Qoşmalar Aşıq Abbas Tufarqanlı (1600–?) Ana, Mövlam mənə buta veribdi Ağalar ağası, ağalar xası, Ana, Mövlam mənə buta veribdi. Düldülün sahibi, Qənbər ağası, Ana, Mövlam mənə buta veribdi. Haca gedər hacıların hacısı, Bilən olmaz şirin ağzın acısı, Mənim yarım Məmməd bəyin bacısı, Ana, Mövlam mənə buta veribdi. Mənim ağam Şahi-Mərdan Əlidi, Hökm eyləsə düşmən bağrın əridi, Abbas deyər, yarım adı Pəridi, Ana, Mövlam mənə buta veribdi. * * * Ayağına Qırxlar piri, özün yetiş dadıma, Bir də məni yetir yar ayağına. Üzün görüm, könül alsın təsəlli, Xmatək yaxılım əl-ayağma. Səmada ulduzlar sana gəlibdi, Yüz ilin xəstəsi cana gəlibdi, Ay həzərat, bir zamana gəlibdi, Yoxsul üzün sürtür mal ayağına. Abbas bu sözləri deyər özündən, Doymamışam yarın o gül üzündən, Ağlamaqdan bir pərinin gözündən, Düşübdü Gülgəzin xal ayağma. * * * Aydın olsun Gözəlliyi elə car olan Pəri, Gərdənə həmayil tax, aydın olsun! Sevdası sərimdə var olan Pəri, Sinəmi odlara yax, aydın olsun! Bir zamanlar dövran sürdüm sizinlə, Aşiq etdin söhbətinlə, sözünlə, Əzəl başdan mənə baxan gözünlə, İndi özgələrə bax, aydın olsun! Qul Abbası nə kənara atmısan, Hərcayilə ülfətini qatmısan, Deyəsən ki, taza aşna tapmısan, Sevdiyim, gözlərin çox aydın olsun! * * * Ayrıl Başma döndüyüm gülüzlü cavan! Halal himmət eylə, gəl ondan ayrıl! Bilməz idim belə hicran dərdini, Lütf elə, üzümə gül, ondan ayrıl! Qasid gəldi, qəsdən xəbər gətirdi, Əlif olan qəddim dala yetirdi, Axdı çeşmim yaşı üzüm götürdü, Eynim, adaların sil, ondan ayrıl! Eşqin atəşidi sinəmdə dəftər, Gecə-gündüz sənsən dilimdə əzbər, Sən ol bu Pəriyə buta verənlər, Qolunu boynuma sal, ondan ayrıl! * * * Ayrıldım Ay ariflər, qanlı fələk cəbrindən, Qohumdan, qardaşdan, eldən ayrıldım. Fərhad kimi çəkdim Şirin qəhrini, Cığa pərvaz etdi, teldən ayrıldım. Bir canım var, yar yolunda sadağa, Bal bülənib dilə, dişə, dodağa, Nə müddətdi bağban idim bu bağa, Dərmədim qönçəsin, güldən ayrıldım. Abbas deyər: yar ayrısı yamandı, Heç kəsə göstərmə, Allah amandı! Qınamayın, əlif qəddim kamandı. Dodaq qaymaq, dili baldan ayrıldım. * * * Ayrı salmasın Başına döndüyüm alagöz Pəri, Tanrı səni məndən ayrı salmasın. Haqq götürsün bu qarını aradan, Nişanəsi bu dünyada qalmasın. Gedəni gəlməsin, yatanı ölsün, Göz-göz olsun, qabıq qoysun, soyulsun, Hər yanına yetmiş piltə qoyulsun, Nə yığıb yerini salan olmasın. Ciyərin doğrasın bir alagöz bıçaq, Yeddi il yan yerdə uzansın naçaq, Qohumu-qardaşı düşsünlər qaçaq, Əhvalını xəbər alan olmasın. Sən pozmusan yazıq Abbas halımı, Mən sənə neylədim, Tanrı zalımı. Çəkim ciyərinə mən çəngalımı, Cənazənə yaxın gələn olmasın. * * * Ay bu yanda dur Başına döndüyüm alagöz Pərim, Apardın ağlımı, ay bu yanda dur! Ağıl başda deyil, ruh da bədəndə, Eylədin tarımar, ay bu yanda dur! Halaldandır mayam, bulunmaz haram, Qırxlar məclisində mən orda varam, Seyrağıb adamla heç olmaz aram, Şeytandı, felindən, ay bu yanda dur! Abbasam, dövranım, ay belə keçdi, Dolandı ruzigar, ay belə keçdi, Sallandı bir pərim, ay belə keçdi, O səbəbdən dedim, ay bu yanda dur! * * * Bab ola Hilal qaşlarına yüz bərəkallah, Ayın nə həddi var, ona bab ola. Canı yanar sənə aşiq olanın, Yata bilməz gözlərində xab ola. Qızıl güllər açılıbdı həmayin Yarın gəlməsini eylərəm təyin, Dedim gözəl, olaq gəl bir qol-boyun, Neylərəm dünyanı, qoy xarab ola. Abbas deyər: yar yarına varınca, Saraldı gül rəngi döndü narınca, Sən gözəli mən toruma salınca, Azca qaldı ömrüm bir turab2 ola! * * * Bar gəli Payız olcaq bağlar tökər xəzəli, Bahar olcaq bağçalara bar gəli. Bir igidin olsa baxtı, iqbalı, Cənnət bağçasından ona nar gəli. Ölkənizdə nə aşnayam, nə yadam, Dost yanında nə qəmginəm, nə şadam, Ay camaat, nə bəlalı səyyadam, Tor qururam tərlan üçün, sar gəli. Abbas deyər: gəncin üstü bədəndi, Qara bağrım dəlik, zədən-zədəndi, Ay həzarat, heç bilmirəm nədəndi, Aləmə gen dünya, mənə dar gəli. * * * Belə gedərəm Ağa Becan, sultan Becan, xan Becan, Ayrılmam Pərimdən, belə gedərəm. Alış Becan, tutmuş Becan, yan Becan, Ayrılmam Pərimdən, belə gedərəm. Gözümlə görmüşəm öz məkanımı, Yara qurban dedim şirin canımı, Öldürsən də halal etdim qanımı, Ayrılmam Pərimdən, belə gedərəm. Nə müddətdi dərin dəryaya daldım, O dəryadan dürr götürdüm, dürr aldım, Şikəstə Abbasam, binəva qaldım, Ayrılmam Pərimdən, belə gedərəm. * * * Bəyənməz Ay həzərat, bir zamana gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz. Oğullar atanı, qızlar ananı, Gəlinlər da qaynananı bəyənməz. Adam var ki, getməyəsən işinə, Adam var ki, dolanasan başına, Adam var ki, ayran tapmır aşına, Dindirərsən, yağlı nanı bəyənməz. Adam var, dağları gəzər sərsəri, Adam var, geyinər pustinən dəri, Adam var, mərfətdən yoxdur xəbəri, Adam var, sultanı, xanı bəyənməz. Adam var, dolanar səhranı, düzü, Adam var, döşürər gülü-nərgizi, Adam var, geyməyə tapammaz bezi, Adam var, al geyər, şalı bəyənməz. Adam var, çox işlər eylər irada, Adam var ki, yetə bilməz murada, Adam var ki, çörək tapmaz dünyada, Adam var, yağ yeyər, balı bəyənməz. Adam var ki, adamların naxşıdı, Adam var ki, anlamazdı, naşıdı, Adam var ki, heyvan ondan yaxşıdı, Dindirərsən, heç insanı bəyənməz. Adam var dəstinə verərsən güllər, Adam var, gözünə çəkəsən millər, Tufarqanlı Abbas, başına küllər, Nə günə qalmısan, qarı bəyənməz. * * * Bəd övladı əzəl başdan tanıram Bəd övladı əzəl başdan tanıram, Çör-çöp yığar, yad ocağın yandırar. Səhər durar ar-namusun gözləməz, Suyu tökər, öz ocağın söndürər. Ulğun cuşa gəlsə, köpük yağ olmaz Söyüd bar gətirsə, bağça, bar olmaz Zibil təpə olsa, güllük dar olmaz, Yel əsəndə alçaqlara endirər. Abbas bu sözləri deyər sərindən, Arxı vurun, suyu gəlsin dərindən, El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar. * * * Bilmədim Yeridim, yeridim, yetə bilmədim, Dərdü-qəm əlindən yata bilmədim. Bir yorğun ovçuydum, tuta bilmədim, Ovum qarlı dağlar aşdı da getdi. Yaxşı olar el içində qul adı, Çeşmim yaşı yar qapısm suladı. Könül quşu göydə qanad buladı, Qırdı şikar bəndin, uşdu da getdi. Mən Abbasam, yalan gəlməz dilimə, Qeyri bülbül qona bilməz gülümə, Tərlan düşdü mən nadanın əlinə, Ovlaya bilmədim, qaşdı da getdi. * * * Buradan səni Başma döndüyüm, ay qəşəng Əsmər, İstəməm gedəsən buradan səni. Mənim meylim elə sənlə xoş olub, Nə xoş xəlq eləyib yaradan səni. Gəlmə xoyrat, gəlmə, yolda qalasan, Seyrağıb əlində zəlil olasan, İki dostu bir-birindən eyləsən, Görüm haqq götürsün aradan səni. Gözəllər içində bəsli bəllisən, Tərlan cilvəlisən, yüz xəyallısan, Ağ sinəsi bir cüt qoşa xallısan, Görcəyin tanıdım oradan səni. Gözəllikdə sənin əvəzin hanı? Hüsnünü bəxş edib kərəmin kanı, Dağların maralı, çəmən ceyranı, Ovçular keçirməz bərədən səni. Aləm bilir, Adəm ata zatıyam, Göyü bilməm, yerin yeddi qatıyam, Şikəstə Abbasam, xərabatıyam, Könül, heç görmədim abadan səni. * * * Bu sabahları Bir səda eşitdim canan elindən, Oyandım yuxudan bu sabahları. Bir cavab almadım yarın dilindən, Görüm açılmasın bu sabahları. Ay qalxıbdı günortanın yerinə, Talıb olan qulluq eylər pirinə, İki sevgi yetsə biri-birinə, Tanrıya xoş gələr bu sabahları. Abbas deyər: müsəllaya varmadım, Əl uzadıb yar zülfünü hörmədim, Bir bağ saldım, güllərini dərmədim, Dərdilər, tökdülər bu sabahları. * * * Bu yandadı Gedər ikən bu ümmana tuş oldum, Bəhrlər çalxanır, göl bu yandadı. Boy gedər bir yana, buxaq min yana, Cığa pərvaz eylər, tel bu yandadı. Gülgəz dəli olub yoxsa divana? Üz çevirib gedir çöl-biyabana, Burdan bir yol gedir ol Tufarqana, Tamam qohum-qardaş, el bu yandadı. Hökmün Malik Əjdər, ismindi Ədhəm, Didələrim qan-yaş tökər dəmadəm, Lütf eylə Abbasa, qibleyi-aləm, Qadasın aldığım, yol bu yandadı. * * * Deyiləm Nə baxırsan gözü qanlı haramı? Sən deyən günahkar ha mən deyiləm! Hər şəhərin bir adı, bir sanı var, Mən Misir şəhriyəm, Yəmən deyiləm! Yarm qapısmda yüz qan eylədim, Əl uzatdım, çəkdim, üz qan eylədim, Bir könülə dəydim, yüz qan eylədim, Daha bir kəsinən yaman deyiləm. Abbas ağlar, libasmı soydular, Zülm eyləyib qönçə gülün dərdilər, Hərcayılar qaş oynadıb güldülər, Eylə deyil yarım, həmən deyiləm! * * * Dərbəndin Ay ağalar, gəlin tərif eləyim, Nə əcəb düşübdü yeri Dərbəndin. İsgəndər əlilə olub bərqərar, Çəkilibdi bürcü-barı Dərbəndin. Dərbənd gözəlləri qəsrdən baxar, Gələni-gedəni odlara yaxar, Cümədən-cüməyə seyrana çıxar Gəlini, qızları, dulu Dərbəndin. Dərbənd dedikləri bağçadı, bağdı, Alt yanı dəryadı, üst yanı dağdı, Çox əcəb gəzməli, səfalı çağdı, Xəstəyə şəfadı narı Dərbəndin. Sən gedirsən o Dərbənddə qalmağa, Ləldən-cəvahirdən ələ salmağa, Yeyib-yedirməyə, qonaq almağa, Səxalıdı oğulları Dərbəndin. Döşündə çeşmələr, zirvəsində qar, Gözəlində həya, iyidində ar. Elə ki, qış keçdi, açıldı bahar, Laləzardı sağı, solu Dərbəndin. Düyüsü əkilib Gilandan gəlir, Sürüsü çəkilib Muğandan gəlir, Çindən, Hindistandan, Yəməndən gəlir, Darçını, mixəyi, hili Dərbəndin. Düşməninə zalım, dostuna mərddi, Səyyadı alıcı, bərəsi bərkdi, Sıldırım qayalı, havası sərtdi, Hər yana işləyir yolu Dərbəndin. Cümə məscidində qılırlar namaz, Ağam Əli orda olub pişnamaz, Bu sözləri deyər binəva Abbas, Məhəmməd dəstində əli Dərbəndin. * * * Əzizim Gəzdim İsfahanı, nisfi-cahanı, Sənin kimi gözəl hanı, əzizim?! Dodağın şəkərdi, şəhdi mat eylər, Ağzın içi gövhər kanı, əzizim! Siyah zülfün dal gərdəni döydümü? Onun dərdi mənim qəddim əydimi? Zalım şahın ali sənə dəydimi? Dağıdaram xanimanı, əzizim! Qəmzəsi bəllidi qaşü-gözündən, Mən öpmədim yanağından, üzündən, Əyləmə qapında, çuğul sözündən, Abbas kimi növcavanı, əzizim! * * * Gedər Ay ağalar, gedənə bax, gedənə, Məni gözü yaşlı qoyub, yar gedər, Yüklənibdi qəflə-qatır, barxana, Sanasan ki, külli-aləm var gedər. Bizim yerin bənövşəsi bitibdi, Heyf, cavan ömrüm başa yetibdi, Kəcavəsi gedib gözdən itibdi, Dəvə bozlar, sarvan ağlar, nər gedər. Gəzdim alçaqları, gəzdim ucanı, Görüm yolda qalsın dəli Becanı, Yar yolunda qoyum bu şirin canı, Abbas ağlar, Pəri kimi yar gedər. * * * Getdilər Qasid gəldi yardan xəbər gətirdi, Necə çəkim ol fərağı, getdilər. Aşiq məşuqini qəhrə yetirdi, Çəkdilər sinəmə dağı, getdilər. Malü-mülkü verib axça aldılar, İlqarı verdilər, buxça aldılar, Barı tərk etdilər, bağça aldılar, Pərişan qoydular bağı, getdilər. Abbas, cavan ömrün sən verdin bada, Günü-gündən dərdin oldu ziyada, Yedilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı, getdilər. * * * Gəlin Sən ki, bu qaydada belə gözəlsən, Yoxdu gözəllikdə sənə tay, gəlin! Qaşların kamandı, kirpiklərin ox, Ağ üzündə qoşa xallar, ay gəlin! Haqq götürsün aralıqdan yamanı, Artsın seyrağıbın dərdi, amanı, Hər kim vursa sənlə mənim aramı, Düşsün evlərinə görüm vay, gəlin! Abbas deyər: qızılgülü dərginən, Dərib-dərib sinəm üstə sərginən, Ağ üzündən bir cüt busə verginən, Hesab eylə qonşuluqda pay, gəlin! * * * Gəlmədi Başma döndüyüm, qurban olduğum, Hara getdi baxtı qara, gəlmədi? Bülbül uçdu, soldu gülün yarpağı, Qismət oldu qönçə xara, gəlmədi. Şah hökmüylə xan üstünə xan getdi, Ağlar didəm, yaş yerinə qan getdi, Qol boşaldı, dil dolaşdı, can getdi, Axır apardılar dara, gəlmədi. Abbas deyər: bu ad yaman ad oldu, Cismim atəş, qoynum dolu od oldu. Mən can dedim canan məndən yad oldu, İndi uzaq düşdü ara, gəlmədi. * * * Gəlsin Bizdən salam olsun arif olana, Hər kəsin mənimlə varisə gəlsin. Cəhənnəmi indi ona göstərrəm. Hansı bəndə günahkar isə gəlsin. Zalım bəndə, uyma bunca qeybətə, Qeybət edən tez düşəcək zillətə, İskəndəri kim göndərdi zülmətə? Hər kim ondan xəbərdar isə gəlsin. Qızılgül bəslənir xəndan içində, Ənnabi ləblərin dəhan içində, Abbasam, durmuşam meydan içində, Kimə bu gen dünya dar isə gəlsin. * * * Görmüşəm Aradım Osmanı, gəzdim Əcəmi, Misri, İstanbulu, Şamı görmüşəm, Harda adı bəlli gözəl varsa da, Arayıb, axtarıb hamı görmüşəm. Fironü Firdövsi, Həmrudü Şəddad, Onlar da dünyada qoydular bir ad, Yüsiflə Züleyxa, Şirinlə Fərhad, Bəhram ilə Güləndamı görmüşəm. Mənə yarın hər sitəmi gözəldi, Ürəyimdə dərdi, qəmi gözəldi, Pərim qəşəng, gözəl, nami gözəldi, Çarü naçar o pəmamı görmüşəm. Abbasam, sözlərim dilimdə əzbər, Həkk olub sinəmdə dərdim bir dəftər, Şahım, sizin olsun məscidü-mənbər, Mən gözümlə müsəllamı görmüşəm. * * * Gülgəz Qurban olum səni çəkən nəqqaşa, Yetirdin dəstimi damana, Gülgəz! Qüdrət qələm çalmış o qələm qaşa, Bənzər əbruların4 kamana, Gülgəz! Gəl verək əl-ələ, çıxaq bu bağa! Gül gülə sarmaşır, budaq budağa, Üz-üzə dayanaq, dodaq-dodağa, Ağ sinən sinəmə dayana, Gülgəz! Üzəngini basım, Gülgəzim, atdan! Sən məni qurtardın alovdan, oddan, Abbasın sevdiyi, xabi-qəflətdən, Silkinib çıxasan bu yana, Gülgəz! * * * Xoş gəldin Başına döndüyüm ay Əsmər xanım, Təşrif qılıb sən bu bağa xoş gəldin. Süsəndən, sünbüldən dərib dəstinə, Mərhəmət eylədin, saya xoş gəldin. Hicran keçdi, könlüm natavan oldu, Qara bağrım laxta-laxta qan oldu, Dağıldı gözəllər, pərişan oldu, Əlif qəddim döndü yaya, xoş gəldin. Gözəllər içində bəsli, bəllisən, Şirin ixtilatlı, ləbi ballısan, Zənəxdanı bir cüt qoşa xallısan, Qatardan ayrılmış maya, xoş gəldin. Abbas deyər: halay-halay, a dağlar, Təbib görsə, yaralarım qan ağlar, Əsmər burdan getsə, boş qalar bağlar, Sən vermə ömrünü zaya, xoş gəldin. * * * İnciməsin Qədəm qoyub yar bağına gələndə Elə gəl, elə get, yol inciməsin. Şəkər ləblərindən mənə busə ver, Dodaq tərpənməsin, dil inciməsin. Bülbül fəğan eylər gül həvəsinnən, Qoşa nar asılıb yar sinəsindən. Elə gəl, elə get, bağ bərəsindən, Bülbüllər hürküşüb, gül inciməsin. Göylərdə oynayar şəms ilə qəmər, Sevgi sevgisinin ləbindən əmər. Belinə qurşanıb minadan kəmər, Elə qurşagıynan bel inciməsin. Abbas deyir, ağlıyanlar güləndə, Nazlı dilbər sorub halım biləndə, Mərhəmət eyləyib bizə gələndə, Elə gəl, elə get, yol inciməsin. * * * İndi Mən olmuşam dərdü-qəmin barkeşi, Qəmdən tikdirmişəm, nə qalam, indi, İstədim ki, yara bir namə yazam, Nə kağız tapılır, nə qalam2 indi. Bir ərzim var, mən də deyim şahanə, İlahiyə şükr eylərəm, şahə nə? Qorxuram ki, nazlı yarı şah ana, Yarsız bu dünyada nə qalam indi? Katiblər oxurlar Cuma da getdi, Ərənlər meraca cumada getdi, Abbas ağlar, Gülgəz cumada getdi, Nə qovğayam indi, nə qalam indi. * * * Kərimdi Başına döndüyüm gülüzlü ana, Gəlməsin Abbasım, Allah kərimdi. Dərdindən olmuşam dəli-divana, Gəlməsin Abbasım, Allah kərimdi. Fələk məni şad eləyib güldürü, Ağladıban çeşmim yaşın sildiri, Becan kəmfürsətdi, gəlsə öldürü, Gəlməsin Abbasım, Allah kərimdi. Gülgəz Pəri saralıban solunca, Qaynayıban peymanələr dolunca, Qoy gəlməsin Məhəmməd xan gəlincə, Gəlməsin Abbasım, Allah kərimdi. * * * Qaşların Dərs almamış açdım kitab oxudum, Möhtac deyil heç ustaya qaşların. Təzə çıxıb kamandarın əlindən, Bənzər üç gecəlik Aya qaşların. Ovçu olan durar dağ damanmda Dərdi olan durar dərdli yanında, Nə durubsan seyrağıbın dalmda, Veribdi ömrümü zaya qaşların. Bir xalın bəzirgan, bir xalın xoca, Hüsnün zəkatını ver mən möhtaca, Mən Abbasam, eyləməzdim iltica, Məni gətdi ilticaya qaşların. * * * Mahi-ənvərdi Könül bir cananm sevdasmdadı, Cismdə insandı, mahi-ənvərdi, Buyunu arzular bağçada bülbül, Bilmirəm, süsəndi, ya sənubərdi? Sevdiyimin hüsnü Qureyşin nuri, Yusifi-Kənandı, Çinin fəqfuri, Deyirlər, behiştdə çox olur huri, Onlar da köhnəlib, yar təzə-tərdi. Çoxu aşıqlığı asan şey sandı, Cəfasını gördü, çox tez usandı, Canım bir Pərinin oduna yandı, Qoy desinlər, Abbas üçün bir ardı. * * * Məni gör Dolannam başına misli-pərvanə, Həsrət gözü yolda qalan, məni gör! Eşqin sitəmindən, çarxın əlindən, Saralıb gül kimi solan, məni gör! Sər qoydum payəndaz, etdim üz yara, Bayqu kimi meydan vermə üz yara, Zülf pərişan, yaxa yırtıq, üz yara, Könlümü şikəstə bulan, məni gör! Şikəstə Abbasam, çəkərəm qəmi, Neylər mənə seyrağıbın sitəmi, Kərəmli soltanın budu kərəmi, Kərəmsiz, qəzəbnak olan, məni gör! * * * Nə gözəl imiş Bir gün bir nazənin gəldi güzara, Gülgəz simaları nə gözəl imiş. Qanovuz köynəyi, atlaz qoftası, Yaşıl basmaları, nə gözəl imiş. Yoxdu bərabərin sənin dəhirdə, Nə insanda, nə zərbafda, nə zərdə, Yaşılbaş sonatək titrəşir sərdə, Cığalı telləri, nə gözəl imiş. Söylədiyim sözlər layiqdi dosta, Dostu görməyəndə qalıram yasda, Saatı xoş vaxtda yaradan usta, Çəkibdi xalları, nə gözəl imiş. Aç hüsnün kitabm oxuyum baş-baş, Nəqqaşlar çəkmişlər nə gözəl qaş-daş, Qucubdu zər kəmər qabağından qaş, O qəddi dalları, nə gözəl imiş. Qurbanam cananın qələm qaşına, Abbası salıbdı eşq ataşına, Nişana alıbdı bağrım başına, Sancıbdı milləri, nə gözəl imiş. * * * Olmaz Özündən kiçiyi işə buyurma, Sözün yerə duşər, heç miqdar olmaz. Hər nə ki, kar görsən öz əlinlə gör, İnsan öz işində cəfakar olmaz. Özündən böyüyün saxla yolunu, Düşən yerdə soruş ərzi-halını, Amanat, amanat qonşu malını, Qonşu yox istəyən, özü var olmaz. Soruşun, Qul Abbas, halın necədir? Gündüzlərim ay qaranlıq gecədir. Sərv ağacı hər ağacdan ucadır, Əsli qıtdır, budağında bar olmaz. * * * Oynar Başına döndüyüm alagöz Pəri, Öz-özünə qeyri halman oynar. Cəvahir mətahı, dür xiridarı, Tutubdu dəstində, ləlinən oynar. Sənsiz görüm xarab qalsın bu bağı, Şeyda bülbül nə zövq eylər, nə zağı, Zülfü dal gərdəndə açıb məzağı, Ağ üzü münəvvər, xalınan oynar. Ay Abbas, Pərinin bəzi işləri, Yorğun maral kimi xoş baxışları, İncidən, sədəfdən, dürdən dişləri, Ağzı süd, dodağı balınan oynar. * * * Öp Könül, Məcnun kimi yayın dağlara, Əyil, bu lalənin budağmdan öp! Pərvanə tək dolan yarın başına, Arala tellərin, qabağından öp! Almaq olmaz nanəcibin qızını, Çəkmək olmaz bədəsilin nazını, O üzünü, bu üzünü, gözünü, Dilindən, dişindən, dodağından öp! Kitabda oxunan sina yaxşıdı, Seyrağıb gərdəni sına yaxşıdı Mən dedim: öpməyə sinə yaxşıdı, Könül ha yalvarır, buxağından öp! Bağçalar titrəşir bardan ötəri, Almadan, heyvadan, nardan ötəri, Abbas, ağlayırdın yardan ötəri, Dur, şahimərdanın ayağından öp! * * * Pəri Nə gülürsən mənim kimi gülüncə, Sən mənə gülüncə, dərdə gül, Pəri! Alişan otaqda, gülşən bağçada, Süsəni, sünbülü dər də gül, Pəri! Səninlə gəzirdik Təbrizdə bağı, Sinəmə çəkirsən dağ üstdən dağı, Bəndə saldın mənim kimi dustağı, Çox məni qoyubsan darda, gül, Pəri! Abbas gətirildi dar ayağına, Xınatək yaxıldım yar ayağına, Yoxsulu çəkərlər var ayağına, İndi mənim kimi mərdə gül Pəri! * * * Pərim Səhər-səhər sərçeşmələr başında, Gün kimi dağlara yayılan Pərim! Hər kəs məndən sənə yaman qandırsa, Ya əqrəb dişləsin, ya ilan, Pərim! Qovma dərgahmdan şirin nökəri, Geymərəm hər şalı, hər qələmkəri, Hicran xəstəsiyəm, yeməm şəkəri, Qoynundakı nara qayılam, Pərim! Götür sürməni çək qaşına gəlsin. Çal əyri çalmanı başma gəlsin, Abbasın sözləri xoşuna gəlsin, Hurilər qızından sayılan Pərim! * * * Sarı gəl, sarı Başına döndüyüm, alagöz Pəri! İnsaf eylə bizə sarı gəl, sarı. Leyli-nahar1 həsrətini çəkməkdən, Gül rəngim olubdu sarı, gəl, sarı. Səninlə gedərdim Təbrizdə bağa, Qışda ağ otağa, yayda yaylağa, İndi mən öləndə özün bük ağa, Zülfünə tabutum sarı, gəl, sarı. Canım qurban olsun həmişə mərdə, Ay yaradan, fürsət vermə namərdə! Abbası salıbsan bulunmaz dərdə, Dərmanı özündə sarı, gəl, sarı. * * * Sənə qurban Qadasın aldığım, nədən məlulsan? Əgər lal isənsə, dil sənə qurban! Gümüş neştər ilə tökdün qanımı, Nazik əllərinlə sil, sənə qurban! Mal gedər otlayar dağın içində, Piltə şölə verər yağın içində, Bağbanı dindirdim bağın içində, Dedi: süsən, sünbül, gül sənə qurban! Başına döndüyüm, gözləri xəndan, Turunclar baş verib çıxıb yaxandan, Dedim: gözəl, bir busə ver o xaldan, Acıqlandı dedi: al, sənə qurban! * * * Sudan gəlir Başma döndüyüm alagöz Pəri, Elə bildim sonam bu sudan gəlir. Müjgan atdı, dəydi, keçdi sinəmdən, O cadı qəmzələr, busudan gəlir. Başına örtübdü kalağay, gəzər, Əyri tel üstündən qızıl düymələr, Belinə yaraşıb zərbafdan kəmər, Çəpkənli, çarğatlı ağ bədən gəlir. Abbasam, yetirdim aman-amana, Nə ola bir əlim çata canana. Qoynu içi dönüb taza bostana, O sərxoş sevdiyim hamamdan gəlir. * * * Var mənim İsfahan mülkündən gələn xocalar, Bu canımda intizarım var mənim. Biri hicran, biri möhnət, biri qəm, Qəm evliyəm, xiridarım var mənim. Ala gözün xumarlayıb süzməsin, Ay qabağa qızıl, inci düzməsin, Deyin yara, əl duadan üzməsin, Ürəyimdə ahu-zarım var mənim. Mən Abbasam, gəlsin könlüm aradan, Oxudum dərsimi, çıxdım qaradan, Sən bilirsən, yeri-göyü yaradan, Gülgəz Pəri kimi yarım var mənim. * * * Yada sal məni Başma döndüyüm, alagöz Pəri, Gahdan ağla, gahdan yada sal məni. Qara bağrım şan-şan oldu, dəlindi, Gahdan ağla, gahdan yada sal məni. Bağban idim, bağım təğayir oldu, Gözüm gördü, ağlım təğayir oldu, Xoryat əli dəydi, təğayir oldu, Gahdan ağla, gahdan yada sal məni. Mən sənə can dedim, sən də mənə can, Alış eşq oduna, mənim kimi yan, Adım Aşıq Abbas, yerim Tufarqan, Gahdan ağla, gahdan yada sal məni. * * * Yar Könül qəmgin, səhraları gəzirəm, Nə insafdı, mən də sənsiz qalım yar. Gözüm görür, yarlı yarın dindirir, İstərəm ki, səndən kamım alım, yar. Gizlin-gizlin sənlə etdiyim ilqar, İndi bildim sənə yoxmuş etibar, Hər kim versə yardan mənə bir xabar, Şirin canım ona müjdə qılım, yar. Ayrı düşdüm vətənimdən, elimdən, Bülbülümdən, gülşənimdən, gülümdən, Mən nə dedim, sən incidin dilimdən, Həsrət qaldım, mən dərmədim gülüm yar. Abbas deyər: tərk eylədim elimi, Bir dərmədim ağ sinəndən gülümü, Arada var çərxi-fələk ölümü, Qoy camalın görüm, ondan ölüm yar. * * * Yarım apardı Başma döndüyüm, qurban olduğum, Qoyma, dəli Becan yarım apardı! Alışıb oduna büryan olduğum, Qoyma, dəli Becan yarım apardı! Şah Abbas hökmüylə naməni yazır, Qurub kecavəni olubdu hazır, İsfahandan gəldi bu zalım vəzir, Qoyma, dəli Becan yarım apardı! Mən Abbasam, heç vaxt söyləməm yalan, Elimə, ölkəmə saldılar talan, Xoca, dəli Becan, Allahverdi xan, Qoyma, dəli Becan yarım apardı! * * * Yetişər Gözəl Pəri, mənlə yaman başlama, Mənim ərzim gedər, xana yetişər, Qaşların ləl olsa, yoxdu qiyməti, Min tüməndi, bəzirgana yetişər. Məclisinə sürahilər düzülər, Ala gözlər xumarlanıb süzülər, Bir muyun üzülsə, canım üzülər. Zəlzələsi al-Osmana yetişər. Abbas deyər: Pərim niqabı atdı, Camalm göstərdi, günü yubatdı. Ağ üzdə xalların Misri-nabatdı, Səkkiz cənnəti-rizvana yetişər. * * * Yüz ilə Qədir mövlam, budur səndən diləyim, Görüm yarın ömrü yetsin yüz ilə, Artıq ola malı, mülkü, dövləti, Altmış nəri bir qatara düzülə. Sədəf incə, dodaq incə, dil incə, Canım çıxdı yar könlünü alınca Ölüm yeydi bu dünyada qalmca, Bir igid ki qatarından üzülə. Qaşlarına çəkilibdi, bil, qələm, Ağız davat, göz mürəkkəb, dil qələm, Yalan desəm çək gözümə mil, qələm, Sənəd verrəm, qulun ollam yüz ilə. Abbas deyər: dildəki hərf neçədir Neçə gövhər, neçə ləl, neçə dür, Sanamadım zülfün muyu neçədir, Qorxuram ki, şana dəyə, üzülə. * * * Zülümdü mənə Bircə insaf eylə, a zalım Becan, Ayırma Abbasdan, zülümdü mənə. Sənsən bu ölkəyə ədalət, divan, Ayırma Abbasdan, zülümdü mənə. Becan, sən eyləmə qəddimi kaman, Aşiqəm məşuqə, çəkdirmə aman, Sən olasan o duz-çörək, nəmək-nan, Ayırma Abbasdan, zülümdü mənə. Pəri dərd əlindən yetişdi cana, Oldum yar eşqindən dəli-divana, Qəflə-qatır işlər o Tufarqana, Ayırma Abbasdan, zülümdü mənə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/tufarqanli-qosmalar İctimai mülkiyyət. Public domain. Original text only.