Laçın yuvası Süleyman Sani Axundov (1875–1939) Laçın yuvası Drama 3 pərdədə İştirak edənlər Əmiraslan ağa – 50 yaşında böyük mülkədar Cahankir ağa – onun oğlu, 22 yaşında, bolşevik. Pəricahan xanım – onun qardaşı qızı, Cahankirin nişanlısı, 20 yaşında. Gövhər xanım – Əmiraslan ağanın arvadı. Adil bəy – Cahankir ağanın dayısı, bolşeviklərin tərəfdarı. Hadi lələ – Cahankirin lələsi. Səlim bəy Heydər bəy Muxtar bəy Mehrəli bəy – Bəylər. Hacı İmanqulu – taçir, 60 yaşında. Molla Sadıq – axund. Cəfərqulu – qolçomaq. Sənəm Səfər Əhməd – Əmiraslan ağanın xidmətçiləri. Bir neçə qoşun əhli, bir neçə kənd əhli. * * * Birinci pərdə Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür. Gövhər xanım (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi? Hadi lələ (mə’yus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki, ondan Cahankir ağanı soruşmamış olam. Lakin bir şey hasil olmadı. Rusiya yolu hər tərəfdən bağlı, bir gediş-gəliş yox... Gövhər xanım (ağlar səslə). Demək, heç ümid yox, çarə yox... Hadi lələ. Xanım, birçə çarə var... Gövhər xanım. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir! Hadi lələ. Xanım, sənə mə’lumdur ki, Cahankir ağanı bu əllərim üstə böyütmüşəm. Gecələr nağıl deyib yatırtmışam. Gündüzlər gəzdirib muğayat olmuşam. Mən bilirdim ki, onun ayrılığına dözə bilməyəcəyəm. Onun üçün də Rusiyaya gedən zaman Əmiraslan ağanın ayaqlarına yıxılıb yalvardım ki, məni Cahankir ağadan ayırma, onunla Rusiyaya getməyə mənə də izin ver, razı olmadı. Bu əhvalat yadındadırmı? Gövhər xanım. Bəli, yadımdadır. Sənin də yadındadırmı, mən onun ayaqlarına düşüb yalvardım ki, məni bədbəxt etmə, bu səkkiz il oxuduğu kifayət edər. Bir belə mal-dövlət sahibidir. Daha nəyə ehtiyacı var ki, cavan ömrünü qürbət ölkədə çürüdə. Mənim də sözümə qulaq asmadı. Dedi: «Gərək mənim oğlum universitet qurtara!» Özün də bilirsən ki, istər dünya alt-üst olsun, Əmiraslan ağa dediyindən dönməz. Hadi lələ. Ağanın o xasiyyətini mən də bilirəm. İndi fikrim budur ki, Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm, ağamı axtarıb taparam. Gövhər xanım (təəccüblə). Sənmi! Hadi lələ. Bəli, mən. Gecələr yata bilmirəm, xəyalıma çürbəçür fikirlər gəlir. Deyirəm, bəlkə o təhlükədədir, məni imdada çağırır, məncə burada istirahət edirəm. Yox, xanım, daha səbir edə bilmirəm, getməliyəm. Gövhər xanım. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı? Hadi lələ. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də ağanın mənə nə ehtiyacı var? Qulluğunda duran xidmətçilər çoxdur. Mənim getməyimdən xəbəri olmayacaqdır. Sizin də bu sirri kimsəyə deməyəcəyinizə əminəm. Gövhər xanım. Ondan arxayın ol, ancaq məni təşvişə salan bir tərəfdən Rusiya yollarının bağlanması, orada və Qafqazda törənən vuruşma, çarpışma, o biri tərəfdən də sənin qocalığındır. A kişi, bu sinində hara gedib çıxacaqsan? Hadi lələ. Bunların hamısı düzdür, lakin Allahı da unutmamalı, hər bir şey onun əlindədir. Ya mərama nail olacağam, ya da bu yolda fot olacağam. Gövhər xanım. Hadi lələ, sənin bu fədakarlığın məni bir tərəfdən şad edir, o biri tərəfdən qəmkin. Şadam ki, belə qorxulu üsyan zamanında sənin kimi fədakar, əməkdar xidmətçilərimiz var. Qəmkinəm ki, bu sinində istirahət əvəzinə, belə qorxulu və ağır səfərə gedirsən. Nə deyim? Get, Allah sənə yar olsun. Hərkah oğlumu tapıb mənə yetirsən, səni lazımınca razı edib, ölənə kimi yadımdan çıxarmaram. Yola götürməyə lazımından artıq pul və qızıl verəcəyəm ki, bəlkə onların küçü ilə bir iş görə biləsən. Bu halda Əmiraslan ağa daxil olur. Əmiraslan ağa. Yenə baş-başa verib nə plan çəkirsiniz? Hadi lələ. Ağa, Gövhər xanım ilə mənim, Cahankir ağadan başqa nə söhbətimiz olacaq? Əmiraslan ağa. Gerçəkdən, Cahankirdən bir xəbər yoxdur. Özüm də mat qalmışam. Gövhər xanım. Əlbəttə, mat qalarsan. Sənin tərsliyindən indi mən bədbəxt ana çarəsiz qalmışam. Əmiraslan ağa. Gövhər, sus, yenə övqatımı təlx etmə! Gövhər xanım. Xeyr, bağışla, bu uzun müddət susduğum kifayət edər! Daha bəsdir! Səbir kasam dolub daşmış. Məni arvad yerində, xanım yerində qoymursansa, övladının anası yerində qoy. Onu da istəmirsənsə, bir yad qadın, bir məzlum insan yerində qoy. Qapındakı nökər qorxudan sənə söz qaytarmırsa da, heç olmasa üzünə baxa bilir, lakin mən ona da cür’ət edə bilmirəm. (Ağlayır.) Əmiraslan ağa. Gövhər, məndən nə istəyirsən?! Gövhər xanım. Səndən övladımı istəyirəm! Əmiraslan ağa. Mən nə edim? Rusiya yolu bağlı, poçt, teleqraf da işləmir. Gövhər xanım. Bəs bunu nə üçün əzəldən fikir etmədin? Niyə mənim məsləhətimə qulaq asmadın? Səkkiz il oxuduğu bəs idi. Pəricahan haçana kimi onu gözləsin? Əmiraslan ağa. Bəs sənin istədiyin o idi ki, baqqal Səfdərqulunun nəvəsi Həsənəli məktəb qurtarsın, amma Hidayət ağanın nəvəsi Cahankir ağa yarımtəhsildə qalsın? O ki qaldı Pəricahana, o özü kimnaziyanı qurtarmış bir qızdır. Əmizadəsinin ali məktəbə getməsinə çox şad idi. Gövhər xanım. Yaxşı, ona razı olmadın, bəs Hadi lələni nə üçün Cahankirdən ayırdın? İndi belə zamanda sən də, mən də arxayın olardıq. Əmiraslan ağa. Elə bu ağılla mənim işlərimə qarışmaq istəyirsən? 19 yaşında cavana lələmi lazım idi? Bundan əlavə Hadi lələ bu sinində Rusiyada necə yaşaya bilərdi? Getmiş olsaydı, indi o da qırılanlardan biri idi. Gövhər xanım (iztirabla). Demək Cahankirin diriliyinə ümid yoxdur? Əmiraslan ağa. Onu demədim. O onun fərasətinə baxar: hərkah başında bir şey varsa, başqaları kimi xarici məmləkətə qaçıb canını qurtarar və bir də mənim oğlum rusların knyaz, qraf, baron və geyri nücəba övladlarından artıq və əzizmidir. Onlar necə olar, o da onlar kimi. Hadi lələ. Ağa, Cahankir ağa dinc, rəhmdil və hamı ilə mehriban rəftar edən bir cavandır. Onunla kimin işi ola bilər? Əmiraslan ağa. Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. Cahankir mənə və mənim nəslimə əsla oxşamayıbdır. Bax, buna və bunun nəslinə oxşayıbdır. (Barmağı ilə Gövhər xanımı göstərir.) Mənim əcdadım atan, kəsən, vuran, yıxan, hökmdar bir nəsil olmuş. Əbəs yerə familiyamız «Şirzadə» deyildir. Bax, bizim nəsilə layiq mərhum qardaşımın qızı Pəricahandır: at minməkdə, tüfənk atmaqda cümləni heyrətə gətirir. Bu halda Pəricahan xanım çərkəzi libasda, əlində qırmanc daxil olur və qaçaraq Əmiraslan ağanın boynuna atılır. Pəricahan xanım. Əmuçə, sənə bir yaxşı xəbər gətirmişəm! Gövhər xanım. Qızım, Cahankirdənmi? Pəricahan xanım. Xeyr, əmuçə muştuluğuma nə verəcəksən? Əmiraslan ağa. Qızım, hər nə istəsən. Pəricahan xanım. Xaldar dayça mənim. Əmiraslan ağa. Sənin, ingilis tüfənkim də üstəlik. Pəricahan xanım. Hadi lələ, sən nə verəcəksən? Hadi lələ. Xanım, mənim neyim var ki, nə də verim? Pəricahan xanım. Sən də bu gecə mənə Mələkzadə nağılı kimi gözəl bir nağıl söyləyərsən. Əmiraslan ağa. İndi söylə görüm nə xəbər gətirmisən? Pəricahan xanım. Əvvəl mənə bir qəziyyə üz verdiyini söyləyim, sonra gətirdiyim xəbəri. Əmuçə, qaşqa at altımda qorqudan gəlirdim. Qarşıma bir kəndli çıxdı. Qaşqa atı çamura salmağa heyfim gəldi. Oğlana dedim: «Yoldan çıx!» Kəndli mənə açıqlı baxıb dedi: «Heyvanı məndən əzizmi tutursan, mən niyə çamura girim?» Bu cavabdan qan başıma sıçradı. Qaşqa atı tərkimləyib kəndliyə bir elə qırmanc çəkdim ki, özünü qurbağa kimi çamura atdı. Əmiraslan ağa. Afərin, qızım, əcəb etmisən. Gərək qabağına salıb buraya gətirəydin. Cəzasını mən verərdim. Kəndlini tanıdınmı? Pəricahan xanım. Bəli, Adil dayının sabiq rəiyyəti Həsənqulu idi. Daldan qışqırdı ki, «Dayanın, ay ağalar, vaxtınız yaxınlaşmışdır». Əmiraslan ağa. Elə itaətsizlik ancaq Adil bəyin rəiyyətlərindən baş verir. İxtiyar verib kəndliləri başına çıxartmışdır. Hadi lələ. Həsənqulu ilə atası Cənnətəli də bacarmayır. Davakar, sərt dəliqanlının biridir. Pəricahan xanım. Sonra Mirzə Saləhə rast gəldim. Dedi ki, qubernator dayına teleqraf gəlmiş ki, Şimali Qafqazda dağıstanlılar bolşevikləri elə pozmuşlar ki, o şiş papaqlarını da qoyub qaçmışlar. Əmiraslan ağa. Nə gözəl xəbər! Nə şadlıq müjdəsi! Sağ olsun qəhrəman dağıstanlılar! İndi Baron Vrankel də arxalarını kəsib onlara elə bir üsul tutsun ki, daha bir də Rusiyada bolşevik adı çəkilməsin. Səfər daxil olur. Səfər. Ağa, bəylər gəlib sizi görmək istəyirlər. Əmiraslan ağa. De, gəlsinlər. Əmiraslan ağadan başqa geyriləri çıxırlar. Sonra Mehrəli bəy, Səlim bəy, Heydər bəy və Muxtar bəy daxil olurlar. Mehrəli bəy. Çox təəccüblü işdir! Heydər bəy. Ağla sığışan iş deyil. Əmiraslan ağa. Çox gözəl xəbərdir! Səlim bəy. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?! Mehrəli bəy. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmusunuz? Əmiraslan ağa. Sən də haçandan ağlını itirib məndən belə səfeh sual edirsən? Mehrəli bəy. Doğru buyurursan, bu xəbəri eşidəndən bəri ağlımı itirmişəm. Əmiraslan ağa. Doğrudan da biz bir-birimizi anlamırıq. Oturun görüm, bu xəbər sizi nə üçün belə çaşdırmış? Qəhrəman dağıstanlılar düşmənimiz bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. Bəylər (gülüşürlər). Ha-ha-ha... Əmiraslan ağa. Nəyə gülürsünüz? Mehrəli bəy. Öz halımıza gülürük. Görünür əhvalatdan müxbir deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki, müsavat hökuməti bolşeviklərə təslim olmuşdur. İndi orada Şura hökuməti qurulmuşdur. Əmiraslan ağa. Bu xəbər səhihmidir? Muxtar bəy. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam. Əmiraslan ağa. Teleqraf nə vaxt gəlmiş? Muxtar bəy. Bu gün səhər. Əmiraslan ağa. Bəs nə üçün Nadir bəy mənə mə’lum etməmiş? Muxtar. Adil bəy orada idi. Yəqin onunla xəbər göndərəcəkdir. O da gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir. Adil bəy daxil olur. Adil bəy. Yoldaşlar, salaməleyküm. Əmiraslan ağa. Ah, yenə qulağıma bu söz dəydi! Adil bəy. Əzizim, nə üçün övqatını təlx edirsən? Yoldaş, ya’ni birlikdə yola çıxan adam, məsələn: Muxtar bəy məni gözləməyib qaçdı, yoldaşlıq etmədi. İndi hansınızdan muştuluq almışsa, ona şərikəm. Əmiraslan ağa. Adil, zarafatı burax, mənə Nadirdən nə xəbər gətirmisən? Adil bəy. Buyur, öz mübarək dəsti-xəttilə yazılmış məktubu. (Məktubu verir.) Əmiraslan ağa (məktubu oxuyarkən). Biqeyrətlər! Binamuslar, vətəni satanlar! Görəsən hərəsi nə qədər rüşvət almış. Bəs batmış müsavat əsgərləri harada qalmışlar? (Hirslə məktubu çırıb atır.) Adil bəy. Hansı əsgərləri deyirsən? Xan, bəy, taçir övladlarından toplanmış əskərlərimi? Mehrəli bəy. Adil bəy, biz buraya bir-birimizə tə’nə, məzəmmət etməyə yığılmamışıq. Sənin də oğlun olsaydı, hamıdan tez İrana, Turana qaçırtmışdın. Biz buraya, Əmiraslan ağanın məsləhətinə toplaşmışıq. Nə tədbiri varsa, buyursun. Əmiraslan ağa. Müsavat hökuməti bolşeviklərə təslim olmuşdur, fəqət mən Hidayət ağanın oğlu Əmiraslan elə dinsizlərə təslim olmaram. Buyursunlar, zor ilə tabe etdirsinlər. Bu mənim cavabım! Hansınız mənimlə həmrə’ydir, buyursun, gözüm üstə yeri var. Hər kəs papaq əvəzinə başına arvad yaylığı örtmək istəyirsə, ona da yol açıqdır. Getsin bolşeviklərə qul olsun. Bu mənim sizə deyəcək axırıncı sözüm. O babalarım tərəfindən tə’min olunmuş «Laçın yuvası» adlı qalanı görürsünüzmü? (Barmağı ilə açıq pəncərədən görünən köşkü göstərir.) İndiyədək bir düşmənə təslim olmamış, nə qədər də mən sağam, təslim olmayacaqdır. Ədil bəy. Babaların onu kimin qüvvəsi ilə saxlamışlar? Əmiraslan ağa. Öz rəiyyətinin gücü ilə. Ədil bəy. Doğrudur. İndi həmin kəndlilər daha siz ağalara qul olmaq istəmirlər. İndi onlar «Cəmi insan birdir» deyə haqlarını tələb edirlər. Muxtar bəy. Haqlarını tələb etsələr dərd yarıdır. İndiyə kimi yerləri bizim üçün becərmişlər, qoy indi də özləri üçün becərsinlər, lakin onların fikri hökuməti özlərindən qurub, bizlərə ağalıq etməkdir. Əmiraslan ağa. Ha-ha-ha... Həsəngululardan, cənnətəlilərdən, fatmanisalardan hökumət! Dünya dəli olmuşdur? Dayanın, bu saat o hökumət üzvlərini sizə təqdim edəcəyəm. (Qışqırır.) Əhməd, Səməd, Səfər. (Nökərlər cəld daxil olurlar). A gədələr, bu saat cəmi xidmətçiləri buraya toplarsınız, deyin ağa çağırır. Keç gələnin dərisi qırmancımın altında çıxacaqdır. Nökərlər. Baş üstə, ağa. Əmiraslan ağa. Haydı! Nökərlər cəld çıxırlar. Səlim bəy. Bu axır vaxtlarda kəndlilər lap yollarından çıxmışlar. Biz ağalarına əsla itaət etmirlər. Heydər bəy. Bizlərin cümləsindən ağıllı Ədil bəy çıxdı. Vaxtında cəmi mülkünü satıb, pullarını ciblərinə doldurdu. İndi asudə yeyib-içib gəzir. Nə mülk və nə də övlad dərdi çəkir. Bir arvadı var, o da özündən qocaqdır. Ədil bəy. Mənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz, çünki mülküm də olan zamanı, indi də onlarla ədalətlə rəftar etmişəm. Dar günlərində onlara kömək etmişəm. Onlarla bərabər hər fəsildə qan-tər içində işləyib torpaq becərmişəm, kəndlilər ilə dostluq edib evimə çağırmışam, evlərinə qonaq getmişəm. Mən onlarla belə rəftar edib, mülkədar olmuşam. Siz nə cür rəftar etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban söz eşitməmişlər... Əmiraslan ağa. Çünki sənin baban kəndli olmuş. Nəcabətdə sənin haqqın yoxdur. Ədil bəy. Oraya əl atsaq çoxlarınızın babalarının xanların qapısında nökər və mehtər olduğu meydana çıxar. Mehrəli bəy. Ədil bəy, mənim silsiləmdə kimsənin qapısında nökər və ya mehtər olmuş şəxs yoxdur. Mənim ulu babam, Nadir şahın müqərrəb sərkərdələrindən olmuşdur. Muxtar bəy. Mənim əcdadım da elə alçaq vəzifə sahibi olmamışdır. Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir. Şübhən var isə tarixə bax. Ədil bəy (rişxəndlə). İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur. Ancaq bilmirəm nə üçün Teymur xanda dayandın? Yuxarı qalxmadınız? Odu, Heydər bəy qurcalanır. Bu saat əcdadının ululuğunu aparıb Nuha çıxardacaqdır. Heydər bəy. Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən? Ədil bəy. Xeyr, əstəğfürullah! Sənin familiyan İranın əski Kəyan mülkünün nəslindəndir. Salim bəyinki daha qədimdir. Pişdadiyan sülaləsindən Cəmşidin doğmaca nəvəsindən törəyibdir. Əmiraslan ağa isə o, Tütənk xanın övladından törəmədir, Tütənk xan da Nuh Nəbinin doğmaca nəticəsidir. Bu halda Əhməd, Səməd, Səfər, Sənəm və bir dəstə arvad, uşaq, kişi qorxa-qorxa daxil olurlar. Əmiraslan ağa. İrəli gəliniz! Qulaq asınız. Bax, bu gündən bəy, xan, ağa, nökər, qulluqçu aradan götürülür. İndi cümləmiz bərabər olduq. Daha siz ilə məndə heç fərq yoxdur. Buyurunuz, əyləşiniz. Biz bəylər ilə söhbət ediniz. Yeyiniz, içiniz, kef ediniz. Niyə dayanmısınız? Oturunuz (xidmətçilər durduqları yerdə diz üstə çökürlər.) Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz! (Heç kəs yerindən qalxmır.) A gədə Əhməd! Qalx, buraya gəl. Sənəm, sən də. (Qorxa-qorxa gəlirlər.) Sən burada, sən də orada oturunuz. Əhməd. Ağa, mən ona cür’ət edə bilmərəm. Məni başına çevir, azad et. Mən ağaların hüzurunda necə əyləşim? Sənəm (ağlar səslə). Ağa, məni o qırmancın ilə döy, amma bu işə əmr etmə. Əmiraslan ağa (əlini xidmətçilərə tərəf uzadaraq). Bu dilsiz-ağızsız heyvanlardanmı hökumət qurulacaqdır? Deyirəm dünya dəli olub, mənə inanmırsınız. (Ayağını yerə çırpır.) Durun! Sürünün! Xidmətçilər qaçırlar. Bir qədər sükutdan sonra. Ədil bəy. Sizin bu imtahanınız mənə bir şey vermədi. Əmiraslan ağa, siz kəndli, işçi, yoxsul kütləsi ilə heç bir zaman oturub-durmamısınız, ona görə də təcrübəniz yoxdur. Qırmızı Ordu Bakıdan bu tərəfə yürüş edərsə, etməsinə də şübhə yoxdur, çünki Azərbaycan bir Bakıdan ibarət deyil, o vaxtı indi hüzurunuzda qoyun kimi diz üstə çökən xidmətçi əhmədlər, səmədlər, səfərlər və qeyriləri bolşevik tərəfinə keçib sizə düşmən olacaqlar; çünki sizin zülmünüzdən xilas olmaq yolu yalnız odur. Mənfəətləri də oradadır. Əmiraslan ağa. Heç vaxt! Kəndlilər bolşevik tərəfinə keçməzlər. Sübutum on səkkizinci il. Ədil bəy. – O başqa zaman və başqa hal idi. İndini onunla müqayisə etmə, yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur. Əmiraslan ağa. Heç vaxt! Onları Kürdən bu tərəfə keçməyə qoymarıq. Gürcüstan və Ermənistanı da unutma. Ədil bəy. Baxarıq. Çıxır, bəylər mə’yus, başlarını aşağı salıb sükuta gedirlər. Əmiraslan ağa. Nə sükuta getmişsiniz. Yoxsa kopçu Ədilin sözündən xofa düşmüsünüz? Heydər bəy. Xofa düşməyə haqqımız var, çünki Şura hökumətinin qanununda torpaq kəndlinindir. Əmiraslan ağa. O niyə? Yer kəndlinin dədəsindən qalıb, ya babasından? Bu torpaqların üstündə babalarımız su yerinə qan axıtmışlar. Onun bir addımını kimsəyə vermərəm. Muxtar bəy. Şura hökumətinin qanununda nəinki torpaq, heç xüsusi mal-mülk də yoxdur. Əmiraslan ağa. Deməli, bu ev də mənim deyil? Mutxar bəy. Bəli. Əmiraslan ağa. Daha kifayətdir. Bəs beləmi hökumətə tabe olmaq istəyirsiniz. Mülkümüzü, ev-eşiyimizi alıb özümüzü də Rusiya mülkədarları kimi küllə qabağına qoyub tələf etdikdə bizə nə yol qalır? Tabe olmaqmı? Mehrəli bəy. Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. İndi də lazım gələrsə, qeyrətlə ölərəm. Əmiraslan ağa. Qəhrəman bəyin nəvəsindən başqa cavab gözləmək olmazdı. Siz necə? Muxtar bəy, Səlim bəy, Heydər bəy. Biz də bu fikirdəyik. Əmiraslan ağa. Sağ olunuz! Ümidvaram ki, sizlərin köməkliyi ilə babalarımızın yurdunu düşməndən müdafiə edə billəm. Qırmızı Ordudan əsla xof etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət sə’y və qeyrət lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz. Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz. Onları bolşeviklərin vəhşiliyi ilə qorxudunuz. Deyiniz ki, bolşeviklər dini, məzhəbi, şəriəti aradan götürürlər. Nikahı ortadan qaldırıb, arvadlar hamıya məxsus olur. Ruhaniləri, ticarət əhlini köməyə çağırınız. Bu halda Hacı İmamqulu və Molla Sadıq daxil olurlar. Hacı İmamqulu, Molla Sadıq. Salaməleyküm. Əmiraslan ağa. Əleyküməssalam. Buyurunuz əyləşiniz. Yaxşı vaxtda gəlmişsiniz. Hacı İmamqulu. Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi? Əmiraslan ağa. Hansı xəbər, Hacı? Hacı İmamqulu. Bolşeviklərin Bakını almaq xəbəri. Əmiraslan ağa. Bəli, doğrudur. Molla Sadıq. Hacı, gördün ki, mən yalan deyən adam deyiləm? Hacı İmamqulu. Bəs onda fikriniz nədir? Muxtar bəy. Nə olacaq? İrana qaçmaq. Molla Sadıq. Hacı, eşitdinmi? Gördün ki, mənim məsləhətim bizi düşməndən xilas edər. Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edir, hifzbədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş. Mehrəli bəy. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: «Düşmən vətəniniz üstə gəldikdə qoy qaç, canını qurtar» demişdir?! Bəs onda peyğəmbərimizin buyurduğu hübbil-vətən harada qaldı? Molla Sadıq. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir ki, xudavəndaləm tutduğumuz əməlin cəzası üçün göndəribdir. Səlim bəy. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda da. Heydər bəy. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun, fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik. Hacı İmamqulu. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq, başda kim duracaqsa dursun. Əmiraslan ağa. Heç dediyini anlayırsan, ağlını itirmiş kişi? Məgər bilmirsən ki, bolşeviklərin ən böyük düşmənləri biz xanlar, bəylər, siz sərvətdarlar və Molla Sadıq kimi ruhanilərdir? Onlar bu üç sinfi yer üzündən götürmək fikrindədirlər. Yoxsa fikrin odur ki, bolşevik zamanında da malı beşə alıb yüz beşə satacaqsan? Onlar alış-verişi bilmərrə aradan götürürlər. İndi anladınmı? Xəsis, malını yeməyən kişi? Muxtar bəy. Hacı, bundan əlavə pul da aradan qaldırılır. Hacı İmamqulu. Elə də iş olarmı? Pulsuz da dünya yaşarmı? Muxtar bəy. Hacı, onu get bolşeviklərdən soruş. Əmiraslan ağa. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə edib, babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmizdir! Buna siz də tabe olmalısınız. Molla Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər nə əmr etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz. Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz. Hacı İmamqulu. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada idi ki, məsrəf də edim? Əmiraslan ağa. Onu Muxtar bəy bilər. O onun vəzifəsidir. Muxtar bəy. O bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz. Əmiraslan ağa. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb, camaatı bizim itaətimizə çağıracaqsınız. İndi cümləniz mürəxxəssiniz. Gediniz, iş dalınca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalsın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, küllə qabağına qoyulacaqdır. Muxtar bəy. Hacı İmamqulu, eşitdinmi? Mehrəli bəy. Molla Sadıq, anladınmı? Bəylər. Əmiraslan ağa, xudahafiz. Əmiraslan ağa. Xudahafiz, qeyrətli bəylərim. Çıxırlar. Pərdə * * * İkinci pərdə Birinci pərdənin səhnəsi. Pəricahan xanım (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş! Hadi lələ daxil olur. Hadi lələ. Uğurlar olsun, Pəricahan xanım. Pəricahan xanım. Ah! Hadi lələ! A kişi, haraya getmişdin? Bir aydan artıqdır ki, yox olmusan. Hadi lələ. Bakıya getmişdim. Pəricahan xanım. Nə işə? Hadi lələ. Cahangir ağadan xəbər bilməyə. De görüm Gövhər xanımın xəstəliyi nədir? Pəricahan xanım. Nə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən biçarə əmməm şam kimi əriyir. Hadi lələ. Gətirdiyim xəbərdən dirilər. Pəricahan xanım. Cahangirdənmi xəbər gətirmisən? Hadi lələ. Bəli. Pəricahan xanım. Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. Mən sənin barəndə nə fikirdəydim! Əfv et. Hadi lələ. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi? Pəricahan xanım. Bəli, mən nə edim. Sən yox olmusdun. Əlbəttə, şübhəyə düşmək olardı. Hadi lələ. Xanım, fikriniz səhv deyil. Pəricahan xanım. A kişi, nə deyirsən? Doğrudanmı onlar tərəfə keçmisən? Hadi lələ. Bəli. Pəricahan xanım. Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən elə qaniçiçi, dünyanı oda tutub, ziran edənlər tərəfinə keçməzsən. Sən istəməzsən ki, belə gözəl yurdumuz tarmar olub, qızıl qana boyana. Hadi lələ. Bu son sözlərinə mən də şərikəm. Lakin bolşeviklər qaniçiçi deyillər. Bunlar düşmənlərin iftirasıdır. Bolşeviklər məzlumlar, yoxsullar, füqareyi-kasibə tərəfdarıdırlar. Onların fikri işçi-kəndli sinfini azad etməkdir. Bu yolda öz qanlarını tökürlər. Məgər bu pis bir hərəkətdir? Pəricahan xanım, istəyirsən ki, doğrudan da əcdadının gözəl mülkü və belə binası sən deyən hala düşməsin, sənə həvalə olunan bir təklifi qəbul et. Mən onun üçün buraya göndərilmişəm. Pəricahan xanım. O nə təklifdir? Səni kim göndərmişdir? Hadi lələ. Sənə mə’lumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona görə də Qırmızı Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. Hər yerdə kəndlilər Qırmızı Ordu tərəfinə keçirlər. Təklif budur ki, Əmiraslan ağa qovğasız təslim olsun. Səndən başqa da onu bu yola gətirən şəxs tapılmaz. Bizə mə’lumdur ki, bu saat Əmiraslan ağa Nadir bəykildə bəylərlə birlikdə məşvərət edir. Pəricahan xanım. Mənə bu təklifi kim edir? Hadi lələ. Cahangir ağa, Pəricahan xanım. Kim? Cahangir, mənim sevgilim, nişanlım, əmizadəm? Yox, yox, elə iş ola bilməz, inanmıram. Hadi lələ. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir). Pəricahan xanım (məktubu açıb oxuyur). Ah! Doğru. Cahangir bolşevik olub. Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir. Ah, ağlım çaşır! Otaq başıma fırlanır. Cahangir, Cahangir, hansı şeytana aldanıb belə alçaq, gədəyə yaraşan vəzifəni öhdənə götürmüsən?! Məni də, sevgili əmizadəni, məhəbbətin uğrunda atəşə yanan nişanlını da belə yola də’vət edirsən? Yox, yox, mən sənin kimi alçaq olmaq istəmirəm. Əcdadımın yurdunu, şərəfini sənin kimi düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram. Hadi kişi, ağan Cahangir məndən cavab istəyir. (Məktubu cırıb Hadi lələyə atarkən.) Bu mənim birinci cavabımdır. (Sonra boynundan qızıl medalyonu, içindəki Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi ürəyim üstə sevə-sevə saxlamışam. Gecələr onu bağrıma basıb əzizləmişəm, öpmüşəm. Ta hicran oduna dözüb, təsəlli tapmışam. Hadi kişi... Hadi lələ. Pəricahan xanım, kifayətdir. Məni oda yaxma. Mən sənin lələnəm. Səni də Cahangir ağa kimi bu əllərim üstündə bəsləmişəm. Mənə Hadi kişi demə. Pəricahan xanım. Bolşevik tərəfinə keçmiş lələni mən istəmirəm. Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir? Hadi lələ. Xeyr, xanım. Pəricahan xanım. İndi görərsən, çıx, ey illərcə qəlbimdə məskən etmiş ilan! Çıx, ey zəhərli, məni atəşə yaxan məhəbbət. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi daha onun üçün qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən. Hadi lələ. Pəricahan xanım, belə etmə, gəl, sən bu qoca lələnin məsləhətinə qulaq as. Bu xanədanın dağılıb, pərakəndə düşməyinə bais olma. Pəricahan xanım. Bais olan sənin ağan Cahangirdir. Bu nəsihəti ona et. Daha bitdi. Gedə bilərsən! Hadi lələ. Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. Onda buyurunuz gedək, mənə verdiyin cavabı onun özünə ver, yoxsa, mən bu ağır məs’uliyyəti öhdəmə götürməkdən qorxuram. Pəricahan xanım. Hə, indi başa düşdüm ki, Cənnətəlinin oğlu Həsəngulu nə üçün yoldan çıxmayıb, mənə elə sərt cavab verirdi. Demək, Cənnətəlinin ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış. Hadi lələ. Bəli. Pəricahan xanım. Mən, başına qırmanc çəkdiyim Həsəngulunun evinə getmərəm. Ağan Cahangirin cür’əti varsa, buyurub buraya gəlsin. Hadi lələ. Cahangir ağanın cür’ətini sən məndən yaxşı bilirsən. Buraya gələrsə, ona heç bir xata toxunmaz, çünki sizi əhatə edənlərin hamısı onun tərəfdarlarıdır. Başından bir tük düşməyə qoymazlar. Əmiraslan ağanın bu saat harada olduğu və atdığı hər qədəm bizə mə’lumdur. Baş üstə cavabını Cahangir ağaya deyərəm, lazım bilsə gələr, bilməsə, qoşuna hücum əmrini verər. Daha başqa əmrin yoxdur ki? Pəricahan xanım. Yoxdur. Hadi lələ (gedərkən). Pəricahan xanım, fikirləş. Son peşmançılıq fayda verməz. (Çıxır.) Pəricahan xanım (tək). Ah! Bu gün başlanacaq müharibəni xatirimə gətirməkdən qorxuram. Bütün bədənim titrəyir. Əmucəm yanında təslim adını çəkmək mümkündürmü? O öz əlləri ilə cəmi evini-eşiyini atəşə tutub yandırar, fəqət təslim olmaz. (Çağırır.) Əhməd! Əhməd! (Səs vermir). Səməd! Səməd! Bunlar harada batmışlar? Səfər! Səfər! Sənəm daxil olur. Sənəm. Nə buyurursan, xanım. Pəricahan xanım. A qız, nökərlər haradadır? Heç səsimə səs verən yoxdur. Sənəm. Xanım, evdə heç kəs yoxdur. Pəricahan xanım. Haraya getmişlər? (Sənəm başını aşağı salıb cavab vermir.) Niyə cavab vermirsən? Sənəm. Xanım, qorxuram. Pəricahan xanım. Kimdən? Sənəm. Ərim Əhməddən! Pəricahan xanım. Nə üçün? Sənəm. Xanım, xidmətçilərin hamısı bolşevikləri gözləyirlər. Onlar tərəfə keçəcəklər. Nökərlər Cənnətəlikilə getmişlər. Onun oğlu Həsəngulu bolşevikdir. Pəricahan xanım. Sənəm, sən də onların tərəfdarısan? Sənəm. Mən yox... Ancaq qorxuram. Əhməd deyir ki, bizim sirrimizi ağalara versən, səni öz əlimlə boğub öldürəcəyəm. Xanım, bir Hadi lələdən başqa heç kimə bel bağlamayın. O da burada yoxdur. Pəricahan xanım. Ah, safqəlbli, sadədil Sənəm, indi heç özümə də inanmıram. Qorxma, sirrini bir kəsə demərəm, ancaq Əhmədi buradan rədd etmək lazımdır. Başqalarını da o, yoldan çıxarıbdır. Onu özüm kəndə göndərəcəyəm. Əmməm necədir? Sənəm. Müdam böhran içindədir. Ayılanda da su istəyir. Xanım, izin ver, mən gedim. Pəricahan xanım. Yaxşı, sən get, yanında ol, bir azdan sonra mən də gələcəyəm. (Sənəm gedir.) Ey zavallı ana, heç bilirsənmi ki, yolunu gözlədiyin oğlun nə fikirdədir? Baba yurdunu tapdayıb, sən xəstə anasının başına küllələr yağdıracaq! Yox, yox, əgər indi buraya gələrsə, sağ buraxmaram. (Divardan asılmış zinətli xəncəri əlinə alır.) Babamın bu şanlı silahı ilə onun xain qəlbini yırtmalıyam (Cahangir ağa daxil olur.) Ah, gəldi! (Xəncəri sıyırıb ona tərəf yönəlir.) Cahangir ağa (döşünü gərib). Vur! Pəricahan xanım. Sən nə ixtiyarla buraya qədəm basdın? Cahangir ağa. Bura mənim yurdum deyilmi? Pəricahan xanım. Yox. İrəlidə sən bu sarayın, bu yerlərin sahibi Hidayət ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və millət xaini — bolşevik, yoldaş Cahangirsən. Cahangir ağa. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən. Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə döydüyün Həsəngulu kimi zəhmətkeş yoldaş Cahangirəm. Bəli, burası doğrudur, fəqət mən vətənimin, millətimin düşməni deyiləm. Onun məzlum, miskin, səfil, çılpaq əməkçilərini ən səmimi qəlblə sevən yoldaş Cahangirəm. Onları əsrlərcə zülm və cəhalətdə saxlayan zalımlardan azad etmək yolunda çalışan yoldaş Cahangirəm. Pəricahan xanım. Vətənin o zalımları kimdir? Cahangir ağa. Birincisi belə saraylar sahibi ağalar. Pəricahan xanım. Xeyr, sənin kimi vətəninə xəyanət edən alçaqlar. Cahangir ağa. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür? Pəricahan xanım. Millət və vətən üçün. Cahangir ağa. Yalan! Mənim atam Əmiraslan ağa kimi mülkədarın ağalığını saxlamaq üçün. Torpaqlarını mühafizə etmək üçün. Məgər millət yalnız bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən övladları deyil? Pəricahan, ağalıq daha bitdi, çünki onu müdafiə edən, onun yolunda qanlarını sel kimi axıdan kəndli və fəhlə indi hüququnu daha anlamış. Buna sübut kəndlilərin bizim tərəfə keçməsidir. Bu gün iki qüvvə bir-biri ilə toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola də’vət edirəm. Pəricahan xanım. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizin tərəfə keçmələri buna sübut ola bilməz. Onlar bəylərin torpağına, belə gözəl saraylarına sahib olmaq istəyirlər. Cahangir ağa. Doğrudur. Buna da haqları var. Pəricahan xanım. Hansı qanunla? Cahangir ağa. Təbiətin qanunu ilə. İşləməyən yeməz. Torpaq, onu becərib zəhmət çəkənlərindir. Pəricahan xanım. Mən elə qanun eşitməmişəm. Cahangir ağa. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların sahibi olmağımı göylər təsdiq etmiş sanırdım. Rəiyyətləri özümüzün qulu hesab edirdim. Fəqət Karl Marksın əsərlərini oxuduqdan sonra anladım, haqq yolunu tapdım. Pəricahan xanım. Sonra da bolşevik oldun. Özün kimi zalımlara qoşulub böyük Rusiyanı tarmar etdiniz. İndi də bu gözəl ölkəni o hala salmaq istəyirsiniz. Cahangir ağa. Pəricahan, zülm yuvaları dağılmasa, məzlumlar azad olmazlar. İndi yıxarıqsa, sonra tikəcəyik. Nə etməli? Əmiraslan ağalar öz ixtiyarları ilə tabe olmurlar. Pəricahan, atamın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş, qartlaşmış ağa bunların hamısından əl çəkib, işçi-kəndli tərəfdarı olmaz, fəqət bizim müqabilimizə çıxıb qovğa etməsin niyyəti ilə sənə Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi. Sən niyə zülm tərəfdarı olursan? Biz o zülmü insanlar arasından götürmək istəyirik. Bax, gör bu nə böyük, nə yüksək bir idealdır ki, məni öz əlimlə bu mülkümüzü tapdayıb məhv etdirməyə məcbur edir, atamın müqabilinə çıxardır. Mehriban anamı unutdurur, tam üç il həsrətini çəkdiyim sən sevgili əmizadəmi mənə düşmən etdirir. Pəricahan, sevgilim, gəl mənimlə birlikdə vətənimizin məzlumlarını cəlladlar əlindən xilas edək. Pəricahan xanım. Cəlladları mən, sən tərəfdə görürəm. Cahangir ağa. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör bizmi cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri inçəlib üzülür. Bax, bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək onların fəryadına çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının qəhrəmanı ol. Pəricahan xanım. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə. Mən isə bu gün ufacıq bir vəzifə qəbul edirəm. O da «Laçın yuvası»nı sənin ordundan müdafiə edib, onun «Orlean xanımı» olmaq istəyirəm. Cahangir ağa. Daha bitdi. Sən də atam kimi belə saraydan, belə cah-cəlaldan öz ixtiyarınla əl çəkmək istəmirsən, fəqət mən zor ilə çəkdirərəm. Bu zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır). Pəricahan xanım (tək). Ah! Cahangirdə nə böyük təğyir! Sabiqdə mənim kimi, babalarımızın şanşöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım deyib, nifrət edir. Mənim də qəlbimə şübhə saldı. Görəsən hansı yol doğrudur... (Əmiraslan ağa daxil olur.) Ah, əmucəm gəldi. Əmiraslan ağa. Qızım, bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat Mehrəli bəyin dəstəsi ilə vuruşurlar. Ümidim budur ki, igid bəylər onları pozub bu tərəfə keçməyə qoymayacaqlar. Pəricahan, bu gün oğlum burada olmalı idi. Qəhrəmanə müharibə edib, «Laçın yuvası»nı düşməndən müdafiə edəydi. Onu fələk əlimdən aldı. Yerində sən qalmısan. İgidlikdə heç bir oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə həvalə edirəm. Bu gün bizim üçün başqa yol yoxdur. Ya zəfər, ya ölüm. Qızım, səni mə’yus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən? Pəricahan xanım. Heç vaxtı. Məni mə’yus edən şey başqadır. Ah, Cahangir... Əmiraslan ağa. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get hərbi libasını gey, hazır ol. (Pəricahan xanım çıxır.) Əmiraslan ağa (tək). Pəricahan anadan olanda mərhum qardaşım Kamran çox mə’yus oldu ki, oğlan deyil, lakin mən bu igid qızı min oğula vermərəm. Mehrəli bəy sol əli sarınmış daxil olur. Mehrəli bəy. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı. Əmiraslan ağa. Nə deyirsən? Məgər sənə əmr etməmişdim ki, onu möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et? Mehrəli bəy. Mən nə edim? Tərəfdarlarımız kəndlilər fürsət tapdıqca bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb. Yenə də vuruşmadan çəkilmədim. Bu vaxt əlimə küllə dəydi. O az qüvvə də pozulub dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım. Əmiraslan ağa. Qorxuram Ədil bəyin dediyi doğru ola. Kəndlilərin cümləsi bolşevik tərəfinə keçə. Sol cəbhənin alınması Səlim bəyin halını ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim bəyin arxasına keçib, onu pozacaqdır. Heydər bəy təngnəfəs daxil olur. Heydər bəy. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər qaçırlar. Əmiraslan ağa (qəzəbnak). Siz onlardan geriyə qalmazsınız. Dovşan kimi bir səs çıxdıqda qoyub qaçırsınız. Heydər bəy. Mən nə edim? Allah arvad taifasını müsəlman üçün bir böyük bəla yaratmışdır. Ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. Başqa millətin qadınları tüfəng götürüb ərləri ilə bərabər düşmənlə vuruşur, bizimkilər isə şaxsey deyə üzlərini cırır, saçlarını yolurlar. Əmiraslan ağa. Bu onların təqsiri deyil. Siz kimi ərlərin, ataların təqsiridir. Ləzgi qadınları düşmən ilə müharibədə ərlərindən geri qalmır. Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qocaq deyil? Səlim bəy daxil olur. Səlim bəy. Əmiraslan ağa, Küllücə kəndini düşmən zəbt etdi. Əmiraslan ağa. Nə pis xəbər! Onun alınması ilə yol buraya açıldı. Heydər bəy, mənim adamlarımdan otuz tüfəngli götürüb Uçurum dərəsinin keçidini kəs. Daha durma! Heydər bəy. Bu saat. (Cəld çıxır.) Əmiraslan ağa (Səlim bəyə). Söylə görüm. Nə təvr oldu ki, elə möhkəm yeri boşladın? Səlim bəy. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən Muxtar bəydən kömək istədim. Cavab verdi ki, özüm iki tərəfdən əhatə olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək istə. Bu vaxt düşmən arxama keçib, məni pozdu. Əmiraslan ağa. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana keçə bilməzdilər. Səlim bəy. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri çəkilmədim. Atışmada davam etdim. Bir də xəbər tutdum ki, onlar da qaçıb dağılmışlar, düşmən də arxama keçmişdir. Əmiraslan ağa. Səlim bəy, onda dayanma, mənim atlılarımdan lazım bildiyin qədər götürüb Muxtar bəyin köməyinə get. Onu təhlükədən qurtar, sonra Qayadibi kəndinə çəkiliniz. Səlim bəy. Baş üstə. (Çıxır.) Əmiraslan ağa. Mənim Qayadibi kəndim nə qədər davam edərsə, buranın qorxusu yoxdur. Onun dar və gizli yollarını, ancaq oranın əhli bilir. Bələdçi olmasa, qoşun bir şey edə bilməz. Molla Sadıq və Hacı İmamqulu daxil olurlar. Hacı İmamqulu. Bu nə bəladır? Bu nə tufandır? Molla Sadıq. Tutduğunuz əməlin cəzasıdır ki, xudavəndi-aləm verir. Biz ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə qoydunuz. İndi dindən, məzhəbdən çıxıb öz vətənlərini, ata-analarını atəşə tutub qırırlar. Dünyanın axırıdır. Üləma buyurmuşlar ki, vay o zamandan ki, aradan şəriət, din, böyük-kiçiklik, ağa-nökərlik götürülə. Bax, indi həmin zamandır ki, gəlmişdir. Əmiraslan ağa. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən? Molla Sadıq. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm. Əmiraslan ağa. Çox xoş gəlmişsən. Gözüm üstə yerin var. Bu gün mənimlə bərabər tüfəng götürüb o dediyin dinimizi, şəriətimizi düşməndən mühafizə edəcəksən. Yoxsa, boş yerə nə və’z edirsən? Mehrəli bəy. Əmiraslan ağa düz buyurur. Molla Sadıq. Mən ömrümdə əlimə silah almamışam. Hacı İmamqulu. Mən də arşından başqa əlimə heç zad götürməmişəm. Əmiraslan ağa. İndi götürərsiniz. Molla Sadıq. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir ağanın başına çevir, azad et. Mən də bu yolda ölənlərimizi dəfn edib, dua edərəm ki, allah onların günahlarından keçsin. Hacı İmamqulu. Məni də arvad-uşaqların keşiyini çəkməyə tə’yin et. Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar. Əmiraslan ağa. Səlim bəy, nə üçün qayıtdın?.. Səlim bəy. Heydər bəy qaytardı. Əmiraslan ağa. Heydər bəy? Nə üçün?.. Heydər bəy. Muxtar bəyin dəstəsi qırmızılar tərəfindən əhatə olunub təslimə məcbur olmuşdur. Əmiraslan ağa. Ah, nə fəna xəbər? Bəs Muxtar bəyin özü necə olubdur? Heydər bəy. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri onu yaralı halında Qayadibi kəndinə aparmışlar. Xülasə, onun barəsində heç bir düz xəbər yoxdur. Əmiraslan ağa. Uçurum dərəsini boşaltmamısan ki? Heydər bəy. Xeyr, lakin qırmızılar çəmi qüvvəsini Qayadibi kəndinə atmış. Mənim müqabilimdə heç kəs yoxdur. Əmiraslan ağa. Ona baxma, vaxt ki qırmızılar Qayadibini almaq fikrindədir, Uçurum dərəsinin böyük əhəmiyyəti var. İndi sənin qüvvəni daha da artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm. Heydər bəy. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb həlak edərəm, fəqət geriyə çəkilmərəm. Əmiraslan ağa. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy, sən yaralısan, burada qal. Arvad-uşaqları «Laçın yuvası»na topla. Səlim bəy, biz də Qayadibinin köməyinə gedək. Qalxırlar. Bu halda Cəfərqulu daxil olur. Cəfərqulu. Ağa. Qayadibi kəndini bolşeviklər aldı. Qorxurlar. Molla Sadıq. Buradan qaçmaq! İndi buraya gələrlər. Hacı İmamqulu. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq. Əmiraslan ağa. Sakit! Qorxaq yassarlar! Cəfərqulu, Qayadibi çox möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa dönüklük olmuşdur? Cəfərqulu. Xeyr, ağa, bizimkilər çox mərdanə vuruşdular, ancaq iki səbəb təslimə baiş oldu. Biri, kəndin qaya tərəfi tutulub açılması... Əmiraslan ağa. Qoşuna bələdçi olmasa, o yolu kimsə bilməz. Yəqin kəndçilərdən bir binamus çıxmışdır. Cəfərqulu. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış. Əmiraslan ağa. Bəs kimdən çıxmış? Cəfərqulu. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur. Bəylər. Ay binamus! Molla Sadıq. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi, bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın. Hacı İmamqulu. Ah, oğlum sağ imiş, gəlib çıxdı. Mehrəli bəy. Elə biqeyrət oğul heç gəlib çıxmayacaydı. Əmiraslan ağa. İkinci səbəb? Cəfərqulu. Ağa, soruşma, deməyə cür’ət etmirəm. Əmiraslan ağa. Sənə əmr edirəm, de! Cəfərqulu. İkinci səbəb qırmızıların başında duran şəxs... Əmiraslan ağa. O kimdir? Cəfərqulu. Cahangir ağa! Hamı. Ah! Əmiraslan ağa (əlini xəncərin dəstəsinə qoyur). Sus! Qorxudan gözlərinizə qaranlıq çökub, kimi isə mənim oğluma oxşatmışsınız. Mənim nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz. Ədil bəy və Hadi lələ daxil olurlar. Ədil bəy. Bu partıltını, qurultunu eşitmirsiniz? Bu nə toplanıb söhbət etməkdir? Mehrəli bəy. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun uğrunda canlar fəda etməyə yığışmışıq. Ədil bəy. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi gözəlcəsinə bilirəm. Nə üçün «vətən, millət» deyə bağıraraq, bu məzlum kəndliləri qırdırırsınız? Onların çoxu hələ öz mənfəətlərini anlamamışlar, onun üçün də qırmızılarla müharibə edirlər. Fəqət tezliklə anlayacaqlar. Onda süngünü bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə salan Qırmızı Ordunun müqabilindəmi durmaq istəyirsiniz? Neçə oldu kolçaqlar, yudeniçlər, denikinlər? Məni bölük komandiri axırıncı dəfə olaraq sizin yanınıza göndərmiş. Qan tökülməmiş təslim olmağınızı tələb edir. Səlim bəy. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı dəfə olaraq deyirsiniz. Ədil bəy. Birinci dəfə bu Hadi lələ təslim əmrini gətirmişdir. Əmiraslan ağa. Elə təklif olmamış, ola da bilməz. Ədil bəy. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ? Hadi lələ. Bəli. Əmiraslan ağa. Pəricahan mənə bir şey deməmişdir. Hadi lələ. Xanım məktubu oxuduqdan sonra cırıb atdı. Əmiraslan ağa. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.) Pəricahan! Pəricahan xanım çərkəz libasında, üstü əsləhəli daxil olur. Pəricahan xanım. Məni çağırırsan, əmücəm? Əmiraslan ağa. Bəli, səni, qeyrətli qardaşımın igid qızı! De görüm, cırdığın məktub kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım, niyə dinmirsən? Pəricahan xanım. Məktub qırmızıların komandiri Cahangirdən idi. Əmiraslan ağa (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş! Ağalar, bu divarda çəkilmiş rəsmlərə baxınız. Bu, Rüstəm zalın, o da oğlu Söhrabın rəsmidir. Rüstəm müharibədə övladını tanımamış, onun sinəsini paralamışdır. Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca! Ədil bəy və Hadi lələdən başqa qeyriləri çıxırlar. Ədil bəy. Bacım Gövhər əhvalatı bilirmi? Hadi lələ. Xeyr, xəstəliyi cəhətincə deməyi məsləhət bilmədim və başqalarına da tapşırmışam ki, deməsinlər. Ədil bəy. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı yoxlayıb gəlirəm. Çıxırlar. Pərdə * * * Üçüncü pərdə İkinci pərdənin səhnəsi. Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər. Əmiraslan ağa. Qeyrətli bəylər, bolşevik Cahangir bu məktubla bizi təslimə təklif edir. Yazır: «Sizdən aldanmış kəndlilərin qanları daha tökülməsin məqsədilə təslim olmağınızı tələb edirəm. Bizə mə’lumdur ki, o biçarələri «kürcü, erməni və türk köməkləri gələcəkdir» deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd edib qovğada davam etsəniz, sabah qala alındıqdan sonra siz üsyançı bəylər güllə qabağına qoyulacaqsınız. İmza: Cahangir». Bəylər başlarını aşağı salıb fikrə gedirlər. Əmiraslan ağa. Mehrəli bəy, fikrinizi bilmək istəyirik. Mehrəli bəy. Məncə düşmənə hiylə gəlməli. Guya təslimə hazırıq, lakin iki gün möhlət istəyirik. Düşmən buna razı olarsa, gecə ikən bir neçə adam qaçırıb ətrafdan kömək toplarıq. Sonra iki tərəfdən hücumu başlarıq. Birini burdan, o birini düşmənin arxasından. Muxtar bəy. Mən bu fikrə şərik deyiləm. Əvvəla, düşmən bizə möhlət verməz. Versə də bu az vaxtda düşmənin gözü qabağında kimdən qüvvə toplayacağıq? Məncə özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı. Heydər bəy. Əlimizdə olan qüvvə ilə qalanı saxlaya bilməyəcəyik. Gec-tez onu boşaldıb çəkilməyə məcbur olacağıq. Belə olan surətdə mən qalanı vermək tərəfdarıyam. Səlim bəy. Cahangir ağanın tələbi aydındır. O, təslim olunuz deyir, qalanı veriniz demir. Bizi buraxıb, bu boş qalanı nə edəcəkdir? Lakin təslim şərtindən bir şey yazmır, təslim olarsaq, bizlə nə cür rəftar olunacaq? Mə’lum deyil. Cəfərqulu. Səlim bəy doğru buyurur. Təslim şərti aydın deyil. Məncə, biz də yazıb şərtimizi mə’lum etməliyik. Bəlkə, istədiyimizi qəbul edəcəkdir. Əmiraslan ağa. Qızım, sənin fikrin nədir? Pəricahan xanım. Cahangir hərbi toxdadıb, ortalığa təslim məsələsini atmışdır. Bu iki şeydən xali deyildir: ya budur ki, doğrudan da qan tökülməsini istəmir, ya da əlində olan qüvvə ilə «Laçın yuvası»nı almaqdan acizdir. Əmiraslan ağa. Afərin, qızım, bu son sözün düzdür. Cahangir təslim məsələsi ilə bizə hiylə gəlir: Mənə mə’lumdur ki, o, mərkəzdən qüvvə və top tələb edir, çünki doğrudan da əlindəki qüvvə ilə qalanı almaqdan acizdir. Bu fürsətdən istifadə etməli. Təslim tərəfdarları bilsinlər ki, istər zor ilə, istərsə öz ixtiyarımızla bolşeviklərə tabe olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə qabağına qoyulacağıq. Onlardan bizə nicat yolu yoxdur. Belə olan surətdə öz əllərimizlə başlarımızı qurbanmı verməliyik? Bəylər. Heç vaxt! Əmiraslan ağa. Təslim tərəfdarı varmı? Bəylər. Xeyr. Molla Sadıq. Əmiraslan ağa, mən də, Hacı da sülh tərəfdarıyıq. Əmiraslan ağa. Siz bizim işimizə qarışmayın. Sizin vəzifəniz buraya qoyun sürüsü kimi tökülən arvad-uşaqları sülh ilə saxlamaqdır. Hacı İmamqulu. Biz də onu istəyirik ki, qurdlar gəlib bu sürünü yırtmasınlar. Əmiraslan ağa. Qorxmayın, o canavarların müqabilində belə aslanlar durmuşlar. (Kağız götürüb yazır, sonra oxuyur.) Qulaq asın, yazdığım cavabı oxuyum. Bəylər. Buyurunuz. Əmiraslan ağa. «Laçın yuvası»nı almağa laçın kimi igidlər lazımdır. Sizin kimi bayquşların hünəri deyil». Bu cavabı bəyənirsinizmi? Bəylər. Bəyənirik. Əmiraslan ağa. Cəfərqulu, al, elçiyə ver. Cəfərqulu alıb gedir. Əmiraslan ağa. İndi planımızı çəkək. Bolşevik Cahangir sabah qırmızı bayrağını «Laçın yuvası»na taxmaq arzusundadır. Bu işi sabaha qoymaqdan belə mə’lum olur ki, o, sabah kömək gözləyir. Bu fürsəti ona verməməli, onu qabaqlamalıyıq. Biz hücumu bu gün başlamalıyıq. Mehrəli bəy. Əmiraslan ağa, madam ki, bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz. Muxtar bəy. Necə? Mehrəli bəy. Düşmənə hücumu qəflətən, onun gözləmədiyi bir vaxtda etməli. Biz bunun əksinə əməl etdik. Düşmənə xəbər verdik ki, hazır ol, üstünə gəlirik. Heydər bəy. Biz elə cavab yazmamışıq... Mehrəli bəy. Mə’nası elə çıxdı. Səlim bəy. Sizin fikriniz möhlət istəmək idi. Ondan da vaz keçdiniz. Mehrəli bəy. Doğru, çünki bu gün hücum edəcəyimizi bilmirdim. Muxtar bəy. Bilsəydin nə təklif edərdin? Mehrəli bəy. Sabaha kimi möhlət istəyib, bu gün qəflətən hücum edərdik. Əmiraslan ağa. Heç təfavütü yoxdur. Bolşeviklər biz tərəfdən hücum gözləyirlər. Onlar inanmışlar ki, biz hücumdan qorxub qaladan çıxmayacağıq. Hər halda cavab vermişik. Mehrəli bəy. Doğru. İndi hücum planını buyurunuz. Əmiraslan ağa. Çəmi qüvvə dörd yerə bölünəcəkdir. Bir qismi Mehrəli bəylə Pəricahanın ixtiyarında olub «Laçın yuvası»nı müdafiə edəcəkdir. Yerdə qalan üç hissənin birinin başında Muxtar bəy, o birinin başında Səlim bəy və üçüncüsünün başında Heydər bəy duracaqdır. Muxtar bəy, sənin dəstənə böyük əhəmiyyət verirəm. Əgər mən çəkdiyim planı əmələ gətirə bilsən, şəksiz düşmənə qalib gələcəyik. O da budur: dəstəni «Laçın yuvası»nın arxasında duran «Keçi dağı»ndan endirib, «Yaşıl orman» deyilən meşəyə keçirərsən. Sonra orman içi ilə gizli yürüş edib, Qayadibi kəndinin arxasında pusquya yatarsan. O zaman Səlim bəy Uçurum dərəsindən, mən də Heydər bəylə Qayadibi keçidindən hücumu başlarıq. Düşmən qüvvəsini bizim üstümüzə atar. Sən, Muxtar bəy yenə də pusquda qalıb müharibəyə girməzsən. Elə ki, gördün düşmənin arxasında qüvvə qalmadı, cümləsi hücuma başladı, qəflətən arxadan soxularsan. Bu plana e’tiraz varmı? Bəylər. Xeyr. Mehrəli bəy. Plan yaxşıdır. Lakin «Laçın yuvası»nda qalan qüvvəni də hücuma atmalı. Əmiraslan ağa. Yox. O qüvvə ehtiyat üçün olub, təhlükə zamanı hərbə atılmalı. Daha nöqsanı varsa, deyiniz. Mehrəli bəy. Xeyr, yoxdur. Əmiraslan ağa. İndi son sözümü dinləyiniz. Cümləniz şir-jəyan kimi hücuma atılmalısınız. Geri çəkilməni bilmərrə unutmalı, beyninizdə, fikrinizdə, xəyalınızda bu olmalı: — İrəli, irəli, irəli. Belə olursa, düşməni bu dağlardan, bu qayalardan geriyə atıb, mülklərimizi əlimizdə saxlaya biləcəyik. Əgər bu taleyimizdə yox isə, ərlərə yarışan mərdliklə ölüm şərbətini içərik. Bizim üçün başqa yol yoxdur. (Ayağa qalxır.) Haydı, igidlərim, gedək. Molla Sadıqdan və Hacı İmamqulundan savayı hamı gedir. Molla Sadıq. Hacı, bu divanələrin oduna biz nə üçün yanaq? Hacı İmamqulu. Molla Sadıq, nə demək istəyirsən? Molla Sadıq. Bolşeviklər bizə qalib gələcəklər, buna mənim şübhəm yoxdur. Hacı İmamqulu. Mənim də şübhəm yoxdur. Molla Sadıq. Onda bizim halımız necə olacaqdır? Hacı İmamqulu. Yəqin bolşeviklər cümləmizi qətl’am edəcəklər. Molla Sadıq. Etməyə də haqları var, çünki Əmiraslan ağanın tərsliyindən hər iki tərəfdən çox qan tökülmüşdür, o indi bu uçuq qalaya pənah gətirmişdir. Hacı İmamqulu. Xeyr a! O cəngavərlərin müqabilində belə qalalar davam etməz. Molla Sadıq. Cahangir ağa ədalətli bir hakim kimi qan tökmək tərəfdarı deyil, lakin ağlını qayib etmiş kişi, görmürsənmi, eşitmək belə istəmir. Hacı, bunların içində bir özümlə səni ağıllı görürəm. Ağıl olan şəxs canını bihudə yerə güdaza verərmi? Hacı İmamqulu. Xeyr, verməz, fikrin nədir? Molla Sadıq. Bolşeviklər tərəfə keçmək. Hacı İmamqulu. A kişi, nə deyirsən? Dəli olmusan nədir? Molla Sadıq. Nə üçün dəli olurum? Biz öz ixtiyarımızla bolşeviklərə təslim oluruq. Qan tökməkdə də iştirak etmirik. Bundan əlavə, mən Cahangir ağanın şəriət müəllimi olmuşam. Sənin də oğlun Həsən onun köməkçisidir. Onlardan bizə nə xata yetişə bilər? Hacı İmamqulu. Bu doğru, fəqət nə yol ilə bu zalım ağalardan xilas ola bilərik? Qaladan çıxmaq imkanı varmı? Molla Sadıq. Var. Mən ancaq sənin razılığını gözləyirəm. Hacı İmamqulu. Mən razıyam. Bəs arvad-uşaq necə olsun? Molla Sadıq. Nə arvad-uşaq? Ölüm zamanı arvad-uşaqmı yada düşər? Gedək öz canımızı xilas edək. Hacı İmamqulu. Doğru deyirsən, gedək. Çıxırlar, sonra Gövhər xanım Sənəmin köməkliyi ilə alt qatdan Əmiraslan ağanın salonuna gəlir. Divanın üstündə oturur. Gövhər xanım. Gör nə zəif düşmüşəm. Bir mərtəbəni çıxmağa məndə taqət qalmayıbdır. Sənəm, Pəricahanın otağından bir yastıq gətir, bir az uzanım, rahat olum. Sənəm yastıq gətirib divana qoyur, Gövhər xanım uzanır. Gövhər xanım. Sənəm, qaladan nə xəbər var? Sənəm. Hələ davam edir. Gövhər xanım. Allah, sənə pənah aparıram. Bizi bu qan içici düşmən əlinə vermə! Sənəm, deyirlər bolşeviklər körpə uşaqları da qırırlar. Sənəm. Xanım, hamısı yalandır. Mən onlardan heç qorxmuram. Onların böyükləri çox rəhmli adamdır. Neçə dəfə təklif etdi ki, mənə qan tökdürməyin, təslim olun. Heyif ki, Əmiraslan ağa qulaq asmır. Bu gün yenə təklif etmişdi, bilmirəm ağa razı oldu, ya yox. Gövhər xanım. Olmaz. Mən onun tərsliyini bilirəm, heç kəsə qulaq asan deyil. Sənəm, canım xəstə olmasaydı, gedib o böyüyün ayaqlarına yıxılıb öpərdim, yalvarardım, işə qansız əncəm edərdi. O, böyük Rusiyadan gəlmiş. Görəsən mənim oğlumdan bir xəbər bilərmi? Sənəm. Onu bilmirəm, ancaq Cahangir ağanın sağ olduğunu söyləyirlər. Gövhər xanım. Ay qız, onu kim deyir? Bəs niyə mənə xəbər vermirsiniz? O adamı tapdırıb, doğru xəbər bilərdim. Sənəm. O gün Əhmədgil deyirdilər ki, Bakıda bir adam söyləyirmiş ki, Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur. Gövhər xanım. Hər nə olursa-olsun, ta ki, sağ-salamat olsun. Sənəm, pəncərəni aç, kürsü qoy, oturub bir az özümü havaya verim, nəfəsim tənkişir. Sənəm pəncərəni açır, kürsü qoyur. Sonra Gövhər xanımın qoluna girib aparır. Sənəm. Qoy yastığı da qoyum, yumşaq olsun. Yastığı qoyur, Gövhər xanım oturur. Gövhər xanım. Nə gözəl hava! Hər yan gül-çiçək! Nə üçün bu insanlar bir-birlərini qırırlar? Sənəm. Xanım, izin ver, gedim, xörəyini hazırlayım. Gövhər xanım. Yaxşı get. Sənəm (gedərkən). Dərmanını gətirimmi, içəsən? Gövhər xanım. Yox, lazım deyil. Dərmandan heç bir xeyir görmürəm. Sənəm çıxır. Səhnə bir müddət sükutda qalır. Sonra tüfəng, top səsləri qurultu salır. Gövhər xanım qalxır ki, pəncərəni örtsün, bu zaman ayaq üstə dura bilməyib yıxılır. Top, tüfəng səsi kəsilir. «Ura!» sədası qalxır. Bir azdan sonra o da kəsilir. Sənəm daxil olur. Gövhər xanımı yıxılmış görüb cəld üstünü alır. Sənəm. Vay, xanıma nə oldu? Gövhər xanım. Sənəm, məni qaldır. Divanın üstə apar... Sənəm onu qaldırıb divanın üstə uzadır. Gövhər xanım. Sənəm, ölürəm, amma bu dünyadan nakam gedirəm... Oğlumu görməyib gedirəm... Onun toyunu etməyib gedirəm... Ah, Cahangirim, bir səni görəydim... Axirətə rahat gedəydim. Sənəm (kənara). Ah, ürəyim davam etmir. İstəyirəm sirri açıb deyəm. Yox, qoy bilməsin. Gövhər xanım. Sənəm, gözlərimə qaranlıq çökür... Sənəm, Pəricahana de ki, əmmən vəsiyyət etdi... Cahangiri axtarıb tapsın... Ona getsin. Nəslimiz kəsilməsin. Səsi kəsilir. Sənəm. Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü. Yaxşı insan idi, heç kəsi incitməzdi. Bu uzun müddətdə ondan bir acı söz eşitmədim. Başqa xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi. Çox cəfa çəkdin, indi rahat yat. Gedib yorğan gətirib üstünə salır. Pəricahan daxil olur. Pəricahan xanım. Sənəm, qala alındı. İndi buraya gələcəklər, qaçmaq lazımdır. Əmməm də yatmış. Onu durğuzmaq lazımdır. Sənəm (ağlar səslə). O daha durmaz... Pəricahan xanım. Nə deyirsən? Əmməmə nə olmuş? Sənəm ağlayır. Pəricahan xanım. Ah, yazıq əmməm! (Gedib divanın önündə diz çökür.) Yat, rahat ol! Sən bizdən xoşbəxtsən, son bəlaları görməyəcəksən. Sənəm. Xanım, vəsiyyət etdi ki, Pəricahan Cahangiri tapıb, ona getsin. Ondan ayrılmasın. Pəricahan xanım. Ey biçarə əmməm! Pəricahan onu tapdı. Sözlərinə baxmadı, yenidən itirdi. Nə etməli? Qəzanın istədiyi bu imiş. Əmiraslan ağa başı açıq, tükləri pərişan, dəli halda daxil olur. Əmiraslan ağa. Mən haradayam?.. Hə, bildim. Bayquş yuvasında. Mən Rüstəm Zalam... Ey igid bəylərim! İrəli! Vur! At! Pəricahan xanım. Ah, bəla üstə bəla! Əmücəm dəli olmuş! Əmiraslan ağa. Yenə qırmızı! Ora qırmızı, bura qırmızı. (Pəricahana) Sən kimsən? Hə, sən də qırmızı, o yatmış da qırmızı, çəmi cahan qırmızı!.. Mən qırmızı sevmirəm. (Divara baxır.) Çəkil, sənə deyirəm, çəkil, çəkil! (Tavana baxır.) Oradan ilan sallanmışdır. Ah, düşdü! Necə oldu? Haraya girdi? (Arayır.) A, budur, girdi! (Döşünü cırıb baxır.) Hə... ürəyimə girmək istəyir... Qoymaram... (Qəməsini çıxarıb ürəyinə soxarkən.) Öl, müzürr heyvan!.. Pəricahan xanım. Ah! Əmücəm özünü öldürdü!.. Cahangir, Cahangir! Şan-şöhrətli xanədanını viran etdin, gəl tamaşaya. Cahangir əlində qırmızı bayraq, Ədil bəy, Hadi lələ, Həsən, bir dəstə qoşun əhli və bir dəstə arvad-uşaqla daxil olur. Pəricahan xanım. Bax, güllələndən ölmüş anana! Bax, dəli olub xəncəri ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et! Ürəyin şad olsun! Cahangir ağa. Pəricahan, zülm ilə qurulmuş bina, zülm ilə qurulmuş xanədan — axırda fot olar. Heç kəs önünü ala bilməz. Mane olanlar belə fot olarlar. İndi yeni dünya zühur etmiş. Əski dünya əski qanunları ilə gərək yıxılsın. Pəricahan, nə üçün bu əski, zülmkar, tökdüyü qanın içində boğulan dünyadan əl çəkmirsən? Bu ölülər içində qalmaqmı istəyirsən? Pəricahan. Yox, istəmirəm. Cahangir. Bu inqilab bayrağı altına gəlirsənmi? Pəricahan. Bəli, gəlirəm! (Onun tərəfinə keçir.) Cahangir. Bu şanlı bayrağı al, ona and iç. Pəricahan (alır). Ey qırmızı inqilab bayrağı! Bu gündən bütün ömrümü sənin yolunda çalışmağa, qurban verməyə and içirəm. Hamı. Yaşasın Pəricahan! Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-lacin-yuvasi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.