Qorxulu nağıllar Süleyman Sani Axundov (1875–1939) Əhməd və Məleykə Qışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi. Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi. Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara bər’əks olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi. Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi, yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb, əlinə qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi. Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşçadan oxumağa başladı. Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi: – Nənə, mənə bir qorxulu nağıl söylə. Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi: – İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın? – Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi. Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi: – Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söyləyərəm, bu şərtlə ki, qorxmayasan. – Yox, ata, qorxmaram, söylə. Hacı Səməd çaydan bir neçə qurtum içib başladı: – Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarında Tatarçıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla küzəran edərdi. Qızım, həmin bu nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı. Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızın əvvəlindən Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu dörd gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla küzəran edərdi. Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin təzəcə alınmasını xahiş edirdi. Lakin beş gün keçdi, bir həftə keçdi, on gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi. Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman, kim isə qapını döydü. Uşaqlar cəld: – Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə bürünmüş, əlləri əlçəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu aldı. Uşaqlar: – Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar. Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi. Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb zar-zar ağladı. Bunların ah-naləsi, boranın qurultulu səsi bir-birinə qarışmışdı. Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu: – Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, aclıqdan öləcəyik. – Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, – deyə Xədicə oğluna təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar yuxuya getdilər. Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalət onu götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar aclıq ildə necə dolansın? Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərini satmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır. Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı bunların günündə idi. Acından zavallı uşaqlar taqət və küçdən düşmüşdülər. Yazıq Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu. Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı.. Birdən Fatma özünü atasının qucağına atıb dedi: – Ata, demə, demə! Qorxuram. Hacı Səməd qızının başını sığallayaraq dedi: – Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykəni soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi: – Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörək salar. Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan kumbultu ilə bir şey içəri düşdü. Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki, ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd dedi: – Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı. Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən qağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur. Buna görə ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə pula bükülmüş qağızda yazı sataşdı: – Ana, burada yazı da var; qoy görək nədir? – deyə Əhməd qağızı oxudu. «Qızım Məleykə, mən bir qoca səyyahəm. Yolda evinizin yanında faytonumun çarxı çıxdı, onu salınçan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xudahafiz. Səyyah Cəmaləddin». Bu halda Məleykə oyanıb dedi: – Ana, mələk bacamızdan çörək saldımı? – Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, – deyə Xədicə Məleykənin qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından bilmirdilər ki, nə etsinlər. Axırda hamı şadxürrəm yıxılıb yatdılar. İndi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz. Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi. * * * Abbas və Zeynəb Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi: – Yenə nağıl istəyirsiniz? – Bəli, ata, – Məmməd cavab verdi. Fatma dedi: – Ata, bu gün müəlliməmiz bizə «Əlibaba və qırx quldur»un nağılını oxudu. Sən də bizə quldurdan söylə. – Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar. Qulaq as, bu nağıldan özün bilərsən. – Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi. Qayadibi adlı kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdır. Birdən azançının «allahü-əkbər» səsi ucaldı. Çütçülər bundan əvvəl oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə çüt əkməyə getdilər. Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmürdü. Amma şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı. Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və arıları oyatdı. Quşların çəh-çəhi havaya ucaldı. Bunların xoş avazları çütçünü şura gətirdi. O da ahəstə-ahəstə çütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə sürüsünü otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı. Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş rənginə dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi... * * * – Abbas, bax, gör mən nə qədər yığmışam. – Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam. – Fındıq da. – Yaxşı fındıq da alaram. Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə oturdular və onları dəstə tutmağa başladılar. Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey qoymamışdı. Ancaq anaları Fatma çəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı. Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula satırdı. İki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi. Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki quldur Səfərdən qorxurdu. Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu mə’lum deyildi. Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi. Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş aldı: «Ey qayadibililər! And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb, o gözəl vətəninizi odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun». Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi. Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə köndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi. Fatma neçə gün idi ki, işsiz idi. Ona görə istər-istəməz uşaqlara izin verdi. Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular. Fatma ağıllı, xoşrəftar bir arvad idi. Öz uşaqlarına da yaxşı rəftarı, bir-birilə mehriban dolanmağı tərbiyə vermişdi. Uşaqlar da analarının gözəl sifətlərini və tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. Zeynəb qaraqaş, qaraköz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi. Abbas bacısını artıq dərəcədə sevirdi. Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey almayaydı. Abbas üzünü bacısına çevirib dedi: – Zeynəb, bu yığdığımız qulançar azdır, buna heç bir şahı da verməzlər. Dur gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən odun doğrayıb şələ qayırım. – Axı, qardaş, mən yorulmuşam. – Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək yığaram, – deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu. Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar. Bu seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi. Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub, bahar günəşi ilə oynaşırdılar. Hər rəngə çalan çürbəçür çüçülər otlara mərcan kimi sarılmışdı. Bir tərəfdən çiçəklərin qoxusu, bir tərəfdən quşların çəh-çəhi və bir tərəfdən də baharın xoş meh insanı bihuş edirdi. Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan bir bulaq axıb şırıltı ilə aşağı təkülürdü. Suyun zərrələri havada günəşin şəfəqindən almaz parçaları kimi parıldayırdı. Bu bulaq «Şırlanbulaq» adı ilə məşhur idi. Zeynəb bu gülüstanı, bu çərgət kimi sərilmiş lalələri və çiçəkləri görcək yorulmağını unudub – Ah nə gözəl çiçəklər var, – deyə qışqırdı və qardaşının əlini buraxıb gül yığmağa qaçdı. Abbas da ipini və dəhrəsini yerə qoyub qulançar yığmağa məşğul oldu. Zeynəb kah çiçək yığırdı və kah da qışqıra-qışqıra pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. O vaxt Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kollut dərəyə düşmüşdü. Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir qurultu düşdü. Abbas elə bildi ki, göy quruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi. Bu qurultudan bir dəqiqə keçməmiş elə bir qurultu başladı ki, deyəsən bu saat göylər uçub yerə təküləcəkdir. Abbas başını yuxarı qaldırıb gördü ki, küllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən çütçülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır. «Quldurlar!» – Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdır. Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında gizlənsin. Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başıaçıq, saçları döşünə təkülmüş, ovçu oxundan qaçan ceyrantək «Abbas, qardaş» – deyə o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların küllələri onun üstünə dolu kimi yağırdı. Abbas uzaqdan səsləndi: – Bacı, Zeynəb, qorxma, buradayam! Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin otuz qədəm getməmişdi ki, birdən «Ox!» deyib yerə yıxıldı. Abbas özünü bacısına yetirib gördü ki, Zeynəbin sinəsindən al qan qətrə-qətrə təkülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdir. – Abbas, mənə su ver! – Dur, bacım, qaçaq Şırlanbulağa. Zeynəb istədi ki, qalxsın, amma bacarmadı, Abbas onu çox çətinliklə qucağına götürüb, bulağa tərəf aparmağa üz qoydu. Lakin on qədəm getməmişdi ki, quldurlar bunları təzədən külləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə saldı ki, orana külləyə tutmurdu. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü. – Abbas, candım, mənə su ver! – deyə Zeynəb nalə edirdi. Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırdı. – Bacı, bu saat sənə su gətirəcəyəm, – deyə Abbas bulağa tərəf yüyürdü. Küllə müdam onun üstünə yağırdı. Abbas özünü bulağa yetirdi. Araqçınını su ilə doldurub qayıtdı. Bu dəfə Abbas qaça bilmirdi; qorxurdu ki, suyu təkülsün, Abbas o qədər Zeynəbə yaxınlaşdı ki, onun «su» naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Nəmərd küllə binəva uşağın sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin üç qədəm getməmişdi ki, dübarə yıxıldı, Abbas sürünə-sürünə özünü bacısının üstünə saldı, gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdır. Elə bil ki, deyir: «Qardaş, Abbas, mənə su ver». Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi: – Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm. Bu hadisədən altı saat keçdi. Dəhi tüfəngin qurultusu kəsilmişdi. Dağların arasını tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü idi. Beş-altı saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi, indi yanıb kül olmuşdu. Əhalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb dağlarda, meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı. Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdən bir səs çıxmırdı. Heyvanlar və quşlar insanların vəhşi hərəkətindən elə xofa düşmüşdülər ki, hələ cür’ət edib yuvalarından çıxa bilmirdilər. Ay yavaş-yavaş qalxıb, qəmkin-qəmkin insanların tutduğu vəhşi əməllərə baxırdı. Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı. Bu arvad Fatma və axtardığı da iki balası idi. – Zeynəb, Abbas, gözəl balalarım, yetim balalarım, haradasınız, səs verin! – deyə Fatma nalə edirdi. Lakin çəmən üstündə, lalələr arasında qucaq-qucağa verib qanlarına qəltan olmuş Zeynəb və Abbas – bu iki mə’sum anaları Fatmanın naləsini eşitmirdilər. * * * Nurəddin Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu: – Qızım, nə fikrə getmisən? Fatma cavab verdi: – Ata, müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldim ki, ondan belə mə’na çıxsın: «Yaxşılıq elə, əvəzini görərsən». İndi qulaq as, söyləyim, gör yaxşıdırmı? – Çox gözəl, qızım, söylə görüm. Fatma söylədi; atası da bəyənib tə’rif etdi. Məmməd dedi: – Ata, mənə də müəllimimiz atalar sözündən olan «Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir» sözünə münasib bir hekayə düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram. – Oxu, oğlum, görüm nə tövr yazmısan. Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu: – Ata, hansımızınkı yaxşıdır? – Qızım, qoy birisini də mən söyləyim, sonra bax görək kiminki əladır, – deyə Hacı Səməd cavab verdi. Məmməd və Fatma ikisi də bir ağızdan: – Söylə, ata, söylə, – dedilər. Hacı Səməd başladı: – Övladlarım, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan da gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqarasına pul və xörək payladı. Oğlanın adını Nurəddin qoydular. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar. Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi: – Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir nəfəri körpü üstündə başını aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi: – Mən əhl-əyal sahibi bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb alaram. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim: – Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et. Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub: – Hacı, sovqat üçün bundan əziz bir şeyim yoxdur, – deyə Gülüstan kitabını mənə uzatdı. – Qoy mən Rəhim tərəfdən sevikli övladınız Nurəddinə Sə’dinin bu Gülüstan kitabı yadigar olsun. Sonra dübarə razılıq edib getdi. Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi: – Oğlum böyüyəndə bu kitabı oxuyar. Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şakird idi. Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini istəyərdi. Çox çəkmədi ki, Hacı Nəsirin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. Vəfalı Həlimə ərinə ürək verib, çox qəm-qüssə çəkməyə qoymazdı. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı. Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bilmədi. Həlimə doqquzuncu gecə, «Nurəddin» deyə-deyə vəfat etdi. Həlimə oğlunu hər gecə soyundurub əzizləyə-əzizləyə yatırardı. O da anasının boynunu qucaqlayıb: – Ana, keçən xeyrə qalsın, – deyə onu öpərdi və şirin yuxuya gedərdi. O idi ki, həmin gecə qulluqçu onu rahat edəndə anası yadına düşüb təzədən ağlamağa başladı. Gecə yarıdan keçdi. Lakin Nurəddin yata bilmədi. Ağlamağını kəsib xəyala getmişdi. – Ah, birdən anam dirilə... Bəlkə anam heç ölməmişdir, bilmirlər?.. O günü müəllimimiz söylədi ki, bir elə yuxu var ki, ölümə oxşayır, bir neçə gün hətta neçə ay azarlı ölü kimi qalıb, axırda yenə dirilir. Çox ittifaqlar düşür ki, elə azarlını ölmüş zənn edib dəfn edirlər. Ah, bəlkə anam da elə yuxuya getmişdir?.. Onu ölmüş bilib basdıracaqlar, – yox, yox, qoymaram. Səhər tezdən atama deyəcəyəm ki, hələ anamı basdırmasınlar, bəlkə ölməmişdir. Belə fikir və xəyalatda ikən Nurəddin sübh vaxtı yuxuya getdi və günortaya kimi yatdı. Nurəddin yuxudan oyanınca Həliməni dəfn etdilər. Hacı Nəsirin başı yas yerinə gələn adamlara qarışdığından oğlundan bixəbər idi. Nurəddin gözlərini açdı. O biri otaqda molla həzin bir səslə quran oxuyurdu. Mollanın xoş avazı yuxudan ayılmış Nurəddinə layla kimi tə’sir edib, onu bir müddət yuxu ilə ayıqlıq halətində saxladı. Sonra «Bu quran nə üçün və kim üçün oxunur» fikri Nurəddinin başına düşdü. Bu isə anasının ölməyini yadına saldı. Birdən keçəki fikri Nurəddinin başına ildırım kimi şırıyıb onu yerindən dik qaldırdı. Bu halda qulluqçu Bahar içəri daxil oldu. Nurəddin soruşdu: – Bahar, de görüm, anamı basdırdılarmı? Bahar gözlərinin yaşını silərək: – Bəli, basdırdılar. Kaş onun əvəzinə mən ölələydim, məni basdıraydılar, – deyə cavab verdi. Anasının dirilməsindən zavallı Nurəddinin ümidi daha kəsildi, lakin onu ölüm yuxusunda ikən dəfn etmək şəkki hələ ürəyində idi. O idi ki, axşam başsağlığına gələn adamlar dağılandan sonra atası ilə görüşəndə bu fikrini açıb ona dedi, atası da onu şəkkdən çıxarıb sakit etdi. Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. Həmişə deyib-danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmkin və mə’yus olub məktəb yoldaşlarından kənar durdu. Həmfikri, həmsirri ancaq kitabları olmuşdu. Əvvəl vaxtlar yoldaşları onun bu halətini anasının vəfat etməyinə görə təbii bilib, bu xəyalda idilər ki, sonralar yenə həmişəki halına düşəcəkdir. Lakin bir ay keçdi, iki ay keçdi, bir il keçdi. Nurəddin əvvəlki halına düşmədi. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Çox vaxt onlara elə sual verirdi ki, cavabında aciz qalırdılar. Hacı Nəsirin əli aşağı düşdüyünə görə Nurəddin dəxi əvvəlki kimi məktəbə öz faytonlarında getmirdi. Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi, çünki təbiətində təkəbbürlük, təşəxxüslük əsla qoyulmamışdı. Hacı Nəsir nə qədər oğlunun elm və ədəb kəsbində göstərdiyi sə’y və qeyrətdən fərəhlənirdisə, bir o qədər də onun pərişanlığından qəmkin olardı və bilməzdi ki, nə yolla onu şad etsin. Axırda Hacı Nəsir evlənmək fikrinə düşdü: «Bir kasıb kişinin qızını alıb evimə gətirməliyəm ki, Nurəddinə analıq edib onu bu qəm-qüssədən azad etsin», – deyə Hacı Nəsir fikir etdi. Bir ittifaq bu xahişi təzliklə əməllə gətirməyə səbəb oldu. Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı var idi. Neçə müddətdir ki, ondan bir xəbər-ətər yox idi. – Bu uzun yolu gəlmişkən qoy bu dostuma da bir baş çəkim, – deyə Hacı Nəsir yola rəvan oldu. Kəndə çatdıqda ondan-bundan xəbər tutub axırda İmamverdini tapdı. İmamverdi altmış yaşında bir qoca kişi idi. Kənddə özünə görə yaxşı evi-mülkü vardı. Amma indi onların hamısı satılıb borclarına verilmişdi. İmamverdi Hacı Nəsiri bir köhnə daxmaya də’vət edərkən dedi: – Hacı Nəsir, sən gördüyün dövlət əlimdən çıxdı. İndi mənə qalan ancaq bu uçuq daxmadır. Övladdan da bir qızdan başqa bir kəsim qalmamışdır. – Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım. – Bilirəm, bilirəm, – deyə İmamverdi cavab verdi: Sonra üzünü qızına tutub dedi: – Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yoldan gəlib, acdır. Gülpəri xörək hazırlamağa, İmamverdi və Hacı Nəsir söhbət etməyə məşğul oldular. Gülpəri qısaboylu, dolğunəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Gülpərinin bədxasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. Kənddə heç kəs ona yaxınlaşıb elçi düşməyirdi. İmamverdi ilə Hacı Nəsirin uzun söhbətinin nəticəsi bu oldu ki, qəza, Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi. İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi və Nurəddini öpərək dedi: – Oğlum, bu sənin təzə anandır. İrəli gəl, gedib əlindən öp. Evimizə xoş gəlmisən de! Bu xəbərin tə’sirindən Nurəddinin rəngi-ruhu qaçıb, bədəni titrəməyə başladı. O saat sevikli anasının surəti gözlərinin önündə durdu. Uca bir səslə: – Ah, ata, nə tez anamı yaddan çıxartdın! – deyə Nurəddin ağladı və birinci dəfə olaraq atasının sözündən çıxıb, onun əmrini yerinə yetirmədi. Oğlunun sözləri Hacı Nəsirin ürəyinə ox kimi sancılıb, gözlərini yaşartdı. Gülpəri bu əhvalatdan qəzəbnak olub: – Təzə gəlini belə mi qəbul edərlər? Sən məni buraya yasamı gətirmisən? – deyə qışqırdı. – Gülpəri, acığın tutmasın, doğru deyirsən, gərək sənin pişvazına çıxılaydı, şadlıq olunaydı. Ancaq onu da qohum-əqrəba edər, halbuki mənim heç kəsim yoxdur. Bu gündən bu ev-eşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib, ürəkdən sevəsən. Nurəddin ədəbli, tərbiyəli uşaqdır. İndi anası yadına düşüb ağlayır. Sonra həmişə sənin itaətində olacaqdır. Gəl gedək otaqlarını, şeylərini sənə göstərim. – Bunu deyib Hacı Nəsir Gülpərini o biri otağa apardı. Gülpəri Hacı Nəsirin evinə qədəm qoyduğu saatdan zavallı Nurəddinin müsibəti başlandı. Gülpəri öz pis xasiyyətini təzliklə büruzə verdi. Səhərdən axşama kimi əllərini bir işə vurmayıb, nökər və qulluqçuların üstünə qışqırıb söyməyə özünə peşə etmişdi. Ələlxüsus yazıq Nurəddinin günü qara olmuşdu. Onu tez-tez söyərdi və heç zad üstündə döyərdi. Lakin qeyrətli uşaq əsla səsini çıxarmazdı. Hətta atasına şikayət etməyib özünü onun yanında şad saxlardı ki, atası qəm etməsin. Get-gedə Gülpərinin zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu təvr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, Bahar da oradan çıxıb gedərdi. Lakin vəfalı qulluqçu mərhum xanımının yaxşılığını unutmayıb, Gülpərinin hər zülmünə davam edirdi; təki əli balaca Nurəddindən üzülməsin. Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Gülpərinin üzünü az görmək üçün səhər sübhdən bazara gedib, bir də axşam evə qayıdardı. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin binizamlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi. Nurəddin də Gülpərinin bu hərəkətindən vaxtının çoxunu məktəbdə keçirərdi. – Tələsmə, bu gün-sabah o köpəklənmiş atan ölüb gedər, ixtiyarın düşər mənim əlimə, onda səni bircə saat da məktəbində qoymaram, – deyə Gülpəri qışqırardı. Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzələnmiş dedi: – Ay nəməkbəharam, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? And içirəm Həliməninin o pak olan ruhuna, bundan sonra səni bu evdə bir gün saxlamaram. Get şeylərini hazırla. Bu saat təlaqını verib səni boşayacağam. – Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Bir azdan sonra meyitini evə gətirdilər. Batində bu bəlaya şad olan Gülpərinin zahirdə başına döyüb, üzünü yırtıb, özünü meyitin üstünə salması Nurəddinə atasının ölümündən yaman tə’sir etdi. Ona görə əvvəl istədi ki, Gülpərinin bu riyan-əməlini açıb adamlara söyləsin. Amma atasının həmişə ona verdiyi: «Külfətin sirrini açıb özgələrə söyləmək qəbihdir» – nəsihəti yadına düşüb bu fikirdən daşındı və bir bucağa çəkilib mat və məbhut dayandı. Nurəddin özünü saxlayıb qəsdən ağlamırdı ki, Gülpəriyə oxşamasın. Lakin batindən bixəbər adamlar onun belə lal durmasını vəfasızlığa və Gülpərinin elə yalandan üzünü yırtmasını vəfalılığa həml etdilər. Atasının dəfni və tə’ziyəsi Nurəddinə yuxu kimi gəlirdi. * * * Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi: – Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. Bu gün atanın borcluları gələcəklər. Mənim başım onlara qarışacaqdır. Daha dayanma, oğlum get. Bu əmrə Nurəddinin özü də şad oldu və dərhal heybəsini götürüb cəld getdi. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi. – Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır, hərgah əvvəldən belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi. Görəsən Gülpərinin mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda mənə rəhm gəldiyindənmi, yoxsa atası İmamverdinin qorxusundanmı əmələ gəldi? İmamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən Gülpərinin bu halı çox-mu çəkəcəkdir. Qorxuram İmamverdi baba getdikdən sonra yenə məni döyməyə başlaya. Onda kimim var ki, mənə kömək etsin. Hərgah Bahar kömək edərsə, o saat onu da qovar; çünki indi hamı ixtiyar onun əlindədir Bu fikir və xəyalatda ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb, Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin çəmi mal və dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdir. İndi hiyləkər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı. Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib borclarını verəndən sonra mə’lum oldu ki, bir qədər nəqd pul, bir ev atasından və on iki min manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. Ona da Gülpərini qəyyum tə’yin etdilər. Nurəddin evlərinə qayıtdığda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi: – Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxardarlar. Bu sözlərdən Nurəddin çox şad oldu. Baharın dediyi də düz oldu. Gülpəri Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı. Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəsləməsinə şəkki yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. Hamı onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı. İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət etməmişdi. Bu səbəbdən əziyyət çəkirdi. Axırda qızına dedi: – Gülpəri, indi işlərin qayda ilə gedir, daha mənə ehtiyac yoxdur, şəhərin havasını götürmürəm, ona görə mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub yaya buraxılan kimi yığışıb gəlin. Təki üç ay yayı o gözəl ab-havada keçirib cana gələsiniz. Gülpəri atasının əmrinə razı oldu. İmamverdi Nurəddindən ayrılanda onu öpərək dedi: – Oğlum, dərslərinə sə’y et ki, imtahanını yaxşı verəsən... Allah qoysa gəlib görərsən ki, bizim kənd nə gözəl yerdir. Sənə tilov qayıracağam, hər gün çayda balıq tutarsan; orada çimərsən, meşəyə gedib çiyələk, moruq, köbələk yığarsan. İmamverdi xudahafizləşib yola düşdü. Nurəddin İmamverdi babanın ayrılığına qəmkin olduşa da, onun verdiyi və’dələrə çox şad idi, çünki anadan olandan öz şəhərlərindən başqa bir yeri görməmişdi. Çayı, meşəni ancaq kitabda oxumuşdu. Bu səbəbə görə yay tə’tilini səbirsiz gözləyirdi. Gülpəri də bu işə şad idi. Ancaq onun şadlığına başqa səbəblər vardı. Bir il bundan əvvəl kəndlərində yoldaşlarının təzə çit libasına həsəd aparan Gülpəri, indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. Qabaqlarda ona yaxın düşməyən elçilər indi qapısından əl çəkməyəcəklər. Amma bunların hamısından çox onu şad edən şey ürəyində bəslədiyi gizlin fikir idi. Yə’ni orada Nurəddinin dövlətini özünə mal etməyə bir çarə arayıb tapmaqdı. Axırda Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. Bu yığışmaq Baharı bərk təşvişə salmışdı, çünki Gülpəri evin çəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi. – Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mə’nası var? – deyə Bahar soruşduqda: – Yox, Bahar, əziyyət olsa da ümid olub burada qoymaq olmaz, – deyə Gülpəri cavab verdi. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi: – Bahar, sən şəhərdə qalasan. Evi səndən başqa heç kəsə ümid olub, qoya bilmərəm. Bahar nə qədər yalvarsa da Gülpəri razı olmadı. Nurəddin də təvəqqe etdi, mümkün olmadı. – Yox, yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, – deyə Gülpəri Nurəddinin təvəqqeni rədd etdi. Həccə getmirik ki, üç aydan sonra yenə buradayıq. – Bahar, xudahafiz, evdən yaxşı muğayat ol! Bahar Nurəddini qucaqlayıb öpdü. – Yaxşı yol, Allah səni bəladan hifz etsin. Ah, görəsən, bir də səninlə görüşəcəyəmmi?.. Baharı ağlamaq boğub, daha danışmağa qoymadı. Köç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu. Amma sonra görmədiyi yerlərə, vagondan baxdıqca, qəmi yadından çıxdı. Vagon çox sür’ətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı keçirdi. Mənzərələr tez-tez dəyişirdi; kah göy ot və çəmənlərlə bəzənmiş düzənkah, kah yaşıl təpələr və dağlar, kah qaranlıq meşələr və dərələr və kah da aydın çaylar və yollar görünürdü. Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu, tüstülü şəhərdən başqa bir qeyri yerə çıxmamışdı. Gülpəri bir neçə gün qabaq, kağız vasitəsi ilə yazıb hansı gün çıxmalarını atasına mə’lum etmişdi və əlavə faytonlar və araba tutub, onları kəndlərinin yaxınlığındakı şəhərdə gözləməyini rica etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdığda, vağzalda nə atasını və nə də bir tanış adam gördü. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və bagajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı. Gülpəri Cəfəri götürmüşdü ki, onları buraya kimi ötürüb yenə geri qayıtsın. Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi getdikcə artırdı, çünki yanındakı qiymətli şeyləri tələf olacağından qorxurdu. Hərçənd, bu şəhərdə tanışları vardı, amma onlara da ürəyi qızmırdı. Axırda Gülpərinin daha atasının gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı. Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Şəhərdən kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakin Gülpərini qorxuya salan dağlar arasından və meşələrin içindən keçən yollardı ki, onlarda çox soyğunçuluq ittifaq düşərdi. Gülpəri ərkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və faytonçulara da iti sürmək əvəzində çay pulunu artıq verməyi və’də etmişdi. Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdığda, bir denkədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi. – Allah, bu nə iş idi mənim başıma gəldi. İndi bu yol içində, bu qorxulu dağlar arasında necə olacağıq. Görəsən atamın başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim. Faytonçu: – Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq. Gülpəri buna razı olmadı. – Yox, heç vaxtı şeylərimi burada qoyub getmərəm, ayrı çarə varsa arayıb tapın. Faytonçular dedilər: – Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir təvr sarıyardıq və yavaş-yavaş sürüb, özümüzü kəndə salardıq. İndi isə ümidimiz bir Allaha qalmışdır. Bu sözlərdən sonra Gülpərinin iztirabı daha da artdı. Axşam oldu. Soyuq düşdü. Dərələrdən duman qalxmağa başladı. Heç kəs gəlib çıxmadı. Gecə orada qalmağın qorxusu çoxdur. Gülpəri üzünü faytonçulara tərəf tutub: – Bu gecə bu yol üstündəmi qalacağıq? – deyə soruşduqda, faytonçular cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı. Nurəddin öz siniflərində ən fərasətli uşaq sayılırdı. Nurəddin üzünü onlara tutub dedi: – Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var. Şeyləri bu atlara yükləyib biz gedərik, fayton sahibi burada qalar. Sonra kənddən buna kömək göndərərik. Bu təklif cəmlənin xoşuna gəldi. Ələlxüsus Gülpəri şad idi ki, belə asan yolla Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan oldular. Səfərin qorxulu yeri qabaqda idi. Meşənin içilə səkkiz verst yol gedirdi. Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də meşənin vəhməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. Odur ki, bir candan bu sakitliyin özü də insanı vəhiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur ulayır. – Vay, Allah səni yox etsin, gör nə murdar səsi var, – deyə Gülpəri qarğış elədi. Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını kəsdi: – Dayan, tərpənmə, atdan düş, yoxsa odladım! – Əmiraslan ağa, atma, mənəm. – Cəfər, sənsən? – Bəli, ağa, mənəm. Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi. – Cəfər, bu köç kimindir? – Ağa, Gülpəri xanımındır. Odur özü də daldan faytonla gəlir. Yolda faytonumuzun biri sındı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər İmamverdi babanı gözləsək də gəlib çıxmadı, axırda naçar qalıb özümüz yola düşdük. – Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, – deyə Əmiraslan atını qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü: – Yaman yerdə qaranlıqladıq. – Qorxma, xanım, yəqin sizin adamlardandır, qabağınıza gəlibdir, – deyə faytonçu Gülpəriyə ürək verdi. Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi: – İndi nəçəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı? Gülpəri bu səsi eşitcək sevinib qışqırdı: – Əmiraslan, əmioğlu sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib? Əmiraslan dedi: – Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünün sel aparmasıdır. Cəfərdən belə gələn hadisəni eşitdim. Əmiqızı, köçdən belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək verdiyi sözün üstündə dursun. Gülpəri söhbəti dəyişdirmək üçün dedi: – Əmioğlu, deyəsən Nurəddini görmürsən? Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı: – Nurəddin, sən çox xoş gəlmisən. De görüm, məndən qorxdunmu? – Səndən niyə qorxum, adam da adamdan qorxarmı? – deyə Nurəddin cavab verdi. – Oxuyan uşaq qorxaq olar. – Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağın elmi olar, hər şeyin sirrini bilər, ona görə də qorxmaz. – Yaxşı, indi ki, sən elə qocaq oğlansan, gəl mənim atımı min, bir az da mən faytonda dinçimi alım, – deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi: – Yox, yox, Nurəddini at yıxar. – At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanınca sürər. Ancaq atdan qorxan deyilsə.. – Mən qorxaq deyiləm, dedim! Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin özünü atın üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu. Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi: – Maşallah, qocaq uşaqdır. Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı. Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərkəyün böyütmüşdü. Balaca Əmiraslan üçün «yox» kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat gərək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi təzliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdığda atası ona heybə və çərəkə aldı. Təzə paltar geyindirib hədiyyə ilə onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini yırtıb məktəbdən qaçdı. Ata-anası nə qədər yalvarsa da, bir şey çıxmadı. Atası çox tə’kid edəndə Əmiraslan dedi: – Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim. Tanrıqulu rusca oxumağın əleyhinə gedənlərdən idi. Bu fikri onun başına salan və onu şkolaya düşmən edən kənd mollası axund Molla İman idi. O, həmişə deyərdi: – Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada müsəlman uşaqları təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar. Oxutduqları da Sə’di, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır. Tanrıqulu axundun birinci dərəcə müdirlərindən hesab olunurdu. Odur ki, oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün Əli bəyin yanına getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli bəykilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna görə Tanrıqulu əvvəlcə bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: «Bu mənim yaxın dostum Mirzə Həsəndir, tanış olun» – dedi, fikrini dəyişdirib əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi: – A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki, qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onları müəllimi söyləsin. Mirzə Həsən gülümsünüb dedi: – Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, bəli onda Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən də mə’əttəl qalmışam. Bu fikir Molla İmanın öz başından çıxma bir şeydir. – Qardaşım, oğlunu təzliklə göndər gəlsin. Peşman olmazsan. Tanrıqulu bu iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən, bu doqquz yaşında uşaq, çəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlağını düzəltməkdə müəllimlər aciz qalmışdılar. Buna da bais ata-anası idi, çünki üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və nəhydən azad idi. Hər nə könlü istəyirdi onu edərdi. Axırda yoldaşlarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı. Əmiraslan, əmisi qızı Gülpəridən iki yaş böyük idi. Qardaşlar bu iki tifili bir-birinə körpə vaxtlarından ad etmişdilər. Amma İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından artıq narazı idi və bu barədə də qardaşını müqəssir edirdi. – Belə tərbiyə olmaz. Uşaq gərək izin olmayan şeyi tutmasın. Böyük-kiçik anlasın. Bunun axırı peşmançılıqdır, – deyə İmamverdi, qardaşını məzəmmət edərdi. Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi və nənəsi Püstə qarıdan başqa evlərində bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Amma elə ki, var-yoxunun hamısı eyşi-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi: – Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini elə almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı. Axırda, Əmiraslan Gülpəridən əl çəkib bir dövlətli dul arvad aldı. Əmiraslan arvadının gətirdiyi dövləti təzliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə yavaş-yavaş oğurluğa və yol kəsməyə şuru etdi. Bu yolda neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. İndi faytonda əyləşib Gülpərilə söhbət edən Əmiraslan belə hərifdi. Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün əmisinə elçi düşsün hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından izinsiz Əmiraslana getsin. * * * Nurəddin Cəfərə çatdığda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı və qaraltıdan ürkük daha da bərk qaçmağa başladı. Nurəddin gördü ki, atı öz küçü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə istədi atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi. Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Cejranbasan idi və özü də bir dinc at idi. Amma bu qızışıb qaçanda heç bir at dalından çata bilməzdi. Denkənin birində qəflətən bir fayton yolu kəsdi. Cejranbasan yoldan meşəyə sapıb Nurəddini üstündən yerə atdı. Bu yerə dəymənin zərbindən zavallı uşağın ürəyi getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. İmamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı: – Subhanallah, bu ki Nurəddindir. Bu, at ilə nə üçün gəlsin. İmamverdi cəld uşağın başını dizi üstə alıb sinəsini açdı. – Oğlum, Nurəddin, mənəm, İmamverdi baba. Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı. İmamverdi Nurəddininin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradan-ağrıdan nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı. – Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır. – Yox, oğlum qorxma, sınmamışdır, yəqin çıxıbdır, – bunu deyərək İmamverdi Nurəddini usulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib bunlara çatdı. İmamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və onları bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı: – Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı meşəyə buraxmaq olarmı? Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın. – Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı. Sən gəlib çıxmadın... – Mən nə edim, günortadan bəri çayın o tərəfindəki körpünün qayrılmasını gözləyirdim. Səhər sel gəlib aparmışdı, – deyə İmamverdi cavab verdi. – Ata, o da qəzadan deyilmi? Amma şükür Allaha ki, axırı xeyirdir. Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər. Köç meşədən çıxdı. Bu vaxt ay da çıxmışdı. Nurəddini, İmamverdi baba faytonun içində balışlar düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib kəndə çatdı. Köç gəlib Küllüçə kəndinə çatanda bu kəndin əhalisi yatmışdı. Kənd əhli gün batanda yatıb, gün çıxanda da yuxudan durar. İmamverdi baba Küllüçənin Nurəddinə tə’rif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, bağ, meşə insana başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salıb, gün çıxan tərəfində yaxşı meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərəfində gözəl çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Küllüçənin dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə, gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli küllər və çiçəklər əkmişdilər. Qanardan baxanda dağ döşündə salınmış bu kənd bir külüstan şəklində görünürdü. Buna görə də Küllüçə adına sahib olmuşdu. İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox gözəl mənzərələr açılırdı. İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli kül və çiçəklərlə dolu idi. Bağçanın ortasında bir soyuq bulaq torpaqdan çıxıb çarhovuza təkülürdü. Bu su ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu təzə evin bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Məhdi kişini göndərdi ki, sınıqçı Qara Hüseyni yatmış da olsa durğuzub gətirsin. Bir azdan sonra Qara Hüseyn gəldi. Bu kişi İmamverdi yaşında, qırx ildən artıq sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi. Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi: – Sağ ayağı diz qapağından çıxmışdır. – Sonra şaqqıltı ilə ayağı yerinə saldı və qıçın dörd ətrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs çıxartmırdı. – Yaşasın belə qocaq uşaq, – deyə Qara Hüseyn Nurəddini tə’rif etdi. Sonra da evdən tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır. Heç tərpətməyin, sonra gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi: – Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan. Qara Hüseyn xudahafiz edib getdi. Gecədən xeyli keçdi. Amma Nurəddin ayağının ağrısından yata bilmirdi. İmamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otağda xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi. – Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı? – Azacıq ağrıyır, baba. – Darıxma, oğlum, Allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni gəzməyə aparacağam. Bir bax, gör babanın nə gözəl bağçası vardır. – Bu sözləri deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı. Sübhün təmiz havası, küllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. Quşlar göy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzında bir tut və bir kilas ağacı bitmişdi. Kilasın budaqları pəncərəyə o qədər yaxın idi ki, əl uzadanda çatırdı. Bu ağacın üstü qırmızı kilasla dolu idi. Quşların bə’ziləri kilasa və bə’ziləri də tut ağacında oturub, kah oxuyurdular və kah da balaca dimdikləri ilə tutdan və kilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan sərçədən başqa qeyrilərini tanımırdı. Nurəddin bir də gördü ki, bir ana sərçə ağzında bir göy cücü pəncərənin üstünə gondu və oradan çik-çik səsi gəldi. Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası başlarını bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanın ağzına gondu. Balaları, sarı ağızlarını açıb civiltini bərkitdilər. Ana sərçə ağzını açıb cücünü birinin ağzına verib uçdu. Bir azdan sonra yenə ağzında cücü yuvasının yanında hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra dördüncüsünə verdi. Bu qayda ilə ana sərçə balalarına dən daşıyırdı və bir dəfə də olsa növbəti pozmurdu Bu sərçə yuvası və onun içində olan balaların yaşamaları Nurəddinə bir məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçarağ otağın içinə düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu. – Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver İmamverdi sərçəni tutub Nurəddinə verdi: – Oğlum, yaxşı öyrətməli vaxtıdır. – Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət. – Yaxşı, oğlum, öyrədərəm. İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib muşgurmağa başladı. Sərçə muşguruğu eşidəndə çik-çik etməyə başladı, amma uçub çağırışa gəlmədi. İmamverdi baba dedi: – İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsın, o vaxt muşguranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq. İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq götürdü və Nurəddinə verdi: – Bu da sərçənin evciji. Nurəddin sevinib sərçəni qutuda rahat etdi. – Baba, sərçəm acanda nə verim? – Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. Mən bağçamızdan tutub gətirərəm. Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi: – Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa buyur. Nurəddin dedi: – Məndən Bahara salam-dua yetir, amma ayağımın çıxmağını demə, ürəyi xarab olar və bir də mümkün olsa mənim şəkil dəftərlərimi və rəng qutumu göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır. – Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz. Allah sənə təzliklə şəfa versin, – deyə Cəfər getdi. Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi: – İndi, oğlum, ayağın yaxşıdır, daha sarımayacağam. Ancaq bir müddət gərək usullu dolanasan. Atılıb düşməyəsən. Bir-iki gün evdən çıxma. Yavaşca-yavaşca evdə gəz. Eyvanda otur, babanın bağçasına tamaşa eylə, sonra səni bağıma gəzməyə aparacağam. Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul etməyib dedi: – Mən heç vaxt pul qəbul etmərəm. Hələ səninlə dostluğum dursun, Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığın əvəzində mən ona heç bir şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm. Qara Hüseyn gedəndən sonra İmamverdi baba Nurəddinin başını sığallayıb dedi: – Görürsən, oğlum, yaxşılıq nə gözəl şeydir. Atanın yaxşılığının əvəzini övladına edirlər. Bax, oğlum, bu əyləşdiyin evi atanın köməkliyi ilə tikdirmişəm. İndi mən də buna və qabağındakı bağçanı vəsiyyət etmişəm ki, sənə verilsin. Bunu bu kənddə hamı bilir. Mən öləndən sonra bunlar sənindir. Bunların Gülpəriyə dəxli yoxdur. Gülpəri pəncərənin qabağından keçərkən bu sözləri eşidib dedi: – Ata, o nə şeydir ki, mənə dəxli yoxdur? – İçəri gəl, deyim. Gülpəri gəldi, İmamverdi baba dedi: – İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağındakı bağça onundur, sənə dəxli yoxdur. Bu vəsiyyətimi sənə deyirəm, qızım, bunu əmələ gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasının pulu ilə tikilmişdir. Gülpəri dedi: – Ata, əmrini yerinə yetirməyə hazıram. Ancaq mənim də səndən bir təvəqqem var. – Söylə, qızım, görüm nədir? – Mən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir. – Mənim Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də siz bura gələndən bəri o, Nurəddini yoxlamağı əldə bəhanə edib, bura tez-tez gəlib-gedir. Mənim tərəfimdən ona de ki, bir də bura gəlməsin, yoxsa qovaram. – Ata, elə iş etmə, bu gün o səndən bir şey təvəqqe edəcəkdir. Onun təvəqqesini qəbul et, çünki, mən də o təvəqqeyə şərikəm. – Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz. – Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla. – Gülpəri, açıq danış, görüm nə istəyirsən? – Bu gün Əmiraslan sənə mənim üçün elçi düşəcəkdir, mən razılığını istəyirəm. – Heç vaxt! – Onda sənsiz olacaqdır! – Nə qədər sağ varam, bu iş baş tutmaz. – Baxarıq! İndi də mən balaca qız deyiləm ki, iyirmi beş yaşında, hər ixtiyarı öz əlində bir arvadam. Mən dedim ki, bu iş, ata izni ilə olsun, sən istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə qarışmayasan. Bunu deyəndən sonra Gülpəri hirslə qapını vurub çıxdı. İmamverdi baba kürsüyə çökub, başı aşağı xeyli fikrə getdi. Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə yerdə qaldığını Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz, kəbinini kəsdirib Əmiraslana gəlin köçdü. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı. Gülpəri Nurəddinin İmamverdi babanın yanında qalmağına mane olmadı. Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızının belə itaətsizliyi İmamverdiyə artıq dərəcədə tə’sir etmişdi. Nurəddinin ayağı təmiz sağalmışdı. Hər gün İmamverdi baba ilə kah bağçada bal arısına tamaşa etməyə məşğul idi, kah da ipək qurduna tut yarpağı daşıyırdı, kah da meyvə bağına gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq tuturdu və burada çimirdi, kah da meşəyə gedib moruq, köbələk yığırdı. Haraya getsəydi sərçəsini də özü ilə aparırdı. İmamverdi baba sərçəni qırmızı rəngə boyamışdı. Ona görə Nurəddin ona Qızılca adı qoymuşdu. İndi Qızılca elə öyrənmişdi ki, Nurəddin haraya getsəydi, sərçə də çağırılmamış, öz-özünə uçub onun dalınca gedərdi. Hər həftə şənbə günləri Küllücə kəndində bazar olardı. Bu günləri ətraf və əknafda sakin olanlar tökülüb bazara gələrdilər. Kimi mal almağa, kimi mal satmağa gəlirdi. İmamverdi baba da hər şənbə Nurəddin ilə bazara çıxardı. Nurəddinin məktəb paltarı cümlənin nəzərini özünə cəlb edərdi, ələlxüsus kənd uşaqlarının... Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Külpəri onu özü ilə aparmadı. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib, üzü lalə kimi qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Külpəri ərə gedəndə öz razılığı və Nurəddinin razılığı ilə onu atasının yanında qoymuşdu. Amma indi nədənsə fikrini dəyişdirib, Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə də hər gün ata və qız arasında bu barədə qovğa vardı. Bu isə Nurəddinə çox tə’sir edirdi. Axırda Nurəddin dedi: – Baba, daha Külpəri ilə dalaşma, mən razıyam. Onun yanında olanda nə olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm. İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmirəslanın evinə köçdü. Az bir müddətdə Əmirəslan Külpərinin əlində olan nəqdi pulunu kah yalvarmaq və kah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmirəslan elə bilirdi ki, Külpəri Hacı Nəsirin dövlətindən lazımınca yükünü tutubdur. Amma onun əliboş olması tezliklə mə’lum oldu. Bu cəhətə Əmirəslan gündə Külpəri ilə dava-qalmaqal etməyə başladı. Külpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmirəslana söylədi və ondan bu işə çarə istədi. Əmirəslan çox şad olub dedi: – Hərgah indiyə kimi bunu məndən gizlətməsəydin, çoxdan çarə tapmışdım. Yenə də taparam. Sənin işin yoxdur. Nurəddin elə bilirdi ki, hər vaxt istəsə İmamverdi babanın yanına gedə bilər. Lakin bu fikrin yanlış olması ertəsi günü ona mə’lum oldu. Bu tərəfdən də Külpəri və ələlxüsus Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmirəslan öz fikri cəhətincə Nurəddinlə məhriban dolanıb onu yanından iraq qoymayırdı. Haraya gedirdi özü ilə aparırdı. Bir dəfə Əmirəslan Nurəddini götürüb bağına gəzməyə apardı. Orada onu kilas ağacına çıxartdı ki, kilas dərsin. Nurəddin kilas ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmirəslan dedi: – Nurəddin, o əlinlə tutduğun budağın başında gör nə çox kilas var, çıx o şaxı sındır. Eləcə evimizə aparaq. Nurəddin dedi: – Budaq nazikdir, qorxuram sına. – Bəs sən deyirdin, mən qorxaq deyiləm. O budaq mən yekəlikdə adamı götürər. Bu sözlərdən Nurəddin qeyrətə gəlib yuxarı dırmaşdı. Ağacın başına çatdıqda, budaq şaqqıltı ilə sınıb yerə düşdü. Amma Nurəddin iki budaq arasına pərçim olub ölümdən xilas oldu. Nurəddin aşağı düşəndə Əmirəslan sınıq budağı çiyninə götürüb dedi: – Gedək, Nurəddin. allah bu səfər səni ölümdən qurtardı, — bunu deyib gəhgəhə ilə güldü. Nurəddin Əmirəslanın «bu səfər» deməsinə və gülməsinə təəccüb etdisə də onun fikrini anlamadı. O biri gün Əmirəslan Ceyranbasanı çullayıb dedi: – Nurəddin, atımızı apar həm çayda sula və həm də bir az gəz. Nurəddin razı olmayıb dedi: – Mən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm. – Axırı ki, qorxaqlığını boynuna aldın. Bunu deyib Əmirəslan atın belinə sıçradı. – Elə isə gəl tərkimə min, gedib çayda çimək. Nurəddin çimməyi çox sevirdi. Ona görə də tez razı oldu. Çayda Əmirəslan soyunub atı mindi və suyun dərin yerinə salıb bir neçə dəfə üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi: – Hərgah qorxmursan gəl səni də mindirim. Nurəddin razı oldu. Əmirəslan Nurəddini ata mindirib, noxtanın ucundan yapışdı. Əmirəslan atı lap dərin yerə salıb bir neçə dəfə üzdürdü. Bir dəfə at dərin yerə düşəndə qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. O, suya batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb üzməyə başladı. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmirəslana düşsəydi, onun gözlərindən parlayan odu və üzündə zühur edən acığı görərdi. Nurəddin üzüb kənara çıxanda Əmirəslan soruşdu: – Bu üzməyi haradan öyrənmisən? – İmamverdi baba öyrətmişdir. Sizə gəlməmişdən əvvəl hər gün çayda çimirdik. İndi İmamverdi baba azarlamışdır. – Onu haradan bilirsən, yoxsa qaçıb getmisən? – Xeyr, dünən bağbanından eşitdim. – Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol gedək. Nurəddin Əmirəslanı açıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu Əmirəslan fikirdə olub bir kəlmə söz demədi. Əmirəslan bu ittifaqdan sonra yenə öz pis fikrindən əl götürməyib, Nurəddini tələf etməyə təzə hiylə axtarmağa başladı. Nurəddin isə başına gələn xataları qəza işi bilib, Əmirəslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir dəfə Əmirəslan onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış gördülər. Əmirəslan dedi: – Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut aparıb kirpimizə verək yesin. Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz. – Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir. – Yox, sən tanımırsan, koramaldır. – Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur. – Onu sənə kim deyibdir? – İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir. Əmirəslan gəhgəhə ilə gülüb dedi: – Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən. Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanın başından vurub öldürdü. – İndi bax, gör ilandır, ya koramaldır. Bu halda yol ilə gedən iki adam buna baxıb dedi: – Əlbəttə, ilandır, özü də gürzədir. Adamlar gedəndən sonra Əmirəslan ilanın o yan-bu yanına baxıb dedi: – Düzdür, mən səhv edirəm, bu koramal deyil. İlan koramala çox oxşayır, ona görə səhv etmək olar. Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi: – Sənə qulaq assaydım indi meyitim bu yol üstündə qalmışdı. Bu ittifaqdan sonra Nurəddin Əmirəslandan şəklənib, sərvaxt dolanmağa başladı. Bir dəfə Nurəddin sərçəsini götürüb bağçada oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. İmamverdi baba döşəkdə yatır, azardan çox zəif düşmüşdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevincindən ağladı. Nurəddin də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı. Nurəddin axırıncı ilan fəqərəsini nağıl etdikdə, İmamverdi daha sabir edə bilməyib, zəif səsi ilə belə qışqırdı: – Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. Oğlum, gərək tezliklə şəhərə Baharın yanına qayıdasan. Yoxsa tələf olarsan. İndi get, mən də görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmirəslanın sözünə əsla inanma. İmamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş dolu kimi yağıb, ağ saqqalını islatdı. Nurəddin çox qəmkin evə qayıdırdı. Yol uzunu başına gələn qəza-qədərdən fikir edirdi: – İndi anlayıram ki, Əmirəslan nə məqsəd ilə məni kah uca nazik budağa çıxardırmış, kah dərin suya salırmış və kah da ilanı koramal adına əlimlə tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. — Bu barədə fikirdə ikən Baharın bu sözü yadına düşdü: «Qorxma, ağam, nə qədər sən sağsan, Külpəri sənin bir qəpiyinə də əl vura bilməz», — Demək ki, mən ölsəm malım Külpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri mən indiyə kimi niyə anlamamışam?! Nurəddin evə qayıdanda, həyətdə Əmirəslana rast gəldi. – Haradan gəlirsən? – Bağçadan gəlirəm, — deyə Nurəddin cavab verdi və qızarıb başını aşağı saldı, çünki Nurəddin ömründə əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun halətindən yalan deməyini duyub Əmirəslan acıqlı yenə soruşdu: – Düzünü de görüm, harada idin? – İmamverdi babanı yoxlamağa getmişdim. – Sən nə cür’ət edib mənim əmrimdən çıxırsan? — Əmirəslan bunu deyib qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi. Bu ittifaqdan iki gün sonra İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Külpəri və Əmirəslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. İlan fəqərəsindən bəri Əmirəslan Nurəddinlə məhriban dolanmağı bilmərrə buraxıb, hər bir cüz’i şeyi bəhanə edərək, onu tez-tez döyüb anbarda dustaq edirdi. Gecə Əmirəslan ilə Külpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi: – Yox, Əmirəslan məni öldürsə də səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm. Bu fikir ilə Nurəddin yatdı. Nurəddin Püstə nənə ilə bir otaqda yatırdı. Səhər gözlərini açanda gördü ki, Püstə nənə otaqda yoxdur. Bundan şad olub cəld geyinməyə başladı. Sonra sərçəsini götürüb bağçaya girdi ki, gizlincə bağ arası İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalından Əmirəslan ilə Külpərinin səsini eşitdi. Cəld və usulluca kolun içinə girib gizləndi. Əmirəslan Külpəriyə deyirdi: – Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur. – Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim Nurəddin bu fikirdə ikən Əmirəslan başladı: – İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü. Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz oldu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi. Külpəri dedi: – Yox, Əmirəslan, bunu bacarmayacağam. Mən deyirəm ki, bu işdə öldürmək olmasın. – Elə isə heç çarəsi yoxdur. Nə şərait ilə, nə zakon ilə Nurəddin sağ ikən onun malını sənə vermək olmaz. İndi ki, sən bacarmırsan, mən bacarıram. Qulaq as, gör bu fikir necədir? Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən ki, quyunun dərinliyi qırx arşından artıqdır. Nurəddin su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim. Külpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir il göründü və ürəyindən keçirtdi ki, hərgah Külpəri bu əmrə razı olmasa, bütün mənə etdiyi zülmü yaddan çıxarıb ömrümün axırına kimi onu öz ana kimi sevməyə söz verirəm. – Razıyam, — deyə Külpəri cavab verdi: Əmirəslan dedi: – Onda gedək. Mən səni əmimin yanında qoyub axşam evə qayıdaram. Sən də gecə orada qalarsan. Daha heç kəsin sənə gümanı gəlməz. Əmirəslan və Külpəri getdilər. Bir azdan sonra Nurəddin koldan çıxdı. O yan-bu yana baxıb qorxa-qorxa yola düşdü. – İndi daha mən İmamverdi babanın yanına niyə gedim. O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sür’ətlə meşəyə tərəf üz qoydu. Ancaq meşəyə girib gözdən itəndə bir az ürəyi sakit oldu. – Hərgah yolu azmasam, axşama kimi gedib şəhərə çataram. Nurəddin meşə ilə iki saata qədər gedəndən sonra bir çaya rast gəldi. Gecə küçlü yağış yağdırına görə çayda su çox idi. Nurəddin dayaz bir yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. Nurəddin bu ağacın üstü ilə keçdiyi zaman ayağı sürüşüb çaya düşdü. Bu yerdə çay xeyli dərin və kənarları da hündür idi. Nurəddin qol atdı ki, üzsün. Gördü ki, paltarlı üzmək çox çətindir. Bir neçə dəfə batıb-çıxandan sonra bir sallanmış şax əlinə keçdi. Bu şaxdan tutub, bulanlıq su ilə islanmış halda, papağını itirmiş kənara çıxdı və bihuş bir halda xeyli uzanıb qaldı. Bir az rahat olandan sonra Nurəddin paltarını çıxarıb suyunu sıxdı və günün qabağında sərdi ki, qurusun. Paltarı quruyandan sonra geyinib çay aşağı xeyli getdi ki. bəlkə papağını tapsın, lakin nə ondan, nə də sərçəsindən ki, suya düşəndə çiynində oturmuşdu, bir əsər tapmadı. Bunlardan əl çəkib yenə şəhərə getməyə başladı. Ancaq bu səfər yolu azıb meşədən çıxa bilmədi. İki saat, üç saat dolanıb yenə həmin yerə çıxırdı. Bununla belə cür’ətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi. Axırda gün batan zaman, Nurəddin yolu tapdı və bir qədər gedəndən sonra yoldan bir az kənar bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. Yaxın budaqları əyib yarpaqların arasında Nurəddin özünə yer qayırdı və çox yorğun olduğuna görə aç və susuzluğa baxmayıb, tez yuxuya getdi. Gecənin bir vaxtı heybətli bir səsdən Nurəddin diksinib qalxdı və az qaldı ki. ağacdan yıxılsın. Zavallı uşağın ürəyi elə atlanırdı ki, deyəsən bu saat partlayıb çıxacaqdır. Bir azdan sonra yenə səs təkrar oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi: – Bayquşdur, ulayır. O vaxt kəndə gedəndə də bizi qorxutdu. Bu ittifaqdan sonra Nurəddin yata bilmədi. Bütün bədəni ağrıyırdı. Gecənin qaranlığı, meşənin vahiməsi yalnız uşağa deyil, hətta böyük adama da qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi. – Hərgah Əmirəslan ilə Külpərinin danışdığını eşitməsəydim, indi meyitim qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit olardı. Nurəddin fikrə getdi. Bütün keçmişi gözünün qabağından bir-bir gəlib keçdi. Budur, balaca uşaqdır. Ata və anası: ona hər gün bir şey bağışlayırlar ki, onu şad etsinlər. Budur, əvvəlinci dəfə məktəb formasını geyib məktəbə gedir, anası onu qucaqlayıb şirin-şirin öpür və sevindiyindən ağlayır... Ah, o gözəl günlər nə tez keçdi... Qara günlər başlandı. Anası öldü, Külpəri gəldi. Atası öldü, İmamverdi gəldi. Sonra Bahar... Köç... Əmirəslan... Yenə Əmirəslan... Külpəri.. Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha sabir eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb sakit etdi. Bir azdan sonra Nurəddin yenə yuxuya getdi. İkinci dəfə Nurəddini qarğalar yuxudan oyatdı. Demə Nurəddin yatan ağacın başında bir qarğa yuvası varmış. Sübh vaxtı ana qarğa balaları üçün yem dalınca uçanda qəflətən ağacdan bir qaraltı gördü. Qarğa əvvəl səssiz, budaq-budaq atılıb diqqət yetirdi ki, görsün bu qaraltı nədir. Elə ki, düşməni olan insan olduğunu yəqin etdi, bir elə qarıltı saldı ki, bir-iki dəqiqənin ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. Köməyə gələn qarğalar bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar. Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Nurəddinin tərpənməsi qarğaların qarıltısını artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki, deyəsən bu saat onu dimdikləyib yerə salacaqdılar. Nurəddin işi belə görəndə ağacdan enməyə başladı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb, ağacdan düşmək istəmədi. Yolçu dedi: – Oğlum, quşun yuvasını dağıtmaq günahdır. – Mən yuva dağıtmıram əmi, — deyə Nurəddin cavab verdi. – Bəs bu səhər ertəsi orada nə qayırırsan? – Mən bu gecə burada yatmışdım. – Nə üçün ağacda yatmışdın, oğlum? – Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım. – Ağacdan düş, oğlum, mən səni evinizə apararam. Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi: – Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm. Dilənçi Nurəddinin titrəməsini görüb dedi: – Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam. Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm. Dilənçinin açıq üzündən və məhriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü. – İndi söylə görüm, oğlum, sən kimsən və haraya gedirsən? – Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı sənə nağıl edərəm. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Nurəddinə ömründə heç bir xörək belə ləzzət verməmişdi. Aclığını bir qədər rəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri tamamilə dilənçiyə nağıl etdi. – Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, — deyə Nurəddin dilənçiyə yalvardı. – Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Ancaq gərək sabir edəsən. Sizin şəhər buradan xeyli uzaqdır, pul da yoxdur ki, vaqon ilə gedək. Buranın iki yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına gedərik, bəlkə ondan pul tapdıq. İndi gedək. Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü: – Yox, belə yaramaz gərək üstünü dilənçi üstünə oxşadaq, — bunu deyən yolçu, qoltuğundakı köhnə paltarlar ki, ona allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıq ilə başını örtdü. – Hə, indi hazırsan, gedək. Hər ikisi yola düşdü. Dilənçi paltarı Nurəddini elə dəyişdirmişdi ki, onu tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan çaparaq bir atlı göründü. Nurəddin dönüb baxanda canına titrətmə düşdü. – Əmi, bu gələn Əmirəslandır. Məni axtarır. Durma qaçaq. Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı. – Ağılsız, nə etmək istəyirsən? Elə yaramaz. Qorxma, o səni bu paltarda tanıya bilməz. Əmirəslan bunlara çatıb qocadan soruşdu – Kişi, bir on yaşında, o yanındakı boyda; başında nişanlı papaq, əynində boz mahuddan paltar, boynu yaşıl məxmər paltolu uşaq gördünmü? – Yox, ağa, görmədim. Budur nəvəm ilə səhər ertədən bu yol ilə gedirik, amma elə uşağa rast gəlməmişik. Əmirəslan bir az fikirli dayanıb atın başını geri döndərdi və qamçılayıb gözdən itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu. – Əmi, nə yaxşı ki, paltarımı dəyişdin, yoxsa Əmirəslan məni öldürüb, bu meşəyə atacaqdı. Dilənçi dedi – Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmirəslan sənin itməyini yəqin divana mə’lum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adın nədir, de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladımı? – Bəli, baba, anladım, — deyə Nurəddin cavab verdi. Günortaya bir saat qalmış, meşənin qurtaracağında, Cənnətəli ilə Nurəddin ocaq qalayıb, meşədən yığdıqları köbələyi bişirib, dadlı moruq ilə yeməyə başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış yolçular gəlib şəhərə çıxdılar və gecə orada qalıb, səhər yola rəvan oldular. Kəndbəkənd dilənə-dilənə, on iki gündən sonra yolçular gəlib Cənnətəli deyən böyük şəhərə çatdılar. Bədəninin və üst başının çirkindən və pasından, indi o gözəl və zərif Nurəddini tanımaq olmazdı. Zavallı uşaq, qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi. Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı amma gördüm deyən olmadı. Axırda bir adam, iki ay bundan əqdəm öldüyünü və heç bir şeyi olmadığına görə camaat pulu ilə basdırıldığını onlara xəbər verdi. Bundan ümidləri kəsildi. Bir dəfə Cənnətəli xəstə olduğuna görə küçənin bir tinində oturub, Nurəddini dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi, çünki qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir kəsə əl uzada bilmədi. Bu tərəfdən də əliboş qayıtmağa qocadan xəcalət çəkirdi. Axırda Nurəddin bir geniş küçəni keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda daldan fayton içində bir adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi dedi: – Yazıq dilənçi öldü. O birisi dedi: – Hərgah zəfərli yerindən basılmayıbsa heç zad olmaz. Bu halda adamlar geri çəkilib Rəhimə tə’zim etdilər. – Boş-boş danışmaqdansa, bu yazıq uşağa kömək vermək yaxşı deyilmi, cəld götürüb bunu faytona qoyun. Bir neçə adam Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi: – Tez sür evə! Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddini soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi: – Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar. Ancaq uşağın özü çox zəif və bədəni də çox çirklidir. Bunlara əlac etməlidir. Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. Ancaq yerinin içində bulud və sabun ilə bədənini təmizləmək lazımdır. Həkim gedəndən sonra Rəhim, arvadı Rəhiməni çağırıb dedi: – Arvad, evə qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam. Bu halda Nurəddin gözlərini açıb təəccüb ilə ətrafına baxırdı və harada olduğunu anlamırdı. Rəhimə onun başını sığallayıb dedi: – Oğlum, adın nədir? Rəhim dedi: – Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma. Tez ol isti su, sabun və bulud hazır et. Uşağın bədənini yumaq lazımdır. Həkim belə əmr edibdir Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə çırdı. İçindən bir balaca kitab çıxdı. – Kişi, gör bu nədir, — deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi: – Şükür olsun, axırda tapdım. — Sonra üzünü uşağa tərəf tutub dedi: – Sənin adın Nurəddindirmi, oğlum? – Bəli, — deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu: – Kişi, sən bunun adını haradan bildin? – Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim «Gülüstandır». – Bunu allah bizə övlad göndərmişdir. – Afərin Rəhimə, yaxşı anlamısan, — deyə Rəhim Rəhimənin sözünü təsdiq etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya getdi. Rəhim, Nurəddinin atası məhrum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi. İşinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq övladları qırılıb və rəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda arvadının tə’kidi və təklifinə görə, altı ay idi ki, almalısını alıb, satmalısını satmışdı; Rəhimin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə başlamışdı. Həkim tə’yin etdiyi vaxtdan da irəli Nurəddin sağalıb ayağa durdu. Rəhim və Rəhimə Nurəddinin bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılını tamam edib Rəhimdən təvəqqe elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi: – Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki, özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə. Kim bilir, yenə başına nə gələcəkdir. Rəhimə sözünü qurtarmamışdı ki, Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi: – Oğlum, bu kitabın əhvalatını bilirsənmi? – Bəli, atam söyləyibdir, — deyə Nurəddin cavab verdi. – İndi al, onun cildində yazılan yazını oxu. Nurəddin alıb oxudu: «Yaxşılıq elə balığı at dəryaya balıq bilməsə xaliq bilər». İmza: Rəhim». – Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi, indi onun borcunu qaytarıb sən oğluna verirəm, — dedi. — Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm, Külpəri qəyyum olduğuna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz; çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələ. Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir məişət başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü. Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi. – Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm. Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi: – Həmişə belə et, oğlum. Fəqir-fuqaranı yaddan çıxartma. Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Rəhim Nurəddinə verdiyi sözə əməl edib, Baharın dalınca adam göndərmişdi. Bir axşam Nurəddin, Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi: – Bahar, məni tanımırsan? — Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi: – Vay, Nurəddin sağ imiş. — Bunu deyib Nurəddini bərk qucaqladı. Baharın bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan sonra dedi: – Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən üç gün sonra kəndçilər papağını çaydan tapıb Əmirəslana vermişlər. O da divana mə’lum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki, Əmirəslanla Külpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər: – Bahar, indi sən bizə lazım deyilsən. Haraya istəyirsən gedə bilərsən. Bu vaxt mən bir ilin ərzində ürəyimə yığılanın hamısını ağlaya-ağlaya və qışqıra-qışqıra boşaltdım. Qonşular səsimə cəm olmuşdular. – Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! — deyə qışqırdım. Axırda Əmirəslan qaradovoy çağırıb məni qovdurdu. İndi gərək sağ olmağını divana mə’lum edib, onlardan hesab alasan. Rəhim buna razı olmayıb dedi: – Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur. Çaydan sonra ər və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa keçdilər. Nurəddindən cəmi əhvalatı biləndən sonra Külpəri ilə Əmirəslandan intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. Bu nağıl etdiyimiz zamandan on il keçdi. Baharın axırı idi. Rəhimin evində səhər tezdən böyük qonaqlıq tədarükü görülürdü. Bu, qonaqlıq, Nurəddinin edadi məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Bahar, Rəhimə və Rəhim sufrənin zinnətinə məşğul idilər. Hətta Cənnətəli də bağçadan öz əlinin zəhməti ilə bitirdiyi güllərdən dərib sufrəni bəzəməkdə onlara kömək edirdi. Bu qonaqlığın baisi olan Nurəddin isə o biri otaqda təzə tələbə libasını geyib güzgünün qabağında özünə zinət verirdi. Bir azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim Rəhimə, Bahar hər üç heyrətə gəlib Nurəddinin gözəlliyinə valeh və heyran qalmışdılar. – Allah səni bədnəzərdən saxlasın, oğlum, — deyə Rəhimə Nurəddinin boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi. Saat iki tamamda, otaq gənc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi. İndiyə kimi Rəhimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan səsləri eşitməmişdi. Səsdən gülməkdən nahar vaxtı çalınan tarın səsi eşidilmirdi. Axşama iki saat qalmış, qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay sufrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi: – Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz. – Sənin qonağın bizə həmişə əzizdir, oğlum, — deyə Rəhim cavab verdi. – Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz. – Edərəm, oğlum, de içəri gəlsin. — Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı. Dedi: – Ana, bilirsənmi bu dilənçi arvad kimdir? – Külpəridir, — deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı. – Bəli, Bahar, Külpəridir, ancaq tamaşa et gör ondan intiqamımı necə alıram. — Bu sözü deyib, Nurəddin Külpəriyə tərəf döndü və dedi: – Külpəri; indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən başqa geri şey yoxdur. Bunu eşitcək Külpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi: – Nurəddin, rəhmli cavan, allah-taala sənə etdiyim zülmün əvəzində məni bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm. Nurəddin Külpərini qaldırıb oturtdu. Külpəri başladı. – Doğrudur, sənin dövlətinə malik olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmirəslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün. Bahar bunu eşidib dedi: – Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, ay zalım? Nurəddin dedi: – Bahar, sakit ol, qoy nağıl etsin. Külpəri dedi: – Papağın sudan çıxandan sonra yəqin etdik ki, çayda boğulub ölmüşsən, yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi. Nurəddin bunu eşidib ah çəkdi. Külpəri dedi: – Sonra sənin malına sahib olduq... – Amma yeyə bildinmi? — deyə Bahar sordu: – Yox, bir-iki ilin ərzində Əmirəslan qumara udub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmirəslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. Bahar dedi: – Məşhur məsəldir deyərlər: «Su çanağı suda çatlar». Külpəri: – Məni də bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir allah bilir... Külpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi: – Külpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmusan. Bunların xatiri üçün və Nurəddinin özü sənin günahından keçdiyi üçün burada qalıb rahat olacaqsan. — Sonra üzünü Nurəddinə tərəf tutub dedi: – Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir. — Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü. Hacı Səməd nağılı tamam edib soruşdu: – İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır? – Əlbəttə, səninki, səninki, — deyə Məmməd və Fatma cavab verdilər. * * * Qaraca qız Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı. Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi: – Qaraca qızı su batırmaz, od yandırmaz. Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi. Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı xalq şirin yuxuda ikən ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külünk uçuqları qazmağa başladılar Ata oğulu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar. Bir dəstə də Usta Zeynalın evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyiti çıxdı. Bir az da qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu qız həmin Qaraca qız idi. O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib, ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb, qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar. Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad, ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi. Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sifəti, hələ qara və pırtlaq gözləri həinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət verəcəyini söylədi. – Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə oynadacağam, sənin üçün pul yığacağam. Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu. Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə yerdə, çay qırağında, meşə kənarında mənzil edib, çadır qurmaq, nağıl söyləmək — bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin ayısından qorxurdu. Amma sonralar öyrəşib, onunla çox dost olmuşdu. Ayı da onunla oynamağı sevirdi. Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi yaxşı geyindirib oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf tutanda dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər ikisini çox incidərdi. Qaraca qızın təbiətində inadçıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin sözündən çıxmazdı, çünki Yasəmən onunla məhriban dolanırdı. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: – Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. Yasəmən ona belə cavab verərdi: – Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən rəftar insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana məhriban rəftar, mülayim söz lazımdır. Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdi: – Yox, bu səbəb deyildir, sən olmasan, mən onu iki günün ərzində mum kimi edərəm. Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç vəchlə imkan tapa bilməmişdi. İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub deyərdi: – Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır tənkə gəlib qaçar və sənin də əlin belə böyük mənfəətdən çıxar. Bu sözlər həmişə Yusifə tə’sir edib, Qaraca qızı döyməkdən bir müddət çəkinərdi. Yayın orta ayı idi. Günün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi. Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. Yusif ayısını götürüb yaxın kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu. Qaraca qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldaya-xarıldaya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi. Yasəmən paltarı yuyub kolların üstünə qurumaq üçün sərmişdi. Özü də başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb başına su tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın uçalıqdan tökülən şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarını döşündən yığıb belinə atdı. Bu halda qulağına çay tərəfindən sel kurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, kurultu və nərilti ilə gələn seli görüb, var gücü ilə qışqırdı: – Qızım, tez ol qaç, sel gəlir. Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir neçə addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı götürüb və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu itiaxan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar Yasəmənin qışqırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı. Amma Yasəməni sel götürüb üzüaşağı axıtdı. Qaraçılar çaya tökülüb hər ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaralmışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi. – Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol. Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisini yerə salıb rahat etdilər. Axşama çağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi: – Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla gətirəcəkdir. Qaraçılar Yusifi sakit edib dedilər: – Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durun bayıra çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona qulluq edər. Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə qaldı. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. Yazıq Yasəmən qızdırmanın tə’sirindən tora düşmüş quş kimi yerində çapalayırdı. Onun gözləri həmişə yumulu idi. Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevkili şəlaləsi günəşin qırmızı şə’ləsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi yanaqları solub zanbaq rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə ona dedi: – Hüsniyyə, Yusif haradadır? – Bayırdadır, bacım, çağırımmı? – Çağır, hamını çağır... ölürəm... – Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa sənin üçün həkim tapıb gətirəcəyəm. Bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər, Yasəmən dedi: – Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq as... Əmələ gətirməyə söz ver... Bir az dayanıb yenə təzədən başladı: – Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq sən də mənə söz ver ki, bundan sonra Qaraca qızla məhriban rəftar edib, onu incitməyəcəksən... Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi: – Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ gətirməyə söz verirəm. Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi: – Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan müğayat ol. Ah, gözlərimə qaranlıq çökür... Məni boğurlar... Yusif... Hüsniyyə... Qaraca qız... — deyə Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi. Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başladı. Hüsniyyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün səhər mənzildən çıxıb bir də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin üzünə baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər çəkir. Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib olmuşdu: belə ki, əlinə düşən pulu içkiyə verib tez-tez mast olurdu. Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu. Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı cavanlara çox xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular. – Sağ ol, çox yaşa, Qaraca qız, — deyə cavanlar atlarını sürdülər. Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi: – Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım. Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi, oraya içməyə gedir. Amma bununla belə bir söz demədi. Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi: – Ağıllı qızım, burada otur, bu saat gələcəyəm. Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə qızı elə bərk vurdu ki, biçarə dik atıldı. – De görüm, ayı hanı? Mürtəd qızı mürtəd. Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi. – Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm. Yusif kola diqqətlə baxıb gördü ki, ayının bağladığı budaq qopub və özü də yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır. – Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq. Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu kah Qaraca qızı söyüb qorxudurdu, kah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi. – Eşidirsənmi; əmi, bu tərəfdən ayının bağırtısı gəlir. – Heç zad eşitmirəm, yalan deyirsən. – Bax, bax, yenə bağırır. Bu dəfə Yusifin özü də eşitdi: – Doğru deyirsən, bağıran ayıdır. Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə ayının yeri yaxın göründü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciri ilə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb, Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrətmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxuşu isə asan dırmaşa bilir. Ayı axtarıb mağaranı taparaq içəriyə soxuldu. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun qorxusu nahaq idi, çünki indi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də onun orada olmasına şad olardı. İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vəhiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-hürə mağaranın ağzını aldılar ancaq cür’ət edib içəri girə bilmədilər. Bir azdan sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının nəriltisini eşidib, tüfənklərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin bir neçəsi cür’ətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan biri-ikisi yaralanmışdı. Bu halda ovçular bayırdan: – Axtar bas, Xallı bas, Gümüş bas, — deyə qısqırtdılar. İtlər cür’ətlənib yenə özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi. Ovçuların biri: – Afərin mənim gülləm. – Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir. – Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan mənim gülləmdir. – Səbir edin, əzizlərim. Bu saat mə’lum olar, — bunu deyib, əvvəlki adam atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib diqqətlə baxmağa başladı: – Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra üzünü nökərlərinə tərəf tutub dedi: – Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam. Elə öz meşəni tə’rif edib məni məsxərə edirdin ki, sizin meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir? Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi: – Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə ayısı deyil. Əldə bəslənmiş ayıdır. – Elə iş ola bilməz. Onu haradan bildin? – Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu deyirəm? Səlim bəy baxıb, Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi: – Deyəsən, mağarada yenə ayı var. Bəylər tüfənklərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gərdükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüseynqulu ağa ondan soruşdu: – Qız, sən kimsən? Bu mağarada nə qayırırdın? Qaraca qız cavab vermədi. Rəhim bəy dedi: – Hüseynqulu ağa, görmürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir. Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olduğunu duymusanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir. Səlim bəy qıza diqqətlə baxıb dedi: – Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt və’d etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə qonaqlıq edib, sizə böyük kef verəcəyəm. Hüseynqulu ağa bunu eşitdikdə dedi: – Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan qız mənə çatar, çünki mənim köpəyim tapmışdır. Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi: – Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən? – Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri kişiyə verəcəyəm ki, o saxlasın. Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola düşdülər. Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi: – Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz. Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərinin qışqırığı bir-birinə qarışmışdı. Ağca xanım bu səs-küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası bəyzadə, o birininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görmüş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı. Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü: Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız ilə söhbət edən görüb bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi: – Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın tərbiyə verdiyiniz qız kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır. Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım — dalımca gəl, qaraçı qızı, — deyib Hüseynqulu ağanın otağına apardı və rişxand ilə dedi: – Bu şahzadə qızını haradan tapıb gətirmisən. Qızın ilə tanış olub, çox şirin söhbət edirdilər. Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi: – Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq onu hala salmışdır. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, kefi açılsın. Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır. Xanımın yanında qaravaş olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır. Bir pis iş edərlərsə tərbiyə edib qoymaz. Bu sözlər Pəricahan xanıma əsla tə’sir etmədi. – Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə üçün sözünə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil. – Xeyr, bu qız burada qalasıdır, — deyə Hüseynqulu səsini uçaltdı. – Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada qalmaram, — deyə Pəricahan xanım qəzəbləndi. Səlim bəy fürsəti fövtə verməyib dedi: – Onda verin mən aparım. Hüseynqulu ağa dedi: – Səlim bəy, heç vaxt razı olmaram. Neçə ki, sizə demişəm, elə də edəcəyəm. Qaraca qız bağbanım Piri babanın yanında olacaqdır. Pəricahan xanım dedi: – Bu şərtə mən də razıyam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi olmayacaqdır, çünki ondan pis xasiyyət götürər. Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub, onun atası zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi düşməsə ağalıq qapısına gəlməzdi. Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri kişiyə verilməsi onu çox şad etdi. Öz komasına Qaraca qız üçün yer hazırladı; onu yedirib rahat etdi. Qaraca qız yatağa girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu: – Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə qoymur? – Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş deyildir. Qaraca qız bu sözlərlə sakit olmayıb düşünürdü: – Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona yemək verməyəcəklər. Yazıq aç qalacaqdır. Anam sağ olanda məni də naharsız qoyardı, ancaq mən nadinçlik edərdim. Bu heç zad etməmişdi. Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəsi həmin fikirlər Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı. – Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəccüblü şeylər danışırdı. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm. Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam. Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi. Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın. Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı. Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi. Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi bir yeni şəxs ilə tanış olanda. Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə imtahan etdiyi üçün belə deyərdi: – Dost-düşmənimi Qara köpəklə tanıyıram. Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bə’zi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu geri qaytarmaq üçün Piri kişi özü gələrdi, yoxsa kimsəyə qulaq asmazdı. Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı. Əlini yalamağa başladı. Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara köpəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi: – Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun? – Baba, burada ayı var. – Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? — Sonra Qara köpəyə: — Çəkil, — deyib onu bayıra qovladı. – Yat, qızım, hələ tezdir. – Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam. – Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam ola. Qaraca qız paltarını geyib dedi: – Baba, əl-üzümü harada yuyum? – Budur, daxmamızın yanından su axır, get orada yu. Qaraca qız üzünü yumağa getdi. Piri kişi də sufrəni salıb pendir, çörək və yağ qoydu, sonra çaydandan iki fincan çay töküb sufrəyə qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi. – Al, qızım, üzünü sil, otur çay içək. Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub, sufrəyə oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza dedi: – Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir çəvərən verdi. Evdən bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb çəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb çəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna keçirdi. Qara köpək bu dəfə də başını əyib çəvərəni yerə saldı. Piri kişi dedi: – Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, tə’limə yatmaz. – Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm. Bunu deyib Qaraca qız Qara köpəyin qabağında çöməldi və onun gözlərinə baxarkən dedi: – Qaraca köpəyim, ağıllı köpəyim, çəvərəni götür. Qara köpək çəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi: – Afərin, Qaraca köpəyim! Baba, gördünmü? – Görürəm, qızım və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta çəvərəni də aparır. – Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq, baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa döymək ilə bir şey olmaz. Amma qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını döydü, o da onu parçaladı. Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi. İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmkin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı. Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zəvq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun yetmiş yaşında olduğuna inanmırdı. Onlar gəlib almalığa çatdılar. Qırmızı, ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı. – Baba, nə gözəl almalardır. – Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyə qadağan etmirəm, ancaq aç qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə yığım. Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yerə tökməyə başladı. Ağzını da bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi: – Qızım, daha bəsdir, düş gedək, bir qədər armud, üzüm və hulu yığaq. Qaraca qız düşdü. Almalardan çəvərəninə qoyub, yenə Qara köpəyin boynuna asdı. Armudluğa gedərkən birdən Qara köpək çəvərəni yerə atıb ildırım kimi götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik qaçır, Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb yüyürə-yüyürə Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa o, pişikdən əl çəkmədi. Qara köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə vura-vura qaqqıltı ilə gülməyə başladı. – Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, — deyə Qara köpəyə yanıq verdi. Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki, sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yazıq pişik hərçəndi hündürdə idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki, xallıca gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını çəvərənə doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit olmuşdu. Amma yenə də gözləri ağacda idi. – Baba, bax, nə gözəl pişik balasıdır, bunu aparıb evimizdə saxlayacağam. – Çox yaxşı, qızım, apar. İndi o armudları da dər, sonra düş. Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü. Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın sə’yilə bilmərrə sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu. Meyvələr hazır olduqda Piri baba dedi: – İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi kömək et, sonra mən özüm apararam. – Baba, məgər mən ağalığa gedə bilmərəm? – Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun əmrindən çıxırıq. Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağça xanım da müərrəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki, Ağça xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl kəpənək gəlib Ağça xanım oturduğu skamyanın üstünə qondu. Ağça xanım gizlinçə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu müərrəbbiyə görüb çox acığı tutdu və hirsli Ağça xanımın əlindən tutub evə apardı. Qaraca qız bir müddət dayandı ki, görsün Ağça xanım yenə bağçaya çıxacaqmı. Bir azdan sonra müərrəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağça xanımı evə salıb dustaq etdi. Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağça xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də müərrəbbiyəyə düşmənçiliyi artdı. Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə kən-bol bir imarət idi. Bundan başqa evin baş tərəfindən üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu Hüseyngulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki otağın ağzı bağlı olardı. Orada Hüseyngulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib Hüseyngulu ağa üçün açıq saxlanırdı. Burada Hüseyngulu ağa nahardan sonra uzanıb bir az rahatlıq edərdi. Bu otağın birçə dənə pəncərəsi vardı, o da geri pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng şüşələri içəriyə bir o qədər işıq buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu otaq ağalıqda «Baba otağı» adı ilə məşhur idi. Axır vaxtlarda Ağça xanım müqəssir olduqda, onu tənbeh üçün bu otağa salırdılar. Qaraca qız çəpər uzunu gəlib, evin başına çatdığda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yaşıl, qırmızı, sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki, oradan baxsın. Bunu Ağça xanım içəridən gördü. Barmağı ilə şüşəni döydü ki, özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşə çinkilti ilə sınıb yerə töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağça xanım sınan şüşənin yerindən baxıb yavaşçadan Qaraca qızı çağırdı. O da özünü ona göstərib dedi: – Ağça xanım, səni orada müərrəbbiyənmi dustaq eləmiş? – Bəli, onu sən haradan bildin? – Mən bayaq çəpərin arasından küllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, müərrəbbiyənin sənə acığı tutdu, dustaq etdi. – Doğru deyirsən, anamın və müərrəbbiyəm Mariya İvanovnanın acığı tutanda, məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb, özün üçün bağda azad gəzirsən. – Sən də həmişə dustaq olmursan ki, geri vaxtlarda mənim kimi gəzirsən. – Yox, məni heç kəs ilə oynamağa qoymurlar, gəzəndə həmişə Mariya İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm. Qaraca qız dedi: – Nə etməli, səni mənimlə oynamağa qoymurlar. – O qucağındakı nədir, – deyə Ağça xanım soruşdu. Qaraca qız xallı pişiyi ona göstərib dedi: – Bu pişik balasını bu səhər bağdan tapmışam. – Ah, nə gözəl pişikdir, – deyə Ağça xanım köksünü ötürdü. – İstəyirsən, sənə bağışlayım. – Çox yaxşı, gətir bu dəşikdən ver. – Oraya nə təvr gəlim, qapıdan gəlsəm məni görərlər və qoymazlar. – Gör çəpərdən keçə bilərsənmi? – Yaxşı, görüm keçə bilərəmmi, – deyə Qaraca qız ağacdan düşüb çəpərdən keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu gördü, bu dəşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çıxdı. Sonra gizlinçə gəlib pəncərənin qabağına çıxdı. Ağça xanım sevinə-sevinə dedi: – Haradan keçdin? – Su arxının dəşiyindən. Al, gör nə yaxşı pişikdir. Ağça xanım pişiyi alıb bağrına basdı. Qaraca qız dəşikdən içəri baxıb dedi: – Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır. Ağça xanım dedi: – Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim, sən də gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış, ya yox. Bunu deyib Ağça qapını çəkdi, qapı açıldı. – Ah, nə yaxşı oldu, tez ol gəl. Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar. Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı qarışıb, Ağça xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi. Lakin bu unudulmağa Ağça xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün müərrəbbiyəsi gəlirmi. Bir dəfə də çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağça xanımın rəngi qaçıb bədəninə titrətmə düşdü. Özünü elə itirmişdi ki, anasının sualına cavab verə bilmirdi. Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseyngulu ağa içəridə olar, bu qəsd ilə oraya girmək istədikdə Ağça xanım lap özünü itirib, onun qabağını kəsdi: – Ana, buraya girmə, girmə, – deyə özü də ağlamağa başladı. Pəricahan xanım təəccübdə ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan xanım, müərrəbbiyə və onların arxasınca Ağça xanım otağa girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu: – Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin verirəm. Ağça xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı. Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapıya tərəf yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan çəftələnmiş görüb mə’yus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var qüvvəsi ilə yuxarı qaldırırdı. Xeyli çalışdığından sonra Qaraca qız ümidsiz divanın üstünə oturdu. O, xeyli təşvişdə idi, çünki bilirdi ki, bu sirrin üstü açılsa Pəricahan xanım onu buradan qovub, qızına da böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə düşdü. Bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da güvvətli idi. O, pəncərəni qaldırıb altından çəftə ilə bənd elədi. Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra çıxıb qapını bağladı, gəldiyi dəşikdən bağa girib komalarına getdi. Bu vaxt Ağça xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi, fikri mudam Qaraca qızın yanında idi. Hətta qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salalar, lakin bu hiylə onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi qaçdığını görüb təşvişə düşdü: – Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü töküldü. Yoxsa, qızım, azarlamısan? Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu: – Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan. Daha bu gün heç yerə çıxmayacaqsan. Bu əhvalatdan Ağça xanım daha da artıq təşvişə düşüb dedi: – Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə. Hüseyngulu ağa üzünü arvadına tərəf tutub dedi: – İndi sapsağ qızı azarlı edəcəksən. – Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan. – Nə üçün, mən ata deyiləm? – Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər? Hüseyngulu ağa cəld yerindən qalxıb açıqlı-açıqlı yumruğunu masaya elə bərk vurdu ki, boşqablar bir-birinə dəydi: – Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... – Bunu deyib Hüseyngulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli, yemək otağından çıxdı. – Get, piyan soldat, – deyə Pəricahan xanım bağırdı. Bu hadisədən yazıq Ağça xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan xanım müərrəbbiyəyə dedi: – Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bə’zi şeylər almaq üçün şəhərə gedəcəyik. Daya Ağça xanımla getdilər. Pəricahan xanım da öz otağına getdi. Bir azdan sonra Pəricahan xanım müərrəbbiyə ilə faytona minib yola düşdü. Anası gedəndən sonra Ağça xanım bir müddət otaqda qalıb pəncərədən baxdı. Oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseyngulu ağanın mülkündə tikilmişdi. Hərdənbir Ağça xanım öz müərrəbbiyəsi ilə oraya gəzməyə gedərdi. Birdən vaqon fit verdi. – Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı dustaqdan xilas edim. – Bunu deyib, Ağça xanım cəld geyindi və çıxıb Baba otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı çəftəsizdir. Yavaşça qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu ittifaqa Ağça xanım həm şad oldu və həm də təəccüb etdi. Bu vaxt atası onu gördü. – Hə, qızım, dustaqlıqdan qaçmısan. Çox da yaxşı etmisən. O dəli ananın sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək. Ağça xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına atıldı. Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseyngulu ağa soruşdu: – Qızım, nə üçün mat qalmısan? Söhbət elə gərək nə var, nə yox. Ağça xanım soruşdu: – Ata, sən çoxdanmı buradasan? – Nahardan sonra gəldim, qızım. – Sən gələndə qapı açıq idimi? – Yox, mən özüm açdım. – İçəridə kim vardı? – İçəridə, bax, bu xallı pişik vardı, – bunu deyə-deyə Hüseyngulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. – Qızım, bundan ötrümü soruşdun? Ağça xanım pişiyi alıb dedi: – Yox, ata, bundan ötrü soruşmuram. – Bəs kimdən ötrü soruşursan? Ağça xanım cavab verməyib fikrə getdi. – Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz. Ağça xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona izin verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi: – Ata, anama deməzsən ki, söyləyim. – Demərəm, qızım, söylə. Ağça xanım əhvalatı ona söyləyib soruşdu: – Ata, bəs Qaraca qız buradan necə çıxmışdır. – İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynayarsan və həm də onun buradan necə çıxmasını özündən soruşarsan. – Bunu deyən Hüseyngulu ağa divanın üstündən qalxdı. Ağça xanım şadlığından bilmirdi ki, nə etsin. Hüseyngulu ağa qızı ilə bağı gəzirkən gəlib Piri kişinin dəhməsinə çatdı. O vaxt Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, dəhməyə girirdi. Qaraca qız Hüseyngulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək gətirib yaşıl otların üstündə saldı. Hüseyngulu ağa oturdu və üzünü qızlara tutub dedi: – Siz də gedin bağda oynayın. Qaraca qız qavalını götürüb Ağça xanım ilə gəzməyə və oynamağa getdilər. Ağça xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağça xanım başına gələni Qaraca qıza nağıl etdi, o da Baba otağından necə çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba otağında görüşsünlər. Qaraca qız Ağça xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda hər ikisi köy otun üstündə oturub söhbət etməyə başladılar. Ağça xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra qayıtması yadına düşdükcə ürəyi sıxılırdı. Bir azdan sonra Hüseyngulu ağa Piri kişi ilə gəlib, qızlar oturduğu yerə çıxdılar. Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdığda dedi: – Bu pətəyin arıları çox vuraqandılar, qızlarım, bunlardan özünüzü gözləyin. Bir başqa pətəyə çatdığda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi: – Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. – Sonra üzünü Qaraca qıza tərəf tutub dedi. – Qızım, qaçarağ get, evimizdən o gün sənə göstərdiyim ağ torbanı götür gəl. Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda arılar bir kilas ağacının budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi Ağça xanıma dedi: – Ağça xanım, hər yuvada birçə dişi arı olar, ona şah deyərlər. Bir yuvada iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da onun başına cəm olacaqlar. Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi: – Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağça xanım Piri kişidən soruşdu: – Baba, o arılar Qaraca qızı sancmazlarmı? – Yox, xanım, arını incitməsən və onlardan qorxmasan, adamı sancmazlar. Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi: – İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sındır, torbanın içində qalsın. Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı aralığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı. – Ağça xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istəsə, gələrsən, kəsib verərəm. Bundan Ağça xanım çox şad oldu. Hüseyngulu ağa dedi: – Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir. Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı. Pəricahan xanım Ağça xanımı çox şad və yanaqları qızarmış görüb dedi: – Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm. Ağça xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərinə və şirin yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağça xanımın arzu etdiyi bir şey vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq Baba otağında mümkün idi. Ağça xanımın təbiəti çox həlim idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, müərrəbbiyəsinin əmrindən qəsdən çıxıb tez-tez özünü Baba otağına saldırırdı. Ağça xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o qədər də müərrəbbiyəsinin əmrindən çıxıb, özünə tənbeh etdirməyi onu qəmkin edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseyngulu ağa rişxəndlə deyirdi: – İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz. Bu kimi hallarda Hüseyngulu ağa qızına açıqlanıb Baba otağına göndərərdi və gizlin Qaraca qıza xəbər verərdi. Piri kişi Qaraca qızın Ağça xanım ilə gizlin görüşüb dostluq etməsinə əsla razı deyildi. O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə qoymayan Hüseyngulu ağa bu yetim qızı arvadının acığına Ağça xanımın yanına buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldığda Pəricahan xanım Qaraca qızı qovacaq. Piri kişinin bir də narazılığı onda idi ki, Hüseyngulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında oynadırdı. Bunun üstündə Piri kişinin Hüseyngulu ağaya çox acığı tuturdu. Lakin qızı onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi. Belə ki, bir dəfə Hüseyngulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub çalan dəstəsi də vardı. Hüseyngulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız qaldıqda, Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü. Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca sevərdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstə çökərək əlinin birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu. Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən qurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca qız qəbul etmədi. Hətta Hüseyngulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsilmişdi ki, birdən Ağça xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağça xanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən mə’lum edirdi ki, bu Qaraca qızın şakirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı. Onlar dəstə ilə yüyürüb qapının ağzında tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla şad olmayıb acığından bilmirdi ki, nə etsin. Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. Hüseyngulu ağa fərəhlənib qızını bağrına basdı. Bəylər onu tə’rif edib başını sığalladılar. Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağça xanımı yanına çağırdı. Hüseyngulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseyngulu ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib gördü ki, Ağça xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır: – De görüm, bu oynamağı sənə kim öyrətmişdir? Hüseyngulu ağa dedi: – Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir? – Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi qadağan etməmişdimmi? – Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən? Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın... Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi. – İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam. – Özün bilərsən, oturursan – otur, gedirsən – get. Bunu bilməlisən ki, bundan sonra mən öz istədiyim kimi davranacağam. O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseyngulu ağanı çəkib o biri otağa apardılar. Bu ittifaqdan qonaqlar pərişan olub, bir-bir dağılmağa başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb, getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseyngulu ağanın hirsi yatıb arvadına dedi: – Nə üçün razı olmursan Ağça xanım oynasın, oynamağın nə zərəri var ki? Səlim bəy dedi: – Pəricahan xanım, mənim qızım Ağça xanım kimi oynamaq bilsəydi, onun başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da bilmir. Rəhim bəy dedi: – Uşaq tayfası Ağça xanım kimi oynamağa, gülməyə yaranmışdır. Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda. Pəricahan xanım onun sözünü kəsərək dedi: – Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi ağanın nəvəsi Ağça xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağça xanımı burada qoya bilməyəcəyəm. Mən irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseyngulu ağa burada qalsın, çünki şəhərdə yaşamağı sevmir. Hüseyngulu ağa buna razı oldu. Sabahısı günü Ağça xanım anası ilə şəhərə köçdü. Yazıq qızçığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. Ağça xanımın şəhərə köçməsi Qaraca qıza böyük tə’sir etdi. Bir tərəfdən Ağça xanımın ayrılıq həsrəti, o biri tərəfdən də onun ata-anasının arasına ədavət düşməsi Qaraca qızı çox qəmkin edirdi. Onu şad edən bir şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseyngulu ağanın günlərini dostu Səlim bəy və Rəhim bəykildə keçirib, öz evində az görünməsi idi ki, beləliklə də Qaraca qızı da oynamağa çağırmırdı. Bundan əlavə Qaraca qız özü də oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından irağ olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətmişdi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə görəndə, gülüb deyirdi: – İki qara yaxşı tapışmısınız. Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı. Belə ki, bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə çəvərənini götürüb meşəyə getmişdi. Qara köpək də yanında idi. Meşə Hüseyngulu ağanın mülkündə idi. Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmurdu, çünki hər iki halda Qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. Meşədə çəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin içindən dəmiryolu keçirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı moruğunu yığmağa qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruq yığan və qatarı iti gələn görüb ildırım kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, özü də dərəyə uçdular. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə hərəkətindən açıqlanıb qışqırdı. Amma başını yuxarı qaldırdığda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu təvr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu əzizlədi. Sonra yola çıxdı ki, görsün çəvərəsi necə olmuşdur. Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən qurtarmasına çox şad olub, çəvərənin tələf olmasına bir o qədər də yanmadı. Bu xəbər gedib şəhərə çatmışdı. Ağça xanım dostu Qaraca qızın ölümdən xilas olmasına çox şad olub, atasına yazdığı məktubun içində bir şahı irilicində zərli bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun. Yayın axır günləri idi. Ağça xanımın pansiona girməsinə az qalmışdı. O, anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin. Pəricahan xanım razı olub dedi: – Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq Ağça, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə gəlmişdi, özü tutduğu əməlindən peşman olmuşdur. O deyirdi ki, mən arvadımın acığına Ağçanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam. Bu xəbərdən Ağça xanım qəmkin və pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdığda dedi: – Ana, mən kəndə getmək istəmirəm. – Nə üçün, dünən sən özün demirdinmi? Qalx, tənballik etmə. Ağça xanım istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini telegrafla Hüseyngulu ağaya xəbər verdi. Qatar stansiyada dayandığda Ağça xanım pəncərədən atasını görüb çağırdı. Vagondan endikdə Ağça xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağça xanım bundan istifadə edərək, gizlincə Qaraca qızın yanına qaçıb onunla görüşdü. – Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, – deyə Qaraca qız Ağça xanımı tələsdirirdi. – Doğru deyirsən, sonra görüşərik, – deyə Ağça xanım ata-anasına yanaşdı və faytona minib yola düşdülər. Ağalar qapıya çatdığda xidmətçilər həyətdə çərkə ilə düzülmüş, zalım xanımın qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi: – Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmış. Ağça xanım anasının bu tə’nəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağça xanımın buraya gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmkin idi. Qaraca qız da qəmkin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı. Qaraca qız oyanmışdısa da hələ yerindən qalxmamışdı. – Qızım, nə çox yatmısan, sən heç belə keçikməzsən, azarlı deyilsən ki, – deyə Piri kişi soruşdu. – Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur. Piri kişi komanın qapısını açıb dedi: – Qızım, bax gör, nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər yatar. Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay içməyə məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası da sataşdı. Bu qarışqaların içində qanadlıları da vardı. Onlar qalxıb havada uçurdular. Kah bu yuvanın, kah da o yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi: – Qızım, nəyə baxırsan? – Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə üçün? – Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəklər. Bu gün qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub düşəcək. Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı. – Bəli, qızım, qarışqaların toyudur. Get qavalını götir, çal, onlar da səndən razı qalsınlar. Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçarağ komaya gedib, qavalını gətirdi. Çalıb, oynamağa başladı. Piri kişi bu işdən şad oldu. Bu vaxt Ağça xanım müərrəbbiyəsilə bağçada oturmuşdu. Mariya İvanovna kitab oxuyurdu. Ağça xanım da evçik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin qırağına gəldi. Ağça xanım, Qaraca qızın çəpərin yanında oxuduğu mahnını dinləyərkən, qıvrılıb özünü günəşə verən zəhərli bir ilan atılıb Ağça xanımın çılpaq qolundan sançdı. Ağça xanım qışqırıb özünü müərrəbbiyəsinin üstünə atdı. Bunun qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib, Ağça xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. Ağça xanım da qışqıra-qışqıra onun dalınca yüyürməyə başladı. – Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, – deyə Piri baba Qaraca qızı dayandırdı. – Baba, bu səs Pəricahan xanımın səsidir, – deyə Qaraca qız ildırım kimi götürüldü. Həyətə çatdığda gördü ki, Ağça xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır: – Aman, sizə qurban olum. Tezcə bir Ağçanın yarasını sorub, ilanın zəhərini yerə tökünüz. Lakin, heç kəs bu qorxulu işə cür’ət edib qədəm qoymurdu. Qaraca qız Pəricahan xanımdan bunu eşitcək, Ağça xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi. Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi: – Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma. Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu ölümdən xilas etməyə sə’y edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa, daha yaradan qan gəlmədi. Ağça xanım yaradan bir o qədər şikayət etmirdi, yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi: – Ana, qaytanı aç, qolumu kəsir. – Yox, qızım, olmaz. Onda zəhər bədənə yayılıb, səni öldürər. Səbir et, şəhərə telegram vuracağam. Atan həkim gətirsin, – bunu deyərək Pəricahan xanım bir telegram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağça xanımın qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı. – Baba, gördünmü başımıza nə gəldi? – deyə Pəricahan xanım şikayətləndi. – Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xilas etmək üçün bu atasız-anasız yetimi bəlaya salmısan, – deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı. – Baba, nə deyirsən. Qaraca qıza heç bir şey olmamış. – Yaxşı bax, xanım. Bu vaxt Qaraca qız dedi: – Baba, içərim yanır. Mənə su ver içim. – Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü xidmətçilərə tutub dedi: – Cəld gedin mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim. – Baba, bu saat – deyə xidmətçilər yüyürüşdülər. – Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Telegram vurmuşam, Hüseyngulu ağa şəhərdən həkim gətirəcəkdir. – Bunu deyərək Pəricahan xanım onun qabağını kəsdi. – Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, bəyzadə qızına pis xasiyyətləri tə’sir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm. – Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı. Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduğda zəhər tüpürcəklə onun qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidini kəsməmişdi. Lakin öz canını özgə uğrunda fəda etmiş qızçığazın həyatı bitmək üzrə idi. – Baba, mən ölsəm, məni o bağçamızın yanındakı köy təpədə basdırın. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var. – Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin köy təpədə basdıracaqsan. Hüseyngulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağça xanıma baxdığdan sonra dedi: – Ağça xanımın heç qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış rəf olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar. Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın dəhməsinə getdilər. qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona baxdıqdan sonra dedi: – Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir. Bu xəbərdən Piri kişi mə’yus olub dedi: – Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə verən qadına nə deyərlər? – Sus, qoca köpək, mənim qızımı bu qaraçı qızına taymı edirsən, – deyə Hüseynqulu ağa bağırdı. Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və kişiyə tapşırdı ki, bundan xəstəyə tez-tez versin. – Baba, mə’yus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, – deyə həkim ağalar ilə bərabər getdi. Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir həyat, yeni bir şə’lə gətirmişdi. İndi o şə’lə sönür... Ona da səbəb tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu. Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqini bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!.. – Daxmanın bülbülü uçub getdi, – deyə Piri baba göz yaşı tökdü. * * * Əşrəf Sevimli şakirdim Əşrəf Babayeva ithaf Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi: – Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: «İnsan olan vətəninin quludur!.. «Bu mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı. Uşaqlar atalarından bunu eşitcək cəld dedilər: – Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!.. – Yaxşı, övladlarım, söyləyərəm, çünki söyləməli bir hekayədir. – Hacı Səmədin arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd də çaydan bir neçə qurtum içib başladı: – Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir şəhərdə Hacı Qazım namında bir tacir sakin idi. Bu tacir İstanbul ilə güclü xalça alış-verişi edirdi. Hacı Qazımın çox övladı təvəllüd etmiş idisə də, cümləsi qırılıb, tək bircə on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl oğlan idi. Ancaq alış-veriş etməyi sevmirdi və bir də çox pul tələf edərdi. Atası ha istəyirdi ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdı. Atası çox tə’kid edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan öləndən sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün... – Əlimərdan onun sözünü kəsmək üçün deyərdi: – Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli, oxumuş ola, hərgah şəhərimizdə belə qız varsa bu saat nikahını oxut. Bunu dedikdə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq bu cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı Qazım özü də bilirdi ki, bu söz oğlu tərəfindən bir bəhanədir, çünki Əlimərdanın özü elmsiz bir cavan idi. Üç-dörd il məktəbdə oxuyub, ancaq ana dilində bir az savad qazanmış idi. Hacı Qazım oğlunun bu barədə də sözünü kəsmək üçün oxumuş qız arayırdı. Həmin şəhərdə Hacı Qazım ilə həmsinn Cəmaləddin ismində bir mülkədar yaşayırdı. Cəmaləddin nəcib şəxslərin biri idi. Onun ata-babası öz zamanlarında böyük bir mülkə sahib olmuşdular, ancaq knyaz Cəmaləddinin vaxtında o böyük mülk tələf olub, bir cüz’i hissəsi qalmışdı ki, onun ilə də knyaz özünü və övrətini bir tövr ilə saxlayırdı. Knyazın övrəti Kamilə xanım anatollu Tofiq Paşanın qızı idi. Kamilə xanımın, ana tərəfindən Cəmaləddinə qohumluğu çatırdı. Hacı Qazım ilə knyaz Cəmaləddin cavanlıqdan bir-birilə dost idilər. İndi isə dostluqları daha da möhkəmlənmişdi. Hacı Qazım oğlunun quya tərbiyəli qız tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi. O da Əlimərdan istədiyi qızı tapmağa söz vermişdi. Amma buna Hacı Qazımın ümidi yox idi, çünki uşaqdan böyüyə kimi şəhərlərinin hamı adamlarını tanıyırdı: oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən başqa Tofiq paşanın üç oğlu və iki qızı da var idi. Bu böyük külfəti ancaq öz təqaüdü ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi. Kamilə xanım atasının qocalığını və qardaşlarının körpəliyini mülahizə edib Əlimərdana getməyini Nəcibəyə təklif etdi, o da bu təklifi qəbul etdi. Atasının razılığına Kamilənin şübhəsi yox idi. Məktub vasitəsilə yazıb, Nəcibənin izinini istədi. Hacı Qazım bu işə artıq dərəcədə şad idi və oğlunun da belə nəcib şəxslər ilə qohum olmağa razı olmasına şübhəsi yox idi. Bu səfər Hacının zənni düz oldu: Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq məktubu gəldi. Hacı Qazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi. Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsincə də elm və tərbiyə almışdı. Namı qoyulmuş «Nəcibə»liyi, hər bir əsərindən aşkar olurdu. Əlimərdan Nəcibəni ürəkdən sevib onun tə’sir göstərməsi ilə bir az müddətdə cəmi fəna əməllərini bilmərrə tərk etdi. Bu iki cavanın bir-biri ilə olan gözəl rəftarı və dolanacaqları şəhər cavanları üçün dərs olmuşdu. Tarix hicrinin 1303-də, baharın əvvəlində, Nəcibədən hekayəmizin qəhrəmanı Əşrəf təvəllüd etdi. Əşrəfin dünyaya gəlməsi babası Hacı Qazımın qəflətən vəfat etməsinə səbəb oldu. Belə ki, Hacı Qazımın Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi Əlimərdana lələlik etməyinə görə hamı ona lələ namı verib çağırardı. Həsən lələ Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə almayıb, yenə də lələlik vəzifəsindən əl götürməyirdi. Hacı Qazım Həsən lələyə demişdi ki, hərgah Əlimərdanın oğlu olsa, ona da lələ olacaqsan. Bu da Həsən lələni nəhayət dərəcədə şad etmişdi. O idi ki, həsən lələ hamıdan tez Nəcibə xanımın oğlan doğmasını bilib Hacı Qazıma müjdə verməyə qaçdı. O zaman Hacı Qazım bazardan evə gəlirdi. Qapıya çatdıqda Həsən lələ tənknəfəs bu xəbəri ona verdi. Hacı Qazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi nəvəsini görmədi. Bu ittifaq cümləni, ələlxüsus Həsən lələni mə’yus edib, şadlıqdan qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi: – Hərgah, mən bu şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi. Atasının vəfatından sonra Əlimərdan ticarət işini baş xadimi Əzimə tapşırıb, özü gününün çoxunu evdə keçirməyə başladı. Əşrəf böyüyüb, yaşı altıya yaxınlaşdı. Bu çox gözəl, sağlam və sevimli bir uşaq idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl vurmazdı, söyüş kimi fəna xasiyyətlər əsla onda yox idi. Dili qayət şirin idi. Sağ yanağında böyük bir xalı var idi; gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona xeyli məlahət verirdi. Ata-anası Əşrəfi çox istəyirdi. Hər gün ona çür-bəçür libas geyindirib gəzdirirdilər. Atası onun üçün balaca ikitəkərli fayton və bir eşşək almışdı. Həsən lələ eşşəyi faytona qoşub, gündə Əşrəfi şəhərdə gəzdirərdi. Şəhər əhlinin əksəri onu tanıyıb əzizlərdi. Əlimərdan tanışlarına gülə-gülə deyərdi: – Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam; onlar harada məni görsələr, «Odur Əşrəfin atası gedir» deyib, bir-birlərinə göstərirlər. Həsən lələyə gəldikdə xalqın Əşrəfə böylə diqqətlə baxıb nəzər yetirdiyinə və tə’rif edib, «Nə gözəl uşaqdır!» dediklərinə çox açığı tutardı. – Axırda birininin uşağa gözü dəyəcəkdir, deyib Nəcibə xanıma şikayət edərdi. O da gülüb deyərdi: – Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi fəna xasiyyətli uşaqların yoldaşlığından, tərk ədəb əsərlərindən mühafizə et. – Yox, xanım, siz bəd gözün tə’sirinə inanın. Mən çox ittifaqlar bilirəm, – deyə Həsən lələ cavab verərdi. Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını nəzərə alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun boynunda parçaya tikilmiş bir heykəl görüb dedi: – Oğlum, bunu kim sənin boynundan asmışdır? Əşrəf dodaqlarında təbəssüm, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli nəzakətlə dedi: – Heç kəsə deməsən ki? – Yox, oğlum, heç kəsə demərəm, de! – Bunu Həsən lələ asmışdır, demişdir ki, heç kəsə demə, bunu assan sənə göz dəyməz. Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir idisə də, bir tərəfdən lələnin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun «belə olmasa ona göz dəyər!» dediyi ilə istirabda olduğunu nəzərdə tutub, duanı oğlunun boynundan çıxartmadı. Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevmirdi. Onun cavan təbiəti həmişə hərəkətdə olmaq istəyirdi. Uşaqlıqda dənizi çox sevib, gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini irəli aparmaq üçün tez-tez İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini daha da artırardı. İndi işi belə görəndə, əsla sevmədiyi xalça alış-verişindən bilmərrə əl çəkib, arzusunu çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanın bütün malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox şad idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda vaxt keçirmək Nəcibə xanıma tə’sir edib, onu gündən-günə arıqladırdı. Nə qədər ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd edirdi və deyirdi: – Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır, istər rahat evdə və istərsə də dənizdə olsun. Nəcibə deyirdi: – Mənim rahatlığım üçün səndən təvəqqe edirəm ki, dənizə özün getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan. – Yox, əzizim, belə olmaz. İş sahibi gərək işinin üstündə olsun. Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşaallah mənə heç şey olmaz. Bu sözlər Nəcibə xanımı rahat etməyirdi. Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz sürdükcə aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez eyvana çıxıb, durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü. Əlimərdanın dənizə olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun şeyləri içində gəmi, lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq sevirdi. Bağçalarında balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə gəzirdi. Gah-gah bu göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə dənizdən çıxıb, evinə gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və zəhmətindən əsla danışmayıb, hər yerdə onun tə’rifini və gözəlliyini söyləyirdi. Bu nağıllar həmişə Əşrəfə böyük tə’sir edir və öz ürəyində dənizə olan məhəbbətini daha da artırırdı. Hətta Həsən lələnin də nağılları içində dəniz xüsusunda olanlarını artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi: – Əşrəf, səni fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb «Məktəbi-hərbiyyəyə» verəcəyəm ki, oradan baban kimi «Paşa» çıxasan! – Yox, anaçığım! Mən onu istəmirəm, mən oxuyub «kapitan» olacağam və Həsən lələni də orada «matros» edəcəyəm. – Əşrəf anasına bu yol ilə cavab verərdi. Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi: – Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gərək atasının yolu ilə getsin. Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa gəmilərə toqqaşırdı və sınıb onu xeyli zərərə salırdı, gah daşıdığı mala zəfər yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu səbəbə onu fikir alırdı; ancaq işinin böylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunun üçün də kefi açılmayırdı. Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. İndi Əlimərdan özü də bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: «Nəcibə, sənə söz verirəm ki, işlərimi bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm». Nəcibə ərinin verdiyi və’dəsindən nihayətdə şad oldu. Payızın son ayı idi. Qara dənizin ən fırtınalı bir zamanı idi. Üç gün idi ki, dənizin nərilti və qurultusuna adət etməmiş şəhər əhli yata bilmirdi. Qara dənizin böylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər. Əlimərdanın gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə salırdı. Gecələr yatmayıb namaz qılır və Əlimərdanın salamat olması üçün allaha dua edirdi. Gündüzlər də durbinlə dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deyirdi: «Həsən lələ! Daha mən kapitan olmağı istəmirəm!». Nəcibənin təşvişi getdikcə artırdı. – Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən? – Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır. Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidən soruşurdularsa, gördüm deyən yox idi. Nəhayət, «Trapezund» şəhərinə mal apardığını soraq verən tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasından bir xəbər bilsin. Bir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu görüb, artıq təşvişlə soruşdu: – Həsən lələ, nə xəbər bildin? – Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa, nə səbəbdən isə «N» şəhərində gəmidən mal verdiyi zaman divan tərəfindən tutulub dustaq olmuşdur və gəminin bə’zi malları da zəbt edilmişdir. Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər verən yoxdur. Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya apardılar və bir müddət heç kəsi onun yanına qoymadılar. Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi: – Nəcibə, öz təqsirimdir ki, çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı, borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. Bir cuhud məni yoldan çıxartdı. Çox artıq kirəyə verməklə Osmanlı torpağından Rusiyaya gəmimə «kontraband» qaçaq malı yığdı. Gəlib «N» şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam gəlib malını gəmidən çıxartsın. Mən də yük vurduğum qeyri malları gəmidən çıxardırdım. Divan əhli gəlib gəmini axtardı. «Kontraband» malları tutdu. Cuhud da yox oldu. Təqsiri boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get Əşrəfdən də muğayat ol. Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini satıb borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirlikini çəkib qurtarınca Nəcibə və Əşrəfi Kamilə xanımın yanında qoymaq idi. Amma vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar isə də mümkün olmadı. Axırda Əlimərdan əlaçsız qalıb, razı oldu. Həsən lələ də bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca bilirəm. Siz isə heç biriniz bilmirsiniz, mənsiz necə dolanarsınız? Mənim sizə xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan getməyə izin istədi və onu razı elədi. Yayın əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ gözü yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən ayrılıb, vaqon ilə yola düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə stansiyada bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad və dəhşətli bir ölkəyə getməsinə zavallı arvad səbir edə bilmirdi. Vaqonun dəmir pəncərəsindən baxan Nəcibə xanım da bacısını oylə gördükdə bitab olub, yerə yıxıldı. Əlimərdana gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə çatmış idi ki, saatlarla gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə bilmirdi. Və onu da belə fikrə salan arvadı və oğlu idi. O fikir edirdi ki, Sibir kimi soyuq bir vilayətdə, cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə dolanacaqlar?! Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf oylə bilirdi ki, özgə vilayətə köçürlər və orada atasını dustaq etməyib, azad edəcəklər. Bunların vaqonu özgə vaqonlar kimi deyildi. Pəncərələri dəmirdən olub, qapılarında da əskər dayanırdı. Bu əskər həmişə Əşrəfi görəndə nə isə bir söz deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyin üçün onun dediyini başa düşmürdü. Amma Həsən lələ əskərlə rusca danışırdı. Həsən lələ tez-tez stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bə’zən Əşrəfin özünü də düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib böyük bir stansiyaya çıxdılar. Bu zaman Həsən lələ vaqzalda bir sibirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla şirin söhbətdə ikən, Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü. Həsən lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və onun ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə də, çinli bir oyunçunun çürbəçür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri olmadı. Həsən lələnin də başı söhbətə qarışıb. Əşrəfin stansiyada qalmasından xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir. Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb, onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə bilmədi, çünki rus dilini bilmirdi. Onlar Əşrəfin çərkəsi libasından duydular ki, bu bir müsəlman uşağıdır və anladılar ki, bu ata-anasından izinsiz vaqondan düşüb, burada qalmışdır. Onlar Əşrəfin halına çox yanırdılar. Onlardan biri gedib «jandarm» çağırdı ki, Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı və özünü bir qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü. Zavallı çocuq arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, oylə bilirdi ki, jandarmı ona tənbeh etmək üçün çağırmışlar. Rəhimdil arvad Əşrəfin halına nəhayət yanırdı. Bu qoca arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç ilə Samara şəhərinə gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiyyət müəllimi idi. İndi bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarmın qorxusundan səsini kəsib, Sofiya Aleksandrovnanın qucağına sıxılmışdı. Bu halda Nikolay İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan sonra Nikolay İvanoviç jandarma dedi: – Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz gedib stansiya nazirinə mə’lum edin ki, bu barədə o biri stansiya telegram vursun. Qoy uşaq da bizim yanımızda qalsın. Buyur, bu da mənim «Kart vizitim»dir! Jandarm «Kart viziti» alıb oxudu: – «Nikolay İvanoviç Barsov Samara edadi məktəbinin ümumi təbiyyət müəllimi». Jandarm buna razı olub getdi. Adamlar da dağılışdılar. İki rəhmdil qocanın sə’yi ilə Əşrəf ağlamağını kəsib könlü açıldı. Nikolay İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını göstərib dedi: «Sofiya», sonra özünü göstərib dedi: «Nikolay». Əşrəf onun fikrini anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: «Əşrəf». Ər və arvad Əşrəfin böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə əhvalatı deməsinə görə o da telegraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki, ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu stansiyadan kömək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt uşağın ata-anası çıxsa, öz xarçi ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna razı olub, iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb, özü ilə Samaraya apardı. Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə övrət, oylə zəif düşmüş idi ki, üzvlərini də tərpətməyə qüdrəti yox idi: iki gün idi ki, bihuşluğu davam edirdi. Nəcibə xanımın özünə gəlməyinə Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun qapısı açıldı. Nəcibə xanımın gözləri silahlı əskərə sataşdı. Əlimərdan durub qapını örtdü. Nəcibə zəif səslə dedi: – Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış.. Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını yuxu bildiyini görüb – Əzizim, azarlı olmağına görə həkim bir müddət danışmayıb, rahat olmağını əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç! Əlimərdan Nəcibə xanıma bir qədər südlə bulka yedirtdi. Bir azdan sonra Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanında qəmgin və mə’yus əyləşib fikrə getdi. «Bir müddətdən sonra Nəcibə yaxşı özünə gələrsə və Əşrəfim hanı deyib sorrarsa, nə cavab verəcəyəm, xudaya?». O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da axırda Nikolay İvanoviçin sə’yi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən gəmiləri görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi: – Bax, bizim də böylə gəmimiz var idi. Mənim özümün «lodka»mda var idi. Həsən lələmlə minib gəzirdik. Sofiya Aleksandrovna «lodka» sözündən başqa bu danışıqdan heç bir şey anlaya bilmədi. Əşrəfi qucağına alıb dedi: – Gözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka alacağam. Çarhovuzumuzda oynadacaqsan. Ondan başqa çoxlu oyun şeyləri də alacağam. – Əşrəf də bu danışıqdan ancaq «lodka» sözünü başa düşdü. Barsov aldığı ev, Volqa çayının kənarında tikilmişdi. Bu evin eyvanından çox gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi çürbəçür gəmilər Volqa çayının üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi. Bir tərəfdən yolun əziyyətindən, bir tərəfdən də lazımınca müqəyyəd olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə, o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi. Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. Əlimərdan Həsən lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilmirdi; bir şey lazım olanda məəttəl qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökumət tərəfindən tə’yin olunan Sibirdə Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad olundular. Həsən lələ ilə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı hökumət, mütərcim vasitəsilə, Əlimərdana təklif etdi; ancaq bunu Əlimərdan qəbul etmədi və mütərcim müsəlmandan təvəqqə etdi ki, onun ilə bərabər şəhərdə mənzil axtarsınlar; o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi ki, polisdə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə verməklə arvadı Gülsüm ilə bərabər mənişət edirdi. Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə xanıma ürəkdən qulluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı kimi sevirdi. Əlimərdan şəhərə bələd olduqda, orada qafqazlılardan tapıb onlar ilə tanış oldu. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmədilər. Bunlardan bə’zilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib, daha öz yerlərinə qayıtmaq istəmirdilər. Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı; bacanın qurultusu Nəcibə xanımın qəmini daha da artırırdı. Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl mənzərələrində idi. Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün qurultu və şaqqıltısına tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu: – Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi? Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş tökülürdü. Əlimərdan arvadına dedi: – Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni mə’yus etdin? Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır. – Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum. Yuxumda gördüm ki, Əşrəf mənə deyir: «Ana, qara çuxamı çıxart, ağ çuxamı geydir». Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi; lakin özünü saxlayıb, yenə başını aşağı saldı. Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə dağılmasını və Əşrəfin meyitinin tapılmasını, ona söyləmişdi. Həsən lələ bir tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü xəbəri ilə sakit olmasına nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı. Nikolay İvanoviç və ələlxüsus Sofiya Aleksandrovnanın sə’yi ilə Əşrəf yavaş-yavaş rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə soyuqlaşır, Volqa nəhri donmağa başlayırdı. Cənub havasından pərvəriş tapmış Əşrəfə bu soyuq çox tə’sir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib, hər gün gəzməyə aparırdı. Əşrəf gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya Aleksandrovnadan təvəqqe edirdi ki, ona da oylə kirşə alsın. Sofiya Aleksandrovna onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tə’tili münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi gəzməli yerlərə aparırdı. Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qazetdə oxuyub, arvadına dedi: – Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə Əşrəfi aparaq, kefi açılsın? – Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq olar. Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasının yadına saldı; ona görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub həzin-həzin ağlamağa başladı. Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: «Nə üçün ağlayırsan, əzizim? Dayan, bu saat başlayacaqlar; görəcəksən nə qəribə şeylər göstərəcəklər!.. Bu halda oyun başlandı. Yalançı pəhləvan məzhəkəni başlayıb çürbəçür oyunlar çıxarmağa şuru etdikcə, Əşrəf qəmini yaddan çıxarıb, qaqqıltı ilə külürdü. Əşrəfin kefinin açılması qocaları şad etdi. Oyun qurtardı. Bunlar evlərinə qayıtdılar. Əşrəf evlərində sirkdə gördükləri oyunları çox məharətlə təqlid edirdi. On beş gün qış tə’tilini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay İvanoviç və Sofiya Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tə’tili qurtardı. Nikolay İvanoviç birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda Sofiya Aleksandrovna onun qəmli olduğunu görüb bunun səbəbini soruşdu. Nikolay İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu kağızda da onun Samara edadi məktəbindən Qazan məktəbinə tə’yin olunması yazılmışdı. Nikolay İvanoviç dedi: – Hərçənd ki, mənim Qazan edadi məktəbinə tə’yin olunmağımda qulluğuma əskiklik yoxdur, bil’əks, Qazan daha böyük və darülfünu olan bir şəhərdir, ancaq Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi. Nikolay İvanoviç Qazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan Qazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi: – Doğrudur, Qazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi Samaraya çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq olur. Bu şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər arasında birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını götürməyəcəksən. – İnşallah, heç şey olmaz, – deyə Sofiya Aleksandrovna ərinə cavab verdi. Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tutub, sakin oldular. Nikolay İvanoviçin qorxduğu şey başa gəldi. Belə ki, arvadı Qazanın abi-havasını götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi: – Səbir et, əzizim, yay tə’tili başlanan kimi, səni götürüb Samaranın bağlarına aparacağam. Özüm isə ərizə verib, yenə köhnə yerimi istəyəcəyəm; hərkah verməsələr o vaxt mən də qulluqdan iste’fa verəcəyəm. Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmkin keçirdi. Tamam gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi. Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqəsinə görə Əşrəfi kirşəyə mindirib gəzdirmişdi. Qazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı qızışdırmağa başladı. Qar əridi, Qazanka və Volqa çayları buzdan azad oldular. Ağaclar çiçəklənib, otlar köyərdi. Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi təz-təz gəzməyə aparırdı. Qazan bağlarının içində «Russkaya Şvetsariya» adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünki bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar. Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa apardı. Onu uşaqların içinə qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir skamyada oturub, qəmkin-qəmkin uşaqlara baxırdı. İki uşaq, biri oğlan, biri qız, Əşrəfi belə qəmkin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi. Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən lələsini saldı. Zavallı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi verdi ki, ağlamasın, o biri uşaq əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sual-cavab etdi: – Sin müsəlmanmisən? Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi: – Hə, müsəlmanam! – Adın nəçidir? – Əşrəf! – Niçi yaşın bar? Əşrəf «niçin», «bar» ləfzələrini anlamadı isə də «yaş» sözündən sualı başa düşdü və dedi: – Mənim yeddi yaşım var! Mustafa da Qazan uşağı olduğundan Əşrəfin dilini yaxşı anlamayırdı; o, Əşrəfdən soruşdu: – Sinin atan barmı? – Yoxdur, atam ölübdür! Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: – Yıblama, kəə, minimlən kitik! (Ağlama, dur, mənimlə gəzək!) Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi. Mustafa onun dilini tamamilə anlamayıb, ancaq bə’zi sözlərini başa düşürdü. Mustafanın atası, Bürhanəddin adlı dövlətli bir müsəlman idi. Sənəti sovdakərlik idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm də rus dili oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, «Russkaya Şvetsariya» bağında oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər gün bu bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb, Əşrəf və Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovnaya mümkün olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi. Mustafanın sə’yi ilə Əşrəf az vaxtda Qazan dilinə də aşina oldu. Sofiya Aleksandrovna bağda Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq olduğuna görə Əşrəflə yaxınlaşmağına özü sə’y edirdi. Bundan əlavə Əşrəf bir müsəlman uşağı olduğunu mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin ata-anası və qohum-əqrəbası tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz ata-anası ilə tanış etmişdi. Əşrəf onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın anası Ayişə, hər onu görəndə bağrına basıb əzizləyirdi, öpürdü və onun halına yanırdı. Əşrəfin də Ayişə çox xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu öpərdi, çünki onun bir suyu anasına oxşayırdı. Əşrəfin vasitəsilə Barsovalar da onlar ilə tanış olub, gedib gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular. Sofiya Aleksandrovna Qazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər naxoş olub, may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmkin etmişdi. O idi ki, yay tə’tili başlanan kimi qəmini dağıtmaq üçün Avropa səyahəti fikrinə düşdü. Əşrəfi özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti Bürhanəddinkildə qoydu; onlar isə, Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tə’tili qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə edadi məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviçin Paris şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmkin etdi. Əşrəf Bürhanəddinkildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-qorxulu-nagillar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.