Daldan atılan daş topuğa dəyər Nəcəf bəy Vəzirov (1854–1926) Daldan atılan daş topuğa dəyər (Komediya) Əhli-məclis Əbdürrəhman bəy – əlli iki yaşında, çinovnik, qulluqdan çıxmış. Xırda xanım – onun övrəti Səkinə xanım – onların qızı, on səkkiz yaşında Əbdürrəhim – nökər Pəri – qarabaş Nurcahan – aralıq övrəti Heydərəli – dərviş, iranlı İskəndər bəy – cavan həkim Dəli Şirin * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə. Xırda xanım. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!.. Əbdürrəhman bəy. Arvad, yaxşı başlamısan, durma heyfdir! Xırda xanım. Səbəbin Allah evin yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni!.. O günlərə daş düşəydi, zəlzələ oleydi, tarmar oleydi... Əbdürrəhman bəy. Afərin, sabah ertə yaxşı başlamısan mavərənnəhri. Xırda xanım. Mən ki sənnən danışmıram. Barı qoymazsan, heç olmazsa dərdimi öz-özümə deyim, a biinsaf? İnsaf da buracan?! Əbdürrəhman bəy. Çünki mənnən danışmırsan, qoy bir stəkan çay içim, baş üstə, mürəxxəs olum qulluğundan, ondan sonra allahvara əllərinin ikisini də qoy qulaqlarının dibinə gəraylı çağır. Xırda xanım. Tələsmə, gedərsən, varax durur, sən durursan; çaxır durur, qumar durur, sən durursan, qaçmazlar. Elə bu dərddi məni öldürən, ay biçarə. Elə bu dərddi məni bu günə salan, ay Biçarə. Arın yox, namusun yox. Əbdürrəhman bəy. Sən atayın goru, qoy oturax. Bəsdi, abrın olsun, həyan olsun! Xırda xanım. Mən bilmirəm sən məndən nə istəyirsən ey! Qoymazsan bir saat dərdimə, fikrimə qalam?! Əbdürrəhman bəy. Əstəğfürullah rəbbi və ətubəileyhə! Arvad, mən səni incidirəm? Mən səni söylədirəm? Mən sənin ovqatını təlx eləyirəm, yoxsa sən mənim? Xırda xanım. Sənin öz-özündən xəbərin yoxdu, a biçarə... Əgər dərdini bilsən, bu dildə, bu damağda qalmazdın. Əbdürrəhman bəy. Tfu, axı nə deyim... A gədə, Əbdürrəhim, Əbdürrəhim, sən atayın goru tez bir çubuq gətir ver durum itilim burdan... Arvad genə dınqır-dınqır eləyir. Xırda xanım. Bilirəm, gedəcəksən. Bilirəm, tələsirsən. Bəli, varax qaldı axı, neyləyəsən?.. Daş düşübdü mənim başıma, sənə nə var... Mən də fəxr eləyirəm ki, Əbdürrəhman bəy kimi sahibim var... Bəli, şükür Allaha. Əbdürrəhman bəy. Əbdürrəhim, Əbdürrəhim, a gədə, sənə demirəm çubuq gətir? Arvad, sən atayın goru ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. Xırda xanım. Sənin kimi kişini çay aşağı axıdım, çay yuxarı axtarım. Şükür Allah, sənə! Mənə bax, sahibimə bax! Əbdürrəhman bəy. Arvad, sən atayın goru bir mənə de görüm başına at təpib, ya ki soyux dəyib? Axır məndən nə istəyirsən? Xırda xanım. Sən nə kişisən ki, mən səndən nə istəyim... Bilməzsən nə var nə yox, bilməzsən arvadın dərdi nədi, uşağın dərdi nədi. Gündüz axşama kimi başın qarışıb gədə-güdəyə, uşaq-muşağa. Gecə qumar, gündüz qumar. Əbdürrəhman bəy. Axı evdə nə dərd var ki, mən onun fikrinə qalam?.. Təvəqqe eləyirəm ki, ağzını göyə tutmayasan! Xırda xanım. Qırqovul başın kola təpər, daldan xəbəri olmaz. Daş başıma salasan. (Əbdürrəhim çubuğu gətirir, gedir). Əbdürrəhman bəy (çubuğu çəkə-çəkə). Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya, orada zu tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub. Xırda xanım. Mən onsuz da ağlamalı günə qalmışam. Sənin kimi sahibi olan mən günə qalar. Əbdürrəhman bəy. Axır sənə nə olubdu, balam? Acsan, çılpaqsan, evin yoxdu, taydan-tuşdan geri qalmısan ki, belə canbazlığa çıxmısan? Xırda xanım. Hanı ki... Dərdim elə olar olaydı. Əbdürrəhman bəy. Bəs nədi dərdin, qoçaq? Xırda xanım. Əvvəla elə onu götür ki, bizim bir yetişmiş qızımız var, onu gərək bir təhər eləyək. Əbdürrəhman bəy. Elə bu mətləbdən ötrü bu qarəvəllini gətirirdin? Xırda xanım. Bu dərdi azmı bilirsən? Əbdürrəhman bəy. İndi gəldik Mərəndə... Pərvərdigara, görəsən elə hamı arvad elə beləmi olurlar? Qaçar ala dağdan qara dağa, qara dağdan ala dağa. Yeniş-yoxuş, dərə-təpə, axırdan-axıra nədi-nədi kömür qaradı, qatıq ağdı. Xırda xanım. Sən axırı hədyana düzübsən... Qızın dərdi az dərddi? Onun tayları hamısı gediblər... Püstə xanımın qızı getdi. Nurcahan xanımın qızı getdi. Səfdərqulu bəyin qızı getdi. Əbdürrəhman bəy. Arvad, Allaha bax, tarıya bax, qız deyəndə alma deyil, qarpız deyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Dəli olmamısan ki, arvad? Xırda xanım. İndi ki mətləbin başı açıldı... Əbdürrəhman bəy. Mətləbin başı açıldı, amma çox zülmlən, ənvayi-müsibət ilən. Xırda xanım. Yaxşı sən atayın goru, qoy sözümü deyim... Bircə mənə de görüm, getmisənmi İskəndər bəyin yanına? O ki invərsət deyirsiz, nə deyirsiz qurtarıb, həkim gəlib, deyirlər ki, bir yaxşı kamallı, göyçək oğlandı. Heç belə zad ağlına gəlibdimi? Əbdürrəhman bəy. İndi başa düşdüm mətləbini, arvad... Elə işləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona nə deyim? Deyim ki, gəl mənim qızımı al? Tutalım ki, dedim, axır alarmı? Elə iş heç bir yerdə görünübdümü? Axı biz müsəlmanıq. Xırda xanım. Mən əvvəl gündən bilmişəm başıma düşən daşı. Mən bilirəm ki, sən elə şüur yiyəsi deyilsən. Get Allahı sevərsən, get qumar oynamağın dalınca. Mən öz işimi düzəldim, onda bilərsən ki, analar necə qızlar doğublar. Əbdürrəhman bəy (gedə-gedə). Allah xeyir versin. Sən nəsən ki, düzəltdiyin iş nə ola? Mən ancaq axırda rüsvayçılıqdan qorxuram. Xırda xanım. Get, dalınca da bir qara daş getsin. Əbdürrəhman bəy (gedir). Tuf... tuf... Xırda xanım (tək). Heç mümkün deyil, nə tövr olsa gərək varımdan, yoxumdan keçib bu işi düzəldim; yoxsa o qızların oxutmuş ləçərlər əgər bilsə, oğlanı çəkəcəklər bəndlərinə... Belə ittifaqı əldən buraxmaqlıq bişüurluqdur... Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Əbdürrəhim, Əbdürrəhim! Əbdürrəhim daxil olur. Əbdürrəhim. Nə buyurursan, xanım? Xırda xanım. Bu saat gedərsən Nurcahan arvadı və o dərvişi ki İrandan təzə gəlib, çağırarsan bura. Nə tövr olsa gərək bu dəqiqə burada olalar. Başa düşdünmü? Şəhəri bir-birinə vurub tapıb gətirərsən!.. Əbdürrəhim. Bəli, bu saat, xanım. (Gedir.) Xırda xanım. Tez ha, tez ha... Pəri, Pəri! Pəri daxil olur. Pəri. Nə buyurursan, xanım? Xırda xanım. Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi elərsən! Pəri. Baş üstə. Xeyirdimi, ay xanım, başına dönüm? Xırda xanım. Hələ danışmaq yeri deyil, bircə tez Səkinəni də bura göndər! (Pəri gedir.) Xırda xanım. Ay pərvərdigara, sən özün kömək elə, nəzir elərəm, hər ocaqda bir şam yandırım, beş qoyun kəsim, iki gün ildə ehsan verim. On yetim sevindirrəm. Ya göy çadırın sahibi!.. Səkinə daxil olur. Səkinə xanım. Nə buyurursan, ana? Xırda xanım. Anan sənə qurban, Pəriyə kömək elə evləri təmiz süpürsün... Sonra əl-üzünü təmiz yu, libasını dəyiş, bəlkə bizə naqafil bir qəribə qonaq gəldi. Səkinə xanım. Kələyini duymuşam... Mənciyəz elə işi bacarmaram. Xırda xanım. Kəs, küçük! Sənə nə deyirəm əməl elə. Yeri, qız uşağısan, artıq danışma. Yeri anan sənə qurban, yeri. Allah ananı mətləbinə yetirsin. (Xırda xanım Səkinəni itələyə-itələyə çıxarır.) Xırda xanım (diz üstə üzü qibləyə). Ya göy çadırın sahibi! Ya mıxı mismara döndərən Tanrı! Ya yoxdan bizi xəlq eləyən Tanrı! İmdad günüdür, yet dada! Əvvəlinci məclis tamam olunur, pərdə salınır. * * * İkinci məclis Xırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur. Xırda xanım. Əbdürrəhim, necə oldular? Əbdürrəhim. Nurcahan arvadı gətirdim, amma dərviş dedi ki, namazımı qılıb, bu saat gəlim. Xırda xanım. Nurcahan gəlir, bəs hanı? Əbdürrəhim (qapını açıb baxır). Budu gəldi... Nurcahan xala, gəl içəri! Xırda xanım. Əbdürrəhim, sən get işinə. (Əbdürrəhim gedir, Nurcahan daxil olur.) Nurcahan. Salam əleyküm, Xırda xanım. Başına dönüm, xeyirdimi? Atam-anam sənə qurban. Xırda xanım. Xeyir olmamış nə var, a başı batmış! Nə verərsən mənə, sənə bir elə zad bağışlayım heç dadı damağından getməsin? Nurcahan. Mən sənin qarabaşınam, itinəm... Ölüm, canım da sənindi, balalarım da sənindi. Başına dönüm, sən desən ki, get özünü qayadan at, ona da hazıram, yesirin olum. Xırda xanım. Nurcahan, düz mətləb üstə gəlmək hamısından yaxşıdır... Özün bilirsən indiyə kimi tamam şəhər bir yana olub, mən bir yana və neçə-neçə müştərilər mənlən qohum olmaq istəyib, mən qəbul etməmişəm; çünki əvvəla, Səkinə hələ uşaqdı, ikinci o müştərilər bizə tay olmayıb, özün də bilirsən. Nurcahan. Bıy, başına dönüm, niyə bilmirəm? Bizim şəhərdə Səkinə xanıma layiq kim var? Xırda xanım. İndi bu saat bizim şəhərdə bir oğlan var. Doğrusu budur ki, mən onu çox şadlıq ilən oğulluğa qəbul elərdim, amma elə adamım yoxdur ki, bu işi düzəltsin. Bu işi heç kəs düzəldə bilməz, səndən savay. Nurcahan. İtin olum, xanım! Siz özünüz yaxşı bilirsiniz ki, Nurcahan elə işləri su içməkdən hasand bilir, belə işlərin anasıdı... Sizə məlumdu bizim şəhərdə nə qədər qız gedir, mənsiz heç keçmir. Bax, xanım, başına dönüm, əvvəl bu Səfdərqulu bəy, sonra Nurcahan xanım, ondan sonra... Xırda xanım. A başı batmış, əgər bu işləri mən bilmirdim, səni niyə çağırırdım. Nurcahan. İndi Xırda xanım, başına dönüm, bircə elə onu mənə de görüm oğlan kimdi. Vəssalam, nağma tamam. Artıq zad mənə lazım deyil. Xırda xanım. Həkim İskəndər bəy. Hansı ki... Nurcahan. Bıy, bıy, elə onu de. Heç gör ağlıma gəldimi? Çox yaxşı, çox əcəb. Kifayət elər, bəsdi. Allah qoysa görərsən o tərlanı nə təhər bəndə salacağam... Onu deyim sənə, Xırda xanım, başına dönüm... Həkim bir yaxşı ev tutub. Bu saat mən bura gələndə ona çox qəribə istul, kürsülər apardılar. Görünür ki, otaqların bəzəmək istəyir. Amma özün də görmüşəm. O sifətdə, o şücaətdə oğlan tapılmaz. Amma, Xırda xanım, sən də qoçaqmışsan. Halal olsun sənə anandan əmdiyin süd! Pəh, pəh, pəh! Xırda xanım. Ancaq bu işi yadda saxlamaq gərək... Özün bilirsən şəhrimizdə bu saat yetişmiş qız çoxdur, o cümlədən o arvadın qızları... Adı nədi? Özləri oxuyub elm tamam eləyiblər... Əgər bizim qorxumuz olsa, o ləçərdən olacaq. Nurcahan. Ağrın oların ürəyinə!.. Qadam onların oxumağına!.. Allahın verən günü məni apardılar, ta ayağımda başmaq da qalmadı gedib gəlməkdən... Hər kimə deyirəm, cavab verirlər ki, bizə rus qızı lazım deyil. Xırda xanım. Nurcahan, bizə yatmaq kar verməz; gərək elə bu gündən başlayaq tor atmağa. Nurcahan. Nə demək istər? Əlbəttə, əlbəttə... Mən deyirəm elə bu saat gedim görüm nə qayırıram. Xırda xanım. Bax, Nurcahan, bu işi səndən istəyirəm. Gərək nə tövr olsa düzəldəsən. Mən də sənə borclu oluram bir dəst şaldan libas əbrə işməkli, otuz manat pul və qabaqcan bir dəst çit paltar. Bəsdimi? Nurcahan. Heç verməsən də mən sənin qulluqçunam. Sən nə deyirsən, başına dönüm. Xırda xanım (çağırır). Səkinə! Səkinə! Səkinə daxil olur. Xırda xanım. Anan boyuna qurban, o sandığın içində çit var, onu gətir ver Nurcahan nənəyə. (Səkinə gedir.) Bax, Nurcahan, dəxi bilmirəm, bu işi səndən istəyirəm. Nə tövr olsa gərək iş düzələ, yoxsa məni ölmüş görərsən. Səkinə çiti gətirir. Nurcahan (Səkinəyə). Nurcahan nənən sənə qurban, a bizim maralımız, a bizim ceyranımız, a bizim tavatımız! Belə ahu baxışına qocaca nənən qurban, a qız, a qız!.. Xanım, deyirəm dahı mən gedim. Xırda xanım. Səkinə, sən get öz otağına. (Səkinə gedir.) Nurcahan, hələ bir az gözlə görək təzə dərviş nə deyir. Nurcahan. Xırda xanım, başına dönüm, o dərvişdən adama möcüzələr nağıl eləyirlər, adamın başının tükü biz-biz durur... Deyirlər ki, əgər istəsə səni də bu saat öz yanına biixtiyar caduynan aparar, necə ki, Hacı İskəndər bəyin arvadını aparıbdır. Xanım, dərvişi də yaxşı fikrinizə salmısınız. Əbdürrəhim daxil olur. Əbdürrəhim. Xanım, dərviş gəlibdi. Xırda xanım. Buyursun. Dərviş daxil olur, çiynində xurcun tayı, içi dolu kitab və hər bir büsatı ilə. Dərviş. Salam əleyküm. Xırda xanım və Nurcahan (ayağa durub). Əleykümsalam, ağa dərviş, buyurun. (Dərviş oturur.) Dərviş. Xanım, bəndəyə görə nə fərmayişiniz var? Xırda xanım. Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiz, doğrudurmu? Dərviş. Nə ərz edim, xanım xahiş edən görər. Xırda xanım. Mən xahiş edərəm ki, siz bir qızın bir oğlan ilən ulduzun barışdırasınız və əgər bu işə əncam versəniz, məndən nə alarsınız? Dərviş. Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır necə ki, bir cam su içmək. O ki qaldı məni razı etməyə, o bağlıdır sizin şəfaətinizə. Xırda xanım. Mən hazıram hər nə siz buyursanız, onu sizə verməyə. Dərviş. Xanımcan, şükür olsun xudaya, siz sahib güzaransınız və mən sizdən artıq istəmirəm. Mənə iltifat edərsiz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərşdiyi. Xırda xanım. Mən razıyam. Dərviş. Buyurun indi görək oğlanın ismi nədir, qızın ismi nədir? Xırda xanım. İskəndər və Səkinə. Dərviş. Pəh, pəh! Maşallah! İsmlərindən görünür ki, tamam olmuş işdir. İskəndər və Səkinə... Xanım, buyurun bir təşt su gətirsinlər. Nurcahan gedir su gətirməyə, dərviş kitablarını açır, qələmdanı və bir neçə kağızları o yan-bu yan edir, əbcəd hesabına görə kağızlarda yazır. Nurcahan təşti gətirir, dərviş diqqət ilə suya baxır. Dərviş. Xanım, buyurun görüm Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı? Xırda xanım. Ağa dərviş, Allahı sevərsən məni qorxutma, hərdən-birdən olur. Dərviş. İşimiz bir az çətin oldu. Amma eybi yoxdur, qorxmayın! (Qoltuğundan bir neçə zəncir çıxardır, silkələyir.) Xanım, bu zəncirləri görürsən? Bunların hər bir bəndində düşmənlərin birisi bağlıdı. Babasına lənət onların, heç zad qayıra bilməzlər. Buyurun bir içi dolu od manqal gətirsinlər. (Nurcahan gedir manqal gətirməyə, Dərviş ciblərindən neçə kağızlar arasında cürbəcürə otlar və benqalski aqon çıxardır.) Xanım, bilirsiniz nə var? Sizdən təvəqqe edirəm ki, qorxmayınız... tayifeyi-cindən ikisi Sərtanüş və Muqərqanuş mütəsərrif ediblər Səkinə xanımı. Lazımdır onları rəf etmək, ta ki işlərimiz düzəlsin, yoxsa onlar qoymazlar. Kafirlər hücum edib gələcəklər, mən onların qanadlarını yandıracağam, amma qorxmayın (Nurcahan manqalı gətirir. Dərviş başlayır oxumağa. Oxuya-oxuya bir neçə otlar atır manqala, qalxır ayağa bir əlində kitab və bir əlində nacaq benqalski aqonu atır manqala, oxuyur.): Xurulfərrarə vəttəlqa və şeyən yəşbəhülbərqa. İza məzzac təhussöhqa. Mələktəş-şərqə vəlqərba, sərhəti təcətü mərahya... Budu gəldilər, qorxmayın. (Yenə oxuyur əl-ayağın tərpədə-tərpədə, Nurcahan və Xırda xanım qısılmış). Nurcahan, Xırda xanım. Allah, sənə pənah. Allah, sənə pənah. Dərviş. Babası yanmışları gördünüz? Yaxşı tanıyırsız Heydərəlini. Tamam heyvanat, nəbatat, vəhşiyyat, cinü ins bu tilsimlərdədirlər. Zəncirlərdə... Xırda xanım və Nurcahan. Allah, sənə pənah. Allah, sənə pənah. Allah, amandı. Dərviş. Qurtardım. Heç qorxmayın, bacılarım. İndi, xanım, bir şey var; mənə lazımdır bir dənə yumurta, o yumurtanın üstündə bir dua yazacağam zəfəran ilə. Gərək onu İskəndər bəyin qapısında bir övrət yerə vursun, sındırsın... Əlavə mənə lazımdır bir dənə kök qurbağa. Dua yazacağam, o duanı atarsız bir cam suya və qurbağanı asarsınız o camın üstünə başıaşağı və bir də bir dua yazacağam, onu suya salıb verəsiz oğlana; bir qətrə də olsa kifayət edər. Çay içində, su içində. eybi yoxdur. Xırda xanım. Nurcahan, dur bir yumurta gətir. (Nurcahan gedir.) Ağa dərviş, bəlkə bu saat qurbağa tapılmadı. Dərviş. Eybi yoxdur, sonra taparsınız. O qurbağa başıaşağı qalıb suya baxa-baxa öləcəkdir və o dəqiqədən başlanacaq məhəbbət eşqi odlanmağa... Nurcahan yumurtanı gətirir, dərviş yumurtanı yazıb Dərviş. Xanım, bu yumurta gərək yerə qoyulmasın. Nurcahan bacı, saxla, yerə qoyma. (Yumurtanı Nurcahan yaylığının ucunda döşündə saxlayır.) Dərviş. Nurcahan bacı, bir-iki kasa də təmiz su gətir, birisi içməkdən ötrü, birisi də qurbağadan ötrü. Nurcahan. Ağa dərviş, ala, su hazırdı. Dərviş (duaları yazıb suya salıb). Bu göy kasa qurbağadan ötrüdür və bu ağ kasa içməkdən ötrü. Dur, xanımcan, indi mənim elmim tamam oldu. Rüsxət verin, mən gedim. Xırda xanım. Ağa dərviş, buyur. Bu hesab deyil. (Beş manat verir.) Dərviş. Xanım, iş möhkəm olmaqdan ötrü fitəni də (cibindən çıxarar) atarsız ocağa, yansın, ondan sonra oğlan Allahın verən günü biixtiyar gələcək qulluğunuza. Dəxi mən də mürəxxəs olum. Xırda xanım. Buyur, Allah səni də və məni də bu işdə məyus eləməsin... (Dərviş gedir.) Nurcahan, gərək sən də öz işinin dalınca ol. (Gedirlər. Pəri daxil olur.) Pəri. A başınıza dönüm, bu arvad lap ağlını itiribdir axı. Bir deyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vermək olar?.. İşdi yağmadı, bitmədi. Ondan sonra zurnaya qulaq as. Gələcəkdi Püstə xanım, “a qız, Xırda, bacın ölsün, bu nə sözdü şəhərdə danışırlar?”... Gələcəkdi Bədircahan xanım, “a qız Xırda, mən elə sevinirdim, and olsun Allaha, elə sevinirdim. Doğrusu deyirdim yoğurmadım, yapmadım, hazırca kökə tapdım, a xalan ölsün bu nə işdi?”.. Gələcəkdi Məşədi Cahan, “xanımın canı sağ olsun, İskəndər olmaz, Kərim olu, Kərim olmaz, Səlim olu”... beş-beş gələcəklər, yeyib-içib, şad-xürrəm geri gedəcəklər. Xanımlar elə belə mahna axtarırlar. İndi, Pəri, gəl evi süpür. Pəri, su gətir. Pəri, başmaq qoy. Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub... Əgər xanımın ağlı olsaydı o bir dəst çit libası verərdi mənim qızıma, mən yüz Nurcahan kimi adamın işin görərdim. Baş tutardı çox yaxşı, tutmazdı qalardı palaz altında... Çörəyi çörəkçiyə ver, birini də artıq. Aley, daş başına, ağılsız başına. (Qarğıyır Xırda xanım gedən tərəfə.) Pərdə * * * Üçüncü məclis Əhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır. İskəndər bəy (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!.. Nurcahan (qapıdan baxır). Həkim, sənsən? Başına dönüm, atam, anam sənə qurban! İskəndər bəy. Mənəm xala, içəri gəl! Nurcahan. Belə xalan sənin başına dönsün. Belə xalan sənin qadan alsın. İskəndər bəy. Mənə görə nə qulluğun var? Əlindəki nədi? Nurcahan. Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlı nəvəmə dava adına, məndən beş şahı pul alıb. İndi hər kim dadır deyir bu xalis sudu, indi sənə qurban olum... İskəndər bəy. Gətir görüm. (Alıb dadır.) Xala, doğrudan bu xalis sudu. Səni həqiqət aldadıblar. Nurcahan (kənara). Yumurtanı sındırdım, suyu da içirdim. Bəs, başına dönüm, nainsaf oğlu mənicə aldadıbdı. İskəndər bəy. Nəvənin naxoşluğu nədi? Əgər bura gələ bilir, gətir baxım. Nurcahan. Nəvəm də sənə qurban, nəvəmin nənəsi də... sənəcə mənim bu cancığazım qurban... Şükür olsun Allaha, böyük həkim olmusan bizim kimi fəqir-füqəraya köməkliyin dəyir, bizlər də sənə duaçı olluq. İskəndər bəy. Xala, sən nə diribaş qarısan? Mənəcə nə verərsən sənə bir elə dava verim ki, norəstə cavan olasan? Nurcahan. Sən mənə nə verərsən sənə bir elə qız tapam ki, şam yandırmaq lazım olmaya, üzünə baxanda günə baxan kimi gözlərin qamaşa. Gərdəni bir qarış, boyu sərv ağacı, ağ üz, qara kirpik, qara qaş, gözləri ala, ahu balası. İskəndər bəy. Qarı, deyirsən eləməzsən. Nurcahan. Mən? Mən? Eh, məni hələ tanımırsan. Mənə Nurcahan deyərlər. Mənim anam ölsün, tamam vilayətin alış-verişi hamısı mənimlədir. Mən başdan-ayağa sirr dağarcığıyam. İskəndər bəy. Ay sirr dağarcığı, bəlkə mən elə küflət sahibiyəm, onda?.. Nurcahan. Qoca sərçəyə cub-cub öyrədirsən? Sənin nə vaxtındı külfət sahibi olasan, dünənki uşaq ola-ola. Dəli Şirin qapının dalından. Şirin. Görəsən həkimbaşı evdədirmi? Nurcahan. Həkim, başına dönüm, odludu, qoyma içəri girə, yoxsa xata elər. İskəndər bəy. Dəli də məriz deyilmi? Qoy gəlsin görüm dərdi nədi?.. Hər kimsən içəri gir. Nurcahan. Mürəxxəs olum, başına dönüm. Şirin daxil olur. Şirin. Paho, paho! Nurcahan qarı, axirətsiz! Nə tez xam yerə şikara çıxmısan? Nurcahan. Qapıdan belə dur, mənim zırrama dəli ilə işim yoxdu! Şirin. Hələ dur! Dur! Yoxsa axırını elərəm... Həkim, qadan alım, verdiyiniz dava qurtarıb, amma uşaq da yaxşıdı. İskəndər bəy. Çox əcəb, artıq lazım deyil? Şirin. Bəy, mənim adım Dəli Şirindi. Tamam vilayət məni dəli hesab eləyir, mən bu saat sübut elərəm ki, mən dəli deyiləm. Ancaq ərzimə qulaq asın və sən də, Nurcahan, əlim-ayağım dəyməmiş dur yerində. (Nurcahanın qolundan tutub dartır ortalığa.) İskəndər bəy (stul üstə oturub kənara). Qəribə işə düşdüm. Şirin. Həkimbaşı, mən özümü dəli kökünə salmışam ondan ötrü ki, vilayətimizdə həqiqətdə dəli çoxdu və mən neyləyim; bazara girdin gözü qıpıq, sən də ol gözü qıpıq! Nurcahan. Şirin, and olsun uşaqlarımın canına, sənə beş fətir bişirrəm, məni burax gedim. Şirin. Heç mümkün deyil. Dinməz-söyləməz dur yerində, yoxsa burnunu dişimlə qopardaram. İskəndər bəy (kənara). Yaxşı qaravəllidi, axırını görək. Şirin. Bəy, bu Nurcahan arvadı ki görürsən, şəhərimizdə beləsi hesabsız çoxdu və bunun özü tamam vilayətdə məşhur övrətdi. Əvvəli bir nazlı, həkətli, gəl məni gör, dərdimdən öl gəlindi. Nə qədər cahıldı, ötənə-keçənə göz vurardı... Belədi, Nurcahan? Nurcahan. Yalansa ağrım ürəyinə!.. Dəlinin sözünə inanan özü də gərək dəli ola... Mən sənə nə deyim, hər nə istəyirsən de. İt hürər, karvan keçər. Şirin. Həkim, eşitmişsinizmi ki, dəlidən doğru xəbər? Mən elə o dəlilərdənəm. İskəndər bəy. Mən ki həkiməm, səndə bir dəlilik görmürəm. Şirin. Dalına quluq asın! Qocalanda sonra başladı əvvəl miyançılığa. Nə döyülməyi, nə söyülməyi vecinə almadı; arı yedi, namusu atdı dalına. İndi böyük məşğuliyyəti odu ki, gəzər xan evlərini, bəy evlərini, bunun sözünü ona deyər, onun sözünü buna deyər. Hər bir sözün üstə yüz min qeyrilərin bəzəyir. Xudanekərdə bir xanım cürət eləyib buna istədiyi şeyi verməyə... Vaveyla, vamüsibəta. Nurcahan. Sənin ki dədənin malını vermirlər... Saqqalına bax, saqqalına. Şirin. Nurcahan... Əvvəl ki, sən ağuçu idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? Nurcahan. Həkim, başına dönüm, mənim nəvəm naxoşdu, Allahı sevirsən məni bu dəlinin əlindən qurtar gedim. Şirin. Qoy mən bəyə əhvalatın hamısını nağıl eləyim, sənə bir turp əkim tütünün başından çıxsın, ondan sonra gedə bilərsən. Nurcahan. Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it! Şirin. İndi ki, belə oldu, çox yaxşı, çox əcəb... Bəy, sənə mənim canım qurban olsun, bağışlagilən sənə baş ağrısı olur, şəhərə təzə gəlmisən, bizim yerin gərək əcayib-qərayib işlərin öyrənəsən. İskəndər bəy. Əvvəldən gərək olmayaydı, çünki başlamısan, söylə görüm axırı nədi. Şirin (Nurcahana). Ay imansız qarı, sən haman Nurcahan deyilsən ki, Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşın arvadın göstərdin, nə qədər onu yedin? Nurcahan. Yalançının atası dərin yansın! Yalançının atasının qəbrində donquz bağlayım! Şirin. A imansız dılğır qarı, sən haman Nurcahan deyilsənmi ki, Şahbaz bəyi aldadıb apardın, biçarəni Qulaməli bəyin tələsində öldürdün. Nurcahan. A səni görüm dizin-dizin sürünəsən! A səni yaylımı gülləyə rast gələsən! Ay tünbətün oğlu, bu sözlər nə sözlərdir ki, özündən qayırırsan? Şirin. Səni gərək ağladım, hələ harasıdı... A qarı, de görüm, sən deyildinmi təziyə yerində Hacı Tanrıverdinin arvadının ətək qızıllarının səkkizini kəsib yasavul qabağında polisxanaya gedən? Nurcahan. Axırı necə oldu, a beyman! Axırda taqsırlı kim oldu, a bihəya? Şirin. Axırı necə olacaq, pristav qızılları məzdədi, səni də buraxdı. Nurcahan. Yalançının evinə od düşsün! Yalançının balaları qırılsın! Yaxşımı? Şirin. Bunlar olsun yalan. İndi mənim özümün başıma gətirdiyin məğlətəni bəyə ərz eləyim; günlərin bir günündə... Nurcahan. Daha bəsdir, qapıdan belə dur. Vallah, yoxsa bir oyun oynayaram tamam şəhər bura tökülər. Belə dur, cəfəng oğlu cəfəng. (İstəyir getsin.) Şirin. Ağlamasan buraxmaram. Nurcahan. A bihəya oğlu, azmayınan! Məni burada yalqız görmüsən? Belə dur deyirəm sənə! (Ağlayır.) İskəndər. Daha bəsdir, çıxın. İkiniz də birdən çıxın. Tez, tez! (Şirin və Nurcahan dalaşa-dalaşa gedirlər.) İskəndər bəy. Şirin dəli deyil. Dəli mənəm ki, bu hədyana indiyə kimi qulaq asırdım. Qapını döyürlər... barı ikinci Şirin olmayaydı. (Gedir.) Pərdə * * * Dördüncü məclis Əhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında. Xırda xanım. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.) Pəri. Nə buyurursan, xanım? Xırda xanım. Nurcahan bura gəlmişdi? Heç bir xəbər varmı? Pəri. Xeyr, gəlməyib, heç bir xəbər də yoxdu. Xırda xanım. Get Əbdürrəhimi bura göndər. (Pəri gedir.) Nurcahandan çıxmayan iş!.. Gərək o tezdən gələydi. Görəsən xudaya, görə bildimi, dərvişin dediklərini əmələ gətirdimi? Hə-yoxluğun barı tez bileydim. Bir-iki gün də belə keçsə, məndən daha adam olmaz. Əbdürrəhim daxil olur. Əbdürrəhim. Nə buyurursan, xanım? Xırda xanım. Nurcahan bura gəlmişdi? Bir xəbər varmı? Əbdürrəhim. Xeyr, gəlməyib və bir xəbər yoxdu. Əgər buyurursan, gedim bu saat çağırım. Xırda xanım. Get, gözünə dönüm, gör evdədimi? Deyinən xanım deyirdi bu saat bura gəlsin. Əbdürrəhim. Baş üstə. (Gedir.) Xırda xanım. Bilmirəm nədi ki, bu qızı Allah adama verir. Qız əvəzində bir daş olsaydı, böyük xoşbəxtlik olardı. Qızı adama ərə verib qurtaranacaq ya quddus deyir. Yer üzündən kökünüz kəsiləydi, dahı məndə can qalmadı. Səkinə daxil olur. Səkinə. Ana, çay gətirimmi? Xırda xanım. İstəmirəm, yenə ürək döyünməm artıb. Çay içsəm, yenə gərək çölə qaçam. Səkinə. Taqsır özündədi, hər bir zada hirslənirsən, axırda ürək döyünmən qalxır. Xırda xanım. Qoçaq, həkimliyi nə tez öyrəndin? Get, küçük, başımdan ol. Bəlkə bir xəlvət işim var, uşaqsan, büzül yat! Səkinə (gedə-gedə). Sən deyən olsun, ancaq hirslənmə. Xırda xanım. Bilmirəm nədəndir bu saat elə haldayam ki, istəyirəm aləmə od vuram... Özümdən narazı, gedədən, qarabaşdan narazı... Əgər bu halda kişi gələ, başında tərs dəyirman işlədərəm. Nurcahan daxil olur. Nurcahan. Salam əleyk. Xırda xanım. Əleyk salam a Nurcahan, indiyə kimi hardaydın? Səni gözdəməkdən gözümün qarası getdi. Nurcahan. Əvvəl başdan ərz eləyim, Xırda xanım, başına dönüm, belə gözlərimiz aydın olsun. Xırda xanım. Belə aydınlıq içində ol. İmanın kamil olsun. Nağıl elə görüm nə var. Nurcahan. Mənim ki bu dilim var, Xırda xanım, onu gərək qızıla tutam. Getdim yumurtanı sındırdım, su aldım əlimə, dedim: başına dönüm bu suyu dava əvəzinə mənə bir baytal veribdür. İçdi dedi “xalacan”... Hər bir sözün başında “xalacan”... həqiqətdə sudu... O yan-bu yan. Bəs dedi mənim burada bir kəsim yoxdu, çox şad olaram ki, sənin kimi imanlıya rast gəldim. Hər nə sən desən, mən onu qəbul elərəm... Xülasə, danışığımız çox oldu. Xırda xanım. Evlənməkliyinin barəsində söhbət olmadı? Nurcahan. Bəs mən nədən ötrü getmişdim? Özü dedi ki, bundan sonra mənə lazımdır ki, ev olam. Mən də ona dedim ki, sənə bir qız yeri bilirəm qonşuluqda. Sərv boylu, gərdəni bir qarış, qaş qara, kirpik qara. Xırda xanım. Gərək deyəydin ki, filankəsin qızı, atası bu, anası bu. Nurcahan. Xanım, gedim balalarımın üzün görməyim, əgər bunların hamısını deməmişəmsə. O da mənə zarafatnan dedi ki, sənə bir dava verim, on beş yaşında qız olasan. Bir danışan, bir məzəli oğlandı ki, heç dünyada özünün də əvəzi yoxdu. Pəri daxil olur. Pəri. Xanım, bu gün nahara nə hazır eləyim? Xırda xanım. Hər nə ki sənin keyfin istəyir... Pəri, otaqda şəlitin üstə bir yaylıq var, ört başına, onu sənə bağışladım. Pəri. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.) Xırda xanım (çağırır). Əbdürrəhim, Əbdürrəhim! Əbdürrəhim (daxil olur). Nə buyurursunuz? Xırda xanım. Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı, onu verdim sənə. Əbdürrəhim. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.) Xırda xanım və Nurcahan (ikisi də birdən). Amin!.. Amin!.. Amin!.. Nurcahan. Xanım, başına dönüm mən bu gecə bir vaqiə görmüşəm. Xırda xanım. Allah xeyir eləsin... Nurcahan. İnşallah xeyirdi. Gördüm ki, bir göz iştədikcən düz yerdi. Otluq, gülzar. Bu düzün ortasında bir buynuzlu maral otlayır. Hərdən-birdən başını qalxızıb o yana, bu yana baxır, amma kənardan bir üzü nurlu kişi bu marala tərəf gəlir. O adam getdi maralın yanına, maral qaçmadı. O kişi maralın başına ip salıb dalınca apardı. Mən buna çox təəccüb elədim, istədim ki, o üzü nurlu kişiyə yaxınlaşam, bu halda qulağıma azan səsi gəldi, oyandım. Xırda xanım. Bu elə bizim işimizdir, o şəxs də haman dərvişdi. İnşallah maral qaçmaz. Nurcahan. Xanım, başın üçün mən özüm də elə belə yozmuşam. Dərviş daxil olur. Dərviş. Salam əleyküm. Xırda xanım və Nurcahan. Əleyküm salam, ağa dərviş, buyur otur. Dərviş. Xanımcan, dəxi nə oturum, bu gün sübh tezdən Hacı Məhəmmədtağı və Hacı Kərim gəldilər mənim mənzilimə və mənə təklif etdilər ki, bu gecə cəm olalar mənim mənzilimə və mən onlar üçün dua yazım. Söhbət arasında mənə məlum etdilər ki, bu saat onlar gəlirlər təzə həkimin yanından. Guya İskəndər bəy onlardan çox iltimas edib ki, onlar sizin qulluğunuza gəlsinlər namzədlik üçün və onlar şal və üzük tədarükünə düşüblər... İndi, xanımcan, bildinizmi mənim dualarımın hikmətini?! Xırda xanım və Nurcahan (səcdəyə enib). Allah, sənə şükür. Allah, sənə şükür. Əbdürrəhman bəy daxil olur. Əbdürrəhman bəy. Arvad, dünən sən mənim başıma nədən ötrü o müsibəti açırdın? Məgər övrətdə səbr olmaz, ağzına gələn hədyanı söylər? İndi necə oldu? Xırda xanım. Necə olacaq, şükür olsun Allahın dərgahına. Gözünü sil, dürüst bax gözümə... İndi bilirsənmi arvadın da qoçağı olar. Əbdürrəhman bəy. Xa! Xa! Xa! Arvad. Mənim qoçaq arvadım. Xa! Xa! Xa! Daldan atılan daş topuğa dəyər... Təklifini sevdim. Xırda xanım. Gördün bu qara nərin hünərini? Gərək əlimdən, ayağımdan öpəsən. Əbdürrəhman bəy. O qara nər ikicə pula dəyməz və hər nə iş tutsa özün biabır elər, necə ki dünən dedim. Xırda xanım. Kişi, Allahı sevərsən sən məni qorxuzursan. Nə var, tez ol, tez de görüm? Əbdürrəhman bəy. Nə olacaq? Sənin İskəndər bəyinin arvadı bu saat faytondan düşdü, yanında balaca oğlu. Xırda xanım. A Nurcahan, a dərviş, bu kişi nə danışır? Dəli olmusan, a kişi, nədi? Əbdürrəhman bəy. Mən niyə dəli oluram? Dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. Xırda xanım. Əbdürrəhim, Pəri, Nurcahan, bu saat mənə bir xəbər, ay, ürəyim çatladı!.. Mənə bir az su! Tez! Öldüm, ay su. Əbdürrəhim. Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. Xırda xanım (Əbdürrəhimə). Vur boyunlarına bu bihəya uşaqlarının, çıxart çölə, çıxart çölə bunları... Ay, ürəyim çatladı... Əbdürrəhim (Nurcahanı və dərvişi çıxardır). İtilin buradan bihəya uşaqları. (Xırda xanımın ürəyi gedir.) Əbdürrəhman bəy (Xırda xanımı qucaqlamış). Özünü toxtat, yassar olma. Əbdürrəhim, su! Tez, tez ha! Ay aman su. A qız, özünü toxtat deyirəm sənə. (Səkinə və Pəri tələsik daxil olurlar, qucaqlayırlar Xırda xanımı.) Səkinə xanım. Ana, sənə qurban olum, nə qayırırsan? Uy Allah, uy!.. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-daldan-atilan-das-topuga-deyer İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.