Şahsənəm və Gülpəri Süleyman Sani Axundov (1875–1939) Şahsənəm və Gülpəri Bir pərdədə üç şəkilli piyes 1921 İştirak edənlər Pinəçi Qafar Şahsənəm – Onun arvadı Mirzə Fərəc – Küçə məktub yazanı Gülpəri – Onun arvadı Axund molla Qasım * * * Birinci şəkil Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi. Pinəçi Qafar (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir). Pinəçi mənəm işləməsəm mədarım keçməz, mənim, Bu qışı burda qışlamasam mədarım keçməz mənim. Şahsənəm. Qafar bircə o oqumağı kəs, mənə qulaq as. Qafar. Buyur kəsdim, nə deyirsən? Şahsənəm. Onu deyirəm ki, mən kimdən əksiyəm? Qafar. Arvad nə demək istəyirsən? Başa düşmürəm. Şahsənəm. Çoq yaqşı başa düşürsən. Ancaq özünü anlamamazlığa qoymusan. Qafar. A nadürüst balası, sən nə dedin ki, mən də başa düşəm. Şahsənəm. Deyirəm ki, mən kimdən əksiyəm? Qafar. Allahü əkbər a tın-tın Həsənin qızı. Teleqraf Güllünün balası. Axı sən nə deyirsən ki, mən başa düşüm. Şahsənəm. Belə mən deyirəm ki, kimin arvadından əksiyəm. Qafar. Əstəğfrullah. Lə’nət şeytana. A mürtədin qızı, elə tutu quşu kibi təkrar edirsən ki, mən kimdən əksiyəm, mən kimdən əksiyəm. Bunu keç, bunu eşitdim, sözünün dalını söylə. Şahsənəm. Belə sözümün dalı da budur, qabağı da. Mən kimdən əksiyəm. Qafar. Lə’nət sənə kor şeytan. Arvad aydınca de görüm məndən nə istəyirsən? Səni başa düşə bilmirəm. Şahsənəm. Qafar, görürəm əllərin qabar olan kibi beynin də qabarlayıbdır. Başına söz girmir. Qafar. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin. Şahsənəm. Belə mən onu deyirəm ki, mən kimdən əksiyəm. Məşədi İbadın arvadı keçəl Püstədənmi? Kərbəlayı Qulamın arvadı cızdalan Nabatdanmı? Yoqsa dəllək Kərbəlayı Cə’fərin arvadı ağızı əyri Fatmadanmı? De cavab ver. Qafar. Hə, beləcə indi başa düşdüm. Sən mənnən paltar davası eləyirsən, eləmi? Şahsənəm. O da var. Amma indiki davam başqa şeydir. Qafar. Onda başla gəlsin. Şahsənəm. Yaqşı, a Qafar nəyə məni «Şeyx Sən’ana», «Eşq İntiqamə», «İblisə» aparırsan? Qafar. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, mən də görüm başıma nə çara qılaram. Bu kəsadlıq vaqtda mən səni üç ziyarətə necə aparım, arvad, «Şeyx Sən’an»ın qəbri uzaq ölkədədir. O ki qaldı «Eşqi-intiqam», «İblis» ziyarətgahlarına onların nə adlarını eşitmişəm, nə də müqəddəs qəbri-şəriflərini görmüşəm. Şahsənəm. Yaqşı a Qafar, bəs bilmirsən onda hər axşam sən də dostun Mirzə Fərəc də evdən səhər çıqıb bir də gecə yarısı gəlirsiniz. De görüm haradan gəlirsiniz? Qafar. Arvad, sənə min dəfə demişəm, min bir dəfədə deyirəm. Biz hər gecə məşədi Əlibalanın çayçı dükanına yığışırıq. Orada dərviş baba şirin-şirin hekayələr, maraqlı naqıllar söyləyir, biz də qulaq asırıq. Sonra da qəsidə oquyur. Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr hardan gəldiyimizi bildinmi? Şahsənəm. Bu şirin dil ilə məni aldada bilməzsən. O günü mən də, Gülpəri də hamamda idik. Tratirdən (teatro) söhbət açıldı. Məşədi İbadın arvadı Püstə əllərini belinə qoyub bizə fors atırdı. Lovğa-lovğa danışıb deyirdi ki, ay yazıqlar, allah sizi piti bişirməyə, cəhrə əyirməyə yaradıbdır. Siz evdə qalıb gecəgündüz işləyirsiniz, ərləriniz də tratirlarda kef çəkirlər. Şeyx Sən’an oyununa getdim, Mirzə Fərəc ilə usta Qafarı orada gördüm. «Eşq və intiqam», «İblis» oyunlarına getdim yenə də onları orada gördüm. Qafar. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırıncı sübut odur ki, yalan dediyinə görə qurban olduğum İmam Cə’fər Sadıq onun ağzını əyibdir. Bu imam özü düz danışan adam olduğuna görə yalan deyəni sevmir. O arvad görəsən kimi görübsə bizə oqşadıbdır. Şahsənəm. A Qafar, yə’ni sən bilmirsən ki, mən haraya getmək istəyirəm? Qafar. Ziyarətə. Şahsənəm. Hə, o ziyarəti də tratirda göstərirlər? Qafar. Nəmənə? Səni teatroya aparım? Oyunbazxanaya? O möhtərəm axund-mollalarımızın təqlidini çıqaran yerə? Şahsənəm. Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək istəyirəm. Qafar. Arvad, görürəm əqlin çaşıbdır. Bu axşam vaqtı bizi günaha batırma. Dur ağzını suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatroya getdi nədir? Arvadlar gərək evdə otursun pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam. Şahsənəm. Qafar, mən özgə şey bilmirəm. Bu saat durub məni «Eşqi-intiqam» tratrına apararsan. Qafar. Arvad, görürəm sən dəli olmusan. Mən necə səni eşqbazlıq teatrosuna aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür. Şeyx Sən’an ondan da bəttərdir. Şeyx Sən’an bir mə’mün kişi olduğu halda bir gürcü qızına aşiq olur. Şaxır içir, boynuna xaç taqır, daha bilmirəm nələr, nələr eləyir. Arvad, o ki, «İblis»ə qaldı, onu görən gündən bəri az qalmışam on yeddi rük’ət namaz əvəzinə yüz on yeddi rük’ət qılam. Şahsənəm. Baq, Qafar, adamın boynuna beləcə qoyarlar ha. Bəs sən deyirdin ki, oraya getmirəm. Dur bu saat dinməz, söyləməz məni tratraya apar. Qafar. Arvad yaqşısı budur ki, sənin qol-qabırğanı sındırmamış buradan gedim. (Geyinib gedir.) Şahsənəm. Cəhənnəmə get, gora get. İndi mən də tratira gedəndə görüm sən nə deyəcəksən. (Gülpəri daxil olur.) Gülpəri. Salam əleyküm ay Şahsənəm bacı. Şahsənəm. Əleyküməssalam ay Gülpəri. Arvad çarşafın yerə qoy otur, Qafardan söyləyəcəyəm. Gülpəri. Bəs özü hanı? Teatroya getdi? Şahsənəm. Ay arvad, onu hardan bildin? Gülpəri. Dünən Qafar bizdəydi, Mirzə Fərəc ilə söz qoydular ki, bu gecə teatroya getsinlər. Mənim kişim soruşdu ki, Qafar, hansı teatroya gedək, o da dedi: Bulvarın yanındakı... Şoqəribin adı yadımdan çıqdı. Hə, satır-alır. Şahsənəm. Ay qız elə deyil. Mənim yaqşı yadımdadır ki, onda bir it sözü də var. Hə yadıma düşdü. Satır ağ it (Satiragit). Gülpəri. Hə deyəsən sən düz deyirsən. Dur ora gedək. Şahsənəm. Qafargil bizi görsələr necə olsun? Gülpəri. Çarşafa bürünərik tanıya bilməzlər. Deyirlər o teatroya çoq arvad-uşaq gedir, onların içində bizi hardan tanıya bilərlər. Şahsənəm. İndi ki belə oldu, qoy tanısınlar. Bəs başqa arvadlar nə üçün gedirlər? Gülpəri. Doğru deyirsən. O günü Nabat deyirdi ki ərim ilə oraya getmişdim. Orada cinlər yerin içindən çıqıb şeytan ilə danışırlar. Şahsənəm. Ay arvad, nə əcəb qorqmamış, Gülpəri. Necə qorqmamış, bərk qorqubdur. Hətta istəyibdir durub qaçsın, əri əlindən dutub saqlayıbdır. Deyibdir ki, qorqma onlar cin deyil, adamlardır onların oyunlarını çıqardırlar. Şahsənəm. Daha durma, vaqt keçir. Gedək. Yoqsa oyunu başlarlar. Gülpəri. Gedək. (Gedirlər.) * * * İkinci şəkil Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır. Qafar. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən? Şahsənəm. Bəli, mənəm. Qafar. Burada nə qayırırsan? Şahsənəm. Tratira gəlmişəm. Qafar. Çoq qələt etmisən, səfeh qızı səfeh. Əl ayaqın qırılmamış qalq, qabağıma düş. Şahsənəm. Öləsən də getməyəcəyəm. Bəs bir belə arvad burada nə qayırırlar. Qafar. Canına dərd qayırırlar. Düş qabağıma. Gülpəri. A Qafar, Şahsənəm doğru deyir, bəs bu qədər arvadların ərləri yoqdur. Yoqsa elə qeyrətli bir tək siz çıqmısınız. Qafar. Allahü əkbər, bu papaqdır, yoqsa sizin başınızdakı yaylıq. (Papaqını yerə vurur.) Adə bura baq. Müsəlman arvadı teatr? Bəs bizim namusumuz, qeyrətimiz harada qaldı? Mirzə Fərəc. Adə Qafar, Qafar buradayam. Qafar. A kişi buraya gəl. Mirzə Fərəc. Adə yerimiz burdadır. Sənin bilitin də məndədir. Qafar. Adə bilit cəhənnəmə arvadlar burdadır. Mirzə Fərəc. Adə hansı arvadlar? Qafar. Şahsənəm ilə Gülpəri. Mirzə Fərəc. Gülpəri də. Qafar. Hə, hə, tez ol gəl. Mirzə Fərəc (onlara tərəf gələrkən). Ey dad bidad Ərdəbil. Gülpəri nadürüst qızı, nadürüst, hərgah sabah açılar, səni paraxoda qoyub bir baş Ərdəbilə göndərməsəm mənim atam, babam yeddi qat əcdadımın ərvahinə lə’nət olsun. Qalq köpəyin qızı köpək. Gülpəri. Ölsən də getməyəcəm. Bəs bir belə arvadların ərləri yoqdur. Yoqsa kişi təkcə siz çıqmısınız? Mirzə Fərəc. Bəli, müsəlman ancaq bizik. Arvad nədir teatr nədir? (Arvadların əllərindən dutub dartırlar, sıradan qırağa çıqardırlar. Onlar da dartınıb əllərindən çıqırlar. Zalda qaçırlar. Qafar ilə Mirzə Fərəc onları qovurlar.) * * * Üçüncü şəkil Pinəci Qafarın evi. Mirzə Fərəc. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin. Qafar. Yaqşı get. (Mirzə Fərəc çıqır.) Baq burada teatro deyil. And olsun atamın ərvahinə, bir balaca o yan-bu yan eləsəniz elə bir silə səkərəm ki, yerinizdə qalarsınız. Şahsənəm. Allah vurub səni, hünərindir əlini qaldır. Gülpəri. Yaqşı, siz bizi boşadırsınız, biz də o siz bəyənmədiyiniz kişilərə ərə gedirik. Onlar da tez-tez bizi teatroya aparırlar. Qafar. Allahü əkbər, lə’nət sənə kor şeytan. İndi durub ikisini də boğub öldürəcəyəm ha. Şahsənəm. Allah vurub səni. Durub səni o qədər dəyərik ki, arvad boşamaq da yadından çıqar. Qafar. Arvadın hünəri nədir ki, kişiyə əl atsın. Şahsənəm. Baq hünəri belədir. (Durub onunla dutaşır. Gülpəri də köməyə gəlir. Qafarın ayağından çəkir, Qafar yıqılır, onu yumruqlayırlar. Bu halda Mirzə Fərəc və onun dalınca molla Qasım daxil olurlar.) Qafar. Adə Mirzə Fərəc, qoyma arvadlar heyimi kəsdilər. (Arvadlar Qafarı buraqıb Mirzə Fərəcin üstə düşürlər, yumruqlayırlar. Molla aralaşdırır, ona da bir iki yumruq dəyir.) Molla Qasım. Ay bacılar, bir toqdayın. (Arvadlar dayanırlar.) Bəs mollaya belə ehtiram edərlər? Şahsənəm. Bir molla ki, gecə yarısı bu iki səfihin sözünə baqıb biz biçarələrin talaqını verməyə gələ, elə axundun ehtiramını saqlamazlar. Qafar. Arvad bəsdir, bizi biyabır etdin. Molla Qasım. Usta Qafar, bir arvad ki, biz ruhanilərə, biz şəriət ərlərinə biehtiramlıq elədi, onu boşa getsin. Şəriət də belə buyurub. Qafar. Düz buyurursan ağa. Şahsənəm. Kül sənin başına, a belə ər. A qanmaz kişi, görmürsən bu molla nə deyir. Mən sənin arvadınam yoqsa bu şorgöz molla? Molla Qasım. Usta Qafar, bu sözdən sonra bu arvadın nikahı pozuldu. İndi canın azaddır. Şahsənəm. Belə kül molla başına. Molla Qasım. İndi bu arvaddan sual cavab edin. A bacı sən bilirsən ki, biz ruhanilər müsəlman arvadlarına teatroya getməyi haram buyurmuşuq. Gülpəri. Bilmirəm. Molla Qasım. Bilmirsən indi bil. Gülpəri. Bəs kişilərə necə? Molla Qasım. Onlara da nəhy etmişik. Gülpəri. Bəs neyə gedirlər? Molla Qasım. Gərək getməsinlər. Günah da etməsinlər. Lakin arvad ilə kişidə fərq vardır. Şeytan həzrət Adəmi aldada bilmədi. Amma Həvvanı aldatdı. Behiştdən hər ikisini çıqartdı. Kişini o oyun çıqardanlar yoldan çıqa da bilməzlər. Arvad isə naqisyl’əql olar. Tez aldadarlar. Gülpəri. Ay molla, bilirəm sən bizim nikahımızı geri oqumağa gəlmişsən. Sən heç zəhmət çəkmə. Mən kəbinimi həlal edib canımı azad edirəm. Elə rəhmətlik atam məni gözləri yaşlı bu qoca kaftara vermişdi. Mirzə Fərəc. Nəmənə? Qoca kaftar? İndi ki belə oldu, daha səni boşamıram. Gülpəri. Ölsən də boşanacağam. Mirzə Fərəc. Mən də boşamayacağam. Qafar. İndi ki iş bu məqama çatdı, Şahsənəm mən də səni boşamalı olmadım. Şahsənəm. Ölsən də boşanacağam. Molla Qasım. Bir mənə də qulaq asın. Görürəm siz arvad boşayan deyilsiniz. Mənim zəhmət haqqımı veriniz çıqım gedim. Qafar. Nəmənə? Sən nə qayırdın ki, zəhmət haqqı da istəyirsən? Mirzə Fərəc. Rəhmətliyin oğlu bu gecə yarısı gəlib arvadlarımızı əlimizdən almaq istədiyi bəs deyil, bir də zəhmət haqqı istəyir. Qafar. Biz arvadlarımızı boşamaq istəmirik. Molla Qasım. Cəhənnəmə boşayınız. Mənim zəhmət həqqimə nə deyirsiniz? Mirzə Fərəc. Uzun müşərrəf eləmə. Dur rədd ol. Qafar. Bas bayıra. Molla Qasım. Allah sizin bərəkətinizi kəssin. Bu gecə vaqtı məni avara etdiniz. Mirzə Fərəc. Sənə deyirəm uzun müşərrəf etmə. Dur rədd ol. (Molla söylənə-söylənə gedir.) Şahsənəm. Ay qız Gülpəri, dur biz də bunların açığına dəniz kənarına gəzməyə gedək. Gülpəri. Dur gedək. (Qapıya tərəf gedirlər Qafar ilə Mirzə Fərəc qabaqlarını kəsirlər.) Mirzə Fərəc və Qafar. Hara gedirsiniz? Gülpəri və Şahsənəm. Bulvara, gəzməyə. (Vuruşurlar.) Mirzə Fərəc və Qafar. Biz də gedirik! (Onlara qoşulub gedirlər.) Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-sahsenem-ve-gulperi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.