Eşq və intiqam Süleyman Sani Axundov (1875–1939) Eşq və intiqam Beş pərdəli yeddi şəkildə faciə İştirak edənlər Əlimərdan – quldur dəstəsinin atamanı İbad – onun yoldaşı Piri baba – ovçu, meşə qaravulçusu Yasəmən – Əlimərdanın arvadı Xalisə nənə – Piri babanın arvadı. Çingiz – surətən Əlimərdanın oğlu Qəmər – Əlimərdanın qızı Cəbi – Əlimərdanın nökəri Şahbaz bəy – mülkədar bəy Həcər xanım – onun arvadı Şəmsi bəy – onun oğlu Zöhrə xanım – onun qızı Səfi bəy – qəza naziri Xavər – xidmətçi qız Heydərqulu, Səfa – nökərlər Pristav Strajniklər. * * * Birinci pərdə Səhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur. Piri baba. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam. Yasəmən. Ah, nə gözəl qırqovuldur. Piri baba. Qızım, gərək bu gün də durmayaydın. Özünü gözlə, yoxsa üzülərsən. Yasəmən. Baba, doğrudur, mən şəhərdə tərbiyə almışam, amma əslim kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım ki, özümü bir az havaya verim. Piri baba. Bəs, Xalisə haradadır? Yasəmən. Xalisə nənə bulaqdan su gətirməyə, həm də çağanın əskilərini yumağa gedibdir. Piri baba. Topal gəlib çıxdımı? Yasəmən. Xeyr. Piri baba. Görəsən nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa bilmədi. (Tüfəngi ağacdan asıb, Yasəmənin yanında oturur.) Yasəmən, Əlimərdanın sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir. Yasəmən. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi aydır ki, Əlimərdan məni burada qoyub, özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.) Piri baba. Yasəmən, səbir et, naşükür olma. Allaha dua et, ürəyin təsəlli tapsın. Bu bəlalar, bu cəfalar ki, sən çəkirsən, hamısı Əlimərdanın uçundandır. Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi təkəbbürlü, kinli, höccət, qoçaq bir dəliqanlıdır. Hansı bir rəiyyət qızının irz namusuna ağaları toxunmamışdır? Yasəmən. Allah o ağaları dünya üzündən məhv edəydi, ta bizlər də rahat gün görəydik. Piri baba. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Güvvətli zəifi basacaq, əzəcək, zalım məzlumu incidəcək, məhv edəcək, dövlətli kasıbı sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam qırx ildir ki, mən bu meşədə ömür sürürəm. Bu bağlarda ov edirəm. Hər bir heyvanın, quşun, həşəratın yaşayışına diqqət etmişəm. Bir də görürsən, bir tərlan kəklik ovlayıb qaya başında yeməyə məşğuldur. Qəflətən ondan güvvətli bir şahin ildırım kimi şığıdı, onun əlindən aldı, havaya qalxdı. Bax, böcəkləri qurbağalar, onları ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər. Yasəmən. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar nə üçün bir-birlərini qırırlar? Piri baba. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri çoxdur. Mənim qardaşım oğlu Əlimərdan da qeyrət, namus üstə. Mənim nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv edəm. Onun əmisi oğlu Tağı bəyi və nökəri Fərəci öldürüb qaçaq düşdü. Yasəmən. Piri baba, nə vaxt ki, bədbəxtlik bizə üz verməmişdi, Əlimərdan məni sevib, mehriban dolanırdı. Qəmər qəziyyəsindən sonra büsbütün dəyişilib, arvad adını yanında çəkmək mümkün deyil. Mənlə xudahafiz edəndə dedi ki, Yasəmən, qız doğsan, öz əlimlə, qədim ərəblər tək, boğub atacağam. Baba, dönmüş taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdum. Piri baba. Qəm etmə, qızım, övlad şirin olar. Özün görəcəksən ki, necə əzizləyib sevəcəkdir. Yasəmən. Allah sən deyən kimi edəydi, baba. Piri baba. Qorxma, elə də olacaqdır, bax, bu meşə sahibi Həsənqulu ağa da oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam, amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm. Bax, bu evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə, Züleyxa xanım da qaravaşları ilə burada yaşayırdı. Xalisə onun istəkli qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin sahibi həmin Züleyxa xanımdır. Yasəmən, Əlimərdan da qızını inşaallah elə sevəcəkdir. Yasəmən. Ah, o günü görsəydim ölməzdim. Piri baba. Xalisə gəlib çıxmadı. Xörək nə vaxtı bişəcəkdir? Yasəmən. Odun yoxdur, olsaydı, durub özüm bişirərdim. Piri baba. Onda, mən durum oduna gedim, ona kimi də Xalisə gəlib çıxar. (Baltanı və ipi götürüb gedir.) Yasəmən (yalnız, çağanı beşikdən götürüb). Xudaya, dərgahına əl götürüb dua edirəm, mənə əta etdiyini, bu mə’sum balanı ata məhəbbətindən məhrum etmə. (Laylay çalır). Laylay dedim yatasan, Qızıl gülə batasan. Qızıl gül bağın olsun, Kölgəsində yatasan. Balam, a laylay. Gülüm, a laylay, a laylay. Mən aşiqəm balasın, Laçın verməz balasın. Mən balamı istərəm, Balam istər balasın. Bu halda həyət qapısı döyülür. Yasəmən gedib açır, Həcər xanım qucağında bir körpə uşaq daxil olur. Həcər. Yasəmən, nə təəccüblə mənə baxırsan? Yoxsa məni tanımırsan? Yasəmən. Bilmirəm, yuxu görürəm, ya doğrudan da Həcər xanımı görürəm. Həcər xanım. Doğru deyirsən, Şahbaz bəyin arvadı quldurbaşı Əlimərdanın evində, bu yuxu deyil, nədir? Gəl, otur, dərdimi sənə söyləyim. (skamyada otururlar) Yasəmən, irəlidə sən mənim xidmətçim olmusan, Xeyr, səhv etdim, xidmətçim yox, sevgili baçım olmusan, sirr yoldaşım olmusan. Yasəmən, o günlər yadındadırmı? Yasəmən. Bəli, yadımdadır. Həcər xanım. Başımızda eşq sevdası, ürəyimizdə məhəbbət atəşi, sən Əlimərdanı sevirdin, mən Nadir bəyi. Sən məhəbbət uğrunda cəfa çəkdinsə də, axırda sevgilinə gedib, məramına çatdın. Lakin mənim baharım solub, zimistan oldu. Yadındadırmı, bir gündə iki şəxs mənə elçi düşdü, biri sevdiyim, söz verdiyim Nadir bəy, o biri bədəxlaq, bədxasiyyət, çaxır içən, günlərini meyxanalarda keçirən Şahbaz bəy. Nadir bəy kasıb, Şahbaz bəy dövlətli. Borc boğazına çıxmış, mülkü, evi Şahbaz bəyin yanında kirovda olan atamın meyli kimdə olması mə’lum idi. Yadındadırmı, mən Şahbaz bəyə getmək istəmədim. Yasəmən. Bəli, yadımdadır. Atanız dedi: Həcər, Şahbaz bəyə getməsən, özümü öldürəcəyəm. Həcər xanım. Anam da saçlarını yoldu ki, bizi bədbəxt etmə, küçələrə salma. Axırı, mən razı oldum. Şahbaz bəyə gözləri yaşlı getdim. O gündən cəfalarım, bəlalarım başlandı... Şahbaz bəy evimi çürdüxanaya, qumarxanaya döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib, baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə çatdı ki, öz süd baçısı, qardaşı Əlimərdanın baçısı Qəmərin namusuna toxundu. Yasəmən. Ah, indi məni də gözü yaşlı qoyan o binamus oldu. Həcər xanım. Yasəmən, o zaman o iki körpəm olmasaydı, biri Şəmsi, o biri Zöhrə, inan ki, mən də özümü Qəmər kimi qayadan atmışdım. Yasəmən. Yazıq Qəmər, qardaşım İbada nişanlı idi. Bir-birlərini çox istəyirdilər. Sonra İbad da gedib Əlimərdanın qaçaq dəstəsinə qoşuldu. Piri babanın deməyinə görə siz altı aydır ki, Züleyxa xalanızın yanında olursunuz və heç kəsə də görünmürsünüz. Həcər xanım. Doğrudur, orada gizli olmağımın sirrini gəlmişəm sənə açıb söyləyəm və səndən kömək istəyəm. Başqası məni anlayıb, dadıma çatmayacaqdır. Yasəmən. Söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Özünüz bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm. Həcər xanım. Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonra qəflətən Nadir bəy gəlib çıxdı. «Həcər, sevgilim, bu iki ilin müddətində dünyanı səyahət edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. Axırda sənin fəraqına dözə bilməyib gəlmişəm» — deyə fəryad etdi. Yasəmən, biz qadınlar hissimiz ilə yaşayırıq. Biz qadınlar ürəklərimizin quluyuq. Mən də eşq atəşinə yandım, nəticəsi bu... (Oğlunu göstərir.) Yasəmən. Demək, bu uşaq Nadir bəyindir? Həcər xanım. Bəli, mənə tə’nə, məzəmmətmi edəcəksən? Mənə lə’nət, nifrətmi edəcəksən? Yasəmən. Mən? Xeyr!.. Başqalarını bilmirəm. İndi söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Həcər xanım. Nadirlə belə qət etmişdik ki, mən Şahbaz bəydən boşanıb azad olacaqdım, sonra ona gedəcəkdim. Ah, fələk cəmi səadətimi, ümidimi bir anda puç etdi. Bir ay bundan əvvəl Nadir xəstə düşüb şam kimi əridi, axırda söndü. (Ağlayır.) Yasəmən. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gözlərini silir.) Həcər xanım. Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki, təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağını xəbər verir, indi anlayırsanmı? Yasəmən. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır. Həcər xanım. Bəli, onu da ancaq sən bacararsan. Yasəmən. Nə tövr? Unutmayınız ki, siz mənim ərim Əlimərdanın düşməni Şahbaz bəyin arvadısınız. Sizlərdən buraya gəliş-gediş ola bilməz. Həcər xanım. Mən onların hamısını fikir etmişəm. Ona görə də oğlumu həmişəlik sənə verirəm, üç gündür ki, doğmuşam. Sənin qızın da həmin vaxtda. Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar. Yasəmən. Bəs, Piri baba ilə Xalisə nənə necə olsun. Həcər xanım. Bu barədə xalam ilə danışmışam. O deyir ki, mənim xatirim üçün onlar razı olarlar və sirri də kimsəyə açmazlar. Yasəmən. Mənim qorxum Əlimərdan və Cəbidəndir. Həcər xanım. Mənə mə’lumdur ki, Cəbi sənin doğmağından hələ xəbərsizdir. Yasəmən. Yenə də qorxuram. Bu sirr bir vaxtı açılar, onda mənim halım necə olar? Yox, yox, bu ağır və qorxulu işi öhdəmə götürməyə cür’ət etmirəm. Həcər xanım (ayağa qalxır). Onda bircə yol qaldı. Yasəmən. Hansı? Həcər xanım. Mən müqəssir ananın əli ilə bu mə’sum uşağın ölməyi. (Getmək istəyir.) Yasəmən (onun qabağını kəsir). Yox, yox, onu etməyiniz, veriniz, razıyam. (Uşağı alıb beşiyə qoyur. Bu halda qapı döyülür.) Siz içəriyə giriniz, görüm kimdir. Həcər xanım komaya girir. Pir baba (qapının dalından). Yasəmən, bizik, qapını aç. Yasəmən qapını açır, Pir baba ilə Xalisə nənə daxil olurlar. Pir baba. Xalisə, tez ol, ocağı qala, xörək bişir. Xalisə nənə. Bu saat. Yasəmən. Xalisə nənə, xörəyi mən hazır edərəm, içəridə bir əziz qonaq səni gözləyir. Xalisə nənə. Kimdir? Buraya qorxudan heç kəs gəlməz. Yasəmən. İçəri get, görərsən. Xalisə nənə komaya girir. Pir baba. Yoxsa Əlimərdandır? Yasəmən. Xeyr, Hacər xanımdır, Pir baba. Pir baba. Hacər xanım?.. O bura əbəs yerə gəlməz, nə böyük qəziyyəyə üz veribdir ki, cür’ət edib gəlibdir. Yasəmən. Baba, doğrudan da böyük qəziyyədir. Hacər xanım səndən bir şey təvəqqe edəcəkdir, onu qəbul etməyinizi mən də rica edirəm. Pir baba. Nədir? Yasəmən. Sizi gözləyir, gedin, desin. (Pir baba girir. Yasəmən Hacər xanımın oğlunu qucağına götürür.) Ah, nə gözəl uşaqdır, mən oğul həsrəti çəkirdim, allah verdi. Bunu öz balam kimi sevəcəyəm. Əlimərdan da məndən razı qalacaqdır. Allahın sirrini bilmək olmaz, gör kimi Əlimərdana oğul göndərdi. Cəbi daxil olur. Cəbi. Gözləriniz aydın olsun, oğlandır, qız? Yasəmən. Oğlandır. Cəbi. Onda sahib şad olacaqdır. Yasəmən. Topal, biri də var. Cəbi. O kimdir? Yasəmən. O da mənimdir, əkiz doğmuşam, biri oğlan, biri qız. Cəbi. Sahib bu saat özü gələcəkdir. Yasəmən (özünü itirdi). Ah, ürəyim nə döyünür. Cəbi, o sudan tök, mənə ver, içim. Cəbi (su verərkən). Sahibin gəlməsindən niyə qorxursan. Yasəmən. Qorxuram ki, ona burada bir xətər yetə. Cəbi. Sahibin dəstəsi meşədədir. Pir baba komadan çıxır. Pir baba. Topal, bu üç gündə harada qalmışdın? Cəbi. Kəndə, anamı yoxlamağa getmişdim. Bərk naxoş olduğuna görə qoyub gələ bilmədim, indi bir az yaxşıdır. Pir baba. Xalisə çağanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir gəl. Cəbi gedir. Yasəmən. Baba, böyük bəlaya düşdük. Cəbinin deməyinə görə Əlimərdan bu saat buraya gələcəkdir. Mən çox qorxuram. Pir baba. Özünü itirmə, toxdaq saxla, hər bir şey allahın əlindədir, nə istərsə o olacaqdır. Xalisə, Xalisə! Xalisə nənə (komadan çıxır, Yasəmən uşağı beşiyə qoyub çuna ilə üzünü örtür). Nə var? Pir baba. Cəld Hacər xanımı Həsənqulu ağanın otağında gizlət, özün də yanında ol. Xalisə nənə. Nə var, nə olubdur? Pir baba. Danışıq yeri deyil, Əlimərdan bu saat gələcəkdir. Xalisə nənə. Vay, evimiz yıxıldı. Qapı bərk döyülür. Pir baba. Arvad, cəld ol. Xalisə nənə otağa girir. Əlimərdan (qapının dalından qışqırır). Topal! Pir baba gedib qapını açır, Əlimərdan və İbad üstlərində əsləhə daxil olurlar. Əlimərdan. Əmi! Pir baba. Can! Əlimərdan. Hamı salamatmı? Pir baba. Salamat! Yasəmən onun boynunu qucaqlayır. Əlimərdan. Kürd qızı, toxda, oğlandır, ya qız? Yasəmən. Qız. Pir baba. Qəm yemə, allah hər ikinizin istəyini veribdir. Yasəmən əkiz doğubdur, biri oğlan, biri qız. Əlimərdan. Bu yaxşı. Kürd qızı, oğlan mənim, qız sənin. Gətir baxım. Yasəmən (çunanı götürüb). İkisi də yatıbdır. Əlimərdan. Onda tərpətmə, qoy yatsınlar. Kürd qızı, mən oğlumun adını Çinkiz qoydum... Sən qızının adını nə qoyursan? Yasəmən. İzin versən Qəmər qoyaram. Əlimərdan. Onda izin qardaşın İbaddan al. İbad. Bacım, hərgah onun kimi qeyrətli, namuslu bir qız yetirəcəksənsə, izin verirəm. Mən əhd etmişəm ki, nişanlım Qəmərin intiqamını düşməndən almayınca dünyada rahat yaşamayam. Əlimərdan. Əmi, Şahbaz bəyin qardaşı İlyas bəy elə bildi ki, İrana qaçmaqla mənim əlimdən qurtaracaqdır. Qardaşın oğlu onu da babalarının yanına göndərdi. Pir baba. Əlimərdan, bu işdən əl çək, su sənəci axırda suda sınar. Əlimərdan. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır. İbad. Pir baba, biqeyrət olub uzun ömür sürməkdənsə, namus üstə cavan ölmək daha əfzəldir. Pir baba. Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. Gəlin, mən qoca babanızın nəsihətinə qulaq asın. Əlimərdan. Əmi, aç qonaqları nəsihətlə doydurmaq olmaz, nəyin varsa, əmr et gətirsinlər, yeyək. Yasəmən. Bir azca səbir ediniz, bu saat hazır edim. Əlimərdan. İbad, xörək hazır olunca biz də bir az rahat olaq. Otağa tərəf yönəlirlər. Yasəmən onların qabağını kəsib. Yasəmən. Ay, oraya getməyiniz. Əlimərdan. Nə üçün? Pir baba. Orada Xalisə çimir. Əlimərdan. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha. İbad. Pir baba bizim kimi cavanları yarı yolda qoyub keçər. Əlimərdan. Kürd qızı, buraya palaz sal, oturaq. Yasəmən palaz salır, Əlimərdan və İbad tüfənglərini ağacdan asıb oturular. Bu halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb. Əlimərdan. Kim ola? Pir baba. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını açır.) Əlimərdan. Topal? Cəbi. Sahib. Əlimərdan. Haradan gəlirsən? Cəbi. Bulaqdan, sahib. Əlimərdan. Ətrafda qaraltı-zad görünürmü? Cəbi. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır. Əlimərdan. Get pusquda dur, şübhəli adamlar olsa, cəld gəlib xəbər ver. Cəbi. Baş üstə, sahib. (Gedir.) İbad. Təzə uyezdni naçalnik Səfi bəy bizim müqabilimizə çıxmaq ilə qubernatordan maledes almaq istəyir. Əlimərdan. Eybi yoxdur, buyursun, onu da knyaz Vaçinadzenin gününə salaram. Pir baba. Bir neçə vaxtdan bəri meşədə strajniklər görünür. Birinə rast gəlib soruşdum: burada nə qayırırsınız? Cavab verdi ki, Səfi bəyin əmrinə görə yolları qaçaqlardan mühafizə edirik. İbad. Ha-ha-ha... Pir baba, çox yaxşı mühafizə edirlər, allah onları bədnəzərdən saxlasın. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir, qazyonnı poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar. Yoldaşlarımız da xəzinəni qulluğumuza gətirdilər. Əlimərdan. Mənim qorxumdan hökumət qulluqçuları cür’ət edib kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər... Hökumət xəzinəsi ilə, bəylər canları ilə, tacirlər də pulları ilə mənə tövcü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram. Yasəmən xörək gətirib süfrəyə qoyur, bu halda meşədən tüfəng səsi gəlir. Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər. Əlimərdan. Əmi, xudahafiz. Kürd qızı, Çinkizdən muğayat ol. Bir igid, qoçaq oğlan meydana çıxarmağı tələb edirəm. Yasəmən (onların qabağını kəsib). Qoymaram, sizi öldürərlər. Əlimərdan. Məni öldürərlər, yerimdə oğlum Çinkiz qalar. Gedirlər. Yasəmən. Xudaya, daha səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar. Yeddi ay həsrətini çəkdiyim sevkili ərim ilə belə görüşdük. (Ağlayır.) Pir baba. Yasəmən, səbir et, göz yaşı tökməkdən nə çıxar? Yasəmən. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan? Xalisə nənə (gəlir). Əlimərdan getdimi? Vay, qızım, ağlayırsan? Yasəmən. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk mən zavallını elə tilsimə salıbdır ki, sevkili ərimin gəlməsi mənim üçün qorxu, getməsi bəla. (Ağlayır.) Xalisə nənə. Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir ağ günü də var. Bu halda Səfi bəy, pristav və üç strajnik daxil olurlar. Səfi bəy. Tərpənməyin! Pir kişi, Əlimərdanın yerini de. Pir baba. Səfi bəy, Əlimərdan burada yoxdur. Səfi bəy. Yalan deyirsən, quldurbaşı qardaşın oğlunu elə vermək istəmirsən. Fəqət, mən sənə dedirdərəm. Bunları alınız. Strajniklər onları əhatə edirlər. Pir baba. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur axtar. Səfi bəy. Mən dedim ki, sən özün yerlərini göstərəsən, taki həm bu arvadları, həm də özünü Sibir sürgünündən xilas edəsən. İndi Əlimərdan buradan çıxsa, tənbehin böyük olacaqdır. Tüfənglərinizi bunların döşlərinə tutun. (Strajniklər tuturlar.) Belə hazırda durarsınız, üzərinizə tüfəng açılsa, üçünü də güllələyib yerə yıxarsınız. Sən, İsrafil bəy, dalımca gəl. Komaya girirlər. Bir azdan sonra çıxırlar. Pristav. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı. Səfi bəy. Doğru. Bu halda Hacər xanım otaqdan çıxıb qaçaraq gəlir. Hacər xanım. Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz? Səfi bəy. Çünki Əlimərdanı burada gizlədib, yerini demək istəmirlər. Hacər xanım. İndi sizə mə’lum oldu ki, Əlimərdan burada ola bilməz. Səfi bəy. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Pir babakilə.) Azadsınız, Hacər xanım siz burada nə qayırırsınız? Hacər xanım. Şəhərə gedirdim, buraya döndüm ki, Züleyxa xalamın sifarişini Pir babaya yetirim. Səfi bəy. O yolda duran fayton sizinkidirmi? Hacər xanım. Bəli. Səfi bəy. Hacər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm. Əlimərdanın quldur dəstəsi meşədədir. Mən onu əhatə etmişəm. Bu gün dayım İlyas bəyin intiqamını ondan alacağam. Buyurunuz gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. Şəhərə getmək mümkün deyil. Hacər xanım. Pir baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir baxım. Səfi bəy. Hacər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir? Hacər xanım. Siz bilirsiniz ki, Yasəmən mənim sevkili xidmətçim olmuşdur. Onun və bu mə’sum uşağın nə günahı var? (Yasəməndən uşağı alıb öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram. Tüfəng səsi gəlir. Səfi bəy. Hacər xanım, gedək. Hacər xanım. Xudahafiz. (Gözlərini silib, gedirlər.) Yasəmən. Ey uca tanrı, mən də sevkili ərimi sənə tapşırıram. Pərdə * * * İkinci pərdə Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir. Pir baba. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (Yasəmən samavarı gətirib süfrəyə qoyur). Yasəmən, Qəmər durubdurmu? Yasəmən. Qəmər sübh tezdən durub meşəyə gedibdir. Pir baba. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun. Yasəmən. Qəmər şəhərdə o qədər darıxıb, sıxılıbdır ki, buraya gələndən bəri evdə oturmaq istəmir. Deyir: Ana can, doqquz ay dərs zamanı günlərimi sanamışam ki, yay fəsli haçan gələcəkdir ki, Pir babama qonaq gedəm, doyunca meşəni, dağı, çəməni gəzəm. Pir baba. Qoy gəzsin, yesin, içsin, hələ gəlsin. Ancaq gəzməyə yoldaşı yoxdur. Məni tutur ki, Pir baba, dur gəzməyə gedək. Deyirəm, ay qızım, babanın nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqlarınla yeriş etsin. Deyirəm, səbir et, qardaşın Çinkiz gəlsin, o zaman ürəyiniz istədikcə gəziniz. Yasəmən çay tökub Pir babaya verir. Yasəmən. Pir baba, Qəmər ilə Çinkizi görəndə elə bil ki, dünya mənimdir. Neçə mehriban bacı-qardaşdırlar. Neçə məni sevib, ehtiramımı saxlayırlar. Çinkiz ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısını oxutdu. Pir baba. Çinkiz çox ağıllı, kamallı cavandır. Yasəmən. Allah sevkili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu. Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur. Qəmər. Baba, sabahın xeyir. Pir baba. Qızım, aqibətin xeyir. Qəmər. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir? Pir baba. Qızım, kirpidir. Qəmər. Vay, baba, nədən bildin? Pir baba. Dəsmalına bax, özün bilərsən. Qəmər (baxır). Hə, kirpinin tikanları dəsmalı dəlib çıxıbdır. Pir baba. Bu kirpini nə edəcəksən? Qəmər. Sənin bostanına buraxacağam. Yasəmən. Qızım, bu heyvan bostanı tərk edər. Qəmər. Pir baba, beləmi? Pir baba. Yox, ağıllı qızım, fikrini anlayıram. Kirpi bostanın qurdlarını yeyib tələf edir, onu salamat saxlar. Yasəmən. Qızım, bunu sən haradan bilirsən? Qəmər. Mən kitabda oxumuşam, Pir baba da təbiətin içində yaşayıb, görüb-götürübdür. Baba, təzə qoruqçunu aparım bostanına buraxım. (Gedir.) Pir baba. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir. Yasəmən. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim kəndli qızları öz ayağı çarıqlılarına ərə getmirlər. Pir baba. Nə üçün getmirlər? Ürək elmə-zada baxmaz. Səni bəyzadələr istəyirdilər. Bəs nə üçün getmədin? Yasəmən. Çünki Əlimərdanı sevirdim. Biz müsəlmança oxumuşuq. Onlar kimi elmimiz yoxdur. (Qəmər daxil olur.) Qızım, gəl otur, çayın soyuyur. Qəmər (çay içərkən). Baba, indi tap görüm, bu çiçəkləri nə edəcəyəm? Pir baba. Dəstə tutub otağına qoyacaqsan. Qəmər. Yox, baba, bilmədin. Bunlardan tac hörüb sənin başına qoyacağam. Səni bu meşənin, bu bağların sultanı edəcəyəm. Gülüşürlər. Pir baba. A qızım, mənim bu qoca qulaqlarıma kahdan bir gəlib çatır ki, rəiyyətlər üsyan edib padşahlarını taxtdan salırlar. Sən də təzədən mənim başıma tac qoymaq istəyirsən. Qəmər. Onlar öz rəiyyətləri ilə ədalətlə rəftar etməyiblər. Fəqət, sən öz vəzifəni çox yaxşı ifa etmisən. Ona görə də meşə əhli məni öz tərəflərindən vəkil seçib hüzurunuza göndəriblər ki, bu tacı qəbul edib onlara sultan olasan. Gülüşürlər. Pir baba. Qızım, bu gətirdiyin vəkalətnaməyə tülküləri, dovşanlar, kəkliklər, qırğovullar da gol çəkirlərmi? Qəmər. Onlar tərəfindən bir qədər narazılıq oldu, fəqət, əksəriyyət səni özlərinə sultan seçdilər. Pir baba. Qızım, bu meşənin sultanlığını qəbul edirəm, bu şərtlə ki, sən də mənə vəliəhd olasan. Gülüşürlər. Qəmər. Mən də qəbul edirəm. (Qapı döyülür.) Birdən Çinkiz ola! Gedib qapını açır. Hacər xanım, Zəhra xanım, Şəmsi bəy daxil olurlar. Hacər xanım. Qəmər, nə gözəl, nə göyçək qız olmusan. (Onu öpür.) Yasəmən. Ah, nə əziz qonaqlarım gəlmiş. (Hacər xanım ilə görüşürlər.) Buyurunuz, buyurunuz, Pir baba çox şad olacaqdır. Hacər xanım. Qəmər, bu mənim oğlum Şəmsi bəy, bu da qızım Zəhradır. Tanış olunuz. Qəmər onlara əl verir, qonaqlar Pir baba tərəfə gəlirlər. Pir baba. Hacər xanım, çox xoş gəlmisiniz, səfa gətirmişsiniz, mən qocanı yad etmisiniz, buyurun əyləşin. Otururlar. Hacər xanım. Züleyxa xalama qonaq gedirik, dedim dönüb sizlə görüşüm. Çoxdan bəridir ki, sizdən xəbərim yoxdur. Yaxşı oldu ki, Qəməri də gördüm, maşallah gözəl qız olubdur. Yasəmən. Qəmər on gündür ki, dərslərini qurtarıb gəlibdir. Dedi, ana, gedək bu yay Pir babaya qonaq olaq, o da təkdir. Pir baba. Xalisə vəfat edəndən bəri burada Topal ilə ikimiz oluruq. Yasəmən istədi məni də kəndə öz yanına aparsın, razı olmadım, çünki balıq susuz yaşaya bilməyən kimi, mən də meşəsiz ömür sürə bilmərəm. Hacər xanım. Çinkizdən nə xəbər var? Qəmər. Mənə yazmışdı ki, iki gündən sonra çıxacağam, gərək bu gün-sabah gəlib çıxsın. Şəmsi bəy. Çinkiz həkimlikmi oxuyur? Qəmər. Bəli. Zəhra xanım. Yenə Kiyev şəhərində oxuyur? Qəmər. Bəli, orada oxuyur. Hacər xanım. Uşaqlar, durun gedin, bir az meşədə gəzin. Yasəmən. Qoyun, çay təzələyim, içsinlər, sonra gedərlər. Hacər xanım. Zəhmət çəkməyin, bir azdan sonra gedəcəyik. Xalam bizi gözləyir. Pir baba. Nə tələsirsən? Buradan Züleyxa xanımgilə yarım saatlıq yoldur, bir az rahat olub, çörək yeyərsiniz, sonra gedərsiniz. Ona kimi də cavanlar meşədə gəzərlər. Qəmər də bu gün məni meşə sultanı tə’- yin edibdir. Təzə sultanın hökmü belədir, gərək tabe olasınız. Gülüşürlər. Şəmsi bəy. Meşə sultanı Pir babadan rica edirəm ki, mənə öz ormanında bir qədər ov etməyə izin versin. Pir baba. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən. Şəmsi bəy. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar, buyurunuz. Hacər xanım. Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan sonra gedəcəyik. Şəmsi bəy. Yaxşı, deyərəm. Gedirlər. Yasəmən. Xudaya, Çinkizi də bunlarla belə mehriban görsəydim, dünyada bir qəmim olmazdı. Hacər xanım. Yasəmən, iyirmi ildir ki, mən bədbəxt ana oğlum Çinkiz üçün göz yaşı tökmüşəm. Sənə Yasəmənə həsəd aparmışam ki, Çinkizi bağrına basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı? Pir baba. Hacər xanım, bu günə kimi səbir etmisiniz, yenə də etməlisiniz, yoxsa cümləmizi böyük bəlaya salarsınız. İndiyə kimi sirr açılmayıbdır, bundan sonra da açılmamalıdır. Yasəmən. Hacər xanım, mən də sizdən rica edirəm ki, məni bəlaya salmayasınız, məgər mən Çinkizə doğma ana kimi baxmamışam? Hacər xanım. Doğru deyirsən, sən Çinkizə həqiqi analıq etmisən. Ölənə kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm. Pir baba. Hacər xanım, indi bizim sə’yimiz onda olmalıdır ki, ataları kimi cavanların da arasına ədavət düşməsin. Hacər xanım. Pir baba, Çinkizin burada olmasının xətası çoxdur. Şahbaz bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf edələr. Yasəmən. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan Çinkizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram. Pir baba. Hacər xanım, Çinkizin gələcəyi üçün heç fikirləşmisinizmi? Hacər xanım. Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki, dayısı oğlu Əli bəyin qızını ona ala və cəmi mülkünü də onların adına keçirə. Əli bəyin qohum-əqrəbası çoxdur, ona heç kəs bata bilməz. Yasəmən, sən bu fikrə nə deyirsən? Yasəmən. Mən nə deyəcəyəm? Çox gözəl fikirdir. Qəmər, Zəhra və Şəmsi bəy daxil olurlar. Qəmər. Ha-ha-ha... Zəhra. Ha-ha-ha... Hacər xanım. A qızlar, deyin görüm, nəyə gülürsünüz? Qəmər. Pir baba, bu saatdan sən sultanı əzl edib, yerinə Şəmsi bəyi tə’yin edirəm. Pir baba. A qızım, buna səbəb nə olmuş? Qəmər. Şəmsi bəyin bimisl ovçu olmağı. Zəhra gülür. Şəmsi bəy. Qəmər bəyim, rica edirəm məni Pir babanın yanında xəcil etməyəsiniz. Zəhra xanım. Xeyr, gərək nağıl oluna, yoxsa mən Pir babanın əzlinə razı deyiləm. Şəmsi bəy. Onda qoyun, mən özüm söyləyim. Zəhra xanım. Xeyr, mən razı deyiləm. Qoy Qəmər söyləsin. Şəmsi bəy. Nə etməli, siz iki, mən tək, Qəmər bəyim, söyləyiniz. Qəmər. Pir baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə Şəmsi bəy, bizim ölkənin birinci ovçusu, xeyli nəzakət ilə qoşalüləsini çiynindən çıxarıb... Pir baba. Ov etdikdə ovçunun tüfəngi əlində hazır olmalıdır. Zəhra xanım. Bu da onun özünə arxayın olmasına bir sübut. Qəmər. Dovşan dayanıb durmuşdu. Şəmsi bəyin gülləsi açıldı, dovşan yerindən tərpənmədi, güllənin biri də açıldı, dovşan yenə qaçmadı. Burada Zəhra xanım ilə mən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü. Gülüşürlər. Pir baba. Görünür, dovşan uzaqda durmuşmuş. Zəhra xanım. Xeyr, Pir baba, sonra ölçdük, bizim ayağımız ilə dovşan on iki addımda durmuşdu. Şəmsi bəy. Pir baba. Bunlar mənim ovçuluğumu lağa qoyub güldü, fəqət öz qüsurlarını açmaq istəmirlər. Pir baba. Sən də onlarınkını aç söylə, görək nə olmuş. Şəmsi bəy. Pir baba, meşəyə bir az qalmış onda gördük ki, bu iki igid xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır. Bilirsinizmi, Pir baba, bunlar nə görmüşlər. Pir baba. Yəqin siçan görmüşlər. Şəmsi bəy. Bəli. Gülüşürlər. Pir baba. Oğlum, arvad tayfasının əksəri siçandan qorxur. Rəhmətlik Xalisə də belə idi. Bu halda Cəbi əlində bir çamadan, dalınca Çinkiz daxil olurlar. Qəmər. Çinkiz gəldi. (Qaçaraq gedib onun boynunu qucaqlayıb öpür.) Yasəmən. Ah, oğlum gəldi, allah, sənə şükür. Ay qız, bir dayan, mən də öpüm! (Çinkizi öpür.) Hacər xanım. Oğlum, gəl səni mən də öpüm. İstəyir öpsün, Çinkiz kənara çəkilir. Çinkiz. Hacər xanım, mən haradan sizin oğlunuz oldum. Mən sizin qulluqçunuz kürd qızının oğluyam. Hacər xanım. Ah, Çinkiz, oğlum, məni atəşə yaxma, Yasəmən mənim qulluqçum olmayıbdır, sevkili bacım olubdur. Qəmər. Çinkiz, gəl, su tökəm əl-üzünü yu, yoldan gəlmisən, yorulmusan. Gəl, qardaşım, sonra danışarsan. Çinkiz. Toxda, Hacər xanım, Əlimərdanı ölmüş görüb, mən oğlu Çinkizi Rusiyada bilib buraya gəlməyə cür’ət etmisiniz? Pir baba. Çinkiz, Hacər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə dəxli yoxdur. Çinkiz. Bəs sən Əlimərdanın əmisi deyilsən? Necə qeyrətin qəbul edir ki, onun düşmənlərini qonaq edirsən? Məgər bilmirsən ki, mənim atam Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda, sızlayıb fəryad etməyinə səbəb binamus Şahbaz bəy olmuşdur. Şəmsi bəy. Çinkiz, mən elə fikir edirdim ki, atalarımızın ədavəti biz övladlarına keçməyəcəkdir, çünki hər iki tərəf bir-birlərindən intiqamını almış. Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət, indi görürəm ki, siz başqa fikrə düşmüsünüz, bismillah, mən meydandan qaçan oğlan deyiləm. Çinkiz. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü bürüzə verdi. Şəmsi bəy. Quldurbaşı Əlimərdanın oğlu Çinkiz də öz gədalığını göstərdi. Çinkiz. Mənə gəda deyirsən? Onun üstünə yeriş edir. Zəhra xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında durur. Hacər xanım qışqırıb qaçış edir. Qəmər ağlayır. Zəhra xanım. Çinkiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq olmuşuq, qonağın ehtiramı beləmi olur? Çinkiz (başını aşağı salaraq). Zəhra xanım, məni əfv ediniz, xəcalətimdən üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam. Zəhra xanım. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çinkizi indi tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Hacər xanımdan üzr istəməlisiniz. Çinkiz. Hacər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Hacər də onun alnından öpür.) Hacər xanım. Oğlum, Çinkiz, mənə yenidən ruh verib dirildtdin, allah səni hər bəladan hifz etsin. Qəmər (gedib Çinkizin əlindən tutub Şəmsi bəyə tərəf gəlir). Çinkiz, Şəmsi bəylə də barış. Çinkiz (ona əl verərək). Şəmsi bəy, məni əfv ediniz, o sözləri deməyə ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı, sevkili bacımı, qoca babamı sağ və salamat gördükdə, bixtiyar ömrünü Sibirdə çürüdüb axırı canını namus yolunda fəda edən yazıq atam yadıma düşdü. Özümü saxlaya bilməyib sizlərə biehtiramlıq etdim. Yasəmən (gedib onu qucaqlayaraq). Oğlum, bu sözləri ilə yaralı ürəyimi oxladın. (Ağlayır.) Pir baba. Yasəmən, sakit ol, naşükür olma, Çinkiz kimi oğlun, Qəmər kimi qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çinkiz, bəs mən qoca baban ilə nə üçün görüşmürsən? Çinkiz. Bağışla baba, bu gün özümü başqa halda görürəm. (Gedib onun əllərini öpür.) Qəmər. İndi gəl gedək, su tökəm əl-üzünü yu. Otağa girirlər. Şəmsi bəy. Ana, siz də hazır olun, mən də gedib faytonu qoşdurum. Pir baba. Oğlum, nə tələsirsən, çörək yeyib gedərsiniz. Hacər xanım. Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarında toqquşma ola. Mən də onun fikrinə şərikəm. Yasəmən. İndi Çinkiz nəinki yenidən toqquşmaq, hətta səy edəcəkdir ki, sizin könlünüzü alsın. Pir baba. Yasəmən doğru deyir. Çinkizin ürəyi çox yumşaqdır, heç kəsi özündən incitməz. Zəhra xanım. Biz Çinkizdən rəncidə olmuruq. Ürəyi yanıqlı idi, onun üçün də təbiətindən çıxdı. Sonra peşman olub bizdən üzr istədi. Bu bizə kifayət edər. İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir. Çox mehriban rəftar edibdir. Çinkiz və Qəmər gülə-gülə gəlirlər. Çinkiz. Pir baba, eşitdim səni sultanlıqdan əzl ediblər. Pir baba. Ay oğul, çox da yaxşı ediblər, mənim sultanlığım keçmiş. Cavanlıqda atdığım güllə boşa çıxmazdı, indi isə çox vaxtı ovdan əliboş qayıdıram. Çinkiz. Demək on iki addımda durmuş dovşanı daha vura bilmirsiniz. Gülüşürlər. Zəhra xanım. Şəmsi, payını aldın? Şəmsi bəy. Allah heç kəsi Qəmər bəyimin dilinə salmasın. Qəmər. Allah heç kəsi Şəmsi bəy kimi ovçunun ümidinə qoymasın, çünki şamsız yatar. Gülüşürlər. Çinkiz. Allah heç kəsi Qəmər kimi bacının ümidinə qoymasın, çünki səfərdən gəlmiş qardaşını çaysız qoyar. Qəmər. Bu saat, qardaşım. (Ona çay tökub verir.) Gör bacın sənə badımcandan, pamidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir. Şəmsi bəy. Qəmər bəyim, nə qədər xörək bişirməkdə mahir olsanız, yenə də mənim bacım Zəhraya çata bilməzsiniz. Zəhra xanım. Yəqin yenə də mənim qayğanaq məsələm meydana çıxacaqdır. Şəmsi bəy. Əlbəttə çıxacaqdır. Camaat, bir dəfə çox bərk acmışdım, evdə də Zəhradan başqa heç kəs yoxdu. O da oturub roman oxuyurdu. Dedim, bacım, dur mənə qayğanaq bişir, yeyim. O vaxtı Zəhra xanım təzəcə kimnaziyanı qurtarmışdı. Bacım bişirdi, mən də yedim. Nəticəsi — indi də qayğanağa baxa bilmirəm. Hacər xanım (gülür). Zəhra yumurtanı əvvəl suya salıb sonra yağa tökmüşdür. Gülüşürlər. Şəmsi bəy. Ana, mən bacımın icadının sirrini açmaq istəmədim, sən niyə açırsan? Çinkiz. Pir baba, arıların nə haldadır? Yasəmən. Anan ölsün, hər bal yeyəndə boğazımdan getmirdi. Bilirəm, sən balı çox sevirsən. Pir baba. Oğlum, sənin bəxtindən bu il balım boldur, nə qədər xətrin istəsə ye, qurtaran deyil. Çingiz. Çəbi lələ, get Piri babanın o tə’rifli balından kəs gətir, yeyək. Piri baba. Topal, çökə ağacının altındakı səbətdən kəs gətir. Onun balı çox dadlıdır. Çəbi gedir. Səfa daxil olur. Həcər xanım. Səfa, nə var, xeyir ola. Səfa. Xanım siz gedəndən sonra Şahbaz bəy gəlib çıxdı. Nurəli bəyin evində qumar oynayırmışlar. Ağa gecə də orada yatıb qalıbmış. Məndən soruşdu ki, Həcər xanım və uşaqlar haraya gediblər. Dedim Züleyxa xanımgilə qonaq gediblər, üç gündən sonra gələcəklər. Elə bunu demiş oldum, ağa hirslənib qışqırdı, söyməmiş bir xidmətçi qoymadı. Mənə dedi ki, atı minib çaparsan, harada çatdın qaytararsan. Bu halda ürəyi bitab olub yıxıldı. Qurban həkim dalınca getdi, mən də sizin. Şəmsi bəy. Ana, durma gedək. Ah, atamın köhnə azarı qalxmış. Həcər xanım. Gedək. (Qalxırlar.) Səfa, get faytonun yanında gözlə. Səfa gedir. Piri baba. Allah şəfa versin, daha sizi saxlaya bilmərəm. İnşallah yaxşı olar, yenə mənə qonaq gələrsiniz. Həcər xanım ilə Yasəmən, Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım kənara çəkilib məxfi danışırlar. Çingiz. Zöhrə xanım, siz ilə əlvida edərək yenə də rica edirəm ki, sizə etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız. Zöhrə xanım. Çingiz, mənim qəlbimdə, bilirsən, sənə ədavət yoxdur, başqa bir hiss... Çingiz. Müşkül. Zöhrə xanım. Nə üçün? Çingiz. Çünki çox sədd var... Zöhrə xanım. Ürəyin incə oxları müqabilində elə sədlər durmaz... Çingiz. Ürəyin özünə sədd çəkməli. Zöhrə xanım. O nə üçün? Çingiz. Fələyin istədiyi bu. Həcər xanım. Uşaqlar, gedək. Zöhrə xanım. Əlvida, Çingizim. Çingiz. Əlvida, xəyali-naümidim. Həcər xanım. Xudahafiz. Piri baba. Xudahafiz, yaxşı yol. Gedirlər. Pərdə. * * * Üçüncü pərdə Səhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş. Şahbaz bəy səfərə hazırlaşır. Şahbaz bəy. Xavər, Xavər. Xavər daxil olur. Xavər. Nə buyurursunuz, ağa? Şahbaz bəy. Şəmsi evdədirmi? Xavər. Bəli, evdədir. Şahbaz bəy. Get de, atan çağırır. Xavər. Baş üstə. (Gedir.) Şahbaz bəy (dərman içərək). Bunun əvəzinə bir dəfə zəhər içib bu dünyadan xilas olmağa cür’ət edə bilmirəm. Şəmsi bəy daxil olur. Şahbaz bəy. Oğlum, əyləş, sənə də [?] sözüm çoxdur. Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur, ciyərim xarab, mə’dəm xarab, dilim də gah tutulur, gah açılır. İndi müalicəyə gedirəm. Fəqət sağalmağa ümidim yoxdur. Demək, bir az gec, bir az tez məni qəbrə qoyacaqsan. Sən mənim tək oğlumsan, babalarımızın yurdunun sahibisən. Doğrudur, sənin dövlətinin çoxunu mən tələf etmişəm, qumara vermişəm, kef etmişəm, fəqət, o tələf etdiyimdən ziyada mərhum qardaşım İlyas bəydən sənə dövlət düşəcəkdir. İndi də görüm, dərdin nədir ki, əmin qızı Nəcibəni evdə dustaq etmisən. Şəmsi bəy. Mən əmim qızını dustaq etməmişəm. Şahbaz bəy. Bəs nə üçün evlənmirsən? Özün bilirsən ki, o sənə ad olubdur. Ağıllı, kamallı, qoyulduğu ada layiq Nəcibə bir gözəldir. Belə qızdan nə üçün qaçırsan? Şəmsi bəy. Ata, o tə’rif etdiyin sifətlərin cümləsi əmizadəmdə mövcuddur. Fəqət, yenə də mən özümü və o zağallını bədbəxt etmək istəmirəm. Şahbaz bəy. Səbəb? Şəmsi bəy. Səbəb odur ki, mənim onda könlüm yoxdur. Qəlb istəmədiyi halda nə zövc və nə də zövcə. Şahbaz bəy. İstəmədiyinə səbəb nədir? Şəmsi bəy. Onu ürəkdən sormalı və bir də mən uşaqlıqdan əmim qızı ilə bir yerdə böyümüşəm, mən ona bacı kimi baxıram. Şahbaz bəy. Oğlum, məhəbbət bir yalan şeydir. Onu şairlər icad etmişlər. İsmi var, özü yox. O, bir xəyaldır. Uzaqdan dadlı, nəş’əli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir. Beş gün səfa versə, beş il cəfa verir. Atan onların hamısından keçmişdir. Şəmsi bəy. Demək, qəlb sevmədiyi bir zövcə ilə ömür sürmək, cəfa-bəla deyilmiş, eləmi? Şahbaz bəy. Bilmirəm sən bu arvad taifasına nə böyük mə’na verirsən. Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damağda ol... Şəmsi bəy. Ata, mən onu edə bilməyəcəyəm. Sizin nəzəriniz qadınlara başqa, mənimki başqa. Mən könlüm sevməyəni almayacağam. Şahbaz bəy. Bəlkə, sənin könlün bir kəndlinin, bir hambalın qızını istəyəcəkdir. Şəmsi bəy. Eybi nədir, istər, alaram. Şahbaz bəy. Eybi çoxdur. Şahbaz bəyin gəlini kimin qızıdır. Kəndli Cənnətəlinin?.. Bir özün insaf et, bu mənə yaraşarmı? Onda mən xəcalətimdən məclislərə çıxa bilərəmmi? Tay-tuşlarımın üzünə baxa bilərəmmi? Şəmsi bəy. Ata, siz məni öz getdiyiniz yola də’vət edirsiniz, fəqət mən o yol ilə getməyəcəyəm, çünki nəticəsi gözlərimin önündədir. Şahbaz bəy. Necə? Mən nə fəna iş görmüşəm ki, sən ondan xəcalət çəkirsən? Şəmsi bəy. Ata, mən istəmirəm ki, ata ilə oğlun arasından pərdə götürülsün. Sizin sualınıza cavab versəm, o pərdə götürüləcəkdir. Şahbaz bəy. Ananız Həcər xanımın sə’yi ilə o pərdə siz övladlarım ilə mənim aramdan çoxdan götürülübdür. Siz məni qapımdakı nökərimcən saymırsınız. Şəmsi bəy. Təqsir özünüzdədir. O, məzlumə, bədbəxt anamızı nahaq yerə müqəssir edirsiniz. Şahbaz bəy. Ananız nə üçün bədbəxt olsun? Mən onu hansı xanımdan əskik saxlayıram? Libas almamışam, cəvahirat almamışam? Yoxsa qulluq etməyə xidmətçilər tutmamışam? Hansı şeyi kəsir qoymuşam? Şəmsi bəy. Nəzərinizcə bundan başqa şey qadına lazım deyil? Şahbaz bəy. Mən bilmirəm, sən bilirsənsə de. Şəmsi bəy. Ümdəsi məhəbbət, sonra ərin gözəl, mehriban rəftarı. Bunların hansı sizdə olubdur? Anamız qız ikən pul gücünə, gözü yaşlı özünüzə zövcə etmişsiniz. Sonra gözəl rəftar ilə könlünü alıb özünüzə rağib etmək əvəzinə, həmin bu evi şərabxana, çənkixanə edib, onun incə qadınlıq hissini ayaqlarınız altına salıb tapdalamışsınız. Şahbaz bəy. Yalan! Bunun hamısı Həcərin düzəltməsidir. Məni sizin nəzərinizdən salıb, düşmən etmək fikrindədir. Sizi məndən uzaqlaşdırmağdır. Şəmsi bəy. Bizi sizdən uzaqlaşdıran anamız deyil, sizin fəna əməlinizdir. Uşaq ikən biz bacı-qardaş sizdən bir mehriban söz eşitmədik. Həmişə evə sərxoş gəlmisən, biz də qorxumuzdan qaçıb otağımızda gizlənmişik. Bədbəxt anamız bizi bağrına basıb, biz ilə baham göz yaşı tökübdür. Mən deyərdim, ana, dur buradan qaçaq, deyərdi: Bala, haraya qaçaq, adam da öz evindən qaçarmı, bizə nə deyərlər. Yenə səbir etməli. Anamız bizi bu evdə belə saxlayıbdır. Biz böyüdükdə də tutduğunuz binamus əməllərdən xəcalət çəkib, Şahbaz bəyin övladları olduğumuzu gizlətmişik. Şahbaz bəy. Sus, nadürüst, daha sən mənim övladım deyilsən, çıx, haraya istəyirsən get! Gözümün önündən sürün. (Şəmsi bəy çıxır.) Az qalmışam bunların əlindən baş götürüb yenə Firəngistana qaçam. Səfi bəy daxil olur. Səfi bəy. Dayı, deyəsən yenə Şəmsi ilə sözləşmisən, çox hirsli gedirdi, mənə də məhəl qoymadı. Şahbaz bəy. Gör mənə nə deyir, Şahbaz bəyin övladı olmaqdan xəcalət çəkirəm. Səfi bəy. Odur ki, düşmənimizin oğlu ilə də dostluq edir. Şahbaz bəy. Kim ilə? Səfi bəy. Əlimərdanın oğlu Çingiz ilə. Şahbaz bəy. Nə deyirsən. Çingiz odur Rusiyada. Səfi bəy. Xeyr, Çingiz bir aydır ki, anası, bacısı ilə Piri babanın yanında olur.. Şahbaz bəy. Səfi, Şəmsi Çingiz ilə dostluq etməz. Səfi bəy. Çağırın, mənim yanımda özündən soruşsun. Şahbaz bəy. Xavər, Xavər! Xavər daxil olur. Xavər. Nə buyurursan, ağa? Şahbaz bəy. Şəmsi bəyi buraya çağır. Xavər. Şəmsi bəy getdi. Səfi bəy. Zöhrə xanım evdədirmi? Xavər. Bəli, evdədir. Səfi bəy. Çağır gəlsin. Xavər gedir. Şahbaz bəy. Sən Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan? Səfi bəy. O da qardaşından geri qalmaz. Dayı, Çingizə bir elə tələ qurmuşam ki, əlimdən qurtarası deyil. Çingiz guya gizlin, hökumətin əleyhinə işləyir. Onu həbs edib tutduracağam, həbsxanaya göndərəcəyəm. Yolda guya qaçırdı deyə küllələdəcəyəm, necə tədbirdir. Şahbaz bəy. Çox gözəl tədbirdir. Dayın İlyas bəyin qanını yerdə qoymursan. Zöhrə xanım (daxil olur). Bibioğlu, xoş gəlmisən. Səfi bəy. Sağ ol, dayıqızı... Zöhrə, səndən bir şey barəsində mə’lumat istəyəcəyəm. Rica edirəm düzünü deyəsən, əyləş. Zöhrə oturur. Zöhrə xanım. Demək, məndən silist edəcəksiniz. Səfi bəy. Bəli, buyurunuz görüm, bir ay bundan irəli ananız Həcər xanım, qardaşınız Şəmsi bəy ilə Züleyxa xanımgilə qonaq gedərkən, yoldan dönüb haraya getmişsiniz? Zöhrə xanım. Piri babagilə. Səfi bəy. Doğru! Orada kim ilə görüşmüşsünüz? Zöhrə xanım. Piri baba, Yasəmən və qızı Qəmər ilə. Səfi bəy. Daha kimin ilə? Zöhrə xanım. Onu deməyəm. Səfi bəy. Nə üçün? Zöhrə xanım. Çünki məcburam. Səfi bəy. Sizi məcbur edən kimdir? Zöhrə xanım. Mənim vicdanım. Şahbaz bəy. Xeyr, sənin anan Həcər xanım! Mənim düşmənlərim onun dostudur, dostlarım düşməni. Səfi bəy. Siz demək istəmirsiniz, mən deyərəm. Orada siz bizim nəslimizin düşməni, quldurbaşı Əlimərdanın oğlu Çingiz ilə görüşmüşsünüz, belədirmi? Zöhrə xanım. Elədir. Səfi bəy. Bəs nə üçün bunu demək istəmirdiniz? Zöhrə xanım. Çünki bu yolda tökülən qanı daha kifayət bilirəm. Ataların ədavətinin övladlarına keçməyini artıq bilirəm. Şahbaz bəy. Mənim övladlarımın heç birində qeyrət, namus olmadığını da mən bilirəm. Zöhrə xanım. Ata, qeyrət, namus gözləyən şəxs, gərək bu ədavətin binasını qoymayaydı. Şahbaz bəy. Səsini kəs, Həcərin qızı. Səfi bəy. Dayı, doğru deyirsən, bunların heç birində qeyrət, namus yoxdur. Əmiləri İlyas bəyin qatili Əlimərdanın oğlu ilə dostluq edirlər. Şahbaz bəy. Bunların belə olmağına yenə də Həcər baisdir. Səfi bəy. Zöhrə, bu səfər ikinizin də təqsirindən keçirəm. Bir də Çingiz ilə mülaqat etsəniz, məni əfv edəsiniz, onda sizin ilə başqa cür rəftar edəcəyəm, çünki qulluq qohum-əqraba tanımaz. Zöhrə, onu bil ki, Çingiz hökumətin əleyhinə işləyir, mən onu həbs edəcəyəm. Şahbaz bəy. Sən Gəncədə neçə gün qalacaqsan? Səfi bəy. Üç-dörd gündən artıq dayana bilmərəm. Dayı, vaxt keçir, gedək. Şahbaz bəy. Səfa, Səfa! Səfa (daxil olur). Nə buyurursan, ağa? Şahbaz bəy. Çamadanı götür faytona qoy. (Səfa götürüb aparır). Səfi, halımı görürsən, ata bir yerə gedəndə evini oğluna tapşırar. O da olmasa arvadına, qızına. Həcər xanım məni görmək istəmir. Oğul elə, qız belə. Bunlar hamısı dua edirlər ki, mən bu müalicədən şəfa tapıb salamat qayıtmayam. Zöhrə xanım. Ata, sənin azarının xasiyyəti elədir ki, hamını özünə düşmən hesab edirsən. Xeyr, biz istəyirik ki, sən Gəncədən bu azardan sağalıb salamat gələsən, biz də rahat olaq. Səfi bəy. Dayı qızı doğru deyir, sən əsəbi məcazsan. İnşallah Gəncədən sağalıb gələrsən, bu qara fikirlər də başından çıxıb gedər. Şahbaz bəy. Yenə ümidim sən qızımadır. Xudahafiz. (Onu öpür). Səfi bəy. Dayıqızı, xudahafiz. Zöhrə xanım. Xudahafiz, yaxşı yol. Şahbaz bəy və Səfi bəy gedirlər. Zöhrə xanım (yalnız). Ah... Çingiz, sevgilim, nə üçün mənə qulaq asmadın. Nə üçün məni də, özünü də bəlaya saldın. A...h... səni tutacaqlar, sənə min əziyyət verəcəklər, zindana salacaqlar... Yox, yox, qoymaram, səni cəlladların əlindən alaram... Ya sənlə bir yerdə həbsxanaya gedərəm... Sənsiz mənə dirilik yoxdur. Həcər xanım (daxil olur). Zöhrə, Səfi bəy səni niyə çağırmışdı? Zöhrə xanım. Səfi bəy məndən silis edirdi. Həcər xanım. Nə barədə? Zöhrə xanım. Bizim Çingizlə görüşməyimiz ona mə’lum olmuşdur. Həcər xanım. Nə deyirsən, onu haradan bilmiş? Zöhrə xanım. Bilmirəm, o barədə bir söz demədi. Çingizi həbs etmək istəyir. Həcər xanım. Nə səbəbə? Zöhrə xanım. Səfi bəyin deməyinə görə guya Çingiz hökumətin əleyhinə işləyir. Amma mən buna inanmıram. Bu hiylə ilə onu tələf etmək istəyir. Həcər xanım. Ah, bu nə pis xəbər. Tezliklə Çingizə xəbər verib qaçırmaq lazımdır. Zöhrə xanım. Mən də o fikirdəyəm, ancaq nə yol ilə. Həcər xanım. Əhvalatı Qəmər xanıma yaz, o da Çingizi qaçırsın. Zöhrə xanım. Xeyr, məktubla xəbər vermək qorxuludur, başqa yol aramalı. Həcər xanım. Başqa nə yol var. Onda gərək birimiz gedək. O da qorxuludur. Zöhrə xanım. Qorxulu olsa da məktubdan bu yaxşıdır. O səfərki kimi Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb mə’lum etmək lazımdır. Həcər xanım. İndicə atan yola düşdü. Biz də onun dalınca getsək şübhəyə düşərlər. Zöhrə xanım. Doğru deyirsən. Ona görə sən evdə qal, mən Şəmsi ilə sabah gedərəm. Həcər xanım. Qorxuram ona kimi Çingizi tutalar. Zöhrə xanım. Səfi bəyin Gəncədən qayıtması beş-altı gün çəkər. Həcər xanım. Onda qoy Şəmsi getsin, sənin getməyin artıqdır. Zöhrə xanım. Yox, ana, mən gərək gedəm, Şəmsi bacarmaz. Çingiz ona inanmaz. Mən olsam, Qəmər ilə köməkləşib onu inandırarıq və qaçırdarıq. Həcər xanım. Yaxşı deyirsən, sənin getməyin vacibdir. Şəmsi bəy ovçu libasında, əlində tüfəng, dalınca Səfa daxil olurlar. Şəmsi bəy. Ana, iki günə Züleyxa xalama qonaq gedirəm, izin ver Səfa faytonu qoşub məni aparsın. Həcər xanım. İndi atan getdi, sən də getmək istəyirsən, bəs evdə kim qalsın? Şəmsi bəy. Bəs sən və Zöhrə nədir? Həcər xanım. Biz arvadıq, evi kişisiz qoymaq olarmı? Şəmsi bəy. Ana, sənə söz verirəm ki, iki gündən artıq qalmayam. İndi əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm. Həcər xanım. Onda səbir et, Zöhrə də gedəcəkdir, xalan istəyibdir, onunla gedərsiniz. Heydərqulu daxil olur. Həcər xanım. Heydərqulu, nə var, xeyir ola? Heydərqulu. İnşallah xeyirdir, ancaq Züleyxa xanım bir az nahoşdur, məni göndərdi ki, sizi aparam. Zöhrə xanım. Ana, biz də gedəcəyik? Heydərqulu. Xanım dedi ki, uşaqları da gətirsin. Həcər xanım. Heydərqulu, düzünü de, yoxsa xalam bərk nahoşdur? Heydərqulu. Xeyr, xanım, başınız üçün qorxusu yoxdur, həkim gəlmişdi, dedi soyuq dəyibdir. Üç-dörd günə sağalıb duracaqdır. Həcər xanım. Səfa, tez faytonu qoş. Heydərqulu. Lazım deyil, Züleyxa xanımın faytonunu gətirmişəm, gecə gəlib çıxdım, karvansarada açdım. Həcər xanım. Onda sən get, tez faytonu qoş gətir. Heydərqulu. Baş üstə. Həcər xanım. Heydərqulu, axşama düşmərik ki? Heydərqulu. Xeyr, xanım, axşama beş saat qalmış orada olacağıq. Faytona dörd at qoşmuşam, ancaq yarım saatlıq Piri babagilə dönəcəyəm. Xanım üçün göyərti aparacağam. Həcər xanım. Çox yaxşı, get. (Heydərqulu gedir). Səfa, evi sənin ümidinə qoyuram, yaxşı muğayat ol. Səfa. Arxayın ol, xanım. Həcər xanım. Get Xavərə de, bizim üçün dəyişəcək hazır etsin. Səfa gedir. Şəmsi bəy. Ana, bu çox yaxşı oldu, hərgah bu gün özümüzü Piri babaya yetirməsək, Çingizi tutacaqlar. Zöhrə xanım. Onu sənə kim dedi? Şəmsi bəy. Səfi bəy. Həcər xanım. Səfi bəy ilə sən haçan görüşdün? Şəmsi bəy. Bir az bundan irəli. Zöhrə xanım. Nə deyirsən, Səfi bəy atam ilə Gəncəyə getmədimi? Şəmsi bəy. Xeyr, Səfi bəy Gəncədən kağız aldı, oxuyandan sonra qalmalı oldu. Atam tək getdi. Həcər xanım. Səfi bəy sənlə daha nə danışdı? Şəmsi bəy. Mənə böyük divan qurmuşdu. Dedi: Zöhrə ilə də danışmışam. Mən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim. Hətta Çingiz ilə sözləşdiyimi də ondan gizlətmədim. Dedim, hərgah mən biləydim ki, Çingiz oradadır, heç vaxtı Piri babagilə getməzdim. Mən sə’y edirdim ki, onu inandırım ki, fikrini açdırım. Məni tə’rif edib dedi: Mən bilirəm ki, sən qeyrətli oğlansan, bizi bacın Zöhrə kimi düşmənə satmazsan. Heydərqulu (daxil olur). Faytonun hazırdır. Həcər xanım. Uşaqlar, gedək. Gedirlər. Pərdə. * * * Dördüncü pərdə Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır. Qəmər (məktubu əlinə götürüb). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda mə’lum olar. Yox, özgənin məktubunu oxumaq qəbeh şeydir. Qoy başını açıb oxuyum, onda mə’lum olar, dalını oxumaram. (Məktubu paketdən çıxarıb oxuyur.) «Ey qəlbimin sultanı, sevgili Çingizim!» Aha, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir. Gərək oxuyam. (Oxuyur). «Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, daxi səbir edə bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə rəhmin gəlsin». Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə imiş. Çingizə ah çəkdirən nə imiş. (Məktubu gizlədib kağız yazır.) Zöhrə xanım, məktubu belə yazırlar, özü də şe’r ilə. Yasəmən (içəridən). Qəmər, Qəmər! Qəmər. Gəlirəm. Gedir. Çingiz otaqdan çıxır, masaya tərəf gəlir. Qəmərin yazdığı kağızı əlinə götürür. Çingiz. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb. Deyəsən şe’rdir. (Oxuyur). Ey gərdişi ədalı Şəmsi, Ey fəzanın nazlı sultanı. Kainatı şad edən sənsən, Cahana nur verən sənsən. Ziyan ilə yaşar. Qəmə mübtəla Qəmər. Ha-ha-ha... Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır. Qəmər. Başqasının məktubunu oxumaq qəbeh şeydir. Belədirmi, bəradərim Çingiz? Çingiz. Elədir, bacım Qəmər. Qəmər. Bəs nə üçün oxuyursunuz? Çingiz. Çünki məktub deyil, şe’rdir. Şair şe’r yazır ki, insanlar onu oxuyub ləzzət aparsınlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şe’rlərlə sən ədəbiyyatımızda yeni bir çığır açırsan. Daha bundan sonra şe’rdə nə qafiyə, nə mə’na lazım deyil. Qəmər. Necə? Mənim şe’rimdə mə’na yoxdur? Çingiz. Mən ki tapa bilmirəm. Bəlkə özünüz o pünhan mə’nanı izhar edəsiniz. Qəmər. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şe’rinin mə’nasını anlamağa sən hələ xamsan, püxtə olmağa çox səfər gərək... Çingiz. Qəmər! Qəmər. Bəli. Çingiz. Gözlərimə bax. Qəmər (onun gözlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir. Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsəyəndə başqa lətafət, başqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə həsəd aparır. Çingiz. Ha-ha-ha... Qəmər. Bax belə, qaşqabağını tökəndə üzün Çəbi lələnin külümsəməsinə bənzəyir. Çingiz. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə. Qəmər. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən məndən min səkkiz yüz saniyə böyüksən. Çingiz. Ha-ha-ha... Qəmər, bu gün mən sənlə bacarmayacağam. Ona görə rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa mane olmayasınız. Qəmər. Çingiz, daha zarafatı buraxdım. Çingiz. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm. Qəmər. Məsələn... Çingiz. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində nə olsa açıb mənə söyləyərdin. Məndən gizlin bir sirrin olmazdı, indi isə onu görmürəm. Qəmər. Mən də səndə təğyir görürəm. Çingiz. Məsələn... Qəmər. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən. Çingiz. Elə bu? Qəmər. Bəli, elə bu! Çingiz. Mənim ulduza baxmağımda sən nə sirr görürsən? Qəmər. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan? Çingiz. Çünki o ulduz qeyrilərindən parlaqdır. Mən onu çox sevirəm. Qəmər. Elə mən də bunu bilmək istəyirdim. O ulduzun adı nədir? Çingiz. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər. Qəmər. Daha adı yoxdur? Çingiz. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adına da Diana deyirdilər. Qəmər. Bəs, ərəblər o ulduza nə deyirlər? Çingiz. Bilmirəm, gərək ki... Zöhrə. Qəmər. Ha-ha-ha... gərək ki ...Zöhrə. Çingiz (açıqlı). Çəkil! Qəmər. Gedirəm, gedirəm, açığın tutmasın. Bir az gedib dayanır. Çingiz başını əlləri ilə tutub fikrə gedir. Qəmər gizli dalından onun boynunu qucaqlayıb saçlarından öpür, qaçır. Çingiz. Qəmər. (Qalxıb otağına gedir.) Qəmər (yalnız). Ey zavallı qardaşım, görürəm, aslan ürəyini eşq atəşi yandırır. Söndürmək istəyirsən, fəqət bacarmırsan. Çünki atəş bütün vücudunu almış, damarlarına yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacın Qəmər də Şəms oduna yanır. Yasəmən və Piri baba komadan çıxırlar. Yasəmən. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi? Qəmər. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı. Piri baba. Əlbəttə, yaxşı olardı, yoxsa səhərdən axşama kimi kitabdan əl çəkmir. Yasəmən. Çingiz. Çingiz otaqdan çıxır. Çingiz. Ana, mən gedə bilməyəcəyəm. Yoldaşım gələcəkdir, onu gözləyirəm. Qəmər. Ana, yalan deyir, getmək istəmir, yoldaşını bəhanə gətirir. Çingiz. Qəmər, indi də məni yalançı edirsən? Çox sağ ol. Mən səni belə bivəfa bacı bilmirdim. Get, get... Qəmər (əlindən tutub). Yox, yox, mən bivəfa bacı deyiləm. Şəms ilə Qəmər altında mənimtək bacı tapa bilməzsən. Çingiz. Bu gün Şəms ilə Qəmər dilindən düşməyir. Bu nə sirdir. Qəmər. Çünki... xudahafiz. Ana, gedək. Gedirlər. Piri baba. Ay oğul, bir belə nə oxuyursan? Çingiz. Piri baba, tibb çox çətin elmdir, gərək həmişə mütaliə edəsən. Piri baba. Həkimlik çətin isə də gözəl sənətdir. İnsanlara böyük xidmət edir. Çingiz. Piri baba, mənim fikrim odur ki, həkimliyi qurtarandan sonra gəlib kənddə oturam, kəndlilərə kömək edəm. Piri baba. Çox gözəl fikirdir, Allah sənə tövfiq versin. Bu halda Həcər xanım, Şəmsi bəy, Zöhrə xanım və Heydərqulu daxil olurlar. Piri baba. Həcər xanım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurunuz, buyurunuz... Çingiz onlara əl verir. Həcər xanım. Bəs Yasəmən və Qəmər hanı? Çingiz. Onlar indicə meşəyə gəzməyə getdilər. Həcər xanım. Oğlum, bəs sən nə üçün getməmisən? Çingiz. Mən məktəb yoldaşım Fərmanı gözləyirəm, onunla dərslərimizi mütaliə edəcəyik. Şəmsi bəy. Ana, mən də meşəyə gedirəm. Həcər xanım. Get. Yasəmənkilə də xəbər et, gəlsinlər. Vaxt yoxdur, tez gedəcəyik. Şəmsi bəy gedir. Piri baba. Niyə o səfərki kimi tələsirsiniz? Həcər xanım. Xalam nahoşdur, Heydərqulunu bizim dalımızca göndəribdir. Piri baba. Allah şəfa versin. Heydərqulu, Züleyxa xanımın nahoşluğu nədir? Heydərqulu. Soyuq dəymədir, qorxusu yoxdur. Piri baba, xanım mənə göyərti tapşırmışdır. Piri baba. Get xanıma nə lazımdır yığ. Heydərqulu gedir. Həcər xanım. Piri baba, içəri gedək, sizə deməli sözüm var. Komaya girirlər. Zöhrə (Çingizin əlindən tutub). Çingiz, səni demək lazımdır. Çingiz. Dey. Zöhrə. Səni sevmək lazımdır. Çingiz. Sev. Zöhrə. Bəs sən. Çingiz. Əfsus ki, mən də sevirəm. Zöhrə. Nə üçün əfsus, Çingiz, məhəbbət bir elə dövlət, bir elə ne’mətdir ki, Allah onu ən bəyəndiyi dostuna bəxş edir. Çingiz. Görünür ki, mən onun dostu deyiləm. Dosta bir belə bəla, cəfa vermək rəvadırmı? Zöhrə. Çingiz, bəlanı, cəfanı özünə, sən özün çəkdirirsən. Nə üçün mənim kimi ürəyinin dalınca getmirsən? Çingiz. Çünki mane olan səbəb çoxdur. Zöhrə. Bilirəm, yenə deyəcəksən sən düşmənimiz Şahbaz bəyin qızısan. Sən bir bəy qızı, mən bir rəiyyət oğlu. Çingiz, məhəbbət aləmində bəy, qəda yoxdur, mən səni sevirəm, sən də məni. Başqaları bizə nə lazımdır? Mən məhəbbət uğrunda hər şeydən keçərəm. Mən səninlə haraya istəyirsən getməyə hazıram. Bir başqa ölkəyə gedək, orada bəxtiyar yaşayaq. Çingiz. Zöhrə, nə demək istəyirsən? Zöhrə. Onu demək istəyirəm ki, bu gün səni həbs edəcəklər, gəlmişəm səni xəbərdar edəm. Çingiz. Məni kim həbs edəcəkdir? Zöhrə. Qəza naziri Səfi bəy. Çingiz. Səfi bəy məni nədə müqəssir edir? Zöhrə. Guya sən hökumətin əleyhinə işləyirsən. Çingiz. A... bu hiylə ilə Səfi bəy məni tələf etmək istəyir. Sən bunu kimdən eşitmisən? Zöhrə. Səfi bəy özü dedi. Keçən səfər buraya gəlməyimiz ona mə’lum olmuşdur. Məndən və Şəmsidən böyük silist etdi və tapşırdı ki, sənlə əlaqə etməyək, əks halda bizi də həbs edəcəkdir. İndi gəlmişik səni xəbərdar edib qaçırdaq. Çingiz. Zöhrə, sizin bu fədakarlığınızı ölənə kimi unutmaram. Əlalxüsus Şəmsi bəyi, onda siz buradan tez gedin, yoxsa fəlakətə düşərsiniz. Zöhrə. Anamgil getsin, mən getməyəcəyəm. Çingiz. Nə üçün? Zöhrə. Ah, Çingiz... görünür, sən mənim məhəbbətinə inanmırsan, inansaydın, bu sualı mənə verməzdin. Sən fəlakətə düşdükdə, mən kənardanmı baxım? Çingiz. Zöhrə, ağıllı ol, elə iş etmə, nahaq yerə özünü bəlaya salma. Zöhrə. Aqil olub qorxaqlar tək canımı salamat saxlamaqdan, eşq cünunu olub sevgilim ilə həbsxanaya düşməyi daha əfzəl bilirəm. Çingiz. Zöhrəm, ey parlaq ulduzum, sənə and içirəm ki, əgər bu baladan xilas olaramsa, sənin arzunu yerinə yetirərəm. Şəmsi bəy, Qəmər və Yasəmən daxil olurlar. Qəmər Çingizin boynunu qucaqlayıb ağlayır. Çingiz. Ay dəli bacım, nə üçün ağlayırsan? Qəmər. Ah, səni tutmaq istəyirlər, zindana salmaq istəyirlər. Yox, yox, qoymaram. Səni heç kəsə vermərəm. Çingiz. Qəmər, sakit ol, görürsən qardaşını nə tutublar və nə də həbsxanaya salıblar. Yasəmən. Çingiz, əhvalatı bilirsənmi? Çingiz. Bilirəm, Zöhrə xanım söyləyibdir. Qəmər (Zöhrə xanımı öpərkən). Zöhrə, bizə etdiyin yaxşılığı ölənə kimi unutmaram. Yasəmən. Bəs Həcər xanım hanı? Zöhrə. İçəridə, Piri babanın yanındadır. Yasəmən içəri girir. Çingiz. Şəmsi bəy, bu gün siz bir yaxşı insan olduğunuzu mənə sübut etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil. Şəmsi bəy. Mən özümü sizə düşmən hesab etmirəm və sə’y edirəm ki, ataların ədavəti biz övladlarına keçməsin. Çingiz. Mən də o fikirdəyəm. Piri baba, Yasəmən və Həcər xanım komadan çıxırlar. Həcər xanım. Oğlum, Çingiz, biz qocalar belə qət etdik ki, səni özümüz ilə aparaq. Zöhrə. Çox gözəl fikirdir. Şəmsi bəy. Ondan başqa çarəsi yoxdur. Çingiz. Mənim barəmdə etdiyiniz fədakarlıqdan artıqca məmnun olub təşəkkür edirəm. Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam. Həcər xanım. Nə üçün? Çingiz. Çünki sizləri də fəlakətə salmaq istəmirəm. Bu saat mənim yoldaşım Fərman gələcəkdir. O, Kiyevə qayıtmaq istəyir, mən də onunla gedərəm. Yoxsa burada qalsam, məni arayıb taparlar. Piri baba. Çingizin fikrini mən də bəyənirəm. Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın. Həcər xanım. Onda, uşaqlar, gedək. Zöhrə xanım. Ana, mən Qəməri tək qoymaq istəmirəm. İzin ver, bu gecə burada qalım. Həcər xanım. Yox, izin verə bilmərəm. Çingiz gedəndən sonra gəlib nə qədər istəsən qalarsan. Heydərqulu daxil olur. Heydərqulu. Həcər xanım, gedək, yoxsa Züleyxa xanım təşvişə düşəcək ki, nə üçün gec gəldilər. Həcər xanım. Gedək. Salamat qalınız, Allah sizə yar olsun. Piri baba. Allah sizdən razı olsun, mən qocanı yaddan çıxarmırsınız. Zöhrə Qəməri qucaqlayıb ağlayır. Qəmər. Qəm etmə, inşallah yenə görüşəcəyik. Şəmsi bəy (Qəmər əvəzinə Zöhrəyə əl verib). Qəmər bəyim, xudahafiz. Qəmər. Ha-ha-ha... Yasəmən. Yenə nəyə gülürsən, a dəli qız? Qəmər. Necə gülməyim, Şəmsi bəy Zöhrəyə əl verib deyir: Qəmər bəyim, xudahafiz. Gülüşürlər. Piri baba. Qəmər yaxşı etdi ki, bizi güldürdü. Səfərə gedəni gülərüzlə yola salmalı. Həcər xanım. Xudahafiz. Gedirlər. Çingiz. Qəmər, cəld çamadanı içəridən gətir. Kitablarımı qoy, çamaşırlarımı gətir. Qəmər gedib gətirir. Yasəmən. Anan ölsün, zalımlar səni qoymadılar bu üç ay yayı rahat yeyib-içib, gəzəsən. Çingiz. Qəm etmə, ana, bu gün-sabah həkim olub gələcəyəm və sizləri götürüb başqa bir şəhərdə təbiblik edəcəyəm. Qəmər, kitabları altdan qoy, çamaşırlarımı üstdən. Səfi bəy iki strajnik ilə daxil olur. Yasəmən. Uy, bizdən nə istəyirsiniz, niyə gəlmisiniz? Səfi bəy. Bu quldur yuvasını dağıtmağa gəlmişəm. Bunu mən gərək iyirmi il bundan əqdəm edəydim. Piri baba. Onda edə bilməzdin, çünki Əlimərdan sağ idi. Səfi bəy. İndi oğlunu da onun yanına göndərərəm. Çingiz. Səfi bəy, küy-qalmaqal edib nə üçün arvadları qorxudursan? Nəyə gəlmisiniz? Səfi bəy. Onu həbsxanada bilərsən. Qaçmağa hazır olmağından görünür mənim gəlməyimi sənə mə’lum etmişlər. Piri kişi, siz ilə işim sonradır. Çingizi alın. Yasəmən (Səfi bəyin qabağında diz üstə çökür). Səfi bəy, məni balalarının başına çevir, oğlumu əlimdən alma. Çingiz. Ana, qalx, belə alçaqların önündə diz üstə çökmə. Strajniklər Çingizi araya alırlar. Qəmər Çingizdən yapışır. Qəmər. Qoymaram. Səfi bəy. Əllərinə qandal vurun. Qəmər Çingizin əllərindən tutur. Qəmər. Qoymaram. Çingiz. Bacım, sakit ol, qoy vursunlar. Qəmər. Səfi bəy, məni qardaşım ilə bərabər zindana apar. Səfi bəy. Əlimərdandan törəyən ya quldur olar, ya üsyançı. Səbir et, sən də oraya gedəcəksən, anan da, bu Piri baba da. Piri baba. Qəmər, Yasəmən, Çingiz, belə şəxsə yalvarmaq lazım deyil. Səfi bəy, fələyin işini bilmək olmaz, bu günkü şad sabah ağlar. Bu günkü hökm edən baş, sabah ayaqlar altında tapdalanar. Səfi bəy. Sus, qoca kaftar, yoxsa o ayaqlar altında tapdalanan baş, öz başın olacaqdır. Yasəmən (Çingizin boynunu qucaqlayaraq). Oğlum, kaş anan kor olaydı, səni qolu bağlı görməyəydi. Çingizi aparırlar. Çingiz. Qəmər, haraya gəlirsən? Qəmər. Mən də səninlə gedirəm. Çingiz. Bacım, qayıt. Piri baba gedib onu qucaqlayıb qoymayır. Səfi bəykil qapıdan çıxıb gedirlər. Qəmər (qışqırır). Baba burax, yoxsa özümü öldürərəm. Piri baba. Yasəmən, gəl qızını qoyma, mən bacarmıram. Yasəmən. Qızım, sakit ol, Allah kərimdir, qardaşın tezliklə qurtaracaqdır. Qəmərin ürəyi bitab olur. Yasəmən üzünə su çırpır. Cəbi (daxil olur). Qəmərə nə olmuş? Yasəmən. Cəbi, Çingizi Səfi bəy tutub həbsxanaya apardı. Cəbi. Nə deyirsən, çoxdanmı getdilər? Yasəmən. Elə indicə. Cəbi. Bu saat Çingizi burada görərsiniz. Mən getdim. (Çəld qapıdan çıxır). Qəmər (zəif səslə). Ana, Cəbi lələ nə deyirdi. Yasəmən. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm. Piri baba. Özünü nahaq yerə ölümə verəcəkdir. Bir tək Cəbi üç müsəllah adamın əlindən dustaqmı ala bilər?! Yasəmən. Cəbi Çingizi çox istəyir. Doğrudan da onun xilası üçün özünü ölümə verəcəkdir. Qəmər. Cəbi lələni mən də çox istəyirəm. Ürəyi çox nazik insandır. Bizim cümləmizi çox istəyir. Bu halda bir neçə tüfəng açılır. Yasəmən. Aman, ya rəbb, bu güllələri Cəbi lələyə atdılarmı? Qəmər. Yazıq lələ, səni cəlladlar öldürdülərmi? Piri baba. Demədimmi nahaq yerə özünü küdaza verəcəkdir, qoy gedim görüm necə oldu? Qəmər. Yox, baba, qoymaram, səni də öldürərlər. Piri baba. Mənim diri qalmağımdan nə fayda var. Cavanları gora göndərib, mənmi sağ qalacağam? Yasəmən. Piri baba, biz iki arvadı pənahsızmı qoymaq istəyirsən? Qəmər. Ah!.. Bu çərxi-fələk biz zavallıdan nə istəyir? (Ağlayır.) Bu halda Əlimərdan çiynində tüfəng, döşündə iki qatar patrondaş daxil olur. Yasəmən (cəld qalxıb ona tərəf gedir). Sən... Kimsən?.. Əlimərdan. Kürd qızı, məni tanımırsan? Yasəmən (qışqırıb onun üstünə atılır). Əlimərdan! Piri baba. Yasəmən, nə deyirsən? Ölü də dirilərmi? Əlimərdan. Əmi, ölü dirilməz, Əlimərdan dirilər. Piri baba (onu qucaqlayıb öpür). Əlimərdan, gör Qəmərin nə gözəl qız olmuş. Əlimərdan (onu öpərkən). On beş ildir ki, sizdən ayrılmışam. Qızım, mənsiz gününüz necə keçir, düşmənlərim sənə sataşmamışlar ki? Qəmər. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş olaydın. Çingizimi məğrur düşmənin əlindən alaydın. Əlimərdan. Qəm etmə, qızım, məğrur düşmən cəvasına çatdı. Qardaşın bu saat gələr. Çingiz, İbad və Cəbi lələ daxil olur. Qəmər. Çingiz gəldi (gedib boynunu qucaqlayır). İbad. Qəmər, məni tanımırsan? Qəmər. Ah, İbad dayım. (Onu qucaqlayır.) Yasəmən. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır). İbad. Bacım, nə üçün ağlayırsan? Yasəmən. Necə ağlamayım. Sizin ikinizin də ölüm xəbəri gəlmişdi. İndi bizim üçün yenidən dünyaya gəlmisiniz. İbad. Bacım, o sizə yalan xəbəri çıxaran Səfi bəy də, bizi bu bəlalara salın Şahbaz bəy də cəzalarını aldılar. Bacı, görməli idin Şahbaz bəy necə ayaqlarıma düşüb yalvarırdı ki, məni öldürmə, onsuz da mən bidərman azara düşmüşəm, bu gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin beş gülləsini də onun ürəyinə boşaltdım. Ruhun şad olsun, ey qeyrətli nişanlım Qəmər, İbad intiqamını düşməndən aldı. Çingiz. Qəmər, hərkah Cəbi lələ tez atamkilə xəbər verməsəydi, indi məni burada sağ görməyəcəydin. Qəmər. Sağ olsun, Cəbi lələ. Piri baba. Məgər sizin gəlməyinizi Cəbi bilirdi? İbad. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin. Əlimərdan. Topal, al bunu! (Pul verir). Cəbi. Sağ ol, sahib. Əlimərdan. Kürd qızı, mən gəlmişəm sizi aparmağa, tez ol hazırlaş, bu ittifaqdan sonra sizi burada qoymaq olmaz. Yasəmən. Bizi haraya aparacaqsan? Əlimərdan. İrana, Arazın o tayına. Yoldaşlarım bu saat meşədə gözləyirlər. Gərək sübh açılınca İran torpağında olaq. Daha durma, cəld ol! Bir dəst paltardan və dəyişəkdən savayı heç bir zad götürmə. Uşaqlar, siz də gedin üst paltarlarınızı götürün. Çingiz və Qəmər gedirlər. İbad. Piri baba, sən də hazır ol. Piri baba. Mən bu sinnimdə hara gedib çıxaram. İbad. Piri baba, qorxuram sənə əziyyət verələr. Əlimərdan. Mənim qorxumdan heç kəs əmimə əziyyət verə bilməz, ancaq uşaqlar gedirlər, ona burada kim qulluq edəcəkdir. Piri baba. Oğlum, Cəbini də aparırsan? Əlimərdan. Yox, Cəbi burada qalacaqdır. Piri baba. Onda məndən arxayın ol. Əlimərdan. Əmi, qorxma, uşaqları İranda qoyub özüm dəstəm ilə bu taya keçəcəyəm. Mənim hənirtim gələn yerdə heç kəs cür’ət edib sənə yaxın düşə bilməz (Yasəmən, Çingiz və Qəmər gəlirlər). Daha durmayın, gedək. Cəbi lələ əlində bir dəsmal xiyar gəlir. Əlimərdan. Topal, o nədir? Cəbi. Xiyardır, sahib, uşaqlara yığmışam, yola götürsünlər. Qəmər. Sağ ol, Cəbi lələ, bax, Piri babadan muğayat ol. Əlimərdan. Daha durmayın, gedək! Topal, şeylərdən götür. Əmi, xudahafiz, qəm etmə, yenə görüşəcəyik. Piri baba ilə xudahafizləşib gedirlər. Piri baba (yalnız). Komanın bülbülləri uçub getdi. Pərdə * * * Beşinci pərdə Birinci şəkil Dördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür. Qəmər. Seyrə çıxanın cümləsi gərək işləsin. Şəmsi, belədirmi? Şəmsi. Bəli, elədir. Qəmər. Onda dinləyin, hər birinizin vəzifəsini deyim: sən, Zöhrə, burada qalıb süfrəni hazır edəcəksən, əti kabablıq doğrayıb, düzlayacaqsan. Zöhrə. Əti mən tək necə doğrayacağam? Qəmər. A Zöhrə xanım, deyək ki, gimnaziyada sənə qayğanaq bişirməyi öyrətməmişdilər, onun üçün də yumurtanı suya salıb sonra yağ tökmüşdün. Bəs ət doğramağa nə deyirsən? Gülüşürlər. Zöhrə xanım. Canım, bir insaf edin, tək adam necə ət doğraya bilər? Gərək biri əti tutsun, o biri bıçaq ilə kəssin. Cəbi lələ, belədirmi? Cəbi. Bəli, xanım, elədir. Siz zəhmət çəkməyin, azardan yeni durmusunuz. Mən bunların hamısını düzəldərəm. Qəmər. Cəbi lələ doğru deyir. Zöhrə, sən balışını başının altına qoy uzan, kitab oxu. Biz də sənin əvəzinə işləyərik. Cəbi lələ, sən meşədən odun gətir, ocaq qala, biz də Şəmsi ilə kabab üçün çubuq kəsək, şiş hazır edək. Şəmsi, tüfəngini götür, bəlkə bəxtimiz gətirdi, rastımıza ov çıxdı, sən də atıb səhvən vurdun. Gülüşürlər. Zöhrə. Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbmı? Qəmər. Xeyr, heç vaxtı çıxmaz, hazır ol! İrəli arş! Gedirlər. Zöhrə (yalqız). Gedin, ey iki bəxtiyar cavan. Siz də mənimlə baham bu üç il qanlı toqquşma, vuruşma içində min dürlü əziyyət, məşəqqət çəkdinizsə də axırda məramınıza nail oldunuz. Bu gün-sabah iki xoşbəxt quşçuğaz kimi uçub özünüz üçün yeni bir yuva tikəcəksiniz. Orada şad və xürrəm ömür sürəcəksiniz. Fəqət mən, vərəmli qızçığaz, öz arzuma çatmayıb, eşq atəşində şam tək əriyib, bu gün-sabah sönəcəyəm. Ey fələk, tökdüyüm bu qanlı göz yaşıma rəhm et, ya vüsala tez yetir məni, ya al bu canımı. Çingiz, sevgilim, tam üç ildir ki, səndən bir xəbər yoxdur. Məni ölmüş sanıb cəlayi-vətən oldun. Haradasan, ey cəfalı, ey bəlalı aşiqim? Zöhrənin naləsini eşidirsənmi? Ah, ürəyim gedir. Yerə yıxılıb qəşş edir. Səhnə bir müddət sükut içində qalır, sonra Çingiz səyyah libasında, əlində bir əl çamadanı daxil olur. Bulaqdan su içir. Çingiz. Ah, nə sərin, nə dadlısan, ey vətənimin gözəl çeşməsi! Ölmüş ruhuma, yorğun cismimə yenidən bir həyat verdin. Nə həzin sədan gəlir, ey sevimli bulağım! Səni bir nazənin pəri çox sevərdi. Məni tez-tez buraya gətirərdi. Ah, xatıratım məni boğur. Zöhrəm, ey parlaq ulduzum, nə tez söndün! Çingizin gəlmiş məcnun tək məzarını qucub, yorğun ruhunu, sınıq qəlbini sənə təslim etsin. (Bülbül oxuyur.) Ötüş, ötüş ey mənim tək möhnəti-yardan fəğan eyləyən bülbül, ey həmdərd rəfiqim! Bu bahar aləmi içrə insanlardan uzaq, yar üçün nalə etməkdə yalnız deyilsən (Zöhrəyə tərəf gedir, onu görüb). Ah, bu röyamı, ya həqiqətən Zöhrəmi burada yatmış görürəm?! Ya rəbb, bu nə sirr? Demək, Zöhrə ölməmiş, İrana yalan xəbər gəlmiş. Ah, nə böyük səadət! Qoy oyadım. Nə şirin yuxuya batmış. Yox, oyatma, qoy bir qədər yatsın. Ah, şair nə gözəl deyir: Əsmə, dur! Əsmə, ey nəsimi-bahar! Uyuyor yari-işvəkar uyuyor. Dalğalandığda zülfi-zərrin tar Sarıyor pənbə hüsnü altın nur. O gözəl çöhrənin əsiri ikən. Əcəba qısqanırmısan məndən? Əsmə, dur, dur! Burax, burax uyusun. Nobaharın bu nəvənin qızını. Ötüşən quşlar! İştə siz də susun! Susun artıq! Bu Zöhrə yıldızını Seyr edin iştiyaqü həsrət ilə. Bu gözəl ləvhə sonra düşməz ələ. Günəş! Ey xilqətin gözəl gəlini! Uyuyor, iştə nazlı həmşirən! Sən də dur! Saçma bir ziyalərini, Sən də bir an üçün çəkil, gizlən! Bir az əylən bulutlu dünyada, Mane olma bu tifli-nevzadə. Uyuyor... uf! Ey bəlalı könül, Çırpınıb durma! Sən də sus artıq, Vurma sus! İştə susdu həm bülbül! Dur, həyatım da getsə dur azacıq, Uyuyor çünkü aşinayi-xəyal, Uyuyor çünkü qayeyi-amal, Zöhrə (oyanır). Ah, məni öldürmə. Çingiz. Zöhrə, ey mənim sevimli dilbərim! Məni tanımırsanmı? Zöhrə. Ah, Çingiz! (Boynunu qucaqlayıb ağlayır.) Çingiz. Nə üçün ağlayırsan, ey parlaq ulduzum? Zöhrə. Nə üçün ağlamayım, tam üç ildir ki, fərağ oduna yanıb nalə etmişəm. İndi bu tökdüyüm göz yaşı vüsal üçündür. Mane olma. Çingiz. Zöhrə, sən dirilmişsən, ah nə böyük səadət! Zöhrə. Ölən mənim əmim qızı Nəcibə idi. Kim isə sizə yanlış xəbər vermişdir. Çingiz. Ah, Zöhrəm, bilirsənmi mən nələr çəkmişəm?! Ölüm xəbərin gəldikdə özümü həlak etmək istədim. Qəmər mane oldu. Sonra atam və dayım tutulub qətl olundular. Mən də İrandan qaçıb əcnəbi ölkəyə getdim. Almaniyada həkimliyi bitirdim. Fikrim bu idi ki, heç vətənə qayıtmayım, çünki sənsiz vətən mənə viranə idi. Fəqət dözə bilmədim, torpaq məni çəkib gətirdi. Zöhrə. İndi bizi bir-birimizdən ancaq qəbir ayıra bilər. Çingiz. Xeyr, o da bacarmaz! Mən sənsiz diri qalmaram. Zöhrə, səni gördükdə cümləni unutdum, başqalarını soruşmadım. Zöhrə. Hamımız salamatıq. İndi biz burada yaşayırıq, çünki Züleyxa xalam vəfat etmiş, mülkü anama qalmışdır. Çingiz. Bəs, sən tək-tənha burada nə qayırırsan? Zöhrə. Şəmsi ilə Qəmər, məni, kefimi açmaq üçün buraya seyrə gətiriblər. Onlar meşəyə getmişlər. Çingiz, Şəmsi ilə Qəmər nişanlıdırlar. Yaxında toyları olacaqdır. Çingiz. Biz də edərik, bəlkə... Zöhrə. Nə? Çingiz. Başqasına söz vermisən? Zöhrə. Çingiz, məni elə bivəfa sanırsan? Çingiz. Əfv et, gözəlim, mən zarafat edirəm. Zöhrə. Sənin gəldiyindən anamkilin xəbəri varmı? Çingiz. Xeyr, kimsə bilmir. Burdan gəldim ki, bulaqdan su içib evə gedəm. Zöhrə. İndi Qəmərkil gələcəklər. Gəl ona kimi süfrəni hazır edək. Əti doğrayaq, Çingiz. Çox gözəl. Süfrəni salıb boşqabları düzürlər. Zöhrə. Fələyin işini bilmək olmaz. Bir az bundan irəli dünya mənim üçün bir cəhənnəm idi, indi isə istəyirəm, onu qucub öpəm. Çingiz. Mənçə səadət ibarətdir məhəbbətdən. O olarsa, dünya bir cənnətdir, olmazsa yaşamağın mə’nası yoxdur. Zöhrə. Mən də o fikrə şərikəm. Çingiz. Hazır etdik, indi sən dur get yat. Kuya mənim gəlməyimdən xəbərin yoxdur. Görək Qəmər nə edəcəkdir. Yəqin gedib səni oyadacaqdır. Sən oyandığda mənə məhəl qoyma. Zöhrə. Yaxşı deyirsən. Qəmər. Cəbi lələ au-u-u... Çingiz. Zöhrə, tez ol, yat. Zöhrə gedib ağacın dalında uzanır. Qəmər. A-u-u-u... Çingiz. A-u-u-u... Şəmsi bəylə Qəmər gəlir. Qəmər (Çingizi görməyib). Ay sağ ol, Cəbi lələ, hər şeyi hazır edibdir. Çingiz. Siz də sağ olunuz, ay mənsiz seyrə çıxan cavanlar. Qəmər. Çingiz! (Atılıb boynuna sarılır, buraxmaq istəməyir). Çingiz. Bacım, qoy Şəmsi ilə də görüşüm. Qəmər. Doğrudan sən Çingizsən? Çingiz. Xeyr, mən Çingizin kölgəsiyəm. (Şəmsi ilə öpüşürlər). Qəmər Şəmsini kənara çəkib pıçıldaşırlar. Çingiz. Orada nə pıçıldaşırsınız? Qəmər. Çingiz, sənə bir xəbər verəcəyəm, amma deməyə qorxuram. Çingiz. Qorxma, bacım, de. Qəmər. Bax ürəyini bərk saxla, qorxma... Belə... Zöhrə sağdır, ölməyibdir... Çingiz. Ah, ürəyim! (Əllərini ürəyinə qoyur). Yox, sən məni aldadırsan. Qəmər. Vallah, aldatmıram, bu saat gətirim, gör. (Gedib Zöhrəni durğuzur.) Zöhrə, dur, kabab hazırdır. Zöhrə. Mənim xatirim kabab istəmir, qoy yatım. Qəmər (onun əlindən tutub qaldırır). Belə sənə kababdan şirin şey verəcəyəm. O da sevgilin Çingizin ağuşu. (Onu çəkə-çəkə gətirir.) İndi gördünmü, doğru deyirəm. Zöhrə. Çingiz? Qəmər. Zöhrə, Zöhrə, oyan, belə yuxu deyil ey, doğrudan da Çingizdir, görürsən? Zöhrə. Çingiz, xoş gəlmisən. Salamatmısan? Çingiz. Təşəkkür edirəm, xanım, salamatam. Şəmsi. Bacım, Zöhrə, nə edirsən? Üç ildən bəri ayrılmış sevgilin ilə belə mi görüşürsən? Qəmər. Çox gözəl dedin. Ey bunun eşqindən məcnun olan qardaşım, bu hissiz, qurumuş cəsədə bənd olmusan? Çingiz. Bəli, bacım, əfsus ki, bu bivəfa Leylaya bənd olmuşam. Zöhrə və Çingiz gülürlər... Qəmər. Aha, bunlar bizi elə salıblar, çoxdan görüşüb, öpüşüblər. Bu halda Cəbi lələ daxil olur. Cəbi. Vay, Çingiz! (Qah gülür, qah gözlərini silir). Mən gedim, xanımları muştuluqlayım. Çingiz. Yox, lələ, hələ kababı bişirək yeyək, sonra bir yerdə gedərik. Sənin haqqın bizim boynumuzda çoxdur. Səni lazımınca razı edəcəyik. Cəbi. Allah sizi salamat etsin. Mənə də o qədər ömür versin ki, Qəmər xanımın uşaqlarına lələlik edim. Çingiz. Cəbi lələ, burada üzgörəlik etdin ha. Bəs mənim uşaqlarıma? Cəbi. Sənin uşaqlarına da edərdim, ancaq qorxuram verməyəsən. Nə üçün? Cəbi. Sən abrazonnısan. Uşaqlarına da rus dayəsi tutacaqsan. O da məni yaxına qoymayıb deyəcək: ey birit başqa, barançuq, netorqay. Qəmər. Cəbi lələ, netorqay nədir? Cəbi. Yə’ni uşağa dəymə. Çingiz. Yox, Cəbi lələ, elə iş olmaz. Necə məni saxlamısan, elə də uşaqlarımı saxlayacaqsan. Görürəm rusca yaxşı bilirsən. Ona görə səni öz yanımda feldşer edəcəyəm. Cəbi. Oturunuz, bu saat kababınızı bişirim, gətirim. Əyləşirlər. Cəbi lələ kabab gətirir, onlar da şişdən çəkib yeyirlər. Şəmsi. Çingiz, nağıl et gərək harada qalmışdın və nə səbəbə bizə məktub yazmayırdın? Çingiz. Şəmsi, başım çox bəlalar çəkmişdir. Buradan gedən zaman əhvalım çox pərişan idi, ona görə də üç ay əcnəbi vilayətləri səyahət etdim ki, bəlkə qəm və qüssədən bir qədər azad olam. Sonra Almaniyada tibb fakültəsinə girib təhsilimi bitirdim. Qəmər. Ah, sən nə daş ürəkli qardaşsanmış. Məni heç yad edirdinmi? Çingiz. Necə etmirdim. Şəklinə baxdığıma hər zaman səni qarşımda görürdüm. Qəmər (Zöhrəni göstərərək). Bəs bu xanımın rəsmini? Çingiz. O xanımın rəsmi ürəyimin ən dərin bir küşəsində məskən etmiş, onu buradan çıxarmaq qeyri-mümkündür. Qəmər. Demək, indi sən həkimsən? Çingiz. Bəli. Qəmər. Onda qulağını ürəyimə qoy, gör nə səbəbə belə çırpınır. Çingiz baxır. Qəmər onun başını qucub öpür. Qəmər. Ha-ha-ha... tana bildinmi? Çingiz. Tapdım, bacım, xəstəliyin çox yamandır. (Cəbi lələ kabab gətirir.) Gərək pəhriz saxlayasan, Ələlxüsus, Cəbi lələnin gətirdiyi bu kababdan. Gülüşürlər. Qəmər. O həkimliyi bu xanıma elə. Çingiz. Bil’əks bu xanım gərək hər səhər çay əvəzinə bir şiş kabab yeyib, üstdən bir stəkan qırmızı şərab içsin ki, hala gəlsin. Cəbi. Yenə kabab gətirimmi? Qəmər. Yox, lələ, bəsdir, al bu çörəyi də, kabab bişir, ye. Cəbi alıb səhnənin dalına gedir. Zöhrə. Bilmirəm, Çingizin gəlmək xəbərini anama nə tövr verəcəyik. Axır zamanlarda ürəkketmə azarına düşübdür. Gecələr oyanıb bizdən gizlin Çingiz, Çingiz deyə ağlayır. Qəmər. Mənim anam ondan geriyə qalmaz. İndiyə kimi mən onu aldatmışdım ki, Çingizi İstambulda görən olubdur, orada oxuyur; qurtaran kimi gələcəkdir. Yaxşı oldu ki, sözüm yalan olmadı. Qəmər. Gedək, zavallı analarımızı şad edək, Cəbi lələ, Cəbi lələ. Şəmsi bəy. Cəbi lələ, au-u-u-u-u... Qəmər. Cəbi lələ, au-u-u-u-u... Zöhrə. Nahaq yerə boğazınızı yırtmayın. Cəbi lələ yəqin evə qaçmışdır ki, Çingizin müjdəsini versin. Çingiz. Haydı, gedək. Qəmər. Gedək. Zöhrə. Bəs bu boşqabları kim aparacaq? Qəmər. Sən indi də mənə naz edəcəksən? İstədiyin bu idi, o da gəlib çıxdı. Çingiz. Bəhs etmək lazım deyil, hamısını mən apararam. Qəmər. Sən Allah, sən bunu xarab eləmə, qoy işləməyi öyrənsin. Yoxsa, bu tənbəldən sənə nə arvad olacaqdır. Şəmsi bəy. Canım, hamısını aparıram, bəhsiniz bitsin. Qəmər. Can! Bax, ər belə olar... (Gülüşürlər). Şəmsi, tüfəngi mən aparacağam, boşqabları sən. Şəmsi bəy. Eybi yoxdur, apararam. Mənim kimi ovçunun gərək sənin kimi arvadı olsun. Gülüşürlər. Qəmər boşqabları bağlayıb Şəmsiyə verir, özü də tüfəngi çiyninə salır. Zöhrə xanım da Çingizin çamadanını götürür. Qəmər (əl çalaraq Zöhrəyə). Ha beləcə, görünür, sözüm sənə tə’sir etdi. Şəmsi bəy. Qəmər, elə ki, qarşına siçan çıxdı, güllənin ikisini də təpəsindən çax... Gülüşürlər. Qəmər. Hazır ol! İrəli arş!.. Gedirlər. Pərdə İkinci şəkil Səhnə dördüncü pərdənin mənzərəsini göstərir. Həcər xanımla Yasəmən skamyada əyləşib dərdləşirlər. Həcər xanım. Yasəmən, Qəmər ilə Şəmsi necə bəxtiyar oldular. Onlara baxdığıma ürəyim şad olur. Fəqət Zöhrəni elə pərişan, qəmkin, şikəstədil gördükdə ürəyim paralanır. Zavallı qızçığaz, Çingizin eşqindən şam kimi yanıb əriyir. Yasəmən. Yazıq Çingiz, Zöhrənin ölüm xəbərini eşidib cəlayi-vətən oldu. Kim bilir, başına nə fəlakət gəldi. Sağ olsaydı, indiyə kimi sədası bir yerdən çıxardı. Həcər xanım. Atası Nadir bəyin macərası oğlu Çingizdə təkrar etdi. Bilmirəm bu çərxi dönmüş fələk bizdən nə istəyir, məgər bu iki bədbəxt ailədən aldığı intiqam kifayət etməyir ki, yenidən bizə bəla hazırlayır. Zöhrə Çingizin fəraqına dözə bilməyib vərəmləyib. Yasəmən. Həcər xanım, Çingizin təvəllüd sirrini açıb Zöhrəyə söyləməlisiniz. Taki sakit olub, axırda başqasına ərə getməyə razı olsun. Həcər xanım. Yox, yox, onda övladlarımın ikisini də qayib edəcəyəm. Onlar mənə lə’nət, nifrət edib, küçələrə atacaqlar. Yasəmən. Onda bəs nə etməli? Həcər xanım. Özüm də bilmirəm, Yasəmən. Səhərdən ürəyim iztirab içində çırpınır, gələcək bəlanı hiss edir. Cəbi lələ təngnəfəs daxil olur. Həcər və Yasəmən. Nə var, nə olmuş? Cəbi. Qorxmayın, yaxşı xəbər gətirmişəm. Çingiz gəldi. Yasəmən. Ah, xudaya sənə şükür, oğlum gəldi. Həcər. Bəs hanı? Cəbi. Bulaq üstə kabab yeyirlər, çoxdan gəlmişdi, mən istəyirdim qaçıb sizə xəbər verim, Çingiz qoymadı. Dedi, Cəbi lələ, kababı bişir yeyək, sonra bir yerdə gedərik. Mən dözə bilmədim, onları qoyub gizlincə qaçdım. Yasəmən. Çox sağ ol, Cəbi lələ, həmişə belə xeyirxəbər olasan, hər nə istəsən verəcəyəm. Cəbi. Çingizin sağlığı mənə hər şeydən artıqdır. Çingiz, Zöhrə, Qəmər və Şəmsi daxil olurlar. Qəmər. Ana, gör sizə kimi gətirirəm. Yasəmən. Ah, Çingiz, oğlum! (Boynunu qucaqlayıb öpür). Çingiz. Şükür olsun ki, gəlib cümlənizi sağ və salamat tapdım. Həcər xanım onu qucaqlayıb öpərkən bitab olur. Çingiz. Qəmər, stəkanda bir az su gətir, Həcər xanıma su verəcəyəm. Qəmər su gətirir, Çingiz əl çamadanından dərman çıxarır, tökub Həcər xanıma verir. Zöhrə xanım. Ana, sənə nə oldu? Həcər xanım. Qorxma, qızım, həmişəki ürək döyünməmdir, indi sakit oldum. Çingiz. Qəm yeməyiniz, sizi bu ürək döyünməsindən xilas edəcəyəm. Fəqət zəhmət haqqımı indidən tə’yin ediniz, mənim şərtim budur. Həcər xanım. Oğlum, nə istəsən verəcəyəm. Çingiz (Zöhrənin əlini tutub). İstədiyim bu qızın Zöhrədir. Həcər və Yasəmən. Vay! Çingiz. Nə üçün təəççüb edirsiniz? Bilmirsiniz ki, biz çoxdan bir-birimizi sevirik. Fəqət atalarımızın ədavəti buna mane olurdu. İndi isə o ədavət bitdi. Mənim atam Əlimərdan, Zöhrə xanımın atası Şahbaz bəy intiqama qurban olub bu iki aləmin qanlı ədavətini itmama yetirdilər. Yoxsa, siz analar düşmənçiliyin davamını istəyirsiniz? Həcər xanım. Yox, yox. Çingiz. Bəs nə səbəbə razı deyilsiniz? Həcər xanım. Onu sorma. Zöhrəni sənə vermək olmaz, sənin üçün başqa bir qız seçmişəm. Çingiz. Bəli, anlayıram. Şahbaz bəyin arvadı Həcər xanım qızını öz xidmətçisi Yasəmənin oğlu Çingizə verməyi özünə ar bilir. Qəmər. Həcər xanım, mənim qardaşım Çingiz, qızınız Zöhrəyə layiq deyilsə, sizin oğlunuz Şəmsi bəy də mənə layiq deyil. Al, bu da sizin nişanınız. (Barmağından üzüyü çıxarıb onlara atır). Şəmsi bəy. Ah, Qəmər, nə edirsən? Ana, Çingiz məndən elmli, tərbiyəli bir oğlandır, nə üçün bacımı ona vermirsən? Zöhrə. Ana, görünür mənim ölümümü istəyirsən? Həcər. Xudaya, mən aciz qadına bir belə əziyyət verməyi özünə rəva görürsən. Nə üçün məni öldürüb bu əzabdan xilas etmirsən? Çingiz (rişxəndlə). Bəli, böyük əzabdır, nəcibə bir xanım kəriməsini öz kənizi oğluna necə versin? Həcər. Çingiz, yetər, ürəyimi daha parçalama, mən sizi özümə layiq bilməsəydim, Yasəmənin qızını oğluma almazdım. Çingiz, mən xalamın vəsiyyətini yerinə yetirmək istəyirəm. Onun xahişi odur ki, sən Əli bəyin qızını alıb bu mülkə sahib olasan. Çingiz. Mən məhəbbətimi dövlətə satan oğlan deyiləm. Ya Zöhrə, ya ölüm! İndi iki ana bunu qət edin. Şəmsi bəy. Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır. Ya oğlunuzu bəxtiyar edəcəksiniz, ya qayıb. Həcər xanım Yasəmən ilə kənara çəkilib məsləhət edirlər. Çingiz Zöhrə ilə, Şəmsi Qəmər ilə danışırlar. Şəmsi bəy. Qəmər, nə tez mənim nişanımı üstümə atdın? Görünür məni sevmirsən? Qəmər. Bəs sən istəyirsən biz xoşbəxt olaq, Çingiz ilə Zöhrə bədbəxt. Şəmsi bəy. Xeyr, mən istəmirəm, fəqət burada mənim təqsirim nədir ki, məni bədbəxt edirsən? İndi anamın fikri bizə mə’lum oldu. Əlbəttə, axırda o fikirdən əl çəkəcəkdir. O heç vaxtı Çingizin və Zöhrənin bədbəxtliyini istəməz. Həcər xanım. Oğlum Çingiz, biz belə qət etdik ki, sən Piri babadan izin istəyəsən, çünki o cümləmizin qoca babası və ağsaqqalıdır. Hərkah o bu əmrə razı olarsa, biz də ona tabe olarıq. Qəmər. Çox gözəl, əlbəttə, Piri baba buna çox şadlıqla razı olacaqdır. Çingiz. Mən də buna razıyam. (Komaya girir). Şəmsi bəy. Ana, Çingiz ali məktəb qurtarmış bir həkimdir. O, bacım Zöhrəni məndən artıq saxlayacaqdır. Bunu bilirsənmi? Həcər. Bilirəm, oğlum. Şəmsi bəy. Bəs nə üçün razı olmursan? Həcər. Çünki məcburam. Zöhrə. Ana, Züleyxa xalam bilsəydi ki, onun vəsiyyəti məni bədbəxt edəcəkdir, heç vaxtı istəməzdi. Şəmsi bəy. Bir də xalamın vəsiyyəti bizimçün qanun deyil ki, onu pozmaqdan aciz qalaq. Həcər. Övladlarım, bu işdə bir qanun var ki, onu pozmağa doğrudan da biz acizik. Bu halda Çingiz dəli kimi komadan çıxır. Çingiz. Ha-ha-ha... hərb meydanı açılmış, yenidən yeni müharibə, yenə qovğa, yenə qan. Qəmər. Çingiz, qardaşım, kim ilə müharibə edirsən? Çingiz. Yer ilə, göy ilə, cümlə cahan ilə. Zöhrə. Çingiz, sevgilim, sənə nə olmuş? Məgər məhəbbətimiz uğrunda tökülən qan kifayət deyilmi ki, yenə də müharibəyə çağırırsan? Çingiz. Sevgilim, nazlı dilbərim, eşqim, məhəbbətim, insanlar qovğası bitmiş, fələk müharibəsi başlanmışdır! Qəmər. Çingiz, qardaşım, yenə nə olmuş ki, fələklə müharibə edirsən? Çingiz (Zöhrəni göstərərək). Bu bacıma bağladığım eşq üstə. Qəmər. Qardaşım, nə söyləyirsən? Ağlın çaşmış, bacın mənəm, Zöhrə ilə məni qarışdırırsan. Zöhrə. Ah, Çingiz dəli olmuş! (Ağlayır.) Çingiz. Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxi-fələk? Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağ-daşları gəzdirmək? Budur məqsəd. Məni divanə edib çöllərə salmaq? Bundan nədir həcət? Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq. Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər. Cümləsi. Ah! Çingiz. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir... (Çəld tapançanı çıxarıb özünü öldürür.) Zöhrə. Çingiz! Özünü onun üstünə salır. Piri baba gəlir. Qəmər qəşş edir, Şəmsi onu tutur. Həcər xanım. Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə yalvarıram, öldürün, məni bir gülləyə qurban edin. Niyə durmusunuz? Piri baba. Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz əməlin nəticəsi. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-esq-ve-intiqam İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.