Molla Nəsrəddin Bakıda Süleyman Sani Axundov (1875–1939) Molla Nəsrəddin Bakıda Bir pərdəli, dörd şəkilli pyes İştirak edənlər Molla Nəsrəddin Pinəçi Qafar Mirzə Fərəc Vəli bəy – sabiq mülkədar bəy Ağa Saleh – zavod sahibi Ağa Şirəli – burjua Erməni keşişi İvanova – rus qadını Cavad Rəcəb – spekulyantlar Milisioner Mə’mar – rus Şahsənəm – Qafarın arvadı Gülpəri – Mirzə Fərəcin arvadı Çörəkçi * * * Birinci şəkil Səhnə bir karvansara qapısını göstərir. Qapının sağ tərəfində Mirzə Fərəc əlləri qoynunda qəmkin oturub, məktub yazdıran gözləyir. Onun qabağında bir balaca masa, üstə kağız qələmdən və bir balaca qasa içində məktub qurulamaq üçün qum. Digər tərəfdə Pinəçi Qafar çust yamayır. Pinəçi Qafar (oxuyur). Pinəçi məyəm, işləməsəm mədarım keçməz mənim Bu qışı burada qışlamasam mədarım keçməz mənim. (Mirzə Fərəcə.) Kişi keyfin olsun! Sən də mənim kimi oxu, gül, de, danış. Mirzə Fərəc. Sənin keyfin kökdür, onun üçün də oxuyursan. Mən niyə oxuyum? Gündəlik çörək pulumu qazana bilmirəm. Molla Nəsrəddin daxil olur. Molla Nəsrəddin. Salaməleyküm, ey bitli-sirkəli qardaşlarım! Çoxdan bəridir sizdən xəbərim yoxdur. Gəldim görüm ruzikarınız necə keçir? Pinəçi Qafar. Və əleyküməssəlam, Molla əmi! Sən buraya xoş gəlmisən. Dayan, sənin üçün bu saat bir hava da oxuyacağam. (Oxuyur.) Molla dayı, sən bura xoş gəlmisən Harada idin bəs niyə gec gəlmisən? Ağaları əski haldan salmışıq Mülklərini əllərindən almışıq. Molla Nəsrəddin. Mirzə Fərəc, Pinəçi Qafarın keyfi ulduza hürür. Sən niyə gəmilərini bolşeviklər almış xozeyinlər kimi qəm dəryasına batmısan? Mirzə Fərəc. Molla dayı, Pinəçi Qafarın keyfi ulduza hürür. Kommunxoz yoldaşın dövlətindən mən də dilənçi halına düşmüşəm. Tovariş Narkomprosun əlindən. Molla Nəsrəddin. Hə, başa düşürəm, yəqin Pinəçi Qafara amerikalı yoldaşı kommunxozdan böyük pul çatıbdır. Onun üçün də keyfi kökdür. Pinəçi Qafar (gülür). Molla əmi, yoxsa badı-buduçu Məşədi Məhəmmədəlini deyirsən? Molla Nəsrəddin. Hə, hə, onu deyirəm, sənin dostunu. Tiflisdə badı-budu satardı. Səhərdən axşama kimi səsi küçələrdən kəsilməzdi. Oylə çağırardı: badı-buduya, sibindiyya, ay badı-budu! Gülüşürlər. Pinəçi Qafar. Məşədi Məhəmmədəli bir yerdə oturmağı sevməzdi. Badı-budu sata-sata, gəzməmiş şəhər qoymamışdı. Molla Nəsrəddin. Bir gün Məşədi Məhəmmədəli idarəyə gəlib dedi: Molla əmi, jurnalında yaz ki, badı-budu satan Məşədi Məhəmmədəli Amerikaya badı-budu satmağa gedir. Şəklimi də çək. Məni də bərk tə’rif et. Yaz ki, dünyada birinci badı-buduçudur. Hər kəs onun noğul kimi badı-budusunu yesə, ömrü uzun olar, özü də cavanlaşar. Dedim, a loto, gələyin nədir? Dedi: Molla əmi, xozeyin olmaq istəyirəm. Deyirlər Amerikada adamlar çox tez pullanır. Sənin jurnalın da dünyanın hər yerinə gedir. Qoy amerikalılar oxuyub, mənim pişvazıma çıxsınlar. Onda işim xod olar. Bir az müddətdən sonra eşidərsən ki, Məşədi Məhəmmədəli Amerikada milyonçu olubdur. Pinəçi Qafar. Amerikaya gedəndə mənə yazmışdı ki, səni Molla Nəsrəddin əmiyə tapşırmışam ki, Ağa Şirəli kirayə üstə incitsə, onu jurnalında hədələsin. Molla Nəsrəddin. Doğru deyirsən, gedəndə tapşırmışdı. İndi de görüm, tapmışammı? Məşədi Məhəmmədəli Amerikada kommunxoz olubdur, sənə də pul göndəribdir. Gülüşürlər. Mirzə Fərəc. A Molla əmi, indi tap görüm, məni bu bəlaya salan tovariş Narkompros kimdir? Molla Nəsrəddin. Zənnimcə, Bakıda «Tovariş Narkompros» adında bir əcnəbi şirkət əmələ gəlibdir. Savadsız adamlara məktublar yazıb, ciblərini pul ilə doldururlar. Sən yazığın da çörəyini kəsirlər. Mirzə Fərəc. Molla əmi, bəli, doğrudur. Mən zavallının çörəyin kəsən o evi bərbad olmuş Narkomprosdur. Lakin o, şirkət deyil, məktəblərə baxan böyük müdirdir. Molla Nəsrəddin. Hə, başa düşdüm. Görünür o Narkompros Bakıda savad fabriki açıbdır. Məmməd cəfərləri, tükəzbanları orada oxudub savadlı edir və sənin də çörəyinə baiş olur. Yaxşı iş deyil! İranda da bir zaman istədilər dəmiryol salsınlar. Müctəhid ağa mane oldu ki, o, şeytan əməlidir. Dəmiryol olsa, çalvadarların rizqi kəsilər. İslam övladı gərək bu fani dünyada zillət, əziyyət, məşəqqət çəksin. Ta ki, axirətdə huri qılmanlara nail olsunlar. Pinəçi Qafar. Molla əmi, kommunxoz bilirmisən nədir? Belə, irəlidə şəhərlərdə dum olardı. Yadındadırmı? Molla Nəsrəddin. Yaxşı yadımdadır. Xozeyinlər yığıncağı. Onlara qlasni deyərdilər. Başda durana da qalava. Pinəçi Qafar. Odu, odu, indi o dum işinə kommunxoz baxır. Molla Nəsrəddin. Qafar, yaxşı yadıma saldın. Buraya gəlincə küçələrdə igirmi iki dəfə səcdəyə getmişəm. Oylə ayaq atmışam, başmağım çuxura düşüb yıxılmışam. Onun qulluğuna getməliyəm. Öz aramızdır, deyəsən, bu kommunxoz da köhnə xozeyinlər kimi işə kəm baxır. Pinəçi Qafar. Molla əmi, o kommunxozun dövlətindən Bakıda gön-zad tapılmayır. Ayaqqabı da o qədər bahadır ki, yaxına düşmək olmayır. Onun üçün də mən Pinəçi Qafarın işi xoddur. Başını nə ağradım, hər çustun yamağına yüz mindən az almıram. Molla Nəsrəddin. Hə, indi başa düşdüm ki, sən nə üçün kommunxoz iddiəa edirsən, Mirzə Fərəc də narkomprosa qarğış. Mirzə Fərəc. Molla əmi, burada mənim çörəyim kəsildi. Vətənə getmək istəyirəm. Nə məsləhət görürsən? Molla Nəsrəddin. Məbadə oylə fikrə düşəsən. Hər kəs Azərbaycandan İrana qədəm qoyur — bolşeviksən deyə dara çəkirlər. Amma bolşeviklər də yaman adamlardır. İran nədir, Turan nədir — hələ desən Hindustana gedib çıxacaqlar. A balam, bircə deyin görüm, bu kommunxoz, narkompros — nə dildir ki, sizlər danışırsınız? Mən bu qarğa dilini necə öyrənim? Mən gedən vaxtı burada belə dil yox idi. O zaman bizim abrazonnı cavanlarımız belə danışardılar: Mən sizi sevsəm panimat etmirəm. Mollalar da deyərdilər: — Şəçəri-ənaçirin zilli-təhtində istirahət üçün nüzul etdikdən fərasi-münnəsin qürbi-fəmindən liçam münqəte’ olmuş anı buldunmu? Gülüşürlər. Pinəçi Qafar. Molla əmi, bu bolşevik dilidir, gərək öyrənəsən, yoxsa köhnə dil ilə danışarsan, səni başa düşməzlər, tutub çekaya salarlar. Molla Nəsrəddin. A Qafar, çeka nə deməkdir? Pinəçi Qafar. Orada müqəssirlərin işinə baxırlar. Molla Nəsrəddin. Demək, əski zamanın okrujnoy sudu. Mirzə Fərəc. Yox, çeka ondan çox-çox böyükdür. Pinəçi Qafar. Molla əmi, bu axşam mənə qonaq gələrsən. Özüm də səhər tezdən yağlı ət alıb Şahsənəmə göndərmişəm ki, piti qoysun. Şahsənəmin də səliqəsini görmüsən. Sənə bir ləzzətli piti verəcəyəm, yanında sumax, təzə qatıq, ağ kağız kimi lavaşa, çörək, qovunu, Bakı üzümü. İçəri vuraq. Mən də sənə bu təzə bolşevik dilini öyrədim. Molla əmi, gəlirsən? Molla Nəsrəddin. Şahsənəmin pitisindən keçmək olmaz. Gəlir... Mən də durum Quba meydanını yoxlayım, görüm əski dostlarımın halı necədir? İşlərim çoxdur. Gərək çəmi idarələri gəzəm, haqq-hesablarına baxam. Görüm bunlar nə cür iş aparırlar? (Qalxır.) Pinəçi Qafar. Yaxşı, get, amma Molla əmi, ehtiyatlı ol. Düşmənlərin çoxdur, sabiq ağaların çoxunu Quba meydanında tapacaqsan... Məndən sənə əmanət, müsəlman ilə danışanda «yoldaş» de, urus ilə «tovariş». Molla Nəsrəddin. A Qafar, birdən yanılıb urusa yoldaş desəm, mənə acığı tutmaz ki? Pinəçi Qafar. Bolşevik olsa, acığı tutmaz. Həqiqi urus olsa, çəmdəkinə kopuyacaqdır: Kakoy çort ya tebe yoldaş? Molla Nəsrəddin. Qafar, yə’ni o həqiqilərdən yenə də var? Pinəçi Qafar. Molla əmi, nə qədər istəsən. Molla Nəsrəddin. Görünür, onlarla bolşeviklər də bacara bilmirlər. Hələ ki, xudahafiz. Pinəçi Qafar. Molla əmi, bir dayan, yaxşı yadıma düşdü. Kişi, başbiletin varmı? Molla Nəsrəddin. Xeyr, Qafar, yoxdur, İrandan bu gün gəlmişəm. Hələ başbilet çıxartmamışam. Qafar. Bəs hara düşmüsən? Molla Nəsrəddin. Təbriz mehmanxanasına. Qafar. Molla əmi, ehtiyat üçün mənim udasteverenimi götür, adresim də orada var, Bir iş olsa, məni o adres ilə çağırtdır. (Kağız verir.) Molla Nəsrəddin. A Qafar, bu başbiletdir nədir? Pinəçi Qafar. Bəli, başbiletdir, adına udasteverenni deyirlər. Molla Nəsrəddin. Qafar, görünür, bolşeviklər də başbiletdən əl çəkə bilmirlər, ancaq adını dəyişdiriblər. Mən getdim. (Gedir.) Pərdə * * * İkinci şəkil Səhnə Quba meydanının bir guşəsini göstərir. Vəli bəy qovrulmuş şabalıd, Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar. Ağa Saleh. Halvası, halvası! Silatki halvası! Nastayaşni malmalat! Vəli bəy. Jrinni kaştan! Kaştan! Ağa Şirəli. Qovurma, qovurma! Yağlı qovurma! Ağa Saleh. Şirəli, malıyın əsil adını desənə? Ağa Şirəli. Ay onun adı batsın! Qovurma, qovurma! Adı yaman, özü dadlı! Vəli bəy. Hey, get ey fələk, hey! Keçmişdə o hadim vaxtımda bir axşamçağı küçə ilə gedirdim. Qəflətən bir şey partladı. Dedim, yəqin məni atdılar. O vaxtı düşmənlərim çox idi. Baxıb gördüm ki, bir həmşəri şabalut qovurur. Duydum ki, məni ürəkdöyməyə salan şabalut partıltısı imiş. Şabalutu ayağımla vurub küçə ilə bir elədim. İndi qazanın işinə bax ki, özüm şabalut qovurub satıram. Hanı keçmiş dövran! Dəmlər o dəmlər idi, zaman o zaman idi! Ağa Şirəli. Vəli bəy, mən də keçmişdə, o gözəl vaxtda bir gecə restoranda yoldaşlarımla (indiki yoldaşlarımı demirəm ha) kef edirdim. Hər çür içki içib sərxoş olan zaman həmin indi bu halva satan dostumuz Ağa Saleh gəlib çıxdı. Dedi: sizin hamınızı ştraf edəcəyəm, nə üçün mənsiz keyf edirsiniz. Gərək bu saat stol təzələnə! Konyak, vodka meydana gələ. Qovurmaçı Mehrinin də adı yaman, özü dadlı qovurması da burada hazır ola. Ağa Salehin də bir sözü iki olmazdı. Bəli, qovurma hazır oldu. Biz də təzədən lül gənbərqulu olduq. Ah, dəmlər o dəmlər idi, zaman o zaman idi! Ağa Saleh. Düzdür, dəmlər o dəmlər idi. Fəqət biz də müdəm məst olub, bizə dərin quyu qazan bolşeviklərə kömək edən molla nəsrəddinləri vaxtında tələf etmədik. Vəli bəy. Bunu Ağa Saleh doğru deyir. Molla Nəsrəddinin jurnalından kəndli-fəhlə məsələsi düşməyirdi. Ağa Şirəli. Onda mənim də yanığım var. Ah! Bir gəlib buraya çıxaydı, onun o uzun hanalı saqqalında bir tük qoymazdım! Vəli bəy. Mən də onun ala-bula əmmaməsini bu saça salıb, şabalut kimi qovurardım. Ağa Şirəli. Aman! Ya rəbb! Odur, Molla Nəsrəddin gəlir. Molla Nəsrəddin daxil olur, onlara diqqətlə baxır. Molla Nəsrəddin. Salamaleykum, ey sabiq ağalar, xozeyinlər, indi qovurma, halva satan füqərayi-kasibə! Ağa Saleh. Əleykumassalam, ey bizləri bu günə qoyan fitnə-füçur Xaçə Nəsir, qoca Nəsir! Molla Nəsrəddin. Hə! İndi mən deyənə gəlmisiniz! Vəli bəy. Oylə ki, sən biz bəylərə külünk vururdun, axırda bu günə düşəcək idik. Müdam biz mülkədarların əleyhinə yazdın: Bağın, əkinin xeyrini bəylər görəcəkmiş Toxum əkməyə dehqanları neylərdin, ilahi, İş rəncbərin, küç öküzün, yer özününkü, Bəyzadələri, xanları neylərdin, ilahi. Ağa Saleh. Fəhlələri də bizim üstümüzə qaldırmağa yazırdın: Fəhlə, özünü sən də bir insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan? O qədər belə yazdın ki, axırda onlar da üsyan edib, bizləri bu günə saldılar. Molla Nəsrəddin. Hə, başa düşürəm. Siz ağa xozeyinlər mənə sud qurmuşsunuz. Onda mən müqəssirin də danışmağa haqqı varmı? Ağa Şirəli. Var, söylə görək, nə deyəcəksən? Molla Nəsrəddin. Ağa Şirəli, mən siz dövlətlilərə belə nəsihət etmədimmi? Dövlətli, amandır! Özünü salma bəlayə Fəhlə sözü haqq olsa da baxma o sədayə. Ağa Saleh. A hiyləbaz molla, sənin bu gələcəyini biz də duymuşduq. Fəhlədə sənin sözlərini tərsinə anlamaq lazımdır. Molla Nəsrəddin (kənara). Doğrudan da gələcəyimi duymuşlar. Görüm, bunların əlindən necə xilas oluram? (Onlara). İndi mənim barəmdə fikriniz nədir? Vəli bəy. Mən əhd eləmişəm ki, sənin o əmmaməni bu şabalut qazanında yandıram. Ağa Şirəli. Mən də səni xürd-xəşil edib, bu qovurma qazanında Molla Nəsrəddin qovurması bişirəm. Ağa Saleh. Mən də Molla Nəsrəddin halvası yoğuram. Vəli bəy şabalıd çömçəsini, Ağa Şirəli qovurma çömçəsini, Ağa Saleh halva bıçağını götürüb Molla Nəsrəddinin üzərinə hücum edirlər. Molla Nəsrəddin. Qaradavoy, qaradavoy! Vəli bəy. Sizlərin dövlətindən köhnə hökumət öz qaradavoyları ilə təşrif apardılar... Molla Nəsrəddin (qoltuğundan Qafar verdiyi kağızı çıxarıb göstərir). Məni döymək olmaz! Bu möhürlü kağızı görürsünüzmü? Hünəriniz var, mənə bir çırtma vurun, hamınızı tutub çekaya salarlar. Onlar kağızın nə olduğuna fikir verməyib, möhürdən qorxurlar. Ağa Saleh. Molla əmi, biz səninlə zarafat edirdik. Vəli bəy və Ağa Şirəli. Buyurunuz, bizə qonaq olunuz. Molla Nəsrəddin. Görürəm, mənim gəlməyimdən ovqatınız təlx olubdur. Çox şadıq. Keçmiş günahlarımızı boynumuza alırıq. Ağa Şirəli. Xeyr, xeyr. (Oxuyurlar.) Söylədik aldatmayalım fəhləni, fəhləni, Əldə də oynatmayalım fəhləni, fəhləni, Yer verin azad eliyək kəndlini, kəndlini Dəhridə dilşad eliyək kəndlini, kəndlini Biz vəli bunlara qulaq vermədik, vermədik Bu gələcək işləri biz görmədik, görmədik. Pərdə * * * Üçüncü şəkil Səhnə bir küçə göstərir. Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub, küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur. Molla Nəsrəddin. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım var. Rəcəb. Bizim molla ilə yoldaşlığımız tutmaz. Bizim sənətimiz başqa şeydir. Cavad. Rəcəb, qoy kişi sözünü desin. Kim bilir, bəlkə yoldaşlığımız tutdu. Görmürsən ki, bura adamına oxşamır. Bəlkə molla libasında... o söz. Rəcəb. Doğru deyirsən. Molla əmi, buyur görək, bizdən nə soruşmaq istəyirsən? Molla Nəsrəddin. Sizdən bir söz soruşmaq istəyirəm. Ancaq yadımdan çıxıbdır. Nə edim, qoca kişiyəm, hafizəm yoxdur. Pinəçi Qafar ilə Mirzə Fərəc öyrətdilər, yenə də unutdum. Belə qozdur, xozdur, buna oxşayan bir sözdür. Cavad. Molla dayı, bizdən çəkinmə, malıyın əsil adını de. Rəcəb. Molla əmi, biz də aramızda sövdə edəndə kuya qoz alırıq, kişmiş satırıq, deyirik. Lakin əsil alış-verişimiz başqa şeydir... o söz. Molla Nəsrəddin. A balam, mən sizi başa düşə bilmirəm, açıq danışın. Cavad. Düzü, biz qızıl alış-veriş edirik. Bizə spekulyant deyərlər. Sən, deyəsən, İrandan gəlmişsən. Qrandan, lirədən, dollardan nəyin var isə, qiymətini de, sövdəni başlayaq. Molla Nəsrəddin. Düzdür, mən İrandan gəlmişəm, lakin siz deyən şeylər məndə yoxdur. Rəcəb. Sənə deməmdim ki, bizim molla ilə yoldaşlığımız tutmaz. Onlardan kim xeyir görmüş ki, biz də görək. Cavad. Rəhmətliyin oğlu bizi işdən, gücdən qoyubdur ki, nə var, sizdən söz soruşacağam. Rəcəb. Gəl gedək. İndi Malakan bağında rəqiblərimiz işlərini düzəltdilər. Cavad. İndi, Allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu! Gedirlər Molla Nəsrəddin. Bolşeviklərin də bu möhtəkirlərlə bacarmadıqlarını görürəm! (Erməni keşişini görüb.) Axper, bir dayan! Keşiş. Qila niyə dayanmıram, dayanaram. Görürəm sən də mən dərdlisən. Gəl iki bədbəxt ürəyimizi bir-birimizə boşaldaq. Qila, a Molla! Gördün ki, bu şeytan bolşeviklər biz ruhanilərin başına nə gətirdilər? Molla Nəsrəddin. Nə gətirdilər, axper? Keşiş. Daha nə gətirəcəklər? Qila bu evi bərbad olmuş bolşeviklər çörəyimizi kəsdilər. Molla Nəsrəddin. Necə? Keşiş. İndi heç kəs gəlib bizə kəbin kəsdirmir. Hamı dindən, masapdan çıxıbdır. Qila, indi oğlan qıza deyir: Bana gələrsən? Qila, qız da oğlana deyir gələrəm. İş bunla qurtarır. Daha bizə işləri yoxdur. Molla Nəsrəddin. Axper, burada təqsir kimdədir? Keşiş. Kimdə olacaq? Əlbəttə bolşeviklərdədir. Molla Nəsrəddin. Xeyr, axper, bizdədir. Biz din, məzhəb ilə alış-veriş edib, ciblərimizi pul ilə doldururduq. Molla ilə də keşişin cibinin böyüklüyü də zərb-məsəl olmuşdur. Keşiş. Ban elə bildim ki, molladan bolşevik olmaz. Sən, qila, bolşeviklərin atasısanmış. Banım səninlə söhbətim tutmaz. Qila, xudahafis. (Gedir.) Molla Nəsrəddin. Bizim mollalara həqiqəti söyləyəndə ya kafirsən, ya da babisən deyərdilər. İndi onların əvəzinə bolşeviksən deyirlər. (Me’mar keçir.) — Tovariş, baçaliska... Me’mar. Kakoy çort ya tebe tovariş. Stolka let trudilsiya okonçil vısşeye uçebnoye zavedeniye i vdruq tovariş kakomuto staromu mulle! (Gedir.) Molla Nəsrəddin. Mənə açığı tutdu. Görünür Qafar deyən həqiqi ruslardandır. (Çörəkçi başında çörəklə dolu tabaq oxuya-oxuya gəlir.) A çörəkçi qardaş, bir dayan! Çörəkçi. Baş üstə! (Tabağı başından endirib yerə qoyur.) Molla əmi, indicə təndirdən çıxartmışam. Gör nə ağ çörəkdir. Xalis sarıbuğda unundan bişibdir. Deyəcəksən kirvənkəsi otuz min manata bahadır. Vallahi, kişi, baha deyil! İndiki otuz min köhnə pul ilə üç köpik edir. Bahadır? Molla Nəsrəddin. A balam, mən çörək almıram. Səndən köhnə dumun yolunu soruşuram. Oraya gedəcəyəm. Çörəkçi. Rəhmətliyin oğlu, işdən-gücdən avara edibdir ki, mənə köhnə dumun yolunu göstər. Bilirəm bizdən şikayət etmək istəyirsiniz. (Tabağı başına qaldırır.) Biz çörəkçilərlə nə köhnə dum, nə təzə dum, nə sovnarkom, nə kommunxoz, nə refkom, nə uçkom, nə domkom heç kəs bacara bilməz. Çörəyi gündə beş min artıracayıq. (Gedir.) Molla Nəsrəddin. O dediyi sözlərin içində mən axtaran da var idi. Amma zalım oğlu oylə tez-tez dedi ki, bir kom, komdan başqa heç biri yadımda qalmadı. (İvanova gəlir.) Baçaliska, madam. Dom mini bakaçı, baydom domoy... İvanova. Çto? Ax tı starıy çort! Menya domoy priqlaşayeş? Ya tebe seyças pokaju. Molla Nəsrəddin. Bunun da açığı tutdu. İvanova. Milisioner! Milisioner gəlir. Milisioner. Çto skajite tovariş? İvanova. Etot starıy çort priqlaşayet menya k sebe domoy. Ponimayete. Milisioner. Da ponimayu. İvanova. Tak vozmite yeqo v rayon. Milisioner. Molla, gedək! Molla Nəsrəddin. Haraya? Milisioner. Rayona! Molla Nəsrəddin. Nə üçün? Milisioner. Sən bu arvada satışmısan. Molla Nəsrəddin. Mən ona satışmamışam. Söz soruşmuşam. Görünür, məni başa düşməmiş. İvanova. Çto yeqo sluşayete? Vozmite v rayon, tam razberut. Milisioner. Molla, gedək, orada mə’lum olar. Molla Nəsrəddin. A balam, vallah, mənim təqsirim yoxdur. Milisioner. Çox danışma. Orada mə’lum olar. Üçü də gedir. Pərdə * * * Dördüncü şəkil Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur. Qafar. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi? Mirzə Fərəc. Adə Məşədi Qafar, olmaya ağalar Molla əmini dolaşdırıb tutdurdular. Kişinin başbileti də yoxdur. Qafar. Bəs mən verdiyim udasteverenni nədir? Mirzə Fərəc. O kağız sənin adınadır, Molla əminin adına deyil ki? Qafar. Molla əmi deyər ki, Məşədi Qafar mən özüməm. Mirzə Fərəc. Molla əmi onu deməz, desə də inanmazlar. Çünki molla libasında başı əmaməli pinəçi olmaz. Mənim udasteverennim olsaydı, inanardılar. Çünki o da oxumuş adamdır, mən də. O da, abalı, qurşaqlıdır mən də. Qafar. A Mirzə Fərəc, yenə oxumaqdan dəm vurursan? Mən sənin kimi oxumuşlara bir qara köpük də vermərəm. Kişi, sən düz kağız yazmağı da bacarmırsan. Mirzə Fərəc. Adə, mən düz yaza bilmirəm? Mənim kimi məktub yazmağı heç sənin baban da bacarmaz! Qafar. Mənim babam İranda molla imiş. Rəhmətlik sağ qalsaydı, indi müctəhid olmuşdu. Mirzə Fərəc. Mənim də babam fərraş imiş. Rəhmətlik ölməsəymiş, indi Həmədanda hakim idi. Şahsənəm. A Külpəri, görəsən bizi bu külbaşlara ərə verən zaman ağılları harada imiş? Qafar. A Mirzə Fərəc, bu dünya gözəllərinə elçi gedib bəyənən vaxtı analarımızın gözləri harada imiş? Bayırda avtomobil fit verir. Şahsənəm (pəncərədən baxarkən). Qafar, qapımıza avtomobil gəlir. Bu nə işdir? Qafar (baxır.) Nəmənə? Molla əmidir?! Avtomobildə gəlir?! Mirzə Fərəc. Kişi, nə deyirsən? (Durub baxır.) Doğru. Molla Nəsrəddin daxil olur. Molla Nəsrəddin. Axşamın xeyir, a Şahsənəm! Külpəri, kefin necədir? Şahsənəm. Aqibətin xeyir, a Molla əmi. Mənim bu evim, eşiyim sənə qurban olsun! Bu döşəkçənin üstə otur. Molla Nəsrəddin oturur. Qafar. Arvad, mütəkkəni qoy, Molla əmi söykənib, rahat olsun. Şahsənəm. Bu saat. Mütəkkə gətirib qoyur. Mirzə Fərəc. Molla əmi, səndən çox nikaran idik. Dedik görəsən kişinin başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı. Molla Nəsrəddin. Mirzə Fərəc, başıma çox qəzavü-qədər gəlibdir. Söyləyəcəyəm. Şahsənəm çay tökub onun qabağına qoyur. Şahsənəm. Molla əmi, bilirəm, Təbriz çayına öyrənmisən, bizim bu payok çayı xoşuna gəlməyəcəkdir. Kişi bazardan keç gəldi. Yaxşı çay ala bilmədik. Molla Nəsrəddin. Şahsənəm, susuzluğum var. Hər nə çür çay olsa içəcəyəm. Külpəri çay tökür, Şahsənəm də paylayır. Qafar. Molla əmi! Mənim kağızım işə gəldi? Molla Nəsrəddin. Çox yaxşı! Qafar. Mirzə Fərəc, eşidirsənmi? Mirzə Fərəc. Molla əmi, demək mollalığı atıb Pinəçi Qafar oldun? Molla Nəsrəddin (gülür). Xeyr, Mirzə Fərəc, hiyləyi-şər qurdum. Sabiq ağalar mənə bihörmətlik etmək istədilər. Üstümə hücum etdikdə, Qafarın kağızını əlimə alıb dedim: — hər kəs bu möhürlü kağızın sahibinə əl qaldırsa, özünü çekada görər. Ağalar qorxudan özlərini itirib — xeyr, Molla əmi, biz səninlə zarafat edirik dedilər. Gülüşürlər. Qafar. Mirzə Fərəc, mənim kağızımın gücünü gördün? Mirzə Fərəc. Sənin kağızın yox, Molla əminin ustalığı bəllidir. Qafar. Sənin deməyinə görə kommunxozun kağızı sənin narkomprosunun kağızından alçaqdır. Molla Nəsrəddin. Necə? Qafar o sözü bir də de! Qafar. Kommunxoz. Molla Nəsrəddin. Kommunxoz! Qoca Nəsirin başına bəla gətirən kommunxoz! A kişilər, oylə ki, ağaların əlindən xilas oldum, bazarı bir qədər dolandım. Küçələri çox natəmiz gördüm. Kommunxozun qulluğuna getmək fikrinə düşdüm. Lakin kommunxoz sözünü unutdum. Qocalıq əlaməti, hafizəsizlik bəlası. Külpəri. Molla əmi, onda Mirzə Fərəcdən xəbərin yoxdur. Üç həftə bundan irəli kişi Qızxanım və Şahpəri üçün İrana kağız yazır. Qızxanımın kağızını Şahpərinin paketinə, Şahpərinin kağızını Qızxanımın paketinə qoyub başlarını bağlayır. Arvadlar poçta salırlar. Kişi onların davalarını indi də çəkir. Gülüşürlər. Molla Nəsrəddin. Hə, hər kəsdən köhnə dumun yolunu soruşdum, cavab əvəzinə məzəmmət aldım. Bir rus arvadından soruşdum, cavab əvəzinə qaradovoy çağırdı. Məni özü ilə çasta apardı. Mirzə Fərəc. Molla əmi, qaradovoy yox, milisioner. Qafar. A kişi, sözü yenə qələt deyirsən, «milisner». Şahsənəm. Daha bəsdir, yenə mübahisəni başlamayın. Qoyun, kişi sözünü desin. Molla Nəsrəddin. Qoyun, əhvalatı nəql edim. sonra ikinizin də qələtinizi tutacağam. Mən çasta gedəsi, Azərbaycanın daxili komissarı orada olası. O mənim əski dostumdur. Məni görcək dedi: A Molla əmi, sən bura xoş gəlmisən! Dedim: Ay oğlum xoş ilə gəlməmişəm, məni zor ilə gətiriblər. Əhvalatı nəql etdim. Çox güldü, dedi: Sən həmişə fəhlə-kəndli tərəfdarı olmusan. Biz sənin qədrini bilirik. Sonra mənə bir sizinki kimi, bir də başqa kağız verdi. Dedi: Molla əmi, indi hansı idarəyə istəsən gedə bilərsən, qüsurlarımızı da göstərə bilərsən. Biz tənqiddən qorxmarıq. Sonra öz avtomobili ilə buraya göndərdi. Yolda ağaların üçünü də bir yerdə gedən gördüm. Mənə elə bellərini bükub baş əydilər ki, heç keçmiş vaxt kəndli, fəhlə də onlara oylə baş əyməmişdi. Gülüşürlər. Mirzə Fərəc. Molla əmi, gərək mənim də işimə bir əncam çəkəsən. Molla Nəsrəddin. Hansı işinə, a Mirzə Fərəc? Mirzə Fərəc. Narkomprosa deyəsən məni şkola müəllim tə’yin etsin. Şahsənəm. Elə bir o qalmışdı ki, sənin kimi qocalara uşaq tapşırsınlar! Qafar. Arvad, sən bu işlərə qarışma... Molla Nəsrəddin. Mirzə Fərəc! Şahsənəm doğru deyir. Sən ilə mənim mollalığım keçdi. İndi cavan adamlar lazımdır. Mirzə Fərəc. Molla əmi, başına and olsun məndən çox qoca adamları müəllim tə’yin ediblər. Heç olmasa mən də gecə kurslarına dərs deyərəm. Molla Nəsrəddin. İndi səni imtahan edərəm. Bu təzə dili bilsən, mən də təvəqqe edərəm. (Qoltuğundan dəftərçəsini çıxarıb baxır.) Molla Nəsrəddin. De görüm idarələrin ən böyüyü hansıdır? Mirzə Fərəc. Sovkom. Molla Nəsrəddin. Qafar, belədir? Qafar. Xeyr, Molla əmi, Narsovkom? Mirzə Fərəc. Adə, sən get pinəçiliyini elə! Belə şeyləri bilməzsən. Molla əmi, sən ona qulaq asma, mən deyənə bax. Qafar. Mirzə Fərəc, bir mənə qulaq ver. Kişi, bu yeni dildə «kom», «sov», «nar» sözləri çox işlənir. Mən bunların mə’nasını bilmirəm. Bunu boynuma alıram. Ancaq onu bilirəm ki, «nar» böyüklük göstərir. Hansı komun başına qonursa, onu böyük edir. İndi anladınmı? Molla Nəsrəddin. A Şahsənəm, deyəsən bunların heç biri bu təzə dili yaxşı bilmir. Şahsənəm. Molla əmi, yaxşı başa düşmüsən. Bunları qoyasan oylə mübahisə edələr. Mən də, Külpəri də bunların sözləşməsindən təngə gəlmişik. Kişi, belə söyüşməyə davaya çıxırlar. Həftələrlə küs baxılırlar. Mirzə Fərəc. A Molla əmi, sən özün bizə həkəm ol. Mən deyirəm bu «damkom sözü bizim «dam» sözündəndir. Qafar deyir xeyr, urusun «dom» sözündəndir. Hansımız düz deyirik? Molla Nəsrəddin. Hansınız düz deyirsiniz mən də bilmirəm. Ancaq bu gün məni bəlaya salan o «dom» sözü oldu. Oylə ki, o matışkaya dedim: — madam, baçaliska poydom domoy — mənim üstümə qışqırıb rayona apardı. O dostum böyük idarələrin adlarını dedi, mən də dəftərimə yazdım. Hə, tapdım «sovnarkom», gördünüz ki, ikiniz də qələt deyirsiniz. Qafar. Molla əmi, sənin dostun səhv edir. Kişi, «nar» gərək başda dursun. Şahsənəm. Aley, gül sənin o höccət başına. O hökumət adamı bilmədi, sən Pinəçi Qafar bildin? Molla Nəsrəddin. Burada ən böyük idarənin adını yazmışam, amma özüm də oxuya bilmirəm. Tərs kimi zirzəbərin də qoymamışam. Qafar. Molla əmi, sən ora-burasından de, mən düzəldərəm. Molla Nəsrəddin. Baş kəlməni aydın oxuyuram. «Az»tsik... Qafar. Hə, Aztsika. Molla Nəsrəddin. Yox, Qafar, sən düz demirsən. Qoy qalsın. Bu dili yaxşı biləndən öyrənərik. Ay uşaqlar, dil bəlasını çəkdiyimiz zaman ortalığa əlifba bəlası gəldi. Deyəsən, bu ərəb əlifbasının dəyişilmək zamanı gəlib çatmışdır. Mirzə Fərəc. Kişi nə danışırsan? Molla Nəsrəddin. İran durur, sən durursan. Şahsənəm. Molla əmi, izin ver, süfrəni salım. Molla Nəsrəddin. Çox gözəl olar. Şahsənəm ilə Külpəri süfrə salmağa məşğul olurlar. Mirzə Fərəc. Molla əmi, bolşeviklər hər şeyə əl atırlar. Qorxuram, sən demiş bu əlifbaya əl atalar. Molla Nəsrəddin. Mirzə Fərəc, əlifba məsələsi çoxdandır. Dəyişilməsi əski hökumətlərə sərfə deyil idi. Onun üçün də qoymayırdılar. İndi Şura hökuməti latın hərflərinə keçəcəklər. Qafar. Molla əmi, bu bədbəxt heç indikini yaxşı bilmir. O təzəni necə öyrənəcəkdir? Mirzə Fərəc. Qafar! Sən pinəçi adamsan nə üçün aləm işinə qarışırsan? Şahsənəm. Molla əmi, süfrə hazırdır. Buyur. Qalxıb süfrə tərəfə gedirlər. Molla əmi, gəl irəli, Şahsənəmin çan pitisi Gör nə bişib lap yeməli Dərdinə dərman pitisi. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-molla-nesreddin-bakida İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.