Şeytan Süleyman Sani Axundov (1875–1939) Şeytan Bir pərdədə üç şəkilli piyes 1922 İştirak edənlər Şeytan – İblis libasında Marzavan Curcan (Cinlər) Teymur – Dəmirci Əli – Onun oğlu, 12 yaşında Aslan – Teimurun yoldaşı. Dəmirci Rizvan – Qommunist Sadıq Kişi – Qoca kəndli Hüseynqulu – Kəndli Qara Hüseyn – Kəndli Gülpəri, Nazpəri, Şahpəri – Kənd qızları Birinci pərdə * * * Birinci şəkil Səhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş. Şeytan. Marzavan, Avropadan nə xəbər var? Söylə. Marzavan. Babaçan, səpdiyin toxumların barını tez görəcəksən. Firənglər tərəfindən qovulmuş Əmir Feyzəli ingilislər Əraqi-ərəbə sultan tə’yin etmişlər. İngilislərin bu siyasətindən firənglər rəncidə olaraq türklərlə gizli mü’ahədənamə bağlamışlar. Şeytan. Ha, ha, ha. Marzavan, bu işin aqibətini öz gözünlə görəcəksən. Şeitan babana əhsən deyəcəksən. Marzavan. Yaqın Şərq məsələsi əski Antantanı pozdu. Yeni antanta Uzaq Şərqə əl atır. Şeytan. Bu da iblis babanın insan qanı tökmək üçün bir tələsidir. Marzavan. Almanların ölmüş cəsədindən müzəffər firənglər qorqurlar. Bilirmisən onlar nə tədbir etmişlər? Şeytan. Söylə baqalım. Marzavan. Almanyada hərbə lazım nə şey varsa, toplayıb Firəngistana göndərsinlər. Şeytan. Türk-yunan müharəbəsi nə haldadır? Marzavan. Qral Qonstantin əhd etmiş ki, ta İstanbulu alıb yenidən başına tac qoymayınca—qılıncın qınına salmasın. (Curcan daxil olur.) Şeytan. Söylə görüm ulu Qafqasda nə xəbər var, Curcan? Curcan. Səni şad edəcək bir xəbər yoq, babaçan. Şeytan. Söylə baqalım. Curcan. Ulu Qafqas unutmuş tanrısını... Şeytan. Bu xəbər şad edir iblisini. Curcan. Səni də yad edən yoqdur, babaçan. Şeytan. Buna mən heç inanmam. Curcan. Bəşəriyyət arasında olmaz elə zaman ki, şeytanı unudsun insan. Curcan. Gördüyümü söyləyirəm, babaçan. Şeytan. Demək ki, ulu Qafqasda tökülmür daha qan? Curcan. Xayır, babaçan: Şeytan. İnanmam, Curcan. Erməni, gürcü, türk qan tökməsinlər? Bu nə haldır? Bəs bəylər, xanlar, qnyazlar necə olmuşlar? Daşnaqlar, müsavatçılar, menşeviklər harda qalmışlar? Qoçular, burzuylar, qolçomaqlar nə edirlər? Curcan. Cümləsini hökmdarlıqdan endirmişlər. Şeytan. Kimlər? Curcan. Qommunistlər. Ulu Qafqasda başqa bir halət: büxl, həsəd, kin, kədurət, ədavət büsbütün yoq olmuş. Orada can deyib can eşidirlər. Şeytan. Nə fəna xəbər gətirmişsən, Curcan! Yer üzündə sevgili bir məskənim vardisə, o da Qafqasdı. Qommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə şeytan deyərlər. Erməni, gürcü, müsəlman qardaş olmuşlar? Ha, ha, ha. Rahat yaşayıb can deyib can eşidirlər? Ha, ha, ha. (Ayağa qalqıb.) Curcan, Marzavan, mən onların içlərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaqsın, çapsın, talasın, qırsın, oda atsın. Analar bətnindən balalar çıqarıb nizəyə taqsın. Nəhrlər su yerinə qanlar aqıtsın. Bəhr siyah ilə Xəzərin içləri qızıl qan ilə dolsun. Kəndlər, şəhərlər, meşələr, qırlar od alıb məş’əl kibi yansın. Cəhənnəmə dönsün! Ulu Qafqas, hazır ol! Şeytan gəlir! Pərdə * * * İkinci şəkil Səhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər. Teymur. Oğlum, körüyü bas. Yoqsa yorulmusan? Əli. Xayır babacığım, yorulmamışam. Aslan. Yorulma, oğlum, sən zəhmətkeş balasısan. Sən işdən qorqma, qoy iş səndən qorqsun. (Şeytan səyyah libasında daxil olur.) Şeytan. Atəş... cahanda varsa tə’rifə layiq bir şey o da sənsin. Ey yandırıcı od, səni gördükdə qəlbim şad olur, ruhum rahat. Ey qırmızı işıq səni mən çoq sevirəm! Aslan. Yoldaş sən kimsən? Teymur. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir. Şeytan. Doğru, mən atəşpərəstəm; çünki xamırım oddan yuğurulmuş; odu mən çoq sevirəm. Aslan. Yoldaş, bizim topraq azadə bir yerdir. Hər kəs nəyə sitayiş edirsə-etsin. Burada din, məzhəb üstə qovğa yoqdur, müsəlman, xristiyan, bütpərəst, atəşpərəst hamısı insandır, bizə qardaşdır. Şeytan. Pəh, pəh, nə gözəl məslək! Ey azəri türkləri mən səyyaham, dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz çoq bəxtiyarsınız... Əfsus ki... qonşu düşmanlarınız bunu puç edəcəklər... (Rizvan daxil olur. Şeytan onu görmür.) Teymur. Kimlər? Şeytan. Gürcülər ilə ermənilər. Aslan. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə hökümətlə getdi. Şeytan. Ha, ha, ha. Ey sadədil azəri türkləri! Siz qəflətdəsiniz. Ermənilər, gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam deyərək, müharəbə üçün plan çəkirlər. İndi burada siz nə qayırırsınız? Aslan. Kəndli qardaşlarımız üçün əkin aləti qayırırıq. Şeytan. Bu işləri buraqınız; gecə-gündüz siz də onlar kibi qılınclar, xəncərlər yapınız. Firsəti fövtə verən aqil deyil, divanədir. Keçmişinizi yada salın. eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar. Gördünüzmü gözəl vətənimizi nə hala saldılar? O günlərinizi unutdunuzmu? Vuruşmağınızın sonu necə oldu? Gözəl vətəniniz viranəyə döndü. Qanlarınız aqıb sellərə döndü, arvad-uşaqlarınız çöllərə düşdü. Bunu unutdunuzmu? Teymur. Sən kimsən? Bunu haradan bilirsiniz? Şeytan. O zaman mən burada idim. (Rizvan pusqudan çıqıb iləri gəlir.) Rizvan. Doğrudur, o zaman sən burada imişsən. Buna şəkkim yoqdur. Yoldaşlar, bayaqdan bəri mən bu hərifi dinləyirəm. Bunun kim olduğunu anlayırsınızmı? Aslan. Kim olduğunu bilmirəm. Lakin sözlərindən, gözlərindən şərarət odu yağır. Mən bunu görürəm. Rizvan. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir. Bunlara provaqator deyərlər. Bunların əsli adları Şeytandır. Yoldaşlar, bunlara aldanmayınız. Gürcü, erməni zəhmətkəşləri bizə düşman deyillər. (Şeytan yoq olur.) Onları bizlərlə toquşduranlar belə şeytanlar idi. Harada belə ara qarışdıran adam gördünüz dutub bizə veriniz (dönüb baqır) baq, hərif giriz vermiş. hərgah düz adam idi nə üçün qaçdı? Teymur. Yoldaş Rizvan? Qorqmayın. Belə fitnələrə aldanmarıq. Qonşularımız ilə də qardaşlığı pozmadıq. Rizvan. Elə də lazımdır. İndi iş dalınca. (Çıqır.) Aslan. Oğlum Əli, körüyü bas! Pərdə * * * Üçüncü şəkil Səhnə Sadıq kişinin kumasını göstərir. Həyətdə Nazpəri corab hörür, Gülpəri paltar və Şahpəri də kömlək tikirlər. Şeytan səyyah libasında qoltuqunda bir qutu həyətə daxil olur. Qızları baş aşaqı işləyən halda gördükdə öz-özünə: Şeytan. Nə gözəl fürsət! Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra—qızlarınızı düşmanlar aparmış—deyə fitnə salmalı... (Qızlara.) Yarəb, bunlar nə gözəl qızlardır? Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər? Gülpəri. Mənimki Gülpəri. Nazpəri. Mənimki Nazpəri. Şahpəri. Mənimki də Şahpəri. Şeytan. Demədimmi siz pərisiniz? Simalarınız buna sahiddir. Siz kibi pərilərə belə işlər yaraşarmı? Toqda, gözəlim (Nazpərinin əlini əlinə alıb) bu şumşad kibi barmaqlara nə yaraşar gözəlim? Gülpəri. Həna yaqmaq. (Gülüşürlər.) Ha, ha, ha. Şeytan. Bunların nə gözəl səsləri var? Sanki səma musiqisidir bu sədalər. (Bir yaqut üzüg Nazpərinin barmağına taqır.) İndi baxınız? Gülpəri. Ah, nə gözəldir? Necə parlaqdır? Kaş mənim elə bir üzüyüm olaydı! Şeytan. Səbr et, gözəlim, sənin barmağına başqa bir qaş yaraşar. Baq, oda bu! (Almas üzüyü onun barmağına taqır.) Şahpəri. Doğrudan da nə yaraşıqlıdır? Şeytan. Mənim qutumda sizlərə layıq şeylər çoqdur. (Rəng-bə-rəng şişə mıncıqları göstərir.) Gülpəri. Ah, nə gözəl şeylərdir! Şeytan. İndi siz pərilərə nə lazımdır? Şahpəri. O şey ki bizim kəndli atalarımızda yoqdur. Pul lazımdır ki, bu şeyləri səndən alaq. Nazpəri. Şahpəri düz deyir. Bizim atalarımız kasıbdır. Gülpəri. Kaş bu şeyləri bizə göstərməyəydin, baba! Şeytan. Gözəl şey görmək savabdır. Görürəm bunları almağa sizdə para yoqdur. Lakin mən də sizin köməyinizə möhtacam. Hərgah mənim təklifimi qəbul edərsinizsə, bu üzükləri sizə baxışlaram. Gülpəri. Mən qəbul edərəm. Nazpəri. Mən də. Şeytan. Çoq sağ olun! İndi dediyimə yaqşı fikir veriniz. Mən böyük təbibəm. Qədim bir tibb kitabında oqumuşam ki, sizin bu dağlarda bir nev’ çiçək bitir. Bu çiçək indiyə kibi müaləcəsi tapılmayan vərəm xəstəliginə dərmandır. Mən bu məqsədlə uzaq vətənimdən buraya gəlmişəm. Bu daşları da satıb özümə yemək və yol xarcı düzəldirəm. Mən sizin bu dağlarınıza nabələdəm. Gözlərim də siz cavanlarınkı kibi iti deyil. Əgər mənə kömək edib o çiçəyi tapa bilsək, göstərdiyim cavahirlərdən sizə pəşkəş verərəm və yazdığım tibb kitabında siz pərilərin adlarını da qeyd edərəm. Görünüz insanlara nə böyük xidmət edirsiniz? Adlarınız da min illərcə dillərdə söylənər. Razı olursunuzmu? Cümləsi. Razıyıq. Gülpəri. Ancaq atalarımızdan izn almaq lazımdır. Şeytan. Yoq. Onu etməyin. Qorquram sizi qoymayalar və bu sirr öz aramızda qalmalıdır. Çoq gəzmiyəcəyik. Bəlkə baxtımız gətirdi, tez tapdıq. Gedək, qızlarım Qızlar. Gedək. (Ayağa qalxırlar. Bu halda Rizvan daxil olur.) Şeytan. Yenə bu şiş papaq nə pis vaqtda gəldi! Rizvan. Bacılar, işlərinizi qurtardınızmı? Gülpəri. Xayır, bir az qalıbdır. Rizvan. Yoldaşlar, tənbəllik etməyin. Özünüz bilirsiniz ki, alman qardaşlarımız acından qırılırlar, çıplaq balaları sizin köməyinizə möhtacdır. Bir saat gecikməyiniz, necə mə’sum uşaqların ölümünə bais olar. Bu barmaqlarınızdakı üzüklər hardandır? Şahpəri. Bu kişidən almışıq. (Rizvan diqqətlə Şeytana baqır.) Rizvan. Ha, tanıdım; həmin hərif. Üzüklərinizə baqım. (Göstərirlər. Şeytan qaçır.) Bunlar qiymətli daşlar deyillər, şişədir. Gülpəri. Vay sənə lə’nət. Şeytan kişi, biz də elə bilirik ki, qiymətli daşlardır. Nə yaqşı hələ pul verməmişik. Nazpəri. O çiçək aqtarması da hilədir. Rizvan. Nə çiçək? Gülpəri. Deyirdi ki bizim dağlarda vərəm naxoşluğuna dərman bir çiçək bitir. Bizi onu aramağa aparırdı. Rizvan. Onun tələsindən yaqşı qurtardınız. Bu sizə bir dərs olsun. Bundan sonra belə şeytan şəxslərə aldanmayınız. Bu adam dəmirçi yoldaşları da aldatmaq istəyirdi. Daha durmayın iş dalınca. Bir azdan sonra gələcəyəm, ona kibi siz də işlərinizi qurtarınız. Sadıq babaya deyin ki, ianə şeylərini buraya toplasın, gəlib siyahı edəcəyəm. (Gedir) Nazpəri. Gedək, işlərimizi qurtaraq. (Nazpəri və Şahpəri kumaya girirlər. Sadıq kişi həyətə daxil olur.) Sadıq kişi. Gülpəri, Rizvan gəlmişdirmi? Gülpəri. Bəli, gəlmişdi. İndicə getdi; dedi ki bir azdan sonra gələcəyəm. Sadıq baba şeyləri toplasın, gəlib siyahı edəcəyəm. Sadıq kişi. Yaqşı, get gələn adamlar üçün çörək hazırla. Gülpəri. Baş üstə (Kumaya girir. Qara Hüseyn dalında bir çuval, həyət qapısından girir.) Sadıq kişi. Gətir, oğlum? Gətir, ruzun bol olsun. Bir əvəzinə min alasan. Qara Hüseyn. Sadıq baba, özün bilirsən ki bu il taxılım az oldu. Özümüzə çatmır. Sadıq kişi. Bilirəm, oğlum, sən də onu bil ki Almanyadakı qardaşlarımız acından ələf yeyirlər. Ağacların qabıqlarını gəmirirlər. Allah kərimdir. Bizlər bir-birimizə kömək edib təzə məhsula çıqarıq, amma onlar acından tələf olurlar. (Həsənqulu dalında çuval daxil olur) Sadıq kişi. Oğlum, Həsənqulu, sənin bu ehsanın hamısından qiymətlidir; çünkü sən kasıbsan, el özü səni ianə ilə saqlayır. Həsənqulu. Sadıq baba, o günü yoldaş Rizvan Almanya açlığını elə halda naqıl etdi ki, nə deyim? O vaqtdan bəri çörək boğazımdan getmir. Zibil eşib sümük arayan qardaşlarımız gözümün qabağında dururlar. Qara Hüseyn. Mənim balaca oğlum da çörək yeyəndə öz payından ayırır ki, yığıb aç uşaqlara göndərəcəyəm. Həsənqulu. Sadıq baba, bir şey yığa bilmişsənmi? Sadıq kişi. Allah bərəkət versin, beş yüz puta qədər toplanmışdır. Hər kənd bir belə yığsa, acların imdadına çatarıq. (Aslan ilə Teymur daxil olurlar.) Aslan. Sabahınız xeyir. Sadıq kişi. Aqibətiniz xeyir. Mənə görə qulluq? Teymur. Sadıq baba, bizi şəhərdən göndəriblər ki, kəndli qardaşlarımıza kömək edək. Aslan. Dəmirçiyə möhtac nə işiniz var isə, qayıracayıq. Həsənqulu. Mənim baltam sınıbdır. Qara Hüseyn. Mənim də dəhrəm və dəryazım! Teymur. Yoldaşlar, hamısını qayıracayıq, arxayın olunuz. Sadıq kişi. Övladlarım, mən bu yaşa çatmışam, belə qardaşlıq, yoldaşlıq dövranı görməmişəm. Cümlə insanlar birdir—deyən çoq olmuş, lakin indiki kibi bolşeviklərdən səvayı əmələ gətirən olmamışdı. (Şeytan təbib libasında, qoltuqunda bir davacat qutusu daxil olur.) Sadıq kişi. Kimsən? Sən’ətin nədir? Şeytan. Mən təbibəm. Həsənqulu. Nə yaqşı vaqtda gəlmişsən. Mənim balaca qızım naxoşdur. Qara Hüseyn. Mənim də arvadım. Şeytan. Mən saqlara həkimlik edirəm. Teymur. Qəribə təbibdir, saqları saqaldır... Şeytan. Bəli, saqları saqaldıram. Saq mən o şəxsə deyirəm ki bu dünyada heç bir qəmi və qüssəsi olmaya. Hansınızın dərdi yoqdur? Hərəniz bir dərdə mübtəlasınız. Mən ömrümü sərf edib bu dərmanları icad etmişəm. Bunların hər birində başqa bir xasiyyət var. (Bir şişə göstərir.) Bu dərmandan bir fincan içənin bədəni qızışıb qüvvətə gəlir. Birin də içərsə, qəm-qüssəsi gedib şad və xürrəm olar. Birisini də içərsə, qızmış şirə dönüb pəhləvan tək meydanda mübariz istər. Bu dərman da yuqusuzlar üçündür. Bir həb atsa, şirin yuquya gedib rahat olar. Lakin dərmanlarımın şahi budur. Bunu qəlyanın başına qoyub çəkəndə adam üçün bir başqa aləm açılır. Onu tə’rif etməkdən özüm də acizəm. Bir sözlə rəbbiniz və’d etdiyi cənnəti bu dünyada görürsünüz. Rizvan. Mən sən hərifi yenə də görürəm. Şeytan. Yenə bu şiş papaq! Rizvan. Yoldaşlar, bu hərifi ihatə ediniz. Qaçmağa qoymayınız. (Onun ətrafını alırlar.) Rizvan (qutudan şişəni əlinə alır). Bilirsinizmi bu nədir? Hamı. Xayır. Rizvan. Bu şeytan icadi qonyaqdır. Bunu içib məst olanlar və nə halda və nə cür fəna işlər yapdıqlarını görmüşsünüz. Sadıq kişi. Ha, adamı qızmış aslana döndərdiyini anladım. Rizvan. Bu da tiryakdır. Həbbini atanlar nə hala salır. Onu da görmüşsünüz. Aslan. Ey hərif, bizi bunlarla aldadırdın? Rizvan. Bu da əsrardır. Bunu çəkən adam bir hala düşür ki, at ləpiri kibi su onun gözündə bir böyük çay görünür. Paltarını soyunur ki o çayı üzüb keçsin. (Gülüşürlər.) Teymur. Vay sənə lə’nət, hərif gör bizi nəyə öyrədirmiş? Aslan. Teymur, deyəsən o bizi aldadan şəxsə oqşayır. Rizvan. Onun özüdür, ancaq libasını dəyişdirmiş. Bir az bundan iləri başqa surətdə qızlarınızı aldadıb dağlara aparmaq istəyirdi, mən qoymamışam. Qara Hüseyn. Pəs nə üçün bunu dutub həbsə almayırsınız? Rizvan. Dutulacaqdır və cəzasını da alacaqdır. Qoyun görək kimdir. Həsənqulu. Kim olacaqdır? Şərir fəsadçının biri. Şeytan. Rütbəmi azaltma. Rizvan. Bəs sən kimsən? Şeytan (üst libasını atır). Şeytan. Cümləsi. Şeytan! Şeytan. Ey vay bu nə aləm, bu nə devran, bu nə halət Nerdən yetib insanlara beylə mələkiyyət Bu bəndələrim-qullarım hər an mənə tabe’ Olsunmu o zəhmətlərim indi hamı zaye’ Qan yaqdıraram fitnə ilə ərzə səmadən, Qorqmam nə bəşərdən, nə mələkdən, nə qəzadən: Beş guşəli yıldız məni məqlub edir ey vah, Mənsə yenə öz qüvvəi-naçizimə gümrah Qaçmaq, bunların əmri olubdur mənə müşkül Etmək gərək ol Asiyada fitnəni təşkil Ha! ha! ha! Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-seytan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.