Hekayələr Nəcəf bəy Vəzirov (1854–1926) Ağıçı Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur. Bədircahanı tanımaqdan ötrü lazım deyil onun ata və anasını tanımaq, çünki Bədircahan onlardan yüz kərə məşhur arvaddır. Bədircahanı necə tanımaq olur? Zəmani ki, o həmi həkimlik bilir, həmi ağıçıdır, həmi mamaça, ağıçılığa çatıncan, bir neçə gərək qeyri işlərlə məşğul olasan, ta ki aləm səni tanıya. Bədircahan cavanlığında o sənəti yaxşı bilirdi. Bilmirəm nə səbəb ondan şəhərin xanımları və bəyimləri aşkara qorxurlar. Hər nə onlardan istəsə, ona verməyə bilmirlər. Bədircahanın dövlətindən onun alagöz, qaraqaş qızı xanım kimi durub-oturur. Hələ desən bəzən anasına buyurur: – Ana, pastav sanavar! (поставь самовар!) Necə ki, bir neçə xanımlar öz nökərlərinə buyururlar. Qışın böyük çilləsində, qəzadan, hava çox xoşdur. Gün iki ağac boyu qalxmış, evin divarına yavuq yer qurumuşdu. Bədircahan həmin yerdə, daşın üstündə ayağını sallamış əyləşib, yanındakı daşların üstdə yarımcorabın qurudurdu ki, “həqqi-hu” deyib düşsün şəhərin canına. Şəhərin heç bir tərəfindən səda gəlmirdi... Ala pişik günün qabağında tənbəl uzanıb, kənarda gəzən toyuqlara, sərçələrə baxırdı. Bunlardan suvay qeyri şey gözə dəymirdi. Hər kəs Bədircahanın qırışılmış üzünə baxsaydı, yəqin ki, sual edərdi öz-özündən: görəsən bu zənan nə fikir edir? Hər dəqiqə onun surəti dəyişilirdi. Bəzi vaxt dodağını dodağının üstünə qoyub, əlini ağzına yapışdırıb, guya ki, mürgülüyürdü, bəzi vaxt gülümsünürdü. Xülasə, cürəbəcürə şəkillər göstərirdi. Çünki Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. Bədircahan o qərar ilə əyləşib məscidlərdən münacat səsi eşidib, tez qalxıb ayağa, əvvəl bir öz səsini imtahan etdi ki, görsün ağlaşmada necə cavan qız-gəlinlərin ürəyinə dağ vura bilər. Ağı havası ilə oxudu ucadan: İnna lillahi və inna ileyhi raciun. Bir tövr oxudu ki, guya ayənin mənasını da bilir. Tələsik yarımcorabını qurumamışdan ayağına geyib, necə ki, tazı dovşan görəndə qulağını şəklərdi, bizim Bədircahan xala da eləcə qalxdı ayağa, istədi dübarə eşitsin münacat səsin ki, bilsin haraya üz qoysun getməyə. Mətləbinə çatıb düzəldi yola. Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdi, amma Bədircahan elə səkirdi ki, guya əvvəl-axır palçıq nişanı yoxdur. Qoçağın tələsik getməsinə səbəblər çoxdur. Əvvəla, qızı Gülsənəmdən ötrü tezliklə bir xeyir iş, ancaq xəlvət düzəltmək istəyirdi. Bu axırıncı söz Bədircahan xalanın öz sözüdür. İkinci səbəb əvvəlincidən vacib: Bədircahan iki həftə idi ki, ağlaşmada olmamışdı. Çox pis adət eləmişdi. Hərgah ağlaşma olmasaydı, bir qeyri işə məşğul ola bilməzdi. Ona görə günü qara keçirdi. Nə qədər cavandı, təziyə yerində ağlardı... Amma oyun odur ki, onun gözü bir azacıq səlamət deyil idi. Ona görə ağlaşmaya adət etmişdi, getməyə bilmirdi. Bir də elə yerlərdə bir az mənfəət var, bir top şal Gülsənəmin çiyinliyi üçün, ya ki zərbaf, üç manat pulcığaz. Niyə getməsin? Bədircahan təəccüb ilə öz qızı Gülsənəmə nağıl edirdi ki, ay qız, indi mənim heç ağlaşmada ürəyim yanmır, axı görəsən buna səbəb nədir? Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. Nə səbəb ilə gərək Bədircahanın ürəyi yansın, zəmani ki, onun borcu xanımları, bəyimləri ağlatmaqdır ki, ay xanım və ya ki ay filan bəyxanım, sizə qurban olum, əlinizdən gedən marala canım qurban. O, canın zərbafa, bir top tirmə şala qurban edər. Ölənə maral demir, zərbafın ipək güllərinə deyir. Heç kimin həddi yoxdur Bədircahanı taqsırlı tutsun. Bədircahan palçığı yara-yara gedirdi ki, bir bədbəxtlik ona üz verdi. Başmağı ayağından çıxıb palçığın içində fövt oldu. Bir çöp tapıb istədi başmağı çıxartsın, amma çifayda, zəhməti nahaq oldu. Durdu öz-özünü qınamağa: “Mənə bir deyən yoxdur ki, ay başın batsın, niyə gedib üç gün irəlidən naxoşun yasdığının dibini kəsmirsən, indi tamam ağıçılar: kor Ümmi, piçalaqlı Anaxanım və kaftar Göhər bir-birinə növbət vermirlər?” Bədircahan xalaya deyən olmadı ki, sənin özünün ləğəbin nədir. Yaxşı ki, olmadı, əgər olsaydı, savaşardı. Bədircahan artıq başmağı axtarmadı, əlini altdakı tumanına silib, düzəldi yola. Niyə başmaqdan ötrü saatlar ötürsün. İndi təziyə yerində arvadlar zibil kimidirlər. Onların birisinin təzə başmağını Bədircahan götürsə, ona kim deyə bilərdi ki, a xala, qoltuğunun altın bircə göstər. Bu sözü deyənin ata-anasını və təzə ölən qardaş-bacısını qəbirdən çıxardar. Bir az keçmiş ikinci bədbəxtlik Bədircahandan uzaq olmadı, çünki münacat səsi gələn tərəfə gedirdi və münacat dəxi oxunmurdu, bilmədi hara getsin. Qaldı naçar, geri getmək mümkün deyildi, başmaq itibdir. Ağlaşmanı görməsəydi, bağrı çatlar, hara qayıtsın. – Əmican, qadan alım, mərhum olan kimdir? Bazara gedən baqqal Məhəmmədcəfər cavab verdi ki, bilmir mərhum olan kimdir. Bədircahan xala bir tövr sual ilə istədi ki, getdiyi yeri bilsin. Amma düz gəlmədi. “A kişilər, belə zad olmaz, axır üç saatdır ki, küçədən-küçəyə dürtüləsən, bilməyəsən ki, getdiyin yerin haradır”. Bədircahanın bağrı çatlamağa gəlirdi. Nə eləmək gərək? – Başına dönüm əmi, mən gərək tez gedəm təziyə yerinə. Çünki sonra bilmədi nə desin, fəqir Bədircahan özünü lap itirmişdi. Böylə ittifaq indiyədək ona üz verməmişdi. O bilirdi tamam şəhərdə olan mərizləri, amma mərhum olan, yəqin ki, zəhərdən, ya ki bir qeyri tez öldürən naxoşluğa mübtəla imiş, sill naxoşluğu kimi. Məhəmmədcəfər çox baməzə kişilərdəndir. Tez deyə bilmədi, o ki lazımdır. Çünki onun öz fikri idi ki, bu necə zənəndir tələsir ağlaşmağa, amma bilmir hara getsin. Əgər mərhum olan qohumlarındandır, bu gərək bilsin öz qohumunun evini, əgər ölü bunun qohumlarından deyil, niyə belə tələsir ki, başmağı da yadından çıxarıb evdə qoyub? – Ay ağılsız, sən ki bilmirsən ölən kimdir, nə borcundur ora boğulmuş it kimi gündə gedirsən? Məgər evin yoxdur, ayağını basıb altına, bir iş görəsən? Bədircahan bilirdi nə səbəbə gedir və onun mətləbini qanmaq olur. Məhəmmədcəfərin xəbəri yoxdur ki, yüz bu tövr ağlaşma axtaran zənən tapmaq olur, hansılar ki, şəhərin o küçəsindən bu küçəsinə ləhləyə-ləhləyə, gəlib-gedəndən sual gücü ilə təziyə yerini tapırlar. Ax, neçə cüt corab Tiflis ipindən qəzet çap edənlərə bu zənanlar verərlər, əgər o, elamnamələr yaza, nə vaxt və harada ölən var və kimdir. Bilmək mərhum olan kimdir. Çox vacibdir, çünki bəzi yerlərdə doyunca ağlayandan sonra bir balaca nahar da olur, nahar vaxtı şirincə söhbətlər olur: – Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı. Bir ayrısı deyir: – Neyləsin, balam? Onun anası o qədər... Məhəmmədcəfər yaxşı vaxt tapmışdı ki, tamam baməzəliyindən göstərsin... Bədircahan üzünü tutdu Məhəmmədcəfərə: – Allah qoysa, bir neçə aydan sonra sənin özünə elə ağılar deyəcəyəm ki, canına dəysin... Məhəmmədcəfərin saqqalı ağarmışdı, yəqin ki, ona görə Bədircahan bu sözü ona dedi. – Buna bax, ay qız, deyəsən ölməz... imansız kaftar. Bu sözü Bədircahan elə dedi ki, guya özü on səkkiz yaşında gəlindir. Məhəmmədcəfər: – Arvad, toxumunuz yer üzündən götürülsün! Kişilər, belə də bihəya olurmu? Bu sözləri deyə-deyə Məhəmmədcəfər düzəldi bazara sarı. Bədircahan bir az uzaqlaşmış şaxsey səsi eşidildi, bildi getdiyi yeri və bir neçə dəqiqədən sonra yetişdi mətləbə. Bədircahanın dərdi bir az artdı gec gəlməyinə görə, çünki icma həddən artıq çox idi. Bildi ki, ölən dövlətlidir, onu qeyri ağıçılar qabaqlayıblar. Bir otaq qalmamışdı ki, övrətlərlə dolmamış ola. Qapının qabağında oturan övrətlər içəridə ağlayanlara səs verirdilər. Bədircahan bildi ki, ay qız, kənar dur, qadan alım, yol ver, – demədən, gedib öz yerinə çata bilməz. Əl atıb başından yaylığını kənar edib, tüklərini dağıdıb üzünə, gözünün suyunu çoxaldıb, uzaqdan hönkürə-hönkürə yetişdi meydana. Qapıda duran övrətlər biəlac yol verdilər Bədircahana. Övrətlər bir-birlərindən sual etdilər: – Ay qızlar, bu arvad, görəsən, bəyin qohumudur? Birisi dedi ki, yəqin ki, xalasıdır. Birisi dedi ki, yox, əmisi arvadıdır. Amma mümkün deyil ki, burada duran övrətlərdən Bədircahanı bilən olmaya. Həqiqət birisi ucadan başladı? – Ay qız, bu simtən Bədircahandır. Allah buna lənət eləsin. Belə pis dəyən gözü var ki, onun gözü pırtlasın. Hər nə ki yaxşıdır desə, mümkün deyil ki, o itməyə, ya ki ölməyə. Mənim balaca nəvəm onun gözü dəyməkdəncə öldü. Onu görüm öləndə dili lailahə illəllah tutmasın! Bədircahan hərçənd bu sözü eşitdi, amma yeri deyil idi ki, cavab versin. Bədircahan öz yerində əyləşmiş idi, bir neçə xanımlar daxil oldular. Onlara hörmət lazımdır. Ona görə iyirmiyədək övrət qalxdılar ayağa... Övrətlər uca əllərin qovzuyurdular ki, guya çox bərk dizlərinə vururlar. Amma... Bədircahan qiyamət edirdi. * * * Mənim vaqiəm – Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır! Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...” Bu sözləri xanın öz dilindən eşitdim. Mərhəba, necə nazikürək adamdır! Xanın bu sözlərin eşidib, mənim ürəyim də nazikləndi, xahi nə xahi, zəndim düşdü xanın balalarının üstə. Məzlum balalar!.. Atanız xam quşa uçurtma verir, sizi pərvazlandırır. Niyə Allah sizi bir sənətkar oğlu yaratmadı ki, heç bir fəhləlik sizə eyib gətirməsin? Halal, rahat bir qədər çörək sahibi olardınız və mən sizə məzlum deməzdim!.. Xan mərhum olandan sonra mülkü on yerə bölünür. Bu götür-götürü görməyəcəksiniz. İndi sizin təfavütünüz bir çobandan odur ki, sizin üstünüzdə qızıl təkbənd var, amma çoban belinə kəndir bağlayıb və onun üstə yarpaq kimi əsmir. Bir neçə müddətdən sonra sizin övladınız sizdən artıq məzlum olacaq. Elmsiz, ədəbsiz, tərbiyətsiz, qarnı ac. Və qarnı ac hər bəd əmələ gərək razı olsun. Bu ağıllar əlbəttə mənim xəyalımdan keçdi. Əgər xan məndən bu bihəyalığı eşitsəydi, yəqin ki, xan kimi cuşə gələrdi. Fəda olum sənə, xan, mən o kəsin oğluyam ki, sənin qapına bir çuval buğda təmənnasına çox gəlibdir. Demə ki, çörəyim sənə haram olsun, çünki o çörək sənin deyil. Onu alnında tər, milçək uda-uda qazanan rəiyyətdir ki, mən ona borcluyam. Xan, zəmanə qeyri zəmanədir. Mənim atam bədbəxtlərin biri idi ki, dilənçilik edirdi. Zəmanə ağıl və elm zamanıdır. Mən də on beş ildir ki, gahi ac, gahi tox elm oxuyuram və elm məni öyrədibdi nifrət ilə baxım o kəslərə ki, həmişə öz xeyirlərinə çalışırlar, qeyrilərinin başından basıb, əlini bir işə vurmayıb, tula ilə gününü keçirdələr. Bədbəxt, sənin köməyini millət istəmir. Rəhm elə öz uşaqlarına, elm və ağıl dalınca olub müftəxor olmasınlar. Layiq insan olsunlar və mən onlara nifrət ilə baxmayım, necə ki, sənin üzünə artıq tab edə bilməyib nifrət ilə baxıb düşdüm yola... Xanlıq qapıdan fikrə piçidə, bilmərrə çıxdım bazara. Səs doğraması məni fikirdən ayıltdı; açdım gözümü, sağa və sola baxıb bir əcaibat gördüm ki, hər kəs onu görüb gülməsə, özü böyük əcaibatdır: tamam sövdəgər, əla şişpapaq hacılar şirin yuxuya bülənd olublar. Birisi ayağı bura başı ora, başı bura ayağı ora, ya ki qarnı üstə tirləmə. Birisi xoruldayır, birisi mürgüləyir, birisi fısqırırdı. Bu gunə millət və məzhəb qardaşların görüb mən də güldüm. Amma mənim gülməyimdə qəm çox idi, nəinki şadlıq! “Əkinçi” istəyir ki, bu şəxslər ayılıb gözlərini açsınlar... Fısqırd, hacı, fısqırd! Dədəmiz, babamız qəzetlə yuxusun qaçırtmayıb ha! Xorulda, hacı, xorulda. Bikar bəylər dükanda tənbəki torbasına azar verməsinlər. Nə vecinə ki, namazını da qılmasan. Dincəl, hər “Allahü əkbər”dən sonra borclun şeytan kimi gözünün qabağında olub zəhmət çəkməsin. Yat, gözünü bərk yum, pul tələsi çox artıb. Birisi qəzet satmaq istəyir, birisi məscid qabağında döşənən fəhlələrə pul yığıb, yağlı bozbaşı da verməsə kəsaləti artar. Yuxula, bəlkə sir-sifətin açıla! İstəyirəm səndən bir az danışam. İstədim hacını ayıldam, hacı dedi: – Öləsən də durmaram! Ayağını qalxızdım başı yatdı, başını qalxızdım ayağı yatdı. – A kişi, bircə gör nə deyirəm, Allaha bax, aç gözünü! – yalvardım, yapışdım. Axırdan-axıra hacı gözünü açdı. Amma məni görüb “pul tələsidir” – deyib hacı, bu ildi ölmüsən, bildirmi ölmüsən, təzədən tirləndi. Vaveylanı qalxızdım: – Ay aman, ay dad! Qonşu dükandan bir hacı bir bərk əsnəyib, zorba gəyirib, əsnəyə-əsnəyə başladı: – Filani, hacı namazın qılıb, qoy yatsın... Millət dərdi və təəssübü çəkən, qəm yemə! Nə qədər yaramız artsa, o qədər bərkişərik. Namərd də əgər milləti satsa, yenə biz birləşərik... Atıl kənara, hacı, oğlundan, qızından. Bizə bacı, bizə qardaş lazımdır. Bizə bacı lazımdır bacılarımızı oxutsun, öyrətsin. Bizə qardaş lazımdır qələmi ox, dili ox, sinəsi qalxan. Əgər xoruldamaq istəyirsən, əgər rahat olmaq istəyirsən buyur qəbrə, çoxdan köhnəlmisən, bizi bağışla... Neçə müddətdi ki, vətəndə olmamışdım, istədim bəy, bəyzadələrimizi də görəm. Amma onları bir gündə tapıb əhvalpürsanlıq eləmək çox düşvardır. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. Eləsi də var ki, bir növ-nəməklinin evində yaxşı nahardan sonra yüngülcə məşğuliyyət edir... Ya ki otağı bağlayıb özü içəridə çəkməsini yamayır, ya iki qonşu qarının yanına bir qəlyan çəkməyə gedib. Xülasə, heç bir igid çoban onları bir yerə cəm edə bilməz. Ona görə mən də üz qoydum qəbristanlığa. Ata-baba sözüdü: sənə əgər artıq qəm üz versə, get qəbristanlığa. Onda yəqin deyərsən ki, ah, nə qəm, nə dərd, dünya beş gündür, beşi də qara, dərd və qəm-kədər. Üz qoydum şəhər kənarına. Amma bir evin yanından ötəndə ağlaşma eşitdim. Fikir etdim evə görə ölən dövlətlilərdəndir. Dayandım qapıda halva gözləməyə. Yarım saat keçməmişdi, bu evdən iki-üç yüz nəfər xanlar, bəylər, sövdəgərlər, gədalar dəstə ilə çıxdı. Xəbər aldım: – Bu nədi? Dedilər ki, molla Ş. İrandan bir xoşnəva mərsiyəxan gətirdib, təziyəyə başlayıb. Bu rəcəb ayı camaat yığılacaq bu mollanın öz mənzilinə... Dəxi bəsdi, qardaş, artıq-artıq cavab lazım deyil... Vətən dərdi çəkən bu iki yüz adamdan heç biri sənə həmdərd deyil. Sən şəhər içində, biyaban əhli səndən uzaqlaşır. Camaat ərzimə qulaq assın: insaflı mən, sahibi-həqq söz, heç kəsdən vəhmim yox. Siz mollanın evinə cəm olubsunuz, çünki siz tamam bikarsınız. And olsun Allaha, sizin bu sərgərdanlığınız məni yandırır, necə ki od yandırmaz. Əgər sən, qardaş, bu neçə saat ki mərsiyəxanın hədyanına qulaq asırdın, altı qəpik öz əhli-əyalına qazansaydın Allaha da, peyğəmbərə də, imama da xoş gələrdi. Siz bir mollanın – izzət, şövkət axtaranın, bir mərsiyəxanın – cib kəsənin əsirisiniz! Nəfsə etiqadım yoxdur, sizlərdən uzaqdır. Sizlərdən bir başın qalxızıb “bu belə deyil” – deyən yox. Necə ki dərya üzündə lövbərsiz gəmi tufana qulamdır, siz də molla, mərsiyəxan qulusunuz. Molla, bu nə şövkətbazlıqdır? Mərsiyəxan, bu nə qulaq dibləmədi?! Qardaşlar, molla yer üzünə gələndən ta indiyədək şövkət, izzət axtarıb. Bunu hər tayfanın tarixi isbat edir. Tamam şəhər əhli bilir ki, mərhum Mirzə Əlif, dua zoruna ona qulaq asan müsəlmanları (ancaq onları) cənnətə aparmağa söz verərdi. Sənə fəda olum, xəlifə, sənin məqdurin var layiqi-xəlifə olmağa, öz şagirdlərini hər bir məqamda azar-bezardan saxlamağa. Plova az tamah elə. Əgər mən biləm ki, mənim ömrüm səninki kimi keçəcək, mən bir gün ömr etməzdim. Çünki bu tövr ömrü hər heyvan keçirər! Molla qonaqların ötürüb, geri gələndə məni gördü. Gözünü mənə elə bərəltdi ki, mən vahimədən bilmədim bu molladır, ya ki xandı, bəydi, sövdəgərdi, ya ki çoban. Qan-tərin içində çığırdım: – A ağa, Allaha bax, a bəy, Allaha bax, a molla, amandır, millət getdi əldən! Öz sədama ayılıb, təzədən yorğanı çəkdim başıma, uzandım amma nə hacıyanə! * * * Paho? – Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan? – Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam. – Bəri bax, ay kərbəlayı, mən ölüm bu günlərdə heç oğurluğa gedibsənmi? – A bəy, sənin başın üçün neçə vaxtdan bəri heç bir şey oğurlaya bilməmişəm, çünki bu təzə naçalnik gələndən bəri əlimiz-ayağımız kəsilibdir, bir parça ətə həsrət qalmışıq. – Söylə görüm, ay kərbəlayı, necə dolanırsız və ruzigarınız necə keçir? – Nə deyim, ay bəy, fələyin çarxı dönsün. Bir zaman var idi, qılıncımın dalı da kəsirdi, qabağı da. Amma indi lap məəttəl qalmışam, heç bilmirəm nə eləyirəm. Adıma ağa deyirlər, amma özüm bir dana qova bilmirəm... Əlimdə bir sənətim də yoxdur ki, onun ilə məişət edə bilim. Vaxt belə təhərsiz olub ki, əl tərpətmək mümkün deyildir. Genə ömrü uzun olsun keçən naçalnikin, heç olmasa xırman döyməkdən ötrü bir neçə öküz əlimə düşmüşdü. Mənim bəxtimdən, ələf olmamağına görə, onlar da götürüm düşdülər. Ona görə cümləsin kəsib yedim. İndi qalmışam naçar. – Ay kərbəlayı, o dul övrətin öküzünü qaytardınmı? Hansı ki, yaylaqdan yükü dalında və əli qoynunda biçarə övrət ağlaya-ağlaya arana qayıtdı. – Ay bəy, sənin başın üçün haman götürüm düşən öküzlərin biri haman övrətin malıydı. – Ay kərbəlayı, nə zalım adamsanmış, məgər o biçarə dul övrətə yazığın gəlmədi? – Ay bəy, bu zamanda oğurluq eləməyənlər bir parça əlsiz-ayaqsız adamlardır. Əgər oğurluq olmasa idi, mən özüm də götürüm düşərdim. Nə eləyim, oğurluq eləməyən əl-ayaq altında qalır, heç kəs ona məhəl qoymur və salam dəxi vermirlər. O günlərdə sudda bizim Səlim ağanın bir işinə baxırdılar. Ermənidən, müsəlmandan şahid çağırmışdılar. Dedim ki, ha, ha. Barmağımı dikəltdim. Cümləsi and içib Səlim ağanın tərəfinə göstərdilər. İndi ay başuva dönüm, oğurluq olmasaydı, mənim sözümə kim qulaq asardı? Ay bəy, sən mənim dərdimi artırdın, durum gedim, malım itib, mal adına görüm heç olmasa bir uzunqulaq əlimə düşərmi? – Get! Balam! Kərbəlayı, mövla sənə qənim olsun! * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.