Dibdat bəy Süleyman Sani Axundov (1875–1939) Dibdat bəy Bir pərdəli, iki şəkilli məzhəkə İştirak edənlər Səfdərqulu bəy – mülkədar bəy. Uçaboylu, dolubədənli, üzügırxıq, çərkəz libasında, əlli yaşında sadədil bir şəxs. Danışanda tez-tez «vot tebe na» sözünü təkrar edir. Mehdi bəy Vəli bəy Rüstəm bəy – Səfdərqulu bəyin qumar yoldaşları. Saşa bəy Məşədi Səməd – dükançı. Azad bəy – doktor. Nəbi – Səfdərqulu bəyin nökəri. Cəbi – Mehdi bəyin nökəri. Ovanes – Saşa bəyin nökəri. Rəhim – tarzən. Kərim – oxuyan. * * * Birinci şəkil Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart vəqeyri qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür. Pərdə qalxdığda Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir. Nəbi. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəçib bəylərimiz davam edirlər. Özkə vaxtı «o yana dur» üstə xəncər, tapançaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib, özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (Bir az dayanıb yenə də) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, gəlmişdi elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörkdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. «Vot tebe na»dan başqa bir şey başa düşə bilməyəcəklər. (Cəbi daxil olur). Xoş gördük, a Cəbi lələ. Mənə qulluq. Cəbi. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm. Nəbi (papiros qutusunu stolun üstündən götürüb verir). Cəbi, sən öləsən bu gecə ağan Mehdi bəyi təmiz sünkə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan çıxartmayıb. Cəbi. Mənim ağam kartın höcətinə gedəndir. Nəbi. Odur ki, bu gecə on bir əl onluğa vuruldu. Axırda hirsindən kartı çırıb atdı. Cəbi. Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçaram doqquzluğa. Ona da vurulanda, səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım. Nəbi. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda mənlə bir əl qonçuna oynamaqda necəsən. Cəbi. Çox yaxşı, oynarım. Bəs Səfdərqulu ağa evdə deyil? Nəbi. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz. Cəbi. Bu gecə udubdur, yoxsa uduzubdur? Nəbi. Heç görünməz nə!.. Udubdur! Cəbi, yaxşı yadıma saldın, ağa tapşırmışdı ki, onu tezdən durğuzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içkili. Cəbi. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü? Nəbi. Bəli. Bunu sən haradan bilirsən? Cəbi. Bu bəylərin kələyidir. Onu elə salırlar. O günü bəylərin hamısı bizdə idi. Külməkdən qəşş edirdilər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim, qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən quram, kefi siz çəkin. Nəbi. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var, ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın. Cəbi. Gərək qabaqcan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına salanda səni də kötəkləyərlər. Nəbi. Elə mən də onun fikrindəyəm. Gedim durğuzum. Amma daş kimi bərk yatandır. Bilmirəm heç durğuza biləcəyəmmi? (Gedib yataq otağının qapısından çağırır.) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı taxta yıxılıb, xorultudayır. (Səsini ucaldır.) Səfdərqulu ağa, Səfdərqulu ağa, əstəğfürulla, əkər vecinə isə. Cəbi. Ədə, gedib əlin ilə durğuzsana. Nəbi. Yaxşı buyurursan, Cəbi ağa. Sən öləsən durub atama od vurar. O günü elə etmişdim. Diksinib atıldı və mənə elə sillə çəkdi ki, gözlərimdən od parladı. Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durğuzma. (Qışqırır.) Səfdərqulu ağa! Səfdərqulu ağa! Allahın əkbər, mən nə edim? A Cəbi, sən də kömək elə, gərək bu dibdat bəyi oyada bilərikmi? Cəbi. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç «Koroğlu» da çalsan duran deyil. Nəbi. Vay, sağ ol Cəbi, yaxşı yadıma saldın. (Çırtıq vura-vura o biri otaqdan bir qaval və bir tar gətirir.) İndi durarsan. Sənə bir elə meymun havası çalım ki, sıçrayıb dik atılasan. Al qavalı, köhnə lotu. (Qavalı Cəbiyə verir və özü çalıb oxuyur). Mən bu dərədən keçmərəm, Çadramı yellətmərəm, Ağ saqqala getmərəm, Gəl, gəl, ay evi yıxılmış, Tez gəl, ay evi yıxılmış. (Gedib qapıdan baxır.) Cəbi, sən öləsən, heç halına təfavüt etmir. Cəbi. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram. Nəbi çalır. Cəbi. Əzizim ulu dağlar, Çeşməli sulu dağlar. Burda bir qərib ölmüş, Göy kişnər, bulud ağlar. Nəbi gedib qapıdan baxır. Nəbi. Xeyr a. Cəbi. Adə, bəlkə kişi ölüb? Nəbi. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (Fikrə gedir.) Hə tapdım, yaxşı tapdım. Cəbi. De görüm, nə tapdın? Nəbi. Qumarbazı qumar oyadar. Cəbi lələ, indi gəl bəylərin qumar oynamaqlarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur. (Otururlar.) Bax, mən Vəli bəy, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı, işimiz düzələrdi. Ovanes daxil olur. Ovanes. Nəbi, Saşa bəyin ağaçı burada qalıb. Ona gəlmişəm. Nəbi. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. (Durub onun əlindən tutub stola tərəf çəkir.) Hələ buyur, otur. Ovanes. Yox, kirvə mən qumar oynamıram. Nəbi. A kişi, otur. Ovanes. Mən qumarı toba etmişəm. Nəbi. Otur, pul ilə oynamırıq. Zarafat edirik. Ovanes. Kela, qabaqda da məni o cür öyrədib, evimi yıxdılar. Nəbi. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim. (Ovanes oturur.) Bax, sən Saşa bəy... Ovanes. Mən Ovanesəm. Nəbi. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy, sən də ağan Saşa bəy... İndi başa düşdünmü? Ovanes. Kela, başa düşdüm, ancaq bu nə üçündür? Nəbi. Sonra deyərəm. Cəbi. Bax, Ovanes. Saşa bəy kimi oyna. Ovanes. Arxayın ol, kela, lap özü kimi oynayacağam. Cəbi. Nə oynayaq? Nəbi. Ştos (gedib Səfdərqulu bəyin otağının qapısını açır, sonra gəlib bir kalod kartı əlinə götürür. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır, kart deyin. Cəbi (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bank qoysun. Ovanes (Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq. Nəbi. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir üç yerə paylayır, tuz Nəbiyə çıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı. Cəbi. Pravilo, belədir, əzizim. Nəbi. İndi kart qoyun: Cəbi (stolun üstündəki başqa kalodan kart çəkib üzü üstə qoyur). Xalı beş manat. Ovanes. Kartı on manat. Nəbi (kartı çevirir). Beşlik üzdədir, kartınızı açın. Vəli bəy sənin ki üzdədir. İyirmi manatı bankə at, qadanı alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq gətirərəm (kartı sağa və sola paylayır). Sən vurdun, buyur, Saşa bəy, bu da sənin on manatın. Ovanes. Qoy bankda dursun. Ugol gedəcəyəm. Nəbi. Çox yaxşı, get (kartı çalır). Buyurun kəsin. (Ovanes kəsir.) Cəbi. Xalı üç manat. Ovanes. Ugol, kela, xalına da on manat. Nəbi. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç manatdan artığa xod yoxdur. Ovanes. Kartın təpədir. Nəbi. Onda eybi yoxdur. Mehdi bəy şahid ol ki, Saşa bəyin kartı təpə olmasa, pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə. Ovanes. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər altı manat. Bankdan istərsən dörd manat. Vəli bəy, kartının üzünü aç. Cəbi. Surət gətir. Nəbi (sağa və sola paylayır). Bu da surət. Cəbi. O deyil. Nəbi. Buyur, bu da surətin o birisi. Cəbi. O da deyil. Nəbi. Mehdi bəy, kartını aç, yoxsa getmərəm. Cəbi. No, kartın dalını çək, deyim. Nəbi (səsini ucaldır). Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır. Cəbi. Sən öl, o kartın dalını çək, göstərim. Nəbi. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan... Səfdərqulu bəy (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu qoyar. Nəbi. Ha beləcə... Zalım kartın küçünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin. Cəbi, Ovanes çıxırlar. Səfdərqulu bəy (başıaşağı cibindən pul çıxarıb). Vəli bəy, qız da! Bu on manat (başını qaldırır). Nəbi! Nəbi. Bəli. Səfdərqulu bəy. A gədə, bəylər hanı? Nəbi. Ağa, bəylər yoxdur. Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri gəlirdi. Qumar oynayırdılar. Nəbi. Ağa, bəlkə yuxunda görmüsən? Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir, nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi, vot tebe na, evə gəlib gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör oradadırlarmı? Nəbi. Bu saat oradan gəlirəm, heç kəs yoxdur. Səfdərqulu bəy. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə deyirdi ki, kartını açmasan getmərəm. Nəbi. Ağa, and içkinən ki, sənə açığım tutmayacaq, düzünü deyim. Səfdərqulu bəy. Yaxşı, açığım tutmaz, de görüm. Nəbi. Xeyr, Mələknisa xanımın koruna and iç, deyim. Səfdərqulu bəy. And olsun Mələknisa xanımın koruna. Vot tebe na! Açığım tutmaz. İndi de. Nəbi. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. Mən də nə qədər çağırdım, qışqırdım, oyanmadın. Axırda naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamaq təqlidini çıxartdım ki, bəlkə onların səslərinə oyanasan. Düzü budur. Səfdərqulu bəy. Ha-ha-ha... Ay gədə Nəbi, sən nə lotusan. Bəs Cəbi, Ovanes hanı? Nəbi. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdılar. Səfdərqulu bəy. Çağır, buraya gəlsinlər. Nəbi (qapını açıb çağırır). Cəbi, Ovanes buraya gəlin, ağa çağırır. Cəbi və Ovanes daxil olurlar, baş əyirlər. Səfdərqulu bəy. Adə siz nə biçisiniz, indi də bizim təqlidimizi çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə təvr karta gedir? Cəbi (səsini dəyişdirir). Doqquzluq napi pəə... Yenə üzə düşdü... Atanti. Səfdərqulu bəy. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə, Ovanes, sən də görüm, Saşa bəy nə təvr oynayır? Ovanes. Altılıq ugol, xalına da üç manat. Səfdərqulu bəy. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi, vot tebe na, görərəm. Bəs sizdən kim udu? Cəbi. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq. Səfdərqulu bəy (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da sənin. (Hərəsinə bir manat verir.) Üçü də. Sağ olsun Səfdərqulu ağa! Səfdərqulu bəy. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm. Cəbi. Ağa, sizdən artıq kim var ki, onu seçələr. Nəbi. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz. Ovanes. Ağa, çox sağ ol, kela Allah sizi bizim üstümüzdən əskik etməsin. Cəbi. Ağa, izin ver, gedək. Səfdərqulu bəy. Yaxşı gedin. Cəbi və Ovanes baş endirib çıxırlar. Səfdərqulu bəy. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım, gətir. Aşpazın hər şeyi hazırdırmı? Nəbi. Bəli. Səfdərqulu bəy. Onda gedək. Çıxırlar. Pərdə * * * İkinci şəkil Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür. Səfdərqulu bəy (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!.. Nəbi daxil olur. Nəbi. Nə buyurursan, ağa? Səfdərqulu bəy. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi? Nəbi. Bəli, vermişəm. Səfdərqulu bəy. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot tebe na. Get gör nə üçün keçikmişlər. Nəbi çıxır, sonra Mehdi bəy, Vəli bəy, Rüstəm bəy, Məşədi Səməd, Saşa bəy səs-küylə daxil olurlar. Hamı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat! Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar. Səfdərqulu bəy. Qospoda! Bir dayanın, vot tebe na, nəfəsimi alım. Vəli bəy. Ədə, bu oxuyan, çalanlar harada qaldılar? Rəhim və Kərim daxil olurlar. Mehdi bəy. Yaxşı vaxtda gəlmisiniz, tez bir «Uzundərə» çalın. Çalırlar. Vəli bəy. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil. Mehdi bəy. Vəli bəy, riça edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum. Oynayırlar, geyriləri də çırtıq çalırlar, sonra otururlar. Rüstəm bəy. Qospoda, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik, oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq, ruslarda bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaço. Məşədi Səməd. Rüstəm bəy, mə’nasını deyiniz ki, mən də başa düşüm. Rüstəm bəy. Yə’ni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa düşdünmü? Məşədi Səməd. Bəli, çox yaxşı başa düşdüm. Siz deyirsiniz ki, Məşədi Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən qırx manat dükan borçunu almaq vaxtı gəlmişdir. Rüstəm bəy. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borçundan dəm vurursan. Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat seçilməsi yolunda nə qədər çalışmışam. Qospoda, doğrudurmu? Hamı. Doğrudur. Rüstəm bəy. Ona-buna mən ölüm demişəm. Çürbəçür hiylə qurmuşam, axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospoda, doğrudurmu? Hamı. Doğrudur. Rüstəm bəy. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki görmüsən? — Xeyr, oğlum görməmişəm. Ala bu yumru şeyi özün sal. — Xeyr, əmi onu eləmək olmaz, ancaq sənə kömək edərəm, — onun əlindən tutub qutunun pərdəsini qaldıraraq, — bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar saldırmışam. Bax, imanımı belə satmışam. (Gülüşürlər). Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm. Mehdi bəy. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən? Rüstəm bəy. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız işləmisiniz. Xüsusən siz, Mehdi bəy. Saşa bəy. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borçunu de görüm. Gülüşürlər. Rüstəm bəy. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki, hesabını itirmişəm, ona görə 80 manat iktifa edirəm. Vəli bəy. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost, dost yolunda canını da qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar borçunu istəyirəm. Mehdi bəy. Qospoda, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda hamıdan artıq çalışan kim olmuş? Hamı. Siz. Mehdi bəy. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir belə işi götürüb suda udsan necə alardın? Vəli bəy. İki mindən az almazdım. Mehdi bəy. Mənçiyəz yüzcə manat istəyirəm. Səfdərqulu bəy. Qospoda, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır. Rüstəm bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospoda, belədirmi? Hamı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol, ver. Səfdərqulu bəy. Qospoda, bir dayanın, vot tebe na. Hamı. Tez ol, ver. Səfdərqulu bəy. Görünür, bir Saşa bəyə borçum yoxdur. Saşa bəy. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə özün demədinmi, Saşa, bu banki aparsam sənə əlli manat dəsxoş verəcəyəm. Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar. Gülüşürlər. Mehdi bəy. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd min manat pul aparmısan. Səfdərqulu bəy (cibindən portmonetini çıxardır). Ala, bu sənin, bu sənin, bu sənin, bu sənin, bu da sənin. Nəbi (yemək otağından qaçaraq gəlir). Ağa, mən gəldim. Səfdərqulu bəy. Ala, bu da sənin. Hamı. Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat! Urra... Məşədi Səməd. Rüstəm bəy, ura-ura deməkdən boğazımı qurudu. Yaşlamaq lazımdır. Saşa bəy. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun. Doktor Azad bəy paltolu, əlində əsa daxil olur. Azad bəy. Qospoda, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz? Mehdi bəy (kənara). Nə pis vaxtda gəldi. Səfdərqulu bəy. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi yemək otağından gəlir.) Adə, doktorun paltosunu tut. Azad bəy. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağıbəyin oğlu gözləyir. Atası ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur. Səfdərqulu bəy. Mənim sağlığıma bir stəkan şampanski içməyə də vaxtın yoxdur? Vot tebe na! Mehdi bəy. Yox, yox, mən razı deyiləm. Doktoru yoldan eləməyin. Nağı bəy ölər, cavabdeh biz olarıq. Rüstəm bəy. Mehdi bəy doğru deyir, qoy Azad bəy gedib naxoşuna baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər. Azad bəy. Mən özüm Zeynal bəyin qonaqlığından gəlirəm. Orada məni buraxmırdılar. Söz verdim ki, Nağı bəyə baxıb qayıdaram. Səfdərqulu bəy, doğrudan da bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil seçmək münasibəti ilə şampanski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim üçündür? Səfdərqulu bəy. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat, yoxsa Zeynaldır? Vəli bəy. Həkim səhv edir, vəkil sənsən. Rüstəm bəy. A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya oxuyursan. Mehdi bəy. Azad bəy, Rüstəm bəy doğru deyir, yolunla düz gedə bilmirsən? Sənə nə borcdur ki, burada nə qayırırıq. Azad bəy. A lotular, bu nə kələkdir? Nə üçün kişini aldadırsınız? Mehdi bəy. Riça edirik ki, bizlə Səfdərqulu bəyin arasına girməyəsiniz, vəssalam. Azad bəy. Mən də sizdən riça edirəm ki, sabah Səfdərqulu bəy həqiqəti bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam. (Çıxır.) Səfdərqulu bəy. Qospoda, bu nə işdir? Vot tebe na! Məşədi Səməd. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot tebe nadır. Gülüşürlər. Mehdi bəy. Dostum, diqqətlə mənə qulaq asmağını riça edirəm. Əgər mən deyən fikrə şərik olmasan, Azad bəy buyurduğu kimi qol-qabırğamızı qır. İndi qulaq as, Zeynal bəy və geyri bəyin bu işə girişməkdə məqsədi nədir? Mənçə birçə şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki, iş bələdir, mən öz tərəfimdən və bu dostlarım tərəfindən sənə söz verirəm ki, elə bir tədbir görüm ki, bu dibdat bəy ləqəbi sən ölənə kimi, xeyr, yüz illərcə, daha doğrusu min illərcə üstündə qalsın. Şübhə edirsən? Qospoda, bu 52 vərəqdən düzəlmiş kart nə vaxt məhv olacaqdır? Rüstəm bəy. Bütün bəşəriyyət məhv olanda. Mehdi bəy. Doğru. Vəli bəy. Kart, bəşəriyyət, dibdat bəy... anlamıram. Məşədi Səməd. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy, dalını söylə. Mehdi bəy. Qospoda, bu andan bizim aramızdan valet-saldat ləfzləri götürülür... Məşədi Səməd. Yerinə bir dibdat bəy qonur. Rüstəm bəy. Bravo! Vəli bəy. A... indi başa düşdüm. Mənçə şahın yerinə dibdat bəy qoyaq. Mehdi bəy. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman olacaqdır. Saşa bəy. Səfdərqulu bəy, sənin kela, o qarlı şaxtalı Peterburqda nə işin var? Vəli bəy. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xətalı işdir. Rüstəm bəy. Doğrudur, birdən artıq-əskik söz söylədin, bəlaya düşdün. Zarafat deyil, həmişə vəzirlər qabağında, bə’zən padşah hüzurunda danışacaqsan. Mehdi bəy. Ağızdır, bir xətalı söz buraxdı, içindən gəmbərqulu çıxdı. Məşədi Səməd. Birinciniz soyuqdan dəm vurursunuz, o biriniz danışıq qorxusundan, lakin heç biriniz əsli mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir gün plovsuz olmaz. Hələ bunun turşulu qovurması, dolması var. Vəli bəy. Küftəsi var. Rüstəm bəy. Dovğası var. Saşa bəy. Bozbaşı var. Səfdərqulu bəy. Sizin deməyinizə görə o yekəlikdə şəhərdə bunları bişirən tapılmayacaqdır? Gülüşürlər. Mehdi bəy. Gəlsənə aşpaz Qolubyakin sənə bir pitidə qoysun. Ya şam kababı da bişirsin?! Səfdərqulu bəy. Zakaz verərəm, bişirər. Vot tebe na. Mehdi bəy. O da sənə deyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na. Gülüşürlər. Vəli bəy. Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır. Səfdərqulu bəy. Siz öləsiniz, şogəribin adını çəkəndə ürəyim bulanır. Nə yaxşı məni seçmədilər. Vse k çortu. Vot tebe na. Nəbi, aşpaza de, plovu çəksin. Hamı. Sağ olsun bizim deputat bəy! Mehdi bəy. Qospoda, cümə axşamı bu günkü kefin mə’bədi bizdədir. Rəhim, Kərim, siz də gələrsiniz. Rəhim. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rənk (hava) icad edim, orada çalaram, xoşunuza gəlsə adını «Rənki-dibdat bəy» qoyarıq. Rüstəm bəy. – Ay sağ ol! Kərim. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz adını «Təsnifi-dibdat bəy» qoyarıq. Mehdi bəy. Dostum, eşidirsənmi, daha sənin üçün ölüm yoxdur. Zeynal bəy müvəqqəti deputat bəydir, sən isə dünya durunca. Sağ olsun Səfdərqulu bəy! Hamı. Sağ olsun Səfdərqulu bəy! Ura... Nəbi. Ağa, süfrə hazırdır. Səfdərqulu bəy. Qospoda, süfrəyə buyurunuz. Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-dibdat-bey İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.