Təcnislər Aşıq Abbas Tufarqanlı (1600–?) Ay ağa, haray Xaliqi ləm-yəzəl, vahidi-yekta, Salma nəzərindən, ay ağa, haray!.. Mən ki, qovruluram tənə sözüynən, Pərvanə tək yandım, ay ağa, haray!.. Başına döndüyüm ala yapışır, Zər-zərbaf geyinib, ala yapışır, Mərdin qaydasıdı – ələ yapışır, Seyrağıb əl atar ayağa, haray!.. Kəbədən gələnin bu müşk gülünə, Bülbül, əhvalını demiş gülünə, Şikəstə Abbasın bu müşkülünə, Sən özün yet dada, ay ağa haray!.. * * * Gəz indi Atasınnan, anasınnan, Gül gəzindi, gül gəzindi. Atasınnan, anasınnan Gül, gəz, indi, gül, gəz, indi. Yarı ağ libada gördüm, Yarı ağlı badə gördüm, Yarı ağlı bada gördüm, Gülgəzindi, Gülgəzindi. Sən məni ağlama da gör, Sən məni ağlamada gör, Sən məni ağlamada gör, Gülgəz indi, Gülgəz indi. Bu işdə əyandı Abbas, Bu iş də dayandı Abbas, Bu iş də də yandı Abbas, Gül, gəz indi, gül, gəz indi. * * * Gül, Pəri Nə gülürsən, mənim kimi gülüncə, Sən mənə gülüncə, dərdə gül, Pəri! Alişan otaqda, zərnişan bağda, Süsəni, sünbülü dər də, gül, Pəri! Bir zaman gəzirdik Təbrizdə dağı, Sinəmə çəkirsən dağ üstdən dağı. Bənd edibsən mənim kimi dustağı, Sən məni qoyubsan darda, gül, Pəri! Abbas gətirildi dar ayağına, O qulaş qolların sal ayağına. Qanından xına yax əl-ayağına, İndi mənim kimi mərdə gül, Pəri! * * * Dərd ayağından Başına döndüyüm, ay Gülgəz Pəri, Çəkərəm hicranı dərd ayağından. Elin töhmətindən, fələk cəbrindən, Düşmüşəm çöllərə dərd ayağından. Pərim, sənin üzün görən tər salar, Öldürsələr meyli dönməz tərsalar, Hicrandan məşq alar, qəmdən dərs alar, Sən mənə dərs verdin dərd ayağından. Qabaq Aydır, zülf buluddur, üz gündür, Sənsiz mənim bir saatım yüz gündür, Heç demirsən, qul Abbasım üzgündür, Qəm başından tutar, dərd ayağından. * * * Halısan barı Müşərrəfəm, dilbər, sənin yolunda, Dünya şövkətinnən xalı san barı. Uğradıbsan məni Əyyub dərdinə, Dərmanım səndədir, halısan barı? Sallana-sallana oda gedərsən, Yandırıb cismimi oda gedərsən, Nahaq dilbər, sən da oda gedərsən, Od budu — sinəmdə xalis anbarı. Xalı yıxşırılır var ayağına, Yoxsul üzün sürtür var ayağına. Abbas, əlin yetsə yar ayağına, Döşən payandaz, ol xalı, sən barı. * * * Nə qələm indi Mən olmuşam dərdü qəmin barkəşi, Qəmdən tikdirmişəm nə qalam indi. İstədim ki, yara bir namə yazım, Nə mürəkkəb tapdım, nə qələm indi. Leyli Məcnun məskənini dağ etdi, Sinəsi üstün düyün etdi, dağ etdi. Fələk vurdu, ləşkərimi dağıtdı, Ləşkərim qalmadı, nə qalam indi. Bir ərzim var, mən də deyim şahana, İlahiyə şükr eylərəm, şaha nə? Qorxuram ki, nazlı yarı şah ana, Nə qovğayam indi, nə qalam indi. Kitablar oxuyub, cimadə getdi, Məhəmməd meraca cumada getdi, Abbas ağlar, Gülgəz Cuma da getdi, Pərisiz dünyada nə qalam indi. * * * Varsağını gör Əttar dükanında bir molla gördüm, İtirib imanın varsağını gör! Əcəl piyaləsin dutub dəstində, Doldurub zəhrinən var sağını gör! Bitib dost bağında canım alması, Üzmə, kamil deyil, canım, alması. Necə qəbul elər, canım alması Doğram-doğram eylər varsağını gör! Qıvlagahım başım üstən baş bular, Hamılardan artıq bular, baş bular. Mənim pərim fəqan eylər, baş bular, Tilazar sırğanın varsağını gör. O kəkil bitəndə, bu can itəndə, O canda tapılar bu canitəndə. Abbas, necə ki, var bu canı təndə, Ara könüllərin var sağını gör! * * * Ya mən deyiləm Nə baxırsan gözü qanlı haramı? Sən deyən günahkar ya mən deyiləm. Hər şəhərin bir adı, bir sanı var, Mən Misir şəhriyəm, Yəmən deyiləm. Yarın qapısında üz qan eylədim, Əl uzatdım, çəkdim üz qan eylədim, Bir könülə dəydim, yüz qan eylədim, Mən ki, bir kəs ilə yaman deyiləm. Abbas ağlar, libasmı soydular, Zülm eyləyib qönçə gülün soydular, Hərcayilər qaş oynadıb soydular, Elə deyil, yarım, ya mən deyiləm. * * * Yara yüz Ağlaya-ağlaya düşdüm yollara, Yar ayrısı dərdü-möhnət, yara yüz. Dərdim oldu əvvəlkindən beşbetər, Şan-şan oldu qara bağrım, yara yüz. Tutdum yar əlindən bəlkə sağalam, Saqi məstü, saqi sərxoş, saqi lam, Çətin, çətin bu yaradan sağalam, Dərd bir oldu, dərman doxsan, yara yüz. Mən Abbasam, yara qurban yar üçün, Doğra bağrım, kəs ciyərim yar üçün, Yar odur ki, bu dünyada yar üçün, Yaxa yırta, zülf dağıda, yara üz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/tufarqanli-tecnisler İctimai mülkiyyət. Public domain. Original text only.