zərərini və öz nəfini axtarır. Amma özünə hamıdan artıq zərər toxunur. Çünki dünyada yalançılıq səbəbindən çəkilən ziyanın həddi-hesabı yoxdur. Dünyada elmin ləzzətini bilmək insan üçün bir böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir. * * * Əzbər ediləcək hikmətli sözlər İnsan əvvəl cəhlinin və bilməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil və bilmədiyinin təhsilinə səy və diqqət eyləsə, çox şey öyrənər. Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır. Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur. İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə yemək dirilikdən ötrü lazımdır. Meyvəli ağaca daş atan çox olduğu kimi elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Necə ki, meyvəli ağaca daş vuranda yemiş verər, elm və tərbiyə sahibi olan kimsəyə də hər kəs ilə müdara və rəftar eyləməlidir. İnsanın elmi çoxaldıqca cəhli azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir. Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır. Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir. Aqil ata-ana övladını elmə və ədəbə rağib edəndir. Amma balasını bikar və əziz saxlayan adam övladının düşmənidir. Ata-anasının gözəl-gözəl nəsihətinə qulaq asmayan uşaq axırda peşman olur. Nəsihətin qiyməti cavahirin qiymətindən artıqdır. Amma qədrini bilən gərək. İnsanın vücudunun səmərəsi və faydası elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər. Elmin ləzzətin anlamaq insan üçün bir böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir (açarıdır). Fəzilətdən, ibadətdən, elm və mərifətdən məhrum olan adamlar üçün ölüm bir böyük nemətdir. Çalışmaq istəməyən insan yaşamağa layiq deyil. Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Odur ki, işləyən dəmir parıldar, işləməyən dəmir paslanır. Tənbəl adam badam yemək istər. Amma sındırmağının zəhmətindən qaçar. Zaye olan vaxtın və fövt olan fürsətin iadə olunmadığı məlumdur. İnsanın ömrünün saniyələri dəqiqələrindən və dəqiqələri saatlarından, saatları həftə və ay və illərindən və illəri tamam ömründən hesab olunur. Buna görə insan heç bir vaxtını bihudə keçirtməsin gərək. İnsan qarışqadan ibrət almalıdır. Çünki qarışqaların rəisi və əmr edənləri olmaya-olmaya yenə xoş havalarda və fürsət zamanında ittifaq ilə çalışıb, qış fəslində zərurət vaxtında insanlardan artıq rahat olub, asudə keçinirlər. Bir işi başlayıb, nəhayətə yetirməyən adam gərək məyus olmasın. Əvvəlininci dəfədə babəca olmasa, ikincidə, nəhayət üçüncüdə yerbəyer olur. İnsan bu barədə hörümçəkdən ibrət götürməlidir. Səfahətin əvvəlinci dərəcəsi insan özünü ağıllı bilməkdir. Çox səslənən təbilin içi hava ilə doludur. İnsanın bildiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. İnsanın öz nəfsi özünə böyük düşmən olduğundan hər şeydən əvvəl onu islah etməlidir. Öz qəbahətlərini görən kimsə özgələrin pisliyini görməyə vaxt tapmaz. Yaxşılığı tərif eyləyən kimsənin sözü doğru olsa, özü əsla yaxşılıqdan əl çəkməz. Vaiz və naseh kimsənə dediyinə əməl etsə, sözünün təsiri artıq olur. Yaxşılara yamanlıq eyləyən kimsənənin əməli günə tüpürən adamın məsəlinə bənzər. Çünki tüpürdüyü günə yetişməz, yenə öz üzünə düşər. Həvəs ilə başlanan iş yarı olmuş kimidir. İş işləyib yorulan adamın istirahəti istirahətdir. Amma bekarlığın istirahəti zəhmət və əziyyətdən ibarətdir. Tənbəllik və işsizlik fəğr və zərurət qapısının açarıdır. İşlək və çalışqan adamlara ən böyük cəza bekar qalmaqdır. Dünyada sənət və kəsb fəğrü zərurətə müqabil bir qala kimidir. Gözəl sənətkarlıqda həm mənfəət və həm də ləzzət vardır. İnsan ömrünü və cavanlığını bihudə keçirtməsə, axırdı peşman olmaz. Cavanlıq bir ziraətdir, hər nə əksə, qocalıqda biçər. Necə ki, deyiblər: - Cavanlıq əyyamında zəhmətçəkən qocalıq zamanında rahat olur. İnsan böyük və elmli adamların kamalatını məmnuniyyət nəzərilə baxıb təhsin və qəbul eyləməlidir. İnsanın bir az nəqsi (nöqsanı) kamalatına xələl verməz. Necə ki, günün üzündəki ləkələr onun nuruna ziyan verməz. İnsan öz-özünü tərif və tövsif etmək xəyalına düşməsin gərək. Çünki özü haqqında hər nə qədər az desə, özgələrin yanında o qədər məqbul və müstəhsən olur. Əlbəttə, kəmalat hər bir halda özünü göstərir. Öz-özünü bəyənən adam özünü heç kimsəyə bəyəndirə bilməz. Necə ki, çox vədə edənlərin vədəsinə inanmaq olmaz. Özgəsinin sözünün həqiqətini anlamayan adam öz danışdığını bilməz. Söz arasında tez-tez and içən öz yalanının isbatına çalışır. Zəhərdən ölən az ola-ola, aləmdə hamı zəhərdən qorxar. Amma səfahət və cəhalət gündə min adam həlak etdiyi halda, yenə çox adam ona meyl edər. Qılınc yarası sağalsa, dil yarası sağalmaz. İntiqamın böyüyü yamanlığın müqabilində yaxşılıqdır. İnsanların qüvvətlisi qeyz məqamında özünü saxlaşdırandır. Səadət və rahatlıq zamanında insanın dostu çox olur. Amma müsibət və fəlakət dostları məhəkdən keçirib, çoxunu dağıdıb, azını saxlar. Səadətə yetişən kimsə səadətdən məhrum olanların halını düşünməlidir. Bir müsibətə giriftar olan vaxt ondan bədtərini xatirə gətirib, mütəsəlli olmalıdır. Pisliyi unudub, yaxşılığı yadda saxlamaq lazımdır. Bir adama yaxşılıq edib əvəzini gözləmək bu gün əkdiyi ağacı sabah çıxarıb atmaq kimidir. Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmaq ondan da yaxşıdır. Nəsihət vermək nə qədər asan olsa, qəbul eyləmək o qədər çətindir. Qərəzkar adamların sözü kömürə bənzər. Dəydiyi yeri yandırmasa da, qaraldır. Quzuların mələməyindən artıq bülbüllərin səsindən ləzzət aparan çobanın öz sürüsünə xeyri olmaz. Sirr insanda əmanət olduğundan can kimi saxlamaq lazımdır. Bir sirrə iki şəxsdən artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir. Dövlətmənd adamların malına-dövlətinə həsrət ilə baxıb, oğurlamaq fikrinə düşən adam heç vaxt dövlətli olmaz. Fağır və biçarələrin halına mərhəmət və mürüvvətlə baxan dövlətli heç bir vaxt fağır olmaz. Vücudu xəstə olanlar təbibə, ruhi xəstə olanlar həbibə möhtacdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sidqi-pedaqoji-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1903). Public domain (author died 1903). Original text only.