Pyeslər Süleyman Sani Axundov (1875–1939) Türk birliyi Bir pərdədə Məişətimizdən bir şəkil 1906 İştirak edənlər Heydərqulu ağa (bəylər) Cə’fər bəy (bəylər) Nəcəf bəy (bəylər) Səfər bəy (bəylər) Fridun bəy – təbib (ziyalılar) Səməd bəy – mühəndis (ziyalılar) Rəsul bəy – vəkil (ziyalılar) Mirzə Kərim – müəllim (ziyalılar) Əli bəy – student (ziyalılar) Hacı Cəbrayıl (tacirlər) Kərbəlayı Hüseyn (tacirlər) Məşədi Xudaverdi (tacirlər) Birinci pərdə Əhvalat Qafqaz şəhərlərindən birində vaqe olur. Cə’fər bəy axşam saat 7-də qonaqlarını gözləyərək dostu Heydərqulu ağa ilə söhbət edir. Cə’fər bəy. Heydərquli ağa, mən bu işi boynuma çəkmişəm və umudvaram ki yörüdəm, ancaq rəca edirəm ki, özünü bir az saqlayasan. Xasiyyətin tünddür, heç zad üstə barıt kibi partlayırsan. Heydərqulu ağa. Cə’fər bəy, sən öləsən, hərgah məni padşahlıq dumasına vəkil seçməsələr – çəmi mülkümü, evimi, eşiyimi satıb düz Firəngistan deyə bir baş gedəcəyəm. Mən belə xəcaləti, töhməti yeyə bilərəm. Cə’fər bəy. İndi mən bu məclisdə məsələnin başını açacağam və səni də devlət dumasına vəkil seçməyi işarə edəcəyəm. Heydərqulu ağa. Nə üçün işarə edirsən. Açıq aşkara de ki, Heydərqulu ağadan layiqli heç kəs yoqdur. Gərək onu seçək. Cə’fər bəy. Odur ki, tədbirin yoqdur. Əvvəl cəmaətin xahişini duymaq lazımdır, sonra da ona görə iş görmək. (Bu halda Nəcəf bəy, Səfər bəy, Fridun bəy, Rəsul bəy, Hacı Cəbrayıl, Mirzə Kərim və sair qonaqlar daxil olurlar.) Cə’fər bəy. Ya allah. Xoş gəlmisiniz. Buyurunuz, buyurunuz. Nəcəf bəy, Səfər bəy siz buraya buyurunuz. Hacı əmi, Mirzə Kərim buyurunuz buraya, divanın üstə əyləşiniz. (Qonaqlar oturlar). Heydərqulu ağa (Əli bəyə). Qardaş oğlu, keyfin necədir? Görünür student paltarını çoq sevirsiniz. Əli bəy. Əmi, işarənizi başa düşürəm, ancaq təqsir məndə deyil. Özünüzə mə’lumdur ki, bu son illərdə Rusyada elm təhsil etmək çoq çətindir. Heydərqulu ağa. Məncə taqsır özünüzdədir, mənim təsəvvürümə görə studentlər dərslərini buraqıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar tə’til edib dərs oqumamaqdan devlətə nə zərər doqunacaqdır. Mənə görə hökümət dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığın xarcı azalar. Səməd bəy. Xayır, Heydərqulu ağa, səhv edirsiniz. Darülfünunların bağlanması dövləti necə il geriyə salıb böyük zərərlərə bais olur. Bu saat mühəndislərə böyük ehtiyac vardır. Fridun bəy. Həkimlərə də həmçinin. Mirzə Kərim. Doğrudan da studentlər hürriyyət uğrunda çalışıb böyük qurbanlar verirlər. Bunu inkar etmək olmaz. Rəsul bəy. Biz də student vaqtında az çalışmamışıq, padşahlıq dumasının açılmasında bizim də payımız var. Nəcəf bəy. Onlar hamısı cavanlıq əlamətidir. Mənim kibi sinnə dolanda unudulub gedir. Hacı Cəbrayıl. Bunu Nəcəf bəy doğru deyir. Mənim oğlum da göydən gedir. Deyirəm oğul, sənin Germaniyada aldığın təhsil mənə qızıl xəzinəyə durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan. Pulsuz adamın nə dili var, nə hürməti. Hamıya gərək bəli, bəli, deyəsən. Cə’fər bəy. Cəmaət, şair deyir ki: Məsudimiz nə qəhvə və nə qəhvəxanədir. Didari-yarı görməyə bunlar bəhanədir. İndi, əzizlərim, sizləri buraya yığmaqdan mənim də ümdə məqsədim nə inki qırqavul pulovdur, bəlkə bir böyük mətləb üçün bunlar bir bəhanədir. O mühüm mətləb budur: devlət tərəfindən e’lan olunur ki, padşahlıq duması aprel ayının 27-ndə açılır. Ona görə hər yerdə üzvülər seçməyə hazırlıq gedir. İndi bizə də lazımdır ki, toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layıqlı şəxs üzərində dayanaq. Elə olmasın ki, aramıza nifaq düşüb hərə bir tərəfə çəkə. Belə olursa, bişək və şübhə bir nalayığın biri seçilib bizi cəmi Rusyada risvay edəcəkdir... Heydərqulu ağa. Cə’fər bəy, bağışla, sözünü kəsirəm. Deyirlər ki motal Qurbanəlinin oğlu ayı Kərim bərk deputatlıq şövqinə düşübdür. Özü də harada otursa, deyir ki, şəhər dumasında məndən yaqşı danışan yoqdur. Siz ölsəniz istəyir onu zarafat üçün seçəsən və dövlət dumasının vəkilləri qnyazlara, qraflara belə reqomendatsiya (tevsiyə) edəsən; rəca edirəm tanış olasınız, Qafqas vəkili motal Qurbanəlinin oğlu qalayıcı Məhəmməd Cə’fərin nəvəsi ayı Kərim. ha... ha... ha... Cə’fər bəy. Heydərqulu ağa doğru buyurur. Dövlət dumasının üzvülüyü nə dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu duma şəhər duması deyil ki hər əttar, baqqal başmaqlarının taqqıldada-taqqıldada gəlib iclasda filan küçədə necə fanar asılsın, filan adama çayxana açmağa izn verilsin ya yoq deyə boşboğazlıq edib vaxt keçirsinlər. Bu duma padşahlıq dumasıdır. Oraya seçilən vəkillər də gərək padşaha layıq şəxslər olsunlar. Belə ki hər bir şeydən artıq gərək əsli, nəcabəti olsun, taki adı, familyası çəkiləndə deməsinlər ki, bu cürə adam eşitməmişik. Sonra qəd-qamətli olsun ki gözə görünüb seçilsin. Uca gur səsi olsun ki, danışdığı sözünə qulaq asıb fikir versinlər: mənim təsəvvürümə görə seçilən vəkil gərək bu süfətlərə sahib olsun. Səhv edirəmsə, buyurunuz, səhvimi deyiniz. Fridun bəy. Bəli, səhv edirsiniz. Özü də artıq dərəcədə. Siz vəkilliyə ləyaqəti bu üç süfətdə görürsünüz. Nəcabət, qəd-qamət, uca səs. Məyər padşahlıq duması əcayib adamlar yığıncağıdır ki, elə adam göndərək? Xayır Cə’fər bəy, bizə qəd-qamətli adam lazım deyil. Bizə elmli, tədbirli, zaqondan, siyasətdən, vətənimizin keçmişindən və hali-hazırından baxəbər şəxs lazımdır. Mirzə Kərim. Məncə bu süfətlər də kifayət etməz. Gərək elə şəxs olsun ki vətənin, millətin uğrunda pulundan, malından hətta canından da keçə bilsin. Burada bəylik, xanlıq, rəiyyətlik bilmərrə gərək mülahəzə olunmasın. Səməd bəy. Parlamanlar məhkəməyə bənzər. Orada Rəsul bəy kibi vəkillər artıq mənfəət gətirə bilərlər. Fridun bəy düz buyurur. Gərək zaqon biləsən, bu da vəkil işidir. Natiqlik də onların sən’ətidir. Kərbəlayı Hüseyn. Mən ticarət üçün bir necə dəfə zaqranitsaya getmişəm. Orada çoqdan parlamanlar işləyir. Zaqranitsada oqumuş cavanlarımız o üsula yaqşı bələddirlər. Məsələn bacının oğlu Əli Heydər parlaman zaqonlarını yaqşı bilir. Özü də üç xarici dildə danışır. Məşədi Xudaverdi. Kərbəlayı düz deyir. Çoq layıqlı oğlandır. Fikir eləməyiniz ki, bacım oğlu olduğuna görə tə’rif edirəm. Xayır, doğrudan da başlı oğlandır. Əli bəy. Bu işdə qohumluq, dostluq, aşnalıq gözləmə lazım deyil. Məhz vətənimizin xeyrini mülahəzə etmək lazımdır. Bizim ölkədə nəcabətdə, mal dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki onun pulu ilə təhsil edirəm, lakin bununla belə o da seçgiyə qutu qoya Fridun bəy də, mən insafımdan keçib Fridunu qoyub Heydərqulu ağaya ağ şar salmaram. Heydərqulu ağa (tez ayağa qalqıb). Necə? Necə? Nə deyirsən? A gədə Fridun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş. Fridun bəy. Mən sizin nökəriniz deyiləm. Təvəqqe edirəm ədəb ilə danışasınız. Heydərqulu ağa. Kəs səsini gədə oğlu gədə, atan ölənə kibi mənim qapımda nökər idi. Baban da atamın nökəri. Buyur gərək, ağa Fridun bəy mən səninlə nə tevr rəftar edirəm. Sən gərək minlərcə şükr edəsən ki, mənimlə bir məclisdə oturub söhbət edirsən. Fridun bəy. Siz hələ qəflət yuqusundasınız, ayılmamısınız. O zaman ki siz ağalar dilsiz, ağızsız rəiyyətin malının, canının, namusunun sahibi olub nə istəmişsinizsə etmişsiniz – getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə yoq, elm, ədəblə şərəf qazanır. Heydərqulu ağa. Ha, ha, ha. Cəmaət, eşidirsiniz nə deyir? Daha biz motal Qurbanəlinin oğluna nə üçün rişxənd edirik. A gədə mən qəflət yuqusundayam ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq duması sənin kibi köpəklər yeridir. Səməd bəy, Rəsul bəy, Mirzə Kərim, Əli bəy (hamısı birdən) Eyib olsun sizə, Heydərqulu ağa. Heydərqulu ağa. Xayır, eyib sizə olsun ki, bu kibi eşşəyi meydana çıqarıb vəkil seçməyə təklif edirsiniz. Fridun bəy. Bimə’rifət, nadan. Heydərqulu ağa. A gədə mən bimə’rifətəm? Mən nadanam? Ayı oğlu, ayı! (Kürsünü əlinə götürüb Fridun bəyin üstə hücum edir. Qonaqlar ayağa qalqırlar. Cə’fər bəy Heydərqulu ağanın əlindən dutur.) Cə’fər bəy. Heydərqulu ağa, sənə qurban olum, sakit ol. Heydərqulu ağa. Çəkil kənara, görüm bu pota oğlu nə cür’ət edib o sözləri mənə deyir. (Kürsü ilə vurub Fridun bəyin başını yarır. Kuy, qalmaqal qalqır.) Pərdə * * * Qaranlıqdan işığa Bir pərdəli piyes 1921 İştirak edənlər Oğuz – Qoca bir türk. Uluğ – Onun oğlu. Əbdüssəlam – Qoca bir ərəb. Qasım – Onun oğlu. Zeynəb – Onun qızı: Uluğun namizdi. Cəmşid – Qoca bir fars. Qubad – Onun oğlu. Firəngiz – Onun qızı. Bahadir – Qoca bir hindli. Əkbər – Onun oğlu. Li-xun-canğ – Qoca bir cinli. Xun-xuz – Onun oğlu. Marzavan – Əcinnə zandarması. Curcan – Əcinnə komandanı, Daxnaşın pəhləvanı. İki mə’mur. Bir taqım əcinnə qoşunu. Birinci pərdə Səhnə qaranlıq bir mağara içini göstərir. Pərdə qalqdıqda cavanlar ayaq üstə və qocalar oturmuş görünür. Əbdüssəlam. Ey Oğuz oğlu Uluğ, bizi buraya toplamaqdan məramın nədir? Bilmək istərik. Cəmşid. Ey Oğuz oğlu, qəlyanımın vaqtıdır, deyəcəyini tez söylə, dözə bilmirəm. Li-xun-canğ. Ey Oğuz oğlu, tiryakim qaldı. Mətləbini əcələ söylə. Uluğ. Ey əhli zülmət! Bu qaranlıq dünyada əsrlərcə yatdığın yetər, bu qədər sərxoş olub alçaqlara qul olduğun yetər, həşərat kibi ayaqlar altında süründüyünüz yetər. Qəflət yuxusundan ayıl. Acizliyi, zəifliyi buraq. Kim olduğunu düşün. Səni işıqdan məhrum edib bu qaranlığa salan divləri, cinləri yıq, əz, qır, özünü onların zülmündən xılas et. Bu zülmət aləmindən işıqlı dünyaya çıq!.. Bahadir. Ey Oğuz oğlu, nə söyləyirsən? Məyər bu zülmət aləmindən başqa bir qeyri dünya da var? Uluğ. Bəli, var. Onun adı işıqlı dünyadır. Onu yüksək intihasız fəzadan günəş işıqlandırır. Işıqlı dünyanın gözəlliyi vəsfə gəlməz. Yaşıl mənzərəli dağlar, üzərindən şaqıltı ilə aqıb mühitlərə tökülən nəhrlər, qayalardan fəvvarələnib uçan şəlalələr, çiçəklərlə bəzənmiş çəmənlər, seyrangahlar, gülşənlər, onlarda ötüşən quşlar, uçuşan rəng-bə-rəng pərvanələr, müxtəlif heyvanlar işıqlı dünyanı ziyanətləndirir... Əbdüssəlam. Ey Oğuz oğlu, toqda, əcəba əfsanəyi söyləmək üçünmü bizi buraya toplamısan. Li-xun-canğ. Ey Oğuz oğlu, elə nağılları bu çocuqlara söylə, biz qocaları belə xürafat ilə aldada bilməzsən. Cəmşid. Ey sükuta getmiş Oğuz! Oğlun dəli olmuş, başına çarə qıl. Əbdüssəlam. Oğuz, bu gündən əhdimiz pozulur. Mən qızımı Zeynəbi belə sərsəriyə verməm. Oğuz. Ey Əbdüssəlam, əhdini tez pozursan. Uluğ sərsəm olmuşdur,— bu doğru, fəqət onu əqlə gətirmək asandır. Uluğ. Ey mənə cünun nami verən əhli-zülmət! Mən söylədiyim əfsanə deyil, həqiqətdir. Mən o işıqlı dünyanı bütün vücudumla hiss edirəm, görürəm, eşidirəm. Sizlər isə—paslanmış, qabarlanmış əqlinizlə qüvvətdən düşmüş, zəyifləşmiş hissinizlə onu dərk edə bilməyirsiniz. (Səhnə dalından kamança səsi gəlir.) Ah!.. Yenə qulağıma o dünyanın musiqi sədası gəlir... Dinləyin, dinləyin... Eşidirmisiniz? Qocalar. Eşitmirik. Uluğ. Eşitməyirsiniz, çünki karsınız... (Yuqarıdan aq işıq görünür.) Baq... baq... o səmadəki nuri görürmüsünüz? Qocalar. Görmürük. Uluğ. Görmürsünüz; çünki korsunuz. Ey əhli-zülmət! Mən Oğuz oğluna inanınız. Bu divlər tərəfindən hörülmüş səddləri yıqıb, bu qayaları dəlib deşərəm, sizi bu zülmətdən işıqlığa çıqardaram. Hər kəs mənə inanırsa bu qırmızı inqilab bayrağı altına gəlsin. (Qırmızı bayrağı qaldırır.) Zeynəb. Sənə inanıb bayrağın altına gəlirəm. (Gəlib bayrağın altında durur.) Firəngiz və Qubad. Biz də sənə inanırıq. (Onun tərəfinə keçirlər.) Cavanlar. Sənə inanıb bayrağın altına gəlirik. (Uluğ tərəfə keçirlər.) Qocalar. Ey divanələr nə edirsiniz? Oğuz. Məyər Daxnaş divin əcinnə qoşununu unutmuşsunuz? Uluğ. Xayır, unutmamışıq. Onlarla qovğa etməyə hazırıq. İndiyə kibi bizə mane olduğunuz yetər. Çəkiliniz, daha bəsdir. Səbr kasamız dolub daşmış. Ya hamımız bu yolda öləcəyik, ya da divlərə qalib gəlib işıqlı dünyaya çıqaçayıq. (Marzavan iki nəfər mə’mur ilə daxil olur.) Marzavan. A! Gizli yığıncaq! Qırmızı bayraq! Oğuz, bu nə işdir? Söylə. Oğuz. Cənab Marzavan, bu gün bizim bayramımızdır. Cavanlar bir qədər şadlıq etmək istəyirlər. Cəmşid. Cənab Marzavan bu gün bahar günüdür. Qədim zamandan bəri bu gündə baharı yad edərək, qırmızı libas geyib bayram etmək rəsmdir. Bu qırmızı bayrağa başqa mə’na verməyiniz. Uluğ. Cəmşid baba doğru deyir. Bu gün bizim üçün tarixi bir gündür. Bu gün biz bu inqilab bayrağını qaldırıb siz zalimlərdən xilas olmaq istəyirik. Baxtıyar, azadə insanlar sırasına girmək istəyirik. Cavanlar. Bəli, istəyirik! Marzavan. A!.. İsyan! İnqilab! Bunu alın. (Uluğu göstərir.) Qasım və Qubad (qılınclarını sıyırıb). Qoymarıq! Əkbər (qılıncını çəkib). Hər kəs Uluğa əl qaldırarsa, başının boynundan ayıraram. Xun-xuz. Görünür Xun-xuzun əğri moğol qılıncının gücünü bilmək istəyirsiniz. Bahadir. Cənab Marzavan, bu əqlsiz cavanların sözlərinə fikir verməyiniz, əfv ediniz. Biz vəlinə’mətimiz olan ali həzrət Daxnaşın ən sadiq, xalis, əməkdar bəndələriyik. Onun mərhəmətləri sayəsində səadətlə yaşayırıq. Ona ita’ət etmək bizim üçün vacib bir əmrdir. Li-xun-canğ. Tanrı ədalət, səxavət sahibi olan Daxnaş həzrətlərinə ömri-tulani baxş etsin. Bizlərə öz evladı kibi nəzər yetirir. Tiryakimizi bol-bol verir. Uluğ. Ey azadlığının, izzi-namusunu, istiqbalını tiryəkə, şərabə, qızıla satan qocalar! Daha yetər. Çəkiliniz, yoqsa sizi də bu zalimlərə qatıb inqilabə qurban edərəm. Qubad, Qasım, Xun-xuz bunları dutunuz, həbs ediniz! (Marzavanın və mə’murların üstə hücum edirlər. Çarpışma düşür. Marzavan və bir mə’mur qətlə yetir. O biri mə’mur qaçır. Əkbər onun dalınca gedir). Qocalar. Vay bizim halımıza! Cəmşid. Bu saat Daxnaşın qoşunu buraya töküləcəkdir, qaçmaq lazımdır. Qocalar. Qaçaq, qaçaq. (Gedirlər.) Uluğ. Yoldaşlar, durmayınız. Divlərin hörmüş olduğu bu dağları uçurdalım. (Balta, külüng, sünbə, çəkic və qeyri götürüb dağı sökməyə başlayırlar. Əkbər daxil olur.) Əkbər. Daxnaşın qoşunu gəlir. Uluğ. Yoldaşlar. Hazır olun! Kişilər birinci sırada, qadınlar ikinci sırada durunuz! (Uluğ dəstənin başında durub, Curcan bir taqım əcinnə qoşunu ilə daxil olur). Curcan. Yahu! Sizsiniz inqilab qaldıran? İsyan edən? Təslim olunuz! Uluğ. Siz alçaqlara təslim olmarıq! (Qılıncını sıyırıb.) Mübariz istəyirəm. Curça, cür’ətin var isə, meydana çıq! Curcan. Ha... ha... ha... Ey yazıq çocuq! Gör kimi mübarəzəyə çağırırsan. Daxnaşın birinci pəhləvanı Curcanı! Uluğ. Qılınc meydanında söz lazım deyil. Buyur. Meydan açıqdır. Curcan. Ay... ay... belə. Al gəldi! (Uluğ ilə vuruşur. Uluğ Curcanı öldürür, qoşun qaçır.) Uluğ. Yoldaşlar, indi iş dalınca olmalı. (İki hissə olub dağı uçururlar, dal pərdədə bir sərdabə görünür. Onun üç tərəfində üç böyük hərflə yazılmış: E. L. M.) Qasım. Uluğ, yenə zülmət. Pəs və’d etdiyin işıqlı dünya hanı? Firəngiz. Uluğ, o gözəl dünyanı ver. Əkbər. Uluğ, səndən cavab gözləyirik. Uluğ. Yoldaşlar, şübhəyə düşməyiniz. Bizi qaranlıqdan işıqlığa üç şey çıqarar. Qüvvət, zəhmət, bilik. İkisini əmələ gətirmişik qalıbdır biri. Zənnimcə bu sərdaba zülmətdən işığa qapıdır. Onu açmaq lazımdır. Xun-xuz üst qarmağı aşağı çək. Xun-xuz (E. hərfini çəkir). Açılmır. Uluğ. Qasım, sağ qarmağı çək. Qasım (L. hərfini çəkir). Açılmır. Uluğ. Əkbər, sol qarmağı çək. Əkbər (M. hərfini çəkir). Açılmır. Uluğ. İndi kənara çəkilin! (Üç hərfi bir-birinə yapışdırır. Sərdaba üzərində qırmızı işıq ilə böyük bir «elm» yazılır. Sərdabadan aq işıq görünür.) Cümləsi. Ah, açıldı. (Zeynəblə Firəngiz öpüşürlər.) Uluğ. Xun-xuz, inanmayan babalarımızı çağır, gəlib görsünlər, taki inansınlar. (Xun-xuz gedir) Zeynəb. Ah, ürəyim dözməyir. İşıqlı dünyanı tez görmək istəyirəm. (Xun-xuz daxil olur.) Firəngiz. Ah! O dünyanı işıqlı edən günəşi bircə tez görə idim. (Qocalar danışa-danışa gəlirlər.) Cəmşid. Elə şey ola bilməz. Li-xun-canğ. Heç vaqtı inanmam. Bahadir. Elə şey mümkün deyil. Əbdüssəlam. O müşkül işdir. İnanmam. (İşığı görürlər.) Cümləsi. Ah! Doğru. İşıq gəlir. Uluğ. Ey əhli-zülmət, hazır olun, işıqlı dünyaya çıqırıq. (Səhnə qaranlıq olur, həzin-həzin musiqi səsi gəlir. Dal pərdə qalqır. Mənzərəli dağlar, çiçəklərlə bəzənmiş çəmən və sular görünür. Bir taqım qız, çiyinlərində cürdək bulağın başına toplaşıb, kimi su doldurur. Kimi söhbət edir. Bu halda dağın arasından cərgə ilə Uluğ, Əkbər, Zeynəb, Firəngiz, Qasım, Qubad, Xun-xuz çıqırlar.) Zeynəb. Ah, işıqlı dünya nə gözəldir! Firəngiz. Ah, nə yüksək, nə işıqlı göylər. Qasım. Sənə baqdıqca göz doymayır, ey çəşməli, həm yaşıllı dağlar. Qubad. Nə xoş mənzərən var ey çiçəkli çəmənlər. Əkbər. Ey göydə süzən azadə şahin! Məni qaynağına alıb da qaldır. O yüksək səmadə bir qədər seyr edim. Bu təzə cahana doyunca baqım. Xun-xuz. Ötünüz, ey xoş avazlı, qəlbə zevq verən quşlar! Cümləsi. Əhsən sənə, əhsən sənə ey həqiqət işığı. Uluğ (al bayrağı qaldırıb). Məhv ol bu cahandan dəxi ey dəhşətli-zülmət! Pərdə * * * İki yol Faciə bir pərdədə 1922 İştirak edənlər Mir Kazım Aqa. Şəhərin axundu, 65 yaşında. Tükəzban. Onun arvadı, 40 yaşında. Məhəmməd. Onun oqlu, 22 yaşında. Külsum. Onun qızı, 17 yaşında. Molla Fəttah. Məhəllə mollası Tükəzbanın qardaşı 60 yaşında. Qünça. Onun qızı, Məhəmmədin nişanlısı, 18 yaşında. Birinci pərdə Səhnə Mir Kazım aqanın otaqını göstərir. Otaq Şərq səliqəsilə bəzənmiş. Pəncərələr qalın pərdələr ilə örtülmüş. Divan üstə şal mitəkkələr. İki böyük divar aynası. Külsum aynanın önündə durub özünə bəzək verir. Təzə paltarına baqır. Ora-burasını düzəldir. Bu vaqt anası daxil olur. Külsum. Ana, donum gən tikilmiş, daraltmaq lazımdır. Tükəzban. Qızım, gən olmaqın zərəri yoqdur, təki dar olmasın. Həmişə belə zəyif olmayacaqsan ki… ətə, qana gəlib dolacaqsan. Külsum. Ay ana, nə deyirsən? Libas mənə tikilmiş ya mən libasa? Mən haçana kibi gözləyim ki, ətə, qana gəlib libas bədənimə görə olsun? Bəlkə heç kökəlməyəcəyəm. Tükəzban. Nə üçün kökəlməyəcəksən? Allaha şükür, yemək-içməyimiz boldur. Aqanın müridləri evimizi heç bir zaddan kəm-kəsr qoymayır. Hər bir yeyəcəyimizi yıqıb verirlər. Burada heç bir ehtiyacımız yoqdur. Qəssab Səfər də hər gün ət payımızı göndərir. Atanın da nəziri yüz-yüz gəlir. Külsum. Anacan, dediklərin hamısı doqrudur, amma mən yenə də hala gəlmirəm. Bilirmisən buna səbəb kimdir? Tükəzban. Kim olacaq? Sən özün, sənin tərsliyin. Nə qədər yalvarıram ki qızım, ye, iç hala gəl. Həkim də buyurmuşdur ki, çoqlu süd və bol yumurta yesin. Amma sən bunların heç birinə əməl etmirsən. Külsum. Xayır ana, mənim belə zəyif düşməyimə səbəb bunlar deyil. Siz atam-anamsınız! Quşu qəfəsə salan kibi, məni də bu otaqa salıb dustaq etmişsiniz. – Sən axund mir Kazım aqanın qızı Seidə xanımsan – deyə mənə hər bir şeyi nəhy etmişsiniz. Bu dərt divarın içi mənim dünyamdır! (Aqlayır.) Tükəzban. Külsum, yenə sənə nə olmuş? Yoqsa bu gecə pis yuqu görmüşsən? Külsum. Bəli, görmüşəm Tükəzban. Xeyir ola, qızım, söylə görüm. Külsum. Ana, yuqumda gördüm ki qardaşım Məhəmmədin toyudur. Tükəzban. Doqru görmüşsən, qızım, aqan sabahkən mənə dedi ki: Tükəzban, bu həftə Məhəmmədin gəlnini gətirməli; çünki məhərrəm ayı yaqınlaşır. Mənim özüm də tələsirəm ki Qonçanı tez gətirək. Həm mənə kömək etsin, həm də sənə yoldaş olsun. Daha nə gördün, qızım? Külsum. Gördüm ki evimizdə böyük şadlıqdır. Həmin bu otaqımız qonaq ilə doludur. Bir yanda mənim, bir yanda Məhəmmədin cavan yoldaşları oturmuşlar. Bir dəstə oquyan, çalan da hazırdır. Çalqıcılar çalırlar. Bir oqlan o cərgədən, bir qız bu cərgədən qalqıb oynayırlar. Onlar otururlar, başqaları rəqs edir. Sonra oquyan başladı. Ah! Heç olmazsa yuqumda isə də evimizdə bir şadlıq, bir toy gördüm! Tükəzban. Kəs səsini, bihəya! Mir Kazım aqanın evində toy, balaban? Qızlar oqlanlar ilə oynamaq? Külsum. Ay ana, mən nə edim? Yuqudur, görürəm. Mənim əlimdə deyil ki, görməyim. Bəs sən heç belə yuqu görməyirsən? Tükəzban. Mən qələt edərəm, başımı daşdan-daşa dəyərəm, elə yuqu görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuquna da girir. Aqan sənə du’a öyrətmiş. Nə üçün yatanda oqumursan ki, şeytan da yuquna girib sənə elə şey göstərməsin? Külsum. Ana, yatanda dua da oquyuram, bismillah da deyirəm, amma yenə də belə yuqular görürəm. Mən nə edim? İxtiyar məndə deyil ki. Tükəzban. Yaqşı, bəs dayın qızı Qünça nə üçün görmür? Çünki beş vaqt namazın heç birini keçirməyir, amma sən tənbəli mən hər səhər güclə durquzuram ki, sübh namazını qılasan. Külsum. Anacan, elə bilirsən ki Qünça belə yuqular görmür? Vallah mənə elələrini naqıl edir ki, desəm qulaqlarını dutub qaçarsan? Tükəzban. Kəs səsini, bihəya! Onu da sən xarab etmisən. Bu işlərin hamısına səbəb bu qonşumuz erməni kilfətidir. Özlərinə tay-tuş tapıblar! Erməni qızı Suruş! Külsum (gülərək). Ay arvad, Suruş deyil, Siranuş. Tükəzban. Eh, mən nə bilim. Kafir adı yadımda qalırmı ki, vallah atan bilsə ki erməni evinə gedirsən, aləmi bir-birinə vurar. Səni də öldürər. (Çıqır.) Külsum (tək). Öldürsə, bir dəfəlik qurtulurdum. Ey kaş! Mir Kazım aqanın qızı olunca bir çoban qızı olaydım. Daqlarda, çəmənlərdə, təbiət üzərində yaşayaydım, çiçəklər dərəydim, şırlayan bulaqlara baqa idim, sərin sularından içəydim!.. (Aqlayır.) (Məhəmməd daxil olur. Əmmamə və əbasını çıqarır.) Məhəmməd. Bacım, aqlayırsan? Külsum. Necə aqlamayım, qardaşım? Mənim qəlbim, ruhum, vücudum hamısı xəstə. Mərəzimdən xilas olmaq üçün bilirmisən mənə nə təklif edirlər? Məhəmməd. Bilirəm, bacım, çoqlu süd iç, bol yumurta ye deyirlər. Külsum. Bəli. Lakin mənim müaləcəm bumu? Məhəmməd. Xayır, bacım, bu mərəzin müaləcəsi başqa şeydir. Bu mərəzə mübtəla olan tək bir sən deyilsən. Bütün islam qadınlarıdır. Bu xəstəlik iki nurdan məhrum qalmadan naşı baş vermiş, biri ruhu yüksəldən elm nurudur. Digəri günəşdir ki, ziyası ilə dünyanı tənvir edir. Heyvanata, nabatata həyat bəxş edir. Onsuz bu gözəl dünya dəhşətli bir zülmət olurdu. Bu lətif, rəngin çiçəklər, güllər sənin kibi saralıb solub məhv olurdu. Bacım, sən qünça gülü o nurdan məhrum etmişlər. Sənə bu dəmdə o gözəl təbiət üzərində yaşamaq lazımdır, sənə gəzmək, gülmək, yemək, içmək, qonuşmaq lazımdır. Qəlbini əsla çıqmayıb hər zaman şad saqlamalısan. Külsum. Doqru, fəqət bu mənə müyəssər deyildir; çünki mən müsəlman qızıyam. Müsəlman qadını üçün bu ne’mətlər yaranmamışdır. O başqaları üçün yaranmışdır. Bunları bizə nəhy etmişlər. Ah! Məhəmməd! Nə üçün mən binəva qızcıqazı oqutdun? Nə üçün mənə mənligimi anlatdın? Nə hacət ki söyləyirsən dünya gözəldir, genişdir, intihasızdır. Mənim dünyam, qardaşım, baq gör nə geniş, nə yüksək bir aləmdir. (Əli ilə otaqını göstərir.) Bu səqf mənim yulduzlu səmamdır. Bu xalılar ilə döşənmiş yer mənim çiçəkli çəmənlərim, yaşıl ormanlarımdır. Bu divarlar da mənzərəli daqlarım, yüksək qayalarımdır. Qardaşım, burada dünyaya gəldim. Buradan da tezlik ilə məni aparıb qəbrə qoyacaqsınız. Məhəmməd. Sus, sus bacım! Odlu qəlbimə yenidən atəş atma. Qadınlarımızın belə təbiətə müqayyir, hürr yaranmış nev’ bəşərə yaraşmaz halı məni çoqdan düşündürür. Çarə arayırdım ki, nə yol ilə onlara kömək edim. İndi tapmışam. Bacım, yəmin edirəm qadınlarımızın bu yolda tökülən qanlı göz yaşlarına. Yəmin edirəm sənin kibi hənuz qünça gül ikən saralıb solan gül çəhrələrinə. Yəmin edirəm sənin kibi belə zindanlarda, cəhalət zənciri altında sızlayan mə’sumələrə, sizləri bu əsarətdən xilas etmək yolunda cavan ömrünü qurban edim. Külsum. Qardaşım, bir tək sən nə eliyə biləcəksən? Rüsvayi-cahan olub tələf olacaqsan. Məhəmməd. Tələf olsam da bir cıqır açaram, taki məndən sonra gələn cavanlar da o yol ilə gedib axırı sizləri xilas edərlər. Ey cəhalət, ey yeddi yaşlı div! Hazır ol, Məhəmməd gəlir!.. (Mola Fəttah və mir Kazım aqa daxil olurlar.) Mir Kazım aqa. Bacına yeddi başlı divdən naqıl deyincə əhkamidiniyyəni öyrətsən daha əfzəl olmazmı? Məhəmməd. Ata, elə mən də bacıma ondan söyləyirəm, lakin əfsus! Axundlarımız o əhkami ya özləri anlamırlar, ya da anlayıb da qəsdən cəmaətə başqa suratdə yetirirlər. Mir Kazım aqa (Külsuma). Sən bu danışıqa nə qulaq asırsan? Otaqına get! (Külsum çıqır.) Molla Fəttah (istehza ilə). Bacı oqlu, görürəm sən yaqşı anlamısan! De görüm dinimizdə sənin kibi başını açıb tərk ədəblik edənə, yaxud başqaları kibi saçlarını uzadıb özlərini xaricilərə oqşadanlara nə nəzər ilə baqır? Məhəmməd. Mən o barədə şəriətdə bir şey görməmişəm, olsa da dinə yoq bəlkə adətə, sihhətə dəxli vardır. Molla Fəttah. Bacı oqlu, görürəm şəriəti axund molla Cəlaldan yaqşı təhsil etmisən! Mir Kazım aqaya dedim ki, qoy Məhəmmədi özüm oqudum. Dedi: — yoq, bacın oqludur. Səndən xof etməz. İndi buyur. Gör Cəlalın babı fikri Məhəmmədə nə xoş gəlir. Mir Kazım aqa. Fəttah, səhv edirsən. Məhəmmədin əqidəsi elə deyil. O sən qoca dayısını mübahəsəyə çəkir, fəqət onu başqa bir zamana qoyunuz. İndi mətləb üstə gələk. Oqlum, dayın ilə belə qət’ etmişik ki, cümə aqşamı Qünçanı keçürək; çünki məhərrəmülhəram yaqınlaşır. Buna sən nə deyirsən? Məhəmməd. Nə deyəcəyəm? İxtiyar sahibisiniz. Mir Kazım aqa. Çoq əcəb. İndi ikinci məsələyə keçək. Sənə iki yol seçmişəm, ki din-islama xidmət edəsən. Biri Kərbəlayı-Müəllayə gedib təhsilini bitirəsən. Sonra da gəlib cəmaətimizə və’z edəsən. Digəri mərsiyəxanlıqdır. Bu axırıncı müqəddəs vəzifəni yürütməyə indi də hazırsınız. Gözəl səsin də var. Demək, evladım, iki təriq: va’izlik, rovzəxanlıq hansına meylin artıq isə, onu seç. Məhəmməd. Ata, çoq dərin düşüncələrdən sonra özümə bir müqəddəs, bir müstəqim təriq seçmişəm. Sənin məqsədin mən fərzəndini bir sahib-minbər görmək deyilmi ki, o minbərdən vətəndaş’arımı, dindaşlarımı doqru yola də’vət edim? Mir Kazım aqa. Bəli, nami-mübarəki qoyulmuş sən evladından cəddimiz bunu tələb edir. Məhəmməd. Ata, indi dinlə gör evladın nə gözəl, nə müqəddəs bir mənbər bəyənmiş? Molla Fəttah. Söylə. Yoqsa bayaq məni şübhəyə salmışdın. Məhəmməd. Ata, tə’rif etdiyim minbərdən sizlər kibi quru və’z etmək yoq, həyatı təsvir edən maraqlı vəq’ələr, dəhşətli, qanlı faciələr söyləyərək, göstərərək, cəmaəti doqru yola də’vət edəcəkdir, bu evladın. Mir Kazım aqa. Əhsən, əhsən oqlum. Məhəmməd. Zalimlərin sitəmlərini, məzlumların qanlı göz yaşlarını göstərərək, qəlbləri lərzənak edəcəkdir — mən evladın. Molla Fəttah. Əhsən, afərin bacı oqlu. Mir Kazım aqa. O minbəri-müqəddəsin ismi nədir, evladım? Məhəmməd. Səhnədir ismi onun pədərim. Molla Fəttah. Səhnə nədir? Məhəmməd. Dayım, səhnə ayinəsidir həyati-bəşərin! Mir Kazım aqa. O səhnə hansı müqəddəs binadadır? Məhəmməd. Bəli, doqru. O müqəddəs binadır; çünki orada yüksəlir həqiqət bayraqı. Orada yanır həqq ocaqı. Ora bir ədalətxanadır ki, hər kəs vücdanən əməlinə görə ya mükafat, ya da müçazat alır. Ora bir ibrətxanadır ki, hər kəs orada çirkin əməlini görüb də ibrət alır, istiqfar edir, insafa gəlir. Molla Fəttah. Atan səndən sorur ki o hansı binadır? Məhəmməd. O binanın adı teatrodur. Mir Kazım aqa və Molla Fəttah. Nə? Teatro? Məhəmməd. Bəli, teatro. Mir Kazım aqa. Teatro! Lotular yıqıncaqı... Məhəmməd. Xayır, ürəfa ocaqı. Molla Fəttah. Şeytan yuvası! Məhəmməd. Xayır, mələk odası! Mir Kazım aqa. Ora meyxanadır! Məhəmməd. Xayır, ora ibrətxanadır. Molla Fəttah. Sən babi olmusan. Məhəmməd. Xayır, mən həq yolu tapmış bir insan olmuşam. Mir Kazım aqa. Sən dəli olmusan. Məhəmməd. Xayır, mən aqil olmuşam. Molla Fəttah. Bunların hamısına bais o babi molla Cəlaldır. Mir Kazım ağa. Doğru deyirsən, odur. Məhəmməd. Nahaq yerə molla Cəlalı müqəssir edirsiniz. O sizdən geriyə qalmaz. O da sizin kibi din-islamın əsasını atıb, sac qoyanlara, çəkmə geyənlərə, rusca oquyanlara kafir deyənlərdəndir. Mir Kazım ağa. Bəs səni bu şeytan yoluna kim və nə vadar edir? Məhəmməd. Məyər mənim dutduğum yol şeytan yoludur? Orada nə edəcəyimi söyləmədimmi? Molla Fəttah. Söylədin. Orada oyunbazlıq, mütrüblik edəcəksən. Mir Kazım ağa. Ah! Ürəyim partlayır! Seyid övladı oyunbazlıq?! Oğul, o qoyduğum ad sənə haram olsun! Cəddim səni tezlik ilə əlimdən alsın! Molla Fəttah. Mən qızımı belə mürtədə verməm. Bu saat molla Vəlini çağırıb nikahın pozduracağam. Məhəmməd. Baq, şəriəti bu günə salmışsınız. Ehkami-diniyyəyə belə əməl edirsiniz. Molla Fəttah. Neçə? Məhəmməd. Kərimənizi öz ixtiyarilə mi mənə gəlmiş? Molla Fəttah. Bəli. Məhəmməd. Onda çağırınız gəlsin və öz ixtiyarilə də nikahın geri oqutsun. Şəriətin yolu budur, dayım. Molla Fəttah. Sus! Mənə şəriət öyrətmə. Dini-islamda sənin kibi dəliyə nikah yoqdur. Bu burası. Səni şəkdən çıqarmaq üçün də qızımı bu saat buraya gətirdərəm. Görərsən ki sən divanədən ikrah edib əl çəkəcəkdir. Tükəzban! Tükəzban! (Tükəzban daxil olur.) Tükəzban. Nə buyurursan, qardaşım? Molla Fəttah. Bu saat gedib Qünçanı gətirərsən. Tükəzban. A qardaş, belə toy olurmu? Qoy qom-əqrəbamı yığıb qaida ilə toy edim. Qünça anadan yetimdir. Nəyə onu tay-tuş yanında xar edirsən? Nəyə könlünü sındırırsan? Mir Kazım ağa. Tükəzban, sənin toyun yasa döndü! Tükəzban. Vay! Ay kişi nə deyirsən? Ölənimiz kimdir? Mir Kazım ağa. Bu oğlun Məhəmməd. Tükəzban. Ay kişi nə deyirsən? Sən allah mənlə belə zarafat etmə. Mir Kazım ağa. Arvad, oğlun dəli olmuş. Dəliyə də qız vermək şəriətlə, cayiz deyil. Məhəmməd. Ana, bunlar deyirlər ki, mən dəli olmuşam. Mən də istəyirəm ki Qünça gəlsin özündən soruşum ki, mən dəliyə yoldaş olmaq istəyir, ya yoq? Tükəzban. Elə bu, gör məni necə qorqutdular! Oğlum, bunlar yalan deyirlər. Sənin eşqindən dəli-divanə olan Qünçadır. Molla Fəttah. Heç vaqtı! Tükəzban. A qardaş, nə deyirsən? Bizdən nə pislik gördün ki, daha qızını vermək istəmirsən? Vallah verməsən, Qünça özünü öldürəcəkdir, ya da Məhəmmədə qoşulub qaçacaqdır. Bu saat gedib gətirərəm. Görərsən doğru deyirəm, ya yoq. (Çıqır.) Mir Kazım ağa. Bu işlərdə müqəssir mən özüməm. Nə üçün o islam topraqını buraqıb bu viranəyə gəldim. Nə bilim. Dedim ki bura mənim vətənimdir. Ata-babalarımın xaki-paki buradadır. Qoy ölsəm də burada ölüm. Heç bu günlərimi düşünmədim. Evladlarımın fikrinə qalmadım. Bilmədim ki bu rus topraqında onlar xarici yolilə gedəcəklər. Molla Fəttah. Əlbəttə səhv etmisən. Gərək gəlməyəydin. İndi mən özüm də Ərəbistana köçmək fikrindəyəm. Bu işləri ki mən görürəm, bir az çəkməz, burada müsəlmanlıq nişanəsindən heç bir zad qalmaz. (Tükəzban, Külsüm, Qünça ipək çarşafa bürünərək daxil olurlar.) Tükəzban. Qardaşım, indi qızından özün soruş, gör Məhəmmədə getmək istəyir ya yoq? Məhəmməd. Qünçacığım. Hansı zalimdən qorqaraq belə çadraya bürünüb gizlənmisən? Yoqsa qələm qaşlarında, ahu baqışlarında, şəhla gözlərində bir qüsurmu görürsən? Yetər, yetər, gözəlim! Sən kibi Qünça güllərin açılmaq zamanı gəlmiş! (Cəld onun başından çarşafı çəkib atır.) Mir Kazım ağa. Nadürüst, bihəya! Molla Fəttah. Qızım, görürsənmi? Bu din-təriqətdən dönmüş. Bu seyid övladı əmmaməni atıb lotu libası geyib teatrda oyunbazlıq etmək fikrindədir. Sən bu kafirə, bu divanəyə getmək istəyirmisən? Qonça. Ağa, Məhəmməd mənim qəlbimin şahididir. Özünə nə vəzifə seçərsə, mənə xoşdur. Mən onun vəfalı bir quluyam. Mir Kazım ağa və molla Fəttah. Va şəriəta, va milləta! Molla Fəttah. Sus, bihəya! O sənin qəlbinin sultanı isə, mən də sənin cisminin, həyatının sultanıyam. Tükəzban. Qardaş, sənə yalvarıram, bu iki cavanın göz yaşı tökməyinə bais olma. Qızını bədbaxt etmə. Külsüm. Dayı, mən də yalvarıram, Qünçanı Məhəmmədən ayırma. Molla Fəttah. Çəkilin, siz qadınların məsləhətinə qulaq asıb bu dünyada biabru, axirətdə də cəhənnəm oduna yanmaq istəmirəm. Məhəmməd. Ey mənim seyid atam, ey mənim axund dayım. Mir Kazım ağa. Sus, şeytan məl’un! Sən dinsiz daha mənim övladım deyilsən! Çəkil. Evimdən çıq! Rəd ol! Məhəmməd. İndi mən bağırıram. Vay o millətin halına ki, sizin kibi yol göstərəni var! (Getmək istəyir.) Qünça. Məhəmməd, məni bunlara buraqıb haraya gedirsən? Külsüm. Qardaşım, məni də özünlə apar, burada qoyma. Məhəmməd. Səbr ediniz, ey qünça güllərim. Məhəmməd sizləri bu zülmətdən, bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir. Pərdə * * * Yeni həyat Bir pərdəli pyes 1923 İştirak edənlər Usta İman. 50 yaşında bir papaqçı Səlimə. Onun arvadı. Firqəçi Allahqulu. Onun oğlu, qomsomol Səkinə. Onun qızı, pionerqa Nazlı. Onun bacısı qızı Məhəmməd Rəhim. Nazlının əri, Usta İmanın dükan şəriki Axund Rəhmətullah. Molla Hacı İsmayıl. Tacir Birinci pərdə Səhnə usta İmanın qonaq otağını göstərir. Otaq səliqə ilə bəzənmiş. Sağ tərəfdə Allahqulu Lenin guşəsi düzəltmiş, divardan Lenin və başqa rəhbərlərin şəkilləri asılmış. Masa üstə kitablar, qlobus, insan qafası və qeyri tədris ləvazımatı. Sol tərəfdə Səkinə öz masasını pioner tərzilə bəzəmiş. Nazlı otağı səliqəyə salarkan usta İman daxil olur Usta İman. Ay qız Nazlı, Səlimə evdədirmi? Nazlı. Xayır dayıcan, evdə heç kəs yoqdur. Usta İman. Qırılmışlar hara getmişlər? Nazlı. Səlimə Zenotdelə iclasa getmiş. Usta İman. Nə mənə? Cinatdel? Nazlı. Belə o urus kilsəsinin qabağında bir böyük ev var ha, ora Zenotdel deyirlər. Orada arvadları oqudurlar. Onlara tamaşa göstərirlər. Qlubları da var. Usta İman. Demək, Səlimə Cinatdel olmuş? Nazlı. Bəli. Usta İman. Mənim bu mürtəd oğlum Allahqulu özü komsomol olduğu bəs deyil idi, arvadı da yoldan çıqardıb cinatdel elədi. Nazlı. Bəli dayıcan, yoqsa Səlimə elə yerləri haradan tanırdı? Usta İman. İndi ehtiyatlı olmalı. Yoqsa kafir qızı məni dutdurar. Nazlı. Doğru deyirsən dayı. O günü mənə deyirdi ki, bir də hünəri var mənə bir çırtma vursun o saat həbsə saldırram. Usta İman. Gözəl şəriəti bu dinsiz bolşeviklər gör nə günə saldılar? Ərin arvada ixtiyarı yoqdur, uşağa ixtiyarı yoqdur, bəs bu külbaşın nəyə ixtiyarı var? Nazlı. Dayı, mən istəyirdim sənə deyəm, amma qorqurdum. İndi ki, iş açıldı qoy o birisini də deyim. Usta İman. Daha nə var? Nazlı. Allahqulu Səkinəni o küçələrdə «curavey-curavey» oquyan uşaqların dəstəsinə yazdırıbdır. Usta İman. Nə? O baldırları açıq, əllərində dəyənək küçələri dolaşan qarğa kibi qaqqıldaşan dəstəsinə? Nazlı. Bəli, bəli onlara piyanerkə deyirlər. Usta İman. Vay sənin zatına lə’nət a belə oğul. A kişilər az qalmışam mən də dindən çıqam. Əgər allah var neyə bu şəhəri alt-üst etmir. Əstağfürulla, lə’nət şeytana. (Hirsli gəzinir.) Nazlı. Ay dayı sən allah sakit ol. Hər şeyi ürəyinə salma. Usta İman. Axı mən necə sakit olum? Görmürsənmi bu dinsiz oğlu mənim başıma nə həngama gətirib? Arvad—cinatdel, oğul komsomol, qız pənirkə. Neyə partlayıb gəbərmirsən usta İman? Allahqulu (qoltuğunda kitab daxil olur, masa dalında oturub kitabın vərəqlərini kəsir.) Usta İman. A bidin oğlu, bidin... Allahqulu. Kaş dediyin sözlər doğru olaydı. Usta İman. Bəs doğru deyil? Allahqulu. Xayır doğru olsaydı mən elə ata ilə fəxr edərdim. Usta İman. Adə, sərsəm olmusan nədi? Hansı ata ilə fəxr edərdin? Allahqulu. Sən deyən bidin ata ilə. Usta İman. Səsini kəs mürtəd oğlu mürtəd. Allahqulu. Elə atanı da şadlıq ilə qabul edərdim. Usta İman. Hansı atanı? Allahqulu. Mürtəd atanı. Usta İman. A biiman oğlu biiman, sən mənim ürəyimi partladaçaqsan. Allahqulu. Doğrudur, mən sən İmanın oğluyam ancaq, əfsus ki, «bi»siz. Usta İman. A qız Nazlı tez ol su ver içim. Yoqsa doğrudan da bu bidin biməzhəb mənim bağrımı çatladaçaqdır. Nazlı. Ay dayı, sən allah hirslənmə. Yoqsa o səfərki kibi ürəgim bitab olar. Allahqulu. Ata, son sözlərin doğrudur. Mənim nə dinim var, nə də məzhəbim. Usta İman. A qız de eşit, mən necə hirslənməyim. Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə. Nazlı. Ala iç, özün də təbiətdən çıqma. (Usta İman suyu alıb içir.) Allahqulu. Bibi qızı doğru deyir. Neyə özündən çıqıb hər söz başı fəhş edirsən. Kişi kibi sözünü de, cavab al. Usta İman. Mən kişi olsaydım arvadım cinatdel, oğlum komsomol, qızım da pənirkə olmazdı. Nazlı. Ay dayı, daha bəsdir. Neyə kişi deyilsən. Hamı ərlərin arvadları Zenatdel qlubuna gedirlər. Orada oyun çıqardanlara tamaşa edirlər. Burada nə pis iş var? Usta İman. Yoqsa sən kafir qızı da oraya gedirsən? Nazlı. Xayır mən oraya getmirəm. Usta İman. Bəs bu işləri hardan bilirsən? Nazlı. Ora gedən arvadlar səyləyirlər. Usta İman (Allahquluya). Bir də görüm arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə bəs mən başı daşlının adı nə? Allahqulu. Sən də qeyrətli, məşədi, kərbəlayı müsəlmanların qırqıq başlarına namus papağı tikən usta İmansan. Usta İman. Belə atan oldu rəhmətlik, doğru söz dedin. Bəs mənim bu batmış başıma bu biğeyrət, binamus papağımı kim tikmiş? (Papağı yerə zollayıb ayaqları ilə tapdalayır.) Nazlı. Ay dayı sənə qurban olum sakit ol. Bircə otur. (Altına sandalya çəkib oturdur, papağını düzəldib başına qoyur, sonra su verir.) Bu suyu iç hirsin yatsın. Usta İman. Yoq, daha səbr kasam dolub daşıbdır. Gərək ürəyimdə nə varsa deyəm. Allahqulu. Onda başla gəlsin. Usta İman. Sən anadan olandan üç ay sonra, ay kaş heç olmayaydın, mən böyük bayram edib molla ilə qur’an ilə sənə bu batmış Allahqulu adını qoydum. İndi onu neyə dəyişmisən. Siz dinsiz bolşeviklər, adın da düşmanısınız? Allahqulu. Hansı ad ki, bizim əqidəmizə düz gəlmir onu dəyişdiririk. Mən heç kəsə qul olmaq istəmirəm. Onda da adı var, özü yoq allaha! Usta İman. Bay allah sənə lə’nət eyləsin. Allahqulu. Varsa eləsin. Usta İman. Qız eşidirsən, a allaha inkar edən şeytani-məlun! Bəs allah kibi böyük bir adın əvəzinə nə qoymusan. Mənə xəbər veriblər ki, özünə zilimi, milimi bir belə ad qoymusan. Allahqulu. Doğrudur, adımı dəyişmişəm, böyük Oqtyabr bayramı münasəbətilə yeni adlar qoyurdular. Mən də özümə Çili adı qoydum. Usta İman. O necə addır? Allahqulu. Böyük rəhbərimiz İliçin sağdan sola çəvirmə adıdır. Usta İman. Daha nə deyim? Küfr bu torpağı basmış. Buradan qaçmaq lazımdır. Gec tez allah-təala və təbarək Lut şəhri kibi bu şəhri də alt-üst edəcəkdir. Allahqulu. Yoqsa onun üçün Məşhəd ziyarəti bəhanəsilə buradan qaçırsan? Usta İman. Xayır o deyil, fikrim odur ki, gedib imam həzrətlərinin qəbri-şərifinə yıqılıb yalvaram ki, siz bidinləri həq yola gətirsin. Allahqulu. Xayır biz ilə işin olmasın. Ağana yalvar ki, məşədi, kərbəlayılar insafa gətirsin. Arvadların heç zad üstə gündə dörd dəfə döyüb başlarını yarmasınlar. Qol-qabırğalarını sındırmasınlar. Onların üstə üç arvad almasınlar. On yaşında qızlarını qoca kaftarlara ərə verməsinlər. Uşaqları məktəbə girmək istəyəndə mane olmasınlar. Nazlı. Ay dayı, Allahqulu bunları lap doğru deyir. Usta İman. Kəs səsini bihəya. Görürəm səni də bu məl’unlar yoldan çıqartmışlar. Nazlı. Dayıcan, dünən gecə məşədi Səfdərqulu arvadı Şah Sənəmi o qədər döymüş ki, yazıq arvadın bədəni qara tuluğa dönmüş. Usta İman. Çoq əcəb də etmiş. Görünür ərinin itaətindən çıqmış. O da döymüş. Arvadın əqli kəm olar. Özü də hüçət. Onları başına buraqmaq olmaz. Allahqulu (istehza ilə). Düz buyurursan atacığım. Qlara Setkinin əqli məşədi Səfdərquludan kəmdir? Usta İman. Ay qız, sən bu səfih sözlərə nə qulaq asırsan. Get xörəyini bişir. (Nazlı çıqır.) Mən Qlara-mılara tanımıram. O arvad əqilli olsaydı allah-təala onu kişi yaradardı. (Səlimə daxil olur.) Usta İman. Arvad hardan gəlirsən? Səlimə. Sənə nə borcdur hardan gəlirəm. Usta İman. Bəs mən sənin ərin deyiləm? Səlimə. Əfsus ki, ərimsən. Usta İman. Nə üçün əfsus? Səlimə. Çünki gor-ba-gor olmuş atam məni gözü yaşlı zor ilə sənə vermiş. İyirmi il bu viranədə sənin zülmün altında cəhənnəm odu çəkmişəm. Elə indicə işıqlı dünyaya çıqmışam. Usta İman. Çünki dinsiz axirətsiz cinatdel olmusan, beləmi? Səlimə. Bəli, qluba çilen olmuşam. Bu da mənim üzvülük kitabçam. Buyur baq. (Göstərir.) Usta İman. Cəhənnəmə başbilit çıqarmısan. Səlimə. Xayır, sənin zülmünün müqabilində bu kitabça mənim qalqanımdır. İndi hünərindi mənə əl qaldır. Atana od vurub yandırram. Usta İman. Odu mənə bu kafir oğlu vurmuş. Səninki lazım gəlməz. Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə. Bu cəhənnəm deyil bəs nədir? Səlimə. Sən bizə sənələrcən cəhənnəm odu çəkdirmisən. Biz ki sənə bir şey etməmişik. Usta İman. Tələsmə, vaqt gələr yenə ixtiyarı əlimə alaram, onda sizə göstərərəm. Allahqulu. Bilirik, çoq sənin kibi məşədi, kərbəlayılar əllərini göyə qaldırıb dua edirlər ki, Şura hökuməti yıqılsın. Fəqət Antanta kibi nərlər yıqa bilməyən bir hökuməti, sizin kibi məşədilər yıqa bilməz. Proletariatın parlaq günəşini sizlər kibi yarasalar söndürə bilməzlər. Səlimə. A kişi ey, baq dilini farağat qoy. Yoqsa Zenotdelə xəbər verərəm. Səni dutub Çeqaya salarlar. Usta İman. Ay arvad, sən də qalmaqal axtarırsan. Külfət söhbətidir edirik. Bunun cinatdelə nə dəxli var. Səlimə. Çoq dəxli var. Sənin kimilər ya gərək Şura hökumətinə tabe olalar, ya da itilib hansı ölkəyə istəyirlər gedələr. Usta İman. Yaqşı ay arvad, onu da edərik, daha acığın dutmasın. Səlimə. Nece acığın dutmasın, o günü qızın kitab pulu istəyir, deyirsən itil cəhənnəmə. Bəs belə atalıq olar? Usta İman. Axır mən başı külli nə edim? Kitab bir olar, iki olar, yoqsa on yaşında qıza altı-yeddi kitab lazımdır. Bu da sizin şura məktəbiniz. Yazıq qızın başın doldururlar ki, yer belə fırlanır, ay, gün belə fırlanır. Bəh, bəh bu da elm oldu. Onları yaradan istər belə fırladar, istər tərsinə fırladar. Ya da heç fırlatmaz. Bunun balaca qızlara nə dəxli var. Canım nə üçün allahın işinə qarışırsınız? Allahın səbri çoq isə də qəzəbi də az deyil. Axırda təngə gəlib ikinci dəfə tufan edər. Bu küfrə mürtəkib olmuş ölkəni suya qərq edər. Deyər indi yer hansı tərəfə fırlanır? Allahqulu (qəhqəhə ilə gülür.) Ha-ha-ha... atacığım belə mevhumat ilə sizləri aldatmışlar; elə naqıllara biz ancaq gülürük. Usta İman. Nuhun oğlanlarından biri də sənin kibi tufana inanmırdı, gülürdü, dalqalar içində boğulanda inandı ki, allah da varmış, onun qəzəbi də. Məhəmməd Rəhim (daxil olur). Usta əmi, Xorasan yoldaşlarının dükana xəbər göndərmişlər ki, saat beşdə İrana böyük paraxod gedir. Pəncşənbə gününə qalmaq istəmirlər. Saat da xoşdur. Getmək istəsəniz hazırlaşın. Usta İman. Əlbəttə istəyirəm, sən get dükanı baqla, tapşırdığım şeyləri al gətir ki, İranda satıb yol xarcımı çıqardım. Daha durma vaqt azdır. Məhəmməd Rəhim. O tapşırdığın şeylərdən süvayı başqa mal alımmı? Usta İman. Xayır, xayır. Məhəmməd Rəhim. Ancaq sən də hazır ol. Vaqt azdır. (Çıqır.) Usta İman. Arvad, dur sən də tuman-köynək, yorğan-döşək hazır et. Səlimə (istehza ilə). Usta İman, ziyarətin qəbul olsun. Bəs bu evi kimin umuduna qoyub gedirsən? Usta İman. Cinatdel arvadımın, komsomol oğlumun, pənirkə qızımın umuduna. Allahqulu. Anam doğru deyir. Sən ailənə zülm edirsən. Özün bilirsən ki, mənim sənə ehtiyacım yoqdur. Həm qulluq edirəm, həm də oquyuram. Öz zəhmətim ilə özümü dolandırıram. Evə də kömək edirəm. Lakin bu nə ziyarət bazlıqdır. Nə üçün zəhmət ilə qazandığın pulları aparıb Xorasan lotularına yedirirsən? Səlimə. Oğlum, sən elə bilirsən bunun məqsədi ziyarətdir? Xayır bu Məşədə kefə gedir. Usta İman. Arvad günah etdin, əstəxfar et. Mən ağamın qulluğuna gedirəm. Səlimə. Xayır sən ağanın yava kənizlərini siğə etməyə gedirsən. Usta İman. Arvad nə sarsaq-sarsaq danışırsan? Əyər mənə e’tibar etmirsən bismillah buyur səni də aparım. Səlimə. Ay ey, kül başına. Sən elə fikir edirsən ki, mən qısqancılıq edirəm? Bəli sənin gül cəmalına, sərvi-qamətinə aşiqəm. Usta İman. Aşiq olsaydın gedib cinatdel olmazdın. Səlimə. Əlbəttə siz məşədi-kərbəlayılar Zenotdeli sevməzsiniz; çünki arvadlarınıza etdiyiniz zülmün qarşısını o alır. Allahqulu (ayağa qalqaraq). Ata mən yaçeyqaya gedirəm. (Səlimə o biri odaya gedir.) Usta İman. Bəs məni ötürməyə gəlməyəcəksən? Allahqulu. İclasımız tez qurtarsa gələrəm. Usta İman. Sənin o sabrannın mənim ziyarət səfərimdən əfzəldir ki, qalmaq istəmirsən? Allahqulu. Əlbəttə, min qat əfzəldir. Biz yeni dünya, yeni həyat qururuq. Sən və sənin yoldaşların da əski dünyadan bərk-bərk yapışıb bizə mane olursunuz. Usta İman. Siz yeni dünya tikmirsiniz, insanları əski bütpərəstliyə, daha doğrusu dinsizliyə də’vət edirsiniz. Allahqulu. Səndən mübahisə etməyə vaqtım yoqdur, get imama yalvar ki, tezlik ilə bizi yıqsın. Yoqsa biz sadiq bəndələri də yoldan çıqardacayıq. (Çıqır.) Usta İman (yalnız). Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə, heç bilmirəm imam həzrətləri mən günahkar atanın taqsırından keçəcəkdirmi? Məhəmməd Rəhim (əlində bir dolu xurcun daxil olur). Usta əmi tapşırdıqlarının hamısını əmələ gətirdim. Lakin malları sən deyən qiymətə ala bilmədim. Dükancılar malın qiymətini artırmışlar. Usta İman. Vay allah sizin insafınızı kəssin. Bidin uşaqları bidin. Elə qanunxoz yaqşı eləyir ki, bu alverçiləri sıqır. Beş kəpiyə aldıqları malı bir manata satırlar. Məhəmməd Rəhim. Puldan da bir az kəm oldu. Məşədi İbrahim yüz manat əvəzinə altmış manat verdi, dedi: əldə pulum ancaq budur. Usta İman ziyarətdən qayıdınca yerdə qalanı da hazırlayıb evə verərəm. Usta İman. Eybi yoqdur. O düz adamdır. Ancaq alanda özündə saqla, evə vermə. Cümlətanı necədir? Məhəmməd Rəhim. Altı yüz əlli manatdır. (Cibindən çıqarıb sanıyır. Nazlı daxil olur.) Nazlı (Məhəmməd Rəhimə). A kişi dayıma pul ver, Xorasandan mənə ipək yaylıq alsın. Məhəmməd Rəhim. Pulum yoqdur. Bunlar dayının puludur. İrandan mal alacaqdır. Nazlı. Bəs mənim başım yaylıqsız qalsın? Məhəmməd Rəhim. Hələlik kəhnəsilə dolan. Sonra alaram. (Pulları usta İmana verir.) Buyurunuz, düz altı yüz əlli manatdır. Usta İman (pulları sanarkən). Bacı qızı sənə yaylıq da alacağam, başqa sovqat da. Ancaq bu evdən, eşikdən müqayat ol. Yoqsa o dinsizlər mən gəlincə evi soyacaqlar. Bir də mənim arvadıma qoşulub cinatdel olma. Nazlı. Dayıcan, doğrudur məni də yoldan çıqarmaq istəyirlər, lakin arxayın ol, mən elə iş etmərəm ki, sizə binamusluq gəlsin. Məhəmməd Rəhim. Elə bir balaca o yan-bu yan elədin o saat kəbinini verib evdən qovacağam. Usta İman. Nazlı mənim namuslu, bacımın qızıdır. O pis iş etməz. (Çəl qapı döyülür.) Məhəmməd Rəhim. Nazlı o biri otağa keç. Yəqin axund Rəhmətulla ilə hacı İsmayıldır. (Nazlı yan qapıdan, Məhəmməd Rəhim orta qapıdan çıqırlar, sonra axund Rəhmətullah, hacı İsmayıl, dalarınca Məhəmməd Rəhim daxil olurlar.) Rəhmətullah. Səlamün əleyküm. Usta İman. Vəəleyküməssəlam. Çoq xoş gəlmisiniz, buyurunuz, buyurunuz. (Otururlar.) Hacı İsmayıl. Nə yaqşı oldu ki, Məhəmməd Rəhim ilə görüşdük. Yoqsa sizin görüşünüzdən məhrum olacaqdıq. Usta İman. Züvvar bu axşam çıqır. Mən də yoldaşlardan ayrılmaq istəmirəm. Rəhmətullah. Çoq gözəl, bu gün saat xoşdur və bir də buyurmuşlar ki, züvvar nə qədər məkanından tez çıqsa, bir o qədər səvabı artıq olar; çünki zair niyyət baqladığı saatdan ağası onu gözləyir. Başqa kitabi-müqəddəsdə yazmışlar ki, xüdavəndi-aləm elə əcələ edən zairin hər bir dəqiqəsinə behiştdə bir huri, hər bir saatına bir qılman bəxş edəcəkdir. Hacı İsmayıl. Cənabi-axund ələlxüsus ki, belə küfr zamanında. Rəhmətullah. Bəli, bəli. Hacı İsmayıl. Usta İman, bu divarlardakı şəkillər kimdir? Usta İman. Dinsiz bolşeviklərin rəhbərləridir. Rəhmətullah. Onları nə üçün evdən asmısan? Məyər bilmirsənmi ki, bu otaqda namaz qılmaq caiz olmaz. Usta İman. Nece bilmirəm, yaqşı bilirəm. Lakin nə edim, arvad cinatdel, oğul komsomol, qız pənirkə. Mən başıma nə kül töküm? Qurban olduğum allahın da səbri çoq. Rəhmətullah. Bəli səbri çoqdur, lakin bəlası da az deyil. Nece oldu qevmi-Ad? Nece oldu Lut əhli? Hamısının bir türfətil-eyndə fot etdi. Hacı İsmayıl. Axund, bu bolşeviklər belə məşhur tarixləri məgər oqumurlar? Rəhmətullah. Ay hacı, mən tarix sözü demirəm ki ona şübhə edələr. Mən qur’anın lap ortasından səyləyirəm. Usta İman. Ay axund, sən nə danışırsan? Onlar allahı, peyğəmbəri, imamı, qur’anı, kitabı, hamısını inkar edirlər. Sən onlara nə qandıracaqsan? Hacı İsmayıl. Onlarla mübahisə etmək də günahdır. Rəhmətullah. Doğru buyurursan. O kafirlərin sözlərini də ağıza almamalı. Usta İman. Onsuz da olmur. Mən bu evdə o kafir oğlum ilə gündə on dəfə savaşıram. Səkinə (pioner libasında daxil olur). Ata gəldim pioner paltarımı sənə göstərim. Necədir yaraşırmı? Usta İman. Çəkil, itin belindən gəlmiş. Yoqsa durub əlindəki dəyənək ilə o açıq baldırına o qədər dəyərəm ki, çolaq olub bir də küçələrdə curavey-curavey oqumazsan. Səkinə. Ata, pioneri döymək, söymək olmaz. Biz azadə şanlı proletariat qoşunuyuq. Rəhmətullah. Siz əcinnə qoşunusunuz. Allah kökünüzü yer üzündən götürsün. Səkinə. Molla, sən yerində farağat otur, çoq mənim kibi balaca qızların kəbinlərin qoca kişilərə kəsmisən. Usta İman. Sus mürtəd qız mürtəd. Səlimə (daxil olur). A kişi nə qışqırırsan, nə olmuş? Usta İman. Daha nə olacaqdır. Kim bu ərə getməli qızı belə döşü açıq, baldırı açıq, əli dəyənəkli etmiş? Kim? Kim? Səlimə. Belə mən, mən. Usta İman. Sən qələt etmisən. Atan Cə’fərqulu ilə, baban kosa Mehdi ilə. İt qızı it. Bu saat səni boğub öldürəcəyəm. Bu evə də od vurub yandıracağam. Daha mən təngə gəldim. (Onun üstə hücum edir.) Səkinə (ağac ilə qarşısını alaraq uca səslə). Yasaq. Usta İman. Çəkil itin qızı it. Məhəmməd Rəhim. Usta əmi sakit olunuz uşaqdır. Qəbahətini anlamır. Rəhmətullah ilə hacı İsmayıl (qalqıb gedərkən). Usta İman xüdahafiz. İltimasi-dua. Usta İman. Baqışlayınız, halımı görürsünüz. (Çıqırlar.) Səlimə. A kişi məni boğub öldürəcəksən? Məhəmməd Rəhim. Səlimə bacı rahat olunuz. (Paraxod iki dəfə fit verir. Nazlı bir böyük baqlama ilə daxil olur.) Nazlı. Dayı, sənə lazım olanların hamısını buraya qoymuşam. Usta İman. Adə Məhəmməd Rəhim, paraxod iki dəfə fit verdi. Tez fayton dalınca get. (Məhəmməd Rəhim çıqır.) Səlimə. İndi bu dava-şavadan sonra çıqart görüm evə nə qədər pul verəcəksən? Usta İman. Bir də görüm sənə pul nə lazımdır? Hər nə lazım olsa Məhəmməd Rəhim alıb verəcəkdir. Səlimə. Mən Məhəmməd Rəhimin əlinə baqan deyiləm, çıqar öz əlimə ver. Səkinə. Ata mənə çəkmə pulu ver. Usta İman. Sənə çəkmə lazım deyil. Baldırını açan qız ayaqyalın da gəzə bilər. (Allahqulu daxil olur.) Səlimə. Oğlum yaqşı vaqtda gəlmisən, atan gedir, evinə pul vermək istəmir. Allahqulu. Elə iş ola bilməz. Kişi kibi söz vermisən. Kişi kibi də əmələ gətir. Yoqsa səni buraqmaq yoqdur. Usta İman (qoltuğundan kisəsini çıqardıb açır, bir qədər pul götürüb Səlimeyə verir.) Ala bu da sənin ev xarcın. Daha ürəyin sakit olsun. Səlimə (sanıyıb). Elə bu? Bir elə puldan evə bunu verirsən. Bu pul heç beş günə də çatmaz. Usta İman. Bu pulları tərpətmək olmaz. Bunlara İrandan mal alıb gətirəcəyəm. Mənim də çalışıb vuruşduğum sizinçindir. Səlimə. A kişi bizi elə salmısan? Özünü lotuluğa qoymusan? (Pulu onun döşünə çırpır.) Al, Xorasanda sənə siğə üçün lazım olar. (Yenə fit səsi gəlir.) Usta İman. A dinsiz balaları dinsiz, siz mənim başıma nə gətirirsiniz? İndi ki belə oldu heç bir qara kəpik də vermirəm. A qız Nazlı şeyləri götür gedək. (Getmək istəyir. Səkinə qapının ağzını kəsib.) Səkinə. Yasaq. Usta İman. Çəkil kafir balası kafir. Səkinə. Yasaq! Məhəmməd Rəhim (daxil olur). Usta əmi, paraxod son fiti verdiyinə görə fayton dutmadım. Usta İman. Vay sizin zatınıza lə’nət, məni ziyarətdən qoydunuz. A kafir uşaqları kafir, cəmi vəbalım sizin boynunuza gəlsin. Allahqulu, Səlimə, Səkinə (üçü də). Gəlsin. Usta İman. Axirətdə nameyi-əmalınız sol əlinizə verilsin. Üçü də. Qoy verilsin. Usta İman. Ay müsəlmanlar, axı mən başı daşlı, mən gözü yaşlı nə edim? Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-pyesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.