Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov (1854–1926) Müsibəti-Fəxrəddin Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı Əfradi-əhli-məclis Fəxrəddin bəy – cavan oğlan, darülfünun tamam etmiş Mələk xanım – onun anası Şahmar bəy – cavan oğlan, onun qardaşı Hacı Murad – cavan nökərlər Xəlil – cavan nökərlər Rüstəm bəy – böyük mülkədar Mahmud bəy – onun cavan oğlu Səadət xanım – onun qızı. Gülbahar xanım – Mahmud bəyin övrəti, Fəxrəddinin bacısı Əhməd – Rüstəm bəyin cavan nökərləri Vəli – Rüstəm bəyin cavan nökərləri Hürü – qoca övrət, qulluqçu Cahangir bəy – cavan oğlan, mülkədar Fərhad – Cahangir bəyin dostları Məhərrəm – Cahangir bəyin dostları * * * Əvvəlinci məclis Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək. Rüstəm bəy (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!.. Əhməd, Vəli bellərində xəncər-tapança daxil olub baş əyirlər. Rüstəm bəy. Fəxrəddin bəy Heydər bəy oğlu, deyirlər gəlibdir, onu görəniniz varmı? Ölənəcən mənlən əlləşən atası Heydər bəyə bənzəyirmi? Əhməd. Xeyr, ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır; alçaq, mülayim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib. Rüstəm bəy. Eşitmişəm... Fəxrəddin tamam dünyanın gözü olsa, genə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para-para eləmişdi... Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur, çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib və mənim üçün məqami-intiqam. (Səktə) Əhməd! Vəli!.. (Səktə.) Rəşidimin yadigarları! O bədbəxt gecə, Rəşid can verən zamanı biz əhd-peyman elədik, öz aramızda əl tutuşduq, o əhd-peyman yadınızdan çıxmayıbdır ki?.. Əhməd. Xeyr, ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil... Və adın kişi qoyanın sözü bir gərək. Başımızdakı papaqdır, ağa, övrət ləçəyi deyil! Vəli. Əvvəl-axır ölümdür. Ağa, qoy can puç olsun, qeyrət yolunda, namus yolunda... Rəşid ağamın müsibətini unutmaq olmaz. Rüstəm bəy. Mərhəba, mərhəba!.. Cavabınız mərd igidin cavabıdır; çörəyim sizə halal olsun... Əgər sizlən bir yerdə oğlum, biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi... Haradasan, oğul, belimi sındıran oğul? Yaraların yadıma düşəndə dünyavü-aləm başıma aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır... Oğul, oğul! Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat... Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm. Əhməd. Nə buyurursunuz, ağa, məgər biz qırılmışıq ki, siz meydanda tək qalasız? Nə qədər bədəndə canım var, nə qədər nəfəsim gəlib-gedir, and olsun Rəşid bəyin öz canına, mən düşməndən intiqam almamış, ondan əl çəkməyəcəyəm! Vəli. Ağa, məni güllə ilə vurub öldürseydiz bundan yaxşı idi ki, o sözü buyurduz. Məgər Rəşid yaddan çıxa bilər?! Rəşid ağanın qanın tək mən alacağam və bir adam başı kəsməklə ürəyim soyumayacaq, onu yəqin bilin! Rüstəm bəy. Bu qeyrətdən, bu namusdan sonra – ki sizdə gördüm, – mənim dərdimin yüzdən biri qaldı... Allah sizdən razı olsun. Ancaq, oğlanlarım, tələsmək lazım deyil. Mən necə tədbir töksəm, o qayda rəftar edərsiz. Amma o vədəyə kimi bu barədə lal-kar olmaq gərək... Başa düşürsüz ki, nə deyirəm? Əhməd və Vəli. Əlbəttə, ağa, necə ki, başa düşmürük. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər. Rüstəm bəy. Çox yaxşı, gedin, gedin, Allah sizdən razı olsun. Mahmudu buraya göndərin. Əhməd və Vəli baş vurub gedirlər. Rüstəm bəy (tək). Hərgah mənim oğlum Mahmudda namus-qeyrət olsaydı, mənim nişanələrimin yüzdən biri onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi... Heyf sənə, oğul, heyf sənə, Rəşid!.. Of.. (Uzun səktə) And olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətin sözünə baxıb, biqeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacağam, ölüb, ya itmiş hesab eləyəcəyəm... Mənim oğlum gərək mənim özümə oxşasın, biqeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim, Mahmud gedəndə nə olacaq?.. (Səktə) Dünyada ömr eləmə, elədin qeyrəti, namusu əldən vermə, vəssalam. Mahmud bəy (daxil olub). Nə buyurursunuz? Rüstəm bəy. Gəl otur. Mahmud bəy (kənar səndəli üstə oturub). Gədələr dedilər ki... Rüstəm bəy. Səndən bir sual edəcəyəm, ona cavab ver. Mahmud bəy. Buyurun. Rüstəm bəy. Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızın gətirdim cəbrən və evimdə gəlin elədim və mən öləndən sonra dövlətimə şərik... Demirəm pisdir, göyçək deyil, ağılsız-kamalsızdır... Amma düşmən qızıdır və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz, əlavə müsibətlən gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir... Gülbahar gərək getsin. (Səktə.) Qandın ki, tələbim nədir? (Səktə.) Səndən cavab gözləyirəm, de görüm sözün nədir?! Mahmud bəy. Məni bağışlayın, ata, hərgah məhəbbət necə ki, buyurursunuz, sizi vadar elədi gəlin barəsində cəbrən iş görməyə, ola bilərmi ki, haman məhəbbət mane ola ikinci cəbrə və zülmə? Rüstəm bəy. Ola bilməz... İkinci təklif: hazırsanmı Heydər bəyin evin tar-mar etməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa? Mahmud bəy. Sahib-ixtiyarısınız... Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir; çünki o biçarə bitəqsirdir və özü o vaxt burada olmayıb. Rüstəm bəy. Hay, hay, hay, hay, Mahmud! Mən elə qabaqcadan bilirdim sənin cavabını... Heyf sənə, Rəşid! Yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmisən. Biçarə oğul, belimi sındıran oğul!.. Mahmud bəy. İnanın, ata, Rəşid bəyin müsibəti necə ki, sizə rahatlıq vermir, elə də mənim özümə. Ancaq, ata, Allah xatirinə məni vadar eləməyin nahaq qan tökməyə və zülm etməyə... Rüstəm bəy (rişxənd ilə). Xa, xa, xa!.. “Nahaq qan tökməyə”. Hm... Rəşid yəqin ki, mənə belə cavab verməzdi! Mahmud, Mahmud, bu mərtəbədə sənə tuman əsər edib? A bədbəxt! Mahmud bəy. Məgər insaflı iş görmək binamusluğu sübut edər, ata? Rüstəm bəy (acıqlı). Kifayətdir, gedə bilərsən... Ancaq qaçıb Gülbahar xanım ilə pıçı-pıçı danışmayasan, təvəqqe eləyirəm. Mahmud bəy. Ata, mən ölümə getməyə... Rüstəm bəy. Kifayətdir, mürəxxəs, gedə bilərsən! Mahmud bəy (gedə-gedə kənara). Belə ki, sən başlamısan, öz evində bayquş ulayacaq. Rüstəm bəy (tək). Rəşid! Qanını yerdə qoymaram. Yoxsa oturduğum yerdə sinəm partlayıb bağrım çatlar!.. Bir qaranlıq gecədə gədələri götürüb gedərəm, od vuraram evlərinə, tayalarına və çölə çıxanı gülləbaran edərəm. Rəşid! Bilsəm ki, evim tar-mar olacaq, yurdum itəcək, genə sənin qanuvu yerdə qoymayacağam, oğul!.. Evlərini Qars qalası da eləsələr, yüz nəfər adam da orada olsa, genə gərək mən intiqamımı yerdə qoymayam... Mənə iki etibarlı nökərim, Cahangir bəy, yoldaşları kifayətdir... Vay Mahmud, vay Mahmud!.. (Gedir.) Gülbahar xanım (daxil olub). Uy, ay qardaşlarım, uy, yazıq atamın evi!.. Qulaqlarım kar oleydi, bu günə əhvalatı eşitməyəydim... İndi mən neyləyim, Allah? Dərdimi kimə deyim, Allah?.. Kağız yazıb kimlən göndərim? Nə tövr onları xəbərdar eləyim?.. Ağlım çaşır, Allah!.. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm, Allah! (Ağlayır.) Uy, yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım sizə qurban, ölüm mənimdir, Allah! (Yıxılır səndəli üstə gözlərin örtüb ağlayır.) Sədayi-qayibanə oxuyur: Yaran, bu gərdişi-fələkin kəcmədarı var, Dövrü zəmanənin nə yaman ruzigarı var! İbrət gözün açıb hər kim yəqin görər Kim bu xərabə çölündə müsibət baharı var. Səadət xanım (daxil olub). Gülbahar, nə olubdur? Gülbahar! De görüm nə olub?! Səsini çıxart, Allah xatirinə, məni qorxutma?! Gülbahar xanım. Müsibət yerdən göyəcən... Səadət, Səadət, canım sənə qurban, bağrım çatlayır, aman günüdür! Səadət xanım. Gülbahar, sən məni həqiqət qorxudursan. Allah xatirinə tez ol, sözünü de! Gülbahar xanım. Səadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndilər, sənin atan mənim əmilərimi nahaqdan diyarbədiyar saldı... Mənim atam sənin qardaşını öldürdü, sənin atan mənim atamı, belədir? Üç qan bunlar elədilər, bir qan mənim atam. Görək bundan sonra Fəxrəddinin taxsırı nədir?! Sən istəyirdinmi ki, Fəxrəddini!.. Oy, dilim-ağzım qurusun, Allah! Səadət xanım. Fəxrəddinin başından bir tük əskik olunca, mənim iki gözlərim kor olsun! Gülbahar, Allah xatirinə gödək danış görüm, təzədən qəza başımıza nə gətirmək istəyir? Gülbahar xanım. Bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin... Rüstəm bəy nökərlərilə məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər... Fikirləri Fəxrəddini öldürməkdir... Fəxrəddin üç ay deyil Almaniyadan gəlibdir, mən onu görməmişəm... Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər?! Səadət xanım. Bu oldu çətin məsələ. Allaha pənah, ağlamaq məqamı deyil, belə işlərdə fikir lazımdır. Gülbahar xanım. Qorxuram biz onları xəbərdar edənəcən iş-işdən keçə... Əgər məsləhət görürsən, mən özüm qaçım xəbərə. Səadət xanım. Uşaq olma, səbr elə, bu saat. (Səktə) Hürü nənə, ay Hürü nənə. (Çağırır.) Ancaq təvəqqe edirəm rəftarında təğyir olmasın və özünü arxayın saxlayasan. Eşidirsənmi? Hürü (daxil olub). Belə nə var, Hürü nənə sizə qurban? Səadət xanım. Yaxın gəl, Hürü nənə (yavaşdan), bir çətin işə düşmüşük, dərdimizə əlac, əgər bizi istəyirsən. Hürü. Nə səni, nə Gülbaharı, bax, bircə belə də istəmirəm. Fəxrəddin yadına düşüb, bilmirsən nə pəstaha açasan! Səadət xanım. Hürü nənə, zarafat yeri deyil; bir xatalı işə düşmüşük, səndən savay kömək yerimiz yoxdur. Hürü. Bircə canım var, o da sizə qurbandır. Səadət xanım, bax Gülbaharı bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddini çiynimdə böyütmüşəm; sən də ki, Fəxrəddinin yarısan, səni onlardan da artıq istəyirəm. Səadət xanım. Mən onu çoxdan bilirəm, ancaq bəri bax, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan düz Fəxrəddin bəyin yanına. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötrü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqe eləyirəm bu xaraba vilayətdən baş götürüb getsin, qalmasın bu dağılmışda... O ki qaldı mənə, mənim fikrimi çəkməsin, onun hər yerdə olsa, salamatlığı məndən ötrü kifayətdir, mən ölənəcən bivəfalıq eləməyəcəyəm, nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam... Amma, Hürü nənə, bax, Allah xatirinə bu xəbəri bir kimsə gərək bilməyə! Fəxrəddinə deyərsən. Aman günüdür, bizi bəlaya salarsan, atam bilsə əvvəl bizi qırar... Dürüst fikrində saxla!.. Hürü. Arxayın ol, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar, ətimi şişə çəkəcəklər, genə demərəm. Özüm də gedəcəyəm, başınıza dönüm. Bu iki qocalar – biri sənin o mürdəşir üzün yumuş atan, biri də o Mələk xanım imansız, iki xanimanı tar-mar eləmək istəyirlər. Gülbahar xanım. Hürü nənə, canım sənə qurban, danışmaq yeri deyil, aman günüdür, özünü tez yetir Fəxrəddinə. Hürü. Gündüz getmək olmaz, gərək gecə tamam obanı yuxuya verib, ondan sonra gedim. Bürünərəm yapıncını, başıma basaram papağı, əlimə allam çomağı, düzələrəm yolun ağına. Əlac nədir, axşama da bir zad qalmayıb. Səadət xanım. Bu yaxşı məsləhətdir... Bir də Hürü nənə, Fəxrəddinə deyərsən ki, gör nə məqamdır ki, beş il ayrılıqdan sonra mən dübarə onunla ayrılmaq istəyirəm... Beş il gözlərimi dikmişdim onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. Əlac nədir... Hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın... Mən öz atamın xasiyyətinə bələdəm, öz höcətliyin o yeridəcək. Fəxrəddin buradan getsin, qalmasın. Bu xaraba vilayətdə insaf qalmayıb, mürüvvət qalmayıb, əlavə Hürü nənə, Fəxrəddinə deyərsən ki, məni görməmiş getməsin... Vay fələk!.. Gülbahar xanım. Hürü nənə, gətir ayaqlarından öpüm ki, gedib atamın xanimanına dəyəcəkdir, gətir ağzından öpüm ki, gedib Fəxrəddini öpəcəksən. (İstəyir öpsün) Hürü. Sən də bir yavaş görüm, ay qız! Bircə bu kişiyə deyən gərək, ay biiman! Bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Səadəti altı-yeddi il oxudub, tamam vilayətin gözü eləyib, indi bu da onun əvəzidir, ay biiman, a başı batmış?! Hərgah Səadət bu qədər oxumaseydi, o da olardı bizim tayımızın biri. İndi, bax gör ki, Səadət dildən-ağızdan düşmür. Səadət üstə camaat az qalır bir-birin qırsın, ay səni görüm öləndə dilin lailahəilləllah tutmasın! Səadəti bu məqama yetirən Fəxrəddin deyil? Tfu! Yox olasan sən, murdar olasan sən! Yandım töküldüm!.. Mahmud bəy (daxil olub). Nədir yenə, a Hürü qarı, dərvişlik eləyirsən?! Hürü (üzün tutmuş qızlara). Vallah deyəcəyəm... Məni öldürsəniz də deyəcəyəm. Mahmud bəy. De, de, Hürü nənə, qorxma, nə olub? Hürü. Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir? Mahmud bəy. Əhvalatdan xəbərdaram... Ancaq qorxmaq lazım deyil, mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin bizim başımıza... Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ; arxayın olun. Səadət xanım. Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək... Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axır, bəs deyil?!. Gülbahar xanım. Allah xatirinə, məqdur, köməyi müzayiqə eləməyin. Qardaşlarım cavandır, rəhm eləyin, Şahmar da dəlidir, xəta çıxar. Mahmud bəy. Təşvişə düşmək lazım deyil. Əvvəla, mən qoymaram bir kəs o qapıya getsin. Hərgah mənim sözümə baxmayıb getsələr, mən özüm də gedərəm, o qəsdlə ki, qoymayım bir adama zərər yetişə. Dürüst arxayın ol, vəssalam. Hürü. Vallahı, ay Mahmud bəy, hərgah Fəxrəddinin başından bir tük əksik olsa, and olsun əziz Allaha, mən bu əllərimlə sizin yurdunuzu tar-mar eləyəcəyəm; bir od vuracağam bu xarabaya, tüstü aləmi götürsün... Xalqı sənin atan yaratmayıbdır ki! Nə istəyirsiniz? Mahmud bəy. Hay qara nər, qoçum Hürü nənə!.. Bəri gəlin, axmaqlar... Mən ölməmişəm ki, siz təşvişə düşürsünüz! Qoca kişidir, danışar, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. (Səadəti, Gülbaharı qucaqlayıb aparır, gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır. Fəxrəddin bəy (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.) Hacı Murad. Nə buyurursunuz, ağa? Fəxrəddin bəy. Nə var, nə yox, Hacı Murad? Həkim mənzilindən razıdırmı? Mollanın kefi necədir? Hacı Murad. Molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Həkim mənzilindən çox razıdır, ələlxüsus övrəti. İnək də ki, gəlibdir; şadlıqlarından bilmirlər nə eləsinlər... Molla çox yaxşı oğlandır. Fəxrəddin bəy. Çox yaxşı, təhəng çubuqları da ki, vüsul oldu. Hacı Murad. Bəli, ağa, iki ərəbə, çox təmiz çubuqlar. Fəxrəddin bəy. Çox pakizə. Sübh tezdən hamısını basdırarsan. Nə qədər fəhlə lazım olsa, bağbana deyərsən gətirsin, əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil... Hacı Murad. Baş üstə, ağa, molla özü hazırlaşıb əlləşməyə. Sabah Allah qoysa, qurtarrıq. Hava da bozdur; bu dəxi yaxşıdır. Fəxrəddin bəy. Çox gözəl. Gecə keçib, get rahat ol... Sübh tezdən durmaq gərək. Hacı Murad baş vurub gedir. Fəxrəddin bəy (tək). Hər iş öz yolundadır, şükür Allaha... İndi bir qalıb Rüstəm bəylə barışmaq. Bilmirəm onu nə tövr eləyəcəyəm. Dünyanın hər bir işi cəngi-məğlubədir; amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Neyləmək? Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu... Mələk xanım və Şahmar bəy daxil olurlar. Mələk xanım (əyləşib). Bu gün dünya başıma aylanıb; heç yerdən qalxa bilməmişəm, xəbərim də səndən olmayıb, ay oğul. Fəxrəddin bəy. Çox əcəb oldu ki, təşrif gətirdiniz. Şahmar, gəl otur görək... Ana, ola bilərmi ki, Gülbaharı bura gətirdəsən, yazıqdır, bilmirsən mənim könlüm nə mərtəbədə onu istəyir! O biçarə, yəqin ki, dəxi artıq bura gəlmək istəyir. Mələk xanım (qolun tutub). Uff, uf, uf!.. Fəxrəddin bəy. Nədir genə ufuldayırsan? Mələk xanım. Nə bilim a başına dönüm, elə ki bir az hava dəyişir, tamam yaralarım sızıldaşırlar. Gülbaharın anası ölsün, onu qoyarlarmı buraya gəlsin? Elə bu sızıldayan yaralarım Gülbaharı aparan vaxt vurulan yaralar deyilmi? Zalım uşaqları başıma nə qədər tatarı vurdular, qızdan əl çəkmədim, elə dilimlə çığırırdım: “Heydər, Heydər!.. Məgər qəbrin çatlamır?”. Sonra başladılar xəncər ilə məni doğramağa. Fəxrəddin bəy. Bilirsən nə var, ana? Belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər və adına vəhşilik, nadanlıq deyirlər. Neyləmək gərək? Mən hərgah bilsəm ki, Gülbahar bu saat özünü bədbəxt hesab eləmir və yaman-yaxşı dolanır, keçərdim, işdir olubdur. Mələk xanım. Nə söyləyirsən, oğul? Gülbaharı sən binamus hesab eləyirsən ki, düşmən evində özünü xoşbəxt hesab eləsin? Onun cürəti nədir! Şahmar bəy. Pəh, pəh,pəh!.. Əcəb söz eşitdik! Bu da bizim oxumuş, sahib-kamal qardaşımız... Yaxşı, bir mənə de görüm ki, bir qızın atasını öldürələr, evlərini basıb, anasına beş yerdən yara vurub, özünü cəbrən aparalar, o deyə bilərmi ki, mən xoşbəxt olmuşam? Mələk xanım. Oğul, atanın canı ağzından çıxanacan “Fəxrəddin, Fəxrəddin” deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə kotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilin görsəydin!.. Uy Heydər, uy Heydər!.. Məni köməksiz qoyub gedən Heydər! Gözlərim kor oleydi, səni o halda görməyəydi. Fəxrəddin bəy. Xudaya! Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, bimənə işdən ötrü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmişik. (Səktə.) Vallahı, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz... Aşkar görürəm sübut uzaqda deyil... Mən buraya gələn üç ay deyil, bu üç ayın ərzində iki yüz adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıqdan deyil? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyət yox, məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi! Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır... Siz nə insaflan işə bir göz ilə baxırsınız?! Şahmar bəy. Çox yaxşı, tutaq bu oldu əvəz-əvəz... Bəs bizim əmilərimizi ki, Rəşid onların bir barmağı olmazdı, hərəsi yüz atlıya bərabərdi, kim diyarbədiyar saldı? Əlavə, ana, bir aç başını (Mələk xanım başını açır.) Bu yaralara nə deyirsən? Yox, qardaşım, yox! Fəxrəddin, belə deyil. Fəxrəddin bəy. Ona mən deyirəm “əlaməti-vəhşilik, heyvanlıq, nadanlıq”. Artıq nə deyə billəm?! Buyur görək, əmilərim qaçaq-quldur saxlamayaydılar, oğurluq elətdirməyəydilər, ağızların fərağat qoyaydılar, öz kasıblıqlarına məşğul olaydılar, belə müsibətə düçar olmayaydılar, vəssalam... Aşkar işdir, burada bir höcət ola bilməz. Mələk xanım. Oğul, oğul! Beş il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm; indi sən də belə? Yoxsa, oğul, səni yoldan Səadət çıxardıb? Fəxrəddin bəy. Sözün var, söz danış, qəlbə dəymək nə lazım... O şeyləri ki, mən sizə burada deyirəm, onu Səadət də yəqin orada deyir. Ancaq başa düşmək gərək. Əlavə məgər mən, ya Səadət müqəssirik ki, bu vəhşi tayfa içində yaranmışıq? Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanımdan keçdin, mənə salam vermədin – ondan ötrü... Bunlar hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik, göz götürməməklik... Anam, qardaşım, barı siz mənə əziyyət verməyin, Allah xatirinə!.. Onsuz da məni müsəlman qardaşların nadanlığı qəm dəryasına qərğ eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?! Bircə buyurun görək, cavan Rəşid bəyin taxsırı nə idi ki, onu mənim atam doğramışdı? Hərgah Rüstəm bəy ilə atam düşməndi, Rüstəm bəyin özünü öldürəydi, nəinki cavan oğlunu. Şahmar bəy. Qardaş, səndən elə sözlər eşitdim ki, sinəmə güllə dəysəydi, min pay ondan yaxşıydı! Dəxi sənə nə deyim? Mən elə qorxuram ki, Səadət xanımı da gətirib burada bizə calayasan. Mələk xanım. Oğul, oğul! Bu sözləri bizim yanımızda danışdın, barı özgə yerdə danışma; bizi qorxaq, binamus hesab edib ayaq altında itirərlər... Oğul, canım sənə qurban, oğul, aman günüdür! Fəxrəddin bəy. Sizin danışığınızdan belə məlum olur ki, guya bizim bu xaraba vilayətdə heç bir insan sifətində adam tapılmaz, zəmani ki, mənim insaflı hərəkətimi burada binamus hərəkət hesab edə bilərlər. Şahmar bəy. Ay qardaş, Allah xatirinə, nə söyləyirsən, bizim yerlərdə insaf nə qayırır, mürüvvət nə qayırır? Xalq gücnən başın girləyir... Hərgah bilsələr ki, sən fəqir adamsan, dinc adamsan bir gün səni rahat qoymazlar öz evində yatasan, olub-qalanını aparıb adamı quru yurdda qoyarlar. Sən nə fikir eləyirsən? Uşaq deyilsən ki! Vallah, billah, tallah, inan qardaş, hərgah sən xəlvətdə Rüstəm bəyin nökərlərinin birisinə rast gələsən, o dəqiqə sənin başını qoyun başı kimi kəsərlər. Bunu yəqin bil. Mələk xanım. Quran oxumaqlan donuz darıdan çıxmaz, oğul! Sən bu xarabanın işinə nabələdsən. Şahmar nə deyir, sən onun sözünə qulaq ver. Əlavə Səadət xanım barəsində pambığı qulağından bilmərrə çıxart. Hansı məlunun qızı deyil hərgah Səadət ayağın bu evə bassa, o saat özünü boğub öldürməyə, dinindən dönməyə. Özün bil, oğul. Fəxrəddin bəy. Çox uzun danışdıq, kifayətdir... Mənim axır sözüm budur ki, mən cəllad deyiləm adam öldürəm, ya öldürtdürəm... Hərgah mənim özümü öldürmək istəyirlər, neyləmək, qoy öldürsünlər, mən bir can borcluyam. O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər... Sizdən çox təvəqqe eləyirəm ki, Səadət barəsində dəxi artıq bu evdə söhbət olmasın, kifayətdir. Mələk xanım. Kifayətdir, kifayət olsun, eybi yoxdur. Dur gedək oğul. (Şahmar bəyə.) Allah barı səni mənə çox görməsin, dur gedək... Şahmar bəy. Bəli, fəziləti-axund məlum şüd!.. Buyur, gedək, ana. (Gedirlər.) Fəxrəddin bəy (tək). Qəribə işə düşmüşəm, and olsun Allaha, bu kəsafəti-mədə ilən mənə ağıl öyrətmək istəyirlər... Canım, beş gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm, az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm, bunların fikri nədir! Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox. Girmişik meydana, əldə qılınc, hərif axtarırıq. Bismillah buyurun görək kim artıq bihəyadır, kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tfu, xaraba qalasan, ölkə! Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam! Hər bir şeydən mənə təəccüb o gəlir ki, anam, qardaşım bilə-bilə ki, mən Səadətsiz dünyada bir gün də ömür eləmək istəməzdim, onunla belə o təmənnaya düşüblər ki, Səadətin adını çəkməyim... Afərin məhəbbətinizə! (Hürü kişi libasında daxil olur.) Fəxrəddin bəy (xoflu). Kimsən, nəçisən? Burada nə işin var? Hürü. Qorxma, Hürü nənə sənə qurban! Mənəm, mən. Belə sənin qoca Hürü nənən! Fəxrəddin bəy. Gecənin bu vaxtında, bu libasda? Nə olub, Hürü nənə? Allah xatirinə, tez məni hali elə. Hürü. Qorxma, canım sənə qurban, hələ qoy bir nəfəsimi alım... Səndən savay yaxında adam yoxdur ki? Fəxrəddin bəy. Heç kim yoxdur. Bircə de görüm Səadət salamatdırmı, nə iş ittifaq düşüb? Hürü. Salamatıq, a başına dönüm... Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy, məlun oğlu məlun, hazırlaşıb sizin evə od vursun gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var, bilmirəm onu tanıyırsan, ya yox, o da Səadətdən ötrü dəli-divanədir, kişi istəyir onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın... Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər, məni də göndəriblər xəbərə. Fəxrəddin bəy. Nahaq təşvişə düşüblər... Rüstəm bəy mənə heç zad eləyə bilməz; ancaq təəccüb burasıdır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluği-şərifinə, bu düşmənçiliyi aralıqdan götürməkdən ötrü... İndi ki, belə oldu, neyləmək. Lazımdır sərhesab olmaq... Məni xəbərdar eləməkdə yaxşı iş görmüsüz... Biçarə Səadət yəqin əziyyət çəkir. Hürü. Səadət xanım biçarə özünü öldürür, deyir: Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman günüdür, qoy, deyir: dünyayi-aləmin hər nə müsibəti var, mən çəkim, Fəxrəddinin başından bir tük əksik olmasın. Fəxrəddin, and olsun sənin əziz canına, mən dünyada belə qız görməmişəm, eşitməmişəm! Allah özü birliyi xatirinə, onu səndən ayırmasın!.. Gülbahar gecə-gündüz qardaş deyib ağlayır. Səadət xanım bir dəqiqə Gülbahardan əl çəkmir, quzu kimi onu yalayır. Belə bacı da olmaz, ana da olmaz. Fəxrəddin bəy. Mən bir işdə çox böyük səhv eləmişəm, Hürü nənə. Gərək Səadəti düz aparaydım Almaniyaya. Qalardıq orada və bir belə zəhmət çəkməzdik, bu vəhşi tayfanın nahaq, biinsaf, bimürüvvət işlərin görməzdik. İndi görək Allah nə istəyib! Hürü. Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimi gərək heç kim bilməsin, çünki məlun oğlu məlun bizi diri-diri boğar, dar ağacına çəkər. İndi mən gedim, qurban sənə, Səadət xanım təvəqqe eləyirdi ki, burada qalmasın və gedən vaxt məni görməmiş getməsin. Fəxrəddin bəy. Mən buradan heç bir yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm. Doğrudur, mən adam öldürən deyiləm, amma onu mənim əlimdən Allahdan savayı heç kim ala bilməz. Hərgah bilsəm ki, Səadət məhəbbətini bir dəqiqə məndən kəsibdir, ikinci dəqiqə mənim bu dünyada axır nəfəsimdir. Bu sözləri təvəqqe eləyirəm, Hürü nənə, Səadətə deyərsən. Hər nə istəsəm, bu dünyada hamısını o məhəbbət gücü ilə eləyə bilərəm. Hürü. Səadət özü çox yaxşı bilir sən kimsən ondan ötrü, sən də bilirsən Səadət kimdir səndən ötrü. Allah hər ikinizi salamat eləsin, xətadan-bəladan uzaq... Gecə keçir, nənən sənə qurban, dəxi mən gedim. Fəxrəddin bəy. Get, Allah səndən razı olsun! Gəl üzündən öpüm. (Öpüşürlər.) Hürü. Sənə gələn dərd-bəla mənim sağ gözümə! Oğul-uşağım da sənə qurban, Fəxrəddin! Hürü gedir. Fəxrəddin bəy (tək). Rüstəm bəy intiqam almaq istəyir... Neyləmək! Belə vay, ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər... Bitərbiyət, qanmaz, bihəya, yalançı, oğru, başkəsən, nainsaf, bimürüvvət... Neyləmək gərək?! İşimiz bel düşüb... Ağsaqqal, büzürgüvarımız Rüstəm bəy! Mənim taxsırım nədir ki, məni öldürtmək istəyirsiniz, bitaxsır? Görək bu şəriətimizdə var, Quranımızda var, ya belə işə insaf yol verə bilər?.. (Uzun səktə.) Xudaya, mən ölümdən qorxmuram, qüdrət sənin əlindədir, amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş cavan, bir gədasifət adamın əlində bitaxsır bada gedəm. Həvəs ilə başladığım işin aqibətin görməyib tələf olam! Mənim canıma qəsd eləyən şəxs, məgər Allahdan qorxmaz, xəyal eləməz?.. Məgər cavanlıq, nakamlıq zalımın qabağın kəsməz! Məgər Səadətin naləsindən qorxmaz?.. (Fikrə gedir.) Sədayi-qayibanə oxuyur: Sındırdı çərx zülm ilə balü pərim, haray! Döndərdi tez xəzanə fələk güllərim, haray! Ey ruzigar, neyləmişəm bilmənəm sənə, Ümmanə döndü qan ilə çeşmi-tərim, haray! Pərdə * * * Üçüncü məclis Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə. Cahangir bəy. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam. Fərhad və Məhərrəm daxil olurlar, təəccüblə Cahangir bəyə baxırlar. Fərhad. Cahangir, nədir? Genə sir-sifətindən qan yağır, suya basılmış toyuğa oxşayırsan?! Yəqin genə o əhvalatdır səni bu günə salan! Məhərrəm. Mən ölüm, Fərhad, bəri gəl, qayıdaq. Cahangiri bu halında görməkdənsə, görməmək yaxşıdır. Sağ olmuş, elə bil ki, xanzadələrin borcun bundan almaq istəyirlər. Cahangir bəy. Əlbəttə, elə deyəcəksiz... Kotan nə bilir qayış nə çəkir? Fərhad. Genə başlayıb rəhmətlik oğlu, buyur görək təzədən nə var? Cahangir bəy. Məgər siz mənim dərdimi bilmirsiz, dəxi nə lazım soruşmaq. Məhərrəm. Bu köhnə söhbətdir, Cahangir, təzədən nə var, onu buyur görək. Cahangir bəy. Nə olacaq, Fəxrəddin bəy gəlibdir, ümid yerim kəsilib, vəssalam! Bundan artıq nə istəyirsən? Məhərrəm. Ümid yerin kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi zıqqıldamaqdan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın, dərman tapa bilmədi, səbr eləsin, dözsün, dözə bilməz, boğazına bir çatı salsın. Zıqqıldamaqdan iş aşmaz. Cahangir bəy. Necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm? Gecə-gündüz belə çevirirəm, elə çevirərəm və nə qədər fikir eləyirəm, bir əlac tapmıram məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi də deyirsiniz, deyin... Məhərrəm. Mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallahı mən elə bu saat əzrailliyi qəbul elərəm. Dərd odur ki, mən elə dərmana inanmıram. Fərhad. Cahangir, mən ölüm, doğrusunu de, qızın sənə heç bir az meyli var, ya yox? Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa Məcnun olmusan? Cahangir bəy. Nə qədər məgər sifariş eləmişəm... Cavabı həmişə birdir: “Mümkün deyil, məndən inciməsin”. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olma. Hərgah o fikrə düşsəniz ki, güclə iş əmələ gələ, o da nahaqdır, çünki mümkün olan şey deyil. Nitqim kəsildi, artıq söz deyə bilmədim, yola düşüb getdilər. Yerimdən bir saat tərpənə bilmədim, dallarınca heyran-heyran baxdım, gözlərimdən yaş biixtiyar nisan kimi töküldü. Uf!.. Məhərrəm. Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə... Cahangir bəy. Paaa, heç bir fənn qalıbdır ki, işlətməmiş olam... Nə molla, nə dərviş, nə seyid, nə cadu, nə pitik!.. Canımı, malımı tar-mar eləmişəm. Rüstəm bəyin özünə qandırdım, o zalım oğlu gör mənə nə cavab verdi: “Mənim qızım bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıbfəndi qız gərək, hər kimin qızın istəyirsən, gedim bu saat alım”. Fərhad. İndi biz nə edək? Qız razı deyil, atası razı deyil. Evləri Qars qalası. Bəs nə tövr olsun? Cahangir bəy. Aman günüdür, qardaşlar, əgər bacarsanız müzayiqə eləməyin... Məhərrəm, Məhərrəm. Heç fikrə getmə, sizdən savayı kömək yerim yoxdur. Məhərrəm. Sən, Cahangir, qəribə adamsan, vallahı! Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala, Fəxrəddin bəy həmçinin... Əlavə, tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın, axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə, bir padşaha layiq qızdır, sənin, mənim tayımız deyil. Axır nə lazım olub bir bitməyən işin dalına düşək?! Cahangir bəy. Bayaq dedim: kotan nə bilir qayış nə çəkir?.. Allah səni mənim günümə saleydi, onda bilərdin mən nə haldayam və nə çəkirəm... Neyləyim? Fərhad. Rəhmətliyin oğlu, Məhərrəm də elə söz danışır ki, guya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahı, onu elə bu gecə öldürüm! O ki qaldı qıza, sən öləsən çətini bir ələ keçməsidir, nə qayıracaq? Atılar, düşər, axırı yumşalar. Məhərrəm. Fərhad, Fərhad, böyük-böyük danışma! Vallah bu saat Fəxrəddin bəyin qapısında iki gədə var ki, bizi diri-diri yeyərlər... Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil, sən onu tanımırsan, ona yaxın getmək olu?! Cahangir bəy. Ay uşaqlar, siz ki, məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz, heç kim bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz... Məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam? Əlim gəlmir, Səadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olub? Fərhad. Cahangir, bu olmadı! Qardaşım, gahi sən deyirsən Fəxrəddini öldürmək gərək, gahi deyirsən mən onu necə öldürüm... Bu sözlər bir-birini tutmur. Cahangir bəy. Doğrusu ki, mən başımı itirmişəm, özüm də bilmirəm nə danışıram. Yaxşısı budur ki, məni vurun öldürün, bir yol canım qurtarsın. Vallahı, doğru sözümdür, qanım sizə halaldır, öldürün! Məhərrəm. Bilirsiniz nə var? Belə danışıqdan iş aşmaz, Fəxrəddin bəyi öldürməkdən mətləb hasil ola bilməz. Hamısından yaxşı odur ki, qızın özünü bir tərəfə aparaq, hər nə ola-ola. Fərhad. Nahaq danışma, Məhərrəm. Nə qədər Fəxrəddin bəy sağdır, qızı aparsan da iş düzəlməyəcək, onda biz gərək baş götürüb elə bir tək Rüstəm bəyin əlindən bu vilayətdən qaçaq. Mən belə qanıram ki, hərgah Fəxrəddin bəy ortalıqdan götürülsə, bəlkə onda iş rast yoluna düşə. Məhərrəm. Bir iş də var, onu mülahizə eləmək. Rüstəm bəyin evində oğlu Mahmud bəyin arvadı, Fəxrəddin bəyin bacısıdır... Gülbahar xanım. Gərək Mahmud bəyin qaynını öldürsək, aya Cahangir bəyin işi düzəlir? Ona Mahmud bəy, – Rüstəm bəy dursun bir kənarda – görək razı olur? Canım, mən nə qədər fikir eləyirəm, bu işin axırını bir yana çıxarda bilmirəm doğrusu. Cahangir bəy. Məhərrəm, sənin axırın niyə belə bietibar oldu, a gədə? Mən haman Cahangir deyiləmmi ki, yoldaşlar cəmən qaçdılar, mən geri qayıdıb, səni yaralı dalıma alıb güllə dolu kimi yağan vaxt at kimi qaçdım, qoymadım öldürələr? Bu dursun kənarda... Mən haman Cahangir deyilləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə, sonra dalımda, qaça bilmirdin, nə qədər mənzil apardım?.. Məhərrəm, Məhərrəm, qaranlıq meşədə cərrahlıq edib üç ay gündə iki dəfə yaranı açıb-bağlayan, ana-bacı kimi sənə pərəstar olan kim olub? Qoçaq yoldaşlarımız dağıldılar, bircə tək mən axırda qaldım sənin yanında. Məhərrəm, məgər bu əhvalatlar yadından çıxıblar? Məhərrəm. Qurtardın ki? El-oba sədası doğru olarmış! Cahangir, həqiqət mən görürəm sən dəli olubsan... Məgər sənin işindən mən baş qaçırdıram?! Eyibdir sənə, Cahangir, belə sözlər danışmaq. Mən canımdan, malımdan əl çəkərəm sənin yolunda, ancaq biləm ki, iş əmələ gələ bilər. Nahaqdan atılıb düşməkdən iş aşmaz. Mən deyirəm iş görək, iş olsun... Axır, qardaşım, vallah, billah, tallah, Fəxrəddin bəyi öldürməkdən heç zad ələ gəlməz. Fərhad. Uzun danışmaq lazım deyil. Durun ayağa gedək rizliyək, bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə, ya onlara verən Allah, ya bizə; hər nə ola-ola... Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa, vəssalam!.. Mənim məsləhətim belədir, indi özünüz bilin. Məhərrəm. Baş üstə, buyurun gedək... Cahangir bəy. Buyurun gedək. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng. Şahmar bəy. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.) Hacı Murad, Xəlil gəlirlər. Şahmar bəy. Uşaqlar, nə var, nə yox? Xəlil. Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır, iki qədəmdə adamı seçmək olmur. Hacı Murad. Bircə elə hənirtidən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Şahmar bəy. Əgər birisini diri tuta bilsəydik, çox yaxşı olardı. Ancaq, Allah xatirinə, özünüzü gözləyin, yoxsa birinizi vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq. Hacı Murad. Qurbanı öyrətmişəm ki, onlar yaxın gələndə naqafil ayı kimi bağırsın “kimsən?” Onda həriflər bir balaca özlərini itirəcəklər, o dəqiqə birinin allam üstünü, qoymaram gözün aça, boynunun ardına bir-iki döşərəm, tərpənə bilməz, o saat səriyərəm qollarını. Qurtardı, getdi. Şahmar bəy. Əgər bacarsan, çox yaxşı olar... Yatmayın, bəlkə gec gəldilər, özünüzü gözləyin. Necə ki düzmüşəm, elə qaydada dursunlar. Hərgah ot tayasını yandırmaq istəsələr, mane olmayın, qoyun yandırsınlar. Xəlil. Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəf də qorxuludur. Şahmar bəy. O tərəfdən cürət edib gələ bilməzlər, ancaq Hacı Rəsulun çəpərində adam qoymaq gərək. Xəlil. Gərək mən özüm orada duram. Hərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm, elə ataram qalar yerində. Şahmar bəy. Çox yaxşı, dəxi durmaq yeri deyil. Gedin görək Allah nə istəyib. Sərhesab olun, özünüzü gözləyin. (Gədələr gedirlər.) Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinin qanın içirlər, mənə inanmırdı, indi özü düşüb əl-ayağa! Bəs necə, oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik? Bizim yer Almaniyadır? Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istər. Fəxrəddin bəy (daxil olur, əlində tüfəng). Xaraba qalasan, vilayət! Mən, Fəxrəddin, tüfəng? Nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən... Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək. Şahmar bəy (təbəssümlə). Hm! Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir, bir-birinə bənzəyirmi? Fəxrəddin bəy. Yalansa xaraba qalsın sizin vilayət! Hələ bir şey yoxdur ki, ay Şahmar? Şahmar bəy. Hələ ki, xeyr. Hərgah gələn olsa, kənarda bir gədə qoymuşam, it kimi hürəcək, bizi xəbərdar eləyəcək. Fəxrəddin bəy. Qoşunkeşlikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi, nadan tayfa olar? Gecə-gündüz yuxusuz, hər bir saatda gözlüyürük ha budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər. Şahmar bəy. Bəs biz nə edək ki, tamam ömrümüz belə keçir?.. Darıxma, Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil, sən get arxayın yat. Fəxrəddin bəy. Əlbəttə, gedib yatacam, ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya-olmaya bir adam yaralana... Hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə, qan tökməyin, səy eləyin qaçsınlar, getsinlər. Şahmar bəy. Sən get arxayın yat, qoymaram xəta ola... Elə gördülər ki, biz sərhesabıq, özləri qaçarlar; qorxma, qoymaram adam vurula. Fəxrəddin bəy. Allah amanında... Mən gedirəm, ancaq mən ölüm, Şahmar, tapşır ki, vurmasınlar. Eşidirsənmi, mən ölüm deyirəm ha!.. Şahmar bəy. Qorxma, qoymaram, arxayın ol. Gecə yarıdan keçib, get yat. Fəxrəddin bəy. Hərgah yatmaq mümkün olsa. Yaxşı, xudahafiz. (Gedir.) Şahmar bəy. Xoş gəldin... Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə, nə qəribə iş olar?.. Hər nə desən çıxar o kişidən, beş vaxt namazdan savay... (Səktə.) İş bilməmək belə olar a... Yalvarır ki, qoyma adama zəfər yetişə. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar... Yaxşı məsləhətdir vallah... Görək, Allaha pənah. (Gedir.) Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar bağçada, əllərində tüfəng. Fərhad. Keçəl! Şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi... Nərdivanı harada qoydun? Məhərrəm. Çəpərə söykəmişəm... Təpil, təpil! Bax, bax! Fəxrəddin bəy bu özüdür, şamı yandırıb kitab oxuyur, bədbəxt, əcəl girləyir... Mən ölüm, hələ tələsmə, qoy görək nə qayıracaq... Kitab oxuyur, şəklə baxır; yəqin Səadət xanımın şəklidir. Fərhad. Tamaşa yeri deyil, qardaş! Tutarlar, sən öləsən dərimizi boğazımızdan çıxardarlar, qurtar gedək!.. Məhərrəm. Bağ içində bizi kim görə bilər? Mən ölüm, bir az səbr elə. Afərin oğlan, pəh, pəh, pəh!.. Fərhad. Belə dur görüm aa. Qoy yatırdım gedək, sonra tərif elərsən! Məhərrəm. Mən ölüm səbr elə... A gədə, sən nə qorxaqsan?! Bel bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar?! Fərhad. Bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əcəl girləyib... Bircə fikir elə gör haradasan, məqam nə məqamdır! Məhərrəm. Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır!.. Fərhad. Pa-a-a, olmadı ki!.. Bəsdir, rəng-rəng danışma, sən Allah, qoy tamam eləyim gedək. Məhərrəm. Mənim əlim qurusun əgər belə cavana mənim əlim qalxsa. Heyf deyil? Adam gərək onda Allahsız olsun. Fərhad. Məhərrəm, Allaha bax, bu yer naz-qəmzə yeri deyil. Məhərrəm. Mən ata bilmərəm, əlim qurur. Fərhad. Əstəğfürullah! Sən belə dur, gör mən onu necə yatırdıram! Məhərrəm. Olmaz, qoymaram heç vaxt! Əllərimi kəssən, dişlərimlə tutub qoymayacağam, vəssalam! Fərhad. Bəs nə üçün məni buraya gətirmisən?! Yəqin ki, mənlən düşmənçiliyin var? Məhərrəm. Uzun danışma, Fərhad, ağıllı danış! Sənə deyirəm qoymaram, qoymaram, vəssalam! Fərhad. Bircə de görüm Cahangirə nə cavab verəcəksən? Məhərrəm. O sənin borcun deyil. Fərhad. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən, bəlkə hələ... Məhərrəm. Baş aparma, Fərhad, adam kimi danış... Kənarda tüfəng atəşinin səsi gəlir, Foxrəddin şamı söndürür, Məhərrəm və Fərhad qaçırlar. Xəlil. Tərpənmə, tərpənmə boynunu sovurram! Şahmar bəy. A gədə, qoymayın. Qabaqla! Hara qaçırsan? Qoymayın, ay gədə! Hacı Murad. Tutun, ay gədə, qoymayın, getdi. (Tüfəng səsi.) Xəlil. Tüfəngi elə atmazlar, al gəldi. (Tüfəng səsi.) Hacı Murad. Tutmuşam, gəl ay gədə! Tərpənmə! Tərpənmə, öldürdüm! Hara tərpənirsən? Öldürrəm bu saat! Xəlil. O birisi necə oldu, ay gədə? At qalsın yerində, qoyma qaçdı! Şahmar bəy. Qorxma, gəldim... Buraxmayın! Bağla qollarını!.. O birisi necə oldu, ay uşaqlar?.. Xəlil. O birisini apardılar. (Tez-tez tüfəng atılır və səs uzaqlaşır.) Qoymayın, apardılar! Pərdə * * * Beşinci məclis Vaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər. Səadət xanım. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər? Gülbahar xanım. Mən özüm də qanmıram... Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var, bir-iki gündən sonra qayıdacağam. Hürü. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşandan bir-iki saat sonra tüfəngi götürüb getdi. Deyəsən, elə, o bədbəxt uşaqları o tərəfə getdilər. Gülbahar xanım. Yavaş bir, ay qız! Bu nə səsdir, ay başına dönüm? Səadət xanım. Bir az sakit ol görüm. (Səktə.) Siz burada durun, mən görüm bu nə səsdir, bu saat qayıdaram. (Gedir.) Hürü. Heç belə iş görünməyib ki, sənin evində bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atası evinə od vurub, qardaşların öldürəsən. Belə yox olasan sən, ay Rüstəm bəy, yox! Gülbahar xanım. Allahın qəzəbinə gəlsin görüm onu, evi başına uçsun, tar-mar olsun, Səadətin canından uzaq yerdə. Hürü. Vallah, əgər Səadət olmaya, bu evdə mən bir gün də qalmaram. Deyirəm, nə bilim bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalar. Səadətin işin qurtaraq, çıxaq gedək evimizə. Gülbahar xanım. Yox, bu evi yıxılmış Rüstəm bəy farağat oturmayacaq, ölənəcən barışıq da ola bilməz. O elə məlun deyil! Səadət xanım (tələsik gəlib). Hürü nənə! Mahmudun çuxasını, Əhmədin yapıncısını, papaqlarını tez buraya gətir, tez ol, tez! Sual lazım deyil, durma. (Hürü gedir.) Xudaya, bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir?.. Gülbahar, titrəmək vaxtı deyil... Bu dəqiqə sən gərək gedəsən, burada artıq qala bilməzsən! Evin yıxılsın ata, evin yıxılsın! Gediblər... Qırğın olub, çoban söyləyir... Gülbahar xanım. Canım sənə qurban, Səadət, yoxsa atamın evi yıxılıbdır? Uy Allah, uy Allah, ölüm mənimdir! Səadət xanım. Ağlamaq yeri deyil. (Hürü gəlir.) Gey çuxanı, papağı qoy başına. Hürü nənə, sən də. Tez olun, bax, ha belə... İndi Allah amanında, durmayın, Gülbahar, məni yadından çıxartma, gedin, Allah sizə yar olsun! Gedin, yoldan kənar, özünüz də bağçanın dalından çıxın. (Ağlaşıb öpüşürlər.) Gülbahar xanım (gedə-gedə). Yazıq canım vay, yurdsuz-yuvasız canım vay! Səadət, Səadət, ölüm yaxşıdır ayrılıqdan. Səadət xanım. Allah kərimdir, gedin, gedin! Görüm mənim başımda nə müsibətlər var! Hürü. Gedək! Rüstəm bəyi görüm iki gözlərindən olsun, hirsi başında çatlasın. (Ağlaya-ağlaya gedirlər.) Səadət xanım (tək). Tez gedin, yoxsa rast gələ bilərsiniz. Çoban gətirən xəbərdən belə görünür ki, böyük dava olub, hər iki tərəfdən ölən olub... Xudaya, səni and verirəm öz böyüklüyünə, hərgah bir xəta olubsa, o xata qardaşımdan, atamdan uzaq olsun, ölüm mənimdir, Allah!.. Allah, sən özün Fəxrəddinə qıyma, yazıqdır, nakamdır, mən də yazığam... Xudaya, rəhmini kəsmə, bir belə müsibət kifayətdir, dəxi tab eləyə bilmirəm. Səs gəlir. Səadət xanım irəli durub. Kimsən? Yaxın gəlmə, adını de, yoxsa... Rüstəm bəy (bağçadan). Mənəm, Səadət, qorxma! Səadət xanım. Salamatsınızmı, ata? Dəxi məndə can qalmayıb... Belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz. Rüstəm bəy. Qorxma, qızım, bir elə artıq iş olmayıb, sən get içəri, yad adam var. Səadət xanım. Bir elə iş olmayıb nə deyən sözdür, ata? Bəs Mahmud hanı? Allah məni öldürsün qurtarsın sənin əlindən! Rüstəm bəy. Sənə deyirəm bir elə iş olmayıb, get, qalmağal eləmə! Camaatı buraya tökmə! (Mahmud bəyi Əhməd qoluna girib yavaş-yavaş gətirir.) Səadət xanım. Uy, uy, qardaş! Bacın ölsün, ay qardaş!.. Sənə nə olub, ay qardaş?! Rüstəm bəy. Səadət! Çığırıb-bağırıb aləmi buraya tökmə, Allah xatirinə!.. Mahmud bəy (zəif səslə). Qorxma, Səadət, qorxma, sənə mən söz verdim, mən deyən olmadı, Allah işidir. Rüstəm bəy. Bir yastıq! Tez, tez ha! (Səadət xanım qaçır yastıq gətirməyə.) Qorxma, yassar, mərdanə ol, oturt Əhməd, gir qoltuğuna... Ha belə! Mahmud bəy. Tələsməyin, qoyun bir az dincəlim. (Səadət yastıq gətirir.) Uf, yavaş, yavaş! Rüstəm bəy. Gərək soyunduraq, soyunmasa olmaz. Əhməd, başın qalxız, ha belə, indi rahatsanmı, oğul? Güllə haradan dəyib, ay gədə? Səadət xanım. O güllə bacının gözlərinə dəyəydi, ay qardaş, yazıq qardaş! Dincəldinmi, ay ata, dincəldinmi? Rüstəm bəy. Bir qayçı, tez a! Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır... qolunu, belə başına dönüm, çıxart, Əhməd! Mahmud bəy. Yavaş-yavaş, tərpətmə! Qoy bir az dincəlim. (Əhməd yaraya baxır.) Rüstəm bəy. Qan çoxmu gedib, ay gədə? Əhməd. Bilmək olmur, ay ağa. İndiyə kimi axdı getdi, qan nə qayırır? Səadət xanım (gəlir, əlində qayçı). Sən belə dur, Əhməd! Bacın gözlərinə qurban, qardaş!.. Əhməd belə tut, ha belə. Yavaş, tut buradan, çıxart, yavaş-yavaş. Bu saat, canım sənə qurban, çıxart, ha belə. Rüstəm bəy (Səadətə). İndi sən belə dur, özün də buradan get... Əhməd, üsullu böyrü üstə çevir... Yaxşıdır, çox incitmə... Bu yaranı bağlasan yaxşı deyil. Səadət xanım. Elə demə, deyilən ki, evin yıxılıb, vəssalam... O güllə bacının sağ gözünə dəyəydi, ay qardaş!.. Axır sənin nə işin vardı elə yerlərdə, yazıq qardaş, mehriban qardaş? Dincəl ata, evi yıxılmış ata, dincəl!.. Rüstəm bəy. Mahmud, Mahmud... Niyə danışmırsan, ay başına dönüm? Mahmud, Mahmud!.. Başın bir az dikəlt, ay gədə. Bu Vəli hansı cəhənnəmdə qaldı bilmirəm! Əhməd. Ağa, Cahangir bəyi, Vəlini tutdular, yazıqlar şir kimi əlləşirdilər, olmadı!.. Zalım uşaqları guya ki, bizim yolumuzu gözləyirlərmiş!.. Səadət xanım (Mahmuda baxıb.). Uy, ay qardaş!.. Ata, evin başına uçsun!.. Ata, barı üzünü qibləyə çevir. Rüstəm bəy. Mahmud, Mahmud... Axır sən Rəşid bəyin qardaşısan, niyə belə yassar olursan? Mahmud, niyə dinmirsən, qoca atan sənə qurban? Səadət xanım. Bacın gözlərinə qurban, qardaş! Allahı çağır, salavat çevir, kəlməni de, ürəyinin sözünü de, nakam gedən qardaş! Mahmud bəy (zəif səslə). Gülbahar... Səadət xanım. Gülbaharı çağırımmı gəlsin? Rüstəm bəy. Canıma od salma, ciyərimi dağlama, nakam gedən oğul! Taxsır məndədir, ay oğul, mən ölməli idim, mən, mən, mən, mən... mən... mən!.. Mahmud bəy. Gülbaharın xatirinə dəyməyin, incitməyin. Səadət xanım. Qorxma, ay qardaş... Mən ölənəcən qoymaram Gülbahara güldən ağır söz deyilə. Gülbaharın sənə qurban, bədbəxt qardaş! Rüstəm bəy. Ay oğul, aman günüdür, mənim evimi yıxma!.. Məni imansız eləmə!.. Əhməd. O güllə dəyəydi mənim sağ gözümə, ay ağa, ay yazıq, fəqir ağa... Elə adam vurmayın deyib yalvarırdın, ay ağa!.. Məzlum ağa!.. Rüstəm bəy. Bircə səsini çıxart, ay oğul! Malım-dövlətim sənə qurban, ay oğul! Evimə od düşəydi, Muhmud, dilim quruyaydı, Mahmud! Səadət xanım. Sən qardaşımı tufana verdin, ata! Sən yıxdın evimizi! Yurdun dağılsın, ata!.. (Mahmuda baxıb.) Uy, başınıza dönüm, qardaşım keçinir, üzün qibləyə çevirin. Evi yıxılmış ata, yurdu tar-mar olmuş ata, barı qoyma qardaşım Quransız keçinə... Uy, Allah, yazıq qardaşım! (Mahmudu qucaqlayır.) Rüstəm bəy (Mahmuda baxıb). Əhməd, xalçadan tut, belə çevir. Dilim quruyaydı, oğul! (Üzünü qibləyə çevirirlər.) Bir az da belə... Səni namus yolunda bada verdim, oğul!.. Əhməd, yüyür molla dalınca!.. Əhməd. Evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə Quran?.. Gecənin bu vaxtında molla nə qayırır, yetirməz... Keçibdir... Səadət xanım (tez Quranı götürüb). Ay qardaş, ay qardaş!.. Qulaq as, gör bacın üstündə necə Quran oxuyacaq. (Quranı açır.) Bismillah rəhmanürrəhim... (Qəşş eləyib yıxılır.) Rüstəm bəy (ayaq üstə, başıaçıq). Ay gədə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın!.. Başınıza dönüm... Muhmud, Mahmud!.. Ev-eşiyimə bu saat od vuracağam, Mahmud! Səndən sonra mənə heç zad lazım deyil, Mahmud!.. Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! (Gedə-gedə.) Uy, Mahmud, uy Mahmud, belimi sındıran oğul! Əhməd. Qurtardın, ağa, dünyanın qiylü-qalından. Heyf sənə! Səndən sonra mən bu evə üz döndərmərəm, qanına əvəz eləyib baş götürüb gedərəm, and olsun sənin bu canına!.. Külfətdən əl çəkib, vətəni atıb, yurd-yuvanı dağıdıb, baş götürüb gedəcəyəm... Ta bu ömr olmadı!.. (Üzündən öpüb.) Özümü sənə qurban dedim, indi get qəbirdə rahat yat, qanına qan elərəm, qorxma! (Gedə-gedə.) Ağa, mehriban ağa, rəhmli ağa, nakam ağa!.. Pərdə * * * Altıncı məclis Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada. Əhməd (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra Göz dolu yaş, üzüm tutumuş vətənə, Cigər dağlı ah-nalə edərəm; Külfəti tapşırıb həqq dadinə, Baş götürüb biyabanə gedərəm. Tüfəngini sazlayıb gizlənir. Fəxrəddin bəy (gəlir bağçaya). Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya!.. Heç belə yorulmamışdım ki, bu gün yorulmuşam; bizim bu camaat ilə məgər iş görmək olar. Günbəgün, saatbasaat nə qədər yaxın bələd oluram bunların xasiyyətlərinə, bir o qədər aşkar görürəm ki, bir gül ilə bahar olmaz. Dəxi məni təngə gətiriblər, ovqatım olub təlx, ələlxüsus biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır... Ay kişi, belə də murdar vilayət olar? Bu mərtəbədə vəhşilik, nadanlıq olar?.. Tfu! Mənim bu heyvan qardaşıma nə qədər yalvardım, təvəqqe elədim ki, xəta olmasın, nahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?.. Müsəlman qardaşın vəhşi nadanlığı... Biçarə, yazıq Mahmud, heç nahaq yerə tələf oldu getdi. Allah Rüstəm bəyə lənət eləsin, üzün hər iki dünyada qara eləsin... (Hacı Murad bir səndəli gətirir, bir cüt şam və bir miz.) Hacı Murad, Xəlil necədir, yarası sağalıbdırmı? Hacı Murad. Yaxşıdır indi, ağa... Gədə az qalmışdı ölsün, qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxıbdır. Fəxrəddin bəy. Çox şadam... Hacı Murad, səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir araba da apararsan, təhəng çubuğu verəcək gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kəlləsər eləsinlər. Özüm də gələcəyəm. Hacı Murad. Bəli, ağa, baş üstə. Fəxrəddin bəy (qəzetə baxıb). Gedə bilərsən. (Hacı Murad baş vurub gedir.) – Vallahi-billahi, doğru yazıblar, haqları var... Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yeri olmasın... Mollalar bizim axırımızı yetirdilər...Hara baxırsan heç bir könül şad edən şey görmürsən... Bundan artıq bədbəxtlik ola bilərmi ki, sən öz evində bir saat qorxusuz rahat otura bilməyəsən; küçələrdə, yollarda qorxusuz gəzə bilməyəsən. Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam ki, biz vəhşi olub qədr-qiymətini qanmırıq! Tüfəng atılır, Fəxrəddin bəy yıxılıb tez qalxır, Hacı Murad tələsik gəlib onu qucaqlayır. Hacı Murad. Ay başınıza dönüm, aman günüdür gəlin... Nə oldu, ay ağa? Nə oldu, başına dönüm? Fəxrəddin bəy. Bimürüvvət oğlu, biinsaf oğlu!.. Hacı Murad. Ay dad, ay fəryad! Amandır, gəlin, ay başınıza dönüm! Gəlsənizmi, Şahmar bəy, Xəlil!.. Fəxrəddin bəy. Məni oturt, həkimi çağır... Xudaya şükür... Qəribə müsibətdir, müsibəti-müsəlmanan! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, neyləmək, qəza işidir... (Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boynundan asılı tələsik gəlirlər, Hacı Murad Şahmar bəydən tüfəngi alıb qaçır.) Şahmar bəy (Fəxrəddini qucaqlayıb). Xəlil! Həkim, tez... Qorxma, başına dönüm, qorxma, canım sənə qurban! Hacı Muradın çöldən səsi gəlir. Hacı Murad. Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm.. Qaçma, ay gədə, vallah səndən əl çəkməyəcəyəm! (Tüfəng atılır.) Mələk xanım. Allah, amandır, Allah, amandır. Allah, özün rəhm elə, qorxma gözlərinə qurban! (Oturur Fəxrəddinin yanında.) Uy, ay Fəxrəddin, bu nə işdi bir düşdük?! Gülbahar xanım (Fəxrəddinin ayaqlarını qucaqlayıb). Uy, ay qardaş! Uy, yazıq qardaş! Fəxrəddin bəy. Qorxmayın, qorxmayın... Çıxart (libasın), hərgah ağ ciyərə dəyməmiş olsa, ümid var... Şahmar bəy. Burada ağ ciyər nə qayırır, ay başına dönüm? Sən bircə qorxma. (Soyundurur.) Qorxma, canım sənə qurban, bu saat... Gülbahar, bir yaylıq, tez! Bir də yastıq, tez! (Gülbahar gedir.) Fəxrəddin bəy. Darıxmayın. Mələk xanım. Atam-anam o tökülən qanına qurban, oğul! Çırağımı söndürmə, Fəxrəddin! Uy, yandım Allah! Şahmar bəy. Tez ol, ay qız, yaylıq... Fəxrəddin bəy. Darıxma, Şahmar!.. Allaha pənah!.. Şahmar bəy. Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin və belə müsibəti görməyəydi. (Gülbahar xanım yaylıq və yastıq gətirir.) Qoy buraya, ha belə... Uzan, uzan, canım sənə qurban! (Yaranı bağlayır.) Fəxrəddin bəy. Həkim necə oldu, nəfəsim darıxır... Gülbahar. Darıxan nəfəsinə günüqara, bədbəxt bacın qurban, Fəxrəddin! Uy, yazıq qardaşım... Hürü (tələsik daxil olur). Güllə kimə dəyib, a başınıza dönüm?.. Bu nədir, Allah, bu nədir? Fəxrəddin, Fəxrəddin, Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin, aman günüdür, Fəxrəddin! Evin yıxılsın, Mələk xanım! Başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi, dincəldinmi?! Mələk xanım. Ay camaat, məgər ciyərimdən çıxan tüstünü görmürsünüz!? Yandım, Allah! Dilim lal olaydı, Fəxrəddin! Gözlərim kor olaydı Fəxrəddin! Gülbahar. Uy, Şahmar, bir belə də qan gedərmi? Qoyma başına dönüm, amandı Allah! Amandı!.. Allah, sən özün rəhm elə, bizə yazığın gəlsin!.. Fəxrəddin bəy. Həkimin köməyindən keçibdir... Mənə bir az su... Mələk xanım. Su vermək olmaz, Şahmar, Şahmar! Dur qəbirdən, Heydər, dur qəbirdən özünü mənə yetir, Heydər! Heydər gəl! Heydər gəl gör əziz balan nə gündədir? Nə halətdir, Heydər! Uy, ciyərim yandı! (Qəşş eləyir.) Hürü (yaraya baxıb). Can!.. Can Fəxrəddin... Əllərin quruyaydı, düşmən! Belə çevir, qan içəri dolmasın, Şahmar, dincəl Mələk xanım! Fəxrəddin bəy. Macal vermədi... Bivaxt... Heyf! Gülbahar xanım. Ay başına dönüm, həkim necə öldü? Ay ata, ay ata, evinə od düşeydi, ay ana! Yurdun tar-mar olaydı, ay ata! (Fəxrəddinə baxır.) Həkim necə oldu? Başınıza dönüm... Həkim, həkim, həkim! (Qaçır çölə.) Şahmar bəy. Ürəyin incidirmi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi, Fəxrəddin! Fəxrəddin bəy. Məktəbxana, azarxana məndən sonra tək nişanədir, dağıtma. Səadətə hörmət eləyin, düşməni bağışlayın... Şahmar bəy. Şahmar adlı qardaşın ölsün, Fəxrəddin. Yaman yerdə evimizi tar-mar elədin! Fəxrəddin bəy. Şahmar! Şahmar bəy. Can Şahmar! Nədir, başına dönüm? Sözünü de!.. Fəxrəddin bəy. Səadət... Şahmar bəy. Hürü nənə, canım sənə qurban, Səadət xanım qonşuluqda dayısı evindədir, çağır gəlsin, ciyərim odlanır, Fəxrəddin! Hacı Murad, Xəlil daxil olurlar. Hacı Murad. Ağa! Səni bu hala salanı cəhənnəmə vasil elədim; amma heyf sənə, kaş o güllə mənə dəyəydi... Ölüm Allah əmridir, ağa, ancaq... (ağlamaq qoymur danışmağa.) Xəlil (yaraya baxıb). Üç atlı göndərdim həkim dalınca, həkim gəlib bu yaraya neyləsin! O güllə mənə dəyəydi... Kaş bu yaradan öləydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzlum ağa! Fəxrəddin bəy. Əşhədü-ən-lailahə-illəllah, əşhədü-ən-Məhəmmədən-rəsuləllah... Mələk xanım (ayılıb). Heydər necə oldu? Onu buraya çağır, indi bu saat buraya gəlmişdi... Heydər, Heydər!.. Aparın məni salın quyuya, atam-anam sizə qurban!.. Fəxrəddin vay, cavan oğlum vay! Heydər gəl, gəl gör nə günə düşmüşük, gəl oğluna toy elə, Heydər! (Qəşş eləyir.) Səadət xanım (daxil olur Hürü ilə). Belə dur. (Hürüyə. Oturur Fəxrəddinin yanında. Xəlil, Hacı Murad çölə çıxırlar.) Şahmar bəy. Fəxrəddin, bir gözünü aç gör bizə kim gəlibdir! Səadət xanım. Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim, bəs sən belə imişsən?! Fəxrəddin bəy (Səadətin əlindən tutub). Ağlama, mərdanə ol, qəza işidir, təzə bağda dəfn eləyin, qan tökmək kifayətdir... Səadət xanım. Mənim bu yanan ciyərimi göz yaşı söndürməz. (Əlindən öpür.) Fəxrəddin, necə gözəl arzularımız qaldı, Fəxrəddin... Bu dünya necə puç dünya imiş, Fəxrəddin! Heyf sənə, heyf, heyf... Bu pis, murdar ömrü müsəlman qardaş dəxi bədtər eləyib. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil?! Hürü. Fəxrəddin! Nə qayırırsan? Ay başuva dönüm! Ay başınıza dönüm, qoymayın, aman günüdür, Fəxrəddin keçir!.. Vay, evin yıxılsın, Mələk xanım, yurdun itsin, Mələk xanım!.. Mələk xanım (dəli sifətində qalxıb). Yanıram, vallah yanıram, billah, üstümə su tökün, başınıza dönüm!.. Heydər, Heydər... Gəl, gəl, gəl. Şahmar, qoyma, evimizə od düşüb! Ay aman, yandıq! Yandım, yandım, yandım, Allah! (Qəşş eləyir.) Şahmar bəy (diqqət ilə baxıb). Belimi sındırdın, qardaş! Ymid yerimi kəsdin, qardaş. (Gedir, ağlaya-ağlaya). Səadət xanım. Hürü nənə, Mələk xanımı apar çölə, biçarə dəli olacaq... Hürü (Mələk xanımı durquzub aparır). Dur gedək yurdu başına uçmuş, xanimanı dağılmış, dur gedək, dur... Öz əlinlən evini yıxdın! Mələk xanım. Apar məni sal quyuya, atam-anam sənə qurban, Hürü!.. Fəxrəddin balam vay! Cavan oğlum vay!.. Heydər, gəl, balamın sevgilisi yanındadır, gəl toy elə! Heydər, gəl, gəl, gəl! (Gedirlər.) Səadət xanım (tək). Belə namərdlik olmazdı ki, sən elədin, Fəxrəddin... Uff! Ürəyimə bir dağ çəkdin, ölənəcən yandıracaq, Fəxrəddin!.. Mən səni bu mərtəbədə istəməsəydim, Fəxrəddin, bir dəqiqə bu dünyada sağ qalmazdım. Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm... Nə qədər canım sağdır, sənə təziyədar qalacağam, gündə beş vaxt qəbrinin başına dolanıb, azarxanada, məktəbxanada mücavirlik edəcəyəm. Səndən sonra ömrüm uzun ola bilməz! Fəxrəddin, vəsiyyət edəcəyəm qəbrimizi bir etsinlər... Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini-qiymətini bilmədilər... İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin! (Qucaqlayıb öpür.) Nəfəsim gəlmir... Bismillahir-rəhmanir-rəhim... Xudaya! Mən necə bədbəxt yaranmışam ki, gör kimlərin üstündə Quran oxuyuram... Məgər belə müsibət çəkmək olar? Dağlanmış sinəmi parə-parə elədin, Fəxrəddin... Bismillahir-rəhmanir-rəhim... Ciyərim dağlandı, Fəxrəddin! (Fəxrəddini qucaqlayıb qəşş eləyir.) Sədayi-qayibanə oxuyur: Va həsrəta qoydu fələk binəva səni; Aləmdə dərd çəkməyə gördü rəva səni. Dünya evində olmadı bir yaxşı gün nəsib, Övrətlər içrə eylədi bəxtiqara səni. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-musibeti-fexreddin İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.