Dələduz Nəcəf bəy Vəzirov (1854–1926) Dələduz Əhli-məclis Mirzədadaş Gülcahan – onun arvadı Məcid – cavan tacir Qurbanəli – sərkar Divanbəyi Fərraş Məmmədəli Şikayətçilər və tamaşaçılar * * * Əvvəlinci məclis Vaqe olur Məcidin dükanında. Məcid əyləşib yerdə, hesab çəkir. Məcid. Otuz yeddi manat, qırx altı manat yarım, iki yüz on iki manat... İki yüz on iki manatlıq parça satmışam kimə? Səfdərqulu xanın oğlu Səfiqulu xana... Heç deyinən, kişi, ağlına gəlirmi ki, mənim bir belə borcum var? Əstəğfürullah! Mən bundan sonra qələt elərəm nə xana, nə bəyə nisyə mal satmaram, vəssalam. Mirzədadaş (daxil olub). Salam əleyküm, qardaş oğlu. Məcid. Əleykəssalam. Mirzədadaş. Kefin yaxşıdırmı, qadan alım? Necə dolanırsan? Məcid. Əziz olasınız, nə üçün, yaxşıdır. Bir növ dolanırıq. Mirzədadaş. Anan və bacıların salamətdirlərmi ki, inşallah? Məcid. Əziz olasınız, salamətdirlər. Mirzədadaş. Məndən onlara ərzi-salam yetirib deyərsən ki, Mirzədadaş əminiz sizə dua göndərir. Məcid. Baş üstə, deyərəm. Mirzədadaş. Mən sənin atan ilə, Allah ona rəhmət eləsin, bir yerdə ömür keçirmişik, ondan yaxın mənim dostum olmayıb. Bir tikə vaxtımızdın ta axır günlərədək gah o bizim evimizdə olub, gah mən sizin. Yemək-içməyimiz həmişə bir yerdə olub Məcid. Bağışlayınız, mən sizi bircə dəfə də olsa evimizdə görməmişəm. Mirzədadaş. Necə olubdur ki, sən məni evinizdə görməmisən? Mən bu saat sənə qandırım, qadan alım. Mən qandrabandçı idim. Gecə yarısından keçmiş qaçaq mal gətirərdim. Yığardıq sizin dal otağa. Xəbər verərdik müştərilərə, bir-iki saatda malın hamısını satıb qurtarardıq. Xəlvət gecələr iş görərdik. Qandraband işi belə olur, xəlvət, gecələr... Ona görə sən məni evdə görməmisən. Məcid. Nə bilim, vallah. Mən ki sizi görməmişəm. Bəlkə də ola bilər. Mirzədadaş. Biz nəinki yoldaş, bəlkə qardaşdan artıq olmuşuq. Bir gün Araz kənarında atımın ağzını bağlayıb, yıxılıb kol dibində, qaçaq mal gözləyirdim. Gecə qaranlıq, göz-gözü görmür, beş qatır yükü mal keçdi bəri taya. Ayaq üzəngiyə qoyub düşdüm qabağa... Nə təhər oldusa kazaklar aldı üstümüzü. Allah sənə rəhmət eləsin a kişi! Qışqırdı: qaçınız! Özü qayıtdı kazaklara tərəf, başlandı atışma... Məcid. Sən mənim atamı bir pəhləvan elədin. Amma anamın sözündən belə məlum olur ki, atam bir adamımış fəqir, heç kim ilə işi olmayan qorxaq... Axşam olan kimi qapıları bərkidib, öldürsən də deyir, evdən kənara çıxmazdı... Ələlxüsus itdən, pişikdən qorxardı. Mirzədadaş. Mən o mərhumun subay vaxtından, cavanlığından danışıram. Qadan alım, kişi ki evləndi ha, arvad kimi olur. Doğru-dur, pişikdən də qorxardı. Məcid. Mənim atam elə subay vaxtında da qorxaq olub. Mən belə eşitmişəm. Mirzədadaş. Xülasə, bilirsən, qardaş oğlu, mən nə işdən ötrü yanına gəlmişəm? Neçə gündür ki, arvadım məni təngə gətirib, deyir, a kişi, sən nə bivəfa yoldaşsan, məgər adam heç olmasa həftədə bir yol qardaş oğlunu çörəyə çağırmaz, ona hörmət edib, rəfiqinin ruhunu şad eləməz? Çağır gəlsin, deyir, qardaş oğlu bu gün bizə qonaq olsun. İndi nə tövr olsa gərək səni aparam. Yoxsa arvad məni evə qoymaz. Sənin üçün qırqovulplov hazırlayıb. Məcid. Çox razıyam, ancaq bu gün məni bağışlayınız, gedə bilməyəcəyəm. Sonra vaxt olar, baş üstə, gələrəm. Mirzədadaş. Heç ola bilməz. Nə tövr olsa gərək səni aparam. Səndən təvəqqe edirəm ta bu barədə danışmayasan, vəssalam. İndi buyur görüm, alış-veriş necə keçir? Məcid. Nə üçün, şükür Allaha, bəd deyil. Mirzədadaş. O mahud topunu bəri ver görüm necə şeydir, (mahuda baxıb) bundan yaxşısı yoxdurmu? Məcid. Bu mahud ondan bir az yaxşıdır, ancaq bir az qiymətində təfavüt var. Mirzədadaş. Eybi yoxdur, olsun baha. Dövlətindən əmin bir elə də kasıb deyil... O şal topunu da bəri ver görüm. (Baxıb.) Yaxşıdır, yaman deyil. Qiymətləri? Məcid. On manat yarım mahud, şal altı manata arşını. Mirzədadaş. On manat yarım olmasın, olsun on iki manat yarım. Qardaş oğluna xeyir vermək mənim borcumdur. Minlərcə mən sənə xeyir versəm, atanın mənə elədiyi hörmətin yüzdən biri ola bilməz. Allah səni onun yerində qayım-qədim eləsin, inşallah!.. Məcid. Atam mənə vəsiyyət edib: heç kimdən yaxşılıq gözləmə və heç kimə yaxşılıq eləmə. Onda, dedi, dünyada səlamət dolanarsan. Qurbanəli (daxil olub). Salam əleyküm. Məcid. Əleykəssalam! Qurbanəli, yaxın gəl görüm. De görüm, mən sənə neçə qoyun tapşırmışdım? Qurbanəli. Sən mənə tapşırmışdın yüz əlli qoyun, otuz keçi, bir uzunqulaq. Məcid. Sən, qardaş, gərək mənə hesab verəsən, görüm mənim malım nə qədər artıb və yainki azalıb. Qurbanəli. Ərz eləyim qulluği-şərifinizə. Uzunqulağı qurd parçaladı. O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. Məcid. Ziyanlıq olub, nə qədər? Qurbanəli. Ta o mənim yadımda qalmayıb. Ancaq bir həftə olar ki, hesab vermişəm sənin dayın oğlu Məmmədvəliyə. Məcid. Xeyr, qardaşım, belə deyil, mən malımı sənə tapşırmışam. Sən borclusan hesabı mənim özümə verəsən. Qurbanəli. Hesabı bir yol verərlər. Beş dəfə mən hesab verə bilmərəm. Hər nə sizə lazımdır, dayın oğlundan soruşa bilərsən, vəssalam! İndi elə gəlmişdim bu barədə sizə xəbər edim gedəm öz işimin dalınca. Xudahafiz. (Getmək istəyir.) Mirzədadaş. Nə qoçaqsan, balam, sən? Nə asanca belə yola düşüb təşrif aparmaq istəyirsən? Dayan!.. Qurbanəli. Nə üçün dayanım? Bəlkə dayanmadım, onda necə olsun? Mirzədadaş. Onda dartaram qulaqlarını, oxşadaram o satıb yediyin uzunqulağın qulaqlarına... Eşidirsənmi? Qurbanəli. Onu bacarmazsan. Amma hesab istəyirsiniz, baş üstə. Qoyuna azar düşmüşdü, qırılan qırılıb, qalanı durur. Mirzədadaş. Gədə! Bizə tapmaca lazım deyil, adamsan axı... Azardan nə qədər qırılıb? Qurbanəli. Otuz-qırx qoyun azardan tələf olub, on iki keçi. Uzunqulağı da qurd parçalayıb. Ta artıq nə söz? Məcid. Neçə qoyun satmısan qəssaba? Qurbanəli. Qəssaba mən qoyun satmamışam, yalan sözdür. Bir də ki yadımda deyil, bəlkə də satmışam. Mirzədadaş. Gədə! Sən bizi ələ salmısan, nədir! “Yadımda deyil, bəlkə də satmışam”. Bu hədyan oldu ki! Bu saat de görüm neçə qoyun satmısan qəssaba?.. Vallah, yoxsa sənə bir toy tutaram, adın yadından çıxar... Qurbanəli. Mən ancaq səkkiz qoyun özüm kəsmişəm, yalan deyə bilmərəm, çünki köpəkləri ac qoya bilməzdim. Bir az da özüm yemişəm. Mirzədadaş. Neçə motal tutmuşdun? Qurbanəli. Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. Soyuq düşdü, dözə bilmədim, neyləyəydim?.. Məcid. Xa... xa... xa... Yaxşı hesab verdin. Üzün qara olsun, kömür qarası kimi. Qurbanəli. Hesab düz gələndə, əlbəttə, gülərsən. Məcid. Eybi yoxdur. İndi get, sonra məhkəmədə hesablaşarıq. Mirzədadaş. Meyitini görüm ki, səndən beş yüz manatı elə alacağam, yağdan tük çəkən kimi. Qurbanəli. Mən qoyun otaranam, doğrudur, amma öz işimi çox yaxşı bilirəm. Mən hesabımı vermişəm, qurtarıb gedib. İndi hər nə bacarırsınız, müzayiqə eləməyin. Mirzədadaş. Sən öləsən, yağdan tük çəkən kimi. Mən ölməmişəm ki, mənim qardaşım oğlunun malını yemək mümkün olsun! Qurbanəli. Arxı atlamamış özünü öyümə. Pulunuzu alandan sonra ta məni öldürməyəcəksiz ki?! (Gedir.) Mirzədadaş. Bəri bax, qardaş oğlu, sən heç fikir eləmə. Allah qoysa mən ondan birə-beş alacağam. Dur ayağa gedək görək plovumuz nə qayırır. Məcid. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlləm. Mirzədadaş. Ta nə üçün belə? Dükanı bağla, bir yerdə gedək, bərabər. Məcid. Mən gərək bir evə dəyəm. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlim. Mirzədadaş. Qorxuram gəlməyəsən. Ona görə mən bu şeyləri girov aparıram. Sən get evə dəy, mən də gedim görüm arvad süfrəni açıbdırmı? Bax, artıq ilişmə ha. Gedir, şeyləri qoltuğuna vurub. Pərdə * * * İkinci məclis Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur. Mirzədadaş. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. Gülcahan. Bəsdir, a kişi, Allah xatirinə məni ələ salma. Biz acından ölürük, bu da gəlibdir iki dəst paltar belə getdi, iki dəst libas belə getdi... Mirzədadaş. Mahud bir top, yun şal bir top. İnanmırsan, a qız? İnanmırsan?.. Bəs bu nədir? Gülcahan (şala baxıb). A kişi! Bu nə işdir? Cibdə bir qəpik yox, etibar yox... Mirzədadaş. Sonra, sonra... Artıq danışma. Tez bunları gizlə, özümə də bir yer sal. Mən üç gündür azarlıyam. Qızdırma qırx dərəcədə. Bu saat gələcək... Gülcahan. Kim gələcək? A kişi, nə danışırsan? Dəli olmamısan ha?.. Mirzədadaş. Əstəğfürullah! Tez ol deyirəm sənə. Qanmırsan, tez ol? Tez ol gizlə bunları, tez! Gülcahan. Ver aparım elə yerdə gizləyim ki, heç şeytan da tapa bilməsin. (Gülcahan şeyləri alıb gedir.) Mirzədadaş (yorğana bürünüb, başını sarıyıb yıxılır taxtın üstünə). Vay-vay!.. Vay, anam vay!.. Qapı açıq qalıb, durum bağlayım. (Durub qapını bağlayıb yenə yıxılır taxtın üstünə.) Vay-vay!.. Arvad, qanmazsan. Gülcahan (qayıdıb). A kişi, elə vayıldayırsan ki, guya doğrudan da azarlamısan. Mirzədadaş. Yox, yox, qorxma... Bu saat gələcək... Üç gündür azarlıyam. Özümü, sözümü bilmirəm, qandınmı, ay arvad? Gülcahan. A kişi, yoxsa bu şeyləri oğurlamısan? Qaradovoydan qorxub, özünü bu günə salırsan? Mirzədadaş. Yox, yox. Qonaq çağırmışam qırqovulplova. Bu saat gələcək. Mən azarlamışam, ölürəm. Qapını döyürlər. Gülcahan. Kimsən, nə istəyirsən? Məcid. Mirzədadaşı görmək istəyirəm, bacı. Zəhmət olmazsa qapını aç. Mirzədadaş. Gör həkimdirmi gələn?.. Vayy!.. Aç qapını! Öldüm, Allah vayy... (Gülcahan qapını açır.) Məcid. Mirzədadaş məni qırqovulplova qonaq çağırıb. Gülcahan. Nə danışırsan, ay oğlan? Dəlisən, nəsən? Mirzədadaş bu gün üç gündür yatalaq yatır. Özünü-sözünü bilmir. O səni necə qonaq çağıra bilərdi? Mirzədadaş (sərsəm edir). Dəvəni tərsinə minmə... Qov! Qov getsin! Gülcahan. Eşidirsənmi, eşidirsənmi, ay qardaş? Ay Allah, nə yaman yerdə mən axşamladım? Bu nə iş idi mən düşdüm? Məcid. Yarım saat olar ki, Mirzədadaş mənim dükanımda idi. Bir top mahud və bir top şal götürüb gəlibdir və özümü də qırqovulplova çağırıb. Buyurdu ki, bu şeyləri girov aparıram, ondan ötrü ki, qorxuram gəlməyəsən. Gülcahan. Plov nədi, zad nədi, a başına dönüm? Üç gündür ki, nə onun, nə mənim boğazımdan bir qurtum su da keçməyibdir. Sən də, qardaşım, abadanlıqdan danışırsan. Məcid. Plov-zad istəmirəm, Allah xatirinə, mənim malımı qaytarın, götürüm gedim. Mirzədadaş. Bacadan uçdu qoyma... Dəvə göyə çıxıbdır. Bay!.. Bay!.. Gülcahan. Belə də müsibət olarmı, ay Allah? Nə günah etmişdim mən, nə günah etmişdim? Məcid. Əstəğfürullah! İşə düşdük camaat əlində... Bacım, nə oldu ki, Mirzə bir yarım saatda qarın ağrısına düşdü? Mirzədadaş. Vay, vay! Milçək göydən uçdu, ayı balası qorxdu... Məcid. Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm... Bacı! Bu ev Mirzədadaşın evi deyil? Gülcahan. Bu ev, bəli, Mirzədadaşın evidir. Məcid. Bu ətrafda bir qeyri Mirzədadaş da var, ya yox? Gülcahan. Yaxamdan əl çəkməzsən, qardaş? Məndən nə istəyirsən? Qoymazsan görüm fələk mənim evimi necə bərbad edir? Məcid. Bacı, mən səndən şeylərimi istəyirəm. Artıq heç bir zad... Gülcahan. Belə məlum olur, sənin şeylərinin qanadı varmış, uçub gəlib bizim evə giriblər. Ta mən sənə nə deyim... Məcid. Bacı! Qoy bir mən onun qızdırmasına baxım, hərgah doğrudan şiddətli olsa, gedim həkim gətirim. Gülcahan. Həkim gündə iki dəfə gəlir. Danışdırmağa izin vermir. On birinci günündə deyir, böhran olacaq. O günü dözə bilsə, diriləcək, yoxsa gedəsidir. (Ağlayır.) Məcid. Artıq sözüm yoxdur, bacı. Mənə bir plov verdiniz ki, ölənədək yadımdan çıxmayacaq. (Gedir.) Mirzədadaş (yerdən qalxıb, başının səriyini atır). Bax, getdisə, qapını bərkit... A kişilər, belə arvad kimin var? Yaşasın belə arvad!.. Pəh, pəh, pəh! Pərdə * * * Üçüncü məclis Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir. Məmmədəli (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən? Mirzədadaş. Fərraşbaşı, qurban sənə, qapını aç! Məmmədəli. Olmaz, hələ vaxt deyil. Mirzədadaş. Ağa Məmmədəli! Bir işə vəkil olmaq istəyirəm. Yolunu görərəm, o sən öləsən qapını aç! Məmmədəli. Mən səni yaxşı tanıyıram, Mirzədadaş. Qabaqcan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş. Mirzədadaş. Ağa Məmmədəli! A kişi, Allaha bax, qapını aç, barı içəridə danışaq. Qurbanəli. Ala, bax bu bir manatı, qapını aç, tezcə ol, qadun alım. Məmmədəli (manatı alıb). İndi gözlərim üstə yeriniz var (qapını açıb), buyuruz. Mirzədadaş. İndi qurban sənə, Məmmədəli, bircə o Məcidin ərizəsinə izn ver baxım. Məmmədəli (Qurbanəliyə). Baş üstə verərəm. Ancaq bilirsən qardaşım, iş sən tərəf kəsilsə, gərək mənə yenə bir şey verəsiniz. Qurbanəli. Baş üstə. Mirzədadaş (ərizəni oxuyub). Ərizə çox zorba ərizədir. Sən vəkil tutmusan, səndən nəinki qoyunun, keçilərin, uzunqulağın, hətta iki motalın da pullarını alacaqlar, yağdan tük çəkən kimi. Qurbanəli. Pul nə qədər istəyir? Mirzədadaş. Çox... Papağını da satsan altından çıxa bilməyəcəksən. Beş yüz manat... Qurbanəli. O məndə beş quruş da tapa bilməyəcək. Alsın görüm hardan alır. Mirzədadaş. Görünür, sən qanundan bixəbərsən. Yağdan tük çəkən kimi alacaqlar. Fərraş boynunun ardına döyəndə taparsan. Məmmədəli. Höcət lazım deyil. Mirzədadaş hər nə deyir, sən onun sözünə bax. Qurbanəli. Fərraş boynumun ardına döyməsin, Allah verə yıxsın qarnıma döysün. Olmayanda haradan verim? Məmmədəli. Bacı oğlu, yatırdıb ağzı yerdə, o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. Necə verməzsən? Zarafat deyil, sən ağzında divanbəyi deyirsən. Mirzədadaş. Eşitdin ki?.. Mən sənə deyəndə ki, yağdan tük çəkən kimi alarlar, sən naz eləyirdin. Qurbanəli. Sən böyük vəkilsən, əlac bilərsən. De görüm çarəsi nədir? Mirzədadaş. Sən məni vəkil elərsən, mən sənin əvəzində danışaram. İşi elə çevirərəm ki, o səndən bir quruş da ala bilməz... Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. Bu şərtlə ki, hər nə alsam, olsun mənim. Sən də bir on beş manat mənə öz cibindən verərsən, vəssalam. Qurbanəli. Baş üstə... Sən məni bu işdən xilas eləsən, mən sənə hələm bir kök toğlu da bağışdaram. Mirzədadaş. Hələ bir əlini cibinə sal görüm nə var, nə yox? Qurbanəli. Məni başa salmayınca ki, necə məni bu işdən qurtaracaqsan, mən əlimi cibimə sala bilməyəcəyəm. Doğrusu budur, qardaş. Mirzədadaş. Bax gör səni nə biclik ilə qurtaracağam. Hər nə divanbəyi soruşsa, sən qoyun kimi mələ, bir söz dilinə gətirmə. Vəssalam! Qalanı mənim işimdir. Məmmədəli. Bərəkallah, afərin... A kişi belə fikir heç şeytanın da ağlına gəlməzdi, bəh, bəh, bəh!.. Qurbanəli. Burada məni tanıyan yox, bilən yox, mələrəm, nə qədər kefindir. Məmmədəli. Qabaqca mələ görüm necə mələyirsən? Qurbanəli. Mə... ə... ə... mə... ə... Məmmədəli. Bərəkallah, bərəkallah, çox yaxşı... İş düzələcək, inşallah. Zəng Məmmədəli qapını açır. Camaat daxil olur. Mirzədadaş daldan oturur, Məcid və Qurbanəli qabaqda. Məmmədəli. Divanbəyi bu saat təşrif gətirəcəklər, xamuş! (Əlində siyahı.) Əliqulu Salman oğlu, qalx ayağa (qalxır.) Tükəzban Kazım qızı (qalxır), Qurbanəli Heydər oğlu, Məcid Səfdər oğlu (qalxırlar), Bəyimağa (səslər) gəlməyib. Yarməmməd (gəlməyib). Xamuş, divanbəyi daxil olur, camaat qalxır ayağa. Divanbəyi. Fərraş! Məmmədəli. Bəli, qurban! Divanbəyi. Dəvət olunun adamlar gəliblər? Məmmədəli. Bəli, qurban! Bir tək ərindən boşanmaq istəyən Bəyimağa arvad gəlməyib. Belə deyirlər ki, talaq almamış ərə gedib. Əri Məmmədyar da gəlməyib. Divanbəyi. Xub, xub... Əvvəl kimin işinə baxılacaq? Məmmədəli. Məcid və Qurbanəli, duruz qabağa. (Dururlar.) Məcid tələbdar, Qurbanəli cavabdeh. Divanbəyi. Məcid, sənin şikayətin Qurbanəlidən nə barədədir? Məcid. Mən bu Qurbanəlini özümə sərkar tutmuşdum. Yüz əlli qoyun, otuz keçi və bir uzunqulaq tapşırmışdım. Əlli qoyunumu satıb qəssab Heydərə, uzunqulağı satıb həmədanlı Məşədi Salaha, on iki keçi kürd Cəfərə. Qalan malı tapşırıb dayım oğluna, gəlib əyləşib evində. Pulları qoyub cibində məni tanımaq da istəmir. Divanbəyi. Qurbanəli, sənin sözün nədir? Qurbanəli. Mə... mə... ə... Məcid (təəccüblə). Paho! Qurbanəli, belə nöşün, balam? Mələmək nədir? Mirzədadaş. Cənab divanbəyi! Biçarənin vəkili mənəm. Qurbanəli, məni vəkil edirsənmi, sənin əvəzində cavab verim? Qurbanəli (işarə edir). Mə... mə... mə... Məcid. Əcayib, qərayib işlər! Bu Mirzədadaş mənim bir top mahudumu və bir top şalımı məzdəyib, yalandan sərsəm etmişdi. Özü mənim vəkilim ola-ola, məndən üz döndərib, müttəhimə vəkil olub. Müttəhim yalandan özünü lallığa vurur. Pa atovacan! Belə də qaravəlli ola bilər? Divanbəyi. Bu danışığın əsli mətləbə dəxli yoxdur... O barədə əlahiddə şikayət edə bilərsiniz. Məcid. Mirzədadaş məni qırqovulplova çağırmışdı. Mirzədadaş. Qırqovul tapsaydım, özüm yeyərdim. Ta sənə nöşün verirdim? Qardaşım, sən öz şikayətini elədin, indi növbət mənimdir. Qoymazsan mən də öz cavabımı verim? Məcid. Aman, dad bunun arvadının əlindən! O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım, mat-məəttəl... Bu Mirzədadaş yarım saatda yalandan yatalaq tutdu, sərsəm elədi. “Dəvəni tərsinə minmə... nə bilim, ayı elə getdi, belə getdi”. Arvad da başlayıb: “Allah, nə yaman yerdə axşamladım, bu nə müsibətdir...” Məhz mənim o bir top mahudumu və bir top şalımı məzdəmək üçün məni qırqovulplova çağırmışdı. O şeyləri girov götürmüşdü ki, birdən gəlməzsən. Mirzədadaş. Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var... Divanbəyi. Kifayətdir... Sənin cavabın nədir cənab vəkil? Mirzədadaş. Tələbkar bu biçarəni özünə çoban tutub və borclu olub, el yaylaqdan qayıdanda buna doxsan manat pul versin. El yaylaqdan qayıtmağa on gün qalmış bunun dayısı oğlu gəlib sürünü bu biçarənin əlindən alıb, özünü də bərk-bərk döyüb, yola salıb. İndi bunun haqqını özünə vermirlər və hətta üstünə böhtan da atırlar. Qurbanəli (əliylə başına vurub ağlayır ki, guya onu döyüblər). Mə... mə... mə... Mirzədadaş. Tələbkar özü dedi ki, bu saat onun qoyunu dayısı oğlunun əlindədir və işdən məlum oldu ki, malın hesabını o alıbdır... Bundan artıq sübut ola bilməz. Məcid. Bizim aramızda şərtimiz belə olubdur ki, mədaxilin beşdən biri onun olsun... Qurbanəli (barmağını barmağına sürtür, yəni pul). Mə... mə... Divanbəyi. Çox yaxşı. Mədaxildən bir şey vermisən? Məcid. Beş yüz manatlıq mənim malımı yeyib. Ta mən ona nə mədaxil verəydim? Mirzədadaş. Mədaxil vermədiyiniz bəs deyil, hələ bu biçarənin üstünə böhtan da atırsınız? Layiqdirmi? Divanbəyi. Kifayətdir... Çünki tələbkar öz tələbini sübut edə bilmədi və öz dililə iqrar etdi ki, malı dayısı oğlundadır, qət elədim: Məciddən doxsan manat alınıb verilsin Qurbanəliyə. Və bu barədə hökm yazılsın fərraşbaşıya... Gediniz. Qurbanəli (yaxınlaşıb divanbəyinin paltarından öpür). Mə... mə... Məcid. Buna deyirlər it də getdi, ip də getdi. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-deleduz İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.