Nə əkərsən, onu biçərsən Nəcəf bəy Vəzirov (1854–1926) Nə əkərsən, onu biçərsən (Qəziyyə, 4 məclisdə) Əhli-məclis Səfdərqulu – otuz yaşında, Avropa libasında Sərvinaz xanım – onun anası Göhər xanım – onun arvadı İsmayıl bəy – Göhər xanımın qardaşı, otuz beş yaşında Nurəddin ağa – İsmayıl bəyin qoca dayısı Rəşid, Mərdan – İsmayıl bəyin nökərləri Heydər – Sərvinaz xanımın qardaşı Hacı Cəfər – tacir Nurcahan – qoca arvad Xəlil – Səfdərqulunun aşnasının evində nökər, iranlı Məşədi Əli * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Göhər xanımın otağında... Sərvinaz xanım, Göhər xanım səndəl üstə əyləşmişlər. Sərvinaz xanım (Göhər xanıma). Allah mənim oğluma insaf versin... Neyləyim, a başına dönüm?.. Vallah, billah, savaşıram da, yalvarıram da, əlac olmur... Bir az artıq-əskik də danışanda atam, anam qalmır... Sən də vaxt-bivaxt oturub-durub deyirsən ki, gedəcəyəm, qalmayacağam. Mən başıma nə kül töküm? Göhər xanım. Mən bu iki ilin ərzində oğlundan bir xoş sifət görməmişəm. “Mırıldama, artıq danışarsan, dişlərini tökərəm”... Rəftarı belə olub... Canım, səbrdir, zülmdür, bəsdir. İndiyədək abır, ismət saxladıb məni. İndi dözə bilmirəm. Xilas olub getməkdən suvay əlac qalmayıb... Sərvinaz xanım. Genə səbr lazımdır, qadan alım. Nə etmək gərək? Bizim bu xaraba şəhərimizdə az adam tapılar ki, xarici qızı saxlamasın. Göhər xanım. İş onda deyil, Sərvinaz xanım. Külfət sahibində insaf olsun, nəinki hər məqamda “çox mırıldama” desin. Sərvinaz xanım. Göhər xanım, qurban olum sənə, bax elə götür mənim özümü. Rəhmətlik ərim həftə səkkiz, mən doqquz döyərdi məni... Hətta bir yol öldürmək də istəyirdi ki, niyə genə qız doğmusan? Qaçdım təndirdə gizləndim, tapa bilmədi... Səfdərqulunun atası da onun kimi kənarda şarlatanlıq eləyib... Axırda peşman, genə qayıtdı uşaqlarının üstünə. Göhər xanım. Mənim axır sözüm odur ki, burada qalmayacağam, xilas olub gedəcəyəm, vəssalam. Sərvinaz xanım. A qız, sən məni lap təngə gətirdin ki, “gedəcəyəm, gedəcəyəm”. Göhər xanım. İki il həbsxanada qaldığım bəsdir... Sizdə gərək insaf olsun, vicdan olsun. Sərvinaz xanım (acıqlı). Sən məni təngə gətirdin. Sən gedəndə görək qarğalar qara geyəcək, dünya bərbad olacaq? Get, Allah yaxşı yol versin... Gedəndə özünü aparacaqsan, məni də aparmayacaqsan ki! Vaxsey, qızın tərsliyinə baxa!.. Göhər xanım. İndiyə kimi həya etdiyim kifayətdir, ta dözə bilmirəm... Nurcahan daxil olur. Göhər xanım qaçır. Nurcahan. Bu gəlin, a qız, məni görəndə nöşün qaçdı? Mən ki, adam yeyən deyil idim... Ona mən nə yamanlıq eləmişəm? Bıy, qadan alım! Qıza bax, qıza... Vaxsey!.. Sərvinaz xanım. Cəhənnəmə gora... Mən nə bilim nöşün qaçdı... Onun ucundan yediyim, içdiyim olub haram... Nurcahan. Vaxsey! Nə olubdur məgər? Yediyin, içdiyin nöşün olsun haram? Sərvinaz xanım. Buna bir deyən yoxdur ki, balam, mən neyləyim, gücnən səni oğlumu istədə bilmərəm ki! Xoşuna gəlmirsən, mənim taxsırım nədir? Nurcahan. Sərvinaz xanım, mən şahidəm və Qurana and içərəm, bu yazıq gəlin sənin evinə gül kimi təmiz gəlib və gələndən bəri evdən kənara çıxmayıb... Belə də baxanda, Allah bəndəsinin heç bir yerində eybi yoxdur, gözəl, göyçək... Görünür ki, burda bir əngəl var. Sərvinaz xanım. Həqdən keçmək olmaz. Adamın Allahı var, gül kimi cəvanəzəndir, taxsır oğlumdadır. O xanımanı xaraba qoyan oğlumdur. Gəlində zərrəcə günah yoxdur. Nurcahan. Belə olan surətdə, balam, yəqin ki, oğluna qurd yağı sürtüblər, ya da ki, caduya salıblar... Deyirəm, gəlsənə bir möhübbət duası yazdırasan... Sərvinaz xanım. Yazdırmışam, əlac olmayıb... Bax, getmişəm kor mollanın yanına, on beş manat qoymuşam ovcuna, yalvarmışam... Deyib arxayın ol, arvad, tas yaxşı göstərir. Kömək etməyib... Deyiblər İrandan bir duayazan dərviş gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb. Nurcahan. Ta, balam, əlac nədir? Bir yol təlaqın veriniz, Allah bəndəsi çıxıb getsin evlərinə. O da yazıqdır axı... Sərvinaz xanım. Elə bilirsən ki, təlaqını verəndə kəbindən əl səkəcəklər. Heç vaxt əl çəkməzlər... Kəbin də kəbin kimi deyil ki, sayasan qabaqlarına, deyəsən xoş gəldiniz, gediniz! Nurcahan. İndi ki belədir, qoy Səfdərqulu onu hər gün döysün, incitsin, söysün, o qədər ki cana doyub desin kəbinim halal, canım azad, yola düşsün getsin. Sərvinaz xanım. O günlərə daş düşəydi! Biz hara bəyzadə qızı hara?.. Məgər ona əl vurmaq olar? Hay, hay... Nurcahan. Şəhərimizdə göyçək qızlar az idimi? Sizə nə düşmüşdü gedib bəy qızı aldınız? Sərvinaz xanım. Nə bilim ki, iş belə olacaq. Dedim ki, oğluma bir nəcib yerdən qız alaram, o da kənarda gəzib, var-yoxunu dağıtmaz... Nurcahan. Hər nə isə, yazıq arvad, yamanca bəlaya düşmüsən... Sərvinaz xanım. Nə qədər ki, onun qoca dayısı gəlməmişdi, dinməz-söyləməz dolanırdı. O gələndən bəri qız dönüb od-alova... Qorxudan evə də gələ bilmirəm. Nurcahan. O qoca evdə isə, çağır gəlsin görək o nə deyir... Bəlkə onun əlinən kəbindən əl çəkdirək. Sərvinaz xanım. Yaman adamdır... Ağzından od tökülür, danışdırmalı qoca deyil... O saat ölkəni qarışdırır bir-birinə. Nurcahan. Mənə də Nurcahan deyərlər, qorxma, çağır gəlsin. Ona bir dil tökərəm ki, özü də məhəttəl qalar. Sərvinaz xanım. Yaxşı, çağırım... (Qapıya tərəf gedib.) Nurəddin əmi, ola bilərmi buraya zəhmət çəkəsən? Nurəddin ağa (daxil olub). Mən Nurəddin... Nə buyurursunuz? Nurcahan. Mən Səfdərqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm. Nurəddin ağa. Buyura bilərsiniz... Nurcahan. Ağa, sən bir dünyagörmüş, hər bir işlərdən xəbərdar adamsan, gərək cahillərə ögüd, nəsihət edəsən, ta ki bu evdə rahatlıq olsun və bu yazıq arvad təngə gəlməsin. Nurəddin ağa. Kim bu evdə təngə gəlib, kim? İki ilin zamanında dörd divar arasında bu evdə dustaq olan kim? Hay, hay! Hələ şikayət də edirsiniz? Nurcahan. Olan olub gedib, ağa... Bizim böyüyümüzsən, yol göstər bizə, o yolnan gedək... Nurəddin ağa. Mən buraya gələn günü işlərdən xəbərdar olub Səfdərquluya dedim: oğlum, ömrə zarafat gözülə baxmaq yaramaz, ağlını başına yığ, gələcəyə bax. Atan bir quru balıq başına qane olub, dinini-imanını satıb, dövlət qoyub gedib, badi-fənaya vermə. Bir o dedi, bir mən dedim, axır sözü bu oldu: “Az danış, yoxsa çürük dişlərini tökərəm”. Sərvinaz xanım. Bilirsən, atam, nə var?.. Səfdərqulunu mən dörd qızdan sonra tapmışam. Onun tək olmağına görə mən onu bir az ərköyün saxlamışam. Ona görə, mən ki, anayam, dünya dağılsa, mən o sözləri ona demərəm... Atasının malıdır, dövlətidir, istər saxlasın, istər dağıtsın... Nurcahan. Ay ağa, məgər sən özün cahıl olmamısan? Axır hər kəsin bir nəqasası olar. Səfdərqulu cahildir, gec-tez qayıdar öz yoluna... Nurəddin ağa. Bu sözlərin bizə dəxli yoxdur... Mən Göhəri əli qoynunda qoyub gedə bilmərəm. Nurcahan. Bəs biz arvad olmamışıq? Vallah, döyülmüşük də, söyülmüşük də, amma ayaqlarımızı altımıza yığıb səbr etmişik... Nurəddin ağa. Bacım, bircə mənə de görüm hansı arvad qəbul edər ki, onun sahibi onu bir otaqda qoyub, o biri otaqda bir qeyrisi ilə eyş-işrətə məşğul ola... Sən özün belə naməbut hərəkəti öz ərindən görsəydin, nə edərdin? Nurcahan. Ona deyərdim canın çıxsın, gözlərin tökülsün, get hər nə bilirsən elə. Həlvət ağzıyın, gözləriyin suyu tökülə-tökülə geri gələrsən. Mən belə deyərdim. Nurəddin ağa. Bacı, mən də indi xərabatıyam, zənənlərin ruhundan xəbərdar... Belə məqamlarda arvadlar da dinc olmazlar, amma bizim qız səhvən bəlaya düşmüş. Gör nə mərətəbədə həyalı, qeyrətli yaranmışdır ki, indiyədək ləkəsiz qalıb, səbr edib dayanıb. Xəlil daxil olur, əlində zənbil. Xəlil. Salam əleyküm, xozeynim buraya gəlməyib? Bir saatdır onu axtarıram, tapa bilmirəm. Sərvinaz xanım. Onu axtarıb neyləyirsən, qoçaq? Xəlil. Nə bilim, a başına dönüm? Lotular genə yığılıblar Roza xanımın qulluği-şərifinə. O da mənə deyib get bu saat Kotiki tap, iyirmi portağal, üç girvənkə jarenni püstə, altı butulka kaxetinski, alma, armud al gətir gəl... Sərvinaz xanım. A gədə, qodux kimdir? Roza xanım nəçidir? Nə söyləyirsən? Xəlil. Roza xanımı ki, sən yaxşı tanıyırsan... Oğluyun aşnası, yəhudi balası. O zalım qızı deyir ki, Səfdərqulu yaxşı ad deyil, xoşuma gəlmir. Onun adı bundan sonra gərək Kotik qalsın, yəni balaca pişik balası. Nurcahan. Vaxsey, Səfdərqulu olub qodux?.. Bıy, qadam ağzına, kafir qızına bax a, a!.. Qodux özünsən, məlun!.. Atandır, anandır... Nurəddin ağa. Din-imanını satıb dövlət, sərmayə qoyub gedən kişi, dur qəbirdən bax gör xanimanını necə bərbad olur... Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolda tarac olur sərmayə... Nurcahan. Əmi, görünür sən bizim şəhər əhlinin işlərindən bixəbərsən. Hərgah bilseydin, onda Səfdərquluya şükür elərdin. Nurəddin ağa. Bacım, nəinki bu şəhərin, tamam vilayətinizin halından xəbərdaram... Şükür etmək gərək ələlxüsus İravanda Səlim ağa, Qarabağda Əliqulu xana, Lənkəranda Məhəmmədtağı xana, Badkubədə Zəki oğluna, Dadaş oğluna, genə də filana-filana... Ey başlarında tozca ağlı olmayanlar, bir natəmiz arvadlardan ötəri şahanə mülkləri badi-fənaya verdiniz. Xalqınız, ölkəniz yolunda kəsdiyiniz qurbanlar hanı? Fəqir-füqəraya köməyiniz hanı? Xəlil. Doğrudur, canım, doğrudur. Haqdan keçmək olmaz. Bərəkallah, qoca, ağlına qurban olum sənin, qoca. Heydər (daxil olur). Cənab ağa genə yerdən, göydən dəm vurur. (Xəlilə.) Sən burada nə qayırırsan? Bu gün qonaqlarınız kimlərdir? Xəlil. Ərz eləyim: biri Məşədi Qurban, yanında ruhirəvannı Olqa xanım. Biri Kərbəlayi Qulam, yanında nazlı Marqarita. Biri Hacı oğlu, qoltuğunda Maşka xanım. Heydər. Elə isə, balam, durma get, yoxsa Roza xanım dədənə od vurar. Xəlil. Yaxşı deyirsən, gedim görüm ağa Kotiki haradan taparam, Roza xanımın hökmünə necə əməl edərəm. Heydər. Adə, Roza xanım Səfdərquluya “Kotik” deyir. Barı sən o adı onun üstünə qoyma, yoxsa camaat arasında adı Kotik qalar, rüsvay olub gedərik. Xəlil. Zalımın qızı qoyur məgər? Buyurur ki, bir də Səfdərqulu desən, o saat səni raşot elərəm. O ad, deyir, məndən sonra gərək yadigar qala... Heydər. Ta rədd ol get işiyin dalıncan!.. Xəlil gedir. Heydər. Hm... Ağa, başla görək. Sərvinaz xanım. Kişi qara geyib qan ağlayır ki, müsəlman əlində olan dövlət puç olur natəmiz yolda, xarici qızların uğrunda. Bu dövlətdən millətə, füqəraya kömək olunmur. Heydər. O qızları ağa görməyib. Hərgah görsə, özü də o yolda şəhid olar, imanım haqqı... Nurəddin ağa. Sən mənim sözlərimi qanmayıb hədyan eləyirsən. Ağıllı danış, namərbut... Bircə mənə de görüm halınız bu qərar ilə davam etsə və sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir, biqeyrət, binamus həşərat, kimdir? Nurcahan. Qoyunuz bir qəribə əhval mən sizə nağıl edim. Neçə gün bundan əqdəm getmişdim Ağa Cəfərgilə, girdim otağa, gördüm onun arvadı Gülbacı Rusiyət libasında öz-özünə danışır: “Razdivay pajalskə”. Soruşdum, a qız, dəli olubsan nədir? Nə danışırsan? Dedi neyləyim, başına dönüm, Nurcahan xala? Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Gedirsən xarici qızlarının yanına, adama elə naz-qəmzə edirlər ki, adamın ağlı başından çıxır... Elə danışırlar ki, adam valeh olur, bir portağal təklif edəndə deyirlər: “Jiri pajalskə”. Paltarlarını soyunmaq istəyəndə deyirlər: “Razdivay pajalskə”, yəni paltarlarımı soyundur, çəkmələrimi çıxart... İndi mən də öyrənirəm, əmi oğlum gələndə deyəcəyəm: “Razdivay pajalskə”, “isnimi pajalskə”. Bir alma da saxlayacağam, verib deyəcəyəm: “Jiri pajalskə”. Onda deyirəm bəlkə o mürtəd balalarından əl çəkib evdən qaçmasın. Nurəddin ağa (qalxıb ayağa). Vay, vay! Nə yaman bədbəxtçilik, nə yaman müsibət! Xeyr, xeyr, canım, bu xarabadan baş götürüb qaçmaq gərək... Cənab Heydər, qalx ayağa, gedək şəriətxanaya. Bizə nə kəbin, nə cehiz lazım deyil. (qolundan tutub dartır.) Mən bir gün də burada qalmayacağam. (Gedirlər.) Nurcahan. Sərvinaz xanım necə gördün məni? Buyurdu bizə nə kəbin, nə cehiz lazım deyil. Gözümüz aydın olsun, indi gəl görüm bozbaşdan-zaddan nəyin var. (Gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Göhər xanım bikef əyləşib səndəl üstə. Səfdərqulu daxil olur. Səfdərqulu. Anam hara gedib, bilmirsən? Göhər xanım (üzünə baxmayıb). Xeyr, bilmirəm. Səfdərqulu. Nöşün bilmirsən? Göhər xanım. Mən anana keşikçi deyiləm. Bilmirəm hara gedib. Səfdərqulu. Burnuna tüstü verilən it kimi ağzını nə o yan-bu yana oynadırsan? Adamsan, adam kimi sözümə cavab ver. Göhər xanım. Cavab elə o idi ki, verdim... İt mən deyiləm. Səfdərqulu. İtsən də, itdən betərsən də! Özün də qudurub azmısan. Göhər xanım. Hər nə kefin istəyir, buyura bilərsən. Buyur, eybi yoxdur. Səfdərqulu. Bu bəyzadə qızıdır, buna it demək olmaz. Göhər xanım. Ta bundan artıq nə qalıbdır ki, deyəsən? Səfdərqulu. Səsini kəs! Yoxsa vallah, dişlərini tökərəm... O qoca məlun gələndən, eşidirəm, hələ boşanmaq da istəyirsən... O sənin xam xəyalındır... Göhər xanım. Ondan savayı bir qeyri fikrimiz yoxdur və ola bilməz. Xam xəyaldır ya yox, sonra məlum olar. Səfdərqulu. Ölsən də, çatlasan da, canın bu evdə çıxacaq... Artıq danışsan da, dilini yerindən qopardaram... Sən gərək məni yaxşı tanıyasan. Göhər xanım. Səni yaxşı tanıseydik, mən burada olmaz idim, işlər də belə olmazdı. Səfdərqulu. Sən nə böyük zibilsən ki, özünü dartmısan belə yuxarı?.. Budur, aşkar sənə deyirəm: canın bu evdə çürüyəcək. Ayağını da bu otaqdan kənara qoymusan, vay sənin halına! Göhər xanım. Qoçaq, elə danış sonra utanmayasan. Səfdərqulu. İş elədir ki, sənə dedim. Heç kəsin ixtiyarı yoxdur mənim işimə qarışsın... Göhər xanım. Roza xanımın evində doğrudu, amma mənim haqqımda xeyir, belə deyil... Səfdərqulu. Artıq mırıldama... Göhər xanım. Afərin, maşallah... Səfdərqulu. Heyf olsun o qoca məlun burada yoxdur. Sənin gözüyun qabağında onun dişlərini tökərdim, onda bilərdin ki, mənnən zarafat etmək olarmı, ya yox. Göhər xanım. Mən səni dürüst inandırıram ki, ona çırtma da vurmaq olmaz. Adamın dilini boğazından qopararlar. Siz nə fikir edirsiniz. Səfdərqulu. A bəyzadə qızı, sən məni kimnən qorxudursan, buyur görək kimnən?.. Necəsən, bu saat sənin özünü saçlayıb bu otaq uzunu sürüyüm?.. Göhər xanım. Hərgah başın sənə ağırlıq edirsə, buyur. Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan ha... Göhər xanım. Bir neçə gün bundan sonra görərik şeytana sən nə cür lənət oxuyacaqsan... (Gedir.) Səfdərqulu. Vay qoca, gör sənin başına nə müsibət açacağam. Taparam səni, taparam, qoca. (Gedir.) Bir az keçmiş Nurcahan daxil olur. Nurcahan (çağırır). Göhər xanım, ay Göhər xanım, gözlərinə qurban olum, bircə bəri gəl... Bəri gəl görək, nə var, nə yox... Gəl, qurban gedim sənə... Göhər xanım (daxil olub). Bizə görə nə qulluq? Nurcahan. Qurban olum o ahu gözlərinə... Canım qurban o açılmayan qaşqabağına, bircə əyləş. Göhər xanım. Baş üstə, əyləşdim. Sonra? Nurcahan. Bir iş var, ancaq cürət edib aça bilmirəm... Amma sizin xeyrinizdir... Göhər xanım. Buyur görək, necə işdir?.. Nurcahan. Göhər xanım, mənim bir kəsim yoxdur iki nəvədən suvayı. Onların mən xeyrini görmüyüm əgər sənin fikrini çəkib gecəni sübh etməmişəmsə... Deyirəm xudaya, sən necə rəva gördün, bu mərtəbədə gözəl cuvanəzən düçar olsun Səfdərqulu təki heyvana... Göhər xanım. Sonra... Nurcahan. İzn versən, ərz elərəm. Göhər xanım. Buyura bilərsən Nurcahan. Bir oğlan var nər döşlü, uca boylu, ala gözlü, yer üzündə misli olmayan, dövlət həddən ziyada... Bilmirəm səni harada görübsə, olub dəli-divanə, gəlib yıxılıb ayağıma, Nurcahan xala, aman günüdür mənə bir əlac. Göhər xanım. Sonra? Nurcahan. Deyir ölənədək ona nökər olaram; canımı, malımı onun uğrunda qoyaram... Göhər xanım. Axır sözünü de... Nurcahan. Yalvarmağı odur ki, xanım izin versin, onu basıb faytona aparım, Səfdərquludan boşadım, olsun mənim halal arvadım... Göhər xanım. Görünür ki, o çox namuslu oğlandır, hə? Nurcahan. Nə buyurursan?.. Onun qorxusundan qonşu arvadlar səslərini çıxara bilmirlər... Kimin cürəti nədir onun bir sözünü iki eləsin... Göhər xanım. Kifayətdir, qoy mən də sözümü deyim: bir müsəlman ki, müsəlman arvadına belə namərbut təklif edə, elə adama bilirsən nə deyərlər? Elə müsəlmana deyirlər: ana-bacı tanımayan biqeyrət, binamus heyvan. Nurcahan. A... a... a... vaxsey, gör qız nə deyir? Məlum olur ki, bu evdə bir köhnə palaz kimi atılıb qalmaq sənin üçün xoşbəxtlikdir, hə?.. Göhər xanım. Məlun! Sürün buradan! Sürün, bu dəqiqə!.. Bihəya qızı bihəya, nə cürət edib belə təklifi mənə edirsən?.. Sürün bu saat!.. Rədd ol, sürün deyirəm sənə!.. Nurcahan. Vaxsey, bu da mənim yaxşılığım... Özünə bax, sözünə bax! Qadam ağzına! Göhər xanım (qapıya tərəf). Dayı, Nurəddin dayı, bir bəri çıx. Nurcahan. Çağır gəlsin, ondan qorxan yoxdur... Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin... Göhər xanım. Nurəddin dayı, bircə tez buraya gəl. (Nurcahan qaçmaq istəyir.) Dayan, qaçma... Gör sənin başına nə gətirəcəyəm... Nurcahan. Mənə də Nurcahan deyərlər. Gör sənin başına nə işlər gətirəcəyəm, səni necə rüsvay edəcəyəm. (Qaçır.) Göhər xanım. Xudaya, gör mən nə günə qalmışam ki, bir gədə oğlu gədə mənə belə binamus təklif edir... (Ağlayır.) Nurəddin ağa daxil olub. Göhər xanım. Dayı, qurban olum sənə, dəxi tab edə bilmirəm... Qardaşım nə vaxt gələcək?.. Nurəddin ağa. Bir-iki günədək İsmayıl durmayıb gələcək. Arxayın ol, darıxma, səbr elə... Göhər xanım. Dayı, burada çox iş var, nağıl etməyə həya edirəm... Bunlar belə bidin, nainsaf, bivicdan adamlardır ki, bir təmiz adımız var, onu da batırırlar... Amandı dayı, tez qaçaq. Nurəddin ağa. Bir saat bundan irəli söz verdilər ki, oğlanı da gətirsinlər, işi qurtaraq getsin. Hərgah baş qaçırtsalar, onda gözlərik İsmayıl gələnədək... Ümidim var ki, İsmayıl sabah gəlsin... Göhər xanım. Qurban olum, dayı, sən bular bir az mülayim danış... Çox qudurğandırlar, qorxuram səni bihörmət edərlər. Nurəddin ağa. Qorxma, hər nə varları isə elə dillərində var, cürət edə bilməzlər. Heydər, Sərvinaz xanım, Səfdərqulu daxil olurlar, Göhər xanım qaçır. Sərvinaz xanım. Ağa, budur, bax, Səfdərqulu, hər nə sözünüz var, danışa bilərsiniz... Səfdərqulu. Nədir sözün, cənab ağa, buyur görək. Nurəddin ağa. Mən sizdən rica edirəm Göhər xanımın talağını verib, bizə yol verəsiniz gedək öz yerimizə, vəssalam. Səfdərqulu. Ağa, buyurunuz görək talaq vermək kimin ixtiyarındadır, ərin ya arvadın? Nurəddin ağa. Şərən talaq vermək ərin ixtiyarındadır. Səfdərqulu. Belə olan surətdə, mən talaq verməyəcəyəm, heç zəhmət çəkmə, necə ki, gəlmisən, elə də qayıt get evinə... Heydər. Ağa, bir mənə buyur görüm Göhər xanımın bu evdə yeməyə çörəyi yoxdur? Geyməyə libası yoxdur? Ya gərək onu bu evdə döyən var, söyən var? Nə olubdur ki, Göhər xanım boşanmaq istəyər?.. Nurəddin ağa. Oğlum, bu söhbət keçmiş ola... Bizə pul, cəvahir lazım deyil idi. Bizə insaniyyət, qeyrət, namus lazım idi, onu da ki görmədik... Səfdərqulu. Qoca, ağzını dağıtma, əməlli danış!.. Heydər. Ağa, bir azca aşağıdan get, baş aparma, başından böyük danışma. Nurəddin ağa. Hədyan eləmə. Binamus adamın qeyri adı yoxdur və ola da bilməz. Heydər. Sübut elə, yoxsa sənin üçün pis keçər. Nurəddin ağa. Sübut, baş üstə... Səfdərqulu, Göhər xanımın üzüyünü onun yanında hansı arvada bağışlamısan? Necə arvaddır o? Onu bu otaqda qoyub, yan otaqda kimin arvadı ilə eyş-işrətə məşğul olmusan? Prakurorun? Ada, hansını deyim?.. Ağzımı açdırmayınız... Səfdərqulu. Pajalsta, baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb. Heydər. Allah xatirinə xatanı başımızdan rədd elə, mətləb üstə gəl... Nurəddin ağa. Mən sözümü deyib qurtarmışam. Siz nə fərmayiş edirsiniz, buyurun. Sərvinaz xanım. Mən ərz eləyim: hərgah kəbindən əl çəkdiniz, onda bəlkə iş düzələ. Kəbindən əl çəkmədiniz, talaq verilməyəcək. Axır söz budur, kefinizə baxın... Nurəddin ağa. Bu saat mətləb talaq barəsindədir. Kəbin məsələsi sonrakı işdir. Səfdərqulu. O ixtiyar məndədir... Məndən talaq verdi yoxdur. Qoy canı çıxa-çıxa qalsın dörd divar arasında. Nurəddin ağa. Yoxsa fikrində var ki, biz hələ sənə bir kəbin haqqı da verək, aparıb Roza xanımın modnu paltarına, ətrinə xərcləyəsən? Vallah, yaman olmaz idi... Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan, ha... A kişi, talağı güclən alacaqsan? Nurəddin ağa. Xeyr, mən istəmirəm bu işi güc ilə olsun... Gücə qalanda özgə cürə olar. Səfdərqulu. İş gücə qalanda heç kim yel də olub yanımdan ötə bilməz... Onu bil yəqin... Nurəddin ağa. Eybi yoxdur, bu iş qalsın İsmayıl bəy gələnədək. Heydər. Ağa, sən bir az azğın danışırsan. O yaxşı iş deyil. Burada heç kimdən qorxan yoxdur. Bizə də Hacı Muxtar övladı deyərlər. İsmayıl bəy gələndə nə böyük iş olacaq? Görək qiyamətmi qopacaq? Xəlil (daxil olub). Nə durmusan, ay xozeyin? Məgər başımıza gələn müsibətdən xəbərin yoxdur? Səfdərqulu. Nə olub, ay gədə? Xəlil. Nə olacaq, var-yoxumuz əldən gedib... Səfdərqulu. Adə, necə var-yoxumuz əldən gedib? Hə söyləyirsən, dəli olmamısan ha? Xəlil. Ta bundan artıq nə olacaq? Roza xanım məni bağa göndərmişdi üzüm, əncir gətirməyə. Evə qayıdıb gördüm ki, nə lələ var, nə yurdu... Zalım qızı zalım otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan suvayı bir şey qalmayıb... Səfdərqulu. Yoxsa genə içmisən, a gədə? Əməlli danış, elə iş ola bilməz. Xəlil. Çox ağıllı danışıram... Dərd burasıdır, bilmək də olmur hansı tərəfə qaçıb. Heydər. Bir adamdan soruşa bilmirdin şeyləri hansı tərəfə apardılar? Xəlil. Soruşdum, biri dedi dənizə sarı, biri dedi vağzala tərəf getdilər. Hər iki tərəfə qaçdım, tapa bilmədim. Səfdərqulu (Heydərə). Dayı, durmaq yeri deyil, var-yox əldən gedib. Dərd burasındadır ki, namərd qızı namərd şeylərin hamısını öz adına alıb. Xəlil. Başın üçün, kafir qızı sənə bir turp yedirdibdir ki, qiyamətəcən dadı damağından getməyəcək, sən nə deyirsən... Səfdərqulu. Dayı, gəl, Xəlil zalım oğlu, sən də gəl, görək başımıza nə çarə qılırıq. Sərvinaz xanım. Vay, vay!.. Evi yıxılan canım vay! Səfdərqulu, Heydər, Xəlil gedirlər. Nurəddin ağa. Bəli, fəziləti-axund məlum şüd... Buna deyirlər: nə əkərsən, onu biçərsən... Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə. İsmayıl bəy. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin... Nurəddin ağa. Belə danışıqlardan keçibdir... Taxsır bizim özümüzdədir, gərək piş-əzvəqt əhval cəm edib, sonra bunlarnan qohum olaydıq. İsmayıl bəy. Bular tərəfindən elçilər məlakə surətində gəldilər, hamısı tanınmış adamlar: mal belə, dövlət belə, oğlan özü belə, yaxşı, ağlı başında, öz işinə məşğul... O ali cənablara inanmaya bilmədim, bizə onlar xəyanət etdilər... Nurəddin ağa. Burada bir dövlətli hacızadə üç ayın müddətində iki nəfər oxumuş qızları alıb, ikisini də zay edib atıb küçəyə... Atadan qalmış dövlət, libasi-firəngi, barmaqlarda brilyant üzüklər... Biçarə qızlar nə bilsinlər ki, bu cənab insan deyil imiş, heyvan imiş... İsmayıl bəy. Məni o nücabələr yoldan çıxartdılar, yoxsa dəli olmamışdım bir tək, gültək bacımı verəydim belə dələduza... Nurəddin ağa. O günləri bizim bu həzərat buyurdular ki, bizə Hacı Muxtar övladı deyərlər, heç kəs bizə yaxın dura bilməz. İsmayıl bəy. Mən buraya dava etməyə gəlməmişəm. Bizim təklifimizi qəbul edirlərsə, Allah bulardan razı olsun, qəbul etməzlərsə, onda işə baxarıq... Bacı, sən get yavaş-yavaş hazırlaş... Dayı, sən də buları çağır gəlsinlər. (Nurəddin ağa gedir.) Göhər xanım. Qurban olum sənə, qardaş! Bular çox quduz adamlardır, sərhesab ol... Mən qorxuram. İsmayıl bəy. Arxayın ol, qorxma. Göhər xanım gedir. Rəşid və Mərdan daxil olurlar. İsmayıl bəy. Uşaqlar, bu gecə rahat oldunuzmu? Rəşid. Bəli... Çox yaxşı keçirdik... İsmayıl bəy – Dayanız kənarda görək bunlar bizinən necə rəftar edəcəklər... Mərdan. Mən bunları tanıyıram, ağa... Mülayim danışmaq lazım deyil, hələ qabaqcadan nəfəslərini kəsmək gərək... İsmayıl bəy. Qoy gəlsinlər görək nə deyirlər... Nurəddin ağa, Heydər və Səfdərqulu daxil olurlar. Heydər. Salam əleyküm, İsmayıl bəy! Siz bu evə xoş gəlmisiniz, səfa gətirmisiniz... Heyf olsun ki, cənablarınız bir xoşhal məqamda buraya təşrif gətirməmişsiniz, belə gəlmək yaxşı olmadı. İsmayıl bəy. Əyləşiniz! (Əyləşirlər.) Dünya işidir, belə də, elə də olur, eybi yoxdur... Cənab ağa Heydər, mən sizi qabaqcadan xəbərdar edirəm ki, mən bir gündən artıq burada qala bilməyəcəyəm... Ona görə sizdən çox rica edirəm ki, məni burada artıq saxlamayasınız. Gəlmişəm Göhəri aparam. Heydər. Ola bilərmi bu işi qoyasınız bir özgə vaxta, bir neçə gün də bizə qonaq olasınız. İsmayıl bəy. Xeyr, mümkün deyil... Mən gərək elə bu gün qulluğunuzdan mürəxxəs olub gedəm... Heydər. Onda görək xanımı nə qayda ilə aparmaq istəyirsiniz? İsmayıl bəy. Qaydası elə odur ki, talağını alıb, götürüb gedəm, vəssalam. Ümidim var ki, siz mane olmayacaqsınız. Səfdərqulu. Buyurunuz görək, talaq vermək kimin ixtiyarındadır? İsmayıl bəy. Əlbəttə, o sizin ixtiyarınızdadır. Ancaq mən çox təvəqqe eləyirəm ki, mane olmayasınız. Səfdərqulu. İndi ki ixtiyar məndədir, mən razı deyiləm. İsmayıl bəy. Sizdən təvəqqe eləyirəm “mən razı deyiləm” ləfzini qoyasınız kənara. İş nə növ olsa, gərək qurtarsın getsin. Səfdərqulu. Mən qana bilmirəm iş nə növ ilə qurtara bilər, zəmani ki, razı deyiləm və razı olmayacağam və belə bilirəm ki, siz lap nahaq yerə zəhmət çəkib buraya təşrif gətirmisiniz. İsmayıl bəy. Oğlan! Mən qorxuram ki, mərdi qova-qova namərd edəsiniz, axırda yaxşı olmaya. Dübarə sizdən təvəqqe eləyirəm məni o məqama gətirməyəsiniz ki, mən sizlən özgə cürə rəftar edəm... Heydər. Özgə cürə rəftar edəndə nə ola bilər, cənab İsmayıl bəy? Bir tək kəbin tələb etməkdən suvay mən qeyri ixtiyar bilmirəm... Nə lazım artıq-əskik danışmaq? Axırı yaxşı olmaz dedikdə, bir az uzun iş olur. Mən bilmirəm nə ola bilər?! İsmayıl bəy (acıqlı). Onda mən adamın dərisini boğazından tülkü dərisi kimi qopardaram. Heydər. Kəbin tələb etməkdən suvay gücünüz heç bir şeyə çatmaz. Hətta o kəbini də bəlkə ala bilmədiniz. Rəşid. Ağa!.. İzin ver... Ay oğlan ey! Sən gəl atlanıb-düşmə. Təpənə o qədər döşərəm gözlərin pırtlayıb yerə tökülər. Mərdan. Qardaşım! Sən gəl bir az ustufca danış, hər nə desələr deyinən baş üstə... Yoxsa səni o qədər boğaram ki, gözlərin çıxar kəllənə, dana gözləri kimi. Heydər. İş davaya qalsa, mən buraya iyirmi Hacı Muxtarlı tökərəm. Rəşid. Çağır gəlsinlər... Biz öyrənmişik öküzü qulaqlayıb arabaya qoşmağa. Oları mən elə püsükdürüm ki, nəfəslərini çəkə bilməsinlər. Səfdərqulu. Hər nə bacarırsan, müzayiqə etməyiniz. Mərdan. Ay ağa! Bizim bu yeznə boğulmaq istəyir axı (tutur yaxasından), hm! Səslən, nəfəsini çıxart görüm! İsmayıl bəy (Mərdana). Dayan! Dur yerində! Buraya biz dava etməyə gəlməmişik. Heydər. İsmayıl bəy, bu nə işdir, eyib deyilmi? Rəşid. Ay oğlan! Düş qabağa, düz qazıxanaya, dinməz-söyləməz (dartır), gəl! Gəl demirəm sənə?.. Hm, tərpən! Hacı Cəfər daxil olur. Hacı Cəfər. Salam əleyküm! İsmayıl bəy. Əleykəssalam! Dayanınız uşaqlar! Görək bu cənab nə buyurur. Hacı Cəfər. Səkkiz ay bundan əqdəm mən bu evi nəqd pul verib satın almışam. İndiyə kimi bu evdə olurlar. Bu gün axırıncı günüdür. O səkkiz ayın kirayəsi də olsun sizin, canım ta bəsdir, çıxınız evimdən. Heydər. Hacı! Allah xatirinə, bir-iki üç gündə bizə möhlət veriniz. İsmayıl bəy gəlib, bir vacib işimiz var, onu qurtaraq, başımız açılsın, baş üstə, evdən çıxarıq. Hacı Cəfər. Deyəsən bircə saat macal ver, mümkün olmayacaq. Mən gəlib-getməkdən təngə gəlmişəm, tabekey canım? Səfdərqulu getmək istəyir. Rəşid. Tərpənmə, qardaş, dur yerində! Sərvinaz xanım (daxil olub). A kişi, sən nə söyləyirsən? Necə bu ev sənindir? Dəli olmamısan ki! Bu ev mənim atamdan qalıb. Kimin ağzı nədir məni bu evdən çıxartsın. Hacı Cəfər. Vallah, bu evdən elə çıxacaqsan ki, yağdan tük çıxan kimi. Nə karəsən çıxmayasan? Sərvinaz xanım. Hacı, sən özün bilirsən ki, bu ev mənim atamdan qalıb, ta sözün nədir? Hacı Cəfər. Bu ev sənin atandan qalıb, onu mən də bilirəm. Ancaq oğlun Səfdərquluya vəkalətnamə vermisən, o da evi satıb mənə nəqd pula. Sərvinaz xanım. Əgər mən oğluma vəkalətnamə vermişəmsə bax, bu iki gözlərimdən olum... Ay oğul, mən sənə nə vaxt vəkalətnamə vermişəm hə?.. Hacı, sənin kağızın saxtadır, mən sübut elərəm. Hacı Cəfər. Çıx mənim evimdən, sonra nə kefindir elə, mənə dəxli yoxdur, mən nəqd pul verib almışam, kağızım da əlimdə... Sərvinaz xanım. Sən məni evimdən çıxarda bilməzsən, gərək mən ölüm ki, sən bu evə sahib olasan. Hacı Cəfər. Mən çıxartmayacağam, pristav çıxaracaq. Odur, bax, palanın tinində durubdur. İstərsən çağırım gəlsin. Sərvinaz xanım. Qardaş, Heydər, sən nöşün kirimisən? Nöşün danışmırsan?.. Mən evimdən bir yana çıxmamışam, natarus üzü görməmişəm, bu necə işdir, xudaya? Heydər. Bacı! Nahaq yerə cəzə-fəzə eləmə, ev satılıb qurtarıb, gedib. Ya özün get natarusun yanına, ya bir qeyri arvad. Sərvinaz xanım. Ay oğul, elə bircə bu müsibət qalmışdı, gətirdin mənim başıma, evimi tar-mar elədin, a sənin üzün qara olsun hər iki dünyada!.. Xeyr, heylə dərdə mən dözə bilmərəm... Gərək açam bu işi... Quru yurtda qala bilmərəm... Heydər. Onda bilirsən nə olar? Oğlunu göndərərlər Sibirə, qalarsan başına döyə-döyə, hacı da olar ev sahibi, natarus da gedər bad-fənaya. Hacı Cəfər. Qırx səkkiz min manat nəqdcə pul saymışam, bu Səfdərqulunun qabağına. Əlavə altı min manat bu saat mənə borcludur. Onun da gərək yerin tapam. Zarafat deyil, qardaş, puldur, can deyil ki, adam keçsin... Ağzında pul deyirsən. Sərvinaz xanım. Ay oğul, hamamı sataydın, niyə elə bu xarabanı... Hacı Cəfər. Hamam satılıb, bacı... Sərvinaz xanım. Dükanları sataydın. Hacı Cəfər. Olar çoxdan satılıbdır, bacı... Sərvinaz xanım. Bağları sataydın, oğul!.. Hacı Cəfər. Yazıq arvad! Bağlar da çıxıb əldən. Sərvinaz xanım. Dur qəbirdən, ay kişi, gör xanimanın necə bərbad olub. (Ağlayır, gedir.) Hacı Cəfər. O qalan altı min manat pulu almaq üçün əlac ona qalıbdır ki, bu gözə görünən şeyləri aparam... İsmayıl bəy. Hacı! Bağışla! Bu şeyləri mən cehiz vermişəm, onlara əl vurmaq olmaz, cənab Səfdərqulunun borcuna mən şərik deyiləm. Heydər. Hacı! İsmayıl bəyin sözləri haqdır, bu şeylər onlara təəllüqdür. Xəlil daxil olur. Xəlil (Səfdərquluya). Gözlərin aydın olsun, ay xozeyin, Roza xanımı tapmışam. Səfdərəqulu. Axmaq oğlu axmaq, xəbərə gəlməyə vaxt tapıbdır... Sürün burdan! Nurəddin ağa. Yaxşı xəbər bundadır... Söylə oğlum, söylə, necə tapdın? Xəlil. Özü mənə yalvarıb, yüz manat da vədə eləyib, ya gərək öləsən, deyib, ya tapasan. Mən də şəhəri bir-birinə vurub, ayaqdan olub tapmışam. İndi mənə sürün burdan deyir... Bu necə işdir? Səfdərqulu qaçmaq istəyir. Mərdan. Hara? Hara, qardaşım? Dur yerində, sən bizə lazımsan. Tərpənmə, heç tərpənmə. İsmayıl bəy. Qoçaq! Bizim işimiz sənə bağlıdır... Bir azca səbr elə, sonra gedərsən. Nurəddin ağa. Bərəkallah, oğlan. Tapdın hə? Bəs sonra? Nə gördün? Xəlil. Nə gördüm? Büsat, dəsgah və həngamə, vur çatlasın, toy. Səfdərqulu. Ada! Səsini kəs! Sürün buradan... Xəlil. Razılıq əvəzinə hələ mənə sürün burdan deyir, bu necə işdir? Nurəddin ağa. Eybi yoxdur, qoy desin. Sonra necə oldu? Xəlil. Getdim girdim otağa... Nə gördüm... Əlli-altmış qonaq... Məni görən kimi “ura, ura” qışqırdılar, dartdılar məni içəri... Roza xanım ağ paltarda, barmaqlarında, başında, döşündə brilyantlar. Abram qalxdı ayağa. Xalilka. Allaverdi, sən də Kotikin sağlığına! İçdilər, “ura, ura” qışqırdılar... Roza xanım deyirdi ki, Abram mənim qardaşımdır. Hər gün xozeyin evdə olmayanda, bizə gəlirdi... Axırı belə çıxdı, Roza xanıma ər oldu... Toy da Abram ağanın toyu imiş... Vallah, deyirəm, sənə ürəyim odlandı, xozeyin nə gündə, bular nə kefdə... Heydər. Balam, bacı oğlu, ta iş işdən keçdi... Get, qardaş, qonaqlarını yola sal, getsinlər.. Hacı Cəfər. Bəs mənim o qalan pullarıma nə deyirsiniz? Heydər. Hacı! Sən də yaz dəftərində: rəsidə... Nurəddin ağa. Mərdan, Rəşid! Biz qayıdanadək şeylərimizi yığınız bir yerə, hazırlaşınız yola düşək. Buyurun gedək qazıxanaya. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır... Xəlil. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb? Dörd müştəri yaxınlaşırlar: Məşədi Əli, bir nəfər hambal, əkinçi, bir də qarasaqqal cavan oğlan, köhnə libasda, axırda Sərvinaz xanım. Xəlil. Hazırdır, qadanız alım, buyurunuz... Bu sərayi-qəriban, kərxaneyi-Azərbaycan sizə qurbandır... Əyləşiniz, buyurunuz, içiniz! Qurşağın altını pərkarlayandan sonra, bığları eşib, buğlana-buğlana gediniz. Müştərilər əyləşirlər. Usta Xəlil nəlbəkilərə qovurma qoyub, soğan, çörək ilə bərabər paylayır. Xəlil. Məşədi Əli! Adına qurban, buyur! Həmşəri qardaş, altı pud tayı götürən palanına qurban olum, buyur! Əkinçi qardaş, kotanına, öküzlərinə qurban, buyur! Kömür kimi qaraca saqqalına qurban, buyur... Müştərilər şirin-şirin yeyirlər. Məşədi Əli. Pəh, pəh, pəh, nə gözəl, dadlı qovurmadır bu! Usta Xəlil... heç yerdə mən belə qovurma yeməmişəm. Afərin, usta Xəlil! Xəlil. Əli qardaş, bunu mənə bir qaşı qara, kirpiyi qara, ay üzlü, ala gözlü yəhudi balası öyrədib və iki il yarım mən o xanıma qulluq etdim... İçdiyim oldu çay, kakao, şakalad, yanında perojna... Naharda, şamda ağlına gəlməyən naz-nemətlər. Həftədə iki-üç dəfə qonaqlıq, yastı balaban, oynamaq, gülmək. Amma çifayda çox hirsli xanım idi... Bircə dəqiqə qapını gec açanda, zalım qızı qışqırırdı: balvan, durak, von!.. Nəinki bir tək mənlən belə rəftar edirdi, dəxi betər onu saxlayan oğlannan dolanırdı... Çox yalvardım, çox dedim oğlana: xozeyin, bu zalım qızını boşla getsin, sözümə baxmadı... (Qarasaqqal müştəriyə.) Qardaşım, nöşün dayandın, yoxsa qovurma xoşuna gəlmir?.. Qovurmanın ləzzəti elə ondadır ki, isti-isti yeyəsən, özü də bax, həmşəri qardaş kimi: tikəni böyük götürüb, dəvə navala udan kimi, ötürəsən yerinə. Məşədi Əli. Hər nə təhər olsa, o xanımın qulluğunda kef çəkmisən, ay usta Xəlil. Xəlil. İnanırsan, Əli qardaş, mən indiki halımın bircə saatını yüz keçən günlərimə dəyişmərəm, çünki ancaq indi olmuşam asudə, öz-özümün ağası... Burada işimi qurtarıb gedirəm mənzilə, bir-iki piyalə çay içib başımı qoyuram yerə. Bir də sübh ayılıram. Ta dövlətlilər kimi yorğan altında ağnamıram, ay aman, filan iş necə oldu. Heç bir işin fikrini çəkmirəm... Məşədi Əli. Mən sizi inandırıram ki, milyonçular tamam ömründə dünyanın naz-nemətlərini o ləzzətnən, iştahlan yeməyiblər, necə ki biz bu saat bu qaraca qovurmanı yeyirik... Bizimki mərhəməti-ilahidir, onlarınkı qəzəbi-ilahi. Əkinçi. Bəri bax, usta Xəlil, dərdin alım, bəs o xanımı saxlayan necə oldu, o xanimanı bərbad olan oğlan? Xəlil. O bir çöldə qalmış yəhudi qızının ucundan puç oldu... Dörd yerdə evləri... Atadan qalma gözəl bağları, dükanları, qızıl-gümüşləri-hamısı əldən çıxıb, qaldı lat, lüt! Bu saat onu gördüm deyən yoxdur ki... Kimi deyir baş götürüb gedib. Kimi deyir özünü həlak edib... Xülasə, yazıq öz-özünü bədbəxt elədi. Əkinçi. O dövləti öz zəhməti ilə qazanmış olsaydı, yəqin qədrini bilərdi və o hala düşməzdi... Hambal. O da mənim kimi tay daşısaydı, o yaman günə düşməzdi... Xəlil. Elə indicə bilmişəm ki, zəhmətnən qazanılan çörək halal, müqəddəs çörəkdir... Zəhmət özü əziyyət deyil, hətta böyük şadlıqdır qanan üçün... Məşədi Əli. Xoşbəxtlik varsa, o da əkinçidədir... Mən belə qanmışam... Xəlil. Söhbətiniz çox şirindir, meyliniz çəkirsə, tədarükü boldur... Hambal. Söhbət şirin isə də, genə iş dalıncan getmək gərək. (Bir manat verib) Xudahafiz! Xəlil (pulu alıb). Allah min bərəkət versin, xoş gəldin. Hambal gedir. Məşədi Əli və əkinçi. Kifayətdir, çox sağ ol, usta Xəlil. (Adama bir manat verib gedirlər.) Xəlil. Xoş gəldiniz, siz də sağ olunuz... Sərvinaz xanım (yaxınlaşıb, başında boğça, üzü örtüklü). Oğlan! Yarımca manat pulum var, o pula görə təvəqqe eləyirəm ki, bir az çörək və bir azca da qovurmadan ver mənə... Xəlil (zəndlə baxıb). Bacı? Sən Sərvinaz xanım deyilsən? Gözlərindən ona oxşayırsan... Tanımışam, heç üzünü gizlətmə... Vallah, tanımışam... Mən səni göydə axtarırdım, amma yerdə əlimə düşübsən. (Qalxıb ayağa boğçanı alıb qoyur yerə, Sərvinaz xanım ağlayır.) Ağlama, anam, sənə qurban... Mən sənin o qədər duz-çörəyini yemişəm, anamdan görmədiyim mehribançılığı səndən görmüşəm, ölənədək sənə qulluq etsəm, əvəz deyil. Ağlama, canım sənə qurban... De görüm harada olursan?.. Hələ bircə əyləş! Sərvinaz xanım (əyləşir). Dərdimi söyləsəm yer, göy ağlar, necə ağlamayım, Xəlil? Xəlil. Ağlama! Allah qoysa, işlər hamısı düzələr... Heç fikir eləmə, mən ölməmişəm ki. Sərvinaz xanım. Necə ağlamayım... Dost-aşna, qohum-əqrəba hamısı məndən üz döndərdilər. Heç kimdə rəhm, mürüvvət görmədim... Naəlac qalıb, pənahlandım qardaşım evinə, o qardaşımın evinə ki, diriliyinə biz bais olmuşuq. Üç gündən sonra arvadı məni evdən qovdu... Pay-piyadə düşdüm küçələrə, başladım yazıq oğlumu axtarmağa. Tapa bilmədim... Gedib şəhərin kənarında bir zirzəmidə yerləşdim. Qonşuların paltarını yuyub, bir parça çörək tapıb dolanıram... Dərdim bu deyil Xəlil, yox! Oğlum itibdir, başıaçıq qalmışam... Oğlum tapılmasa, qeyri əlacım yoxdur özümü həlak etməkdən savayı... Xəlil. Allah qoysa, oğlunu taparam, heç fikir eləmə. Sərvinaz xanım. Atam-anam sənə qurban, ay Xəlil, aman günüdür, səndən savayı bir kəsim yoxdur, gətir ayaqlarından öpüm, tap oğlumu! Xəlil. Buyur gedək mənim mənzilimə... Arxayın ol, Səfdərqulunu taparam... Sonra gedərəm sənin şeylərini daşıyaram... Ya Allah! Müştəri. Yazıq ana! Sənin bədbəxt oğlun mənəm... Ana... Ana!.. Ana!.. Ana, keç mənim taxsırımdan... (Qucaqlaşıb ağlayırlar.) Sərvinaz xanım. Anan gözlərinə qurban, oğul! (Bihuş yıxılır oğlunun qucağına.) Xəlil. İş rastına düşəndə belə olar... Nə yaxşı oldu... İndi durmaq yeri deyil... Gəliniz gedək bir yerdə başlayaq kasıblığı... Yaşasın zəhmət, yaşasın kasıblıq! Keçmiş günlər yaman günlər idi, xoş günlərimiz qabaqdadır. Yaşasın elə günlər... Gedirlər. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-ne-ekersen-onu-bicersen İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.