Gəraylılar Usta Abdulla (1865–1943) Arasında Səhərdən sərvi boylunu Gördüm bağlar arasında. Tütünüm ərşə dayandı, Yandım yağlar arasında, Yandım yetirən olmadı, Mətləb bitirən olmadı, Öldüm, götürən olmadı, Qaldım ağlar arasında. Eşqin firqətindən çaşdım, Qəza tutdu mən dolaşdım, Məcnun kimi dağdan aşdım, Gəzdim dağlar arasında. Abdullayam, dərdim çoxdu, Məni sirab edən yoxdu. Xəstə düşdüm dərman yoxdu, Neçə sağlar arasında. * * * Deməkdi El nəzəri üstündəsə, Sənə dövlət, var deməkdi Baxma düşüb dən saqqala, Dağ başında qar deməkdi, Kəc baxarsa sənə zaman, Dözməlisən ovsanmadan, Qəfəsdəsə tülək tərlan, Oylağında sar deməkdi. Fikir vermə hədyan sözə, Şəfa verər elm gözə, Babalardan qalan bizə, Namus, qeyrət, ar deməkdi. Şər işlərdən gəl ol qıraq, Həqiqət axtaran qoçaq, Qulağınla eşit ancaq, Ya gözünlə gör deməkdi. Sənətkarın var hörməti, Çəkməz kimsədən minnəti, Kimin olsa səxavəti, Mövlam ona yar deməkdi. * * * Dilbər Bir ərzim var qulluğuna Ay xalları qoşa dilbər. Xəstə çanım qurban olsum Həmi gözə, qaşa, dilbər. Ağlamışam gülməmişəm, Göz yaşımı silməmişəm, Qədrini mən bilməmişəm. Yeni düşdüm başa, dilbər. Siyah zülfləri kəmənddi, Yarın dodaqları qənddi, Dərdiməndsən, dərdimənddi, Yaşa dilbər, yaşa dilbər. Axır gözün qanlı yaşı, Nə qohumu, nə qardaşı, Qürbət eldə fağır başı, Dəydi daşdan daşa, dilbər. Eynim sənsən, qanım sənsən, Din ilə imanım sənsən, Cəsədimdə canım sənsən, Ərkim çatar başa, dilbər, Abdullayam, çox ağladım, Sinəm başını dağladı İsminə dastan bağladım, Görün, gəlib xoşa, dilbər. * * * Döndərdin Oğrun-oğrun baxan gözəl, Bağrımı qana döndərdin. Özü gözəl, adı pünhan, Könlümü şana döndərdin. Dərdim artıb günbəgündən, Təltif verir gül üzündən, Beymürvətin zülmündən Hökmünü xana döndərdin. Gəlin, sevgilini tanı, Bu aləm oduna yanı. Abdullaya bu dünyanı, Zalım, zindana döndərdin! * * * Layiqdimi Mənim kimi bülbül olmaq, Güllərinə layiqdimi? Aşığı sürgün eləmək, Ellərinə layiqdimi? Köynəyin humayun ağı, Haşiyəsi cənnət bağı, Sinəmə çəkirsən dağı, Əllərinə layiqdi mi? Ağladırsan, güldürürsən, Eynim yaşın sildirirsən, Abdullanı dindirirsən, Dillərinə layiqdi mi? * * * Mən Ala gözlü, nazlı dilbər Dedi: dur get gəlirəm mən. Dedim: aj qız, dərdim çoxdu, Dedi: dərman bilirəm mən. Göldən uçurdum sonanı, Bu yerdə,qoydum binanı, Gündə görduyüm cananı, Görməyəndə ölürəm mən. Bağçalarda barım ola, Alma, heyva, narım ola, Bir dərd bilən yarım ola, Ona qurban oluram mən. Vəfası olmaz yalanın, Ağlı olmaz çox gülənin, Abdullayam dərd bilənin, Yüz il keçsə quluyam mən. * * * Mən Deyilənlər gerçəkdimi, Doğurdanmı dəliyəm mən!? İstəyirəm ağıllının, İç üzünü əliyəm mən. İşləyirəm hər bir öydə, Mənə birdi kasıb, bəy də. Haqqım olsa daş da, zəy də, Hamısına “bəliyəm” mən. Mən ustayam, çalışıram, Dəzgahımla yarışıram. Qan-tərimə qarışıram, Abdullayam, ləliyəm mən. * * * Mənim Qulaq asın, a yoldaşlar, Çoxdu qəhri-qəzam mənim. Xəstə düşdüm qürbət eldə, Artıq olub cəzam mənim. Bir zaman gəzdim havalı, Götürdüm muzdu, bavalı. Qonşum imiş un çuvalı, Dostum imiş qazan mənim. Mənim işim ahü-zardı, Bu gen dünya mənə dardı. Abdullayam, günahkardı, Dəftərimi yazan mənim. * * * Neynim Ağ ağalar, ay qazılar, Mən bu dərdə dözüm, neynim? Düşdüm qəmin dəryasına, Qəvvas olum üzüm, neynim?! Dərdim olubdu ziyada, Bir yetən yoxdur fəryada. Arsız, qəmli bu dünyada Heç bilmirəm gəzim, neynim?! Abdulla düşüb azara, Dərdi yetib səd-hazara. Qoyan yoxdur bir məzara, Öz əlimlə qazım, neynim?! * * * Olaydı A yoldaşlar, a qardaşlar, Son günümüz ağ olaydı. Deyib-gülüb danışaydıq, Damağımız çağ olaydı! Fələk bir dövran quraydı, Könlümdən xəbər verəydi. Məxluqat xoş gün görəydi, Ürəklər yumşaq olaydı. * * * Yeri Bir zamaılar at oynadıb, Gəzdi bəylər bizim yeri. El oyandı bu qəflətdən, Heç qalmadı dözüm yeri. Sənin kimi var köməyim, Haqdan düzəldi diləyim, İşıq tapıbdır eynəyim, Yaxşı seçir gözüm yeri. Yerdən duman çəkilibdi, Torpaq bizə əkilibdi, Qaçaq-quldur çəkilibdi, Bir dolanım, gəzim yeri. Qırdıq bəyi, tutduq xanı, Onlardan göstər bir hanı? Sən gəl dindir Abdullanı, Yaxşı ötür sözüm, yeri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/usta-abdulla-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.