Hekayələr Süleyman Sani Axundov (1875–1939) Yuxu Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş etrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilimdə bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm; qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib kuya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəççübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü. – Gedim, onlardan harada olduğumu soruşum, – deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər. –Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?.. Bu fikirdə ikən gözümə bir günbəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə baxdıqda bu yazını seçdim. «Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin yolu buradır». Yazının altında belə bir üçbucaq çəkilmişdi: △ Onun hər küşəsindən qızıl qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı. Bunların hansı məni işıqlığa çıxarar — fikrində ikən yol başında, dirək üzərində barmaq şəkli «İ» hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində «R» hərfi yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə «Ş», sonra «A» və axırda «D» hərfləri göstərişi ilə gəlib bir qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə yazılmış hərflər mürəkkəb olub, «İrşad» ləfzi yazılmışdı. Qapını açdıqda günəş pəncərədən gözlərimə düşüb məni oyatdı. Küçədən: –«İrşad», «İrşad» təzə qəzet sədası gəlirdi. * * * Kövkəbi-hürriyyət Şahzadə nağıla başlayaraq deyir: – Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmana mübtəla olub, o gözəl nə’mətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olurdu. Əlləri, ayaqları əsib, gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə tapmağa şuru etdilər. Lakin aciz qalıb mə’yus oldular. O vaxt onlardan biri kürsüyə qalxıb dedi: – Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş; söyləyərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya torpağında bəni İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib, onun hüzuruna göndərək və dərdimizə çarə istəyək. Hamı bu təklifə razı oldu. Elçilər seçib, hədiyyələrlə bərabər, o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub tə’zim etdilər və dedilər: – Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan. Biz əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər ni’mətini bizə əta etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piri-fəniyə dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb, saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə mərəzdir? Lütf elə, çarəsini söylə. Alim dedi: – Ey əhli-şimal, bu azarın dərmanı kəvkəbi-hürriyyətin şəfaətidir. O, ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O, dağ təbii deyil, onu divlər hörüb sizi kəvkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki, onu dağıtdınız, kəvkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır. Elə ki, elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib, şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, link və qeyri alət götürüb dağı dağıtdılar və kəvkəbi-hürriyyətin üzü açıldı. Onun şö’ləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər. Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kəvkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi. * * * Qonaqlıq Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir? – Əlbəttə, bəylər! – Ev sahibi dedi. – Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik. Tacir dedi: – Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik. Alim dedi: – Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir. Ruhani dedi: – Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirənlər biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumət sütunu. Zabit dedi: – Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə, döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əskərlərik. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi: – O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq. Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər, kəndli dedi: – Ey ağalar, düzünü axtarsanız hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə heç bir hökumət yaşaya bilməz. – Bunu deyib cəld işinə getdi. * * * Tutuquşu Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi: – Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim. Haydı, əfəndilərim, başlayalım! Bunu deyib bülbül bir dəstgahda cəmi muğamatı tamam etdi və sonra quşlarla tə’liminə şüru etdi. Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr çuruldaşdı, xülasə hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. Bülbül nə qədər çalışdı quşlardan heç biri onu yamsılamağı da bacarmadılar. Ancaq bircə tutuquşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir «konsert» məclisi düzəltdi. Də’vət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi: – Ay tutu dayı! Qabaqlarda pis də olsa öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan. * * * Qan bulağı İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir. Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi. – Baba, muştuluq olsun irəlidən su səsi gəlir, – deyə cavan atını sürdü. Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Cavan bulağa çatdıqda gördü ki, suyun rənki qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün bir qurtum su içər-içməz: – Bu nə cür sudur? – deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi: – Susuzluğunu rəf etdinmi, oğlum? – Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rənki də qana bənzəyir, – deyə cavab verdi. – Elədir, oğlum, bu «Qan bulağı»dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bə’zi nahoşlara dərmandır... Cavan sordu: – Bu «Qan bulağı» adını nədən almış, baba? – Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söyləyərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, – deyə qoca atını sürdü. Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb, süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun «Qan bulağı» barəsində verdiyi və’dəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Cavan elə fikir etdi ki, qoca və’dəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını bükub dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi: – Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!.. – Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrabaları bu qan davasında qırılıb tələf olmuşlar. Ədavət isə yenə yatmayıb baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqam alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmkin və mə’yus olur. Misir xanın anası, oğluna belə mə’yus və qəmkin gördükdə deyir: – Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məkər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar. Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir: – Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olduğunu kim bilir? – Məndən və arvadından başqa kimsə bilməyir, – deyə anası cavab verir. – Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu e’lan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır. – Arxayın ol, oğlum, əmrin yerinə yetər, – deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib, orada sakin olur. Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlmədiyi gözəlliyi olur. Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur. Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək mümkün olmamışdı. İttifaqən bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-birləri ilə görüşürlər. Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan, gördüyün «Qan bulağı»nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birlərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəl’adə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı qanıçıcı quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur: – Sən kimsən? – Sən özün kimsən? – Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam. – Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam. Bu sual-cavabdan sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzəri ilə baxmağa başlayır. Axırda Paşa xan: – Camalın çox gözəldir, buna söz yox, gərək qılınc vurmağın necədir? – deyə qılıncını çıxarır. Onun cavabında: – İndi qılınc vurmağımı da görüb bəyənərsən, – deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir. Oğlum, necə ki, göy üzərində əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilmirlər. Bu halda günəş dağın dalında tulu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır. Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır. – Aman, ya rəbb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: – Söylə, söylə, gözəlim! O solug nəfəsinlə mənə lə’nətini, nifrətini izhar elə, – deyə fəryad edir. Teymur xan zərif səs ilə cavabında: – Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lə’nət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa, mən gedirəm, əlvida! – Toxta, bir az toxta, gözəlim. Paşa da səninlə gedir. Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir: – İndi qoy mənim də qanım səninkinə qarışsın! Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki novcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında cari olur. Rəvayətə görə həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir. * * * Ümid çırağı İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi. Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi. – Bu nə uşaqlıqdır? – deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini tutaraq, özlərini şö’ləyə atan pərvanələrə baxır: – bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq – deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır. – Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı verəcəyəm. Orta təhsilimi bitirmək bu gecəki sə’y və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Sə’y və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm. Əlilə o biri otağa işarə edərək: – Yat, anaçığım, rahat ol və gələcək səadətimizə də inan, – deyə yenə də mütaliəyə başlayır. Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qara günlü məişəti birər-birər gözlərinin önündən gəlib keçdi. Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeş arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu. Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk təzliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu bir yaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, seltək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi: – Yat, oğlum, yat, yat ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm. Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhmətin ona səadət qapısını açacağını da gözəlcə düşünürdü. Ən artıq sıxılacaq bir şey varsa o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daima qorxu içərisində yaşayır, oğlunu gözlərindən irag buraxmaq istəməyirdi. Gecə keçər, oğlu yatmaz, ana, axır buna səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər, övladının başını qucub, qıvrıcıq saçlarından öpər. – Ana, nə üçün durdun? – Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna. – Anaçığım, xof və iztirabın əsilsizdir. Öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol. – Bəs sən, oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür. – Yox, ana, səhəri açsam da sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilmi qayib etmək, hər ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, – deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir. Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır. Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu. Sahibsiz ananın ümid çırağı söndü... Yenə zülmət, yenə dərin sükunət... lakin balaca otağdan: – Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anaçığını bəxtiyar edəcəksən. Həzin qəlbləri oxşayan oxşama sədası gəlirdi. * * * Cəhalət qurbanı Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur. Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım. Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə həyətimizdə oynarkən palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm. – Baba, kimi istəyirsiniz? – deyə soruşdum. Cavabından mə’lum oldu ki, əmim oğlu ilə görüşmək istəyir. – Buyurun içəriyə, – deyə mən əmim oğluna xəbər verməyə qaçdım. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. Mən də yoldaşım ilə oynamağa məşğul oldum. Bir qədər söhbətdən sonra salamatlaşıb, «allah sizdən razı olsun, mən qocanı ümidsiz qaytarmadınız» – deyə atını minib getdi. Bundan bir neçə gün sonra həmin qoca, üstünə on dörd yaşında bir qız minmiş yüklü atın çilovunu çəkərək, yanında da on yeddi yaşlı digər bir qız ilə həyətə girdi. Əmim oğlu onlara xoşgəldin elədi. Qoca, kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi: – Budaq baba, məskəniniz bu koma olacaqdır. Atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun. – Çox razıyam, sizə zəhmət vermək istəmirəm. Qızlarım komanı təmizləyib palaz salarlar, rahat olarıq. – Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız. Bu sözlərə anam da şərik olub, qızları otağımıza apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi: – Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur. Sizin böyük bacınızı tanıyıram. O, Şelli kəndində olur. İndi siz birbaş Kürdüstandan gəlirsiniz? – Xeyr, biz Kürdüstandan Şelliyə gəldik, bacımızın yanında mənzil tapmadıq, buraya gəldik, – deyə böyük qız cavab verdi. – Ananız sağdırmı? – Yox, bir ildir ki, ölübdür. – Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım, mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib böyüdürəm. Anam qızlar ilə mehribanlıqla danışaraq yemək hazır etdi və süfrəyə qoyub taam yeməyi təklif elədi. Lakin onlar utanaraq, yerlərindən qımıldanmadılar. – Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin. Bacım qalxıb, bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utana-utana yemək yeməyə başladılar. Qonaqlarımız yeməyə məşğul ikən, mən də onların bir ata-ana övladı olaraq əsla bir-birlərinə bənzəmədiklərinə diqqət edirdim. Böyük qız, uçaboylu, incəbelli, iri qara gözlü, uzun qara saçlı, dodaqlarında müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi. İkinciyə gəldikdə alagözlü bu qız göyərçinə bənzəyirdi. Bu bənzəmə mənim fikrimi o qədər cəlb etmişdi ki, özümü saxlaya bilməyərək: – Sənin adın göyərçindirmi? – deyə kiçik qızdan soruşdum. – Qəflətən verdiyim bu sual qadınların külüşməsinə səbəb oldu. – Xeyr, mənim adım Gülbənd, bacımınkı Tamamdır, – deyə böyük qız cavab verdi və sonra mənə diqqət yetirərək dedi: – Göyərçin adı sizə daha artıq yaraşır. Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir. Mənim sualım indiyə qədər davam edən sükutu pozdu. – Mənim qardaşım nağıla qulaq asmağı çox sevər. Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. Gecələr məni rahat qoymur. «Bacım, yenə nağıl de» deyə yalvarar, mən də Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, – deyə bacım şikayətləndi. – Mən də nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kürdüstan aşıqları söylədikləri nağılların hamısını döşünə yığıb, elədirmi, bacım? – deyə Gülbənd soruşdu. Tamam isə qızararaq, başını aşağı salıb cavab vermədi. Mən də anamdan soruşdum: – Ana, Tamam bizim evdə olacaqdır, eləmi? – Yox, oğlum, Gülbənd əmioğlununkildə qalacaqdır, Tamam da əmiqızının uşağını saxlayacaqdır. Budaq baba ilə əmioğlun belə sözləşmişlər. – Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın, Tamam da bizə qalsın, – deyə anamdan rica etdim. – Kişi xaylağı körpə uşaq saxlaya bilməz, bu arvad işidir. Sən darıxma, hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl nağıllar söyləyəcəkdir, – deyə anam məni sakit etdi. Qızlar yeməklərini bitirib ayağa qalxdılar. «Sağ olun», – deyə anamdan getməyə izin istədilər. – Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə başlarsınız. Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim: – Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi? – Deyəcəyəm, hələ sənə yaxşı oyunlar da öyrədəcəyəm, – deyə məni arxayın etdi. Sonra əlini çiynimə qoyaraq, mə’sumana bir təbəssümlə: – İndi de görüm, sənsən göyərçin ya mən? – Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, – deyə mən cavab verdim. – Doğrusu, göyərçini sevirəm, adım göyərçin olsaydı artıqca xoşlanardım. Anam, mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam adını mənə atam qoyub. – Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı? – Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, – deyə Tamam qaçaraq komalarına getdi. Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı. Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir vilə kimi ayrıca yaşayırdılar. Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik, şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan Tamam qızçığazın ürəkdeşən faciəsini yazacağam. Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Kah yetişmiş meyvələri dərib yeyərdik, kah quş yuvalarından bala düşürüb oynardıq. Kah da çələ qurub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə tərk etməyə Tamam sə’y və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar öyrədib məşğul edərdi. Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında, gözümə ağac deşiyində qayrılmış bir alaçəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alaçəhrəni tutub sevinçək bir halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə Tamama rast gəldim. – Bibin sənə nə verdi? – deyə Tamam soruşdu. – Heç zad vermədi, – deyə cavab verdim. – Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin yenə də ciblərini qənfet ilə doldurubdur. Bax, onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən səndən zor ilə almayacağam. İstərsən verərsən, istəməzsən verməzsən. Ancaq sözlərinin yalan olduğunu bu gün mənə sübut etdin, – deyə Tamam məni utandırdı. Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədi nə olduğunu anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim: – İndi özün bax, gör, cibimdə bir şey varmı? – O biri əlini cibindən çıxart, qənfet oradadır, – deyə Tamam təklif etdi. Əlacsız qalıb mən alaçəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. – Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşçığazlara yazığın gələrsə, analarını buraxarsan, – deyə Tamam elə bir maraqla, elə bir qəlbyandırıcı sözlərlə anasız qalmış quşçığazların halını təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım və quşçığaz da şad bir səslə uçub getdi. Tamam mənim gözlərimdəki yaşı görüb, «indən sonra bir daha quşlara əziyyət verməyəcəyəm», sözlərini eşidib məni qucaqlayıb öpdü. Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə, əsla zor etmədən, Tamam, bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiratımı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızçığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram. Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni həvəsləndirib deyirdi: – Dur, oğlum, dur qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına toplaşacağıq. Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-şirin yeyəcəyik. Bəli, anam və’də verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı. Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da çörək gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, külüşərdik, axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına oxşadaraq, həzin bir səslə oxuyardı. Bə’zi vaxt söhbət əcinnədən, şeytandan, divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi. Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu söylərdi. Qadınlardan bə’zisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı... Bu il yay tə’tili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət etmiş dayım mənimlə görüşdükdə anama dedi: – Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam. – Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu verməzəm, – deyə anam dayımın təklifini rədd etdi. – Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri, hamısı ölüb, böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir dul arvad, buna nə tərbiyə verəcəksən? Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb olursan? Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı olmayıb deyirdi: – Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib oxutduracağam. – Onda, bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası və bacısı ilə burada qalar. Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu, digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və söylədikləri əcaib şeylər idi. – Mən dayım ilə oxumağa gedəcəyəm, – deyə razılıq verdim. Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki məktəblərin açılmağına iki ay qalmışdı, ona kimi mən fikrimi dəyişdirəcəyəm ümidində idi. Bir gün Tamam məndən soruşdu: – Doğrudanmı, oxumağa gedəcəksən? – Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən? – Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən heç kəsə qulaq asma, get, oxu, böyük adam ol, gəl burada çalış, ancaq yazıq kəndlilərə əziyyət vermə. Amma bu dediklərimi anana söyləmə, yoxsa xanım məndən inciyər. Zavallı anaçığım, ümid bağladığın Tamam da sənin bər’əksinə gedir. Axır ayrılıq zamanı gəlib çatdı. Anamın və bacımın göz yaşlarına davam edə bilmirdim. Əgər Tamam olmasaydı mən anamdan ayrılmayacaqdım. Tamam mənə yanaşıb dedi: – Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl edəcəksən. Amma burada qalsan heç bir zad bilməyəcəksən. Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən, ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən mə’lum olurdu ki, bu ayrılıq ona da böyük tə’sir edir. Axır gözü yaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm. Vətəndən xaric qalalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir tutulacaq işin çınqraq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə, gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq, belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim... Nəhayət, yay tə’tili gəlib yetişdi. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm. Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə gələnlər dağıldıqdan sonra anamdan soruşdum: – Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər. Anam çaşqın bir hal ilə dedi: – Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər... Onlar səni çox istəyirlər. Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı. – Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş gəlmiş? – Bir şey yox, onlar buradan köçmüşlər... Gülbənd də, Tamam da ərə getmişlər... Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm. Anladım ki, anam da, bacım da həqiqəti məndən gizləyirlər. Ona görə artıq sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar axtarmağa sə’y etdim. Əmioğlumun xidmətçisi Məmmədrza, uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı. Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. Həmişə də «Bu dünya beş gündür, beşi də qara, əbləh odur, onu qəm-qüssə ilə keçirə...» sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsilə Məmmədrzanı yanıma salıb getdim. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum: – Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar? Bu sualımdan sonra Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra: – Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, – deyə təklif etdi. Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl eləməyə başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir kürd oğluna verib əmioğlumdan uzaqlaşdırmağı indi, Məmmədrzanın nağılından bildim. Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə mən davam edə bilməyib başımı otların arasında gizlətdim və göz yaşım neysan yağmuru kimi tökülüb otları islatdı. Gülbəndin qəziyyəsindən sonra Budaq baba, böyük qızının yanına köçməyə məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin əmioğlularının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. Seyidli kəndi, ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür. Bu kəndlərin meyvə bağları təxminən 12–13 kvadrat kilometr yer tutaraq, uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar getdikcə aralıb, əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr qədər bir-birlərinə yaxınlaşırlar. Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara köçərlər. Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edərlər. Zavallı Tamamçığazın faciəsi də bu yerlərdə zühur etmiş. Belə ki; bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur. Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də fayda vermir. Axırda kim isə: «Belə dəliyə bir mə’sumə qız gəlin olarsa sağalar» deyə ata-anasını inandırır. Onlar da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir faqır kəndliyə böyük pullar və’dəsilə təklif edirlərsə, heç kəs qızını belə dəliyə vermək istəmir. Axırda arayıb Budaq babanı tapırlar və böyük pul ilə onu razı edirlər. Zavallı Tamamın, «Səni bir gözəl dövlətli cavan oğlana veririk» deyə məcburən razılığını alırlar, kəbinin kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bə’zilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçar. Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin qurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızçığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşünçə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları yağmurdan islanmış, bədəni külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yer arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı. Tamam, üstü günbəzli bir əski məzar tapır və içində gizlənir. İttifaqən axşamlamış bir qoca dilənçi, yoldan keçərkən, həmin günbəzli məzarı görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dışarı çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə yayılır. Bismillah, deyərək qəbiristandan qaçmağa üz qoyur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyidini Qarqarın o biri sahilində tapırlar. * * * Qatil uşaq Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi. Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi. Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili əkinləri yanıb zəhmətləri hədər gedərdi. Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki Mehdiqulu həlim təbiətli, güləryüzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də olsa Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə Mehdiqulu kənd əhli ilə də gözəl rəftar edərdi. Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə düşmüş kəndli qardaşların yerlərini qulsuz-parasız öz öküzləri ilə sürərdi; buna görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış Qızxanımın tarlasını «ho» edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub, pul verməklə Qızxanıma kömək əllərini uzadardılar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi. Qızxanım əri kimi işlək, xoş xasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi: – Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum Mərdanın da qəlbini yaralamaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır. Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban rəftar edib itaətindən boyun qaçırmazdı. Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bə’zi vaxt Mərdanı da özü ilə ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi: – Ana can, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə məni yırtıcı heyvandan müdafiə edər. Atmaqda da ustayam. Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözə batıcı şə’ləsi zəifləşirdi. Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: – siz də bir qədər rahat olun, balalarım. Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq çökməyə başladı. Aradan bir on dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar qalxaraq, kəndin üstünü aldı. Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq qadının ürəyi iztiraba düşdü. Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızıl ilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən diksinərək, Qızxanım ürəyində dua etməyə başladı. Qurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı. Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavan seyid, əbasını başına çəkmiş, doqqaz ilə gəlirdi. Qızxanımı gördükdə ona tərəf yönəldi. – Bacı, mən qərib seyidi allah qonağı saxlamağı rica edirəm. – Ağa, cəddinə qurban olum, bu ev heç bir qonağı qapısından naumid qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən naməhrəmi necə buraxım? Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq gözlərindən od parladı. – Bacı, seyid övladı hər bir evə məhrəmdir, məni belə yağmurda qapıdan naumid qaytarsan, bu evi, bişəkşübhə, bəla tutar. Qızxanım seyidin qarğışlarından çox qorxardı. Oğlu xəstə olanda, başı ağrıyanda, ya sancı tutanda hər bir şeydən əvvəl seyidə nəzir edərdi. İndi seyidin sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü. – Ağa, içəri buyurun, yağış sizi isladır. – Hər ikisi həyətə daxil oldu. Qızxanım daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi. – Buyurun, ağa, rahat olun. Seyid islanmış əbasını çıxarıb əyləşdi. – Bacı, bəs oğlun haradadır? – Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır. Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar. Seyid dedi: – Xof etmə, bacı, sən mən seyidi müsafir etdin, cəddim. Məhəmmədəlmustafa buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağ və salamat gəlib çıxar. – Allah ağzından eşitsin, ağa. – Əlbəttə, biz seyidlərin ağzından çıxan sözlərin hamısı allah, peyğəmbər kəlamıdır. Ancaq, bacı, səndən bir söz soruşmaq istəyirəm. Sən belə gözəl və cavan qadın nə üçün ikinci ərə getməmisən? – Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra əhd etdim ki, bir də başqasına getməyim. Onun tək varisini böyüdüm. – Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin əmrindən çıxmısan və günah da etmisən. Məgər bilmirsənmi ki, cəddim Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə 4 arvad almağı caiz buyurmuşlar. Bundan əlavə siğə yolu da qoymuş. Biz seyidlərə gəldikdə bunlar da lazım deyil. Bir dua oxumaqla hər bir qadın bizə halal olur. Mən buraya girdikdə o duanı oxudum ki, sən mənə halal olasan. Bunların sirri bilirsənmi nədir? İslam tayfası törəyib artsın, yer üzünü tutsun, kafirlərə qalib gəlsin. Bu halda qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dışarıya çıxdı və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu gəlirmi? Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı. Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu: – Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xata yetirmədi ki? – Xeyr, ana, sel güclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən keçə bilməzlər, hamının mallarını bir-bir qapılarına kimi aparıb, həyətlərinə buraxdım. – Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var. Yağış tutmuşdu, çox yalvardı ki, içəriyə qoyum. – Yaxşı etmişsən, ana! Belə havada qonağı yolda qoymazlar. – Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım. Mərdan içəri daxil olub seyidə salam verdi və «xoş gəlmişsiniz» – deyə halını soruşdu. Sonra islanmış yapıncısını çıxarıb divardan asdı və tüfəngini də bucağa qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi: – Oğlum, tüfəng götürməyə hələ uşaqsan. – Ağa, 12 yaşında kəndli balasına uşaq deməzlər. Bu gün sizin bəxtinizdən əlimə ov keçmədi. Dovşan çoxdu, ancaq mən onları ov etmirəm, çünki ətini heç kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm. – Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh buyurmuşlar, yə’ni istəsən yeyərsən, istəməsən yeməzsən. Mərdan soruşdu: – Belə nə üçün? Desin ya halaldır, ya haram. – Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən. Qızxanım əlində bir badya süd daxil oldu. Sonra süfrə salıb küpədən yağ çıxarıb sapılçaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu. – Ağa, başqa xörəyimiz yoxdur, allah verəndən yeyin. – Allah evinizə bərəkət versin, bunlar da çoxdur. Təamdan sonra Qızxanım süfrəni yığışdıraraq dedi: – Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağı adət etmişik. Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verik, yerlərinizi salım. Seyid dedi: – Mənim də adətim elədir. Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi. Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və orada yatmaq istədi. Birdən yadına düşdü ki, Mərdanın köynəyi yarımçıq qalmış, səhər istəyəndə verə bilməyəcəkdir. Ona görə köynəyi tikməyə məşğul oldu. Qızxanım gecə yarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı. Qızxanım yenicə yuxuya getmişdi ki, komanın qapısı açıldı, bunun cırıltısı Qızxanımı oyatdı. – Kimsən? – deyə səsləndi. – Bacı, mənəm, bayıra çıxmaq istəyirəm. Köpəkdən qorxuram, – deyə seyid cavab verdi. – Səbir edin, ağa, çırağı yandırım, – Qızxanım şala bürünüb çırağı yandırdı və aftafaya su töküb seyidə verib dedi: – Evin sol tərəfinə gedin. – Bacı, köpəkdən qorxuram, dışarıya çıx, onu qoyma. – Köpək pəyənin yanında yatır. O sizi görməyəcəkdir. Eybi yoxdur, mən də çıxaram. Dışarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi. Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi. – Gözəl qadın, bayıra çıxmaq bir bəhanə idi. Mən sənin eşqindən bu gecə gözlərimi yummamışam, mənim istədiyim gərək ola, – bunu deyib seyid Qızxanımın əlindən yapışdı. Qan, həyalı, namuslu qadının başına sıçradı. Əlini çəkib şala büründü. – Ağa, sən məni bihəya qadını sayırsan? Heç peyğəmbər övladı belə iş edərmi? Səni evimə buraxıb qonaq etmişəm, qabağına duz-çörək qoymuşam, heç ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış. Seyid dedi: – Mən bayaq sənə dedim ki, mən sənə naməhrəm deyiləm, sizə duasını da oxumuşam. Mənlə mülaqat etsən, seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil ki, hərgah mənim xahişimi əmələ gətirməsən, elə bir qarğış edəcəyəm ki, bu ev yanıb kül olsun, istəkli balan da tezliklə əlindən getsin, indi səndən cavab gözləyirəm. Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı: – Ağa, səni and verirəm o cəddinin pak olan ruhuna, mənim namusuma toxunma, mənim balamı əlimdən alma. Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi: – Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən. Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oğlu eşidər. Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı. Yuxulu uşaq dəhlizdən gələn işığı görüb səhər açılmışdır, sandı. Cəld dəhlizə çıxdıqda həyətdə çılpaq anasını seyidin qucağında çapalayan görcək qan qeyrətli uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı. – Nə edirsən, binamus kişi? Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin çaxmağını çəkdi. Seyid şimal ruzikarından qopan ağac kimi yerə sərildi. Bunu görcək Qızxanım qışqırdı: – Nə etdin, oğlum, seyid qatili oldun, evimiz tarmar olacaqdır. – Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum. Məgər mən Mehdiqulunun oğlu deyiləm? Sən, ana, qorxma, hamıya cavabı özüm verəcəyəm, – deyə Mərdan anasına təsəlli verdi. Tüfəngin səsinə və Qızxanımın qışqırığına yaxın qonşular töküb gəldilər. Əhvalatı biləndən sonra dedilər: – Əhsən sənə igid və namuslu oğlan, lə’nət olsun belə binamus seyidə. * * * Molla Qasım Molla Qasım öz arvadı Zeynəb ilə Küllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Küllücədə görmüşdülər. Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Küllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı. Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir çığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Küllücə kəndi bina olunmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq, həkimsiz, dərmansız yaşayırdılar. Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri-vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı. Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək səhv etmərik, çünki bu dünyada əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi. Molla Qasımın bu «məta» mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib, döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, çolu-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar. Küllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə, borcluları deyərdilər: – A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz. – Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır. Arvadlarınız da çorab, şal, palaz toxuyurlar. Bunlardan götürüb borclarınıza hesab edək, – deyə Molla Qasım onları məzəmmət edərdi. Molla Qasım Küllücə kəndinə kim tərəfindən molla tə’yin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq mə’lumatı yox idi. Onun məqsədi yenə də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi: – Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız öz əkinçilik sənətini atıb şəhərlərə qaçardılar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın. Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi əcəli yetən adam öləcəkdir, istər həkim loqman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz. Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcamət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya «həcamət» Zeynəb ləqəbini vermişdi. Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcamət kimi beli əyilmiş, dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Küllücə kəndini inək kimi sağıb yeyərdi. Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dişarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Bil’əks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi: – Bilməyirəm, mən olmasaydım sən bu vəhşi camaatın içində necə yaşaya bilərdin? Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Əlalxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə e’tiqadını möhkəmləşdirmişdi. – Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb, özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. «Cinli» dağdan və çox qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vəhimə götürmüşdü. Birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yə’qin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi: – Zeynal kişi, sən çox xoş gəlmisən, buyur burada toyumuz var, bir az rahat ol, ye, iç, sonra gedərsən. Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə də’vət etdi. Qonaqlar: – Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, deyə salamladılar. Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən bir şey vardı, o da hamı məni tanıdığı halda mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi: – Zeynal kişi, təama şuru edin, ancaq ürəyinizdəki sözü deməyin. Bunu eşitcək, Molla Qasım, sənin sözün yadıma düşdü. Yə’ni hər bir şeyin başladıqda bismillah deməli. Mən bismillah deçək, hamı yox oldu. Gördüm boz qatırın üstündəyəm. Heyvan bir kolun qabağında dayanıb dişini alır. Bunu gördükdə qan-tər məni basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur. Molla Qasım: – Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək allahdan uzaqlaşmayasan, onda heç şey edə bilməzlər – deyərdi. Hekayəmizin qəhrəmanları belə ömür sürməkdə ikən Azərbaycanda Şura höküməti quruldu. Sair kəndlər kimi Küllücə kəndində də kənd şurası düzəlib yeni şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək üçün və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və mə’ruzələr oxuyurdular. Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa getmişdi. Natiq din və məzhəbdən bəhs etdi. Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır. Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb, oyanmaqlarına mane olmuşdur. Ruhanilər hökmranların, sərvətdarların min dürlü zülmünü davam etdirmək üçün, «yoxsullar, səbir edin, böyüklərin ehtiramını saxlayın, onların itaətində olun ki axirətdə allahın behiştinə nail olasınız, yoxsa əbədilik cəhənnəmin oduna yanarsınız» – deyə yoxsul sinfə bu dünyada cəhənnəm çəkdirib onların zəhmətilə özlərinə behişt qurmuşlar... Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha məsciddə qala bilməyib evinə gəldi. Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi. Hey tas qururdu ki, Şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib gün-gündən möhkəmləşirdilər. Küllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı küçələri düzəlib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib olunmuşdu. Qadınlar üçün klub açılmışdı. El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. Zeynəb qarı da kilas və ərik qaxı qurudurdu. Bu halda darvaza döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında durmuşdu. Zeynəb qarı soruşdu: – Nə istəyirsən? – Zeynəb nənə, molla əmi evdədirmi? – Bəli, evdədir, içəri gəl. Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu: – Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış? – Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də qazıyıb hazır etmişik. Molla Qasım istehza ilə dedi: – Siz bolşeviklər allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın çıxsın getsin. – Molla Qasım, mənə qalsa elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə meyit namazı qılsan da, qılmasan da təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin. Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi: – Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi allah bəndəsi arvaddan belə kafir oğul törəsin? Qənbər gülərək cavab verdi: – Ay Zeynəb nənə, mən kafir öləndə, nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız. Molla Qasım pulun adını eşitcək, yumşalıb dedi: – Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatırı üçün razı oluram. Molla Qasım qalxıb geyindi. Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi: – A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu ədalətsizlik olar və sən də deyirsən ki, allah adildir, zalım deyil. Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar. Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər. – Kərim, mollanın atını tut, – deyə Qənbər atdan düşdü. Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi: – Molla duasını oxuyunca, biz də başdaşını gətirməyə gedək. – Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çəmbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarının altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar. Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı. Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdılar. Xeyli sə’ydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. Qənbər soruşdu: – Molla əmi, sənə nə olmuş? Bu nə halətdir? Molla Qasım zəif və titrək səslə dedi: – Ölü xortlamış, ayağa qalxmaq istəyirdi... məni boğdu sonra bilmirəm nə oldu... Məni tez Zeynəbə yetirin... Bunu eşitdikdə, kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar. – Bizim e’tiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, belə əqidə ilə biz avam kəndlilərə yol göstərici olmuşdun? – deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı. Molla Qasım dedi: – Mənə inanmayırsınız, qəbrə girin baxın. – Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, – deyə Qənbər qəbrə endi. Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basanda meyitin baş tərəfi dikəldi. – Gördünüzmü, – deyə Molla Qasım titrəyə-titrəyə soruşdu: Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım: – İndi mənə inanırsınız. Qənbər əlini meyitin baş tərəfinə soxaraq, Rəhim və Kərimə dedi: – İkinizə də lə’nət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə, meyitə əl dəydikdə lənkərlənəcəkdir. Bunu eşitdikdə Kərim gülüb dedi: – Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq. Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə elə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı. – Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, – deyə Qənbər onu sakit etdi. Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar: – Molla Qasım, qaç, xortdan gəldi. Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının qızğın alver vaxtı Küllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və saire vəzifə sahibi Molla Qasım vəfat etdi. * * * Nə üçün Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi. Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı. – Anaçığım, yemək gətirdinmi? – deyə uşaq soruşdu. – Toxda, balaçığım, qoy donmuş ə’zamı bir isidim, – deyə Vera üst paltarını çıxarıb bir mitil əski yorğana büründü, lakin qapı və pəncərə arasından soxulan ruzkar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın altında da titrəyirdi. Küryünə bürünüb bucaqda mürküləyən 80 yaşlı Mixail baba nəvəsinin gəldiyini duydu. Bir qədər sükutdan sonra baba soruşdu: – Vera, yığıncağınızda nə qərara gəldiniz? Vera titrək səslə cavab verdi: – On üç min tə’til edən «Putilov» işçisi, başqa zavod və fabrik işçilərilə bəhəm belə qət etdilər ki, sabah arvad-uşaqlar ilə birlikdə çar babaya müraciət etsinlər, ona dərdlərini söyləsinlər və imdad istəsinlər. Bunu eşitdikdə Lena sevincək soruşdu: – Anaçığım, məni də aparacaqsanmı? Bax, mən daha səndən yemək istəmirəm, sabah çar babam bizə hər şey verəcəkdir. Anaçığım, qorxma, mən yorulmayacağam, aclıqdan da şikayət etməyəcəyəm. Mixail baba istehza ilə dedi: – Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək, nə qədər sadədillik. Romanov xanədanına altı oğul, beş nəvə qurban vermişəm, belə xidmət əvəzində bu uzun ömrümdə bir qarın çörəyə möhtac olmuşam. Qızım, qorxuram, sabah çar babanız çörək əvəzinə sizləri qurğuşuna qurban etsin. – Nə deyirsən, baba? Elə iş olarmı? Biz fabrik-zavod sahiblərindən mümkün olmayan bir şey tələb etmirik. Gündə 12 saat zəhmətə, işçi qadınların gündəlik məvacibini 70 qəpiyə və erkəklərinkinin bir manata qədər artırılmasını rica edirik, bu böyük bir tələbmi? Bir də sabah biz silahsız, əllərimizdə kilsə bayraqları, döşlərimizdə xaç, uşaqlarımız ilə bərabər Qapon papanın rəhbərliyilə gedəcəyik, nə üçün bizləri qurğuşuna qurban etsin? Mixail baba dodaqları altında mırıldanaraq, kürkünü başına çəkdi və bir azdan sonra yuxuya getdi. Lakin balaca Lena aclığını unudub çar baba barəsində anasına dürlü-dürlü suallar verirdi. Vera uşağını rahat etmək üçün çar babanın cah-cəlalından, ədalətindən, rəiyyət üçün atalıq etməyindən söyləyirdi. Bu dadlı laylalardan balaca Lena xumarlanıb şirin yuxuya getdi. 9 yanvarda Peterburq küçələri işçilər və onların arvad-uşaqları ilə dolu idi. Hamısı müəyyən yerlərdə toplaşmağa tələsirdi. Getdikcə camaat artırdı. Polis mə’murları xalq ilə mehriban rəftar edirdilər. Bu isə işçilərə ümid verirdi ki, hökumət onların qətnaməsini yerinə yetirməyə mane olmayacaqdır. Vasilyevski cəzirəsində qırx mindən artıq xalq toplanmışdı. Bunların sırasında Vera və kiçik Lena da vardı. Natiqlər kürsü üzərinə qalxaraq camaatı saray meydanına getməyə də’vət edirdilər. Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. Aradan bir o qədər zaman keçməmişdi ki, şəhərin bir çox yerindən, polislər tərəfindən işçilərin gülləyə tutulmaq xəbəri gəlib çatdı. Lakin heç kəs buna inanmayıb yenə də yeriş edirdi. Bu halda müsəllah atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. İşçilər geriyə dönmək istədikdə, onlar arxadan da gülləyə tutuldu. Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə qaçmağa üz qoydu, lakin sitəmkar çarın qanıçıcı qurşunu hər tərəfi almışdı. Mə’sum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. Lakin daş qəlbli, qanıçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılınçdan keçirirdilər. Kiçik Lena anasını itirmişdi. Ayaq altında qalmasından qorxaraq özünü bir darvaza bucağına soxmuşdu. Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün rəngi ayaqları altındakı qardan seçilmirdi. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. Daha ayaq üstə durmayıb yerə sərildi. Bir saatdan artıq idi ki, Lena bihuş qalmışdı. Bu vaxt nağıl etdiyimiz küçədə qovğa bitmişdi. Atma, qırma başqa küçələrə keçmişdi. Kiçik Lena bihuşluqdan ayıldı, gözlərini açdı, lakin bir müddət harada olduğunu, qar üstə sərilmiş meyitlər, onların arasında sızıldayan, nalə edən yaralıların kim olduğunu və nə üçün belə hala düşdüklərini anlamadı. Bu halda onun qulağına belə bir səda gəldi: – Lena, Lena, qızım, ac balam, haradasan? Səni də zalım kazaklar qanına boyadımı? – Ah, anamın səsi, məni çağırır. Lena var qüvvəsini yığıb ayağa qalxdı, qara baxa-baxa meyitlər arasında anasını aramağa başladı. Bu vaxt yenə də anasının naləsi qulağına gəldi. Lena anasını gördü. Ayaqları dolaşa-dolaşa özünü onun qucağına atdı. Vera ağır yaralanmışdı. – Anaçığım səni kim belə yaraladı? – Zalım çarın qanıçıcı soldatı. – Mən daha çar babanı sevmirəm, o zalım adam imiş, ana, qalx evimizə gedək. – Qızım, mən qayıtmaz bir evə gedirəm, səni babana kim aparsın? – Mən sənsiz getmirəm, anaçığım, qoy yaranı bağlayım, sonra evimizə gedək... – bunu deyib zavallı uşaq titrək əlləri ilə başının yaylığını açmağa sə’y etdi. Bu vaxt at üstə əlində nizə bir kazak keçirdi. Kazak bunları gördü. Atını onlara tərəf çevirdi. – Çar babanızı ziyarət etdinizmi? – deyə qəhqəhə çəkdi. Vera buna səbir etməyib çara nifrət etməyə başladı, zalım kazak nizəni onun sinəsi üstə tutaraq: – Sus, üsyançı qadın, bu saat səni də bu yerə sərilmiş köpəklərin sırasına qataram. Bunu gördükdə Lena, ufaçıq döşün gərərək: – Qoymaram, – deyə bağırdı. Qəddar kazak: – Al, – deyə nizəni zavallı uşağın sinəsindən vurdu və çaparaq getdi. Lena anasının qucağına yıxıldı. Sinəsindən al qan fışqıraraq ağ qarı qırmızı rənglə boyadı. – Ay zalım, bunun günahı nə idi ki, belə qanına boyadın. Bu, zavallı ananın son naləsi oldu. Övladını qucaqlayıb öpərək gözlərini yumdu. Lenanın solğun dodaqları «nə üçün, nə üçün» deyərək həmişəlik qapandı. * * * Təbrik Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi. Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi. Rüşvətxor çar mə’murları seçki zamanı onun tərəfini saxladıqları üçün, məzlum kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cür’ət edə bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi. Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki, onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət, Xankişinin oğlu Qaraoğlana, bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. O idi ki, künüsü ilə yola getməyərək axırda onu boşatmağa müvəffəq olmuşdu. Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası, Məlahəti çox istərdi və azadə böyüdərdi. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək, onun malına və ixtiyarına sahib oldu, yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızçığazı görməyə belə gözü yox idi. Heç bir şey üstə onu danlardı, deyərdi. Qıvrıcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda: – Gəl başını darayım, – deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı. Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızçığaza danlanmaqdan, döyülməkdən tə’sir edirdi. Yavaş-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq, hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu... Cənnətəli: – Hümmətəlidən başqa kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir. Hümmətəli özünü bicliyə vurub dedi: – Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət verkisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, təyçülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir... Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm. – Doğrudur, doğrudur, – deyə kəndlilər təsdiq etdilər. Qara Hüseyn əlavə etdi: – Canım, bir sözlə, dinmə, ver. Bu sözə kəndlilər gülüşdülər, Hümmətəli bu cür tülkülüklə kəndlilərin rə’yini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı, Xankişi adam-ları ilə həyətə daxil oldu, Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı. – Xoş gəlmisiniz, buyurun, – deyə onlara yuxarı başda yer göstərdi. Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirin meydana gəldi. Əsil mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngindən qurtarmaq zamanı hələ gəlməmiş. Qonaqlar dağıldıqdan sonra, Xankişi Hümmətəli ilə otağa daxil oldu. – Qızımı göstərin, görüm neçə qızdır? – deyə Xankişi soruşdu. On yaşında gəlin meydana gəldi. – Pəh, pəh, maşallah nə köyçək qızdır, – deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı. Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu: – Bu nə oyuncaqdır? Xankişi xudahafiz edərək dedi: – Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli başı üstə saxlayacaqdır. Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə, o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi: – Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm. Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrətmə çökürdü. O saat Qaraoğlanın vəhiməli, pırtlaq gözləri və çapıq surəti gözlərinin önündə dururdu. Məlahət, Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri, biçarə qız göz yaşı tökərək vəhimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü, gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu. Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadalar xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadalar deyil, Böyük Oktyabr inqilabı oldu. Kəndliləri soymağa adət etmiş Hümmətəli, Şura höküməti zamanında quzu çildinə girərək, min hiylə qurdusa da kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət və’d etdiyinin üstü açılaraq, bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Mə’yus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, Şura höküməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququ əlindən alınması idi. Bu iki hərifin Şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər: – Şükürlər olsun ki, zülmkar çar höküməti məhv oldu, indi hökumət biz işçi və kəndlilərindir: Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı... Onları qabaqlayaraq dinc, farağat oturmalarını əmr etmişdi. Əks surətdə hər ikisinin sürgün olacağını xəbər vermişdi. Şura höküməti bərpa olunduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki, Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir tə’yin olunmuşdu. İsmət xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən məhrum qalmış uşaq, həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı. İsmət xanım Məlahətin nişanlı olduğunu bilib, bu işi pozmuşdu. Məlahət buna artığca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri ötüb keçmişdi. İsmət xanım uşağın belə zəka və sə’yini görərək, onu darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi. – Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağı çarıqlı kəndliyə ərə getməz, – deyə Hümmətəli şikayətlənərdi. Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi. Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq düşən Qaraoğlandan qorxaraq heç kəs cür’ət edib Məlahətə elçi düşə bilmirdi. Bir il əvvəl nəşrə başlanmış «Şərq qadını»nı oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan həvəs və məhəbbətini görüb dedi: – Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə olmursan? – Qorxuram yazdığımı çap etməsinlər, – deyə Məlahət cavab verdi. – Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər. Gələcək nömrə, jurnalın iki illiyi münasibəti ilə buraxılacaqdır. Sən də bir şey yaz, göndər... Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq istəmirdi, çünki fikri məqaləsi çap olunursa sevgili müəlliməsinə göstərərək, onu şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi. İndi öz «Şərq qadını»nın bayram nömrəsini səbirsizliklə gözləyirdi. Bir gün günəş qüruba enən zaman Məlahət İsmət xanımla cavanlar klubundan evlərinə qayıdırdı. Yol uzunu, İsmət xanım onu gələn il darülmüəlliminə aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmkin idi. Şad idi ki, darülmüəlliminə kirib oxuyacaqdı və axırda müəllimə olacaqdı. Qəmkinliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət onun üzünü gördükdə qışqırdı: – Qaraoğlan! Qadınlar bir şey edincə, Qaraoğlan alıcı quş kimi Məlahətin üstünü aldı. At üstündən əyilib onu qucağına çəkdi və ildırım kimi götürüldü. Xof və heyrətdə qalmış İsmət xanım sanki yuxuda idi, indi ayıldı. Qaçaraq özünü milis müdiri Heydərqulunun idarəsinə saldı, vəqəni ona söylədi. – Qorxmayın, İsmət xanım, bu saat Məlahəti burda görərsiniz, – deyərək Heydərqulu üç milislə bərabər atlanıb, çaparaq yola düşdü. Qaraoğlanın fikri dağı aşıb meşədə gizlənmək idi. Kənddən xeyli uzaqlaşaraq atının başını yığdı. O, fikir edirdi ki, bu təzliklə onun arxasına düşən olmayacaqdır. Atını da yormurdu ki, daha çıxa bilsin. Qaraoğlan dağın ətəyinə çatdıqda Heydərqulu və milislər bir güllə fasiləsincə ona yaxınlaşdılar. Atışma başlandı. Qaraoğlan onlara cavab verə bilmirdi, çünki qucağındakı Məlahət ona mane olurdu. Ona görə Məlahəti atdan yerə ataraq tüfəngini boynundan çıxartdı. Məlahət fürsət taparaq milislərə tərəf qaçmağa başladı. Bunu gördükdə Qaraoğlan birinci gülləsini ona boşaltdı. Binəva qız yerə sərildi. Heydərqulunun gülləsi də Qaraoğlanı atdan yerə saldı. Heydərqulu Məlahətə çataraq atdan düşdü. Məlahət zarıldayırdı. Heydərqulu onun yarasını bağladı. – Qorxma, bacım, yaran ağır yara deyil, bir az zamanda sağalıb ayağa duracaqsan. İntiqamını Qaraoğlandan almışam. Biz onu çoxdan axtarırdıq, axır cəzasını aldı. Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyidini öz atına sarıdılar. Məlahəti də Heydərqulunun qucağına qoydular, yola düşdülər. Gecədən saat yarım keçmiş milis idarəsinə varid oldular. İsmət xanım Məlahəti belə halda gördükdə nalə etməyə başladı. – İsmət xanım, qorxmayın, qızın yarası zərərli yara deyil, tez sağalacaqdır. Doktor da Məlahətin yarasını qorxulu tanımadı. Lakin onu qorxuya salan başqa bir azar idi, belə ki, götürülüb qaçırılan zaman Məlahətə bərk soyuq dəymişdi. Doktor onda zatülcənb gördü. İsmət xanım Xədicəyə ümid bağlamayaraq, xəstəni öz otağına gətirmişdi. Vaxtının çoxunu Məlahətə sərf edirdi. Vaxtlı-vaxtında dərmanını verib, xörəyini hazır edirdi. Məlahətin azarı getdikcə şiddətlənirdi. Doktor bir gün Məlahətə baxdıqda dedi: – Əgər xəstə bu gecə azarın zərbinə davam edərsə, sağalmağına böyük ümid vardır. O idi ki, İsmət xanım hər işini atıb, Məlahətin yanından əl çəkmirdi. Axşam düşdükdə xəstənin qızdırması artmağa başladı. Gecə yarı olduqda qırx dərəcəyə qədər qalxdı. Məlahət böhran içində sayıqlayırdı: – «Şərq qadını…» «Nə üçün yox…» «Təbrik edirəm» Bu sözlərdən İsmət xanım anladı ki, Məlahət «Şərq qadını» jurnalına məqalə yazıb göndərmiş, indi onun intizarını çəkir. İsmət xanımın yadına düşdü ki, bu səhər şö’bəyə qəzetlərlə bərabər «Şərq qadını» jurnalı da gəlmiş, cəld qalxıb onu gətirdi və titrək əlləri ilə vərəqləri kəsdi. Jurnalın son səhifəsində, təbriknamələr sırasında belə bir təbrik oxudu: – «Şərq qadını» jurnalına!.. «Ey Böyük Oktyabr inqilabının altun qızı, hörmətli «Şərq qadını»! Əsrlərcə yumulan mə’sum gözlərimizi indi iki ildir ki, sən açdın… Mənbəyindən doğan işıqlar Azərbaycanın ən uzaq və ən qaranlıq bucaqlarını belə şö’ləvər edir…: Qaranlıqdan çıxartdığın mənim kimi kəndli qızları, hamı səni alqışlar… Budur mən də qəlbimin saf və səmimiyyətləri ilə ikiilliyini təbrik edirəm. Yaşa və Şərq qızını hürriyyətlə yaşat! İmza: kəndli qızı Məlahət». İsmət xanım bunu oxuduqda ixtiyarsız gözlərindən yaş tökürdü. – Qızım, gözlərini aç, bax budur sevimli «Şərq qadını»nda təbriknamən çap olunmuş. Məlahət qan ilə dolmuş gözlərini açdı. İsmət xanım jurnalı ona göstərərək təbriki oxudu. İsmət xanım təbriknaməni oxuduqca Məlahətin solğun dodaqları təbəssüm edib ölümün ağır pəncələri altında didilərək dərin bir köks çəkməsi ilə həyatını bitirdi. * * * Sona xala ...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum. Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı. – Xoş gəlmisən, oğlum, nə əcəb bizi yad etdin? Buyur, buyur, – deyə məni içəriyə saldı. – Bəşir evdədirmi? – Xeyr, bazara gedibdir, bu saat gələr. De görüm, çayı harada içəcəksən? Bağçada, ya balkonda? – Sona xala, zəhmət çəkmə, çay içmişəm. – Onda sən sevgili bağçana buyur, mən də bu saat gəlirəm. Bunu deyərək, Sona xala otağa girdi. Mən də bağçaya getdim. Həqiqət bu bağçanı mən çox sevirdim. Bu gözəl bağçanı bir qədər seyr etdikdən sonra Yasəmən xiyabanında qoyulmuş skamyada oturdum. Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkək təbiətli, uca qamətli, iri cəsədli bir qadın idi. Hər kəsin çirkin əməlini şax üzünə deyərdi. Bunun belə xasiyyətini bilib, ondan çəkinərdilər. Sona xalanın Bəşirdən başqa övladı olmamışdı. Bu tək oğluna nəhayət dərəcədə məhəbbət bağlamışdı. Sona xalanın bircə dərdi vardı, o da oğlunu evləndirmək idi. Bəşir isə bu işdən boyun qaçırırdı, çünki orta təhsil görmüş bir cavan, oxumamış qız almaq istəmirdi. Oxumuş qız da o zaman yox idi. Sona xala əlində bir podnos, içində bir stəkan çay, mürəbbə, qaymaq, yağ, yağlı fətir, qolunda süfrə bağçaya daxil olaraq, şüşəbənd otaqda masaya süfrə salıb məni oraya təklif etdi. – Ye, oğlum, naharımız bir az keç olacaqdır. Bəşir göndərmişəm bazardan turac alsın, plov bişirəcəyəm. Ona kimi ac qala bilməzsən. Burada Sona xala öz yaşayışından söhbət açıb, bu çağaçan Bəşirin evlənməməsinin ondan ötrü böyük bir dərd olduğunu da yanıqlı-yanıqlı söylədi. – Yaxşı, Bəşir indi nə bəhanə gətirir, daha ali məktəb təhsilindən əl çəkdi ki. – Həmin dediyini yenə deyir: mən oxumuş, açıq gəzən azərbaycanlı qızı alacağam. Mən belə qızı haradan tapım? Mollanın qorxusundan hansı müsəlman cür’ət edib qızını oxuda bilər? Hələ açıq gəzmək kənarda qalsın… Bu ildən də Bəşir bir söz araya atmış, deyir: mən yeni «peyğəmbərin zühurunu gözləyirəm, o gələr, müsəlman qadınlarının çadralarını başlarından atar, onlara oxumağı əmr edər, hüququnu ərkəklərlə bərabər edər, onda mən də özüm üçün qız bəyənib sevərəm, alaram. Buna biz arvadlar deyərik: «Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər». Bu halda qapı döyüldü. Sona xala cəld ayağa qalxaraq: – Yəqin Bəşirdir. Mənim başım plov bişirməyə qarışacaqdır, sən çalış onu yola gətir. – Bunu deyərək Sona xala getdi. Bəşir mənim adımı eşitcək qaçaraq yanıma gəldi. Öpüşdük, görüşdük. – Nə gözəl oldu gəldin, məktubundan belə görünürdü ki, yayda müalicə üçün sulara gedəcəksən. Bu xəbərdən çox mə’yus olmuşdum. Bilmirdim bu yay nə təvr keçirəcəyəm. Bəşirin solğun bənizinə baxdıqda dedim: – Əzizim, sənin də sular müalicəsinə ehtiyacın vardır. Bəşir gülümsünərək dedi: – Mənim azarımın dərmanı yoxdur… – Demək, yeni «peyğəmbərin» zühurunu gözləməli. Bəşir bunu eşitcək əvvəl təəccüblə üzümə baxdı, sonra güldü. – Görünür anamla uzunca söhbət etmisən, – dedi. – Bəli, özün də bilirsən nə barədə, hər hiyləni işlədib, indi də zavallı qadını yeni «peyğəmbərin» zühuru ilə aldadırsan. Bəşir dedi: – Bu fikir mənim deyil, bu günlərdə burada görüşdüyüm səyahətçi bir almanın düşüncəsidir; belə ki, bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaylara tamaşa edirdim. Bir də gördüm yanımda səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki əski imarətə baxır. Bir qədər baxdıqdan sonra üzünü mənə tərəf çevirib azərbaycanca soruşdu: – Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfindən bina olmuş? Oraya getməyə yol varmı? Mən onun tarixini söylədim və səyyahı oraya apardım. Mənimlə dost oldu. Ömrünün çoxunu Şərq aləminin səyahətində keçirmişmiş. Mənə çox şeylər söylədi. Onu da hər şeydən artıq heyrət və dəhşətə salan Şərq qadınının cəhalət zülmətində boğularaq, bəşər hüququndan məhrum qalması idi. Səyahətçi deyirdi: – Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüş. İndi də vəhşi halında yaşayan bir çox tayfalar var, lakin heç bir millət öz qadınını islam qadını kimi torbaya salıb günəşin işığından məhrum etməmişdir. Mənçə hürr yaranmış Şərq qadınını bu haldan xilas etməyə yeni bir peyğəmbər zühuru lazımdır. İndi, əzizim, eşitdin ki, bu mənim hiyləm deyil, alman alimin fikridir. Bu söhbətdən sonra evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də araya gəldi. Mən dedim: – Nümunə üçün özündən başla, bir cavan qız al, tərbiyə ver, çadrasını at, özünlə açıq gəzdir. Bilirəm, çox çətinliklərə düçar olacaqsan, lakin davam etmək lazımdır. Bəşir bir qədər fikirdən sonra dedi: – Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. Qoy sən deyən olsun, görək axırı nə göstərər. Bu halda Sona xala gəldi. Suallı nəzərlə üzümə baxdı. Mən dedim: – Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən? – Hər nə istəsən, oğlum, qorxuram Bəşir sözündən qaça. – Heç vaxt qaça bilməz, burada ikilikdə qət etmişik. Sənə söz verirəm ki, bu yay Bəşirin toyunu etməmiş buradan getməyim. Arxayın ol, Bəşir, bu işə razısanmı? – Razıyam. – Sona xala, daha uzağa qoymaq lazım deyil. Sabahdan qız axtarmağa başlarsan. – Nə çoxdur qız, hansı bir bəyin, dövlətli tacirin qapısına getsəm, çox şadlıqla məni qəbul edəcəklər. Bəşir dedi: – Ana, mənim də şərtim var, mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. Arxasız olsa daha münasibdir, çünki fikrim onu oxudub, tərbiyə verib açıq gəzdirməkdir. Hərgah bu fikrə mənimlə şəriksənsə, işə başla, yoxsa heç kəsin qapısına getmə. Sona xala dedi: – Bu əmrini çox şadlıqla qəbul edirəm, oğlum, mənə dövlət lazım deyil. Arvadını açıq saxlayacaqsan ona da bir sözüm ola bilməz. Sonra üzünü mənə tutub dedi: – Mənim bu şadlığıma səbəb sən oldun, oğlum, ölənə kimi yadımdan çıxartmaram. Həmin yay Sona xala arzusuna çatdı. On səkkiz yaşlı, həlim təbiətli gözəl bir gəlin qaynanası oldu. Bəşir də gənc arvadını özü oxutmağa və tərbiyə verməyə məşğul olaraq, yeni bir həyat keçirməyə başladı. Hər dəfə məni gördükdə arvadının oxumağa olan həvəsindən, səy’indən, zəkasından, hər şeyi tez görüb götürməsindən söylərdi və atəşli deyərdi: – Milyonlarca belə zəkaları dörd divar içərisində salaraq, hənuz açılmamış göncə kimi saralıb-soldurub qəbrə göndərən insanlara lə’nət və nifrət etməyə haqlı deyilmiyəm? Bax, keçən cümə Süreyyanı şəhərin erməni hissəsinə gəzməyə aparmışdım. Zavallı qadın burada doğulub, on yeddi il yaşadığı halda şəhərin bu hissəsini indiyə qədər görmədiyini mənə söylədi. Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək, Bakıya qayıtdım. Hər on-on iki gündən bir Bəşirdən məktub alırdım. O, gənc arvadının dərslərində hər anda irəliləməsindən, gələn il onun gözlərini açıb mə’lumatını artırmaq üçün səyahətə aparmaq fikrindən, özünün və anasının Süreyyadan artıqca razı olmalarından yazırdı. Ara-sıra arvadını açıq gəzdirmək səbəbinə avam camaat tərəfindən onlara edilən əziyyəti də qeyd edirdi. Get-gedə Bəşirin məktubları bir şikayətnaməyə dönürdü. Avam camaat tərəfindən onların üzərinə açılan mübarizəyə bir daha davam etməyəcəyini və artıq dərəcədə əsəbiləşdiyini mə’lum edirdi. Son məktubunda: – Qışın çıxmasını gözləyirəm ki, arvadımı götürüb başqa vilayətə gedim, – deyə şikayətlənirdi. Axırda Bəşirin məktubu bilmərrə kəsildi. Mən fikir etdim ki, Bəşir baharı gözləməyib başqa yerə köçmüş, lakin gələn faciəli xəbər məni mə’yus və pərişan etdi. Belə ki, bir gecə Bəşir arvadı ilə şəhərin Avropa hissəsində düzəldilmiş müsamirədən qayıtdıqları zaman iki cahil cavana rast gəlirlər. Cavanlar nalayiq sözlərlə Bəşirin arvadına sataşmağa başlayırlar, axırda: – Bu yava matışqanı haraya aparırsan, qoy bir qədər biz ilə gəzsin, – deyə onların önünü alırlar. Bəşir buna səbir etməyib qovğa edir. Süreyya qəşş edib yerə düşür. Cahillər isə biçarə Bəşiri xəncər ilə öldürüb qaçırlar. Şuralaşmış qırmızı Azərbaycan, sosialist inqilabının ildönümünü təntənəli surətdə bayram edirdi. Neft paytaxtı Bakı adi boz libasını tərk edərək, zinətli al donunu geymişdi. Evlər, balkonlar, gəmilər həmısı qırmızı bayraq və qiymətli xalılar ilə bəzənmişdi. Hər yan gülşəndə lalələrtək qızarırdı. Saat 8-dən başlanmış ittifaqlar öz bayraqları altında, başda musiqi dəstələri nizamla hürriyyət meydanına tərəf yeriş edirdilər. Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. Bu dəstəni təşkil edən üzvlərinin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cür’ət etməmişdi. Kiminin üzündə şadlıq və cür’ət, kimisində qorxu və heyrət görünürdü. İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran bayraqdar, uçaboylu, irikövdəli, sadə milli libaslı qoca bir qadın idi. Xeyli qayda və nizam ilə dəstəni aparırdı. Bizim dəstə bu qadınlar dəstəsi arxasınca gedirdi. Qadının yerişi, ə’zasının hərəkəti mənə tanış gəlirdi. Bu vaxt qadın üzünü çevirərək: – Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, – deyə uca səslə komanda etdi. Qadının üzünü gördükdə Sona xala olduğunu bildim və onun keçmiş faciəli həyatı yenidən xatırımdan birər-birər gəlib keçdi. Bəşirin faciəli vəfatından üç ay keçdikdən sonra arvadı Süreyya uşaq düşərkən vəfat edir, bu isə Sona xalaya yeni bir dağ olur. Biçarə qadın bu hadisədən sonra, yenicə dünyaya gəlmiş qız nəvəsini götürüb başqa qəzada yaşayan qohumukilə köçür. O zamandan bəri Sona xaladan xəbərim yox idi. İndi onunla təzcə görüşməyə ürəyim tələsirdi. Dar küçələrə gəldikdə dəstələr öz hərəkətlərini yatırmağa məcbur olurdular. Bu zaman maskalar geymiş aktyorlar, mənhus çar mə’murlarını, ruhaniləri, bəy, xanları, burjuyları təqlid edərək oyun çıxarıb adamları güldürürdülər. İttifaqən aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə: – A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən, o əlindəki al bayraq cəhənnəmdə bir qızıl ilan olub, səni müdam sancacaqdır… – deyə zarafat etməyə başladı. – Kəs səsini, qoca kaftar, siz mollaların zülmündən biz qadınlar, o cəhənnəmi burada çəkmişik, ixtiyarınız mənim əlimdə olsaydı, hamınızı toplayıb bu Kaspi dənizinə atardım! – Bunu deyib Sona xala bayrağını uzadıb mollanın əmmaməsini yerə saldı. Hər tərəfdən qəhqəhələr uçaldı. – Bu cür’ətli qarı kimdir? – deyə suallar verilirdi. – Bu bizim Sona xalamızdır, – deyə qadınlar fəxr ilə cavab verirdilər. Hürriyyət meydanında, 26 Kommunar qəbirləri yanındakı rəsm-keçiddən sonra nitqlər başlandı. Nitqlər bitdikdən sonra dəstələr yenə də nizam ilə müəyyən yerlərinə tərəf yeriş etməyə üz qoydular. Mən xəbər tutdum ki, Sona xala axşam qadınlar klubunda tərtib olunmuş yığıncaqda olacaqdır. Axşam olduqda Sona xala ilə görüşmək məqsədilə qadınlar klubuna getdim. Salona daxil olduqda Sona xalanı kürsüdə nitq söyləyən gördüm. Sona xala deyirdi: – Bacılar! Sözümü qurtararaq deyirəm: biz indiyə kimi barama içində dustaq yatan ipəkqurduna bənzəyirdik. O əlsiz-ayaqsız, gözsüz qurda topal deyərlər. Axırda o topal qanadlanıb pərvanə olur, baramanı deşib işığa çıxır. Biz dilsiz, ağızsız topalları da, əsarət zəncirini qırıb işıqlığa çıxaran Oktyabr inqilabı yaşasın, bir də yaşasın! Sürəkli alqışlar ilə Sona xala kürsüdən endi. Mən onunla görüşdüm, dərdini mənə söylədi. Axırda bir ah çəkərək dedi: – Kaş oğlum, Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. * * * Zarafat Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər. Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi: – Görürsən? Bax, allahın qəzəbi səni tutmuş, tövbə elə, yola gəl, bu şeytan sənətini burax. – Nənə, get, rahat ol. Mənə heç zad olmamış, mən öz rolumu öyrənirəm. Qışqırmağıma fikir vermə. Belə sözlərlə Şaki Püstə nənəni sakit edərdi. Püstə nənənin tərbiyəsi altında böyümüş Şaki mövhumatdan hələ büsbütün özünü xilas edə bilməmişdi. Bunu aktyor yoldaşları bilirdilər. Bir dəfə Şaki teatrda olduğu zaman yoldaşları zarafat üçün qəfəs içində bir papağanı (tutuquşu) gətirib onun otağında gizlədirlər. Şaki gecəyarısı mənzilinə gəlir. Püstə nənənin yemək hazır etdiyini görüb deyir: – Nənə, heç zad yeməyəcəyəm, sən get rahat ol, mən də yorulmuşam, tez yatacağam. Püstə nənə gedib yatır, lakin Şaki nə qədər səy’ edirsə də yata bilmir. Öz-özünə söylənməyə başlayır: – Ah, yenə bu fikir beynimi dəlir, məni bir an rahat qoymur. Mən kiməm? Nəyəm? Nə üçün yaranmışam? Axırda çürüyüb bir ovuc torpaq olmaq üçünmü? İnsana bu məşəqqət, bu əziyyət, bu cəfalar nə üçündür? Yeyərmiş, içərmiş, yatarmış, durarmış. İnsanda bu ədavət, bu rəzalət, bu kin-küdurət, bu büxl-həsəd nə üçündür? Bir neçə il ömür sürəcək insana, bu toplar, tüfənglər, nizələr, oxlar, partlayan bombalar nə üçündür? Haqq birdir əgər bu müsəlman, bu xristian, bu gəbr, yəhudi nə üçündür? Ah, bu fikir beynimi deşir, mənə bir an rahatlıq vermir. Kürreyi-ərz yarandığdan bəri tarixi-bəşər, qan, cinayət ilə tam doludur. Ey özü gizli, adı haqq, cahanda olacaqmıdır elə zaman ki, insan daha qan tökməyəcəkdir? Bu halda papağan Şakinin səsindən oyanıb bu öyrəndiyi kəlməni deyir: – Yox, yox, yox. Bunu eşitdikdə Şaki heyrət və təlaş ilə qalxır. Ürəyi elə bərk döyünür ki, səsini özü eşidir. Su tökub içir, nəhayət, başını tutaraq, otaqda dəli kimi gəzməyə başlayır. – Mən ya dəli olmuşam ki, qulağıma səs gəlir, ya da ki, həqiqətən qeybdən «yox» cavabını aldım. Demək insan qan tökməkdən ötrü yaranmış? Papağan: – bəli, bəli – deyə qışqırır. Bunu eşitdikdə xəstə aktyor həqiqi dəli kimi elə bir dəhşətli qəhqəhə çəkir ki, bütün qonşuları yuxudan oyadır. Sonra yerə yıxılır, ürəyi gedir. Püstə nənə bu səsdən diksinib yerindən qalxır və cəld özünü otağa atır. Şakini yerə sərilmiş görüb qışqırıq salır. Qonşular onun harayına cəm olurlar və çox səy’dən sonra Şakini özünə gətirirlər. * * * Müalicə Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir. İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar». Rəfiqim Azərbaycan kəndlərini bir-bir nəzərdən keçirdikdən sonra bacısı yaşadığı kənddə dayanır. Yay fəsli girdikdə bacısına məktub yazıb həkimlərin qərarını ona bildirir. Bir neçə il sevgili qardaşından ayrı düşmüş bacı, xeyli şadlıqla mə’lum edir ki: «Qardaş, durmayıb tezliklə gəlsən və özün ilə heç bir şey gətirməyəsən, çünki hər şeyimiz vardır». Bu xəbəri aldıqdan sonra rəfiqim bacısının qabaqlamasına baxmayaraq, öz adəti üzrə yorğan-döşək, purjunlu çarpayıdan tutmuş diş fırçasınadək, malakan furqonuna doldurub yola düşdü. Furqon ilə səyahət etmək ləzzətini qələmə almaqdan vaz keçirik, çünki hər bir azəri oğlunun ömründə bir dəfə də olmuş olsa, o «ləzzəti» çəkməsinə şübhə etmirik. Bundan əlavə, doğrusu, o səyahəti layiqincə təsvir etmədə özümüzü aciz görürük. Ancaq bunu əlavə etmək istəyirik ki, furqon ilə səfər edən şəxsə mənzil başına çatana kimi «sümsükut» oruc tutmağı əmr buyurmuşlardır. Danışmaq istəyənlər, lalların barmaq üsulu ilə danışmalarına bələd olmalıdırlar, çünki adi dil ilə danışdıqda elə bil dil meydana çıxır ki, onu anlayan bir dilçi bu böyük dünyada hələ tapılmamış. Rəfiqim birinci dəfə furqon ilə səfər etdiyinə görə (uşaqlıqda etdiyi səyahəti hesaba almırıq) «sümsükut»u pozub furqonçu malakan ilə danışmaq istəmiş, lakin iki kəlmə deməyə müvəffəq olmamış, o da belə surətdə: «…hıqq, van…, vay, da… üyn… yi…» Neçə ki, görürsünüz rəfiqim ancaq «İvan dayı» deyə bilmiş ki, o da furqonçunun adıdır. Rəfiqim «i» hecasını dedikdə furqon daşa toxunaraq mətləbə dəxli olmayan bir «hıqq» kəlməsi meydana çıxır. «Van» dedikdə araba yırğalanıb rəfiqimin pensnesini yerə atır, o da daş üstə düşüb parça-parça olur. Bu vaxt rəfiqimdən bir «vay» nidası çıxır. Dalınca furqon çuxura düşüb rəfiqimi yuxarı elə atır ki, biçarənin başı kibitkaya toxunub əzilir və «üy…» etməsinə səbəb olur. İndi özünüz də görürsünüz ki, «sümsükut»u pozanın cəzası nə qədər böyük imiş. Günəş dağlara enən zaman İvan dayının «avtomobili» qurultu ilə kəndə varid olur. Rəfiqimin pişvazına çıxmış bir sürü bacısı uşaqları «dayım gəldi» deyə arabanı əhatə edirlər. Rəfiqim isə furqonun içində isti paltosunu, qaloşunu geyib, şarfını boynuna dolayıb və çətri əlinə alıb xeyli vüqar ilə arabadan enir. Uşaqlar onun ətrafını əhatə edirlər. – Ay qırılmışlar, nə çoxsunuz? Sizi ürkütməsək sanamaq olmaz. – Uşaqlar gülüşürlər. – Həsən, neçə qardaşsınız? – Dayı can, bizə yeddi qardaş deyərlər. Hamımız qulluğunda hazırıq, əmrini gözləyirik. – Onda şeylərimi götürün, gedək. – Bu saat, dayı can, – deyə Həsən furqona qalxıb şeyləri bir-bir endirir. Yeddi qardaş yüklənəndən sonra furqonda rəfiqimin bir mafraş yorğan-döşəyi, çamadanı və çarpayısı qalır. – Uşaqlar, gedək, yerdə qalan şeyləri də gəlib İvan dayı ilə gətirərsiniz, – deyə rəfiqim karvanın başını çəkir. Bu vaxt rəfiqimin bacısı, yeddi yaşar qızı Gülnaz ilə darvazanın ağzında durub qardaşını gözləyirdi. Onun qorxusu bu şımarıq uşaqdan idi, çünki yeddi qardaşın bu tək bacısı və özünün son beşiyi çox əzizlənib, azada böyümüşdü. – Bax, qızım, dayın xəstədir, səs-küy sevmir, gərək bilmərrə nadinçliyi atasan. Onda dayın sənə çox şey alar, səni də sevər. Bu halda yüklü qardaşlar həyətə daxil olurlar. Gülnaz dayısını isti paltoya və şarfa bürünmüş görüb qəhqəhə ilə gülməyə başlayır. – Niyə gülürsən, a şeytan qız… – deyə rəfiqim soruşur. – Belə sənə gülürəm, qoy gedim evdən yorğan gətirim, bürün. Gülnazın bu sözlərinə gülüşürlər. Rəfiqimin bacısı onun boynuna sarılaraq: – A qardaş, Gülnaz demişkən, bu istidə nə üçün belə bürünmüsən? – Bacı, halımı heç sorma, lə’nət malakan furqonuna da, ona minənə də, yolda mənə bir qədər soyuq dəymiş və furqon da məni elə əzmiş ki, ayaq üstə durmağa taqətim yoxdur, – deyərək rəfiqim şikayətlənir. – Gəl içəri, soyun, rahat ol, qorxma buranın elə havası vardır ki, ayaqsız gələn ayaqlı qayıdır. Nə üçün özünə yük edib bir belə şey gətirmisən? Mən səni xəbərdar etməmişdimmi? – deyə bacısı soruşdu. – Ana can, dayımın şeyinin çoxu furqonda qalmış, – deyə Həsən gülür. – A bacı, özün bilirsən ki, mən çox vasvasıyam… gərək öz yorğan-döşəyimdə yatam ki, rahat olam. – Elə səni bu günə salan o deyilmi? Gəl içəri, soyun, ayaqlarını isti su ilə yuyum, rahat ol. Rəfiqim və bacısı palaz ilə döşənmiş otağa daxil olurlar. – Bax, bu otağı sənin üçün hazır etmişəm. Bir adam buraya girib-çıxmayacaqdır, uşaqların günləri bağda, bostanda keçir, qulaqların bir səs eşitməyəcəkdir, – deyə bacısı rəfiqimi arxayın edir. Rəfiqim yuyunub, çamaşırını dəyişincə, yeddi qardaş anaları ilə bir bərabər onun otağını döşəyib, purjunlu çarpayısını qururlar, rəfiqim də soyunub yerinə girir və səfərin şiddətli əziyyətindən yorğun düşdüyünə görə tezcə yuxulayır. Yeddi qardaşın anaları: – Bax, dayınız yatmış, səs olmasın, – deyə uşaqları onun otağından uzaq edir. Aradan təxminən bir saat keçmiş günəşin son zərrələri üfüqdən qaib olduqda, qızıl inək darvazanın ağzında elə bir böyürtü salır ki, sanki imdad bəkləyən bir gəmi bağırır. – Ay uşaqlar, tez qapını açıb inəyi içəri salın, yoxsa dayınız bu saat yuxudan oyanar, – deyə anaları bağırır. Uşaqlar qızıl inəyi içəri buraxıb balasını yanına salırlar ki, səsini kəssin. Əfsus ki, bu tədarük səmərəsiz qalır, çünki birinci mələməsindən rəfiqim yerindən dik atılıb qalxır və deyir: – Budur, kənd məişətinin ləzzəti başlanır. Rəfiqimin bacısı, qardaşını balkonda gəzən görüb badyada köpüklənən süd ilə içəriyə girir. – Çox yaxşı vaxtda durmusan, qardaşım, çayımız hazırdır. – Mən özüm durmamışam, bacım, sizin azançınız durğuzmuş, – deyə rəfiqim ah çəkir. Bacısı gülərək: – Sənə söz verirəm ki, sabahdan bir də o azançının səsini eşitməyəcəksən. Hər səhər-axşam sənə bu yeni sağılmış süddən verəcəyəm, içərsən, gör bir ayın ərzində kökəlib yanaqların necə lalə kimi qızaracaqdır. Bunu deyib rəfiqimin bacısı otağa girib çırağı yandırır və sonra badyanı süd ilə yerə qoyub kasa gətirməyə gedir və süddən bir qədər kasaya doldurub qardaşına uzadır ki: – Al bunu iç! – Bacı, toxda, de görüm bu südü necə sağmısan? – Bunun necəsi yoxdur ki, badyanı iki dizimin arasına qoyub inəyin əmcəklərini barmaqlarım ilə tutub aşağı çəkmişəm, süd də çeşmə kimi axıb badyaya tökülmüş. Belə ki şövqün var, səhər sağanda gəl tamaşa et. – Mən onun üçün soruşmadım, inəyin sağan vaxt döşlüyün vardımı? – Yox. – Əllərini sabun ilə yumuşdunmu? – Əllərim tərtəmiz, gül kimi, nə üçün yuyum? – Onda bacı, sənin bu südün içində bu saat milyonlarla mikroblar qarınca kimi qaynaşırlar. Mən onu içə bilmərəm, məni əfv edərsən, çünki buna həkimlər razı deyil. – A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma, ye, iç, gör necə sağalarsan. – Bacım, onlardan keçib, mənim üçün çay gətir. Səhərdən mən deyən kimi inəyi sağarsan, südü bişirərsən, mən də içərəm… Mə’lumdur ki, kənd əhli erkən yatıb erkən də yuxudan qalxmağı adət etmişdir. Odur ki, rəfiqim də şamdan sonra bu qanuna tabe olmaq istədi, lakin bir tərəfdən hələ erkən yatmağa adət etməmişdi. Digər tərəfdən də qızıl inəyin səsindən həyəcana gəlmiş əsəbləri qaydasınca rahat olmamışdı. Ona görə də təbiblərin əmrindən çıxaraq oturub bir qədər kitab mütaliəsinə məşğul oldu. Sonra soyunub, çırağı fərağət etdi və yerinə girib rahat olmaq istədi. Elə yenicə yuxuya gedirdi ki, qulağına incə, həzin bir səs gəldi. Fikir verdikdə gördü ki, səs otağın içindən gəlir. Getdikcə səs ona yaxınlaşırdı. Bir azdan sonra digər bir səs də ona qoşuldu. Bu anda rəfiqimin üzünü bir şey sancdı. O, cəld ayağa qalxıb lampanı yandırdı və onu sancan hərifi gördü. Rəfiqim şəhərdən tədarüksüz gəlməmişdi. Çamadanı açıb çunayını çıxartdı və üzünü onunla örtdü ki, hünülər ona əziyyət verməsin. – İndi, həriflər, «Şuri-şahnazı» başlayın, – deyə rəfiqim lampanı söndürüb yerinə girdi və bir azdan sonra yuxuya getdi. Bu vaxt üfüqdən ay asta-asta çıxmağa başladı. Boz köpək bunu gördükdə rəfiqimin pəncərəsi altında başını göyə qaldırıb heybətli səsi ilə ulamağa başladı. Biçarə rəfiqim hövlnak yerindən sıçrayıb qalxdı və yenə lampanı yandırdı, sonra pəncərəni açıb bağırdı: – Quduz dəymiş səsini kəs. Boz köpək pəncərədən bir qədər uzaqlaşıb yenə ulamağa başladı. Həsən dayısının səsinə oyanıb həyətə çıxdı və bir odun qapıb boz köpəyə atdı. Odun köpəyə nə təhər dəydisə heyvan özünü çardağın altına soxub uzun-uzadı zinkildəməyə başladı, axırda sakit oldu. Lakin iş-işdən keçmişdi. Boz köpəyin ulamağını eşidib, qonşu itlər də ağız-ağıza verib ulaşmağa başladılar. Rəfiqim yorğana bürünüb pəncərədən bu musiqini dinləyərək söyləyirdi: – «Bir az şənlikli bir kənd tapıb da orada bu üç ay yayı istirahət etməlisiniz ki, əsəbləriniz rahat olub möhkəmləşə». Bəli, əsəblərim möhkəmləşir, möhtərəm təbiblərim. Gecə yarıdan keçmişdi, köpəklərin səsləri kəsilmiş, kənd sükuta dalmışdı. Rəfiqim üçüncü dəfə lampanı söndürüb yerinə girdi, lakin yata bilmədi, çünki bu səfər də otağa döşənmiş xalılardan birələr yerinə daraşıb onu rahat olmağa qoymadılar. Yenə lampanı yandırıb paltarını geydi və otağda o baş-bu başa getməyə başladı. Axırda taqətdən düşüb paltarlı yerinin üstə uzandı. Yorğun bədən rahatlıq tələb edirdi. Rəfiqim nə vaxt yuxuya getdiyini də bilmədi. Sübhün tülu’unda, eyvanda keçələmiş çil xoruz oyanıb uca və zil səslə banladı: – Qu-qu-riqu. Son həyəcanı çil xoruz özünə məxsus bir tərz ilə bitirdi. İkinci «qu-qu-riqu»da rəfiqim dik atıldı. Zavallının ürəyi elə atlanırdı ki, sanki bu saat partlayacaqdır. Rəfiqim otağı aradıqda öz çəkməsindən başqa əlinə bir şey keçmədi, çəkmənin bir tayını əlinə götürüb, pəncərəni açdı. Çil xoruzu eyvanın sürahısı üstə banlayan gördü. Var qüvvəsilə çəkməni çil xoruza atdı, çil xoruz qığıltı ilə eyvandan yerə yıxıldı. Bunun səsinə toyuqlar qışqırıq saldılar. Bunların səslərinə qonşu xoruz-toyuqlar da qarışdılar, yatmışları oyatdılar. Rəfiqim paltosunu geyib qaloşlarını ayağına taxaraq, eyvanda o baş-bu başa gedib, dəli kimi öz-özünə danışırdı. Bacısı əlində badya qızıl inəyi sağmağa getdikdə, qardaşını eyvanda gördü. – Nə erkən durmusan, a qardaş? – Təbiblərin əmrini yerinə yetirirəm, bacım. Sizin bu gözəl kəndinizin saf havasını udurum, bacım, – deyə rəfiqim yenə də hirsli o baş-bu başa yeriş edirdi. – Çox gözəl fikirdir, qardaşım, inşallah bir həftənin ərzində yanaqların qızarıb çıraq kimi yanacaqdır. Bax, görürsən döşümə döşlük taxmışam, əllərimi də sabun ilə təmiz yumuşam. Daha arxayın ol, – deyə bacısı qızıl inəyi sağmağa məşğul oldu. Bu vaxt Həsən həyətə çıxdı və dayısını eyvanda görüb dedi: – Sabahın xeyir, dayı can. – Aqibətin xeyir, bacıoğlu, ancaq bilmirəm çil xoruzun aqibəti nə haldadır, xeyirdir, ya şər. Bu halda Həsən çil xoruzu eyvanın altına girmiş görüb deyir: – Dayı can, çil xoruz canını sizin yolunuzda fəda etmiş. – Demək intiqamımı çil xoruzdan almışam, çünki dəymiş sübh tülu’undan məni oyadıb yatmağa qoymamış, görünür çəkməm onu bərk tutmuşdur. – Dayı can, çəkməniz burda yoxdur. – Axtar, gör haradadır? Həsən axtarmağa başlayır, axırda çəkməni köpəyin hinində parçalanmış tapır, köpək isə işi duyub həyətdən qaçır. – Dayı can, boz köpək çəkməni parçalayıb bu hala salmış deyir və çəkməni göstərir. – Demək, boz köpək də məndən intiqamını almış. Həsən, bu gecə bütün kəndiniz mənə müharibə e’lan etmişdi, düzü özümü məğlub sanıram. Ona görə də hərb meydanından qaçıram. Çay içəndən sonra gedib karvansaradan İvan dayını buraya çağırarsan. – Nə üçün, dayı can? – Mənə lazımdır. – Baş üstə, dayı can. Amma çil xoruzun xatasını çəkəcəksən, çünki Gülnazın sevgili xoruzudur. – Eybi yoxdur, pul verərəm, ona bir gözəl xoruz alarsan. İndi çil xoruzu göz önündən uzaq et. Həsən çil xoruzu aparıb bağçada basdırır və sonra əhvalatı anasına söyləyir. Rəfiqimin bacısı çay zamanı qardaşına deyir: – Bacın sənə qurban olsun, görünür bu gecə narahat olmusan, hər nə şey ki, səni narahat edir söylə hamısını rədd edim. – Ay bacı, şair demiş: Düşmən bir olsa də’fini asandır eyləmək Vay ol zaman ki, üz qoya dörd bir kənardan. İndi sən zavallı, bunların hansına çarə edəsən: birəyə, hünüyə, köpəklərin, çaqqalların ulamasına, xoruzun banlamasına və geyri-geyri… Bu halda İvan dayı daxil olub salamlaşır. – İvan dayı, haçan şəhərə qayıdacaqsan? – Bu saat furqonu qoşub buraya gəlmişəm. – Miniklərin varmı? – Xeyr. – Neçə məni buraya gətirmisən, elə də şəhərə qaytaracaqsan. – Baş üstə. – A qardaş, nə edirsən? Belə də iş olarmı? Tanışlarımız məni məzəmmət edər ki, qardaşını bir gün də saxlamadı. Sənə bacın qurban olsun, bir az səbir et, iki günün ərzində elə öyrənəcəksən, yanında top da atsalar yuxudan oyanmayacaqsan. – Bacı, hərkah məni ölümə göndərmək istəyirsənsə qalım. – Allah eləməsin, qardaş, nə danışırsan. – Onda mənə mane olma… Çaydan sonra yeddi qardaş, dayılarının şeylərini İvan dayının furqonuna daşıyırdılar. Çil xoruzun ölümündən bixəbər Gülnaz, rəfiqim ilə bərk dost olmuşdu, çünki dayı onun üçün çox şeylər gətirmişdi. Ona görə onu buraxmaq istəmirdi. – Gülnaz, qızım, üç aydan sonra Həsənə yazacağam, səni şəhərə gətirsin, orada səni məktəbə qoyacağam, gələn yayda sənin ilə bərabər buraya gələcəyəm. Şeylər furqona qoyulduqdan sonra rəfiqim əlvida edərək furqona mindi və «sümsükut» oruçunu tutub yola rəvan oldu. * * * Namus Axşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi. – Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış? Gəncin anası yanaşı otaqda axşam üçün yemək hazır edib süfrəyə qoyurdu. Yarıaçıq qapı arasından oğlunun səslərini eşidirdi. Öldürəcəyi kim olduğunu duyurdu. Onu sakit etmək üçün otağa girdi. – Oğlum, xörəyin soyuyur, gəl otur, ye, – deyə anası Rəşidi yemək otağına təklif etdi. – Ana, sənin o duz-çörəyin, bu məmələrindən əmizdirdiyin südün mən oğluna haram olsun. – Ay oğlum, nə deyirsən, nə üçün belə qəzəbə gəlmisən? De görüm, sənə nə olmuş? – Daha bundan betər nə olacaqdır? Bacım Leyla mənim bu qeyrət papağımı o dikdaban çəkməsi altına salıb tapdalayır… Bu qədər qardaşları tərəfindən öldürülən bacılardan ibrət almır. Yoxsa o elə fikir edir ki, mən Şura hökumətindən qorxub bu binamusluğu qəbul edəcəyəm? Xam xəyal… Hamı təqsir sən anamdadır… – Rəşid, mən bədbəxt nə etmişəm? – Onu etmisən ki, Leylanı o bigeyrət Kamilə verməyə mən razı deyildim, sən məni vadar etdin. Dedin: «Kamil oxumuş cavan oğlandır, özünün də yaxşı qulluğu var». Onun elm oxuduğu başına dəysin. Mənə qeyrəti, namusu lazımdır, o da ki onda yoxdur. Deyərəm, Kamil, bu arvadının ipini çək, səhərdən axşama kimi bulvarda yava qızlar kimi açıq gəzib, onunla-bununla mırt vurub gülür, bizi rüsvay edir. Deyir sənə borc deyil, arvad mənimdir, nə sayaq saxlayacağam özüm bilərəm. – Oğlum, açığın tutmasın, Kamil doğru deyir, indi hamı Leyla kimi açıq gəzir. Qorxma, bacın namuslu, ismətli qızdır. O elə iş tutmaz ki, sənə, ya əninə alçaqlıq gətirə. Oğlum, qoçubazlıq zamanı getdi. İndiçə asudə olmuşuq. Atan zamanı nə gün çəkdiyimizi bilirsən? Gündüzlər düşmənlərin qorxusundan rahat bayıra çıxa bilməzdik, gecələr bir hənirti gəldikdə hamımız dik atılardıq. Sən özün keçmişdə indiki kimi belə arxayın gəzə bilərdinmi? Belə sözlər ilə anası oğlunu sakit etməyə çalışırdı. Rəşid anasının dedikləri sözdə həqiqəti hiss edirdi. Doğrudan da atası zamanı bütün ailənin günü qara idi, həmişə qorxu altında yaşayırdılar. Onun özü məktəbli bir uşaq olduğu halda atasının əmrilə belinə tapança bağlamağa məcbur idi. Bacısının günü daha qara idi. O, atasının qorxusundan ki, sənə naməhrəmin gözü sataşar – stağından kənara çıxa bilməzdi. Anası onu da doğru deyirdi ki, o indi Şura hökuməti zamanı arxayın gəzə bilir. Lakin sabitdən iəs qalmış tərbiyənin tə’siri onda dərin kök salmışdı. Qadınlarının açıq və azada gəzməsinə o razı ola bilmirdi, çünki nadan atasından və cəmi qohum-ərəbasından aldığı yanlış tərbiyə üzündən: «Açıq gəzən qadında qeyrət namus olmaz» kimi sözlərə möhkəm inanmışdı. Anası, oğluna etdiyi nəsihətin tə’sirini görüb dedi: – Oğlum, heç vaxt unutma ki, düşmənlərimiz atanı küdaza verən kimi səni də vermək istəyirlər. Onların vəsvəsəsinə inanma, böyük bir ailədən bir kişi sən qalmısan, sən də tələf olsan, mən küçələrə düşərəm. Dur, oğlum, gedək, xörəyin soyuyur. Anasının səy’i ilə Rəşid bir qədər sakit olub, yemək otağına keçdi. Rəşidi yoldan çıxaranlar atasının düşmənləri idi. Anası Gülsüm bunu yaxşı bilirdi. Onlar köhnə ədavəti unutmamışdılar. Lakin Şura hökumətindən çəkinərək aşkar çıxış edə bilmirdilər. Hiylə ilə Rəşidi tələf etmək istəyirdilər. Onun bacısını əllərində alət etmişdilər. Anasının nəsihətindən sonra Rəşid sakit olub bacısına əziyyət vermirdi. Bir ittifaq da buna daha artıq səbəb olmuşdu. Belə ki, Rəşid son zamanları tibb fakültəsində təhsil alan bir yəhudi qızına məhəbbət bağlamışdı. Liya adında bu gənc qız, qoca anası ilə Leyla olan həyətdə yaşayırdılar. Bu kasıb ailə, ancaq bu iki nəfərdən ibarət idi. Liya özü oxuduğu halda müəllimlik edib, xüsusi dərs verməklə həm özünü və həm də anasını saxlayırdı. Liya Leyla kimi qaraqaş, qaraköz bir qız idi. Onların bədənləri, boyları da bir biçimdə idi. Liya Azərbaycan dilini gözəlcə bilirdi. Liya Leylaya rusca dərs verirdi. Rəşid Liya ilə görüşmək qəsdilə bacısıkilə tez-tez gəlib gedərdi. Leyla buna artıqca şad idi ki, qardaşı ona Liya ilə gəzməyə mane olmurdu. Rəşidin düşmənləri rahat olmurdular. Onlar Gülsümün evini sahibsiz qoymaq fikrində idilər. Rəşidi tələf etmək üçün yeni planlar çəkirdilər. Leylanın dalınca pusqucular salıb, onun hara getdiyindən və nə iş tutduğundan mə’lumat toplayaraq Rəşidə adsız məktublar yazırdılar, min dürlü iftiralar düzəldirdilər. Liyanı da əllərində alət etmişdilər. Onu müsamirələrə də’vət edib, Leylanı ora çəkmək istəyirdilər. Lakin Leyla ya getmir, ya da gedəndə Kamil ilə gedirdi. Bu isə onların planlarını pozurdu. Axırda bir hadisədən istifadə edərək düşmənlər Rəşidi tələyə salıb məramlarına nail oldular. Belə ki, bir qış gecəsi klubda kostyumlu və rəngli müsamirə verilirdi. Kiyev şəhərindən gəlmiş Liyanın nişanlısı bu müsamirəyə, namizədilə bərabər Leylanı da təklif etdi, lakin o razılıq edib, gedə bilməyəcəyinə üzr istədi. Liya müsamirəyə hazırlanaraq əntiq kostyum arayırdı. Leyla, çehiz gətirdiyi əski Azərbaycan biçimi ilə tikilmiş ipək libasını ona göndərib soruşdu: – Liya, bu paltar yararmı? Liya, bu əski çapkan, kürdü katibi, büzmə darayı tumanı və geyrilərini gördükdə gözləri parlayaraq dedi: – Ah, nə gözəl paltardır, mən ömrümdə belə şeylər görməmişəm. Yəqinimdir ki, müsamirədə hamının gözü məndə olacaqdır. Liya şadlığından Leylanı qucaqlayıb öpməyə başladı. – İndi, gey görüm, əynimə necə gələcəkdir? – Leyla paltarı ona uzatdı. Liya geydi sanki bu libas onun boyuna biçilmişdi. Bu paltarda Liya Leylaya o qədər bənzəyirdi ki, seçmək belə olmurdu. – Bəs başıma nə örtüm? – deyə Liya soruşdu. – Bu saat onu da düzəldərəm, – deyə Leyla başqa sandıqdan bir əski İran tirmə şalı çıxarıb onun başına saldı. Saat doqquz yarımda Liya nişanlısı ilə müsamirəyə getdi. Düşmənlərin adamlarından biri orada hazır idi. O, Liyanın tanışı idi. Onu belə libasda gördükdə əvvəl tanımadı. Sonra onun paltarını tə’rif edib belə gözəl libasın kim verdiyini soruşdu. Liya nağıl etdi və əfsus etdi ki, Leyla gələ bilmədi. O, bir qədər Liya ilə söhbət etdi. Sonra klubdan çıxıb getdi. O gecəsi Rəşid anası ilə naxoş xalasını yoxlamağa getmişdi, xalası bərk xəstə idi. Leylaya da xəbər verilmişdi, amma o hələ gəlib çıxmamışdı. Anası Rəşidi evə göndərib, özü bacısının yanında qaldı. Saat on tamamda Rəşid soyunub yerinə girdi. Gecənin bir vaxtı qapı döyüldü. Rəşid dik atıldı. O, fikir etdi ki, xalası keçinir, onu çağırırlar. Paltonu çiyninə atıb qapını açdı. Kürkə bürünmüş naməlum bir şəxs ona bir məktub verib cəld getdi. Rəşid otağa qayıdıb məktubu açdı, oxudu, rəngi qaçdı. Kağız əlində payız yarpağı kimi əsirdi. – Yenə düşmənlərimin iftirasımı? Yox, böhtana oxşamır… «Gəl öz gözünlə gör» deyirlər. Binamus bacı, xalası evdə can verir, onu son görüşə çağırır, o, klubda aşnabazlıq edir… Ey bigeyrət bacı, əgər bu məktubda yazılan doğru olursa, sənin sabahkı günəş ziyasını görməyəcəyinə and içirəm! – Bunu deyə Rəşid cəld geyinib tapançasını paltonun qoltuq cibinə qoydu, qapını açıb küçəyə çıxdı. Hava ayaz idi. Rəşid paltonun boynunu qaldırıb yola düşdü. Fikir və xəyal onu elə aparmışdı ki, yolu azıb küçələrdə dolaşırdı. Öz-özü ilə danışırdı: «Bacımı öldürməyə mənim ixtiyarım varmı?» – deyə özünə sual verirdi. Nə üçün? Kamil ona inanıb başına buraxır. Məkər ondan heç namus hissi yoxmu?.. Yaxşı olmazmı ki, aparım məktubu ona göstərim… Yox, əvvəl məktubda yazılanı təhqiq etmək lazımdır. Rəşid başını qaldırdıqda özünü klubun qabağında gördü. Açıq qapıdan musiqi səsi gəlirdi. Kluba daxil olmaq istədikdə, gözü koridorda bir cavan oğlan ilə Şərq libasında bir gənc qadına sataşdı. Qadın sağ divarda bənd olunmuş aynanın qabağında durub başının tüklərini düzəldirdi. Rəşid onun üzünü tamam görə bilmirdi, lakin əynindəki əski Şərq libası bacısı Leylanın olduğuna şübhə etmirdi. Bu vaxt oğlan ondan ayrılıb paltar saxlayan xidmətçinin yanına getdi xidmətçi paltoları qarmaqdan çıxarıb ona verdi. Oğlan paltonu alıb qadına tərəf getdi. Onu kürsü üstünə qoyub şalı əlinə götürdü və qadının başına saldı. Rəşidin bədəninə lərzə düşdü. O, Leylanın bu əski tirmə şalını tanıdı. Bu vaxt qapıçı gəldi, ondan içəri girməyə də’vətnamə istədi. – Mən içəri girmək istəmirəm, yoldaşımı gözləyirəm, – deyə Rəşid cavab verdi. – Burada durmaq olmaz, küçədə gözləyə bilərsiniz, – deyə qapıçı qapını örtdü. Rəşid küçəyə çıxdı. Klubun qapısından bir qədər uzaqlaşıb pusquda durdu. Aradan bir az keçmiş oğlan ilə qadın klubdan çıxdılar. Oğlan göz gəzdirib faytom axtardı, tapmadı. Sonra qolunu qadının qoluna salıb yola düşdülər. Rəşid özünü bir darvazaya qısıb, onları irəli buraxıb arxalarınca düşdü. Onlar tinə çatdıqda durdular. Rəşid cəld bir sütunun dalında gizləndi. Küçədə bir kəs yox idi. Bu zaman yan küçədən faytom qaraltısı göründü, oğlan bir qədər irəliləyib: «Faytom, faytom» deyə səslədi. Rəşid bundan istifadə edərək tapançasını çıxarıb özünü qadının üstünə atdı. Güllənin atılması, qadının yerə sərilməsi bir anda oldu. Oğlan özünü itirib, qışqıraraq qaçmağa başladı. Rəşid istədi ki, güllənin birisini də onun başına sıxsın, Liya zəif bir səslə dedi: – Rəşid, nə üçün məni öldürdün? Mən sənə nə etmişəm? Tapança Rəşidin əlindən düşdü: – Liya, sənmisən? – deyə qışqırdı. Lakin Liyadan səs çıxmadı, çünki onun cavan ömrü bir cahalət gülləsinə qurban olmuşdu. Rəşid əyilib ona baxdı. – Şübhəsiz, zavallı Liyadır öz əlimlə sevdiyim günahsız qızı qanına boyadım, – deyə fəryad etdi. Güllənin səsinə, Liyanın nişanlısının qışqırığına küçələrdən milislərin fitləri qalxmağa başladı. Rəşid qaçmaq fikrində deyildi. O, bacısını öldürmək qəslinə düşən gündən qət etmişdi ki, xahişini əmələ gətirdikdən sonra öz ixtiyarı ilə hökumətə təslim olacaqdır, o idi ki, milislər əllərində silah onu əhatə etdikdə, Rəşid qaçmayıb dedi: – Bu yəhudi qızını bacım bilib, səhvən öldürmüşəm, sizə təslim olururam. Məni milis idarəsinə aparın ki, şahadətimi verim, – bunu deyə tapançasını onlara uzatdı. Onu həbsə aldılar. Düşmənlər məramlarına çatdılar. İki qoca qadının ümid çıraqlarını söndürdülər. Beş aydan artıq idi ki, Rəşid həbsxanada yatırdı. Bu günlərdə onun mühakiməsi olacaqdı. Bu mühakiməni Rəşid böyük intizar və təlaş ilə gözləyirdi. Lakin onun bu həyəcanına səbəb, qorxu hissi deyildi onu təşvişə salan o idi ki, şayəd məhkəmədə indiki yeni nəzərlərini, dərin düşüncələrini, onda əmələ gəlmiş böyük ruhani təğyirlərini son sözündə camaata layiqincə yetirə biləcəkdirmi? Ona inanacaqlarmı? Ya inki işini yüngülləşdirmək üçün bir hiylə sanacaqlarmı? Rəşid son fikirlərindən qorxmurdu, çünki özünü qurtarmaq məqsədində deyildi, bil, əks məhkəmədən özü üçün ən ağır cəza tələb edəcəkdi. O etdiyi silinməz cinayətdən sonra yaşamaq təmənnasında deyildi. Lakin ölümə gedərkən, indiyə kimi fəxr ilə tutduğu yolun yanlış olduğunu öz həmfikir və həmməslək olan gənc yoldaşlarına sübut etmək istəyirdi. Onda zühura gəldiyi təğyirlərin düz və səmimi olmasını onlara anlatmaq istəyirdi. Bu təğyirlər Rəşiddə birdən əmələ gəlməmişdir. Əvvəlləri həbsxanada yatarkən sevdiyi qızı öldürməsinin baisi bacısını sanıb, ona düşmənçiliyi artmışdı. – Liyanın əsil qatili mən deyiləm, bacımdır, – deyə ondan intiqam almaq istərdi. Anasına gəldikdə ona da ədavət bağlayıb görüşmək istəməzdi… Bu isə köməksiz qalmış zavallı ananın gecə-gündüz göz yaşı tökməyinə səbəb olurdu. Hər cümə günü, başqa analar və arvadlar kimi Gülsüm həbsxananın qabağında saatlarca durub, oğlu ilə görüşmək istəyirdi. Lakin növbə ona çatdıqda xəbər verdilər ki, müqəssir anası ilə görüşmək istəmir. Hətta Rəşid anası gətirdiyi şeyləri də qəbul etmirdi. Biçarə ana həbsxananın divarına söykənib saatlarca ürək yaxıcı göz yaşlarını tökərdi. Başqa görüşə gəlmiş analar, arvadlar onun halına acıyırdılar. Buna baxmayaraq Gülsüm hər cümə yenə gələrdi ki, bəlkə bu dəfə oğlu fikrini dəyişdirib, onunla görüşəcəkdir, ya gətirdiyi şeyləri qəbul edəcəkdir. Ümidi puça çıxırdı. Onun halına həbsxananın qapıçısı yanırdı. O, bir cümə günü, Gülsümdən Rəşidin dostlarının adlarını öyrənib belə bir hiylə qurdu; gələn cümə növbə Gülsümə çatdıqda qapıçı dedi: – Ana, oğlan şeyləri qəbul edir, ver aparım. Biçarə arvad sevindiyindən özünü itirmişdi, əlləri əsə-əsə qəzetə bükülmüş çayı, qəndi, papirosu və özü bişirmiş olduğu halva və külçəni ona uzatdı. – Oğlum, bunu Rəşidə verəndə de ki, onun dərdindən belim bükülmüş, ağlamaqdan gözlərimin nuru getmiş. Bu gün-sabah bu qəm və qüssədən öləcəyəm, bircə mənlə görüşsün ki, qəbrə rahat gedim. – Yaxşı, anam deyərəm. Qorxma, oğlun səninlə görüşəcəkdir, ancaq bir az səbir elə. Çox cavan dustaqlar sənin oğlun kimi əvvəl vaxtlar heç kəsi görmək istəmirlər, sonralar özləri qohumları ilə görüşməyə tələsirlər. Qapıçı şeyləri ondan alıb dedi: – İndi get ana, ümidini kəsmə. Gülsüm ondan razılıq edib getdi. Qapıçı şeyləri Rəşidə dostlarının birisinin adı ilə verdi. Beləliklə, qapıçı bir müddət həm anasını və həm də oğlunu aldadaraq, hər ikisini razı etdi. Rəşidi həbsxanada ayrıca kameraya salmışdılar. Buna onun özü də şad idi, çünki hələ elə sükut və təklığı tələb edirdi. Rəşid bütün günləri saatlarca yerində uzanıb dərin fikirlərə dalırdı. Azadəliyin nə böyük səadət olduğunu indi düşünürdü… Uca və kiçik pəncərədən düşən günəşin işığının necə böyük bir ne’mət olduğunu indi anlayırdı: – Mən nə üçün bacımı bu iki böyük ne’mətdən məhrum etmək istəyirdim? Bizim arvadlarımız, anadan olandan qəbrə gedənə kimi belə həbsxanalarda yaşayan dustaqlar deyildirlərmi? İnsafı, vicdanı olan şəxs belə ədalətsizliyə razı olarmı? Açıq azadə gəzən qadınlarda namus, ismət olmaz… Bu fikir düzdürmü? Demək bütün mədəni millətlərin qadınları namussuzdur… Bu nəzəriyyə doğrudurmu? Çarşaf yavalığın qarşısını alar; bu haqlı bir tədbirdirmi? Rəşid öz-özünə belə suallar verib, həqiqət harada olduğunu dərin düşüncələrdən sonra arayıb tapırdı. Uzun gecələr, tutduğu cinayətin qanlı mənzərəsi gözlərinin qarşısında böyüyürdü. Sevgili Liyasının solğun dodaqlarından çıxan «Rəşid, məni nə üçün öldürdün, mən sənə nə etmişdim?» səsləri qulaqlarından çıxmırdı. Bə’zən də bacısının pərişan üzü, müztərib gözləri, anasının zəif, qansız siması, məzlum baxışları gözlərinin önündə canlanırdı. Bə’zən də yuxusunda anasını küçələrdə dilənən görürkən diksinib oyandı. Bu zaman Rəşidin yadına anasının bu sözləri düşürdü: «Oğlum, düşmənlərin vəsvəsəsinə qulaq asıb, məni küçələrə salma, əsil bigeyrətlik budur, oğlum». Rəşid bu acı həqiqəti indi anlayırdı. – Doğrudan da, düşmənlərimin bir sahta məktubuna inanıb üç ailəni bədbəxt etdim, buna namusmu deyərlər? Günahsız Liyanın qoca anasını küçələrə atdım, belə qatil bağışlanmağa layiqmi? Yox, yox, – deyə Rəşid suallarına cavab verirdi. Rəşid daha anasının görüşündən boyun qaçırmırdı. Hər cümə gülərüzlə onu qəbul edib, mehriban söhbətlər edərdi. Ona təsəllilər verərdi. Gülsüm oğlunun belə təğyirinə artıq şad idi. Bir dəfə Rəşid soruşdu: – Ana, nə üçün bacım məni görməyə gəlmir? – Oğlum, səkdən qorxur, sən tutulan gündən bəri bacın evdən heç bir yerə çıxmır, gecə-gündüz ağlayır, bir an rahat olmur. Gördüyün sağlam Leyla, əriyib çənə dənmüşdür. Deyir: «Qardaşımın bəxtbəxt olmasına bais mən oldum. Kaş o yanımda olaydı, başıma çarşaf salıb evdən bayıra çıxmağıma izin verməyəydi. Mən onun əmrini şadlıqla qəbul edərdim». Rəşid gülümsəyib dedi: – Qorxmasın, mən irəliki Rəşid deyiləm. Bu gündən sonra daha heç bir kəsdən çəkinməyərək açıq azadə, könlü istəyən yerə getsin. Ana, onlara cəlladlıq etdiyimiz yetər, belə həbsxanalarda saxladığımız bəsdir, onların hüquqlarına, mal və canlarına, namuslarına toxunmağımız bir namussuzluqdur. Qadınlar hər cəhətcə, ərkəklərlə müsavidirlər. Bu sadəcə şeyi mən burada uzun müddət dərin fikirləşib, düşünüb anladım. Gülsüm, oğlunun dediyi sözlərin çoxunu anlamadısa da, onda olan böyük dəyişikliyi hiss edirdi. – Ana, bu dediklərimi bacıma yetir və gələn cümə də mənim görüşümə gətir. Ona deyəcək sözlərim çoxdur. Daha durma get, bacımı şad et… Gülsüm şadlığından özünü elə itirmişdi ki, oğlu ilə belə salamatlaşmayıb cəld getdi. Üç gün idi ki, vilayət məhkəməsinin cinayət şö’bəsi tərəfindən Rəşidin işinə baxılırdı. Başqalarına ibrət olmaq üçün məhkəmə çıxdı və təntənəli bir surətdə qurulmuşdu. Böyük məhkəmə salonu maraqlanan tamaşaçılarla dolu idi. Bu gün məhkəmənin sonu olduğu üçün gələn adamların sayı iki qat artmışdı. Salonda qadınlar şö’bəsinin üzvlərindən başqa geyri çarşaflı qadınlar da çox idilər. Onlar məhkəmədən qatil üçün e’dam cəzası tələb edirdilər. Bu isə Gülsümün və Leylanın ürəklərinə ox kimi sancılırdı. Qadınlar şö’bəsi tərəfindən tə’yin olunmuş natiqin odlu çıxışı camaata böyük tə’sir buraxmışdı. Rəşidin hökumət tərəfindən tə’yin olunmuş vəkili bu tə’siri pozmağa səy’ edirdisə də, müvəffəq olmadı. Rəşid başını aşağı salıb heç kəsə baxmırdı. Dərin-dərin fikirlərə dalıb özünün harada olduğunu duymurdu. – Vətəndaş müqəssir, söz sizindir, – deyə sədr e’lan etdi. Salonda elə sakitlik əmələ gəldi ki, milçək uçsa idi qanadlarının səsi eşidilərdi. Rəşid qalxdı. Yüzlərcə gözlər, onun zərif, gözəl, lakin solğun siması, uşaq baxışlı gözlərinə, uca, incə boyuna, qıvrımçıq saçlarına dikildi. Rəşid həyəcana gəlmiş əsəblərini, şiddətli çarpan qəlbini sakit etmək üçün su istədi. Verdilər, içdi. Sonra zəif, titrək, xoş səslə son sözlərini başladı. Tərcümeyi-halını, içərisində yaşadığı mühiti, qoçu atasından aldığı tərbiyəni doğru, düzgün təsvir edərək, etdiyi cinayətə keçdi. Onun nitqi gəldikcə yandırıcı oda, kəskin qılınca dönürdü. Həbsxanada çəkdiyi böyük ruhi əziyyətdən sonra, özündə əmələ gəlmiş təğyirləri elə saf və sədaqətlə isbat etdi ki, kimsədə bir şübhə izi belə qalmadı. Hamının rəhmini, məhəbbətini qazanmağa müvəffəq oldu. İndi onun ölümünü heç kim tələb etmirdi, bil’əks azad olmasını diləyirdilər. Bir az bundan əvvəl e’damını tələb edən qadınların gözlərində mərhəmət və şəfqət yaşları görünürdü. Rəşid nitqini bitirərək üzünü qadınlara tərəf çevirib: – Bacılar, mənim kimi azad olmağınıza mane olan qara fikirli cavablar və bütün ərlər aradan götürülməlidir. Mən də sizin rə’yinizə şərik olaraq məhkəmədən özümə ən ağır cəza tələb edirəm, – deyə Rəşid oturdu. Qadınlar tərəfindən «yox, yox, istəmirik» sədası qalxdı. Məhkəmə üzvləri müşavirə otağına keçdilər. Salonda səslər uçaldı, qızğın bəhslər başlandı. Qadınlardan bir neçəsi Gülsüm və Leylanı əhatə edib: – Qorxmayın, bacılar, bu işdə ölüm yoxdur, – deyə təsəlli verirdilər. Aradan yarım saat keçmiş sədr üzvlərlə bərabər salona daxil oldular. Hamı ayağa qalxdı. Böyük sükut içərisində sədr qətnaməsini oxudu. – Müqəssir dörd il müddətində azadlıqdan məhrum edilir, lakin onun cavan və səmimi bir insan olduğunu nəzərə alaraq cəzası iki il azaldılır. Salonda şadlıq sədası yüksəlmiş, adamlar sevinc dalğaları arasında axın-axın bayıra çıxırdılar. * * * «Yoluxma xəstəlik» İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi. Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. Bu aralıq Oktyabr inqilabı zühur edərək, daha sonra Azərbaycanı da şuralaşdırmışdı. Vətəndən əlaqəsi kəsilmiş Cəlil, Paris mətbuatında dərc edilən provaqasiya xəbərləri mütaliə edərkən mütəəssir olardı. Cəlil hər nə qədər bu xəbərlərə inanmayırdı, lakin yenə qəlbində böyük bir iztirab hiss edirdi. O idi ki, Batuma çatdıqda yorğunluğuna baxmayaraq, şəhəri gəzməyə başlamışdı ki, bəlkə bir tanışa rast gəlsin… Ancaq kimsəyə rast gəlməmişdi. Qatar Tiflis stansiyasına çatdıqda miniklər vaqonlardan əcələ ilə enərək özlərini bufetlərə soxmağa başladılar. Cəlil də kupedən enərək yerə düşdü… Lakin yenə də yemək yeməzdən əvvəl tanış aramaq fikrində idi. Ancaq qarınca kimi qaynaşan insanlar sırasında heç bir tanış tapmadı. Qəzet, məcmuə alıb bufetə girdi və yemək yeməyə məşğul oldu. Qatar hərəkət edərkən, Cəlil yenə vaqona atıldı… Bir qədər Tiflisin mənzərələrinə tamaşa etdikdən sonra kupesinə gəldi. İçəri daxil olduqda pəncərə səmtində qısa boylu, zəif əndamlı, batıqordlu, çalsaçlı bir şəxsi oturmuş gördü. Bunun siması Cəlilə tanış gəldi. Bu şəxs də diqqətli bir nəzərlə ona baxırdı. Cəlil bunun qarşısında oturaraq soruşdu: – Siz müəllim Mirzə Xəlilmisiniz? – Bəli. – Məni tanıyırmısınız? – Yəqin əski tələbələrimdən birisiniz… Lakin adınızı unutmuşam. – Bəli, mən sizin əski tələbənizəm, adım Cəlildir. Doğru, doğru indi tanıdım. – Siz Parisdəmi təhsil edirsiniz? – Bəli, təhsilimi bitirmiş, indi vətənə qayıdıram. – Çox gözəl… Artıq şadam, – deyə Mirzə Xəlil əlini uzatdı. Cəlil yerindən qalxaraq iki əlilə onun əlini sıxdı. – Möhtərəm müəllimim, sizi sağ və salamat görməyimə mən də artıq şadam. Kupedə bunlardan başqa iki minik daha vardı. Lakin onlar üst yatacaq yerlərini qaldırıb uzanmışdılar. Bunların söhbətlərinə mane olan bir şey yox idi. Cəlil qohum-əqrəbasının, dost-aşnalarının sağ və salamat olmağını bildikdən sonra söhbəti Azərbaycanın siyasi və ictimai vəziyyətindən açmışdı. Mirzə Xəlilin verdiyi mə’lumata təəccüb edərək deyirdi: – Bizə çatan xəbərlər büsbütün bunun əksini anladırdı, möhtərəm müəllimim! Mən hənuz Parisdə tibb fakültəsində təhsil alarkən, qət etmişdim ki, təhsilimi bitirdikdən sonra vətənə evdət edəm. Bakıda qalmayıb Azərbaycanın ən uzaq və mədəniyyətcə geridə qalmış qəzasında oturaraq əhalisinə tibb yardımı edəm. İndi, söhbətimizdən sonra bu fikirdə daha möhkəm qalmağı sizə söz verirəm. Mirzə Xəlil dedi: – Fikriniz çox gözəldir, çünki Azərbaycanda təhsillərini bitirmiş gənc təbiblərimiz qəzalara getməkdən çəkinirlər. Hamısı Bakıda qalmaq istəyir. – Mirzə, keçmişdə Azərbaycanda isitmə xəstəliyi çox artıq dərəcədə idi, indi nə haldadır? – İndi azalmaqdadır. Şura hökuməti səhiyyə işlərinə artıq diqqət verir. Lakin Azərbaycanda yeni bir «yoluxma xəstəlik» peyda olmuş. Bu əcib fəqət çox gözəl «xəstəlik» bütün Azərbaycanı bürüyür… ərkək, qadın, çocuq, qoca hamısı bu «mərəz»ə mübtəla olurlar. Cəlil təəccüblə soruşdu: – Möhtərəm müəllimim, o yoluxucu xəstəliyə bir «gözəl» kəlməsi də əlavə etdiniz… Buna mən təəccüb edirəm. Mirzə Xəlil gülümsəyib dedi: – Bəli, bu «xəstəliyə» mübtəla olan şəxslər çox gözəlləşirlər, ruhları yüksəlir, zehinləri itiləşir… Cəlil təəccüblə dedi: – Bu mərəzin bə’zi nişanələri vərəm xəstəliyinə bənzəyir. Lakin, ümumiyyətlə indiyə kimi görünməmiş bir mərəz… Şura hökuməti bu xəstəliyin qabağını almaq üçün nə təşəbbüsdə bulunur? – Onun daha da artmasına səy’ edir. Cəlil bu sözləri eşitdikdə gülərək dedi: – Möhtərəm mirzə, zarafat etdiyinizi indicə anladım. – Xeyr, zarafat etmirəm, lakin gecə keçmiş, söhbətimizi bitirək… Sonra Bakıda görüşüb bərabərlikdə bu «mərəz» haqqında danışarıq, indi isə rahat olaq. Bir azdan sonra Mirzə Xəlil və Cəlil kupenin açıq pəncərəsindən içəri tökülən qucaq-qucaq ölgün ay işıqları altında uyuyurdular. Doktor Cəlil Bakıda idi. Neçə illərdən bəri uzaq düşdüyü Bakını gəzir, dolanır və bu günkü yeniliklərə çiddən sevinirdi. Bir gün Mirzə Xəlil ilə görüşərkən gülmüş və demişdi: – Möhtərəm mirzə, vaqonda dediyiniz və həm də mübhəm saxladığınız gözəl «mərəz»i özüm axtarıb tapdım. Hal-hazırda onun mikrobunu təhlil edirəm ki, asan bir üsul ilə daha şiddətli inkişaf etdirərək Azərbaycanın ən qaranlıq küşələrinə nəşr edəm, hətta bu gözəl «mərəz»in adını da öyrəndim. İstərsəniz söyləyim. Mirzə gülərək: – Hansı «mərəz»dir? – O, maarif çiçəyidir ki, qocadan tutmuş çocuqlara qədər yayılmış və yayılmaqdadır. – İndi mən də bunu peyvənd edəcəyimə söz verir və çiddi çalışacağam. * * * İki dost, iki düşmən Avqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi. – Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi. Qoca işçi Salman dedi: – Yoldaş Fəxrəddin, biz sükutu pozmayırıq: yuxumuz da gəlməyir. Yoldaş Rəhman vətəndaş müharibəsindən qayət maraqlı şeylər söyləyir, rica edirik ona mane olmayasınız. Həkim izin verdi. Özü də skamyada oturub qəzet oxumağa məşğul oldu. Rəhman nağıl etməyə başladı. Söylədiyi doğrudan da maraqlı şey idi. Hətta Fəxrəddinin də fikrini cəlb etmişdi. O, qəzet oxumağı buraxıb dinləyirdi. Rəhman nağılı bitirdi. Araya bəhs düşdü. Cavan işçi Niyazi dedi: – Yəqin oğlu atasını öldürdükdə kim olduğunu bilməmiş. Qoca Salman dedi: – Burada təəccüblü bir şey yoxdur. Vətəndaş müharibəsində belə ittifaqlar çox olmuşdur Ata oğlu, oğul atanı, qardaş qardaşı öldürmüşlər. – Niyazi bu ildən firqəyə namizəd yazılmışdır, onda kommunizm qayəsi hələ möhkəmləşməmişdir, onun üçün də şübhə edir. – Yoldaş Mərdanın bu sözünə mən də şərikəm, – deyə Fəxrəddin təsdiq etdi. – Vətəndaş müharibəsi geri müharibələrə bənzəməz. Bu sinif müharibəsi, məfkurə mübarizəsidir. Burada ata, oğul, qardaş, hərkah başqa-başqa məsləklərə mənsub isələr, adi düşməndirlər. – Kommunizmi dərin düşünsəniz, onun qayəsini yaxşı anlasanız ata, ana, qohum, dost, aşina hissi sizə qalib gəlməz. İndi izninizlə mən də başıma gələn bir vəqəni söyləyim… – Söyləyin, – deyə rica etdilər. İşçilər onun əski bir kommunist olduğunu bilirdilər. Həkim qutusunu çıxarıb papirosunu yandırdı, çəkdi. Sonra hekayəyə şuru edərək dedi: – Söylədiyim aydın olmaq üçün bir keçmişə əl atmalıyam. Mən kəndli övladıyam. Kəndlinin əlində bir parça əkin yeri olar, onu bəcərib məhsulu ilə öz çoluq-çocuqlarını acılıqdan saxlar. Mənim atam Səfərəlinin elə bir parça yeri də olmamış, Həsənqulu ağaya rənçbərlik edərək min məşəqqət ilə öz ailəsinə çörək qazana bilmiş. Həsənqulu ağa tündməcaz bir mülkədar idi. Atam ondan artıq əziyyət çəkərdi. Anam da ağalıqda qaravaş idi. Binəva göz yaşından başqa, xanımlardan bir hədiyyə almazdı. Mənim də vəzifəm ağalıq qapısında kötək yemək idi. O vaxt mənim doqquz yaşım var idi. Bir ittifaq mənim bu döyüş-söyüşümün qabağını almağa səbəb oldu. Həsənqulu ağanın övladı yox idi. On yaşında qardaşı oğlu Şahbaz bəy onun vahid varisi idi. Bu uşaq atasız, anasız bir yetim idi. Şəhərdə Leyli məktəbdə tərbiyə alırdı. Nağıl etdiyim il yay tə’tili münasibətilə Şahbaz, əmisikilə gəldi. Nökərlər, qaravaşlar onun başına fırlanırdılar. Nə etsinlər? Gələcək səadətləri onun əlində idi. Şahbaz özü həlim bir çocuq idi, lakin yeri gəldikdə hökmran bir sinif üzvü olduğunu birüzə verirdi. Birinci qədəmdən biz dostlaşdıq, birlikdə oynadıq, birlikdə gəzərdik. Şahbazın qorxusundan heç kəs məni incidə bilməzdi. Onun bu böyük yaxşılığını mən heç bir vaxt unutmaram. Şahbaz həmin yay mənə rusca əlifbanı öyrətdi. Bu isə gələcək səadətimə səbəb oldu. Amma Həsənqulu ağanın xilafi – rə’yi idi, yalnız Şahbazın xatirəsi üçün bir söz deməyirdi. Bir ittifaq mənim məhəbbətimi Şahbaza daha da artırdı. Bir gün çayda çimərkən dərin yerə düşüb boğulurdum. Şahbaz özünü atıb məni çıxartdı. Onun özü yaxşı üzmək bilmirdi. Bu isə tutduğu əməlini bir qədər də qiymətləndirirdi. Yay bitdi. Şahbaz oxumağa getdi. Bizim üçün yenə məşəqqət günləri başlandı. Atam buna səbir etməyib şəhərə köçdü. Bir müddət işsiz qaldı. Axırda neft zavodunda fəhlə oldu. Gərək Salman əminin yadına gələ. – Bəli, bəli, yaxşı yadımdadır, – deyə Salman təsdiq etdi. – Türkdə bir məsəl var, deyərlər: «Yağışdan çıxdım, yağmura düşdüm». Biz də Həsənqulu ağanın zülmündən xilas olduq, zavod sahibi Hacı Səlimin çənkəsinə düşdük. Axırda atamın sol qolunu maşın kəsib atdı, azarxanaya düşdü. Atam nə qədər azarxanada idi, Hacı Səlim onun məvacibini kəsməyirdi ki, şikayət etməsin. Sağalandan sonra bir şey verməyib atamı küçəyə atdı. Məhkəməyə düşdülərsə də, nəticədə məhkəmə işi zavod sahibinə tərəf kəsdi. Əlil atam aralıqda xırdavatçılıq edərək artıq əziyyət ilə gündəlik çörəyimizi qazana bilirdi. Burada mən məktəbə daxil olub sonra «Maarif» cəmiyyətinin yardımı ilə orta təhsil bitirərək Leninqrada getdim. Orada darülfünunun tibb fakültəsinə girdim. Şahbaz bəy ilə görüşdük. Əski dostluğumuz yenə təzələndi. O vaxt Şahbaz institutda me’marlıq oxuyurdu. Məni Şahbaz bəydən ayıran bir şey var idisə, o da sinfi ayrılığı idi. Get-gedə bu ayrılıq dərinləşirdi. Mən orta təhsildə oxuyan zaman bolşevik firqəsinə girmişdim. Buraya gəldikdə firqə təşkilatında çalışmağa başladım. Bunu Şahbaz bilirdi. Bir dəfə bu barədə mübahisəmiz oldu. – «Kommunizm utopiyadır» – deyə Şahbaz mənlə bəhs etdi. – Proletariat hökumət qurmağa qadir deyil, o vurar, dağıdar, bəlkə də padşahlığı yıxar, lakin üç gün də olsa hökumət apara bilməz… – Nə üçün? – …Çünki tarixdə işçi-kəndli hökumət sürdüyü görülməmişdir. – Görülməmişdir, indi isə görülər, – deyə mən cavab verdim. – Sən bir çocuq kimi bəhs edirsən, – deyə Şahbaz hayqırdı. – Şahbaz, hirslənmək lazım deyil, mənə məntiqli sübutlar gətir. Keçmişdə çox şeylər görünməmişdi, indi görünür. «Tarixdə görünməmişdir, ona görə olmaz» bu bir dəlil deyil ki, sən gətirirsən. Mənçə sən həqiqəti gizlədirsən, qəlbindəkini açıb deməyirsən. – Mən nəyi gizlədirəm? – deyə Şahbaz sordu. – Sən hökm sürən bir sinfə mənsubsan, ağalıqdan düşmək istəməyirsən, mətləb buradadır. – Doğru deyirsən, fəqət mən fikrimi gizlətməyirəm, çünki aydın inanıram ki, hökumət siz kommunistlərin əlinə düşsə, insanları böyük fəlakətə salacaqsınız. İş silah gücünə gəlirsə, məni öz sıranızda yox, müqabilinizdə görərsiniz. Bu bəhslərdən sonra mən Şahbazdan çəkilməyə başladım. Bir gecə firqə yoldaşımızın mənzilində gizli müşavirə edirdik. Qəflətən qapı döyüldü. Biz təşvişə düşdük, kim isə məni səslədi. Qapını açdıq, Şahbaz içəri girib dedi: – Tez olun, kağızlarınızı tələf edin, jandarmlar gəlirlər… Biz cəld kağızları sobaya atıb yandırdıq. Bir azdan sonra jandarmlar evi əhatə etdilər. İçəriyə soxulub aramağa başladılar. Elə heç bir şey düşmədi. Jandarmların biri Şahbaza diqqətlə baxıb dedi: – Bu studenti mən buraya gələn gördüm. Yəqin bunlara bizim gələcəyimizi xəbər vermiş. Şahbazı tutub apardılar. Hərçənd əldə bir sübut yox idi, mən yenə təşvişə düşdüm. Şahbazı bir gecə həbsdə saxlayıb buraxdılar. Mənim ilə görüşdükdə gülərək dedi: – Hökumət əleyhinə işləyənlər siz, həbsə alınan mən. Bu ittifaq yoldaşlar arasında Şahbazın ehtiramını artırdı. Mən üçüncü kursda olanda ata və anam vəfat etmişdi. Sağ qalan bacım Tahirə idi. O da ali ibtidai məktəbi bitirmişdi. Onu hazırlaşdırıb özüm ilə Peterburqa götürdüm, mamaçalıq kursuna qoydum. Şahbaz Tahirəni tez-tez teatrlara, konsertlərə aparardı. Onun namuslu bir cavan olduğu mənə mə’lum idi. Ona görə də bacım ilə gəzmələrinə mane olmazdım. Get-gedə Şahbaz ilə Tahirə arasında məhəbbət törədi. Bunu bildikdə qorxuya düşdüm; çünki bunların evlənməsi geri-mümkün idi. Hərkah Şahbazın özü və ailəsi Həsənqulu ağa da rə’y versəydi, mən razı olmazdım. Ona görə Tahirəni ondan ayırıb görüşməyini qadağan etdim. Bu ittifaq bizim dostluğumuzu pozdu. Tahirə mamaçalıq kursunu bitirib vətəninə qayıtdı. Bu vaxt Fevral inqilabı başlandı. 4-çü kurs tibb tələbələrinə şəhadətnamə verib, Almaniya cəbhəsinə göndərdilər. Göndərilənlər sırasında mən də var idim. Cəbhədə əskərlər arasında bolşevizm və müharibəni yatırmaq propaqandası apardığım üçün məni tutub həbsxanaya saldılar. Oktyabr inqilabı məni həbsdən azad etdi. Sonra vətəndaş müharibəsi başlandı. Üç il Sibirdə, axırda Cənub cəbhələrində Qızıl Ordu içərisində həkimlik vəzifəsini icra edirdim. İyirminci ildə Qızıl Ordu ilə Azərbaycana daxil olduq. İyun əksinqilabi üsyanda mən hərbi lazaretdə həkimlik, bacım Tahirə isə şəfqət bacısı vəzifəsini ifa edirdi. Bacım Tahirə yoldaş Niyazi kimi həmin il bolşevik firqəsinə namizəd olmuşdu. Bir gün yaralılara baxıb yenicə odama girmişdim ki, bir qədər istirahət edəm, Tahirə daxil olub dedi: – Yeni bir yaralı gətirmişlər, gəl bax. – Yaxşı, get, bu saat gələrəm, – dedim. – Xəstənin yarası ağırdır, hər dəqiqəsi xətərlidir, – deyə bacım yalvarıcı bir nəzərlə üzümə baxdı. Qalxıb getdim. Yaralı bihuş idi. Üzündən qan qaçıb meyit rəngini almışdı. Yarasına diqqətlə baxdığda xətərsiz bir yara olduğunu bildim, lakin xəstənin bədəni qayət zəif idi. Yeni azardan durmuş adamın vücuduna bənzəyirdi. Yaranı yuyub bağladım. Sonra ümumi odaya almağı əmr etdim. Bu vaxt bacım mənə yaxınlaşıb yavaş dedi: – Xəstəni tək odaya qoymağı əmr et. – O nə üçün? – Sonra deyərəm. Mən xəstəni xüsusi odaya apartmağı əmr verib, mənzilimə qayıtdım. Tahirənin yaralıya tə’cili surətdə baxmaq tə’kidi, müəmmalı təklifi məni şübhəyə salmışdı. Burada bir sirr var, – deyə fikrə getdim. Aradan on dəqiqə keçmiş Tahirə də daxil oldu. – Yaralını tanıdınmı? – deyə sordu. – Yox, kimdir? – Şahbaz bəy. Məni heyrət tutdu. Dörd il içərisində nə qədər dəyişiklik… «Kommunizmi silah gücü ilə yürütmək istəsəniz, məni sıranızda yox, müqabilinizdə görərsiniz» sözü yadıma düşdü. – Şahbaz bəy körpünü dinamitlə uçurmaq istədikdə, qarovulçu əsgər güllə ilə vurmuş, – deyə Tahirə əlavə etdi. – Xəstənin halı indi necədir? – Huşu gəlmiş, ancaq böhran içindədir. – Hərarəti necədir? – 39,5. – Həkimlərdən kim baxır? – Yoldaş İvanov. – Gedək, – deyə qalxdım. Qəlbimdə bir iztirab ilə Şahbazın yanına gəldim, nəbzini aldım. – Yəqin malyariya ilə xəstələnmiş… İndi də bu hərarət onun hərarətidir. – Yarasından heç bir qorxu yoxdur. Kaş ağır bir öldürücü yara olaydı. – O nə üçün? – deyə Tahirə iztirab ilə sordu. – Qızıl Ordu ilə müharibə edən əks-inqilabçı ağanın, körpü dağıtmağa qəsd edən bir mühəndisin cəzası nə olduğunu bilirmisən? Bunu eşitdikdə Tahirənin rəngi üzündən qaçdı. Əsil məhəbbət qəlbindən hələ çıxmadığını birüzə verdi. – Xəstəyə baxmağa yoldaş İvanov kimi tə’yin etmiş? – Məni. – Sən yaramazsan. – Nə üçün? – Məsləhət belədir. Get bacı Markovanı göndər. Tahirə mə’yus və pərişan odadan çıxdı. Bir azdan sonra Şahbaz gözlərini açdı. Zəif səslə sordu: – Mən haradayam? Mən sandalya alıb yanında oturdum. Şahbaz böhranlı gözlərini üzümə dikdi, diqqətlə baxdı. – Fəxrəddin, mən nə üçün buradayam? – Şahbaz, sən yaralısan, bura da xəstəxanadır. – Düşünürəm… Düşmən əlindəyəm. – Qəm etmə, yaran yüngül yaradır. Təzliklə sağalarsan… – Sonra da güllə qabağında… – Biz xəstə ilə müharibə etməyirik. Daha danışmağa izin verməyirəm, – deyə mən ayağa qalxdım. Bu halda Markova daxil oldu. – Yoldaş Markova, bu xəstəyə siz baxacaqsınız. Xəstəyə yaradan artıq malyariya əziyyət verir. Kinə tə’yin edirəm. Gündə üç dəfə verərsiniz. Çox su içməyə izin verməyiniz, əvəzində çay verin. Mən qapıya tərəf yönəldim. Qapıdan çıxdıqda qulağıma Şahbaz tərəfindən – iki dost, iki düşmən sədası dəydi. Şahbaz sür’ətlə sağalırdı. Bu isə onu şad etməyirdi. Bir dəfə Markova onun yarasına yod sürtüb bağlayırmış. Şahbaz fürsət tapıb yod şüşəsini qapıb içmək istədikdə bacı əlindən alır. Şahbazın halı məni dərin düşündürürdü. Sağaldığdan sonra əvvəl hərbi tribunal, sonra güllə qabağında. Onun üçün nicat yolu yox idi. Məndən heç bir yardım gözləməyirdi, çünki bilirdi ki, mən kommunizm uğrunda hər bir şeydən keçirəm. O bilirdi ki, mən onunla şəxsən səmimi dostam, lakin məfkurəcə dərin düşmən. «İki dost iki düşmən» mə’nası bu idi. Son zamanlar Şahbazda dəyişiklik görünürdü. Qəlbi açıq danışıb gülürdü. Hətta şuxluq tərzi ilə bəhs də edirdi: – Fəxrəddin, dediyimi geriyə alıram. Mən sizin hökm sürməninizə üç gün vaxt vermişdim, amma siz üç ildir ki, hökumət aparırsınız. Lakin ömrünüzə az qalmışdır… – Səninlə mənim ömrümə çatar, – deyə mən cavab verdim. Bir səhər növbətçi bacı kabinəmə daxil olub dedi: – Yoldaş Fəxrəddin, Şahbaz bəy odasından yox olmuş. Bu xəbəri eşitdikdə sanki başıma bir ildırım çaxdı. – Növbətçi həkim kimdir? – deyə sordum. – Yoldaş İvanov. – Buraya çağırınız. Bacı getdi. Mən böyük iztirabda idim. Xəyalıma dürlü-dürlü şübhələr gəldi. İvanov daxil oldu. – Yoldaş İvanov, xəstə Şahbaz bəy necə olmuş? – Yoldaş müdir, hər yeri arayıb axtarış etmişəm. Gördüm deyən yoxdur. Mənim zənnimcə Şahbaz bəy dünən, cümə günü qaçmışdır, çünki xəstə əskərlərin görüşünə yaxın adamlar, ancaq o günü buraxılır, o da komandanın buraxılmış vəsiqəsilə. – Fikriniz mənçə doğrudur, lakin Şahbazın yanına bir kəs buraxılmamış. Buradan da mənim imzam ilə vəsiqə üzrə buraxılır, bu da olmamış. – Şahbaz bəyi buradan qaçırmışlar, – deyə İvanov mə’nalı nəzərlə üzümə baxdı. – Kim qaçırmış? Bunu sizdən tələb edirəm, – deyə səsimi uçaltdım. – Onu ərkan hərb tərəfindən tə’yin olunmuş Fövqəl’adə komisyon arayıb tapar!.. Şübhəsiz, İvanov bu işdə məni müqəssir edirdi, etməyə də haqlı idi; çünki mənim Şahbaz ilə əski dostluğum, onu yüngül yaralı olarkən ayrı odaya buraxdığım və sonra da ona artıq diqqət etdiyim, bunların hamısı mənim əleyhimə idi. Həmin fikrə Fövqəl’adə komisyon da gəldi. Komisyon tərəfindən aparılan istintaq yeni bir şey açdı, o da cümə günü xəstəxanadan mənim imzam ilə bir qadının dışarıya buraxılması, o qadın tə’qyiri-libas etmiş Şahbaz bəy imiş. Əlbəttə, komisyon məni danışdırdıqda imza sahta olduğunu asanlıqla isbat edəcəkdim, lakin məni xof və şübhəyə salan bacım Tahirə idi. Bu ittifaq düşəndən bəri onunla görüşməmişdim. Bu halda Markova kabinəyə daxil olub dedi: – Yoldaş müdir, Tahirə dünən axşam şəhərə getmiş, indiyə kimi qayıtmamış… Bunu eşitdikdə bütün bədənimə bir lərzə yayıldı. Tahirənin Şahbazın dalınca qaçması mənə aşkar oldu. Titrək bir səslə Markovaya dedim: – Yəqin tanışkildə keçikib qalmışdır, gəlib çıxar. İndi vəzifəniz dalınca olunuz. – Markova getdi. Bir azdan sonra komisyon məni danışdırdı. – Yoldaş Fəxrəddin, cümə günü sizin izninizlə dışarıya buraxılan kimdir? – deyə komisyon sədri sordu. – Elə ittifaq olmamış. – Bu imza sizindirmi? – deyə vəsiqəni mənə uzatdı. Mən alıb diqqətlə baxdım, xətt Tahirənin olduğunu bildim. – Bu imza mənim deyil, sahtadır. – Kimin xətti olduğunu bildinizmi? – Bəli, bacım Tahirənindir. – Bu cinayəti yapmağa Tahirəni nə və bəlkə kim vadar etmişdir? – Əskidən Şahbaz bəyə bağladığı və burada görüşdükdə təzələnən məhəbbət. Bu barədə mən müfəssəl mə’lumat verdim. Komisyon bir neçə sual-cavabdan sonra istintaqı bitirdi. Mənim üçün hərbi məhkəmə quruldu. Komisyona verdiyim şəhadəti burada təkrar etdim. Bu vaxt məhkəmə sədri: – Şahidi gətirin, – deyə əmr etdi. Bacım Tahirə daxil oldu. Sədr. Vətəndaş Tahirə, bu iş barəsində nə bilirsiniz? Söyləyiniz. Tahirə. Sahta vəsiqəni imza edən, Şahbaz bəyi öz libasımı geyindirib qaçırdan mənəm. Sonra mən özüm də yapdığım cinayətdən qorxub qaçdım. İndiyə kimi şəhərdə gizlənmişdim. Qardaşımı müqəssir etdiyinizi bilib gəlmişəm. Qardaşımın bu işdə heç bir əlaqəsi və xəbəri yoxdur. Hamısını mən tək özüm etmişəm. Sədr. Şahbaz bəyi qaçırtmaqdan məqsədiniz nə idi? Tahirə. Onu ölümdən xilas etmək. Sədr. Nə üçün? Tahirə. Mən onu sevirəm. Sədr on dəqiqə tənəffüs e’lan edib üzvlərlə müşavirə odasına getdilər. Bu zaman Fövqəl’adə komisyonun sədri yanıma gəlib dedi: – Yoldaş Fəxrəddin, mən istintaq apardığım zaman sizin bu işdə müqəssir olmadığınıza inanmışdım. Lakin şübhəyə salan imzanız idi. Onu da ekspertlər tədqiq edib aydına çıxardılar. Bacınızın yox olması komisyon üzvlərinin bir neçəsini şübhəyə salmışdı. İndi o da aydınlığa çıxdı. Bu vaxt sədr, üzvlərlə məhkəmə salonuna daxil oldular. Sədr məhkəmənin qətnaməsini oxudu. Mən azad olub, Tahirə həbsə alınıb, yeni məhkəmə qurulacağını e’lan etdi. Lakin binəva bacım yeni məhkəməni görmədi. Qətnamə oxunduqdan sonra özü ilə gətirdiyi süleymanini içib yerə yıxıldı. Sağaltmaq mümkün olmadı. Canını Şahbaz bəyə bağladığı eşqə fəda etdi. * * * Mister Greyin köpəyi Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı. Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi. Puan Qayı çinlilər sevərdilər, lakin avropalılar onu görmək belə istəməzdilər, çünki Puan Qay onların pis xasiyyətlərini, məğrurluqlarını, çinlilərə edilən zülmü pantomim tərzi ilə gözəlcəsinə göstərib xalqı güldürürdü. Bunun üstə Puan Qay avropalılar tərəfindən neçə dəfə kötək yemişdi. Lakin yenə də onların təqlidini çıxartmaqdan sağınmazdı. Ancaq şəhərin Avropa hissəsinə enməkdən çəkinərdi. Bir səhər Puan Qay küçədə həsir salıb, üst paltarını soyunub oyun çıxarırdı. Adamlar yığılıb ona tamaşa edirdilər. Bu zaman mister Greyin aşpazı bazardan azuqə alıb evə qayıdırdı. Misterin məşhur köpəyi Bollu da onun arxasınca gəlirdi. Bu ingilis buldoqu sahibi kimi qayət kinli, dəhşətli bir köpək idi. Bollunun qapdığı iti və insanı əlindən almaq mümkün deyildi. Ta üstünə su tökməyincə tutduğunu buraxmazdı. Bu köpək çinlilərə çox əziyyət verirdi. Lakin mister Greyin qorxusundan kimsə onu vura bilməzdi. Bollu adamların dəstəsinə yaxınlaşdıqda uşaqlar: «Mister Greyin köpəyi gəlir» deyə qaçmağa başladılar. Böyüklər də kənara çəkildilər. Bu zaman Puan Qay, arxası üstə uzanıb ayaqları ilə Sen O-nu tez-tez atıb-tuturdu. Köpəyin diqqətini cəlb edən Puan Qayın həsirin üstə ilan kimi uzanan kəkili idi. Sen O onu gördükdə qışqırdı. Puan Qay, Sen O-nu yerə buraxıb cəld qalxdı. Bu vaxt köpək Puan Qayın arxalığını qapıb qaçmağa başladı… Puan Qay öz şeylərini şagirdinə tapşırıb köpəyin dalınca qaçdı. Küçədən daş yığıb köpəyə atırdı. Lakin Bollu, daşların dəyməyinə baxmayaraq arxalığı dişindən salmırdı. Daşın biri Bollunun ayağına bərk dəymişdi. Lakin höçət köpək yenə də arxalıqdan əl çəkmirdi. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı: – Nə üçün köpəyə daş atırsan? – Görmürsənmi, köpək arxalığı aparır… – Görürəm və köpəyin də mister Greyin olduğunu bilirəm. – Deməli, mister Greyin köpəyi üçün qanun yoxdur… – Puan Qay, özün də bilirsən yoxdur, nə üçün soruşursan? Ya arxalığından əl çək, ya da cür’ətin varsa, get mistərdən al. – Gedərəm və arxalığımı da alaram, – deyə Puan Qay yola düşdü. O daha qaçmırdı, ahəstə gedərkən dərin fikrə dalmışdı. Böyük və ulu vətəninin azğın, qudurmuş imperialistlər pəncəsi altında boğularaq, sızlayaraq məhv olduğunu düşünürdü. Bizim üçün nicat yolu yoxmu? Haçana kimi dörd yüz milyonluq Çin, vəhşi avropalılar əlində oyuncaq olacaqdır, – deyə öz-özünə sual verirdi. – Var, lakin biz bigeyrətlər, hamımız inqilabçı Kanton ordusuna qarışıb vətənimizi imperialistlər əlindən xilas etmək əvəzinə, inqilabçıların qarşısına çıxıb bunlarla müharibə edirik. Puan Qay, başında belə fikirlər gəlib mister Greyin darvazasına çatdı və cür’ətlə içəri girdi. Bu zaman mister Grey balkonda oturub qəzet oxumağa məşğul idi. O, itinin ayağının Puan Qay tərəfindən yaralanmasından xəbərdar idi. İndi qəzəbli və səbirsiz onu gözləyirdi. Mister Grey başını qaldırıb Puan Qayı gördü və ayağa qalxaraq açıqlı soruşdu: – Mənim itimi sənmi vurmusan? – Bəli, mən vurmuşam. Arxalığımı götürüb qaçdı, mən də daş atdım ki, yerə salsın, lakin buraxmadı. – Sən bilirsənmi ki, ingilis köpəyi tutduğunu buraxmaz? – Bəli, ingilislərin köpəkləri sahiblərinə oxşamışlar, tutduqlarını buraxmazlar. – Doğrudur, sən üç böyük cinayət etmisən, ona görə cəza alacaqsan. Birincisi budur ki, mənim sevgili köpəyim Bollunu yaralamısan… – Mister, sizin papağınızı və ya başqa şeyinizi köpək götürüb qaçsa, nə edərsiniz? – Tapançamı çıxarıb vurarım, yerində qalar. – Mən ki hələ itinizi öldürməmişəm. – Sənin həddin nədir ki, elə iş edə biləsən. İkinci təqsirin bax budur, – deyə mister Grey ona bir məktub göstərdi. – Bu sənin arxalığının cibindən çıxmış, bilirsənmi nədir?! – Kanton əskəri dostumdan gəlmiş məktubdur. – Yalan! Kommunist firqəsi tərəfindən nəşr olunmuş proqramasıdır, sən o firqənin gizli üzvüsən və oyun çıxarmaq ilə onun fikrini burada yeridirsən. Bunu eşitdikdə Puan Qay səbir edə bilməyib dedi: – Elə ki, siz imperialistlər biz çinlilərlə rəftar edirsiniz, axırı hamımız ona gələcəyik. Üçüncü cinayətimi söyləyin. – Üçüncü cinayət odur ki, izinsiz mənim həyətimə girmisən, o qapıda yazılanı oxumadınmı? – Xeyr, orada nə yazılmışdır? Orada bu yazılmışdır: «Çinlilərə və köpəklərə daxil olmaq yasaqdır». – Mister o qanunmu? – Bəli, qanun. – O qanunu ə’lahəzrət Çorçmi vermiş? – Sus, qanmaz köpək, onu mən vermişəm, hər bir ingilisin əmri siz vəhşi çinlilər üçün qanundur. – Onları verənləri inqilabçı Kanton təzliklə məhv edəcək. Bunu eşitdikdə qan mister Greyin başına sıçradı və elə bağırdı ki, bütün xidmətçilər səsinə töküldü. – Bu köpəyi alın, o uzun saçından talvardan asın, mən əmr etmədikcə xilas etməzsiniz, haydı!.. Zavallı Puan Qayı tutub talvarın altına götürdülər. Mister Grey də balkondan enib oraya gəldi. – İndi ayı kimi bağırarsan, – deyə «mədəni, nəcib» Grey, Puan Qayı söyməyə başladı. Puan Qayı asarkən bozarmış dodaqlarından bir kəlmə belə buraxmadı. Lakin qanlı gözlərindən qəzəb atəşi saçılırdı. Grey cənabları ingilis «ədalətini» icra etdikdən sonra yenə balkona qalxıb qəzet oxumağa başladı. Aradan xeyli keçmiş xidmətçi çinli ona çay gətirirkən Puan Qayı azad etməyini yadına saldı. Mister saata baxıb dedi: «Hələ iki dəqiqə qalmış». Sonra qəzeti masanın üstə qoyub çay içməyə başladı. Hərkah mister Grey o zaman dönüb xidmətçinin üzünə baxsaydı, onun baxışında özünə qarşı nifrət əlamətlərini aydın oxuyardı. Mister Grey çayını içib aşağı endi və Puan Qayı xilas etməyi əmr verdi. Onu azad etdilər. Sonra mister Grey qayçı gətirtdi və öz əli ilə Puan Qayın o uzun saçlarını kəsib ona uzatdı: – Bunu al, saxla, ta ki, tutduğun cinayəti unutmayasan. Sonra əmr etdi ki, onun arxalığını versinlər. Puan Qay illərlə bəslədiyi saçını alıb: – Mister, mən də and içirəm ki, heç bir an bu günü unutmayacağam, bu günə kimi mən inqilabçı deyildim, siz bu saçları kəsməklə öz əlinizlə məni inqilabçı kantonçular sırasına göndərirsiniz, sizə artıqca təşəkkür edirəm, – deyə Puan Qay götürüldü. Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı ordusunda şücaətlə dava edirdi. İmperialistlərin ümidi olan şimal ordusu Qızıl Kanton ordusunun dəhşətli hücumları qarşısında davam edə bilməyib əllərində olan kənd və şəhərləri boşaltmağa məcbur olurdu. Növbə Puan Qayın vətəni Xan Qou şəhərinə çatmışdı. Puan Qay irəlidə gedən bölüyün sırasında idi. Şəhərə hücum başlandı. Puan Qay qızmış şir kimi müharibə edirdi. Ən atəşli yerə özünü atırdı. Şəhərə girən birinci Puan Qay oldu. Günorta olduqda Xan Qou Kanton əskərləri tərəfindən alındı. Lakin küçələrdə, ara-sıra güllə səsi gəlirdi. Puan Qay, mister Grey sakin olan küçə ilə evlərinə, anasını yoluxmağa gedirdi. Birdən qarşısına misterin köpəyi Bollu çıxdı. Sanki qəza Puan Qayın intiqamını yerdə qoymaq istəmirdi. Puan Qay cəld tüfənki döşünə alıb itə nişanə götürdü. Güllə açıldığda köpək yerə sərildi. Puan Qay gedib onun quruğundan tutdu və sürükləyərək mister Greyin darvazası ağzına gətirdi. Misterin darvazası, qapıları, pəncərələri bağlı idi. Həyətdə, evdə bir insan görünmürdü. Puan Qay kəmərini açıb itin başına keçirdi və xeyli çətinlik ilə darvazadan asdı. Sonra cib kitabçasını çıxarıb bir vərəq çırdı, yazdı, darvazaya bənd etdi. Sonra fəxr ilə oxudu: «İngilislərə və köpəklərə içəri daxil olmaq qadağandır». – Mister Grey! İndi Puan Qayı ölənə kimi unutmazsan, – deyə yola düşdü. * * * Son ümid Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları. Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa. Digəri sabiqdə mülkədar, kəndlilərin ağası, yə’ni cəllad. İndi işsiz Səfdərqulu. Üçüncüsü, çar hökumətinin «xalis» qulluqçusu, qoçaman qurdu, ləqabi «rüşvətxor», ismi Qulam. Klubları: şəhər bağçasının az şənlik bir küşəsində, hasar dibində qoyulmuş bir skamya. Müəyyən vaxtları: günəş qürubə enər zamanından batana kimi. Yəvmiyyə məşğuliyyətləri; iri dənəli, sarı rəngli təsbehləri şaqqıldadaraq, «bəlayi-əzim»-dən xilas olmaq münasibətilə tükənməz laqqırtı, bitməz bəhs etmək. İndi özlərini dinləyək. – Qulam, bu gün qəzetdə nə yeni xəbər var? – deyə Həzrətqulu soruşdu: – Həzrətqulu ağa, dostlarımızın işləri çox pisdir. Həm daxildə və həm xaricdə. Bir sözlə, axır nəfəsləridir. – Sizə demişəm və yenə də deyirəm ki, Şura hökumətini yıxacaq bir qüvvə varsa, o da İngiltərə hökumətidir. – Onun çənkəsindən qurtarmaz! – deyə Səfdərqulu bəy təsbehini şaqqıldatdı. – «Avropa hökumətləri birləşirlər, Şura hökumətinin son nəfəsidir, bu sənəni salamat çıxartmaz»... Bu sözləri siz cənablardan tam yeddi ildir ki, eşidirəm, lakin bu dinsizlər indiyə kimi sağ və salamat yaşayıb üstümüzdə ağalıqlarını sürürlər, – deyə Həzrətqulu ah çəkdi. – Yox, Həzrətqulu ağa, daha bu rəng o rəngdən deyil, Səfdərqulu bəy doğru buyurur. Çemberlen bu hökuməti yıxmayınca sakit olmaz. Bu yaxın zamanda Fransa, İtaliya və başqa Avropa hökumətlərini də Şura hökuməti ilə əlaqələrini qırmağa vadar edəcəkdir. Ondan sonra... Sədəfqulu bəy onun sözünü kəsərək: – Ondan sonra İnkiltərə hökuməti donanması ilə Baltik dənizindən Leninqrada, qoşun ilə Hindistandan Türküstana, Çindən Sibirə hücumunu başlar. Bu tərəfdən Polşa, Rumıniya və qeyriləri yürüş edib, on gün içərisində bunları məhv edib biz məzlumları da onların çənkəsindən xilas edərlər... – Səfdərqulu bəy, bəs türklər? Onları meydana gətirmək? – deyə Qulam soruşdu. – Kimlər bu müharibədə iştirak edəcək məsələsi ilə mənim işim yoxdur. Hər kəs olursa-olsun, mənim mülkümü qaytarıb özümə versin. Küçələrlə getdikdə o gözəl, yüksək, geniş saraylarımı gördükdə, ürəyim qan dolur, – deyə Həzrətqulu dəsmalını çıxarıb yaşarmış gözlərini silməyə başladı. Onun belə pərişan halı bəhsinin xitamına səbəb oldu. Səfdərqulu bəy dedi: – Həzrətqulu, qəm etmə. Mən də sabiq mollapapaq, ayağı çarıqlı rəiyyətlərimi gördükdə ağlım başımdan çıxır. Lakin qayım iman etmişəm ki, bu yaxın zamanda onların boğaz kəndirlərini yenə də mənim əlimə verəcəklər. Onda görərsən ki, analar neçə oğlan doğmuş! – Səfdərqulu bəy! Haçan? Haçan? – deyə Həzrətqulu nalə etdi. – Müəyyən vaxtmı istəyirsən? – deyə Səfdərqulu soruşdu. – Bəli, daha mənim səbir kasam dolub daşmış, gözləməyə taqətim qalmamış! Allah-taala ağlımı necə aldısa, yoldaşlarım kimi xarici ölkəyə qaçıb canımı bu bidin zalımlardan xilas etmədim, – deyə Həzrətqulu ah-zar etdi. – Həzrətqulu, bu möhtərəm yoldaşımız Qulamın hüzurunda sənə qəsəm edirəm ki, üç aya kimi bunlar məhv olacaqlar! Şura hökuməti onillik bayramını görməyəcəkdir! İstəyirsən, səninlə bu barədə əhd-peyman edim. – Səfdərqulu bəy, hərgah bu dediyin əmələ gələrsə, mən and içirəm ki, bolşeviklər tutmuş o gözəl sarayımda sizə elə bir ziyafət verim ki, misli indiyə kimi şəhərimizdə olmasın. – Həzrətqulu ağa, Səfdərqulu bəyin dediyinə mən də qayım inanmışam. İran təqvimi yazır ki, bu sənə Avropa hökumətinin bir cəsimi məhv olacaqdır. Hətta vaxtını da müəyyən edir. Biz hesaba vurduq, gəlib oktyabr ayının sonu çıxdı. Buna nə deyirsən? – Qulam soruşdu. – Allah-taala hər ikinizin dediklərini doğruya çıxartsın. Daha günəş batmaqda idi. Yenə ümidlə Şura hökumətinin «dostları» qalxıb yola rəvan oldular. * * * Sabah Böyük Oktyabr inqilabının onilliyi tamam olurdu. Şəhər bu bəzək və zinəti tarixində görməmişdi. Hər yan yanır, parlayır. Al bayraqlar, rənkin ziqimət xalılar, ipək xalçalarla bəzənmiş şəhər binaları laləli və rənkli çiçəkli dağlara bənzəyirdi. Sənət və texnika yeni bir təbiət meydana gətirmişdi. Şəhər bağçasında keniş bəzək tədarükü bitmişdi. Ağaclar və əski həsarlar kənkbərənk fənər və elektrik lampaları ilə bəzənmişdi. Çarhovuzlarda fəvvarələr düzəldilmişdi. Bağ tamaşaçılarla dolu idi. Günəş qürubə enib qayıb olduqda, qəflətən elektrik enerjisi buraxılıb, fəvvarələr açıldı. Heyrətli bir mənzərə zühur etdi. Bunu gördükdə cəmi qəlblərdə fəxr və heyrət doğdu. Ağızlardan şadlıq sədası ucaldı. Xeyr, səhv etdim. Əllərində sarı təsbeh, öz skamyasında hazır olmuş üç yarasa buna heç də şad deyildilər. Gözləri qamaşdıran bu nurdan başlarını aşağı salıb pərişan-hal oturmuşdular. Birdən Həzrətqulu başını qaldırıb yoldaşlarına dedi: – Səfdərqulu bəy, qəsəmin necə oldu? Qulam, İran təqvimin harada qaldı? Səfdərqulu bəydən səs çıxmadı. Qulam isə öz-özünə: qayıb olan günəş, sabah nə xəbərlə tülu edəcək... – Qulam, bununla nə demək istəyirsən? – deyə Həzrətqulu soruşdu. – Heç, Ağaməhəmməd şah Qaçarın qanlı vəq’əsini yad etdim. – Demək, hələ ümidini kəsməmişsən? – Ümid kəsmək – ölmək deməkdir. Kim bilir, bəlkə sabah göydən şadlıq atəşi təküldükdə, dostlarımız tərəfindən də partlayan bombalar yağacaqdır!.. – Səfdərqulu bəy, nə dərin fikrə getmişsən, söyləsənə? – deyə Həzrətqulu soruşdu. Səfdərqulu başını qaldırıb dedi: – Hər halda sərvaxt olmalı, sabah evdən bayıra çıxmamalı. İndi isə gedək, burada qalıb şadlıq etmək bizə yaraşmaz. Həzrətqulu dedi: – Onda sabah bizə yığılınız, görək başımıza nə gəlir! Yeni və son ümid ilə qalxıb getdilər. * * * Noyabrın yeddisi... Böyük Oktyabr inqilabının onilliyi! Sosialist Şura Cümhuriyyətinin şanlı bayramı! Dünyanın altıda bir hissəsi al bayraq altında bu gün yürüş edir: Sağın! Yeni həyata keniş yol!.. Hekayəmizin qəhrəmanları, Axund Mir Cəfərlə bahəm, həmin gün Həzrətqulunun otağında oturub arası kəsilməyək qızıl əskər, matros, komsomol, pioner, və müxtəlif ittifaqlar dəstələrinə tamaşa edirdilər. Axund Mir Cəfər dedi: – Allah-taalanın səbri çox isə də, qəzəbi də az deyil! Çox belə asilərin cahi-cəlalını bir göz qırpmada fəvt etmiş! Həzrətqulunun səbir kasası aşıb daşmışdı. Axundun bu sözlərinin üstündə əsəbi bir hal ilə bağırdı: – Yalan, bir də yalan! – Həzrətqulu ağa, allahı inkar edirsən? – deyə axund gözlərini bərəltdi. – Bəli, inkar edirəm! Allah, peyğəmbər, imam, din, məzhəb, axirət heç biri yoxdur. Hamısı yalandır!.. – Kişi əstəğfir et, yoxsa, xudavəndi-aləmin qəzəbinə kiriftar olarsan!.. Bu halda müsəlman qadınlarının dəstəsi gəlib keçirdi. – Bax, axund, bax! Odur, müsəlman qadınları əllərində qırmızı bayraqlar, üzləri açıq, naməhrəm kişilərlə dəstəbazlıq edirlər. Daha dini-islamdan nə qalmış? Bəs nə üçün allahın qəzəbi onları tutmur. Nə üçün ona asi olan bu dinsizləri on il yaşadıb belə bayram etməyə qoyur? Nə üçün qəzəbi tutmur? – Tutar! Lut qövmü kimi onları da dənizə qərq edər. Ad qövmü kimi dağ-daşa çapıb tələf edər, – deyə bağırdı. – Yalan! Bunların hamısı uşaqlar üçün düzəltmə nağıllardır... – Sus! Nadürüst! İndi də qur’anı inkar edirsən? – deyə Axund Mir Cəfər ayağa qalxdı. – Belə bidinin evində mən oturmaram. İşi belə gördükdə Qulam və Səfdərqulu bəy münaqişəni yatırmağa sə’y etdilər. – Axund Mir Cəfər ağa, rica edirəm əyləşəsiniz. Ağa, Həzrətqulu ağaya bu işlər artıq tə’sir etmiş, bir qədər sərsəm etmişdir, – deyə Qulam axundu sakit etməyə başladı. Səfdərqulu bəy dedi: – Binəva nə etsin? Buna davam etmək olarmı? Mənim də ağlım çaşır? Az qalmışam mən də onun kimi asi olam. Bu dəmdə göy üzündə seyr edən aeroplanlardan buraxılan çervon iriliyində kağız parçaları xazan yarpaqları kimi havada uçuşmağa başladı. Bunu gördükdə adamlar başlarını yuxarı qaldırıb baxdılar. – Qulam, yoxsa dediyin doğruya çıxır, – deyə Həzrətqulu heyrətlə gözlərini göyə zillədi. Qulam cəld özünü küçəyə atdı. – Axund, məni bağışla, təqsirimdən keç!.. Xudaya, sənə asi düşdüm, mən aciz bəndəni əfv et! – deyə Həzrətqulu dua etməyə başladı. Bu vaxt kağız vərəqləri yavaş-yavaş yerə təkülməkdə idi. Adamlar onları qaparaq oxumağa məşğul oldular. Qulam da birini uşağın əlindən qapıb tez içəri girdi. Böyük təlaşla, iztirabla, əlləri əsərək titrək səslə oxumağa başladı: «Yoldaşlar, vətəndaşlar! Qızıl hava Donanması tərəfindən, Böyük Oktyabr inqilabının onilliyi münasibətilə bərabər, bu günkü şadlığımızı artıran yeni bir xəbərlə də sizi təbrik edirik. O da budur havas telegraf akentliyinin verdiyi xəbərə görə, Hindistan proletariatı öz azadlığı üçün İnkiltərəyə qarşı üsyana başlamışdır. Yaşasın Böyük Oktyabr inqilabı! Alovlansın onun cahana saçdığı qığılcımları!». Bu da son ümid! * * * Bax mən buna yoxam İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi. Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu. – Mədəni hücum kampaniyanız nə cür keçdi? – deyə Qulam sordu. – Çox gözəl və şənlikli keçdi, – deyə İbrahim cavab verdi. Doktor üzünü ona çevirib dedi: – Məncə küçələrə düşüb «çadra daloy» deməyin heç mə’nası yoxdur. Belə şeylər öz-özünə məhv olub gedəsidir. Burada inqilab yox, təkamül yolu ilə getmək lazımdır. Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta gələ bilər. O ki qaldı, papaq məsələsinə, bunda mən heç yoxam. Ümumiyyətlə, bir tayfanın milli libasını dəyişdirməyi mən tarixi səhv hesab edirəm, istər onu dəyişdirən dəli Petro olsun, istər Mustafa Kamal. İbrahim: – Möhtərəm doktor, – dedi, – fikrinizdən çox əskilik qoxusu gəlir! Mənim az da olmuş olsa nəbatat elmindən bir qədər mə’lumatım vardır. Min ildən ziyadə meyvəsi dəyməyən nəbat etməmişəm. Hərgah elə meyvə varsa, onun dəyməsi çox uzun və bəlkə də müşkül olduğu üçün dərib heyvanlara atılması lazım gəlir. O ki, qaldı papaq məsələsinə, həkimlərdən papaq tərəfdarı olan şəxsi indiyə kimi eşitməmişdim, bil’əks onlar papağın zərərindən söyləmişlər... – Yoldaş, onlar da sizin kimi mətləbə dərin, keniş və ətraflı baxmamışlar. Libas hər torpağın təbiətinə görə yaranmışdır. Ərəbistanda – əba, əmmamə; Dağıstanda – yapınçı, başlıq; bizim Azərbaycanda – siz deyən yosma papaq, çuxa. Həmin yosma papaq – kəndlilərimizi yağmur vaxtı yağışdan, qış vaxtı qardan qorduğu kimi yeri gəldikdə yastıq vəzifəsini də ifa edir. Bu papağı kepka və ya şlyapa ilə əvəz etmək mümkündürmü? – deyə həkim, dəyərli mə’lumatını isbat etdi. Qulam doktora cavab verərək: – Nə üçün mümkün deyil, – dedi, – yay fəsli Muğan və Mil düzlərinin təndir kimi üzü qarsan istisində yosma papağın altında tər çeşmə kimi axıb türk kəndlilərini oda yaxarkən həmin yerdə malaganlar yüngül külşən papaqla başlarını günəşin yandırıcı şə’ləsindən mühafizə edirlər. Doktor məsələyə, ancaq praktiki tərəfdən yanaşırdı. Onu da sübuta yetirə bilməyirdi. İbrahim Qulama müraciətlə dedi: – Doktor, papağın zərərini, kəsafətini bizdə ona bir «namus» və «müqəddəs» kimi baxılmağı və ekonomiya cəhətincə kəndliyə əlverişli olmadığını unudub, fəqət bir millətçilik nöqteyi-nəzərindən baxır... Söhbətin bu yerində doktor saata baxıb: – Yoldaşlar, söhbətimiz çox maraqlıdır, fəqət naxoşlar məni gözləyir, – deyə ayağa qalxdı və xudahafiz edib getdi. Bu vaxt Səlimə nənə podnosda üç stəkan çay içəri girdi. – Xoş gəlmişsən, oğlum, çoxdan bəri bizi yad etməyirsən, – deyə Səlimə nənə İbrahimi məzəmmət etdi. – Səlimə nənə, şuğlum çoxdur, vaxt tapmayıram ki, gəlib səninlə söhbət edəm... – Əlbəttə, vaxtınız yoxdur... Gündə bir hoqqa çıxardırsınız... Bunu eşitdikcə Qulam gülməyə başladı. – Heç bu gün anamın başına gələn qəziyyədən xəbərin varmı? – Səlimə nənə, nə olmuş? Söyləyiniz, – deyə İbrahim rica etdi. – Nə söyləyim? Abır-həya çıxdı getdi... – Səlimə nənə, bircə mənim bu yanımda otur, bu çayı da içə-içə mənə nağıl et, görüm bu gün başına nə iş gəlmiş? Yoxsa sənin canına, bu saat durub gedərəm. – Otur, otur, oğlum, söyləyərəm. Bu səhər uşaqlar üçün yumurta almağa dükana getmişdim. Yumurtaları alıb çarşafımın ucuna bükdüm. Evə qayıdanda sizin dəstələrə rast gəldim. Onlar yanımdan keçəndə bir dəcəl uşaq «çadra daloy» deyə çarşafımı başımdan dartıb yerə saldı. Yumurtalar çilik-çilik oldu. Ağzıma gələni dedim. Hayasız adamlar da «çadra daloy» deyə gülməyə başladılar... Bunu eşitcək İbrahim qəhqəhə ilə gülməyə başladı. Qulam da ona qoşuldu. Sonra Səlimə nənə dedi: – Dediniz: padşah olmasın. – Dedik: olmasın. – Dediniz: dövlətli olmasın. – Dedik: olmasın. – Dediniz: bəy, xan, ağa, xozeyin olmasın. – Dedik: olmasın. – İndi də deyirsiniz ki, çadra olmasın. Bax, mən buna yoxam!.. Bu vaxt həyətdə qışqırıq qopdu. – Yenə Məşədi Səfər arvadını döyür. Haraya gedim, – deyə Səlimə nənə həyətə çıxdı. – Qulam, Məşədi Səfər kimdir? – deyə İbrahim sordu. – Məşədi Səfər bu evin sahibidir. Özü də quzu çildinə girmiş bir qurddur. Danışanda deyirsən ki, əski bir kommunistdir. Ləqəbi də «Siyasətçi»dir. Yəqin ki, bir azdan sonra özü buraya gələcəkdir; çünki hər bir belə ittifaqda mənim yanımda özünü safa çıxarıb, arvadı Səkinəni təqsirləndirir. Doğrudan da bir azdan sonra Məşədi Səfər söylənə-söylənə içəri girdi. Cavanlarla salamlaşdı. İbrahimə işarə edərək: – Yəqin yoldaş da fikir edəcəkdir ki, mən davakar, arvad incidən bir adamam. Əsla, yox. Mirzə Qulam təsdiq edər ki, mən köhnəpərəst deyiləm. Oğlum da onun yanında oxuyur, qızımı da bu ildən uşaq bağçasına qoymuşam, ancaq bu evi yıxılmış arvad evini-eşiyini atıb küçələrə düşübdür ki, mən mollanın təqlidini çıxaranlara tamaşa edəcəyəm. Mən deməyirəm ki, tamaşa etməsin, lakin qabaqca evini, həyətini süpürsün, xörəyi hazır etsin, uşaqların qarnını doydursun, sonra hansı cəhənnəmə istəyirsə, itilib getsin. Mirzə Qulam bilir ki, mən bu arvaddan nə əziyyət və məşəqqət çəkirəm. Nə üçün? Çünki bu bədbəxt qızı bədbəxt, elmsizdir, ay kaş bu Şura hökuməti otuz-qırx il bundan irəli gəlmiş olaydı! Onda biz də oxumuş, tərbiyəli ailə sahibi olmuşduq. Burada Məşədi Səfər bir nəfəsini alıb kürsüdə oturdu. – Mirzə Qulam, məni yoldaşla tanış etmədin. Yoldaş nə iş sahibidir?.. – Ay Məşədi Səfər, qurma saat kimi aramsız zınqrovunu çalırsan. Heç fürsət verirsənmi ki, tanış edim? – deyə Qulam cavab verdi. Sonra məşədiyə mə’nalı baxışla: – Bizim yoldaş yazıçıdır! Məşədi Səfər, bunu eşitcək, cəld yerindən qalxıb iki əli ilə İbrahimin əlini sıxaraq: – Yoldaş, sizinlə tanış olmağa çox şadam! Mən yazıçıları artıq dərəcədə sevirəm. Bəlkə artıq-əskik söz danışdım, məni əfv edəsiniz. Mən özüm çox bisavad adamam; qəzet-jurnal gecə və gündüz əlimdən düşmür. Ələlxüsus siyasəti çox sevirəm. Ləqəbim də «Siyasətçi»dir. Ancaq yoldaş, Şura hökumətinin bir siyasətini mən başa düşə bilmədim. Bu barədə fikrinizi bilmək istərəm. – Dediniz: allah yoxdur. – Dedik: yoxdur. – Dediniz: peyğəmbər, imam yoxdur. – Dedik: yoxdur. – Dediniz: din, məzhəb, şəriət, qur’an, oruc, namaz yoxdur. – Dedik: yoxdur. – Dediniz: məscid, molla, seyid, mərsiyəxan yoxdur. – Dedik: yoxdur. – Dediniz: ünas ilə zükur müsavidir. – Dedik: müsavidir. – Axırda dediniz: əskidən bizə miras qalmış çadra yox olsun: – Dedik: yox olsun. – İndi də deyirsiniz ki, papaq da yox olsun. Bax, bunda mən yoxam. Bunu eşitdikdə İbrahim gülümsünərək dedi: – Məşədi Səfər, bir belə «müqəddəs» şeydən əl çəkə bildin, nə üçün bu «namus» papağından əl çəkə bilməyirsən? – Yoldaş, görünür ki, mətləbə dərindən fikir vermədiniz. Mənim sözüm papaqda deyil, siyasətdədir. İstəyirsiniz bu saat papaq əvəzinə başıma nəinki kepka, lap lodrağan (lüteran) qalpağı qoyum. Mən köhnəpərəst deyiləm; Mirzə Qulam təsdiq edər, ancaq bir mənə deyin görüm, Azərbaycanda nə qədər can var? – Təxminən iki milyon yeddi yüz min, – deyə Qulam cavab verdi. – Atan oldu rəhmətlik, bu miqdarın yeddi yüz minini papaq geyməyənlərə çıxaq, yarısını ünas tayfasına, yerdə qalar bir milyon. Demək, papaq geyən bir milyon candır. Orta hesab ilə ildə on min dəri lazımdır. Dərinin birini 30 manatdan götürsək, hökumətimiz ildə 3 milyon manat itirir. Bax, mən bu siyasəti başa düşə bilməyirəm, indi fikrimi anladınızmı? – deyə Məşədi Səfər soruşdu. – Məşədi Səfər, nə üçün ticarət siyasətinizə qadınların çadralarını daxil etməyirsiniz? – Onun bu mətləbə dəxli yoxdur. Mən köhnəpərəst deyiləm, çadranın atılması tərəfdarıyam. Mən arvadım Səkinəyə min dəfə demişəm ki, arvad, bu mirası at getsin, lakin o özü atmayır. Qadınlara zor etməyi vicdanım qəbul etməyir, – deyə Məşədi Səfər meydana çağırıcı bir nəzərlə baxdı. – Məşədi Səfər, qadını döyməyə vicdanınız necə yol verir? – Yoldaş, o lazımdır; çünki qadın tayfası uşaq tayfası kimidir. Onlara quru söz kar etməz, yeri gəldikdə döymək lazımdır. Yoldaş, mətləbdən kənara çıxdıq. Sualıma cavab gözləyirəm. Qulam dedi: – Məşədi Səfər, siz necə ki, bir alış-verişçi... – Rica edirəm, səhvinizi düzəldiniz, mən sənətkaram. – Bəli, siz sənətkarsınız, ancaq siz hökumətin hər bir tədbirindən sandıqçalara para toplamaq gözləyirsiniz: bu yalnız bir nəzərdir. Hökumət, maarif, səhiyyə və qeyri-mədəni işlərə milyonlar sərf etdikdə öz para sandıqlarını güdməyir, dəri və çadradan gələn paranı öz böyük məqsədinə qurban edir. – Məşədi Səfər, izninizlə bir sual da mən vermək istəyirəm. – Buyur, yoldaş yazıçı. – Sizin sənətiniz nədir? – Mənim?.. Sənətim?.. Nə üçün soruşursunuz? Onun mətləbə dəxli yoxdur. – Heç, bilmək istəyirəm. – Mən... papaqçıyam. – Onda mətləb aydın oldu... Məşədi, hökumətin bu yeni tədbirindən nə üçün xofa düşmüsünüz, o da aydın oldu. – Yox, yoldaş, vicdanım haqqı səhv edirsiniz.. Mən elə adam deyiləm. Mirzə Qulam təsdiq edə bilər. Yenə zalım qızının səsi gəlir. Gedim görüm uşaqları incitməyir ki, – deyə Məşədi Səfər qalxıb getdi. İbrahim soruşdu: – Qulam, sən nədə yoxsan? – Mən də çadra ilə papağın indiyə kimi yaşamasında yoxam. * * * Şərq qadını yeni yolda Dörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi. Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər. Bunlardan başqa kupedə dolğun gövdəli, ucaboylu, döşü enli bir alman da var idi. Bu qəzetə oxumağa məşğul olub müxbirlərin mübahisəsində iştirak etməyirdi. Müsyo Çujon deyirdi: – Məni əfv edəsiniz, mister Leyton, fikrinizə şərik ola bilmirəm; məncə düşmənimiz Şuralar Rusiyanın hansı cəbhədə olursa-olsun hərbi, sənaye, maarif, mətbuat və qeyri-müvəffəqiyyətlə irəlilədiyini gizlətməməli. Qəzetlərimizdə bu müvəffəqiyyətləri qeyd etmək ilə hökumətimizin fikrini onlara cəlb etməliyik ki, vaxtında qabağını almaq üçün tədbir və çarələr axtarsın. – Müsyo Çujon, cənab Puankare, siz müxbir və yazıçılara nə düsturuləməl verdiyini bilmirəm. Lakin lord «Çemberlen» tərəfindən bizə əmr verilmişdir ki, heç bir İnkiltərə mətbuatında Şuralar hökuməti nəfinə bir kəlmə də olsun yazılmamalı, əksinə onun əleyhinə keniş səhifələr açılmalı – bunu deyərək mister Leyton çubuğunu tüstülətdi. – Mister, biz yazmasaq da İnkiltərə, Fransa və qeyri ölkələrin proletar orqanları birinin üstünə beşini qoyub yazacaqlar və işçilər arasında propaganda, təbliğat aparacaqlar. – Müsyö Çujon bunu deyərək üzünü almana çevirib soruşdu: – Belə deyilmi, müsyö? Adolf Baumbax qəzetini bükub cibinə qoydu və dedi: – Bəli, mən də sizin fikrinizdəyəm. Həqiqəti gizlətmək bir səmərə verməz. Mən sərgidə Şuralar pavilyonunu günlərlə seyr edib, saatlarla dolaşmışam; hər bir cüz’i şeylərinə diqqət yetirmişəm; xüsusən Şərq ölkələri nümunələrinə çox fikir vermişəm. Nə qədər sür’ətlə irəliləmiş! Siz bütün diqqət və fikrinizi Rusiyaya vermişsiniz. Lakin Fransa və Böyük Britaniya üçün təhlükə başqa yerdən gələcəkdir. O da – Şərq və müstəmləkə məsələsidir. Almaniya o təhlükədən xilas olmuşdur. Biz Şərqin oyanmasından qorxmalıyıq. – Biz də qorxmalıyıq! – deyə mister Leyton gözünü gərib qururla cavab verdi. – Mister, məğrur olmayın! Bizdə cahan müharibəsindən qabaq «Almaniya cümlədən ucadır! – deyə bağırdıq. İndi səhvimizi anlamışıq. – Xayır, sizə o səhvi Fransa anlatdı – deyə müsyö Çujon da yoldaş Leyton kimi sinəsini gərdi. – Mübahisə etməyirəm, lakin sizləri də yaxın zamanda anladacaq qüvvədən söyləmək istəyirəm. İzin versəniz nağıl edərəm. Leyton: – Söyləyin görək o nə qüvvədir? – deyə soruşdu. Adolf başladı: – On yeddi il bundan əqdəm yoldaşım Rudolf ilə Orta Asiyanı piyada səyahət etməyə qərar verdik (o zaman mənim otuz, Rudolfun isə iyirmi yaşı var idi). Berlin dövlət coğrafiya cəmiyyəti bizim məqsədimizdən xəbərdar olaraq bir vəzifəni öhdəmizə götürməyi rica etdi. O da səyahət zamanı etnoqrafik mə’lumat toplamaq, fotoqraflar almaq, rast gələn heyvan, nəbat və saire barəsində material yığmaq və bunlar kimi cəmiyyətə lazım olan kolleksiya düzəltmək idi. Biz cəmiyyətin bu təklifini qəbul etdik. O da bizə yardım edərək para, hökumətdən viza və başqa vəsiqələr hazırladı. May ayının üçündə Berlindən bilet alıb Bakıya yola düşdük. Bakıdan «Kafkas-Merkuri» paroxod cəmiyyəti vaporuna minib Krasnovodsk şəhərinə gəldik. Piyada səyahətimiz bu şəhərdən başlanacaqdı. O vaxta kimi marşrut planını düzəltməmişdik. Düşdüyümüz otelin nömrəsində Asiya xəritəsini açıb plan çəkməyə başladıq. Yoldaşım Rudolf; Krasnovodsk – Buxara – Səmərqənd – Şərqi Türküstan – Çin yolu tərəfdarı idim. Xeyli bəhsdən sonra Rudolfu marşruta razı etdim. Mətləb başqa məsələ üstündə olduğuna görə bu maraqlı səyahətimizdə gördüyümüz çoxqiymətli etnoloji və arxeoloji şeylərdən bəhs etməkdən vaz keçirəm. Ancaq fikrinizi bir əcaib şeyə cəlb etmək təmənnasındayam. Bilmirəm səyahətimizin neçənci günü idi; günəş batan dəmlərdə Asiyanın göbəyi olan köhnə Səmərqəndə yetişdik. Günəşin son zərrələri, uca köhnə gözəlliyi ilə insanı heyrətə gətirən məscid minarələrinə, qocaman çinarların təpəsinə, damların ağ divarlarına düşərək şəhər «şahzada»lar nağıllarında tə’rif olunan mənzərəni almışdı. Mənim Şərq ölkələrinə az-çox bələdliyim var idi. Lakin Rudolf əvvəlinci dəfə Şərqə qədəm qoyurdu. Ona görə də lazım olan olmayan şeylərin fotoqrafını alıb qutusunu ekslərlə doldurmuşdu. Yenə də fotoqraf aparatını hazırlamış idi ki, qarşımızda duran köhnə məscidin rəsmini alsın, bu vaxt günəş batıb qaranlıq çökdü. Rudolf bu qaranlıq havada şəklin aydın çıxmayacağını anladı, aparatı yığmaq istədi; bu halda məscidin arxasında iki qara kabus bizə tərəf hərəkət etməyə başladı. Bunu gördükdə: – Rudolf, aparatı yığma, belə fürsət ələ düşməz; tez ol bu qara ruhların əksini al – deyə bağırdım. Zavallı çocuq mənim bu sözlərimdən qorxuya düşdü, əlləri əsməyə başladı. Ona görə də aparatı düzəldə bilmədi; mən cəld aparatı onun əlindən alıb əksi götürdüm. Sonra bildim ki, neçə əsr bundan əqdəm bina olunmuş, indi viranə və bayquşlar məskəni, asari-ətiqə malı olan bu əski məscid, doğrudan da ona elə bir qorxu gətirmiş ki, zarafatımı həqiqət bilmiş, onun üçün də özünü itirmişdir. – Adolf, söylə, o rəsmini aldığın şey nə idi? Ruh kölgəsi idimi? – deyə soruşdu. Cavab verdim ki: – Xayır dostum, coğrafiya cəmiyyətinin tapşırığı, Avropada əsla olmayıb, Asiyada ən adi tapılan ikiəlli, ikiayaqlı heyvan idi. – Mən bir qara torbadan başqa heç bir əza görmədim. – Görə də bilməzsən; çünki o heyvanın adı Şərq qadınıdır. Onlar bütün günləri uca divarla həsarlanmış, pəncərəsiz evlərdə gizlənirlər. Bayıra çıxanda rəsmini aldığımız libası geyirlər; heç bir əzaları görünməz; bədənlərini çadra adlı parça ilə bürüyürlər; başlarına da bir qara torba salırlar. – Bəs onlar necə görürlər? – O torbanın xırda deşikləri var. Oradan baxırlar və ya başlarına at qılından hörülmüş rübənd taxarlar. Rudolf mənim bu sözlərimdən artıq dərəcədə mütəəssir oldu. Tamam Berlindən yola düşdüyü zamandan «nəhayət Şərq gözəllərini görməyə nail olacağam» deyərək şadlanırdı; hətta fikrində bir Şərq gözəlini sevib almaq da var idi. Sabahı günü Şərq qadınlarının bir dəstəsini, rəsmini aldığım libasda hamama gedərkən gördüm və Rudolfu səsləyib onları göstərdim. Lakin onun üzündəki mə’yusluğu, gözlərindəki hərarətli baxışı, dodaqlarında nifrətli istehzalı təbəssümü görərək etdiyimə peşman oldum. – Adolf, bu ölkədən tez uzaqlaşmalı; təbiətin ən gözəl məxluqunu elə hala salan yerdən bir faydalı şey ələ gətirə bilmərik; indi Şərqin milyonlarca nüfuzu olduğu halda azacıq Avropanın əlində nə üçün qul olduğunu anladım, – dedi. – Qardaşım, mən də sənin fikrinə şərikəm, – deyərək onun sözünü təsdiq etdim. Əfəndilər, burada on yeddi il bundan əvvəl etdiyim Şərq səyahətimiz tamam bir il bundan irəli haman Səmərqəndə, indi Sosialist Şura Özbəkistan Cümhuriyyətinin paytaxt şəhərinə səyahət etdiyimdən söyləyim. Keçən il 8 mart qadınlar bayramında, mən Moskvada idim. Elə həqiqi, mə’nalı bayram keçirtməyi ancaq Şuralar Rusiyasında görmək olur... Mister Leyton: – Onlar bayramları təbliğat aparmaq üçün yapırlar – sözlərini əlavə etdi. – Daha gözlə – ona görə də onların bayramlarından hər kəs özü üçün bir mənfəət alır. Bizim bayramlarımızın isə eyşi və işrət, qadın və şərabdan ibarət olduğunu zənn edirəm inkar edəməzsiniz. Əldə qızıl bayraqlar və dəyərli plakatlar olduğu halda Moskva küçələrində müntəzəm soldatlarla arası kəsilməyən qadınlar sıralarında minlərcə Şərq qadınlarının açıq yürüş etdiklərini gördükdə, haman sizə nağıl etdiyim Səmərqənd kabusları yadıma düşdü. Haman gün bir daha Səmərqəndə səyahət etməyi qət etdim. Baxtım belə gətirdi ki, mən Səmərqəndə yetişdiyim günə Özbəkistan böyük hazırlıq görüb şuralaşdığı günü bayram edirdi. Bu az zamanda nə qədər dəyişiklik! Minlərcə pioner, komsomol və komsomolka dəstələri küçələrdə yürüş edirdi. Topal Teymurun əski paytaxtı alqırmızı dondan libas geyinmişdi. Məni hər şeydən artıq maraqlandıran qadın məsələsi idi. Ona görə də qadınlar şö’bəsinə getdim. Firqəvi türk qadınları ilə tanış oldum. Çadra məsələsinə dair suallar verdim. – Gənc qızlarımızın çoxu çadralarını atmışlar; yerdə qalanları üçün də bu gün tədbirimiz vardır. Burada olunuz görərsiniz – deyərək yenə şux təbəssüm ilə cavab verdi. Aradan yarım saat keçmiş qadınlar şö’bəsinin önündən böyük meydan pioner, komsomol və işçi dəstələri ilə dolmağa başladı. Bunu gördükdə camaat da meydana toplaşdı. Hamının gözləri səbirsizliklə şö’bənin qabağındakı bəzənmiş tribuna dikilmişdi. O zaman əlli-altmış nəfər qara çadralı qadın şö’bənin salonundan çıxıb tribunun (mənbərin) qabağında oturdu. Sonra qadınlar şö’bəsi müdirəsi yoldaşları ilə tribuna çıxdı. Səslər kəsildi; müdirə atəşli nitqini başladı. Hər gənc qadının söylədiyini mən anlamayırdım, lakin minlərcə insanlar tərəfindən ən sakitliklə dinlənən bu nitqin tə’sirini hiss edirdim. Nitqin axırında qadın nə isə əmr etdi. Bir anda meydanın ortasında bir neçə ot hazır etdilər. Kibrit çəkib yandırdılar. Alov qalxdıqda qadın: – Əsrlərlə biz Şərq qadınlarını insanlıqdan məhrum edib, qul halında saxlayan qara hiratıları bu alova atınız! – deyə hayqırdı. Tribun yanında oturmuş olan qadınlar qalxıb bir-bir çadralarını oda atmağa başladılar. Bunu gördükdə «Urra!» sədası, alqışlar və musiqi səsləri bir-birinə qarışdı. Alınan təəssüratı vəsf etməkdən acizəm. Bunlardan sonra tamaşa edən qadınlar da ortaya çıxıb çadralarını oda atmağa başladılar. Bayram bitdikdən sonra mən natiq xanıma aldığım təəssüratı söylədikdə, belə bir cavab eşitdim: – Siz avropalılar qanlı əllərinizi Şərqdən çəkməlisiniz. İndi biz bir analar qoynunda bəslənən Şərq övladları daha sizə qul ola bilmərik! Bu gün burada gördüyünüz o biri gün Hindistanda, Əfqanıstanda, İranda, Ərəbistanda, Misirdə görəcəksiniz! Şərq qadınlarının azadlığı Qərb imperialistlərinin, ələlxüsus İnkiltərənin zavalı deməkdir. Əfəndilər, qara çadraları oda atdıran türk qadınının mənə tapşırdığı sözlərə nağılımda bir kəlmə də olsa əlavə etmədim. Əmin olun ki, indi yalnız bunu əlavə edirəm: İnkiltərə təhlükədədir! Bu vaxt qatar fit verib dayandı, Adolf qalxıb əl çamadanını götürdü. – Mənim səfərim bitdi, xudahafiz. Leyton: – Toxtayın, sizə bir sualım vardır, – deyərək Adolfun ətəyindən tutdu. – Buyurun! – Siz bolşeviksiniz? Adolf: – Xayır, cahan müharibəsindən kommunizm dərsi almış bir şəxsəm, – dedi və kupedən çıxdı. * * * Gənc maşinistka və qoca yazıçı On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır. Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır. Bir axşam, yetmişə qədəm qoymuş bir qoca əlində əsa, ayaqlarında qaloş, əynində isti palto, boynu şərf ilə sarınmış, qoltuğunda zorba və özü kimi köhnə bir kitab, qapını açdı. Maşinistkalar sanki bir komandaya tabe olaraq əllərini saxladılar. Otaqda səslər kəsildi. Sükunət içində qapı yanında oturan gənc qız: – Əmi, nə istəyirsiniz? – deyə soruşdu. – Qızlarım, sizdən Nərkiz kimdir? – Mənəm, – deyə pəncərə ağzında oturmuş gənc qız cavab verdi. İxtiyar onun yanına gedərək: – Qızım, mənim bu əski əlifba ilə yazılmış əsərlərimi maşınında yeni əlifbaya keçirməlisən, çapa veriləcəkdir. – Əmi, o kitabdan ölü iyi gəlir. Maşinistkalar külüşdülər. – Qızım, doğrudur, bu kitab ölülər zamanı yazılmışdır. – Əmi, o ölülərin keçmişi biz dirilərə nə lazımdır? – Yox, qızım, keçmişi bilmək lazımdır. Atalarımız demişlər: Zimistan çəkməyən bülbül, Baharın qədrini bilməz. – Əmi, düzü, mən o ilan-qurbağa hərfləri bilmirəm, – deyə qız boynundan atmaq istədi. – Qızım, mən diktə edərəm, sən yazarsan, müdiriyyətdə belə qət olunmuş. – Onda bir qədər səbir edin, əlimdə yazdığımı bitirim. – Yaxşı, qızım, gözləyərəm, – deyə qoca soyunmağa başladı. Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şuru etdilər. Yazı zamanı Nərkiz tez-tez dayanıb, eşitmədiyi sözlərin mə’nasını soruşurdu. – Əmi, bu yazdığımız vəqiələr hansı ölkədə zühur etmiş? – Qızım, indiki Şura vətənimiz Azərbaycanın keçmişində, çar zamanında. – Nə yaxşı mən o zaman olmamışam! – deyə Nərkiz öz halından şad oldu. Qoca yazıçı ilə gənc maşinistkanın məşğuliyyəti 10–12 gün davam etdi. Qoca yazıçının yazdığı əsərlərin küçü ilə əski həyata atılaraq, qanlı faciələr içində boğulan gənc qızlarla bərabər Nərkiz də boğulurdu. – Əmi, bir az tənəffüs edək, – deyə Nərkiz tez-tez otaqdan çıxırdı. Qayıtdığı zaman yaşarmış gözlərindən mütəəssir olduğu bəlli olurdu. – Əmi, hekayənizin qəhrəmanı bu yazıq qızçığaz axırda tələf olacaqdır? – deyə Nərkiz sordugda, sanki qocadan aman istəyərək, onu diri buraxmağını rica edirdi. Qoca yazıçı gülərək: – İndi ki, ona elə artıq acıyırsan, eybi yoxdur, qızım, öldürmərik, – deyə onunla zarafat edirdi. Əski əsərlərinin gənc qıza belə tə’sir etdiyini gördükdə qoca yazıçı Nərkizə dedi: – Bəli, qızım, o zaman həyat belə idi. Ona görə də bu günkü gözəl və şən həyatı qiymətləndirmək üçün əski həyatı öyrənməliyik. Nərkiz gülümsəyərək, qoca yazıçı ilə razılaşdı. * * * Şura Azərbaycanımız on beş ilin ərzində nə qədər irəliləmiş, nə qədər artmışdır. Ölkəmizin sosializm quruluşu, sosializm mədəniyyəti əski həyatı dərin kəlkəliklərdə buraxmışdır. Bu gün Nərkiz kimi şura balalarımız əski həyatı, qaranlıq keçmişi yalnız kitablardan və muzeylərdən öyrənirlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.