Şeirlər Mirzə Şəfi Vazeh (1794–1852) Beytlər Min ev yıxıb tikirsiniz bir boş minarə Ərşə çıxıb qonaq gedin pərvərdigarə. Hicran qəminin badeyi-gülgündür əlacı, Vazeh, danışırlar bunu meyxanələr içrə. * * * Bizə həmsöhbət olan özgə kitab almaz ələ Bizə həmsöhbət olan özgə kitab almaz ələ, Sən də zahidliyin ol dəftərini tulla selə. Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz, Məni dildarımın eşqi beləcə saldı çölə. O zamandan ki, mənim qəlbimə yol tapdı o yar, Unuda bilməyirəm mən onu bir an da belə. Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür, Bəlkə aşiqdir o da sirrini faş etməz hələ? İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir, Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə. Yardan versə xəbər Vazehə o badı-səhər, Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə. * * * Xoş olsun ol könül, eşqə məkandır Xoş olsun ol könül, eşqə məkandır, Var olsun ol fikir, eşqə həyandır. Susuz çeşməyə bənzər ol ürək kim, Nə eşqin dərdini, nə qəm duyandır. Bax, öyrən gör necə pərvanə, bülbül Olublar eşq şeydası zamandır. Məhəbbət əhlinə bu kafidir kim, Öz eşqiylə o, rüsvayi-cahandır. Məhəbbət mürği cövlan etsə harda, O eşq ovlar, xəbərdar ol, amandır. İki dünyanı verrəm sən baxanda, Mənə eşqin bu sövdası əyandır. Necə, Vazeh, əsiri olmayım mən Bu eşqin qarşısında Qaf yalandır. * * * Nə qədər kim, fələyin sabitü səyyarəsi var Nə qədər kim, fələyin sabitü səyyarəsi var, Ol qədər sinədə qəmzən oxunun yarəsi var. Deyil əflakdə kövkəb görünən çərxi-bülənd Oluban didə, sərapa sənə nəzzarəsi var. Ruzigari qara, daim gecəsi tar keçir, Hər kimin eşqdə bir yari-sitəmkarəsi var. Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan? Könlümün dideyi-giryan kimi fəvvarəsi var! Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli, Zahirən lalə otağında qonaq-qarəsi var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vazeh-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1852). Public domain (author died 1852). Original text only.