Gəraylılar Mirzə Mehdi Şükuhi (1829–1896) Bax Bu bivəfa, bu bivəfa Dünyayə bax, dünyayə bax. Saldı məni Məcnun kimi Səhrayə bax, səhrayə, bax. Düş Mebdinin sorağinə, Gəl yengicə qabağinə, Təvilələr bucağinə Qovğayə bax, qovğayə bax. Gəl bir neçə həmrazı gör, Dümbəkçi edən nazı gör, Aşıq əlində sazı gör, Zurnayə bax, zurnayə bax. Övrətləri sədrnişin, Kişilər tərk edib işin, Gör necə ağardır dişin, Mollayə bax, mollayə bax. Məclisə düzülüb yeyin, Hamı deyir: "Yeyin, yeyin." Yarı saman, yarı peyin, Şorbayə bax, şorbayə bax. Bu sorbayə etmə nəzər, Əlhəzər, qardaş, əlhəzər. İçində bir ördək üzər Dəryayə bax, dəryayə bax. Bu məclisə əzm eylədim, Şorba yedim, həzm eylədim, Otdum bunu nəzm eylədim, Sövdayə bax, sövdayə bax. * * * Gördüm Səni bir şahi-gülrüxan, Mən özümü zəlil gördüm. Səni bir növrəstə cavan, Mən özümü zəlil gördüm. Yar yanında əyləşəndən, Aldım yüz min busə səndən, Üzün döndərmədin məndən, Mən səni çox həmil gördüm. Hümmətini gördüm ali, Dərdimdən eylədim hali, Ləblərindən qəndü bali, Sel, su kimi səbil gördüm. Mən istərəm səni yeyim, Dilin, dodağın çeynəyim, Aclıqdır, axır neyləyim, Bu ili yaman il gördüm. Əriyibdir cismi, cani. Qalmayıb tabü təvani, Şükuhiyi-binəvani Bu qapıya dəxil gördüm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sukuhi-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1896). Public domain (author died 1896). Original text only.