Pəhlivanani-zəmanə Nəcəf bəy Vəzirov (1854–1926) Pəhlivanani-zəmanə Əhli-məclis Aslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında Laçın bəy – 36 yaşında, çərkəs libasında Qulu – ləqəbi “Şeytan”, Aslan bəyin nökəri, 54 yaşında Cahangir bəy – küçə vəkili, 58 yaşında, rus libasında, başında papaq Əhməd – ləqəbi “Pişik”, Cahangir bəyin sağ əli Cabbar bəy – qızılkəndli Məşədi Tağı – xarabakəndli Qurban – balaca kəndli İmamqulu bəy – cavan oğlan, müsəlman libasında Paşa – nalbənd, 30 yaşında * * * Əvvəlinci məclis Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş. Əhməd (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt! Cabbar bəy (daxil olub). Salam əleyküm. Əhməd (tələsik). Əleykümsalam, Cabbar bəy, əleykümsalam... Buyur. Buyur... Buyur əyləş görək. Mən səni dünən gözləyirdim, kişi. Nə oldu ki, təşrif gətirmədin? Mənim ürəyimə cürbəcür fikirlər gəlirdi. Dedim, görəsən nə oldu ki, kişi gəlmədi, xudanəkərdə yoxsa azarladı? Cabbar bəy. Dünən bir az nasazdım, gəlmədim... Neyləyim, əlacım yoxdur. Kafir oğlu, bilmirsən, Əhməd bəy, məni nə mərtəbədə yandırıb, nə mərtəbədə incidib!.. A kişi, hansı vilayətdə görünüb, hansı millətdə görünüb ki, oğul yıxıb ata-anasını döysün, evlərindən qovsun?!. Hər kim desə, Allah, mənə oğul ver, o bəlkə dəli-divanədir. Heç ağlı yoxdur. Genə qız yaxşıdır, Allah qıza min pay versin... Qız, qız, genə, başına dönüm, qız. Əhməd. Gör kişini nə mərtəbədə yandırıblar ki, ağzından od tökür... Bay, bay, bay!.. Heç fikir eləmə, kişi... Əhvalatı Cahangir bəyə demişəm, arxayın ol. Buyurdular ki, hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirdərəm. Ancaq indi bilirsən nə var, Cabbar bəy? Bu işdən ötrü lazımdır beş ərizə vermək. Bir az xərc olacaq. Ərizələr gərək bu kitablardan yazılsın və elə yazılsın ki, daşa vursan daş yarıla. Cabbar bəy. Cahangir bəy mənim tamam var-yoxumu əlimdən alsın, başına dönüm, məni o namərd oğlundan xilas etsin!.. Həya eləyirəm... Dilim gəlmir olan işin hamısını nağıl eləyim. Analığının dörd dişin birdən salıb... Vurublar ər-arvad hərəsi bir tərəfdən, baş şişib, dodaq şişib, tamam bədənində sağ istirahət qoymayıblar... Əndamına təpmə qoymaqdan qollarım az qalıbdır qurusun... Zalım oğlu istəyirmiş barmağın salıb biçarə arvadın gözlərini töksün, harayçı qoymayıb... İndi, Əhməd bəy, göydə Allah, yerdə sizi deyib gəlmişəm, gərək mənim dərdimə əlac tapasınız. Əhməd (kənara). Bəy adlanmağım bəzi ovqat bəd deyil, lazım olar, amma kişi çox füzuldur çifayda. (Cabbar bəyə.) Belə iş olar a kişi? Tfu! Şükür sənə, xudaya!.. Qəribə işlər varmış. Heç fikir eləmə, kişi, Allah qoysa ona bir tövbələtmə verdirəcəyəm ki, inqirazi-aləmə kimi dadı damağından getməsin! Hələ bir dayan. Cabbar bəy. Nə qədər o məlun oğlu, onun ləçər arvadı evdən çıxmayıblar, mən geri qayıtmayacağam... Əhməd bəy, bilmirsən necə zalımdırlar, birəhmdirlər... Əhməd. Heç fikir eləmə... Bax, bircə belə də fikir eləmə. (Barmağının ucunu göstərir.) Əgər o, Cahangir bəyin qələminin altına düşə, mən bilirəm nə olar!.. Bir az səbr elə... Ancaq sonra peşman olmayasan ha... Eşidirsənmi, kişi? Cabbar bəy. Mən?.. Mən yəni peşman oldum?.. Heç vaxt. Onu kənd içində rüsvay eləyəcəyəm. Əhməd. Nə deyim, vallah, bu da oğul. Bu işlərin adın nə qoyub eləyir, axır onu bir mənə qandır görüm. Cabbar bəy. Səndən eyib olmasın, Əhməd bəy, başına dönüm, mənim ikinci arvadımdan bir balaca qızım var... Qız deyil, bir gül parçası. Mənim oğlum, onun ləçər arvadı deyirlər ki, sən gərək o qızı və anasını evdən qovasan, mülk bizə qalsın... Mən də onların acığına o qızı çiynimdən düşürtmürəm və özlərinə deyirəm ki, iyirmi parça yerimi ki, Qızılkəndin yanında var, atımı, malımı və nə qədər müxəlləfat var, satıb nəqd eləyib verəcəyəm o qıza. Ölün, canınız çıxsın!.. Həqiqət elə belə də eləyəcəyəm, Allah qoysa... Qız yaxşı qızdır. Əhməd bəy, görsən xoşuna gələr... Bir şeytandır ki, əvəzi yoxdur... Elə “qağa” dedikcən ağzına qənd verirəm... Əhməd (kənara). Allah o qızı saxlasın... Yerləri Aslan bəyə, özümə də bir balaca tula payı – yaman olmaz idi. (Cabbar bəyə.) Zəmanə, deyirəm, Cabbar bəy gör necə xarab olubdur. Dünya malından ötrü oğul durub ata-ana üzünə, bacı qardaşın üzünə, məhəbbət əldən gedibdir, mehribanlıq qalmayıb; it sümük üstə boğuşan kimi gündüz axşamadək boğuşurlar... Pərvərdigara, sən özün rəhm elə, yazığıq!.. Bah, bah, bah!.. Dünyanın axırıdır, vallah!.. Cabbar bəy. Nə qoyub nə axtarırsan, başına dönüm? Mən qorxuram özümü öldürməsinlər, gorbagor eləməsinlər. Neçə müddətdir ha... Mən onların əlindən təam alıb yemirəm, qorxuram zəhər qatarlar. Əhməd. Allah kərimdir, kişi, qorxma, heç qorxma... Mən elə bu gün təkid elərəm ərizələr tamam olar, inşallah iş də düzələr, arxayın ol... Ancaq sən bir əlli manat hazır elə, görək nə təhər olur... Cabbar bəy. Paaa, bu olmadı ki... Əhməd bəy, sənin canın üçün yanımda bir üçlügüm var, bilmirəm necə olacaq. Əhməd. Sənə doğrusun deyim, Cabbar bəy, bizim bu Cahangir bəy üç manatlıq ərizə yazan deyil... Amma çünki artıq millətpərəstdir, ona görə ümid var onu bir növ razı edəm... Amma sən də bir dürüst cibini axtar, gör bir üç manat da tapa bilərsənmi, mabaqisi sonra da çata bilər... Cabbar bəy. Bayaq dedim, mən var-yoxumdan keçmişəm ancaq dərdimə dərman tapılsın. Vallah, Əhməd bəy, bu saat yanımda üç manatdan artıq tapılmaz, hərgah olsaydı müzayiqə etməzdim... Cahangir bəy məni başına çevirsin, dərdimə əlac eləsin... Əhməd. Sən o barədə arxayın ol... Bu kitabları görürsən? Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində... Anan ölsün kitab yazan!.. Bunda nə ağıl varmış! Başına dönüm, belə zad olmaz ki! Pəh! Pəh! Pəh! Məşədi Tağı (daxil olur). Salam əleyküm. Əhməd və Cabbar bəy. Əleykəssalam Əhməd. Buyurun əyləşin... Yuxarı buyurun... Belə buraya buyurun, bax buraya. Məşədi Tağı. Elə bura da yaxşıdır, zəhmət çəkməyin... Yer yerdir, təfavütü yoxdur. (Əyləşib.) Görəsən Cahangir bəy evdə varmı? Əhməd. Bəli, evdədir, bu saat çıxar. Məşədi Tağı. Çox yaxşı oldu... Mən xarabakəndliyəm, adım Məşədi Tağı Mikayıl oğlu... Bizim bir elə işimiz düşübdür ki, Cahangir bəydən sivay ona əlac eləyən olmaz; elə onu deyib gəlmişəm... Ola bilməz ki, bir adamdan ötrü tamam obanı kor qoyasan... Canım, qudurmuş it kimi ötəni-keçəni qapır... Neyləyəsən? Canımızı boğazımıza yığıb, dəxi tab eləyə bilmirik, vəssalam, axır söz... Əhməd. Hmm... Bir balaca başa düşdüm. Ərizə yazmaq gərək, özü də xəlvət, adsız... Onun dədəsinə Cahangir bəy bir od vursun ki, tüstüsü asimana bülənd olsun... Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin... Belə deyil, məşədi? Məşədi Tağı. Elədir, başına dönüm... İnanın, qardaşlarım, vallah, billah, mən indiyə kimi tamam ömrümdə fasıqlıq eləməmişəm, bir kəsin bədbəxtliyinə səbəb olmamışam. Bu iş özgə işdir... Qeyrət, namus əldən gedib, arvad çəkib aparır, məlun oğlu, zarafat deyil. Adamın az qalır bağrı çatlasın! Əhməd. Paho! Yəni elə işlər də var? İndi hünərin var gəl Cahangir bəyin yanında “qeyrət, namus getdi” adı sək... Vallahi, deyirəm, kişinin az qalar bağrı çatlasın... Mən bir belə millətpərəst adam görməmişəm... Allah onun ömrün uzun eləsin, müsəlmanlara çox görməsin. Cabbar bəy. Amin, amin, amin, yarəbbülaləmin. Məşədi Tağı. Onun millətpərəstliyi aləmə məşhurdur... Bəs mən nədən ötrü gəlmişəm, buraya, özgə yerə getməmişəm? Cahangir bəy (daxil olur, qonaqlar ayağa dururlar). Əyləşin, salam əleyküm, xoş gəlmisiz. Əhməd. Sizə ərz elədiyim Cabbar bəy bu kişidir. Allah xatırın mənzur edib, gərək siz bu bəyə lazımınca kömək edəsiniz, işlərinə kargüzarlıq buyurasız. Cabbar bəy. Başına dönüm, dəxi bilmirəm, mənə rəhm eləyin, yazıq olmuşam. Əhməd. Cabbar bəy bir iyirmi beş manat da pul gətirib təvəqqe eləyir ki, ona rəhm edib dərdinə əlac eləyəsiniz; çünki özü bəy, mülk sahibi, iyirmi parça yeri var Qızılkəndin yanında, işi də mənə məlumdur; sizə sonra ərz elərəm. Cabbar bəy. O iyirmi parça yerin hamısını satacağam, qalmasın o murdar oğluna, özün də sizin əlinizlən yox eləyəcəyəm, Allah qoysa. Cahangir bəy. Siz bəlkə məni yaxşı tanımırsınız, ancaq onu bilmək gərək ki, mən bu qapıdan heç kəsi məyus geri qaytarmamışam. Pul oldu, olmadı, öz köməyimi müzayiqə etməmişəm. O ki qaldı yer barəsində, hərçənd mən özüm yer alıb-satan deyiləm, amma Allahın dövlətindən böyük şəxslər arasında yaxşı dostlarım var, onu da sərəncam elərəm. Cabbar bəy. Sizi Allah bizə çox görməsin, ömrünüz uzun olsun. Demək, mən gedim, arxayın gözləyim? Adım Cabbar bəy Məcidbəy oğlu, adı batmış oğlumun adı Mirzə Hacı. Cahangir bəy. Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. Ancaq siz gərək bir beş gün gözləyəsiniz burada, ta hökm çıxanadək... Amma lazımdır heç kimə bu iş barəsində bir kəlmə söz deməyəsiz. Əhməd (kənara). Yerlər araya gəlməyincən dəliyəm ki, onu əldən buraxam? Bu tələdən kim qurtarıbdır ki, Cabbar bəy də qurtarsın. Cabbar bəy. Dəli olmamışam ki, danışam? Məni bir elə də avam hesab eləməyin. Ancaq, sənə qurban olum, bir az diqqət ilə yazınız. Cahangir bəy. Arxayın ol, kişi, belə işlər mənim əlimdə su içməkdən asandır... (Əhmədə.) Əhməd, bu cənabın bizə görə nə qulluğu var? Cabbar bəy. Mən mürəxxəs olum... Cahangir bəy. Xoş gəldin... Get, arxayın gözlə. (Cabbar bəy gedir.) Əhməd. Məşədi Tağı, xarabakəndli, birisindən xəlvət ərizə vermək istəyir. Çünki o şəxs kənd-oba arasında sayılan adamdır və ondan tamam camaat çəkinir, o da camaata od vurub atalarını yandırır. İndi bu istəyir ki, siz camaatı o itin ağzından xilas eləyəsiniz. Məşədi Tağı. Camaat elə özü məni vəkil edib sizin qulluğunuza göndərib. Sizin millətpərəst olmağınızı eşidib, ümidlərini sizə ancaq bağlayıblar ki, siz onları o əjdahanın ağzından qurtarasınız; çünki dəxi tab etmək mümkün deyil, qeyrət-namus bilmərrə əldən gedib. Əhməd. Siz camaat içində özünüz çox müddət qulluq eləmisiniz və cənabınıza gərək məlum olsun ki, yaxşı ev yandırmaq var, taxıl odlamaq var, adam öldürmək, nahaqdan işə salmaq var... Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya qüzeydən... Bu vilayətdən elə itirəsən ki, qulaqları cırıldaya-cırıldaya gedə, camaatın da canı qurtara. Məşədi Tağı. Afərin bu sözlərə, bərəkallah, Əhməd bəy!.. Gör necə başa düşüb... O evi yıxılmış bizim başımıza nələr gətirib, hamısını bu kağıza yazdırmışam, oxursuz görərsiz. Onu bilin ki, bu yazılan yüzdən biri deyil. (Kağızı verir.) Zalım oğlu canımızı bax buraya yığıb! (Boğazın göstərir.) İndi göydə Allahı, yerdə sizi deyib gəlmişəm!.. Bizim dərdimizə əlac!.. Cahangir bəy. İndi ki, o məlun qeyrətə, namusa əl atır, sən görərsən ki mən onun başına o işləri gətirrəm, hansılar ki, Əmiraslan bəyin başına gətirdim... Əhməd, yadındadırmı Qədir yüzbaşını hara göndərdilər, Qəhrəman koxanı ki, tamam vilayətə qovğa salmışdı, – nə günə düşdü?.. Tamam bu barmaqların gücilə mən eləmişəm... Əhməd. Hay getdi, Cahangir bəy, sən də bir bəlayi-bədsən ha!.. Allah heç bəndəni sənin qələminin altına salmasın... Pah, pah, pah! Mən bilirəm səndə nə var!.. Məşədi Tağı. Bu işləri mən bilməsəydim, burada nə işim var idi? Bilirdim ki, gəldim də. Ələlxüsus ki, Cahangir bəyin millətpərəstliyi. Əhməd. Bu söhbət aydın söhbətdir. Cahangir bəyi kim tanımır?! İndi, məşədi, bilirsən, qardaşım, nə var? Sən camaat tərəfindən vəkil olub gəlmisən o kişinin dədəsinə od vurasan. Belədir, əzizim? Kəndinizdə var dörd yüz ev, hər evdən iki manat, bu elər yeddi-səkkiz yüz... Mən özüm də camaat tərəfindən vəkil getmişəm, o işlərdən xəbərdaram... Belə sən gör necə qoçaqsan ki, tək gəlmisən, yoldaşsız... Əlbəttə, iş görmək gərək. Lazımdır ki, ərizə diqqətlə yazılsın. Məşədi Tağı. Biz istədiyimiz də elə odur, başına dönüm. Dəxi təngə gəlmişik. Əhməd. Artıq uzun danışmaq lazım deyil. Əlini sal cibinə görüm neçə gətirmisən... üç yüz, dörd yüz? Məşədi Tağı. Üç yüz, dörd yüz nədir, başına dönüm? Zalım oğlu bizlərdə məgər istitaət qoyubdur ki, pul tapıla?! Bircə dənə qızılım var, artıq öldürsəniz də tapılmaz. Camaatda taqət qalmayıb. Əhməd. Nə söyləyirsən? Çaşmısan nədir? İstəyirsən bir kişinin topdağıtmaz evini tar-mar eləyəsən, özün də necə təklif eləyirsən! Pəh, pəh, pəh!.. Kamallı vəkil tutub camaat. Afərin maşallah!.. Cahangir bəy (ayağa durub). Əhməd, mən bir azdan sonra gedəcəyəm. Hərgah gələn olsa, deyərsən ki, axşam saat beşdə buyursunlar. Məşədi Tağı. A başına dönüm, mən səni deyib gəlmişəm, sən də hara gedirsən? Məlun oğlu bizi quru yurdda qoyub, pul tapılır məgər! Cahangir bəy. Əhməd, evdə ol, qubernatorun dəftərxanasından kağız gətirəcəklər, alıb qoyarsan mənim otağıma. Çox vacib kağızdır, itib eləməsin. (Gedir.) Əhməd (kənara). Xeyr a... Məşədi qırılmış tələyə girməyəcək... (Məşədi Tağıya) Sən nə təhər adamsan, a kişi? İndi bundan sonra Cahangir bəy sənə yaxın gələrmi? Adamsan, adam oğlusan, beş manat nə puldur ki, sən o yandan bəri şəklədirsən? Cahangir bəy elə Allahın verən günü beş manat faytona verir... Üstə qoy görüm nə qoyursan. Hm, tərpən görüm, tez! Hmm. Məşədi Tağı. Sənin xatirin üçün qoy bir manat da artıq olsun... A kişi vallah, billah, camaatda can qalmayıb. Nə söyləyirsən, bu bir manatı da mən öz cibimdən verirəm. Əhməd (kənara). Yalançıya Allah qəzəb eləsin! (Məşədi Tağıya.) Xeyr a, düzələn iş deyil, gedə bilərsən. Buyur, buyur, nahaq yerə boşboğazlıq oldu... Buyur. Məşədi Tağı. Yəni yeddi manat da azdır? A kişi, Allaha baxın, belə iş olmaz... Sənə deyirəm istitaətimiz kəsilibdir, pul tapılmır, pul, qanırsanmı? Əhməd. Artıq baş ağrısı vermə, buyur, buyur... Get Avanes bəyin yanına, Sərkis bəyin yanına. Əvvəl-axır sizin pulunuz onlara nəsib olar... Buyur, buyur. Məşədi Tağı. Allah genə onlara versin, beş də verirsən alırlar, üç də verirsən alırlar; papağı götürüb mənə bir baş da vururlar... Siz adınızı qoymusuz millətpərəst, amma belə hərəkətlərdən aşkar görünür ki, millətpərəstliyiniz də pul tələsidir, vəssalam. Sən məni kəndli, qanmaz hesab eləyirsən. Əzizim, mən şeytana papaq tikirəm. Yaxşı divanxanalar görmüşəm, böyük şəxslərlən rəft-güftüm olub... Adınız millətpərəst, özünüz dəllək... Xudahafiz! (Gedir.) Əhməd (tək). Zalım oğlu nə fəndbazmış, a gədə!.. Bərəkallah kişi!.. Mən də başlamışam gör kimə badalaq qurmağa... Camaatın pulun doldurub cibinə, şeytan oğlu şeytan, on manat da heç olmasa vermir... Neyləmək gərək? Genə lənət heçə. (Çağırır.) Məşədi, məşədi, bəri qayıt görüm! Məşədi Tağı (daxil olub). A kişi, sən öləsən, Əhməd bəy, artıq olsa, müzayiqə eləmərəm, inan Allaha. Əhməd. O pulları bəri ver görüm... Kağızı da bəri elə (Pulu kağızı alır.) Cahangir bəy (daxil olub). Əhməd, ala bu planları apar ver Aslan bəyə, evdə olmadı, ver Quluya... Əhməd. Baş üstə, Cahangir bəy. Al bu pulları hər nədir və bu kağızı... Əlbəttə, Məşədi Tağı da bizə bir gün lazım olar. Görünür ki, qoçaq kişidir. Cahangir bəy. Yaxşıdır, qoy dursun... Yazaram. Məşədi Tağı. Bəy, siz məni yaxşı tanımırsız... Mənim adım hər yerdə söylənir. Allah qoysa sizə çox-çox karsazlıq edəcəyəm. Ancaq bir bu dəfə lazımınca səy eləyin. Əhməd. Tapşırmaq lazım deyil, məşədi, sən o kişinin evini elə tar-mar eləyəcəksən ki, inqirazi-aləmə kimi söylənəcək. Nə danışırsan?! Məşədi Tağı. Allaha pənah. Ancaq təvəqqe eləyirəm ki, sabah bu vədəyə kimi ərizə hazır olsun. Xudahafiz. Cahangir bəy. Baş üstə, xoş gəldin. (Məşədi Tağı gedir.) Əhməd. Ta səy bundan artıq olmaz ki, neyləyim?! Zalım oğlu zalım, tora girmədi ki, girmədi! Görünür ki, çox tülək imiş... Al, hər nədir. Lənət heçə!.. İkisi mənim, beşi sənin (Cahangir bəy pulu alır.) Paşa (çöldən). Allah evinizi başınıza uçursun, hər iki dünyada üzünüzü qara eləsin!.. Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!.. Cahangir bəy. Əhməd, Qotur Paşadır gələn. Sən öləsən qaçmaq gərək. (Qaçırlar.) Paşa (daxil olub). Getdim kabab iyinə, gördüm eşşək dağlanır... Tfu sənin içinə, a bəxt! (Çağırır.) Ağa mirzə Cahangir bəy! Qaçıb gizlənmək ilə adamdan əl çəkməzlər. Qadon alım, bəri çıx, bəri çıx, yoxsa vallahi dünyayi-aləmi yığaram buraya... Camaat, görün heç yolkəsən, quldur belə iş elərmi?! İki yüz min manata dəyən neft yerini aldadıb bir doxsan yaşında qocadan alasan iki min manata, pulun da tamam-kamal verməyəsən?! And olsun Allaha, necə ki, ərz eləyirəm, belədir, bir kəlmə xilaf söz yoxdur. Aslan bəyin gözünə güllə vursam, genə ürəyim soyumaz. (Çağırır.) Ağa mirzə Cahangir bəy! Fəda olum sənə, ağa mirzə Cahangir bəy! Əstəğfürullah rəbbi və töbə. Lənət sənə kor şeytan ha, ha... Ağa mirzə Cahangir bəy, ay bizim ağa mirzə, başımızın sahibi!.. Cahangir bəy! Əhməd (daxil olur). Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil... İstəyirsənmi peysərinə bir beş-on yol da şaplayım, elə düz gedəsən?.. Paşa. Cahangir bəyi buraya çağır, artıq hürmə! Əhməd. Adın Qotur Paşa ola, belə hökumət işlədəsən? Qoçaqsan vallahi, dəxi nə deyim?! Paşa. Adın Pişik Əhməd, ağan Cahangir bəy abbasiyə ərizə yazan, bəs bu forsun nədəndir, əzizim? (Təbəssüm ilə.) “Nə üçün bağırırsan”. Nə üçün bağırmayım? Öz qohumunun evin yıxıb mənilən bir yerdə yerini Aslan bəyə satdınız, o da mənə səkkiz yüz manat vədə elədi ki, mən mane olmayam, axırı necə oldu? Nə üçün vermirsiniz? Nə üçün mənim evimi Cahangir bəy tar-mar eləyir? Əhməd. Axmaq-axmaq danışma, həpənd! Paşa. Axmaq olmasaydım, qoyardım ki, doxsan yaşında qoca kişini aldadasız? Əlbəttə, axmağam... Mən çox işlər bilirəm, ancaq hələ axırını gözləyirəm... Əhməd. Bilirsən, Paşa, nə var? Biz, qardaş, bir yerdə çörək kəsmişik, məsləhətə xəyanət yoxdur... Aslan bəy bir abrozovannı oğlandır, o işini möhkəm aparıb. Heç zad eləyə bilməzsən. Qoy biz bir şey edək, buradan dur gedək Şeytan Qulunun yanına, ona da bir şey vədə edək, o işimizi düzəltsin, vəssalam... Mən deyərəm ki, Paşa prokurorun yanına getmək istəyir... Heç fikrə getmə, Paşa, sən öləsən, bu canım ölsün ki, bundan qeyri bir əlac yoxdur. Bəri gəl gedək. Paşa. Elə bilirsən, getməyəcəyəm? Vallah, billah, hərgah Aslan bəy vəd elədiyi səkkiz yüz manatı verməsə, qocanı aparacağam düz prokurorun yanına. Özü bilsin. Babamı öldürmüşəm ki, goruna and içim?.. Verməsə, “qaradovoy” deyib beş saat bağıracağam, aləm tökülsün, üstümə... Əhməd. Heç zad lazım deyil. Bir əlli-altmış manat verərsən mənə, mən də işi düzəldərəm... Bəri gəl gedək. Buyur, ya Allah... Mənə Əhməd deyərlər. Gör nə büsat açacağam, özün də mətəl qalasan. Buyur, buyur... Buyur deyirəm sənə. (Gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır. Aslan bəy. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki? Qulu. Bəli, tanıyıram. Aslan bəy. O irəli bir yol da bizə gəlib, yadımdan çıxıb, bilmirəm nə işdən ötrü. Qulu. Onun atmaral ilən işi var idi. Aslan bəy. Afərin, özüdür... Qulu. İndi bu saat şəhərdədir... Onun bir az yeri var, dəllallar hər tərəfdən əhatə edib nəfəs almağa macal vermirlər, kişini təngə gətiriblər... Aslan bəy. Afərin, yaxşı duymusan... Bəs dəllallar nəfəs çəkməyə macal vermirlər, hm... xa, xa, xa! Qulu. Mən onu dünən gördüm və danışdırdım. Söz verdi ki, bu gün gəlsin. Bir az da pul verdim. Aslan bəy. Qulu, bilirsən nə var? Durmaq yeri deyil. Get, onu bu saat tap gətir, yer deşiyində də olsa, gərək tapasan, yoxsa əldən çıxar. Qulu. Baş üstə, gedərəm. Ancaq yəqin bilirəm ki, özgə yerə getməz, bu saat gərək buraya gəlsin. Aslan bəy. Getsən yaxşıdır, etibar etmək olmaz. Durma. (Qulu gedir.) Yayın istisi, beyin boşalmış, ağıl gözdə... Hər fənnin var işlət də! Ведь иногда весь успех зависит от одной минуты. Aslan bəy (zəng vurur. Qulu daxil olur). Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər. Qulu. Hansı yeri buyurursuz?.. Aslan bəy. Sənə bağışladığım şəhər yerinin kağızını. Qulu. Xeyr, hələ almamışam. Aslan bəy. Kağız gərək indi hazır olmuş ola, gedib alarsan... Yer yaxşı yerdirmi? Qulu, bir beş min manata dəyərmi? Qulu. Heç onu beş min manata da vermərəm. Aslan bəy. Çox şadam... O qonşuluqdakı yer hələ dururmu? Qulu. Bəli, durur. Aslan bəy. Bir bil gör neçəyə almaq olar, pul verim, onu da alıb qatarsan o yerə. Qulu. Billəm. Zəng vurulur. Aslan bəy. Gör kimdir, Qulu. (Qulu gedir.) Кули в восторге от городского участка... Да необходимо задобрить и Лачина и Джангира. Иначе нельзя. Богатейшие участок у моего Курбанчика. Да а... Но если только удастся... Неть не уйдешь от меня мой старикашка Курбанчик, не уйдешь! Laçın bəy (çöldən). A Qulu, bəy evdədirmi? Qulu. Bəli, evdədir (qapını daldan açıb), buyurun. Laçın bəy (daxil olur). Xa, xa, xa!.. Xa, xa, xa!.. Aslan bəy. Genə nə var a kəndirbaz, nəyə gülürsən? Əyləş görək. (Qalxıb əl verir.) Laçın bəy. Gülməyib nə eləyim a balam? İndi bu saat Məhəmməd mənə rast gəldi. Başladı ki, a bəy, mənim yüz min manata dəyən şəhər yerimi tovlayıb əlimdən aldınız, verdiniz yüz iyimi manata, indi gedirəm, deyir, Aslan bəyin qapısına, məni iti məsciddən qovan kimi qovdular. Allah, deyir, belə zülmü qəbul elər?.. Allah sizin evinizi yıxsın!.. Sən öləsən ağzından od tökürdü. Qorxuram bizi bir gün küçədə basıb pakizə döyələr də. Ona bir min manat vermək lazımdır, Aslan. Aslan bəy. Adın Laçın bəy, özün yapalaqdan aciz!.. Kim cürət edib əl tərpədə bilər?! Əlavə, mən ölüm, insaflı danış, onlara dövlət nə lazım? Çirkli libaslarınamı yaraşar dövlət, ağıl-kamallarına yaraşar, yoxsa sir-sifətlərinə? Qoy dövlət keçsin bizim əlimizə, onu bir ağız ləzzətilə ağayana xərc edək. Görsünlər ki, dünyada dolanmaq nəyə deyərlər... Mən ölüm belədirmi? Yaxşı demirəm? Laçın bəy. Толковать нечего, разумеется так... Скажи пожалуйста, Аслан, как с Имамкули беком, поддается или нет? Aslan bəy. Yavaş-yavaş deyəsən tələyə yaxınlaşır. Görək. Laçın bəy. Bizə də bir şey olacaq, yoxsa yox?.. Lotunu inandırmışam. Hər nə deyirəm deyir belədir. Aslan bəy. Какой же ты чудак, Лачин, ей богу. Да разве можно такую глупость сказать! Я разве когда-нибудь жалел для них что-бы то ни было? Свинья же ты после этого!.. Laçın bəy. Ладно, не сердись и не ругайся! Я пошутил... Слышал, Аслан, новости? И Карапета на Баилов отправили с целой его шайкой, человек до 30, да еще Довлатбазова, все за кражу мазута. Оказывается весь Черный Город занимается кражей нефти. Aslan bəy. Слышал, но я тебе откровенно скажу, что я по крайней мере, никого из них, не виню: всякому жить хочется, это так естественно и против такого явления могут возмушаться только разные писаки в роде наших... Laçın bəy. Ну, брат, все же так хочешь, образованным то людям во всяком случае не подобало да еще вполне обеспеченным... Aslan bəy. Не фантазируй, пожалуйста, в наше время кто не ворует? Не воруют одни дураки... Laçın bəy. Говарят, что Ага Шариф послан в тюрьму сказать Наибову, что ему остаётся одно верное средство: петлю на шею. Вот мой совет о помощи. Aslan bəy. Глупейшая фантазия и больше ничего! Он обладает миллионами, легко ему советы давать, да и такие бессмысленные. Laçın bəy. Xudahafiz mən getdim. Aslan bəy. Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə... Laçın bəy. Axşam klubda səni gözləyirəm. Bir vacib iş də var, gəl. Aslan bəy. Çox pakizə, gəlləm... (Laçın bəy gedir.) Sən öləsən, ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var... Əlinə bir az yer salıbsan, çox atlanıb-düşürsən, gözün ayağın altını görmür. Bir az dayan!.. Ах, боже мой, чуть было не забыл. Сегодня 8-ое. Непременно нужно дать одну телеграмму в Тифлис князу, другую... да... в Коджоры. Его превосходительству и третью... куда?.. В Питер, Светлейшему. (Telləri yazıb, sonra oxuyur.) Чудесно, лучше и не надо. Русская аристократия черезвычайно милые и симпатичные люди, сколько в них деликатности, восхитительной простоты и благородства. Прочитав телеграмму, скажут: “татарин”, но в нем ничего татарского нет. Что значит воспитание и образование... Грешно с такими милыми господами прекратить связь и знакомство. (Zəng vurur. Qulu daxil olur.) Qulu, fayton götür, bu telləri yola sal. Qulu. Bəli, apararam... Ancaq Qurban kişi gəlibdir. Çörək-zad verdim yedi. Aslan bəy. Çox pakizə. Gətir içəri, qoy otaqlara tamaşa eləsin, görmədiyi büsatı görsün, mən də bir azdan sonra gəlləm. (Gedir.) Qulu (qeyri qapını açıb). Kişi, gəl içəri. Başmaqlarını çıxar, nə qayırırsan?.. Bəri gəl, bax, bura əyləş. Qurban (daxil olub və büsata baxır). A Qulu, başına dönüm, məni qoyaydın qapıda duraydım, bəy çıxanda dərdimi ona çöldə deyəydim, məni buraya neyçün gətirirdin? Adam az qalır dəli-divanə ola! Ömrümdə mən belə büsat görməmişdim, belə də şey olarmı? Qulu. Ayyyy... Nə qoyub, nə axtarırsan?! Hələ gözə görükən budur. Bir tamaşa elə, gör nələr var! Buraya bax, o küncə bax. Qurban. Pah, pah, pah!.. Belə də dəsgah olarmı? Başına dönüm, bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır? Qulu. Hələ burada nə var ki? Bir bəri dur, tamaşa elə, gör bu evdə nə zinət var, nə dövlət var. O şəkli görürsən? Heç bilirsən onu bəy neçəyə alıbdır? Bilirəm, inanmayacaqsan... Ona veribdir altı min manat. Qurban. Pah, pah, pah!.. Görəsən, a Qulu, belə evdə olanın da dərdi varmı? Sən Allah, a Qulu, bircə de görüm, Aslan bəyin sənəti nədir? Bu qədər dövlət olar ki, bunun var? Qulu. Aslan bəyin dövlətinin nə sanı var, nə hesabı. Sənə mən elə bir put lülə qızıl göstərə billəm, bir çanaq ləl-cəvahir. Hansını deyim ki, sən başa düşə biləsən? Qurban. Dövlət olmasa, canım, bu büsat haradan ola bilər? Əlbəttə var ki, kişi dəsgah açıbdır da. Aslan bəy (daxil olub). Otur, kişi, otur. Hm... Evlər xoşuna gəlirmi? Sizin kənddə də belə işlər varmı? Qurban. Belə işləri biz dərviş nağılında eşitmişik... Allah dəxi də artıq eləsin, a bəy. Aslan bəy. Neçə yaşın var, qoca? Qurban. Çoxdur, başına dönüm. Olar bir doxsan yaşım... Mən balaca uşaqdım, yeriyib-yüyürən, nəstə, adı nədir, gələndə... Aslan bəy. Sən bilmirsən, kişi. Sənin nə qədər artıq olsa, əlli-altmışdan yuxarı deyil. Gələsən, kişi, səni mən göndərim Xorasana, ya Kərbəlaya... Get ağalarını ziyarət elə. Ömrə ümid yoxdur. Qurban. Allah qoysa gedəcəyəm. Elə işlərimi qurtardım, dəxi burada qalmayacağam, gərək siz kömək edəsiz... Bu kağızlara baxsanız, bilərsiz mənim dərdim nədir. Aslan bəy kağızları alıb oxuyur. Qulu. Məsləhətə xəyanət yoxdur. Qoca, bu saat sənə heç bir şey lazım deyil, məgərinki axirət... Özündən sonra varislərə bir şey qoysan, goruna gündə min kərə söyməkdən savay sənin bir xeyrin olmayacaq. Yaxşısı o deyilmi ki, yerlərini satıb, nəqd pul eləyib gedəsən ziyarətə, ovdan tikdirəsən, məscid bina edəsən, fəqir-füqəraya əl yetirəsən?! Qurban. Elə Laçın bəy də mənə belə məsləhət gördü. Qulu. Bu dünya puç dünyadır, ağlı olan gərək axirətin axtarsın. Ələlxüsus ki, ömür az qalanda. Aslan bəy. Qoca, mən sənə bir aşkar söz deyim. Sənin bu yer işin elə işdir ki, sən özün iyirmi ilə təmizləyə bilməzsən. Çox qocalmısan, vaxt gözləməz. Yaxşısı odur ki, sən o yerləri satasan, başdan ola. Hərçənd mənim özümə yer lazım deyil, çünki yerim çoxdur, amma sənə mən adam göstərim, o sənin yerini alar və yaxşı da qiymət verər. Qulu. Ağa, Allah xatirinə, bir yol bu kişi sizi deyib gəlibdir, hər nə eləyirsiniz, özünüz eləyin, bunu bir də özgə qapısına göndərməyin. Aslan bəy. Axır mən alım neyləyim? Sən bilirsən ki, yer barəsində mən özüm də təngə gəlmişəm. Qurban. Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır. Bir az qazırsan, torpaqdan neft iyi gəlir. Ovcuna alıb sıxırsan, neft damcılayır. Qulu. Ağa, siz bu işdən heç boyun qaçırmayın. Rüsxət verin, mən bu kişini aparım Cahangir bəyin yanına, bu onu vəkil eləsin. Bu yeri, zərər də olsa qəbul eləyin. Kişi də yazıqdır, özgə adamın əlinə düşər, alladarlar. Qurban. Mən bir yol bu işi vermişəm bəyə. Bundan sonra mənim vəkilim odur. Hər nə tövr istəyir eləsin. Mən bəyin atasın da tanıyıram. Allah oğlanların saxlasın, yaxşı kişidir. Aslan bəy. Vəkalətnamədən irəli, a Qulu, qocanı apar hamama. Buna bir dəst libas da al, üstün-başın düzəlt; yoxsa bunu bu tövr libasda adam içinə çıxarmaq olmaz. Sonra mən işə əncam çəkərəm. Qulu. Qoca, dur gedək. Allah özü birliyi xatırına Aslan bəyin ömrün uzun eləsin, dəxi işin qurtardı; bəxtin çəkdi... Aslan bəy ki, söz verdi, işin bitdi. Dur gedək. Qurban. Qurban olum sənə, a bəy, elə olsun ki, bu işdə sonra peşmançılıq çıxmasın. Aslan bəy. Xa, xa, xa!.. Qocanın fikrinə gör nə gəlir! Kişi, dünyada mənim nə ehtiyacım var ki, bir sənin kimi qocaya mənim köməyim lazım ola, mən də ona xəyanət edim? Qulu. Qoca, dəxi bəsdir, artıq otursan, qorxuram sarsaqlayasan. Dur ayağa. Dur, dur gedək. Qurban. Müraxxəs olum... Bağışlayın, başağrısı verdim. Aslan bəy. Qoca, al bu yüz manatı qoy cibinə, ürəyin buz kimi olsun. A Qulu, yəqin qocanın düşməyə yeri yoxdur, saxla yanında. Cahangir bəyi də göndər buraya... Qoca, məndən razı oldun ki? Qurban. Nə tövr, nə tövr məgər!.. Allah səndən razı olsun! Allah oğlunu saxlasın! Aslan bəy. Razılığı iş tamam olandan sonra edərsən, indi gedin. Qulu və Qurban gedirlər. Aslan bəy (tək). Qoca iş tamam oluncan qulluğunuzda pakizə dustaqdır. Несомненно нефтеносные земли. Все признаки ясно указывают. Пятьсот десятин! Каждая по тысяче, по две тысячи рублей. Да... а... Теперь можно купить имение Николая Алексеевича. О... о... о... я знаю что тогда сделаю. Замок в мавританском вкусе, кругом высокие башни среди леса, парк, зверинец, экипажи всех видов, гости, ландо, гуляние, хохот... Zəng vurulur. Qulu daxil olur. Qulu. İmamqulu bəy gəlibdir. Aslan bəy. Buyursun. Qulu, bəri bax, Cahangir bəy vəkalətnaməni alan kimi, bir buraya təşrif gətirsin və işi tamam oluncan qocanı əldən buraxmazsan. Başa düşdünmü? Qoymazsan bir kəs ona yaxın gələ. Öyrədərlər... Qulu. Xeyr a!.. Arxayın olun. Qoca elə kəməndə keçməyibdir ki, qurtara bilsin. (Qulu gedir.) İmamqulu bəy (daxil olub). Salam əleyküm. Aslan bəy. Əleykümsalam, buyurun əyləşin. İmamqulu bəy. Planları gətirmişəm, buyurun baxın. Aslan bəy. (planlara baxıb) – Amma çox yermiş, İmamqulu bəy, Allah dəxi də artıq eləsin, nəcib övladsınız. Heç bu yerdən satmısınızmı? İmamqulu bəy. Hələ bir desyatin də satmamışam, amma indi istəyirəm yavaş-yavaş satam, hərgah müştəri olsa. Aslan bəy. Bilirsiz, əzizim, nə var? Belə işlərdə oyun lazımdır: “iqra”, yəni fən... Gərək elə fən qurasan ki, yerin qiyməti artsın. Sizə də elə o lazımdır. İmamqulu bəy. O işləri siz bilirsiz. Nə tövr buyurarsız, mən də elə rəftar elərəm. Aslan bəy. Bir üç ay bundan irəli Xudaverdi bəydən mən aldım on desyatin yer, üç yüz manatdan desyatini, amma kupçidə yazıldı səkkiz yüz. Bu sevdadan sonra Xudaverdi bəy əməlli-başlı alış-veriş elyir. Səkkiz yüzdən, doqquz yüzdən indiyə kimi əlli-altmış desyatin də yer satıb. Mən çox şadam. Elə filankəs bu yerdən alıb deyin, müştərilər aman vermirlər. Amma öz aramızdır, mən ölüm, əgər bu sözü ağzından qaçırdasan. Yer ümidsiz yerdir. Belə fənnə biz “oyun” deyirik, “birjevaya iqra”. İmamqulu bəy. Hərgah xahiş eləsəz, mən də sizə elə o qayda ilə sataram bir iyirmi desyatin. Aslan bəy. Nə qədər çox olsa, oyundan ötrü bir elə artıq əsər elər. İndi ki siz iyirmi desyatin deyirsiz, eybi yoxdur, qoy iyirmi olsun. İmamqulu bəy. Axşam buyurarsız nataryusxanaya. Aslan bəy. Çox pakizə. İmamqulu bəy. Hələ ki xudahafiz. Aslan bəy. Xoş gəldiniz. Saat yeddidə... Allah qoysa sizi Parisə aparacağam, vıstavkaya, İmamqulu bəy. Çox qəribə işlər olacaq orada, günahdır getməmək. İmamqulu bəy (təbəssüm ilə). Bəli, Allah qoysa gedərik, inşallah. (Gedir) Aslan bəy (tək). Как это чудно, как это мило. Вчера представитель общества “Темное царство” милейший Моисей Израилович просто меня умолял купить для них 20 десятин этой самой земли. Готовы заплатить за десятину 2000 рублей. 300 долой – 1700 х 20 = 34000 руб. А сегодня меня просит купить сам владелец. 34000. Шутка сказать! Это не то что мазут воровать, да на Баилов отправляться. Спасоб приобретения – самый законнейший. Сейчас же к Моисею... Тысяч 10 задатка и дело в шляпе. Fışdılıq çala-çala gedir. Pərdə * * * Üçüncü məclis Vaqe olur Aslan bəyin otağında, Cahangir bəy, Cabbar bəy və Əhməd əyləşiblər. Cahangir bəy. Vallahi deyirəm bu saat mənim bir əlliyəcən yaşım var, amma mən bir belə vücud görməmişəm və görməyəcəyəm. Canım, kişi əslindən ağadır və heç kimə müyəssər oğul deyil. Görməmişəm bu qapıya bir adam gələ, məyus qayıda... Allah öz pənahında saxlasın. Adı Aslan, özü aslan. Əhməd. Bir yol, Cahangir bəy, bacım oğlunu tutmuşdular, gəldim bəyin yanına. Məni görən kimi başladı: genə nə var, a pişik? Ərz elədim mətləbim nədir. O dəqiqə bir balaca kağız götürüb üstündə bilmirəm nə yazdı, nə yazmadı, buyurdu ki, apar ver. Kağızı apardım. Verən kimi uşağı əldən qoydular, götürdüm gəldim... Aslan bəy kimi millətpərəst harda var? Pəhləvandır, pəhləvan! (Kənara.) Həzərat, olsun ki, yalan deyirəm... Bunların heç kimə xeyri olmayıb, ələlxüsus onun böyük qardaşından, lənətüllah! Cahangir bəy. Bir adama söz verməsin, verdi yeddi fələk də onu poza bilməz. Bilsə ki, on manat zərəri var, yenə öz sözündən qaçan deyil. Cabbar bəy. A Cahangir bəy, siz mənə dediniz ki, bəyi tamam şəhərdə böyük-kiçik, tanımayan yoxdur; amma mən yüz adamdan soruşdum ki, Aslan bəyin evi haradadır, tanıyan olmadı. Bu nə sirdir? Cahangir bəy. Xa, xa, xa! Nə söyləyirsən, kişi? Nəinki bu şəhərdə, sən get Tiflisə, Dərbəndə, İrəvana, paytaxt şəhərimizə ki, Peterburq ola, onu tanımayan yoxdur. Əhməd. Gədə-güdə, qoduq-moduq nə bilsin ki, Aslan bəy kimdir? Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, tamam divan əhlindən soruş, onda bilərsən ki, Aslan bəy kimdir. Aslan bəy İskəndər kimi sədd açıbdır, nə söyləyirsən, kişi! Cabbar bəy. Elə bu dəsgahlardan görünür ki, kişi böyük adamdır; doğru buyurursuz. (Qulu başın bulaya-bulaya daxil olur.) Cahangir bəy. Genə nə olub, a Qulu? Ovqatını təlx görürəm. Qulu. Ovqatım necə təlx olmasın? Sabahdan indiyə kimi qapı açmaqdan canım boğazıma yığılıb, gəlib-gedənin əlindən təngə gəlmişəm. Xalqda insaf yox, utanmaq yox, həya yox! Biri gəlir dustaq işim var, biri gəlir mənə yer ver, biri gəlir pul ver. Ac qohumların da sanı yox, hesabı yox... Mən də ayaq altında itmişəm. Cahangir bəy. Bu saat bəyin yanındakı kimdir? Qulu. Bir knyazdır, Tiflisdən gəlib. (Qapıya baxır.) Deyəsən gedir. (Qulu tələsik çıxır.) Əhməd (qapıya baxıb, kənara). Afərin, bu knyaza... Şeytan Qulu dəllal Sərkisi knyaz qayırdı, necə ki Cabbar bəy məni “bəy”. Qoçumsan, vallah, Qulu... Xudaya-pərvərdigara, bu evdə nələr qaldı mən görməmiş olam! Hələ yaxşı ki, bəyin böyük qardaşı Ağa Taun burada yoxdur, lənətüllah!.. Qulu (daxil olur). Bilmirəm bu knyazlar yazıqdan nə istəyirlər eyy... Vallah, təngə gəlmişik. Cahangir bəy. Bizim burada olduğumuzu Aslan bəy görəsən bilirmi? Qulu. Bu saat çıxar. Cabbar bəy. Kişilər, Aslan bəyi o mərtəbədə qoydunuz ki, “gəlir” deyəndə bədənimə lərzə düşür. Əhməd. Xeyr a! Elə adam deyil... Ləzzətli oğlandır... Rəhm, mürüvvəti dəryacandır. Nə söyləyirsən. Bir lortçudur ki, bərabəri yoxdur. İndi gələr, görərsən. Aslan bəy (daxil olub). Qulu, Allah xatirinə axşamadək heç kimi qəbul eləmə. O qədər yorulmuşam ki, danışmağa taqətim yoxdur... Salam əleyküm. Əyləşin. (Əyləşirlər.) Əhməd (ayaq üstə). Molla olma, başın ağrımasın. Bizim dərdimizi siz çəkməyəndə görək bəs kim çəkəcək? Aslan bəy. Canım, dərd bir olar, dərd iki olar, nəinki bu qədər. Vallahı, deyirəm, biz müsəlmanın çox işlərinə baxanda az qalır ki, mən uşaq kimi ağlayam. Əhməd (kənara). Bax, bu ağlamaq büsatını mən təzə eşidirəm, əvvəl yoxudu... İnanan, atana lənət, anana lənət! Aslan bəy. Deməkdən, qandırmaqdan dəxi yorulmuşam. Hər kim mənim məsləhətim ilə iş görüb, olub dövlət sahibi. Hər kim mən deyən yol ilə getməyib, axırda olub peşman. Canım, xalqa güclən ağıl öyrədə bilmərəm ki! Ta səy, qardaşlar üçün, bundan artıq olmaz ki!.. Mən neyləyim, vəhşidirlər. Əhməd (kənara). Gopa, başına gönüm, gopa!.. Məşədi Tağı, yerin boş... Cabbar bəy. Mənim də dərdimə əlac elə, başına dönüm, qoca kişiyəm, bir kəsim yoxdur, Allahdan aşağı səni deyib gəlmişəm. Aslan bəy. Cahangir bəy, bu qocanın dərdi nədir, buyursun görək. Hərçənd yorulmuşam, əlac yoxdur. Əhməd demişkən: “Molla olma, başın ağrımasın”. Cahangir bəy. Bunun Qızılkəndin yanında bir neçə parça yeri var, bir balaca davalı... O yerdən ötrü oğlu bunu darıxdırır. Çünki ikinci övrətindən bir tifil qız uşağı var, gərək o tifili fot eləyəsən, anasını da rəf, mülk qalsın mənə. Yoxsa, deyir, sizi qıracağam Aslan bəy. Vay yazıqlar, vay biçarələr!.. Əhməd. Zalım oğlu bir neçə gün bundan irəli istəyirmiş barmağını salıb o qızın anasının gözlərin töksün. O gün sizə ərz elədiyim əhvalatdır. Aslan bəy (acıqlı). Allah xatirinə, Əhməd, belə söhbətləri mənim yanımda danışma, ürəyim nazikdir, dözə bilmirəm. Ах ты мерзавец!.. Ах ты негодяй!.. Да его можно в тюрьму мерзавца! Какая дикая безжалость! Cahangir bəy. Fəqir kişi, neyləsin, həyasına qısılıbdı. Aslan bəy. Mən belə söhbətlərə qulaq asa bilmirəm, yoxsa yəqin bil ki, yuxu da mənə haram olar... Hərgah Cabbar bəy istəsə, mən onun biinsaf oğlunu bir gündə yox elərəm. Cabbar bəy. Göydə Allahı deyib, yerdə səni, gəlmişəm. Başına dönüm, Aslan bəy. Aslan bəy. Burda heç bir çətin iş yoxdur. Əhməd, Cabbar bəyi bu saat apar nataryusun yanına, bir vəkalətnamə Cahangir bəyin adına yazdır və deyərsən ki, xərci mənim hesabıma yazsınlar. Kişi, Allah ölümdən macal versə, mən sənin o yerlərini çox artıq qiymətə rədd eləyəcəyəm. Sən dürüst arxayın ol və oğlunun barəsində binagüzarlıq nə tövr sənin kefin istəsə... Ay yazıqlar! Ay biçarədir!.. Əhməd. Aslan bəy, dərdin alım, mənim də bir böyük dərdim var axı. Aslan bəy. Sən də buyur, baş üstə. Əhməd. Siz mənim adımı “pişik” qoymusuz, lazımdır ki, pişiyə də hərdən-birdən dalaq atmaq. Aslan bəy. Xa, xa, xa, xa... O da baş üstə. Buyur bu yüz manatı. Ancaq mənim də sənə təvəqqem var; bu gün Cabbar bəy sənə qonaqdır, işləri qurtarandan sonra onu apararsan pakizə müsəlman aşpazxanasına, hər nə xahiş eləsə, versinlər və nə qədər xərc olsa o da mənim boynuma, yaxşı? Cabbar bəy. Allah səndən razı olsun. Mürəxxəs olum. Aslan bəy. Xoş gəldin, gedin. (Əhməd və Cabbar bəy gedirlər.) Cahangir bəy. Kağızlar möhkəm kağızlardır. Təmiz kupçilə alıb-satmaq olar. Aslan bəy. Biz istədiyimiz də elə odur. Çox göyçək, çox pakizə. Laçın bəy (çöldən). Əhməd, mən ölüm bir bəri qayıt!.. Yaxşıdır, gedərsən. Hələ bir bəri qayıt! Mən ölüm deyirəm. (Əhməd və Laçın bəy daxil olurlar.) Laçın bəy. Aslan sənə bir qəribə əhvalat nağıl eləyim. Üç gün bundan irəli bizim Əhmədi o qədər əziblər ki, yerdə ölü qalıbdı... Nişanbazlığa getmişmiş bədbəxt, evdə duyublar... Nə yemisən turşulu... Vurublar ha!.. Vurublar ha!.. Aslan bəy. Yox aaa... A kişi, mən ölüm, qoy, belə zad olmaz ki! Laçın bəy. Yalan söz yoxdur... Əhməd bir başını buraya gətir... Necə yalvarırmış, necə yalvarırmış!.. Cəmən. Xa, xa, xa... Xa, xa, xa... Əhməd. Nə olsun, a bəylər, nə üçün gülürsüz? Dost yolunda çovğun olar, qar olar... Laçın bəy. Bunu ki, təpik altına salmışmışlar, bağırırmış: “A qancıq, niyə kömək eləmirsən?”. Nişanlısına deyirmiş ey!.. Cəmən. Xa, xa, xa... Əhməd. Burada qalsam, Laçın bəy özündən çox şeylər qayıracaq. (Gedir.) Cəmən. Xa, xa, xa... Xa, xa, xa... Aslan bəy. Hay yerində hay... Heç gör özü deyirmi. Zəng vurulur. Aslan bəy. A Qulu, gör kimdir? (Qulu gedir.) Cahangir bəy. Deyirəm mən gedim Cabbar bəyin dalınca. Qorxuram o yan-bu yan eləyə... Aslan bəy. Xeyr, lazım deyil, ürkər. Əhməd özü ustadır, əldən qoymaz. Qulu (daxil olur). Bu gün neçə gündür, o qotur Paşadır nədir, məni lap təngə gətirib. Genə gəlib ağzına gələn hədyanı danışır. Aslan bəy. Hədyan danışır, dəxi mənə niyə deyirsən? Vur boynuna çıxsın çölə. Qulu. Nə bilim, deyir ki, gedib divana məlum edəcəyəm, düz prokurorun yanına gedəcəyəm, doxsan yaşında kişini alladıb, deyir, yerin əlindən alıbsız, bir köpük də pul verməmisiniz. Aslan bəy (acıqlı). Mən sənə təəccüb edirəm, Qulu. Necə cürət edib bu sözü gəlib mənə deyirsən? Get bu saat başına döyə-döyə çıxart çölə. Qoy hara istəyir getsin! Cahangir bəy. Xeyr, lazım deyil... Paşa bihəyanın birisidir, onun ağzın yummaq gərək. Laçın bəy. Кули обешался, так нечего делать, отдай! Пусть убирается к черту! Aslan bəy. Onu buraya çağır görüm. (Qulu gedir.) Siz öləsiz, işə düşmüşəm. Bu qotur qırışmal nalbənd güclən deyir: gərək səni soyam... Axırı bunların belə hərəkətləri məni o məqama yetirəcəkdir-ki, mən bilmərrə rəhmimi insandan kəsəcəyəm... Hərgah söz vermiş olsaydım, yenə haqqı var idi. Qulu və Paşa daxil olurlar. Aslan bəy. Belə dur görüm. Sən məndən nə istəyirsən, qoçaq? Paşa. A bəy, acığınız tutmasın, alış-verişdir. Siz mənə səkkiz yüz manat vədə elədiniz, mən də o bədbəxt kişini öyrətdim, mane olmadım. Hər bir desyatini iki min manata dəyən yeri satdı sizə iyirmi manata. Mən sizə bir yamanlıq etməmişəm... Qulu. Artıq pul deyil. Başınıza dönüm sədəqə eləyin, verin getsin. Bu da kasıb oğlandır, neçə gün işdən-gücdən olubdur. Cahangir bəy. Xeyir lazımdır, Paşa da yazıqdır. Laçın bəy. İş görüb görməyib, eybi yoxdur, ver getsin. Paşa. Mən iş görməmişəm? Mən iş görməmişəm?.. Hay-hay! Kişinin evinə od vurmuşam, dədəsin yandırmışam, qəbirdən çıxarmışam! Nə buyurursunuz? Aslan bəy. Dəxi uzun eləmə, heyvan oğlu heyvan! Al bu sənin pulun, sürün gözümün qabağından! (Qulu pulu alır.) Paşa. Doğru buyurursunuz, heyvan olmasaydım, səkkiz yüz əvəzinə səkkiz min alardım. Çifayda iş işdən keçibdir. Laçın bəy. A Paşa, pulunu aldın, dəxi artıq danışmaq lazım deyil. Qulu. (Paşanın qolundan tutub) – Məscidin qapısı açıq olanda köpəkdə də bir həya gərək. Dəxi bəsdir, gəl çıx, gəl... Gəl pulunu da sayıb verim, rədd ol! Paşa. De, hər nə istəyirsən de. Çifayda iş-işdən keçibdir. Cahangir bəy. Paşa, kifayətdir. Get Allahına şükür elə. Artıq nə istəyirsən, qardaşım?! Qulu Paşanın qolundan tutub çıxardır. Aslan bəy. Вот негодяй! Вот мерзавец! Еше пугает... Подите после этого делайте людям добро. Laçın bəy. Cahangir bəy, buyur gedək. Bəyin ovqatı təlxdir. Biz hesabımızı sonra çəkərik. Cahangir bəy. Yaxşı, buyurun gedək. Aslan bəy. Да, пожалуйста. Лачин, после... Этот... мерзавец действительно меня расстроил. Успеем, на днях, как вам будет угодно, так и я сделаю, только не сегодня. Qulu (daxil olub). Quldurov... Aslan bəy. Kim? Qulu. Bir uzun boylu şəxs deyir bəyi görmək olarmı? Adı Quldurov. Aslan bəy. Baaa. Quldurov... Qulu, buyursun zala... Tez, paltonunu çıxart... Quldurov... Heç bilirsiniz bu kimdir? Bu çox zorba adamların biridir. Замечательнейший коммерсант с колоссальным богатством. Laçın bəy. Xudahafiz. Cahangir bəy. Xudahafiz. Aslan bəy. Xoş gəldiniz... Məni bağışlayın. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli. Qulu (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam. Laçın bəy, Cahangir bəy daxil olurlar. Laçın bəy. A Qulu, balam, sənin bu ağan nə vaxt gələcək? Elə iş olardı ki, o bizim başımıza gətirdi?.. Bir ay bundan irəli o, gərək bizə nataryusda kağız verəydi, indi çıxıb gedib, müftə pul cibində, fors verməyinə... Heç yadına düşür ki, axır bu pulları mənə yetirən var... Belə haramzadəlik harada görünüb? Adınamı layiqdir belə işlər, elminəmi layiqdir?.. Axır adını abrazavannı qoyub, döşündə nişanı. Qulu. Hələ bir əyləşin. Sizin ikinizin də canı üçün, hərgah bilsəniz ki, mənim özümü nə günə qoyub gedib. Təəccüb elərsiz. Dörd min manat borca düşmüşəm. Deyə də bilmirəm ki, elə buyurursan, heç bilmirsənmi ki, pul lazımdır... Elə bunu elə, onu elə... Ancaq buyurmağı bilir. Mən də qalmışam naçar. Laçın bəy. Biz ona üç-dörd yüz min manatlıq iş gördük, bizə qızıl dağları vəd elədi, axırda belə. Amma özü ağalıqdan dəm vururdu. Mən ona deyəndə ki, bizim payımızı kupçi ilə ver, acıqlanırdı: “Genə deyirəm gədalıq lazım deyil, ağa ol, ağa!”. Özü yaxşı ağalıq elədi, maşallah... Elə bilir ki, qaçmaq ilə adamdan əl çəkərlər. Qulu. Heç hara qaçmaz, arxayın ol və o pulları salamat eyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. Cahangir bəy. Bizim bu abad olmuş şəhər elə yerdir ki, Aslan bəyi öldürəsən də buradan bir yana getməz. O qədər xam-xam, yumşaq qulaqlar var ki, nə qədər kefi istəsə, bir elə tapılacaq. Bizim kimi adamları ələ salan gör nə qiyamət edə bilər və eləyir. Laçın bəy. Tanıyıram, yaxşı tanıyıram: mən onun dabbağda gönün tanıyıram... Onlar cəmi məqami-ehtiyacda küçük kimi quyruqların bulayıb, ayaq öpərlərdi. Ehtiyac keçdi, ağalıqdan dəm vururlar. Cəminin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. Tamam ömürlərində bir gün-gecə halal zəhmət ilə qazanılmış tikə yeməyiblər. Sənətləri olub keçəpapaqlıq. Əhməd, Paşa, Qurban və Cabbar bəy daxil olurlar. Laçın bəy. Xa, xa, xa... Xa, xa, xa... Buyurun, buyurun... Ya Allah, əyləşin, bu saat Qulu Aslan bəy tərəfindən əsginazı qat-qat çıxardıb paylayacaq, Xa, xa, xa, xa, xa... Cahangir bəy. Nahaq zəhmət çəkmisiz. Aslan bəy hələ gəlməyib. Laçın bəy. Aslan bəy bu saat əyləşib bir böyük şəhərdə, “Qopartma” qışlağında, yavaş-yavaş xırıd eləyir. Ciblər dolu pul, fors... Qabağında da durmaq qeyri-mümkündür. Desyatini iki min manata göydə fırıldayır... Qopartma və qopartma!.. Qurban. Aaax, ax!.. Evi yıxılsın səbəbin!.. Paşa. Mənim Aslan bəy ilə işim yoxdur, mənim işim, bax bu Şeytan Qulu ilədir. Qulu. Obada it az idi, biri də gəmi ilə gəldi... Mən ilən nə işin ola bilər, əzizim? Paşa. Səkkiz yüz manatdan mənə verdin beş yüz, üç yüzü qaldı səndə. Yalvardın ki, bir on gündən sonra verərəm, on gün olub bir ay, sözün nədir? Ver, qardaş da! Qulu. Mən dünyada çox qəribə adamlar görmüşəm, amma bunun kimi murdarına rast gəlməmişdim. Paşa. Yalan deyirsən, gündə yüz yol gördüyün Aslan bəy, on il qulluq elədiyin ağan məndən çox-çox bihəyadır. Allahdan qorxmaz, insandan utanmaz. Qulu. Heyvan oğlu heyvan! Nə cürət eləyirsən. (İstəyir vursun, Laçın bəy qoymur.) Laçın bəy. Dava lazım deyil, əyri oturun, düz danışaq... Paşa. Əhməd, nə durmusan qardaşım, nə üçün dinməyirsən? Bu bəylər öz haqlarına gec-tez çatacaqlar. Yıxılan evlər bizimdir, a bədbəxt. Əhməd. Mən o gün bədbəxt olmuşam ki, düz yolu, haqq yolu qoyub düşmüşəm şeytan yoluna. Gecə yuxu mənə haram olub, gündüz rahatlıq. Peşman olub başıma döyə-döyə qalmışam... Ya haqq! Özün şahidsən ki, mən bu sözləri dürüst qəlbdən deyirəm, necə mən peşman olmayım ki, bu biçarələr göz yaşı tökürlər. (Cabbar bəyi, Qurbanı, Paşanı göstərir.) Qulu. İndi gör iş nə məqama çatıbdır ki, Əhməd mollalıq iddiasına düşübdür... “Yata bilmirəm... Hay nə eləyim” Başdan-ayağa hamısı yalan! Qurban bəy (acıqlı). Ay eyyy, kor məlun, sənin də danışmağa dilin var? Kəs səsini, kor şeytan!.. Laçın bəy (Cahangir bəyə). Komediya başlanır, görək axırı necə olacaq, sən danışma. Əhməd. Xudaya! Tövbə, tövbə əstəğfürullah! Qələt eləmişəm, tövbə!.. Min kərə yalan deyib, and içib, din-imanı satıb bu kişinin evin tar-mar eləmişəm, el içində rüsvay! Təqsirimdən keç, xudaya!.. Aslan bəy müsəlman deyil, müsəlmanlıq nişanəsi bilmərrə onda tapılmaz. Müsəlman olan kəs özgə malın haram it qanı hesab elər... Cabbar bəy, ixtiyarın var məni öldürməyə, qardaşım! Cabbar bəy. Səndə, qardaşım, təqsir yoxdur. Hər nə təqsir var, bu Cahangir bəydədir. Bu mənim evimi yıxdı, adını millətpərəst qoyub yurdumu tar-mar elədi. Allah bunun yurdunu tar-mar eləsin! Hər iki dünyada üzünü qara eləsin! Cahangir bəy. Ev yıxanın evini Allah yıxsın, kişi!.. Vallah, billah, Aslan bəy məni inandırdı ki, o yerləri on beş manatdan artığa alan olmaz. Mən nə bilim ki, yerin qiyməti bir belə artacaq! Qurban. Dərd deyəndə mənim dərdimdir. Kül mənim bu qocalmış başıma! Mənim də evimi yıxan bu kor məlun oldu. Allah bunu olmayan bəlaya salsın!.. “Axirətini axtar” deyə-deyə məni o günə saldı ki, camaat içinə çıxa bilmirəm, qohum-əqrəbadan utanıram. Hər kim məni görür, məzəmmət eləyir. Qorxudan evdən çölə çıxa bilmirəm, kor-peşman, başıma döyə-döyə qalmışam... Bir də, qardaşlarım, bu dağılmış ev məni başdan çıxardı: kim bilsin, dedim, bu zinət, dövlət sahibi, özü də müsəlman, adam aldatmaz... Bir çuxa ilə məni aldatdılar. (Quluya.) Bu məlun oğlu məlun!.. Qulu. Qoca, bəsdir! Çox da uzun eləmə! Yoxsa yaxşı olmaz! Cabbar bəy (Quluya.). Qardaşım, görürsən alovlanıb yanırıq, zülm ərşə dayanıb, a kəmfürsət, birəhm, Allahsız tayfa, hələ diliniz də var danışmağa?! Qurban. Aslan bəyin evlərinə baxırsan, şücaətə baxırsan, deyirsən ki, belə adam ömründə heç kimi aldatmayıb və aldatmaz. Kim bilsin ki, o büsatlar, o bəzək, o şücaət hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. Vay, Aslan bəy! Artıq sözüm yoxdur! Allah görüm səni görünməyən bəlaya salsın, balam! Mənim kimi əli qoynunda qalasan, balam! Həmişə xəcalət içində olasan, balam!.. Yandım töküldüm!.. Paşa. O xəcalət çəkən olsaydı, belə kəndirbazlıq eləməzdi. Həya elərdi, utanardı, Allahdan qorxardı. Qardaşlarım, nifrin tökməkdən, föhş eləməkdən iş aşmaz, dərdinizə dərman axtarın eviniz yıxılıbdır. Cabbar bəy və Qurban. Dədəmizə od vurublar, ciyərimizi yandırıblar. Əhməd. Aslan bəy vəd eləyib Laçın bəy altmış desyatin yer “Qopartma” qışlağından, Cahangir bəyə on desyatin yer bu kişinin (Cabbar bəyi göstərir) yerindən, mənə də iki min manat pul. Evi abad olsun. Mən istəmirəm. O pul it qanından haramdır. Cabbar bəy. Əhməd, danışma! Danışma, başına dönüm, yoxsa bu saat ciyərim od tutub yanar! Qurban. Qoy desin, qoy desin, iş aşkar olmaq gərək... Belə məlum olur ki, bunlar bir dəstə quldur-qaçaqdırlar... Vallahı gözünün içinə vuracağam gülləni. Bir sərçəcən ömrüm yoxdur, qoy hər nə istəyirlər mənlən eləsinlər... Laçın bəy. Əhməd, sən ki, balam, şeytana papaq tikirsən, sən nə üçün avam danışırsan? Məgər bilmirsən ki, Aslan bəy öz işini müvafiqi-qayda görüb, gedib öz kefinin dalıncan? Sən nə üçün ortalıq qarışdırırsan?! İmamqulu (daxil olub). Salam əleyküm. Nə çox qonağın var, a Qulu? Cənab Aslan bəy hələ təşrif gətirməyiblər? Bilmək istərdim ki, görək mənə kömək etmək üçün qurduğu fən, nə üçün axırı belə yaxşı çıxmadı? Paşa. A bəy, görünür ki, bu millətpərəstlər bir balaca sizə də toxuyublar... Buraya cəm olanları bir bəlaya salıblar ki, heç yerdə və heç millətdə görünməyibdir. İmamqulu bəy. Mən də oyun, fən, “birjavay iqra” bəlasına düçar olmuşam. Aslan bəy xeyirxah olub iyirmi desyatin yerimi, adına fən qoyub alıb üç yüz manata desyatini. Qabaqcan satıb yəhudiyə, hər desyatini iki min manata, on günün ərzində otuz dörd min manat nəqd qoyub cibinə. Buyurdu ki, nəcib övladsız, sizə kömək lazımdır, Allah qoysa, deyirdi səni Parisə vıstavkaya aparacağam... Xa, xa, xa!.. Nəcabətindən dəm vururdu ağam... Laçın bəy. А меня уверял, что сделка с Имамкули беком не состоялась... Вот мерзавец! İmamqulu bəy. Триста четыре тысячи, триста четыре! Beş gündə. Ağızda deyilir, qardaşım, zarafat deyil!.. Cahangir bəy. Bu iş helədir ki, demək olur: yoğurmadım, yapmadım, hazırca kökə tapdım. İmamqulu bəy. Gəlmişdim soruşam ki, bəy “birjavay iqra” nə deyən sözdür? Vallahı deyirəm, məni ancaq aldatmaq yandırır, nəinki pul. Ona görə mən gərək vəkilləri bir-bir görəm və bu işə bir əlac tapam. Paşa. Mən əlacını sizə göstərim... Prokuror. Heç o yan-ba yanı görmək lazım deyil... Juliklik zakonda yoxdur və ola da bilməz... Doxsan yaşında qoca yazdığı kağız divanda qəbul olmaz. Qurban. Vay, bəlaya düçar olan canım vay!.. Cahangir bəy. Bilirsiz nə var? Mən belə qanıram ki, siz piş əzvəqt təşvişə düşürsünüz, səbr eləyin, qoyun Aslan bəy gəlsin. Hərgah o vəd elədiyi məbləğləri verməsə, baş üstə, mən də sizə köməkçi. Əhməd. Aslan bəy hərgah bir kəsə qəpik versə, onu fors üçün verir. Vəssalam. Fəqir-füqəraya qəpik də verməz və hərgah bir ianət eləmiş olsa, ölənəcən dağ böyüklükdə minnət qoyacaq o şəxsin boynuna, peşman eləyəcək, o biçarə bilməycək necə qurtarsın o minnətdən. Cabbar bəy. Mən evi yıxılmışa, bu Cahangir bəyin dövlətindən yüz min manat əvəzinə gərək çataydı 1590 manat. Bir əlli-altmış çatıb, qalanı durur. Amma bu evi yıxılmış kağıza qol qoydurub ki, guya pul tamam-kamal çatdı. Belə yıxıb mənim evimi bu evi yıxılmış, bu yurdu itmiş! (Cahangir bəyə.) Qurban. Mən evi dağılmışa, bu vəkilimin dövlətindən iki yüz, üç yüz min manat əvəzində gərək çataydı əvvəl-axır iki min manat. Həzərat, and olsun sizi, məni yaradana, necə ki, deyirəm, elə də var. O iki min manatdan mənə nə çatıb bilmirəm. Bir yol veriblər beş manat. Bir yol on. Hər kənddən gələndə beş-on manat veriblər. Bir-iki yol da bu Şeytan Qulu mənə qənd alıb verib... Kağıza mən də qol qoymuşam. Öz əlimlə yurd-yuvamı tar-mar eləmişəm. Cahangir bəy. Haqdan keçmək olmaz, qardaşlarım, hər ikiniz doğru deyirsiniz, yalan yoxdur. Laçın bəy. Bəs Hümmət nə eləsin? Özü şəhər əhli ola-ola, vağzal yanında yerini dörd min manata satıb, bir qəpik də pul almayıb. Yerini doxsan min manata satıblar. Paşa. Bu oldu aşkar quldurluq. Dəxi nə durmusuz, düz gedin prakurora, yainki qubernatora, vəssalam. Boş-boş danışmaqdan çifayda?.. Nə durmusuz? Yoxsa it qulağın kəsəndən qorxar?.. Sizin evinizi yıxanların ümdəsi Aslan bəyin evinin bəzəyi, sonra bu Cahangir bəy, bu Şeytan, Laçın bəy, bu Əhmədin özü. Əhməd. Doğru deyirsən, doğru deyirsən, qardaşım. İndi neyləmək gərək? Əlacı bunları qırmaqdır, yoxsa divandan bizə haray çatmaz. Laçın bəy. Kül olmuşdu Aslanın başına ki, öz işini möhkəm aparmaya idi. İmamqulu. Demək əl çək, get işinin dalıncan, vəssalam. Artıq nə danışmaq, əlac-məlac tapılmaz. Paşa. Əlacı? Prakuror, prakuror, prakuror, vəssalam! Elə iş zakonda keçməz. Əhməd. Belə deyil. Hərgah iş başlamaq istəsən, gərək vəkil tutasan. Sən beş verəsən, o həmin vəkilə min verər. Nə itirir? İşi puç elər, hələ artıq xərc də sizə qalar. Belə deyil? Bu müsibəti tapşıraq xudavəndi-aləmin divanına və müsəlman qardaşları xəbərdar edək, onlar bu qapıya yaxın gəlməsinlər. Saniyən, millətpərəstlikdən dəm vurur öz xeyirlərini mülahizə edən şəxslərdən qaçsınlar, əlavə, bəzəkli evdən qorxsunlar. Çünki bəzəkli evlərdə insaf, mürüvvət, rəhm az-az tapılır və bu işlərdən ötrü təklif edirəm: buyurun məscid qapısına, Allah qapısına. Qurban. Çək, qardaşım, çək bizi Allah qapısına... Gedək. Mən axunda deyəcəyəm ki, axund, bizim vilayətə bir belə qulaqkəsən gəlibdir, aman günüdür, əlac, dərman, başına dönüm. Cabbar bəy. Mən özüm münacat verəcəyəm, mən özüm minbərdə danışacağam, şəhərbəşəhər gəzəcəyəm, kəndbəkənd gəzəcəyəm, ölənəcən çalışacağam. İmamqulu. Mən də, qardaşlarım, car çağırtdıracağam: ay müsəlman qardaşlar, oyuna, fənnə girməyin, qorxun “Birjavay iqradan”... Carçı qaban İskəndəri gətirdəcəyəm, dəniz qırağından başlayıb çıxaracağam şəhərin bu başına, sonra o başından bu başına. Bağır, başına dönüm, bağır! Elə bağır ki, qulaq tutulsun. Paşa. Mən də, siz öləsiz, buradan düz gedəcəyəm Avanes kirvənin yanına, bircə abbası qoyacağam ovcuna, bir yaxşı ərizə yazdırıb verəcəyəm prakurora. Aslan bəyin, Laçın bəyin, Cahangir bəyin və bu Şeytanın əlindən. Vəssalam, nəğmə tamam. Deyəcəyəm buyurun Bayıla, mazut oğurlayanların qulluği-şərifinə. İndi buyurun gedək... Qurban (gedə-gedə Quluya.). Tfu, gözünün içinə, məlun oğlu məlun! (Gedirlər.) Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar, onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. Cəmən. Bu yaxşı iş olmadı. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-pehlivanani-zemane İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.