Müxəmməslər Usta Abdulla (1865–1943) Bəri bax Şəninə dastan yazıram, Ay qoşa duran, bəri bax! Gürcüsən, aysorusan, Yoxsa müsəlman, bəri bax! Səf düşdüm, səbr elədim, Mələksən, insan, bəri bax! Xəstəyəm, yalvarıram, Həkimi-loğman, bəri bax! Gəzmişəm hər mahalı, Gözəl yoxdu sən cürə, bax. Yolunda məhbus olmuşam, Gərdənində zəncirə bax, Musayisən, Tövrat oxu, İsayisən, İncilə bax. İslamısan, and verirəm, Ayeyi-quran, bəri bax! Qaş qara, gözlər ala, Yanaqların xalına bax. Danışır şirin-şirin, Ləblərinin balına bax. Oynayıb-gülməkdədir, Yoldaşının halına bax. Yoldaşın bixəbərdir, Sən təzə cavan, bəri bax! Zülf tökülüb dal gərdənə, Qabağa tellər yaraşır. Burun püstə, dodaq qaymaq, Yanağa güllər yaraşır. Abdulla sadağadır, Kəsməyə əllər yaraşır. Hazarat, siz də deyin, Gəlibdi qurban, bəri bax! * * * Dəyər Yazgülə dastan yazıram, Küllü bu cahana dəyər. Qaş qara, gözlər ala, Sibi-zənəxdana dəyər. Tökülüb şahmar zülfü, Dal gərdəndə yana dəyər. Ağ üzündə qoşa xalı, Ləli-bədəxşana dəyər. Bir ox dəyib sinəm üstə, Bağlamasa qanım gedər. Səf düşdüm, səbb eylədim, Hər yana gümanım gedər. Sərindən bir muy əyilsə, Elə bil ki, canım gedər. Əsməsin badi-sərsər, Tellərinə şana dəyər. Yanında yoldaşları var, Qoyun isnat verim barı. Birisinin adı Əsmər, Birisinin adı Zərri. Qoy könlünə yer gəlməsin, Ata bilsin Sənətkarı, Müxtəsəri mən nə deyim, Yusifi-Kənana dəyər. * * * Mollalar Varlılara yaltaqlanır, Atıb imanı mollalar. Danışır, vəsf eyləyir, Hərdən İranı mollalar. Xorasanı, gah Qəzvini, Təbriz, Tehranı mollalar. Dəm vurur mövhumatdan, Qatır aranı mollalar. Kəndlilər ayılıbdır, Keçib mollanın bazarı. Daha heç kəs inanmayır, Artıbdı dərdi, azarı. Düşməsin heç mahala, Müftəxorların güzarı. Üz görüb rüşvət alır, Satır imanı mollalar. Dövran yaman dəyişibdir, Yıxıb xain obasını. Bax, Abdulla heç gözləmir, Qorxu, nəzər duasını. Lazım budur yox eyləyək, Mövhumatın yuvasını. Fitnə-fəsad yuvasıdır, Deyir yalanı mollalar. * * * Sənəmin Gözəllərin gözəlidi, Var bu sədası Sənəmin. Sanasan gözəl imiş, Ata, anası Sənəmin. Düzülübdü sinəsinə Qızıl düyməsi Sənəmin. Göllərin yaşılbaşlısı Kürün sonası Sənəmin. Bu gələn Sənəmdimi? Üstünün calalına bax. Geyinibdi tər libası Tirməsinə, şalına bax. Yanaqları gül yarpağı, Zənəxdanın xalına bax. Oynayıb gülməkdədir Şövqü, həvəsi Sənəmin. Baxanda ala gözləri Qəsd eləyir cana yəqin. Hər kim görsə gözlərini Olacaq divana yəqin. Düşübdü bu gen həyata Behiştdən nişana yəqin. Deyirsən bayram gülüdür, Əldə hənası Sənəmin. Saatın xoş vaxtında Xəlq eləyib kərəm kanı. Görməmişəm belə gözəl Çox gəzmişəm bu dünyanı. Əgər görsə camalını, Tamarzı tapar imanı. Budur gəlir, ay Abdulla, Əldə töfhəsi Sənəmin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/usta-abdulla-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.