Qəzəllər Məhəmməd Tağı Sidqi (1854–1903) Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin? Nə həsrətin daxi var, yari-gülüzarə yetişdin? Hərimi-vəsldə şəmi-camali-yarə ənis olan, Sükut qıl, dəxi pərvanə var, narə yetişdin. Nə lərzədir dəxi səndə, nə iztirabə düşübsən? Nə piçü tab, bu zülfi-tabdarə yetişdin? Kəməndi-ah ilə səhrayi-qəmdə çox gəzdin, Bu dami-eşqi qurub, bir gözəl şikarə yetişdin. Diyari-hicrdə bir müflisü gəda olalı, Səriri-vəsldə bu izzi-etibarə yetişdin. Məgər bu vəsldə əyyami-hicri yada salırsan? Nə karədir qəmi-hicran ki, sən nigarə yetişdin. Tilsimbənd olub, qala bəndi-eşq müsəxxər, Bu şəhərdə nə qəmin var ki, şəhriyarə yetişdin. Əgərçi ahla çəkdiyin qəmi-zimistanı, Xüdayə şükr elə kim, mövsümi-bahara yetişdin. Sədaqət ilə içib Sidqi tək cəfa zəhrin, Bu şüşə içrə meyi-saf, xoşgüvarə yetişdin. * * * Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış, Müddəti-hicrin sənin bihəddü bipayanmış. Yox gümanım tazədən bu mülki-dilabad ola, Əvvəlindən bu xarab olmuş könül viranmış. İndi bildim, yox məzəmmət binəva Məcnun üçün, Bəs deyərdim biəbəs səhrada sərgəranmış. Sidqiyəm, sidq ilə nuş etdim vəfa peymanəsin, Bimürüvvət dilbərim biəhdü bu peymanmış. * * * Tutiya eyləmişəm çeşmimə xaki-dərini Tutiya eyləmişəm çeşmimə xaki-dərini, Gözüm insaf eləsin, tökməsin əşki-tərini. Mən nə bədbəxt idim, axtardı münəccim neçə ay, Bürci-əğrəbdə tapıb taleimin əxtərini. Çeşmi-mastan, səfi-müjkan, iki əbruyi-kaman, Bu alar can, o tökər qan, bu çəkər xəncərini. Sındırıb dilbəri-məhparə könül şişəsini, Qorxuram nazikdi, paralaya əllərini. Deməyin, Sidqi neyçün yazmadı keyfiyyəti-hal, Neyləsin, göz yaşı yazdıqca yuyar dəftərini. * * * Bir bəzm ola ki, bir mən olam, bir də yar ola Bir bəzm ola ki, bir mən olam, bir də yar ola, Gülzar ola, çəmən ola, fəsli-bahar ola. Hərgiz o bəzmə olmaya biganənin yolu, Əğyarlar, rəğiblər ondan kənar ola. Saqi o bəzmdə döşəyə mey büsatını, Mən məst olanda yar içə, məndən xümar ola. Bir yanda cami-mey ola, bir yanda həm kabab, Bir əldə stəkan ola, bir əldə tar ola. Gəh qollarım həmayil ola yar boynuna, Gahi üzüm üzündə, gözüm əşkbar ola. Gahi əlin mən əlimə alam, gah zülfünü, Gahi düşəm ayağına, cismim qubar ola. Gahi çəkəm kənarıma, ləli-ləbin öpəm, Biganələr kənara gedib, şərmsar ola. Çoxlar yazıbdı şeri-dilaviz, inanmaram, Sidqi kimi zəmanədə mətləbi-nigar ola. * * * Bülbül əgər şikayət edər cövri-xardən Bülbül əgər şikayət edər cövri-xardən, Yoxdur davamı, təngə gəlib ah-zardən. Aşiq gərək həmişə çəkə yar cövrünü, Hərgiz şikayət etmə əğyara yardən. Eşq aləmində bülbülü gül sərgəştəsən, Pərvanə yana-yana sual etdi nardən. Pərvanəyə cavab verib şam sözlə, Bülbül sözün soruşma, meyi-biqərardən. Nə güldə vardı vəfa, nə bülbüldə bir səfa, Aşiqləri salıblar bunlar etibardən. Bülbüldə, güldə zahir olan eşq hüsnündən, Qılmaz əsər, əgər keçə beş gün bahardən. Aşiq odur həmişə gərək ahü-zar edə, Gər olsa nalası, gələ künci-mazardən. Məşuqə yanmasa özü, yandırmaz aşiqi, Hüsn olmayanda eşq düşər iqtidardən. Ey yar, sən də gül kimi gəl olma bivəfa, Bu bülbülü xilas eylə bu nəngüardən. Yandır o şəmi-ruyinə bu cismi-zarımı, Pərvanə tək qurtar məni bu intizardən. Bax şəmə ibrət ilə, eşit gül məzəmmətin, Məhşər günündə xovf eylə Pərvərdigardən. Al Sidqini kənarına, qəmdən xilas eylə, Qoyma qəriblər kimi baxsın kənardən. * * * Əvvəl məni əcəb özünə həmdəm eylədin Əvvəl məni əcəb özünə həmdəm eylədin. Axır salıb bəlaya, ənisi-qəm eylədin. Sayə kimi dalınca süründüm mən aləmi, Çaldın daşa, fələkzədeyi-aləm eylədin. Gəh göstərib cəfa, gəhi tutdun rəhm-vəfa, Nə döndün əhddən, nə də ki, möhkəm eylədin. Tökdün qəmi qəm üstə, – əlac eylərəm, – dedin, Nə öldürüb, nə qəlbimi bir xürrəm eylədin. Çəkdin gözüm önündən o nur camalını, Tökdün yerə gözüm yaşını, şəbnəm eylədin. Zülfün kimi bu qəlbimə çox üğdələr vurub, Eyşim busatını necə gör bərhəm eylədin? Etdim nə qədər Kəbeyi-kuyun təvafını, Nə məhrəm eylədin, nə də naməhrəm eylədin. * * * Gizlin salıb xəyalə səni, gizlin ağlaram Gizlin salıb xəyalə səni, gizlin ağlaram, Artar, xəyalıma səni saldıqca həsrətim. Bir də əlim yetişə damənin tutam, Bu ruzigardan sənə çoxdur şikayətim. Gər bir də qismət olsa camalın ziyarəti, Onda müyəssər olur istirahətim. Müddətlər ilə salmayasan yadə gər məni, Səndən yəqin ölüncə kəsilməz məhəbbətim. Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin, Bir yan vilayət ayrılığı, dərdi-qürbətim. Asudəlik gecə-gündüz haram olub mənə, Olsun qəsəm o zülfə, pərişandı halətim. * * * Cana, bu sözlərin məni çox gətirdi riqqətə Cana, bu sözlərin məni çox gətirdi riqqətə, Amma necə davam eyləyim dərdi-firqətə? Bu dərdə bilmirəm bizi kim etdi mübtəla? Matü müəttələm, mən özüm bu məhəbbətə. Qurtar məni, xilas eylə Allah rzasına, Didarımız qalacaqdır məgər qiyamətə? Qəm güşəsində nalə çəkim mən nə vaxtadək? Min canım olsa, tab eyləməz bu müsibətə. Allah görüm xarab eyləsin bu vilayəti, Lənət gələ bu ruzigarə, bu növ vilayətə! Çarəm kəsildi, eyləmədin sən də bir əlac, İndi kimə gedim mən əlindən şikayətə? Dərdi-dilimi kağıza yazmaq mahaldır, Billah, kitabətlə yetişməz nihayətə. Bir rəmz, bir işarə kifayətdir arifə, Lazım deyil şərh verim bu hekayətə. * * * Könül bir bülbüli-şeydadı, gül eşqində nalandır Könül bir bülbüli-şeydadı, gül eşqində nalandır, Gözüm əbri-bəla tək qamətin hicrində giryandır. Könül ol lalə tək rüxsarına baxdıqca dönər al qana, Əgər qan oldu, qanın tök, məgər bir qana min qandır. Görüb xalın, qaçıb Fərhadvəş, lalə çıxıb dağa, Mənim tək dağı dağ üstə qoyub, qəlbində pünhandır. Pərişan zülfə rəhm et, bəsdi, vurma ey pəri şanə, Pərilər şanəsindən binəva könlüm pərişandır. Üzün «Vəş-şəms», qaşın «Vəl-qəmər vəl-leyl»dir zülfün, Camalın qüdrəti-xəllaqə bir təfsiri-Qurandır. Gözün bəski baxıb, ceyran gözümdən göz götürməzdi, Gözümdə gözlərin əksi qalıb, baxsan nümayandır. Özün canan, sözün can, gözlərin bir canalan cəllad, Bu can qurban o cana, can deil, bir cövhəri-candır. Xəta müşkü nədən bəxti-siyahım tək olub qara? Dedi: – Ol danəyi-duxxanın xətayi-zülfi-canandır. * * * Cana, mürüvvət eylə, günüm çox yaman keçir Cana, mürüvvət eylə, günüm çox yaman keçir, Karım həmişə nalevü ahü fəğan keçir. Gül mövsümündə qonçəsifət qan olub könül, Fəsli-bahar içində baharım xəzan keçir. Onda təsəvvür eylə mənim hali-zarımı, Görsəm rəğiblər sənlə, mehriban keçir. Yoxdur məgər mürüvvətin ey yari-bivəfa? Mən ağlaram, rəğiblərim şadman keçir. Biganələr o qədər sənə aşina olub, Könlümdən arzuyi-vüsalın nihan keçir. Əğyar tənəsin nəyə təşbih eyləyim? Bənzər o bir bəlaya, gəlib nagəhan keçir. Eşq atəşində cismim olub çubi-tər kimi, Yandıqca könlüm, əşki-rəvanım rəvan keçir. Bir vaxt idi mənə çox mehriban idin, Ol günlərim xəyalə gəlib, hər zaman keçir. Gəl, bir müyəssər olsa içək vəsl camalını, Fövt etməyək bu fürsəti, ömri-cavan keçir. Bir busə vədə eylədin iftar vaxtına, Gəl əhdinə vəfa eylə, axır azan keçir. Sidqi həmişə bəzm vüsalında lalə tək, Əğyar əlində badə görüb, bağrı qan keçir. * * * Xoşa o gün ki, mənim qəm günümdə yarım idin Xoşa o gün ki, mənim qəm günümdə yarım idin, Ənis-munis, qəmxar-qəmgüsarım idin. Gözümdə nur, könüldə sərvər, cismdə can, Qərar, tabü təvan, səbr, ixtiyarım idin. Kəməndi-ahımla damı-eşqə salmışdım, Qəribə seyd eyləmişdim, əcəb şikarım idin. Təaxürüm var idi tacirani-eşq içrə, Mətai-hüsnlə aləmdə bir etibarım idin. Adın dilimdə, üzüm xaki-asitanında, Sərir nazda, bir şahi-tacidarım idin. Nə bais oldu vüsalə mübəddəl oldu firaq? Xoşa o gün ki, mənim eyşi-ruzigarım idin. Nədəndi lalə sifət bağrıma çəkibsən dağ? Üzari-al ilə bir türfə laləzarım idin. Ümidim özgəyə yox, ey səba, səni tarı! Söylə o yarə ki, axır ümidvarım idin. Deyir fəğanla gülzari-hicrdə Sidqi, Xoşa o gün ki, mənim yari-gülüzarım idin. * * * Xoşa sənilə həmavaz olduğum günlər Xoşa sənilə həmavaz olduğum günlər, Həmişə həmdəmü həmraz olduğum günlər. Düşəndə yada könül suzla güdazə düşər, Nəvayi-sazla dəmsaz olduğum günlər. Başımda şuri-sər, zülf bəzm vəslində, Hasari-qələyi-şahnaz olduğum günlər. Rəğiblər səri-kuyində xaksarımdı, Sənin yanında sərəfraz olduğum günlər. Edib təfəüül, oxurdum qəzəl hüzurunda, Lisani-Hafizi-Şiraz olduğum günlər. Olurdu navəki-peykanına hədəf sinəm, Qəbili-çəşmi-çəpəndaz olduğum günlər. Qolumu boynuna hər dəm həmayil eylərdim, Şikari-busəyə şəhbaz olduğum günlər. Sürudi-şerlə şairliyi şüar eylədim, Qəmində qafiyəpərdaz olduğum günlər. Həmişə tutmuşdun Sidqinin sözün mənzur, O gülüzarə nəzərbaz olduğum günlər. * * * Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm, Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm. Yapışdım tari-zülfündən, dedim bəs rişəyi-candır, Ümid ilə ona dil bağladım, dami-bəla gördüm. Dözüb hər bir bəlaya, dönmədim, hərgiz məhəbbətdən, Məhəbbət aləmin seyr eyləyib, möhnətsəra gördüm. Əcəb sözdür deyib hər kim, məhəbbət bir bəla şeydir, Məhəbbət əhlini dərdi-bəlayə mübtəla gördüm. Əbəs sözdür, desə hər kəs gözəllər bivəfa olmaz Ki, mən hər qədər gəzdim, hər nə gördüm bivəfa gördüm. Məhəbbət aləminə hər kəsi ki, aşina gördüm, Həmişə qəmlərə həmdəm, bəlayə mübtəla gördüm. Əzəl gündən qəm-dərdə nə çox mayilsən ey Sidqi, Səni hər yerdə gördüm, əhli-dərdə aşina gördüm. * * * Salıbdı möhnəti-hicrin bir özgə halə məni Salıbdı möhnəti-hicrin bir özgə halə məni, Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni. Məgər yoxundu xəbər, çəkmişəm nələr sənsiz, Fələk salıbdı qəmü möhnətü məlalə məni. Vüsal günləri bir mahi-ənvərim sən idin, Gör indi ayrılığın döndərib hilalə məni. Gözüm yaşı ilə üzümdən axır ciyər qanı, Ürəkdə dağını gizlətdi, gördü lalə məni. Sənin xəyalınla mən ki, bağrı qan oldum, Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni. Könül sərvəri, məh ənvərim, gözüm nuru, Təğafül etmə, yetir bir o məh cəmalə məni. Kəsildi tabü-təvanım, tükəndi aramım, Qərar-səbrim alıb, verdi qəmi-zəvalə məni. Nə sən firaqə dözərdim, nə mən bu hicranə, Gəl indi vəslə yetiş, ya yetir vüsalə məni. Yetiş harayıma, qəmdən məni xilas eylə. Yəqin ki, öldürər axır bu ahü-nalə məni. * * * Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi, Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi. Ayaqdan saldı bu rənci-xümar, əldən qərar aldı, Əlim tut bir ayaq ilə, aman, səd əlaman, saqi. Xərabə könlümü bir badəyi-nab ilə abad et, İçə piri-zəif ondan, olur billah cavan, saqi. Tərəhhüm qıl bu gün, mey ver, məni qəmdən xilas eylə, Diyari-eşqdə üşşaqə sənsən mehriban, saqi. Hər iki nəşədə, hər nəşədən məqsudumuz meydir, Bizə bu mətləbi kəşf eyləyib piri-muğan, saqi. Alıbdır qönçeyi-qəmmazın qərar-ixtiyar əldən, Kəsibdir işvəvü nazın, əcəb tabü-təvan, saqi. Gəhi işvə, gəhi şivə, gəhi nazü, gəhi qəmzə, İmani-ixtiyarım getdi əldən, bir iman, saqi. Telin vermə səbayə, şanə vurma, bəsdir, insaf et, Xəmi-zülfündə dili-mürği qılıbdır aşiyan, saqi. Ətayın can alır hər dəm, xətayın can ata eylər, Dəhanın dürfəşandır, söhbətin arami-can, saqi. Cavabın nüzhətəfzadır, camalın məhfiləradır, Dişin dürri-müsəffadır, sözün arami-can, saqi. Çəkilmiş guşeyi-bağə bu gün hər arifi-aşiq Fərəh əfza olub, bəh-bəh, fəzayi-gülüstan, saqi. Gülüstan bəzmi-xəlvətdir, zamani-eyşi-işrətdir, Çəməndə yar, yar ilə olubdur həmzəban, saqi. Qonubdur sərv şax üstə, təranə başlayıb qümri, Olubdur bülbüli-şeyda əcayib nəğməxan, saqi. Açıb göz nərgisi-şəhla, edər nəzzarə gülşən, Səba dəydikcə bağ içrə, açar qönçə dəhan, saqi. Görüb yaquti-rəmmal tək şərabi-nabı cam içrə, Həsəddən laləyi-həmra olubdur bağri qan, saqi. Bu gün könlüm kimi sünbül pərişan eyləyib zülfün, Verər gisuyi-yari-nazəninimdən nişan, saqi. Oxur bülbül, açıb gül, ...xürrəm, qönçələr xəndan, Olubdur səhni-gülşən əşki-gülzari-cinan, saqi. Nəvayi-bülbül, qümri, sədayi-mürği-xoşəlhan, Edib zaği-siahı bağdan damənkəşan, saqi. Xarabat əhlinə daim münacat əhli tən eylər, Olubdur zahidi-bədkiş bizdən bədgüman, saqi. Gəlib meyxanəyə öz xirqəsin rəhni-şərab etməz, Nə fikr ilə həmişə məscidi eyləyib məkan, saqi? Ümidin bağlayıb mövlasına bu Sidqiyi-nalan, Yetişsin dadə məhşərdə Əmirəlmöminin, saqi. * * * Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır, Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır. Məlal olmaz, qəm olmaz, qüssə olmaz belə məclisdə, Əcəb bəzmi-fərəhxizü fərəhbəxşü fərəhzadır. Olubdur ağıllar heyran, könüllər xürrəmü xəndan, Baxarsan hər tərəf, hər yan büsati-eyş bərpadır. Düzülmüş nəğməxanlar, tarzən, dəfzən nizamla, Biri məsti-ruxi-saqi, biri sərməsti-səhbadır. Gələnlər mat olur, məbhut olur, eylər təəccüblər, Baxan heran qalır əzbəski hər bir yan tamaşadır. Baxarsan əhli-məclis hər biri bir növ olmuş, Biri valeh, biri heyran, biri şuridə, şeydadır. Cavanlar, mahrular, sərv qəd, şimşad qamətlər, Birisi çeşmi-şəhladır, biri zülfü mütərradır. Dilim aciz qalıb vəsf etməyə, təbimdə qüvvət yox, Nə tərif eyləyim, bu barədə tərif bicadır. Kamali-bəhcət ilə mən də bu bəzmə qədəm qoydum, Soruşdum bir nəfərdən, bu nə şurişdir, nə qovqadır? Cavabında dedi: Ey bixəbər, yatmış, nə qafilsən, Bu bir bəzmi-mübarəkbad, bir təfrihi-üzmadır. Cənabi-sahib, sərkar, balacah Bəhram xan, Səadət bürcünə məhvil edər, məclis mühəyyadır. Qoyubdur taci-gövhər başa, göhər tac vəslində, Əgər vazeh dedim, amma yenə bir az müəmmadır. Yetib məqsudə Kamran xan, olub mətləb bəravürdə, İlahi, sən mübarək qıl bu sevdanı, yaxşı sevdadır. Eşitdim bu sözü, həmd eylədim, qəmdən xilas oldum, Nə gördüm ki, gönüldə haləti-behcət hüveydadır. Dedim bu toyda bir tarix lazımdır edəm inşa, Vəli vairliyim yoxdur, adım hərçənd molladır. Bir az fikr eylədim, qəlbimə bir mətləb xütur etdi, Fərəhləndim yazım, gördüm ki, nitqim yaxşı guyadır. * * * Pərişan eyləyib əhvalımı, bir gözləri yağı Pərişan eyləyib əhvalımı, bir gözləri yağı, Fərağında olub qəmxanə könlüm yağı oynağı. Ayağım bağlıdır bidi-bəlayə, əldə çarəm yox, Urublar boynuma zənciri-zülfümdən boyunbağı. Əgər Fərhad, ömründə qoyub, bir dağı-dağ üstə, Könüldə qoymuşam mən lalə tək dağ üstə min dağı. O qədri qara günlər görmüşəm bəxti-siyahdan, Mənə şamü-səhər birdir, qaradan seçmirəm ağı. Oldum qəmu ənduh ilə bazarı eşq içrə, İlahi, təngə gəldim, al əlimdən belə ortağı. Nə gülzarə həvəsnakəm, nə bağə getməyə meylim, Nə könlüm şüşə meylində, nə dil istər Qarabağı. Əgər mən tutiyəm, barı mənə təklif edin şəkkər, Gül istər bülbüli şeydanı gülşəndə, nə kim zağı. * * * Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı, Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı. Ümidim gülüstanda açıldı, qönçeyi bəxtim. Vəfadan gül mənə qaldı, cəfayi-yar qurtardı. Züleyxayi-cəfakeş, Yusifin oldu xiridarı, Dağıldı müştəri, rəhməti bazar qurtardı. Əcəb bad murad etdi xəzanım növbahar oldu, Güli-məqsud açıldı, söhbəti-gülzar qurtardı. Qələmdandan düşüb, asudə olduq nar yazmaqdan, Yıxıldı dəmi-divandan əşar qurtardı. Sağaldı yarələr qəlbimdə çox yar ilə, yar oldum, Eyləyən axırı bu oldu, təneyi-əğyar qurtardı. Ləbi-lalin açıb, yarım gəlib, bir dəfə güftarə, Kəsildi cümlə söhbətlər, hamı güftar qurtardı. Əcəb sözdür, dillər rəncsiz kim olmaz aləmdə, Odur ki, can qoyub, axırda bu Cabbar qurtardı. * * * Yarəb, nə türfə güldü bu İsa çiçəkləri Yarəb, nə türfə güldü bu İsa çiçəkləri, Məryəm şükufə, canı məsiha çiçəkləri. Məhparələr üzarına tərsayələr salıb, Tərsayə döndərib məni, tərsa çiçəkləri. Sənan kimi salıblar zinnarı boynuma, İmanımı alıbdır, nisa çiçəkləri. Bülbül kimi gətir dilə, fəryadə könlümü, Bağı-məhəbbətin güli-rəna çiçəkləri. Ki, verə səmti gahi ki kəlisaya çəkdilər, Məhv etdilər məni, bu kəlisa çiçəkləri. Ey dil, bahar vəxtidi, çıx bir səyahətə, Bir sən də gör o arizi-ziba çiçəkləri. Get, əsr vaxtı seyr qıl ətraf bağda, Bir dəstə tut ol zülfi-çəlipa çiçəkləri. * * * Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə, Tökər göz yaşını gülzardan avarə düşdükcə. Həsəddən dəmbədəm bənzər gül üzrə sünbüli-meşkin, O zülfi müşkibarın arizi-gülnarə düşdükcə. Qara bəxtim kimi avarə-sərgərdan gəzər hər yan, Həvayi-zülfi-tarin nafeyi-tatarə düşdükcə. Gülüstan içrə qönçə pərdə-pərdə tutdu al-qanə, Sirişki-lalegünun qətrə-qətrə xarə düşdükcə. Lətafətdən üzündə tazə mişkin xal olur peyda, Gözüm mərdümlərin əksi o məhi-rüxsarə düşdükcə. Gözüm yaşı axar hər suya su tək ey gözüm nuru, Nihali sərvi qəddin sayəsi əğyarə düşdükcə. Dönər nəqşi divarə Züleyxa tək necə Yusif, Sari-bazarda əksi ruxin divarə düşdükdə. Mənayi-eşqdə aşiqlərin qəlbin kəbab etdim, Dili-sədparədən hər dilbərə bir parə düşdükcə. Yəğinimdir olur Sidqi kimi axırda divanə, Bəla zəncirinə hər aşiqi-biçarə düşdükcə. * * * Çoxlar şikayət eyləyir ol zülfi-tardan Çoxlar şikayət eyləyir ol zülfi-tardan, Bir tarı haqqı çəkərəm əl mən o tardan. Çin-çin durubdu müşki-Xəta tək üzündə zülf, Ya əhli-bənd Misrə gəlib Zəngibardan. Ol zülfi müşkbarə toxundu səba yeli, Müşki-Xətanı saldı əcəb etibardan. Zülfün xəmində damə düşüb binəva könül, Aç bu əsiri, silsileyi-tabdardan. Saqi, gətir o badeyi-gül rəngi məclisə, Yoxdur məgər sənin xəbərin növbahardan? Billah rəva deyil, qala bu bəzm badəsiz, Yoxsa ayılmayıb belə saqi xumardan. Dağı-dilim sənə o zaman aşikar olur, Düşsə səhər güzarın əgər lalezardan. Ursan nə qədər yarə güvəradır aşiqə, Ey kaş həmişə yarə dəyər yarə yardan. Gülzarə getmərəm, həvəsim yoxdu gülşənə, Əl çəkmərəm, sənin kimi bir gülzardan. Getməz kənarə, tərk etməz gül məhəbbətin, Bülbül nə qədər incisə gülşəndə xardan. Bəxtin qara olubdu sənin zülfi-tar tək, Sidqi, şikayət eyləmə bu ruzigardan. * * * Səri-zülfün kimi könlüm pərişan olsa, istərsən Səri-zülfün kimi könlüm pərişan olsa, istərsən? Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən? Mənim qəmxaneyi-könlüm məkanındır sənin, canan, Sən indi öz məkanın belə viran olsa, istərsən? Qərarım getdi əldən, rəhmə gəl ey Yusifi-sani, Mənə bu dar dünya belə zindan olsa, istərsən? Nə vaxtadək gəzim nalan, sərgərdan fəraqında, Gözüm sənsiz baxsa bir yanə, heyran olsa, istərsən? Gülüstan görmədim, gül dərmədim bağ-visalında, Mənim avara könlüm qönçə tək qan olsa, istərsən? Rəhi-eşqində keçdim xanimanu-aşiyanımdan, Məqamım indi Məcnun tək biyaban olsa, istərsən? Bəla çəkdim, cəfa gördüm yolunda, dinu-dil verdim, Rəhi-eşqində Sidqi indi qurban olsa, istərsən? * * * Hicrində, ey bağı, tökünüb tabu-taqətim Hicrində, ey bağı, tökünüb tabu-taqətim, Gündən-günə ziyadə olub, dərdi-möhnətim. Gizlin salıb xəyalə, sənsiz gizlin ağlaram, Artar xəyalıma səni saldıqca həsrətim. Bir qoymadı zəmanə doyunca görüm səni, Qəlbimdə qaldı, ey bacı, qəmli hekayətim. Bir də əgər əlim yetişsə, dameni tutam, Bu ruzigardan sənə çoxdur şikayətim. Gər bir də qismət olsa, cəmalın ziyarəti, Onda mənim müyəssər olur, istirahətim. Müddətlər ilə salasan yada ki məni, Səndən yəqin ölüncə kəsilməz məhəbbətim. Gər söyləsən, neyçün mənə bir namə yazmadın, Səndən bu barədə, bağı, çoxdur xəcalətim. Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin, Bir yan vilayət ayrılığı, dərdi-qürbətim. Asudəlik mənə gecə-gündüz həram olub, Olsun qəsəm, o zülfə pərişandı halətim. Yoxsa məhəbbətim sənə artıbdır günbəgün, Sidqi kimi nəhayətə yetməz məhəbbətim. * * * Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə, Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə. Çəkildin guşeyi-gülzarə, seyri bağə əzm etdin, Məni biçarəni saldın qəmi-hicranə-hicranə. Əzizim, sən Züleyxa tək yatırsan təxti-izzətdə, Demirsən Yusifin düşdü yenə zindanə-zindanə. Fəraqın atəşi yandırdı vallahi-pərü balım, Cəmalın şəminə bir olmadın pərvanə-pərvanə. Məgər insafdır, ya hansı məzhəbdə rəvadır bu, Düşüb zəncirə axırda olub divanə-divanə? Mən çəkdim, qəmi hicranə qəlbimdə yer verdim, Rəva görmə ola könlüm evi viranə-viranə. Qəm etmə, rahat ola, seyr eylə sən ətraf gülzarı, Yanım hicrində qoy mən atəşi-suzanə-suzanə. Gül üstündə düşən şəbnəmlərə seyrü tamaşa qıl, Gözüm yaşı axıb dönsün mənim ümmanə-ümmanə. Nigarım, cannisarım, çox cəfalar çəkmişəm bəsdir, Məni biçarəyə bir lütf qıl, şahanə-şahanə. Təriqü eşqdə çoxlar keçibdür malü-canından, Sidqitək heç kəs can verməyib canana-canana. * * * Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək, Saraldım cuyi bari-əşki çeşmimdən şalaxlar tək. Xədəng qəmzəsi dəlmiş dili-zarı-miyanımdan, Dolandıqca olur piçidə zülfü tağalaxlar tək. Salıb cahi-zənəxdanına guya qanlıdır könlüm, Ayağına vurub zənciri zülfün qandalaxlar tək. Həvayi-vəslinə bir sadə tiflin pir ikən düşdüm, Qəm hicri töküldü üstümə qalax-qalaxlar tək. Ləbi-ləl içər əğyarla cami meyi-gülgun, Bu möhnətdə dönər qana, könül hərdəm, dalaxlar tək. Rəqibim tişeyi-zülmü ilə dərgahında ol yarın, Atıldı təxteyi-cismi zəifim qamqalaxlar tək. Üzülsə can qoyub, əğyar dəsturül-əməl... Ayaq basmaz təbibin başın üstə yanalaxlar tək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sidqi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1903). Public domain (author died 1903). Original text only.