Keçmişdə qaçaqlar Nəcəf bəy Vəzirov (1854–1926) Keçmişdə qaçaqlar Əhli-məclis İvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda İskəndər – yasavulbaşı, 40 yaşında, uzun bığlı, üzü qırxıq İsmayıl bəy – 50 yaşında, mülkədar İbrahim bəy – istefaya çıxmış afser, rəsmi libasda, 40 yaşında Camal bəy – 42 yaşında, mülkədar Zinyət xanım – onun arvadı Səadət xanım – onun qızı, 18 yaşında Şahmar bəy – onun oğlu, 21 yaşında İldırım – Camal bəyin nökərləri Xəlil – Camal bəyin nökərləri Cahangir bəy – 26 yaşında Bəkir – cavan oğlan Hacı Qurban – qoca kişi Pirverdi – onun nökəri, qoca kişi Kazaklar və yasavullar * * * Birinci məclis Vaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb. İvan bəy. Daha nə var, nə yox? İsmayıl bəy. Və genə belə danışırlar ki, guya İvanovu qulluqdan kənar ediblər, hətta işi də veriblər məhkəməyə, yalanmı, doğrumu?.. İvan bəy. Doğrudur, sizin bəyləriniz ölünü də qoymazlar qəbirdə dinc yatsın, danos, danos dalınca verdilər, yazığı elədilər bədbəxt. İbrahim bəy. Mən bilmirəm o kimə yamanlıq etmişdi. Biçarə lap nahaq yerə bədbəxt oldu. İsmayıl bəy. O yazıq idi? Yalansa Allah ona qəzəb eləsin! Gözünü yumub əlini açmışdı. Qaraca puldan da keçmirdi. Əlxüsus onun hərəmi-möhtərəməsi... Əlbəttə, axırı belə olacaq idi. İbrahim bəy. Başdan-ayağa yalandır. O gözəl adamların birisi idi və çox yaxşı yoldaş idi... Bəylər onu yəhərliyə bilmədilər, başladılar danosbazlığa, vəssalam. İsmayıl bəy. Onun haqqında əlbəttə belə danışacaqsan, çünki günorta əyləşib, gecə yarısınadək vururdunuz; o sənin sağlığına, sən onun. İbrahim bəy. Sən də əlbəttə gərək onu pisləyəsən, çünki ona balta vuranların birisi də siz cənabınız oldu... İsmayıl bəy. Doğrudur, mən əqrəb cinsindənəm. Hər kim mənimlə kəcrəftar oldu, onu elə çalaram, heç özü də bilməz iş haradan toxundu. İvan bəy. Hər halda danos, danosbazlıq yaxşı peşə deyil, onu da sən özünə sənət edibsən... İsmayıl bəy. Güc çatmayanda danosdan başqa bir əlac olmur... Mətləb düşməni yıxmaqdır; hankı yol ilə bacarırsan, o yol ilə yıx, vəssalam... İbrahim bəy (saata baxıb). Bu söhbətlərdən sonra, ağamız, ərz olsun qulluği-şərifinizə ki, saat oldu on iki, hələ bir az da artıq. İvan bəy. Ağa İbrahim bəy, sonra nə olsun? İbrahim bəy. Znaçit, nastal admiralskiy ças. Yəni qəlyanaltı lazımdır... İskəndər, özün bilirsən də. Bir parça çörək bir az... və bir az da zəhrimardan... Tezcə, qadası... İvan bəy. Sən qəribə xoşbəxt adamsan, vallah... Dərdin yox, qəmin yox, ancaq bir qəlyanaltı olsun, vəssalam, qurtardı getdi... İbrahim bəy. Bəs buyur görək sənin dərdin nədir, a bizim hakimi-vilayət? İvan bəy. Qaçaqların, quldurların əlindən camaat təngə gəlib... Pristavlar başlarını itirmişlər. Bundan artıq ta nə istəyirsən, canım?.. İbrahim bəy. Bu canım üçün, nə qədər çalışsan, nə qədər vuruşsan, bizim əhalinin arasında əmin-amanlıq olmayıb və olmayacaq. Sən özünə nahaq yerə heç zəhmət vermə... İvan bəy. İskəndər, gəl bu kağızları apar ver dəftərxanaya... (İskəndər kağızları alıb gedir.) İsmayıl bəy. Doğrudan da, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimana bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir... Bax, elə o Camal bəyi götürünüz. Evləri olub qaçaqlar yatalqası... Nökərləri gecələr quldurluqda, gündüzlər yeyib yatmaqda. İbrahim bəy. Üç-dörd gün bundan əqdəm bizim əmioğlu Səfər bəy öz gözü ilə görüb Keçəl Qulunu dəstəsi ilə Camal bəyin evində... Belə işlərdə Camal bəyə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır ki, bu saat qapıda gördüm... Məlun xəsərəd-dünya vəlaxirə!.. İsmayıl bəy. Hacı Qurban məlun ətraf kəndləri eləyib özünə borclu... Qılıncının dalı da kəsir, qabağı da... Deyir bəy də mənəm, ağa da mənəm, heç kim də qabağıma dura bilməz. İvan bəy. Hacı Qurban barəsində mən sizə yaxşı əhval söyləyim: bu neçə günlərdə oğlunun qabağına yüz erkək qoyun salıb göndərir şəhərə satmağa. O qoçaq da kənddən kənara çıxan kimi qoyunları tapşırıb çobanlara özü qoşulur qaçaqlara. Axşamdan dörd saat keçmiş tökülürlər Hacı Məhəmmədin evinin üstünə. Özünü öldürürlər, evini qarət edirlər. İskəndər (əlində padnos qəlyanaltı gətirib qoyur kənarda mizin üstünə). Ağa, Hacı Qurbanı, o Bəkir gədəni, bir də Camal bəyi və oğlunu pristav göndərib. Nə buyurursunuz, onları damlıyaq, yoxsa danışdıracaqsınız? İvan bəy. Hacı Qurbanı çağır gəlsin! İskəndər gedir, İbrahim bəy mizə yaxınlaşıb ayaq üstə yeyib-içir. İbrahim bəy. Hacının əhvalı bu saat yamandır... Yəqin ki, saqqalı yırğalana-yırğalana titrəməyə düşübdür... Titrəyəcəksən, hacı, hələ harasıdır, titrəyəcəksən... İsmayıl bəy. Xeyr... Hacı min belə tələlərdən çıxıbdır. O bir elə dələduzdur ki, Yer üzündə bərabəri yoxdur. İndi gör nə dil tökəcək, nə dəstgah açacaqdır. Ona Hacı Qurban deyərlər. İskəndər ilə Hacı Qurban daxil olurlar. Hacı Qurban (ikiqat baş əyib). Ağa, məni köç üstündən tutub göndəriblər, ancaq bilmirəm nə işdən ötəri. İvan bəy. Dörd gün bundan əqdəm gecə yarısı oğlun qoşulub qaçaqlara, tökülüblər Hacı Məhəmmədin evinin üstünə, özünü öldürüb, var-yoxunu aparıblar... Hacı Qurban. Aman Allah, belə də böhtan olarmı? Belə də yalan olarmı? Bay, bay, bay... İvan bəy. Qaraçılıq lazım deyil. Hacı Qurban. Nə buyurursan, ay ağa? Başına dönüm, mənim oğlum on gündür ki, şəhərə gedib qoyun satmağa, elə bu saat genə şəhərdədir... Qoyunun pulunu ləngə salıblar, ona görə yazıq uşaq qayıdıb gələ bilmir. İvan bəy. Artıq danışmaq lazım deyil, sən burada dustaq qalacaqsan, ta oğlun gəlib ələ keçənəcən... İskəndər, apar damla! Hacı Qurban. Sahib-ixtiyarsınız, başına dönüm. Ancaq, atam sənə qurban, məni köç üstündən tutub gətiriblər, köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər. Vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza, yoxsa olub-qalanım əldən gedər, sənə qurban olum. İvan bəy. Olmaz, olmaz, apar!.. Hacı Qurban. Ağa, bax bu bəylər məni yaxşı tanıyırlar, mən və mənim oğlum bədbihesab işlərə qarışmamışıq və heç vaxt qarışmarıq. Çünki Allahın və sizin dövlətinizdən o qədər varımdır ki, pis işin dalınca getməyə ehtiyacımız yoxdur. Bizə nə olubdur ki, divan yanında üzüqaralıq edib özümüzü bədbəxt edək, ay başına dönüm?.. İvan bəy. Oğlun gələnədək damda yatacaqsan. Artıq füzulluq lazım deyil... Hacı Qurban. Ağa, atam sənə qurban, şəhərə tel vurunuz, təhqiq etsinlər. Oğlum on gündür ki, oradadır, bir yana çıxmayıb, vallah, billah... İvan bəy (kağızlara baxır). Artıq danışmaq yoxdur, yatacaqsan oğlun gələnədək... Hacı Qurban. A bəylər, atam sizə qurban, beşcə gün möhlət istəyirəm, aman günüdür... Mən olmasam köçüm tərpənə bilməz, mal-qara dağılar hərəsi bir yana. Mənə rəhm ediniz. İsmayıl bəy, atam sənə qurban... İsmayıl bəy. Ay hacı, bizim nə ixtiyarımız var ki, hakimi-vilayətin işinə qarışa bilək? Hacı Qurban. Ay İsmayıl bəy, köç işini sən özün, əlbəttə, şükür, yaxşı bilirsən... Köç malakanlarda dayanıbdır... Adını ziyanlıq qoyub, qoyunu sürü-sürü aparacaqlar, dana-dunanı hərə bir yana dartacaq, Allah xatirinə mənə rəhm edin, mən yazığam... İsmayıl bəy. Oğlun quldurluqda taxsırlanır, mən belə işə necə ağız aça bilərəm?.. Yüngül iş olsa idi, genə bəlkə mümkün olardı. Hacı Qurban. Mən bilirəm ki, ay İsmayıl bəy, sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçsırırsan? Yoxsa, qurban olum sənə, məndən at istədin göndərmədim, ona görə məndən inciyibsən? İsmayıl bəy. Yalan danışma, heyvərə! Mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim? Yalanına bax qırışmalın! Hacı Qurban. Yalan danışdım, qələt elədim, başına dönüm... Oğlum müqəssirdir, mənim günahım nədir? Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır... Beş gün nə böyük möhlətdir ki, onu mənə vermirsiniz? Hərgah o iş doğru olsa, məni və oğlumu dar ağacına çəkiniz... And olsun getdiyim Məkkə və Mədinəyə, bunların hamısı düşmən sözüdür. İsmayıl bəy. Yalan, doğru, mən qarışan iş deyil, vəssalam. Hacı Qurban. İbrahim bəy, atam, anam sənə qurban, bəlkə sən bir dilini tərpədəsən, mən yazığam!.. İbrahim bəy (bir rumka da vurub). Hacı, yalvarırsan, genə hakimi-vilayətin özünə yalvar... Bizdə nə ixtiyar var?.. Hacı Qurban. İbrahim bəy, o balaca hesabımız ki var ha... Qurban olsun sənə, amandı mənə kömək... İbrahim bəy. Yuxu görmüsən, yoxsa başına at təpibdir? A kişi, hesab nədir, zad nədir, dəli olmamısan ha... Hacı Qurban. Ağa, səni and verirəm oğlun Saşa bəyin canına, o İsa peyğəmbərə, dördcə gün mənə möhlət ver, köçü yerinə yetirib, qayıdım gəlim... İvan bəy. Tel vur oğlun gəlsin, əldən qoyum... İskəndər, apar damla... Hacı Qurban (İskəndərə). Gəl gedək balam. Eybi yoxdur, a bəylər, Allah sizə insaf versin. Artıq sözüm yoxdur... Ancaq görəsən o dünyada Allahın divanında necə cavab verəcəksiniz? (Gedir.) İbrahim bəy. Məlun o biri dünyadan dəm vurur... Özün öləsən, ay hacı!.. İsmayıl bəy (İvan bəyə). Yeridir, İvan, əldən qoyma. Hacı çox yağlıdır, yaxşı yerdən tutmusan. İbrahim bəy. Bir adamın ki qapısında hər səhər camaat qatar-qatar dura, bir adam ki basa, kəsə, vuruşdura, barışdıra, heç kəs də cürət edib cavab qaytara bilməyə – onun cavabı nə qayda gərək olsun? Əlbət, qudurğan... İbrahim bəy (ağzını silə-silə yaxınlaşıb). Bizim qonşudan bir at getmişdi. Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. Mən də yazdım verdim. Üç gün keçmiş at qayıtdı yeyəsinə. İsmayıl bəy. Oğlu atasından da qudurğandır... İsmayıl bəy. Necə də qudurğan olmasınlar ki, tamam uyezd onların əlindədir. (Zəngi vurur, İskəndər daxil olur.) İvan bəy. Bəyləri çağır gəlsinlər (sükut). İskəndər (qapını açıb). Buyuruz... Camal bəy, Şahmar bəy və Bəkir daxil olurlar. Camal bəy. Cənab naçalnik, bizi nə işdən ötəri çağırtdırmısınız? İvan bəy. Sizi nə işdən ötəri çağırtdırmışam, bilirsiniz, hm? Camal bəy. Xeyr, bilmirik İvan bəy. Sənin evin olub qaçaqlar yatalqası... Nökərlərin gündüzlər qapıda yasavul əvəzi, gecələr oğurluqda, quldurluqda. Bundan artıq nə iş ola bilər? Camal bəy. Belə təqsirnaməyə mənim gülməkdən başqa qeyri cavabım ola bilməz, cənab naçalnik və hərgah bu sual-cavab ağaların qulluğunda “daznaniyadır”. yazınız qol çəkim, artıq danışmaq olmasın. İvan bəy. “Daznaniya” sonra olacaq. Bu gün mən sizi göndərirəm dustaqxanaya. Əhval cəm edənədək qalarsınız orada. Camal bəy. Hərgah siz şərir adamların sözünə baxıb, inanıb iş görsəniz, uyezdi xaraba qoyarsınız və aqibəti sizin özünüz üçün də yaxşı olmaz, ağa naçalnik. İvan bəy (acıqlı). Mənə yol göstərirsən?.. Dilini yerindən qopartdıraram!.. Gözünü sil, mənə dürüst bax! Camal bəy. Mən sizə qaraqoyunlu deyiləm, mənə hərbə gələsiniz. Nə bacarırsınız müzayiqə etməyin... İvan bəy (bəylərə). Bunun nökərləri dörd nəfər çodarı qırıb, pullarını alıb, bir naxır mallarını o taya keçirib, gəliblər bu bəyin qulluğuna... Hələ bunun dili də var danışmağa, görürsünüz? Camal bəy. Cənab naçalnik, məni Sibirə göndərmək olar, amma ağır söz demək olmaz... Onu bilməlisiniz... İsmayıl bəy. Camal bəy, nə lazım olub artıq-əskik danışmaq? Bir az sərhesab olmaq gərək... Axır hakimi-vilayət hüzurunda... Camal bəy (acıqlı). Təvəqqe edirəm mənə yol göstərməyəsiniz, ağıl öyrətməyəsiniz. Biz bir-birimizi yaxşı tanıyırıq... Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. İsmayıl bəy. Qudurğanlıq lazım deyil... Məni tanıyırsan ki! başına müsibət açaram... Şahmar bəy. Naçalnikin böyrünə qısılıb, çox da hədyan eləmə... Səni bir İsmayıl bəy elərəm, adın da yadından çıxar... Adamını tanı. Camal bəy. Şahmar, sakit ol, danışma, yeri deyil... İvan bəy. İskəndər, apar bunları damla, apar! Camal bəy. İyirmi dörd saatdan artıq bizi saxlamağa ixtiyarınız yoxdur. İvan bəy. Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. Şahmar bəy. O tatarı vuranı mənə göstər görüm kimdir? Kimin ağzı nədir mənim atama yaxın gəlsin? Vallahi, iki parça edərəm! Camal bəy. Şahmar, sənə nə dedim, sakit ol, bəri gəl... İskəndər. Artıq baş aparmaq lazım deyil, düşün qabağıma, dinməz-söyləməz... Bəkir. Ağa, başına dönüm, mənim taqsırım nədir? İvan bəy. Apar üçünü də damla. Sən qaranlıq dərədə ağalıq edirsən, səninlə işim çoxdur. Bəkir. Ay ağa, qurban olum sənə. İvan bəy. İskəndər, eşitmirsən? Rədd elə dedim sənə, nə durmusan? Damla!.. İskəndər. Dayanmayın, düşün qabağıma, yoxsa sürütdürərəm. Camal bəy. Cənab, yasavul başı, buyur görək o “dam” haradadır? Şahmar bəy (gedə-gedə İskəndərə). Gədə oğlu gədə, kimə deyirdin baş aparmaq lazım deyil? Necəsən iki parça edim səni?! Camal bəy. Şahmar! Dəli olma, bəri gəl! O işlər məkr işlərdir! Bəri gəl dedim sənə (qucaqlayıb aparır.). İsmayıl bəy. İndi sən, İvan, Camal bəyin axırını eləyə bilərsən. Sən məni şahid yaz, mən onun anasını ağladım. İbrahim bəy. Qudurğan oğlu qudurğan gördünüz nə hədyan elədi? İvan bəy. Mən bu saat protokol yazım, siz də qol çəkiz. İsmayıl bəy. Mən ikiəlli qol çəkərəm... İbrahim bəy. Qaçaq saxlamaq barəsində nə qədər şahid lazım olsa, mən göstərərəm, sən ancaq yazmaqda ol... İvan bəy başlayır yazmağa. İbrahim bəy. Zakondan dəm vurur axmaq oğlu axmaq... Mən onu bir elə tələyə salım ki, ölənə qədər çıxa bilməsin... Qıraqda səslər: ay aman, qoymayın getdilər... Vur a gədə, qorxma, qabaqlayın, tez ol a gədə, vur nə durursan? Tüfəng atılır. İvan bəy (qışqırır). İskəndər, kazakları çağır, atımı çölə çək, tez ol! (Gedir.) İbrahim bəy (pəncərədən baxıb). Sən öləsən ceyran kimit qaçırlar... Camal bəyə bax... Ay, ay, ay! Zalım gör necə qaçır. İsmayıl bəy. Tüfəngləri haradan aldılar, o gədəyə bax, pah! pah! pah! Xeyr, getdilər, qabaqları meşədir, tuta bilməyəcəklər... İbrahim bəy. Bilirsən, qardaş, nə var? Biz nahaq yerə özümüzü xataya saldıq, bundan sonra bizim dolanacağımız çətin olacaq... Bunlar aləmi qarışdıracaqlar bir-birinə. İsmayıl bəy. Heç fikir eləmə. Arvad-uşaqlarını tutarlar, onda özləri gəlib girəcəklər ağzıbirə. İbrahim bəy. Ağamızın kefi yavadı, “prəfrans” da düzəldə bilmədik... Bəri gəl gedək... Gedirlər. Pərdə * * * İkinci məclis Vaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar. İskəndər. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək. Zinyət xanım. Bağışla, adını da bilmirəm (əyləşir palaz üstə), Səadət, gəl otur yanımda!.. İskəndər. Mənim adıma yasavul başı İskəndər deyərlər. Zinyət xanım. Təvəqqe edirəm naçalnikə deyəsiniz ki, mən və qızım burada acından ölməyə hazırıq, amma Camal bəyin ələ keçməyinə razı olmayacayıq. O dürüst arxayın olsun, əgər ondan ötəri bizi dustaq edibsə, böyük səhvi var... Görünür, məni və Camal bəyi yaxşı tanımamışsız. İskəndər bəy. Bağışlayasınız, xanım, qanan, qeyrəti olan kəs razı olmaz ki, onun ucundan arvadı və qızı dustaqxanada, kazakların əlində qalsınlar. Zinyət xanım. Xeyr, qeyrəti olan arvad heç razı olmaz ki, onun sahibini və oğlunu taxsırsız yox etsinlər, canını qurban edər... O ki qaldı kazaklar əlində qalmağa, sizi dürüst inandırıram ki, o adam hələ yaranmayıbdır ki, bizə yaxın gələ bilsin... İskəndər. Hər halda mən öz ağamın hökmünə əməl edirəm. (Yasavula) Gecə-gündüz əlində tüfəng, durarsan bu qapının ağzında, heç kəsi bunların yanına qoymazsan!.. Qandınmı?.. Qapını da bağlarsan. Yasavul. Baş üstə, arxayın ol, qoymaram... İskəndər. Bu saat sənə bir yoldaş göndərim, növbət ilə qarovul çəkərsiniz... Yasavul. Yaxşı olar. (İskəndər getmək istəyir.) Zinyət xanım. Bir balaca dayan... Ola bilərmi bir qoca ya cahıl arvad tapıb verəsiniz, burada bizə həyan olsun?.. İskəndər. Xeyr, o ixtiyar məndə yoxdur, və ağlım belə kəsir ki, naçalnik də ona razı olmayacaq. Zinyət xanım. Sən müsəlmansan, ya nə? Əgər müsəlmansan, layiqdirmi sənin adına və qeyrətinə ki bir müsəlman arvadını və qızını bir yad kişiyə tapşırıb gedəsən?.. Eyibdir sənin üçün! İskəndər. Mən padşah nökəriyəm, borcumdur hər nə buyursalar ona əməl edim, mənim çörəyim bundan gəlir... Zinyət xanım. Belə məlum olur ki, sizin gözünüzdə dünya malı qeyrətdən, namusdan artıqdır. Belə isə, bizim artıq danışığımız yersizdir, gedə bilərsiniz. Qarovulçu qardaş, sən də çıx buradan... Qapını bağla... İskəndər və yasavul çıxırlar. Zinyət xanım. Səadət, kazakların arasında bizi buraya gətirəndə camaata qatışıq, deyəsən, Cahangir bəy, gözümə dəydi axı... Səadət xanım. Mən də gördüm, ana... Qaralmışdı... Çırtma vursaydın, qanı damardı... Zinyət xanım. Görəsən bildimi bizi hara gətirdilər?.. Səadət xanım. Sonra mən çox axtardım, görə bilmədim. Onsuz da deyil ki, bilməsin... Zinyət xanım. Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır... Görəsən bizi buradan qurtara bilərmi? Səadət xanım. Bu nə bəla idi, biz düşdük, ana? Evimizi tar-mar elədilər... Atamı, qardaşımı qaçaq saldılar... Biz özümüz də bu halda!.. Zinyət xanım. Heç fikir eləmə, qurban olum sənə... Bir azdan sonra baxıb görərlər ki, istədikləri baş tutmadı, bizi azad edərlər, gedərik evimizə... İndi bilirsən, qızım, iki gecədir ki, gözümüzü yummamışıq... Başını qoy dizimin üstünə, gör yata bilirsənmi, qurban sənə... Səadət xanım. Yata bilməyəcəyəm, ana... Canım qalıb atamın və qardaşımın yanında... Kim bilsin, indi onlar hankı dərədə ac, susuz qalıblar... Zinyət xanım. Elə fikirləri eləmə, qızım... Sənin atanı tanımayan yoxdur, onlar üçün hər bir mayə ehtiyac müyəssər olacaq, arxayın ol. Səadət xanım. Kazaklar evimizin üstünə töküləndə, nökərlərimiz elə birdən yox oldular. Ana, görəsən onlar hara getdilər? Zinyət xanım. Mən onlara dedim qaçsınlar. Qaçmaseydilər, onları da tutacaqdılar... Mən bilirəm, onlar bu saat atayın yanındadırlar... Əvvəl istədilər kazaklar ilə vuruşsunlar, mən yalvardım, qoymadım... Səadət xanım. Hər nə isə, ana, yamanca evimiz tar-mar oldu, Allah səbəbin evini tar-mar etsin. Zinyət xanım. Allah kərimdir, heç fikir eləmə, qurban olum sənə, Allah həqqi nahəqqə verməz... Bax, qızım, mən yatıram... Başını qoy dizim üstə, gör yata bilərsənmi?.. (Yatırlar.) Bir az keçmiş. Səadət xanım (qalxıb oturur). Yazıq arvad nə tez yuxuya getdi... İlan vuran yatar, amma mənim yuxum gəlməz... Yazıq atam, qardaşım bilsələr ki. bizi dustaq ediblər, mən bilirəm nə halətə düşəcəklər... Mənim Cahangirə də yazığım gəlir... (ağlayır) “Ay qız, mən cehiz-zad istəmirəm, Allah xatirinə bu işi tezcə qurtarsınlar” – yazıq Cahangir deyirdi. İndi iş belə qurtardı, bax... Zinyət xanım (ayılıb). Ay qız, məgər sən yorulmamısan? Naxoşlarsan, qurban olum sənə, yaxın gəl qucaqlaşıb yataq. Qucaqlaşıb uzanırlar. Bir az keçmiş. Cahangir bəy (çöldən). Əlim-ayağım dəyməmiş dinməz-söyləməz aç qapını. Xəlil. Tezcə ol, belə qadanı alım sənin, yaxşı oğlan... İldırım. Daha qadan alım nədir? Vur boynunu, it boynu kimi düşsün yerə... Yasavul. Daha nə üçün vurursan, qadan alım?.. Qoyun bu saat açım da!.. Səadət xanım (ayılıb). Bu nədir, ana, qurban olum sana... Ana, mən qorxuram... Zinyət xanım. Qorxma, qızım, qorxma. Başına dönüm (qapıya yaxınlaşıb), kimsiniz?.. Xəlil. Qorxmayın, başınıza dönüm, bizik... Cahangir bəy (yasavul a). A gədə, zalım oğlu, əlini pişik yeməyibdir ki! Tez ol də! Qapı açılır, daxil olurlar otağa, xanımlar ayağa dururlar. Cahangir bəy. Yasavulların birini də əldən qoymayın!.. Yasavul. Başınıza dönüm, vallah, billah, məndə taxsır yoxdur, məni öldürməyin, Allah xatirinə... Mən səsimi də çıxarmaram, sabahadək bu otaqdan çölə də çıxmaram, and olsun Allaha, ancaq mənə dəyməyin!.. Xəlil. Bu oğlanı özümüz ilə aparaq, yoxsa burada qalsın? Cahangir bəy. Əl-ayağını səriyib, yıxın qalsın burada!.. İldırım. Qardaşım, uzan yerə, tezcə. Belə sənin qadanı alım, uzan görüm necə uzanırsan? Hm, tezcə... Yasavul. Uzanım, başınıza dönüm... (Uzanır yerə və əl-ayağını səriyirlər.) Xəlil. Belə rahatca yat, sənin qadanı alım. Yaxşı oğlandır, vallah. Bərəkallah! Cahangir bəy. Ağzını da gərək bağlayasan! Yasavul. Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın. İldırım. Qorxma, elə bağlayacağam ki, nəfəsin bircə tikə də darıxmasın, bax, ha belə. Di yat.. Qardaşım, yat... Cahangir bəy. Bismillah-rəhmanir-rəhim, hənirtisiz dalımca gəlin. (Gedirlər.) Pərdə * * * Üçüncü məclis Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar. Bəkir (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır. Cahangir bəy. Hər halda burada bir az dincəlmək lazımdır. Yoxsa qorxuram buradan tərpənsək, xanımlar bizim ilə ayaqlaşa bilməsinlər... Bəkir. Bir də, bax, o palıd ağacının dibində bir gözəl bulaq var, burada bir az rahat olsunlar, sonra görək Allah nə istəyib. Camal bəy. Cahangir doğru deyir, burada bir az dincəlmək lazımdır. Ələlxüsus ondan ötəri ki, iki gündür yatmamışıq, artıq yuxusuz qalmaq olmaz. Cahangir bəy. Xəlil, bu xurcunu apar o bulağın üstünə... Camal bəy, siz də buyurun oraya. Camal bəy, Zinyət xanım, Səadət xanım gedirlər. Cahangir bəy. İldırım, sən də yanıncıları döşə yerə... Aç xurcunu, görək Hacı Osman bizə nə göndərib. İldırım yapıncıları döşəyib, xurcunu açır. İldırım. Hacı Osman bəyin mal-dövlətinə Allah min bərəkət versin: yağ, şor, quzu əti, pendir, yağlı çörək... Hazırdır, buyurun! Əyləşirlər, nahar edirlər. Şahmar bəy. Pristavlar kazakları götürüb, yüzbaşıları el atlısı yığıb, dəstə-dəstə olub dərə-təpələri vururlar bir-birinə, bizi axtarırlar... Bəkir. Xanımlar olmasaydı, o dəstələrə rast gəlib, atışma nə xoş gələrdi! Bir-bir dənliyəydim... Nə ləzzət verərdi mənə!.. Ölməzdim o şərir İsmayıl bəyi diz üstə çöküb yalvaran görsəydim... Şahmar bəy. Hacı Osmanın sözündən belə məlum olur ki, pristavların birisi bizi Kür qırağında axtarır, birisi Muğan çölündə, birisi gah dağda, gah aranda... Cahangir bəy. Heyf ki, Camal bəy razı olmur, hərgah biz bir obanı dağda, bir kəndi Kür qırağında dağıtsaydıq, ya yolda poçtu dağıtsaydıq, istirajnikləri bir postada soysaydıq, onda naçalniki nəfəs almağa qoymayıb, o saat qulluqdan kənar edərdilər. Onda, heç olmasa, bizim üçün də bir təsəlli olardı... Əlavə, təzə naçalnik təhqiq edib bilərdi ki, bizdə günah yoxdur, onda bəlkə üzə çıxmaq bizə mümkün olardı. Şahmar bəy. Nə danışırsan, a başına dönüm, aləmi xaraba qoyandan sonra üzə çıxmaq mümkün olardımı? Xəlil gəlir. Cahangir bəy. Onda dərə-təpələr dolardı qaçaqla, əhalidən heç kəs deməzdi ki, Camal bəyin dəstəsi filan bədbi-hesablıq edibdir, amma hökumət deyərdi. Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam! Bəkir. Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik?! Yaxşı o deyilmi düşmənə əvəz edib, baş götürüb gedəsən, ta namərd adamların üzünü görməyəsən. Cahangir bəy. Bilirsiniz nə var? Belə söhbətləri arxayınlıqda elərlər, bu saat yerimiz o qədər də qorxusuz deyil, müddəilər uyezdin hər tərəfini gəzirlər. Söhbətə qızışmaq yaramaz, hərə bir tərəfə dağılıb yolları güdmək gərək, tainki qəflətən üstümüzü ala bilməsinlər. Şahmar bəy. Yaxşı sözdür, qoy onlar yatıb dincəlsinlər, biz hər tərəfə dağılaq. Xəlil. Mən gedirəm köç üstünə. Bəkir. Mən gedirəm o qayanın üstünə, oradan hər tərəf görünür. Şahmar bəy. Cahangir bu ətrafda dolansın, mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox... Bir az da ayın-oyun gətirim. İldırım. Bu hamısından vacibdir, çünki hər adama etibar edib görünmək olmur... İşin nə halda olduğunu Hacı bilər. Cahangir bəy. Deyirlər şər deməsən xeyir gəlməz... Ehyana həmin bu yerdə düşmənə rast gəldik, onda nə etməli? Xəlil. Vuruşmaqdan savayı nə ola bilər?.. Ya onlara verən Allah, ya bizə... Cahangir bəy. Çox yaxşı, vuruşduq, bəs sonra nə olsun? Küyə düşəndən sonra bütün uyezdi tökəcəklər bizim üstümüzə. İldırım. Sonra nə olacaq olsun! Axırı ölüm deyil?.. Biz canımızdan keçmişik, vay düşmənin halına. Bəkir. Dolarıq daş, ağac altına, vuruşarıq qaranlıq düşənədək, sonra hər nə qəzadandır, o olacaq. Cahangir bəy. Pənah Allaha... Qalxın ayağa, görək Allah nə istəyib. (Gedirlər, əllərində parça çörək. Cahangir bəy yalnız, əlində tüfəng ətrafa baxır.) Cahangir bəy (tək). Səadət! Tək səndən ötəri xanimandan əl çəkib bərrü biyabana düşmüşəm... Ölmək var, dönmək yoxdur. (Uzaqlaşıb bir azdan sonra yenə gəlir.) Canımı, malımı sənə qurban demişəm, Səadət! (Səktə.) Səbəb, evin mənim könlüm kimi tar-mar olsun! Mən toy tədarükündə, gör başıma nə gətirdi, eybi yoxdur... Yar yolunda çoğun olar, qar olar... Çəkərəm yar qəhrini, nə qədər canım sağdır... Səadət xanım (gəlir, əlində tüfəng). O kimdir? Kim ilə danışırsan Cahangir? Cahangir bəy. Bir kəs yoxdur... Niyə yatıb dincəlmirsən, malım qurban, canım qurban? Səadət xanım. Fikir qoymur məni yatmağa. Cahangir bəy. Bizimki fikirdən keçib, mənim umudum bir tək Allahadır. Səadət xanım. Gör sənə nə deyirəm Cahangir... Sən lap nahaq yerə bizə qoşulmusan, sənin bir günahın yoxdur, divan yolunda adın çəkilmir, qayıt get evinə! Cahangir bəy. Nə söylərsən, a qız, mən səndən ayrıla bilərəmmi? Bir dəqiqə səni görməyəndə az qalır bağrım çatlasın. Səadət xanım. Get gözlə! Mən ölsəm, Allah əmridir, sağ qalsam, övrət bilərsən... Cahangir bəy. Niyə belə dəli-dəli danışırsan, a qız? Sən qalasan qaçaqlar dəstəsində, hər dəqiqə ölüm gözüyün qabağında, mən də gedim evimdə rahat əyləşim, bu heç olan işdirmi? Səadət xanım. Mən deyirəm əgər ölüm varsa, qoy heç olmasa birimiz sağ qalsın, ta ikimizin birdən tələf olmağımızın nə mənası var? Cahangir bəy. Mən özümü, malımı, canımı sənə qurban demişəm, ölmək var, ayrılıq yoxdur. Səadət xanım. Yavaş! Ora bax... (Qaçır.) Cahangir bəy (gah bir, gah qeyri ağaca qısılıb). Kimsən? Nə gəzirsən buralarda? Yaxın gəl görüm, kimsən? Pirverdi (belində xəncər). Nə üçün yaxın gəlim? Nə olubdur məgər? Cahangir bəy. Yaxın gəl, yoxsa vuraram, tosmalarsan... Pirverdi (yaxınlaşıb). Necə yəni vuraram, tosmalarsan? Nədən ötəri, əzizim? Mən sənə nə yamanlıq etmişəm, qardaşım? Cahangir bəy. Nəçisən? Kimsən? Nə gəzirsən buralarda, de görüm? Pirverdi. Yol adamıyam, görmürsənmi? Cahangir bəy. Sarsaq danışma, qoca, burada yol nə qayırır?.. Pirverdi. Hərgah burada yol yoxdursa, pəs sən özün burada nə gəzirsən, qoçaq? (Getmək istəyir.) Cahangir bəy. Tərpənmə, xurcunu bəri gətir görüm içində nə var? Hara gedirsən? Qoyarammı sən gedəsən? Pirverdi. Yavaş görək. Xurcunun yeyəsi ölübdür ki, onu sənə versin? Cahangir bəy. Verərsən, ağzın nədir verməyəsən, bəri gətir görüm!.. Pirverdi. Açıl başımdan, axmaq!.. Yoxsa məni bir qoca kişi hesab edirsən? Sənin kimi oğlanları mən çox vaxt ağaca səriyib yola düşmüşəm. Heç atlanıb düşmə, eşidirsənmi? Cahangir bəy. Sən öləsən, qoca, heç o yan-bu yan eləmə, xurcunu alacağam, özünü də qoymayacağam qədəm kənara qoyasan. (Yaxınlaşır.) Pirverdi. Uzaq dur, yaxın gəlmə, vallah qarnına bir xəncər vuraram, bağırsaqların ayaqlarına dolaşar!.. Görünür ki, özündən qoçağına rast gəlməmisən. (Getmək istəyir.) Cahangir bəy. A kişi, Allaha bax, ölümün yetməsin, dayan, hara gedirsən? Mən səni buradan buraxa bilmərəm, dayan deyirəm sənə, dayan!.. Pirverdi. Rədd ol başımdan, həpənd. (Gedir.) Cahangir bəy. Qoca! Əcəlin yetməsin! Vallah, öldürərəm... Səni əldən qoya bilmərəm, qanırsanmı?.. Camal bəy (kənardan). Cahangir! Səbr elə görək kimdir? Cahangir bəy. Bir bəlayi-bəd qocadır, aşkara deyir, vur ölüm... Camal bəy (yaxınlaşıb). A kişi, Pirverdi deyilsən? Pirverdi. Mənəm, dərdin alım. Pirverdiyəm... Ay ağa, sizi gəzməkdən əldən-ayaqdan olmuşam, başına dönüm, şükür Allaha gəlib tapdım... Camal bəy (kötüyün üstə əyləşib). Qoca, əyləş görüm nə var, nə yox? Hacının kefi necədir? Pirverdi. Hacının sizə çox-çox duası vardır... Onu da bir neçə gündür ki, soyub buraxıblar. Bir az naçalnikə verib. Filan qədər İsmayıl bəy alıb. Bir azca da o həmişə piyan İbrahim bəy alıb. Ancaq fikri sizin yanınızdadır. Cahangir bəy. Əmi, bağışla, səni tanımadım... Pirverdi. Elə işlər çox olar, qadan alım, eybi yoxdur. Cahangir bəy. Amma yaman hərif imişsən, qoca, maşallah, afərin! Pirverdi. Qardaş oğlu, indi bu xurcuna sahib ola bilərsiniz. (Verir.) Camal bəy. Pirverdi, siz tərəflərdə bizi axtaran yoxdur ki? Pirverdi. Dünən axşam pristav üç yüzədək atlı ilə bizim obanın yanından getdi. Camal bəy. Naçalnik haradadır, bilirsənmi? Pirverdi. Naçalnik, deyirlər, aranda əli boşa çıxıb, yenə dağa sarı qayıdıb... Əlavə belə danışırlar ki, naçalnikə üç min manat vədə ediblər... Camal bəy. Bilirəm, məni öldürənə üç min manat vədə edib... Eşitmişəm... Üç min deyil, qoca, artıqdır... Pirverdi. Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. Bəkir (hövlnak). Qayanın üstündə gördüm iki dəstə atlı bizə sarı yönəliblər, yəqin ki, onlardı. Camal bəy (ayağa qalxıb). Yoldaşlarını xəbərdar etdinmi ya yox? Bəkir. İldırıma papaq elədim... Çox böyük dəstədir, görmüyə bilməzlər... Cahangir bəy (aşağı baxıb). Budur, İldırım da gəlir. Camal bəy. Darıxmayın... Xəlil hankı tərəfə gedib? Cahangir bəy. Xəlil köç yoluna gedibdir... Camal bəy. Cahangir, xanımları çağır gəlsinlər... Yerimiz yaxşı olmadı... Görək, Allaha pənah. Cahangir bəy gedir. İldırım (yaxınlaşır). Ağa! Gəlirlər, hazırlaşmaq gərək... Camal bəy. Xəlil necə oldu? Gör onu çağıra bilərsənmi! Bəkir (aşağı baxıb). Budur Xəlil də gəlir... Xəlil (hövlnak). İki dəstədirlər. Az qalıblar üstümüzü alsınlar, piyada gəlirlər... Cahangir bəy xanımlar ilə gəlirlər. Camal bəy. Yaxın gəlin... Qaçaq, hara qaçaq? Qaçaq, nə edək? Bəkir. Özümüzü verək o daşın dalına... Axşamadək vuruşaq, qaranlıq düşəndən sonra yolumuz dolamadır. İldırım. Mən kəsərəm qabaqlarını, qoymaram yaxınlaşsınlar. Xəlil. Mən yuxarı tərəfi kəsərəm, ölənədək qoymaram yaxınlaşsınlar... Səadət xanım. Ata! Mən sənin qabağında duracağam, qoy qabaqca güllə mənə dəysin. Zinyət xanım. Ay uşaqlar, oğlum pəs harada qalıb? Cahangir bəy. Gedib özgə yerə, o ələ keçməz... O barədə arxayın olunuz. Camal bəy. Siz oturun o çökəkdə, əl-ayağa dolaşmayın. O ki qaldı sizə, oğlanlarım, siz bir-birinizdən uzaqlaşmayın... Darıxmayın... Aramla iş görün! Sonra görək Allah nə istəyib... İldırım. Xanımlar, heç qorxmayınız. Allah qoysa mən onları köç yolunadək qovacağam... Elə qışqırım ki, adları yadlarından çıxsın... Cahangir bəy (Pirverdiyə). Əmican! Sən bigünah bizim odumuza yanacaqsan... Heyf ola... Pirverdi. Balaca xanım tüfəngini versin mənə, onda görərsiniz qoca Pirverdi nə afətdir, necə canavardır. Camal bəy. Hərə öz yerinə! Bismillah-rəhmanir-rəhim. Əşhədən la-ilahə-illəllah. Əşhədən Məhəmmədən-Rəsul-Allah. (Getmək istəyir.) Pirverdi. Başına dönüm, Camal bəy, bir balaca səbr elə! Nicat yolu tapmışam: bax yanımızdakı dərənin içindən bir uca palıd ağacı, odur ha, bəri çıxıb. Dərəyə düşmək mumkündür... Heç kəsin ağlına gəlməz ki, qaçaqlar özlərini bu ağzıbirə salsınlar... Mənim əl-ayağımı səriyib, yıxarsınız bu ağacın dibinə... Onlar bəri çıxanda mən onlara bir dil tökərəm çaşıb qalarlar. Ağızlarını buraram dolayı... Daha durmaq yeri deyil, səriyiniz məni, səriyiniz, tezcə, tezcə... Camal bəy. Yaxşı tədbirdir... (Pirverdinin əl-ayağını bağlayıb səriyirlər ağaca.) Pirverdi. Dayanmayınız! Bismillah! Gedin! Heç qorxmayın, Allah kərimdir... Cəmən. Yaşasın qoca! Camal bəy. Pirverdi! Səni Allaha tapşırıb gedirik... Pirverdi. Gedin, Allah sizə yar olsun! (Gedirlər.) Vay, müsəlman, evin yıxılsın, necə ki elə yıxılıbdır... Yazıq Camal bəy ömründə heç kəsə yamanlıq etməyibdir, yaxşılıqdan başqa, indi gəl gör biçarə nə hala düşübdür. (Səktə.) Allahın lənətinə gəlmiş bəylər yazıq kişini yamanca bəlaya saldılar. (Səktə.) Həriflər deyəsən gəlirlər. Buyurunuz, gözüm üstündə yeriniz var... Gəlin, başınıza bir oyun açım ki, şeytanın da ağlına gəlmiyə. (Çəktə.) Odur ha, birisi üzü yuxarı dırmaşır. Hələ bir az da yaxınlaşınız görək!.. (Qışqırır.) Ay başınıza dönüm, amandır, atam sizə qurban, gəliniz! Gəliniz, qurbanınız olum, gəliniz. (İskəndər bir neçə yasavul la yaxınlaşır.) İskəndər (naçalnikə). Ay ağa, bir kişini burada ağaca səriyiblər... A kişi, bir bəri bax görüm kimsən? Pirverdi (kəsə-kəsə). Ölürəm, atam sənə qurban! Ölürəm anam sənə qurban... Aç əl-ayağımı... Allah sənin dayağın olsun... İskəndər. Qoca, ölməzsən, qorxma... Qoy naçalnik gəlsin, bir az səbr elə, sonra açaram. İvan bəy yanında bir neçə kazak, təngnəfəs gəlir. Pirverdi (kəsə-kəsə). Ay ağa... atam... sənə qurban... bacım, qardaşım... sənə qurban... Nə yaxşı ki, Allah... sizi... yetirdi... yoxsa məni... qurd... quş... yırtacaqdı... Gətir ayaqlarından öpüm, ay ağa! İvan bəy (kötüyün üstündə əyləşib). İskəndər! Aç bu kişinin əl-ayağını. (İskəndər açır.) Pirverdi. Ay ağa, qurban olum... ayaq üstə... dura bilmirəm, izin veriniz oturum. İvan bəy. Əyləş qoca! Nağıl elə bu necə işdir. Pirverdi. Sırağa gün... sabah vaxtı... evdən çıxıb oğlanlarıma... yavanlıq aparırdım. Bu yalın ayağında, köç yolunda... bir dəstəyə... rast gəldim... Allah onlara lənət eləsin... məni dayandırdılar... nə qədər yalvardım, olmadı... saldılar məni qabaqlarına... buradək gətirdilər... İvan bəy. Onlardan heç olmasa birini tanıdın, ya yox? Qoca, doğrusunu de!.. Pirverdi. Doğrusunu de nədir... ay başına dönüm... Allah onlara qəzəb eləsin... Allah onların evlərini tar-mar eləsin!.. İvan bəy. Tanıdın, ya yox? Pirverdi. Xeyr ağa, ... tanıya bilmədim... məni qabağa salıb gətirən bir boz çuxa gödək oğlan idi, başına dönüm. İvan bəy. Burada çoxmu qaldılar? Pirverdi. Məni ağaca səriyəndən sonra iki saat o böyük ağacın altında çörək yeyib dincəldilər. Haram olsun, gözlərindən gəlsin mənim o yazıq, aranda biçində qalan uşaqlarıma apardığım yavanlıq. İvan bəy. Sonra? Pirverdi. Danışa-danışa getdilər. İvan bəy. Hankı tərəfə getdilər və nə danışırdılar? Pirverdi. Yavaş-yavaş danışırdılar, qanmaq olmurdu, ancaq qulağıma bir neçə sözləri dəydi: “Dərin göl, sarı bulaq”. Belə dolayı endilər, hara gedəsi oldular, onu qana bilmədim... On beşə qədər adam idilər, başına dönüm... İvan bəy. Bax bu yanımızdakı dərəyə getmədilər ki? Pirverdi. Xeyr, ora getmədilər... dörd tərəf qaya, bura getsələr, ağa, tələyə düşən kimi olarlar, ağlım kəsmir. Bir də yol dərəyə aşağıda qalıb... Buralarda yol yoxdur. İskəndər. Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. Pirverdi. O gödək boz çuxa, məlun oğlu başıma bir tatarı vurdu, ağa, gözlərimdən od parladı. Ağa, atam sənə qurban, hərgah yanınızda varsa bir əl böyüklüyü mənə çörək, acam... qurban olum sənə. İskəndər yasavul dan bir parça çörək alıb ona verir. Pirverdi tez-tez yeyir. İvan bəy. Haralısan, qoca? Adın nədir? Pirverdi. Ağdərəliyəm, ağa, adım da Səfi Qurban oğludur. (İvan bəy yazır.) İskəndər. A qoca, onları görsən tanıya bilərmisən? Pirverdi. Tanıram da, hələ desən atalarını yandırram da... Sabah elə gələcəyəm ağanın qulluğuna, mənə zülm etdilər məlun uşaqları, uşaqlarımı da aranda ac qoydular. İskəndər. Ağa, dayanmaq yeri deyil, yola düşmək gərək, yoxsa əldən çıxarlar. (Gedirlər.) Pirverdi (tək). Gedin, Allahın lənətinə gəlmişlər. Ağa naçalnik, ləhlə, hələ harasıdır, çox ləhləyəcəksən... Ləhlə ağam, ləhlə. (Başını yerə qoyub qulaq asır.) Getdilər, səsləri gəlmir... Şükür xudaya... (Qalxıb ətrafa baxır.) Odur ha gedirlər, dərəni keçdilər, dərəni keçdilər o taya... İndi, qoca Pirverdi, buyur qaya başına, çağır gəlsinlər. Sonra görək Allah nə istəyib... Eyib etməz ki, desəm: yaşasın qoca Pirverdi, yaşasın köhnə hərif!.. Pərdə * * * Dördüncü məclis Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng. Camal bəy. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək! Gedirlər. Camal bəy (tək gəzir, gah səhnədən çıxır, gah gəlir.). Gecə-gündüz çalış-vuruş, bir parça təmiz güzəran qayır, axırda ata-baba yurdunu bərbad etsinlər, özün də ol qaçaq, əhli-əyalı sal yanına dərələrdə, təpələrdə ömür keçir. Xeyr, düşmənə əvəz etməsəm, bağrım çatlar... (çıxır, yenə gəlir. Fit üç dəfə, bir az keçmiş Səadət gəlir.) Camal bəy. Qızım! Aşağı yolda adam görürsənmi? Səadət. Bəli, çoxdur... Bu saat dörd furqon yaxınlaşr. Camal bəy. Çox yaxşı.. işarə etdinmi? Səadət. Bəli, işarə elədim, bildilər... Camal bəy. Çox yaxşı, qızım, qaç yerinə!.. (Səadət qaçır.) Camal bəy (tək). Düşmən qabağında ağır sözə, hərəkətə dözə bilmədim... Eybi yoxdur... Mərd kişinin başı qovğada gərək... deyərlər... Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni!.. (Gedir, yenə gəlir.) Fit iki dəfə, bir az keçmiş Zinyət xanım gəlir. Camal bəy. Yuxarı tərəfdə işimiz nə haldadır? Zinyət xanım. On iki kəl, öküz arabası gəlir... Camal bəy. Çox yaxşı, qaç yerinə... (Zinyət xanım qaçır.) Burada mənə bir-iki ləyaqətli adam lazımdır (gəzinir, gedir, yenə qayıdır). Kəndlərdə, obalarda zalım oğlu cəza dəstəsi yaradıb, arvad-uşaq qalıb kazakların əlində!.. Belə hökumətə necə tabe olasan?.. Belə müsibətlərə bais bizim bivicdan bəylərimizdir... Varam sizinlə, a bəylər! Qorxunuzdan şəhərdən kənara çıxa bilmirsiniz... Düşər əlimə fürsət! Allah kərimdir. (Fit bir dəfə, bir az keçmiş Şahmar bəy gəlir.) Camal bəy. Qonaqların arasında bir ləyaqətlisi yoxdurmu? Olanda göndər yanıma! Şahmar bəy. Xeyr, yoxdur... Bir cavan oğlan elə keçib, o deyir mən meşəbəyi Əşrəf bəyin adamıyam. On iki öküz arabası, yükləri pambıq. Naxçıvan duzu və dörd tay qənd-çaydır və arşın malı... Əlavə, çox əla xüşkəbərdir. Camal bəy. Heç kəsə ziyan vurmayın, yazıqdırlar... Hər nə alsanız, pulunu veriniz... O cavan oğlanı göndərin gəlsin buraya. Gərək onlarda yaxşı xəbərlər olsun... Şahmar bəy. Baş üstə, bu saat göndərim. (Gedir.) Camal bəy. Fəqir-füqəranı sinsidə bilmərəm, pulsuz da dolanmaq olmur. Naəlac qalıb Avanes bəydən iki min manat, Hacı Məhəmməddən üç min manat gətirtdim... (Gəzinir.) Gərək qurtarmış ola... Cavan oğlan gəlir. Camal bəy. Yaxın gəl! Nəçisən? Haralısan? Cavan oğlan. Meşə qarovulçusuyam, ağa!.. Əşrəf bəyin adamıyam. Camal bəy. Əşrəf bəy salamatdırmı? Necə dolanır? Yaxşıdırmı? Cavan oğlan. Şükür Allaha, sağ-salamat, kefi kök... Camal bəy. Eşitmişəm naçalnik ilə onun arasında böyük qalmağal olub, doğrudurmu? Cavan oğlan. Bəli, doğrudur... Hətta iş o məqama gəlibdir ki, Əşrəf bəy onun üstünə tapança çəkib: “Filan-filan şüdə, sən aləmi çaxnaşdırmısan, məlum işdir nədən ötəri... Qaz vurub qazan doldurmağa, bəylər ilə bölüşməyə”... Aralığa girib qoymadılar... İsmayıl bəyə olmayan sözləri gözünün içinə deyib: “Camal bəy quldur deyil, quldur sizin kimi olar...” Xülasə, böyük qalmağal olub. Tamam uyezd danışır. Camal bəy. Əşrəf bəyə məndən dua edərsən və bir də deyərsən ki, o xatakünlərdən özünü gözləsin, sərhesab olsun... Cavan oğlan. Ona nə var! İşi təmiz, özü təmiz... Heç kimdən qorxan deyil... Mənim kimi onun əlinin altında altmış oğlan var, canından, malından onun yolunda keçməyə hazır. O nədən və kimdən qorxsun ki, camaat arasında o hörmətdə heç bir adam indiyə kimi olmayıb. Camal bəy. Bilirəm, oğlum, bilirəm... Allah dəxi artıq eləsin... Yaxşı, Sərdarov neyləyir? Cavan oğlan. Gah arana qaçır, gah dağa. Bigünah hacılardan tutub göndərir bəylərin qulluğuna, olar da naçalnik ilə şərik olub, yazıqları soyub buraxırlar... Camal bəy. Əlac yoxdur, ixtiyar, hökumət düşmən əlindədir... Get, oğlum, get dayan orada!.. (Cavan oğlan gedir.) Bəylər bəy olsalar, hansı naçalnik biqanun iş görə bilər?.. Camaat avam, bəylər müftəxor, bivicdan. Odur ki, əkinçilər qalıb avara, bisərpa, inək kimi sağılır... (Gəzinir, gedir, yenə gəlir.) Şahmar bəy, qabağında bir rus xanımı və onun əri mühəndis gəlirlər. Şahmar bəy (qıraqda). Идите, не бойтесь... Madam. Хотя жутко, но очень красиво... Какие бравые молодцы и какие они вежливые! Просто прелесть. Camal bəy (qabağa gedib.). Пожалуйте, мадам, не бойтесь! Madam. С радостью подхожу к Вам. Я часто мечтала бывать в гостях у благородных разбойников. Настал желанный случай. Camal bəy. Şahmar! Yapıncıları sər yerə, tez ol! Şahmar bəy sərir. Camal bəy. Садитесь, будьте дорогими гостями нашими. (Əyləşirlər.) Şahmar! Qaç, o xüşkəbərdən bir az al gətir, kağız içində, ləyaqətli, qoy qonaqların qabağına. Şahmar qaçır. Mühəndis. Скажите, пожалуйста, правда ли в вашей шайке есть и женщины? Camal bəy. Есть и женщины! Madam. Ради бога, где же они? Нам интересно их видеть... Camal bəy (iki dəfə, üç dəfə fit verir) – Сейчас они явятся. Bir az kesmiş Zinyət xanım, Səadət xanım, çiyinlərində tüfəng, əllərində ağacları gəlirlər. Camal bəy. Вот это моя жена, а это дочь, 18 лет. К сожалению по русски не говорят. Madam (Səadətə zənn ilə baxır). Взгляд сурово, смелый! Одно восхищение!.. И! Сама то писанная красавица!.. Об этой встрече я буду разговаривать везде и всюду. Mühəndis. Да, действительно восхитательная красавица. Madam. Разреши мне, красавица, подарить на память это кольцо, но с тем, чтобы и ты дала что-нибудь на память. Camal bəy. Qızım! Bu göyçək xanım bu üzüyü sənə yadigar verir və səndən yadigar üçün bir şey istəyir... Səadət xanım. Məndə bir elə layiq şey yoxdur xanıma verməyə. Hərgah qəbul etsə, bir dənə boş patron verim, onun gülləsi ilə dağda mən kəklik vurmuşam... Camal bəy. Она говарит, что для подарка на память у нее нет ничего достойного вас, но а если примете, она даст одну гильзу от патрона, коим она застрелила на горах в лесу куропатку. Madam. Клянусь Вам, что лучшего подарка для меня трудно было бы и придумать. За такой чудный подарок позвольте мне, красавица, поцелавать Вас. (Öpür.) Şahmar bəy xüşkəbər gətirir, qoyur qonaqların qabağına. Camal bəy. Что же, милые гости, угошайтесь при моих условиях, я хорошим шашлыком да вином угостил бы Вас. Mühəndis. Лучше мы с собой возьмем, если, конечно, вы позволите. Madam. Я по одной штуке буду раздавать знакомым и буду рассказывать откуда они. Camal bəy. Şahmar! Get orada cəm olan qonaqlardan bir neçəsini gətir buraya. Uşaqlara da de gəlsinlər... Şahmar bəy gedir. Я скоро освобожу моих арестантов с извинением за причиненные беспокойства. Mühəndis. Все хорошо, что хорошо кончится. Особенно беспокойства не было, хотя я страшно испугался, только не за себя. Cahangir bəy, yoldaşları və bir neçə nəfər tutulanlar gəlirlər. Camal bəy. Bizi bağışlayınız ki, sizi bir neçə vax’t yoldan qoyduq, bizim qəsdimiz yol kəsib adam soymaq deyildi... Mən istərdim ki, camaatımız, həm hökumət bilsinlər ki, naçalnik Sərdarov ölkəni qarışdırır bir-birinə, tək mənfəətləri üçün və bu qəsdlə məni həbsxanaya göndərmək istədi, mən tabe olmadım, qaçaq düşdüm, vəssalam. Quldur mən deyiləm, Sərdarovdur öz dostları ilə... Biri şərir İsmayıl bəy, piyaniska İbrahim bəy, biri lotu-bambılı Soltan bəy və qeyriləri... Mən yoldaşlarıma tapşırmışdım ki, soyğuntu olmasın. Hərgah sizlərdən bir şey alıblarsa, təvəqqe edərəm mənə deyəsiniz. Furqonçu. Mənim furqonumdan bir qədər mal götürmüşdülər, ancaq qiymətini verdilər, Allah razı olsun. Camal bəy. Çox yaxşı... Ta kimdən nə alıblar? Arabaçı. Mən bir az Naxçıvan duzu bağışlamışam, olar da mənə iki qutu papiros verdilər. Cavan oğlan. Mənim tüfəngimi almışdılar, qaytardılar, amma qırx patronumu saxladılar. Camal bəy. Eybi yoxdur... Əşrəf bəydən alarsan... Cavan oğlan. Canım da qurbandır sizə... Qırx patron nə böyük işdir? Camal bəy. Прошу Вас сказать: когда Вас останавливали не взяли у вас чего? Mühəndis. Только испугали, а взять ничего не взяли. Madam. Я даже не испугалась, потому что все три кричали “не бойтесь”. Camal bəy. Я блогадаря тому, что не мог выдержать беззаконного отношения ко мне уездного начальника Сардарова, вынужден был сделаться беглецом... Сегодняшний мой поступок совершен исключительно для того, чтобы Вы довели до сведения высшей власти, что Сардаров служит не для порядка, не для обеспечения личной и имущественной безопасности вверенного ему населния, а в союзе с беками создает анархию для ограблния народа. Надеюсь, что Вы исполните эту мою просьбу. Mühəndis. Я даю Вам честное слово, что сейчас же по приходе в город напишу громовую статью не только в местные, но и в столичные газету. Смешаю с грязью вашего врага Сардарова и его авторитет, Исмаил бека, Ибрагим бека, Султан бека и другие. Madam. А я даю слово, куда бы я не поехала, с кем не встретилась, везде и всюду сообшить, что я слышала и видела здесь. Camal bəy. Надеюсь на Вас и прощаюсь с Вами. Желаю Вам счастливого пути. Ay uşaqlar, siz də bizi bağışlayın, Allah yaxşı yol versin! Bismillah! Gedək. Gedirlər. Madam. Миша... посмотри какие бравые молодцы, что красота... Pərdə * * * Beşinci məclis Vaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır. Pirverdi (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar... Hacı Qurban (ayağa qalxıb). Çox xoş gəliblər, gözlərim üstə gəliblər! Pirverdi, lampanı götür get qabaqlarına. Ay uşaq, siz də itləri bağlayınız, tez, tez... Ev-eşiyim onlara qurban. (Hacı özü də gedir.) Hacı Qurban (qıraqda). Pirverdi, necə oldu, itləri bağladınızmı? Çağırınız, tövlənin ağzını bağlayınız, tezcə ha... Pirverdi (əlində lampa). Balaca xanım! Bəridən gəl, dərdin alım... Camal bəy (qıraqda). Allah qonağı istərsiniz, ay hacı? Hacı Qurban. Allaha da qurban olum, onun sizin kimi əziz qonaqlarına da... Buyurun, başınıza dönüm, buyurun, qadanızı alım... Ay uşaq, ay! O qara qoyunu kəsin, tez... Hacı Qurban, Camal bəy və yoldaşları daxil olurlar. Camal bəy. Qoyun-zad lazım deyil. Hacı, biz sənə yarımca saat qonağıq. Yolumuz uzaqdır, artıq qala bilməyəcəyik... Hacı Qurban. Hələ bircə əyləşin, qoyun kəsilər, sonra işə baxarıq. Xanımlar, çox heyif olsun ki, siz bir qeyri məqamda mənim bu komama təşrif gətirməmisiniz. Neyləyim, neyləyim?.. Camal bəy, and olsun o duz-çörəyə, xanımları mən bu halda görəndə ağlamağım tutur... Neyləyim, neyləyim, Allah səbəbin evini tar-mar eləsin, yurdunu dağıtsın. Camal bəy. Əlacım yox idi, hacı... Öyrənmişdim, öz haqqımda nalayiq söz eşitməyə tab edə bilmədim, o da düşmən qabağında... İndi naəlac qalıb, vətəndən və yoldaşlarımdan ayrılıb, balalarımın əllərindən tutub, baş götürüb bu vilayətdən gedirəm, vidaya gəlmişəm, səninlə görüşüb yola düşəm, gedəm. Hacı Qurban. Təzə bir qorxulu iş olubdur məgər? Şükür Allaha olsun ki, naçalnikin boynuna vurub salıblar yola... Daha nə üçün vətəndən ayrılmaq istəyirsən, mən bilmirəm. Camal bəy. Bilirəm, görmüşəm, hacı, təzə gələn Sərdarovdan da yaman olacaq, düşmən ölməyib... Hacı... Onlar qorxularından olmayan işləri mənim üstümə atıblar... Cəza dəstələri, kazaklar əhalini təngə gətiriblər, mən bais olmuşam, qala bilmirəm. Hacı, getmək lazımdır. Camaat yazıqdır, amma yoldaşlarımın adı çəkilmir, onlar qala bilərlər... Bir də hacı, insaf deyil onları vətəndən ayırmaq. Çiçəkli dağlardan, soyuq bulaqlardan necə ayırmaq olar? Mənim əlacım yoxdur, ayrılıram. Cahangir bəy. Camal bəy, buyurursunuz bizim adımız divan hüzurunda çəkilməyib. Bağışlayın, yalandır, belə deyil... Qapılarını kəsib, əlimdə xəncər pul tələb etdiyim adamlar yəqin ki, yetiriblər yerinə. Belə olmamış da olsa, mən bir yol canımı Şahmar bəyə qurban demişəm. Ölmək var, dönmək yoxdur... Siz hara, mən də ora, nə qədər canım sağdır... Xəlil. Ağa, bir tikə vaxtımızdan məni, İldırımı çörəkləyib saxlayıbsınız öz balan kimi. İndi çölə atmağı xahiş edirsiniz, yox, yox, öldürsən yaxşıdır, nəinki atıb getsən. İldırım. Ayrı şey mən bilmirəm; köç iti kimi düşəcəyəm dalınıza. Ha vurun ki, qayıdacağam. Atam yox, anam yox, bir tək canımdır, o da sizə qurban, sən mənə atalıq etmisən, mən necə səndən ayrılım?.. Bəkir. Hacı! Mənim ev-eşiyimi tar-mar ediblər, var-yoxumu dağıdıblar, qalmışam quru yurdda. Bu halımda gedim hankı namərdə qısılım? Sizin kimi, Camal bəy, qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək. Hacı Qurban. Yaşasın belə oğlanlar, belə yoldaşlar... Afərin! Analarınızın südü sizə halal olsun, balalar... Afərin. Maşallah!.. Pirverdi. Hacı! Bu cavanlar belə danışırlar ki, az qalıb mən də Gülçöhrəni boşayıb, qoşulam bunlara. Yaşasın belə oğlanlar! Hacı Qurban. Camal bəy, görünür ki, siz doğrudan da gedəcəksiniz. Belə olanda bilirsiz, qadan alım, nə var?.. Qürbət vilayətdə sizi tanıyanadək, bir işə yapışanadək sizə pul lazım olacaq. (Cibindən dəsmalı çıxarıb verir Camal bəyə.) Camal bəy. Hacı! Sən bizə o qədər xəcalət verdin ki, mən ölənə qədər onun altından çıxa bilməyəcəyəm. Hacı! Pulu qoy dursun yerində, qəbul edə bilmərəm. Hacı Qurban. Camal bəy, vallah-billah, and içirəm, mən dövləti sənin sayəndə qazanmışam. Necə qəbul edə bilməzsən? Gərək qəbul edəsən. Camal bəy. Genə təvəqqe edirəm, hacı, lazım deyil, zəhmət çəkmə, qəbul edə bilmərəm. Pirverdi (pulu alıb). Ver bura! Mən özüm də gedirəm, Arazın yolunu məndən yaxşı bilən yoxdur, olmaz... O tayda yaxın dostlarım da var. Cahıllıqda mən də qaçaq olmuşam... Hacı Qurban. Get, Pirverdi, sən də get, bunları bir yaxşı yerdə rahat edib, gələrsən. Pirverdi. Buradan çıxıb o gorbagor Əliqulu xanın kəndinin yanından ötüb, hər yerdə dağ ətəyi, sabah axşama, Allah qoysa, Arazın qırağına çatarıq... İşdir, yolda bizə rast gələn oldu, başımda əmmamə, başlayacağam minacatı, guya çavuşam, Kərbəlayı müallaya züvvar aparıram. Gülüşürlər. Hacı Qurban (Pirverdiyə). Gör, qoyun necə oldu? Özün də hazırlaş. (Pirverdi gedir.) Camal bəy. Allah Pirverdidən razı olsun, o bir yol bizi ölümdən qurtardı, indi də ki bizimlə getmək istəyir. İnşallah, mənzilə salamat çatarıq. Hacı Qurban. Pirverdi dünyada tək yaranıbdır. Mən bir belə etibarlı, dəyanətli, təmiz, qoçaq insan görməmişəm, ona görə də heç bir işdə ona müzayiqə yoxdur... Cahangir bəy. Mən görmüşəm o necə əjdahadır, mənim əlimdə tüfəng, onun belində xəncər, məni yaxın qoymadı ki, qoymadı. O kişi on adama cavab verər... onun bizimlə getməyi çox yaxşı olardı. Şahmar bəy. Hacı, mümkün olaydı sənin və Pirverdinin xəcalətindən çıxa bileydik, qorxuram əlac olmaya. Hacı Qurban. Allah qoysa qayıdarsınız vətənə, heç fikir etməyiniz. Bəkir. And olsun Allaha, yola bələd olandan sonra elə bir ayağım burada olacaq. Belə yaxşılığı unutmaq olar?.. Bir də düşmənə gərək əvəz edəm, etməsəm bağrım çatlar. Pirverdi (gəlir, başında əmmamə, əlində bayraq). Mən hazıram, kabab yeməyə macal yoxdur, ət götürmüşəm... Bizim xaraba qalmış uyezdi gərək gecə ötək. Camal bəy (ayağa durub). Hacı! Ölüm-itimdir, bəlkə nəsib olmadı, bir də görüşmədik. Bizi halal elə! (Qucaqlayır.) Hacı Qurban. Heç fikir etməyin, var-yoxumdan çıxıb ölənədək çalışacağam, arxayın gedin... (Kişilər ilə qucaqlaşır.) Camal bəy. Bismillah-rəhmanir-rəhim! (Gedirlər.) Bəkir. (qıraqda bayatı üstündə) – Mən köçürəm, yurdum qalır viranə, Viranə yurduma bax, ondan ağla! Hərdən-birdən məni salıb yadına, Xərabə yurduma bax, ondan ağla! Ürəyim dərdlidir, sinəm yaralı, Gözəl vətənimdən ayrılıram. Ciyərim odludur, nəfəs qaralı, Gözüyaşlı yarımdan ayrılıram. Hacı Qurban ağlayır. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-kecmisde-qacaqlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.