Məqalələr Nəcəf bəy Vəzirov (1854–1926) “Əkinçi” qəzetindəki məqalələr 1 Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər. Bir gündə yemin qədəri: quru ot kəpək saman zılx və kələm arpa Bir inəyə girvənkə 25 4 8 30 - Bir öküzə girvənkə 13 2,5 6 10 - Bir danaya girvənkə 18 2 2 - 4 “Əkinçi” qəzeti, 19 dekabr 1875, №11 2 Yazıldı Moskva şəhərində sentyabrın 3-də. Doğrudur, bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur, amma bizim bəzi işlərimizə baxan görək bizi dəşti-qıpçaq əhli hesab etsin. Buna səbəb oldur ki, adəti-qədimə zəmanə rəftarı ilə düz gəlmir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik: məsələn, 15-20 gün bundan sabiq bizim Şuşa şəhərində axşamdan bir saat keçmiş 7 əlixəncərli adam S... bəyin oğlu H... bəyin sərkərdəliyi ilə S... xanımın evinin üstünə tökülüblər ki, onun qızını aparsınlar. Qızı və onun anasını zəxmdar ediblər, amma ətrafda sakin olanlar haraya gəldiyinə qızı apara bilməyiblər. Təəccüb bu deyil ki, belə iş bizim içimizdə büruz edib, amma təəccüb budur ki, hamı silist edənə deyib ki, H... bəy tək olub, onun yoldaşı olmayıb və dəxi bunu fikir etmirlər ki, gələn səfər məzkur bəy bir qeyri babanın qızını aparacaq və birdə cənab S... bəy özü haraya gələnlərin qabağına çıxıb deyirmiş nə var, övrət-uşağa doğru getməyin. Mərhəba bizim qədimi adətlərimizə. Bu bizim işlərimiz, bu da bizim qüvvətli cavanlarımız, bu da bizim S... atamız. “Əkinçi” qəzeti, 22 sentyabr 1876, №18 3 İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burnotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz. Habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz; amma elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz. Uşağın bədəni mum kimi bir şeydir. Uşaqlıqda ona hər nə surət verilsə, o surət onda baqi olacaq. Yəni məktəbxana insanın insan olmağına baisdir. Belədə bizim məktəbxanalara baxan gərək bizi adam hesab eləməsin. Biçarə uşağı gətirib mollaya verəndə əvvəl zaman molla onu bir şagirdə tapşırır ki, ona “ustad” deyirlər. Ustad onu öyrədir: əlifdən beyətən, yüyürdüm evətən... Xülasə, bir neçə gün müddətində onu özü kimi edir. Məktəbdə mollanın fələqqəsi və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbihesablıqdan xəbərdar edir. Necə eləməsin ki, bu şərtlərdən daş daşlığı ilə əzilib tamam olar. Uşağın zərif bədəni buna davam edərmi? Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə papiros çəkməyə adət edən təki adət edibdir. Deyir: uşaq döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim, döy ki, adam olsun. Və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq. Ey uşağı olan və onlara təlim edən! Rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər. Onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Barı bunu yaddan çıxartmayın ki, sizin sillə, yumruq, fələqqə, çubuq eşşəyi adam etməz. Uşaq meymun təki bir şeydir, nə görsə ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda taxsır yoxdur, taxsır ol kəsdədir ki, bu əməli ona göstərib. Yəni taxsır sizdədir. Dəxi ol biçarəni niyə göyürsünüz? İndi kitab və müəllimlərdən bir neçə kəlmə danışaq. Bizim məktəbxanada oxunan “Leyli və Məcnun”, Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şurə gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cərəkeş olmasın? Və bir də bizi oxudanda məhz oxuyub-yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxuduncan elmi-coğrafiya kitabını oxusaq, həmi yazıb-oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq. Müəllimimizdən danışandan irəli bir məsəl çəkək: qədim yunan əhlinin bir qismi ruhani olub ki, onlara avqor deyirlərmiş. Xalq ziyadə avam olduğuna onlar çox bədbihesablıq edirlərmiş. Onlarda bir adət olub ki, bir-birinə rast gələndə hər iki avqor gülərmiş. Yəni belə gülməkdən bu eyham çıxarmış ki, əgərçi sən məni avam hesab edirsən, amma yaddan çıxarma ki, sən də mənim təki avamsan. Əlhəqq, bizim müəllimlər bir-birinə baxanda gərək avqor kimi gülsünlər ki, onların hər ikisi avamdır. Amma xalq onlardan avam olduğuna onların işi işdir. Əlbəttə, ələ fələqqə və çubuq alıb əlif-beyi öyrətmək ilə adam müəllim olmaz (Biz elmi-ədyan müəllimlərinin üstə danışmırıq ki, onların işi başqadır). Əgər bizim handa bir yaxşı müəllimimizdən sual edəsən ki, on üç dəfə on doqquz nə qədərdir, sənə cavab verməkdən ötəri bir saat barmaqlarını yumar, ya təsbeh çəkər. Bəs belədə avam olduğumuzu gizlətməyib, səy edib elm təhsil edəsən, yaxşı deyilmi?! “Əkinçi” qəzeti, 6 noyabr 1876, №21 4 Noyabrın 27-də Moskva şəhərindən. Bu günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər. Birisi cənab Mirzə Əli Əskərin qəzəliyyati və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır. İnşayi-Mirzə Mehdi 22 vərəq üstə tamam olur. Mirzə Əli Əskərin inşası dəxi ziyadədir. Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!.. Ey Ağa Mirzə Mehdi, fədayət şəvəm, atanın pambıq atan olmağı oğluna eyib edər? Bizim əyyamda xanzadəlik, bəyzadəlik ağıl və elm ilədir. Firəngistanın Prudon adlı hükəması deyib: mən fəxr edirəm ki, mənim yeddi arxa ata-babam rəiyyət olub. Ey ağa Mirzə Əli Əsgər, bu qəzəldən çi fayda ki, demisiniz: Bu nə naz, bu nə qəmzə, bu nə işvə, bu nə rəviş. Bu nə qaş, bu nə gözdür, bu nə sərxoş yeriş... Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyib hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür. “Əkinçi” qəzeti, 22 dekabr 1876, №24 5 Necə ki qarınca çox kiçik isə də həmzəhmət olub, özünə çox yaxşı yuvalar təmir edər, habelə insan da həmzəhmət olanda onun nəfi ziyadə olur. Avropa hükəmaları bərhəm zəhmətlik elmi bina ediblər, adı elmi-qənaət politiki (politiçeskaya ekonomiya). Bu elm insan dünyaya gələndən bəri onun həmzəhmət olmağına mülahizə edib onu iki qism edər. Əvvəlinci qism ki, Avropa əhli üçün qədim zəmanədə olub və bizim üçün bu halda vaqedir. İnsan, məsələn, ev təmir etməkdə həmzəhmət olub, belədə hər kəs bir işə məşğul olur. İkinci qism həmzəhmət olmaqlıq, bu hal da məhz Avropa əhlində vaqedir. Məsələn, saat qayırmaqdan ötrü 102 sənət var ki, hər sənətkar saatın bir hissəsini qayırar, ya gəncəfə kağızının 70 cürə ustad qayırır və ya sancağı 10 sənətkar qayırır ki, bu 10 adam bir gündə 4700 sancaq qayırır, bavücudi ki, hər kəs bir gündə bir sancaq qayıra bilməz. Bəs Avropa əhlinin belə tərəqqisinə bir səbəb də onların həmzəhmət olmağıdır. Ona binaən ki, insan bir işə məşğul olanda, o iş nə qədər az olsa, o qədər insan ona artıq adət edər və bu səbəbə onu çox tez əmələ gətirər. “Əkinçi” qəzeti, 17 mart 1877, №6 6 Bəndi-məxsusi. Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq. Səbəb ki, zəmanə dəyişilib. Əlbəttə, on il bundan əqdəm bizim dolanacağımız indikindən yaxşı idi və on ildən sonra dəxi yaman olacaq. Bəs biz haçan öz dərdimizin əlacının dalıycan olub uşaqlarımıza elm öyrədəcəyik? Biz müsəlman tayfasında ittifaq, həmiyyət olsa məktəbxana üçün ildə iyirmi min manat cəm etmək çətin deyil. Elə bəyzadələrimiz var ki, bir oturuma dördaşıq oynayıb 100 manat udub, uduzurlar. Elə xanzadələrimiz var ki, İvan İvanoviçi qonaq etməyə artıqraq xərc edir, ya ona xoş gələn xalını və ya atı bağışlayır. Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, böyük qurşaq hacıları, qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır. Bəs belə ehsanı Allah qəbul edərmiş, füqəraların uşaqları üçün bina olunan məktəbxanaya ehsanı qəbul etməz imiş?! Ey özlərini millətə dost hesab edib laf torba salıb başaçıq, ayaqyalın kəndbəkənd gəzərəm deyənlər, sizin bu sözlər yadıma düşəndə Sədinin kəlamı fikrimə gəlir ki, deyib: Dust məşmar anki dər nemət zənd, Lafi-yarivü bəradər xandəki. “Əkinçi” qəzeti, 14 aprel 1877, №8 7 Bokl adlı hükəma ingilis tayfasının və Dreper adlı hükəma tamam Avropa əhlinin elm və ağlının mərtəbəyə çatmağının tarixini yazıblar və bu tarixi yazmaqdan ötəri keçən zəmanələrin kitablarını tamam oxuyublar. Yəni keçmiş zaman insanın elm və ağlı nə mərtəbədə olmağı ol zamanın kitablarını oxumaq ilə əsbabi-ziraət və qeyrəni mülahizə etmək ilə bilmək olur. Məsələn: 10 il bundan əqdəm paltar tikməyə maşın yox idi, amma indi var. Bu halda havaya qalxmaq məqdurdur. Amma hava ilə özü xahiş edən tərəfə getmək mümkün deyil. Yəqin ki, gələcəkdə ona da əlac tapılacaq. Bəs hər zəmanənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqın adətlərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olur. Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın? Həqiqət, bizim əsbablar və qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib. Kitablarımız... bu halda bizlərdə kitab inşa edən yoxdur, əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn: 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn: bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik ki, zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər. Yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur. “Əkinçi” qəzeti, 12 may 1877, №10 * * * Mənim sevgili, əziz müəllimim Həsən bəy! “Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür... Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm... Ömrümdə əvvəlinci dəfə rus teatrını görüb mən altımıncı klasda olanda sabahı gün sizdən sual etdim: bizim də varmıdır bir elə şey ki, biz də teatr binası edək? Buyurdunuz var. Bu sözdən savayı və biz məşq edəndə yanımızda dinməz-söyləməz əyləşməkdən savayı heç bir işə siz qarışmadınız... Hərgah siz dübarə oxusanız mərhum Mirzə Fətəlinin kağızını onda dürüst bilərsiniz ki, mənim ərzimdə xilaf yoxdur. O kağız bu halda sizdədir. Sizin yadınızda gərək olsun ki, mən tələbə olan zamanı neçə komediyalar yazıb sizə göndərmişdim. Həmin komediyalar məndə durur... Neçə müddət bundan irəli mən cənab Mehdibəy Hacınskiyə və Həbib bəy Mahmudbəyova vəsiyyət etdim mən öləndən sonra o cavanlar razı olmasınlar ki, teatrın əvvəl binasını bir özgə kəs özünə götürə... Əlhəmdülillah, yoldaşlarım ölməyiblər, sübut edə billəm... Dübarə ərz edirəm bu iş bir böyük şey deyil, amma mən ondan əl çəkə bilmərəm, çünki o teatr əvvəlinci idi tamam müsəlmanlıqda. “Həyat” qəzeti, 18 dekabr 1905, №120 * * * “Ölülər” haqqında rəy “Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir. “Açıq söz” qəzeti, 1 may 1916, №173 * * * “Ölülər” Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır. Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə. Camaat qarşısında hər cür yeməkdən imtina edən, ancaq iki-üç xurma ilə dolandığını bildirən şeyx xəlvətdə plov tələb edir, həm də köməkçisinə işarə ilə başa salır ki, “tək yata bilməz və siğəyə (müvəqqəti kəbin) ehtiyacı var”. Şeyxə heç bir şeyi müzayiqə eləmirlər. Həmin gün ona üç nəfər doqquz yaşlı qız “siğə” olunur. Özümü çətinliklə saxladım. “Əclaf!” – deyə çığırmaq istəyirdim. Fırıldağının üstü açılacağını hiss edən şeyx aradan çıxır... Onun doqquz yaşlı “siğə” arvadları acı göz yaşları tökürlər. Əlbəttə, şeyx üçün yox, özlərinin ləkələnmiş isməti və məhv edilmiş həyatı üçün. Kefli İskəndər qışqırır: – İndi növbət mənimdir. Ölülər! Budur sizin qızlarınız. Gəlin aparın! Valideynlər pərt halda qızlarının əlindən tutub aparırlar. Ürək parçalayan səhnə... Bu gözəl pyesin təfərrüatı üzərində dayanmıram. Amma əsrlər boyu dini fanatizmə əsaslanaraq bədbəxt müsəlmanları tam cəhalətdə saxlayan Şeyx Nəsrulla kimi şəxslərin şarlatanlığını qamçılayan belə bir əsərin yaranmasını görüb şadlığımı ifadə etməyə bilmirəm. “Kaspi” qəzeti, 1 may 1916, №97 * * * Teleqram Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm. “Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29 * * * Tərcümeyi-halım Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur. Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər. Əvvəlinci iki il gimnaziyada miyanə oxuyurdum. Amma ondan sonra gün-gündən yaxşılaşdım. Altı ildən sonra gümüş medal ilə məktəbi tamam etdim. Qırx il bundan əqdəm 1873-cü ildə altıncı klasda olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Onun necə bir nəsnə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsənbəy Məlikov cənablarına rücu edərək sordum ki: Aya bizim dilimizdə teatr əsərləri ya məzhəkə və ya faciə varmıdır? Mümaileyh Məlikov mərhum Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlanmağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlanırdıq. Bizim hazırlanmamıza Həsənbəy Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası mərhum Əsgərbəy Adıgözəlov Gorani oynayırdı. Mən isə arvad rolu götürdüm. Tamaşa günü çox adam var idi. Əksəri ermənilərdən idi. Bakı qubernatoru mütəvəffa Staroselski öz əyalı ilə hazır idilər. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi. Tamaşadan sonra qubernatorun dilmancı mərhum Həsənbəy Həbibbəyov bizi qonaq elədi. Haman gecə müəllimimiz Həsənbəy Məlikov teatr müsənnifi Mirzə Fətəli Axundova təbrik teleqramı göndərdi. Müsənnif Axundov iki vərəqə dolusu böyük bir rizaməndlik kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi ki: “Bu gün Hacı Qaranı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız”. İndi çox təəssüf edirəm ki, bu kağızı tapa bilmirəm, amma bunu bilirəm ki, o məktub mərhum Həsənbəy Məlikovda idi. Neçə il bundan əqdəm mərhum Həsənbəy Qafqaz mətbuatının ikinci atası məqamında olan “Həyat” qəzetində Qafqazda teatr təsisi barəsində məqalə yazdıqda müəssisliyi öz üzərinə götürdü. Mən haman qəzetdə ona etiraz edərək Mirzə Fətəli Axundovun yazdığı bu kağızını göstərməyi təklif elədim. Çünki Qafqazda birinci dəfə olaraq səhneyi-tamaşaya qoyulan “Hacı Qara” komediyasının banisi və Qafqazda teatrçılığın müəssisi mən olduğum bu məktubdan aşkar məlum olurdu. Əlavə olaraq bunu da əlavə etmişdim ki, “neçə müddət bundan irəli mən Həbibbəy Mahmudbəyova və Mehdibəy Hacınskiyə vəsiyyət etdim ki, mən öləndən sonra o cavanlar razı olmasınlar teatrın əvvəl binasını bir özgə kəs öz üzərinə götürə. Əlhəmdülillah, yoldaşlarım ölməmişlər. Sübut edə billəm. Dübarə ərz edirəm: bu iş böyük bir şey deyil, amma mən ondan əl çəkə bilmərəm. Çünki o teatr tamam müsəlman aləmində birinci idi”. Beləliklə, teatrın müəssisi kim idi məsələsi mənim ilə Həsənbəy arasında mübahisəli qaldı. Gimnaziyada oxuduğum axırıncı iki ildə başqalarına dərs verməyə başladım. Gecələr saat on birədək məşğul bulunurdum, ondan sonra öz dərslərimi oxuyardım və asudə olan vaxtlarımı da məzhəkə yazmağa sərf edərdim. Məktəb idarəsi gimnaziyada mənə bir otaq vermişdi. Çox çalışmaqdan bədənim zəifləmişdi. Bununla bərabər yenə öz işimdən dəstbədar olmurdum. Gimnaziyanı qurtaranadək altı yüz manat para toplamışdım. Bu paradan savay heç kimsədən müavinət gözlədiyim yox idi. Bununla bərabər heç bir şeydən xof etməyib Peterburqda darülfünuna daxil oldum. Bakıdan hərəkət etdiyimdən əvvəl dövlətli xişü əqvamıma neçə məktublar yazıb, dərdi-dilimi izhar etməklə müavinətlərini istədim. Onlar nəinki maddi kömək, hətta məktub yazmağa belə tənəzzül buyurmadılar. Peterburqda batdağ qızdırmasına giriftar oldum. Üç günün müddətində elə bir halətə gəldim ki, sağ böyrümdən sol böyrüm üstə dönməkdən aciz qaldım. Bir rus övrəti mənə xidmət edirdi. Doğma ana kimi pərəstkarlıq eləyirdi. Əgər qəzavü qədər məni o övrətlə rast gətirsə, mən onun qarşısında yıxılıb ayaqlarını öpməyi özümə bir vəzifə bilməklə iftixar edərdim. Məni Allah saxladığı halda, o övrət saxladı. Həkimlər mənim Peterburqdan Moskvaya köçməyimi məsləhət gördülər. 1874-cü ilin sentyabrının 27-də Moskvaya gəldim və Petrovski Akademiyasına daxil oldum. O vaxt ancaq səksən manat param qalmış idi. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palazımı çəkərdim. Bu palaz da mənim hali-pərişanım kimi bir halda idi ki, onun ancaq öküzlərin üstünə örtülməyə ləyaqəti var idi. Palaz altında yatmağım üçün təxəllüsüm “Dərviş” qaldı. Rəhmanirrəhim Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün Akademiya mənə stependiya verdi. İndi özümü dörd il müddəti təmin edilmiş hesab etdim. Üç ayın parasını qabaqca alıb özümə lazım bəzi nəsnələr (şeylər) aldım. Palazımdan əl çəkdim. Əgər bu palaz indi əlimə keçərsə çox baha qiymətə alardım. Bu neçə il ərzində Akademiyada oxuduğum zaman Bakıda müəllimimiz Həsənbəy Məlikov cənabları “Əkinçi” qəzetini nəşr etməyə başladı. Mən dəxi yavaş-yavaş məqalələr yazmaqda idim. Bu halda mənim arqadaşım Vladimir Korolenko idi ki, indi Rusiyanın ən böyük və ən məşhur ədibi və mühərriri hesab edilir. Dörd ildən sonra Akademiyanı ikmal edib Gəncə quberniyası Dilican qəsəbəsində meşəbəyi oldum. Çox müddət keçmədi ki, mənim həyat və məişətim yenə pərişanlığa üz tutdu. Rusiyanın ən birinci məqami-iftixarı olan Petrovski Akademiyasının adı çəkildikdə çoxları qorxardı. O cəhətdən Akademiya məzunları onların nəzərlərində laübalı və ziddməslək hesab olunurdular. Mən dəxi meşəbəyi olduğum halda, Allah şahiddir ki, günahsız olaraq bu cümləyə qurban edildim. Mən həmişə vaxt fəxr edərdim ki, Petrovistəm. Ədalətsizliklə məzlum olmuşam. Və buna cəhət bu idi ki, camaat məni sevərdi. Və onun arasında şöhrətim var idi. Qulluqdan ixrac olunandan sonra öz milli ədəbiyyatıma məşğul oldum. Nə qədər gücüm vardısa, bacardığım qədər yazdım. Ölməyib sağ qalar isəm yenə yazacağam, buna səbəb olduğu üçün məni təqib edənlərdən artıq dərəcədə razıyam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.