Deyşimələr Usta Abdulla (1865–1943) Əvəzində Növrəs İman: Ya mənim adımı, ya öz adını, Tut, böyük qardaşın ol əvəzində. Ayırma kənara məndən yadını, Gəzərəm dəryanı çöl əvəzində. Abdulla: Əzizi-mükərrəm, ey nuri-eynim, Duraram əmrində qul əvəzində. Vücudi-bibəla, mühit ehtiram, Geyərəm girbasın şal əvəzində. Növrəs İman: Əzəl iltimasım, bil, səndən budur, Aş de mətləbini, mən görüm nədir? Əgər ki, verməyə olmasa məğdur, Kəs götür başımı pul əvəzində. Abdulla: Namə yazdın, məni saldın dərinə, Canım qurban mərd iyidin sərinə. And olsun müstafa, şərbət yerinə, İçərəm zəhrini bal əvəzində. Növrəs İman: Elə bildim, yatıb mənim iqbalım, Qar alıb qapını, qarışıb halım. Qabağına qatmağa olmasa malım, Apar sat İmanı qul əvəzində. Abdulla: Abdullayam, düşdüm haqqı-sayına, Qadir mövlam, fürsət vermə xayına! Döşərəm üzümü xaki-payına, Gəzərsən xanəndə pol əvəzində. * * * Mənəm Zodlu Abdulla: Arif məclisində, qanan yanında, Hər sözü dillərə yayılan mənəm. Eşqin atəşidi yanan canımda, Qəza qamçısıyla döyülən mənəm. Həsən Xəyallı: Ənbiyalar, övlüyalar şənində, Zülaldan söhbəti sayılan mənəm. Arif məclisində, alim yanında, Bal kimi kəlməsi yeyilən mənəm. Zodlu Abdulla: Taqət olmaz qəriblərin dizində, Mürvət olar mərd igidin özündə. Səksənində, doxsanında, yüzündə Qəflət yuxusundan ayılan mənəm. Həsən Xəyallı: Bir qərib səyyaham bu qürbət eldə, Haqqın min bir adın zikr edən dildə. Ümman dövlət-vardan qalmayan əldə, Vətən həsrətindən əyilən mənəm. Zodlu Abdulla: Yatmış idim, bəxtim məni oyatdı, Qəzanın qədəri kəməndin atdı. Mahalım Göyçədi, ünvanım Zoddu, Sənətkar Abdulla deyilən mənəm. Həsən Xəyallı: Zəmanə namərdi mərdə tuş etdi, Düzəlməz könlümün şadlığı getdi. Mahalım Göyçədi, kəndim Daşkənddi, O, Həsən Xəyallı deyilən mənəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/usta-abdulla-deysimeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.