Balaca mütəfərriqələr Nəcəf bəy Vəzirov (1854–1926) Balaca mütəfərriqələr 1 – Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz? – Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu? – Nə üçün, oldu. İnşallah, “Həyat”ın müştərisi çox olacaq. Amma Allah elə edəydi ki, bir nömrəsin otuz adam oxumayaydı. – O zavisit eləyir qəzetin tsenasından, nə qədər az olsa, bir elə müştəri çox olar. – Qiyməti çox deyil ki. İldə altı manat. Yəqin ki, siz də götürəcəksiniz. – Mən çox jalet eləyirəm ki, müsəlmanca bilmirəm. – Müsəlmanca bilmirsiniz? Nə söyləyirsiniz, qardaşım... Ana dilini bilməmək?.. Vay, vay, bu olmadı ki!.. – Mən binavat deyiləm, atam-anam binavatdır. – Ana dilini öyrənmək bir çətin şey deyil, əzizim. Əlifba öyrəndin “Həyat”ı al əlinə, günbəgün oxu, bir ilin ərzində ol zəmanə mollası. Vəssalam. Dəxi nə istəyirsiniz? – Hərgah iş xodda olsa, həmişə padparom getsəm, belə panimat eləyirəm ki, bir beş-on resdən sonra bəlkə bir şey öyrənə biləm. – Allah qoysa öyrənərsiniz. Hələ ki, xudahafiz! – Xoş gəldin. Bu söhbətdən sonra dərd-qəmə aludə, üz qoydum mənzilə, dilimdə əzbər: – “Həyat”, qurban səni bizə verənə. Hərgah ruzigar on il də belə keçdi, yəqin ki, bizlər də rus tatarı kimi çatır rükət namaz yapacayuq. “Həyat” qəzeti, 12 iyun 1905, №6 * * * Balaca mütəfərriqələr 2 Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi: – Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar? Cavanın haləti məni təəccübləndirdi, mən sual etdim: – Oğlan, nə olub məgər? Cavan o vaxtı mənə cavab verə bilmədi, gözləri yaş ilə doldu, nəfəsi darıxdı, başladı dodaqların çeynəməyə. – İnsaf dinin yarısıdır, ağa Dərviş! Düz iki aydır mən Badkubədə sakinəm. Vasitə kağızları gətirmişdim, olub qalan pulumu xərc elədim. İndi üç gündür, demək olar ki, mən acam. Qeyrət, namus qoymur məni əl açmağa... Mən buraya gələndə o ümidlə gəldim ki, dövlətli müsəlman şəhəridir, özümə bir iş taparam, öz zəhmətimlə bir parça çörək qazanıb külfətimə göndərərəm. Vallahı, ağa Dərviş, mən heç kimdən inciməzdim, hərgah əvvəlinci günü aşkar mərd-mərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get... Xeyr, üç nəfərin üçü də bu gün get, sabah gəl, bu gün get, sabah gəl deyirlər. Külfətimin gözü yolda, mən burada ac, susuz, onlar orada. Cavan biixtiyar başladı ağlamağa... – Xudaya, bu haləti heç bəndəyə göstərmə! Birisi buyurdu ki, elə sənin kimi cavanı mən çoxdan axtarırdım, əlhəmdülillah, sən öz ayağın ilə gəlmisən. Birisi buyurdu ki, sabah yox, o biri gün Hacıtərxan adamım var, gələcək, amma qayıtmayacaq, səni onun yerinə göndərərəm. Birisini ancaq bir dəfə görə bildim; bir yol da küçədə ətəklədim. Arxayın ol, – dedi, – mən sənə yer verərəm. Ondan sonra o, cənabı görmək mümkün olmadı. Qoymadılar, bu gün get, sabah gəl – dedilər. İki dəfə posta ilə kağız yazdım, cavab çıxmadı. İndi, fəda olum sənə, mən kor-peşman vilayətə qayıdıram, ancaq sizdən bir təvəqqem var. – Məndən, Dərvişdən? – Bəli, sizdən təvəqqe edirəm dövlətli qapısında dua oxuyan zamanı mənim bu dualarımı da edəsən: “Xudaya, səni and verirəm min bir adına, sən müsəlman qardaşlarının qəlbindən yalanı bilmərrə çıxart, adam aldatmağı onlara nəsib eləmə, mərdimazarlığı onlara göstərmə, rəhm, mürüvvət, insaniyyəti onlara əta elə”. Oğlan yola düşdü, mən də dərdü qəmə aludə, üz qoydum mənzilə. “Həyat” qəzeti, 14 iyun 1905, №7 * * * Balaca mütəfərriqələr 3 Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi: – Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar. Cavanın bu cür sualına təbəssüm edib timsal çəkdim ki, əzizim, bir gün bir şəxsin gecə hamamdan çıxan zaman qabağında heyvan surətində bir heykəl durur, ayağı yerdə, başı göydə. O şəxs vahimədən qəşş eləyib yıxılır... Sonra məlum olur ki, bədbəxtin gözünün qabağında öz əmmaməsindən asılmış bir saman çöpü imiş. İndi nuri-didə, “Baku” qəzetinin naməlum müxbiri yəqin ki, bizim biçarə çavuşları, – hansıları ki, müsəlman camaatını ildə bir dəfə ziyarətə getməyə tərğib edirlər, – görüb onları Naxçıvanda, əsli olmayan şəxslərə bənzədib... Cavan gülüb dedi: – Maşallah, ağa Dərviş! “Həyat” qəzeti, 19 iyun 1905, №11 * * * Balaca mütəfərriqələr 4 Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır? Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam... Cənabın bu sözlərini həzərat təsdiq etdilər. Mən ərz elədim ki, dövlət yaxşı şeydir, hərgah sahibi sahib ola və bir də, ağalarım, bu barədə insan üç qism olar: biri hər gün qazandığın yeyib, sabah Allah kərimdir deyər. Biri bir şeyi qara gün üçün kənara atar, birisi də soğan-çörəyə, duz-çörəyə, quru balığa qane olub, böyük dövlətlər cəm elər... – Xeyr, elə olmaq da bir şey deyil, dünyada istirahət də lazımdır. Bu sözləri cənab Kərbəlayı Ağa Hacı buyurdular. – Sənin milyonun ola, heç olmasa şorpa da yemiyəsən, elə olmaz ki! Günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma abiguşt olmasa, mən heç yata da bilmərəm. Belə deyil, ağa Dərviş? – Xeyr, ağa, belə deyil. Dünyada hər şeydən gözəlraq naəlaclara kömək etməkdir. Əlalxüsus onların içində yuxarıdan aşağı düşəni ola. – Gördünüz, Dərviş özünə tərəf çəkdi. – Əstəğfürullah. Ağalar, mən ağzı köpüklü, meydanlarda nağıl edən İran dərvişlərindən deyiləm, lənətulla, mən qulami-millətəm. – Zarafatla dedim, ağa Dərviş, bağışla. Bir az sükut və sükutdan sonra sahibi-xanənin təvəqqe etməyinə görə bir neçə qəsidə oxudum. Başladım ki, mövlayi-mən... Xirqəvü səccadəra dadəm bəmey Əzxərabat amədəm xummar var. – Ağalar, “mey” burada, bəmənayi-məhəbbətdir və o şəxsin şənində oxunur hansı ki, insaniyyət yolunda, millət yolunda canını qurban etdi. Mən Dərviş o qeyrətə, o namusa nökərəm. Nə qədər canım sağdır, qulami-millətəm. Mövlayi-mən: Hər kera dərsər, nəbaşəd eşqi-yar Bəhri – u palanü əfsari biyar? “Yar” haman mənadan, ağalar! Millətin haləti yadıma düşdü, məni bağışlayın, davam gətirə bilmirəm, gərək havaya çıxım. Xudahafiz. “Həyat” qəzeti, 21 iyun 1905, №12 * * * Balaca mütəfərriqələr 5 – Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam? – Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah! – Ola bilərmi, ağa Dərviş, o xəbərlərdən məni də hali edəsiniz? – Nə buyurursunuz, əfəndim, mən nəinki sizi və qeyriləri, hətta “Həyat”ın cəmi oxuyanlarını, gərək, müjdə alıb xəbərdar edəm. – Qurban sənə, Dərviş, buyur görüm, necə işdir? – Əvvəla, əzizim, xəbər budur ki, Bakıda olan cəmi qəyyumlar məscidə yığılıb, Qurana and içiblər ki, bundan sonra yetimlərə xəyanət etməyib, onları quru yurdda qoymasınlar. Pəh, pəh, pəh! Nə gözəl əhdi-peyman, xudaya! Ya rəsulallah! Qəyyumlar sənin sevgili yetimlərinə rəhm edib, ruhi-mübarəkini şad etməyə iqdam ediblər. Allah şad edəni şad etsin, inşallah! – Pəh, pəh, pəh! Fəda olum sənə. Dərviş, ikinci xəbər nə? – İkinci xəbər, qardaşım, budur ki, dövləti-İran binagüzarlıq edibdir bir danəndə adam təyin olunsun, Bakıda olan ədliyyə məhkəmələrində mədənlərdə, zavodlarda qolu-qılçası sınıb şikəst olan fəhlələr tərəfindən həmişəlik vəkil olsun, ta ki yəhudi İzmail Dağayevin və ona bənzər vəkillərin əllərindən onları xilas etsin. İranın sahibsiz, yetim şikəstləri, gözünüz aydın olsun!.. – Pəh, pəh, pəh! Nə gözəl qeydi-mühafizətdir! – Üçüncü xəbər də, qardaşım, budur ki, keçən həftə ağsaqqallar bir böyük məclis qurublar və and üzrə qətnamə yazıblar ki, bundan sonra oğul evləndirib, qız ərə verəndə o biməna evyıxan tələbləri bir-birindən mütalibə etməsinlər və bu işləri sadə və peyğəmbəri etsinlər. Xudaya, sən özün bu qaydaya tərəqqi ver! – Bu xəbər məni açdı. Ağa Dərviş, dəxi bunun üstü yoxdur. Mən bu dəqiqə gedib bu xəbərlər barəsində dürüst əhval cəm edəcəyəm. Allah səni şad eləsin. Ağa Dərviş, xudahafiz! – Get, balam, Allah sənə yar olsun. Ancaq, qardaş, hərgah xudanəkərdə, bu xəbərlər yalan olsa, səni and verirəm cavan canına, gəlib mənə demə və məni dərd-qəmə salma. Mən də gedim mənzilə, əllərimi Allahın dərgahına ucaldıb cəhalətimizdən nicat tələb edim və yalvarım ki, zikr olunan xəbərlər yalan isə də, doğru olsun. “Həyat” qəzeti, 1 iyul 1905, №19 * * * Balaca mütəfərriqələr 6 Necə ki, ağasın sevən nökər şad olur ağası şad olanda və qəmgin olur ağasına bədbəxtlik üz verəndə, elə də qulami-millət Dərviş üçün toy-bayram olur milləti insaniyyət yolunda tərəqqi edəndə. Necə şad olmasın Dərviş?.. Pəh, pəh, pəh! Fəda olum sizə, ey sahibi-kəramət, səxavəti-millətpərəst ağalarım Məşədi Hacağa, Kərbəlayı Nemətqulu, Ağa Rəcəbəli, Kərbəlayı Şeyx Qulu və qeyriləri! Fikriniz dürüstdür, ağalarım: şüurlu oğul neylər ata malını, bişüur neylər... Dövlətimiz çox çoxdur, kifayətdir övladbəövlad. Allah daha artıq etsin! Yəqin bilin, ağalarım, siz rəhmət edəndən sonra adınız itməyib baqi qalacaq və həmişə sizə rəhmət oxunacaq, ələlxüsus indi duaçı, sonra rəhmət oxuyanlar siz bina etdiyiniz məktəbxananın şagirdləri olacaq və necə olmasınlar, küçələrdə axırı puç bisərüpa qalan uşaqlar elm oxuyub gələcəkdə adam olacaqlar. Dərviş ölənədək sizə duaçı. Təbrik edər bu gözəl, illər ilə gözlənən nicatxananı. Mübarəkdir! Ancaq qurban sizə, ağalar, bir azca tezcə olsun, çünki indi fəsli-bahardır. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı Dərviş öz sinəsindən icad edib? Xudaya pərvərdigara, bu xəbər yalan isə də doğru olsun, yoxsa qulami-millətin işi lap zayedir. “Həyat” qəzeti, 3 iyul 1905, №20 * * * Balaca mütəfərriqələr 7 – Bu nə halətdir, ağa Dərviş, yenə üzündən zəhər tökülür? Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? – Əyləş, əyləş! Söyləyim. Bu gün mənim üçün, əfəndim, çox-çox bəd keçib. Əvvəla, nadürüstün birisi, adı böyük, özü naxələf, – necə ki, məlum oldu,-mənə yazmışdı ki, tezlikdə Allah qoysa Bakı şəhərində sakin olan İran fəhlələri üçün bir mərizxana dövləti – İran tərəfindən təmir olunacaq və mən də bu xeyir xəbərə inanıb, hazırlaşmışdım ki, şəhəri dövr edib, bu əhvalatı camaata cari edəm. Nagah məlum oldu ki, bu xəbər bilmərrə yalanmış və tamam İranda elə şəxs yoxdur ki, bu iş ağlına gəlsin. Qəmgin olmağımın əvvəlinci səbəbi budur. Genə bir-iki saat bundan keçmiş bir şəxsi-irani mənzilə təşrif gətirib, mənim əhvalımı daha artıq xərab etdi. Allah ona qəzəb eləsin! O cənab başladı ki, mən təəccüb edirəm, necə namus-qeyrət qəbul edər ki, İranın bir qonunluq rəiyyətləri qohum və əqrəbadan, külfətdən əl çəkib diyarbədiyar düşüb özgə vilayətlərdə, başıqapazlı, köməksiz, narəva sifətlərdə muzdurluqda ömr keçirsinlər! Və nə tövr? Allah göstərməsin! Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hambal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. Hələ deyəsən ağam bir neçə damcı göz yaşı da tökdü! Cənab gedəndən sonra dalandar Kərbəlayı Səfərqulu o saat mənzilə daxil olub dedi ki, ağa Dərviş, bilirsən bu kimdir? Bu cənaba tamada deyərlər, yəni fəhlə dəstəsinin külli-ixtiyarı. Zahiri xoş, batini Şümri-lənətulla! Əlavə əzin hərgah nağıl etsəm bu biçarə, bədbəxt fəhlələrin başlarına naibləri nə müsibət gətirirlər, yer-göy ağlar, ağa Dərviş... – Kərbəlayı! Eyibdir sənin üçün yalan danışmaq. Belə iş ola bilməz! – Ola bilməz?! Hay, hay! Xudahafiz, ağa Dərviş, xudahafiz! Ola bilməz, hmmm? Kərbəlayının üzündən acı təbəssüm oxuyub ondan bəridi diz qucub dərd-qəmə aludə əyləşmişəm. Nə etməli, qardaşım? Qonağım: – Allah səbr versin, – deyib mənzildən çıxdı... Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? Xudaya pərvərdigara, sən özün islamı cəhalətdən çıxart, Dərvişə də yazığın gəlsin! “Həyat” qəzeti, 7 iyul 1905, №23 * * * Balaca mütəfərriqələr 8 Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən! Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən... – Ağa Dərviş, aram tut, başına dönüm, yoxsa tamam xalqı karvansaradan qaçırdarsan. – Mövlayi-mən... – Biçarə Dərviş dəli olub, görəsən səbəb nə ola?! – Bilmək istəyirsən, əfəndim, bəs buyur bazara. Mən getdim, xudahafiz! – Get. Vallah, yenə xəbərin yalan çıxacaq, başına döyə-döyə qalacaqsan. Hanı bizim camaatda elə kəslər ki, qəlbi şad edən işlər bina etsinlər? Cənab Məşədi Nemətqulumu edəcək?.. “Həyat” qəzeti, 8 iyul 1905, №24 * * * Balaca mütəfərriqələr 9 Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil. – Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən. – Yavaş, ağa Dərviş, fəda olum sənə, yazmamışdın ki, cənabi Məşədi Nemətqulu və Kərbəlayı Ağa Hacı hərəsi on min manat ianət ediblər elm kitabları müsəlman dilində çap olmaqdan ötəri? Bəs hanı o? Belə məlum olur ki, sən camaatı ələ salmısan. Ağa Dərviş, sərhesab ol, yaxşı deyil. – Xeyr, bu işdə yalan yoxdur. Haman cənablar “Həyat” qəzetində elan ediblər elm kitabları yazan, ya tərcümə edən şəxslərə iki yüzdən üç yüz manata qədər verilsin. Və o kitablardan on min cild çap olunsun cəmi məktəbxanalarımız üçün. Məni nahaq yerə məzəmmət edirsiniz, ağalar! – Xa, xa, xa!.. Xa, xa, xa! Məşədi Nemətqulu on min manat? Kərbəlayı Ağa Hacı on min manat? Xa, xa, xa!.. Altı şahı manat qara pul necədir, ağa Dərviş? Xa, xa, xa!.. – Belə ağ yalan olmaz, ağa Dərviş. “Həyat” qəzetini bizim qalalı gətirdir, məhəllə adamı yığılırıq başına otuz-qırx nəfər oxuyur, biz də qulaq asırıq. Bağışla, ağa Dərviş, belə elanı biz orda görməmişik. – İmdiyə kimi verməyiblərsə də, bundan sonra hasil olar inşallah, yalan yoxdur. – Belə deyil, ağa Dərviş, – buyurdular sahibi-xanə. – Biri elə mən özüm, zəhmət çəkib pul qazanmışam ki, səbil edəm? Kim üçün və nədən ötrü? Mən qana bilmirəm. – Vay, vay, ağalar! Min bin zindəganı millətlər arasında dünyayi-aləmə vəlvələ salıb, hər yerdə müsəlman tayfaları zəlifü-bədbəxt, qeyrilərə qul!.. Məgər qardaşlarımızı cəhalətdən çıxarmaq, insaniyyət yoluna salmaq ibadətdən deyil? Rəcəbəli ağam! Yaramın üstə sən od basdın, belə deyil, fəda olum sənə?! – A gədə, əl suyu gətir! Ağa Dərviş, səbrini bas, dünya işidir, belə gəlib, belə gedəcək. Araya gəldi xamraşı, başlar əyildi, xortullama başladı, bir tək mənim boğazım qurudu... Amin. Qalxdım ayağa, üz qoydum mənzilə, dilimdə əzbər: Libasi-tirməyə, xəz xirqəyə allanma! Huşyar ol ki, qüssalxanada qüssal rəxtini soymağa dəyməz. “Həyat” qəzeti, 12 iyul 1905, №26 * * * Balaca mütəfərriqələr 10 – Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz. – Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı. – Şəriətimizdən məhəbbət hökmünə əməl! Budur nicat yolu. Mən ki belə qanıram, ağa Dərviş. – Bu xəyal, qardaşım, xam xəyaldır. Halva deməklə ağız şirin olmaz, qəpikpərəstlik bizim evimizi yıxıb, gecə-gündüz, vaxtbivaxt fikrimiz-zikrimiz qəpikdir. Atam, anam, bacım, qardaşım, dinü imanım qaraca qəpik deyib durmuşuq. Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. Manatlardan dəxi cəm olub, cənab Məşədi Nemətqulular əmələ gəlirlər. Sahibi-dövlət ona görə, sahibi-hörmət, mərhəmət, ələlxüsus, səxavət... O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşmür. Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri. Qəpik müqabilində vətən nədir, millət nədir, insaniyyət nədir?! Yalandan Quranamı, kitabamı and içmirik o qəpikdən ötəri?! Hər nə, deyirdik, olacaq-olsun, ortalıqda ancaq qaraca qəpikdən olsun. Budur, bax, dükançılar yazırlar ki, əhli-əyalımızın ruzisindən, libasından kəsib üç ildir irəlikiyə altı yüz manat əvəzinə doqquz yüz əlli manat dükan icarəsi veririk cənab... ovun icarədarına. Neçə dəfə gedib o cənaba yalvarıb iltica etmişik ki, bu qədər icarə verməyə tavanımız yoxdur. Ərizəmizi qəbul etməyib bizi qapıdan qovub. Təvəqqemizi bunt (şuriş) hesab edib, divana məlum etməyi xahiş elədi. Budur baqi bizim millətpərəstliyimiz, insaniyyətimiz! – Doğrudan, ağa Dərviş, belə rəftar islama, şəriətə layiq deyil ha. – Mülk sahibi böyrü üstə yatacaq, icarədar müftəxorluq edəcək, neçə-neçə külfəti kəsrətdə qoyub, bir balaca fikri qəpikdə namaz qılıb adını da qoyacaqdır ki, mən müsəlmanam. Bəli də, müsəlmansan! Belə düşüb bizim işimiz, əfəndim. – Demək, o artıq alınan icarə pulu haramdır da? – İt qanından... Sizdən təvəqqe edirəm, qardaşım, gedib o cənaba deyərsiniz ki, Dərviş qulluği-şərifinizə dua yetirib ərz edir: Ah əgər məsti nümudi çün şərabi hər həram, Ol zəman məlum kəşti dərcəhan huşyar nist. “Həyat” qəzeti, 14 iyul 1905, №28 * * * Balaca mütəfərriqələr 11 Bazarı dövr edib mənzilə qayıdan zaman bir övrətə rast gəldim. Yanında iki balaca uşaqla divara söykənmiş, gözləri yaşdı. Yaxınlaşıb sual etdim: – Bacı, bu pərişanlığa səbəb nə? – Dərdim, ağa Dərviş, böyük dərddir, – dedi. – De dərdini mənə, bacı, utanma, mən də sənə qardaşam. – Qardaş, bihəyalıq edirəm, bağışla. On il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. Bir növ dolanırdıq. Mən palaz toxuyub satırdım, o da öz işinə məşğul idi. Üsrət grməmişdik, indi bir neçə müddət olar ki, o bədbəxt uyub bir matışkaya, bizdən üz döndərib, qalmışıq əlamanda. – Bu gözəl balalardan əl çəkib? – Bəli, başına dönüm, əl çəkib. Keçən vaxtlar hər axşam bir neçə çörək qoltuğunda, bir kasa dolu qovurma gəlirdi uşaqların yanına. Amma indi biz onun üzünü görmürük. Matışka üçün əlahiddə otaq tutub, yeməkləri, içməkləri bir yerdədir. – O xanəxərab neçə yaşındadır məgər? – Olar bir otuz beş-qırx yaşında. – Məlun, xəsərəd-dünya! – Mən onu məzəmmət edəndə ki, kişi, Allaha bax, qayıt bu yoldan, mənə sözü bu olur ki... Nə deyim, a başına dönüm, Allah abır və həyasın töksün, məgər deyə bilirəm?.. – Əstəğfürullah, rəbbü və ətubi-ileyh!.. – Matışkanı, deyir, bəyənmirsən? Onun mənə bir çəkmə, corab çıxarmağını dünya aləmə vermərəm, sən nəkarəsən. – Ya heydəri-kərrar, bu övrət nə söyləyir? – Dua yazdırmaqdan dəxi təngə gəlmişəm, əlac olmur. Olub-qalanım əldən gedib, qalmışıq sərgərdan. Hər kimə də əl açıram, nalayiq cavabdan savayı bir şey eşitmirəm... Biçarə başladı ağlamağa, tifillər də qoşuldular ona. – Ya rəsulallah, belə də müsibət olarmı? – Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz çöküb yalvarırıq, əlac olmur. Aşkardır ki, matışka ona qarğa beyni yedirib. Nə bilim, dəxi nə yedirib. Yoxsa əvvəldən o belə deyildi. Neçə dəfə bu fikrə düşmüşəm ki, gedib özümü də bu tifilləri də dənizə atıb tamam olaq. Amma genə bu bitəqsir tifillərə yazığım gəlib. – Kifayətdir, bacı, dəxi artıq dözə bilmirəm, al bu bir manatı, mən qayıdıram meydana, nalə çəkib camaatı başıma yığam, tapıb deyim: o məlunu çəkin bazara, tüpürün onun üzünə, əlacı budur. Bacı, bu iş camaat işidir, kömək camaatdan gərək. Ya heydəri-kərrar, səndən mədəd. “Həyat” qəzeti, 24 iyul 1905, №36 * * * Balaca mütəfərriqələr 12 Ucadan danışmaq da yəqin cəhalətin bir nişanəsidir. Ömrümdə hər nə şikayət var isə mənim, hamısı o məni təngnəfəs edən cəhalətdəndir. Xudaya, nə vaxt biz o zülmətdən xilas olacağıq?! Sübhdən gözümü açmamış dalandar cənab Kərbəlayı Səfi bağıra-bağıra mənzilə daxil oldu. – Nədir, balam, nə üçün belə bağırırsan? Yoxsa karvansaraya od düşüb? – Xeyr, elə iş yoxdur. Ancaq sənin adına kağız var. – Vay, xanəxərab, elə bundan ötəri bağırırsan? Ovqatım oldu təlx. Açdım kağızı, belə çevirdim, elə çevirdim. Bəli, gördüm ki, Nuxuda üç nəfər cənabların söhbəti olub, şkol açmaq barəsində. Mətləbi hacı başlayıb, məşədi min manat vədə edib. Pul adı çəkiləndə hacı giriz vurub: “Mən ömrümün əvvəlindən bu günə kimi çalışıb pul cəm eləmişəm ki, birdən işkola min manat verəm?” – deyib... Bəy buyurubdur ki, “pul fəqərəsi ortaya gələndə mənim də elə xoşuma gəlmir”. Xülasə, kari-xeyrə iqdam boş söhbət ilə qurtarıb. Cənab müxbir yazır belə söhbətdən sükut yaxşıraqdır. Bu kağız barəsində dərvişin bir sözü ola bilməz, ancaq bilmək istərdi o cənab hacının neçə sinni var və kim üçün dövləti qoyub, o dünyaya təşrif buyuracaqlar?.. Cənab hacı! İnsanın ömründə iki təsəllisi var: biri yuxu, biri ümid gələcəyə. Və həmçinin camaatın: genə biri yuxudur, biri də elm oxuyan cavanlar. Camaatın elm oxuyan cavanlara bircə təsəllisi qalır: yuxu!.. Necə bədbəxt yuxu! Vay balalarımızın halına! Sən istirahət elə, hacı!.. “Həyat” qəzeti, 31 iyul 1905, №40 * * * Balaca mütəfərriqələr 13 Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var? – Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə! Tərbiyətini vermək olmaz hər olan əsli badə, Atsa qovsini toxtamaz daşdan yasılğan günbədə. Bəs məlum olur ki, dərdimizə qeyri dərman da gərək. O dərman elmdir. Ancaq bal, şəkər deməklən ağız şirin olmaz, qardaşım. Elmin kitabları gərək, onları hasil etmək üçün nəqdcə pul gərək. Kitablar hazır olandan sonra kəndlərimizdə də məktəbxanalar açmaq mümkün olar. Elmlər artar tərbiyət artdıqca. Yox olar cəmi bizi təngnəfəs edən işlərimiz. Ya heydəri-kərrar, səndən mədəd! Kifayətdir, ağa Dərviş, üzün çöndər qibləyə, qolların ucalt xudavəndi-aləmin dərgahına, elə dua və səna, yalvar o cənablara, versinlər vədə olunmuş pulları. Verin! Əbdüssəlami-qulami-millət. Dərviş sizin mərhəmətinizə qurban! Verin! Vallahı, billahı, tallahı, bundan əşrəf, bundan gözəl ehsan olmaz. “Həyat” qəzeti, 14 avqust 1905, №50 * * * Balaca mütəfərriqələr 14 – Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa? – Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən? – Necə ki xəbərdar deyiləm? Xəbərdaram, yaxşı xəbərdaram. – Əhvalımız çox pərişandır, balam, çox-çox. – Bu ixtilala sən nə deyirsən, ağa Dərviş? – Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” iltihabi-səhaya deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna, üç ya dörd gündən sonra xoş gəldin baban sarı. Səlamət qurtaranların da, əgər olsa, gözləri kor, qulaqları kar qalır. Haman naxoşluq indi... mərizləri döndərib bir yırtıcı heyvana, həris insan qanına... Müsəlmanı da ki, tanıyırsan, bədən verən canavar deyil. Ona görə gözəl vətənimizin laləzar çəmənlərini, xoşbuy meşələrini, soyuq bulaqlarını, meyvədar bağlarını o naxoşluq təfiyədar qılıb... Bədtər əz in bu naxoşluqdan nə vaxt xilas olacağıq, o da naməlum. – Burası yamandır ey, ağa Dərviş, burası! – Canım, aşkara bu tayfanı bədbəxtlik basıb, iş gərək belə olmayaydı, əvvəldən pis başlanıb. – Ağa Dərviş, bəs əlac nə? – Əlac? Müsəlla... Çıxsınlar müsəllaya, başlarında Quran, İncil, Tövrat, yalvarsınlar padşahi-asimanə: Ya rəbbi, götür bu bəlanı, bu naxoşluğu bizim üstümüzdən! Əlavə müsəlmanlar da yalvarsınlar safdərunluqdan və maarifsizlikdən xilas olmağın babətindən. Sonra bir-birindən duz-çörək alıb, duz-çörəyə and içib pak qəlblə barışıb qardaş olsunlar. Budur əlacı. – Avazın xoş gəlir, ay ağa Dərviş, oxuduğun Quran olsa. Dünyavü aləmi şeytan götürüb başına, sən də abadanlıqdan danışırsan, a rəhmətliyin oğlu! – Nə deyim, qardaşım, Allah lənət eləsin şeytana! – Böyük dərd burasıdır ki, ağa Dərviş, İran fəhlələri cəmən gedirlər və belə danışıq var ki, İran dövləti özü vilayətdə işlər açacaq və o fəhlələri geri qayıtmağa qoymayacaq. – İnanma, qardaşım, əgər pir mənimdir, kəramətin bilirəm, arxayın ol. Kaş ola idi. – Axırı ki, ağa Dərviş, işlərimiz çox zaydır, Allah lənət eləsin səbəbə! – Amin, qardaşım, amin! “Həyat” qəzeti, 7 sentyabr 1905, №59 * * * Balaca mütəfərriqələr 15 – Salam əleyküm, ağa Dərviş! – Əleykəssalam, kərbəlayı! Buyur görək! – Xeyr, ağa Dərviş, bundan sonra mən bu mənzilə ayaq qoymayacağam, çünki mən səni həmişə bidamağ görürəm. Gələndə buraya, canım, mən feyziyab olmaq üçün gəlirəm, nəinki dərd-qüssə görməyə. – İxtiyar məndə olmur, əfəndim, əyləş! Nə etməli! Üç-dörd gün bundan əqdəm “Həyat”ın 70-ci nömrəsində İran barəsində Rəştdən yazılan məktubu oxudum. Biçarə vətənimin haləti məni pərişan edib. – O məktubu mən də oxudum, həqiqət, ağa Dərviş, orada işlər çox zaydır. Ancaq mən qana bilmirəm bir belə uzun qəflətə səbəb nədir? İran əhlinin qoçaqlığı, qabiliyyəti ki, aləmə məlumdur. – Oğlum! İnsanın tərəqqi etməyə və ikmala yetişməsinə mübarizeyi-həyat səbəb olur və bu mübarizə bir qanuni-ümumidir. Məxluq, heyvanat və nəbatat və tüyur arasında zəiflər puç olur, amma qəvilər davam gətirib, ömür edirlər. – Əgər bu qanun ümumidir, bəs nə üçün İranda bir iş görmürlər? – Göz açmağa orada qadir olmayıb, camaat təsəllini tapıb tiryəkdə, bəngdə, bir-iki dərincə qullab vurub, “afərin bu qullabə” – deyib, qəribə vaqiələr görməyə məşğul olurlar... Mübarizeyi-həyatda məğlub olub fot olurlar. Fəhm etdin, qardaşım! – Bəli, ağa Dərviş, qandım. Şirin-şirin yatıb, qoyunu qurda veriblər. Bəli, çəkişməsən bərkiməzsən... Zəhmət təbiət ilə insanın arasında əvvəldən mübarizədir. O mübarizə neçə-neçə gözəl işlər icad edib, dünya üzünə gətirməyə bais olub: teleqraf, telefon, qramafon və qeyri-qeyri maşınlar... Zəhmət və elm birləşib səbri-tamam ilə təbiəti basıb, insana və onun mübarizə həyatına kömək edib... – İran da kişmiş icad edir, kifayət deyilmi? – Onu da tiryəkə verib xanəxərab. – Bəs nə etməli, ağa Dərviş? – Bu suala cavab verməyi İran əyanlarına mühəvvəl elədik. “Həyat” qəzeti, 2 oktyabr 1905. №76 * * * Balaca mütəfərriqələr 16 – Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir! – Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək? – Bir. Mənim gözlərimin işığı, ağa Musa, ağa Hüseyn, ağa Mirzə və qeyriləri kasıb tələbələrimizə kömək göstəriblər, Allah onları hər bir bəladan, xətadan mühafizət eləsin. – Amin!.. – İki. Bu əhvalatı sahibi-kəramət və səxavət cənab Məşədi Nemətqulu eşidib, öz tərəfindən ildə səkkiz yüz manat həmin işdən ötəri kənara qoyub. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın. – Amin!.. – Üç. Övrətlərimiz, iki mindən ziyadə, fəda qeyrət, bu günlərdə bir yerə cəm olub hərəsi bir imperial, ya bir düzüm mirvari atıblar araya, satılsın və cəm olan məbləğə mədrəsə üçün mənzil təmir olunsun, əlavə əzin təklif olunsun, qeyri şəhərlərdə sakin olan qeyrətli bacılara bəqədri-məqdur bu işə kömək göstərsinlər. – Amin!.. – Oğlan, mən dua etməmiş sən “amin” çağırırsan. – Ağa Dərviş, məzəmmət eləmə, axır, iş bilirsən necə gözəl işdir ey! – Doğrudur, əfəndim, pak, gözəl, mübarək işdir. – Xudaya, pərvərdigara, sən onların sahiblərinə ömri-tulani ver, kasıblarına bərəkət və özlərinə xoşbəxtlik. – Amin, ya rəbbül-aləmin! – Dörd. Cəmi alış-veriş əhli-müslimin and içiblər bundan sonra müştərilərlə xoşrəftar olsunlar, ticarəti səbri-təmam ilə etsinlər, heç kimin qəlbinə dəyməsinlər. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın. – Amin!.. Necə məgər, amin! – Axırıncı xəbər budur ki, ermənilər hər yerdə ki var, məsləhət-məşvərətdən sonra belə tədbir ediblər və qətnamə yazıblar ki, müsəlmanlarla barışıb, keçən illər kimi can bir qəlbdə dolansınlar və sidqi-dil ilə həmvətənlik etsinlər... – Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın! – Amin... ya rəbbül-aləmin. “Həyat” qəzeti, 5 oktyabr 1905, №78 * * * Balaca mütəfərriqələr 17 – Kərbəlayı! Ay kərbəlayı! – Oğlan, bir gəlsənə görüm! – Salam əleyküm, ağa Dərviş!.. Hmmm... nə var, nə olub? – Rahat əyləş, fikrin məndə olsun, vəssalam! – Əyləşdim rahat, fikrim də səndə. Buyur, baba Dərviş, görək nə var? – Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. Bir qərar qoyublar ki, bundan sonra heç kim cürət edib fikrinə də gətirə bilməz ki, bu işdə və çəkidə bir əngəl var, ya ola bilər. Hmmm, necədir? – Pəh, rəhmətliyin oğlu, mən də deyirəm görəsən nə var! Çox da tərəzi düzəldi və noxud əhvalatı da bir qərara qoyuldu, bəs onun qatmacası necə olsun? – O asandır, əfəndim, işin saflığından şəkləndim, çək divan qapısına, dədəsin yandır, vəssalam! – Bu belə, bəs sonra nə, ağa Dərviş? – Vücudu zorba, belində şal qurşaq, qurşağa sancılmış qələmdan, küçələrdə bağıran: dua yazaram, cadu yazaram, bəxt açaram, oğul verərəm, qız verərəm; – belə şəxsləri heç görmüsən, kərbəlayı? – Ço... o...x, nə olsun? – Nə olsun? O cənabların işləri zaydır, qətnamə yazılıb: harada gördünüz məzəmmət və töhmət edib qovunuz. Yaxşı xəbərdir, kərbəlayı? – Yaxşıdır, hərgah Dursunəli migüzərəd. Yəni övrətlər inansalar ki, belə vücudlar ancaq lənətə layiqdirlər, nəinki insan qadir olmayan işlərə. – Yaxşı xəbərdir, sən mübarək de, kərbəlayı! – Baş üstə, çox mübarəkdir. – Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişi mərəkə Quran gördüm... Dərvişlər bellərini əyib, ağızları köpüklü, nərə çəkib, meydanı gərdiş edirdilər. Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib, bir neçə ovsun (əfsun) kağızlarını biri bir abbasıdan satıb cənab dərvişlər başladılar oyunbazlığa. – “Bala Dərviş, əgər bilsən ki, əlimdəki nədir, bilirsən sənə nə verərəm?” – “Billəm, baba Dərviş”. – “De görüm, nədi?” – “Əlindəki, baba Dərviş, almadır”. – “Bərəkallah, bala Dərviş! Bala Dərviş, əgər bilsən...” Bu məqamda bir cavan girdi meydana: “Dərvişlik oyunbazlıqdır məgər?” – deyib, dərvişlərə nə yemisən turşulu. “Qaraul” sədası dərvişlərdən asimana bülənd oldu. Gördüm ki, işlər zaydır, tüpürdüm dabana, qaçdım nə qaçdım... “Həyat” qəzeti, 14 oktyabr 1905, №83 * * * Balaca mütəfərriqələr 18 – Ağacun! Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla, Nə hasil can yetdim, yetmədim cananə, ya mövla. Mövlayi-mən! Cəfalı ruzigarım... – Salam əleyküm, ağa Dərviş! Oğlan, genə nə var, nə olub, bu nə cigərsuz qəsidədir? Genə ruzigar səni nə dərdə mübtəla edib? – Mənim dünyada, kərbəlayı, heç bir dərdim yoxdur və ola da bilməz, çünki bəndəyə bu fani dünyada nə lazım? Bir löqmə nan, vəssalam. Dünya malında, cahi-cəlalında gözüm yox, həqiqi dərvişəm. Əbdüssəlami-qulami-millət. Dərvişlikdən də gözəl dünyada nemət bilmirəm. Mənim dərdim ancaq müsəlman qardaşlarımın cəhalətdə qalmağı, nahəmvar işləri, bəd hərəkətləri ola bilər. Mənim dərdü qüssəm millətdi, əfəndim... – Bu təzə qanun cəmimizi zülmətdən çıxardar, inşallah. Çox da xiffət lazım deyil, baba Dərviş, Allah kərimdi. – Meydana çıxan pəhləvanları göstər mənə, kərbəlayı! Bal deməklən, əfəndim, ağız şirin olmaz; Allahdan buyruq, ağzıma quyruq deməklən iş aşmaz, qurban sənə! – Belə danışırlar ki, bu təzə qanuna görə bundan sonra kimsənin cürəti olmayacaq qeyrisinə güldən ağır söz desin. – Bu çox pakizə, çox gözəl. Ancaq nuri-seşm, bircə mənə de görüm, bu qanuna əməl edən müsəlman olacaq, yoxsa elə genə hər kimin qolu qüvvətlidir, həyası az, o bildiyini edəcək? – Hələ ki işlər bizim dəftərimizdə yazılmayıb, ağa Dərviş. Hərgah sübut istəyirsən, axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür. Ələlxüsus qərib-qürəbanın. – Vaveyla, va müsibata! – Əlavə, ağa Dərviş, belə danışırlar ki, guya bu qanuna görə, bundan sonra hər cürə icmai-xeyriyyələr, məktəbxanalar bimane açmaq mümkündür. – Bu hamısından gözəl, pəh, pəh, pəh! İndi görək, kərbəlayı, bizim hansı milyonçularımız meydana çıxıb, sandıqların ağzını açıb millət yolunda ehsan edəcəklər, ya Allah! – Odur ki, işləri zay etdin də! A kişi, rəhmətliyin oğlu, mən sənə neçə kərə demişəm, pul əhvalatını ortalığa gətirmə. Hər nə istəyirsən danış, yaz, amma pulun adını çəkmə. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən. Pul ilə zarafat olmaz, canım, gözüm. Ələlxüsus bizim vilayətdə. – Ya heydəri-kərrar! Sən xəlifə olan zaman arpa çörəyi yeyib, zənbil satıb dolanırdıq, indi gəl ümmətlərinin səxavət və kəramətinə bax! Kərbəlayı, kifayətdir, xudahafiz! – Ağacun! Cəfalı ruzigarın möhnətindən gəlmişəm canə, Vəfasız çərx əlindən döndü bağrım qanə, ya mövla. “Həyat” qəzeti, 2 noyabr 1905, №93 * * * Balaca mütəfərriqələr 19 – Ağacun! Duş budəm dər xərabətəm güzar, Çəngü ney didəm ki, minalid zar. Çün şənidəm naleyi-in hər dü yar, Bərmən aməd giryeyi-biixtiyar. – Mövlayi-mən! Xirqəvü səccadəra dadəm bemey, Əzxərabət amədəm xümmarvar. – Pəh, pəh! Pəh Fədayi-hal, ağa Dərviş, nə gözəl!.. – Əyləş, kərbəlayı, əyləş, mənim şadlıq və həm qüssə yoldaşım! Hürriyyətin cilvə etməsi, əmələ gəlmək sədası qulağıma çatıbdır, ruhum təzələnib. – Şükür, səd həzar şükür, xudaya. Cəhalət, xudahafiz, xoş gəldin. – Uzun çəkməz, kərbəlayı, yox olar aramızdan şərarət, xətakarlıq, əmələ gələr insaniyyət; elm, tərbiyət, rəhm, insaf! – Boşalar həbsxanalar, müsəlman qardaşlardan bundan sonra heç kəs deyə bilməz qolum qüvvətlidir, ağa mənəm! Belədir, ağa Dərviş? – Fəhminə qurban, kərbəlayı, belədir, vay bədrəftarın halına, sağ olsun camaat divanı, yox olsun xudpəsəndlik, şərarət! Yığılınız meydana millət-vətənpərəstlər, məqami-insaniyyətdir! Məqami-elm və tərbiyədir. Yaşasın hürriyyət, cəhalət düşməni, insaniyyət yoldaşı! – Ağa Dərviş, bu tufan arasında, ah-nalə göydə gəzəndə bir ləfzi “Hürriyyət” gör səni nə hala salıb. Fədayi-hal, ağa Dərviş! – Qadir olsaydım, kərbəlayı, cəmi həmdərdləri bağrıma basardım. Sağ olsun çalışanlar, yaşasın insaniyyət! – Ağa Dərviş! Novruz rəsid şüd gülüstan imruz. – Xudaya! Müsəlmanlar artdıqca, nuri-maarif istərəm. – Ağa Dərviş! Bayram etməli. – Necə məgər, necə məgər!.. – Belə olanda buyur, qurban sənə, bir qədər küftəbozbaşım var. – Ağacun! Sər ki nə dər rahi-əzizan büvəd, Bari-giranəst kəşidən beşod. “Həyat” qəzeti, 1 dekabr 1905, №111 * * * Balaca mütəfərriqələr 20 – Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər? – Heç soruşma, kərbəlayı, əhvalım qolaydı. – Genə nə əcəb, ağa Dərviş? – Soruşma, atam, fələk kəcrəftar işləri zay etmək xəyalına düşübdür. – Demək, baz həm bətəvilə, hmmm? – Bəli də, hürriyyət mürəxxəs olmaq istəyir. – Bu yaxşı olmadı ki... – Nəinki yaxşı olmadı, hətta deyəsən qabaqda cəng görünür, fərar görünür. Rəhmim müsəlman qardaşlara gəlir, qeyriləri həmçinin. Bu işlər bir yandan, müsəlman və erməni arasında olan divanə cəngi-milli bir yandan məni dərdü qəmə aludə ediblər. Olmuşam bədbəxt, yemək yox, içmək yox. – Səbr etmək gərək, ağa Dərviş, Allah kərimdir. – Nə səbr, atam, gözəl vətən qanına qəltan olub, insan dönüb bir yırtıcı heyvana, ac-susuzlar dünyanı götürüb başına, hər qədəmdə ah-nalə, məgər səbr etmək olur? – Ağa Dərviş! Deyirlər el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir. – Kaş kor olaydım, kərbəlayı, belə müsibətləri görməyəydim. İnsan adını qoyub yaranmışların tacı, bir bu taca bax, tar-mar olan şəhərlərə bax, hər iki tərəfdən qırılan qardaşlara, yetim qalan tifillərə bax... Mərhəba belə taca! – Əlimizdən nə gəlir, ağa Dərviş? – Yer üzündə cənnət mümkündür hərgah rəhm olsa, insaf-mürüvvət olsa, vicdan olsa. – Əgər olsa. Elə orası çətindir, ağa Dərviş, – Dövlət sahibləri sandıqları üstə əyləşib, “yaxın gəlmə”, deyib çağırırlar. Ey biçarə, səxavət ləzzətindən məhrum bədbəxtlər... – Genə pul cəhəti başladın, ağa Dərviş? – Münacatdan bixəbərlər, eşidiniz! Ey dust, çera dər in cəhan bixəbəri, Hər ruzü şəban dər tələbi simü zəri. Sərmayeyi-tü dər in cəhan yek kəfənəst. Ura ki, güman nist bəri, ya nəbəri. – Kim eşitməyib bu münacatı, kimə onun indiyə kimi əsəri olub? Nahaq sözlərdi buyurursan, ağa Dərviş! – Kərbəlayı! Kifayətdir, qoy dərdimi tək çəkim... – Bu gün sənə yaxın gəlməli deyil, xudahafiz. – Rahəti nist dər on xanə ki, bimari həst. Xoş gəldin. “Həyat” qəzeti, 8 dekabr 1905, №115 * * * Balaca mütəfərriqələr 21 – Ağa Dərviş! Salam əleyküm! Oğlan, bu nə vaxtın namazıdır? – Hacət namazı qılıram, əfəndim, əz bərayi-rəf bəlayi-büzürg. – Nə bəladır genə, ağa Dərviş? – Gün bilmərrə batmaq istəyir, gün olmasa yer nə hala düşər, kərbəlayı, ələlxüsus biz müsəlman? – Vay bər hali-ma. Ağa Dərviş, demək, axır günümüzdür? – Gün batdı, nicat yolu bağlandı. A kişi, kərbəlayı, bir qəribə, yüz il cürəbəcürə işlərə düçar olub xabi-qəflətdə, cəhalətdə qalıb, indi zülmatı gözləyirik. Cəmi məxluqdan geri, avara, sərgərdan. Bu müsibətlərin aqibəti hər bir qədəmdə sübut: yerindən qalxan “mənəm, mənəm” deyib girib meydana əlində xəncər, belində pişto (revolver), gün keçmir cavan cavan dalınca yox olur və necə oğlanlar! Məgər bu müsibət deyil? Məgər belə ruzigar həmin cəhalətin meyvəsi deyil? Bu gecə vaqiədə, kərbəlayı, qalxmışdım asimana, səslənirdim: müsəlman! Xabi-qəflət kifayətdir, rəhminiz gəlsin övladınıza. Zəmanə elm-tərbiyə zamanıdır, insaniyyət zamanıdır. Qoymuyunuz övladınızı cəhalətdə qeyrilərə əsir, qul. Axır onlar sizin əziz balalarınızdır, rəhm ediniz! Səsimə səs verən olmadı, endim aşağa, genə səsləndim, cavab çıxmadı. Sübh açıldı, nə gördüm! Kimi hazırlaşırdı can almağa, kimi orta şahı manat üstə xəncər çəkib öz müsəlman qardaşını qətl etmək xahişinə düşmüşdü... Bir neçə hammalı döyülən gördüm. Belə-belə işləri çox gördüm, amma namaz qılıb Allahı çağıran az gördüm... Yuxudan ayılıb ta indiyə kimi namaza məşğulam, qollarımı qalxızıb xudavəndi-aləmin dərgahına yalvarıram: Xudaya! Bizləri cəhalətdən xilas, şəriətimizə mehriban et. Rəhmindən məhrum edib bizləri birəhm qılma, insaf, mürüvvət əta et. Dəxi bundan artıq, kərbəlayı, gücüm heç bir şeyə çatmır, namaz qılıb Allaha yalvarmaqdan savayı... – Ağa Dərviş, min qərinə vəzi minbərlərdən bir müsəlmana əsər etməyib, indi sən istəyirsən ki, bir füqarə dərvişin sözünə qulaq asan olsun? Səhv etmə, qardaşım. – Onu bilirəm, atam, ona görə Allaha yalvarıram. – Nahaq zəhmətdir. – Bir toxumdur atıram havaya, bitə ya bitməyə. – Bədbəxt Dərviş, xudahafiz! – Kərbəlayı, qulaq as bədbəxtlər arasında xoşbəxtlik qeyri-mümkündür. Mən də biçarələrdənəm, nə etməli! Xoş gəldin! “Həyat” qəzeti, 15 dekabr 1905, №119 * * * Balaca mütəfərriqələr 22 – Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar. – Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir. – Əlbəttə, belə olacaqdı, ağa Dərviş. Çünki rəhm kəsilib, himmət yox, camaatda insaf yox, ibadət yox. Yetimlər, natavanlar ayaq altında, müsəllaya çıxmaq gərək, ağa Dərviş. – Hmmm!.. Müsəlla! Atam, xudavəndi-aləm o şəxsin duasını müstəcab edər ki, onun yolunda canından, malından keçib özünü üryan qoyub, məqami-duada cismin bilmərrə yaddan çıxarıb, bircə tək ruhu qala. – Elə şəxs ruyi-zəmində tapılmaz, ağa Dərviş! – O, mənə məlumdur. – Ağa dərviş, neçə gündür səni görmürəm, necə dolanırsan, atam? – Necə dolanıram? Bir qədər iltifat elə, kərbəlayı. Keçən gün bitəam qalmışdım, bu gün bir loğma çörək düşdü əlimə, isticə. And olsun peyğəmbərin zati-pakinə, o loğmanı o mərtəbədə ləzzətlən yedim ki, cəmi milyonçular tamam ömründə o ləzzəti görməyiblər və bəlkə görməyəcəklər də!.. Kərbəlayı! Bu xudavəndi-aləmin büsatıdır. Bizim fəhlələr çörək yeyən zamanı, parça-parça, əl böyüklükdə ağızlarına təpən zamanı heç onlara baxmısan?! Fədayi-halət! İftarın ləzzətini ki, bilirsən? Beş mərtəbə artıq. Fədayi-məqam! Fəhlə qardaş! Qəm çəkmə, bir o qədər də bədbəxt deyilsən. – Ağa Dərviş, fəda olum sənə, Allah xatirinə, bu sözləri camaat içində danışma! Fəhlələr haqsız qalıb tələf olurlar bədbəxtlər! – Onun haqqını kəsəni qorxuram ki, xudavəndi-aləm namərd düşmənə möhtac etsin... – Vay, nə yaman nifrin etdin, ağa Dərviş?! – Əhli-əyal şərməndəsi etsin. – Kifayətdir, ağa Dərviş, Allah heç bəndəyə göstərməsin... – Fəhlə qardaşlar! Xudavəndi-aləm sizlərə səlamət bədən versin, rahat, təmiz, isticə mənzil, bir qədər də güzəran. Nan və penir olsun. “Həm penir nanhayi-rovğəni”. Həmişə olsun. Sabahkı gündən qorxmayasınız, bizlərə, yəni müftəxorlara ruzi verən qardaşlar! Allah sizə ruzirəsan olsun. Amin! “Həyat” qəzeti, 20 dekabr 1905, №122 * * * Balaca mütəfərriqələr 23 Təbriknamə – ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?! – Hər nə ki, sənin kefindir, kərbəlayı, buyur, bax mənim bu gözlərim üstə. – Bəs elə isə di çıxart... tez! Hmm. – Kərbəlayı! Yoxsa Məkkə yolu tamam olub? – Xeyr o deyil... – İranda qanun büsatı... – İranda qanun büsatı?! Nə söyləyirsən, ağa Dərviş? Qələm çək!.. – Yapon islamı qəbul edib?.. – Allah eləsin, amma o deyil. – Osmanlıda məclisi-ictimai açılıb... – Uzaq getmə, tez ol görüm!.. Hmmm. – Bəlkə, kərbəlayı, hürriyyətdən xeyir xəbər var? – Top-tüfəngdən xəbər var. Hürriyyət, deyəsən, giriz vurur. – Əfsus. – Kifayətdir, ağa Dərviş, çıxart görüm... – Bildim, kərbəlayı, “İrşad”... – Əlhəmdülillah ki, bildiniz... di çıxart... İncitmə, çıxart deyirəm. – Kərbəlayı! Sücud kəşkülümə. Dinmə, qalanı qurbandı sənə. – Yerdə dəxi nə qaldı xanəxərab?.. Bir həsir, bir Məmmədnəsir. – Könlündən, lotu, deyəsən zağlı manat keçir? Buyur. – Səxavətinə fəda, ağa Dərviş... Urra... – Urra, kərbəlayı, urra!.. İndi bilirsən nə var, kərbəlayı? Mən dua edəcəyəm, sən də amin de. – Necə amin deyəcəyəm məgər, ürəyimin ortasından. – Xudaya pərvərdigara! “İrşad” kəndlərimizdə oxunsun... – Amin! – Qareləri günü-gündən çoxalsın. – Amin! – Şad eləsin bizləri, gün-gündən ucalsın! – Amin! – Sünni-şiə söhbəti aralıqdan götürsün! – Amin! – Müsəlmanı ayıltsın, cəhalətdən qurtarsın! – Amin! – Qeyrilərə yetirsin, mətləbinə çatdırsın! – Amin! – Çox yaşasın mühərrir, “İrşad”ında çalışsın! – Amin! – Kifayətdir, kərbəlayı. Getdim dövrə, tab gətirə bilmirəm. – Get, dərviş, Allah sənə yar olsun... Saqi, nə olub dərvişə, bir badə gətirməz? Gül fəslidir, səd heyf, bu əsnadə gətirməz! “İrşad” qəzeti, 23 dekabr 1905, №5 * * * Balaca mütəfərriqələr 24 – Bu nə halətdir, ağa Dərviş, ağlayırsan? – Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..” – Əlac nə, ağa Dərviş, nə etməli? – Məgər bilirəm? Məgər məndə ağıl qalıb. Əgər məndə ağıl, şüur olsaydı, sübhədək... gülmə, kərbəlayı! Divanəyə rəhm etmək gərək, nəinki gülmək. Mən bu gecə sübhədək əlləşmişəm taxtabiti ilə. Heç bilmirəm bu qış günlərində zəhrimar hardan gəlib çıxıb. – Hmmm, bağışla, ağa Dərviş, yəqin otaqda çox isti olub. – Eybi yoxdur, gül, amma ərzimi al. Otuz il bundan əqdəm hələ dəmir yollar yox ikən bilməzdik taxtabiti nədir! Yəqin bunları yük vaqonları və ya üçüncü-dördüncü klas vaqonları gətirib! Bilməzdik ki, bir cütü bir yerə qarışanda, özlərinə mənzil tapanda çəyirtgə kimi artıb darışacaqlar insanın canına, qoymayacaqlar rahat yatmağa, təamdan kəsib həram edəcəklər... Vay o mənzilin halına ki, oraya cənab taxtabiti təşrif gətirə! – Ağa Dərviş! Qurban sənə, darıxma. O bir elə vücud deyil ki, adamı təngə gətirə bilsin. Çaşma! Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! Hər azarın bir dərmanı var. Hətta taunun da, vəbanın da! – Ah, kərbəlayı, taxtabitinin müqabilində taun nədir, vəba nədir? Həkimlər deyirlər ki, taunu da, vəbanı da gətirən birə ilə taxtabitidir! Binabərin azarın səbəbi olan bu birəhm cücülər taundan bədtər olub. Bədbuy, nadürüst, kəmfürsət, birəhm. Çalıb, o saat yox olur. Ətrafına su töküb dərya edirsən, göydən tökülür. Bu gecə şamı yandırıb, cəng edəndə məni görsəydin, məni divanə hesab edərdin... Axırı labüd qalıb qaçdım küçəyə, göydən qar tökülür... Başladım titrəməyə, cürət edib mənzilə daxil ola bilmədim. – Ağa Dərviş! Dur ayağa, dur, qurban sənə! Mən gərək səni həkim yanına aparım... – Nahaq zəhmət çəkmə, kərbəlayı! Keçəl dərman bilsə, əvvəl öz başına yaxar... – A kişi, Allaha bax, dur gedək, vallah, qorxuram səndən... – Kərbəlayı, təsəlli verməyə yer yoxdur. Xudahafiz! Qoy məni tənha! Göz dolu yaş, üzün tutmuş vətənə, Cigər dağlı, ahü nalə etməyə. Ümid bağlayıb həqq dadə yetənə, Vətən sarı üz qoyuban getməyə. “Həyat” qəzeti, 5 yanvar 1906, №4 * * * Balaca mütəfərriqələr 25 – Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən? – Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm. – Buyur, ağa Dərviş, cavab verməyə hazıram. – Müsəlman qardaş küçədə sənə rast gələndə, bir balaca çəkinirmi və ya döşləyib keçir gedir? – Bəzi ovqat o mərtəbədə döşləyir ki, az qalır ki, kəllə-mayallaq uçasan. – Çox yaxşı, rast gəlib salam verəndə necə? – Qaş-qabaqlı, gözləri ilə işarə edir, başla da bir balaca hərəkət. – Çox gözəl, danışanda necə? – Danışmır, bağırır. – Zənnin var imiş, kərbəlayı. Mərhəba. Genə bir neçə sual. – Buyur, buyur, qəribə söhbət başlamısan? – Müsəlman qardaşlarının bir-birinə məhəbbəti varmı? – Əstəğfürullah. Varsa da mindən birində. – Şəriri-biqərəzlər necə? – Nə qədər kefindi. – Səxavət necə? – Ağa Dərviş, oralara əl aparma. Bu nəsihəti mən sənə min kərə eləmişəm. – Çox mübarək! Bu dursun kənara. Yetimə, qəribə mürüvvət, mehribançılıq necə? – Xudahafiz, ağa Dərviş, çox dərin gedirsən, atam. Mən bir yazıq kasıb babayam, Allah xatirinə məni bəlaya salarsan. Onsuz da görürsən od-alov içində dolanırıq. – “Əlhəqqü mürrün vəli kanə dürrün”. Yaranan bir gün təşrif aparacaq, ölümdən qorxma, kərbəlayı! – Qorxmazdım, ağa Dərviş, hərgah uşaqlar olmasaydı. İndi ixtiyarım yoxdur və sübut həmin ərz etdiyim cavablardır... – Kərbəlayı, and olsun atam heydəri-kərrarə, hali-hazırımızı fikir etdikcə az qalır ki, bağrım çatlasın. Çox vaxt deyirəm, xudaya, pərvərdigara, nə üçün mənim dərimi öküz dərisindən qalın yaratmamısan ki, mən də küftəbozbaş yeyib dünya aləmi vecimə almayaydım? Nə etməli! Məsələn, keçən gecə xəyalıma gəldi nahəmvar qoz kötüyü... Necə gözəl, əntiqə şeylər əmələ gəlir o kötükdən... Biz müsəlman bənzərik kötüyə... Elm gərək, tərbiyə gərək ki, biz bədbəxtlər də insan sifətinə düşək. Heyhat! Kifayətdir, kərbəlayı, xudahafiz! “Həyat” qəzeti, 24 aprel 1906, №89 * * * Balaca mütəfərriqələr 26 – Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam? – Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin... – Hay, hay! Gərək guruldasın, nərə çəkilsin. El bərk yatıbdır, ağa Dərviş, oyanmaz. Fikrə, xəyalata gedib, özünə nahaq zəhmət vermə, atam? – Xəyal deyil, qardaşım! Qulaq as. Timsal: bir gün dəryadan bir pəncə peyda oldu... Padşaha xəbər çatdı. Pəncəni nişaneyi-müsibət hesab etdilər. Nə qədər top-tüfəng atdılar, pəncə dayandı, bir əlac tapılmadı... Nagah şəxs pəncənin müqabilində durub, əlini qalxızıb iki barmağını pəncəyə göstərdi, pəncə o dəqiqə yox oldu. Əhval yetişdi padşaha... Gəlsin o şəxs! Gəldi mənim kimi bir dərviş! Bu nə sirri-hikmətdir, ağa Dərviş? Ərz elədi: Qibleyi-aləm, o pəncə demək istəyirdi ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar. Mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. Pəncə yox oldu. Dərvişə xələt verib yola saldılar. – Çox yaxşı, ağa Dərviş, mənası nə ola? – Mənası aşkardır. Camaatımızın arasında ittifaq ola, hümmət ola, cəhalətdən beş ildə biz xilas olarıq. Tifillərimiz küçələrdə bisərü pa qalmazlar, özgələrə də möhtac olmarıq. Necə gözəl cavanlarımız əmələ gələr, xudaya! – Mən də aşkar görürəm ki, genə pul əhvalatı başlayacaqsan. Xudahafiz, xudahafiz, ağa dərviş... – Bəli, bəli, kərbəlayı. Səxavət insaniyyət yoldaşdır. İnsaniyyətin mizanı səxavətdir, bəxşayişdir. Vardan-yoxdan keçmək, millət yolunda hər bir ibadətdən uçaraqdır. Nəcabətə sübut səxavətdir. Köməkdən savayı bir qeyri-nemət dünyada yoxdur. Vallahı, billahı, kərbəlayı, imtahan et. – Hər nə var dövlətdə var, cənab Dərviş! Nə ağla, nə kamala baxan yox, duntəb zəmanəsidir. – Yüzdən birin verənə nə təfavüt edər, kərbəlayı? – Heç kəs bir zift də verməz, çünki... – Necə verməz? – Verməz deyirəm. Onu yəqin bil. – Kərbəlayı, xudahafiz! – Xoş gəldin! Get, get, qardaşım get... Vay fələk! “Həyat” qəzeti, 31 may 1906, №117 * * * Balaca mütəfərriqələr 27 Neçə kəlmə söz üzvlərimizə Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm: Mən nə miguyəm səməndər baş, ya pərvanə baş Çün befekri suxtən üftadei mərdanə baş! Gedin, hər sözünüzü kəmali-cürətlə söyləyiniz, heç bir şeydən qorxmayınız. Biliniz ki, hər sözün arxasında böyük bir camaat durubdur. Bu camaatin hər bir fərdi varını-yoxunu sizin sözlərinizin, fikirlərinizin, tələblərinizin yollarında fəda etməyə hazırdır. O əfraddan biri də mən Dərvişəm. Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nəcaqdan (təbərzindən) ibarətdir. Bunların cümləsini satıb yolunuzda sərf etməyə hazıram bu da yetməzsə, nə qədər dua və qəsidə bilirəmsə, hamısını sizin üçün oxuyacağam. “Həyat” qəzeti, 4 iyun 1906, №120 * * * Balaca mütəfərriqələr 28 – Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb... – İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım. – Tələbin nədir, ağa Dərviş, onu buyur, avam camaatdan əl çək. – Nahaq danışma, kərbəlayı, camaatımız heç vaxt avam deyil. Ancaq kəsalət bizi basıb. Budur, bax, uprava məlum edir ki, təzədən dörd illik dumaya qlasnı seçmək siyahısı bu iyun ayının 27-də elan ediləcəkdir. Siyahının natamamlığını və naqisatını şəhər qanununun 35-cı fəslinə müvafiq haman gündən iki həftənin ərzində şikayət edib göstərmək mümkündür. İmdi görək əhalidən bir kəs tapılacaqdırmı ki, gedib bilsin o siyahiyə onun adı düşübdürmü ya yox və nə səbəbə! İxtiyaratı axtaran olacaqdırmı?! Əstəğfürullah, heç kəs getməyəcək və öyrənməyəcək. Bu dərd-qüssədir məni bu hala salan, kərbəlayı! Odur ki, başıqapazlı olmuşuq. Kimdir bizi qapazlamayıb qaradavoydan başlamış? Ah, kərbəlayı! – Xatirinə dəyməsin, ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əzşikayət... Fələk kəcrəftardır, deyib durursan. – Vay, kərbəlayı! Fəda olum sənə, kasıb, qərib dərvişin sözünə kim baxar? Barı ağlamayım da? – Sən öz borcunu əmələ gətir, basəmər ya bisəmər, vəssalam. Budur, bax, qlasnı seçmə barəsində başladın, axırı nə, ağa Dərviş? Nə üçün danışmırsan, qandırmırsan? – Mənim yəqinimdir, kərbəlayı ki, bizim şəhərdə əhalidən yüzdən beşi ancaq bilir ki, illik mülki olan şəxsin, məxsusi ya müdamülhəyat, qiyməti min beş yüz manat, ixtiyarı var seçmə məclisinə daxil olub qlasnı intixab etsin. Hərgah, deyək, pulunu cabəca, yainki yarısını vermiş ola. – Nə vaxta kimi, ağa Dərviş? – Bu üzümüzə gələn avqust ayının 25-dək. Ticarət əhli bir ilin ərzində patent almış ola baixtiyardır və qəyyumlar, varislərdən biri. Mülkədar zənənlərin dəxi ixtiyarları var o seçmədən səs vermək, ancaq vəkalət üzrə vəkil ola bilər. Öz sahibi, oğlu, yeznəsi, qardaşı, nəvəsi, ayrılmamış oğul, atası əvəzində o məclisə daxil ola bilər. Güdəcik, budur ixtiyarlar. Ancaq kərbəlayı, heyfa ki, yazmaq ilə, vəz etmək ilə iş aşmır. Camaatımız illərlə çox pak-pak gözəl ağıl işlədirlər, amma bifayda. Heyfa! Elm gərək, tərbiyə gərək, qardaşım və bunları əncama gətirməkdən ötəri... – Dayan, ağa Dərviş! Axır sözün qoy dursun, xudahafiz! – Biçarə kərbəlayı, pul nəfəsindən qorxdu. Get, get, bədbəxt! Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə. Allah kərimdi, get! “Həyat” qəzeti, 23 iyun 1906, №136 * * * Balaca mütəfərriqələr 29 Dərvişin fəryadı Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?.. Tiryəkinizə lənət, mütrübünüzə lənət, əfsun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanalarınıza lənət! Zülmkar, müstəbid hakimlərinizə Allah insaf versin!.. Bağışlayın camaat, yandı cigərim... – Ağa Dərviş! Nə olub yenə öz-özünə danışırsan? – Heç rəvadır, vətəndən əl çək, qohum-əqrəbadan, külfətdən əl çək, heyvan kimi fəhləlik et, beş-altı şahı pul qazan, vətənə daxil olan kimi onu da əlindən alsınlar? – Ağa Dərviş, cavab gözləyirəm, nə olub sənə? – Sual edirsən ki, oğlan, sənə nə olub vətəndən əl çəkib diyarbadiyar düşübsünüz, o tövr gözəl vətəndən? Cavab nə olur? “Yalansa, xaraba qalsın o vətən”. – Ağa Dərviş! Qurban sənə, mənəm, kərbəlayı. Cavab ver, naxoşlamısan nədi?.. – Məgər mədəniyyət yoxdur o xarabada? Məgər dəmir yol çəkmək düşvardır, karxanalar açmaq mümkün deyil?.. Vay, vayy... – Ağa Dərviş! Xanəxərab, ağa Dərviş! – Tfu sənin üzünə, ey çərxi-fələk, gəcrəftar! Məlik şahın, Şah Abbasın, Nadirin İranı gör necə viran olub? Üləmayi-İran! Fəda olum sizə, hümmət, həmiyyət, qeyrət, insaf, fədakarlıq məqamıdır. İranı batmağa qoymayınız, batarsa, sizin də bizim də, evimiz yıxılar, xanimanımız bərbad olar! Yoxsa neçə belə illərlə duran dünya olacaq başınıza təng, deyirlər!.. “Həyat” qəzeti, 25 iyun 1906, №137 * * * Balaca mütəfərriqələr 30 – Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş? – Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir. – İstiyə əlac, ağa Dərviş, palanın kölgəsi. Əyləş ayaqyalın, başda araqçın, güdəcik köynək, qarın açıq, nazik tuman, vəssalam. Onda görüm isti sənə nə edə bilər. – Bu libasda küçədə əyləşmək nalayiq işdi, kərbəlayı. Ötən, keçən nə deyər?! – Canı çıxsın, hər nə istəyir, desin. Mən özümü oda yandıracağam, nədir ki, filan belə deyəcək, qeyrisi elə. Bu bizim ata-baba adətimizdir, ağa Dərviş... Camaatın gözü öyrənibdir bu təhər şeyi görməyə... – Sən deyən olsun, kərbəlayı, mən ki bu adəti namərbut hesab edirəm. – Belə əqidələr xatalıdırlar, ağa Dərviş, danışma, yazma... Odur bax, keçən gün bir nəfər İran taciri söyləyirdi ki, hərgah ağa Dərviş! İran torpağına qədəm qoysa, o saat onun dilini yerindən qopardarlar... O nə cürət edib İran vəzirlərinə yaman deyir?!. – Əyləş, kərbəlayı, dərdimi artırdın, Allah sənə insaf versin. Bircə mənə de görüm, kərbəlayı, üç qardaşın biri çalışqan ola, ikisi tənbəli-ərdəbili, aya, de görək o külfət sahibi güzəran edə bilər? – Olmaz, necə ola bilər ki, adam beş-on baş külfəti saxlaya bilsin? – Çox pakizə. İranda neçə dərviş var, neçə seyid var, neçə başı sərikli mollaya bənzər adamlar var, neçə müftəxor tiryaki vücudlar var? – Çoooox, hesabsız. – Atan behiştlik... Bu qədər müftəxorları saxlayan ölkə, əlbəttə, gərək kasıb olsun, xarabə olsun, necə ki İran qalıbdır. – Bu sözün doğrudur, ağa Dərviş, mən öz gözümlən görmüşəm neçə yüz adamlar qurban olduğum İmam Rzanın qapısında müftə yeyib-içib yatırlar, tiryək də ki həmişə hazır. – Bilirəm, kərbəlayı, hər yerdə belədir. Uzaq getmək nə lazım, buyur bizim Bibiheybətə, gör neçə yüz can əlin ağdan qaraya vurmayıb, müftə dolanır, adın da qoyurlar “ağamızın dövlətindən”. Yəqinimdir, kərbəlayı, ağalarım o adamlara gecə-gündüz lənət oxuyurlar. Bədbəxt müsəlman Məkkəyə, Mədinəyə, Xorasana, Kərbəlaya və qeyri-ziyarətgahlara daxil olan pulları bir qaydaya salsa milyonlar əmələ gələr, darülfünunlar, məktəbxanalar açılıb cəmi müsəlman qardaşları nicat yoluna salmaq olar... Heyfa, heyfa... Ey əlində ixtiyar olub eyş-işrətə əsir olanlar! Ayılız xabi-qəflətdən, qorxuz “ağalarımızın” qəzəbindən, qorxuz dərvişin ah-naləsindən, utanız, həya ediz, bəsdir, axır islam əldən gedir, qeyrət-namusunuz olsun... İsfahan məra bəsəst deyib, milyon-milyon müsəlmanı bada verməyiz... Ya haqq, səndən mədəd! “Həyat” qəzeti, 9 iyul 1906, №149 * * * Balaca mütəfərriqələr 31 Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı. Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir. Jandarmı görəndə, jandarm nəfəsi bədənimə lərzə salır. Atam oğlu, qardaş! Nə şiri-şütür, nə didari-ərəb, elə qaçarsan ki, Koroğlu elə qaçmağı tamam ömründə bacarmayıb. Atam oğlu! Hürriyyət yer üzünün ziynətidir. Xudavəndi-aləmin əvvəl-axır tək gözəl nemətidir; əldən getdi, əsarət gəldi araya; əsarət olan yerdə insan döndü bir yırtıcı heyvana, vay zəiflərin halına! İndiyədək xəyalatım asimanda gəzirdi. Necə gözəl fikirlər, necə gözəl məqamlar şəkli dururdu gözümün müqabilində! Kəndlərdə məktəbxana, qiraətxana, cəmiyyəti-xeyriyyə, xəstəxana, əmin-amanlıq, hər bir yerdə can deyib, can eşitmək, məhəbbəti-millət... Nə etməli? Gələcək zülmatı-naməlum, ah-nalə, göz yaşı. Vay fələk, vay fələk! – Ağa Dərviş, yenə nə olubdur, “vay fələk” – deyib, vaveyla qoparırsan? – A kişi, a kərbəlayı, xəbərin yoxmu, Dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı! – Ağa Dərviş, dağıldı isə, nə qəm var. Gələcək duma bəlkə bundan da yaxşı tolar! – Kərbəlayı, nə danışırsan, o feli-müzaredir. “Sali ki, nikust əzbaharəş peyda şüd”. Hay, hay! “Həyat” qəzeti, 14 iyul 1906, №154 * * * Balaca mütəfərriqələr 32 – Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz? – Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin? Qoca ləzgi boğuldu, artıq danışmağa taqəti qalmadı, saqqallı üzünə yaş töküldü, başı ilə bir balaca işarə edib yola düşdü. Ürəyim sıxıldı, ağlım başımdan oynadı. Vay, fələk! Badkubənin qəmavər işlərindən qaçıb bir qədər təsəlli tapmaq istədim, o da belə çıxdı... Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim cananə, ya mövla! Bəd əz yolum düşdü Dərbəndə. Dərbənd xalis qəbristanlıq. Hər kəs özünə bir tək vücud. İcmai heç bir şey yox. Xabi-qəflət hər bir işdə. Bir təsəlli onda tapdım ki, camaatı artıq mərtəbədə mehman, qəribsevən gördüm, Allah razı ola. Xeyir işlər barəsində yazmağa əlim gəlmir. Öz-özümə yazığım gəlir, taqətim yoxdur dərd çəkməyə, kifayətdir Badkubə işləri, xudaya! Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qolu qüvvətli, ürəyi təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib... Ah, belə dirilikdən ölüm yaxşıdır... “Həyat” qəzeti, 31 avqust 1906, №192 * * * Balaca mütəfərriqələr 33 Bir amerikalının sualına cavab Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir: Müsəlmanlar elmdə, tərbiyədə hər millətlərdən geri qalır. Həqiqətdir, ya nə? Müsəlman müsəlmanın evinə qonaq gələndə gözləri qapıda olar görüm ev sahibəsini görə bilərəmmi, ya yox? Həqiqətdir, ya nə? Qonaq evdən mürəxxəs olanda əlinə düşən qaşıqdan, bıçaqdan, ya hər nə olsa, cibinə öz malı kimi qoyub gedər. Həqiqətdir, ya nə? Müsəlman istəməz ki, qeyri müsəlman qabağa düşsün, sahibi-dövlət olsun. Həqiqətdir, ya nə? Müsəlmanın cəhalətdən çıxıb adam olmağına ümid yoxdur. Həqiqətdir, ya nə? Müsəlmanın ruhaniləri bəqeyri əz... qaraca pul görəndə şəriəti tapdalar. Həqiqətdir, ya nə? Müsəlmanın qananları qanmayanlarını lüt edər. Həqiqətdir, ya nə? Müsəlmanlar arasında şərir, biqərəz yer çoxdur. Həqiqətdir, ya nə? Müsəlmanda rəhm yoxdur. Həqiqətdir, ya nə? Müsəlmanda səxavət azdır, demək olar, yoxdur. Həqiqətdir, ya nə? Çox müsəlman, bəlkə, cəmi adam aldatmağı böyük hünər hesab edir. Həqiqətdir, ya nə? Namaz qılan zikr etdiyi sözlərin mənasını bilməz, bilmərrə şəriətdən bixəbərdir. Həqiqətdir, ya nə? Müsəlman bir göyçək xanım görəndə gözləri kəlləsinə çıxır. Həqiqətdir, ya nə? Keçsə belə dövran, müsəlmanlıq puçdur. Həqiqətdir, ya nə? Şəri müsəlman yoxdur, bir tək adı qalıb. Həqiqətdir, ya nə? Bir qədər müsəlmanlıq dərdini çəkən var, o da qəti-ümid. Həqiqətdir, ya nə? Müsəlmanda hər millətdən müftə, xor-xoş səliqə artıqdır. Həqiqətdir, ya nə? Tanə və qəfyat malını öz malı hesab edən müsəlmandır. Həqiqətdir ya nə? Qəyyum yetimə düşməndir, adı müsəlman olsa. Həqiqətdir, ya nə? Müsəlmanın hər bir camaat işində bir atım barıtı olur. Həqiqətdir, ya nə? Müsəlmanın ağlı gözündədir. Həqiqətdir, ya nə? Çox-çox müsəlman evində cəlladdır. Həqiqətdir, ya nə? Müsəlmana haqq söz xoş gəlmir. Həqiqətdir, ya nə? Müsəlmanın sübutu sənin baqirətində qolunun qüvvətindədir. Həqiqətdir, ya nə? Dünya məişətindən savayı qeyri işə iqdam etməyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə? “Allahdan buyruq, ağzıma quyruq” – deyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə? Axırda puç, qeyri millətlərə əsir bir tək müsəlmandır. Həqiqətdir, ya nə? Cənab amerikalı! Səni görüm, balam, sağ-salamət evinə yetməyəsən, sən ki mənim yaralarımın üstünə təzədən od-alov basdın. Mən yazıq neçə müddətdir ki, qeyri-müsəlmanlar kimi ancaq öz fikrimi çəkirdim, rahat, bir növ dolanırdım. İndi nə eləyim bundan sonra? Yenə təngnəfəs olub, gecə yuxusuz, gündüz fəraqətsiz gərək qalam... Dilin lal olaydı, balam, sual etdiyin yerdə. “İrşad” qəzeti, 3 aprel 1907, №59 * * * Balaca mütəfərriqələr 34 Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim... Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular: – Ağa Dərviş, mən namazdan artıq özümə borc bilirəm öz cibimdən verib səni buradan məyus yola salmayım... Məşədi buyurdu: – İclasın hökuməti həddən ziyadədir, arxayın ol!.. Dəstxoşçu buyurdu: – Biləsən, ağa Dərviş, o ilan yeyib, əjdaha olanlar mənim özümə nə zülmlər ediblər! Allah onların insafını kəssin! Hacını yalançı pəhləvan gördüm... O ki qaldı qızıltəkbəndə, Allah ömrünü uzun eləsin, yüz sözündən biri bəlkə doğru ola... On gündən artıq bu vücudların divanxana qapısında boynuburuq qaldım... Bu axşam qət edirik, sabah Allah qoysa, yəqin ki, iş düzələr... – Nə var indi Badkubədə? Bir neçə gün qal hələ burada... Xülasə, zavtra-zavtra düşdü araya, axırda qətnamə belə oldu ki, get ay batandan sonra gəl. Əyləşdim haman dilicana. Dübarə toz boğdu məni və tamam yol uzunu öz-özümü məzəmmət elədim: sənin kimi dərvişə layiq olan işdimi kərbəlayı evinə gedib ondan təvəqqe etmək?! Layiqdirmi ki, dəstxoşçunun dükanının qabağını kəsdirib şikayət etmək, qızıltəkbəndi gözləmək?! Axmaq dövrüyyəlikdən bixəbər, yalandan, palitikadan uzaq dərviş, belə Məşədi Nemətəli sağ olsun! Fəda olum onun səxavətinə. “Dünyada mənim nə dərdim var” – deyib vaqondan düşüb, üz qoydum mənzilə. “Tazə həyat” qəzeti, 23 avqust 1907, №103 * * * Balaca mütəfərriqələr 35 Dərviş: – Salam əleyküm, kərbəlayı Pirverdi. – Əleykəssalam, ağa Dərviş, otur görək nə var, nə yox, keyfin qovraqdırmı? Dərviş: – Allah var, şəriki yox, ömri-şərifinizə duagu varıq. Kərbəlayı Pirverdi: – Dünyada nə görürsən, bir az danış görək. Dərviş: – Ay kərbəlayı, bu gün tezdən durub, təbərzini götürüb, həqqidust vura-vura şəhərdə dolanırdım. Gördüm ki, bir axund neçə nəfər fransız uşaqlarına dərs verir, tez-tez uşaqlara buyurur: – Oxuyun görək. Uşaqlar biri dedi: – Müsyö molla, siz buyurun, biz də öyrənək. Molla başladı dərsi deməyə, mən də qulaq asırdım, belə deyirdi: – Ya lam əlif la nuzən lan... yalan... Ya əlif yax zən yaxçi yaxçi... dək lam zən kül degil. Bu dərsdən uşaqlar bir zad başa düşməyib gözlərini şappıldadırdılar. Yazıq molla da təngə düşüb ədəbdən ötəri hazırladığı dəyənəyi götürüb, ziyanlıq etmiş mal kimi uşaqları o qədər tapdadı ki, uşaqların fəryadına ataları gəldi dərs otağına. Uşaqlar atalarını görcək ürəklənib dedilər: – Bu necə dərsdi ki, biz bunu heç başa düşmürük. Bizim Parijdə belə dərs yoxdu. Ataları cavab verdi: – Balam, siz hələ uşaqsınız, başa düşmürsünüz ki, mən sizə nədən ötrü bu dərsə qoymuşam, – deyib getdi içəri. İndi kərbəlayı Pirverdi, sən dünyagörmüş bir qocasan, məni bir dürüst başa sal görüm nədən ötəri bu firəng uşaqlarını iranlıların təzə üsul mədrəsəsinə qoymuyub, bu Adəm babadan da irəlidən qalan köhnə üsul ilə oxudur... Kərbəlayı Pirverdi: – Ağa Dərviş, Get dolangilən, xamsən hənuz, Püxtə olmağa çox səfər gərək. Bu firənglər aqibətəndiş və çox bilmiş adamlardı. Onlar yaxşı bilirlər ki, təzə üsul mədrəsədə nəhayət elmi-coğrafiyadan, həndəsədən, fizikadan oxuyacaq, axırda da çörək tapmayıb, acından öləcək. Amma bir-iki il köhnə üsul ilə oxuyub başlarına bir “a... ya...” qoysalar, çox çəkməz ki, hərəsi İranda əlli-altmış qəryə sahibi olarlar. Necə ki Hacı Mirzə... Tehranda və cənab Hacı Mirzə... ağalar Təbrizdə, Xoyda, Səlmasda, Urmidə, Marağada, Ərdəbildə, nə bilim, hər şəhərdə, hər kənddə... Dərviş: – Kərbəlayı Pirverdi, Allah atana rəhmət eləsin, məni yaxşı başa saldın. Sabahdan mən də gedib o mollanın yanında oxuyaram, heç olmasa mərsiyəxan, ya özgə bir zad olub, xoşbəxt olaram ki... “Tazə həyat” qəzeti, 27 sentyabr 1907, №131 * * * Balaca mütəfərriqələr 36 – Salam əleyküm, ağa Dərviş! Atam, nə əcəb səni nə dövrədə görmürük və nə qəsidəni eşitmirik. Axır sən haman ağa Dərvişsən ki, “heydəri-kərrar” – deyib qəsidə başlayanda cəmi bəndələrə lərzə düşürdü. İmdi “girmisən” hücrə küncünə, başına çəkmisən əbanı, dünyadan bixəbər, nə olubdur məgər? – Əyləş, kərbəlayı, bilirsən, qardaşım, nə var? Mən bir bəlaya düçar olmuşam, özüm də məəttəl qalmışam ki, bu nə qəzadır mənə üz verib... – Buyur görək necə bəladır, ağa Dərviş? – Gecə-gündüz, vaxtbivaxt bir bayatı yadımdan çıxmır, gahi sövt ilə, gahi qəlbimdə oxuyub vird edirəm: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq. Fəryad ellər, ay ellər! Nə qədər ciddi-cəhd edirəm, çalışıram fikrimdən çıxardım, mümkün olmur... Bu da bir naxoşluqdur, kərbəlayı, adına nevrasteni (zəif əsəb) deyərlər... Öz-özümü məzəmmət edirəm, deyirəm ki, axmaq dərviş, ruznamələrə bax, gör necə nalə çəkib cəhalətdən şikayət edirlər, müsəlmanların məyus, sükunətdə qalmağından ah-zar edirlər. Necə gözəl şeirlər yazırlar ki, adamın başının tükü biz-biz durur, sən bədbəxt də tutmusan bir bayatının ucundan: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qorxum orasındadır ki, qəbrə gedənədək bu bayatı məndən əl çəkməyə... Bu yaman dərddir, kərbəlayı... – Ağa Dərviş, məsləhət görürəm axşamlar bir qədər tiryək atasınız. – Xa, xa, xa!.. Tiryək məzələsəm, kərbəlayı, sübhədək gərək nərə çəkib haman bayatını oxuyam... Xeyr, iş burasındadır ki, gözümün qabağında durur karvandan geri qalmış sarban, dəvəsinin beli yağır, yükü ağır... Bu necə olacaq deyirəm, xudaya?.. Bir biyabanda karvan uzaqlaşıb, əli bir yana çatmayıb, biçarə sarban fot olacaq... Fot olacaq deyib biixtiyar ağlayıb başlayıram: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Sonra gözümün qabağında durur cərgədən geri qalmış, öküzləri oğurlanmış köçəri müsəlman qardaş... Göydən yağış tökür, arvadın əlləri qoynunda, balaları gözüyaşlı... Danışmaqla nəfəsim darıxır, kərbəlayı... Bu şəkil gözümün qabağında, biixtiyar ağlayıb yenə başlayıram: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! – Xudahafiz, ağa Dərviş!.. Sənin naxoşluğun bidərmandır, atam. Allah özü sənə rəhm eləsin... – Xoş gəldin, kərbəlayı! Get, atam, get!.. Mən də ayaqyalın, başıaçıq düşəcəyəm xanə-xanə... Bacılarım, qardaşlarım! Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! “İrşad” qəzeti, 8 aprel 1908, №47 * * * Balaca mütəfərriqələr 37 – Ağa Dərviş! İran viran olub?! Səni görüm sual sahibi, evin tar-mar olsun. Balam, nə üçün mənim naxoşluğumu təzələndirdin?.. Zəf, əsəb naxoşluğu canımı alıb, gecə-gündüz, vaxtbivaxt şeytanlar ətrafımı tutub. Biri çağırır: “İsfahan məra bəsəst”. Birisi deyir: “Ağa Dərviş, mütrüblərə bir tamaşa et”. Həyasız... nifrət edirik. Dilim gəlmir ərz edim... Deyir: “Ağa Dərviş, mərmər sərvincik... Tfu, məlun rəxti-xabdan çıxıb qaçıram dəniz kənarına. Bir kimsə yox, dəli-divanə, bilməm hara gedim. Cin və şəyatin məndən əl çəkmirlər...” Biri qolumdan dartıb hökm edir: “Bax, ağa Dərviş, bu divar altında zərd, zəif, lüt-üryan, başları altında palan yatanlara”. Elə budur, bax, bu saat gözüm qabağında dəstəbədəstə cahil, qoca fəhlələr dallarında palan... Budur, bax, altı pud yük altında, ayaqyalın, başıaçıq, qan-tərin içində... Vay, vay, fələk! Səbəb, evin tar-mar olsun! Biqeyrət, binamus, insafı itmiş, vicdanı yanmışlar! Məgər görmürsünüz bu halı?! Bu vətəndən, qohum-əqrəbadan, külfətdən əl çəkib diyarbadiyar düşənləri?! “İsfahan məra bəsəst, mərmər sərvincik, mütəərriblər...” Ay Allah, mən hara qaçım bu şeytanların əlindən?! – Ağa Dərviş, zavodlara bax! – “İsfahan məra bəsəst”. – Karxanalara bax! – “İsfahan məra bəsəst”. – Dəmir yollarına bax! – “İsfahan məra bəsəst”. – Paraxodlara bax! – “İsfahan məra bəsəst”. Əstəğfürullah rəbbi ətubi və ileyh... – Ağa Dərviş! Mərmər... Sakit olun məlunlar, kefə... əbləh. İsfahan nə üçün sənin olsun? İran nə üçün sənin olsun? İran İranındı, həpənd, sənin deyil! Bir baxın bu gələn selə, İran tərəfə bir nəzər et! Məlun, gör necə tufan qovuşub dağları aparacaq!.. Sel gəldi, qaçın!.. Məngənəyə qoyulmuş millət axır nəfəsində zindani-əsarətdən çıxar!.. Sel gəlir, qaçın! Ya heydəri-kərrar, səndən məded! “Tazə həyat” qəzeti, 15 iyun 1908, №144 * * * Balaca mütəfərriqələr 38 ...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur. İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!.. Bu halətdə ola-ola bədbəxt tayfanın qazandığını da əlindən alırlar... Kərbəlayı, and olsun mövlaya, mən hər qədəmdə ki İran fəhlələrini görürəm, libas əvəzində cod bez torbasının içində, dalında palan, bağrım çatlamağa gəlir, ağzıma gələn föhşü İran idarəsinin haqqında hər dəfə deyirəm. Gərək namus olmasın, qeyrət olmasın, insaf-mürüvvət olmasın ki, belə hala davam gətirəsən. Bircə fikir elə, kərbəlayı. Bir tək Bakıda otuz mindən ziyadə İran fəhlələri var. Bunların hərəsi ildə öz vətəninə iyirmicə manatlıq xeyir versə, yarım milyondan artıq edər... Bu biçarələr yay fəsli biçindən sonra qızdırmaya düşüb milçək qırılan kimi çöllərdə, küçələrdə Quransız, qohum-əqrəbasız ölürlər... Mərhum Nəsrəddin şah Badkubədən keçib Avropaya səyahətə gedən zaman mən o fikrə düşmüşdüm ki, cəmi burada sakin olan fəhlələri topluyam vağzaldan Tumanyansın evinədək. Hər tərəfdən, bəsər cərgə, dallarında palan, başlarında bir çirkli dəsmal, ayaqyalın, necə ki vardırlar, şah ötəndə ona salam versinlər. Baş tutmadı... Böyük müsibət burasındadır ki, bu otuz min fəhlələr arasında beş nəfər əlifba bilən yoxdur, kərbəlayı! Mən necə yaman deməyim belə idarəyə? Bir tək vücud öz eyş-işrətindən ötrü yeddi-səkkiz milyon rəiyyəti bu hala salmağı. Barı eyş-işrət heyvani olmuya. İnsafdırmı? And olsun vicdanıma, əgər qadir olsaydım, cəmi İran hakimlərini bir gündə yer üzündən götürərdim. Nainsaf uşaqları, məgər bu bərbiyabanə düşənlər, acından, zülmdən qaçanlar sizin din qardaşınız deyilmi? Bu qədər binamusluq, biqeyrətlik olarmı, beş gün ömürdən ötəri öz vətənini bisərü saman qoyasan! Bədbəxt, gözəl vətənim, yeddi milyonun müqabilində min nəfər cəllad, top və tüfəng də olsa, bir şey bacarmaz. Birləşin, amandı, vətən əldən gedir! Elə bilin ki, bir biyabanda qızdırmadan qırılırsınız... Eybi yoxdur, ta pərişan nə şəved kar besaman nərəsəd... Fəramuş etməyin, qardaşlarım, Vətən yolunda ölməkdən gözəl ölüm yoxdur... Səhraları qanla sirab edin ki, sünbüllər uzun bitsin! Qoca dərviş xudavəndi-aləmin dərgahından duaçıdır. Yatmayın, qardaşlarım! Allah sizə yar olsun. Ya rəb! Dərvişin duasını müstəcəb elə!!! “Tazə həyat” qəzeti, 26 iyun 1908, №145 * * * Balaca mütəfərriqələr 39 Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim? Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz... Oradan qulaqsız-burunsuz, təşrif gətirirəm Təbrizə. Vətən pərişan halətdə... Ciyərim odlanır, bağrım çatlayır... Yetişirəm Eynüdövlənin qulluği-şərifinə... Nərə çəkib ərz edirəm: Sərdar! Şümr zilcoşən də sərdar idi Rey mülkü nəzərdə... Mahi-məhərrəm yetişib. Şümr adı bundan sonra zikr olunmayacaq... Vay sənin halına!.. Oğlan, bu fəna dünyada nə bais olub biçarə Təbriz əhlini həyəcana gətirmək?.. Rey mülkü? Yox... Qəpik-quruş? Xəbər... Bəs nəmənə? Əlhəmdüllillah ki, cənab sərkarın xəzinəsində on quruş da yoxdur... Bəs, əfəndim, nə üçün Təbrizi topa tutmaq fikrindəsən?.. Cəllad!.. Cəllad!.. – Nə cürət edirsən, Dərviş?.. Vurun bu axmağın boynunu!.. Əbanı qaldırıb qan-tər içində nərə çəkirəm: Vay, fələk!.. Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla! “Tərəqqi” qəzeti, 12 yanvar 1909, №9 * * * Balaca mütəfərriqələr 40 Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür. Demə bu misranın da əsl mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsənsə, camaatla həmrəng ol. Mən də misranı əzbərləyib çox vaxt özüm-özümə oxuyurdum. Amma mənasını bilmirdim. Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən-birə keyfim gəldi, başladım bu misranı oxumağa. Demə karvansaranın içində olan cingöz Cabbar mənim bu sözlərimi eşidirmiş. Söhbətimiz qurtardıqdan sonra məni yanına çağırıb dedi: – Oğlum! O nə idi oxuyurdun? – Dedim bəs, vallah, bu mənəm həmişəki virdimdir. Amma heyf olsun ki, mənasını qanmıram. Gördüm ki, cingöz əmi bir başını silkələyib başladı mənə nəsihət eləməyi: – Balam, bunu yaxşı deyiblər, indi gəl bu qoca əmi də sənə bir neçə kəlmə söz desin. Əvvəla, oğlum, həmişə pullu adamla gəz, əgərçi sırf pəzəvəng olsa da, çünki camaat pullunun quludur. Əlhəzər, məbada kasıb-kusub ilə gəzəsən, vəlo in ki əxlaqda ictihad sahibi olsa. İkinci, oğlum, həmişə qolu çomaqlı ilə ülfətin olsun, çünki bir vaxtda adama lazım olar. Üçüncü, bu pencək-mencək artıq bir işdir, paltarını uzat. Bacarsan çiyninə bir əba da sal, çünki səttarül-Əyyubdur. İstəyirsən gündə otuz doqquz dəfə vərşikəs ol, meymun kimi cürbəcür oyunlar oyna. Ya adamdır, işdir birdən-birə, məsəla, bir yeşik pivədən-zaddan aparmalı oldun ki, bir balaca dilxoşluq eləyəsən. Daha onu hammala vermək olmaz! Onda, əlbəttə, yavaşca vurasan əbanın altına. “Mirat” məcmuəsi, 19 iyun 1910, №1, səh.7 * * * Balaca mütəfərriqələr 41 – Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq. – Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan... – Səbr elə, atam, görünür ki, dünya işlərindən sənin xəbərin yoxdur, ona görə də belə danışırsan... Qulaq as. Hükəmalardan birisi deyibdir ki, “insanın ömründə iki təsəlli var: biri gələcəyə ümiddir, biri də yuxudur”. Elə camaatın da ömründə iki təsəlli var: biri elm təhsil edən uşaqlardır, – istər ünas olsun, istər zükur, – o biri təsəlli yenə yuxudur... Bizim uşaqlar küçələrdə bisərü pa qalanda, camaatımıza bir tək təsəlli yuxu qalır... Nə yaman və necə bədbəxt yuxu!.. Allah xatirinə, qardaşlar, fürsəti fot etməyib yapışınız məktəb qapısından, əl çəkməyiniz, gecə-gündüz fikriniz ancaq elmdə olsun, yoxsa... Qardaş, and olsun zati-pakına, hamımız yaman günlərə qalarıq, necə ki bu saat biçarə İran qalıbdır... – Yaxşı, görək, ağa Dərviş, indiyədək biz elmsiz qalanda bizə nə olub? Ac qalmışıq, susuz qalmışıq, yoxsa bizə, Allaha şükür, nə olub?.. – Qardaş! Sənin danışığın məni təngnəfəs edir... Mənə rəhmin gəlsin Allah xatirinə. Axır bilmirsən, belə dünyadan bixəbərsən və mən də hər bir sözü aşkar deyə bilmirəm. Mən nə çarə qılım, nə tövr səni başa salım? Belə yaman günə qalmışıq. Bəs nə gündəyik? Camaatımızın arasında düşmənçilik, bədxahlıq, pərakəndəlik... Dəxi bundan artıq nə istəyirsən? Hər bir nalayiq işlərimizə bais bitərbiyəlik və nadanlıqdır. Məgər heç qəzetlərə meyl edib oxumursunuz, görmürsünüz ki, biçarə mühərrirlərimiz nadanlıqdan, cəhalətdən o qədər yazıblar ki, mən o barədə oxumaqdan təngə gəlmişəm. – Bağışla məni, ağa Dərviş! Mən aşkara görürəm ki, şəhərimizdə məktəb açılandan bəri dini-islamı bilmərrə unudublar. – Atam, bəs görünür ki, millətimizi, dini-islamı saxlayanlar məktəb üzü görməyənlərdir. Beləmi buyurursunuz? Qardaşım, görünür ki, doğrudan-doğruya, sənin nəinki dünya işlərindən, hətta şəhərimizin hal-hazırından xəbərin yoxdur... Daşkəsənlərimizdən tutmuş ta bizim ağalarımızın həyatına, məişət və güzəranına diqqət ilə bax, onda bilərsən ki, cəmi murdar işlərimiz hamısı bitərbiyəlikdən, elmsizlikdən əmələ gəlir. Milliyyəti, dini-islamı başa düşmək üçün, qardaş, gərək elm sahibi olasan... “Ağ qoyun, qara qoyun, başımı yerə qoyum” ilə milliyyəti, islamı saxlamaq olmaz. Qardaş, ta ürəyim doludur, amma ağzım bağlı, nə çarə qılım? Arif olsan bilərsən ki, nə ərz edirəm... Xülasə, a kişi, açıq gördüyüm işə, başa düşdüyüm şeyə nə arifbazlıqdır ki, təklif edirsən? – Belə olan suratdə, qardaş, məni bağışla ki, baş ağrısı verdim. Xudahafiz. – Rədd ol başımdan... “Yeni İrşad” qəzeti, 31 avqust 1911, №4 * * * Balaca mütəfərriqələr 42 – ...Vallah, qardaş, çığırmaqla, yalvarmaqla, nalə etməklə bizi xabi-qəflətdən ayıltmaq mümkün deyil... Min illərcə yaxşı vəzlər, axır zamanlarda şairlərimizin, mühərrirlərimizin nalələri onlara əsər etməyib. Sən bir qərib, bixəbər dərviş nə edə bilərsən? Qardaş, bu bir çətin məsələdir, bizim kimi adamların işi deyil, atam... – Kərbəlayı! Qardaşım! Mən neyləyim belə öküz kimi, gomuş kimi ömr keçirməyi bacarmıram. Hal-hazırımız ciyərimi odlayır, vallah, tab gətirə bilmirəm... Buyurursunuz danışma! Necə danışmayım, ay qardaş? Belə mənim qabaqda gələn övladımıza rəhmim gəlir. Belə biixtiyar danışıram... Danışmaya bilmərəm. Elə, bax, götür darülfünunları, ali məktəbləri qurtarıb bizim şəhərimizə təşrif gətirən bəzi cavanlarımızı. – Atam! Qoy onları öz işlərinə getsinlər. Onlarda nə işin var... Mən ki sənə bunu məsləhət görmürəm, ağa Dərviş, çünki aqibətdən qorxuram... – Kərbəlayı, elə o qorxu deyilmi bizim evimizi yıxıb sərgərdan qoyan... Əmri-bəməruf, nəhy əzmünkər məgər bizim şəriətimizin ali, müqəddəs hökmlərindən deyil. Bu hökmü qanmaq gərək. Beləcə hökmlərə əməl etmək gərək, ancaq bu yolla insan nicat tapa bilər... Kərbəlayı, mənim ömrümün çoxu gedib, azı qalıbdır. Mənim bir haqdan və bir lə vicdanımın əziyyətindən savayı heç bir kəsdən qorxum yoxdur. Dünyada dərvişə nə lazımdır? Bir löğmə nan, ona da Allah kərimdir. Gələk, kərbəlayı, mətləb üstünə. Sahibi-elm cavanlarımızın haqqında mən necə danışmayım? Baxırsan libasları əntiq, ayaqları təmiz, döşlərində darülfünun nişanı, zahirdə fəxrə layiq. Batində işləri, fikirləri nə? Məsəl var ki, şeytan qulağına qurğuşun. Ancaq “aylıq məvacib üç yüzdür, sonra da gərək səkkiz yüz olsun, çünki biz elm təhsil etmişik, zəhmət çəkmişik”. Afərin! Bu şeyə sözüm yox, olsun, kim nə deyir, istəməyən kor olsun. Ancaq, qardaşlarım, buyurunuz görək məşğuliyyətiniz nədir? Bir neçə saat hökm etmək, ondan sonra da bimənə laqqırtı, sonra da zarafat... Sonra, əfəndim, nədir? Sonar pul çox, amma iş az, keyf yeri də var... Buyurunuz, atam, görüm bir neçə nəfərdən savayı camaata, millətə, insaniyyətə nə xidmət edibsiniz? Hansı cəmiyyətləri bina etmisiniz? Hansı kitabları yazmısınız? Hansı millət işində çalışmısınız? Belə işlərdən bir nişanə də yoxdur. Kərbəlayı, bir şəxsin ki ömrü gümüş kimi ola, bir şəxsin ki, vücudunda bir kari-xeyir baş verməyə, o vücudun qiyməti beş quruş da deyil. Vəssalam. Qeyri-tayfaların cavanları gecə-gündüz millət yolunda, insaniyyət yolunda çalışmaqda, bizim cavanlarımız da əcnəbi qızlarının dalınca düşməkdə. Bir firəngi, biri almani... Nə isə, nə bilim hansı təpədən qaçmış, dərədən azmış... Xülasə... – Xülasə, ağa Dərviş... – Xülasə, kərbəlayı, ancaq bilirəm ki: Keçsə belə illər, belə günlər, belə dövran, Dünya olacaq başımıza təng deyirlər. “Yeni İrşad” qəzeti, 4 sentyabr 1911, №6 * * * Balaca mütəfərriqələr 43 Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qəbristana rast gəldim... Səsimə səs verən olmadı, ciyərim odlandı. Zülmətə rast gəldim, ah-naləm asimana bülənd oldu. Xülasə: Yetişdim bivəfa dünyadə qəmdən cana, ya mövla, Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla. Görmədim o məqamı ki, balalarımız bu lütlər kimi məktəbləri əhatə etsinlər, çatmadım arzuma... Dedim: el ilə gələn vaya el də gərək əlac etsin... Amma eləməz, xabi qəflətdə yatıbdır... Nə edəsən, kimə yalvarasan? Haraya gedəsən? Bəhər tərəf ki, nikəmeykəti biyaban əst... Get, ağa Dərviş, üzünü tut pərvərdigarın dərgahına, dərdlərə əlac ara... “Yeni İrşad” qəzeti, 6 sentyabr 1911, №7 * * * Balaca mütəfərriqələr 44 Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar. Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur. Amma, kərbəlayı, bizim çox adətlərimiz var ki, bizi o çanaq altından çıxmağa qoymurlar. Məsələn, bizim oğul evləndirib, qız verməyimizə bir bax. Qız evindən hökm gəlir: səkkiz dəst libas, biri zərzərdən, biri zərzibadan, biri xəzriyıxmazdan, biri gəndədurdan, biri şəmsülqəmərdən, biri qayçıkəsməzdən, nə isə... Əlavə bir altı pud şirni, qırx kəllə qənd, iki pud nabat və iyirmi beş xələt. Allah göstərməsin, filan qədər qızıl şeylər. Gəl bunların indi cavabını ver görüm necə boğazın qurumayacaq! Necə “vay, dədə vay!”ın asimana bülənd olmayacaq! Bununla belə o tərəf buyurur: “Mən qızımı əskik tuta bilmərəm”. Bu tərəfin boğazı quruya-quruya deyir ki: “Filankəs oğluna nə tövr toy edib. Mən ondan əskik deyiləm ki! Mən də gərək onun kimi rəftar edəm, hətta bir azca da ondan artıq...” Belədir, kərbəlayı, yoxsa belə deyil? – Bəli, ağa Dərviş, belədir. Mən oğlumu beş il bundan irəli evləndirmişəm, hələ indiyə kimi onun borcunu verib qurtarmamışam. – Hə... Bu işə deyirlər: “çanaq altında qalmış”. Qulaq as, kərbəlayı, bu çanaq altında qalmış işlərimizin aqibətini sənə ərz edim: Atam, əvvəla, evlənmək, yəni evi olmaq deyən sözdür. Biz nəinki evi olmaq xəyalındayıq, hətta evi pişəzvəqt bərbad edirik. Saniyən, qız tərəfin hökmlərini bilib evlənmək adını xəyalımıza da gətirməyə cürət etmirik... Odur ki, cavanlarımız kənarda gəzirlər, hərə bir düşəngi saxlayıb dolanırlar. Suçularımızdan başlayıb ta mənim tacsərlərimədək... belə bir pərişan haldır. Kərbəlayı, bu işin aqibətini fikir edəndə bədənimi atəş tutur, cismim odlanır... İndi o cavanlarımızdan sual edirəm: Qardaşlarım! Siz ki xarici qızlarını özünüzə hərəmi-möhtərəm edirsiniz, bəs sizin öz bacılarınız, qohum-əqrəbalarınızın qızları, ya ki millətinizin qızları necə olsunlar?! Məgər siz belə murdar işlərin aqibətini fikir etmirsiniz? Qızlarımız xırdavat satanamı getsinlər, yainki siz qoyan yol kimi xarici oğlanlarına... Bu nə pərişan haldır, kərbəlayı! Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. Allah sənə insaf versin, balam... “Yeni İrşad” qəzeti, 12 sentyabr 1911, №12 * * * Balaca mütəfərriqələr 45 Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər. – Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?! – Ağacan! Hal-hazırımız məni yandırıb, vadar edir. Qəzəbnak olmayız, elmsiz cəhalətdə qalıb payimal oluruq... İran bərbad olur cəhalətdən... Avropa məmləkətlərindən yeddi yaşından tutmuş ta yetmiş yaşınadək bir ünas, ya zükur tapmazsan ki, mədəniyyətdən kənar olsun; amma buyuruz bazara, buyuruz karxanalara, mədənlərə. Min nəfər İran əhlindən biri, bəlkə yazıb oxumaq bilə. Ağacan, bir gün qəsdən əlimə bir kağız alıb dövr etdim, bazarı gəzdim, karxanaları, mədənləri dolandım, bir İran əhli tapmadım ki, mənim kağızımı oxusun, hər yerdə savadım yoxdur dedilər... Ahnaləm asimana bülənd oldu. Mərhum Nəsrəddin şahı yad-bud etdim... Necə yad-bud etdim? Onu, arifsən, ağacan, annarsan... İran dursun kənara. Götürək bizim öz şəhərimizi. Təftiş ediniz, onda bilərsiniz ki, iki yüz adamdan bəlkə bircəsi ana dilində oxuyub yazmaq bilir... Məgər bu halət huşyar olan qardaşlar üçün müsibət deyil! – Ağa Dərviş! Sözlərin haqdır, amma işə bir tərəfdən baxırsan, atam! Elm lazımdır. Elmi peyğəmbərimiz vacib edib. Ancaq çifayda, bizim darülfünun qurtarıb gələn bəzi cavanlarımız camaatı elmdən ikrah ediblər. Bu həzərat bizlərə etina etmirlər. Cəmi sülük-rəftarımızı tənqid edirlər. Bu sifətlər kimi elmdən ikrah etməz, əfəndim? – Ağacan! Bisəbəb iş olmaz, çox da müqəssir etmirik bu cənabları; tərbiyəli anaları olmayıb. – Ha, ha, ha... Bağışla məni, ağa Dərviş, tamaşa et bu ürəfaların işlərinə... Aralarında ana dili məhv, dillərini də... Hərəmləri: biri firəng, bir alman, biri yəhudi, biri kim... Balalarının ismi-şərifləridir: Nisə olub Dusya, Züleyxa – Zulya, İskəndər – Saşa, Midhət – Mitya, Mərziyə – Marusya, Ayna – Anyuta, İzzət – Aza... Hakəzə... Belə evlərdə verilən tərbiyədən nə hasil olacaq, atam? Bizləri tanımayacaqlar, bizlərə yaxın durmayacaqlar. – Ağacan! Dübarə ərz edirəm ana olmayıb... Tərbiyəli ana gərək tərbiyəli bala yetirsin... Bundan sonra ümidimi hər tərəfdən kəsib, atam, dəxil düşəcəyəm analar qapısına: analar, sizi and verirəm o məhəbbətə, hansı ki övladınıza var, bizi bu təhlükədən qurtarmaq adilə ömrünüzü sərf edin elmə və elm gücilə tərbiyə verin balalarınıza. Hansılar ki bir tək sizin təhti-nəzarətinizdədirlər və möhtacdırlar ana tərbiyəsinə! Xudaya, dərvişin bu naləsini icabətə yetir. “Yeni İrşad” qəzeti, 18 sentyabr 1911, №15 * * * Balaca mütəfərriqələr 46 – Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm? – Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm. – Dünya bərbad olub? Nə olub məgər? A kişi, nə vaxtadək biz sənin ah-naləni eşidəcəyik, kifayət deyil? – Gör ağlarsan, ağlamazsan?! Atam, ənvayi-müsibət ilə özümə bir koma tikmişdim. Bir namərtub, atasından bixəbər gözüm görə-görə komadan məni çıxardıb ki, koma mənimdir. Başıma da beş-on yumruq çırpıb, məndə güc yox. Neyləyim, neyləyim, düşdüm qapılara, yalvardım qonşularıma: ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. İndi qalmışam naçar, bilmirəm harda gecələyim. Bundan artıq dəxi nə istəyirsən? De görüm sən də ağlarsan, ağlamazsan, kərbəlayı? – Ağa Dərviş! Yaxşı, atam, o qonşular həmişə insafdan, vicdandan və insaniyyətdən dəm vuranlardır. Nə deyib sənə kömək etmədilər? Necə razı oldular belə açıq quldurluğa? Sən bir balaca ayağını əyri qoyanda onların dad-fəryadı göyə çıxır: “Ay aman, ay dad, qoymayın dərviş dünyanı xaraba qoymaq istəyir. Filana, filana əziyyət verir. Başından basıb, qoymayınız nəfəsi çıxsın”. Afərin belə insafa, belə dövrana!.. Atam, görünür ki, sənin bəzi qonşuların özləri də qaçaq-quldurdan bədtərdirlər... – Kərbəlayı! Cəmi işlərdən müşkülü odur ki, heç kəsi qoymurlar ki, mənlə bərabər göz yaşını töksün. Bilirsən, insana bir bəla düçar olanda, ona göz yaşı yenə bir təsəllidir. Zalımlar onu da qoymurlar... – Bəs indi fikrin nədir? – Fikrim nə olacaq? Xəlvətdə ağlamaqdan savayı nə ola bilər?.. Belə zülmü Allah-taalanın divanına tapşıracağam. Əgər Allahın rəhmi olar, inşallah da olacaq, komam qayıdar özümə. Əgər qayıtmaz, özümü həlak etməkdən savayı əlacım dəxi qalmır... Yurdsuz-yuvasız mən dünyada necə ömr edə bilərəm, sən özün de, kərbəlayı? – Allah sənin dadına yetsin, ağa Dərviş! Bundan savayı mən sənə nə deyə bilərəm, əlimdən nə gəlir? – Atam, Allah səndən razı olsun, mənim bu halımda sənin bu sözlərin də mənim üçün genə bir təsəllidir... Xudahafiz. “Yeni İrşad” qəzeti, 28 sentyabr 1911, №24 * * * Balaca mütəfərriqələr 47 – Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan... – Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz! Ağamın bu sözlərindən ovqatım oldu təlx, cin vurdu başıma... Ərz elədim: – Ağacan! Buyur görüm kimdədir taxsır? Buyur görüm sizlər nə vaxt camaat yolunda çalışmısınız, nə vaxt camaata baxıb durmusunuz?! Heç bir vaxt! Sizlər ancaq cibişdana qulluq etmisiniz... Aşkardır, bir tək cibişdana qulluq edən vücud məktəbə kömək edə bilməz və millət də onu tanımaz və tanımaq da istəməz... Belədir, atam, ya yox? Ağamın boğazı qurudu, başladı udqunmağa, cavab verə bilmədi. – Buyur görüm, ağacan, sizlərə məlumdurmu ki, bir nəfər uzaqdan gəlmiş cənab... Necə cənab?! Camaat arasında iğtişaş salıb, bir-birilə düşmən edib, işləri cürəbecürə fitnə-fəsad ilə qarışdırıb, indi yaman fikrə düşüb. Budur ərz edirəm, məcburam ərz etməyə, hərgah o cənabın fikirləri baş tutsa, onda vay, vay sizin halınıza!.. – Bilirəm nə deyirsən, ağa Dərviş, ancaq nə etməli? Camaatımızda hissi-ittifaq yoxdur... – Çox pakizə, çox gözəl... Buyur görüm sizlərdə nə üçün yoxdur o hissi-ittifaq? Yoxsa cibişdan məsələsi mane olur? Vay, vay, ağacan! Ağam artıq davam gətirə bilməyib yola düşdü, mən də üz qoydum mənzilə... Haləti-pərişan... Xəyalıma nə gəldi? Bilirsən kərbəlayı, nə gəldi? Bir bədbəxt, birəhm, bimürüvvət, nainsaf, bivicdan məsələ: “Məndən ötdü qonşuma dəydi, elə bildim ki, saman torbasına dəydi”. Belə məsələ, kərbəlayı, heç bir tayfada yox, ancaq bizim kimi bədbəxt nadanlar arasında davam edə bilər... Bədbəxt, yazıq tayfa! Xudahafiz, kərbəlayı! Bu gün sən mənim yaramın üstə od basdın, yaman hala saldın... – Məgər, ağa Dərviş, mən insan deyiləm? Mənim özümün əhvalı pərişan oldu... Xudahafiz. “Yeni İrşad” qəzeti, 2 oktyabr 1911, №27 * * * Balaca mütəfərriqələr 48 – Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qışqırırdım. Keçsə belə günlər, belə illər, belə dövran, Dünya olacaq başımıza təng, deyirlər... Amma, çifayda, kərbəlayı, zəhmətim bisəmər qaldı. İndi mən aşkar görürəm ki, torpağımızda zəhər var. Heç bir toxum belə torpaqda nəinki bitməz, hətta cücərməz də. Ona görə də bazar dövrünü mən tərk etdim. – Nə eyib elər, ağa Dərviş, qəsidələrdən əl çəkmisən, yazmaqdan əl çəkmə. Əlhəmdülillah, ruznaməmiz ki var, qoy oxusunlar, bilsinlər ki, dərdimiz nədir, dərdlərimizə əlac nədir. – Bağışla, kərbəlayı! Qəribə sən bixəbər adamsan! Atam, qabaqca mənə ruznamə oxuyanları göstər, baş üstə, mən də yazım... Bizim camaatın başı gecə-gündüz qəpik-quruş güdməkdədir. Bir qara pul bizim üçün hər bir şeydən qiymətli olubdur. Bir saat vaxt olar ki, ruznamə də oxusunlar? Əlavə böyük bədbəxtlik ondadır ki, camaat arasında yüzdən birinin savadı var və savadı olan adam bizim ruznamələrə əsla etina etmir. “Nə ruznaməbazlıqdır?” – deyib bulvara təşrif aparır... Yox, kərbəlayı, Allah xatirinə əl çək yaxamdan. Bundan sonra mən əlimə qələm də almayacağam, çünki torpağımız torpaq deyil, zibildir içində zəhər... – Bəs nə etmək gərək, ağa Dərviş? Sən özün deyirsən ki, işlər belə keçsə dünya olacaq başımıza təng deyirlər. Elə yatıb qalaqmı? – Yatıb mürtəd azarlıq etməmək ki, xeyr bir işdir. Dərd orasıdır ki, bu kəsafəti-mədə ilə bir-birimizə əziyyət də veririk, bir-birimizin malına, canına, namusuna toxunuruq. Elə namərtub, bivicdan işlər görürük ki, adamın əti ürpəşir, başının tükü qabarır. – Hansı işlərimizi buyurursan, ağa Dərviş? – Qulaq as, kərbəlayı! Bir gün bir məclisdə əyləşmişdim. Başladılar ki, bir ya iki ildən artıq övrət saxlayan kişinin ağlı yoxdur. Övrət növrəstə gərək ola, ildə də biri... Ağalardan birisi buyurdular ki, ildə bir övrət almaq yaman olmazdı, amma bir az çox xərc istər. Həzəratın neçəsi qəhqəhə edib buyurdular ki, övrətin başına elə iş gətirmək olar ki, atası evi deyib, düz getsin. Kəbin pulu nədir, xərci nədir? “Kəbinim halal, canım azad”, vəssalam. Get bir qeyri-kasıbca, növrəstə qız tap, on dörd yaşında. Pəh, pəh, pəh, ildə biri... Məclisdə sinnə dolmuş cənablara nəzər etdim, aşkara gördüm ki, ağalarımın söhbət xoşlarına gəldi... Qalxdım ayağa... Ağlım başımdan oynadı... Ərz elədim: – Ay biinsaflar, biədəblər, biqeyrətlər! Məgər ünas tayfasını Allah yaratmayıb? Məgər sizlərdə insaf, mürüvvət, rəhm yoxdur? Necə həya edib dilinizə gətirə bilirsiniz göyçək, kasıbca qızı, on dörd yaşında, bir ildən sonra küçələrə atılmış, ac-susuz?.. Bərəkallah! Adınızı müsəlman qoymusunuz... Bütpərəstlər!.. Heyvandan əskiklər! “Vay, vay!” – deyib çıxdım məclisdən... “Yeni İrşad” qəzeti, 18 oktyabr 1911, №41 * * * Balaca mütəfərriqələr 49 ...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri. Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu... Amma, kərbəlayı, mən o qədər qəti ümid olmuşam ki, bu zamanda iki nəfər adamın da birləşməyinə etibar edə bilmirəm. Odur ki, camaat işlərimiz də bisərəncam qalmaqdadır. İndi biz, atam, etibardan düşmüşük, rahat yatmışıq. Cəhalətlə o qədər bərk yatmışıq ki, bəlkə də qiyamətdə ayılaq. Bəli, bəli, yatmışıq, məst olmuşuq. “Yeni İrşad” qəzeti, 25 oktyabr 1911, №47 * * * Balaca mütəfərriqələr 50 Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram? Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır). – Ağa, təşrifiniz? – Bəndə Təbrizdən gəlmişəm, dost-aşnaları ziyarət etməyə (pul yığmağa). Uzun donlu, saqqalı sığallı ağam ilə söhbət imiz xeyli səkdi. Əzon cümlə buyurdular: – Mənim mərhum atamın “bir təsbihdən bir dənə artıq, ya bir dənə əskik övrəti var idi”. Bu sözləri eşidib “bərəkallah sənə də və mərhuma da!” – deyib, qalxdım ayağa, ərz etdim: – Bir vilayətin ki belə rəisi və belə ruhaniləri ola... o vilayət xaraba qalmaya bilməz idi. Necə ki xaraba da qalıb. Xudahafiz, atam... Üz qoydum mənzilə. Amma necə halətdə?.. Bir tərəfdən yaman dedim, bir yandan göz yaşı tökdüm... “Yeni İrşad” qəzeti, 11 noyabr 1911, №62 * * * Balaca mütəfərriqələr 51 ...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri. “Aqibət gürgzadə gürg şəvəd, Gərçi baadəmi büzürg şəvəd”. Babalarımızdan bizə irs qalıb, tənbəllik, vücud-bavücudluq və qeyri-qeyri sifətlər... Ona görə o “keçən günə gün çatmaz”ın mənasını mən qana bilmirəm. kişisən, övladın fikrini çəkmə, millət dərdini çəkmə. Qanma ki, dünyada insaniyyət nədir, fikrin ancaq olsun heyvaniyyət surətində dolanmaqda. Adın da qoy “keçən günə gün çatmaz”. Afərin sizə! Kərbəlayı, babalarımızdan irs qalmış bizim çox qəribə adətlərimiz var. Nə qədər axmaq, nə qədər bifayda, başdan-ayağa səhv və bivicdan. Onlardan birini ərz edim: Bir gün mənim evimi kəsib, olub-qalanımı apardılar. Evdə bir qaşıq da qalmadı. Bu müsibəti eşidib dost-aşna, bir on nəfər təşrif gətirdilər bəndəyə “təsəlli” verməyə. Bir həftə sübhdən axşamadək əyləşdilər mənzilimdə. Hər gün nahar, şam, şam, nahar... Həftə keçmiş, şeylərdən bir qədər tapıldı. Həzərat bu dəfə təşrif gətirdilər “gözaydınlığa”. Genə nahar, şam, şam, nahar, üç gün... Qab-qazanı qonşudan aldım, yüz manat borc etdim. Bəndəyə “təsəlli”ni verən ağalarım heç fikir etmədilər ki, axır bu kişinin evi bərbad olub, buna kömək lazımdır, nəinki bunu borca salmaq, əziyyət vermək. Belə gözəl adətlərimiz var, kərbəlayı. Müftəxor babalarımızdan bizə böylə şeylər irs qalıbdır... Nöqsanlı işlərimiz həddən ziyadədir. Kərbəlayı, Allah yar olsa, bir-bir ərz edəcəyəm. Hələlik xudahafiz! “Yeni İrşad” qəzeti, 14 noyabr 1911, №64 * * * Balaca mütəfərriqələr 52 Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana... – Mövlayi-mən! Xirqəvü səccadəra dadəm bemey, Əz xərabət amədəm, xümmarvar. Bir tərəfdən “əhsən, ağa Dərviş!”, bir tərəfdən “al gəlsin ağa Dərviş!..” Bir saat çəkmirdi, həftəlik azuqəm olurdu cəm... İndi günü qara, əli qoynunda nan-pənirə həsrət... Qapılara düşüb loğma-loğma çörək yığmaq dərviş Heydərin şəninə yaraşmaz, ac da qalmaq olmaz... Bəs nə etməli? Əlac yox, mən də gərək həriflər gedən yolu tutum... Adımı qoyacağam xüsusi müxbir, paytaxtlarda çıxan qəzetlərə teleqramlar göndərəcəyəm... Tel xərci onlardan, hər teldən üç manat bəndəyə... Pəh, pəh, pəh!.. Dörd tel göndərdim, on iki manat cibişdanda... Bazar getsin cər-cəhənnəmə, qəsidə də dalınca... Yazacağam ki, “qət olmayıb, taun tutmuş kəsəgənlər çatıblar ətraf kəndlərə, mədənlərə, bu gün-sabah dolacaqlar şəhərə. Professor Zabolotnı başını itirib, camaat təşvişdə... Qaçaqaç başlayıb... Qara naçalnik gizlənib, qlava yatıb... Buradan yazacaqlar ki, dərviş Heydər dəli olub... Tellər başdan ayağa yalandı, taun bilmərrə qət olub, kəsəgənlər çöllərdə səlamət oynaqlaşırlar... Adımı qoyacaqlar “arxixuliqan”... Çox mənim vecimə idi... Hər nə istəyirlər qoy desinlər, cibişdanım sağ olsun... Onlar yazırlar yalandı, mən də yazaram ki, xeyr, doğrudu... Çox da bərkə çəksələr, şahid taparam duxançılardan, gədə-güdədən. Onlar da təsdiq edərlər ki, dərviş Heydər ömründə bilməz yalan nədir, qurtardı getdi... Sağ olsun cibişdanım! Sağ olsun həmkarlarım! “Sədayi-həqq” qəzeti, 28 may 1914, №22 * * * Balaca mütəfərriqələr 53 – Gözlərimiz aydın olsun, ay ağa Dərviş! Məgər xəbərin yoxdur? Qoçubazlığa, nahaq qan tökməyə mübarizə elan olunub... Həmd olsun xudaya! Nə gözəl niyyət, nə gözəl iqdam!.. – Kərbəlayı, bağışla məni! Görünür ki, sən hal-hazırımızdan bixəbərsən. – Necə məgər, ağa Dərviş? – O mübarizə puç, xam xəyaldır, əfəndim. Ondan ötrü ki, nə qədər mürtüblər əllərində piyalə və zəng toylarda süzəcəklər, nə qədər ki, cəngilər tək otaqlarda “cigi-cigi” oxuya-oxuya oynayacaqlar, nə qədər ki, o iki cürə aşnabazlıq var, nə qədər ki, ad-san, nüfuz qazanmaqdan ötrü cəlladlıq var, nə qədər büxl, xəyanət var, nə qədər qara quruş üstə boğuşmaq var... piştolar, berdankələr, qəmələr göydə oynayacaqlar... – Nə söyləyirsən, a kişi? Belə döşünişanlı cavanlarımız, onlara canım qurban, cəmiyyət bina edib, nizamnamə yazıblar, gecə-gündüz çalışırlar... – Cavanlarımız nahaq o fikrə düşüblər, kərbəlayı... Cəhalət və pul olan yerdə o qan həmişə töküləcək... Cəhalət, pul... – Bəs necə olsun, ağa Dərviş? Axır belə müsibətə dözmək olmur. – Doğrudu, kərbəlayı, işlərimiz çox yamandır, müsibət ürək yandıran müsibətdir... Əli vurdu Vəlini öldürdü... Əli gedir katorqaya, Vəli Çəmbərəkəndə. Külfətləri qalır əl-amanda, balaları küçələrdə, analar nə hala düşürlər... Qeyrət, namus... Dilim gəlmir ərz etməyə, kərbəlayı, arifsən, qanarsan. – Allah xatirinə bəs nə etməli, əlac nədir, ağa Dərviş?! – Nə etməli Heç nə... Gözləmək gərək ta ki elm sahibi, tərbiyə sahibi analar girsin meydana... Qoy cavanlarımız o mübarizəni ünasın elm və tərbiyəsinə düşmən şəxslər ilə etsinlər, var-yoxlarından keçib analara tərbiyə versinlər. Yoxsa, atam, pul cəhalətlə bir yerdə olanda, bəd əməli sən fövt edə bilməzsən... Qoçubazlığı saxlayanlar məlumdurlar... Kifayətdir, kərbəlayı, beriza xuda, məni artıq danışdırma, xatası var. Qardaş, yazığam, xudahafiz. “Sədayi-həqq” qəzeti, 7 iyul 1914, №155 * * * Balaca mütəfərriqələr 54 Getsin gəlməsin Keçmiş hala bir nəzər Zəmani ki, yerlərimiz işğal olundu, əski idarə tərəfindən əvvəl təşrif gətirən “kamendant” cənabları oldu. Bu cənab bir neçə müddət basdı, kəsdi, asdı... Sonra təşrif gətirdilər ağa “murovlar”... Bu ağalar hərəsi öz mahalında dövr etdilər. Bu kənddən o kəndə, o kənddən bu kəndə... nazirin nar çubuğu “rozği”... Qulluği-şəriflərində dilmancı, katibi və dəftərxana əmələsi, hesabsız çaparlar və çaparbəyi... Hər mənzildə pişəzvəqt sursat yığılmaqda. On rəs qoyun, bir rəs kök dügə, iki pud soğan, on girvənkə duz, bir pud yağ, çörək nə qədər lazım olsa... Atlar üçün arpa, saman, ot... Hamısı yazıq camaatdan... Sursat az olmaq üçün və bir azca da cib xərcliyi qabaqcan təşrif gətirən cənab çaparbəgiyə... Bunlardan sonra təşrif gətirdilər ağa pristavlar, “strajniklər”, “qaradavoylar”... Qaradavoylardan qorxduq, pristavların qabağında titrədik, dilimiz tutuldu, nitqimiz olmadı dərdimizi söyləməyə... Getsin gəlməsin, xudaya! Hər nə qazandıq qopardılar... Əl atdılar torpağımıza. Saldılar bizi cəhalət dəryasına. Əlimizdə olan mədəniyyət yavaş-yavaş puç oldu... Axırı qəsd etdilər dilimizi, dinimizi batırsınlar... Cəlladlarımız bizi axır nəfəsə yetirdilər... Getsin gəlməsin, xudaya!.. Şükürlər olsun, xudaya, o zalım, birəhm idarə cəhənnəmə vasil oldu... Düşdü Bakının neft quyusuna... Dalınca qənbər atız, hərc-mərc olsun... Yaşasın hürriyyət, yaşasın müsavat, yaşasın yeni hökumət. “Açıq söz” qəzeti, 4 aprel 1917-ci il, №441, səh.3 * * * Balaca mütəfərriqələr 55 Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri? – Ay qardaş! Ancaq, Allah xatirinə! – Pul istəmirik, bir parça çörək ver bu tiflə... – Olarmı bir yer ki bir-iki saata pənahlanaq?.. Eşitmirsinizmi bu nalələri?! Eşitmisiniz yəqinimdir, görmürsünüz bişəkk. Necə ola bilərdi görməyəsiniz o soyuqdan, acından taqəti kəsilmiş, “yalvarmağa” gücü çatmayan, ötüb-keçənlərə məzlum-məzlum baxan tifilləri?.. Görmüsünüz, amma... insaf, mürüvvət, vicdan sizdə olmayıb. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymayıb... “Allah versin” – deyib keçmisiniz. Sübhdən axşamadək alış-verişdə, əhalinin nəfəsini darıxdırıb birə on qazanırsınız... Barı fağırlara rəhm ediniz! Şəriətinizi, Quranınızı yad ediniz... Mən qana bilmirəm, mümkün olan işdirmi düşbərəni xortuldadım, qonşum acından köpük qussun?! Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda biləsən ki, küçədə cındır yorğan altında bir ər, bir arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qısılıb növbə gözləyirlər?! Vay, fələk! Kim deyir insafım var? Ah, kifayətdir, ağa Dərviş! “El həyatı” məcmuəsi, 1918, №2, səh.6 * * * Balaca mütəfərriqələr 56 Birinci nalə Quzğunlar Əfəndim, bilirsiniz quzğun nədir? Quzğun – nəştər caynaqlı, əyri dimdikli, leşdidən bir quşdur. Onun həmkarı olan dörd ayaqlılardan biri tülkü, biri çaqqaldır. İki ayaqlılardan isə çoxdur; ancaq adlandırmağa cürət edə bilmirəm, amma, sifətlərindən ərz edə bilərəm: Pətənələri çuvaldan böyük, iştahaları həddən ziyadə... Utanmaq bilməzlər, həya etməzlər... İnsaf, vicdan, mürüvvət heç yuxularına da girməz. Vətən nədir, millət nədir... cərri-cəhənnəmə! Cibişdanım sağ olsun!.. Yazıq vətənim!.. Quzğunlar leş didəndə din-iman yaddan çıxır, vətəni para-para etməkdə heç kəsdən qorxmurlar, çünki burada “əl əli yuyar, hər ikisi də üzü” məsələsi var... Yazıq vətənim!.. Biri meydana girib əsgərlərimizə rəhmi gəlir. Hərbiyyə nəzarətinə mahut satmaq istəyir bir çox balaca qazanca... Biri boçka taxtası alış-verişinə girişmək istəyir... Biri milyonlar cibişdana qoyub, avtomobildə əyləşib, şəhəri dövran edir. Biri neçə yüz minlərə qədər... yeri... Yaşasın ərzaq nəzarəti!.. Yaşasın qaçqınlar!.. Yazıq vətənim! Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim cananə, ya mövla! * * * Balaca mütəfərriqələr 57 İkinci nalə Berne adlı bir nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”. Bu vətənsiz cənab yalnız anadan doğulduğu şəhəri özünə vətən hesab edib, onu külfətimdən artıq sevirəm demiş. Hərgah onun vətəni Azərbaycan kimi gözəl, dağlı, çəmənli, varlı olsaydı, o vaxt görəsən o nə dil ilə, necə sözlərlə öz məhəbbətini ona bildirərdi? Yəqindir ki, yazardı: “Gözəl Azərbaycan, uca dağlarına canım qurban, laləli, çiçəkli çəmənlərinə malım qurban, soyuq bulaqlarına, meyvəli bağlarına balalarım qurban! Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!.. Yaşa vətənim, çox yaşa!” Bəs indi biz azərbaycanlılar öz vətənimizin haqqında necə rəftar edirik? Biz bədbəxtlər ancaq vətənimizi tar-mar edən quzğunluq yaratmışıq!.. Vətənin pərişan halı, işlərimizin hərc-mərc olması, daxili-xarici düşmənlərin varlığı məni, mən qoca Dərvişi o qədər yandırmır, o qədər dərdə salmır, nə qədər ki, hal-hazırda içimizdə olan quzğunluq!.. Gecə-gündüz, vaxtlı-vaxtsız, hər dəqiqə vətənin qanını soran quzğunluq! Amandır, quzğunlar! Vətən əldən gedər, yaman günlərə qalarıq. Balalarımızın xatirinə, gələcəkdə övladlarımızın xatirinə rəhm edin vətənə, rəhm edin millətə, əl çəkin mürtəd işlərdən, yoxsa gələcək tarixində adınız çəkiləndə lənət oxunacaqdır... * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-muteferriqeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.