Müxəmməslər Molla Pənah Vaqif (1717–1797) Aldı canım naz ilə ol gözləri şəhla pəri Aldı canım naz ilə ol gözləri şəhla pəri, Ləbləri püstə, yanağı laleyi-həmra pəri, Cismi gül, başdan ayağa qaməti rəna pəri, Sərvdən yeyrək, sənubərdən dəxi bala pəri, Yavru laçın gözlü, topğun sinəli sona pəri. Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni, Qara zülfü müşkü ənbər, ağ bədən gül xərməni. Saçları reyhan qoxulu, qoynu cənnət gülşəni, Ləbləri kövsər məkanı, ağzı şəkkər mədəni, Sözü şirin, özü amma xosrovü əla pəri. Al geyib əlvan ləçək örtər, gülabəfşan çıxar, Sanasan, bürci-fələkdən bir mahi-taban çıxar, Seyrinə aləm sərasər hər tərəf, hər yan çıxar, Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar, Göz ucuyla hər kimə eylər nihan ima pəri! Ey mənim mahım, sənə bu şəhr, bu ellər fəda! Basdığın torpağa hərdəm, lalələr, güllər fəda! Saçının hər muyinə yüz saçı sünbüllər fəda! Ləhceyi-göftarına gülşəndə bülbüllər fəda! Qaşının bir tağinə qurban iki dünya, pəri. Vaqifəm, canım sənə hərdəm fədalər eylərəm, Ah çəkib hicrində qarğu tək sədalər eylərəm, Dərgahində kəlbinə çox ilticalər eylərəm, Gecə-gündüz ömrünə xeyrü düalər eylərəm, Saxlasın dəhrin bəlasından səni mövla, pəri! * * * Bir gözəl qamətli yari-lalərəngi sevmişəm Bir gözəl qamətli yari-lalərəngi sevmişəm, Yarə istiğnası şirin şuxü şəngi sevmişəm, Qaşı yay, kirpikləri türfə xədəngi sevmişəm, Ox atıb qanlar tökən türkanə cəngi sevmişəm, Halə rəhmi gəlməyən bir bağrısəngi sevmişəm. Naz ilə sərxoş gedəndə ol gözəllər sərvəri, İki yandan mövc edir zərrin kəlağey ucləri, Bir mələkdir, sanasan, uçmağa açmış şəhpəri, Rövzeyi-kuyi Mədinə, qaşı Kəbə minbəri, Arizi üzrə Həcər tərhində bəngi sevmişəm. Bad əsib üzdən niqabı açılanda gah-gah, Şöləsindən gün olur göydə xəcil, şərməndə mah, Gərdəni, qəddi tamam göyçək, rüxü süni-ilah, Sərbəsər əndamı ağ, qaşı, gözü, saçı siyah, Al hənadan lalərəng gülgunə çəngi sevmişəm. Hər zaman kim, ol sənəm gedir qabağımdan mənim, Başadək bir od düşər, yanar ayağımdan mənim, Göy dəyir bir-birinə ahi-fəğanımdan mənim, Kəsmə mina qülqülün, saqi, qulağımdan mənim, Xəndeyi-cananə bənzər mən bu həngi sevmişəm. Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır, Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır. Gözlərindən ələman kim, canımın cəlladıdır. Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır, Deməyin, Sənan kimi azıb firəngi sevmişəm. * * * Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi? Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi? Cigər pürkaləsindən navüki-müjgan keçsinmi? Fələk səqfindən ahü naləvü əfğan keçsinmi? Dəlib peyvəstə bağrım başını peykan keçsinmi? Həmişə sinə büryandır, könül viran, keçsinmi? Mənə bir şəfqətin var, günüm ya zar olsunmu? Əvvəlkindən betər, yoxsa, dili-bimar olsunmu? Sinəmdə yerbəyerdən yarələr xunbar olsunmu? Gecələr gözlərim ta sübhətən bidar olsunmu? Səhər axşamatək möhnətdə bağrım qan keçsinmi? Ucundan, ey güli-rəna ömrüm badə getsinmi? Axıb bu qanlı yaşım, sel olub bərbadə getsinmi? Mənə bu çəkdiyin dağlarilə dünyadə getsinmi? Gəlirsənmi, könül yoxsa əlindən dadə getsinmi? Pərişanlıqda halım, ey şəhi-xuban getsinmi? Bu zülmü tərk edib rəhm etməyi adət edərsənmi? Mən öldüm həsrətindən sən də bir mürvət edərsənmi? Ləbindən busə bir yol almağa rüsxət edərsənmi? Mənimlə yar olub, mehr eyləyib ülfət edərsənmi? Dəlib peyvəstə bağrım başını peykan keçsinmi? Vücudim xahi-rahində qübari-payə dönsünmü? Saralıb həsrətindən surəti-heyvayə dönsünmü? Fərağindən işim hər ləhzə ahü vayə dönsünmü? Çəkib qaşin qəmin Vaqif, əyilib yayə dönsünmü? Kəbab olmuş cigər çün təşneyi-suzan keçsinmi? * * * Ey səba Ey səba, yarə de kim, avarə gördüm Vaqifi, Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi, Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi, Aqibət salmış özün odlarə gördüm vaqifi, Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi. Bir yanar atəş salıb pərvanə tək əzainə, Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə, Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə, Baş qoyub eylə sənin ol zülfünün sevdasinə, Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi. Qaməti-mövzun ilə bir sərvi-gülşənsən gözəl! İki dünyanın səfavü zövqünə tənsən, gözəl! İtməyə gözdən, könüldən ayrısan, gensən gözəl! Fikri, zikri, dediyi, danışdığı sənsən, gözəl. Mayil olmaz hər yetən köftarə, gördüm Vaqifi. Qaşlarından ayrı ol mehrabı görməz gözləri, Eyləməz şəmsə nəzər, məhtabi görməz gözləri. Arizin istər, güli-sirabi görməz gözləri, Ağlar eylə gecə-gündüz, xabı görməz gözləri, Yandırıbdır canını odlarə, gördüm Vaqifi! Söylə kim, başın üçün, bir lütf qıl, ey gülüzar! Sallanıb sərvi-rəvan tək bu yana eylə güvar, Gecə-gündüz dərdü qəm etmiş məni candan bezar, Görməyə didarını hərdəm çəkər çox intizar, Gözlərin dikmiş baxar yollara gördüm Vaqifi * * * Görmədim Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim Aşinalar ixtilatında sədaqət görmədim, Biətü iqrarü imanü dəyanət görmədim, Bivəfadan lacərəm təhsili-hacət görmədim Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmu dərdü fəraq, Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan səvayı bir hekayət görmədim Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl, Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl, Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl, Müqtədilərdə itaət, müqtədalərdə əməl, Bəndələrdə simu bəylərdə ədalət görmədim. Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman, Hansı qəmli könlü kim, sən edər olsan şadiman, O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman, Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman, Bulmadım bir dost ki, ondan bir ədavət görmədim. Alimü cahil, müridü mürşidü şagirdü pir, Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir, Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir, Şeyxlər şəyyad, abidlər abusən qəmtərir, Hiç kəsdə həqqə layiq bir ibadət görmədim. Hər kişi hər şey ki, sevdi, onu behtər istədi, Kimi təxti, kimi taci, kimi əfsər istədi. Padşahlar dəmbədəm təsxiri-kişvər istədi, Eşqə həm çox kimsə düşdü vəsli–dilbər istədi, Heç birində aqibət, bir zövqü rahət görmədim. Mən özüm çox kuzəkarı kimyagər eylədim, Sikkələndirdim qübari-tirəni zər eylədim, Qara daşı döndərib yaquti-əhmər eylədim, Daneyi xərmöhrəni dürrə bərabər eylədim, Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim. Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını, Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını, Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını, Dönə-dönə imtahan etdim fələk dövranını, Onda mən bərəkslikdən özgə adət görmədim. Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar, Zərrəcə etməz ədayi-şükri-nemət aşikar, Qalmayıbdır qeyrəti şərmü həya, namusu ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim. Müxtəsər kim, belə dünyadən gərək etmək həzər, Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər, Alilər xaki-məzəllətdə, dənilər mötəbər, Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər, İşlənən işlərdə ehkamü ləyaqət görmədim. Dövlətü iqbalü malın axırın gördüm tamam, Həşmətü cahü cəlalın axırın gördüm tamam, Zülfü ruyü xəttü xalın axırın gördüm tamam, Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, Başədək bir hüsnü-surət, qəddü qamət görmədim. Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur, Getdi din əldən, bu gündən böylə sən eylə zühur, Qoyma kim, şeytani-məlun eyləyə imanə zur, Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur Kim, şəriət məşəlində istiqamət görmədim. Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, Etmədim, səd heyf kim, bir mahi ruxsarə nikah, Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah, Səndən özgə kimsədə lütfü inayət görmədim. * * * Təzkireyi-Nəvvab Naz ilə ta ol büti-tərsa kəlisadən çıxar, Sərxoşü xəndan bipərva kəlisadən çıxar, Şahdır, guya geyib diba, kəlisadən çıxar, Açıban təl’ət günəşasa kəlisadən çıxar, Şölə salmış aləmə ta kim, kəlisadən çıxar. Ləhzə-ləhzə eylədikçə mahruxsarı zühur, Ləm’ə-ləm’ə ziri-bürqdən düşər dünyayə nur, Ani bir kərrə görən dindən olur, əlbəttə, dur, Necə kim, cənnət sarayından çıxar qilmanü hur, 0 şəkil bu düxtəri-tərsa kəbsadən çıxar. Şanəvəş seyqəl verib zülfı-bənəfşə nisbətə, Pərdə mütləq tutmuyub simavü sədrü surətə, Qıl tamaşa gərdənə, seyr elə qəddü qamətə, Qaşü göz, qəmzə, məazallah, dönübdür afətə, Etməyə din mülkünü yəğma kəbsadən çıxar. Gül kimi nərmilə nazik pirəhəııdə ağ bədən, Bilmənəm ya şölədir, ya xərməni-bərqi-səmən. Dişləri qəltan sədəf, çün ağzıdır lə’li-Yəmən, Ağ qabağda bir gəz anın taği-əbrusin görən, Meyli-məscid eyləməz haşa, kəbsadən çıxar. Vaqifəm, ta ki, sataşdı gözüm onun qaşına, İstədi mehrabü minbərdən xəyalım daşma, Şimdi bildim ki, nə gəlmiş Şeyx Sən’an başına, Ya budur ki, Tiflisi ğərq eylərəm göz yaşma, Ol sənəm vəsli mənimçün, ya kəbsadən çıxar. * * * Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng, Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng. Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng, Canıma atəş salıb yaxdı sərasər bir tüfəng, Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng. Qıvrılır könlüm tüfəngdən dəm vuranda, mar tək, Od çıxar ağzımdan ol çaxmaği-atəşbar tək, Gülleyi-əşki atar çeşmim şərarı nar tək, Müşki barut ətrilə həm türreyi-tərrar tək, Etmədi dimağimi mütləq müəttər bir tüfəng. Bu Qarabağ içrə çox çıxdım tələb meydanına, Müşkül oldu çünki yol bulmaq onun imkanına, Eylədim bu müşkülü izhar Şirvan xanına, Göstərib lütfü kərəm mən bəndeyi-fərmanına, Etdi vədə ol şəhinşahi-dilavər bir tüfəng. Bavər etdim vədəyə, gəldim ki, mən ol həm gələ, Gəlmədi, amma gözüm yollarda qalıbdır hələ. Nalişimdən hər zaman düşdü zəmanə zəlzələ, Derlər ol bəylərbəyi həm axtarır düşməz ələ, Qəhdə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng? Hər kim istər kim, vücudi mərəkə ara gərək, Kəndi zatından silahü əsləhə əla gərək, Gülləsilə xuni-əda tökməyə sevda gərək, Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək, Vaqifa, yoxsa deyil, məqbulumuz hər bir tüfəng. * * * Ey pərisima, sənin didarının müştaqiyəm Ey pərisima, sənin didarının müştaqiyəm, Zülfü ənbər buylu, gül rüxsarının müştaqiyəm, Gərdənində asılan şahmarının müştaqiyəm, Şux qəmzə, nərgisi-xumarının müştaqiyəm, Şol sənubər qəddü xoşrəftarının müştaqiyəm. Qaşların tağın qoyub, qeyri hilalə baxmaram, Arizindən göz kəsib, ol vərdi-alə baxmaram, Xeyli heyranam sənə, özgə cəmalə baxmaram, Tutinin ağzındakı şəkkər məqalə baxmaram, Mən sənin şirin-şirin göftarının müştaqiyəm. Hər yetən naməhrəmi özünə məhrəm eyləmə, Yar, mənə qan ağladıb, əğyarı xürrəm eyləmə, Özünü söz bilməyən nafəhmə həmdəm eyləmə, Zülm qıl, canımdan ol azarını kəm eyləmə, Şadiman eylər məni, azarının müştaqiyəm. Olmasa bir ləhzə gər qəddin nəzərgahım mənim, Asimani-niligunu titrədər ahım mənim, Mən sənin bir çakərin, sənsən gözəl şahım mənim, Könlümü zülmatə salmış hicrin, ey mahım mənim. Gəl ki, şimdi ruyi-pürənvarının müştaqiyəm. Vaqifi öldürdü ol məhrulərin pərvizəsi, Bağrıma müjganının sancıldı tirü nizəsi, Zəxmi-sinəmdən töküldü üstüxanım rizəsi, Ey Qarabağın yeni açmış güli-pakizəsi, Xəstəyəm, qoynundakı ol narının müştaqiyəm! * * * Sənin, ey şux məlaikzadə, qurbanın olum Sənin, ey şux məlaikzada, qurbanın olum, Gəlmişəm dərgahına mən dada, qurbanın olum, Nə olur, bir yetsən fəryada, qurbanın olum, Məni gözdən salıb uyma yada, qurbanın olum, Belə iş yaxşı deyil, heç ada, qurbanın olum! Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm, Deyə bilməm sənə, amma elə gizlu çəkirəm, Neyləyim, çox görürəm zülmünü, qorxu çəkirəm, Dolanıb mən qapına, busəyə arzu çəkirəm, Sən özün bir yetəsən fəryada, qurbanın olum! Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin, Tazə gül xərmənidir başdan-ayağa bədənin, Lal edər tutiləri ləhceyi-şirin süxənin, Gülşənin rövnəqisən, zinətü bağü çəmənin, Boyun oxşar sənin ol şümşada, qurbanın olum! Xəstənəm, çox dilərəm, yanıma bir dəm gələsən, Çəkibən xəncəri, bağrım başını bir dələsən, Baxıban bəndə çəkən cövrü cəfanı biləsən, Bəlkə, bir rəhmə gəlib dərdimə çarə qıləsən, Getməyə ah ilə ömrüm bada, qurbanın olum! * * * Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən, Çox lütfü kərəm, cudü ətalər gətiribsən, Xurşid kimi nurü ziyalar gətiribsən, Bu şəhrə ki, təşrifi-bəqalər gətiribsən, Sən xoş gəlibsən və səfalər gətiribsən. Ey zati-şərifində olan cilveyi-təhsin, Hicrin bizi etmişdi belə xəstəvü qəmgin, Nə dərdinə həd var idi, nə cövrünə təxmin. Biz müntəziri-rahin idik, gözümüz aydın, Xaki-qədəmində tutiyalər gətiribsən! Ey sahibi-təzim, sərü can sənə peşkəş! Dürdaneyi-çeşmi-gövhərəfşan sənə peşkəş! Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş! Məcmueyi-mülki-dili-nalan sənə peşkəş! Xoş mədilətü üqdəgüşalər gətiribsən! Ey nüsxeyi-fərrux, rəqəmi-münşii-qüdrət, Əbruyi-lətifin xəti-mənşuri-səadət, Sərlövhi-rüxün məsdəri-dibaçeyi-fitrət, Məzmuni-vücudun, bəli, imdadi-inayət, Müxlislərə ehsanü səxalər gətiribsən! Ey cani-müəlla, məhəli-sərvəri-Vaqif, Fəğfurü Fridunu Cəmü qeysəri-Vaqif. Əflaki-səadətdə səid, əkbəri-Vaqif, Didarinə müştaq idi çeşmi-təri-Vaqif, Əlminnətülillah ki, cilalər gətiribsən. * * * Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin! Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin! Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin! Səvadi-Misir xalın Yusifi-Kənanı, xoş gəldin! Gözüm, könlüm, əzizim, qəlbimin xaqanı, xoş gəldin! Münəvvər eylədin bu dideyi-giryanı, xoş gəldin! Səni badi-səbamı, eylədi agah halımdan? Eşitdin yoxsa bir səs naleyi-bietidalımdan? Nə müddətdir xəyalın çıxmamışdır xud xəyalımdan, Fəğanım guşinə yetdi, xəbər verdi məlalımdan, Kim ərz etdi, gətirdin dərdimə dərmanı, xoş gəldin? Şəha, lütfün füzun olsun ki, əltafi-ziyad etdin, Bu gün müştaqi-didarın olanı bərmürad etdin, Əzəldən ha unutmuşdun, nə yaxşı sonra yad etdin, Qədəm basdın səadətlə, bizi əlhəqq şad etdin. Şərəfli bürci-iqbalın məhi-tabanı, xoş gəldin! Ləbi-abi-həyatın Vaqifə canpərvər istərdim, Skəndərdən də yüz qatla zülalın behtər istərdim, Nə zövqi-cənnətül-məva, nə abi-kövsər istərdim, Məqalından mükərrər tutilər tək şəkkər istərdim, Gözüm üstə qədəm basdın, məlahət kanı, xoş gəldin! * * * Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin! Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin! Payinə peşkəş ola baş ilə can, xoş gəldin! Bas gözüm üstə qədəm, sərvi-rəvan, xoş gəldin! Sənə müştaqdı dil, qönçədəhan, xoş gəldin! Gəl-gəl, ey qumri səda, tutizəban, xoş gəldin! Həqdən istərdim əya yarü vəfadar səni, Xoş yetirdi mənə ol qadirü qəffar səni, Qoymanam getməyə kim, ta nəfəsim var, səni, Görmədi yolda, nə yaxşı, rəqib, əğyar səni, Belə bivaxtəvü pünhanü nihan, xoş gəldin! Surətin kilki qəzanın xəti-mənquşəsidir, Ömrü cavid qılan ləli-ləbin tuşəsidir, Zülfünün badi-səba aşiqi-mədhuşəsidir, Bəndə xanə sənin öz mətbəxinin guşəsidir, Əfvi-təqsir buyur şahi-cahan, xoş gəldin! Nə zaman ki, deyəsən ey güli-xəndan, gedərəm, Bil ki, mən həm düşübən dalına giryan gedərəm, Yəni zülfün kimi çox halı pərişan gedərəm, Öz ayağınla gəlibsən, sənə qurban, gedərəm, Ey qara kirpiyi ox, qaşı kaman, xoş gəldin! Çün gəlibsən, kərəm et, sən dəxi bizdən getmə! Görməsəm gər səni bir dəm, ölərəm mən, getmə! Dolanım başına, Allahı sevərsən, getmə! Gedər olsan yenə gəl, bizdən elə gen getmə! Qoyma gəl Vaqifi çox da nigəran, xoş gəldin! * * * Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir, Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir, Xaki-qədəmi dideyi-tərdən gedəcəkdir, Ey heyf səadət ki, bu yerdən gedəcəkdir, Təşrifi onun yəni şəhərdən gedəcəkdir. Məndə nəzəri var idi bu türfə cəvanın, Didarinə çox müştaq idim mən dəxi anın, Sinəm hədəfiydi müjeyi-xunfəşanın, Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın, Peykanı çıxıb zəxmi-ciyərdən gedəcəkdir. Oldur mənim arami-dilim, yarü nigarım, Onsuz ola bilməz fərəhim, səbrü qərarım, Türfə sənəmü sərvi-qədim, lalə üzarım, Nola gələ bir də mənim ol şahsüvarım, Hala ki, səlamət bu səfərdən gedəcəkdir. Saqi, nə durubsan, sölə, dövran yola düşsün, Çalsın dəfü ney, naləvü əfğan yola düşsün. Olsun bu vilayət hamı viran, yola düşsün, Bu gecə gərəkdir irəli can yola düşsün, Fərda ki, sürahi qədü gərdən gedəcəkdir. Yarın sənə iqrari gər iqrar isə, Vaqif, Hər dərdi dilindən ki, xəbərdar isə, Vaqif, Tərk eyləmə, hərçənd sitəmkar isə, Vaqif, Çək başına, bir fikrin əgər var isə, Vaqif, Ol sərvi-qədin sayəsi sərdən gedəcəkdir! * * * Dərdin öldürdü məni, ey növcəvanım, gələ gör Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör, Həsrətindən oda yandı din, imanım, gələ gör, Yoluna baxa-baxa üzüldü canım, gələ gör, Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör, Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör! Səndən ayrı kəsilib səbrü qərarım gecələr, Yuxu gəlməz gözümə, artır azarım gecələr, Asimanə dayanır naləvü zarım gecələr, Sübhəcən qan ağlaram, ey gülüzarım, gecələr, Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör! Müştaqam qamətinə, gərdəninə, qollarına, Qaşına, qabağına, ağ üzünə, xallarına, Zülfünə, buxağına, yanağına, əllərinə, Ey gözəllər sərvəri, qurban olum yollarına, Həsrətinlə oda yandı din-imanım, gələ gör! Mən səni görməkdən ötrü bari bir gəz, ey sənəm, Canımın hövlündən, aya, neyləyim heç bilmənəm, Dərdim artıb az qalıbdır ki, o Isayə dönəm, İstərəm gündə kəlisa qapısında əylənəm, Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələ gör! Könlümü tutmuş sərasər dərdü möhnətlər mənim, Hər işim Məcnun kimi olmuş hekayətlər mənim, Ara yerdə başıma qopmuş qiyamətlər mənim, Könlümün gülzarına dəymiş çox afətlər mənim, Yoluna baxa-baxa üzüldü canım, gələ gör! Vaqifə hicrin sənin çox zülmü bidad eylədi, Olmadı dərmanı bunca dadü fəryad eylədi, Bu qəziyə cümleyi-düşmənləri şad eylədi, Aqibət eşqin məni, ey şux, Fərhad eylədi, Ey dodağı şəkkərim, şirin dəhanım, gələ gör! * * * Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat! Olsun belə canım sənə qurban, qaraçarqat! Sənsən nə gözəl gözləri məstan qaraçarqat! Dərdindən olubdur ciyərim qan, qaraçarqat! Dönüm başına zülfü pərişan, qaraçarqat! Məclisdə sənəmlər başıdır, şahi-hümayun, Gərdən çəkibən oturu mina kimi movzun, Nimtənəsi nilufəri, pirahəni gülgun, Buxağı, zənəxdanı, qabağı dolu altun, Qılmış özünü cümlə zərəfşan qaraçarqat. Gör necə gülab ilə qılıb zülfünü nürnəm, Durub dönəsən başına şanə kimi hər dəm, Didarı mübarək, qaşıdır qibleyi-aləm, Dünyada axır, mən dəxi çox görmüşəm adəm, Bir türfə mələkdir, deyil insan qaraçarqat. Cəm etsən əgər yanına xubani-cahanı, Bir zərrəcə sevməm dəxi qeyrini, səvanı, Sən saxla pənahında, xudaya, bu cavanı, Yolunda payəndaz edərəm baş ilə canı, Olsaydı bizə bir gecə mehman qaraçarqat. Şahbaz oturub, sayə salıb əncümən üstə, Salmış iki yandan ləçəyi gül bədən üstə. Bir lalədir ol san açılıbdır çəmən üstə, Qönçə kimi yaşmağı çəkibdir dəhən üstə, Vaqifdən edir üzünü pünhan qaraçarqat. * * * Valinin çeşmi çırağı, vəh nə türfə can imiş Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş, Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş, Düşməni pamal edən sərdari-valaşan imiş, Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş, Saxlasın Allah pənahında, əcəb oğlan imiş. Heç yoxdur nisbəti, özgə diyarın xanına, Bir cavandır kim, yaraşır padşahlıq şanına. Dəyməsin afət yeli, yarəb, güli-xəndanına, Sərbəsər aləm gərəkdir baş əyə fərmanına, Taqi-əbruyi-lətifi qibleyi-iman imiş. Xoş tamaşa eylədim, gördüm tamam ətvarını, Çox bəyəndim özünü, həm ləhceyi-göftarını, Maşaallah, zahir etmiş ululuq asarını, Belə sandım kim, mələkdir əvvəla didarını, Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş. Sayır oğlundan xanın gər olmadıq biz ruşinas, Manei yox, onları həm eylədik bundan qiyas, Bu ocaq böylə ocaqdır, eyləmiş nur iqtibas, Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas, Valinin ocağı böylə gün kimi taban imiş. * * * Qış günü çünki dönər şol cənnətül-məvayə kürk Qış günü çünki dönər şol cənnətül-məvayə kürk, Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk, Görünür ədna əgərçi himməti-valayə kürk, Eylə ki, püşak olur fəsli-şita əzayə kürk, Tən edər yüz faxiri-məlbuseyi-dibayə kürk! Kürk olan yerdə cahanın rəxti-əlvanı nədir? Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir? Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir? Gərmü nərm adamların qucağı, ya yanı nədir? Rövzeyi-rizvanda bənzər hülleyi-hurayə kürk! Gün bu gündən belə istər hiç təfvir etməsin, Badü bərfin istəsə təbdilü təğyir etməsin, Yazadək kimsə mənə otaq təmir etməsin, Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin, Oldu bir cövşən xədəngi-şiddəti-sərmayə kürk. Pusitini-bərrə ki, büzğalə vəxti filməsəl, Eydi növruzi əyan etməkdədir bürci-Həməl, Dəxi sən lazım deyilsən, ey bahari-xoş əməl, İstəməm şimdən geri xahi gəlmə, xahi gəl, Artırıbdır yəni asayiş qədi-balayə kürk. Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə, Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə. Xaneyi-ehsanı abadan ki, verdi can sənə, Tutma kəm, kim çox kərəmdir həm əzimü şan sənə, Fəxr qıl kim, padişahlardan gəlir paşayə kürk. * * * Verdi ağa mənə bir çuxa ki, min donə dəyər. Verdi ağa mənə bir çuxa ki, min donə dəyər, Qeysəri-Rum geyən rəxti-humayinə dəyər, Filməsəl, xələti-xaqani-Fridunə dəyər, Yaxası yaxa dolu lölöi məknunə dəyər, Müxtəsər hər ətəyi bir ətək altunə dəyər. Çuxa çox görmüşəm, amma ki, bu babət, nə deyim, Kimsədə görməmişəm – qabili-qamət nə deyim, Eləyibdir kişi bu işdə qiyamət nə deyim, Göstərib dərzi bir əcazü kəramət, nə deyim Ki, tamam kari-Ərəstuyü Fəlatunə dəyər. Cənnət əsbabına, zahid, bu qədər müştərisən, Az danış, başım aparma, kişi, sən sərsərisən, Kor deyilsən, hələ bir sil gözünü, bax bəri sən, Sündüsi-xüzrilə tut bu çuxeyi-əxməri sən, Gör bunun hansı biri qiyməti-əfzunə dəyər. Belə kim, bu çuxadır zivəri-fərxəndəliqa, Görməyib kimsə dəxi səlli-əla-ali-əba, Versin Allah bunu bəxş eyləyənə ömri-bəqa, Ləffü nəşrində mürəttəb fərəhü zibü-səfa, Pəri-tovusda olan adəti-qanunə dəyər. Gər mənə başdan ayağa verələr hülleyi-hur, İç üzü gün kimi zər katibi, içi səmmur, Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur, Əl verib könlümə indi o qədər zövqü sürur, Cami-Cəmdə içilən badeyi-gülgunə dəyər. Var imiş məndə əcəb taleyi-xoş, bəxti-niku, Bəxşi-ərzani olub eylə ki, gəldi mənə bu, Bundan iraq ola, yarəb, nəzəri-çeşmi-ədu, Hər geyib durmağı bir dilbərilə rübəru, Baği-cənnətdə olan tubiyi-mövzunə dəyər. * * * Vəh, bu bağın nə əcəb sərvi dilaraları var Vəh, bu bağın nə əcəb sərvi dilaraları var Hər tərəf tazə açılmış güli-rənaları var, Qönçeyi-nərgisi-tər laleyi-həmraları var, Yəni Tiflisin əcəb dilbəri-zibaları var, Ey könül, seyr elə kim, türfə tamaşaları var. Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, Yığılıbdır ona cəmiyyəti huri pərinin, Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin, Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin Məhi-tabanə bərabər sərü simaları var. Ol qədərdir büti-nazikbədənü incəmiyan, Eyləmək olmaz onun sanını məlumi əyan, Hər biri nazü nəzakət ilə min afəti-can, Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan, Məst tavus kimi gərdəni – minaları var. Üzləri pərtövi-mehri-cahanara kimidir, Səfheyi-sinələri simi-müsəffa kimidir, Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir, Əlləri möcüzeyi-həzrəti-Musa kimidir, Dilrübalıqda əcayib yədi-beyzaları var. Ala gözlər süzülüb nərgisi-sirabə dönüb, Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb, Qönçə tək ləblərinin rəngi meyi-nabə dönüb, Tökülüb gərdənə tellər ucu qüllabə dönüb, Sona cıqqası kimi zülfi-mütərraları var. Nə qədər varisə buxaqü zənəxdanü yanaq, Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ, Bir-birindən götürüb şöləsini misli-çirağ, Görməyib kimsə belə qaşü gözü dişü dodaq, Özgə babət sifətü surətü əzaları var. * * * Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş, Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş, Mələkdir övci-əladə, sanarsan, pər çəkib durmuş, Sənubər tək əcəb tərzilə qəddü sər çəkib durmuş, Cəbinində kəman əbrulərin xoştər çəkib durmuş. Zənəxdan çevrəsində zülfi-müşkəfşanmıdır, yarəb? Gülün yanında yoxsa dəsteyi-reyhanmıdır, yarəb? Bu nazik ləli-ləb ol qönçeyi-xəndanmıdır, yarəb? Sədəf ağzındakı dürdaneyi-dəndanmıdır, yarəb? Və ya sərraf nəzmə bir neçə gövhər çəkib durmuş. Nihan bir göz ucuylə eylədi nagah, nigah, çeşmi, Məni öldürməyə onun edər sabit günəş çeşmi, Belə pürnazü qəmzə ola bilməz padişəh çeşmi, Zərəfşan tirü müjgan içrə ol şuxin siyəh çeşmi Sanasan, rəhmsiz cəlladdır xəncər çəkib durmuş. Rüxi izhar qılmışdır hərarət, nəm gəlir ondan, Məgər gül bərgidir kim, üqdeyi-şəbnəm gəlir ondan, Məsiha nitqidir, dil dağına məhrəm gəlir ondan, Nəsimi-canfəza hər ləhzəvü hərdəm gəlir ondan, Müsəlsəl türreyi-tərrarinə ənbər çəkib durmuş. Şirin sözlü cavanın getsə hüsnü, ləzzəti getməz, Şəkər nisbət durur hərçənd qədrü qiyməti getməz, Kəsilməz zövqi, xatirdən səfavü ülfəti getməz, Bu hurü tələtin Vaqif əlindən şövkəti getməz, Mələklər səf dərində ta dəmi-məhşər, çəkib durmuş. * * * Tuba boylum, qamətindi sərvü ərərdən gözəl Tuba boylum, qamətindi sərvü-ərərdən gözəl, Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl, Dişlərin dür, ləblərin yaquti-əhmərdən gözəl, Hər sözün bir kəlməsi yüz qəndü şəkkərdən gözəl, Müxtəsər şəhdi-dəhanın abi-kövsərdən gözəl. Şanə kim, zülfü bölür, zahir olur göyçək qabaq, Bərq vurub oynar bulutlardan çıxan gün tək qabaq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . Vəsməli qaşlar çatılmış taqi-minbərdən gözəl. Ala gözlər nərgisi-məstanə tək şəhlalənir, Elə ki, süzgünlənir, yüz mərtəbə zibalənir, Görsə bu şux xəttini, billah mələk şeydalənir. Şol siyah kirpiklərin qan tökməyə sevdalənir, Zərnişan peykandan artıq, dəşnə xəncərdən gözəl. Şöleyi-şəmsi-cəmalından münəvvərdir didəm, Bəndivanın olmuşam, haşa, yanından mən gedəm, Tutiyadır gözlərə – hər torpağa bassan qədəm, Bir əcayib bu gəlir saçından, ey gül, dəmbədəm, Məst edir dimağımı reyhanü-ənbərdən gözəl. Vaqifəm, bir aşiqi-kamil – yox əsla kəmliyim, Hər zaman yarin xəyalilə olur xürrəmliyim, Hiç tutmaz eşqdə nadan ilə həmdəmliyim, Bəlkə, zahid, səndən artıqdır mənim adəmliyim, Sevdiyimdir huridən əla, mələklərdən gözəl. * * * Nə xoşdur baş qoymaq bir güləndamın qucağında Nə xoşdur baş qoymaq bir güləndamın qucağında, Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında, Durub ondan, tutub nazik əlin gəzmək otağında, Qucub-qucub oturmaq gah solunda, gah sağında, Sinəsində sinə, boynunda qol, dodaq dodağında. Üzündən, eyləyib küstahlıq, dəstari-zər açmaq, Yenindən düymə, ondan sonra belindən kəmər açmaq, Çəkib yaşmağın ağzından rəvan, ləlü gövhər açmaq, Çıxarıb cümlə əsvabın, vücudun sərbəsər açmaq, Həmin bir incisin qoymaq qara zülfün qırağında. Uzun saçın qucaqlayıb, töküb qəddi-büləndindən, Töküb misli-bənəfşə iyləmək hər bir kəməndindən Yaxasın çak edib, köksün çıxarıb bağü bəndindən, Əmib doyunca şirin ağ məmənin şəhdi-qəndindən, Qoyub bir ləhzə baş, yatmaq giribanın bucağında. Səmən cismə sarılmaq, eyləmək bir qədr rahətlər, Aralıqda olub bir-birinə lütfü inayətlər, Yuxudan tez durub sərf eyləyib dürlü zərafətlər, Yuyub əl, oturubən dizbədiz etmək hekayətlər, Demək bir-birinə başdan keçən halı fərağında. Edib bir müxtəsər söhbət, xəbərdar olmamış əğyar, Yenidən and içib, şərt eyləyib, əhdü, iman, iqrar, Alıb bir bu üzündən, o üzündən buseyi-təkrar, O zülfi-yasəməndən həsrət ilə ayrılıb naçar, Gənə Vaqif kimi bir dəxi olmaq iştiyaqında. * * * Gədə, mən qurban olum qaşları kaman bacına Gədə, mən qurban olum qaşları kaman bacına, Belə bir şux baxan kirpiyi peykan bacına, Məməsi misli-şəkər, gözləri ceyran bacına, Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına, Məst damənkəşü xəndanü xuraman bacına. Maşallah ki, əcəb hüsnü cəmal sahibidir, Qəbqəbü zülfü zənəxdan, xətü xal sahibidir, Özü bir afəti-can, qəmzəsi qal sahibidir, Gün kimi neməti-xubluqda kamal sahibidir, Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına? Görmüşəm gözlərini – nərgisi-məstanə kimi, Gecə-gündüz gəzərəm çölləri divanə kimi, Ələ düşsə, dönərəm başına pərvanə kimi, Parə-parə ciyərim eyləmişəm şanə kimi, İstərəm sarmaşam ol zülfü pərişan bacına. İltimas et ki, ona bəsdir, a zalim, bu qədər, Bir əzizəm, məni incitməsin, Allahı sevər, Qorxuram ahə düşə; eyləsin, əlbəttə, həzər, Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər, Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına. Gedibən əqlü huşum, namusü arım kəsilib, Olmuşam maili-mey rahi-güzarım kəsilib, Xubların rövzeyi-kuyində mədarım kəsilib, Vaqifəm, onun üçün səbrü qərarım kəsilib, Olmuşam, ərz eləyim, valehü heyran bacına. * * * Bilmənəm məndən neçün ol sevgili canan küsüb Bilmənəm məndən neçün ol sevgili canan küsüb, Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb, Ağladır qanlar mənə, rüxsarəsi xəndan küsüb, Qara günlərdə qoyub məni, məhi-taban küsüb, Könlümün şəhrin sərasər eyləyib viran, küsüb. Bağrımı vermiş kəsər kirpiklərin əlmasına, Ağlamaqdan gözlərim dönmüş iki qan tasına, Gecə-gündüz düşmüşəm dərdü qəmin dəryasına, Rəhm qılmaz, ah kim, öz aşiqi-şeydasına, Dərdi öldürdü məni, bir eyləməz dərman, küsüb. Eylə ki, görər məni, yaylıq çəkər rüxsarinə, Bir zaman qoymaz tamaşa eyləyim didarinə, Danışar qeyrilə, baxmaz mən qədimi-yarinə, Nə demiş məndən rəqib ol xubların sərdarinə? Gəlmişəm ərzə, nəhayət, eyləməz divan, küsüb. Bu qədər kim, söylərəm, tutmaz mənə qulağını, Yoluna üz qoymuşam, basmaz gözəl ayağını, Neylərəm canımın olmaq dəxi sağ qalmağını, Döndərib üzün, yığıbdır qaşını, qabağını, Ey könül, gəl olalım bu dilbərə qurban, keüsüb. Danışıb gülməz üzünə ol pərivəş Vaqifin, Sındırıb könlün, yaxıb canın müşəvvəş Vaqifin Ol səbəbdən canına düşmüş bir atəş Vaqifin, Cürmü təqsiri nədir, yarəb bəlakeş Vavqifin, Söylərəm munca, eşitməz dad, əlaman küsüb. * * * Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah, Şərm edər onun üzündən mahi-ənvər hər sabah, Zülfi-şəbrəngi tökər qəddə bərabər hər sabah, Müşkbudən aləmi eylər müəttər hər sabah, Sübhi-sadiq tək açar sədrin müqərrər hər sabah. Xabdən açar gözün ta nərgisi-fəttan kimi, Əl çəkər, müjganın eylər tiri-xunəfşan kimi, Tərh edər üz yanına geysuləri reyhan kimi, Qəddinə yaşıl geyər ol qönçeyi-xəndan kimi, Başa üstündən çalar dəstari-əhmər hər sabah. Bir mina gərdən, səfid əndam, fərbeh sim-saq, Lalə rux, mərmər sinə, nərmin bədən, şirin buxaq. Tubi qamət, mahi-tələt, xoş əlamət, ay qabaq, Oldu məsciddən haman dəm əhli-qiblə ittifaq, Qaşıdır onun məgər mehrabü mənbər hər sabah. Əylənər narın, danışar naz ilə, narin gülər, Tərzi-göftarinə eylər tutilər təhsin, gülər, Qaş gülər, həm göz gülər, ariz dəxi rəngin gülər, Dünyada çoxdur gülən, amma bu çox şirin gülər, Böylə də insan olur, ağzında şəkkər hər sabah. Bilmişəm kuyin gözəl firdovsü gülşəndən onun, Ta ölüncə oxların qoymam çıxa təndən onun, Gəzdiyi yeri sevər gözüm elə gendən onun, Vaqifəm, heç kimsə kəsməz zikrini məndən onun, Eylərəm sidq ilə adın dildə əzbər hər sabah. * * * Neylərəm, belə munun mən... iqbal içinə Neylərəm, belə munun mən... iqbal içinə, Handa üz tutdum isə, düşdüm elə qal içinə, Gündə yüz gəz düşə aşüftəlik əhval içinə, Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə, Hər sənəm görsə deyə kim... çal içinə. Etməyə bir sənəmin kim, səni heç könlü qəbul, Sən ona istər isən eyləyəsən canını qul, Canına rəhm eləməz, yanasan oda yüz yol, Saqqalı ağ olanın qiymətidir bir qara pul, Gərçi girsən bəzənib gündə yaşıl, al içinə. Kim ki, birçəklərini sünbülə timsal salır, Xubların başına qovğa gətirir, qal salır. Dami-təsxirə pəriruləri filhal salır, Abirudən kişini dünyada saqqal salır, Salma saqqalını əndamə onun sal içinə. Sahibi-saqqal əgər yüz ola sahir sözlü, Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu, Ram olub baxmaz ona hiç bir ahu gözlü, Nola saqqala yavuq gəlməsə bir gül üzlü, Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə. Demə, Vaqif ki, flan kimsənə çox zirəkdir, Ya flan şeir deyir, yazısı həm göyçəkdir, Ya flan kəndxudanın simü zəri lək-ləkdir, Xubların sevdicəyi sadəvü top birçəkdir, ... onlar xəttü şerü kəmalü mal içinə. * * * Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə, Kuyin çəməni tənə vurar xüldi-bərinə. Sünbül onu görcək özünü saldı qəminə, Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə. Olmaz belə qamət, belə gərdən, belə sinə. Xoşdur gül üzərində tamaşası bu zülfün, Hifzində, görüm, saxlaya mövlası bu zülfün, Düşdü xütən əmlakına qovğası bu zülfün, Ta düşdü mənim başimə sevdası bu zülfün, Zəncirilə divanələri çəkdi səfinə. Zülfün qoxusu, çox dilərəm, canimə gəlməz, Rəhmi məgər əhvali-pərişanimə gəlməz, Bir gecə qulaq asmağa əfğanimə gəlməz, Bilməm nə olub, sevgili yar yanimə gəlməz, Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə? Bilməm, nə demiş dilbərə ədna genə məndən, Kəsmiş nəzəri, ahü vaveyla, genə məndən, Ün yetməz onun səminə əsla genə məndən, Döndərdi üzün ol güli-rəna genə məndən, Eyb olmaya söysəm belə iqbalın içinə. İyman gətirib çün hərəm olmağına Vaqif, Sürtər üzünü bu qapı torpağına Vaqif, Gah zülfün öpər, gah düşər ayağına Vaqif, Hərdəm baş əyər qaşlarının tağinə Vaqif, Sənsən mənə həm qibləvü həm Məkkə. * * * Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz, Can riştəsi geysuyi-sitəmkərdən üzülməz, Məddi-nəzərim qəddi-sənubərdən üzülməz, Dil şovqi-tamaşayi-səmənbərdən üzülməz, Xunin cigərim kirpiyi-xəncərdən üzülməz. Rahində sənin dil nə qədər ki, düşə şərrə, Tiğin ilə doğranə əgər bir neçə kərrə, Torpağımı yellər dağıda bəhrlə bərrə, Cümlə bədənim ruyi zəmində ola zərrə, Könlüm o ruxi-mehrü münəvvərdən üzülməz. Yüz baği-İrəm gər ola, yüz rövzeyi-gülşən, Yüz xüldi-bərin, mənzili-əlavü müzəyyən, Heç vəchlə sizdən üzümü döndərə bilməm, Əvvəlü axır bil eşiyindir mənə məskən, Ölsəm də, ayağım mənim ol dərdən üzülməz. Nöqsan ki, ucundan çəkəm, ey qaşı hilalım, Eylə sanıram, artar o gün fəzlü kəmalım, İstər mənə mehr eyləmə heç, al elə, zalım, Sənsən gecə-gündüz həmişə fikrü xəyalım, Dilimdə adın hər zaman əzbərdən üzülməz. Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə, Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. Ahim tütünü gör necədir etiraz eylə, Öz Vaqifini lütf edibən sərəfraz eylə, * * * Dilbər, nə deyim, sən kimi canan ələ düşməz Dilbər, nə deyim, sən kimi canan ələ düşməz, Zülfün kimi heç zülfi-pərişan ələ düşməz. Ləlin kimi bir ləli-Bədəxşan ələ düşməz, Bir yerdə belə hakimi-Loğman ələ düşməz, Biçarələrin dərdinə dərman ələ düşməz. Bir eylə nəzər ləşkəri-müjgan ələminə, Gör necə keçib hökmü onun ruyi-zəminə. Təbriz, Şəki, Gəncəvü, Kabil şəhərinə, İran ilə Turan, Hələbü, Məkkə, Mədinə, Bunlarda belə sən ciləyin can ələ düşməz. Mən aşiq idim, şövqi onun var idi məndə, Öz aşiqinin gərdənini saldı kəməndə, Kişmir, Xəta, Misr, Buxaravü Xütəndə, Movsul şəhəri, Çin ilə Maçinü Yəməndə, Gərçi gəzələr Rum, Ərəbistan, ələ düşməz. Əlqissə ki, yüz kafər ola, yüz də müsəlman Tövrat ilə Incil, Zəbur, ayəti-Quran, Tiflis, Irəvan, Şamü Cəbəl, cümlə Trabzan, Dərbənd, Quba, Bakı, Şamaxilə Sifahan, Yüz seyr oluna külli-Dağıstan ələ düşməz. Nə mazi, müzaredə nəvəxanü xoşəlhan, Nə Məğribü Məşriqdə əcayib belə insan, Fihinnə vəmin heysü hüvə leysə kamakan, Bilsə qədirin Vaqifin, eylər ona ehsan, Əz ruzi-əzəl mən kimi ətşan ələ düşməz. * * * Ah... bir sərxoş nigarın dağı öldürdü məni Ah... bir sərxoş nigarın dağı öldürdü məni, Günbəgündən hüsnünün rövnaqi öldürdü məni, Ağ biləklərdə qızıl qolbağı öldürdü məni, Eylədi şəhla gözün müştağı, öldürdü məni, Hamıdan əla ki, qaşın tağı öldürdü məni. Nə əcəb təsvir olur ağ əllərə əlvan həna, Məxmuri gözlər piyalə, gərdəni misli mina, Al sərəndazla qəsabə, üstə türfə ağ cuna, Qol gümüş bazbəndli, beldə kəmər – üstü mina, Məclis içrə bu nişanda saqi öldürdü məni. Al yanaqların, sanasan ki, qızıl gül xərməni, Tər zənəxdaninə baxdıqca cünun eylər məni, Məst çeşminə əcayib rəng tutmuş sürməni, Qurşayıb ol ağü nazik əllər ilə tirməni, İki yandan ucların salmağı öldürdü məni. Sallanıb yüz naz ilə hərdən çıxanda xanədən, Hər tərəf baxsa, qırar həm dost, həm biganədən, Əqlü huş ikrah olub getdi məni-divanədən, Qara gözlər süzülüb sərməst olub peymanədən, Ahu tək hərdəm dönüb baxmağı öldürdü məni. Vaqifəm, qıldım bu şuxun hüsnünü fikrü xəyal, Günbəgün incəlibən oldu tənim muyə misal, Axırı verdi məni bərbadə bu qaşı hilal, Qəbrimin daşına yazsın bu sözü əhli-kamal, Dilbərin məndən uzaq olmağı öldürdü məni. * * * Ah kim, bir yarın istiğnası öldürdü məni Ah kim, bir yarın istiğnası öldürdü məni, Nazilən sərxoş xumar baxması öldürdü məni, Cilveyi-rəngi-rüxün həmrası öldürdü məni, Ol siyah kirpiklərin əlması öldürdü məni, Hamıdan artıq saçın sevdası öldürdü məni. Mən ha əvvəldən deyildim böylə biidrakü huş, Eyləyən kimdir, bilirsənmi, məni bu dərdə tuş, Ol güli-narıncı məcərdir, o sərvi-səbzpuş, Qaş ilə göz arasında badə verdim canı, xoş, Bilmədim bu iki şuxun hansı öldürdü məni? Haqq bilir, olsa əgər dünya sərasər düşmənim, Mütləqa gərdi-təərrüz tuta bilməz, damənim, Ancaq eşqin atəşidir yandıran canü tənim, Ey müsəlmanlar, deyildir hiç kəs qanlım mənim, Xublar şəhbazının sonası öldürdü məni. Zülfünə qeyrilərin iman verərdim mən məgər, Dəysə min şəmşir, qətrə qan verərdim mən məgər, Öz xoşumla əqlimə nöqsan verərdim mən məgər, Hər yetən cəllada asan can verərdim mən məgər, Onun iki nərgisi-şəhlası öldürdü məni. Köçdü, heyf oldu, gözəl, Vaqif dəxi düşməz ələ, Bir siyah kirpik ucundan bağrımı dələ-dələ Həşrədək hərgiz məzarımdan kəsilməz vəlvələ, Qəbrimin daşinə yazın, oxuya hər kəs gülə, Bilə kim, yarın iraq olması öldürdü məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.