Bir eşqin nəticəsi Süleyman Sani Axundov (1875–1939) Bir eşqin nəticəsi Bir pərdədə iki şəkilli piyes Bakı – 1922 İştirak edənlər Kərbəlayı Nəbi – əlli yaşında şişman Şevkət – on iki yaşında qaçqın bir qız, Kərbəlayı Nəbinin xidmətçisi Pəri Cahan – 35 yaşında, Kərbəlayı Nəbinin quluqçusu Molla Rəhim } Kərbəlayı Nəbinin kirayənişinləri Məşədi Səfdərqulu } Kərbəlayı Nəbinin kirayənişinləri Qızxanım – Məşədi Səfdərqulunun arvadı Maral xanım – Qommunistqa Əli – onun oğlu, səkkiz yaşında Şirəli İki əsgər Birinci pərdə * * * Birinci şəkil Səhnə Kərbəlayı Nəbinin qonaq odasını göstərir. Otaq bəzəkli bir otaqdır. Üç tərəfdən qapı açılır. Pəri Cahan (odanı nizama salarkən söylənir). Kişilərdə heç vəfa olmazmış. Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür. Yaşı da əlli beşdən yuqarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında cavan kibi gah oquyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir söz eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən başqa burada arvad yoqdur. Ağa əvvəllərdə mənlə mazaqlaşardı. Məni cimdiklərdi. Mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaqşı iş olardı ki, birdən ağa məni alaydı. Bu evə xanım edəydi. Odur oquya-oquya gəlir. Kərbəlayı Nəbi (əlində həna daxil olur.) Məzəlim ay məzəlim, Gözəlim ay gözəlim, Mən səni çoq sevərəm, Mən səni çoq sevərəm. Ay qız ey iləri gəl. (Pəri Cahan iləri gəlir, saqqalını göstərərək.) De görüm bu nədir? Pəri Cahan. Buy, ay ağa nə deyirsən? Saqqaldır dayna. Kərbəlayı Nəbi. A kişilər, bu qız düz iyirmi beş ildir ki, mənim evində quluqçudur. Mən bu «dayna» sözünü buna tərk etdirə bilmədim. A mürtəd qızı mürtəd! Xayır saqqal deyil. Pəri Cahan. Ağa bəs nədir? Kərbəlayı Nəbi. Nə bilim nədir? Süpürgə çöpüdür. Koldur, kosdur, qanqaldı. Hər nə zibil isə ancaq saqqal deyil. Pəri Cahan. Ay ağa nə danışırsan? Üzdə də qanqal bitərmi? Kərbəlayı Nəbi. Elə mən də onu səndən soruşmaq istəyirdim. Bu gün məni sən kafir qızı tay-tuşlar yanında biyabır etmisən. Hər kəs görür, deyir ki, Kərbəlayı Nəbi nə bərk qocalmısan. Balam mən hardan qoca oldum? Çoq olsa çoq olsa otuz, otuz beş sinnim var. Pəri Cahan. Vaxsey, ay ağa nə deyirsən? Demək mən bu evə quluqçu gələndə sən on yaşında uşaq idin? Kərbəlayı Nəbi. Kəs səsini kafir qızı kafir. Dəli şeytan deyir, bu saqqalı, bığı qırqdır, tək yerə, iyirmi beş yaşında cavan ol. Onda da deyəcəklər ki, Kərbəlayı Nəbi qommunist olubdur. Pəri Cahan. Ağa, Maral xanım belə bizim qonşumuz hər gün küçədən gedəndə mənə deyir ki, gəl səni də bolşevik eləyim. Kərbəlayı Nəbi. Ay qız nə deyirsən? Bolşevik! Pəri Cahan. Ağa vallah doğru deyirəm. O aqşam Məşədi Səfdərqulu yenə evə piyan gəlib yazıq Qız xanım dəyməyə başladı. Onun qışqırığına Maral xanım gəlib çıqdı. Vallah ağa, Məşədi Səfdərqulunun üstə elə qışqırdı ki, kişi qorqusundan piyanlıqdan lap ayıldı. Maral xanım dedi: Bir də eşidəm ki, sən arvadını dəyürsən, ya incidirsən, dutub çeqaya salacağam. Kərbəlayı Nəbi. Çeqaya? Pəri Cahan. Bəli, çeqaya! Kərbəlayı Nəbi. Bilmirəm bu kafir qızı haradan gəlib mənə qonşu oldu? Pəri Cahan, bolşeviklər kafirdirlər. Onlar allahı inkar edirlər. Peyğənbərə, imama, müştəhidə, pirə inanmırlar. Birdən əqlini unudub onlara qoşularsan, onda İnkir-Minkirə nə cavab verəcəksən. Məyər cəhənnəmin odundan qorqmursan? Pəri Cahan. Xayır, ağa, mən elə dinsizlərə qarışmaram, arxayın ol. Kərbəlayı Nəbi. Bilmirəm bu şeytanı sən haradan mənim yadıma saldın. Lap ovqatımı təlx etdin. Xülasə xalasına lə’nət. Gələk saqqal məsələsinə. Bir də görüm mənim bu saqqalım əvvəllərdə nə tevr olardı? Pəri Cahan. Ağa, qap-qara şəvə kibi. Kərbəlayı Nəbi. Belə atan oldu rəhmətlik. Onu şəvə kibi edən kim olardı? Pəri Cahan. Belə mən. Həftədə iki dəfə, üç dəfə xina qoyub yuyardım. Saqqalın da qap-qara kömür kibi olardı. Kərbəlayı Nəbi. Bəs onu indi neyə etmirsən a zalım qızı? Pəri Cahan. Ağa, dedim yəqin xanımın yasını saqlayırsan. Onun üçün də saqqalına xina qoymursan. Kərbəlayı Nəbi. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın günahı nədir ki bu günə düşsün? Pəri Cahan. Ağa buyurarsan elə bu gecə saqqalına xina qoyaram. Kərbəlayı Nəbi. Gecə nədir? Elə indicə bu xinanı suya qoyarsan. Bir azdan sonra da saqqalıma yaqarsan. Bu gecə xeyir işim var. Pəri Cahan. Ağa, o necə xeyir işdir? Kərbəlayı Nəbi. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki eşq topuğuma vurubdur? Pəri Cahan. Ay ağa eşq adamın başına vurar. Kərbəlayı Nəbi. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də, ayağıma da, hətta bağırsaqlarıma da vurubdur. Cəmi vücudum eşq oduna yanır. Bu dəmdə mənə bir spiçqa vursan şam kibi əriyib təkülərəm. Mən qabaqda eşqə, meşqə inanmazdım. Deyərdim elə şey yoqdur. Onu şairlər icad ediblər. Demə kişilər doğru deyirmiş. Nədir eşq? «Məhəbbət, bir bəla şeydir giriftar olmayan bilməz.» Vallahı ki belədir. İndi Pəri Cahan iş sənə qalıbdır. Pəri Cahan. Ağa mən razıyam. Kərbəlayı Nəbi. Ay saq ol, mənim əqilli Pəri Cahanım. Pəri Cahan. Ancaq ağa, gərək bir az səbr edək; el bizə nə deyər? Bir aydır ki, xanım ölübdür. Heç olmasa qoy qırqı çıqsın. Kərbəlayı Nəbi. Xeyir, xeyir, eşq məni yaman hala salıbdır. Davam edə bilmirəm. Gərək bu gecə nə tevr olsa iş bitsin. El özü çoq yaqşı bilir ki, müsəlman olan şəxs heç bir gün də arvadsız dura bilməz. Pəri Cahan. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam? Kərbəlayı Nəbi. O da sənin səfehliyin. Müsəlman qızı elə ki, doqquz, on yaşına çatdı ver getsin ərə. Pəri Cahan. Ağa sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin? Kərbəlayı Nəbi. Bəli. Pəri Cahan. Axı mənim vəkilim yoqdur. Kərbəlayı Nəbi. Sən vəkili neylirsən? Pəri Cahan. Bəs qız tərəfdən vəkil lazım deyilmi? Kərbəlayı Nəbi. A səfeh qızı səfeh. Nə danışırsan? Məyər mən səni alıram? Pəri Cahan. Bəs kimi alırsan? Mən elə bilirəm məni alırsan. Kərbəlayı Nəbi. Səni? Ha-ha-ha-ha... Dünyanın çopuru elə mənə qalmışdı. Sən elə çopursan ki, başdan bir çuval darı təksən bir dənəsi də yerə düşməz. Bir Pəri Cahana baq, kül olsun o cahanın başına ki, sənin kibi pərisi var. A kişilər mən bu ad qoyan ata-anaya lap məhəttəl qalmışam. Görürsən meymunə oqşayan qızlara ad qoyurlar. Dürrü-nisa, Mələk-mənzər, Mahi-taban. Pəri Cahan. Yaqşı məni almırsan, bəs kimi alırsan? Kərbəlayı Nəbi. Belə gözəlini, məzəlini. Pəri Cahan. Məzəli kimdir? Kərbəlayı Nəbi. Belə Şevkət, mənim canım ona qurban olsun. Pəri Cahan. Vaxsey, gör bu qoca kaftar, nə fikrə düşübdür. Şevkətin heç on bir yaşı tamam deyil, o hələ gəlin oynadır. Kərbəlayı Nəbi. Elə mən də onun ilə gəlin-gəlin oynayacağam. Bir də baqıb görəcəklər ki, Dünyaya bir bap-balaca bəbə gəlibdir. Oynatsın nə qədər kefi istəyir. Pəri Cahan. Mən bu işə heç vaqtı razı ola bilmərəm. Kərbəlayı Nəbi. Səfeh qızı səfeh, sən mənə qəyyumsan ki, razılıq istəyim. Elə sən cəhənnəmə razı olma. Pəri Cahan. İndi ki belə oldu. Mən bu işi pozacağam. Kərbəlayı Nəbi. Necə pozacaqsan? Pəri Cahan. O mənim işimdir. Kərbəlayı Nəbi. Yenə bilək də... Pəri Cahan. Belə Maral xanıma deyəcəyəm, o da səni bu işin üstə dutub çeqaya salacaqdır. Kərbəlayı Nəbi. A balam, Maral xanıma nə dəxli var? Şəriət təriqi ilə evlənirəm. Doğru deyiblər ki, arvadın heç əqli olmaz. Öz xeyrini anlamaz. Gəl sən mənim işimi düzəlt mən də sənin işini... O günü Məhəmməd-Əli mənim yanıma gəlmişdi, mənə baş sağlığı verəndən sonra dərdini açıb dedi: kərbəlayı, mən Pəri Cahanı bəyənmişəm. İzn versən, elçi göndərərəm dedi. Pəri Cahan. Ay ağa, sən allah doğru deyirsən? Kərbəlayı Nəbi. Məndən heç yalan eşitmisən? Gör sənə nə cüt cehiz verəcəyəm? Səni istəyən adam bir elə gözəl oğlandır ki, görən kibi eşq mənim kibi topuğuna vuracaqdır. İndi de görüm razısanmı? Pəri Cahan. Əlbəttə razıyam. Kərbəlayı Nəbi. Onda gedək sən saqqalıma xina qoy, mən də nə edəcəyimi söyləyim. (Gedirlər. Sonra Şevkət ilə Əli əllərində quqla daxil olurlar.) Əli. Nə oynayacayıq? Şevkət. Hələ qoy lay lay çalım, gəlinimiz yatsın, sonra bacı qardaş oynarıq. Əli. Yaqşı. Şevkət. Lay lay dedim yatasan, Qızıl gülə batasan. Qızıl gül bağın olsun Kölgəsində yatasan. Balam lay lay a lay lay, Gülüm lay lay a lay lay. Əli. Mənim bəbəm yatdı. Şevkət. Beşiyə qoy, üzünə də cuna ört. Mənim bəbəm hələ yatmayıbdır. Qoy lay lay çalım o da yatsın. Lay lay dedim yatınca Gözlərəm ay batınca Canım zinhara gəldi Sən hasilə çatınca. Balam lay lay a lay lay. Gülüm lay lay a lay lay. İndi bu da yatdı. Qoy ikisi də bir yerdə yatsın. (Qoyur.) Əli. İndi gəl bacı-qardaş oynayaq. Şevkət. Yaqşı. Əli. A Şevkət bacı mənə bir naqıl söylə. Şevkət. Yaqşı qardaşım Əli, mən sənə bir qəmgin naqıl söyləyərəm. Qardaşım, biri varmış biri yoqmuş bir Səlim adında kənd müəllimi varmış. Bunun Gevhər adında bir arvadı, yeddi yaşında Əhməd adında bir oğlu, səkkiz yaşında Şevkət adında bir qızı varmış. Əli. Vay onun da adı Şevkət imiş? Şevkət. O vaqt qırğın düşür, bunların kəndinə düşman təkülür, adamları qırırlar. Səlim külfətin götürüb qaçır, gecə meşədə onların üstünə təkülüb gülləyə duturlar. Şevkət qaçıb ağacların arasında gizlənir. Səhər olanda Şevkət gəlib görür ki, atasını, anasını və balaca qardaşını öldürüblər. Şevkət özünü onların üstə salır, zar-zar ağlayır. (Ağlayır.) Əli. Bacım, nə üçün ağlayırsan. Sən allah ağlama. Yoqsa mən də ağlaram. Şevkət. Necə ağlamayım? O balaca Şevkət mən özüməm. Atasız-anasız bir yetiməm. Məni üç il kəndli Cə’fər baba öz uşaqları ilə bir yerdə saqladı. Mən onları çoq istəyirdim. Onlar da məni. Sonra məni Kərbəlayı Nəbi özünə qulluqçu gətirdi. Əli. Mən elə bilirdim sən o qoca kişinin nəvəsisən. Şevkət. Yoq, qulluqçusuyam. Onun arvadı məni çoq istəyirdi, bir aydır ki ölübdür. Əli. Bacım mən belə naqıl istəmirəm. Şevkət. Gəl tapmaca deyim, sən də tap. Əli. Yaqşı. Şevkət. Tap görüm atdan hündür, itdən alçaq Əli. Yəhər. Şevkət. Tapdın, bildin. O yanı çəpər-bu yanı çəpər, içində atlı çapar? Əli. Onu bilmirəm. Şevkət. Nehrə. Əli. İndi sən tap görüm: Biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığar gətirər, biri vurar dağıdar. Şevkət. İlin fəsilləri. Əli. Bacım mənə, o günkü tapır-tupuru de. Şevkət. Yaqşı. Tapır-tupur atlılar Qolları baz bəndlilər Şah evinə gedirsiz Sıçan bəyə deyərsiz: Pıspısa xanım, Dabancığı xəstə xanım, Düşüb dəvə gölünə, Boğulur xəstə xanım. (Gülüşürlər.) Əli. Aqşam bizə gələcəksənmi? Şevkət. Gələcəyəm. Həm sənin dərsini öyrədəcəyəm həm də Maral xanımdan dərs alacağam. Əli. Anam deyirdi ki, Şevkəti məktəbə qoyacağam. Şevkət. Ah nə yaqşı olardı. Atam yazıq məni oqudurdu. Əli. Mən gedim. (Şevkət ilə öpüşür, bu halda Kərbəlayı Nəbi saqqalı bağlı daxil olur.) Kərbəlayı Nəbi. Ədə sən kimsən? Burada aşnabazlıq edirsən? Sənin qulağını elə çəkərəm ki, yerindən qopar – Qurmusağın biri. Əli. Mən Maral xanımın oğluyam. Kərbəlayı Nəbi. Maral xanımın oğlu? Bala mən sənlən zarafat edirdim. Mən səni çoq istəyirəm. (Cibindən qanfet çıqarıb ona və Şevkətə verir.) Alın gedin həyətdə oynayın. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. Mən sənlə zarafat eləyirdim. Dedim görüm qorqaq uşaq deyilsən ki? Əli. Mən heç kəsdən qorqmuram. Kərbəlayı Nəbi (kənara). Neyə qorqasan, Maral xanım kibi qommunist anan var. (Əliyə.) İndi balalarım gedin oynayın. Buraya qonaq gələcəkdir. (Əlilə Şevkət gedirlər.) Kərbəlayı Nəbi. O şeytan qızı Maral xanımdan çoq qorxuram. (Molla Rəhim və Məşədi Səfdərqulu daxil olurlar.) Molla Rəhim. Səlamün əleyküm. Kərbəlayı Nəbi. Əleykümessəlam. Məşədi Səfdərqulu. Kərbəlayı, bizə görə qulluq? Kərbəlayı Nəbi. Qulluq deyil, buyuruqdur. Atam siz mənim ilə bu xarabaya şəriksiniz? Sən molla Rəhim, üç aydır ki, kirayə vermirsən. Bu da beş aydır. Molla Rəhim. Kərbəlayi and içirəm o hərəmi məhtərəminizin pak olan ruhuna, heç gəlirim yoqdur. Tükəzbanı satıb paltarı çıplaq qoymuşam. (Səfdərqulu qəhqəhə ilə gülür.) Kərbəlayı Nəbi. Əda bu nə deyir? Tükəzbanı satıb paltarı çıplaq qoymuşam. Məşədi Səfdərqulu. Kərbəlayı, bi yol bil ki, molla Rəhim çoq səhv vurandır. O demək istəyirdi ki, paltarı satıb, Tükəzbanı çıplaq qoymuşam. O gecə evinə bir qonaq gəlib gedəndə deyib, arvad tez ol başmağı dut, qonaq lampanı geysin. (Gülüşürlər.) Kərbəlayı Nəbi. Yazıq nə etsin, kitaba baqmaqdan başı xarab olubdur. Xub deyək ki, mollanın işi xod deyil, gəliri yoqdur. Bəs məşədi Səfdərqulu sən nə deyirsən? Özün görürsən ki, bir gün ev naloğunu qassaya gec verəndə qomunxoz adamın atasını yandırır. Sənin arvadın Qızxanım səhərdən aqşama kibi o evdə bu evdə çörək bişirib, paltar yuyub pul qazanır. Hamısını gətirib sənə verir. Sən də onun hamısını şaraba verirsən. Heç mənzil kirayəsi dərdinə qalmırsan. Yə’ni bu zəhrimarı içməsən olmaz? A kişi sən nəyə buna nəsihət etmirsən? Molla Rəhim. Etməkdən yorulmuşam. Tərk edə bilmir. Məşədi Səfdərqulu. Ay kərbəlayi bi yol bunu bil ki, hər kəs bir şeyə eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoca, biri nə bilim nəyə. Mən başı daşlı da bu şaraba eşq bağlamışam. Molla Rəhim. Mən də pula aşiqəm. Amma onun üzünü heç görmürəm. Məşədi Səfdərqulu. Əsli aşiq sənsən. Aşiq gərək mə’şuqəsini az-az görsün. Kərbəlayı Nəbi. Molla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o mə’şuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım. Məşədi Səfdərqulu. Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə olacaqdır? Kərbəlayı Nəbi. Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o mə’şuqən şarabın küpünə girib nə qədər istəsən içəsən. Məşədi Səfdərqulu. Ay sağ ol Kərbəlayı. Mən də bu yolda başımdan keçərəm. Molla Rəhim. İndi əmrinizi buyurun. Kərbəlayı Nəbi. Mən istəyirəm qulluqçum Şevkəti alam. Qız hərçəndi kiçikdir. Amma on iki yaşı var. Şəriət ilə kəbin düşər. Mən bilirəm ki, qız öz ixtiyarı ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hileyi-şər’i oluna. Onun da yolunu molla Rəhim, siz bilirsiniz. Molla Rəhim. Madam ki, qız razı deyil, nə etmək olar? Kərbəlayı Nəbi. A molla Rəhim, bunu mənə deyirsən? Hansı qızın razılıq ilə kəbinini kəsmisən? Hansı qızı özünüz danışdırıb razılığını almısınız? Yalançı şahid də dünyada çoq. Məşədi Səfdərqulu. A kişi, Kərbəlayı düz deyir. O şahidin biri də mən. Kərbəlayı Nəbi. Ay sağ ol məşədi Səfdərqulu. Fikrimi anlamısan. Molla Rəhim. Mənçə qızın yanında nə nikah, nə kəbin sözü açılmamalı. Nə qədər kiçik olsa da bu sözləri anlar. Gərək onu çağırıb deyək ki, kərbəlayının sənə siğə edirik; çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin. O da qulluqçu üçün çətindir. Ancaq Pəri Cahan da təsdiq etsin ki, o da Kərbəlayıya siğədir. Kərbəlayı Nəbi. Çoq gözəl fikirdir. Pəri Cahandan arxayın olunuz. Onun ilə bu barədə danışmışam. Molla sonra? Molla Rəhim. Daha bunun sonrası yoqdur. Kəbini kəsərik, başqa razılığını almaq o sizin xüsusi işinizdir. Kərbəlayı Nəbi. Çoq əcəb. Pəri Cahan! Pəri Cahan! Pəri Cahan (daxil olur). Nə buyurursan? Kərbəlayı Nəbi. Şevkəti buraya çağır. Özün də gəl. (Gedir.) Məşədi Səfdərqulu. Kərbəlayı, necə gündür ayıqlıqdan başım lap çatlayır. Kərbəlayı Nəbi. A kişi sən nə səbirsiz adamsan. Elə bu gecə sənnən maxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən. Məşədi Səfdərqulu. O barədə arxayın ol. (Şevkət ilə Pəri Cahan daxil olurlar.) Kərbəlayı Nəbi. Qızım Şevkət, bizim şəriətimizdə arvad taifası naməhrəm kişilərə üzü açıq görükə bilməz. Mən sənə naməhrəməm, belə açıq mənim yanıma girib çıqanda həm sən, həm də mən günah edirik. İndi gərək bu molla bizə siğə oquya ki, biz bir birimizə məhrəm olaq. Şevkət. Siğə nədir? Kərbəlayı Nəbi. Siğə bir duadır ki, bu molla oquyacaq, onda biz bir-birimizə ər-arvad kibi olacağıq. Şevkət. Ər-arvad? Yoq mən onu istəmirəm. Molla Rəhim. Qız, Kərbəlayı səhv dedi, yə’ni sən ər-arvad kibi Kərbəlayının yanına üzü açıq girib çıqa bilərsən. Şevkət. Pəri Cahan, sənə də belə dua oquyublar? Pəri Cahan. Bəli. Şevkət. Onda mən də razıyam. Kərbəlayı Nəbi. Ay sağ ol mənim gül balam, bülbül balam. A kişilər bilmirsiniz neçə bu mənim məzəlim, gözəlimdir. İndi get, Pəri Cahan sənə aldığım paltarları və qeyri şeyləri göstərsin. (Gedirlər.) Molla Rəhim. İndi vəkillər və şahidlər lazımdır. Məşədi Səfdərqulu. Onların hamısını mən bu gecə hazır edərəm. Kərbəlayı Nəbi. A kişi sən nə yaqşı adamsan. Ala bu pulu cibinə qoy. (Pul verir.) Əda birdən evi bərbad oğlu gedib içib məst olarsan, işləri xarab elərsən. Məşədi Səfdərqulu. Xayır, arxayın ol, içməyin də vaqtı var. Molla Rəhim. İndi mürəxxəst olaq! Kərbəlayı Nəbi. Buyurun, işinizdə olun, bu aqşam maxsusi burada bir balaca kef çəkərik. Məşədi Səfdərqulu. Kərbəlayi, sənin bu gecəki kefin kaş məndə olaydı. Xüdahafiz. Kərbəlayı Nəbi. Əda bu Ərdəbil lotusu nə deyir? Məşədi Səfərqulu. O söz. (Gedirlər.) Kərbəlayı Nəbi. Əda nə əcəb iş oldu. (Çırtıq vura-vura oynayır.) Məzəlim ay məzəlim, Gözəlim ay gözəlim Səni mən çoq sevirəm, Səni mən çoq sevirəm. * * * İkinci şəkil Haman odada gecə, Pəri Cahan süfrə salıb masaya boşqab düzür, yanında Şevkət. Pəri Cahan. Mən stolu hazır edirəm, sən də o şamları yandırıb düz. Şevkət. Lap toya oqşayır. Pəri Cahan. Toy deyil, bəs nədir? Şevkət. Bu kimin toyudur? Pəri Cahan. Sənin. Şevkət. A qız nə danışırsan? Məni kimə verirlər? Pəri Cahan. Ağaya, özün mollanın yanında razı olmadınmı? Şevkət. Mən dua oqumağa razı oldum. O duanın adı nə idi? Pəri Cahan. Siğə. Şevkət. Hə siğə. Pəri Cahan. Nə təfavüti var? O da o birisinin tayıdır. Şevkət. Sən allah doğru deyirsən? Pəri Cahan (gülür). Yoq zarafat edirəm. Şevkət. Sənə də siğə oqunanda belə qonaqlıq oldu? Əlbəttə hətta oquyan, çalan da vardı. Mən də o qədər oynadım ki, ayaq üstə durmağa taqətim qalmadı. Şevkət. Ah, oynamağı mən çoq sevirəm. Pəri Cahan. Sən də ağaya de. Məşədi Səfdərqulu qonşusu Şirəlini çağırsın o çalsın, sən də belə nə qədər kefin istəyir oyna. Şevkət. Pəri Cahan, sən allah doğru deyirsən? Yə’ni ağaya desəm gətirdər. Pəri Cahan. Əlbəttə gətirdər. Şevkət. Yaqşı sən də oynayacaqsanımı? Pəri Cahan. Əlbəttə oynayacağam. İndi gəl gedək səni geyindirim. (Gedirlər, sonra Kərbəlayı Nəbi, Məşədi Səfdərqulu daxil olurlar.) Kərbəlayı Nəbi. Sənə dedim ki, bu zəhrimarı içmə. Yoqsa işləri xarab edərsən. Genə qulaq asmadın. İndi bu gecə iç nə qədər qarnın dutur. Məşədi Səfdərqulu (yarım məst). Kərbəlayı, bi yol bunu bil ki, müsəlman arvadı dəyilməyə yaranıbdır. Başı yarılmağa, qabırğaları sınmağa. Kərbəlayı Nəbi. Elə gərək mənim xeyir işimdə bunu edəydin? Məşədi Səfdərqulu. Axı a kişi mən nə edim? Sən verdiyin pula bir az zəhrimar alıb evdə içirdim. Arvad da dutdu ki, bəs bu pulu hardan almısan? Bu söz biləmə doqundu. Dedim arvad necə? Mən kişi deyiləm? Mənim cibimdə pul olmaz? Dedi yoq. Sən kişi deyilsən, kişi olsaydın mən arvadın pulu ilə dolanmazdın. Yəqin yenə mənim şeylərimdən satmısan. Kərbəlayı Nəbi. Əda deyəydin, pulu mənə Kərbəlayı Nəbi veribdir. Dava qurtarardı. Məşədi Səfdərqulu. Bəs demədim, onda da dutdu ki, sən yalan deyirsən. Sən Kərbəlayıya pul verməkdən Kərbəlayı sənə nə səbəbə pul versin. Mən əhvalatı nağıl etdim. Yenə bədin qızı inamayıb, dedi: Sən məni aldadırsan. O qocalıqda kişi 11 yaşında qulluqçusunu almaz. Kərbəlayı Nəbi. Yə’ni belə dedi? O qocalıqda kişi? Məşədi Səfdərqulu. Bəli! Kərbəlayı Nəbi. Onda əcəb etmisən ki, onun qol-qıçını sındırmısan. Mən qocayam? Məşədi Səfdərqulu. Bu söz mənim lap biləmə doqundu. Ağacı götürüb nə yemisən turşulu aş. Başın yardım. Qolunu sındırdım, ağlaya-ağlaya bir baş çıqıb getdi. Kərbəlayı Nəbi. Əda, birdən Qızxanım gedib şikayət zad elər. Məşədi Səfdərqulu. Allah vurub onu, küsüb yenə xalasıgilə gedər. A kişi onları boşla getsin. Kefini pozma. Kərbəlayı, süfrədə şişə görünmür. Kərbəlayı Nəbi. Qorqma almışam, ancaq molla Rəhim gələcəkdir. Onun yanında mən içə bilməyəcəyəm. Qoy gəlsin, onu yedirdək, yola salaq, sonra öz kefimizdə. Məşədi Səfdərqulu. Ha-ha-ha... Kərbəlayı Nəbi. Əda, a bic. Nəyə gülürsən? Məşədi Səfdərqulu. Kərbəlayı, o da lotudur. Sən öləsən şarabın küpünə girir. Kərbəlayı Nəbi. A kişi nə danışırsan? Vay sənin zatına lə’nət a belə molla. (Şevkət daxil olur.) Şevkət. Ağa! Kərbəlayı Nəbi. Belə can, nə buyurursan mənim gözəlim, məzəlim? Şevkət. Pəri Cahan deyir ki, o sənə siğə olanda çalğıçı gətirmişdin. İndi mənə də gətirsənə. Axı mən də oynamaq istəyirəm. Kərbəlayı Nəbi. Belə mənim bu gözlərim üstə, mənim nazlı balam. Get Pəri Cahana de ki, Şirəlini buraya çağırsın. Tarın da gətirsin. (Şevkət gedir.) Məşədi Səfdərqulu. Kərbəlayi, qız ilə aranı yaman sazlamısan ha. Kərbəlayı Nəbi. Sən öləsən məşədi, özümü on səkkiz yaşında cavan kibi hiss edirəm. Məşədi Səfdərqulu. Şərabdan da vurub qızmış şirə dönəcəksən. Kərbəlayı Nəbi. Əda məşədi, gərək qızın yanında içməyəm. Yoqsa məndən ürküb qaçar. Məşədi Səfdərqulu. A kişi sənin toruna düşən haraya qaça bilər? Kərbəlayı Nəbi. Əlbəttə. Küçələrdə dilənçilik edən bir yetim qızı gətirib özümə arvad etmişəm. Daha nəyə öz vəliyinnəmətinə şıllaq atsın? Şirəli (əlində tar daxil olur). Salam ələyküm. Kərbəlayı, toyun mübarək olsun. Kərbəlayı Nəbi. Əleykümessəlam Şirəli. Səndən çoq razıyam. Mənim bu işimdə çoq zəhmət çəkmisən. Şirəli. A kişi, təki sən belə toylardan tez-tez edəsən, mən də gələm. (Gülüşürlər.) Məşədi Səfdərqulu. Əda Şirəli, o gor ba-gorun qızı evə qayıtdı? Şirəli. Qızxanımın qol-qıçalarını elə sındırmamısan ki, bir də xarabana qayıtsın Məşədi Səfdərqulu. Hələ ona o da azdır. Şirəli. Kərbəlayı, süfrə ziynətini stolda görmürəm. Kərbəlayı Nəbi. Bu piyaniskələr məni lap təngə gətirdilər (Şqafı açıb şərab çıqardır.) Ala bu biri, bu da biri, bu da biri. Məşədi Səfdərqulu. Kərbəlayı bundan Fatıya tuman olmaz. Kərbəlayı Nəbi. Əda sən doymaz oğlu doymazsan. Məşədi Səfdərqulu. Kərbəlayı, bunun biri mənim. Biri sənin, biri də bu cənabın. Bəs mollanın payı? Siz öləsiniz mən öz payımdan bir damcı da ona verməyəcəm. Zalım oğlu il uzunu mənim xarcıma içir. Şirəli. Aşna kişinin haqqında böhtan deyirsən. Mən insafımdan keçə bilmərəm. Pul o yazıqınkı olur, içmək də sənlə mənim. Ona da bir tula payı veririk. Dinə də bilmir; çünki qorqur ki, paxırını açaq. Kərbəlayı Nəbi. Görürəm siz yaqşı sirr saqlayırsınız. Yəqin mənim içməyimi də ona səyləmisiniz. (Gülüşürlər.) Məşədi Səfdərqulu. Əlbəttə, sizin içinizdə kişi bir özümü görürəm. Ar-açıq içirəm. Heç kəsdən gizlətmirəm. Şirəli. Kərbəlayı yenə gözləyəcək adamın var? Kərbəlayı Nəbi. Xeyir, bircə molla Rəhim qalıbdır. Məşədi Səfdərqulu. O şarabın qülqüləsini eşidən kibi burada hazır olacaqdır. Kərbəlayı Nəbi. Onda buyurunuz başlayaq. (Əyləşirlər, fincanları şarab ilə doldururlar.) Şirəli. Bu piyalanı Kərbəlayının sağlığına içək və arzu edək ki, belə siğələrdən çoq etsin və biz dostları da unutmasın. Məşədi Səfdərqulu. Sağ ol Kərbəlayı. Bu gecəki kefini allah ömrünə hesab etsin. Kərbəlayı Nəbi. Sağ olun, əziz dostlarım (İçirlər.) Məşədi Səfdərqulu. A kişi gör mürtəd qızı mürtəd, nə’ deyir? Kərbəlayı qocadır. İş sinndə deyil, ürək cavan olsun. (Molla Rəhim təğyiri libas daxil olur) Məşədi Səfdərqulu. A kişi gəl də Kərbəlayının xeyir işində də içməyib hacan içəcəksən? Molla Rəhim. Əda məni Kərbəlayının yanında biyabır etmə. Şirəli. A kişi Kərbəlayı əhli-ruhdur. İşlərdən baxəbərdir. Buyur. (Molla Rəhim əyləşir) Məşədi Səfdərqulu. İndi mollanın payın meydana çıqar. Kərbəlayı Nəbi. Əda bəs nə fikir edirsən? Nə qədər içirsən iç, dalı bağlıdır. Məşədi Səfdərqulu. Ha belə de, mən də gülə-gülə içim. Şirəli, mollanın piyaləsini doldur. (Şirəli doldurur.) Məşədi Səfdərqulu. Bu piyaləni də içək o gözəl xanımın sağlığına. Kərbəlayı Nəbi. Şair bu sözləri yəqin mənim məzəlicə gözəlimə deyibdir. Əzizim, gözlərim, canım, üzün göstərgilən aya O düşsün toprağa, meyrac elə sən ərşi-ə’layə. Molla Rəhim. Əhsən, əhsən. (İçirlər.) Şirəli. Kərbəlayı, şərab nə şərab, adama ruh verir. Sağ ol. Kərbəlayı Nəbi. Nuşi-can. (Piyalələri doldururlar.) Məşədi Səfdərqulu. Bu piyaləni də dostumuz əhli-ruh molla Rəhimin sağlığına içək. Arzu edək ki, belə-belə hileyi-şər’dən çoq düzəltsin və belə keflərdən də bizi məhrum etməsin. Molla Rəhim. Əzizlərim, dünyanın ləzzəti iki şeydir. Biri bu şarabdır, biri də zənən. Əbəs yerə şair bunları tə’rif etməyir. Bu iki şeyi dünyadan götür gör yerdə nə qalır. Şarabın nəhyi biz ürəfa üçün deyil. Avam üçündür. Şirəli. Kişi haq söz deyir. Şarab, qadın; fəqət şarab Kərbəlayının şarabı kibi kəhnə və qadın da onun zevcəsi kibi on yaşında olmalıdır. Molla Rəhim. Sağ ol. (İçirlər.) Kərbəlayı Nəbi (oquyur.). Zahid çoq eyləmə məni təklifi-cənnətə Mən qoymram behiştə qədəm nazlı yarsız. Molla Rəhim. Saqi kərəm eylə cam gəzdir, Durma qədəhi müdam gəzdir. Devrana çoq e’tibar qılma. Gəzdir qədəhi qərar qılma. Şirəli. Belə mənim başım üstə. (Piyalələri doldurur.) Məşədi Səfdərqulu. Bu piyaləni içək, bizim Şirəlinin sağlığına və təvəqqe edək ki, bir az bizim üçün çalsın. Şirəli. Ancaq bu şərt ilə ki, mən çalım, molla Rəhim də oynasın. Molla Rəhim. Xayır, xayır mən bacarmaram. O Kərbəlayının işidir. Eşq başına vurmuş. Sən çalsan o davam etməyəcəkdir. Pəri Cahan. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca oynayım. (Şevkət daxil olur.) Şevkət. Vay dədə vay, burada çaxır içirlər. Yoq mən istəmirəm, mən gedirəm. Kərbəlayı Nəbi. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil, qırmızı şərbətdir. Görmürsən molla Rəhim də içir. Molla da heç çaxır içərmi? (Ayaq üstə qalqır piyan kibi yırqalanır.) Gəl mənimlə oynayaq gözəlim. Şevkət. Sən piyansan, mən səninlə oynamaram. Kərbəlayı Nəbi. Düzdür mən piyanam. Ancaq çaxırdan yoq sənin eşqindən mənim gözlərim. Adə Şirəli çal. (Şirəli çalır.) Ay qız Pəri Cahan gəl mənnən oynayaq Şevkət baqsın. (Oynayırlar çırtıq çalır, Kərbəlayı Nəbi Şevkəti qucaqlayıb oynamaqa çəkir. Şevkət qışqırır.) Şevkət. Buraq məni, buraq məni, sən piyansan. Səndən qorquram. (Bu halda Maral xanım, Qızxanım, Əli və iki milis əsgərlər ilə daxil olur.) Hamı. Vaxsey. Şevkət. Maral xanım, məni bunların əlindən al. Maral. Qorqma qızım, qorqma, ay alçaqlar, ay sitəmkarlar bu mə’sumə qızcıqazın başına nə iş gətirirsiniz. Söylə qoca məl’un. Kərbəlayı Nəbi. Biz, biz bir balaca kef edirdik. Maral. Bəli bir balaca, yetim qızı da aldadıb özünə gəlin gətirmisən eləmi? Kərbəlayı Nəbi. Biz onu aldatmamışıq. Öz ixtiyarı ilə mənə gəlibdir. Bunlar da şahiddir. Kəbini də bu molla Rəhim kəsibdir. Şevkət. Maral bacı vallah yalan deyirlər, bunlar məni aldatdılar ki, sənə dua oquyuruq ki, üzü açıq Kərbəlayının yanına girib çıqa biləsən. Maral. Bilirəm qızım, hamısını bilirəm, mənə bu Qızxanım söyləyibdir. Məşədi Səfdərqulu. A gor-ba-gorun qızı gör sənin başına nə iş gətirəcəyəm? Maral. Sus, alçaq. Sənin cəzan bunların hamısından artıq olacaqdır. Gör öz zəhmətilə sən binamus əri saqlayanın nə hala salıbsan? Qızxanım. Başına dönüm Maral bacı, məni bu əzdəhanın əlindən al. Maral. Qorqma bacım, bu əzdəhaları mən bir hala salacaqam ki, sən özün də əhsən deyəsən. Molla Rəhim. Başına dönüm Maral xanım, bu işdə mənim taqsırım yoqdur. Bu şahidlərin şəhadəti ilə şəriət üzrə mən kəbin kəsmişəm. Hərgah indi qız inkar edir, burada da mənim taqsırım yoqdur. Şevkət. Mən haçan sənə izn verdim ki, mənə kəbin kəsəsən. Mən siqə oqumaqa razı oldum. Maral. Ay alçaqlar, görmürsünüz ki, bu mə’sumə qızcıqaz heç siqə nə olduqunu da anlamır. Onu aldadanın biri də bu Pəri Cahan olubdur. Pəri Cahan. Cəmi taqsır bu qoca kaftardadır. Məni yoldan çıqardan o oldu. Deyir mən Şevkətə aşiq olmuşam. Onun eşqindən dəli olmuşam. Maral. Onu əqlə gətirərlər. Ay alçaq binamuslar. Siz unutmayınız ki, indi Şura hökümətidir. İndi qadınlar azadədir. İxtiyarları öz əllərindədir. (Əsgərlərə.) Alın bunları. Pəri Cahan. Məni də? Maral. Səni də. Haydı. Hamı. Vay atamızın evi yıqıldı. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-bir-esqin-neticesi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.