Ağa Kərim xan Ərdəbili Nəcəf bəy Vəzirov (1854–1926) Ağa Kərim xan Ərdəbili (Komediya 4 məclisdə) Əfradi-əhli-məclis Ağa Kərim xan Ərdəbili İskəndər xan – onun oğlu Leyla xanım – onun qızı Heydər Zəngilani – qoca kişi Rəhim – onun oğlu Züleyxa xanım – onun qızı Bədircahan – qoca övrət Səfərəli – xanın aşpazı Əhməd – İskəndər xanın nökəri Minbaşı * * * Əvvəlinci məclis Vaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə. Rəhim. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim? Leyla xanım. Mən heç vaxt peşman olmamışam və heç vaxt olmaram. Ancaq qorxuram mane olalar... Rəhim. Məhəbbət olan yerdə təşvişə düşmək nahaqdır. Sizi inandırıram ki, nə qədər canım sağdır, səni Allahdan savay heç kim mənim əlimdən ala bilməz. Leyla xanım. Bircə fikir elə, Rəhim, sən bu evdə nökər durmusan, mənim atam da vilayətdə bir kişidir, necə ola bilər ki, o məni öz nökərinə verməyə razı olsun? Hələ övladının, qohum-əqrəbasının məzəmməti, camaatın murdar-murdar danışığı dursun kənarda... Rəhim. Belə olan surətdə mənə rüsxət ver, gedim sübut gətirim ki, mən özüm də nəciblərdənəm və sənin məhəbbətinə layiqəm. Leyla xanım. Yox... Mən ayrılığa dözə bilmərəm... Ancaq səndən təvəqqe edirəm ki, səy eləyəsən atam sənə məhəbbət gözü ilə baxsın. Bəlkə Allah kömək eləyə, onu bir tövr yola gətirək. Rəhim. Məgər, Leyla xanım, görmürsən mən gecə-gündüz xanın qabağında satınalma qul kimi əlibağlı durmuşam və həməvəqt onun xahişini əmələ gətirirəm? Leyla xanım. Lazımdır ki, qardaşım ilə də mehriban dolanasınız. Rəhim. İndiyə kimi İskəndər xan həmişə mənə mehriban və şəfaət gözilən baxıb... Odur, bax, özü də gəlir, mən gedim. (Gedir.) Leyla xanım. Ay biçarə, yamanca işə özünü də salmısan, məni də. İskəndər xan (daxil olur). Burada qeyri adam yoxdur ki, Leyla? Leyla xanım. Bir kəs yoxdur, qardaş, təkəm... Nə üçün belə bikefsən? İskəndər xan. Qısa söz, bacı, məhəbbət bəlasına düçar olmuşam, tab-taqətim kəsilibdir. Nə qədər fikir eləyirəm nicat yolu tapa bilmirəm. Atamdan da, bilirəm, mənə haray olmayacaq. Qalmışam naçar. Leyla xanım. Allah kərimdir, qardaş, söylə görüm necə işdir? İskəndər xan. Söyləyəcəyəm, bacı. Amma səndən təvəqqe eləyirəm məzəmmət etməyəsən, çünki məzəmmətdən keçibdir. Leyla xanım. Həmdərdik, qardaş, qorxma, sözünü de... İskəndər xan. Qonşuluğa bir qız gəlibdir, naxoş anası ilə bir evdə olurlar... Ev axtarmaq bəhanəsilə getmişdim onlara. Bacım, nə deyim, valeh oldum... Yazmaq ilə, danışmaq ilə onun gözəlliyini bəyan etmək olmaz. Görəsən, bacı, nə səbr məhəbbət ilə anasına pərəstar olur... Hər bir işlərindən, danışıqlarından məlum olur ki, çox nəcib adamdırlar... Hərgah atamdan mənə kömək olmasa, mən gərək bu vilayətdən gedəm, başımın çarəsini qılam... Kişi budur gəlir, gedək, dərdim çoxdur. (Gedirlər.) Ağa Kərim xan (daxil olur, dalınca Əhməd). Burada nə gəzirsən, a gədə? Hm! De görüm, nadürüst oğlu nadürüst, oğru haramzada! Əhməd (kənara). Belə də murdar, ləin adam olurmu, a başınıza dönüm? Ağa Kərim xan. Burnunun altında nə danışırsan, a gədə! De görüm burada nə qayırırsan? Əhməd. Acığın niyə tutur, ay ağa? Mən burada İskəndər xanı gözləyirəm. Ağa Kərim xan. Çöldə gözləyə bilməzsən?! Siz bu evə girəndə gözləriniz dörd olur, oranı-buranı axtarırsınız görüm hansı şeyi oğurlaya billəm. Əlinizə düşəni qoyursunuz cibinizə, qoltuğunuza, corablarınızın içinə. Haramzadalar, nadürüstlər!.. Əhməd. A başınıza dönüm, siz o adamlardan deyilsiniz ki, sizin bir dinar pulunuzu oğurlamaq mümkün ola. İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın, ya ki, sərbaz kimi gecə-gündüz keşik çəkin, olun arxayın. Ağa Kərim xan. Qırışmal oğlunun sözünə bax, sözünə! Pulum olsa, qorxma, gizlədərəm! Siz elə məlunsunuz ki, meyiti soyarsınız. Əhməd. Ay ağa, başına dönüm, bizə nə borcdur, pulunuzu harda gizlədirsiniz, ya gizlətmirsiniz. Ağa Kərim xan. Mən sənə nə vaxt dedim ki, pulumu gizlədirəm, nə vaxt dedim? (Kənara.) Zalım oğlu deyəsən, pulların yerini bilib axı... A gədə ey, bax bundan sonra mənim qapıma gəlməyəsən, eşidirsənmi? Əhməd. Mən qələt elərəm bir də buraya gəlləm. Baş üstə, gəlmərəm. Çox lazım deyil. Ağa Kərim xan. Murdar oğlu murdarın dişlərini tökəcəyəm! Sənə deyirəm mənim qapıma gəlmə, gəlmə! Nədir sözün? Əhməd. Baş üstə. (Getmək istəyir.) Ağa Kərim xan. Dayan, geri qayıt... Əlini göstər görüm! O birisini də! Əhməd. Buyur... Ağa Kərim xan. Ayaqlarını da göstər! Əhməd. Bu da mənim ayaqlarım, buyur... Ağa Kərim xan. Bəri gətir ciblərini görüm! (Baxır.) Bu şalvar o qədər gendir ki, bunun içində hər nə istəsən gizlətmək olar. (Baxır.) Əlimə düşeydin, a dərzi, boğazından asaydım səni... Bu böyüklükdə şalvar olur? Əhməd (kənara). Mənim də əlimə düşeydi sənin pulların, nə səliqə ilə məzdərdim. Ağa Kərim xan. Burnunun altında nə mırıldayırsan, a gədə? Əhməd. Deyirəm, ağa, döşümdə də bir balaca cibim var, ona da baxın. Ağa Kərim xan. Boynuna al, görüm nə götürübsən... Tez ol, yoxsa, vallah, gönünü allam! Hə, səslən görüm! Əhməd. Ağa, vallah, heç zad götürməmişəm. Ağa Kərim xan. Bax, budur sənə deyirəm, dürüst qulağında saxla, hərgah bir də səni burada görsəm, ətini özünə yedirdəcəyəm!.. Eşitdin, di get! Əhməd. Görsəm ki, bu evə od düşüb yanır, genə yaxın gəlmərəm. (Gedir.) Ağa Kərim xan. Doğrusu ki, böyük pul saxlamaq çox çətin şeydi. Bilmirsən harada gizlədəsən. Hərgah sandığa qoyub evdə saxlarsan, olur göz qabağında. Oğrudur, girdi otağa, atdı dalına, götürüb getdi, neyləyəsən?.. Yerdə basdırsan, onu da gərək elə eləyəsən ki, görən olmasın... Bu da çox çətin işdir. Xoşbəxt o adamdır ki, pulunu qorxusuz yerdə saxlaya bilə. (Gələnləri görməyib.) Bilmirəm yaxşımı elədim, dünən gələn pulu sandıqçaya qoyub bağda yerə basdırdım. (Gələnləri görüb.) Vay, bərməla. Deyəsən eşitdilər axı... İskəndər xan, Leyla xanım daxil olurlar. Ağa Kərim xan. Nə var, nə üçün təşrif gətirmisiniz? İskəndər xan. Bir elə iş yoxdur, ata. Ağa Kərim xan. Çoxdanmı orada durmuşdunuz? İskəndər xan. Xeyr, elə gəlişimizdir. Ağa Kərim xan. Eşitdiniz ki? İskəndər xan. Bir zad eşitmədik. Ağa Kərim xan. Yalan deyirsən, ola bilməzdi ki, qulağınıza çatmayaydı. İskəndər xan. Başın üçün heç zad eşitmədik. Ağa Kərim xan. Yalan deyirsən... Mən burada öz-özümə danışırdım ki, gör zamana necə xarab olubdur ki, yüz manat pul da tapmaq olmur. Xoşbəxt o adamdır ki, onun heç olmasa bir on min manat pulu var. İskəndər xan. Ata, məgər, pulun yoxdur ki, belə ürəkdən on min manat arzu edirsən? Sənin ki, Allaha şükür... Ağa Kərim xan. Odur də, odur də... Elə danışırsınız ki, düşmənlər məni milyonçu hesab edirlər də.. Bir gün də dəlib mənim başımı kəsəcəklər o ümid ilə ki, bir sandıq pul aparsınlar; sonra baxıb görəcəklər ki, məndə bir dinar da yoxdur... Kor-peşman geri qayıdacaqlar, ancaq nahaq yerə mən bada gedəcəyəm... Canım, gözüm dünya xarab olubdur, etibar kəsilib. Hər bir dinar minib dovşan belinə... Siz də mən deyəndən demirsiniz. Bax elə sənin bu libasından təşbeh tut; neçə yol mən sizə demişəm ki, bahalı libas geymək eyibdir, axır bu libasları satsan, bir tacirə böyük maya olar. İskəndər xan. Siz ki əlhəmdülillah, bizə bir dünyada... Ağa Kərim xan. Dayan, səbr elə, bircə mənə de görüm, çəkmə əvəzinə başmaq geymək olmaz? Çəkmənin biri altı manata, başmağın biri üç abbası... Bu şalvara nə üçün düymə tikilib? Məgər tumanbağı yaramaz? Bu bağ da nə üçündür? Saya bağ ilən olmaz? Baxın görün nə qədər bica xərclər edirsiniz. Yəqin mənim pulumu oğurlayırsınız. İskəndər xan. Eyibdir, ata, elə söz demək. Ağa Kərim xan. İndi gəl, Leylanın libasından danışaq. Leyla xanım. Mənim libasımdan danışmaq lazım deyil. Çünki axır sözünüz bu olacaq ki, bir torba da başa salıb dolanmaq olar, qəbulumdur. Ağa Kərim xan. Yəni belə deyil? Bax, bu nədən ötrüdür, lent deyirsiniz, nə deyirsiniz? Leyla xanım. Doğrudur, ata, hamısı doğrudur... Ancaq qoy bu söhbət dursun kənarda, biz sənin yanına bir təvəqqeyə gəlmişik. Ağa Kərim xan. Pul-zad məndə yoxdur, heç nahaq zəhmət çəkməyin. Leyla xanım. Pul əhvalatı yoxdur, ata... Oğlun İskəndər evlənmək istəyir... Nə buyurursunuz? Ağa Kərim xan. Elə mən özüm də evlənmək barəsində danışmaq istəyirdim... Mən öz fikrimi də, sizin də fikrinizi çəkmişəm... İskəndər, bu qonşuluqda bir qız var təzə gəlibdir. Adı da Züleyxa xanım, onu görmüsənmi İskəndər. Bəli, görmüşəm. Ağa Kərim xan. O qız necə qızdır, cehizi-zadı varmı? İskəndər xan. O qız dünya xəracına dəyər... Təmiz, göyçək, ağıllı... O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar... Amma cehizi yoxdur, kasıbdırlar. Ağa Kərim xan. Cehizi yoxdur! Genə azdan-çoxdan bir şey... İskəndər xan. Xeyr, yoxdur və özləri də çox üsrət ilə dolanırlar. Ağa Kərim xan. Ziyadə eyibdir... Heyf, sədd heyf. İskəndər xan. Elə qız alanın cehiz gözünə görünər? Nə söyləyirsən, ata, bir tək canı dünya xərcinə dəyər. Ağa Kərim xan. Mən çox şad oldum ki, sən o qızı tərif edirsən. Çünki bu günlərdə mən onu görmüşəm və çox da xoşuma gəlib. Qəsdim odur ki, onu özüm üçün alım. Hərçənd cehizi yoxdur, eyib eləməz, mən ev xərcini bir az əskildərəm, o da gələr cehizin yerini tutar. İskəndər. Necə, necə? Züleyxanı istəyirsən özün üçün alasan? Ağa Kərim xan. Bəs necə? Yoxsa ağlına gəlirdi ki, o qızı sənin üçün almaq istəyirəm, xa, xa, xa!.. Züleyxanı alım İskəndər üçün, xərcini də özüm çəkim, xa, xa, xa... Əcəb turş xəyaldır. İskəndər xan (kənara). Altmış yaşında qoca, Züleyxanı almaq istəyir... Allah gözdən, nəzərdən saxlasın. Ağa Kərim xan. Nə mırıldayırsan, a gədə? Elə danış mən də eşidim! İskəndər xan. Bir elə söz yoxdur. Deyirəm ki, başım ağrıyır. Ağa Kərim xan. Eybi yoxdur, get aşpazxanaya, bir az su versinlər, iç, başının ağrısı getsin. İskəndər xan. Doğru buyurursunuz, ata (kənara), getmək məsləhətdir, yoxsa işi büruzə verərəm. (Gedir.) Ağa Kərim xan. Leyla, qulaq as, gör nə deyirəm... Mənim xahişim budur ki, səni verim Ağa Heydərə və İskəndər üçün, bir dul övrət var, onu alım. Leyla (kənara). Bəli, sən verdin, mən də getdim. Ağa Kərim xan. Səni bir kişiyə vermək istəyirəm ki, heç baban da görməyib. Dövlət nə qədər kefindir... Özü sinnə dolmuş, ağlı başında, göyçək, mən yaşda, ələlxüsus məndən cahıl, cehiz də istəmir... Xərcini də özü çəkəcək. Leyla xanım. Ata, o ixtiyar gərək kimdədir? Ağa Kərim xan. Nə dedin, nə dedin? Mənim ixtiyarım yoxdur səni hər kimə istəsəm ona verməyə? Vallah, dar ağacına çəkərəm səni! Bir gözümün içinə dürüst bax! Nadürüstün balası! Məndən qız istəyirlər. Cehizsiz, xərci də özündən. Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, hə? Hay Rəhim, Rəhim. (Çağırır.) Rəhim (daxil olur). Nə buyurursunuz, ağa? Ağa Kərim xan. Mənim bu qızım dəli olub. Rəhim. Sizin sözünüz haqdır, ağa. Ağa Kərim xan. Məgər bilirsiniz biz nə barədə danışırdıq? Rəhim. Xeyr, ağa, bilmirəm... Ancaq onu bilirəm ki, siz ömrünüzdə heç vaxt səhv etməmisiniz, vəssalam. Ağa Kərim xan. Bərəkallah, doğru deyirsən... Mənim səhvim olmayıb və ola da bilməz... İndi qulaq as! Mən Leylanı vermişəm Ağa Heydərə və bu axşam da gərək iş tamam ola... O bir gözəl adamdı, nəcib, ağlı başında, dövləti həddən ziyadə. Əlavə özünün əvvəlinci övrətindən uşağı qalmayıb. Leyla xanım buyurur ki, mən ona getmərəm. Rəhim. Leyla xanım nahaq yerə belə xoşbəxtlikdən əl çəkir... Amma tələsmək lazım deyil, ağa. Ağa Kərim xan. Belə ittifaqdan əl çəkmək böyük axmaqlıqdır. Cehizsiz, xərci də özündən. Rəhim. Cehizsiz, xərci də özündən... Allah mübarək eləsin... Xanımın danışmağı nahaqdır... Doğrudur, ağa, lazımdı ki, iş tamam olsun. Ancaq bilirsiniz nə var? Evlənmək ya ərə getmək tamam ömürdə bir dəfə olar və bu işə iqdam eləmək hər bir saatda asan iş deyil... Çox vaxt bədbəxt olan tapılır. Lazımdır ki, sinndə artıq təfavüt olmasın, olanda aqibəti salamat olmur. Ağa Kərim xan. Cehizsiz, xərci də özündən... Başa düşürsən ya yox? Dəxi hanı, artıq nə lazım qurdalamaq... Yavaş, deyəsən bağda it hürür. Sən, Rəhim, gör Leylanı birtəhər yola gətirə bilərsənmi, mən bu saat qayıdıram. (Gedir.) Leyla xanım. Evi yıxılmış pul adı çəkiləndə, elə bil ki, əzizlərinin adı çəkilir... Mən bir belə qəribə adam görməmişəm... Amma Rəhim, bilmirəm sən də nə danışırdın. Rəhim. Cəhlkara haqq söz naxoş gələr... O hər nə desə, gərək cavab verəsən ki, bəli, belədir. Leyla xanım. Mən qorxuram, Rəhim, kişi məni xataya sala. Höcət adamdır, ondan hər nə desən çıxar. Rəhim. Bəli də! Rəhim ölmüşdü ki, səni onun əlindən alsınlar... And olsun Allaha, dünyayi-aləmi xaraba qoyaram... Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eləmişəm, səni dəxi əldən qoyacağam. Arxayın ol, Leyla, elə iş ola bilməz... Kişi budur gəlir, (bərkdən) qızın borcudur atası buyursa ki, qızım səni bir hambala verdim, gərək cavab versin ki, sahib-ixtiyarsınız, ata! Ələlxüsus o məqamda ki, cehizsiz və xərci də özündən ola... Ağa Kərim xan (daxil olur). Bərəkallah, Rəhim, afərin! Bu gündən sən mənə artıq xoş gəlirsən. Allah qoysa, mərhəmətim sənə çox olacaq. Leyla, bundan sonra hər nə Rəhim desə, onun sözündən çıxmayasan, eşidirsənmi? Mən gedirəm şəhərə, lazımi şeyləri almağa, siz də yavaş-yavaş hazırlaşın. Leyla xanım. Nə hazırlaşmaq? Vallah, bu saat başım bərk ağrıyır, gözlərimi də aça bilmirəm, bədənim titrəyir. (Gedir.) Ağa Kərim xan (gedə-gedə). İndi qayıdıb dişlərini tökəcəyəm ha! A zalımın qızı, bircə başa düş eyy... Cehizsiz, xərci də özündən. Rəhim, sən Leylanı əldən qoyma. (Gedir.) Rəhim. Leylanı əldən qoyan günü Allah məni yox eləsin... Ağa, dürüst arxayın ol... Leyladan əl çəkmərəm, ölsəm də... Zarafat deyil, cehizsiz, xərci də özündən... (Rəhim üzünü Leyla gedən tərəfə tutub.) Dünyada puldan yaxşı şey ola bilməz... Vaxt olar ki, Leyla xanım, atandan razılıq edərsən ki, məni dövlətli adama verdi. Cehizsiz, xərci də özündən... Atayın elə adı xandır, onda pul nə gəzir?.. Neylirsən kişinin cavanlığın? Nəcabəti, ağıl-kamalı, pulu olsun, pul! Qanırsanmı, Leyla xanım, pul, pul! Ağa Kərim xan (çöldən). Bərəkallah, qoçağım Rəhim, afərin! Rəhim (xan tərəfə baxıb). Özün öləsən, başın üçün, Ağa Kərim xan, Leylanı verdim, sən də verdin Ağa Heydərə... Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Ağa Kərim xan (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar. Bədircahan (daxil olur). Salam əleyküm... Nə olub, ağa, öz-özünə danışırsan, qadon alım? Ağa Kərim xan. Xoş gördük, Bədircahan! Kefin, damağın? Arvad, necə dolanırsan, yaxşısanmı? Bədircahan. Xoş günün olsun, ağa, birtəhər dolanıram... Yəqin, ağam nişanlısını xəyalında tutub, onunla öz-özünə danışırdı, hə?.. Ağa Kərim xan. Xeyr a a... Gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. Bədircahan. Muzdur elə belə olar, başına dönüm. Eşşək kimi bizləməsən, yeriməz. Ağa Kərim xan. Bədircahan, mən səni elə o işdən ötrü çağırtmışam... Ancaq bir az səbr elə, bu saat qayıdıram, (kənara) bağçaya səfər lazımdır, gedim görüm sandıqça salamatdırmı? (Gedir.) Bədircahan. Bu zamanada kimsə bifayda heç kimin ağzına su damızmaz. Mənə nə olubdu?.. Ağa Kərim xanın başı üçün, ondan bir şey qopartmamış əl çəkməyəcəyəm... Donquzdan bir tük çəkmək qənimətdir. Əhməd (daxil olur). Paho, Bədircahan nənə, sən hara, bura hara, lotular aşnası? Bədircahan. Səni axtarıram, alabaş. Əhməd. Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kələkbaz? Bədircahan. Səni axtarıram ki, gözünün içinə lomboynan tüpürüm. Əhməd. Nə səbəbə xidəmat əhlinin nuri-didəsi? Bədircahan. Ağzına gələn hədyanı danışmayasan. Heyvan oğlu heyvan! Əhməd. Söyüşün də mənə qənd-şəkərdir, ay maralım! Qulaq as, xandan qorxuram məni qova. Ancaq İskəndər xanın sənlən bir vacib işi var, nə təhər olsa gərək onu bu gün görəsən. Mən bilirəm ki, sən nə işdən ötrü buraya gəlmisən. Amma. Bədircahan nənə, vallahı adını pəhləvan qoyaram, hərgah xandan bir şey qopara bilsən. Bu bir zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmur. “Vermək” dəftərində yazılmayıb. Bədircahan. Mən də Bədircahanam, Əhməd, qopartmasam, əlimi kəsərəm. Heç bilirsən mən hansı yuvanın quşuyam? Tülək tərlanam, tülək! Əhməd. Sən öləsən, nə qədər kefindir səni tərif elər. Razıməndlik elər, xəzinələr vədə elər. Axırı... heç nə, get ay batandan sonra gəl. Ayağına yıxılıb dizin-dizin sürünəsən, dilini bir qarış çıxardıb yalvarasan, bir zəqqum da verməz... Onu mən tanıyıram. Bax odur ey, topal olmuş budur gəlir, mən getdim. (Qaçır.) Ağa Kərim xan (daxil olur, kənara). Əlhəmdülillah, yerindədir... Hə, Bədircahan, söylə görüm nə var, nə yox? Bədircahan. Gözüm dəyməsin, ağa, tufu, tufu, tufu... Sən o yandan bəri gələndə dedim: görəsən Allah, bu hansı cavandır qıpqırmızı, lalə kimi, sona yerişdi... Oğlanlarım ölsün ki, doğru deyirəm. Maşallah, gözüm ayağının altına. Ağa Kərim xan. Sinnim altmışdan artıqdır ha, Bədircahan... Onunla belə gör pəhləvanam ya yox? Bədircahan. Altmış yaş, sinnin elə çiçəklənən lalə vaxtıdır, nə deyirsən, a başına dönüm! Ağa Kərim xan. Yox, Bədircahan... Heç olmasa bir iyirmicə yaş əskik olsaydı, yaman olmazdı. Bədircahan. Elə onsuz da yüz il ömür edəcəksən, başına dönüm. Çünki, bax, burnunun üstəki ziyildən mən aşkar görürəm ki, sənin ömrün yüzdən artıq olacaq. Yavaş, bir alnını mənə göstər görüm. Pəh, pəh, pəh! Başın üçün, xan, bu cızlardan yüz iyirmi iki görünür... Maşallah, maşallah! Tufu, tufu, tufu! Ağa Kərim xan. Məni ələ salma, arvad! Belə iş olmaz. Bədircahan. Nəvə-nəticələrindən artıq ömür edəcəksən... Sözdür mən sənə deyirəm. İstəyirsən inan, istəmirsən inanma. Mən oxuduğumu sənə ərz eləyirəm. Ağa Kərim xan. İstərdik sən deyən olsun... İşlərimiz nə haldadır, işlərimiz? Ondan söylə. Bədircahan. Heç soruşmaq lazım deyil... Bir işə ki, Bədircahan iqdam eləyə, o gərək həll olunsun, mümkün deyil ki, olmasın... Ağa, başın üçün, qıza, anasına o qədər səndən dedim ki, ağızları açıq qalıb, az qaldılar ki, valeh olsunlar... oğlanlarım ölsün ki, Züleyxa xanım sənə belə aşkarca aşiq-məşuq olub, dinməz-söyləməz. Ağa Kərim xan. Demək, iş düzəlibdir də, alacayıq? Bədircahan. Alacayıq hansıdır?! Bədircahan ola, əlindən iş qurtula? Elə zad olmayıb və olmayacaq... İşi o məqama gətirmişəm ki, Züleyxa xanım gəlib, buradan Leyla xanım ilə, bir yer var, oraya gedəcəklər... Bu mahnadır, məhz səni görməkdən ötrü. Ağa Kərim xan. Çox pakizə, mən də buyurum, faytonu hazır eləsinlər. Bədircahan. Afərin, xan... Bax belə ey... Faytan, fayton... Əlbəttə, qoy bilsinlər ki, Bədircahan da yer üzündə bir Bədircahandır. Ağa Kərim xan. Yavaş görüm, Bədircahan, bəs cehiz barəsində danışıq olmadı? Axır sən gərək anasına qandıraydın ki, bizim vilayətdə cehizsiz qızı heç kim almaz. Bədircahan. Allaha şükür elə, xan, papağını göyə tulla. Mən sənə qız alıram ki, ildə sənə min manat xeyri olacaq. Ağa Kərim xan. Min manat xeyri olacaq? Bəs deyirlər ki, çox kasıbdır, heç zadları yoxdur. Bədircahan. Səbrini bas, ağa, hesabına bax! Züleyxanın bir xasiyyəti var ki, gündə bircə dəfə təam yeyir. Bir parça əl böyüklüyündə çörək, bir az süd, ya qatıq, ya da ki, ikicə dənə yumurta. Vəssalam, nəğmə tamam... Zər libası, qızıl zinəti görməyə gözü yoxdur... Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək: yaxşı yemək, içmək, zər-xaradan çərkəzi tuman... Mənim kimi kasıb arvad da qapına cələndə bir şey də baxşayış eləmək lazımdır... Bu xərclərin hamısını bir yerə cəm edəndə iki mindən artıq elər. Ağa Kərim xan. Xa, xa, xa... Bugünkü sərçə dünənkinə cik-cik öyrədir. Özün öləsən. Bədircahan, qulaq as, çox yemək günahdır, zər-ziba geymək günahi-kəbir... Baxşayışın mənasını bilmərrə yadıma salmaq istəmirəm. Qonaq getmək yaxşıdır, gələn qonağı görməyə gözüm yoxdur. Hay, hay, Bədircahan, əcəb mənə mədaxil yeri göstərdin. Boynunu yerə soxum, cehizdən danış, cehizdən! Bədircahan. Cehizi yoxdur, ancaq mülkləri var, anası ölən kimi qalacaq qızına. Ağa Kərim xan. Ölmə eşşəyim, ölmə, yaz açılar, yonca bitər. Cehiz söhbəti hələ dursun, mən bir işdən qorxuram: mən qoca, o cahilə... Mən onu alandan sonra bəlkə o dinc oturmadı, onda necə olsun? Bədircahan. Bu barədə heç qorxmaq lazım deyil, çünki onun cahıl oğlanlardan bilmərrə zəhləsi gedir, görməyə gözü yoxdur. Ona xoşa gələn qocadır, qoca. Deyir ki, cahılın başında ağıl olmaz, məhəbbətə etibarı... Qoca kişi məhəbbətdə möhkəm, dünya işində mahir, imtahandan çıxmış, hər bir fəndən xəbərdar... Kişidə hənalı saqqal gərək, gözündə eynək... İndi bilirsən, ağa, nə var? Bax mən səni xəbərdar eləyirəm, hərgah doğrudan onu almaq istəyirsən, heç vaxt səy eləmə özünü cahıl göstərməyə. Allah eləməmiş, birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. Ağa Kərim xan. Bərəkallah, Züleyxa, bərəkallah! Afərin! Bədircahan. Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş... Dost-aşnalarının, övrətlərinin bietibarlığın görmüş... Cahıldan, deyir, nə səmər... Yağış dəymiş toyuq kimi görürsən, deyir, birçəklərin darıyıblar, papaqları gəc, guya ki, boğazlarında xış qalıb... Ciblərində bir quruş yox. Ağa Kərim xan. Yəqin mənim özümdə də artıq pul yoxdur... Bəri bax görüm, Bədircahan, sən mənim başım, doğrusunu de, mən sənin özünə xoş gəlirəmmi? Bədircahan. Ay ağa, oğlanlarım ölsün ki, yalandan demirəm, mən sənin boy-buxununa baxanda az qalıram öləm. Yerişin kəklik yerişi, boyun sərv ağacı, danışanda ağzından qənd-şəkər tökülür. Qadon alım, ağa, zəhmət olmasa bir otaqda gəzin görüm. (Xan gəzir.) Xa, xa, xa!.. Pəh, pəh, pəh! Maşallah! Taha bəsdi... Ağa, bəsdi, bəsdi, bəsdi, başına dönüm. Vallah qorxuram sənə gözüm dəyə... Tufu, tufu, tufu, tufu! Ağa Kərim xan. Atamın ərvahına, Bədircahan, mən heç ömrümdə azar görməmişəm. Pamazı paltarım olur həmişə qalın... Ancaq hərdən-birdən dişlərim ağrıyır, çox vaxt belim... Bədircahan. Axır ki, ağa, səndən Züleyxa xanıma o qədər demişəm, o qədər tərif eləmişəm ki, biçarə qız səndən ötrü dəli-divanə olub. Dəxi gözünə yuxu da getmir. Ağa Kərim xan. Laçınsan, Bədircahan, laçın! Gör, Allah qoysa, səni nə qayda razı edəcəyəm. Bədircahan. Xan, bilirsən, başına dönüm, səndən bir təvəqqe edəcəyəm. Ümid ki, müzayiqə olmaya, divanda bir iş başlamışam, pul yoxdur. Ağa Kərim xan. Bədircahan, Züleyxanın neçə yaşı ola bilər? Bədircahan. Ceyran balasının on altı, ya on yeddi yaşı var, lalə vaxtıdır. Ağa, pul olmasa, böyük zərərə düşə bilərəm. Sizdən təvəqqe eləyirəm... Ağa Kərim xan. On altı, ya on yeddi... Pəh, pəh, pəh. Bədircahan. Çahi-zənəxdanı lalə üzündə... Pəh, pəh, pəh, Allah nəsib eləsin, inşallah (səktə). Divandakı iş yadıma düşəndə ovqatım təlx olur. Ağa Kərim xan. Cehizi də olsa idi, dünyada dərdim olmazdı... Heyf, sədd heyf! Bədircahan. Cehizi yoxsa da, mülkü var... İş əldən getsə evim yıxılacaq, ağa... Sənin söhbətin ortalığa düşəndə Züleyxa xanımın barmağını kəssən, xəbəri olmaz, elə üzü gülür, gözləri parıldayır... Ağa, bəs mənim işimə nə deyirsiniz? Ağa Kərim xan. Sən ki Züleyxanı belə tərif edirsən, gör sənə nələr verəcəyəm. Bədircahan. Elə mənim divan işimə kömək edərsən, dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət elər... Borc da olsa ver, ağa, başına dönüm, ölənədək sənə duaçı ollam. Ağa, Allah xatirinə müzayiqə eləmə. Ağa Kərim xan. Demək, Züleyxanı alırıqsa... yaman olmaz... Çox sağ ol. Bədircahan, hələ ki xudahafiz. Bədircahan (xanın ətəyindən tutub). Xan, balalarım sənə qurban, heç olmasa bir ikicə manat ver, qalanın özgədən taparam... Allah xatirinə, ağa! Ağa Kərim xan. Yavaş, gedib görüm fayton necə oldu? Bədircahan. Ağa, atam, anam sənə qurban, balalarım sənə qurban... Ağa, səni and verirəm Züleyxa xanımın əziz canına, bir artıq şey deyil iki manat. Ağa Kərim xan. Kimdir, a gədə, məni çağıran, burax görüm, kimdi məni çağıran? Əl çək, pəə! Əl çək deyirəm sənə! (Gedir) Bədircahan (tək). Məlun oğlu məluna bax aa!.. Buy, səni görüm dilin ağzında yansın, kişi! Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. Öl, öl, öl, canın çıxsın! Belə də xəsis olarmı, a başınıza dönüm! Ölməyəcəksən, a zındıq oğlu zındıq? Vallah öləcəksən, ehsanından yeyib, goruna min deyəcəyəm. Deyəcəyəm ha, deyəcəyəm ha! Al gəldi deyəcəyəm, Ağa Kərim xan, al gəldi! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar. Ağa Kərim xan (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum? Əhməd. Qandım, xan. Ancaq bilmirəm elə bu libasdamı qonaqlara qulluq edəcəyəm? Ağa Kərim xan. Bəs necə məgər? Yoxsa fikrində var ki, mənim əbamı geyib qulluq edəsən? Əhməd. Xeyr, ağa, iş onda deyil. Ağa Kərim xan. Bəs nədədir? Əhməd. Ağa, başına dönüm, məgər görmürsüz arxalığım qabaqdan əl böyüklügündə yanıb, şalvarım da daldan cırılıb? Yamamaq da mümkün deyil, əyiləndə lap biabırçıdır. Ağa Kərim xan. Eybi yoxdur, çiynində qətifə olacaq, bir ucunu at çiyninə, bir ucunu da arxalığın qabağına. Özün də dik dur, heç vaxt əyilmə, dalını qonaqlara çevirmə, vəssalam! Burada bir çətin iş yoxdur. Bax, hələ onda heç zad görünməz. Qandın? Get dur yerində! İskəndər, yaxın gəl, sənin borcundur mənim nişanlım gələndə pişvazə çıxıb, ona xoş gəldin söyləyəsən və artıq xoş sifət göstərəsən. İskəndər xan. Bir səbəb yoxdur ki, mən Züleyxaya pis sifət göstərəm. Mən canımı, malımı onun yolunda nisar etməyə hazıram, dürüst arxayın olun, ata! Ağa Kərim xan. Yalan danışma, oğul, eyibdir səndən ötrü... Məlum və aşkar işdir: heç vaxt uşaqların xoşuna gəlməz ki, ataları gedib dübarə evlənə, analarının yerinə qeyri arvad gətirə. Bu sözləri nə üçün biməna danışırsan? İskəndər xan. Əlbəttə, mənası var ki, danışıram. Siz arxayın olun, ata. Züleyxanı görəndə mən elə bilirəm ki, dünyayi-aləmi mənə verdilər. Ağa Kərim xan. Hərgah bu sözləri canü dildən deyirsənsə, mən səndən razı olaram... Hər halda, səndən lazımən hürmət gözləyirəm. Qızım, Leyla, sən də bu sözlərə qulaq as, çünki sən tərəfdən də gözləyirəm hörmət və ixlasi o vücuda ki, bu evdə xanım olacaq. Leyla xanım. Əlbəttə, bizim borcumuzdur ona hörmət etmək və onun hər bir xahişini əmələ gətirmək. Dürüst arxayın olun. Ağa Kərim xan. Çox pakizə, Allah razı olsun... İndi siz gedə bilərsiniz... Leyla, İskəndər, Əhməd, gedin işlərinizdə olun! (Gedirlər.) Rəhim, Səfərəli, yaxın gəlin. Qəsdən mən sizi axıra saxladım. Səfərəli. Ağa, mən sizə aşpazlıq eləyəcəyəm ya mehtərlik? Ağa Kərim xan. Sən bu gün lazımsan necə ki, aşpaz və necə ki, mehtər, amma əvvəl gərək aşpazlıq edəsən. Səfərəli. Belə olan surətdə rüsxət verin. (Mehtər libasın çıxardıb, aşpaz libasında qalır.) Ağa Kərim xan. Hə, bərəkallah. Xa, xa, xa! Bərəkallah. Bir belə dur görüm, xa, xa, xa! Rəhim. Səfərəli bir az tənbəl olmasa, heç əvəzi yoxdur. Çox qoçaq oğlandır. Səfərəli. Səhv eləmə, Rəhim, tənbəl şah qapısında olar... Bəzi vaxt elə xan qapısında da olar... Bizim tənbəlimiz də Əhməddir, müftəxor. Ağa Kərim xan. Mən tənbəl adamı sevmirəm... Siz özünüz görürsünüz ki, gündə neçə dəfə bağa girirəm görüm meyvə-zad oğurlayan olmayıbdır. Kişi üçün tənbəllik böyük eyibdir. Bilirsən indi, Səfərəli, nə var? Bu axşam mənim neçə nəfər qonağım var, onlar üçün gərək əla xörəklər hazır edəsən. Səfərəli. Ağa, xörəklərin yaxşı olmağı bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. Nə qədər xərc çox olsa, o qədər də xörəklər yaxşı olar. Ağa Kərim xan. Pəh... axmaq oğlu axmaq! Mən ağzımı açmamış pul, pul. Guya ki, puldan sivayı gədənin dili qeyri söz tutmur. Rəhim. Mən ömrümdə heç belə namünasib cavab eşitməmişdim. Guya ki, artıq pul ilə yaxşı xörəklər bişirmək çox çətin işdir! Onu bizim Bədircahan nənə də bacarar. İş ondadır ki, az pulla yaxşı xörəklər hazır edəsən, ucuz. Səfərəli. Vallah, mənim başıma balta ilə də vursanız, mən genə başa düşə bilmirəm və bilməyəcəyəm, necə ola bilər ki, yaxşı xörəklər hazır edəsən az pulla, ucuz. Bəli, doğrudur ki, ucuz almaq olar həsrətülmülük! Bizim dildə qaraca qovurma deyirlər. On quruş versən, bir dolu sini verirlər. Ağa Kərim xan. A gədə, Səfərəli, sənin qəsdində, balam, odur ki, məni xoruza yükləyəsən, mən də ona razı ola bilməyəcəyəm, vəssalam. Rəhim. Nə üçün, qardaşım, Səfərəli, başa düşmürsən? Ağanın tələbi odur ki, yaxşı xörəklər olsun, özü də ucuz. Burada bir belə çətin məsəl yoxdur. Səfərəli. Ağa Rəhim, ola bilərmi ki, sən özün aşpazlığı qəbul edəsən, xörəklər bişirəsən, həmi yaxşı, həmi ucuz! Ağa Kərim xan. Səsini kəs, nadürüst oğlu nadürüst! Sənə hər nə buyururam ona əməl elə, yaxşı xörəklər, özü də ucuz! Səfərəli. Əlac nədi... Ağa deyir sür dərəyə, sür dərəyə. Eybi yoxdur, buyur görək, neçə qonaq olacaq? Ağa Kərim xan. Ya səkkiz, ya on. Amma sən xörək hazır elərsən altı adam üçün... ondan ötrü ki, bir xörək ki, bəs elər altı adama, o kifayət edər səkkizə də, ona da. Səfərəli. Qabaqcadan verrəm lülə kabab, ondan sonra plov, plovdan sonra... Ağa Kərim xan. Ondan sonra mən də hazır elərəm sənin üçün falaqqa-çubuq... Zalım oğlu zalım! Sənin fikrin məni xoruza yükləməkdir? Yoxsa sənin qəsdin tamam şəhəri doyurmaqdır? Rəhim. Xeyr ağa... Səfərəlinin fikri odur ki, qonaqları o qədər yedirtsin ki, yazıqlar toxluq eləyib qırılsınlar... Əzizim, qonaqlarımıza düşmən deyilik. Aşkardır ki, çox yemək az yeməkdən də qoyar. Yemək qaydasın bilmək özü bir böyük elmdir. Ağa Kərim xan. Bərəkallah Rəhim, afərin! Çörəyim sənə halal olsun! Səfərəli. Dəxi mən pəs. Rəhim. Əlavə əzin, xörəklər gərək tez ürəktutan şeylər olsunlar. Tez, bir-iki tikədən sonra yeməkdən əl çəksinlər. Ağa Kərim xan. Mən özüm çox imtahan eləmişəm, tez ürəktutan xörəklərdən birisi dögmə döşəmədir. Biri xəşildir. Birisi quymaqdır. Haflama gürzə, qorutdu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdi. Rəhim. Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır elərəm. Ağa Kərim xan. İndi, Səfərəli, get, mehtər libasını gey, faytonu təmizlə və atları qoş! Səfərəli. Ay ağa, bir yolluğa mənim adımı yarıtmaz qoy, qurtarsın getsin. Vallah dəxi mən neyləyim? Ağa Kərim xan. Bu nə sözdü deyirsən, a gədə? Səfərəli. A başına dönüm, atlara biz arpa vermirik, ot vermirik, bir quru samandır, onu da veririk bir xəşmə... Belə yemlənən at at olar? Bir dəridirlər, bir sümük... Quyruğundan tutub kömək verməsən, heç ayaq üstə dura bilmirlər. Ağa Kərim xan. Yəni buradan şəhərin o başına gedə bilməzlər? Səfərəli. Ərz eləyirəm ki, heç ayaq üstə dura bilmirlər... Siz nə buyurursunuz? Rəhim. Ağa, siz heç darıxmayın, atları da mən hazır elərəm... Ancaq zəhmət olmasa, buyurun gedək görək qeyr işlərimiz nə haldadır. (Gedirlər.) Səfərəli (tək). Mən heç qana bilmirəm bu Rəhim nə girib meydana quyruğun bulayır; ay bunu elərəm, onu elərəm... Cəhənnəmə elə, gora elə! Xana bax xana! Xəşildən, quymaqdan dəm vurur. Adın da qoyub Ağa Kərim xan ağayi-Ərdəbili! Öləsən ölə! Elə havlama, xəngəl, mal ətinin küftəsi. Mal ətinin küftəsi girsin gözünə... Bədircahan, Züleyxa xanım daxil olurlar. Bədircahan. Qadan alım, Səfərəli, xan evdədirmi? Səfərəli. Bəli, evdədir. Bədircahan. Get xana məlum elə ki, əziz qonaq gəlibdir. Səfərəli. Baş üstə, bu saat. (Gedir.) Züleyxa xanım. Bu nə hərəkətdir, qoca? Mən gəlmişəm Leyla xanımın yanına, gəlməmişəm xanlan söhbət etməyə. Bədircahan. Eybi yoxdur, başına dönüm. O gələndə bizi yeməyəcəkdir ki. Qoy gəlsin. Züleyxa xanım. Heç vaxt ola bilməz. Get bu saat Leyla xanımı çağır! Mən hara, xan hara?.. Eyib deyilmi, camaat bizə nə deyər? Bədircahan. Ağrım xanın ürəyinə. Xan gələndə dünya qopmayacaqdır ki! İki kəlmə danışıb, çıxıb gedəcək. Züleyxa xanım. İki kəlmə olmasın, Allah vara yarım kəlmə olsun. Sənə deyirəm olmaz, olmaz, vəssalam! Bədircahan. Belə işin var idi, qabaqcadan deyəydin... İndi mən başıma nə kül töküm? Mən də anavın buyruğuna görə səni bura gətirmişəm. Züleyxa xanım. Anam çox özü üçün eləyib... Vallah, bu saat ayaqlarım titrəyir. Eyib deyilmi? Bu nə işdir sən məni saldın? Bədircahan. Nə danışırsan, a qız? Bundan yaxşı iş olar? Xanın bir ayağı çöldədir, biri qəbirdə, bu gün-sabah ölər, mal-dövlət qalar sənə, sən də hər kəsi istərsən gedərsən ona. Burada bir eyibli iş yoxdur. Hərgah mənim özümü istəyən olsa, tullana-tullana gedərəm, heç kimi də vecimə almaram. Züleyxa xanım. O arvad çox qələt eləyər ki, sahibindən sonra dübarə ərə gedər! Allah xatırına, get Leyla xanımı çağır gəlsin. Vallah, yoxsa mən bir saat da burada qalmaram. Bədircahan. Aha, indi bildim fənnini... Sənin meylin o dünən nağıl elədiyin oğlandır, bildim, bildim... Züleyxa xanım. Çox da bildin. Görək olanda eyib işdi? Altmış yaşında qoca ona taydı? Bədircahan. A qız, axmaq olma, xanın qaranquşcan ömrü qalmayıb. Nə danışırsan, bu gün-sabah təşrif aparacaq. Züleyxa xanım (qısılıb Bədircahanın böyrünə). Bu gələn eybəcər kimdir, Bədircahan? Ağa Kərim xan (daxil olur). Sən bu evə xoş gəlmisən, Züleyxa xanım, səfa gətirmisən. Mənim bu cahü cəlalım sənə peşkəşdir. Eyib tutmayın ki, mən sizin yanınıza eynək taxıb gəlməmişəm, eynəksiz də gözəlliyin aşkar görünür. Məlum işdi ki, aya, günə eynək ilə baxarlar... Bədircahan, səbəb nədir ki, Züleyxa xanım danışmır? Mən çox arzu edərdim ki, onun mübarək səsini eşidim. Bədircahan. Xan, özünüz bilirsiniz ki, qız uşağı həyalı olur, danışmaz, ələlxüsus sizi görüb biçarənin dili bilmərrə tutulub. Ağa Kərim xan. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir. Züleyxa xanım (kənara). Necə murdardır, nə yaman eybəcərdir, başınıza dönüm! Ağa Kərim xan. Budur gəlir mənim qızım sənin pişvazına... Qızım, gəl, gəl, gör necə həyalı qonaq bizə gəlibdir. Leyla xanım (daxil olur). Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib... Züleyxa xanım. Tez gələ bilmədim, bağışlayasınız... Leyla xanım. Xeyr, gərək siz məni bağışlayasınız, çünki əvvəl mənim borcumdu sizin yanınıza gəlmək. Ağa Kərim xan. Görürsünüz, Züleyxa xanım, mənim qızım nə tez qalxıb?.. Məlum işdir, cəngəldə ot tez bitər... Leylaya baxıb elə fikir eləməyin ki, mənim sinnim artıq ola. (Bədircahan əlini ağzına vurub, işarə edir ki, elə sözləri danışma.) Bədircahan. Ağa, nə sözdür buyurursunuz?.. Əlbəttə, gərək elə olsun. Züleyxa xanım (kənara). Görün necə heyvandır. Ağa Kərim xan. Bədircahan, barı sən dilmanc ol bizim aramızda... Bu saat əziz qonaq nə buyurdu? Bədircahan. Züleyxa xanım təəccüb edir sizin məlahətinizə, şücaətinizə... Deyir bu biçimdə mən ömrümdə adam görməmişəm. Ağa Kərim xan. Bu söz məni açdı, Bədircahan... bərəkallah Züleyxa xanım, afərin, maşallah. (Bu vaxt Ağa Kərim xanan oğlu görünür.) Budur oğlum da gəlir... Gəl, gəl, oğlum. Gəl, gəl pişvazə... Züleyxa xanım (Bədircahana). Sənə nağıl etdiyim oğlan budur... Məgər bu xanın oğlu imiş? Ağa Kərim xan. Təəccüb etməyin ki, mənim belə böyük uşaqlarım var... Mən on dörd yaşında evlənmişdim... Ona görə... (Bədircahan dübarə işarə edir.) İskəndər xan (daxil olur). Dilim tutulub, nəfəsim batıb, təəccüb edirəm xudavəndi-aləmin işlərinə... Rəva deyil ola gül xar ilə ənis... Ağa Kərim xan. Xanım, sizdən təvəqqe eləyirəm oğlumun sözünə çox da qulaq asmayasınız; çünki onun ağlında bir az əngəl var. İskəndər xan. Heç acığın tutmasın, ata... Rəva deyil, insaf deyil yetmiş yaşında qoca, ağzında bir dişi yox... Ağa Kərim xan. Danışma, kəs səsini, ud! Nadürüst oğlu nadürüst, dilini yerindən qopardaram... İş qurtarıb gedib, bu təzədən girib meydana ki, mən də varam! İskəndər xan. Allah əgər mənim Allahımdır, bu yazını pozar. Ağa Kərim xan. Keçəndən sonra, keçəndən sonra, İskəndər, bir gözümün içinə dürüst bax! Məni tanıyırsan ki! Vallahi, səni dar ağacına çəkərəm... Nəməkbəharam, nadürüst heyvan! İskəndər xan. Belin bükülüb, ağzında diş yox, başın əsir, əl-ayağın titrəyir. Sənə layiq deyil bu vaxtında evlənmək... Utan, həya elə! Ağa Kərim xan. Gədə, sənə nə olub, dəli olmusan? Başına at təpib? Heç bilirsən nə danışırsan? Çıx bu saat mənim evimdən! Sürün gözümün qabağından, nəməkbəharam! İskəndər xan. Xeyr, mən dəli olmamışam. Dəli sən olubsan ki, belə işə iqdam eləyirsən. Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin mənzildə. Ağa Kərim xan (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.) İskəndər xan (daxil olur). Görəsən genə nə olubdur ki, kişi qulun kimi bağırır. Yəqin bir küpədən-zaddan sındırıblar, ona görə çığırır... Deyən gərək a kişi, məgər ölməyəcəksən? Nə xəbərdi, bir belə xəsislik olar? Məgər sənə o qədər dövlət kifayət eləmir? Başın batsın, kişi! Əhməd (daxil olur). Ağa, bir bəri zəhmət çək, tez ha. İskəndər xan. Nə olub, a gədə? Atam nə üçün elə bağırırdı? Əhməd (yavaşdan). Heç dinmə, ağa, atanı öldürmüşəm, hələ çox bağıracaq. İskəndər xan. Axır genə bir de görüm nə olubdur? Əhməd. Sandıqçanı vurmuşam, içi dolu pul. İskəndər xan. Sandıqça harada idi, balam? Nə təhər yerini bildin? Əhməd. A başına dönüm, sən nə təhər adamsan? İndi söhbət məqamı deyil. Bu saat xan aləmi tökəcək buraya... Gəl görək sandıqçanı nə təhər edirik. (Gedirlər.) Minbaşı, Ağa Kərim xan daxil olurlar. Ağa Kərim xan. Ölənədək əlləşəcəyəm, dünyayi-aləmi xaraba qoyacağam... Mənim evimi yıxıblar, yurdumu tar-mar eləyiblər... Zarafat deyil, minbaşı... Bir elə pul əldən getsin. Minbaşı. Xan, səbrini bas, əvvəlinci dəfə deyil ki, mən oğru axtarıram. Allah mənə o qədər dövlət verəydi nə qədər ki, mən oğru tutmuşam, zindana salmışam. Ağa Kərim xan. Ürəyim tab tutmur, minbaşı, məni qınama, qınama! Mən gərək dünyayi-aləmin, divan əhlinin hamısını töküm buraya... Gərək mənim bu işim açıla, yoxsa tamam divanı divana sallam! Minbaşı. Nağıl elə görüm, sandıqçada nə qədər pul var idi və nə vaxt aparıblar? Ağa Kərim xan. Heç dilimə gətirə bilərəm? Sandıqçada var idi iki min tümən qızıl, basdırmışdım bağda... Sabahdan indiyə kimi beş dəfə baxmışdım. Pulumu elə bu saat aparıblar, evimi yıxıblar. Minbaşı (yazır). İki min tümən sandıqçada... Bəli, sonra... Ağa Kərim xan. Ta nə sonrası var? Dədəmə od vurublar e!.. Minbaşı. Kimə gümanın var? Ağa Kərim xan. Tamam dünyaya. Bu saat gərək şəhər əhlinin hamısını dustaq edəsən. Minbaşı. Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. Hətta işi xarab da eləmək olar. Bir balaca işin üstünə düşdüm, kifayət elər, sonra sənin borcun deyil. Səfərəli (çöldən). Əvvəl quzunu soyun, sonra hər nə lazım olsa, mən özüm eləyərəm. (Daxil olur.) Ağa Kərim xan. Kimi soyursan, a gədə?! Məni, məni? Səfərəli. Xeyr, ağa, quzunu deyirəm soysunlar. Ağa Kərim xan. Hansı cəhənnəmdə qalmışdın, a gədə? Məni quzudan pis soyublar, evimi yıxıblar. Minbaşı (Səfərəliyə). Yaxın gəl görüm, qoçaq! Xan, bir az səbr elə. Sən xanın evində nəçisən? Səfərəli. Mən həmi mehtərəm, həmi aşpaz. Minbaşı. Sən qeyri fikrə düşmə, əzizim, ancaq səndən hər nə sual etsəm, ona cavab ver. Elə üzündən görürəm ki, sən təmiz oğlansan. Xanın iki min tümən pulunu oğurlayıblar. Aşkardır ki, bu ev adamının işidir. Mənə doğrusunu de görüm, bu kimin işi ola bilər? Səfərəli (kənara). Yaxşı ittifaq əlimə düşübdür. Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. Ağa Kərim xan. Açıq danış, a gədə, mızıldama. Minbaşı. Xan, Allah xatırına səbriniz olsun. Bəs kimi deyirsən? Səfərəli. Xanın əziz nökəri Rəhimi. Ağa Kərim xan. Mən pulumu gizlədiyim yerdə heç Rəhimi görmüsən bağda? Səfərəli. Bəli, elə bağda görmüşəm. Ağa Kərim xan. Əlində sandıqça görmədin? Səfərəli. Bəli, görmüşəm, balaca sandıqça. Minbaşı (yaza-yaza). Nə təhər sandıqça idi? Səfərəli. Sandıqça nə təhər olar?.. Bu böyüklükdə. (Göstərir.) Ağa Kərim xan. Mənim sandıqçam bu böyüklükdə idi. Minbaşı. Nə rəngdi? Səfərəli. Rəngi... rəngi... sandıqça rəngində. Ağa Kərim xan. Hə, hə, hə!.. Səfərəli. Qırmızı. Ağa Kərim xan. Mənim sandıqçamın rəngi qara idi. Səfərəli. Bəli də, sandıqça qara qırmızı idi. Ağa Kərim xan. Heç şəkk yoxdur ki, haman sandıqçadır... Minbaşı, yaz dəftərə, şükür Allaha ki, düşmüşük rədinə. Səfərəli. Budur Rəhim özü gəlir. (Rəhim gəlir.) Ağa Kərim xan. Bura gəl görüm... Dinməz-söyləməz al boynuna, mən sənə neyləmişəm, nəməkbəharam ki, sən məni camaat içində rüsvay elədin? Rəhim. Necə məgər, ağa? Ağa Kərim xan. Özün bilmirsən? Necə hansıdır? Rəhim. Xeyr, ağa, bilmirəm. Ağa Kərim xan. Ey nəməkbəharam, bilmirsən? Hə? Gizlətmək lazım deyil, iş aşkardır gün kimi. Mən səni götürdüm evimə, sənə etibar elədim, axırda sən belə namərd çıxdın. Al boynuna bu saat, yoxsa başını bədənindən götürdərəm! Rəhim. Ağa, müqəssirəm... Mənim qəsdim var idi əhvalatı açıb sizə bəyan edim, ancaq elə məqam tapmırdım... Allah xatırına, ağa, qəzəbnak olmayın! Minbaşı. Özünü təmizliyə çıxartmaqdan ötrü dəxi nə sözün var? Rəhim. Mən o qədər müqəssir deyiləm, necə ki siz hesab edirsiniz. Ağa Kərim xan. Qaytar, qaytar özümə mənim dövlətimi, malımı, adımı, sanımı. Rəhim. Ağa, məni məhəbbət vadar elədi, mən müqəssir deyiləm. Ağa Kərim xan. Mən pulumu axtarıram, bu məhəbbətdən dəm vurur... Vallah, yaxşı məhəbbətdir: özgənin pulunu oğurla, adını qoy məhəbbət. Rəhim. Heç kimin dövləti mənə lazım deyil. Mən bu evdə puldan ötrü nökərçilik eləmirəm. Ağa, Allah xatırına, mənim munisimi əlimdən alma! Ağa Kərim xan. Vermərəm! Dünya bərpa ola, göydən Cəbrayıl, Əzrayıl gələlər, genə vermərəm. Padşaha layiq dövlətimi oğurlamısan, hələ genə sözün vardır danışmağa! Rəhim. O şey ki mənim əlimdədir, onu oğurlamaq mümkün deyil, ağa! Ağa Kərim xan. Əlbəttə, mümkün deyil, qaytar! Rəhim. Ağa, ya məni öldür, başımı kəs, ya mənim əlimdən Leylanı al, qeyri fikrə düşməyin. Leyla güldən təmizdir... Mən də namərd adam deyiləm. Ağa Kərim xan. Bu da bir müsibət... Bu da bir müsibət... Xudaya, mən nə günah eləmişdim? Səfərəli. Ağa, mən səni elə görürəm axırda qızını oğruya verəcəksən. Rəhim. Səsini kəs, heyvan! Vallah, bu saat səni iki parça elərəm. Leyla xanım, Züleyxa xanım, Bədircahan daxil olurlar. Ağa Kərim xan. Əməyim gözüzə dursun, Leyla, bu nə işdir, bu nə müsibətdir?.. Hər ikinizi dar ağacına çəkəcəyəm, atamın ərvahına... Pul getsin, namus getsin. Minbaşı, buyur kəndir gəlsin... Tənəf, tənəf, tənəf... Ağa Heydər (daxil olub). Nə olubdur məgər, cənab Kərim xan? Nə səbəbə qəzəbnak olmusunuz? Ağa Kərim xan. Zülm, müsibət asimana bülənd olub... Öz nökərim iki min tümən pulumu oğurlayıb, qızımı da yoldan çıxardıb. Rəhim. Xan, Allahdan qorx... Hər nə mənə deyəcəksən de, amma cürətiniz yoxdur mənim üstümə oğru adı qoyasınız. Ağa Kərim xan. Ağa Heydər, bu zalım oğlu, sənin namizəd nişanlını yoldan çıxardıb... Qeyrəti sizə düşər... Nə durmusan, nə durmusan, vur bu məlun oğlunun boynunu! Ağa Heydər. Xeyr, məhəbbətə güc yoxdur... Bundan sonra Leyla mənə lazım deyil. Ağa Kərim xan. Cənab minbaşı, əhvalatdan müxbir oldunuz? İndi özünüz tənbeh kəsin.. Hərgah məndə ixtiyar olsa idi, hər ikisinin başlarını it başı kimi kəsərdim! Rəhim. Xan, bir tək Leyla xatırı üçün mən bu qapıda nökərçiliyi qəbul etdim. Mənə heç kimin cürəti yoxdur oğru desin və məni öldürmək qeyri-mümkündür. Rüstəm xan Zəngilaninin oğlunu heç kəs öldürə bilməz. Ağa Heydər və Züleyxa xanım. Nə dedin, oğlan, necə, necə? Rəhim. Bəli, atam Rüstəm xandır, anam da Xədicə xanım. Züleyxa xanım. Oğlan, səni and verirəm pərvərdigara, nağıl elə görüm sən kimsən? Rəhim. Mən Rüstəm xanın oğluyam. Qaçaqlar külfətimizi əsir elədilər, atam bir yanda qaldı, anam bir yanda qaldı, məni apardılar... On ildir mən diyarbədiyar düşüb onları axtarıram. Bu atamın möhrü, bu da anamın bazubəndi. Ağa Heydər. Oğlan, möhrü göstər görüm. (Alır.) Züleyxa xanım. Qurban sənə, oğlan, bazubəndi göstər görüm (bazubəndə baxıb). Atam oğlu qardaş (qucaqlayır), mən özüm də Rüstəm xanın qızıyam. Ağa Heydər (möhrə, bazubəndə baxıb, dizi üstə çöküb). Xudaya, şükür kəreminə! Balalarım, gəlin sizi bağrıma basım. (Qucaqlaşırlar, ağlayırlar) Rüstəm xan Zəncilani mənəm! Ağa Kərim xan. Ağlamaq kifayət elər, gözlərin aydın olsun, qardaş. Amma əzizim, mən pulumu səndən alacağam ha... İskəndər xan (daxil olub Əhməd ilə). Ata, bu camaatın yanında söz ver ki, Züleyxadan əl çəkdim, sandıqçanı bu saat gətirim. Ağa Kərim xan. Hərgah sandıqça salamat gəlib əlimə çatsa, deyərəm, əl çəkdim. İskəndər xan (Əhməddən alıb). Buyur ata! (Sandıqçanı verir.) Ağa Heydər. İşləri bilirəm. Qızım, Züleyxa, yaxın gəl. İskəndər xan, sizi bir-birinizə tapşırdım, hər ikinizi pərvərdigara... Allah mübarək eləsin. Ağa Kərim xan. Rəhim xan, Leyla, yaxın gəlin!.. Əllərinizi bəri verin. Tutun, Allah mübarək eləsin. Amma toy xərci məndən deyil ha, onu bilin! Ağa Heydər. Mən qəbul elədim, gözüm üstə. Ağa Kərim xan. Bu iki toyda mənə bir dəst libas da gərəkdir, budur qabaqcadan deyirəm. Ağa Heydər. Baş üstə, o da məndə. Minbaşı. Allah mübarək eləsin. Ağa Heydər, bəs mənə nə? Ağa Heydər. Hər nə xahiş eləsən, hazıram. Bədircahan. Ağa Kərim, bu işdə mən o qədər çənə vurmuşam, dilim, dodağım qabar olub, gəzməkdən başmaqlarım dağılıb. Bəs mən yazıq deyiləm? Ağa Kərim xan. Min yalanı bir böyrünün üstə dedin, Allah sənə lənət eləsin. Ağa Heydər. O da baş üstə, Bədircahana mən borcluyam. Rəhim. Şam hazırdır, buyurun. Gedirlər. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-aga-kerim-xan-erdebili İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.