Müəşşərlər Molla Pənah Vaqif (1717–1797) Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad Nagahan bir dərdə düşdün olmadı dərman, Cavad! Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad! Yetməyib məqsudə, getdin belə novcavan, Cavad! Qaldı İbrahim xan, qan-yaş töküb giryan, Cavad! Səndən ötrü, xan Cavad, Sərdar Cavad, sultan Cavad! Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Ey əziza, bir cavan idin əcəb bəxşi-xuda, İzzü rüfət sahibi, bir xoşnüma, xəndan liqa, Gəlməmişdir sən kimi pakizə tinət mütləqa, Oldu heyfa dərdi-bidərman, bu dəhri-bivəfa, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Neylədi, ey vay, sənə dövrani-kəc, bədruzigar, Getdi gül rəngin solub, nazik vücudin xarü zar, Gəldi bəxtin qarə, oldu taci-təxtin tarümar Neçə gözlər qaldı həsrət, neçə canlar intizar, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Firqətindən xan baban qəddi bükülmüş dal olub, Baş açıq, üz-sinə məcruh validən bədhal olub, Fərş edib torpağa üz həmşirələr pamal olub, Gündə bir məhşər qopar, gəl, gör necə əhval olub, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Od düşüb, köşkü saraylar guyiya tağlar yanar, Səs verir səngü şəcərlər, od tutub dağlar yanar, Yasa girmiş səbzələr, geymiş qara bağlar, yanar, Cümleyi-xəlqi-cahan qan yaş töküb ağlar, yanar, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Dəmbədəm ağlar görənlər xəttü xalın yad edib, Şövkətü şanın anıb, o qəddi-dalın yad edib, Xoş deyib-danışmağın, əqlü kamalın yad edib, Yandırır odlara cismin, gül camalın yad edib, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Bu müsibətdə Qarabağa düşübdür va səsi, Dərdi-bidərmanü dağü suzi-bipərva səsi, Kim, çıxar ərşi-bərinə ruzü şəb nala səsi, Şəhrü səhradən kəsilməz ahü vaveyla səsi, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Düşdü çün qürbət diyarə mənzilin, oldu uzaq, Günbəgün artar ciyərdə atəşi-ahi-fəraq, İstəyənlər eyləsin pəs halını kimdən soraq? Atəşi-həsrət vücudin eylədikcə dağ-dağ, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! Ey dü çeşmi-validə, ey qürrətül-eyni-pədər! Ey süruri-sinə, ey ruhi-rəvan, nuri-bəsər! Qaldı həsrət, göz üzün görməz, könül bilməz xəbər, Yana-yana ta əbəd büryan olub yanar ciyər, Səndən ötrü, xan Cavad, sərdar Cavad, sultan Cavad, Sərbəsər geysin qara bundan geri dövran, Cavad! Oldu çün nazik vücudin xak ilə yeksan, Cavad! * * * Ey rəngi-rüxi-alına heyran gülü lalə Ey rəngi-rüxi-alına heyran gülü lalə, Can qurban ola sən kimi bir qaşi hilalə, Vəh, cilvəyi-eşqin yetişibdir nə kəmalə, Təhsin gətirər göydə məlaik bu cəmalə, Seyr eləmişəm çox sənəmi-hurimisalə, Amma, nə deyim, olmamışam bəndə həvalə Bir sən kimi şəkkər dəhənü tuti məqalə, Ta aşiq olubdur könül ol arizi-alə, Həm silsileyi-kakilə, həm daneyi-xalə, Daim çəkərəm sübhə təkin hər gecə nalə. Səndən ki, cüda nuş edərəm sağəri-gülnar, Tünd olma, dönüm gözlərinə, özgə səbəb var, Ərz eyləyim, ol türreyi-ənbər güli-rüxsar Qılmış məni bir müşkül olan dərdə giriftar, Amma yanaram atəşə pərvanə kimi zar, Yəni ki, olalı sənə mən aşiqi-didar, Hərgiz deyil əhvalıma bir kimsə xəbərdar, Naçar edərəm dərdi-dilim saqiyə izhar, Ləlin ki, düşər yadıma, ey gözləri xummar, Bu zövqlə gahi içərəm neçə piyalə. Minavü sürahində ki, vardır bu lətafət, Gör çəkməyələr qamətü gərdən sənə nisbət, Hərgiz mən edərdimmi dəxi onlara ülfət, Hicrində yetər canıma çox möhnətü külfət, Istərsə mənə gündə çəkib tiği-siyasət Öldürmək üçün üz qoya qatil kimi firqət, Şirin dəhənin ta ola bir dəm bizə qismət, Sabir oluram var nə qədər canda səlamət, Sənsiz, nə rəvadır, mən edəm eyşlə işrət, Bəsdir mənə şövqüm ki, olur cami-visalə. Oxşar, deyirəm, ləblərinə badeyi-gülgun, Onunçün olur hər dəm ona rəğbətim əfzun, Məzur tut, oldum belə şuridə cigərxun, Çox olmuşam aşüftə, pərişan, dilü məhzun, Zira ki, sənin daneyi-xalindəki əfsun Dil mürğünü etmiş girehi-zülfünə məftun, Cəm olsa əgər bir yerə Loğmanü Fəlatun, Yox çarə dəxi badədən özgə mənə əknun, Hicran günü dil xəstə olan dəmdə bu məcun Bir vasitədir dəfi-qəmü dərdü məlalə. Vaqif kimi kim, dəm vuraram zülfi-siyadən, Əzamə düşər lərzə sərasər bu nəvadən, Tənbur sifət cuş edərəm zərdi-həvadən, Indi məni hər kəs görər olsa rüfəqadən Bir tarə bərabər tutar ol cəngi dütadən, Qanun belədir firqeyi-üşşaqə binadən, Sən cahilsən, yox hələ elmin bu ədadən, Yoxdur xəbərin, hiç deməzsən, füqəradən; Bir kərrə düşəndə xəbər al badi-səbadən, Saçın həvəsi gör ki, məni saldı nə halə? * * * Ey büti-tutizəban, gəl ki, məqalın istərəm Ey büti-tutizəban, gəl ki, məqalın istərəm, Təşneyi-didarinəm, abi-zülalın istərəm. Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm, Üz bəyazında sənin öz xəttü xalın istərəm, Mətləi-vəchində əbruyi-hilalın istərəm, Sayeyi-sərvi-qədi-tuba misalın istərəm, Dəmbədəm zövqi-tamaşayi-camalın istərəm, Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm, Qalmışam hicrində, gülzari-visalın istərəm, Ey büti-tutizəban, gəl ki, məqalın istərəm! Güllər açılmış, bu gün eyşü nişatın vəqtidir, Guşeyi-gülzardə fərşi-büsatın vəqtidir, Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir, Bəzmi-eydi-vəslə tərtibi-nişatın vəqtidir, Inqizayi-fəsli-güldən ehtiyatın vəqtidir, Illəti-eşqə ilaci-buqratın vəqtidir, Rövzeyi-rizvan üçün seyri-siratın vəqtidir, Aşiqü məşuq ara xoş inbisatın vəqtidir, Hər zaman şirin-şirin ixtilatın vəqtidir, Ey büti-tutizəban gəl ki, məqalın istərəm! Rahi eşqində sənin mən canü sərdən keçmişəm, Parə-parə qılmışam könlü, ciyərdən keçmişəm. Yanmışam pərvanələr tək, balü pərdən keçmişəm, Hər səmənsa türrədən, hər simbərdən keçmişəm, Dilbəri-qönçədəhən, nərgisnəzərdən keçmişəm, Lalədən əl çəkmişəm, gülbərgi-tərdən keçmişəm, Tərk edib dəhrin səfasın xeyrü şərdən keçmişəm, Dişləri çün məxzəni-dürrü gühərdən keçmişəm, Kövsəri unutmuşam, şəhdü şəkərdən keçmişəm, Təşneyi-didarinəm, abi-zülalın istərəm! Mən sənin bir aşiqi-biixtiyarın olmuşam, Bidilü-bicanü bisəbrü qərarın olmuşam, Şanəvəş müştaqi-zülfi-tabidarın olmuşam, Incəlib saətbəsaət tarü marın olmuşam, Uzun illər payibəndi-rəhgüzarın olmuşam, Valehi-xali-zənəxdanü üzarın olmuşam, Bir onalmaz dərdiməndi-intizarın olmuşam, Şux nikahından düşüb şirin şikarın olmuşam, Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm! Çünki müştaq olmuşam sən sərvi-siməndamə mən, Eylərəm müjganımı xun ilə zərrin xamə mən, Yazaram hər gün sənə mehri-vəfadən namə mən, Çox dedim, həmrəng olum ol arizi-gülfamə mən, Qoymaz amma çərxi-gərdün tez yetəm bu kamə mən, Yox əcəb, desəm siyəh ru gərdişi-əyyamə mən, Düşmüşəm sərhəlqeyi-zülfün ucundan damə mən, Nə şərabi-ləligunə mayiləm, nə camə mən, Tikmişəm göz ruzi-vəslindən gələn bayramə mən, Mətləi-vəchində əbruyi-hilalın istərəm! Ta gəlir gəh-gəh mənə badi-səbadən kağızın, Canımı mədhuş edər ənbər həvadən kağızın, Bərgi-gül tək düşməz ol ətri-fəzadən kağızın, Sanki bir əttardir gəlmiş Xətadən kağızın, Dəm vurar Isa kimi ömri-bəqadən kağızın, Bir əcəb sərməşqdir mehri-vəfadən kağızın, Işləsin qasid, kəsilməsin aradən kağızın, Kəm deyildir lövhi-tumari-qəzadən kağızın, Alsa min zinət əgər müşkin qəradən kağızın, Üz bəyazında sənin öz xəttü xalın istərəm! Göstəribdir, bilməzəm, ləlin nə ləzzət könlümə, Dönə-dönə onu fikr etməkdir adət könlümə, Ondan özgə gəlməyib şirin hekayət könlümə, Firqətindən qalmayıbdır səbrü taqət kölümə, Qamətindən ayrı zahirdir qiyamət könlümə, Vədeyi-vəslin ha versin istiqamət könlümə, Sən özün ta etməyincə bir inayət könlümə, Çox yetər əğyaridən cövrü ihanət könlümə, Sayeyi-sərvi-qədi-tuba misalın istərəm! Çün müradi-xatirimdir ləli-ləbdən sudi-eşq, Eylərəm hərdəm qara bağrımı xunaludi-eşq, Ərşə başımdan çıxar tük başına min dudi-eşq, Hər rəkimdir abi-sevdadən dolu bir rudi-eşq, Zahidi-bibak tək mən olmazam mərdudi-eşq, Haliya mülki-məlahətdə mənəm Məhmudi-eşq, Var ümidim ki, olam mən müqtədai-cudi-eşq, Həq, mənə etmiş müsəlləm çünki hər mövcudi-eşq Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq, Qalmışam hicrində gülzari-visalın istərəm! * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-muesserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.