Adı var, özü yox Nəcəf bəy Vəzirov (1854–1926) Adı var, özü yox (Komediya) Əhli-məclis Cənnətəli ağa – böyük mülkədar, əlli iki yaşında, qırmızı saqqal Xanpərvər bəyim – onun tənumənd övrəti, qırx yaşında Heydərqulu ağa – onların oğlu, on səkkiz yaşında Püstəbanu bəyim – on dörd yaşında, onların qızı Allahqulu – ev qulluqçuları Şahqulu – ev qulluqçuları Səfiqulu – ev qulluqçuları Güləndam – ev nökərləri Telli – ev nökərləri Mirzə Əsgər Usta Məhəmmədəli – bənna Kərbəlayı Məhəmmədvəli – yalançı, gopçu, Cənnətəli ağanın rəiyyətlərindən biri * * * Əvvəlinci məclis Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır. Cənnətəli ağa (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı. Mirzə Əsgər. Ağa! Niyə Hacı Mehdidən götürmürsünüz? Onun ki yaxşı əla hənası var, o gün mən də almışdım. Cənnətəli ağa. Yalansa, onun getdiyi həcc ona qənim olsun. O, elə yalandan, tülkü-tülkü danışmağı bilir. Xanpərvər bəyim. Allah töksün sənin saqqalını!.. O da bizə bir qəhr-qəzəb olub... Vallah, dəxi qulluqçular da təngə gəlib. Cənnətəli ağa. Vallah, çox acığımı tutdurarsan, atamın ərvahına, dəlləyi çağırdıb dibindən qırxdırram. Xanpərvər bəyim. Gözəl ağa çox gözəldi, vurdu çiçək çıxartdı. Otur yerində. Allahı sevirsən, özünü rüsvay eləmə, görən gülsün... Cənnətəli ağa. Mənə də Cənnətəli ağa deyərlər... Mənim Araz aşığımdandır, Kür topuğumdan... Hər kim nə deyəcəksə, qoy desin... Mən elə sözləri ürəyimə salsaydım, çoxdan sümüyüm çürümüşdü. Mirzə Əsgər. Xeyr, ağa, yaxşı iş deyil... Nə lazım?.. Saqqal deyəndə, kişinin abrusudur və üzünün nurudur... Cənnətəli ağa. Dünya beş gündür, beşi də qara... Vallah, Xanpərvərin acığına saqqalımı qırxdırıb bir göyçək də qız alacağam: topuğu tüklü, on dörd yaşında... xa, xa, xa... Xanpərvər bəyim. Çox əcəb olur, biz də toyunda oynarıq... Allahqulu, bir qəlyan gətir... Ağa yenə eşqə düşüb... ağzında bir dişi yox, məndən beş-betər... Ağrım o qızın ürəyinə ki, sənin kimi dişi düşüyə gedər. (Allahqulu gedir qəlyan gətirməyə.) Cənnətəli ağa. Ağzımda dişim yoxsa da, at belinə minib quş ovlayanda gəl tamaşa elə də!.. Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, tərlan boylarında elə bil ki, bir laçın oğlan oluram... Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən, Pəh! Pəh! Pəh! Ləzzət, nə ləzzət! Mirzə Əsgər. Bəli, deyirlər ov çox şirin olur. Cənnətəli ağa. Ancaq atın saz ola, tulaların cins, əlində tərlan... Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan verəsən. Ələlxüsus “Kaşdan”, “Mundir”. Əvəzləri yoxdur... Atamın ərvahına, birin yüz manata vermərəm. Xanpərvər bəyim. Allah qırsın, yalan isə onları... evdə, eşikdə istirahət qoymurlar. Hər yeri murdarlayırlar. Cənnətəli ağa. Zər qədrin zərgər bilər. Sən nə bilirsən onların qədr-qiymətini. (Güləndam əlində bir cam, Allahqulu əlində qəlyan daxil olurlar. Allahqulu əvvəl qəlyanı özü çəkir, tüstüsünü çıxardır, sonra dizi üstə çöküb, verir Xanpərvər bəyimə.) Güləndam. Ağa, həna hazırdır. Əgər istəyirsən, yaxım saqqaluva. Cənnətəli ağa. Yaxşı olar, ay qız, gətir görək. Xanpərvər bəyim. Ay başınıza dönüm, görün heç bu vaxt həna vaxtıdırmı? Apar, ay qız, dəli olmamısan ha. Görmürsən Mirzə oturubdur? Cənnətəli ağa. Mirzə özgəsi deyil... İndi yaxanda nə olar. Bəri gətir, ay qız, onun sözünə qulaq asma. Mirzə Əsgər. Əlbəttə, mən də sizin nökərlərin birisiyəm... Yad deyiləm. (Allahqulu qəlyanı alıb, tüstüsünü çıxardıb, bir də haman qərar ilə verir.) Xanpərvər bəyim. A kişi, bəlkə bir yad qonaq gəldi, onda necə olsun?.. Cənnətəli ağa. Necə olacaq? Məni də ha yeməyəcəkdir? Gəlir, gəlsin, otursun orada, tamaşa eləsin saqqalıma necə həna qoydururam. Qiyamət ha qopmur, adam ha öldürmürəm? Xanpərvər bəyim (kənara). Ağrım sənin höcət ürəyinə! (Allahqulu qəlyanı aparıb, yenə gəlir.) Güləndam dizi üstə oturub, başlayır həna qoymağa. Cənnətəli ağa. Ay qız, nə qayırırsan? Ay qancıq, saqqalımı tamam yoldun. Xanpərvər bəyim. Elə yerində yolur... Ay qız, yaxşı eləyirsən, dibindən qopart. Güləndam (Bəyimə). Neyləyim? Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb, barmaqlarım ilişir. Mən başıma nə kül töküm? Cənnətəli ağa. Yavaş, yavaş! Qəsdənmi yolursan saqqalımı, qancıq, sözbir eləyib? Güləndam (kənara). Dişim bağırsağımı qırır, cana doymuşam, mürdəşir yusun saqqaluvu! Xanpərvər bəyim. Sən atanın goru qırxdır saqqalını, bir topuğu tüklü də qız al, rədd ol başımızdan. Dəxi biz təng gəldik. Səfiqulu (daxil olub hövlnak). Ağa, başına dönüm, bir böyük bədbəxtlik üz veribdir axı!.. Cənnətəli ağa. Ay qız, dayan görüm! Nədir, ay gədə, nə olub? Səfiqulu. Nə bilim, ay başına dönüm... Qara köpək, quduz dəymiş, o axdarma motalı yeyib, lap tərk eləyibdir. Bizim də xəbərimiz olmayıb. Cənnətəli ağa. Belə quduz dəysin ona ha... Sizin də boynunuz sınsın ha... Sizi yox olasız! Səfiqulu. Qapını açıq qoyublar. Açıq qaba da it dəyər. Nə bilim ay başuna dönüm, işdir olubdur. Cənnətəli ağa. Qoy bir həna qurtarsın... Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir tələsmə. Səfiqulu. Sənin çörəyin gözümə dursun ki, mən qapını örtmüşdüm, sonra bilməyib açıblar. İndi mən neyləyim, ağa, başuna dönüm? Qəza işidir, olubdur. Cənnətəli ağa. Necə qəza işidir? Vələdüzzina, xətakun! Səfiqulu. Motal yenə yola gedər. Quduz dəymiş iki dəri yağı da elə yeyib ki, bir xəşillik ancaq qalıbdır. Cənnətəli ağa. Bəs bu nədəndir, vələdüzzina? Bu da qəzadandır? Səfiqulu. Ağa, bəs nədəndir? Əlbət olacağa çarə yoxdur... Cənnətəli ağa. Belə olanda qara köpək məni də yesə, o da olacaqdır qəzadan? Kafir oğlu kafir! Səfiqulu. Mən neyləyim, mən başıma nə daş salım, başuna dönüm?.. Bir belə ziyanlığı görəndə vallah istədim o saat qara köpəyi tüfənginən vurum öldürüm. Cənnətəli ağa. Qara köpəyi sənin kimi yüz nökərə vermərəm, çölə çıx axmaq. Bir durum, gör sənin başına nə iş gətirəcəyəm, ölənəcən dadı damağından getməsin. Səfiqulu (gedə-gedə). Ev ev deyil ki! Mən başıma nə kül töküm?.. Cənnətəli ağa. Mirzə, ölmüşünü görüm, bu evdə üç-dörd qulluqçu var, beş-altı nökər, amma onunla belə genə bir belə binizam ev heç olmaz. Xanpərvər bəyim. Allahqulu! Bir qəlyan gətir. Bilirsən ona səbəb nədir? Ona səbəb odur ki, külfət böyükdür... Bax, bir arvad qənd doğrayır, birisi ev süpürür, birisi də qab-qaşığı yuyur, paltar yuyur, o biri də sənin saqqalına gündə, günaşırı həna qoyur, evi yığışdırır, nökərlər də onu kimi. Mirzə Əsgər. Bəyim doğru deyir. Sizin evin büsatı heç yerdə yoxdur. Mən belə evlər bilirəm ki, sabahdan bir qoyun kəsiblər, axşama bir tikə əti də qalmayıbdır. Cənnətəli ağa. Mirzə, görəsən şəriətə görə o qalan yağı yemək olarmı? Mirzə Əsgər. Xeyr, ağa, yemək olmaz. Çünki it özü murdardır və həm də ağzı nəcasata dəyir, ona görə yağı işlətmək caiz deyil. Cənnətəli ağa. Baxırsanmı? Ha sizin boynunuz sınsın!.. Ay sizi yerə girəsiz! Bir naxır nökərin birisinin ağlına gəlmir ki, qapını açıq qoymaq olmaz. Qapıda yeddi-səkkiz it var... Belə də ziyanlıq olarmı? Xanpərvər bəyim də əlin ağdan-qaraya vurmur. Deyir gərək müdam yeddi qat üstən tərpənmiyəm. Xanpərvər bəyim. Bıy, bu nə deyir, ay qız? Elə o qalmışdı... Mənim atam evində, babam evində belə işlərə bizlərdən qarışan olubdur ki, indi mən də qarışım... Nə danışırsan, dəli ha olmamısan, ay kişi? Şahqulu (daxil olub). Ay başınıza dönüm, mənim taxsırım nədir ki, Heydərqulu ağa məni bu günə salıbdır? Cənnətəli ağa. Sən nə deyirsən, ay gədə, dəxi nə var? Şahqulu. Nə deyəcəyəm? Heydərqulu ağa başıma bir yumruq vurdu ki, budur ha başım şişib, qarpıza dönübdür!.. Cənnətəli ağa. Nə ilən vurdu, ay gədə? Şahqulu. Yumruq ilən. Cənnətəli ağa. Maşallah de, ay gədə! Maşallah! Ot kökü üstə bitər. Mən ölüm, namxuda deyin, namxuda! Ay gədə, elə bircə yumruq vurdu? Şahqulu. Gədənin atasının evini Allah yıxsın. Birini vurmayanda beşin ha vurmadı! Xanpərvər bəyim. Mirzə, sənin canuna, Heydərquluda pələng gücü var... Bir belə zad heç görünməyibdir. Mirzə Əsgər. Ağa! Barı oxumağı necədir? Bu zamanda oxumaq çox yaxşı şeydir. Cənnətəli ağa. Sənin canın üçün, Mirzə, nə qədər əlləşdim, oxumadı... Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumaram... Dinmədim... Ondan qoydum uşkola. (Güləndama) Ay qız qurtardın? Di dur, buradan rədd ol! (Güləndam gedir.) Özüm getdim direxturun yanına, hələ bir at da vədə elədim... Oxumadı. Bir həftədən sonra qaçdı getdi qırğı ovlamağa. Xülasə, çox zəhmət çəkdim, amma çifayda oxumadı. (Allahqulu qəlyanı gətirib haman qərar ilə verir.) Xanpərvər bəyim. Cancığazı sağ olsun, oxumaq niyə gərəkdir? O qədər mülk onun var, babasına bəsdir. Mirzə Əsgər. Bəli, bəyim, doğru buyurursuz! Odur, bax, Əhməd yüzbaşının oğlu... Saf içəridə oxuyub qurtarıbdır; amma çifayda bir zad vermirlər, bikar-bikar gəzir. Şahqulu. Mənə bir deyən gərək sən niyə burada durmusan, barı get başuna təpitmə qoy... Cənnətəli ağa. Səni nə üstə vurdu, ay gədə? Şahqulu. Dedi ki, gərək qara köpəyin ağzını yalayasan, o quduz dəymiş də yanına gedəndə mır-mır mırıldayır... Cənnətəli ağa. Xa, xa, xa!.. Xalis öz dədəsidir ki, durubdur... Mən özüm də çox elə pəstahlar kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nağıl elərəm. Bir kağız gətirənin kağızını necə özünə çeynətdirib uddurtdum. Getsin xəbər aparsın. Gülməkdən qəşş elərsən... Görək bir az kağız tapılarmı saqqalıma qoyum? Xanpərvər bəyim. Yazı bilənimiz kimdir ki, evdə də kağız ola? (Cənnətəli ağa saqqalın kağızlayır, bu halda qapıda qaval səsi gəlir.) Cənnətəli ağa. Saqqala qoz yarpağı yaxşı olur. Səfiqulu (daxil olur). Ağa, meymun oynadan gəlibdir. (Əhli məclis tamaşa üçün dururlar qapıya və pəncərələrə.) Meymun oynadan. Bala, bala, balambar... (Qaval vurulur, meymun oynayır.) Cənnətəli ağa. Ha bərəkallah! Ha bərəkallah! Odu ha, odu! Xa, xa, xa! Odu ha, odu! Xa, xa, xa. Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər. Şahqulu. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ... İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə... Allahqulu. Bu evdə it yeyəsini tanımır, nə vecinizə, kef aparın, Allah sizə baxıbdır. Şahqulu. Allahqulu dayı, mən ölüm acığın tutmasın, sənin özünün kefi heç padşahda da yoxdur. Xanpərvər bəyimin sənə o qədər şəfaəti var, demək olar, sən süd gölündə üzürsən. Allahqulu. Nə yava söyləyirsən, ay gədə? Başına at təpibdir, nədir? Heç qanırsanmı nə deyirsən? Bir elə qələt elə ki, atan-baban duzun dadmış olalar. Şahqulu. Sən öləsən, meyitini görüm, Allahqulu dayı, heç o yan-bu yan eləmə. Bax, bu gözlərimlə görmüşəm... Amma, sən öləsən, heç kimə demərəm. Allahqulu. Sarsaq oğlu sarsaq, nə danışırsan? Ağzını qulağının dibinəcən cıraram, axmaq oğlu axmaq!.. Şahqulu. Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? Allahqulu. Veyil oğlu veyil! Mən də deyirəm bəs nə deyir... Belə qəlyan istəyir, qəlyan aparıram. Deyir ayağımı ov, ayağını ovuram... Deyir quluncumu sındır, quluncun sındırıram. Bundan nə çıxar? Şahqulu. Allah atana rəhmət eləsin! Dəxi bundan artıq nə istəyirsən?.. Allahqulu. Gələn var, ay gədə, səsini kəs. Allahı sevirsən bizi nahaq qana çalxama! (Səfiqulu qaçaraq otağa daxil olur, dalınca da Güləndam ona bir bərk yumruq vurur.) Güləndam. Ay mürtəd oğlu mürtəd! Adamı da elə çimdiklərlərmi? Yandım töküldüm, ətim kömür kimi qaralıbdır. Şahqulu. Ay Səfiqulu dayı! Doğru deyir dayna! Niyə elə üsulluca çimdikləmirsən ki, özünün də xoşuna gələ? (Gülüş) Güləndam. Ağrım hamınızın ürəyinə! Azğın uşaqları azğın! (Gülüş) Səfiqulu. Artıq danışsan, vallah səndən dişdək allam ki, saf ürəyin gedər, qəşş elərsən. Güləndam. Yavaş, boğazında qalar. Kül başına! Səfiqulu. Mən ölüm, uşaqlar qoymayın! Şahqulu, tut, qoyma! Allahqulu, o yandan gəl! Güləndam. Mürdəşir yusun üzünüzü, murdar uşaqları! (Qaçır.) Allahqulu. Ay uşaqlar, birdən gedər deyər, vallah, Cənnətəli ağa dərinizə saman təpər, farağat oturun. Şahqulu. Xasiyyətinə bələdəm, qorxma deməz. Sən öləsən, özünün ürəyindəndir... Siz öləsiz, özü məni gündə min qapazlayır. Qızlar da qoşulurlar ona. Sən öləsən, mənə qapaz, yumruq. Mən də, sən öləsən, meyitini görüm (uzada-uzada) həllənirəm, həllənirəm... Xülasə, qardaş, bu evə Allah min bərəkət versin, hamının kefi kökdür. Heydərqulu ağa (o biri otaqdan). A gədələr! Şahqulu! Allahqulu! Ay murdar uşaqları, sizi çağırmıram? Biriniz bura gəlsənizmi! Şahqulu. Hər kim qapaz yemək istəyir, buyursun! Mən qələt elərəm, getmərəm. (Qaçır.) Səfiqulu. Ay gədə, Şahqulu! Ağa səni çağırır, hara qaçırsan? (Bunlar da qaçırlar.) Telli (daxil olub). Sənə qurban olum, ay Allah! Səni and verirəm öz birliyin hörmətinə, məni bu evdən tez xilas elə! Yoxsa canım boğazıma yığılıbdır, dəxi dözə bilmirəm... Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar... Bəyimlər də biri deyir corabımı çıxart, birisi də papiros gətir, od gətir, gör saqqızım hardadır... Özləri yerlərindən tərpənməzlər. Bilmirsən hara gedəsən... Heydərqulu ağa (daxil olub). Yaxşı düşmüsən əlimə, dovşan çomağa rast gələn kimi... Dünəncə məni niyə söyürdün?.. İndi necəsən? Telli. Sürün cəhənnəmə! Min yol sənə demişəm mənə sürtüşmə, xeyir aparmazsan. Vallah, qarnına bir bıçaq soxaram ki, bağırsağın ayağına dolaşar... Bihəya oğlu bihəya! Heydərqulu ağa. Adın nədir Daşdəmir, yumşalısan, yumşalı... Telli. Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. Heydərqulu ağa. Vallah əlimdən qurtara bilməyəcəksən... Nahaq yerə məni əzaba salma. Telli. Ağlın özününkülərə getməsin... Bu bıçağı görürsənmi? Yaxşı olar ki, məndən əl çəkəsən... Dünən də atan, saqqalından utanmayır, əlimi sıxır... Yox bu xalq özünü çöldə qoyubdur... Kökünüz kəsilsin. (Gedir.) Heydərqulu ağa. Görək Telli! Qalsın səninkilə mənimki. (Gedir o biri otağa. Püstəbanu bəyim tələsik yüyürür pəncərə tərəfə, dişində papiros.) Püstəbanu bəyim. Güləndam, Güləndam, bir tez gəl! Tez ha, Güləndam, getdi, gəl! (Oxuyur.) Getmə, qurbanın olum... Güləndam. Kimdir, xanım, kimdir? Hanı, necə oldu? Püstəbanu bəyim. Belə Yusif bəydir, Cavad bəyin oğlu. Güləndam. Zalım oğlu zalım, xalis Yusifdir... Allah saxlasın gözdən-nəzərdən... Ay kafir oğlu, bir bəri bax, dayna!.. Püstəbanu bəyim. Bilsə ki, baxan var, gözün buradan kəsməz... Xa, xa, xa! (Yalandan gülür.) İndi getməzsən. Güləndam. Bax! Bax! Bax! Tərlanım... Bax, qızlar səni yesinlər! Püstəbanu bəyim. Zalım oğlunun gərdəni bir qarışdır... Yerişinə bax! Səkir... Quş kimi səkir kafir oğlu. Güləndam. Ayağında çəkmə, arxalıq da məxmər... Bax, indi də papağın əyri qoydu. Püstəbanu bəyim. Hələ çox büsat düzəldəcəkdir lotu... Deyəsən gələn var. (Gedir, oxuyur.) “Getmə, yesirin oldum”. Şahqulu (daxil olub). Gördünüzmü Yusif bəyi? Gördüz necə gözəldir?.. Havaxt məni görəndə deyir: a kafir oğlu, mürtəd oğlu, bəyimin kefi necədir? Püstəbanu bəyim. Yəni məni də soruşur? A səni yesinlər, Şahqulu! Göyçəkdirmi? Uzaqdan çox gözəl görünür. Şahqulu. Yaxından baxanda ki, sağ adam valeh olur... Allah bir xeyir iş düzəldə idi, nə oynardım, nə oynardım!.. Püstəbanu bəyim. Nə cür oynardın, a gədə?.. Elə indi bu saat oyna görüm... Mən ölüm başla... hm, tez! Güləndam. Qara geyəsən, oynasana!.. Hə, durma, başla görək. Püstəbanu bəyim. Sən Yusif bəyin ölmüşü oyna!.. Şahqulu. Yusif bəy ölüncə, qoy dünya-aləm dağılsın... Siz çalın, mən də oynuyum. Püstəbanu bəyim (pəncərə taxtasında ləzginka çalır). Güləndam, əl vur! Ha qoçaq, ha qoçaq. Bərəkallah, afərin, Güləndam, yeri di, qoyma! (Şahqulunu qapazlayır.) Şahqulu. Vurun, sizə qurban olum! Vurun, əzizlərim, sizə qurban!.. Dəxi bəsdir! Dəxi bəsdir, başınıza dönüm, öldüm axı... Bəsdir, vallah, dişlərəm. Püstəbanu bəyim. Ağzına bax qoduğun! Gör nə deyir: dişlərəm! Güləndam, yeri di! (Şahqulu qaçır, qızlar gülüşürlər.) Xa, xa, xa... (Gedirlər o biri otağa, o yandakı otaqdan Cənnətəli ağanın səsi gəlir.) Cənnətəli ağa. Nə var, a gədə? Genə nə olubdur? Bəri gəl görüm! Niyə qaçırsan? Cənnətəli ağa, Kərbəlayı Məhəmmədvəli və Şahqulu daxil olurlar. Şahqulu. Ağa, başına dönüm, hansı otağa girirəm məni qapazlayırlar. Canımın dərdindən bir yerdə dura bilmirəm. canım cəhənnəmə, papağımın şiltiyin atıbdırlar. Cənnətəli ağa (oturub). Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam. Get, böyük ağaya ərz elə ki, Kərbəlayı Məhəmmədvəli gəlibdir. (Gədə gedir.) Kərbəlayı, indi söylə görüm kənddə nə var, nə yox? Kərbəlayı Məhəmmədvəli (yanında xurcun, içində bir kəllə qənd, bir sərnic qatıq). Ağa, başına dönüm, sənin ki, adın bizim üstümüzdədir, şükür Allaha, kefimiz çox kökdür. Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin. Cənnətəli ağa. Olsun, olsun... Söylə görüm, dəxi nə var, nə yox, özün necə dolanırsan? Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən kefim çox kökdür. Ancaq bu qış səkkiz gamuşum, on dörd inəyim, xırda-paradan başqa, tələf olubdur. Cənnətəli ağa. Paho, nə böyük ziyanlıq olubdur! Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən qalanı da çoxdur... Mən bura gələndə qulluqçunuz bir az tədarük görmüşdü, ancaq bir elə qəza üz verdi ki, hamısını gətirə bilmədim. Yolda düşdüm Səmədbəygilə. Orada sənin dövlətindən mənə çox hörmət elədilər... Səfiqulu ağa da orada idi. Dedi ki, Kərbəlayı, gərək oturub mənim ilən bir yerdə çörək yeyəsən. Dedim, ay ağa, necə ola bilər? Mən elə qələt eləyə bilmərəm... Olmadı, oturdular, bir az çörək yedik. Sonra durdum ki, yola düşüm, gördüm sovqatımın çoxu gedibdir. Bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi. Qalanı bir sərnic qatıq oldu, heç açıb ağarda da bilmədim. Əlim boş olmamaqdan ötrü burada bir kəllə qənd alıb gətirdim. Cənnətəli ağa. Dəxi nə var, nə yox? Kərbəlayı Məhəmmədvəli. Dəxi sağlığınız, nə var ki. Bir də, ağa, qubernator camaatdan ağsaqqal istəmişdi. Bir on nəfər cəm elədim, getdik... Buyurdu niyə dinc oturmursunuz, oğurluq eləyirsiz? Bilirsizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin? Ondan ötrü ki, onun arvad-uşağı yasavullar və kazak əlində yesir kimi həlaka gələr... Çox söylədi... Burada mən nə cür danışdımsa, dürüst yadımda deyil, amma onun elə xoşuna gəldi ki, oradan buyurdu mənə bir midal gəlsin nəlbəki böyüklüyündə. Cənnətəli ağa. Paho! Kərbəlayı, hər sözün doğru isə, amma burada çox artırdın. Onun üçün ki, nəlbəki böyüklüyündə midal olmaz; o böyüklüyündə yasavul nişanı olar. Kərbəlayı Məhəmmədvəli. Başın üçün elə idi ağa! O günü də bir əhvalat oldu. Sarı Əhməd bəhrənin üstə bir az artıq-əskik danışdı. Üstümdə yaraq yox, elə əlimə bir paya keçdi. Bir balaca qulunuz da var, elə onu gördüm ki, Əhmədi bayaq alıb altına... İndi o, başı qanlı şikayətə gedibdir. Dövlətindən, heç zad bacara bilməz... Nə qədər canımda can var oğlunuza heç kim cürət eləyib, dil tərpədə bilməz. Xanpərvər bəyim və Şahqulu daxil olurlar. Xanpərvər bəyim. Kərbəlayı, kefin yaxşıdırmı? Nə qayırırsan, nə eləyirsən? Kərbəlayı Məhəmmədvəli (baş əyib). Şəfaətiniz artıq olsun, xanım, ömrünüzə dua eləyirəm, kölgənizdə dolanıram. Cənnətəli ağa. Deməzsənmi kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdur. Xanpərvər bəyim. Ay, vay, vay! Nə pis iş olubdur! Şahqulu. Kərbəlayı, sənin bir elə malın harada idi? Rəhmətliyin oğlu, köhnə peşəni əldən qoymayıb goplayırsan Kərbəlayı Məhəmmədvəli. Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq? Şahqulu. Niyə, biz sizə qonşu deyilik, Kərbəlayı? Çığırmağa dəyirman, öyünməyə yad ellər. Belə gopu get elə yerdə işlət ki, səni orada tanıyan olmasın. Xanpərvər bəyim. İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! Kərbəlayı dəxi nə var, nə yox? Şahqulu. Kərbəlayı, başla görək. Cənnətəli ağa. İtil sənə deyirlər buradan, simitən oğlu simitən! İndi biz ilən həmsöhbət olacaqdır. Şahqulu. Kərbəlayı, bağışda, bəlkə xatırına dəydim. Xanpərvər bəyim. Ay gədə, itilib getməzsən? Şahqulu. Bəli, gedim. (Gülə-gülə gedir.) Kərbəlayı Məhəmmədvəli. Əliboş bu qapıya gəlmək mənə layiq deyil. Mən bu evin çörəyi ilə adam olmuşam. Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin. (Qəndi çıxardıb kənara qoyur.) Cənnətəli ağa. Kərbəlayı, bizə nə çox xəcalət verirsən? Kərbəlayı Məhəmmədvəli. Allah qoysa, gör, ağa, mən bu evə nə cür nökərçilik edəcəyəm... Mənim, ağa, ikinizdən də bir təvəqqem var... Mənim malım bu il elə ələfsizlikdən tərk oldu. Deyirəm hərgah şəfaətiniz olsa, o sizin aşağıdakı evin yanında, arxın altındakı yeri mənə bərat buyurasız, artıq yer də deyil, beş-altı çuvalın yeri ancaq olar, dana-bizo çəpəri qayıram. Cənnətəli ağa. Hə, yadımdadır... Oranı mən, orada olanda, istəyirdim bağ saldıram. İndi ki, sənə lazımdır, bağışladım sənə, sənin qulluğun mənim yanımda çoxdur. Hələ sənə çox zad verəcəyəm. Kərbəlayı Məhəmmədvəli. Şəfaətiniz artıq olsun, Allah sizin kölgəvüzü bizim üstümüzdən əskik eləməsin, onsuz biz ayaq altında itərik. İndi, ağa, rüsxət versəz, gedib o bacım qızı Güləndamı da görüb gedərəm, yolum uzaqdır, bəlkə qaranlığa düşməyəm. Cənnətəli ağa. Yaxşı, Kərbəlayı, mən özüm də gedəcəyəm, bir yerdə gedərik... Təliqəni də mirzə gələr, yazdıraram. (Kərbəlayı Məhəmmədvəli Xanpərvər bəyimə baş vurub çıxır. Cənnətəli ağa da gedir.) Xanpərvər bəyim. Xoş gəldin. (Onlar gedəndən sonra çağırır.) Allahqulu, Allahqulu, bir qəlyan. Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər. Cənnətəli ağa. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin? Allahqulu. Gətirə bilmədim, ağa, yoxdan nə gətirəydim? Cənnətəli ağa. Necə yoxdan, ay gədə? Bəs mədaxil necə olubdur? Sən Pişixurd kəndinə getməmişdin? Allahqulu. Heydərqulu ağa gedib tamam mədaxili alıb, mənə də cavab verdilər ki, ağanın bizim üstümüzdə heç zadı qalmayıbdır. Cənnətəli ağa. Ay gədə, mən dəli olmuşam, bilmirəm, yoxsa sən? Əməlli danış görüm nə deyirsən? Allahqulu. Ağa, elə əməlli ərz eləyirəm. Heydərqulu ağa bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır, yekanları tərəkəməyə tamam pay-püşk eləyibdir. Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. Onu da hacıya üz eləyibdir. Cənnətəli ağa. Əstəğfürullah, bəs Heydərqulu özü necə olubdur? Allahqulu. O da məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür. Cənnətəli ağa. Onu bura çağır görüm bu nə əməldir mənim başıma gətirir? (Allahqulu gedir.) Siz Allah, buna baxın görün belə də iş olumu?.. Ha sənin boyuna ip ölçüm! Ha səni itəsən! Mən borcluların əlindən bazara çıxa bilmirəm, bu görün mənim başıma nə pəstaha gətiri! İndi mən başıma nə çarə qılım? Ha səni yerə girəsən! Məhəmmədəli (daxil olub baş əyir). Ağa, bizim bir az hesabımız var, ola bilərmi ki, onu şəfaət eləyəsiz? Cənnətəli ağa. Necə hesabdır? Sən haradan gəldin çıxdın bura? Məhəmmədəli. Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam. Cənnətəli ağa. Elə işlərə mən qarışmıram və qarışmaq da istəmirəm. Məhəmmədəli. Niyə, ağa, özünüz danışmadınız? Dörd manat bir artıq pul deyil. Cənnətəli ağa. Yaxşı qayırmamısan, bir qəpik də verməyəcəyəm. Məhəmmədəli. Sahib ixtiyarısınız... Amma yaxşı deyil. Mənim haqqım gərək özümə çata. Cənnətəli ağa. Mən haqq-maq tanımıram, çölə çıx, kefimin pis vaxtıdır! Çölə çıx! Çıx deyirəm sənə! Heydərqulu ağa və Allahqulu daxil olurlar. Cənnətəli ağa. Heydərqulu! Doğrudurmu ki, sən gedib mədaxilin hamısını satıb-sovub gəlmisən? Heydərqulu ağa. Hə, doğrudur, nə olsun? Cənnətəli ağa. Canuva dərd olsun, vərəm olsun! Yavaş, sənə kim izn verdi ki, gedib özbaşuva elə iş tutasan?! Heydərqulu ağa. Kim izn verəcək? Mən özüm getdim. Cənnətəli ağa. Sən çox qələt elədin! Başını daşdan-daşa döydün! Mən borcluların əlindən bilmirəm başımı hara təpim, sən də get bir böyük kəndin mədaxilini dəyər-dəyməzinə sat!.. Pulları bura gətir!.. Heydərqulu ağa. Bir qəpik də vermənəm... Pəs mən cahıl deyiləm! Mənim yoldaşlarım yüz-yüz manat xərcləyəndə mən baxa-baxa qalım? Cənnətəli ağa. Bu saat pulu say bura, yoxsa ətini özünə yedirdərəm! Heydərqulu ağa. Yox bir... Vallah, heç kim yel olub mənim yanımdan da ötə bilməz! Cənnətəli ağa (ayağa durub). Nə deyirsən, ay gədə? Bir də de görüm! Bu saat səni iti öldürən kimi öldürrəm! (Məhəmmədəli durur qabağa.) Belə də iş olarmı, ay camaat, həmi darımı yesin, həmi də mənə xoruldasın? Məhəmmədəli. Ağa, başına dönüm, hövsələni bir bas. Heydərqulu ağa. Sən Allah burax görüm, o mənə nə qayıracaqdır... İndi bilir mənim cinimi ha... (Allahqulu durur qabağa.) Allahqulu. Ağa, başına dönüm, böyüyün üzünə ağ olma, bəri gəl gedək. (Aparır o biri otağa) Cənnətəli ağa. Yaxşı, Heydər, görək!.. Atamın ərvahına, bu saat gedib natarusda kağız yazdırıb, səni hər zaddan məhrum edəcəyəm. (Gedirlər.) Məhəmmədəli (tək). Ağanın kefi şit dadır... Qəribə halətdir... Bir belə mülk-maaş sahibi olasan, yaxan borclular əlində qala və bir ağzından süd iyi gələn uşaq da səni biabır eləsin? Həqiqət böyük müsibətdir... Bəli, yazım dəftərin qırağına ki, bizim dörd manat guruldadı... Nə eləyək, o da qurban olsun Tellinin bir telinə. Ancaq bir işdən çox qorxuram. Bu ev çox qarış-bulaşdır, ona görə Tellinin burada qalmağını heç məsləhət görmürəm və bilmirəm ki, nə təhər eləyim (yavaş-yavaş o qapıya, bu qapıya qulaq verir, yavaşdan.) Güləndam, Güləndam. Güləndam (daxil olub). Nə var, yenə çox tələsmisən? Hələ bir de görüm baftanı gətirmisənmi? Məhəmmədəli (baftanı verib). Ala, ay başına dönüm, necə tələsməyim? Bircə mənə de görüm Telli nə deyir, razı olurmu? Güləndam (yavaşdan). Telli razıdır, ancaq el adətilə gedərəm, deyir. Yavaş danış, bizi pusurlar. Məhəmmədəli. Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur. Aman günüdür, mən Tellinin tək bircə gün də burada qalmağına razı deyiləm... Sənə canım qurban, gör bir təhər eləyə bilərsənmi? Güləndam. Ay nainsaf, bundan artıq çalışmaq olarmı ki, mən çalışıram?.. Səninki də elə odur ki, həmi qız olsun, həmi tez. Məhəmmədəli. Təxirə qoyma, Güləndam, aman günüdür, canım sənə qurban. Güləndam. Mənə bir on dörd arşın güllü çit alarsanmı? Məhəmmədəli. Belə, bax mənim bu gözüm üstə... İstəyirsən elə bu saat alım gətirim. Güləndam, Güləndam, cənnətə o kəs gedər kim, yetirər yarı yarına. Ölürəm, bağrım çatlayır! Güləndam. Yaxşı, ölmə. Artıq burada durma, get... Get bu axşam molla Heydərgildə gözlə, qızı ora göndərəcəyəm, işiniz orada tamam olsun. Bax, amma çit yadından çıxmasın ha! Məhəmmədəli. Belə Allah səni də xoşbəxt eləsin. Nəinki çit, hələ sənə bir neçə yaylıq da alıb gətirəcəyəm. Çox sağ ol. (Gedir.) Güləndam (tək). Özümü yamanca bəlaya salmışam... Bədənim zağ-zağ əsir... Bilsələr, vay mənim halıma. Yusif bəy ilan dili çıxardır... Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir... Bizim bu qız, bu qız! Başınıza dönüm, on dörd yaşında, yeyib, içib, qızmış nərə dönübdür... Elə deyir havaxt olacaqdır?.. Vay zamananız dağılsın! (Süpürür.) Püstəbanu bəyim (daxil olur). Belə sənə bu cavan canım qurban, Güləndam, Yusifi gördünmü? Bu gecə gələcəkdirmi? Güləndam. Yavaş danış, qurbanın olum! Məni qana çalxama, gələcək ey, gələcək! Get qızıl-mızılını yığ, bir boxçaya bağla... Küçənin başında fayton hazır olacaq, düz gir faytona, dəxi borcun deyil... Vaxtını mən özüm gəlləm deyərəm... Di durma, get!.. Mənə az yaxın gəl, duyallar!.. Püstəbanu bəyim. Gör sənə nələr verəcəyəm?! (Üzündən öpüb qaçır.) Güləndam (tək). Qıza bax, qıza! Deyir ki, gör sənə nələr verəcəyəm. Pəs necə? Babamı öldürmüşəm ki, goruna and içim. Bir belə tədbir eləyim, bir belə qorxu çəkim, əvəzində bəs verməyəcəksən? Şahqulu, Şahqulu! (Çağırır.) Şahqulu (daxil olub). Nə var belə, sənə mənim bu canım qurban? Nə deyirsən, ay maralım? Güləndam. Sarsaqlama, genə sənə bir söz deyəcəyəm. O gərək yadından çıxmaya. Ondan ötrü ki, sənə mənim yazığım gəlir. Şahqulu. Sən desən ki, yıxıl ayağımın altında öl, sözüm nədir. Güləndam. Gör özünün də ağlın kəsirmi? Bax, Şahqulu, sən qızın yanında çox Yusif bəy elə getdi, Yusif bəy belə getdi söyləyirsən... Qız uşağının beyni olmaz... Sonra bir iş olar, altın çəkə bilməzsən. Heydərqulu ağa bir dəlibaş uşaqdır. Cənnətəli ağanın hirsin mən görmüşəm. Vurarlar, iti öldürən kimi səni də öldürərlər... Sonra haray hara çatar?.. O gün də böyük ağa deyirdi ki, bilmirəm bu Cavadın oğlu bizim küçədə nə çox gəzir. Bir deyən yox a qoduq, anqır tayını tap!.. İndi bilirsən, balam, Allahı sevərsən, dilini dinc qoy, bizi xata-bəlaya salma. Budur, bax qabaqcadan deyirəm: birdən səndən bir elə söz eşitsəm, vallah, düz gedib ağalara deyəcəyəm. İndi özün bil. Şahqulu. Allah atana rəhmət eləsin, Güləndam, yaxşı ki, məni başa saldın... Bundan sonra mən qələt elərəm bir də Yusif adı çəkmərəm... Yazıq, yetim gədəyəm, vurarlar, öldürərlər, atamın evi yıxılar. Güləndam. Get Tellini də bura göndər gəlsin, yazıqdır, onu da xəbərdar eləyim. (Şahqulu gedir) Vallah, belə qəribə iş olmaz, yaxşı deyirlər: özünə umac ova bilməz, özgəyə əriştə kəsər. İndi buna kələk qur, onun başın piylə, onların dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan... O iymişin saqqalına həna qoya-qoya... Adı yadıma düşəndə dişim bağırsağımı qırır... Allah qəzəb eləsin dayım Kərbəlayı Məhəmmədvəliyə, məni bu bəlaya salan odur... Telli daxil olur. Güləndam. Telli, bu gün bura çox qarışıqdır, burada adam xətadan xali olmaz. Hər nə olsa gərək bu gecə ola... İndi get nə ayın-oyunun varsa, yığ bir düyünçəyə... Ancaq heç kim duymasın. Axşam azanı düz get molla Heydərgilə, əhvalatdan o özü xəbərdardır. Məmmədəli də orada olacaqdır... Telli. Bədənim əsim-əsim əsir... Heç ağlıma gəlməyən işə düşmüşəm, qurbanın olum. Güləndam. Ay yassar, güdaza getsə, burada mənim canım gedəcəkdir. Sən vaxt ikən canını qurtar. Bundan savayı sənin çarən yoxdur... Durma, get işinin dalınca! Telli. Nə bilim, ay başına dönüm... Burada qalarsan vay, gedərsən vay. Belə də iş olarmı ki, mən düşmüşəm? (Gedir.) Güləndam (tək). Bunları yola salandan sonra görüm Səfiqulunu nə təhər fola gətirrəm. Yoxsa belə yurdsuz-yuvasız bayquş kimi haçanacan qalacağam. (Gedir.) Heydərqulu ağa (əlində tüfəng daxil olur). Allahdan qorxmayasan, bu ev-eşiyi darbadağın dağıdasan!.. Bu başdan bir od qoyasan, o başdan cırrıt deyib çıxa!.. Allahqulu! Səfiqulu! Haradasız, biriniz məgər burada tapılmazsız?.. Ay gədələr, görək... Bəlkə mənim meyitimi salalar... Gedərəm qaçaqlara qoşullam. Bu işdə ölmək var, dönmək yoxdur... Gör məni kim ilən hədələyirlər!.. (Gəzinir.) Nökərlər (daxil olub). Nə buyurursuz, ağa? Heydərqulu ağa. Çor buyururam, zəhrimar buyururam! Heyvan uşağı heyvan! Bu saat mənim atımı yəhərləyin, evdə də deyin ki, vallah, billah, tallah, hər kim Pişxurd kəndinə dolansa, onu iti öldürən kimi öldürəcəyəm!.. Səfiqulu. Ağa! At çoxdan hazırdı. Heydərqulu ağa. Eşitdinizmi? Nə təhər ki, mən deyirəm, elə deyərsiz. Mən belə deməmişdim... İndi onlara, verən Allah, mənə verər Allah... Atı çək çölə! Ay gədə, hey, Allahqulu! Birdən bilməzsən, deyərsən ki, “buyruq quluyam”, oralara gələrsən. And olsun Allaha, başını mal başı kimi kəsərəm! Heydərqulu ağa və Səfiqulu gedirlər. Allahqulu (tək). Arığın nə işi var qoruqda ki, vuralar qıçı sına... Allah vara ata-oğul bir-birinin ətini yesinlər, bizə nə var, canları cəhənnəmə... (Gedir.) Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar. Cənnətəli ağa. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm. Mirzə Əsgər. Ağa, elə deməyin, nə təhər olsa yenə baladır... Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. Cənnətəli ağa. Bir oğul ki, mənim üstümə tüfəng çəkə, bir oğul ki, məni döymək istəyə... Gədələr tutmasaydılar, hələ məni vuracaq idi... Onu bir də evə qoya billəm? Mirzə Əsgər. Əlbəttə, siz buyurandır, amma gənə nə tövr olsa, gərək onu mənzur eləyəsən ki, cahilin beyni qan olar və lazımdır ki, camaat üzünə bir növ ilə dolanasınız. Yoxsa, özünüz bilirsiniz, bizim xalq bir sözün üstə beşini də qoyub adamı rüsvay elərlər... Cənnətəli ağa. Allahdan gizlin deyil, bəndədən nə gizlin... Mən çox yaxşı bilirəm ki, qədim əsrlər keçibdir. İndi mən məhz bir mədaxilin ağasıyam, o da ki tarac olsun, onda bəs mən nə eləyim? Xanpərvər bəyim (daxil olur). Ay kişi, getdin nə qayırdın? Bu şikayət nə idi? Gözüyün ağı-qarası bir oğlun var, istəyirsən onun da başını şişirdib çöllərə salasan? Heç bir utanmırsan? Belə də iş olarmı? Cənnətəli ağa. Elə əvvəldən axıra sən deyilsənmi uşaqların başına daş salan? Gözümün ağı-qarası oğul gərək mənim var-yoxumu dağıdıb, yaxamı borclular əlində qoya?! Mən ki hələ ölməmişəm! Bəs mənim adım, sanım necə olsun? Külfətimdən əl çəkib, acından ki ölməyəcəyəm? Xanpərvər bəyim. Ay kişi, bəsdir Allahı sevərsən, acıqlı başda ağıl olmaz, xalqı özünə az güldür! Cənnətəli ağa. Mən ancaq dünən bilmişəm başıma nə daş düşübdür... Borc, borc kimi deyil ki! Mirzə, sən özgəsi deyilsən, evim yıxılıbdır. Mirzə Əsgər. Ağa, sən Allah elə danışma. Sənə nə olubdur ki, evin yıxıla... Borcsuz düşmənin olsun. Onun üçün ki, deyirlər borcum var, etibarım var... Bu halda borcsuz kimdir? Tamam xanlar, bəylər boğazacan borca batıblar, bir siz deyilsiz. Xanpərvər bəyim. Ay kişi, bəsdir sən Allah, onsuz da bu gün mənim kefim yoxdur... Allahqulu, Allahqulu, a gədə, bir qəlyan gətir... Kişi bir sözün ucundan tutub dəxi qurtarmaq bilmir... Pul yiyəsinin canı çıxsın, bizi də buradan köçürtməyəcəkdir. Cənnətəli ağa. Köçürdər də, hələ desən adamın gözünə ağ da salar! Kafir uşaqları bilmirsən adamın başına nə iş gətirirlər... Biri deyir ki, ağa ola bilər ki, bizim o xırda-para hesabımızı görəsiz? O biri işarə vurur: bu il taxıl görəsən necədir? Barama ki, Allaha şükür, yaxşıdır. Birisi də şəst ilən qalxıb təvazö eləyir: ağa, salam əleyküm və elə də adama zənlən baxır ki, deyəsən gözü adamın o yanından keçəcəkdir və eləsi də var ki, qıpqırmızı, az qalır adamı yaxalasın. Doğrusu, xəcalətimdən istəmirəm dəxi bazara çıxam, adamı o qədər təngə gətirirlər. Mirzə Əsgər. Qulaq asmayın, canları çıxsın. Cənnətəli ağa. Kafir uşaqları istədikcə verdilər. Baqqal kor Əhməd üç yüz manat üstümə yazıbdır. Keçəl Hacı Mehdi doqquz yüz manat. İşə bax ki, nalbənd Poqus da on yeddi manat pul istəyir. Keçən vaxtlar olsaydı, belə borclar adamın gözünə muy qədri görünməzdi... Ay... hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulut kimi çöküb, bunu burada süpürləyirdim, onu orada... İndi qoyublar palajeniya. Rəiyyətə demək olmur buradan dur, orada otur... Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu. Mən başıma nə çarə qılım? Vallah, az qalmışam dərdəcər olum... Xanpərvər bəyim. Niyə, niyə, nə olubdur məgər? Padşahlıq pulu deyirlər manifest olub, bağışlanacaqdır. Baqqalların da canları çıxsın, verməyəydilər. Cənnətəli ağa. Atamın ərvahına and olsun, arvad, səndə, bax bircə belə ağıl yoxdur. Mirzə Əsgər. Ağa, doğrudan da zəmanə dəyişibdir. Keçən əsr hara, indi hara?.. Amma manifesti hamı danışır. Bəyim doğru deyir, heç qulaq asmayın... Sonra borclular özləri yalvaracaqlar ki, ağa, başına dönüm, heç olmasa, vaynaçar, ayda beşcə manat da olsa üstümüzə tollayın. Xanpərvər bəyim. Ay kişi, borcdan gələsi nə var ki onun ucundan tutub bir belə sadalayırsan? Vallah, mənim gözümə bir zərrəcə görünmür... Bizim dərdimiz var ki, borc onun yanında toy-bayramdır... O dərd qızıvun dərdidir. Vallah, gecələr də yata bilmirəm... Mirzə də onun qaydına heç qalmır. Mirzə Əsgər. İkinizin də başı üçün, mən elə gecə-gündüz o fikri çəkirəm. Bu nə sözdür ki, siz buyurursunuz? Mən bu evin çörəyi ilən dolanıram, necə ola bilər ki, Püstəbanu bəyimin qaydına qalmayım? Xanpərvər bəyim. Hərgah sənin köməyin dəysə idi, mən onu çoxdan xoşbəxt eləmişdim. Mirzə Əsgər. Mən başıma nə çarə qılım? Bir para adamı siz layiq bilmirsiz, deyirsiz nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur... Ağa, başına dönüm, acığın tutmasın, deyim: sizin Cahannisa bəyimin oğlu ikicə qara pula dəyməz. Gündüz axşamacan gözünün suyu tökülə-tökülə qoduq-moduq ilən gəzir. Hərçənd mülk-maşı çoxdur, amma ona vallah heç qız rəğbət eləyib getməz. Cənnətəli ağa. Qız uşağını özbaşına qoysan ya aşığa gedər, ya nağaraçıya... Cahannisanın oğlunu yaxşı tanımıram, amma mülkü çox olduğunu bilirəm. Mirzə Əsgər. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir. Veyil-veyil gəzməkdən savayı bir işi yoxdur. Xanpərvər bəyim. Məhəmmədkazım ağanın oğlu necədir? Mirzə Əsgər. Ay başınıza dönüm, adam sözü danışın. O, xalis məktəbdən qaçmış Koroğlu dəlisidir. Ancaq bir çatması əskikdir. Ona qız vermək olar? Yenə bu təzə qoltuqdan çıxmalarda tək-tük layiq adam tapılar. Cənnətəli ağa. Heç vaxt, heç vaxt! Elə adamlar ilə qohum olmaqdan isə, qızımın ikisinin də başını kəsməyə hazır varam. Mirzə Əsgər. İndi, ağa, siz göstərin, mən də düşüm dalıncan... Birisi var, əgər mənim qızım olsa idi və o da müştəri olsa idi, mən yüz qurban kəsərdim. Ancaq bilirəm ki, qəbul etməyəcəksiz... Məhərrəm yüzbaşının oğlu... Bəy dəftərində adı var, artıq dövlətli. Bu halda da özü silistçi, çox kamil, gözəl oğlandır. Xanpərvər bəyim. Mirzə, eyib deyil? Heç utanmırsan, bizim evdə elə adamların adını çəkirsən? Cənnətəli ağa. Rəhmətlik oğlu edə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir... Bu nə sözdür... İstəyirsən bizi şəhər içində rüsvay eləyəsən? Mirzə Əsgər. Ay ağa, başına dönüm, söz idi, dedim. Dəxi sizin niyə acığuvuz tutsun? Xanpərvər bəyim. Elə adamlardan isə, Cahannisanın oğlu yaxşıdır. Mirzə Əsgər. Yaxşıdır, əgər qız getsə. Cənnətəli ağa. Bayaq dedim, Mirzə, qızı özbaşına qoymaq olmaz... O da mənə Heydərqulu olmayacaq ki?.. Vallah, qoyaram ayağımın altına, çəkərəm, boğazı sərçə boğazı kimi üzülər. Xanpərvər bəyim. O Cavadın oğlu Yusif də deyirlər buralarda çox hərlənir. O bilmirəm nəçidir, elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim! Mirzə Əsgər. Onu mən çox yaxşı tanıyıram. Onun veyil-veyil gəzməkdən savayı bir sənəti yoxdur... İtin birisidir: bir özü, bir darağı... Budur, iki ay olur ki, atası da evdən qovubdur... Ondan bəri dəllək Qəmbərin oğlu ilə yava-yava gəzir. Güləndam (daxil olub). Xanım, bir tez bura zəhmət çək! (Xanpərvər bəyim ilə Güləndam gedirlər.) Cənnətəli ağa. Bu qəziyyədən sonra, Mirzə, ola bilərmi ki, bir az pul tapasan, o xırda-para borcları verək?.. Mülkün birini də girov qoymağa hazıram. Mirzə Əsgər. Nə deyim, ağa, ağlım kəsmir ki, elə adam tapılsın. Cənnətəli ağa. Genə sən yaxşısan, mən buraya bələd deyiləm. Nə qədər neustoyka da qoysalar əlac yoxdur, qoysunlar. Mirzə Əsgər. Görüm, ağa, papaqçı Məşədi Rəhimdən ala bilərəmmi. Onunla o günləri danışdım, qırışmal ildə manata üç abbası istəyir. Güləndam tələsik daxil olub, otağın künclərini axtarır. Cənnətəli ağa. Nə axtarırsan, ay qız? Güləndam. Tüfəng, yaraq axtarıram... Nə bilim, ay başuva dönüm?.. Allah Şahqulunun atasına nələt eləsin! Mən min dedim bu qızın yanına az gir-çıx! (Tələsik bir tüfəng, bir tapança götürüb gedir.) Mirzə Əsgər. Görəsən Şahqulu genə nə pəstah kök eləyibdir? Cənnətəli ağa. Yox, xətadan xali deyil. Olmasa tüfəng-tapança nə lazımdır? Xanpərvər bəyim (daxil olub). Ay qız, mənə bir az su!.. Su... Ürəyim getdi, ay, ürəyim getdi... Su, bir qurtum su! (Yıxılır.) Cənnətəli ağa. Nə olub, ay arvad? Niyə belə eləyirsən? Xanpərvər bəyim. Ay başınıza dönüm, bircə qurtum su! Ay, bircə qolumu tutun! Cənnətəli ağa. Lal olmamısınız ha! Deyin görüm nə olubdur? Güləndam (Xanpərvər bəyimin qolundan tutub). Püstəbanu bəyimi görüm şamı-çırağı qara yansın! Nə olacaq, biabırçılıq! Cənnətəli ağa. Necə biabırçılıq? Nə danışırsan, ay qız? Ay gədələr, haradasız?! Gədələr daxil olurlar. Güləndam (Şahquluya). Sənə demədimmi, kafir oğlu, qız uşağının beyni olmaz, onun yanında çox artıq-əskik danışma? Cənnətəli ağa. Xataya düşdük, camaat də! Ay murdar uşaqları, sizdən soruşuram, nə olubdur? Püstəbanu bəyim hansı cəhənnəmdədir? Xanpərvər bəyim. Qolumu tut! Su! Su! Öldüm, Allah! Vaaay, vayy!.. Cənnətəli ağa. Əstəğfürullah rəbbi və ətubi ileyh! Niyə dinmirsiz, ay zalım uşaqları? Güləndam. Ay başına dönüm, heç kimdə taxsır yoxdur, bütün işlərin başı, bu boğazından asılmalı Şahqulu kafir oğlundadır. Allahqulu. Ağa, əvvəl-axır biləcəksiz... Cavad bəyin oğlu Yusif bəy Püstəbanu bəyimi götürüb qaçıbdır. İndi də buyurursuz əməl eləyək... Tellini də Məhəmmədəli aparıbdır... Cənnətəli ağa (ayağa durub). Necə, necə? Səsini kəs, kafir oğlu, elə zad ola bilməz! Qanı qurşağa çıxardaram!.. Şahqulu (ağlaya-ağlaya). Ağa, ağa, o çörəyin haqqı üçün mənim xəbərim yoxdur... Güləndam. Çörək gözünü tutsun yalan isə! Biqeyrət oğlu biqeyrət! Cənnətəli ağa. Zalım oğlu zalım, qabaqcan məni öldürəydin, niyə evimi yıxdın?! Vay, vay! Heydərqulu, boynun sınsın, harada qalmısan? Mirzə Əsgər. Ağa, bir az səbr eləyin, görək məsləhət nədir. Cənnətəli ağa. Məsləhətdən keçibdir. Uşaqlar, durmaq yeri deyil. Bu saat xəbər verin mənim övladıma! Biriniz də çapsın el-obanın içinə. At belinə çıxan durmasın gəlsin! Vay, vay! Heydərqulu, səni görüm yaylım gülləyə rast gələsən! Şahqulu, ay çörəyim gözünə dursun, bu nə müsibətdir mənim başıma gətirdin?! Şahqulu. Ağa, ağa! Mənim əgər xəbərim varsa, Allah boynumu sındırsın, evimiz uçsun, bacım-qardaşım qırılsın. Cənnətəli ağa. Mənim tüfəngimi, qılıncımı buraya gətirin!.. Mən onların erkəyini də, dişisini də qırmasam, ürəyim soyumaz... Mirzə, Mirzə, görürsən mənim başıma nə gəlir? Şahqulu (Cənnətəli ağanın ayağına yıxılıb). Ağa, istəyirsən qabaqcan məni öldür. Amma vallah, billah, tallah, mənim xəbərim yoxdur. Cənnətəli ağa. Ayağa dur, mürtəd oğlu! Səni boğazından asacağam! Kəndir, süyürtmə! (Tutur boğazından.) Xanpərvər bəyim. Allah, bu nə işdir biz düşdük? (Şahquluya.) Barı gözümün qabağında durma! Barı gözümün qabağında durma! Güləndam. Ölümün çatıb, ay mürtəd oğlu, nə durmusan? Bir işdir eləmisən, barı boynuna al! Şahqulu. Yalan isə sənin gözünə güllə dəysin! Cənnətəli ağa. Tərpənmə, məlun oğlu! Ay gədələr, sizə demirəm süyürtmə gətirin? Tərpənmə, murdar oğlu! (Döyür.) Qanuvu içəcəyəm!.. Mənim başıma belə iş?! Mənim başıma bel iş?! Süyürtmə, süyürtmə!.. Mirzə Əsgər. Ağa, başına dönüm, bir az səbr eləyin, qohum-qardaş da yığılsın, görək nə tədbir elərlər. Cənnətəli ağa. Ay, ay, Mirzə, nə qoyub, nə axtarırsan? Bu iş tədbirsiz işdir... Yəni bundan sonra mən adam olub, adam içinə çıxacağam?! Mirzə Əsgər. Ağa, belə işdə səbr lazımdır. Adamın gərək tədbiri çaşmasın. Artıq cəzə-fəzə sizin adınıza layiq deyil. Cənnətəli ağa. Adımız varsa da, qardaş özümüz yoxuq!.. Tərpənmə, tərpənmə, zalım oğlu! (Döyür.) Süyürtmə, süyürtmə! Şahqulu. Ağa, məni öldürmə, taxsırım yoxdur, taxsırım yoxdur. Başına dönüm, ağa, vallah, taxsırım yoxdur. (Qaçır.) Cənnətəli ağa. Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü aləmi xaraba qoyam! (Gedirlər.) Xanpərvər bəyim. Ay Allah bəndələri, ölürəm!.. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-adi-var-ozu-yox İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.