Təcnislər Usta Abdulla (1865–1943) A yara dəydi Qafil bir ox atdın, keçdi sinəmdən. Dərdindən cismimə a yara dəydi. Pəhləvan gəzirdi meydan içində, Keçdi pəhləvandan əyyara dəydi. Gecə uzun, təbi nazik, yaralı, İnsaf deyil, qurma mənə, yar, alı. Yar incisə, yar könlünü yar alı, Bilmirəm nə dedim, a yara dəydi. Yaxşı dostun xəyalını ay ara, Həftə dedin, neçə keçdi ay ara. Təbib qarşı gəlsə, yetər a yara, Təbib qarşı gəldi, a yara dəydi. Düzdürübsən dəhanına, yar, inci, Al xəncəri, bağrım başın yar, inci! Abdulladan olmaz sənə yar, İnci, Seyraqublar vurdu, ay ara dəydi. * * * A yağı zülfün A beymürvət, məni candan eylədin, Göründü gözümə a yağı zülfün. Baş dayanar, qəhri çoxdur dünyada, Toxunsa yandırar ayağı zülfün. Fərhad cəfa çəkdi Şirin yerində, Ürbah dura bilməz şirin yerində. Şirin ixtilatın şirin yerində Qatdı şərbətinə ay ağı zülfün. Köçdü yaylaqlara qarabağlı yar, Əsər gədikləri qara bağlıyar. Dost ayrılsa dostu qara bağlıyar, Çəkər al üstündən ay ağı zülfün. Abdullayam, yönüm düşdü hər yana, Pərvanətək eşq oduna hər yana. Siyah zülfün san çəkibdir hər yana, Coşub əbru kimi a yağı zülfün. * * * A yazı belə Nəzər əyiləndə, iqbal yatanda, Qananı qanmaza a yazı belə. Kimin zimistanı nobahar keçdi!? Məni də yandırır a yazı belə. Öz əlinlə qoysan məni qara sən, Al üstündən bağlayıbsan qara sən. Sənsən salan bu zülmətə qara, sən, Dağıt duman, çiskin, ayazı belə. Həqiqi dost yandan beləmi keçər, Kəmərin toqqası beləmi keçər. Abdullanın ömrü beləmi keçər, Qışı dərdü-möhnət, a yazı belə. * * * Aya zəmindi Kamil ovçu durub ov bərəsində, Qorxuram ovlaqdan ay azam indi. Sərim dumanlıdır, köksüm odludur, Dağılıb çiskinim, ayazam indi. Dərd veribsən bundan artıq daha nə, Gözəlliyin bundan artıq daha nə. Ləblərini əgər versən dahanə, Beymürvət, demirsən, ay az əm indi. Bilən yoxdur nədi ismim, nədi adım, Kimə çatdı nə fəryadım, nə dadım, Əldən gedib nə ləzzətim, nə dadım, Bilmirəm əsmandı, aya zəmindi. Abdullayam, sərim nə qalam indi, Dərdim üçün gərək nəq alam indi, Nə kağız tapmıram, nə qələm indi, Götürəm, dərdimi a yazam indi. * * * Gözəl Gözlərin şöləsi min aya bənzər, Salmısan atəşə, a zalım gözəl. Həsrətindən əlif qəddim dal oldu, İstərəm, qadanı az alım, gözəl. Örtmüsən başına şalı bağdadı, Eşq ucundan məcnun könlüm bağdadı. Füzuli gəşt etdi, gəzdi Bağdadı, Rüstəmim, Zöhrabım, a zalım gözəl. Usta Abdullanı salmısan dərdə, Aparıb əqlimi salmısan dərdə. Gəzdim Şəki, Şirvan, Qarabağ, Bərdə, Bir insaf etmədin, a zalım gözəl. * * * Ha sini Cavan ömrüm getdi badi-fənaya, Bundan belə dilim desin ha sini. Ömür başa yetib, dil tərk olubdu, Axtarıram ha siratı, ha sini. Mərd iyidlər el içində qaladı, Eşq atəşi səngimişdi, qaladı. İyid ölsə bu dünyada qaladı, Müxənnətlər gözləyəcək ha sini. Abdullayam, el içində azadam. Bax, nə qulam, nə nökərəm, azadam. El içində kişi çıxar az adam, Namərd olan ha incəli, ha sini! * * * Leylini yazdı Bihudə dolandım, əfsanə gəzdim, Canım dost yolunda, Leyli, niyazdı. Etibar kəsilib, ilqar pozulub, Əvvəlki məhəbbət, Leyli, niyə azdı? Qəmər qan ağladı, neştər yeridi, Yaram sızıldayır, neştər yeridi. Leylinin qoluna neştər yeridi, Məcnun qanı çöldə “Leyli”ni yazdı. Dost olan dostunu çəkməzdi dara, Al şanəni, siyah zülfün di dara. Həsrət qoymaginən didar-didara, Görən, dost yolundan Leyli niyazdı? Həya çəkib, daldalanma sən ara, Həqiqi dostundan kəsmə sən ara. Abdullanın xəyalını sən ara, Gəzir şəms təki leylini, yazdı. * * * Minaya mənəm Naqafil ölkənə düşdü güzarım, Ləhzədə oxuyan min aya mənəm. Günbəgündən artır dərdi azarım, Hər dəyqəsi dönən min aya mənəm. Quranda oxunan min aya vardı, Həcər nalə çəkdi Minaya vardı. Musa beytullahdan Minaya vardı, İsmayıltək gələn Minaya mənəm. Dost olan dostundan çəkməz ayağı, Piltə yanar şölə çəkər a yağı. A beymürvət, a beyinsaf, a yağı, Bəs niyə demirsən mina, yamənəm. Abdullaya gətirginən az arı, Baxt yatanda şan çəkərmiş az arı. Səni gördü artdı dərdi-azarı, Beyinsaf demirsən Minaya mənəm. * * * Nə sağam indi Nə kəmtale oldum mən bəxtiqara, Eyləyirsən mənə nə sağı indi. Bir dərdə düşmüşəm bulunmur çara, Nə ölə bilirəm, nə sağam indi. Gəl qarşıma – hər qovğaya, qala sən, Mərd igidsən – el içində qala sən. Mən gedirəm, sağlıq ilə qalasan, İndi gül bədənim nəs ağa mindi. Hazar gətdi dərdim üstə hazarı, Müxənnətin qabağında ha zarı. Məcnun təki gəz dağları, ha zarı, Gəl gör taleyimi, nəs ağa mindi. Cavan ömrüm getdi bada, dərdindən, Cismim tab gətirmir bada dərindən. Abdulla xəstədir bada dərindən, Beymürvət qoymur ki, nəs ağam indi. * * * Oyanam indi Könül quşu pərvaz etdi qəfəsdən, Çəkdi səməndini o yana, mindi. Müntəzirəm gözü yolda qalmışam, Bağlasan gözlərim, oyanam indi. Kafi-lama çalsan çıxar bir sinə, Min ayaqdan müddəsindən birsinə. Gər qoysalar mənnən onu bir sinə Bəlkə bu qəflətdən oyanam indi. İgid gərək eşq içində az qala, Eşq atəşi səngimişdi, az qala! Gur sinəyəm canım gedir az qala Beymürvət demir ki , oyan, əm indi. Abdulla qürbətə düşəndə yana, Eşq atəşi cana düşəndə yana, Boşalıb qollarım düşəndə yana, Əzrayıl əmr edər o yanam indi. * * * Salmas Gəzdim İsfahanı,Vanı, İranı, İndi də qalıbdı ay ağa Salmas1. Zənbur2 cəhd eyləyər, dolanar şanı, Pərvanə cismini a yağa salmaz. Dost gərəkdi yaxşı dostu sınaya, Göydən yerə endi neçə sin aya. Məhəbbət xəncərin qoysa sinaya, Dost dostu öldürüb ayağa salmaz. Bilirsənmi danışıram nə sarı, Bəxt yatanda şan çəkərmi nəs arı? Sınıq könlüm, nə viran ol, nə sayrı, Qəssad qəsd eyləyib ay ağa salmaz. Abdulla, namazın keçdi qəzaya, Mənim məzarımı kimlər qazıya, İgid tuş gələndə qəhri-qəzaya, Dost yapışar əldən ayağa salmaz. * * * 1 İranın Qərbi Azərbaycan ostanında şəhər 2 Arı * * * Sayad əmməni Ovçusan, gəzirsən dağ damanında, Sən Allah, öldürmə sayadam məni. Mən gəzirəm Leyli-Məcnun ünündə, Salma nəzərindən, sayadam məni. Gəzdim, seyr eylədim adam içində, Dəryayi-mühitəm adam içində, Sayıl olub gəzsəm adam içində, Seçər el içində say adam məni. Abdullayam, qaldım yasın içində, Yaradan saxlasın yasin içində, “Əlif”,” lam” oxudum Yasin içində, Yetişdim, öyrəndim, sayad “əmmə”ni. * * * Sərsə qal indi Kişi olub el içində dolanan, Çəkəcək aləmdə sərsə qal indi. Nadansan, qanmırsan xeyir, şərini, Niyə qurdun mənə, sarsaq, al indi? Müxənnətin ayağına, dərinə, Xəstə olan yalvaracaq dərinə. Əqlin çaşdı, niyə düşdün dərinə? Kim deyirdi sənə sar sağal indi. Abdullayam, düşdüm ala bilmirəm, Qara xəttim olub ala bilmirəm. İpəkdən, zərbafdan ala bilmirəm, Yaraşır qəddinə, sarsaq, al indi. * * * Sər indi Yarın oylağının sehrinə vardım, Yar gedib yaylağa, aya, sərindi. Yar sevən canını qoyar sərasər, Dost yolunda gedər, ayə, sər indi. Sinəm üstü çalın-çarpaz bu dağı, Yar dəstinə bax tutubdu bu dağı. Bərvi yağı bağlayacaq budağı, Bir badı gibadan ay əsər indi. Taxtdan saldı Rüstəmi, a Zalı, Göz görməsə məhəbbətlər azalı, Abdullaya gələn dostlar azalı, Gəlibdi sərimə ay əsər indi. * * * Sin əsər Oyaq isən çək xədəngin ayağa, Əlikdisə gəldi-keçdi sin əsər. Eynim yaşı leysan təki a yağa, Can ayrılar, cəsəd gedər, sin əsər. Ərşdən aşağı enəndə yana, Eşq atəşi cana edəndə yana, Əzrayıl qeyznən enəndə yana, Alışar cəsədin yanar sin əsər. İgid gərək şər işlərdən səksənə, Qədd əyilsə, deyəcəklər səy sənə. Sənətkarın sinni keçir səksənə, Sər sərinə gətirəcək sin əsər. * * * Yad ağı gəzər Səyyad olan seyrə çıxar səhraya, Ya tərlan axtarar, ya dağı gəzər. Eşqin atəşini salar canına, Çəkər sinəsinə ya dağı gəzər. Dildə zikr eyləyən Sinaya gələr, Ayaqdan can çıxar sinaya gələr. Əzrayıl qeyznən sinaya gələr, Yığılar qəssalar yad ağı gəzər. Dağda sehr eyləyən şir indi hanı? Dahanda ləzzəti şirinidi hanı? Sənətkar axtarır: Şirindi, hanı? Qatar ləzzətinə yad ağı gəzər. * * * Yarala məni Bir ərzim var qulluğuna rəfiqim, Gör necə çəkibdir yar ala məni. Od tutub cismimdə yanar atəşlər, Seyraqublar qoymur yar ala məni. Eyləyibsən gül rəngimi sarı sən, Tərlan oylağına qoyma sarı, sən. Təbibimsən qollarımı sarı sən, Demədim neştər vur yarala məni. İyidin varıdı, üz ağı gördüm, Qəvvas dəryalardan üz ağı gördüm, Abdullayam, yaxın-uzağı gördüm, Görmədim tifiltək yar ala məni. * * * Yarağını sən Səhər şikarını, seyri-gülşəndə, Alıbsan dəstimin yarağını sən. Şirin danışanda, şirin güləndə, Qatırsan şərbətə, yar, ağını sən. Mərdin məclisində nə danəsidi, Mürğin dahanında nə danəsidi? Dost dostdan sirrini nə danəsidi, Deyirsən sözünün, yar, ağını sən. Həqiqi dostunu sına gedəndə, Seyraqub gərdəni sına gedəndə. Sənətkar Abdulla sinə gedəndə. Ümid var, verəsən, yar, ağını sən. * * * Yay indi Ovçusan, durubsan ov bərəsində, Qur tələni, maral keçdi, yayındı. Əlif qəddin, ay qabağın, gül üzün, Cəllad qaşın çəkilibdir yay indi. Ərş üzündə Gün dolanıb üzərmiş, Müxənnətin dolandığı üzərmiş. Dərdin məni incəldərmiş, üzərmiş, Ya bu gündü, ya sabahdı, ya indi. Abdullayam, qayıl oldum ay aza, Katib gərək mənim dərdim a yaza. Zimistanda ilqar verdin a yaza, A beymürvət, gözləyirəm yay indi. * * * Yüz dərdə Aman gözəl, əlac eylə dərdimə, Səndən ötrü mən düşmüşəm yüz dərdə. Ləblərindən özgə şəfa bilmərəm, Əgər gəlsə mən xəstəyə yüz dərd də. Xallarındı can quşuna ya sərdən, Harda görsən hazar eylə yasərdən. Səni görcək ağlım getdi ya sərdən, Divanətək gözüm qaldı yüz dərdə. Abdullaya göstərginən bağı sən, Tax boynuma gülabatın bağı sən. Naz ilə gir, seyr elə gəl bağı sən, Süsən-sünbül, qönçə gülü yüz dər də. * * * Kitabxana.az · https://kitabxana.az/collections/usta-abdulla-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.