Gəraylılar Aşıq Abbas Tufarqanlı (1600–?) Bənzər Pərim, sənin məmələrin, Mən bilmirəm nəyə bənzər?! Biri yasin surasına, Biri əlif-beyə bənzər. Biri mimdi, biri cimdi, Bunnarı xəlq edən kimdi? Biri səhər doğan gündü, Biri axşam aya bənzər. Biri Bağdadın xurması Biri Alxatın alması, Biri şəkərin xırdası, Biri şamamaya bənzər. Abbas deyər ağlım çaşır, Qolların boynum danaşır. Duruf taxt üstə boylaşır, Bir cüt şahzadəyə bənzər. * * * Bilmərəm Başına döndüyüm pərim, Get pərim, gələ bilmərəm. Sənə kömək olsun tanrım, Get pərim, gələ bilmərəm. Peymanələr dolmayınca, Gülkəz rəngim solmayınca, Şahdan izin olmayınca, Get pərim, gələ bilmərəm. Usta ol, ustanı tanı, Üstümüzdə durub qanı, Qul Abbasın din, imanı, Get pərim, gələ bilmərəm. * * * Dilbər Uca dağların başına, Qorxuram qar yağa, dilbər! Aldın ağlımı başımdan, Saldın dağdan-dağa, dilbər! Güllərin içində güləm, Oxuyan şeyda bülbüləm, Mən bir qolu bağlı qulam, Sən olmusan ağa, dilbər! Gullərin içində xaram, Gül üzünə intizaram, Mən əvvəlki köhnə yaram, Dolan soldan-sağa, dilbər! Sən arısan, mən də şana, Dərdindən oldum divana, Saldırmısan bəndərxana, Dolan gəl otağa, dilbər! Qul Abbasın gözü səndə, Olmuşam divanə mən də, Bir cüt şamama sinəndə, Endir tağdan-tağa, dilbər! * * * Çağladı Xəbər aldım təbrizlidən, Məni hərcayı çağladı, Viran bağlar xəzəl oldu, Didələrim qan ağladı. Bülbüləm, dala qonaram, Zərgərəm, gümüş yonaram, Elə bu dərdə yanaram, Xoryat söz məni dağladı. Abbasam, yoxdu məkanım, Sənə qurbam şirin canım, Ölkəmizdə Pəri xanım, Sidqimi mövla bağladı. * * * Eyləsin Duman, gəl get bu dağlardan, Dağlar taza bar eyləsin. Nə gözlərim səni görsün, Nə könlüm ğubar eyləsin. Haşa, sevdiciyim haşa, Deyilənlər gəldi başa, Bir yandan özün tut daşa, Bir yandan el car eyləsin. Abbas ağlar zarı-zarı, Getməz könlünün qubarı, İlqarından dönən yarı Tanrı tezbazar eyləsin. * * * Əylənməz Duman, gəl get bu dağlardan, Bahar gəldi, qar əylənməz. Bu dünya bir bivəfadı, Gözəldə ilqar əylənməz. Gözəlin qaşı qaradı, Bayqunun meyli haradı? Bu dünya karvansaradı: Hər gələn qonar, əylənməz. Abbas deyər hac olanda, Kəbəyə merac olanda. Doğru yoldan gəc olanda, Namus gedər, ar əylənməz. * * * Gəlmədi Oğrun yollara baxmaqdan, Bağrım qan oldu, gəlmədi. Ağlamaqdan eynim yaşı, Bir ümman oldu, gəlmədi. Mənim yarım boyu bəstə, Dərdindən olmuşam xəstə, Gözüm qalıbdı yol üstə, Yenə dan oldu, gəlmədi. Dağların qarı söküldü, Axdı, çaylara töküldü, Abbas deyər, bel büküldü, Qədd kaman oldu, gəlmədi. * * * Gedirəm Durum dolanım başına, Ala gözlü yar, gedirəm. Ölsəm, boynuna sadağa, Qalsam, intizar gedirəm. Mərd ilə eylə ülfəti, Çəkmə namərddən minnəti. Bülbül qızılgül həsrəti, Qışı, yazı var, gedirəm. Abbas deyər, gül bəhsidir, Bundan artıq dərd hansıdı? Ayrılığın vədəsidir, Gəl könlümü al, gedirəm. * * * Getdi Geçə-gündüz qan ağlaram, Göz yaşım ümmana getdi. Şirin canım yar yolunda Olmağa qurbana getdi. Doymadım yarın dilindən, Qucmadım incə belindən, Aldılar yarı əlimdən, Qarğana-qarqana getdi. Hər nə oldu mənə oldu, Qaynadı peymanam doldu, Desələr, Abbas necoldu? Deyin, Tufarqana getdi. * * * Gecə-gündüz qan ağlaram Gecə-gündüz qan ağlaram, Mənimki ah-zarınandı. Mən yarı bivəfa gördüm, Qol-boyun əğyarınandı. Sallaiıb gəl bizə, gəlin, Ağ üzündə siyah telin, Bülbül çox istəyir gülün, Gülün meyli xarınandı. Boynuna salmısan bağı, Sinəmə çəkmisən dağı, Abbasın şəfa tapmağı Qoynundakı narınnandı. * * * Gecə-gündüz fəğandayam Gecə-gündüz fəğandayam, Mənəm eşqin natavanı. Taladaram mahalları, Boş qoyaram bu meydanı. Bilmirsənmi haralıyam? Ağlı, göylü, qaralıyam. Yüz yerimdən yaralıyam, Sinəmdə zənbur nişanı. Hökmünlə yazdım fərmanı, Kim eylər dərdə dərmanı, Pəriyəm, şahın qurbanı, Abbassız istəməm canı. * * * Məzə dağı Yenə gəlib bahar fəsli, Süsən, sünbül, Məzə dağı, Açılıb güllər, nərgizlər, Bənəfşələr, bəzə dağı. Siyah zülfləri hörünsün, Dal gərdəninə bürünsün, Alçaq olsun yar görünsün, Bir görünsün gözə dağı. Bülbüllər uçdu gülümdən, Oldum ulusu-elimdən, Abbas qara qul əlindən, Qan ağlayıb gəzə, dağı. * * * Məni Bar ilahim,qismət eylə Yara yoldaş elə məni. Mən ona can qıyar olsam, O sevsin baş ilə məni. Ağladırsan, güldürursən, Çeşmim yaşın sildirirsən, Cəllad kimi öldürürsən, O göz, o qaş ilə məni. Abbas deyər: səni tarı, Çıxart könlündən qubarı, Sevər olsan özgə yarı, Yandır atəş ilə məni. * * * Mənim Gecə-gündüz qan ağlaram, Artıbdı fərağım mənim. Başımı alıb gedərəm, Tutduğca ayağım mənim. Fələk salıb işim ləngə, Düşmüşəm qovğaya, cöngə, Aşaram Hində, Firəngə, Alınmaz sorağım mənim. Abbas qürbət elə varsa, Namərd olar dala qalsa, Deyilənlər gerçək olsa, Sönübdü çırağım mənim. * * * Neylər Leyli yarım qəmər hüsnü, Bu boyu, tələti neylər? Yar ləbindən şəkər əmən, Şəkəri, şərbəti neylər? Siyah zülfü kəmənd olan, Dahani dolu qənd olan, Əzəl ilqara bənd olan Sənədi, sərxətti neylər? Abbas ağlar-gülər olsa, Göz yaşını silər olsa, Bir yar ki, dərd bilər olsa, Göz, qaş işarəti neylər? * * * Könlüm Nə ağlarsan, nə sızlarsan, Bir dərdi beş olan könlüm! Axırda zünnar bağlarsan, Qəmə yoldaş olan könlüm! Bir yar gəlir obasından, Alım dərdü-bəlasından, Çərxi-fələk badasından İçib sərxoş olan könlüm! Abbas ağlar arsız-arsız, Dünya olub etibarsız, Deyirdin dözərəm yarsız, Döz, bağrı daş olan könlüm? * * * Olmaz Bir gözəl oxladı məni, Belə əbru-kaman olmaz. Göydən huri mələk ensə, Onun kimi qılman olmaz. Kabab yanar közü ilə, Danış yarın özü ilə. Müxənnəslər sözü ilə, Yar ha yardan yaman olmaz. Aşıq Abbas yana-yana, Yandı bağrım, döndü qana. Bir namə yaz Tufarqana, Daha səndən aman olmaz. * * * Vaxtıdı Budu gəldi bahar fəsli, Dağların lala vaxtıdı. Açılıbdı qızıl güllər, Bülbülün bala vaxtıdı. Bülbüllər dolandı bağı, Bir xəlvət eylə otağı. Sənə qurban olum saqi, Mey ver, piyalə vaxtıdı. Mən Abbasam, boyu bəstə, Dərdindən olmuşam xəstə. Al başımı dizin üstə, Çal yataq, layla vaxtıdı. * * * Yarım mənə vədə verdi Yarım mənə vədə verdi, Dedi, gəl gəz buralarda. Qara bağrım şan-şan oldu, Sızıldaşır yaralar da. Siyah zülfün beldən aşır, Süsən sünbülə dolaşır, Gözəllik sənə yaraşır, Dur, dolanaq aralarda. Abbas ilə xoş danışan, Ağ üzündə danə nişan, Kəklik kimi qaqqıldaşan, Qaqqıldaşar haralarda? * * * Yar gəlmir Oğrun yollara baxmaqdan, Bağrım qan oldu, yar gəlmir. Ağlamaqdan eynim yaşı, Sel ümman oldu, yar gəlmir. Mənim yarım boyu bəstə, Dərdindən olmuşam xəstə, Yəqin çıxıbdı taxt üstə, Yoxsa xan oldu, yar gəlmir. Dağların qarı söküldü, Axdı, çaylara töküldü, Abbas deyər, bel büküldü, Qədd kaman oldu, yar gəlmir. * * * Yar gəldi Dərdli könlün məlul çağı, Budu, yar gəldi, yar gəldi! Aşığın çeşmi çırağı, Budu, yar gəldi, yar gəldi! Seyrağıblar başım qatdı, Sözüm dərəcəyə çatdı, Üzündən niqabı atdı, Budu, yar gəldi, yar gəldi! Mən Abbasam çəkməm ahı, Gördü gözüm gözəl mahı, Olmuşam yarın məddahı, Budu, yar gəldi, yar gəldi! * * * Kitabxana.az · https://kitabxana.az/collections/tufarqanli-geraylilar İctimai mülkiyyət. Public domain. Original text only.