Çarxı-fələk Süleyman Sani Axundov (1875–1939) Çarxı-fələk Piyes – iki pərdədə, dörd şəkildə. 1921-ci il. İştirak edənlər Piri-Fani – uzun ağ saqqallı və saçlı bir qoca, libası – uzun ağ ləbbadə, üstdən qurşaq. Vəli ağa – mülkədar bəy. Ağa Saleh – zavod sahibi. Ağa Şirəli – mülkədar. Musa bəy – Ağa Salehin zavod müdiri. Mühəndis. Bahadir – gənc bir işçi. Qəhrəman, Fərman, Nadir – Bahadirin yoldaşları. Qurbanəli – kəndli. Gülsənəm – onun arvadı. Qafar – pinəci. Sandro – restoran xidmətçisi. (Laxey.) Lida, Zina, Marusya, Marqo – çəngilər. Bir taqım işçi arvad və kişilər. Allahqulu – işçi. Birinci şəkil Səhnə pərdə ilə iki hissəyə bölünür. Bir hissəsi restoran odasını və digər hissəsi piri-Faninin kumasını və həyətini göstərir. Kumanın yanında bir qurumuş ağac kötüyü. Hər iki mənzilə qapılar açılır. Pərdə qalqdıqda piri-Fani kumanın ağzında oturmuş və bir çarx hərəkət halında görünür. Çarxın pərləri həm otaya, həm də həyətdə görünür. Qurbanəli və Gülsənəm piri-Faninin həyətinə daxil olurlar. Qurbanəli. Ey pir daha səbrim tükənmiş, bir ilimin zəhmətini bir gündə itirdim. Qan-tər içində əkib becərdiyim məhsulu Vəli Ağa zor ilə əlimdən aldı. Uşaqlarımı ruzusuz qoydu. Bu qış günündə gözləri yaşlı çöllərə saldı. (Ağlayır.) Gülsənəm. A kişi qızıl inəyi demədin. Qurbanəli. Onu da sən söylə, mənim danışmağa taqətim yoxdur. Gülsənəm. Ay pir baba, belə sənə bu Gülsənəm əmin canı qurban olsun. Mal-qaradan təkcə bir inəyimiz qalmışdı. İnək demə bir maral, buynuzları göylə gedirdi, quyruğu yer ilə sürünürdü. Kənddə qızıl inəyin təʼrifi dillərdə söylənirdi. Üç gün bundan iləri ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. Səbəbi güya qızıl inək ağanın qoruğuna girmiş. Ey pir baba, o ağaya biz nə edə bilərik? Səndən başqa bizim imdadımıza yetən yoxdur. Bizə bir çarə qıl. Piri-Fani. Əyləşin, cavabınızı alarsınız. (Əyləşirlər, Pinəçi Qafar daxil olur, pirə təzim edib ərz eyləyir.) Qafar. Ey pir, bu qabarmış əllərimin zəhməti ilə Ağa Şirəlinin karvansarası qapısında pinəçilik edib yeddi baş külfət ruzusunu bir tevr ilə qazanıram. Bu gün xozeyindən əmr çıqmış ki, pinəçi Qafar ya dutduğu yerə kirə versin, ya da dutduğu yeri azad etsin. Hər iki hal mənim üçün müşgüldür. Bu qış zamanı mən haraya gedim? Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona kirəyə verim? Məgər sansız evlərinin kirəsi ona kafi deyil ki, mən zavallı kasıbı küçələrə buraqır. Ey pir, səndən imdad istəyirəm. Piri-Fani. Əyləş, cavabını alarsan. (Allahqulu və bir taqım işçi daxil olurlar, pirə təʼzim edirlər.) Allahqulu. Ey piri-Fani, ağa Saleh xozeyin bu gün bizləri zavoddan çıqarıb küçəyə atdı. İndi biz nə edək? Arvad-uşaqlarımız açından fəryad edirlər. Piri-Fani. Səbəb nə olmuş? Allahqulu. Gündəlik muzdumuz çoq az idi, aldığımız para külfətimizi ödəmirdi. Bir qədər artırılmasını xozeyindən rəca etdik, qəbul etməyib dedi: indiyə kibi gündə on saat işləmisiniz, bu gündən həmin məbləğə on iki saat işləyəcəksiniz. Bu şərtə biz razı olmadıq. Piri-Fani. Əyləşiniz, cavabınızı alarsınız. (Əyləşirlər, bu halda Bahadir qolları çirməkli, döşü və başı açıq, dalınca Qəhraman, Fərman və Nadir daxil olurlar.) Piri-Fani. Şikayətəmi gəlmisiniz? Bahadir (əllərini belinə qoyub). Xayır, siz piri-Faninin bu məzlumlara verəcək cavabınızı gözləyirik. Piri-Fani. Əyləşiniz, eşidərsiniz. (Bahadir yoldaşlarının başına cəm edib ayrı əyləşirlər.) Piri-Fani. Ta cavablarınızı alınca sükutda bulunmalısınız. (Piri-Fani başını aşağı salıb fikrə gedir, sairləri də sakit ona müntəzir olurlar.) * * * Birinci pərdə İkinci şəkil Sandro otağının qapısını açır, Vəli, Ağa Saleh, Ağa Şirəli və Musa bəy daxil olurlar. Vəli Ağa. Sandro! Sandro. Padano. Vəli Ağa. Qatso! Dünya nədən ibarətdir? Sandro. Ağa, şərabdan, qızdan, qurzinsqi düdükdən. Vəli Ağa. Malades Sandro, keçmişləri unutmamısan. Hanı Tiflisdə sizin qəstində kef etdiyim günlər? Hanı Marqo, hanı Tamara... Sandro. Ağa, Marqo dünən Tiflisdən gəlmişdir. Vəli Ağa. Sandro, bu müzdə ilə məni diriltdin. Al. (Pul verir.) Bu sənin müştuluğun, qoy başqa lakey padavat etsin. Sən Marqonun dalınca get. Sandro. Ağa, xəbər etmişəm gələcəkdir. Ağa Saleh. Sandro, bizim qızlara da xəbər vermisənmi? Sandro. Bəli xozeyin vermişəm. Ağa Şirəli. Sandro stolu düzəlt, mən acından ölürəm. Sandro. Ağa bu saat. (Çıqır.) Ağa Şirəli. Ağa Saleh, eşitdim bu gün rabocilərin zabastovqa ediblər? Ağa Saleh. İstədilər müzdlərin artırsınlar, öz yerlərini də itirdilər. Musa bəy. Xozeyin, gərək bir qədər artırıb ağızlarını yumaydın. Gündə on iki saat zəhmətə heç bir fəʼlə dözməz. Ağa Saleh. Neyə dözməz, qoy bir-iki gün aç qalsınlar, hamısı gəlib ayaqlarıma yıqılıb yalvaracaqlar. Allah onları bizlər üçün işləməyə yaradıbdır. Vəli Ağa. Bizləri də şampanski içməyə. (Sandro daxil olur, stola içki və yemək qoyur.) Ağa Şirəli. Ay sağ ol Sandro. Şampanskini buza qoymusanmı? Sandro. Bəli qoymuşam. Vəli Ağa. Sandro – qızlar necə oldu? Sandro. Ağa bu saat gələrlər. Ağa Saleh. Vəli Ağa tamada vəzifəsi siz ilədir. Vəli Ağa. Oğul deyirəm bu gün mənimlə içə bilsin. Hamınızı şahid edəcəyəm. (Bu halda Lida, Marusya və Zina daxil olurlar.) Qızlar. Urra. Xozeyinlər. Urra. Lida. Şiroçqa. (Ağa Şirəlinin üstə yüyürür.) Marusya. Sali (Ağa Saleyin üstə yüyürür.) Zina. Musiçqa, Musiçqa. (Musa bəyin üstə yüyürür.) Vəli Ağa. Sandro, evimi yıqdın. Marqo harda qaldı. Məni xanımsız qoydun. Sandro. Ağa bu saat gedim gətirim. (Gedir.) Ağa Saleh. Tamada nə yatmısan? Xanımlar içmək istəyirlər. Vəli Ağa. Bu saat kim nə içmək istəyirsə desin: qonyaq var, zubrovqa var, benedektin var, nastoyaşşiy smirnovqa var. Ağa Şirəli. Mən qonyaq içəcəyəm. Ağa Saleh. Mən də. Marusya. Mən votqa içəcəyəm. Vəli Ağa. Sağ olsun Marusqa xanım, mən özüm də votqa içəcəyəm. Ağa Saleh. Marusya, nastoyaşşiy rusdur. (Bu halda Marqo və çalğıçılar daxil olurlar.) Valya, Valiçqa. (İstəyir Vəli bəy tərəfə gəlsin.) Vəli Ağa. Marqo, yerində dur. Ustalar çalınız! Marqo, ordan süzə-süzə gəlib mənlə görüşərsən. (Çalğıçılar çalırlar, Marqo da oynaya-oynaya gəlib Vəli ağa ilə görüşür.) Ağa Şirəli. Sağ olsun Marqo, nə gözəl oynayır. Ağa Saleh. Sağ olsun belə Gürcüstan tavadı. Qaspada Marqo xanımın sağlığına içək. (İçirlər.) Ağa Şirəli. Devran bizimdir, bizim. Ağa Saleh. Mülki-süleyman bizimdir bizim. Vəli Ağa. Marqo xanım da mənimdir mənim. Ağa Şirəli. Çarxı-fəʼləyi döndərən olmaz. Ağa Saleh. Biz ağaları bu busatdan endirən olmaz. Vəli Ağa. Sandro, şampanski və meyvə gətir. Sandro. Bu saat ağa. (Gedir.) Marusya. Sali, pul var? Ağa Şirəli. Var, var. Lida. Şiroçqa, ev var? Ağa Şirəli. Var, var. Marqo. Valiçqa, mülk var? Vəli Ağa. Duşoçqa var, var. Zina. Musiçqa, pəs sənin nəyin var? Musa bəy. Bənim də səni sevən ürəyim var. Zina. Fu! O hammalda da var. Dilənçidə də var. (Sandro şampanski və meyvə gətirir, ağalar yemək içməyə məşğul olurlar, səssiz bir-birlərinin sağlığına içirlər söhbət edirlər.) Pərdə * * * İkinci pərdə Üçüncü şəkil Əvvəlinci səhnə Piri-Fani. Ey məndən dərdlərinə çarə istəyən füqərayi-kasibə! Siz o vaxtı bu əziyyətdən, bu zillətdən xilas olarsınız ki, çarxı-fələk sizə tərəf çönə. O zaman bu qurumuş ağac kötüyü göyərər, əlvan çiçəklər ilə bəzənər, yapraqlanar, bar verər. Onun çiçəkləri, yaprakları və meyvələri adi nəbatat kibi olmaz. Hər çiçəyin başqa bir rəngdə yapraqları və meyvəsi, həmçinin yer üzündə gördüyünüz və eşitdiyiniz cavahir, altun və gümüş kibi ziqiymət daşlı o məʼdən şeyləri bu ağacda əmələ gəldikdə Simürğ adında bir quş uçub gələr. Bu ağacda məskən edər, onu qoruyar. Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz Simürğ qağası ilə dərib atar. Allahqulu. Ey pir baba, sənə canım qurban. O zaman haçan olar? Piri-Fani. Onun vaxtını bilmək olmaz. Fəqət səbr edib zəhmətinizdə davam edərsinizsə, elə neʼmətə nail olarsınız. Bahadir (ucadan qəhqəhə ilə gülür). Piri-Fani. Nəyə gülürsən ey cavan? Bahadir (ayağa qalxıb ona tərəf gəlir). Sənin belə dediyin əfsanəyə gülürəm. Ey əqlin qayib etmiş qoca, Neçin bu əvam zavallıları belə xurafat ilə aldadırsan. Bu qurumuş, çürümüş, qurtlanmış kötük yenidən göyərərmi? Çiçəklərmi? Belə əfsanə ilə məzlumları aldatdığın yetər. Al! (Ayağı ilə vurub ağac kötüyünü sındırır.) Hamı. Ah.. Piri-Fani (ayağa qalxıb). Nə etdin? Ey dəliqanlı. Bu biçarələrin umud çırağını söndürdün. Bahadir. Elə yalançı çıraqlar çoqdan sönməli idi. Piri-Fani. İndi nə etmək istəyirsən? Bahadir. İndi çarxı döndərmək istəyirəm. Piri-Fani. Bacarmazsan, çoqları bu yolda fot olmuşlar. Bahadir. Qəhraman, Fərman, Nadir yoldaşlar heç bir fikir dünyada qurbansız yeriməmiş. Hərgah çarx məni vurub fot edərsə, Qəhraman dalınca sən gələrsən, sonra Fərman, dalınca Nadir ta çarx saqlayıb tərsə çöndərməyincə əl çəkməyin. Haydı igit yoldaşlarım. Qəhraman. Yoldaş Bahadir toqda. Sən bizim rəhbərimizsən, sənin sağ qalmağın bu məzlumlara lazımdır. Əvvəl mən qurban olmaq istəyirəm. (Atılıb çarxın pərindən dutur çarx onu kənara atır.) Hamı. Ah zavallı. Öldü. (Qurban özünü atır çarx onu da vurur.) Piri-Fani. Dayanın divanələr, (Bahadir çarxdan dutub saxlayır. Nadir kömək edib çarxı döndərirlər). Pərdə Dördüncü şəkil İkinci şəkildəki səhnə Ağa Şirəli (qışqırır). Aman toqdayın, qərq oldum tufan, tufan... Ağa Saleh. Ədə Musa bəy qoyma, qoyma. Çarx dönmüş, tormozla, tormozla. Musa bəy. Ay xozeyin, bu fələk çarxıdır. Ona tormoz vurmaq olmaz. Vəli Ağa. Vay bizim halımıza, çarxi-fələk indi tərsinə dönmüş. (Bahadir və yerdə qalanlar odaya girirlər.) Bahadir. Ay ağalar, indi çarxi-fələk sizlər üçün tərsinə dönmüş. Piri-Faninin kumasına buyurunuz. Bizə söyləyən kibi sizə də gözəl-gözəl nağıllar söyləsin. Qurumuş ağacda sizin üçün cavahir bitirsin. Altun meyvələr dərib versin. (Ağalar məyus başlarını aşağı salıb piri-Faninin kumasına tərəf gedirlər.) Bahadir. Xanımlar siz də ağalarınızın qulluğuna təşrif aparınız. Marqo. Biz burada siz ilə qalmaq istəyirik. Bahadir. Bizim nə pulumuz var, nə də şampanskimiz. Buyurun gedin. (Qızlar gedirlər.) Sandro bu içkiləri, zadı buradan götür. Sandro. Ağa bu saat. Bahadir. Biz ağa deyilik. Yoldaşıq. Sandro. Bəli, bəli yoldaş, yoldaş. Bahadir. Ustalar, internasional çalınız. (Onlar da çalırlar). Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-carxi-felek İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.