Tamahkar Süleyman Sani Axundov (1875–1939) Tamahkar Beş pərdəli məzhəkə İştirak edənlər Hacı Murad – 60 yaşında. İmran – 25 yaşında. Külzar – Hacı Muradın qızı, 18 yaşında. Məhərrəm bəy – 55 yaşında, xəsis bir mülkədar. Hacı Saleh – 48 yaşında, tacir. Şərəf xanım – Hacı Muradın həmşirəsi Əhməd – Şərəfin oğlu, 10 yaşında. Nabat – Hacı Muradın xidmətçisi, 25 yaşında. Qulu – Hacı Muradın nökəri. Əliqulu – Məhərrəm bəyin sabiq nökəri. Qurban, Niyaz – Qulunun yoldaşları. * * * Birinci pərdə Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı. Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir. Qulu. Deyən gərək, a qoca kaftar, bu pulları kimə yığırsan, niyə yemirsən? Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb allah bəndəsinin birinə gedər. Yenidən evlənməyə ömrün yox, çünki yaşın altmışdan ötmüşdür. Bəs bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu dünyada yeyər, içər, aşna-dosta xərclər, kef edər. Axirət üçün də məclis-mədrəsə tikdirər, fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. Amma bu zalım oğlunda bunların heç biri yoxdur. Nə deyim, allahın sirrinə təəccüb qalmalıdır... Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub gecə-gündüz keşiyini çəkir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir, yə’ni belə malınyeməzin malını yemək haramdır? Vallahi, mənə görə halaldan da halaldır. Ancaq açarları əlimə sala bilmirəm və özü də nə duyursa, məni otağına qoymur. İndi gəlib, məni burada görsə həşirimi qatacaqdır. (Pəncərədən baxır.) Odur, gəlir, dədəmin evi yıxıldı. Süpürgəni yerə atıb tez qaçır. Hacı Murad o biri qapıdan daxil olur. Hacı Murad. Bu süpürgə burada nə gəzir? Yoxsa yenə zalım oğlu Qulu burada imiş. Qulu! Qulu! Kar olasan. Nabat! Nabat!.. Nabat daxil olur. Nabat. Nə buyurursan, ağa? Hacı Murad. Qulu haradadır? Bu süpürgə burada nə gəzir? Nabat. Qulu indicə əlində süpürgə buraya girdi. Hacı Murad. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs Qulunun özü haradadır? Nabat. Ağa, bilmirəm. Hacı Murad. Get, bu saat harada isə tap buraya göndər. (Nabat gedir.) Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin? Səni çağırıram, heç səs də vermirsən. Qulu. Ağa, bağçada çarhovuza su buraxmışdım. Hacı Murad. Bu süpürgə burada nə gəzir? Qulu. Ağa, gəldim, səndən izin alıb, evi süpürüm, gördüm evdə yoxsan, çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim. Hacı Murad. Yaxşı, itil get. (Qulu çıxır.) Durum sandığı yoxlayım. Yoxsa Quluya e’tibar eləmək olmaz. Xoş o adamın halına ki, pulu əlçatmaz və möhkəm yerdədir. O gün də Məhərrəm bəy deyir ki, mən pullarımı banka verirəm. A kişi, adam da gözü görə-görə pullarını özkəyə verərmi? Bu dünya elə dünyadır ki, adama bir qəpik də e’tibar etmək olmaz. Yaxşı, birdən o bankda pullar itdi, ya vermədilər, onda mən kimdən alım? Yox, səfehlik işdir. (Papağının içindən əskiyə düyünlü açarları çıxardır, dörd tərəfinə baxa-baxa sandığın içindən müçrünü çıxardıb pulları sanayır.) Gərək burada əlli min manat ola. Dünən də Məşədi İsmayıl istədi ki, müamilədən kəsə, gördü ki, xeyr, mən o adamlardan deyiləm. (Bu halda Nabat daxil olur. Hacı Murad cəld müçrünü altına qoyub üstünü çuxası ilə örtür.) Yenə nə var? Nabat. Hacı ağa, Külzar xanım hamama gedəcəkdir, pul istəyir. Hacı Murad. Hamama gedəcəkdir? Çox qələt edəcəkdir. Evdə su da var, od da var, qab da var, qazan da var. Su qızdırsın, çimsin. Gələniniz əlini açır pul ver, gedəniniz pul ver. Pul, pul, pul! Haradan alım? Deyəsən xəzinə üstə oturmuşam. Niyə dayanmısan? İtil get. Nabat (gedə-gedə kənara). Qoca kaftar, pulları sandıqlarda gizlədib, bir tək balasına da qıymır. Hacı Murad (yalqız). Yox, evdə bu qədər pulu saxlamaq olmaz. Heç olmasa müçrünü bir başqa yerdə gizlədim. Yoxsa sandıq elə şeydir ki, oğru əvvəl onun üstə yüyürər. (Fikir edir.) Tapdım. Hacı Saleh də pulu götürsün, onu da bunlara qatıb basdırım. (Müçrünü yenə sandığa qoyur.) Görəsən nə oldu ki, Hacı Saleh belə geç gəldi? Şəhərdə bərk səs var ki, Hacı Saleh bankrotdu. Bu halda Hacı Saleh pərişan bir halda daxil olur. Hacı Saleh. Salamun əleykum. Hacı Murad. Əleykümməssalam. Hacı, buyur əyləş. Nə var? Çox pərişansan, xeyir ola? Hacı Saleh. Hacı əmi, dünyanın hansı işinə baxıb pərişan olmayım? İnsanda insaf, rəhm, sədaqət qalmayıbdır. Vaxtı ki, işin sazdır, sənə ehtiyac var, hamı sənin qulundur. Amma elə ki, işin bir balaca əydi, hamı üstünə ayaq basıb, sənə qılınc vuracaqdır. Sənə mə’lumdur ki, bu şəhərin sövdəkərlərinin əksərini mən pullu etmişəm. Neçələrini dar günündən qurtarmışam. Neçələrinin vekselini çırıb atmışam. İllər ilə müamiləsiz pul borc vermişəm. Xülasə, hansını deyim? Özün bilirsən. Hacı Murad (kənara). Bu müqəddimədən heç gözüm su içmir. Hacı Saleh. Hacı əmi, Moskvadan gətirdiyim mal tamamilə satılmamış durur, barama da zərər çıxartdı. Alış-veriş beladır ki, beşinə sən borclu olursan, beşi də sənə. Mal satılıb qurtarar, borclar verilər. İndi mənim işim bir az dolaşıqdır, dövlətli etdiyim adamlar mənə macal vermir. Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver, çünki onu Məşədi Nicazquluya verəcəyəm. O gözləyə bilmir. Doğrudan da əlində heç zadı yoxdur. Yoxsa onun pulunu nə qədər saxlasam, istəyən adam deyil. Hacı Murad. Yox, Hacı Saleh, düz söz, gözləyə bilməyəcəyəm. Pul özümə çox lazımdır. Hacı Saleh. Hacı, sən şəhərimizin birinci dövlətlilərindən hesab olunursan. Sən niyə pula möhtac olasan? Hacı Murad. Elə orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə verib dir. Hansı borclunun üstünə gedirəm, deyir: Hacı, sən dövlətlisən, gözlə. Baba, haradan dövlətli oldum. Qırx il külünk çalıb, bir cüz’i pul əlimə salmışam. O da onda-bunda. Hacı Saleh. Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə qalan altı yüzə də bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver. Eybi yoxdur, müamiləni də artır. Hacı Murad. Xeyr, xeyr, heç vaxt qəbul edə bilmərəm. Gərək beş mini tamam qabağıma qoyasan, bax kağızın vaxtından iki gün də keçibdir. Mən təəccüb edirəm ki, niyə mənim pulumdan kəsib Məşədi Nicazquluya verirsən, çünki məni yumşaq tanıyırsan. Hacı Saleh. Hacı Murad, bu sözləri mənə deyirsən? Mənə bir həftə vaxt vermirsən? Neçə dəfə səni dar gündən qurtarmışam, a biinsaf kişi? Səni ilan ağzından qurbağa kimi, borclulardan xilas etmişəm. İndi mənə aman vermirsən? Hacı Murad. Onlar keçmiş əhvalatdır. Mən də sənə az etməmişəm. Köhnə plan ilə içi açmaq lazım deyil. Daha bir gün də gözləyə bilmərəm. Dünya ölümitimdir və bundan əlavə də Kərbəla ziyarətinə gedəcəyəm. Pul lazımdır. Hacı Saleh (rişxəndlə). Hacı Murad, ziyarətin qəbul olsun, ancaq soruşmaq eyib olmasın, hansı əməl ilə gedirsən? Hacı Murad. Niyə? Mən nə pis əməl etmişəm ki, ziyarətim də qəbul olmasın? Hacı Saleh. Hələ cür’ət edib soruşursan da? Sənin yediyin, içdiyin it qanından da murdardır, çünki oğurlugla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır. Hansı əməlini deyim. İmranın atasının pul ilə mal-dövlət sahibi olduğunu hamı bilir və yetim İmranı nə tövr saxladığın cümləyə mə’lumdur. Amma onun atasının sən cəldə qalmış öz oğlu kimi, həz paltolu saxladığı hamıya mə’lumdur. Hacı Murad. Babam, mənimlə dava gəlmisən? Bir qəbih iş görmürəm ki, öz pulumu istəyirəm də. Hacı Saleh. Kağızı ver buraya, bihəya kişi! Buyur, bu sənin beş min manatın. (Pulları verir.) Sən elə zalım deyilsən ki, adama rəhm edəsən. Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. (Veksili Hacı Muraddan alıb çıxır.) Hacı Murad (pulları sayarkən). Yaxşı çıxartdım. Hacı Saleh az qalmışdı ki, İmranın qəyyumu olub Şeyx Əlinin malını məndən iddia edə. Dünyada qəribə adamlar var. Bir də görürsən ki, səndən iddia edir ki, mənim babam sənin babanı filan qərinədə əsirlikdən azad edibdir. İndi gərək sən də mənə qul olasan. Durum müçrüyə yer qazım. Qulu! Qulu! Qulu gəlir. Qulu. Nə buyurursan, ağa? Hacı Murad. Get mətbəxdə bir xəncər tiyəsi var, onu buraya gətir. (Qulu gedir.) Bu döşəkçənin altını qazaram və basdırıb üstündə oturaram, ancaq Quludan və Nabatdan həmişə sərvərəq olmalıyam. Əlalxüsus o şeytan Quludan. Hər bir şeyə diqqət edir. İndi soruşacaqdır ki, bu xəncər tiyəsini neynirsən? Qulu daxil olur. Qulu. Ağa, bunu neynirsən? Hacı Murad. Çanına dərd edəcəyəm, səfeh oğlu səfeh! İndi durub mənnən silist edəcəkdir. Nə edəcəyəm, dırnaqlarımı kəsəcəyəm. Qulu. Ağa, bunnan mən ət döyürəm. Bu, dırnaq kəsməz. Hacı Murad. Sarsaq oğlu sarsaq, itil cəhənnəmə. Qulu. Ağa, niyə acığın tutur. Bu elə küt dür ki, heç yer də qazmaz. Hacı Murad. Nə dedin? (Kənara.) Allah divarların da qulağı var. Bu zalım oğlu haradan bildi ki, mən tiyəni nə üçün istəyirəm. Qulu (kənara.) Bəli, mə’lum oldu ki, tiyə nə üçündür. Hacı Murad. Qulu, indi başımı sandığa qoyub yuxuya getmişdim, yuxuda gördüm ki, sən surətdə bir adam evə girib istəyir ki, mənim pul sandığımı yarıb... belə boğub məni o boş sandığa saldı. Çox vaxt yuxu doğru olur. İndi onun üçün bunu səndən istədim ki, yanımda silah olsun. Qulu. Bəli, ağa, adam gərək ehtiyatlı olsun. Yanında silah saxlasın. (Kənara.) Amma necə inandım, məni heç şeytan da aldada bilməz, istəyir bu aldatsın. (Hacı Murada.) Ağa, mən gedim, yoxsa toyuq ocaqda yanar. Hacı Murad. Ay gədə, toyuq nədir? Nə deyirsən? Kim sənə izin veribdir, toyuq kəsirsən. Bu zalım uşaqları axırı məni dilənçi edəcəklər, elə bu saat da dilənçi halındayam. Kafir oğlu kafir, bu dəqiqə o toyuğu mənə dirildərsən. Qulu. Ağa, mən neyləyim. İmran ağa buyurdu ki, axşama plov bişir, iki toyuğu da kəs qoy aşın altına, qonağım var. Hacı Murad. A kafir oğlu, mənəm sənin ağan, yoxsa İmran? O haradan ağa oldu. Bir yetim gədə idi. Rəhmim gəlib saxlamışam. İndi mənim evimi dağıdır? Get bu saat onu buraya çağır. (Qulu gedir.) Evin yıxılsın İmran. Yaxşı evimi dağıdırsan. Heyf sənə çil toyuq. Hamı toyuqlardan yumurtlayan idi. (İmran daxil olur.) Atam, belə ki, sən başlamısan, tezliklə mənim boynuma torba saldırıb diləndirəcəksən. İmran. Nə olmuş? Hacı Murad. Atam, bu nə qonaqlıqdır? Bu nə toyuq plovdur? Atam, yağ, düyü müftə deyil. Hamısına pul vermişik. Axır mənə deyən gərək, ay axmaq, niyə evə yağ, düyü alırsan ki, gədə-güdə hər gün aş bişirib yesin? Bu xərcə heç Süleyman padşahın xəzinəsi də davam edə bilməz. İmran. Sən evə nə yağ alansan, nə düyü. Bu günkü plovun xərci də mən ilədir. Budur on iki ildir ki, mən bu evdə oluram, burada bir qonaq üzü görməmişəm və özüm də sənin qorxundan çağırmamışam. Amma indi bazardan gəlirdim, bir fağır qəribə rast gəldim. Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. Bir də, qəribə kömək etməyi Allah, peyğəmbər buyurmuşlar. Hacı Murad. İndi də durub mənə şəriət öyrədəcəkdir. De görüm, ağa İmran o hansı tatın kitabındadır ki, toza, torpağa batıb, min əziyyət ilə pul qazanasan, verəsən toyuqplova, onu da gəlib-gedən lotu-poto yesin. Özü də çil toyuğun əti ilə. İmran. Daha mən sənə nə deyim? Sənin üçün Allah, peyğəmbər, Qur’an, şəriət hamısı puldur ki, yığasan sandıqlara, nə özün xərcləyəsən, nə də başqasına verəsən. Hacı Murad. Kəs səsini, nadürüst, namərbut. Budur, on iki ildir ki, sən ata-anasız yetimi öz oğlum kimi bəsləyib, paltar, çörək verib, bu boya çatdırmışam. Onun əvəzində mənə dediyim sözə bax. Çörəyim sənə haram olsun. İmran. Sənin məndə heç bir haqqın yoxdur, mənim səndə var. Hələ atam Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ gərək, kimə qalacaqdır... (Çıxır.) Hacı Murad. Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, daxi dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbəlayı Cəfər. Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf, bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.) Tapdım, Məhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə yovuqdur. Qulu! Qulu! Qulu daxil olur. Qulu. Nə buyurursan, ağa? Hacı Murad. Qulu, bir az nəxoş kimiyəm, tezdən yatacağam, heç kəsi buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get. Qulu. Ağa, bəs plov yeməyəcəksən? Hacı Murad. Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum müçrü üçün yer qazım. (Durub qapıları bağlayır, tiyəni götürüb yeri qazır.) İndi, oğrular, tapın görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (Müçrünü basdırıb, üstünü torpaqla örtür). Daha təşvişdən qurtardım. Kör ürəyim necə atdanır. (Bu halda Qulunun papağı şüşəni sındırıb pəncərədən içəri düşür, Hacı Murad diksinib qalxdığda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını görür.) Bu, yenə zalım oğlu Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu! Qulu! Qulu başı açıq daxil olur. Hacı Murad (papağı göstərir). Bu nədir, a kafir oğlu? Qulu. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydınlıq gecədir, həyəti süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. Mənim də əlimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərədən içəri düşdü. Hacı Murad. Kafir uşaqları, kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya getmişdim, şüşənin səsindən diksinib qalxdığda tiyə ayağımı kəsdi. Qulu (kənara). A... indi basdırdığı yeri də bildim. Hacı Murad. Get, zirzəmidə divarın çatlağında pambıq gizlətmişəm və küncdə əski var, tap buraya gətir. Qulu gedir. Hacı Murad. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. Gərək adamın arvadı ola ki, canı da rahat ola. Yoxsa arvadsız kişinin günü it günüdür. Yə’ni bir tərəfə də baxanda arvada da e’tibar yoxdur. Evin baş oğruları onların özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu, tənbəl. Məni görüb ayağı da axsamağa başladı. Qulu. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı. Hacı Murad. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni Allah elə edər. İndi gəl ayağımı sarı. Qulu (Hacı Muradın ayağını bağlarkən, kənara). Xəsis kaftar, it sümük yığan kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əski ilə, əlinə hər nə düşübdür, siçan kimi yuvasına yığıbdır. Hacı Murad. İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə göndərib, məndən xeyli pul çıxartmışdı. Adam elə olmasa, pul yığa bilməz. Qulu. Ağa, vallah mən elə pul yığsaydım, indi mənim də sənin kimi dövlətim vardı. Hacı Murad. Sən niyə zəhmət çəkəsən? Ağanın min əziyyətlə qazandığından yeyib, eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi get orda dur. (Çağırır.) Nabat, Nabat! (Nabat daxil olur.) Xanım, indi də papaqaldıqaç oynuyursan? Nabat. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır. Qulu. Yə’ni gündə hər səhər-axşam samavarı təzələyib, xanım kimi altı-yeddi stəkan salma çay içdiyini də yalan deyirəm. Nabat. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyirəm? Qulu. Ağa, Nabat qəndi doğrayanda çiblərinə doldurur. Hacı Murad. Dayanın, kafir uşaqları, siz mənim evimə quldurluğa gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm. Qalxıb istəyir ki, ağacına tərəf getsin. Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının ağrısından ufultu ilə yerə yıxılır. Pərdə * * * İkinci pərdə Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir. İmran. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm. Gülzar. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki, xərc çıxmasın, daha ondan nə ummaq olar? İmran. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq. Gülzar. Necə, atam sənə nə deyib? İmran. Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı, oğlumsan və qızım da səninindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların hamısını satıb pul elədi və sandıqları doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm. Gülzar. Yə’ni bu sözləri özü dedi? İmran. Xeyr, sən azarlı olan vaxtı bazarda Hacı Qəhrəmanın dükanında oturubmuş. Hacı Qəhrəman məni tə’rif edirmiş: deyirmiş ki, Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. O vaxtı, o da həmin cavabı vermişdi. Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm. Gülzar. Xudaya, ata-anaya ehtiram edib, sevməyi övlada vacib etmisən. Mən belə atanı necə sevim? İmran. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz. Gülzar. İmran, səhv edirsən. Belə iş ola bilməz. Cəmi şəhər bilir ki, mən sənə ad olunmuşam, heç kəs cür’ət edib bu qapıya gələ bilməz. İmran. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni bir dövlətli adama verə ki, ondan nəf’bərdar ola. Gülzar. İmran, buna heç inana bilmirəm. Yə’ni atamın fikri odur ki, mənlə alış-veriş edib, qazanc eləsin? İmran. İnanmamağa haqqın var, çünki sən atanla az olmusan. Onu yaxşı tanıya bilməzsən. Gülzar. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi gəlib, bir-birimizdən ayırmaz. İmran. Gülzar, özün bilirsən ki, məni burada saxlayan məhz sənə olan məhəbbətimizdir. Amma bunu atana qandırmaq mümkündürmü? Onun mə’şuqəsi puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kə’bəsi müçrüdür ki, gündə yeddi dəfə başına dolansın. Gülzar, çox çəkməz ki, atan səni bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza bilməz. O vaxtı mənim ilə getməyə razısanmı? Gülzar. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur. Nabat daxil olur. Nabat. Xanım, Dürrə xanım gəlib səni görmək istəyir. Gülzar və Nabat çıxırlar. İmran (yalqız). Zavallı qız, çox böyük müsibətdir ki, atan ola, özün yetim sayılasan. Dövlətin ola, qasıb kimi hər şeyə möhtac olasan. Hacı Murad əlində əsa daxil olur. Hacı Murad. Əhvalın necədir, İmran ağa? Nə qəm dəryasına batmısan? İmran. Səndən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. Mən ağa olsaydım, sənin üçün nökər, dalandar olmazdım. Hacı Murad. Acığın niyə tutur, adam özü üçün pul qazanmağa çoban da olar, arabaçı da olar, hətta hambal da olar. Görmürsənmi mən qoca kişi necə çalışıram? İndi bu saat bazardan gəlirəm. Aç-susuz, altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib, borc yığıram. Bunların hamısı sənin işindir. Lakin sən əlini ağdan qaraya vurmaq istəmirsən. Deyirsən, qoy Hacı Murad zəhmət çəkib qazansın, axırda mənimdir. Əlbəttə sənindir. Mənim daha kimim var. Amma yenə də lazımdır ki, özün də çalışıb, qara gün üçün pul qazanasan. İmran (kənara). Görəsən yenə nə kələyi var. Xeyr, hiyləsinə aldanmam. (Hacı Murada.) Xeyr, məni əfv edəsiniz. İndiyə kimi çalışdığım bəsdir. Hacı Murad. Oğlum, ağlını başına cəm elə, yenə irəliki kimi işə-küçə get. Yoxsa səni danlayıb nəsihət etdiyimdən inciyirsən. Mən sənin xeyrindən ötrü çalışıram. İstəyirəm ki, ağıllı, kamallı adam olasan ki, mən də öləndə bu dünyadan arxayın gedim. İmran (kənara). Ay ilan, dilin baldır, dişin zəhər. (Hacı Murada.) Təəccüb edirəm ki, bazarlarda mənə nökər adı verib, dükanlarda danışırsan. Amma evdə olduqda oğlumsan, malım, canım hamısı sənindir deyirsən. Hacı Murad. Nökərimsən? Əstəğfürulla, belə söz mənim ağzımdan çıxmamış. İnanma, oğlum, bunlar düşmən böhtanıdır. Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb ondan nəf’bərdar olsunlar. Bu halda Məhərrəm bəy daxil olur. İmran (kənara). Zalım oğlu nə pis yerdə gəldi. Məhərrəm bəy. Salaməleykum, Hacı. Kefin necədir? İmran oğlan, xoş gördük. Hacı Murad. Salaməleykum, Məhərrəm bəy, buyur, buyur, nə əcəb biz tərəflərə də qədəmi-şərifinizi basdınız. Qədim dostunuzu yada saldınız? Məhərrəm bəy. Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib, evimi dağıdır. Hanı keçən vaxtlar, hanı qədim adamlar? E’tibar, hörmət, izzət, insaniyyət, hamısı onlarnan getdi. İmran (kənara). Yaxşı tapışmışlar. Xəsislikdə bir-birlərindən qalmazlar. Hacı Murad. Bəli, bəli, çox yaxşı buyurursan. Zəmanəmiz çox pis zəmanədir. Qocalar ömür çürüdür, pul qazanırlar, cavanlar isə əllərini bellərinə qoyub ver yeyim, ört yatım deyirlər. Məhərrəm bəy. Ay Hacı, sənin nə dərdin var? İmran kimi işləyən, canyandıran köməkçin var. Dərd mənim dərdimdir ki, heç kəsim yoxdur. Özüm də gün-gündən geri gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm. Hacı Murad. Doğru buyurursan. İmran çox canyandıran oğlandır. Ancaq bu axır vaxtlarda əlini ağdan-qaraya vurmaq istəmir. İndi sən gələndə onun üstə danışıq edirdik. İmranın atası rəhmətlik Şeyx Əli çox yaxşı, rəhmli adam idi. Ölən zaman Təbrizdə çox pulları batdı. Elə bir şey gəlmədi. Çox adama pulu kağızsız vermişdi. Kağızı olanlar da fağır adı ilə yedilər getdi. Tacirbaşı Hacı Əlinin o zaman bir pirkeşiyi vardı. Məmməd Sadıq adlı, Şeyx Əli vəfat edəndə iki min manatı o şəxsdə qalmışdı; pulu olmadı ki, versin. Ondan bəri, o pul onda qalıbdır. Öldü-qaldısından da xəbərim yoxdur. İndi istəyirəm İmranı onun dalınca İrana göndərəm, həm özü üçün səyahət etsin, həm də o pulları alıb gətirsin. İmran (kənara). Hə, indi bildim ki, mənə etdiyi bu qılıqlar nə üçün imiş. Məni Gülzardan ayırmaq fikrindədir. Məhərrəm bəy. Çox yaxşı fikirdir. (Kənara.) Deyəsən işim əvvəldən yaxşı gətirir. (Hacı Murada.) İndi, ay Hacı, evdə sandığı açıb köhnə kağızlara baxırdım. Atamın siyahi dəftəri əlimə düşdü. Baxıb gördüm ki, cümlə borcların üstünə öz xətti ilə qələm çəkilmişdir. Ancaq mərhum atanıza yüz manat borcu var imiş. Onun üstə qələm çəkilməmişdir. Dərhal durub gəldim ki, o borcu sizə verib atamın boynundan saqit edəm. Buyurunuz. Hacı Murad alıb sayır. İmran (kənara). Burada bir sirr var. Onsuz deyil, yoxsa xəsislikdə bu ondan qalmaz. Hacı Murad. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi? Məhərrəm bəy. Ay Hacı, indiki adamlarda halal, haram nədir? Borc vermək nədir? Hacı Murad. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm, səhərdən o dükanın, bu dükanın qabağını kəsdirib, müamiləsiz-zadsız verdiyim borcları ala bilmirəm. (İmrana.) İmran, qadan alım, zəhmət çək Quluya de, çay gətirsin. İmran çıxır. Məhərrəm bəy. İndi de görüm, qardaş, sən nə təvr gün keçirirsən? Hacı Murad. Heç soruşma, mənim günüm it günü. Adamın bişirib-düşürəni gərəkdir, qulluq edəni gərəkdir, yoxsa nökər-qulluqçudan nə rahatlıq olacaqdır? Məhərrəm bəy. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün rahatlıq ilə keçsin. Hacı Murad. Ay sağ olmuş, mənim ömrüm keçmişdir, qocalıqda nə yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha şükür, nəyin əskikdir? Altı-yeddi mədaxil gətirən mülkün var, bənklərdə də pulun. Özün də bəyzadə. Bir gözəl, göyçək qız al, gətir evinə qoy, gecə-gündüz başına dolansın. Məhərrəm bəy. Hacı, doğru buyurursan. Özümün də xahişimdən keçir, ancaq hanı elə qız? Hacı Murad. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə neçə qız alıram? Məhərrəm bəy. Mən hazıram və səni də o işdə vəkil edirəm, ancaq bəyzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur. Hacı Murad. Yaxşı, bəylərə qələm çəkdik. Qaldı sövdəkər sinfi. Onlar da necə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum? Məhərrəm bəy. Sövdəkər qismindən hamıdan artıq həqiqi dostum sənsən. Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı. O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm, nə təvr istəyirsən elə et. Hacı Murad. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, daxi nə üçün özkə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı. Məhərrəm bəy. Hacı, hərkah öz qızınızı buyurursunuzsa, mən onu İmrana nişanlı bilirəm. Hacı Murad. A pir olmuş, aslan meydanına tülkü çıxa bilərmi? Tərlan yerini sar tuta bilərmi? Bir də öz qapımdakı gədəyə qız vermək mənə eyib gətirər. Məhərrəm bəy (kənara). Kəməndimə yaxşı düşdü, bu gün-sabah təşrif aparar, pulları da mənə qalar. (Hacı Murada.) Ancaq, Hacı bir iş var, bəlkə qız mənə gəlmək istəmədi? Hacı Murad. Nə danışırsan, a kişi? Atanın xahişi olanda qızın nə ixtiyarı var razı olmaya. (Kənara.) Yaxşı düşdü toruma, bu gün-sabah təşrif aparar, pulları mənə qalar. Məhərrəm bəy. Hacı əmi, indi işi qət olunmuş hesab edək? Hacı Murad. Bəli, bəli. Ancaq özünüz bilirsiniz ki, mənim heç zadım yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma. Məhərrəm bəy. Əlbəttə, hər bir xərci öhdəmə götürürəm və sonra da mənim evimin və geyri şeyimin ixtiyarı sənnən olacaqdır. Hacı Murad. Çox gözəl, çox yaxşı. Allah bu qohumluğu qayım-qədim etsin. (Qulu padnosda üç stəkan çay gətirir, verəndə birini salıb sındırır.) Ay ayı oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq. Qulu. Ağa, elə bildim ki, İmran ağa da buradadır. Hacı Murad. Çox qələt etdin. Adam gəlib əvvəl qonağın hesabını bilər, sonra da ona görə çay gətirər. Qulu. Vaş üstə, ağa, bundan sonra buraya qonaq gəlsə, çayı qonağın sayına görə gətirərəm. Hacı Murad. Bəs niyə qənd gətirməmisən? Qulu. Ağa, qənd salmışam. Hacı Murad. Yenə də qələt etmisən. Bəlkə biri çayı şirin içməyəcəkdir. Dişləmə içəcəkdir. Qulu. Ağa, dedim yanında qonaq var, bəlkə salma içəcəksiniz. Hacı Murad. Zalım oğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get. Qulu (gedərkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır. Hacı Murad. Görürsən bu zalım uşaqları mənim başıma nə iş gətirir? Məhərrəm bəy. Bəli, yaxşı nökər adamın canını rahat edər, amma pisi ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür, nökər tutmuşam, bir düzgün, yaxşı qulluq yetirən fağırın biridir. Göndərim gəlsin, pulsuz-zadsız sizə qulluq etsin. Hacı Murad. Çox sağ olun. Mərhəmətin artıq olsun. Göndər gəlsin, ta Qulunun murdar üzünü görməyim. Məhərrəm bəy, buyur çay iç, ağzını şirin et. Çay özü də şirni kimi bir şeydir. A kişi, deyirlər ki, çayın əsli yerində ki, ibarət olsun Çindən, çayı qəndsiz içirlər. Amma bizim adamlar müəllimlərindən ağıllı çıxmışlar. Qəndi istəkana doldurub, doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yə’ni əslində bir şey deyil. Artıq xərcdir də... Məhərrəm bəy. Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir. Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi. Hacı Murad. Yox, onlar da dədə-babadan qalma adətlərdir. Tərk etmək lazım deyil. Ancaq bu kürsü, çənkəl-bıçaq və qeyri izafə şeylər ki, yeniler adət etmişlər, qızın cehizində verilsin, bax bu bir şey deyil. Allah əl veribdir yeməyə, diz veribdir əyləşməyə. Məhərrəm bəy (kənara). Bəli, işarəsini anladım. (Hacı Murada.) Hacı, indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum. Hacı Murad. Çox əcəb, get mən də vaxtında sənə mə’lum edərəm. Məhərrəm bəy (qalxır). Hacı, xudahafiz. Hacı Murad. Xudahafiz. Get, Allah amanında olasan. (Məhərrəm bəy çıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, Məhərrəm bəy özü gəlib qızıma elçi düşdü, amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, quya heç bir zaddan xəbəri yoxdur. İndi qaldı İmranın bir çür başını əkib İrana göndərmək. (Çağırır.) Qulu! Qulu! Qulu (daxil olur). Nə buyurursan, ağa can? Hacı Murad. Canına dərd buyururam. Məni Məhərrəm bəyin yanında biyabır etdin. Qulu. Ağa, mən nə elədim? Hacı Murad. Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də qabiliyyətin yoxdur. Qulu. Ağa, adam gərək doğru danışsın, sən soruşursan, mən də düzünü deyirəm. O ki qaldı çayın tökülməyi, onda da təqsirim yoxdur, çünki padnos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. İçində istəkan da durmur. Hacı Murad. Səsini kəs, ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən. Daha məni təngə gətirmisən. Sənə söz kar eləmir. (Ağacı götürür.) Ayını, bax, bunnan öyrədərlər. Döyür, Qulu da qışqırır. Pərdə * * * Üçüncü pərdə Səhnə Hacı Muradın otağını göstərir. Hacı Murad (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram. Qulu (daxil olur). Ağa, bir həmşəri gəlib səni soruşur. Hacı Murad. De gəlsin. Məhərrəm bəy göndəribdir. Mənə qulluq edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm. Qulu. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qapqaradır. Hacı Murad. Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu çıxır.) Gərək Məhərrəm bəy göndərdiyi nökər necə adamdır. O da Qulunun tayı isə heç çörək vermək lazım deyil. (Əliqulu daxil olur və əllərini döşünə qoyub qayda ilə Hacı Murada tə’zim edir.) Buyur əyləş. Əliqulu. Cənabınızın hüzurunda əyləşməyi bəndə də özünə cür’ət edə bilməz. Hacı Murad (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu üç saat çərənnəməsə adamdan əl çəkmir. (Əliquluya.) Buyur əyləş, izin verirəm. Əliqulu ədəbanə diz üstə əyləşir. Əliqulu. Bəndənizi sərkar Ağa Məhərrəm bəy göndəribdir ki, cənabınıza xidmət edəm. Hacı Murad. Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu. Əliqulu. Bəli, məvacibim Məhərrəm bəydən çatacaqdır. Hacı Murad. De görüm, yeməkdə pərkarsan, ya yox? Əliqulu. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış adamam. Hacı Murad. Çox yaxşı. Mənim çox yeyən adamdan acığım gəlir, çünki adamın gərək heyvandan fərqi olsun. O da ancaq az yeməklə olar. İndi de görüm, əlin-zadın təmizdirmi?.. Əliqulu. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üst-başım həmişə təmiz olar. Hacı Murad. O mə’nada demirəm. Yə’ni oğurluq-zad əlindən gələrmi? Əliqulu. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də oğurluq edərmi? Hacı Murad. Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu girməyəcəkdir. Ocaqları qalamaq, samavarı qoymaq, nahar bişirmək, bunların hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarını sənə verəcəyəm. Əliqulu. Ümidvaram ki, can-dillə qulaq edib, əmrinizi yerinə yetirəm. Hacı Murad. Adın nədir? Özün haralısan? Əliqulu. Adım Əliqulududur, özüm də Tehran əhliyəm. Hacı Murad. Səni bu şəhərdə tanıyan varmı? Əliqulu. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və Məhərrəm bəydən başqa heç kəsi tanımıram. Hacı Murad. Çox əcəb. Bu gündən sən öz işində ol. (Çağırır.) Qulu! Qulu! Qulu daxil olur. Qulu. Nə buyurursan, ağa? Hacı Murad. Qulu, bu gündən sənin ev işinə qarışacağın olmayacaqdır. Onların hamısını Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq, həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə Əliqulu məşğul olacaqdır. Daha bundan sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasın, qandın, ya yox? Qulu. Bəli, ağa, qandım. Hacı Murad. Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə edirsən. Təkrar et görüm, nə edəcəksən? Qulu. Məsələn, elə ki, gördüm it girib içəridə çörəyi yeyir, gərək gedib Əliqulu əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır... Hacı Murad. Dayan, kafir oğru, kafir. Demədimmi ki, hər şeyi tərsinə anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə? Qulu. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib onu tüfənkləsin. Hacı Murad. De eşit, a kişi, yeddi ildir ki, bu höcət ayını saxlayıram. Gör mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim? Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan? Qulu. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə bir qəpik də verməmisən. Haqqımı ver, baş üstə gedim. Hacı Murad. Sənə nə verəcəyəm. Heç bir qara qəpik də verməli deyiləm. Haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan. Qulu. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki, belə oldu, ya sən and iç, əl çəkim, ya mən and içim haqqımı ver. Hacı Murad. İndi də saqqalımın ağ vaxtında durub sənə and içəcəyəm. İtil cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm. Qulu (çıxarkən). Hacı Murad, xudahafiz. Sənə göstərərəm, mənə Qulu deyərlər. (Çıxır.) Hacı Murad. Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə gətirmişdi. Özün görürdün ki, mənə nə təvr cavab verirdi. İndi dur get mətbəxə, çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. Hər vaxt çay-qənd lazım olsa gələrsən özüm verərəm. (Əliqulu çıxır.) Hər əsərindən düz adama oxşayır. Amma yenə insanı tanımaq olmaz. Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığını çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu! Əliqulu daxil olur. Əliqulu. Nə buyurursan, ağa? Hacı Murad. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür. Əliqulu. Baş üstə, ağa can. Hacı Murad çıxır. Əliqulu (yalqız). Çox çalışdım ki, Məhərrəm bəy məni kəndə göndərsin, orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan. Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma mən də şəhərdə qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula mə’lum edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm. Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb qaçmaq lazımdır. (Abbasını götürüb.) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəgin Hacı Murad məni imtahana çəkib, onda da bu abbası ilə, ya qoca kaftar, mənə Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən. Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun əlindən qurtarıb Əliqulunun çənginə düşdün. Hacı Murad (daxil olur). Otağı təmiz etdinmi? Əliqulu. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.) Hacı Murad. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi. Əliqulu. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur. Hacı Murad. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.) Heç bu zamana adamına oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil. Görək nə təhər olacaqdır. Bu gecə də bir pis yuxu görmüşəm, Allah axırını xeyir etsin. Məni o gördüyüm şeytanın şərindən hifz etsin. (Gülzar qorxa-qorxa içəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli gəl, əyləş. Bir az da ata-bala dərdləşək. Heç, qızım, gəlib əhvalımı soruşmursan. Demirsən ki, bir qoca atam var, qoy gedim görüm dərdi nədir, səri nədir. Gülzar (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz. Hacı Murad. Qızım, səni həmişə qəmkin, bikef görürəm, niyə dinmirsən? Danışmırsan? Nəyin əskikdir, de alım. Gülzar. Ağa, hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. Hacı Murad. Bəs niyə heç qaşqabağın açılmır? Elə bil ki, gəmilərin dəryaya batıb, qərq olubdur. Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? Gülzar. Xeyr, ağa, bir qəmim yoxdur. Hərkah danışmıram, ona da səbəb yoldaşsızlıqdır. Hacı Murad. Doğru deyirsən. Yoldaş lazımdır. Can yoldaşı. Axirət yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca atan sənə bir elə yoldaş tapıbdır ki, çıraq götürüb cəmi dünyanı axtarsan, tayı-bərabəri tapılmaz. Gülzar. Xeyr, ağa, mən elə yoldaş demirəm. Hacı Murad. Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza nə təhər yoldaş lazım olduğunu bilməsin. Ah qızardın. Ha-ha-ha! İndi tap görüm, kimi deyirəm. Tapa bilmirsən? Əlbəttə, elə şəxsdir ki, yatsan yuxuna da girməz. Dövləti, pulu həddən aşıbdır. Qapısında xidmətçinin sayı-hesabı yoxdur. Özü də şəhərimizin birinci bəyidir. Yenə tapa bilmirsən? Nökəri də qapımızda xanıma müntəzirdir. Gülzar (təşvişlə). Məhərrəm bəy?! Hacı Murad. Afərin, qızım, yaxşı tapdın, heç belə nişanlı ağlına gələrdimi? Özü gəlib mənə elçi düşdü. Gülzar. Ağa, mən heç kəsə ərə getmək istəmirəm. Hacı Murad. Bilirəm, qızım, məni çox istəyirsən. Məndən ayrılmaq istəmirsən. Doğrudur, mənim üçün də çətindir, ancaq görürsən ki, mən də günü gündən geri gedirəm. Bir ayağım burdadır, bir ayağım qorda. Səni belə qoyub getsəm, qəbirdə rahat olmaram. Amma indi arxayınam. Bilirəm ki, qızımı bir elə şəxsə vermişəm ki, hər böyük məclisdə hamı xanımlardan başda əyləşəcəkdir. Zərif paltarlar geyib, cavahirləri üstünə taxıb, yanında gül-qaravaşla qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir. Məhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. Gülzar. Ağa, hərkah bunları mənə deməkdən qəsdin odur ki, məni onun malına, puluna aldadasan, onda səhvin var. Mənim dünya malında tamahım yoxdur. Hacı Murad. Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik ibarətdir maldan, dövlətdən. Gülzar. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən heç vaxt Məhərrəm bəyə getməyəcəyəm. Hacı Murad. Qızım, deyəsən şadlığından dəli oldun. Sən xeyir-şərini anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasını da zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər. Gülzar. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə getmərəm. Hacı Murad. Bu sənin axırınçı sözündür? Gülzar. Bəli. Hacı Murad. Çox əcəb, mən sənin xoşbəxtliyini istəyirəm. Məhərrəm bəydə könlün yoxdur, bəs İmranla necə? Gülzar (sevinclə). Ağa, mən səndən utanırdım, mənim ondan başqa bir kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim məhəbbətim ondadır. Hacı Murad. Paho, siz mənsiz söz verib qurtarmışsınız, mənim xəbərim yox imiş! (Rişxəndlə.) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, mən Hacı Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol. Gülzar (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın gəlsin, məni bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx. Hacı Murad. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı ya bir şeh, gün çıxar qurudar. Gülzar. Ata, Allahdan qorx. Məhəbbət yolunda tökülən göz yaşını heç zad quruda bilməz. Hacı Murad. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm, əmələ gətir. Gülzar (ayağa qalxıb). Məhəbbət nədir? Məhəbbət oduna yanmayana onu qandırmaq mümkün deyil. Məhəbbəti dünya malına almaq olmaz. Məhəbbətə hökm yoxdur. Hacı Murad. Məhəbbət odur ki, adamı dəli, axmaq edib, Allah göndərən ne’məti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun Allaha, heç bir şeylə dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə. Gülzar. İndi ki, belə oldu, mən də and içirəm o məhəbbətə ki, daşı yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm. Hacı Murad. İmran! Bir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz. Gülzar. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.) Hacı Murad (tək). Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam iş düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızın dediyinə bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax, budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət deyənləri verələr dama salam, ağzını da bağlayam. Görəsən necə acından, susuzundan bir-birinin ətini yeyib qanını içərlər. Nabat (tənknəfəs içəri yüyürüb). Ağa muştuluğumu ver, Şərəf xanım gəldi. Hacı Murad. Səfeh qızı, səfeh. Elə yüyürür ki, deyəsən yanğın var. Çox böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir. Nabat. Ağa, doğrudan da dörd dənə qırğovul gətiribdir. Hacı Murad. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir. Nabat (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada.) Yanında bir balaca oğlu Əhməddir, bir də nökəri Cəfər. Hacı Murad (kənara). Öz yeyib-içənimiz az idi, bunlar da artdı. (Nabata.) Sənin muştuluğun odur ki, köz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. Di get, dayanma. Nabat (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər. Hacı Murad (tək). İndi də işlər tərsinə gedir. Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım Hacı Muradın boynunu qucaqlayır. Şərəf xanım. A qardaş, nə zəif düşmüsən, nə qocalmısan? Hacı Murad. Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, mən çəkirəm, hər kəs olsaydı, yeddi kəfən çürütmüşdü. Şərəf xanım. A qardaş, sən niyə pis gün çəkirsən, nəyin əskikdir? Malın var, pulun var. Gülzar kimi qızın, qapıda xidmətçilərin. Sən otur, qoy sənə qulluq eləsinlər. Hacı Murad. Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin. Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan nə ummaq. Şərəf xanım. İmran gərək elə oğlan olmasın. Onun tə’rifi hər yerdə söylənir. Gülzardan narazı olmağına təəccüb edirəm. Mən ona elə tərbiyə verməmişəm ki, atasının əmrindən çıxa, zəhmətindən incinə. Hacı Murad. Görürəm, çox yaxşı tərbiyə vermisən. Şərəf xanım. Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. Mənim özüm də qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdın. Gülzar, bu nə işdir? (Gülzar başını aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (Hacı Murada.) Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşında cavanı qocaldıb qarı eləmisən. Hacı Murad. Mən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı qocalmasına, ona da bais özüdür. Məhərrəm bəy kimi adam özü gəlib mənə elçi düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm. Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi? Şərəf xanım. A qardaş, nə danışırsan? Sən təmiz ağlını itirmisən. Dünya malı gözlərini pərdələmişdir. Məhərrəm bəy nədir, zad nədir? Qızının nişanlısı on iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb qızını öz yaşında yoldaşına verirsən? Eşidənlər nə deyərlər? Hacı Murad. Buyur, bu da ağıllımız. Yaxşı deyiblər ki, arvadın ağlı olmaz. Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib Məhərrəm bəy kimi adamı əlimdən çıxarım. Şərəf xanım. Eşidənlər sənə ağıllı deyərlər ki, qızını İmrana verib ata yurdunu abad edirsən. Hacı Murad. Əcəb buyurursan, Şərəf xanım. Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadların ağlı beladır. Mən qızımın xoşbəxtliyini istəyirəm. Şərəf xanım. Yaxşı, hərkah qızın könlü Məhərrəm bəydə yoxdur, onun malına tamah etmir, onda o necə xoşbəxt ola bilər? Hacı Murad. Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə çörək ver deyəndə, təknədə çörək olmayanda. Şərəf xanım. A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızın İmranda çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadını xandan, bəydən yaxşı saxlar. Hacı Murad. Pulum haradadır, malım haradadır? Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. Bilmirəm bu pulu mənə kim qoyubdur. Atam qoyubdur, babam qoyubdur. Şərəf xanım. Sənin ağlamaq qədim xasiyyətindir. Bir şeydən kəsirin olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, Məhərrəm bəy fikrindən bilmərrə daşınarsan. Mən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib, altmış yaşında qocaya verəsən. Hacı Murad. Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən, ağzına dil verir. Ay qız ey, mən dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan. Bilmirəm bu mənə nə İmran oldu. And olsun Allaha onu bundan sonra bir saat da evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram. Şərəf xanım. Elə bir o qalmışdı ki, qızını bir qoca, xəsis kaftarın puluna satasan. Hacı Murad. Bilmirəm bu haradan gəlib çıxdı. Niyə qoca olur? Nökər dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçındır. Daha bəsdir. İndi de görüm, sən özün necə dolanırsan? Şərəf xanım. Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır. Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur. Hacı Murad. Buyur, bu da sənin öz başına gələn. Daha Gülzara niyə razı olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu qasıba vermə, necə dövlətli istəyir, onların birinə ver. Dedi ki, yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf xoşbəxt olar. Şərəf xanım. Xeyr, atam səhv etməyibdir. Mən ərimdən çox razıyam. Özüm də çox xoşbəxtəm ki, Allah məni bu cür adama qismət edibdir. Dünya malı bir puç şeydir. Gedər də, gələr də. Ər odur ki, qara gündə arvadla yoldaş olub, bir-birinə can deyib, can eşidələr. Əhməd. Ana, bəs sən deyirdin ki, dayın sənə gənfet verəcəkdir, bəs niyə vermir? Hacı Murad. Oğlum, gənfet pis şeydir. Adamın boğazını ağrıdır. Sən yekə oğlansan. Gənfeti neynirsən. Əhməd. Ana, Gülzar bacımkilin bağçasında elə çox alma var ki, gələndə gördüm. Hacı Murad. Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. Əhməd. Mənim özüm burada olacağam. Dəyəndə yığaram. Hacı Murad (kənara). Bunda yaxşı xəbər var. Deyəsən Şərəf çox qalacaqdır. Şərəf xanım. Sizin dərdiniz öz dərdimi də yaddan çıxartdı. Əhməd böyüyübdür, oxumaq vaxtı keçir, dedim gətirim sizdə qoyum, həm məktəbə getsin, həm də Gülzara hayan olsun. Hacı Murad (kənara). Mazandaranda çaqqal az idi, biri də gəmi ilə gəldi. (Şərəfə.) Yox, yox, saxlaya bilmərəm. Özkə uşağını saxlamaq bir xata şeydir. Bunun korluğu var. Azarlaması var. Ağacdan yıxılması var. Anasız ona kim baxacaqdır. Şərəf xanım. Əhməd dinc uşaqdır. Heç kəsə korluğu olmaz. O ki qaldı azarlamağı, ondan da arxayın ol, Gülzar ona analıq edər. Gülzar. Bibi, arxayın ol. Onu özümdən yaxşı saxlaram. Hacı Murad. Yox, yox, Gülzar bilmir. Uşağın tarpına dözmək olmaz. İmranda görmüşəm. Məni qocaldan o olmuşdur. Evimi dağıdan o olmuşdur. Gülzar (kənara). Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm. Şərəf xanım. A qardaş, bir uşağın yeməyi, içməyi nə olacaqdır ki, bu sənin evini dağıda. Hacı Murad. Xülasə, mən razı deyiləm. Şərəf xanım. A qardaş, bacının əli aşağı düşəndə köməyə qardaşı üstə yüyürər. İndi mən də qardaş adı ilə evimi yiyəsiz qoyub yanına gəlmişəm. Eybi yoxdur. Uşaq səni incidər apararam. Ancaq səndən bir təvəqqem var, məni ondan naümid qaytarma. Ərimin beş yüz manat borcu var, borc sahibi pis adamın biridir. Gündə qapımıza gedib-gəlməkdən bizi təngə gətiribdir. Kişiyə dedim ki, qardaşımı görməyə gedirəm, amma əsil fikrim o idi ki, səndən alıb aparıb verəm. Abrımız açılmasın. Hacı Murad. A bacı, sən ki, özkəsi deyilsən, məkər mənim var-yoxumu bilmirsən? Məndə pul haradandır ki, sənə verim? Şərəf xanım. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var. Razı olma ki, bacının paltarları bazarlarda tökülüb satılsın və bir də mən səndən borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özkəsi gözləyə bilmir. Hacı Murad. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm pul üzünə həsrətəm. Şərəf xanım. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla. Hacı Murad. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu mənim çiblərim, bu da mənim sandığım. (Durub paltar sandığını açır.) Di gəl bax, gör burada əski-üskidən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.) Şərəf xanım. O biri sandığın ağzını aç. Hacı Murad. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da var, niyə verim. Çöldən tapmışam? Şərəf xanım (ayağa qalxır). Daha sənə nə deyim? Qarğış etməyə də yerim yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər! Cəfər daxil olur. Cəfər. Nə buyurursan, xanım? Şərəf xanım. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm. Cəfər. Xanım, gün keçibdir, gedib çatmaq olmaz. Şərəf xanım. Eybi yoxdur, harada keçələrik, orada qalarıq, burada qala bilmərəm. Gərək gedək. Cəfər. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir. Şərəf xanım. Özündə varsa ver, yox isə ala bu üzüyü apar sat, ver. (Barmağından üzüyünü çıxarıb verir.) Cəfər. Xanım, lazım deyil, məndə var, verərəm. (Çıxır.) Gülzar (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə. Şərəf xanım. Yox, Gülzar, qala bilmərəm. Bu ev mənim üçün cəhənnəmdir. Dur, oğlum, gedək. Gülzar. Bibi, məni də apar. Burada qoyub getmə. Şərəf xanım. Səni hara qoyub gedirəm. Belə zalımın evində bir saat da qoymaram. Dur gedək. Hacı Murad (Gülzarın əlindən tutub özünə tərəf çəkir). Hara aparırsan? Qoymaram. Şərəf xanım. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub, bu hala salmısan. Belə kafir ataya gözəl balanı verməram. Pərdə * * * Dördüncü pərdə Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir. İmran. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır. Nabat gəlir. Nabat. İmran ağa, başına dönüm, yavaş danış, hamı oyaqdır. Qoca kaftar yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri Hacının hökmünə görə nə mənə, nə də Gülzar xanıma köz verib, işıq vermir. Bir az səbir elə, gərək bir yerə gedərmi ki, Gülzar xanımı qaçırdam. İmran. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə də olsa aparacağam. Nabat. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə təvr olsa Gülzar xanımın əlini əlində görəcəksən. Ancaq bir az səbir elə. Gülzar xanım Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır. İmran. Dayan, xışıltı gəlir... Nabat. Odur, odur, Gülzar xanımın özüdür. Gülzar qaçaraq gəlir. İmran (tez onun əlindən tutub). Gülzar, sənsən? Gülzar. İmran, daha dayanmaq vaxtı deyil, qaçaq. Nabat, ala bu üzük məndən sənə yadikar olsun (verir). İmran (Nabata pul verir). Ala, Nabat, Allah qoysa yenə bir yerdə olacağıq. Gülzar gedək. Nabat, xudahafiz. Nabat. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız. İmran və Gülzar gedirlər. Nabat (tək). Qocanın murdar üzündən yaxşı qurtardılar. Qaldım mən bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir Allah bəndəsi tapılaydı, məni də bu ilanın ağzından qurtaraydı. Qulu ağacın dalından çıxır. Qulu. Bu Allah bəndəsi mən. Nabat. Uy, kimsən? Qulu. Nabat xanım, deyəsən məni tanımırsan. Paltarımın dəyişilməsinə baxma. Ürəyim yenə sənnəndir. Nabat. Qulu, sənsən? Nə heybətli olmusan. Lap quldura oxşayırsan. Bu xəncər nədir? Qulu. Səfeh qızı hələ soruşur da. Görmürsən ki, səni götürüb qaçmağa gəlmişəm. Nabat. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar xanım məni axtarar. Qulu. A hiyləmətənə, mənə kələk gəlirsən? İndi Gülzar xanımı İmranla qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq mən onlar kimi səfeh deyiləm ki, tədarüksüz gedəm. Gərək qabaqca gedib Hacı Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam. Nabat. Qulu, sən Allah doğru deyirsən, yoxsa məni aldadırsan? Qulu. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından çıxarmısan? Tez get, nə şeyin varsa yığ. Uçuq hamamın yanına get. Məni orada gözlə. Nabat. Bəs sən nə edəcəksən? Qulu. Mən də gedib Hacı Muradı qorxudacağam, pullarımı alacağam. Di vaxtı itirmə, tez get. (Nabat qaçaraq gedir.) Arvadın ağlı, ya uşağın ağlı, hər şeyə o saat inanır. Fit ilə yoldaşlarını çağırır. Bu səsə Niyazla Qurban, üstlərində əsləhə gəlirlər. Qurban. Qulu, nə çox ləngidin? Niyaz. Bir şey bildin, ya yox? Qulu. Yoldaşlar, işimiz çox rast gətiribdir. Evdə bir Hacı Muraddan və bir də Əliquludan başqa heç kəs yoxdur. Qızı bu saat İmrana qoşulub qaçdı. Qulluqçunu da mən aldatmışam ki, səni də mən götürüb qaçacağam. İndi gedib yolumu gözləyir. Niyaz. Bəs Əliquluya nə tədbir çəkmisən? Qulu, doğrusu mənim ondan gözüm su içmir. Çox usta, hiyləkər adama oxşayır. Qorxuram bizi aldadıb divana mə’lum edə. Hamımızı tutdura. Qurban. Niyaz doğru deyir, çox şübhəli adama oxşayır. Qulu. Yoldaşlar, mən elə iş tutmaram ki, ondan bizə xəta gələ. Əliqulu divandan elə qorxur, necə ki, it dəyənəkdən. Bu barədə arxayın olun. Əliqulu bu işdən qaça bilməz. Niyaz. Söylə görək, onu haradan bildin? Qurban. Əlbəttə, söylə, yoldaşımızın necə adam olduğunu gərək biz də biləq. Qulu. Yoldaşlar, indi onun vaxtı deyil. Sonra sizə danışaram. Niyaz. Bəs niyə dayanmışıq? Hacı Muradın qulluğuna gedək də. Qulu. Yox, gərək gözləyək. Əliqulu özü buraya gələsidir. Odur gəlir. Əliqulu gəlib çatır. Əliqulu. Hacı Muradın əziz qonaqları, xoş gəlmişsiniz. Ancaq ərbabın bir balaca nəgahəti var. Sizi qəbul edə bilməyəcəkdir. Qulu. Əliqulu, zarafatı burax. Niyə belə keç gəldin. Bir şey var? Əliqulu. Yoldaşlar, gərək işi sabaha qoyaq. Qulu. Nə səbəbə? Əliqulu. Çünki Hacı Murad Məhərrəm bəykilə gedəsi olmadı. Özü Məhərrəm bəyi gözləyir və evdəkilərin hamısı da oyaqdır. Amma sabah axşam Məhərrəm bəyə qonaqdır. Otağın açarı da məndə olacaqdır. Qurban. Yoldaşlar, nahaq yerə vaxt itiririk. İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. O ki qaldı Hacı Murada, boğazından elə basaram ki, bir də qiyamətdə oyanar. Əliqulu. Xeyr, mən buna razı deyiləm. İş gərək tədbirlə ola. Yoxsa içindən xata çıxar. Niyaz. Görünür Əliqulu işdən baş qaçırır. Amma Qulu bizə özkə cürə demişdi. Qulu. Niyaz doğru deyir, Əliqulu əmi başqa fikrə düşübdür, amma bilsin ki, baş tutası iş deyil. Onun fikri bu gecə Hacı Muradın pullarına yaxşıca qulluq edib Araz çayını aşmaqdır. (Üzünü Əliquluya tutub.) Belədirmi, Səfdər əmi? Əliqulu (diksinmiş). Nə dedin, mən Səfdər... Qulu. Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səfdərsən. Mən də Quluyam. Yaxşı tanı. Məni aldatmaq olmaz. Niyaz, Qurban. Oğrubaşı?! Qulu. İndi, Tehran lotusu Səfdər, bizə yoldaşsanmı? Əliqulu. Yoldaşam, hər nə buyursanız əmrinizə tabeyəm. Qulu. Ha belə, Əliqulu əmi, yoldaş, yoldaş ilə tən gərək, tən olmasa kən gərək. İndi de görüm, Gülzarın İmran ilə qoşulub qaçmağından xəbərin varmı? Əliqulu. Bəli, var. Qulu. Bəs Nabat haradadır? Əliqulu. Göndərmisən gedib yolunu gözləyir. Qulu. O da düzdür. Hərif olmağını bəyənirəm. İndi bir sual gəldi. De görüm doğrudanmı Hacı Murad Məhərrəm bəyi gözləyir? Əliqulu. Bəli, gündüzdən məni göndərmişdi ki, Məhərrəm bəyi bu axşama məsləhətə çağırım. Ancaq bəy dedi ki, Hacıya de qonaqlarım var, gec gələcəyəm. Qulu. Bu daha yaxşı oldu. İndi, yoldaşlar, hazır olun, Hacı Muradın qulluğuna gedək. Əliqulu əmi, sən ağsaqqalsan, qabağa düş. Gedirlər. Pərdə * * * Beşinci pərdə Səhnə Hacı Muradın otağını göstərir. Hacı Murad (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, gərək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən qol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayım. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvarı, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz. Qulu, Niyaz, Qurban daxil olurlar. Qulu. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz. Hacı Murad (sandığın qapağını salıb). A zalımlar, siz kimsiniz? Məndən nə istəyirsiniz? Qulu. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadından çıxartmısan? Hacı Murad. Qulu, sənsən? Buyur əyləş, yoldaşların da xoş gəlibdir. Mənə görə nə qulluğun var? Yəqin məvacibinin dalınca gəlmisən, mən özüm də səni axtarırdım ki, haqqını verəm. Qulu. Haqqım çox ağırdır, qorxuram öz ixtiyarın ilə verməyəsən. (Sandığa tərəf gedir.) Hacı Murad (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram! Qulu. Demədimmi, öz ixtiyarınla verməyəcəksən. Qurban tut, Niyaz, qollarını bağla! Hacı Murad. Ay aman, qoymayın! Məni öldürürlər! Qurban (xəncəri sıvırıb). A kişi, səsini kəs, yoxsa qarnına soxaram. (Əllərini bağlayır.) Hacı Murad. Ay haray! Ay aman! Ay Əliqulu! Əliqulu (daxil olur). Nə buyurursan, ağa can? Yoldaşları gülüşürlər. Hacı Murad. Tez get, divana mə’lum elə! Əliqulu. Ağa can, indi sənin hakimi-şər’in bunlardır, bu saat divan edəcəklər. Cəza-fəza etmək artıqdır. Hacı Murad. Əliqulu, sən də bunların yoldaşı imişsən? Ay aman, qoymayın! Qurban. A kişi, qoysanız xəncəri soxum rədd olsun. Qulu. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs çıxarmasın. (Hacı Muradın əl-ayağını bağlayıb yerə qoyurlar.) Qurban, gəl sandığın qapağını tut. (Qurban tutur, Qulu müçrünü çıxarıb Niyaza verir.) Niyaz, bunu al. İndi yoldaşlar, gəlin buraya, Əliqulu əmi, de görüm bundan xəbərin var ya yox? Niyaz, o döşəkçəni, palazı qaldır. (Niyaz qaldırır.) Qurban, gəl xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa müçrü çıxardır.) Əliqulu əmi, bu sirri bilirdinmi? Əliqulu. Bəli, duymuşdum ki, orada bir şey var, çünki Hacı Murad oranı tez-tez yoxlayırdı. Hacı Murad (başını qaldırıb xırıltılı səslə deyir). Evim yıxıldı. Qurban. Sus!.. Qulu. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar. Niyaz. Eybi yoxdur, onu da Hacının küyünə salarıq. Qulu. Hacı Murad, xudahafiz. Hərkah Ağa Qulunu axtarsan, Şama gəl. Siz öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar. Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur. Məhərrəm bəy. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar? Bu palazı, döşəkçəni niyə buraya çəkiblər? Yoxsa evə oğru gəlmişdir. Elədi ki, var. Bəs Hacı Murad haradadır? (Bucaqdan Hacı Muradın xırıltısı gəlir.) Budur burada. Bunun əl-ayağını kim bağlamış? (Açır.) Hacı Murad. Məhərrəm bəy, evim yıxıldı... Məhərrəm bəy. Hacı əmi, de görüm, sənə nə olub? Əl-ayağını kim bağlayıb? Hacı Murad. Qulu zalım oğlu. Əliqulu da ona yoldaş idi. Evim yıxıldı, tar-mar oldu. (Gedib sandığa baxır.) Hanı şəfəqin, gözəl cavahir, haradasan zərif qızıllar?! Məhərrəm bəy, tez get divana mə’lum et. O quldurları tutdurub, mənim pullarımı qaytar. Nabat tənknəfəs daxil olur. Nabat. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı. Məhərrəm bəy və Hacı mat qalırlar. Məhərrəm bəy. Əlimdən mal-dövlət çıxdı. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-tamahkar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.