Xatirələr Süleyman Sani Axundov (1875–1939) Uşaqlıq həyatımdan xatirələr Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir. Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir. Kənd məişəti Seyidli və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də bağ. Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Kürcüstan bağları kimi gələsən deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar. Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyirlər. Mən gözlərimi açdıqca özümü belə zənkin təbiət içində gördüm. O məni mərhəmətli qucağında yaşadarkən, həyatın ağır zəhərli hallarını, yetimlik, yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq, yenə də bağa qaçardıq. Çürbəçür meyvələr orada; çiçəklər, göy otlar orada; rənkin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi. İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rənkin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva tikməyə məşğul olduqda, biz də onlarla bəhs edərək evçik tikib çiçəklərlə bəzərdik. Bu mövsümdə yetişməyə başlayan meyvələrə gəldikdə, biz onların dəyməyini gözləməzdik. Alça çiçəyini tökub bir balaca böyüyən kimi göy olmağına baxmayaraq, duz ilə yeyərdik. Sonra tut ilə kilas dəyməyə başlardı. Yay fəslində ərik, kavalı, böyürtkən dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzkil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yığmağa məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq. Qar hər yeri bürüyən zaman biz bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardıq. Top getdikcə irilənərək axırda boyumuzdan hündür olardı, daha yumalamağa küçümüz çatmazdı. Ya da qardan adam, heyvan heykəli qayırardıq. Lakin bu oyunun axırı ağlamaq olardı. Çünki üşümüş əllərimizi oda verdikdə sızıldamağa başlardı. Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın tə’lim və tərbiyə rolu artır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşağın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab verib, onu sakit etmək lazımdır. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə bağımızda idim. Çırçırama arasız çırıldayırdı. – Ana, o çırçırama nə deyir? – deyə sual etdim. – Oğlum, o çırçırama deyir ki: Qarışqaçıq – quruşqaçıq. Mənə dedi, qarışqaçıq. Dedi, dedi, dedi, dedi. Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Çırçırama oxuyanda mən də ona qoşulub deyərdim: – Qarışqaçıq – quruşqaçıq. Mənə dedi, qarışqaçıq. Dedi, dedi, dedi, dedi. Səslərin ahənki çırçıramanın oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da çırçırama o sözləri deyirdi. Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr «çik-çik» edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: «Çırrıt!» edərək səs saldı. Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum: – Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər? – Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum: – Ana, bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi? Anam gülərək dedi: – Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş desin. Tağı əmi Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük, Mehdi kiçik qardaş idi. Sonunçu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi. Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. Bu, mənim oyun yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük tə’sir buraxmışdı. Səxavətli, rəhmdil, həlim təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq məhəbbətini bu sevkili əmizadəmdə gördüm. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırğovul qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox tə’limli olardılar. Mən əvvəllərdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə görünən alıcı quşu mənə göstərərək deyərdi: – Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır. – Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? – deyə soruşduqda: – Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlar yerdə sıçan kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. İndi o qaraquş da yerdə dovşanın qaçdığını, ya kəklijin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, – deyə Tağı əmi mənə cavab verərdi. Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ət yeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını, ya da turac, qırğovul, kəklik, çil, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də ondan öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim. Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim. – Tağı əmi, bax gör nə qəşənk qurddur? – deyə ona göstərdim. – Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl olacaqdır, – deyə Tağı əmi əlavə etdi. Mən təəccüb edərək soruşdum: – Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur. Tağı əmi cavab verdi: – Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir. Yazın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən. Mən o vaxta kimi ipək qurdunun saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm. O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün: – Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da apararam, – deyə məni sevindirdi. Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək: – Ay Tağı, at uşağı yıxar, – dedikdə: – Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, – deyə onu sakit etdi. Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən adlı yoldaşımla Ağdam bazarına gedirdim. – Gəl çapışaq, – deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı. – Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, – deyə Həsəni utandırdım. – Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı? – Olaram, – deyə cavab verdim. Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və hamar idi. Qorxulu yol üç dönkə idi. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. İki dönkəni salamat keçdik. Üçüncü dönkəyə xeyli qalmış Həsən gəlib məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürkəni saxlaya bilməzdi. Bazara dönən dönkəni keçdikdə ürkə Həsəni üstündən üç metrə qədər atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı. Bu məşhur sınıqçını uşaqlar üçün yazdığım «Nurəddin» adlı hekayədə yad etmişəm. Quş tutma Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alaçəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda, ağaclar altında çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altında gizlənib, pusquda dururduq. Qaratoyuq bağın xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə düşürdü. Qaratoyuq ayağını çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman quş ayağını azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. Qaratoyuq əsarətə tez öyrənişir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər. Sərçə tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin altına və yanlarına dən tökərdik. Xəlbirin bir yanını qaldırıb altına karandaş kimi hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi xəlbirin altında qalardı. Bunların maraqlısı çərtmə ilə alaçəhrə tutmaq idi. Bütöv qozu iki parça edərdik. Parçanın birinin tam ortasından deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da birçə dənə at qılından kəmənd kimi halqa qayırıb bağlayardıq. Çöpün ucunu qoz ləpəsindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda budağa bağlardıq. Alaçəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyir. Nə qədər cəldlik etsə də axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı. Məmmədağanın alaçəhrəsi Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. O cümlədən biri də bağ quşu alaçəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə gəldi. Hər növ havaya öyrənmiş sərçələr belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətə, tövləyə, pejinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa, dəyələrə, daxmaların, külaş damların deşiklərinə girərək özlərini soyuqdan müdafiə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alaçəhrəçiklər belə havada həm acından, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunların bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. Gecələr də orada yatırdılar. Həmin qış, yoldaşım Məmmədağanı çiçək azarı tutdu. Bu xəstəliyə düşəni soyuqdan saxlamaq lazımdır. Məmmədağa Tağı əminin tək övladı idi. Ona görə onun xatiri əziz idi. Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt müdafiə edərək qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi. Qara damlar qışda çox isti olarlar. Necə də olmasın! Dərin quyu kimi yerin içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metroya qədər qalın torpaq tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün dama çox böyük tirlərdən dirək vururlar. İçəriyə girmək üçün torpaq pillələr qazırlar. Onun üstünü örtürlər. Buna dəhliz deyirlər. Babalarımızın bu köhnə «imarət»inə nədən «qara» adı verildiyini bilirsinizmi? İki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri tüstüdən, içərisi hislənib qurum tutaraq, qaralmağından. Tağı əmi Məmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacıxanımla dama yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq sönməzdi. Bacadan içəri girdikdə sanki bir hamama girirdin. Mənim günlərimin çoxu burada keçirdi. Tağı əmi ovdan çürbəçür hadisələr söyləyirdi. Məmmədağanı sevindirmək üçün bir dəfə çərtmə qurub bir alaçəhrə tutdum. Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alaçəhrəni bir gün aşsüzən altında saxladıq: zavallı quşçuğaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla çalışmayıb, ancaq qarnını doydururdu. O biri gün ayağına uzun sap bağlayıb damın içinə buraxdıq. Quşçuğaz yenə də qaçmaq fikrində deyildi. Damın içində, dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü dimdikləyib yeyərdi. Məmmədağaya elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək verdikdə alaçəhrə də boşqabın qırağına qonub onunla bərabər yeyərdi. Bir azdan sonra sapı da ayağından açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə bilmirdi. Həmişə dimdiyi ilə sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində çik-çik edə-edə kah uçurdu, kah yorğan-döşək yükünün üstə oturub mürküləyirdi. Lakin damdan bayıra çıxmırdı. Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı. Günəşin şəfəqi damın bacasından içəriyə düşmüşdü. Alaçəhrə çik-çik edərək damda uçurdu. Birdən bacadan çıxıb getdi. – Ah, quşum qaçdı! – deyə Məmmədağa qışqırdı. – Qorxma yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, – deyə Tağı əmi onu sakit etdi. Doğrudan da bir azdan sonra yenə də çik-çik edərək bacadan içəri uçdu. Bu sevimli quşçuğaz tamam qış damda yaşayıb, baharda bağa uçdu. Lakin köhnə məkanını və dostlarını unutmayıb kahdan-bir ziyarət edirdi. İlanlarla mübarizə Yazın isti günlərindən başlamış payızın əvvəlinə kimi, bağlarda gəzdikdə, dar doqqazlarla getdikdə, qolluqda, qulançarlıqda biz uşaqlar özümüzü zəhərli ilanlardan gözləməliydik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində qıvrılıb yatmış ilanı hardan görüb, özümüzü bu müzür heyvandan mühafizə edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə mə’lum olurdu. Amma zəhərli ilanlar mə’lum olmurdu. Bir yay olmayırdı ki, ilan uşaq vurmamış olsun. Onlar da bizdən paylarını yaxşıca alardılar. İsti günlərdə çəpərlərin döşü ilanlarla dolu olardı. Onlar yuvalarından çıxıb özlərini günə verərdilər. Biz də dəstə bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub öldürərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı. Bilmirəm haradan çıxmışsa, kuya kərtənkələlər ilanlara ağu verirlər, ona görə bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda o, belə cavab verdi: – Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu zəhərləyib öldürür. Tağı əminin bu verdiyi mə’lumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik. Tağı əminin tərlanı Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi bildirçin tutardı. Qızılquş ilə qırğovul, kəklik, turac ovuna gedərdi. Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənə tapşırırdı. Quşlara nə qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi. – Bax, ət yağlı olmasın, – deyə Tağı əmi dübarə tapşırardı. Mən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim. Quşun bağını qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu muşqururdum. Aç quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cür’ət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək ova hazırlayırdı. Bir müddət aç saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra əlinə cücə götürərək həyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub əlinə qonurdu. Cücənin tüklərini yolmağa başlayırdı. Ətini diddikdə Tağı əmi cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət götürürdü. Bə’zi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi. Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib elə batırdı. İki bəhləni bir-birinin üstündən geyməyincə onu elə götürmək mümkün deyildi. Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu. Biz qaçaraq gəldik. Onda gördük ki, tərlan, Məmmədağanın bir yaşında bibisi oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər ki, uşağı buraxsın. – Nə qayırırsınız? – deyə qışqırdım. – Quşu çəkməyin, yoxsa uşağın ətini qopardar. – Cəld arvadları kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə həyəcana gəlmişdilər ki, quşu boğub öldürmək istəyirdilər. Mən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi özü gəlib çıxdı. Arvadları sakit edərək dedi: – Yaxşı, mən quşumu bu gündən damda saxlayacağam. Siz də uşaqlarınızdan muğayat olub, başına buraxmayın. Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan qırmızı şeyə həris idi. Harada görsəydi üstünə atlanardı. Tağı əminin bu tərlanı axırda məşhur bir quş oldu. Axtar və Şənkül Axtar və Şənkül Tağı əminin ov tulaları idi. Axtar erkək, Şənkül gançıq idi. Axtar qısaboylu, ködəktüklü, bozrəngli, körkəmsiz tula idi. Şənkül isə çox yaraşıqlı bir it idi. Boyu orta boydan hündür idi. Ködək məxmər kimi hamar, dümağ rəngli, üstü qara xallı və zolaqlı tükü var idi. Beli, ayaqları, burnu incə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı. Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar qaşqabaqlı, tənbəl, istirahət sevən tula idi. Şənkül diribaş, şən, mehriban, sevimli bir heyvan idi. – İt də gülərmi? – deyə şübhə edən şəxs Şənkülün güler halətini gördükdə – bəli, güler, – deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həyətdə uzanıb özünü günəşə verir. Şənkül isə oynamaq istəyir. Nə etsin? Kimlə oynasın? Bozdar köpəklərmi? O qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. Onunla oynamağı Şənkül sevmir. Bir dəfə onunla oynadıqda Bozdar nədənsə acıqlanıb onu boğmuşdu. Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi. Tənbəl də olsa, yenə öz yoldaşı Axtar, Şənkül qısıla-qısıla gedib, Axtarın ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı. Şənkül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan sonra Şənkül gəlib Axtarın qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum etdi. Şənkül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. İndi Şənkül onu başqa yol ilə tənkə gətirməyə başladı. Axtarın üstündən o tərəf-bu tərəfə tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şənkül ondan əl çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandığda cəld qalxıb onu basmarladı. Sonra buraxıb özü qaçdı. Şənkül axır mərəmına çatdı. Axtar şövgə gəlib onunla oynamağa başladı. Şənkül ilə Axtarın əsil bayramı Tağı əmi Qəhər atı minib, qızılquşu əlinə götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmişdi. İndi Axtarı tanımaq olmurdu. Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qaldı? Şənkülə gəldikdə o, şadlıqdan özündən çıxardı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın qurruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi. Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və diqqətlə hərəkət edərdi. Şənkül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub gedərdi. O zaman Tağı əmi: – Şənkül qaldı! – deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri qayıdardı, ovun izini yenidən aramağa başlardı. Ovu tapdıqda Axtar da, Şənkül də öz tə’limləri üzrə sağ əllərini qaldıraraq Tağı əmiyə baxırdılar. Tağı əmi: – Bas! – dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şənkül bə’zi vaxt, ələlxüsus Tağı əmi keçikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı. Çərik səfəri Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik, Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz var idi. Tağı əmi məni bikef gördükdə: – Qəm etmə. Biçin qurtarıb xırman başlandığda, gəlib səni də aparacağam. Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, – deyə mənim könlümü aldı. Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı. – Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı burada qalmışdır. Onunkunu da, özününkünü də götür, orada balıq tutarsınız, – deyə Tağı əmi tapşırdı. Hazır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq qayırmışdı. Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə verərək dedi: – Al bəhləni gey, qırğını sən aparacaqsan, arabanı mən sürəcəyəm. Mən buna çox şad idim. Şənkül və Axtar məndən də artıq şad idilər. Anam məni ötürdükdə: – Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, – deyə tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük. Şənkül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9–10 kilometr yol idi. Çərinin tarlalarına çatdığda Axtar ilə Şənkül ovlamağa başladılar. Tağı əminin gözləri tulalarda idi. – Axtar ovun izinə düşmüşdü. Qırğını mənə ver, – deyə Tağı əmi arabadan düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğını ovçuna aldı. Axtara yaxınlaşaraq: – Axtar, bas – deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğını kəmşədi. Bildirçin əlli addım qaçmamışdı ki, qırğı onu havada çaynağına alıb yerə endi. Mənzilə gəlib çatınca Tağı əmi altı bildirçin tutdu. – Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də yeniçə doğmuşdur. Ləzzətli bulaması var, – deyə Tağı əmi tə’rif etdi. Mənim gəlməyimə Məmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə məşğul, oynamağa uşaq yox. Balıq yerinə ilan Bir gün Məmmədağa ilə dəyirmanın aşağısında çinarların kölgəsində oturub, qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın nəticəsində adama barmaq irilyində iki balıq tutmuşduq. – Eh! İndiyə kimi əlimizlə kölmələrdən bundan çox tuta bilərdik, – deyə Məmmədağa şikayətləndi. – Doğru deyirsən, dur gedək axtarağ, – deyə mən də onun fikrinə şərik oldum. Dəyirmanı yatırdığda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxın suyu kəsilərdi. Su ancaq oyuqlarda, çuxurlarda kölmə tutardı. Məmmədağa ilə bu kölmələrdə balıq axtarırdıq. Yenə də ayaqlarımızı soyunub, qollarımızı çırmalayaraq balıq axtarmağa başladıq. Bir az vaxtda 7–8 balıq tutduq. Arx aşağı gedərkən bir böyük kölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su kölmədə köbəyimizə kimi çıxırdı. Bir az suyu araşdırmışdıq ki, Məmmədağa səsləndi: – Bax, balıq əlimə dəydi! – Hanı, hanı? – deyə mən də onun yanında axtarmağa başladım. Bir azdan sonra mənim də əlimə bir uzun şey dəydi. – Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, uçları diş-diş bir ilan suyun üzünə çıxdı. – İlan! – deyə qışqırdım. Biz cəld sudan çıxdığda ilan da üstümüzə hücum edərək quruya çıxdı. Lakin kölmənin ətrafı yamac olduğundan sürüşüb, yenə suya düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər. İlan sudan bir barmaq yuxarıda dəşik tapıb başını oraya soxmuşdu. – Adamlar kürək ilə onu öldürüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi: – Yaxşı salamat qurtarmısınız. Bu ilan kürzədir. Çox zəhərli ilandır. Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir. Mən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də öldürmüşdüm. Lakin kürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda bilmədim. Buna səbəb Krılovun «Uşaq və ilan» təmsili idi ki, uşaqlığımda əzbərlətmişdilər. İndi də onu yadımda saxlamışam. İstər ikən balıq tuta, ilan tutub bir uşaq, Parçalanıb qorxudan o vaxtında dil-dodaq. İlan baxıb uşağa agil ol, deyib, əkər Artsa belə cür’ətin, çox zərər sənə dəyər. Hifz elədi bu səfər allah səni, şükr qıl, Bundan sonra zarafat etdiyini tanı, bil. Talesiz quşçuğaz Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi. Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir gün Məmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam qayıdacaqdılar. Tağı əmi dedi: – Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək. Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi: – Vəzifələrimizi ayıraq. Axtar ilə Şənkül bildirçini izləyib qaldıracaqlar, mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır. Sən də onları bu torbaya dolduraçaqsan. Mən Tağı əminin sözünə gülüb dedim: – Mənim işim hamısından asandır. Ov üçün uzaq getmək lazım deyil. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin – «bit-billit» səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdığda: – Axtar, tet! Şənkül, tet! Ha burda, ha burda, Şənkül qaldı! – deyə tulaları ovlatmağa başladı. Bu gün Şənkül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir kolun içinə girdi. – Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda olacaqdır, – deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola çatdılar. İkisi də başlarını kolun içinə soxduqdan sonra dal-dalı çəkilməyə başladılar. Bu vaxt biz onlara çatdıq. – Tağı əmi, tulalar nə üçün geri çəkildilər, – deyə soruşdum. – Yəqin ilan görmüşlər, bu saat bilərik, – deyə Tağı əmi kola diqqətlə baxmağa başladı. – Səhv etməmişəm, ilandır, özü də kürzə. Qıvrılıb yatmışdır. Bu saat onu tutacağam, – deyə Tağı əmi qırğını mənə verdi. Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb, tutardı. İndi də tənbəki çubuğunu çibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. İlan hərəkətsiz qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi: – İlanın zəhərindən başqaları öldüyü halda, ilan öz tənbəkinin qırından zəhərlənib tələf olur. İndi bu ilan şişib kötük kimi olacaqdır. – Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını məndən alıb: – Axtar, tet! Şənkül, tet! – deyə tulaları kola girməyə çağırdı. Şənkül ilanın ölüsündən də qorxaraq kola yaxın düşmədi. Axtar isə özünü kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Mə’lum oldu ki, bildirçin ilan fəgərəsindən istifadə edərək özünü başqa yerə vermişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qürubə enirdi. Torba da getdikcə şişirdi. – Daha kifayət edər, – deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki, Şənkül ayağını qaldıraraq Tağı əminin üzünə baxdı. – Bu da Şənkülün xatiri üçün, – deyə Tağı əmi qırğını ovçuna aldı. Şənkül bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı əmi bunu qırğıya vermək istədikdə: – Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, – deyə rica etdim. – Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim. Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi. Bildirçini çibimdə əlimlə tutmuşdum. Zavallı heyvançığın ürəyi elə döyünürdü ki, deyəsən bu saat partlayıb, canı çıxacaqdı. Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim. Tağı əmi ilanı göstərərək dedi: – Görürsən necə şişmişdir? Mənim yenə də fikrim çibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı əmi məni fikirli görərək dedi: – Görürəm, həm yorulmusan, həm də acmısan, belə mi? Səbir elə, evə yaxınlaşmışıq. – Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam. Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin məni qəmkin və pərişan edən çibimdəki quşçuğaz idi, ona çox acıyırdım. İndi bunu Tağı əmidən almağıma peşman idim. Bu torbada başları kəsilmiş quşlara heç də acımırdım. Onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşçuğazın ürəyi döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə tə’sir edirdi. Nə edim? Buraxımmı? Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu yaramaz, – deyə fikrimi dəyişdirmək istədim. Lakin çibimdə ürəyi döyünən heyvançıq mənim də ürəyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi. Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda belə bir hiylə gəldim: bir az Tağı əmidən kəriyə qalaraq, əlimi çibimdən çıxarıb: – Vay, yıxıldım! – deyə özümü yerə atdım. Bildirçin çibimdən çıxıb pırıltı ilə uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı. Ayaqlarından uzun qayış sallana-sallana bildirçini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı. – Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, – deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum: – Tağı əmi, tox qırğı da ov dalınca gedərmi? – Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, – deyə Tağı əmi təbəssüm ilə cavab verdi. Qayıbın iti Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə dövləti əlindən çıxıb, bir çüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona Qaraqıllı adlı çoban iti yadigar qalmışdı. Sonsuz Qayıb kişi bu köpəyi övlad kimi sevirdi. Hərkah bir adam ondan: – Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? – deyə sual etsəydi: – Əlbəttə arvadımın, – deyə cavab verərdi. Qayıb kişinin bu itə belə məhəbbət bağlaması hamını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər ki, bir falçı onu inandırıb ki, nə qədər Qaraqıllı sağdır, sən bir zaman, yenə əvvəlki kimi dövlət sahibi olacaqsan. İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, güvvətli, çəsur və hünərli bir heyvan idi. Uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan bir gurd Qayıbın sürüsünə yaxın gələ bilməzmiş. «Qayıbın iti» adı ilə ətrafda məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tə’rif etdikdə: – Nə çox tə’rif edirsən? Qayıbın iti olmayacaqdır ki, – deyə onun sözünü kəsərdilər. Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü görməmişdim. Qayıbın iti hürməzdi. Yol ilə dinc gedən adamlarla isə işi olmazdı. Başqa itlər kimi onların üstünə getməzdi. Lakin, birisi qabağından istər atlı, istər piyada qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı. Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti də yanında idi. Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə dedi: – Boz madyanı min, bunları Hümmətkilə apar. Hümmət Tağı əminin xalası oğlu və həm də qaynı idi. Tağı əmi məni ata mindirdikdə dedi: – Bax, Qayıbkilin obasının yanından keçərkən atı yavaş sür. Olmaya-olmaya çapasan. – Arxayın ol, Tağı əmi, çapmaram, – deyə ona söz verdim. Hümmət əmikil ilə bizim aramız üç kilometrə kimi idi. Gedənbaş obanın yanından salamat keçib getdim. Tapşırığı əmələ gətirib qayıdarkən yenə obanın yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi. Bunun səsini eşitcək başqaları da tökülüb gəldilər. Atı addım-addım sürərkən nəzərim itlərdə idi. Onların içində Qayıbın itini arayırdım. Lakin ona oxşar bir it yox idi. Bu mənə ürək verdi. Bir qədər getdikdən sonra itlərin səsləri kəsilməkdə idi. Cür’ətlənib madyanı tərkimlədim. Bir də baxıb gördüm ki, tozu duman kimi qaldıraraq, bir qara it gəlir. O saat atı saxladım. İt mənə çatan kimi atın önündə ayaq üstə qalxdı. Başı atın çəkbaşı ilə bərabər oldu. Qorxudan nəfəsimi içimə çəkmişdim. Bir az belə durduqdan sonra Qaraqıllı dönüb yavaş-yavaş getməyə başladı. Mən elə qorxmuşdum ki, atı yavaş sürməyə də cür’ət etmirdim. İt xeyli getmişdi ki, mən də atı yüyrüş ilə sürməyə başladım. İt obaya yaxınlaşırdı, mən də mənzilə. – Yox, daha gəlməz, – deyə özümə ürək verdim. Tağı əmikil də təpədən mənə tamaşa edirdilər. Bu mənə cür’ət verdi, madyanı çapmağa başladım. Tağı əmi əli ilə mənə nə isə işarə edirdi. Lakin mən nə istədiyini anlamadım. O və başqaları mənim qarşıma tərəf yüyürməyə başladılar. Bundan mən şübhələnib kəriyə baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım. İt əvəlki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O saat köpək madyanın alt dodağını dartıb parçaladı. İt bununla kifayətlənərək obalarına tərəf yola düşdü. Madyanın ağzından qan çeşmə kimi axırdı. İt gözdən itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı əmi hamıdan irəli gəlib çatdı. – İt səni yaralamayıb ki? – deyə təşvişlə sordu. – Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, – deyə cavab verdim. – Madyan cəhənnəmə, sən salamat çıxmısan. Min belə madyan sənə qurban, ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan. * * * Tərcümeyi-halım Mən, 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarında ikən atam ölmüş, anamın himayəsində qalmışam. 1885-ci ildə dayım Səfərəli Vəlibəyovun (seminariya müəllimi) yardımı ilə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şö’bəsi yanında olan ibtidai məktəbin əlifba sinfinə qəbul olunmuşam. 1894-cü ilin iyun ayında seminariyanı bitirib, həmin il oktyabrın birində Bakının üçüncü şəhər rus-tatar məktəbinə müəllim tə’yin olunmuşam. O vaxtlar Bakıda əhalinin azərbaycanlılar hissəsi üçün ancaq üç xalq məktəbi var idi. Bu məktəblər üç sinifli idi. Mövhumatçı mollaların tə’siri altında olan avam camaat, öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Halbuki, qaranlıq, rütubətli zirzəmilərdə yerləşən məhəllə məktəbləri – mollaxanalar şakirdlərlə dolu olurdu. Mollaların tə’sirinə qarşı mübarizə edərək, uşaqları məktəbə cəlb etmək üçün biz xalq müəllimlərindən çox əmək, ehtiyatlı olmaq və bacarıq tələb olunurdu. Biz qapı-qapı gəzir, ata-anaları başa salır və yalvarırdıq ki, uşaqlarını bizim məktəblərə buraxsınlar. Ata-analarla bu barədə apardığımız mübarizə, şair Sabir tərəfindən «Oxutmuram, əl çəkin» şe’rində təsvir olunmuşdur. Bax, mən belə bir zamanda, belə şəraitdə, on doqquz yaşında bir kənc olduğum halda xalq müəllimliyinə başlamışam. Bu dediklərimə misal olmaq üçün sayısız-hesabsız hadisələrdən birini burada söyləmək istəyirəm. Mən çox sübut və dəlildən sonra atalardan birini öz oğlunu bizim məktəbə verməyə razı saldım. Doğrudan da o, sabahısı gün oğlu ilə bərabər məktəbə gəldi. Mən sevinclə onları qarşıladım. Uşağın məktəbə qəbul olunması haqqında ərizə yazıncaya qədək oturmalarını rica etdim. Onlar oturdular. Mən ərizəni yazıb bitirdim və uşağın atasından qol çəkməsini rica etdim. O, böyük həyəcanla qələmi əlinə götürdü, əli əsə-əsə ərizəni imza etmək istərkən, başqa məktəbdən gəlmiş zarafatçıl bir müəllim bir dəfə asqırdı. Bu tək səbir, bu qədər çətinliklə qəbul olunmuş qərarın bir an içərisində pozulması üçün kifayət idi. O: – Allah özü bu tək səbirlə məni bu şeytan əməlindən saqındırır, – deyə qələmi yerə qoyub oğlunun əlindən yapışdı. – Gedək oğlum, gedək. Bu məktəb deyilən şeytan yuvasından uzaqlaşaq! Tək səbir mövhumatçı müsəlmanlar arasında, işin yaxşı getirməyəcəyinə işarədir. Biz nə qədər ona yalvarıb, nə qədər inandırmağa çalışdıq ki, bu səbir yalançı səbir idi, – bir şey çıxmadı. Oğlanın özünün də yalvarıb məktəbdə qalmaq istəməsi atanın qəlbini yumşalda bilmədi. O, küçlə oğlunu məktəbdən çəkib apardı. Uşaqların özlərinin bizim məktəblərə əlaqəsi tamamilə başqa cür idi. Bunlar bizim məktəblərə girmək üçün can atırdılar. Mollaxanaların müəllimləri – mollalar uşaqlar üçün dəhşətli bir şey idi. Məhəllə məktəblərində – mollaxanalarda belə bir qayda var idi: uşaqlar məktəbə çox tez gəlməli idilər. Molla hər uşağa ayrıca dərs verirdi. Uşaqlar tapşırığı demək olar ki, bütün gün əzbərləyirdilər, molla uşaqları evə buraxmazdan əvvəl hər kəsi tək-tək yoxlayırdı. Uşağın hər bir səhvinə görə molla onun əllərinə bir çubuq çəkirdi. Beləliklə, səhv çox olduqca cəza da o qədər ağır olurdu. Uşaq başqa bir qüsur buraxmış olsa, o vaxt falaqqa işə düşürdü. Falaqqanın adını eşidəndə uşaqların bənizləri kətan kimi ağarırdı. Falaqqa xalqa şəklində qayış keçirilmiş uzun ağacdan ibarət idi. Müqəssir uşaq mollanın qabağında, arxası üstə uzanırdı. Onun çılpaq ayaqlarını falaqqanın xalqasına keçirirdilər. Falaqqanın iki ucundan iki uşaq – mollanın köməkçiləri yapışırdı. Onlar ağacı o qədər burudular ki, qayış yığılır və uşağın ayaqlarını möhkəm sıxırdı. Bu vaxt molla çubuğu götürüb bədbəxt uşağın ayaqlarına döşəyirdi. Cəzalandırılan uşağın dəhşətli bağırtısı kənc nəslin qəlbində «maarifçinin» vəhşiliyini dayandırmırdı. Mən mövhumat, avamlıq və ətalətlə mübarizə etmək üçün ən yaxşı vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa başladım. «Tamahkar» adlı birinci pyesim 1899-cu ildə yazılmışdır. Bu pyes keçmişdə və Sovet hökuməti dövründə dəfələrlə tamaşaya qoyulmuşdur. 1905-ci il inqilabından sonra Azərbaycan dilində mətbuat orqanları yarandığdan sonra mən «İrşad» və «Tərəqqi» qəzetlərinə kiçik hekayələr yazmağa başladım. Bu vaxt «Nicat», «Nəşr-maarif», «Səadət», «Cəmiyyəti-xeyriyyə», «Səfa» cəmiyyətləri meydana gəldi. Mən başlıca olaraq «Nicat» cəmiyyətində işləyirdim. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılmışdı. Bu qurultayda Azərbaycan məktəblərinin çox yoxsul vəziyyəti aydınlaşdı. Məktəblərdə proqram və hazırlıqlı Azərbaycan dili müəllimləri yox idi. Qurultay ibtidai məktəblər üçün ancaq proqram hazırlaya bilərdi. Bu proqram əsasında dərs kitabları yazmaq müəllimlərə tapşırılmalı idi. Biz səs üsulu ilə əlifba tərtibinə başladıq. Bu vaxt ərəb əlifbasının səs üsuluna uyğun gəlmədiyi bəlli oldu. Biz cəsarətlə bu əlifbanın islahına başladıq və bu əsasda əlifba kitabı düzəltdik. İslahımızı və əlifba kitabımızı 1907-ci ildə çağırılan ikinci müəllimlər qurultayına təqdim etdik. Qurultay prinsip e’tibarilə quya bizim islahatımızla razılaşdı, lakin formal cəhətdən (bunun üçün ümum müsəlman qurultayının razılığı lazımdır, bəhanəsilə) islahı rədd etdi. Bu bizi işdən soyutmadı və biz anladıq ki, islahı qurultaylardan, konfranslardan və sairədən keçirmək təşəbbüsü boş işdir. Buna görə də heç kəsin rə’yini soruşmadan öz təşəbbüsümüzlə, altı müəllim «İkinci il» adlı dərs kitabı tərtib etdik. Bu kitabda bə’zi imla islahları tətbiq olunmuşdu. Lakin bu təşəbbüsümüz də irticaçı ziyalıların şiddətli hücumuna səbəb oldu. Bununla belə qəzet və jurnalların çoxu bizim imlanı qəbul etdi. 1907-ci ildə əlifba kitabı düzəldərkən doğmuş fikir – qəti olaraq latın əlifbasına keçmək fikri – bizim başımızdan çıxmadı. Biz bu sahədə işləyərək, bu fikri sovet dövrünə qədər gətirib çatdırdıq. Sovet hökuməti məşhur latınçı (yə’ni latın əlifbası tərəfdarı), bu ideyanın atası, Azərbaycanın böyük yazıçısı, dramaturqu Mirzə Fətəli Axundovun ideyalarını həyata keçirdi. Azərbaycan məktəblərinin sayının artması ilə əlaqədar olaraq uşaq ədəbiyyatına böyük ehtiyac yarandı. Əvvəlcə «Dəbistan» məcmuəsi nəşrə başlandı. O bağlandıqdan sonra «Məktəb» məcmuəsi çıxdı. Bu məcmuələrdə başlıca olaraq tərcümə hekayələri nəşr olunurdu ki, bu hekayələr də Azərbaycan uşaqlarını o qədər maraqlandırmırdı. Bu vaxt mən uşaqlar üçün, onların doğma dilində, Azərbaycan həyatından alınmış orijinal hekayələr yazmaq fikrinə düşdüm. «Qorxulu nağıllar» adlı ümumi sərlövhə altında bir seriya hekayələr yazdım. Bunlar uşaqlar arasında çox məşhurdur və uşaqların məhəbbətini qazanmışdır. 1918-ci ildə Bakı Kommunası zamanında mən sovetdə, cəlb olunmuş üzv sifətilə xalq maarifi işində işləmişəm. İyulun 8-dən osmanlı işğalçıları gələnədək Bakı Kommunasında çalışmışam. Buradakı əsas işim Sovet zəhmət məktəbləri üçün proqram düzəltmək, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və rayonlarındakı maarifçilər arasına soxulmuş eks-inqilabçıları ifşa etmək məqsədilə maarifçilərin bütün heyətini siyahıya alıb, yoxlamaqdan ibarət idi. 1920-ci il iyunun 11-də mən Şuşaya işləməyə göndərildim. Sonra mən Kürdüstanda kənd sovetləri təşkil etmək, Qarabağ və Zəngəzur rayonlarının birinci kəndli qurultayına nümayəndələr seçmək işi ilə məşğul olmuşam. Bu qurultay 1920-ci il iyulun 28-də Şuşada keçirildi. 1920-ci il avqustun 9-da Qarabağ vilayətinin maarif şö’bəsi müdiri vəzifəsinə tə’yin olundum. 1921-ci il fevral ayınadək bu vəzifədə çalışdım. Sonra xəstələndiyimə görə Bakıya, həmişəlik vəzifəmə – məktəb müdiri vəzifəsinə dəyişildim. Həmin il Azərbaycanın sovetləşməsinin birinci ildönümü münasibətilə pyes üçün müsabiqə e’lan olunmuşdu. Bu müsabiqədə iştirak edərək yazdığım «Laçın yuvası» əsərinə görə birinci mükafatı aldım. Həmin ilin noyabr ayında Bakıda Azərbaycan Tənqid-təbliğ teatrı açıldı. Vəziyyət çox çətin idi. Bu teatr üçün nə hazırlıqlı artistlər, nə də bu teatrın ruhuna uyğun pyeslər var idi. Çox çətinliklə bir neçə pyes yarada bildik və noyabrın 13-də teatr mənim «Çərxi-fələk» pyesimlə açıldı. Bu teatr camaatın rəğbətini çox tez qazandı, xüsusilə fəhlələr arasında yaxşı hörməti var idi. Sonra bu teatr Azərbaycan İşçi teatrına çevrildi. Bu teatr üçün mən bir çox pyes yazmışam. 1922-ci ildə mən 5 pərdəli «Eşq və intiqam» pyesini yazdım. 1923-cü ildə Bakıda «Şərq qadını» məcmuəsi nəşr edilməyə başladı. Mən Azərbaycan qadınlarının kənc orqanı üçün bir sıra hekayələr yazdım. Eyni zamanda «Maarif və mədəniyyət» məcmuəsində də iştirak edirdim. Azərbaycan və ümumiyyətlə Şərq xalqlarının geridə qalmasının əsas səbəbini qadınların örtülü olmasında və ərəb əlifbasında gördüyümdən, qüvvəm çatdığıca xalqımızın bu mənhus irsdən xilas olması üçün çalışmışam. 36 il pedaqoji-mədəni işlərdə çalışdığdan sonra, səhhətim pozulduğundan Bakı maarif şö’bəsindən, 19-cu və 29-cu məktəblərin müdirliyindən məni azad etməsini rica etdim. 1930-cu il yanvar ayının 11-də Bakı xalq maarif şö’bəsi mənim xahişimi yerinə yetirərək, məni işdən azad etdi. 1932-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi, mənim uzun müddət davam edən pedaqoji, ədəbi, həmçinin mədəni-ictimai fəaliyyətimi; 1921-ci ildən 1930-cu ilədək ara vermədən Bakı Soveti üzvü, Bakı icraiyyə komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvü olaraq çalışdığımı nəzərə alaraq mənə Əmək qəhrəmanı adı verdi. Hazırda Sovet Yazıçılar İttifaqının üzvü olaraq ədəbiyyat cəbhəsində çalışıram. Süleyman Sani Axundov. Bakı, 1935 * * * Sabir məş’əli Bu gün yorğunluq zəif vücuduma elə qalib gəlmişdi ki, ə’zalarımı hərəkət etməyə belə qadir deyildim. Onun üçün adətimi pozaraq erkən yatmaq fikrinə düşdüm. Bu niyyəti əmələ gətirdikdə «Sabir gecəsi» münasibətilə veriləcək jurnala bir material və’d etdiyim yadıma düşdü. İndi nə yapayım? – deyə fikrə getdim. Sonra «Hophopnamə»ni götürüb oxumağa məşğul oldum. Məqsudim bir mövzu arayıb yazmaq idi. Fəqət onu unutmuşdum ki, Sabirin bu dərəcə dərin və abdar xəzinəsinə girən şəxs qərq olub tezliklə oradan çıxamaz. Əvət, mən də çıxamadım: gecə yarıdan keçdi, mən hələ oxuyurdum. Xoruzlar ötüşdülər, mən hələ oxuyurdum... Bilmərm kitabın harasında və nə zaman Sabirin sansız, müxtəlif tipləri başımda qaynaşaraq yuxuya getmişəm. Rö’yada özümü «Sabir bağçasında» gördüm. Fəqət bu kiçik bağça qayət geniş, intəhasız bir meydana dönmüş. Sabirin heykəli də yüksəlib səmaya qədər qalxmışdır. Bu meydanda Şərq millətləri qarınca kimi qaynaşırlardı. Bir yanda «Qaç oğlan, qaç at basdı, millət gəlir!» sədası uçalırdı. Bir yanda Bakı qoçuları parta-part salıb növrəstə çavanları yanbayan yıxırlardı. Bu səmtdə əkinçi və fəhlələrin fəryadı gəlirdi. Bu küşədə mollalar sünni və şiə üstə vurhavur salırlardı. Məmdəli «Rey mülkünü satıram, ay alan!» – deyə bağırırdı... Bir də gördüm bu qaynaşan insanlar sükut etdilər. Sonra Sabirin heykəlinə tərəf yürüş etməyə başladılar. Anladım ki, bu həşərat heykəli uçurtmaq fikrinə düşmüşlər. Heykələ yaxınlaşdığda durdular. Sonra nə gördülərsə, xof və təlaşla qaçmağa üz qoydular. Bunların qaçmağına nə səbəb oldu, – deyə mən başımı yuxarı qaldırdım. Gördüm ki, heykəlin əlində gözlərə nur saçan bir məş’əl yanır. Bəli, anladım ki, bu yarasalar, bu bayqüşlar ziyadan qaçırlar. Bu vaxt yuxudan oyandım. Bu rö’ya mənə bu fikri verdi: Sabirin sönməz məş’əli ilə Azərbaycanın xüsusən və Şərqin ümumən hər bir qaranlıq küşəsini işıqlandırmalı, xalq şairi Sabiri xalqa tanıtmalı, anlatmalı. Bu da yalnız ona bir heykəl yapmaq və namına bir kütübxana açmaqla olmaz. Bunun başqa bir yolu var. Məsələn: xarici millətlər xalq şairlərini camaata layiqincə tanıtmaq üçün onların əsərlərini yüz minlərcə basdırıb müftə, yaxud ucuz qiymətlə paylamışlar. Odur ki, onların kəndləri belə haman şairləri tanımış olur. Bizə gəldikdə hələ heç bir şairimizi dərəcəsincə camaatımıza tanıtmamışıq. Hərkah məqsədimiz Sabiri Azərbaycan xalqına tanıtmaq isə, xarici millətləri tədqiq edib onların yolu ilə getməliyik. Bu təklifimiz, mənə qalırsa, birinci növbədə Sabir kütübxanasının öhdəsinə gəlir. Arzu edərdim ki, kütübxanamız öz təşəbbüsilə çalışıb altı illiyində ortalığa Sabir xüsusunda bir çox tədqiqatlar da çıxarsın və bununla onu camaatımıza lazımınca tanıtmış olsun. * * * Kitabxana.az · https://kitabxana.az/collections/suleyman-sani-xatireler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1939). Public domain (author died 1939). Original text only.