Təcnislər Molla Pənah Vaqif (1717–1797) Alı sən Gözəl boylu, gözəl xoylu, gözəl yar, Nə gözəlsən, geyinibsən alı sən. Gözəl gözün hərdən qıya baxanda, Gözəl canı gözəl təndən alısan. Gözəl qamət, gözəl gərdən, gözəl üz, Gözəl olmaz sən tək, olsa gözəl yüz, Gözəl canı munca yetər, gözəl, üz, Gözəl deyil, etmə, gözəl, alı sən. Gözəl durub, gözəl gəzib, gözəl bax, Gözəl kəlbəm, sal boynuma gözəl bağ. Gözəl seyrü kəşt eyləyib gözəl bağ, Gözəl, dər budaqdan gözəl alı sən. Gözəl saqi, gözəl tutub, gözəl kəs, Gözəl doğra kəbab bağrım, gözəl kəs, Gözəl canan, gözəl adam, gözəl kəs, Bir gözəl kimsənin gözəl alısən. Gözəl qapındadır, gözəl hey dərin, Gözəl sev demişəm gözəl hey, dərin, Gözəl, Vaqif qulun, gözəl Heydərin, Gözəl, yetiş dadə, gözəl Alı sən. * * * Aya qılasan Ey günəş cəmallım, sən nə gözəlsən, İstərsən ki, tənə aya qılasan. Ahu gözlüm, hər bir qiya baxanda, Bir örkü salırsan, ay aqiləsən. Şanə salır hərdən zülf əra zini, Demək istər məgər zülfə razini, Çəkdirə-çəkdirə zülf ərazini, Döndəribsən məni, aya, qila sən. Çəkilir sürmələr, qaralı gözlər, Alır məndən səbri qaralı gözlər, Yoluna baxmaqdan qaralı gözlər, Gəl indi bir quru ayaq ilə sən. Qəmzən qılınc çəkib budar da məni, Başın üçün, qoyma bu darda məni, Yetir mətlubuma bu dərdə məni, Bir busə ləbindən aya qılasən. Xoş keçir bizimlə sən həm dəmisən, Eylə bu dərdimə sən həmdəmi sən, Şikəstə Vaqifin sən həmdəmisən, Danışma, sevdiyim, a yağilə sən. * * * Ayağa məni Dilbər, həsrətindən xəstə düşmüşəm, Hicran qoymaz duram ayağa məni. Çulqala zülfünə, basdır dərində, Qoyma ki, bükələr ayağa məni. * * * Bu daqal Gözdə cadugərlik, xalda fitnəlik, Canım üzdü, zülfi-ənbər bu daqal, Zənəxdanın şeyda gördü könlümü, Tutdu möhkəm, eyləyibən bu da qal Bilməzəm ki, nədir günahım mənim, Durubdur qəsdimə cəlladın sənin. Nə bəyaz gərdəndi, nə sayə sinə, Tər saxla dəyməsin nəs ayə sinə, Sığındım qüdrətin nə sayəsinə, Kərəm eylə, gəl canımdan budəğ al Şahım, qibləgahım, pənahım mənim, Bəsdir mənə munca bidadın sənin. Sənubər qamətin demə lalədir, Dişin gördü döndü, demə lalədir, Açılsın bənəfşə, demə lalədir, Qanlı sirişkimdən olmuş budaq al Gülüstana çəkər həm ahım mənim, Dilər anda qəddi-şimşadın sənin. Görmədim qəmzən tək sərasər bədən, Səg rəqibi öldür sərasər bədən, Gül bərginə bənzər sərasər bədən, Nə gözəl lalərəng olmuş budaq al Qan edibsən məgər, ey mahım mənim, Olubdur eşq ara cəhadın sənin. Ver muradın bu Vaqifin, ya sənəm, Ya canım al qıl dərdə əm, ya sənəm Qədəm basıb bir gəl bizə, ya sənəm, Mehmanımsan qəm ləşkərim buda qal Ta göyə yetişsin kulahım mənim, Yayılsın aləmə həm adın sənin. * * * Canan dağına Səhər-səhər əsən qiblə yelləri, Heç yolun düşdümü canan dağına? Ağ sinədən söylə, tər şamamədən, Görüm, əl dəymişmi canan tağına? Həsrətindən bağrım gül, şanə bənzər, Mənə Vərqa, sənə Gülşa nə bənzər? Yarın qoynu içi gülşənə bənzər, İstər pərvaz edə canan dağına. Götür günəş camalından ol ağ yar, Sən bəri bax, qoy söylənsin ol əğyar, Rəqib ölsün, biz ikimiz olaq yar, Nə var ondan qeyri canan dağına. O cavanın ömrü nurdur, yaşı nur, Səg rəqibin tök gözündən yaşü nur, Məni görcək bilməm nöşün yaşınır, Salır camalını canan dağına. Vaqifəm, könlümü dağın eylərəm, Yardan ayrı xoş gün daxı neylərəm, Sinəmdə mən özgə dağı neylərəm, Qoymuşam canımı canan dağına. * * * Ozər babısan Ey dəhanı şəkər, ləbləri qəndab, Tən edər ləzzətdə ozər babısan! Camalına kimsə olmaz bərabər, Xəttü xal kanısan, ozər babısan. Eşqim olmuş mənim bir belə dərya, Rəqibin gözünə bir belə dərya, Tufan oldu doldu bir belə dərya, Gözümdən ki, tökdün o zərb abı sən. Vəchindəki bənzər ay olar zayə, Verdilər ömrümü ay olar zayə, Salır qəmzən məni ay o lərzayə, Üz sinəm üzərə o zər babısan. Çağır Şahi-mərdan o heylər səni Əm dostun ləbindən hey elər səni. Görüm, rəqib, vursun həyələr səni, Çünki sən yamansan öz ərbabı sən. Vaqif der, şanə çək zülfə, əlayıq, Sərxoşunam, olmamışam əlayıq, Çün bərabər qamətinə əlayıq, Geyib sallan başdan o zərbabı sən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.