Pul düşkünü Hacı Fərəc Nəcəf bəy Vəzirov (1854–1926) Pul düşkünü Hacı Fərəc (Məzhəkə, 4 məclisdə) Əfradi-əhli-məclis Zinyət xanım – mərhum Ağa Heydərin övrəti, iyirmi beş yaşında, Avropa libasında Yusif – onun oğlu, səkkiz yaşında Güldəstə – Yusifin dayəsi, otuz iki yaşında Hacı Fərəc Hacı Ziyad oğlu – altmış yaşında, Ağa Heydərin böyük qardaşı Kərbəlayı Rəcəb – Ağa Heydərin qoca nökəri. Balaqardaş – Hacı Fərəcin bacısı oğlu, otuz yaşında. Rzaqulu – otuz üç yaşında. Hacı Əli – qırx altı yaşında. Ağa Qurban – tacir, qırx səkkiz yaşında. Kərbəlayı Qulam – qırx yaşında. Mahmud bəy – məhkəmə vəkili, cavan oğlan. Pristav İbrahim bəy. * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə. Kərbəlayı Rəcəb. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram. Güldəstə. Rəcəb əmi doğrudan da çox təmiz adamdır, amma yazıq bir azca bədbəxt olubdur. Bunun yeddi ildir ki, arvadı ölüb, qalıb yalqız. Tikəni yox, bişirəni yox, günü keçir narahat. Zinyət xanım. Dünyada nə çoxdur arvad. Birini alsın, tikəni də olsun, bişirəni də... Burada bir çətin iş yoxdur ki. Güldəstə. Mən də çox deyirəm, Rəcəb əmi, yazıqsan get bir Allah bəndəsi al gətir, ömrün xoş keçsin. Elə deyir səbr elə, Güldəstə, səbr elə, vaxtı var. Bilmirəm vaxtı haçan olacaq? Zinyət xanım. Ta burada bir səbr yeri yoxdur, ömür keçir, gün keçir, yeddi il də səbr olarmı? Kərbəlayı Rəcəb. Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. O olmasa idi, çoxdan evlənmişdim. Bir kişi var, o gərək ölə, ondan sonra mən də onun arvadını alam... O zalım oğlu zalım ölmür ki, ölmür... Öldürməyə də gücüm çatmır... Yeddi ildir ki, elə baxa-baxa qalmışam... Zinyət xanım. Yox, kərbəlayı! Necə ki, görürəm, elə baxa-baxa qəbrə gedəcəksən. Çünki nə bilmək olar kim öləcək, kim qalacaq? Kərbəlayı Rəcəb. Allah qoysa o kişi öləcək, mən qalacağam. Çünki mən gündə üç dəfə namaz qılıb, Allaha yalvarıram. Bir gün olar ki, Allah mənim duamı eşidər. Zinyət xanım. Yazıq kişi, yeddi ildir namaz qılıb, gözləyir!.. Görəsən o arvad necə şeydir ki, kişini çöllərə salıb?.. Güldəstə, sən o arvadı tanıyırsanmı? Güldəstə. Xeyr, tanımıram. Ancaq o gərək ya usta Xəlilin arvadı olsun, ya da ki iranlı var, onun arvadı. Kərbəlayı Rəcəb. A xanım! Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram, nə də İran əhlindən bir kəsi... Güldəstə iz itirir, vəssalam. Zinyət xanım. Bəri bax, kərbəlayı, bircə mənə de görüm sən o arvad ilə heç görüşüb danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa ona aşiq-məşuq olmusan? Kərbəlayı Rəcəb. Doğrusunu ərz eləyim, xanım, mən o arvadlan açıq danışmağa cürət etməmişəm, çünki o çox yaman adamdır, yaxın durası canavar deyil... Ancaq eyhaminən qandırmışam, o zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb-qarışdırıb, cavab da verməyə aciz qalmışam. Güldəstə. O arvad səni istəmirsə, kərbəlayı əmi, acığın tutmasın, namaz sənə kömək etməyəcək. İstəyirsən gündə üç dəfə namaz qılma, sübhdən axşamadək, axşamdan sübhədək başını möhürə döy, ondan bir şey çıxmayacaq. Kərbəlayı Rəcəb. Mən ancaq onu bilirəm ki, arvad nə qədər daş ürəkli olsa, onu yola gətirmək olar. Güldəstə. Atam! Puldan pulun yox, maldan malın, özün qoca, şücaət də ki Allaha şükür, göz qabağında... Buyur görək daş ürəkli arvadı nə tövr yola gətirə bilərsən ki, o gəlib sənə arvad olsun? Kərbəlayı Rəcəb. Mümkündür, Güldəstə, mümkündür. Belə bax, yıxılarsan arvadın ayağına, ağlarsan, yalvararsan, arvad nə qədər daş ürəkli də olmuş olsa, axır yumşalar. Zinyət xanım. Sən ki bunu bilirsən, kərbəlayı, bəs nöşün durmusan? Get yıxıl arvadın ayağına, yalvar, yapış ətəyindən, o da ərindən boşansın, gəlsin sənə, qurtardı getdi. Burada çətin iş yoxdur ki. Güldəstə. Kərbəlayı əmi, sən gəl çaşma! O arvad elə arvad olar ki, sən onun ayağına yıxılanda təpənə bir yumruq çaxar, beynin yerindən oynar, gijləşərsən... Xasiyyətin bilməyən atın dalına keçməzlər, əmican! Kərbəlayı Rəcəb. Mən indiyə kimi elə o yumruqdan qorxub, ümidimi bir tək namaza bağlamışam da... Zinyət xanım. Kərbəlayı! Xatırına dəyməsin, bişüursan, vallah bişüursan, yoxsa çoxdan işi qurtarmışdın getmişdi... Kərbəlayı Rəcəb. Mən bişüuram?! Hay, hay! Xeyr a, xeyra, səhviniz var, mənə xanım “hüşt” desəniz, mən quş kimi uçaram. Nə buyurursunuz?.. Zinyət xanım. Çox yaxşı, indi ki sən belə qoçaqsan, “hüşt”! Uç göyə görüm necə uçursan? “Hüşt”, “hüşt”! Xa, xa, xa, xa, xa!.. Yox, kərbəlayı, olmadı. Güldəstə. Allahın yolun düz gedə bilmir, göyə uçmağı qalmışdı... Kərbəlayı əmi, uçaydın ay y... Zəng vurulur. Kərbəlayı Rəcəb (gedə-gedə). Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə! Vallah, billah tutacaq, görərsən! Saxla yadında. Zinyət xanım. “Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə!” Bu özgə söz oldu... Bəs iş belə imiş? Hə? Qocaya yeddi il namaz qıldıran cənabınız olub, hə? Hə??? Çox yaxşı, indi buyur görüm bu necə işdir? Güldəstə. Nə iş ola bilər, kərbəlayının gijliyi... Deyir sənin kimi bir yoldaşım olsaydı, gecə-gündüz pərvanə kimi başına fırlanardım. Nökər kimi qulluq elərdim... Mən də özümü o yerdə qoymayıram ki, guya qanmıram o nə deyir. Axırda qışqırır: Güldəstə! Sən ki, arifsən, nöşün qanmırsan mən nə deyirəm? Budur aramızda olan söhbət. Hacı Fərəc (qıraqdan). Kərbəlayı! Mən bu gün neçə nəfər adam çağırtmışam, gələcəklər, sən dur qapıda, gələn olsa qabaqca mənə məlum elə. (Zinyət xanım qaçır.) Kərbəlayı Rəcəb. Baş üstə, hacı, daqladsız heç kimi buraxmaram. Hacı Fərəc (daxil olub). Güldəstə, qızım, necəsiniz, salamatsınızmı? Necə dolanırsınız? Güldəstə (üzü yaşmaqlı). Şəfaətiniz artıq olsun. Nöşün, hacı, yaman dolanmırıq. Hacı Fərəc. Zinyət xanım necədir, xiffət eləmir ki? Güldəstə. Necə ki, xiffət eləmir? Gecə-gündüz ağlayır. Elə sahibindən sonra, yəqin ki, ağlayacaq. Hacı Fərəc (ucadan). Güldəstə! Sən bir ağıllı arvadsan, xatırın Zinyət xanımın yanında əzizdir. Sən gərək qoymayasan onu nəinki ağlamağa, hətta fikir-xiffət eləməyə. Mənim də borcumdur sənə artıq-artıq mehribanlıq edib, əlimdən gələn yaxşılığı müzayiqə etməyəm. Güldəstə. Şəfaətiniz artıq olsun, hacı, əlbəttə, mənim borcumdur. Nə demək istər... Hacı Fərəc (əyləşib). Ola bilərmi zəhmət çəkib Zinyət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var, gərək onunla danışam. Güldəstə. Hacı! Zinyət xanım naxoşlayıb. Yazığı bir başağrısı tutubdur ki, tərpənməyə taqəti yoxdur. Bu yan otaqda yatır. Hacı Fərəc (ucadan). Şəhərdə nə qədər həkim var, mən bu saat hamısını tökərəm bura. Necə ola bilər ki, Zinyət xanımın başı ağrısın, mən də rahat əyləşim yerimdə? Elə iş ola bilməz. Hər tərəfə fayton göndərərəm, həkimlərin hamısını yığaram. (Qalxır getməyə.) Güldəstə. Zəhmət çəkməyiniz, hacı, bir azdan sonra başağrısı çəkilib gedər. Bu əvvəlincə dəfə deyil. Bir balaca ki, ağladı, o saat başağrısı əmələ gəlir. Hacı Fərəc (ucadan). Güldəstə, and olsun getdiyim Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, Zinyət xanımın rahatlığı və səlamətliyi üçün mən canımdan, malımdan keçərəm. Zinyət xanım məgər kimdir və kimin yadigarıdır? Güldəstə. Allah sizdən razı olsun, hacı. Zinyət xanımın da sizdən sivayı bir kəsi yoxdur. Əlbəttə, siz gərək onun fikrini çəkəsiniz. Hacı Fərəc. Əlbəttə, əlbəttə! Mənim borcumdur... Bəri bax, Güldəstə, bu kağızın arasında bir qədər pul var. Apar Zinyət xanım qoysun sandığa, lazım olduqca xərcləsin. Güldəstə. Necə ki mən bilirəm, evdə pul çoxdur. Hacı, yəqin ki, bu pulları Zinyət xanım almayacaq. Çünki siz xahiş edirsiniz, baş üstə, aparram. (Pulu alıb gedir.) Hacı Fərəc (tək). Zinyət xanım! Sən özlüyündə mənə lazım deyilsən, amma sənsiz də bir belə dövlət ələ gəlməz. Həmin o sərmayədir məni dəli-divanə edib, rahat qoymayan. Zarafat deyil, dörd dəst iki-üç mərtəbə evlər, səkkiz dükan, altı yerdə bağlar, hamam... Cəmi banklarda nəqd pullar... Özünü yığışdır, Hacı Fərəc! Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! Yoxsa arvad əldən çıxar, dövlət keçər yad əlinə, evin yıxılar, yaman günə qalarsan, genə başlarsan qoyun dərisi satmağa. Güldəstə (qayıdıb). Zinyət xanım ərz eləyir ki, Allah hacını bizə çox görməsin, Allah onun ömrünü uzun eləsin, nə qədər o var, mən hər bir işdən arxayın olacağam. Təvəqqe edirəm ki, hər nə qədər pul vüsul olsa, hacı versin banka... Bu saat evə pul lazım deyil. (Pulu qaytarır.) Hacı Fərəc (ucadan). Haqq sözdür, bərəkallah Zinyət xanım. Mədaxil gəldikcə verəcəyəm banka, (yavaşca) qızım, bəlkə sənin özünə pul lazım ola?.. And olsun Beytə, atamın ərvahına, müzayiqə olmayacaqdır ha!.. Güldəstə. Şəfaətiniz artıq olsun, hacı... Çox razıyam, Allah sizdən razı olsun. Hələ ki, mənə pul lazım deyil, lazım olsa, ərz elərəm. Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Hacı Əli gəlibdir... Sizi görmək istəyir... Güldəstə qaçır. Hacı Fərəc. Buyursun, buyursun! Kərbəlayı Rəcəb gedir. Hacı Əli (daxil olub). Salam əleyküm. Hacı Fərəc. Əleyküm salam! Hacı, sən çox xoş gəlmisən, səfa gətirmisən. Buyur, qadan alım, bax burada əyləş. Hacı Əli. Hacı, sənin kefin, damağın?.. Necəsən, kişi? Əhvalın necədir? Maşalla, göz dəyməsin, cahıllaşmısan, hacı! Hacı Fərəc. Xeyr a... a!.. Harda ki... İş çoxdur, hacı, gecə-gündüz əlləşirəm. Axırı nə çxacaq, bilmirəm. Hacı Əli. Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyil... Nə əcəb, hacı qardaş, məni yada salmısan? Hacı Fərəc. Sizə o dükanlar barəsində zəhmət vermişəm, icarə vaxtından xeyli keçib, təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar. Hacı Əli. Xeyr, xeyr, hacı, səhviniz var. Mənim hələ iki il vaxtım var. Ancaq, çünki mən burada olmamışam, İrana getmişdim, bir il yarımın haqqı çatmayıb. Hacı Fərəc. Ola bilər ki, mən səhv etmişəm, bağışlayın. Ancaq hacı qardaş, çünki bu saat bizə pul çox lazımdır, ona görə sizdən təvəqqe edirəm mənə kömək edəsiniz. Hacı Əli. Borcumdur, icarə pulu eyləyir 28 min manat. Gətirmişəm, buyurunuz sayınız. Min-min toplamışam saymaq asan olsun. Hacı Fərəc pulu sayır, Hacı Əli divardakı şəkillərə baxır. Hacı Fərəc. Düzdür... Allah sizdən razı olsun. Buyurun, bu da sizin qəbziniz Hacı Əli. Bəndəyə görə ta bir qeyri qulluğunuz varsa, buyura bilərsiniz, hacı. Hacı Fərəc. Çox sağ oluz, hacı, elə bu pulları ki verdiniz, bu özü mənim üçün bir böyük mərhəmət oldu. Hacı Əli. Onda izin verin getməyə. Hacı Fərəc. Buyura bilərsiniz, qadan alım. Hacı Əli gedir. Hacı Fərəc (tək). İyirmi səkkiz min manat ağızda deyilər. Belə-belə pul gəldikcə gözlərimə işıq gəlir. Çiynimdə qanlı qoyun dərisi satmaqdan təngə gəlmişdim. İndi gün-gündən gümrahlanıb dönürəm bir cavan oğlana... Yusif səkkiz yaşındadır, o gəlib yetişənədək mən yükümü tutaram. Ancaq Zinyət xanım gərək bu evdən çıxmasın, mənim yoldaşlığımı qəbul etsin. Yoxsa quru yurdda qalaram. Cahü cəlal əldən gedər. Huşyar olmaq gərək... Müşkülgüşa puldur, pul! Pulun belə mən qadasın alım. Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Kərbəlayı Qulam gəlib sizi görmək istəyir. Hacı Fərəc. Burax gəlsin. (Kərbəlayı Rəcəb gedir.) Gəlsin görək qaraçı oğlu qaraçı nə pəstaha açacaq... Kərbəlayı Qulam (daxil olub). Hacı, sənin sabahın xeyir, günortan xeyir, axşamın xeyir, bu vaxtın xeyir, sonra salam əleyküm! Hacı Fərəc. Əleyküm salam, kərbəlayı. Buyur əyləş. Əyləş görək, nə var, nə yox? Kərbəlayı Qulam. Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin hamamı mənim icarəmdədir. Ağa Heydər naxoş olmağına görə icarə pulu ona çatmayıb. Mənim hesabıma görə sizə verəcəyim əvvəl-axır altı min manatdır. Çünki hamamın günbəzi uçmuşdu, mən böyük xərc qoyub onu təmir etmişəm. Hacı Fərəc. Mən günbəz-mümbəz bilmirəm, qardaş. İcarə pulu iyirmi dörd min manatdır. Burada artıq danışıq ola bilməz. Çox təvəqqe eləyirəm, başağrısı verməyəsən. Kərbəlayı Qulam. Qurban sənə, hacı, yetimin bir o qədər pulu ki, cənabınızın cibişdanına təşrif aparır, başağrısı bir böyük əziyyət deyil... Sən gəl o pulların ondan birini ver mənə, ondan sonra götür bir zorba çomağı, vur başımı parçala... hmmm... Necədir? Razısanmı? Hacı Fərəc. Vodə! Sarsaq-sarsaq danışma! Pulları gətir bəri, get işləməyinin dalınca. Axmaq! Kərbəlayı Qulam. Hacı, gəlsənə bir sevda vuraq, nə lazımdır məhkəməyə çapmaq; o iyirmi dörd min manatdan yarısı mənim olsun, yarısını da sən qoy cibişdanına, qoca kişisən... hm?.. Necədir? Yaxşı sevda deyilmi, hacı? Hacı Fərəc. Bu nə təklifdir sən mənə eləyirsən? Məgər sən müsəlman deyilsən? Əgər müsəlmansan, gərək Allahın hökmündən xəbərdar olasan. Məgər bilmirsən ki, xudavəndi-aləm öz Qurani-şərifində yetimlər barəsində nə buyurubdur. “Vəla təkilü əmvaləküm, ila əmvaləküm”. Yəni, yetimin malını öz malınıza məxlut edib yeməyin. “İnnəhü hübən kəbirə”. Yəni, yetimin malını yemək böyük olan günahdır. Qardaşım kərbəlayı, yoxsa fikrin məni cəhənnəm odunda yandırmaqdır? Eyib olsun sənə kərbəlayı! Kərbəlayı Qulam. Ay hacı, ay hacı! Sən get Quran ayəsini elə adama gətir ki, səni tanıyan olmaya. Biz ki, Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? Hacı Fərəc. Əstəğfürullah! Lənət sənə, kor şeytan ha! Vodə, sənin canın mənim əlimdədir ki! Sıxaram, axır suyun damar... İstəyirsənmi müqaviləni pozub, səndən iki yüz min manat cərimə alım, hə? İstəyirsənmi?.. Kərbəlayı Qulam. İndi ki, belə oldu, hacı, hər nə əlindən gəlir, müzayiqə eləmə... Məhkəmədə danışarıq. Mənə də Kərbəlayı Qulam deyərlər, hacı. And olsun Allaha pəsəgin çıxardaram. Hacı Fərəc. Mən hamamı sənin əlində qoysam, bu papağım mənə haram olsun. Dur, bu saat sürün gözümün qabağından! Dur, rədd ol, heyvərə! Kərbəlayı Qulam (gedə-gedə). Buyurursunuz günbəz-mümbəz bilmərəm, həəə? Çox yaxşı, çox əcəb... Məhkəmədə baxarıq. (Gedir.) Hacı Fərəc (tək). Bihəyanın təklifinə baxuz... Gör kimə tələ qurmaq istəyir? Fərəcə! Sənin kimi vücudları mən çaya susuz apararam, susuz gətirərəm, cənab Qulam... Kərbəlayı Rəcəb (daxil olur). Hacı! Tacir Ağa Qurban çoxdandır gözləyir... Hacı Fərəc. Buyursun, buyursun... Bu yaxşı adamdır. Ağa Qurban (daxil olub). Salam əleyküm, hacı! Hacı Fərəc. Əleyküm salam, Ağa Qurban! Sən çox xoş gəlmisən, səfa gətirmisən, buyur əyləş, qadan alım. Bax, burada əyləş. Ağa Qurban (əyləşib). Hacı, nə əcəb məni yad etmisiniz, nə işdən ötrü? Hacı Fərəc (əlində dörd veksil). Sizin dörd təməssükünüz var, o barədə sizə zəhmət vermişəm... Məhkəməyə hesabat verəcəyəm, ona görə... Ağa Qurban. O təməssükləri ki, pul təməssükləridir, hacı qardaş. Çünki o vaxt borcum var idi və tələbkarlar hazırlaşmışdılar evlərimi satmağa, mən o təməssükləri verdim mərhum Ağa Heydərə ki, evlər satılanda, o da girsin torqa, öz haqqını alsın, sonra versin mənə. Torq baş tutmadı, tələbkarlarlan düzəlişdik, evlər satılmadı. Təməssüklər qaldı Ağa Heydərə. Mən ondan təvəqqe elədim təməssükləri cırıb atsın, o da söz verdi... Görünür ki, təməssükləri tələf etməyib, yəqin ki, yadından çıxıb. Yoxsa mərhum etibarlı vücud idi. Hacı Fərəc. Ağa Qurban! Mən qəyyumam, qardaş, bu təməssüklər, əvvəla, Ağa Heydərin kitablarında yazılıb, məlumdur ki, siz buyuran təməssüklərdən deyil. Bir də məhkəmə məmuru bu təməssükləri siyahıya salıb, mənə tapşırıb; mənim borcumdur təməssükləri göndərim nataryusa protestə... Yoxsa məni işə salarlar. Ağa Qurban. Eybi yoxdur, göndər! Hərgah istəyirsən Ağa Heydəri şüğlüzümə edəsən, yüz iyirmi min manatı məndən al zorən... Mən öyrənmiş canam... Hacı Fərəc. Əlacım yoxdur, qardaş, neyləyim? Necə mən iki yerdə yazılmış təməssükləri gizlədim? Ağa Qurban. İndiyə qədər mənim təməssüklərim protestə getməyib. Ümidim var ki, hacı, siz də elə iş etməyəcəksiniz. Xudahafiz! Mən getdim... Hacı Fərəc. Xoş gəldiniz... Bir neçə gün gözləyəcəyəm... Sonra təməssüklər öz yolu ilə gedəcək... Ağa Qurban gedir. Hacı Fərəc (tək). Sərkar Ağa Qurban tacir bir rəml idi atdı, sonra gördü ki, xeyr, tutmadı, bitmədi. Protestdən qorxub, pulu tamam-kamal gətirib verəcək... Bu təməssüklərin varlığın bilən yox və heç bir yerdə yazılmayıb... Dörd yol səkkiz, elər iyirmi. Xeyr, eləyir otuz iki min manat, nəqdcə mənim halal malım... Elə tək bu sərmayə mahir əldə böyük sərmayədir. Zinyət xanım sağ olsun, ver dalı gəlsin, gülüm. Güldəstə, Güldəstə, bir bəri çıx görüm, ay qız. Güldəstə (gəlib). Nə buyurursunuz, hacı? Hacı Fərəc. Gəl əyləş, dərdim var, söyləyim... Güldəstə. Sizin nə dərdiniz ola bilər, hacı? Canın səlamət, pul çox, ta dərd nöşün olsun? Hacı Fərəc. Doğrudur, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki... Güldəstə. Allah eləsin, ay hacı... Xırda xanım necədir, hacı? Nə əcəb o buraya gəlmir? Hacı Fərəc. Xırda xanımı boşadım getdi... Güldəstə. Nə danışırsan, hacı? Otuz beş illik yoldaşı boşadın nədir? Ola bilməz ki, adam birdən-birə yuvasını dağıdıb, uşaqlarını yetim qoya. Hacı Fərəc. Sən bilmirsən, Güldəstə. O arvad otuz beş il məni cəhənnəm oduna yandırıb, qudurmuş it kimi məni dalayıb. Axırı məni təngə gətirdi, boşadım getdi. Güldəstə. Bağışlayınız məni, hacı! Bisəbəb, bigünah beş uşağın anasını at bayıra. axır nainsaf işdir... Hacı Fərəc. Keçmiş ola... Artıq danışmaq lazım deyil. Mən səni qeyri işdən ötrü çağırmışam... Güldəstə. Buyurunuz görüm nə işdir? Hacı Fərəc. Güldəstə! Sən bilirsən ki, Ağa Heydər, yazıq qardaşım böyük dövlət qoyub gedib. O dövlətə görə Zinyət xanıma hər bir tərəfdən müştərilər çıxacaq. Lotu-potu, atasından bixəbər adamlar... Hərgah Zinyət xanım bunların birisinə getsə, dövlət badifənaya gedəcək, bişək, Zinyət xanım, balası Yusif ilə qalacaqlar quru yurdda... Ona görə lazımdır bir təmiz adam, dünyagörmüş, girsin araya, qoymasın bu cahü cəlalı bərbad olmağa. Əlavə, yad adamın bu evə daxil olmağına heç bir zaman mən razı ola bilmərəm. Güldəstə. Sözünüz haqdır, hacı. Ancaq bir az tezdir. Çünki el adətinə görə il tamam olmamış o barədə söhbət ola bilməz Hacı Fərəc. Eybi yoxdur, qalsın, sonra vaxt olar, danışaraq... (Gedir.) Güldəstə (tək). Köpəyin fikrinə bax! Qadam ağzına! Qadam keçəl başına! Zinyət xanım və Kərbəlayı Rəcəb gəlirlər. Zinyət xanım. Hacı cənabları nə danışırdı? Güldəstə. Hacı lənətullah, arvadı Xırda xanımı boşayıb... Qeyri fikrə düşübdür. Buyurur ki, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan kimi... Kərbəlayı Rəcəb. Tuş... Tuş! Tu...u...u...ş! Güldəstə. Əlavə buyurur ki, yad adamın bu evə sahib olmağına mən heç halda razı ola bilmərəm. Zinyət xanım. Aşkar görünür ki, qoca dəli olub. Ağa Heydərdən qalan sərmayə kişinin ağlını başından çıxarıb. Kərbəlayı Rəcəb. Özündən gedəsən, ay hacı! Zinyət xanım. Bəs sən hacıya nə cavab verdin? Güldəstə. Dedim: ay hacı, hələ tezdir, get ay batandan sonra gəl. Yavaş ye, boğazında qalar. Çəmən. Xa, xa, xa!.. Xa, xa, xa!.. Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər – burda deyiblər ha... Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa... Güldəstə. Məlun! Lənətullah! Heç gör namusu olan şəxs qardaşının yerinə girərmi?! Keçəl qırışmal, sən ancaq sərmayə axtarırsan, amma yavaş ye, boğazında qalar! Zinyət xanım. Kərbəlayı! Bir də de, keçi nə təhər? Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər. Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa... Pərdə * * * İkinci məclis Əhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər. Hacı Fərəc (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı? Yusif. Bəli, yaxşı baxır. Hacı Fərəc. Əmin sənə qurban, yeməyə nə verir? Yusif. Süd, yumurta, yağ, bulka, şakalad, sup, katlet, bişmiş alma... Hacı Fərəc. Əmini çox istəyirsənmi? Əmin sənə qurban. Yusif. Nə üçün istəmirəm, istəyirəm. Hacı Fərəc. Çox sağ ol! İndi get məmənin yanına, bu dəsmalı da apar ver sənin üçün saxlasın... Get dərdin alım! (Yusif gedir.) Hacı Fərəc (tək). Ancaq doqquz ildən sonra qəyyumluqdan çıxacaq. O vaxta qədər kim bilir sağ qalacaqmı? Zinyət xanım mənim təklifimi qəbul etməsə, dövlət əldən çıxacaq. Allahın köməkliyi ilə, pul gücü ilə əğyarları qoymaram Zinyət xanıma yaxın gəlsinlər. Ancaq çalışmaq gərək, Zinyət xanıma sübut etmək gərək, bilsin ki, Hacı Fərəcə tay bir kəs ola bilməz... O sərmayədir gecə-gündüz məni dirildən. Baxınız, köçdən azmış it kimi yorturam bu evdən o evə. Divanxanalarda bütün məmurları təngə gətirmişəm. Biri deyir: hacı bərizayi-xuda, əl çək yaxamdan. Biri deyir: rədd ol başımdan. Biri deyir: köpək yenə təşrif gətirdi... Bunların hamısına dözürəm. Kərbəlayı Rəcəb (daxil olub). Hacı, Balaqardaş sizi görmək istəyir. Hacı Fərəc. Qoy gəlsin görüm genə nə var? (Kərbəlayı Rəcəb gedir.) Zalım oğlu zalımı görməyə gözüm yoxdur. Hər onu görəndə qanım qaralır, darıxıram. Balaqardaş (daxil olub). Ay dayı! Sən arvadını nöşün boşamısan, hə? Bisəbəb, bigünah! Heç utanmırsanmı? Məgər qorxmursan onun qohum-əqrəbasından? Dərinə saman təpərlər axı!.. Hacı Fərəc. Ada, qudurmusan nədi? Nə cürət edib bu sözləri mənə deyirsən həəə? De görüm! Özünə bax, başından böyük sözünə bax! Sürün bu saat gözümün qabağından, heyvərə! Balaqardaş. İşlərdən xəbərin yoxdur, a dayı? Tamam şəhərdə, küçələrdə, dükanlarda, hamamlarda heç bilirsən sənin haqqında nələr danışırlar? Hələ, rəhmətliyin oğlu, mənə bir fors da satırsan? Hacı Fərəc. Ada, səsini kəs! Durram vallah dişlərini tökərəm! Səsini kəs deyirəm sənə! Balaqardaş. Səsimi necə kəsim ki, hara gedirsən xa, xa, xa, xa, xa, xa... Hacı Fərəc altmış yaşında, saqqalı tünd rəngləyib, ayağında cır-cır çəkmə, girib eşqbazlıq meydanına: xa, xa, xa, xa, xa, xa!.. Hacı Fərəc. Atamın ərvahına bu sözlərin hamısını özündən qayırırsan! Ada, sənə nə borc? Sən get öz dərdinin dalınca, balam! Balaqardaş. Mən sənin bacın oğlu deyiləm? Mənim yanımda belə sözlər danışılanda axır az qalır bağrım çatlasın, tab edə bilmirəm. O günləri Kərbəlayı qulam düşüb şəhərin canına, olmayan sözləri sənin haqqında danışır. Deyir hacı qəyyum olub, yetimin malını ac qurd kimi basıb yeyir. Dünənədək çiynində qanlı qoyun dərisi satan hacı lənətullah indi özü üçün qırx min manatlıq ev alır. Hər gün ipək dəsmal əlində, içində xüşkəbər yortur xanımın qulluği-şərifinə... Mən inanmıram, dayı. Mən ancaq onu bilirəm ki, ölənədək qoymayacağam bir kəs gəlib dayımın dövlətinə sahib olsun. Yaxın gəldimi, parçalanacaq. Hacı Fərəc. Mən özüm də heç vaxt razı olmaram ki, bir belə sərmayə-dövlət keçsin bir yad oğlunun əlinə. Hər nə danışırlar qoy danışsınlar... Hamısı paxıllıqdandır. Sən qulaq asma, işində ol və bundan sonra mənimlə bihörmət danışma. Rədd ol get! Balaqardaş. Mən gedirəm, görüm hansı əjdaha bu qapıya yaxın gələ bilər. (Gedir.) Hacı Fərəc (tək). Meyitini görüm, Balaqardaş! Sən lap nahaq belə fikrə düşürsən. Mən axmaq deyiləm bir belə sərmayədən əl çəkim... Pul əlimdə, ağlım başımda. Bir beş mindən, on mindən əl çəkərəm, dünyayi-aləmi çaxnaşdırram bir-birinə, ancaq Zinyət xanımı əldə saxlamaq gərək. Kərbəlayı Rəcəb! Kərbəlayı Rəcəb! (Çağırır.) Kərbəlayı Rəcəb (daxil olur). Nə buyurursan hacı? Hacı Fərəc. Kərbəlayı, sən bir dünyagörmüş, bu evə xeyirxah, hər tərəfdən xəbərdar, huşyar adamsan. Mən istəyirdim Zinyət xanım barəsində səninlən bir balaca məsləhət edəm. Necə bilirsən, kərbəlayı. Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? Kərbəlayı Rəcəb. Zəmanə cahılları, hacı, şarlatanlıqdan sıvay bir şeyə məsrəf deyillər. Əlbəttə, Zinyət xanım bir dünyagörmüş, Allahın təmiz bəndəsinə getsə yaxşıdır. Heç olmasa dövlət badifənaya getməz. Hacı Fərəc. Afərin, maşallah, kərbəlayı. İndi bildim ki, səndə ağıl, şüur var imiş. Kərbəlayı, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə və atamın ərvahına, səni dünyada biqeyd elərəm, hərgah sən bu işdə mənə qardaşlıq etsən. Kərbəlayı Rəcəb. Bax, mənim bu gözlərim üstə... Arxayın ol, hacı... Mən yavaş-yavaş Zinyət xanımın qulağını dolduraram, sonra görək qəza nə istəyir. Hacı Fərəc. Çox yaxşı. Hələ ki, bu iki yüz manatı qoy cibişdana, sonra mən borcundan çıxaram, Allah qoysa, Allah qoysa. (Zəng vurulur.) Kərbəlayı Rəcəb (gedə-gedə, pul əlində). Şərafətiniz artıq olsun, hacı, Allah mətləbini versin inşallah! (Gedir.) Hacı Fərəc (tək). Cahanda müşkülgüşa puldur, pul... Pulun belə qadasın alım mən, qadasın. İş düzələndən sonra, qurban olum o günə, sərmayə keçəcək əlimə, onda mənə deyəcəklər Ağa Hacı Fərəc ağa! İndiyə kimi mənə məhəl qoymayan adamlar məni görəndə ikiqat olub, baş vuracaqlar... Hacı, necəsiz, səlamətsinizmi? Kefiniz necədir?.. Allah eləsin, Allah eləsin... Mənimlə belə danışacaqlar... Pəh, pəh, pəh, fəda olum o günə!.. Kərbəlayı Rəcəb (gəlib). Hacı ağa! Rzaqulu gəlib, sizi görmək istəyir. Hacı Fərəc. Buyursun... (Kərbəlayı Rəcəb gedir.) Rzaqulu (daxil olub). Salam əleyküm! Hacı Fərəc. Əleyküm salam! Əleyküm salam! Rzaqulu, sən çox xoş gəlmisən, səfa gətirmisən. Gəl, əyləş görüm nə var, nə yox?.. Bax burada, yanımda əyləş. And olsun Beytə mən səni balalarımca istəyirəm. Rzaqulu (əyləşib). Çox sağ oluz, hacı. Bilirsiz, hacı, mən nə işdən ötrü gəlmişəm qulluğunuza? Bu saat qapıda Balaqardaş mənə rast gəlib başladı ki, səndən çox-çox təvəqqe edirəm bu ətrafa dolaşmayasan, yoxsa yaxşı olmayacaq. Dedim, qardaş, qoy hələ bir az döşün atlanıb düşməsin, sonra görüm mən nə üçün bu ətrafa dolanmayım... Özün bilirsən dedi, dolanma deyirəm, dolanma, vəssalam. Sizdən çox təvəqqe edirəm, ona deyəsiniz bir də belə qələtləri eləməsin, yoxsa onu elə yox elərəm ki, bilməzlər dağ getdi, ya aran getdi. Hacı Fərəc. İnanırsanmı, Rzaqulu, mənim onu görməyə gözüm yoxdur. Bir belə utanmaz, bihəya insan mən görməmişəm. Bihəyalığına bax ki, gözəl-göyçək arvadı ola-ola, girib meydana ki, bir kəsi qoymayacağam bu qapıya yaxın gəlsin, dayımın dövlətinə malik olsun. Rzaqulu. Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın, hacı! Hacı, məni bağışlayınız, mən də bu qapıdan əl çəkməyəcəyəm, qoymayacağam bir kəs bu qapıya yaxın gəlsin. Balaqardaş dövlətçün çalışır, mən də kor deyiləm. Bir azca bəlkə mən ondan hələ karlıyam da. Nöşün o olsun, mən olmayım? Hacı Fərəc. Rzaqulu! And olsun Beytə, sənin xatirin mənim yanımda həmişə əziz olub, nəhayət mərtəbədə sənə möhübbəm... Sənə dürüst söz verirəm ki, o işdə sənin üçün əlimdən gələn köməyi edəcəyəm. Çünki Balaqardaş heyvanın biri o dövlətə layiq deyil. Ancaq o xatakun da bu qapıdan əl çəkmir. Kəsəcəyəm, odlayacağam deyib durur... Öz aramızdır, dövlət də dövlət deyil, həddən ziyadə sərmayədir, heç kimə müyəssər olmayan sərmayədir... Rzaqulu. Hacı! Əgər mən də adam oğlu adam ollam, ölənədək canımı, malımı sizə qurban elərəm. Hələ ki, xudahafiz... Hacı Fərəc. Xoşuma gəldin, qadan alım... Get, arxayın gözlə. (Rzaqulu gedir.) Bu iki hərifin tutuşmasın mən öpüb gözlərim üstə qoyaram... Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. Meydan qalar xali... Təbiidir ki, iki alov bir-birinə rast gələndə birləşib, ucalıb şiddətli yanıb, hər ikisi birdən sönər. Görək, pənah bərxuda! (Çağırır,) Güldəstə! Güldəstə! Bir bəri çıx görüm. (Güldəstə gəlir.) Qızım, bir vacib işim var, ona əməl etmək gərək. Güldəstə. Nə işdir, hacı? Hacı Fərəc. Balaqardaş Rzaqulu ilə tutuşublar, o deyir Zinyəti mən alacağam, bu deyir xeyr, mən alacağam. Balaqardaşın bir gözəl arvadı, üç uşağı, Rzaqulunun iki arvadı, bir-birindən gözəl beş uşağı. Bunlar özlərini öldürürlər, tək dövlətdən ötrü. Ona görə bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola və Kərbəlayı Rəcəb evdən kənara çıxmaya. Qandın? Güldəstə. Hacı, biz özümüz işdən xəbərdarıq. Ona görə qoymarıq dalan açıq qalsın. Hacı Fərəc. Mən, əlbəttə, qoymayacağam ki, dövlət yad adamın əlinə keçsin. Xudanəkərdə, Zinyət xanım bir yad adama getsə, onda mən Yusifi ona verməyəcəyəm. Zinyət xanım özü ağıllıdır. Onun xoşbəxtliyi ondadır ki, bu evdən bayıra çıxmasın, qalsın balasının yanında və malı-dövləti şarlatanların əlinə keçib yox olmasın. Güldəstə. Hacı, yəni Zinyət xanım evdə qalsın və sizi də yoldaşlığa qəbul etsin? Belə buyurursunuzmu? Hacı Fərəc. Hə də! Dövlət dağılmasın, qalsın Yusifə və onun anasına... Qəsdim budur. Heç bir şey mənə lazım deyil, məgərinki onların səlamətliyi və rahatlığı. Güldəstə. Çox gözəl, mübarək işdir, hacı. Hərgah Zinyət xanım razı olsa... Hacı Fərəc. O işdə mənim ümidim bircə sənədir. Güldəstə, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, səni dünyada biqeyd elərəm. Qızıla, ləl-cavahirə münəvvər elərəm, hərgah sən bu işi düzəltsən. Güldəstə. Baş üstə, gözlərim üstə, hacı, kömək elərəm, inşallah, sənin uşaqların da mənə duaçı olarlar... Hacı Fərəc. Görüm də, görüm də, başına dolanaram ki... (Gedir.) Güldəstə (qapıya baxıb). Getdi, xa, xa, xa, xa, xa, xa... xa... xa... Keçəl başın üçün, hacı, sənə kömək edəcəyəm, xa, xa, xa! Aldın ay... Xa, xa, xa... Xa, xa, xa... Zinyət xanım (daxil olub). Nə olub, bacı, kəklik kimi qaqqıldayırsan? Ağzı köpüklənə-köpüklənə hacı yenə nə danışırdı? Güldəstə. Hacı məni qızıla, ləl-cavahirə münəvvər edib, aşkar girdi meydana... Deyirəm, hacı, məqsədiniz odur ki, Zinyət xanım sizi yoldaşlığa qəbul etsin, belə deyilmi? Deyir hə də, hə də!.. Zinyət xanım. Ay sağ ol, hacı, sağ ol! Xa... xa, xa, xa... hə də, hə də, hə də, xa, xa, xa, xa. Güldəstə. Hacı elə qələt eləyir ki, it yesə gözləri ağarar. Başı keçəl, dişləri tökülüb, danışanda da ağzının suyu fantan eləyir. O səni istəmir. Onu dəli-divanə edən sənin dövlətindir... O qeyriləri də bunun kimi... Yavaş yeyin, boğazınızda qalar. Zinyət xanım. Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş. “Neylərəm qızıl teşti, içinə qan qusam” – doğru söz imiş. Güldəstə. Dünən Mahmud bəyə rast gəldim, xoş-beş, bir xeyli danışdıq... Dedi ki, bir vacib kağız var, onu gərək verəm Zinyət xanıma. Necə gözəl, necə nəcib oğlandır. Allah öz pənahında saxlasın. Zinyət xanım. Mahmud bəy Ağa Heydər bəyin vəkili idi, qardaşı kimi onu istəyirdi... O bizə gələndə mənə əl verməzdi, dik üzümə baxmazdı, baş vurub əyləşərdi. Güldəstə. Bu heyvərələr bizdən əl çəksəydilər, Mahmud bəy, məncə, sənə və bu dövlətə layiq oğlandır. Mən gərək onu əldən verməyəm. İşdən belə bir balaca məlumat ona verdim, başa düşdü... Ziyalı oğlandır, əlbəttə, qandı mənim fikrimi... Kərbəlayı Rəcəb (daxil olub). Mahmud bəy izin istəyir gəlməyə. Güldəstə. Buyursun, buyursun. Halalzadə belə olar ey... gördün? Öz sözünün üstə çıxdı. Adını tut, qulağını çək. Bunun özü gözəl nişanədir... Allah eləsin öz birliyi xatirinə. Mahmud bəy (daxil olur, dalınca Kərbəlayı Rəcəb). Salam əleyküm. Güldəstə. Əleyküm salam, xoş gəlmisiniz, buyuruz əyləşiz... Mahmud bəy (əyləşir). Necəsiz, səlamətsinizmi? Güldəstə. Bir dəqiqə bundan irəli sənin söhbətini edirdik... Zinyət xanım deyirdi ki, Mahmud bəy, Ağa Heydərin yeganə dostu, bu bir ilin ərzində, bircə dəfə də olsa buraya təşrif gətirməyib, soruşmayıb işlər necə keçir?.. Qəyyum olub Hacı Fərəc, işləri naməlum. Zinyət xanım. Elə fikri mən çox vaxt eləmişəm. Əlbəttə, uman yerdən küsərlər... Mahmud bəy. Sözlərin haqdır, ancaq mən camaatımızın böhtanından qaçırdım... Bu gün vacib işdən ötrü gəlmişəm, yoxsa genə gəlməzdim. Güldəstə. Doğru buyurursan, qadan alım. Camaatımızın arasında hədyan adamlar çoxdur... Bu bir ilin ərzində yazıq Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb... Həməvəqq qorxuda qalıb, hər bir barədə... Mahmud bəy. Biçarə neyləsin, həşaratdan hər nə pis iş desən, gözləmək olar... Zinyət xanım! Ağa Heydərin təsdiq vəsiyyətnaməsini gətirmişəm. Bu vəsiyyətnaməyə görə sizə böyük dövlət çatır... Alıb bir möhkəm yerdə saxlayınız... Sonra görək xalqımız üçün nə iş görəcəksiniz... Fəqir-füqəraya nə cür gömək edəcəksiniz? Zinyət xanım. Siz nə qayda buyursanız, mən də elə rəftar elərəm. Mahmud bəy. Allah qoysa... Bir belə dövlətlən çox işlər görmək olar. Mərhum Ağa Heydərin fikrində var idi sənət məktəbi üçün böyük təmirat tiksin. Biçarəyə əcəl aman vermədi. İki yüz uşaq onun xərcinə sənət öyrənəcək idilər. Olmadı, qəza qoymadı Kərbəlayı Rəcəb. Mahmud bəy, atam sənə qurban, o vəsiyyətnamədə Ağa Heydər mənim haqqımda heç bir binagüzarlıq etməyibmi? Mahmud bəy. Necə ki, etməyib? Əvvəla, sənin üçün təyin edib beş min manat nəqd pul. Əlavə Zinyət xanım harada olsa, borcudur səni yanında saxlasın, hər bir maehtiyacını versin. Kərbəlayı Rəcəb. Sənin qəbrinə qurban olum, ay yazıq oğlan. Borcumdur ölənədək balan Yusifi gözlərimin üstündə saxlayım. Mahmud bəy. Vəsiyyətnamədə, Güldəstə bacı, sənin də adın var. Mən özüm də varam... Sonra, bilirsiniz, bu saat lazımdır ki, Zinyət xanım mənə bir vəkalətnamə versin, qəyyum Hacı Fərəcdən hesab tələb etmək üçün və qeyri işlərdən ötrü. Zinyət xanım. Baş üstə... Sabah nataryusu çağırtdıraram bura, vəkalətnamə yazdırıb göndərrəm sizə. Mahmud bəy. Çox yaxşı, izin verin mürəxxəs olum qulluğunuzdan. Çünki mənim məhkəmədə işim var, ona görə artıq qala bilmərəm. Güldəstə. Xoş gəldin, qadan alım, get. Ancaq bizi yaddan çıxarmayınız... Mahmud bəy. Baş üstə. Kərbəlayı Rəcəb. Get, atam sənə qurban, get, ömrün uzun olsun! (Mahmud bəy gedir.) Güldəstə. Sən bir yad oğlanı öz övrətin ilə bərabər vəsiyyətnaməyə salmaqda, Ağa Heydər, qəsdin aşkar görünür. Sevgili Zinyət xanımını bir gözəl oğlana tapşırıb gedibsən, Allah sənə rəhmət eləsin! Bu iki vücudun birləşməsinə mane olan kəs, səni görüm iki gözlərindən olasan, əlin-ayağın qurusun, tərpənə bilməyəsən!.. (Zinyət xanım ağlayır.) Dəli olma, ağlamaq nədir? Bəri gəl, olan keçdi, getdi, bəlkə xoş günümüz qabaqdadır. Gedirlər. Kərbəlayı Rəcəb (tək). Belə də arvad olarmı, başınıza dönüm? Yaşa, balam, yaşa! Kaş mənim olaydın, ay qız! Nə yaxşı olardı! Nə xoşbəxt olardım... hanı ki, hanı ki... İçinə zibil ay bəxt, tfu!.. İndi pulumca da var... Xeyr, düzəlməyəcək... Elə baxa-baxa gedəcəyəm... Pərdə * * * Üçüncü məclis Əhvalat vaqe olur həmin otaqda. Zinyət xanım və Güldəstə şəkillərə baxırlar. Kərbəlayı Rəcəb (daxil olub). Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu... Gözləri qudurmuş it gözünə oxşayır... Dedi: get Kərbəlayı, gəlirəm bu saat sizin canınıza... Güldəstə (Zinyət xanıma). Sən dur qaç, qapını da bağla... Qoy gəlsin, mən ona yaxşı cavab verərəm. (Zinyət xanım qaçır.) Kərbəlayı Rəcəb. Canım, mən də qaçıram... Arığın nə işi var qoruqda, vuralar qılçası sına. Güldəstə. Afərin sənin kişiliyinə, sən nöşün qaçırsan? Dur yerində. Gələr, səni burada görməz, onda daha pis. Axtarar, tapar, vayını verər. Balaqardaş (daxil olub). Güldəstə! Bir gözümün içinə dürüst bax! Məni tanıyırsanmı? Bu naqanı görürsənmi?.. Güldəstə. Naqanı da görürəm, gözünün içinə də dürüst baxıram... Sonra nə buyurursan? Balaqardaş (acıqlı). Bircə mənə de görüm Mahmud bəyin bu evdə nə işi var? Məgər o qanmır ki, kişisiz evə girmək olmaz?! Güldəstə. Mahmud bəy bu evə gələndə qiyamətmi qopar? Balaqardaş. Yad kişi bu evə gələndə təpəsinə güllə vurarlar, ayaqları başından aşar. Qiyamət belə qopar. Güldəstə. Təvəqqe edirəm bir az alçaqdan gedəsən... Səndən qorxan yoxdur... Qabaqcan gərək biləsən Mahmud bəy nə işdən ötrü buraya gəlmişdi, ondan sonra canbaza çıxarsan. Balaqardaş. Heç bilmək də İstəmirəm!.. Ancaq onu sizə deyirəm ki, ikinci dəfə də onu burada görsəm, vallah doğrayacağam. Sənin özünü də şişə çəkib yandıracağam. Bu sözləri dürüst yadında saxla, eşidirsənmi? Güldəstə. Vallah, sən mənim yanımdan yel olub ötə də bilməzsən! Özünə bax, sözünə bax!.. Gör kimi hədələyir... Balaqardaş. Baxarıq, Güldəstə... Mən bir söz idi sənə dedim. Saxla yadında... Kərbəlayı Rəcəb. Canın üçün, Balaqardaş, Mahmud bəyin bu evdən heç bir təmənnası yoxdur. O, Ağa Heydərin vəsiyyətnaməsini gətirmişdi. Sən lap nahaq yerindən oynayırsan. Balaqardaş. Rəcəb kişi, sən özün də dinc otur. Yoxsa, vallah, dərini diri-diri soyaram. Kərbəlayı Rəcəb. Bacı oğlu, mən bir fəqir adamam, heç kəsnən işim yoxdur. Vallah, billah... O günləri Rzaqulu da məni hədələyirdi... Dedim: oğlum, Allah xatirinə, məni heç bir işə qarışdırmayın, mən bir nökər adamam, qoyun bir növ bu qapıda dolanım. Güldəstə. Bu da bizim cahılımız! Mahmud bəyi tikə-tikə doğrayır, məni şişə çəkir, bir qoca kişinin dərisini diri-diri soyur. Hünərindi, get bu sözləri Rzaquluya de. Bizim yanımızda xoruzlanmaq bir çətin iş deyil. Balaqardaş. Rzaquluya elə təpinmişəm ki, qorxusundan evdən qırağa çıxa bilmir. Bir yol cəlladlığı mən boynuma götürmüşəm. Hər kim mənə bərəks getdi, vay onun halına!.. Görərsiniz! Mən gedirəm. (Gedir.) Güldəstə. Get, dalınca bir qara daş! Ağzına bax qoduğun! Öldürəcəyəm, basacağam, kəsəcəyəm... Özün öləsən, igid! Rəcəb əmi get qapını bağla Allah xatirinə. (Kərbəlayı gedir.) Zinyət xanım (daxil olur). Yamanca bəlaya düşdük... Dünya malından ötrü qorxuram bircə balamı öldürərlər... Güldəstə! Aman günüdür, Yusifimi mən haraya qaçırdım? (Ağlayır.) Güldəstə. Dəli olma! Nöşün ağlayırsan? Kimin cürətidir Yusifə yaxın gedə bilsin! Heç qorxma! İstəyirsən, sabah gedərəm madamın yanına, deyərəm Yusifi qırağa çıxarmasınlar. Zinyət xanım. Mən özüm də gedərəm, yalvararam, qandıraram nə səbəbə balamı otaqdan kənara çıxarmasınlar. Hacı Fərəc (qıraqdan). Qurtarram sənin üzündən Balaqardaş, qurtarram, bu gün, sabah, çox çəkməz, qurtarram. Güldəstə. Zinyət xanım! Lənətullah gəlir... Sən dur qaç. (Zinyət xanım qaçır.) Hacı Fərəc (daxil olub). Qızım, işdən mənə bir xəbər. Güldəstə. İş nədir, zad nədir, a başına dönüm?.. Keçi can hayındadır, qəssab piy axtarır... Hacı Fərəc. Nə olubdur məgər? Güldəstə. Nə olacaq?! Bacın oğlu gəlib buraya, buyurur səni şişə çəkəcəyəm, Kərbəlayı Rəcəbin dərisini diri-diri soyur. O yandan Rzaqulu sifariş eləyir ki, balaca Yusifin başını cücə başı kimi kəsərəm. Biz də yetim cücə kimi qısılmışıq hərə bir tərəfdə... Ta bu zindəganlıq olmadı ki!.. Bizim bu halımızda bilmirəm siz nə istəyirsiniz? Hacı Fərəc. Bilirsən, Güldəstə, nə var?.. Siz heç qorxmayınız, rahat əyləşin yerinizdə... Olar üçün lazımı tədbirlər olunub... Mənə də Hacı Fərəc deyərlər. Elə bu gün ya sabah eşidərsiniz. Ancaq sən, Güldəstə, öz sözünün üstə bərk dur... İnşallah meydan bizim olacaq. İndi mən gedirəm elə o işin dalınca. (Gedir) Güldəstə (tək). İşlər günü-gündən çətinləşir. Bilmirəm neyləyim? Zinyət xanımın bir kəsi yox. Ona da yazığım gəlir. Bu halda Mahmud bəyə də yaxın durmaq olmaz. O da yazıqdır, öldürərlər. Qeyri şəhərə qaçmaq? O nə təhər olsun? Pənah Allaha, bir neçə gün gözlərəm!.. Kərbəlayı Rəcəb (daxil olub). Xataya düşmüşük canım, vallah! Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. Rzaqulu bazarda məni tutub, apar deyir, bu pulu ver Güldəstəyə, uzun danışma apar, deyirəm, apar, yoxsa burnunu, qulaqlarını kəsərəm! Zalım oğlu üstümə belə qışqırdı, az qaldı nəfəsim batsın. Güldəstə (acıqlı). Qəribə adamsan, kərbəlayı, vallah! Yaxşı, atam, sənə kim izin verib mənim adıma özgədən pul alasan? Bu saat apar ver özünə, dayanma! Apar deyirəm sənə! Kərbəlayı Rəcəb. Bacarmaram, Güldəstə, bacarmaram... Xeyr, xeyr... Əstəğfürullah, məni öldürsən də bacarmaram. Güldəstə. Rzaqulu istədiyi olmayacaq, kərbəlayı, Allah xatirinə, apar ver özünə. Mənim yaxamı onun əlinə salma. Kərbəlayı Rəcəb. Güldəstə, qurban olum sənə, bacarmaram, atam sənə qurban, bacarmaram. Qorxuram, qanırsanmı? Qudurmuş itə yaxın gedə bilmərəm. Güldəstə. O pulu mən almayacağam, qoy qalsın səndə. Bu adını kişi qoyub, başınıza dönüm! Öləsən elə. Zinyət xanım. Bu gün səhərdən indiyədək neçə dəfə qudurmuşları bizim küçədə görmüşəm... Kərbəlayı! Bu saat özünü yetir Mahmud bəyə, o məhkəmədə olacaq. Ona de ki, bir neçə gün evdən bayıra çıxmasın. Özünü bu heyvanlardan gözləsin. Mən qorxuram. Kərbəlayı Rəcəb. Bir yarım saat bundan irəli hər ikisini mən bazarda gördüm. Yanlarında yoldaşları. Mahmud bəyi xəbərdar etmək yaxşı fikirdir. Mən bu saat onu taparam. Siz qapını bağlayınız (Gedir.) Zinyət xanım. Heydər, Heydər! Kaş sən sağ qalaydın, bir gün ac, bir gün tox həsir üstə dolanaydıq. Dövlət qoyub mənə getdin, dövlət olmadı, o mənə bir bəla oldu. (Ağlayır.) Güldəstə. Genə başladın? Ağlamaq nədir? Uşaqsan? Bəsdir, bəsdir, sən Allah! Köpəklər leş üstündə boğuşacaqlar, sən də göz yaşını tökəcəksən! Qoy boğuşsunlar! Allah verə bir-birinin ətini yesinlər... Bizə nə? Zinyət xanım. Qorxuram, Güldəstə! Qorxuram. Qurban olum sənə, bacı. (Güldəstəni qucaqlayır.) Allah, dövlət nə böyük bəla imiş!.. İstəmirəm, istəmirəm, qoy aparsınlar, ancaq tifil Yusifimə dəyməsinlər. Güldəstə. Heç qorxma! Heç darıxma! Darıxma, qurban olum sənə. Kimin ağzı nədir, bu qapıdan içəri girə bilə? Zəng vurulur. Zinyət xanım. Bu kim ola? Güldəstə, qorxuram, qapını açma! (Güldəstə qaçıb, əlində naqan qayıdır.) Açma başına dönüm! Aman Allah, aman Allah! Qaçır yan otağa, qapını bağlayır. Güldəstə (qapıya yaxınlaşıb). Kimsən? Səsini çıxart! Əcəlin yetməsin, səslən, səslən! Yoxsa vurdum. Kərbəlayı Rəcəb (qapının dalından). Mənəm Güldəstə, Kərbəlayı Rəcəb... Aç qapını! Güldəstə. Yanında kimdir? Səslən! Kərbəlayı Rəcəb. Mahmud bəydir, qorxma! Aç qapını. (Güldəstə qapını açır, Mahmud bəy və Kərbəlayı Rəcəb daxil olurlar.) Mahmud bəy. Mən buraya gəlirdim. Kərbəlayı Rəcəb qapıda rast gəldi, dedi ki, siz çox xofdasınız. Zinyət xanım (gəlib). Bax Mahmud bəy, sizdən çox təvəqqe edirəm ki, axşamadək burada qalasınız, çünki o qudurmuşlar buralardan əl çəkmirlər. O xətakunlardan xəta əskik deyil, mən qorxuram... Mahmud bəy. Hərçənd nahaq yerə qorxursunuz, genə baş üstə, axşamadək kənara çıxmaram. Hacı Fərəc (qıraqda başı açıq). Köməksiz qalan canım vay! Evi yıxılan canım vay! Balaqardaşım vay! Mahmud bəy (gedib hacının qolundan tutub gətirir). Gəl, gəl, hacı. Neyləmək olar. Qəza işidir... Əyləş, hacı. Hacı Fərəc (əyləşib). Çox çalışdım, çox əlləşdim, olmadı... Yalvardım... Ay aman, qoymayız, olmadı... Hamı qaçdı, mən tək qaldım... Olmadı... Vay, evi yıxılan canım vay! (Yalandan ağlayır.) Mahmud bəy. Olacağa çarə yoxdur, hacı! Ağlamaqdan yara sağalmaz... Özünü toxtat! Nağıl elə görək bu necə müsibətdir? Hacı Fərəc. Çox çalışdım, çox çalışdım, olmadı. Yalvardım; ay aman, qoymayınız. Balaqardaş yaralı-yaralı... pələng kimi atışırdı. Bir güllə də başından, yıxıldı yerə... Kim vurdusa, Rzaqulu da yıxıldı, dörd-beş adam tələf oldu. Böyük faciə, böyük müsibət... Mahmud bəy. Hacı! Belə müsibətlərə bais sərmayə və sərmayəçilikdir. Nə qədər ki, yer üzündə davam edən bu nizam var, nə qədər ki, bu nizam təğyir tapmayıb və nə qədər ki, insanın nəfsi ölməyib, o vaxtadək belə müsibətlər, belə faciələr olub, olur və olacaq. Bunları yox etmək üçün, təbdili-nizam üçün çalışmaq gərək. Hacı Fərəc. Nəfsi öldürmək olmur, a başına dönüm. Neyləyəsən? İnsan belə yaranıb, belə də qəbirə gedəcək. Kərbəlayı Rəcəb. Hacı, tələf olanlar elə orada qaldılar, yoxsa apardılar? Hacı Fərəc. Apardılar... Mahmud bəy! Qurban olum sənə. Allah sənin balalarını saxlasın. Zəhmət olmasza bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır. Mahmud bəy. Baş üstə, hacı, buyur gedək. Hacı Fərəc. Kərbəlayı, sən də gəl. Gəl, qadan alım, bəlkə lazım oldun. Kərbəlayı Rəcəb. Hacı, məni bağışla... Mən gedə bilmərəm... Mən bir fəqir adamam. Bir də mən meyitdən qorxan kimi heç bir şeydən elə qorxmuram. Mahmud bəy. Kərbəlayı, çünki sən getmirsən, papağını ver hacıya. (Verir.) Hacı, buyur gedək. Gedirlər. Güldəstə. Biiman, bidin mürtəd, Allahın qəzəbinə gəlmiş məlun! İki cavanı, bir-birinə tutuşdurub, hər ikisini badi-fənaya verdin, məlun lənətullah. Get, məlun, cavan qurbanını dəfn etməyə. Zinyət xanım ağlayır. Kərbəlayı Rəcəb – Bir Fərəci-pəlid ibni-Hacı Ziyad hər dəm səd həzar lənət başəd. Salan bu xalqı cahanda bəlaya, verən də ömrümüzü tez fənaya puldur, pul. Pərdə * * * Dördüncü məclis Əhvalat vaqe olur həmin evdə. Hacı Fərəcin kantorunda. Hacı Fərəc, Güldəstə əyləşiblər səndəl üstündə. Hacı Fərəc. Güldəstə! and olsun Məkkəyə, Mədinəyə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, and olsun atamın ərvahına, səni mən qızıla, ləli-cəvahirə münəvvər elərəm. Qurtar mənim işimi... Səndən ruhpərvər cavab gözləyirəm, qızım. Güldəstə. Bu halda mən sizə nə cavab verim, hacı? Mümkündürmü? Balaqardaşın təziyəsi hələ qurtarmayıb. Əlavə, camaat arasında danışıq var ki, onun ölməyinə bais də siz olmuşsunuz. Layiqdirmi sizə bu halda Zinyət xanımı almaq fikrinə düşmək? Hacı Fərəc. Mən özüm də onu fikir etmişəm, ancaq nə lazım olub o işi biz aşkar görək?.. Çağırram bir kənd mollasını, mən öz vəkilim, Kərbəlayı Rəcəb Zinyət xanımın vəkili, kəbini kəsilər, qurtardı getdi... Yaxşı pul verərəm, mollaya tapşıraram heç kəs bilməsin, vəssalam. Güldəstə. Bir iş də var, hacı. Axır mən Zinyət xanım ilə hələ danışmamışam. Doğrudur, bir balaca qandırmışam, ancaq qəti surətdə aramızda bir söz olmayıb. Hacı Fərəc. Ay qız, sən mənim lap belimi sındırdın ki! Necə hələ danışmamısan? Mən sənə yalvardım, sən də mənə söz verdin... İndi də belə? Bu olmadı ki... Güldəstə. Mən elə genə öz sözümün üstündə durmuşam... Ay hacı, insafın olsun. Axı yazıq qız heç qara libasını çıxartmayıb. Mən ona necə deyim ki, hacının fikri budur? O belə fikir edir ki, heç bir namusu olan şəxs qardaşının yerinə girməz. Onun heç ağlına gəlmir ki, siz o işə iqdam edərsiniz. Ona görə bizim o barədə danışmağımızı zarafat hesab edir. Hacı Fərəc. O fikir nahaq fikirdir. Çünki peyğəmbərimiz o yolu qoyub məhz ondan ötrü ki, dövlət yad əlinə keçməsin, keçib bərbad olmasın... Mən Kərbəlayı Rəcəbə tapşırmışdım bilsin Zinyət xanım bu işə necə baxır. Güldəstə. Hacı, bəlkə Kərbəlayı Rəcəb ona bir söz deyib? İstəyirsiniz çağırım gəlsin, soruşunuz. (Güldəstə gedir.) Hacı Fərəc (tək). Bu saat məndən suvayı müştəri yoxdur... Amma iş təxirə düşsə, təzə müştərilər meydana çıxa bilər. Zalım Zinyət xanım gəlmir ki, onunla rubəru danışam. Onda heç kimə yalvarmazdım və bir belə də xərc özümə vurmaz idim. İşin bu hala düşməsinə bais o şeytan Güldəstədir. Zinyət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım mətəl, söz də tapıb deyə bilmədim. Hər nə isə, yamanca şeytandır. Kərbəlayı Rəcəb, Güldəstə gəlirlər. Kərbəlayı Rəcəb. Hacı Ağa, nə buyurursunuz? Hacı Fərəc. Kərbəlayı, o iş ki, mən sənə tapşırmışdım, necə oldu? Varmı səndə bir xəbər? Kərbəlayı Rəcəb. Hacı, özünüz bilirsiniz ki, mən bir təmiz adamam, yalan bilmərəm, həllə-hüşlük bilmərəm, oğurluq bilmərəm, Allah vara bu ev dolu qızıl olsun. Hacı Fərəc. Uzaq getmə, kərbəlayı, mətləb üstə gəl. Qadan alım, mətləb üstə gəl. Söylə görüm Zinyət xanıma nə dedin? Cavabında nə eşitdin? Kərbəlayı Rəcəb. Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? Hacı Fərəc. Kərbəlayı, qadan alım, mətləb üstə gəl... Təvəqqe eləyirəm uzaq getmə... Kərbəlayı Rəcəb. Baş üstə, mətləb üstə gəlirəm. Dedim Zinyət xanım, il keçdi, sən gəl bu qara libası çıxart, özün də get bir Allah bəndəsinə, elə adam olsun ki, səni və balanı gözləri üstə saxlasın. Hacı Fərəc. Bərəkallah, afərin kərbəlayı! Belə de! De qoçum, de! Məni şad elə! Kərbəlayı Rəcəb. Dedim Zinyət xanım, Rzaqulu və Balaqardaş namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər. Meydan qaldı xali... Sizə bir dünyagörmüş, təmiz, namaz qılan adam lazımdır... Hacı Fərəc. Canını qurban etməyə hazır olan, filankəs kimi. Kərbəlayı Rəcəb. Xeyr, hacı, ad çəkmədim, amma özü dedi, yəni Hacı Fərəc kimi, həəə?.. Dedim bəs necə, o kişini sən nə hesab edirsən? Hacı Fərəc kimi qoçaq yer üzündə tapılmaz. Güldəstə. Yavaş görüm, kərbəlayı, mən harda idim, sən Zinyət xanımla bu naziklikdə söhbət edəndə? Kərbəlayı Rəcəb. Sən getmişdin balaca Yusifin yanına, Hacı Fərəc. Hacı Fərəc. Güldəstə! Bajaliska, qarışdırma. Qoy kişi sözünü tamam eləsin. Yaxşı, kərbəlayı, de görüm Zinyət xanımın axır sözü nə oldu? Kərbəlayı Rəcəb. Axır sözü belə oldu ki, qoy hacı məhkəmədə olan işini qurtarsın, sonra mən ona cavab verərəm. Hacı Fərəc. Müxbir oldum, gedə bilərsiniz. (Güldəstə, Kərbəlayı Rəcəb gedirlər.) Hacı Fərəc (tək). Bu xətakünlər hər ikisi məni oynadırlar. Danışıqları başdan-ayağa yalan... Mən özüm Zinyət xanım ilə dizbədiz oturub danışmasam, iş düzəlməyəcək. Sabah, Allah qoysa, düz gedib girrəm otağına, öz təklifimi ona elərəm. Ümidim var ki, rədd eləməz. Mahmud bəy. Hacı, izin ver gəlməyə? Hacı Fərəc. Buyura bilərsiniz. Mahmud bəy (daxil olub). Salam əleyküm! Hacı Fərəc. Əleyküm salam! Buyuruz əyləşiz. Mahmud bəy (əyləşib). Hacı, bir işdən ötrü gəlmişəm qulluğunuza. Hacı Fərəc. Necə işdir? Buyuruz görüm! Mahmud bəy. Hacı, siz qəyyum olandan sonra ədliyyə məmuru gəlib mərhum Ağa Heydərdən qalan varidatı siyahıya alıb və cənabınız da o siyahıya qol çəkib. Mülkləri və cəmi sərmayəni ixtiyarınıza almısınız. Mən, necə ki, Zinyət xanımın vəkili, sizdən mədaxil və məxaricin hesabını tələb edirəm... Hacı Fərəc. O hesabı mən vermişəm ədliyyə idarəsinə, dübarə sizə hesab vermək mənim borcum deyil. Mahmud bəy. O hesabı mən görmüşəm. Hacı, o hesab dürüst deyil. Hacı Fərəc. Necə dürüst deyil? Elə dürüstdür ki, heç olmayan kimi. Mahmud bəy. Hacı, buyuruz görüm bankdan aldığınız yüz altmış min manatı nə işdən ötrü məsrəf etmişsiniz? Əlavə, Rüstəm baqqalın oğlundan aldığınız doxsan min manatı haraya vermisiniz? Hacı Fərəc. Başağrısı vermək lazım deyil, hər nə var, o hesabda yazılıb... Mahmud bəy. Hacı, mən ancaq dünən bilmişəm iş nə haldadır. Kərbəlayı Qulam xəbər verib. O xəbərə görə sizi işə salıblar. Və iş təftiş olunub. Mən sizə xeyirxaham, hacı. Nə qədər rüşvət verirsiniz, onu da bilirəm. Hacı Fərəc. Mahmud bəy, sən gəl mənə öcəşmə. Ərz eləyirəm hesab dürüstdür. Kərbəlayı Qulam mənim düşmənimdir. Onun sözünə etibar etməzlər. Mahmud bəy. Hesabda yazmışsınız ki, bu ev üçün alınıb dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd kirvənkə Popov çayı, iki yüz altmış min manat nəqd pul, belə hesaba da qol çəkmisiniz. Hacı Fərəc. Əgər o şeylər bu evə gəlməyib, bəs necə dolanıblar? Əlbəttə, göndərmişəm. Mahmud bəy. O şeylər bu evə gəlib ya gəlməyib, bilmək çətin deyildir. (Çağırır.) Kərbəlayı Rəcəb, Güldəstə bacı, zəhmət olmasa buraya gəliniz. Hacı Fərəc. Onları nə üçün çağırırsınız, qardaşım? Onların nə ixtiyarı var mənim işimə qarışsınlar? Məlum olur ki, siz mənim sözümə inanmırsınız? Elə isə, siz mənim çestimə toxunmaq istəyirsiniz. Təvəqqe edirəm, bir az sərhesab olasınız. Yoxsa sizin üçün yaxşı olmaz. Mahmud bəy. Məni hədələmək lazım deyil, hacı, o sonrakı işdir... İndi mən sizdən hesab tələb edirəm... Kərbəlayı Rəcəb, Güldəstə daxil olurlar. Hacı Fərəc. Sizin burada nə işiniz var? Çıxız bayıra, rədd oluz! Mahmud bəy, bu qeyli-qal nə üçündür? Eyib deyilmi? Mahmud bəy. Təvəqqe edirəm ki, kəmhövsələ olmayasınız. Güldəstə bacı, hacı məhkəməyə hesab verib və o hesabda göstərib ki, guya bu evə dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə Popov çayı və iki yüz altmış min manat nəqd pul verib, doğrudurmu? Güldəstə. Bu evə o şeylər nəinki gəlməyib, hətta adı da çəkilməyib. Kərbəlayı Rəcəb. Anbarın açarı həmişə məndə olar. Hacı bir balaca səhv yazıb. O şeylər bizə gəlməyib və gələ də bilməzdi. Çünki ehtiyac olmayıb. Hacının külfəti çoxdur, bəlkə öz evinə göndərib. Mahmud bəy. Bağışlayız, sizə zəhmət verdim, gedə bilərsiniz. (Gedirlər.) Hacı Fərəc. Ağa Mahmud bəy! Ola bilərmi ki, siz bu işə heç qarışmayasınız? Çünki o mənlən qardaşımın külfəti arasında olan bir işdir, yad adamın bu işə girməsinin heç mənası yoxdur. Mahmud bəy. Vəkil, əlində vəkalətnamə, yad deyil, hacı. Kərbəlayı Qulam sizi yaman bəlaya salıb. Mən istərdim ki, sizə kömək edəm, amma siz mənə heç inanmırsınız. Hesabınızda saxta qəbzlər tapıblar. Hacı Fərəc. Mahmud bəy, axır sözünüzü buyuruz, məndən nə istəyirsiniz? Mahmud bəy. Bu evə bir quruş xərc olmayıb. Cəmi mədaxil gərək çıxsın araya, verilsin banka, vəssalam. Hacı Fərəc. Mən Sibirə gedəndə, görək məndən nə ala bilərsiniz. Mahmud bəy, indi ki, bu işdən belə bərk yapışmısınız, gəlsənə bir iş eləyək. Sən məndən bir yüz min manat al, işi boşla getsin, mənə də kömək elə, xatadan qurtar. Mahmud bəy. Bu nə təklifdir, hacı?! Heç utanmırsanmı? Ta nə deyim sənə? Söz də tapmıram deməyə. Eyib olsun sizə, hacı! Hacı Fərəc. Mən burada heç bir eyibli iş görmürəm. Alış-verişdir, deyirəm, puldur, sən də xərclə, mən də... Qoca kişiyəm, vermə məni kafir əlinə, bir növ məni qurtar. Kərbəlayı Rəcəb (daxil olub). Hacı, pristav İbrahim bəy gəlib, sizi görmək istəyir. Hacı Fərəc. Gəlsin görək nə buyurur. (Kərbəlayı Rəcəb gedir. İbrahim bəy daxil olur.) İbrahim bəy (rəsmi libasda). Salam əleyküm, Mahmud bəy! Ya Allah, əhvali-şərifiniz necədir? Mahmud bəy. Əziz olasan, bir təhər dolanırıq. Hacı Fərəc. Buyuruz əyləşiz... Əhvalın necədir, qadan alım, yaxşısanmı? İbrahim bəy. Sağ ol, hacı. Mahmud bəy, bilmirəm tanıyırsınızmı, bir Kərbəlayı Qulam var, hələm-qələm, xətakün, nadürüst, hacını yaman dolaşdırıb. Neçə gündür ki, prokuror hacını məndən istəyir. Bir yarım saat bundan irəli bir hökm ilə gəlib hacını qəti surətdə məndən tələb eləyib. Ta artıq işi dayandıra bilmədim. Hacı Fərəc. Kərbəlayı Qulam bizim hamamın icarədarıdır. Yetim ayağı olmağına görə, mən necə ki qəyyum, icarə pulundan keçə bilmədim. Ona görə o gedib məndən şikayət eləyib. İbrahim bəy. Hacı, sizin xatiriniz üçün mən yanımca adam gətirmədim, tək gəldim. Mən sizi aparram faytonda, heç qanan da olmaz biz hara gedirik. Mən sizə söz verirəm ki, bir tacir taparam, qoymaram sizi bir gün də orada qalasınız... Zaminə götürdərik. Mahmud bəy özgəsi deyil. Sən də, hacı, mənim yolumu görərsən. Hacı Fərəc. Mənim gözlərim üstə, nə qədər kefindir. İbrahim bəy. Onda buyuruz gedək. Hacı Fərəc. Beş dəqiqəliyə mənə vaxt veriz, burada işim var. Çıxınız qırağa, mən də bu dəqiqə gəlirəm. Mahmud bəy, siz də buyurun. (Mahmud bəy, İbrahim bəy çıxırlar.) Hacı Fərəc (çağırır). Kərbəlayı Rəcəb, Güldəstə! Zəhmət olmasa bir buraya gəliz. (Hər ikisi gəlir.) Kərbəlayı qardaş, qızım Güldəstə! Qəza məni dolaşdırıb, nicatım sizin əlinizdədir. Mən sizi şahid göstərəcəyəm, ikicə kəlmə söz ilən ki, bəli belədir. Siz məni kafir əlindən qurtara bilərsiniz. Sizdən soruşanda ki, bu evə nə qədər azuqə gəlib, deyərsiniz ki, dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə çay və iki yüz altmış min manat nəqd pul; Zinyət xanım alıb qoyub sandığa. Güldəstə. Bu işdə Quran andı varmı, hacı? Hacı Fərəc. And içəndə nə olar? Bir müsəlmanı bir kafir əlindən xilas etmək üçün adam Qurana da and içər, hələ desən bir azca da artıq. Kərbəlayı Rəcəb. Mən qoca kişi, özüm kərbəlayı, namaz qılan, gedim yalandan Qurana and içim? Xeyr, hacı, məni bağışlayız. Bacarmaram. Güldəstə. Məni də bağışlayınız, hacı. Mən doğru işdən ötrü Quran üstə getmərəm. Biləm ki, başımı kəsəcəklər, genə getmərəm. Hacı Fərəc. Ola bilərmi ürəyinizdə bir haqq söz tutub, and içib, deyəsiniz, bəli, belədir. Aman günüdür, mənə rəhm ediniz, yazığam, qoca kişiyəm. Atam, anam, balalarım sizə qurban. Qurtarız məni kafirlərin əlindən. Kərbəlayı Rəcəb. İş ona qalanda, heç bir növ ilən bacarmaram. Güldəstə. Mən heç bacarmaram. Hacı Fərəc. Eybi yoxdur... Allah kərim padşahdır... Gedirəm, genə gəlləm, yamanlıq sizə qalar. (Gedir.) Kərbəlayı Rəcəb. Özgəyə quyu qazan, özü tez düşər. Get, lənətullah. Güldəstə. Bax, indi mən deyə billəm ki, meydan xali qaldı... Zinyət xanımın canı qurtardı. Mahmud bəy (daxil olub). Hacı axır görüşə gəlib, nə binagüzarlıq edirdi? Kərbəlayı Rəcəb. Hacının əhvalı zibil dadırdı, dilini bir qarış çıxarıb bizə yalvarırdı. Atasını, anasını, balalarını qurban edirdi ki, gəliz məhkəmədə and içiniz ki, filan iş belədir. Olmaz, yaramaz, dedik. Suya basılmış toyuq kimi durdu getdi. Güldəstə (çağırır). Zinyət xanım, bir bəri gəl. (Zinyət xanım gəlir.) Bilirsiz nə var? O iki cavanın vəfatından sonra hacı çox deyirdi ki, meydan xali qaldı, bir tək müştəri mənəm. Mən indi ancaq deyə billəm ki, meydan qorxusuz, xali qaldı, amma bir az vaxtadək. Çünki bal üstə arı çox yığılar... Hacı da təşrif apardı. Təzədən müştərilər çıxacaqlar meydana, bişək-şübhə. Kərbəlayı Rəcəb (kənara). Genə zalım qızının ağzından dürr tökülür... Qurban olaydım, ay qız, ay qurban! Güldəstə. Mahmud bəy! Ağa Heydər bəyin vəsiyyətnaməsindən aşkar görünür ki, o cənab sizi vəsiyyətnaməyə daxil etməkdə fikri Zinyət xanımı tapşırıb getmək imiş, belədirmi? Mahmud bəy. O mərhum məni çox istəyirdi. Bizim fikrimiz, sirrimiz bir olardı. Xəyalat edərdik: məktəblər açarıq, ələlxüsus sənət məktəbi, yüz əlli uşaq üçün böyük təmirat... çifayda, qəza aman vermədi. Zinyət xanım. Sizdən çox təvəqqe edirəm ki, onun tamam fikirlərini əmələ gətirəsiniz. Dövlətin nə olduğunu mən gördüm... Sərmayə bir bəla imiş. Nə mənə, nə oğluma bir o qədər lazım deyil. Güldəstə. O fikirlər sonrakı işdir. İndi, Zinyət xanım, o mərhumun qəsdini əmələ gətirmək üçün Kərbəlayı Rəcəbi vəkil edirsənmi sabah Mahmud bəy ilə qazixanaya gedib o mübarək işi qurtarsın? Zinyət xanım. Bəli, vəkil edirəm... Güldəstə. Mahmud bəy! Siz də ki bu işə razısınız? Mahmud bəy. Razıyam. Bu şərtlə ki, Zinyət xanım mənim öz komamda var-yoxuma qane olub, mənə yoldaşlıq edə və mərhumun fikirləri əmələ gələ. Zinyət xanım. O barədə mən özüm sizdən rica edirəm. Güldəstə. Allah mübarək eləsin. Nahar hazırdır, buyurunuz gedək. (Gedirlər.) Kərbəlayı Rəcəb (tək). Mahmud bəyin işi düzəldi. Allah mübarək eləsin. Hacı lənətullah gedəcək Sibirə, cibişdan dolu pul, bir matişka da alıb istirahət edəcək. Mən yazıq da baxa-baxa qəbrə gedəcəyəm. Yerə girəsən, ay bəxt, yerə girəsən, yerə!.. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-pul-duskunu-haci-ferec İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.