Qəzəllər Molla Pənah Vaqif (1717–1797) Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər tək Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək, Olub risva ağızdan-ağıza düşdük süxənlər tək. Nolurdu kim, olaydım qasidin qoynundakı kağız Ki, mən də Qələyə bir yol gedəydim bu gedənlər tək. Gül əndamlar səfayi-söhbətin yad eylərik hərdəm, Batar əzamıza ta sübhədək tüklər tikənlər tək. Kərəm qılmış, bizə ol lalərüx bir namə göndərmiş, Açıb onu tamaşa eylərik bərgi-səmənlər tək. Nə xoş nəqqaşımış bu naməni (yarəb), yazan katib, Hünər izhar edib, surətdə möcüz göstərənlər tək. Səfərdə yar yanından gələn kağızları bir-bir, Öpər Vaqif, basar bağrına hərdəm gülbədənlər tək. * * * Hər səhər bad əsər, arızı-cananə dəyər Hər səhər bad əsər, arizi-cananə dəyər, Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. Olmasa qabil əgər dəhr cəfa verməz ona, Tə’m biləzzət olanda necə dəndanə dəyər. Şəm gər yansa savadi-şəb üçün heyf olmaz, Şö’ləsi çünki onun arizi-cananə dəyər. Söhbəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər. Sən ki, bir mərdin ucundan nə bəla çəkdin isə, Vəsli-didari onun rəhməti-qüfranə dəyər. Mən ki, meydani-bəla içrə sərim top edərəm, Ta düşər əldən-ələ axırı çövkanə dəyər. O nə qəmdir oda bir mərdin ucunda yanasan, Verəsən canını bir canə ki, min canə dəyər. Canımı atəşi-qürbətdə belə yandırıram, Necə şəm’ə dolanıb hər gecə pərvanə dəyər. ``Nə qədər olsa qoca gərçi Vidadi xəstə Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər * * * Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər, Gah zindanə, gəhi çahi-zənəxdanə düşər. Afəti-dəhr deyər ol kəsə kim, kamildir, Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər. Mərd igidlər özünə məhbəsi meydan bilir, Sanma kim, nakəsü namərd bu meydanə düşər. Eybdən saf çıxar, pakü mübərra görünür, Hər tila kim, küreyi-atəşi-suzanə düşər. Piçü tabə düşənin işi, bəli, üzdə olur, Zülf bu vəchlə rüxsareyi-tabanə düşər. Hər yaman yer ki, olur — yaxşıların mənzilidir, Ləl daş içrə, xəzinə dəxi viranə düşər. Şəmi-qəm şadlıq əyyamına xoş ziyvərdir, Necə kim, xali-siyəh arizi-cananə düşər. Ey Vidadi, qəmi-zindanə giriftar olmaq, Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər. Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər. * * * Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm, Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım, Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin, Daş bağırlı saqiyi-sahib-cəfədan küsmüşəm. Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara, Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm. Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil, Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm. * * * Təzkireyi-Nəvvab Qarabağ içrə bir şair kəlimüllahi-Musadır, Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır. Qələm qədrin əsayi-əjdaha peykərçə bilməkdə, Bəni-israilə ali-cavanşir, yəni həmtadır. Dili rövşən gərək şadan içində sərf edən ömrün, Çırağın səltənət gahi səvadi-şami-yeldadır. Ümidim vardır kim, bu qəra gün getməyə başə, Dönər bir özgə rəng ilə, bu axır çərxi-xizradır. Məkan tutdisə Vaqif, yox əcəb bu Şişədaşında. Məkanı lə li-gülrəngin miyani-səngi-xaradır. * * * Təzkireyi-Nəvvab Hər səhər bad əsər ki, arizi-cananə dəyər, Toxunar sərvə gəhi, gah gülüstanə dəyər. Olmasa qabil əgər, dəhr cəfa verməz ələ, Təm biləzzət olanda necə dəndanə dəyər. Şəm gər yansa səvadi-şəb üçün, heyf olmaz, Şöləsi çünki onun arizi-cananə dəyər. Ülfəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, mərd ətəgi dövləti-xaqanə dəyər. Mən ki meydani-bəla içrə sərim top edərəm, Ta düşə əldən-ələ, axiri çövkanə dəyər. Nə qədər olsa qoca, gərçi Vidadi xəstə, Genə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər. * * * Düşərmi? Salmaq nəzərindən məni cananə düşərmi? Tərk eyləmək öz qulunu sultanə düşərmi? Kakil nə rəvadır ki, könüldən edə qeybət, Şanə gileyi-zülfi-pərişanə düşərmi? Qəmzən, ləbini dişləməmiş, qanımı tökdü, Qan eyləməyən kimsənə heç qanə düşərmi? Dil çahi-zənəxdanə düşüb zülfün ucundan, Əlbəttə, xətasız kişi zindanə düşərmi? Ol sərvi-xuramanə ki, gəzmək olub adət, Bir yol yolu gör kim, bizim eyvanə düşərmi? Olmasa əgər Vaqifə bir sədri-səmənbar. Top eyləyibən başını meydanə düşərmi? * * * Hər kimin cananı kim, bir əhli-ürfan olmaya Hər kimin cananı kim, bir əhli-ürfan olmaya, Şahi-aləm olsa, onda rahəti-can olmaya. Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər, Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya. Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün, Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya. Afəti-badi-fənadən dağıla, bərbad ola, Ol bina ki, onda bir zülfi pərişan olmaya. Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə, Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya? Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl, Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya. * * * Riyayü kibrü kizbü büxl olur nayab igitlərdə Riyayü kibrü kizbü büxl olur nayab igitlərdə, Təvazödür səfavü sidqilə əsbab igitlərdə. Özün kişi deyən kimsə sədaqət sənətin işlər, Nədən kim, olmayıbdır hiç kəs kəzzab, igitlərdə. Hücumi-ləşkəri-təklifi-yarani-Vəfadarə, Misali-səddi-Iskəndər gərəkdir tab igitlərdə. İgitlik iddiasın edənə layiq deyil yalan, Vəfasızlıq nisalərdə, deyildir bab igitlərdə. Əliyyəlmürtəzadən istə, Vaqif, hər nə istərsən, Onu qılmış kərəmli həzrəti-vəhhab igitlərdə. * * * Vidadidən gələn kağız məni fərxəndəhal etdi Vidadidən gələn kağız məni fərxəndəhal etdi, Bu halı gördü qəm filhal məndən intiqal etdi. Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə, Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi. Ziyayi-şəms tək yetdi, məni bədr eylədi, hala Əgərçi qəddimi devrani-filmazi hilal etdi. Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır, Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi. Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın, Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi. * * * Saçına uymuş xəyalım çünki ənbərbu kimi Saçına uymuş xəyalım çünki ənbərbu kimi, Ol səbəbdən incəlib qəddim olubdur mu kimi. Ola ki, timsalıma bir baxa şəhla gözlülər, Ey müsəvvir, çək mənim təsvirimi əbru kimi. Handa kim, bir gərdəni-siminü gül əndam ola, Bilmənəm kim, nə edim, məndən qaçarlar qu kimi. Öz xoşumla mən əsiri-qəmzə olmazdım, vəli Sehrə saldı ol xumar gözlər məni cadu kimi. Vaqifəm, yoxdur mənə çahi-zənəxdandan nicat, Göstərir əhvalımı aydın üzün güzgu kimi. * * * Ey güli-xəndan, fəraqından sənin qan ağlaram Ey güli-xəndan, fəraqından sənin qan ağlaram, Eylərəm şamü səhər çaki giriban ağlaram. Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm, Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram. Gəl kim, ey lalə zənəxdanın, kəbab etdi məni, Od düşübdür cismimə, hərdəm yanar can, ağlaram. Yadıma hər bir düşəndə ol siyah kirpiklərin, Sanasan ki, sancılar bağrıma peykan, ağlaram. Yaxşı həmdəm olmasa şad olmaq olmaz, Vaqifa, Ağlaram ta ömrüm olduqca firavan, ağlaram. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.