Pyeslər Nəcəf bəy Vəzirov (1854–1926) Ev tərbiyəsinin bir şəkli Əfradi-əhli-məclis Bayraməli bəy – altmış iki yaşında, ağsaqqal, Avropa libasında Şahmar bəy – onun qardaşı, əlli beş yaşında, saqqalı hənalı, ibarətlə danışan, çərkəs libasında Səfdərqulu – iyirmi altı yaşında, Avropa libasında, başında papaq – Bayraməli bəyin oğlanları. Rəsul – on altı yaşında, məktəbxana libasında – Bayraməli bəyin oğlanları. Əsgər – Bayraməli bəyin nökəri, on səkkiz yaşında, köhnə libasda Əhvalat vaqe olur sübh vaxtı, Bayraməli bəyin otağında, Səfdərqulu oturub bikef, kürsü üstə, Rəsul taxt üstə uzanıb. Otağın ortasında miz və onun üstə bir neçə piyalə və çaydan. Əsgər ayaq üstə, küncdə. Səfdərqulu. Ah... bu da bir gün deyil biz çəkirik... Allah kəssin belə diriliyi, belə günü!.. Vallahi mən heç bu evə girmək istəmirəm, elə zəhləm gedib... Evə gələndə elə bil ki, məni cəhənnəmə aparırlar... Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə... Görürsən danışmağa bir söz tapmayanda başlayır: “Rəsul oxumur. Sənin boyunu yerə soxum, hərgah sən oxusaydın, Rəsul da sənə baxıb oxuyardı”. Guya ki, mən Rəsulun qabağında dururam, deyirəm oxuma... Ah! Kişi məni elə darıxdırıb ki, vallah istəyirəm elə özümü boğam öldürəm... Rəsulda da insaf yoxdur... Əsgər. Yəni kişi yalan deyir? Vallah yox... Budur bax, düz gözünün içinə deyirəm: oxumur, gedir gəzir, gəzir, gəlir deyir ki, dərsə getmişdim. O da belə gedir soruşur bilir ki, getməyib... Gəlir evə, biz biçarənin başına kül ələyir. Barı bu zəhmətə görə, əziyyətə görə, doyunca adama çörək verə, yenə dərd yarıdır; onu da vermir... Səfdərqulu. Rəsul da nə oxuyan kimi oxuyur, nə oxumayan kimi oxumur, mən də gündə beş yol evdən qovuluram... Mən hara gedim, qardaş? Getdim, necə dolanım, əlimdən nə iş gəlir? Acından ölənəm ki, ölənəm. Rəsul, bax, canım sənə qurban, axır mən sənin qardaşınam, mənə yazığın gəlsin, oxu. Atamızın iki yüz min manatdan artıq varı var... Qardaşı Şahmar bəyi tanımırsanmı ki, əlimizdən alar? Oxu!.. Əsgər. Rəsul, sən Allah dur ayağa, heç olmasa kitabı al əlinə, barı görsün ki, guya dərsini öyrənirsən; bəlkə bu dəfə, bu sabah ertə baş-beynimiz getməsin, Allah xatiri üçün... Rəsul. Əsgər, elə bircə sən qalmışdın, gərək sən də mənə öyrədəydin... Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirib. Səfdərqulu. Qorxur, nə eləsin, ay başına dönüm!.. Yalandan da olsa kitabı al əlinə, bəlkə Allah rəhm eləyə, bu gün salamat ötüşək. Bax, Əsgər, sən şahidi ol ki, mən Rəsula deyirəm ki, qardaş oxu, sonra kişi deməsin ki, sən qoymursan Rəsulu oxumağa... Əsgər. Rəsul oxumur, atanız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çortkəyə. Rəsulun müəlliminə bir belə vermişəm, bir elə vermişəm; bizi də acından qırır. Bircə deyin görüm, mən yetimin taxsırı nədir?! Rəsul. Dəxi bəsdir... Vallah, billah, tallah, mən bir gün ya özümü zəhərləyib öldürəcəyəm, ya ki gedib özümü Araza atacağam. Vəssalam. Kişi məni bu məqama gətirib. Səfdərqulu. Pəh, pəh, pəh! Bu da bir söz oldu. “Gedib özümü suya atacağam”, “zəhər içəcəyəm”. Bəli, qabağına duran olacaq? Kişi elə Allahdan onu istəmirmi? Rəsul. Belə gün, bel əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. Əsgər. Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır... Qatıq-çörək, qatıq-çörək, tut qurusu-çörək, bir az kefi kök olanda bozbaş... Bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir... Səfdərqulu. Yalan danışma, axmaq oğlu axmaq! Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var... İndi elə bu saat vermir? Rəsulda insaf yoxdur. Rəsul. Mən oxuram özüm billəm, oxumuram özüm billəm... Heç kimə borc deyil... Əgər sən özün belə qoçaqsan, bəs niyə oxumadın? Səfdərqulu bəy. Atam məni tutubdur ki, gərək bir-iki ilə tamam eləyəsən. Mən də bacarmıram. Nə eləyim, qabiliyyət yoxdur, Allah verməyib. Özümü öldürüm? Baş üstə, öldürrəm. Səfdərqulu. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, yazıq olmuşam, fəqir olmuşam. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. Ona görə də mən sənə yalvarıram. Sən oxusan, məndən əl çəkər, bir parça çörək mən də yeyərəm. Rəsul. Tələsmə, Səfdərqulu, az qalıbdır: ya mən özümü öldürəcəyəm, ya ki onu... Mən dəxi dözə bilmərəm. Əsgər (qapıya tərəf gedib). Aman günüdür, başınıza dönüm, yavaş danışın, yavaş danışın... Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir! Rəsul, kitabı al əlinə, başına dönüm, tez-tez, qurbanın olum. Rəsul. Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam. Əsgər. (balaca sövtlə) – Mirzə Taraqqa budur ha gəlir, Əldə falaqqa budur ha gəlir, Döyməyə sizi, ya incitməyə Hıqqana-hıqqana budur ha gəlir. Qaçır Səfdərqulu (tez-tez). Rəsul, aman günüdür, dur, başına dönüm, dur kitabı al əlinə, dur, canım qurban, dur! Rəsul, mənə yazığın gəlsin!.. Bayraməli bəy (daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır). Əsgər, Əsgər! (Çağırır.) Əsgər (tez daxil olub). Bəli, ağa! (Kənara) Necə murdardır, başınıza dönüm! Bayraməli bəy (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox? Əsgər. Niyə görmürəm, kor ha deyiləm. Bayraməli bəy. Xeyr, görmürsən! Və mən bu saat sənə sübut elərəm ki, görmürsən, özün də bizim bu Səfdərqulu bəy kimi korsan və bu Rəsul bəy kimi tənbəlsən. Əsgər (kənara). Allahın verən günü elə belə sübut eləyir. (Bayraməli bəyə) Ağa, sən ki, deyirsən mən samavarı görmürəm, neynək, mən də deyirəm ki, görmürəm. Sonra nə buyurursuz? Bayraməli bəy. Sonra, Əsgər bəy, canına dərd buyururam, vərəm buyururam! Heyvan oğlu heyvan, məgər bu samavarı bir yol təmizləyəndə nə olar, canın çıxar? Əsgər (kənara). Yenə iş axtarır, başınıza dönüm! (Bayraməli bəyə) Bu samavar alınan gündən indiyə kimi heç ona əl dəyməyib, elə belədir belə; mən başıma nə kül töküm?! Bayraməli bəy. Yaxşı cavab verdin, sən hələ dur. (Oğlanlarına) Siz mənə deyin görüm, mən kiməm? Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan, elə də kor öküz kimi yat, sonra danışarıq. (Səfdərquluya) Sualıma cavab! Hm, yadından çıxdı, hafizə qalmayıbdır. Üzünə bax, sifətinə bax! (Güclü) Bığına bax, bığına!.. Rüstəmi-Zaldır zalım oğlu zalım! Səfdərqulu. Vallah başa düşə bilmirəm, məndən nə istəyirsiz?! Bayraməli bəy. Əlbəttə, başa düşə bilməzsən. Başda ağıl varmı ki, başa düşəsən? “Başa düşə bilmirəm”. Xa, xa, xa... Təzə xəbərdir... Səfdərqulu. Ağlım yoxdur, ağlı hardan tapım, buyur görək. Bayraməli bəy. Allah hamıya ağıl verir, sənə də vermişdi. Amma sən ağlını puç elədin, gözünün içinə baxanda mən aşkar görürəm ki, sən ağlını puç eləmisən. Səfdərqulu. Vallah mən bilmirəm sən məndən nə istəyirsən? Qana bilmirəm, nə qədər fikir eləyirəm qana bilmirəm. (İstəyir getsin.) Bayraməli bəy. Burada dur, hara gedirsən, səndən söz soruşuram, yoxsa istəyirsən yıxım qarnına təpikləyim? Əsgər (kənara). Kaftar yenə canbaza çıxıb... Öl ha!.. Səfdərqulu. Mənim axır taxsırım nədir ki, yıxıb qarnıma döyəsən? Görək neyləmişəm? Mən uşaq deyiləm ki... Bayraməli bəy. Uşaq deyilsən, yəqin. İyirmi beş yaşında, bığlar Rüstəmi-Zalın bığları tək çəkilib qulaqlarının dibinə, başda bir tozcan ağıl yox. Səfdərqulu. Əstəğfürullah. (İstəyir getsin.) Bayraməli bəy. Dayan dur, yoxsa belinin qozun çıxardaram... Səfdərqulu (oturur). Baş üstə. (Kənara) Vallahı qanmıram bu məndən nə istəyir, tfu! Bayraməli bəy (Rəsula). Çolaq öküz, buyur görək: lejaşiy – kakaya çast reçi? (Səktə) Hm, bilmirsən? Vay, vay, kül mənim başıma! Əsgər, lejaşiy – kakaya çast reçi? Əsgər. Mən bilmirəm, ay ağa, başına dönüm. (Kənara) Qudurmuş itə dönüb yenə. Bayraməli bəy. Siz bilmədiz, amma Səfdərqulu ona bülbül kimi cavab verəcək... Hm, Rüstəmi-Zal, buyur görək! Qanmaz uşaqları, mən sizin atanızam, ya yox? Səfdərqulu. Atamızsan! Bayraməli bəy. Mən bu saat sizə sübut edərəm ki, mən sizin atanız deyiləm, ya ki, siz məni ata hesab eləmirsiz. Əsgər (kənara). Yenə sübutun başı açıldı. Allah, sən saxla! Şahmar bəy (daxil olur). Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram... Nə bais olub sizin bu qədər qəzəbnak olmağınıza? Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz. Bayraməli bəy. Mənim günüm itin günü! Otur, qardaş, dərdimi sənə deyim... Gör heç dünyada belə müsibət olarmı ki, mənim başıma gəlir?! Oğlanlarıma baxanda bilərsən ki, mən dünyada nə əziyyət çəkirəm; bu iki fərzəndlərdən bir kor qız çox yaxşıdı... Yüz-yüz verirəm və vermişəm, heç birisindən bir şey çıxmadı. Şahmar bəy. Dadaş, bir az səbr buyurun, mən bu cavanlardan bir-iki sual edim, görüm bunlar nə mərtəbədə ağıl-şüur sahibləridirlər... Mənim əzizlərim, mən sizdən səbri-tamam ilə göftgu edəcəyəm. Gərək mənim suallarıma diqqəti-lazimə ilən müvafiqi-qaidə cavabdeh olasız. Əsgər (kənara). Mən itəm əgər bu danışıqdan bir şey başa düşdümsə... Bu yazıqlar neyləsinlər. Şahmar bəy. Bilmək istəyirəm nə tərbiyət və şüur sahibləridirlər, bizim cənablar? Bayraməli bəy. Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, birisi kor öküz təki yıxılıb taxtın üstündə, biri də əyləşib xanzadə kimi... Heç biri yerindən tərpənmək istəmirlər, lazım bilmirlər ayağa durub ehtiram eləsinlər. O ki qaldı oxumağa, bu barədə əvəzləri yoxdur... Şahmar bəy. Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən? Səfdərqulu. Atam bir dəqiqə bir yerdə durmur, hər saatda yüz dəfə çölə çıxır, içəri girir, mən həmişə gərək ayağa durub baş vuram? Bayraməli bəy. Yoxsa qorxursan başın boş olmağına görə düşüb itə, ona görə baş vurmağa cürət eləmirsən? Heyif deyil ki, baş yenə?: Murdar oğlu murdar! Cavabına bax, cavabına: “Mən həmişə gərək ayağa duram?” (Yamsılayır.) Duranda canın çıxar, murdar olarsan? Bığına bax, bığına! Boyuna bax, boyuna! Əsgər (kənara). Zalım oğlu yenə ölçür. Şahmar bəy. Dadaş, indi bildim ki, sizin zəminü asiman səbri-vüz varmış. And olsun xudayə, bir türfətül-eyndə dərilərin boğazlarından tülkü dərisi kimi soyardım hərgah mənim uşaqlarımdan birisi mənə belə cavab versəydi! Bayraməli bəy. Durun ayağa, hər ikiniz sürünün mənim evimdən, gözüm sizi görməsin! Rədd olun başımdan, gedin nə tövr dolanmaq istəyirsiniz dolanın! Vəssəlam... Hm, nəyə tərpənmirsiniz? Yoxsa istəyirsiz boynunuza bir beş-on da yapışdırım?! Şahmar bəy. Dadaş, sənə fəda olum, bir qədər səbr buyurun. Səfdərqulu, hələ demək, bu sənin atandır, çox yaxşı, bu evə girəndə ayağa durmağı lazım bilmirsən, çünki o bir dəqiqə necə ki özün deyirsən, bir yerdə durmur. Mən sənin ağsaqqal əminəm, görək mən gələndə ayağa niyə durmadın? Buyur görək. Əsgər (kənara). Ay özün öləsən! Mən də dedim görəsən nə deyəcək. Səfdərqulu. Durmadım-durmadım. Görək məni öldürməkmi gərək? Baş üstə, bundan sonra durram. Şahmar bəy. “Baş üstə, bundan sonra durram”. Bu bir cavab olmadı... Bəs indiyə kimi öz borcunu niyə mülahizə eləməmisən? Yox, əzizim, yaxşı danış, mənə qandır görüm indiyə kimi niyə durmurdun? Mən ildə bir dəfə bu evə gəlləm, onda da belə hörmət? Eyibdir sizə. Axır sən iyirmi beş yaşında oğlansan. Bayraməli bəy. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? “Deyirlər məsəldir məşhur törəyən itdən...” Xeyr, belə deyil. “Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu”. Şahmar bəy. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur. Əsgər (kənara). Çox əcəb oldu. Belədir ki, belədir. Bayraməli bəy. Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər, qoçağım, de görüm, nə tövrdür. Əsgər. Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm. Bayraməli bəy. Eybi yoxdur, de! Əsgər (mərdanə). O qarabağlı belə oxuyurdu: Var özgə vilayətdə də tək-tək köpək oğlu, Hədsizdi bu viranədə, bişək, köpək oğlu. Məşhur məsəldir ki, bitər ot öz kökü üstə, Səgdən törəyən axır olar səg, köpək oğlu. Bayraməli bəy (oğlanlarına). Əgər siz bu beş kəlmə sözü bir ayda öyrənə bilsəz, mən adımı alabaş qoyaram. Sizdə o şüur yoxdur, yox. Əsgər (kənara). Camaat, siz öləsiz, bu beş kəlmə sözü qarabağlı bəy bunun özünə üç ayda öyrədə bilmədi. Şahmar bəy. Mətləbdən uzaq düşdük... Mənim əzizlərim, sualıma cavab! Əsgər (kənara). Füzul oğlu füzul, bəsdir də! Səfdərqulu. Əgər şüur yoxdur, tərbiyə yoxdur, dəxi bizdən nə istəyirsiz? Allah xatirinə, dəxi bəsdir, bizi incitməyin, yazığıq, qoyun bu sabah ertə görək nə var. Şahmar bəy. Səfdərqulu, bildim sən nəkarəsən. Kifayətdir... Rəsul, qardaşım, sən niyə əmin evə girəndə ayağa durmadın, əzizim? Rəsul. Ağlıma gəlmədi, durmadım. Bayraməli bəy. Hələ belə işlər dursun kənara... Dərsə niyə getmirsən, bişüur oğlu bişüur? Mən axır hər bir saata iki manat pul verirəm... Rəsul. Pul vermirsən, o da dərs vermək istəmir, mən də getmirəm. Qurtardı getdi. Bayraməli bəy (kitabça çıxardıb). Mən pul vermirəm? Mən pul vermirəm? Yalan danışma, qotur oğlu qotur!.. Şahmar, bircə otur burada, bir dəqiqə buyur bir-bir deyim, sən sal. (Şahmar bəy çotgəyə salır.) Yanvarda vermişəm əlli manat, sal. Şahmar bəy. Bu əlli manat! Əsgər (kənara). Əvvəl-axır çotgə gələcəkdir ortaya... Öləsən elə, ay milyonçu! Bayraməli bəy. Mart ayında yetmiş səkkiz manat. Şahmar bəy. Yüz iyirmi səkkiz manat. Bayraməli bəy. Mayda yüz on bir manat pul və üç putdan on girvənkə kəm yağ, putu on iki manatdan, bu da elər, bu da elər... Əsgər, neçə elər? Əsgər. İki putu iyirmi dörd, o da doqquz, otuz üç manat elər. Şahmar bəy. Bərəkallah, Əsgər. Bu elər iki yüz yetmiş bir manat... Çox puldur, bunun altından çıxmaq olmaz. Əsgər (kənara). Onda boğazınıza çatı salın! Bayraməli bəy. Bu hesaba baxanda mənim on illiyim geri düşür, ay mürtədin balası. Canıma od düşür, ay qotur oğlu qotur!.. Ölürəm, ay zalım oğlu!.. Əsgər (kənara). Öl ha... öl ha! Şahmar bəy. Dadaş, ondan keçib. İndi nə eləmək gərək barı heç olmasa bunlar bitərbiyət olmasınlar, əmiləri içəri girəndə ayağa dursunlar? Bayraməli bəy (Səfdərqulunu ortalığa çəkib). Sən bundan tərbiyət gözləyirsən? Bir buna bax, sifətinə bax. Bığına bax, bığına... Səfdərqulu. Kişi, Allaha bax, əstəğfürullah! Bayraməli bəy. Əstəğfürullah deyəndə məni döyəcəksən? Çıx çölə, çıx! (İtələyir.) Gör necə murdardır a! Yaxın duranda it iyi verir, sürün! Səfdərqulu (gedə-gedə). Qorxma, o iy məndən gəlmir... Şahmar bəy. Tfu! Belə övlad olarmı? Allah qırsın sizi... Mən belə hərəkətlərə dözə bilmərəm. (Gedir.) Rəsul getmək istəyir. Bayraməli bəy (kağızı cibindən çıxardıb). Dayan oxu. Oxu, qotur oğlu qotur! Oxu! Əlli manat pul istəyir. Beş yol dərsə getməmisən, məlun oğlu məlun! Özü yazır ki, getməmisən... O mənə borc deyil deyir... Belə iş olar? Rəsul. Oxumuram, oxumuram, oxumuram... Məndən nə istəyirsən, öldürəcəksən? Qabiliyyət yoxdur. Oxumuram. Bayraməli bəy. Dərzi Arakelin oğlu bugün-sabah həkim gəlir, ay şüursuz oğlu şüursuz! Karapetin oğlu injenerdir, niyə ölmürsən? Niyə çatlamırsan, ay binamus oğlu binamus? Mən axır od tutub yanıram! Rəsul. Belə tək sənin acığına oxumayacağam, ölsən də oxumayacağam! Əsgər (kənara). İş yoğunladı, mən qaçım. (Qaçır.) Bayraməli bəy (Rəsulun qulağından tutur). Oxumayacaqsan? Oxumayacaqsan? (Qulağın bərk dartıb) Yaxşıdırmı, yaxşıdırmı? Rəsul. Əl çək, əl çək, əl çək deyirəm sənə... Əstəğfürullah! Bayraməli bəy. Dəxi mənim canımı boğazıma yığdın sən... Yaxşıdırmı?.. İti döyməzlər, ay itin balası!.. Rəsul. Əl çək demirəm sənə?! (Boğazından tutub yıxır taxtın üstə) Bu da yaxşıdırmı? Sən məni təngə gətirdin, bu da yaxşıdırmı?.. Əsgər (daxil olub). Odu aayy! Heylə, başına dönüm, heylə!.. Pərdə * * * Vay şələküm məələküm (Məhzəkə, 1 məclisdə) Əfradi-əhli-məclis Xanmirzə bəy – dövlətli cavan oğlan Almas – onun yoldaşları Balaqardaş – onun yoldaşları Karapet – yekəburun, xaşalqarın, şərabxanaçı Əliheydər – qoca kişi, Xanmirzə bəyin dayısı Xanəndə Mirzə Səttar Tarzən Poqos Əhvalat vaqe olur şərabxananın dal otağında. Xanmirzə bəy, Balaqardaş və Almas daxil olurlar otağa. Almas. Karapet, vu adə Karapet!(Çağırır.) Balaqardaş. Vu adə Karapet! Ölmüsən bəgəm? Xanmirzə bəy. Dərgah qapısı açıq olanda köpəgin yuxusu gələr, buna deyiblər a. Almas (qapı tərəfə gedib çağırır). Karapet, Karapet! Karapet. Seças. Almas. Sənin “seças”ına qurban olum, de gəl də! Verün də! Karapet (daxil olur). Mənim ağalarım, siz buraya xoş gəlibsiniz, səfa gətirmisiniz. Mənim bu mənzilim sizə qurbandı. Almas. Artıq danışmaq yeri deyil, Karapet (əlilə vurur qarnına.) Belə sənin dümbəginə qurban olum, acından qarnımız cur-cur eləyir. Tərpən görək, yeməgə-içməgə nəyin var? Karapet. Sizin canınız üçün bir elə basdırmam var ki, ölü yesə dirilər. Şərablarım var ki, heç Yer üzündə tapılmaz. Xanmirzə bəy. Kababdan irəli bir az çörək-pəndir, yanının həməsalahilə gətir, qoçaq. Balaqardaş. Dayanma, Karapet, canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəgimin ortası zoqquldayır. Karapet. Bu dəqiqə hamısı hazır olar. Xanmirzə bəy ki, buraya təşrif gətirib, görün bu gecə sizə nələr verəcəgəm, barmaqlarınızı yalayasınız... Almas. Ta uzun eləmə, canım, axır sənə qabaqcadan dedim ki, acından qarnımız cur-cur eləyir. Di get də (dalından itələyir), get, qoçum Karapet, get! Karapet. Gedirəm. (Gedir.) Qonaqlar hamısı səndəllərin üstünə yıxılmış. Balaqardaş. Xanmirzə bəy, sən öləsən, bir həftə bundan irəli, haman bu otaqda, birisi də yanımda, ölümünə vurmuşam! Nə qədər vurmuşam ta bilmirəm... O yetimin özünə də o qədər içirtdim ki, yazıq lap məst kimi qaldı, tərpənməyə taqəti olmadı. Yalvardıqcan ki, “Qadaşka, pajalska damoy”, demişəm izdoxnet, olmaz. Halətim özgə halətdi, Xanmirzə! Pəh, pəh, pəh. Xanmirzə bəy. Balam, sən həftədə bir yol o halətə düşürsən, amma mən yetim, mən bədbəxt neyləyim ki, həftədə beş yol o halətə düşürəm. Almas. Canım, dünya beş gündür, beşi də qara, axırda ölüm... Əlinə düşdü vur yerisin... Türklər misalıdır: Əbləh odur dünya üçün qəm yeyə, Tarı bilir kim qazana, kim yeyə. Balaqardaş. Xanmirzə bəy, kef çəkəsən İranda. Allah sənə də qismət eləsin, görəsən, zalım uşaqlarının kefi kef deyil, bir əlamətdi; məclis arəstə, saqi hərəkətdə, şərab. Pəh, pəh, pəh. Məhz bir cəvahir, şərabın məğzi piyalədə, ahu balası kimi saqilərin əlində, dəmbədəm mütrüblər ilə süzməkdə. Axşamdan sübhə kimi. Sən ölməyəsən, Almas, heç yerdə o saqini görməmişəm. Almas. Vodə. Vay, vay Karapet, yolunu gözləməkdən gözümün nuru getdi ki! Gəl də! Karapet. Seças, seças! Almas. Gəl, gözüm gəl, nazım gəl! Xanmirzə bəy. Balaqardaş, yaxşı bilirəm, görmüşəm İranın kefi necə olur. Dənizin qırağında tacirbaşı Məşədi Tarverdinin mənzilində olmuşam. Karapet (daxil olur, əlində padnos). Balaqardaş, zəhmət olmasa bu ustulu bir az ortaya çək hələ... Yaxşıdır, ömrün uzun olsun... Çox yaxşı. Balaqardaş. Vu adə, Karapet, sənin bir malay nökərin var idi, o necə oldu? Karapet. Heç soruşma, o yanımda olanda işlərim özgə cürə gedirdi. Xanmirzə bəy. Sən məssəbin, bu şərablardan bir az dad. Gör heç ömründə bir belə şey görmüsənmi? Almas (rumkanı götürür). Bu nədi vədə?! Bu heç adamın boğazını da yaşlamaz ki! Yetimdoyuranı gətir, axmaq. Karapet (mizin qutusundan dörd böyük rumka çıxarıb). Bu da sənin yetimdoyuranın, buyur. Almas (rumkaları doldurur). Götürün görək, ya Allah! Xanmirzə bəy, sağ ol. Karapet, hı, götür görək. Balaqardaş. Sağ ol qardaş! Karapet. Xanmirzə bəy, heç bildin bu nə araqdı? Buna hulu arağı deyirlər, belə arağı hər adama mən vermirəm. Din haqqı, bu sənin xatırın üçündür... Xanmirzə bəy. Doğrudan gözəl araqdı. Şorabalar da yaman deyil. (Yeyirlər.) Almas (zakuskadan sonra). Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu (rumkaları doldurur). Qovzuyun görək, ya Allah! Xanmirzə bəy. Hər kim kimi sevər, onun sağlığına... Mən içdim, sağ olun... Balaqardaş. Məstanə xumar gözlü yetimcə balamın sağlığına. (İçirlər.) Almas. Canım qurban, malım qurban, sağlığına! Karapet. Mən də bunu içirəm, Xanmirzə bəy, o yoğunca çopur var ha, onun sağlığına. Xanmirzə bəy. Vu adə. O hansı yoğuncadır? Karapet. O bir yanı da axsaq yoxdurmu, onu deyirəm. Xanmirzə bəy. Ha, ha, ha!.. Ha, ha, ha!.. Vu adə, Karapet, sən nə bic lotusan! Karapet. Ah, yola ki aparır, bəsdir də, artıq nə lazım?.. Almas (rumkaları doldurur). Balaqardaş, Karapet, qovzuyun Xanmirzə bəyin sağlığına. Eksterni... sənin sağlığına. Balaqardaş. Xanmirzə bəy! Eksterni sənin sağlığına. Karapet. Atam Xanmirzə bəy, canım Xanmirzə bəy! Eksterni sənin sağlığuva! Balaqardaş (zakuskadan sonra). Xanmirzə bəy, belə sənin qadon alım, dərdin alım, özün bilirsən də... Ürəgim nazikdi. Bağışla, qurban sənə. Xanmirzə bəy (oxuyur.) Ey dil, bu qədər yar kim, etdi cəfa sana, (dübarə) Hərgiz şikayət eyləmədin, mərhaba sana. Karapet. Açılma sabah, banlama xoruz! Balaqardaş. Arasın kəsmə, zarı, qurban sana, zarı! Öldür bizi, yıx atamın evini, yıx! Xanmirzə bəy. Qoy bir şərab gəlsin, deyəcəgəm. Çox deyəcəgəm. Karapet, gör kabab necə oldu? (Karapet gedir.) Balaqardaş. Doğru söz, qardaş, mən arağı şərabdan artıq sevirəm. Almas. Eləsə, vur gəlsin. (Bir də rumkaları doldurub götürür.) Xanmirzə bəy. Gəlir, Balaqardaş, qovza, ya Allah. (İçirlər.) Oxuyur – Bilməm nə etmisən bu üzü qarə könlümə, Yüz min cəfa görüb, genə eylər vəfa sana. Karapet (o biri otaqdan). Açılma sabah, banlama xoruz! Almas. Vu adə, Xanmirzə bəy, dəxi nə durmusan, bir yol öldür məni, qurtar getsin. Evin yıxılmasın, məndə can qalmadı ki! Canım qurban, malım qurban, vu adə, vallah sənin kimi oğlan yer üzündə tapılmaz. Balaqardaş (Alması tutur). Gərək öpəm, öpməsəm olmaz. (Öpür, oxuya-oxuya.) Xanmirzə bəy. Karapet, kabab! Gəl qoçum, tez ha, tez... Karapet (kababı, şərabı gətirir). Anan ölməsin, Karapet, bu nə kababdır? Bu kabab deyil ki! Bu marmaladdı, nə şakaladdı... Ə, Xanmirzə bəy, bircə tikə götür, heç gör özgə yerdə görmüsən belə kababı?.. (Kababdan yeyirlər.) Hamısı. Pəh, pəh, pəh, pəh! Bərəkallah, Karapet! Afərin, Karapet! Çox sağ ol, Karapet! Xanmirzə bəy (yeyəndən sonra, əlində şərab). Candildən eksterni Karapetin sağlığına, götürünüz. Almas (əlini Karapetin qarnına vurur). Bu dümbəginə qurban olum. Karapet. Yaxşımı, sağ ol, nazım. Sənin sağlığına, vur. Balaqardaş. Öpməsəm olmayacaq (öpur), oxay, can Karapet. Karapet. Allah sizi mənə çox görməsin. İçiniz, başınıza gönüm, nuş olsun (özü də içir). Of, gəl, kepim, gəl! Açılma sabah, banlama xoruz... Xanmirzə bəy. (oxuyur) – Müştaqdır könül səri-kuyin minasına, Ey, yüz min mənim miskin fəda sana. Karapet. Ura, ura... Açılma sabah, banlama xoruz... Almas. Xanmirzə bəy, qadon alım, göndər gəlsinlər (oxuyur) – Fayton gəlir qoşa-qoşa, Biri Saşa, biri Maşa. Xanmirzə bəy. Qoysana getsinlər cəhənnəmlərinə. Karapet, ayağa dur. Bu yaxında Samulun nömrələrində sazəndələr çalıb-oxuyurlar, get olara de ki, Xanmirzə bəy sizi çağırır, bu saat gəlsinlər. Almas. Zanyat-manyat bilmirəm ha, Karapet! Gəlməsələr lap cərimə çəkdirrəm. Görürsən bu nəştəri? (Xəncəri göstərir.) Karapet. Xanmirzə bəyin adı olan yerdə ağızları nədi gəlməsinlər. Bu saat gətirrəm, gələr. (Haləti məstanə olur.) Xanmirzə bəy. Vu adə, Almas, tök görək. Almas (şərabı tökür). Xanmirzə, dur görüm. Balaqardaş, tərpən görüm. Xanmirzə bəy. Dünyada qəribə axmaq adamlar var. Bu gün məni tutub güclən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb mütəəllimlərə pul yığacayıq. Mən kefimdən qalacağam, nə üçün? Kasıb uşaqlara ianə üçün... Ay özün öləsən.. Yeri ha, yeri. Almas. Biclik eləyirlər, bu canım ölsün ki, hamısı pul tələsidi. Balaqardaş. Bu kefin bir dəqiqəsini vermərəm yüz elə teatra. Qoysana getsinlər cəhənnəmə... Eşitdik də, götürün a...a... Bu sözlər bicadır. Xanmirzə bəy. (oxuyur.) – Olsam qulami hinduyi-xalın, deyil əcəb, Sən şahi-hüsn, cümleyi-aləm gəda sana. Almas. Xanmirzə bəy, ay marmalat Xanmirzə bəy, ay şakalad, canım qurban, malım qurban. Balaqardaş. Oğulları oğul, qənd-şəkər noğul, de noğul, vu adə, götür, bircə ağzından öpüm (öpür.), oxay! Xanmirzə bəy. Bu yaxında məni bir yerə çağırmışdılar, sən öləsən, lap o obrazovonlılardan mənə o qədər hörmət elədilər, o qədər hörmət elədilər, özüm də utandım. Gətirtmişdilər yaxşı, cürbəcür zakuskalar, içkilər, yaxşı gözəl xanımlar, hərəsi bir tərəfdən qolların salıblar boynuma, hər bir sözün başında misyo bəy, kakoy tı duşka, kakoy tı krasiva... Almas. Canım, bir kəlmə danış olardan. Zalım uşaqlarının naz-qəmzəsi adamın ağlını aparır. Balaqardaş. Əlalxüsus ki, bir az içəndən sonra gözlərin süzdürürlər. Pəh, pəh, pəh! Məstanə xumar gözlər. Ölürəm, ay ölürəm! Yanıram, ay yanıram, gəl ağrıvı alım! Xanmirzə bəy. Dərdimi artırdın, ver gəlsin görək qəza başımıza nə gətirəcək. İçirlər. Xanmirzə bəy oxuyur. Sən çəkmədin, məhəbbətü mehrü vəfadan əl, Hərçənd yar qıldı dəmadəm cəfa sana. Balaqardaş. Yox, qardaş, belə olmaz, canımı gərək sənə qurban edəm. Bu saat de görüm kimdir sənin düşmənin. Kimi istəyirsən ki Yer üzündən yox olsun, bu saat gedib onu iki parça eləyim? De görüm kimdir düşmən, boğazını qopardım! Almas. Vu adə, dəlisən-nəsən, kim cürət edib, Xanmirzə bəyin yel olub yanından ötə bilər? Hər kimdir, çıxsın meydana. Xanmirzə bəy. Nə qədər varımdır verəcəm kefə, axırda nə olacaq olsun, özümdən suvay da özümə düşmənim yoxdur. (Oxuyur.) Ömrümdə bir gün olmadı aram rahətim, Ol vaxtdan ki, oldu könül mübtəla sana. Balaqardaş. Can... can... can, başına dönüm! Karapet (çöldə). Açılma sabah, banlama xoruz! Almas və Balaqardaş. Ura, ura... bərəkallah, Karapet... Sağ ol, Karapet. (Karapet və xanəndələr daxil olurlar.) Karapet. Sən öləsən, Xanmirzə bəyin adını verən kimi qoçaqlar o saat qalxdılar, heç kim də dinə bilmədi. Mirzə Səttar. Bu nə sözdü, Xanmirzə bəyin adı gələn yerdə biz başımızdan keçməgə hazırıq. Tarzən Poqos. Hərgah yüz manat da zərərimiz olsaydı, genə Xanmirzə bəyin adı gələndə yerdə bizi zəncirlə də saxlamaq olmazdı. Xanmirzə bəy. Çox sağ olun, əyləşin görək. Karapet, kabab, çaxır gətir! Karapet. Seças, qurban sənə. (Gedir.) Xanmirzə bəy. Almas, yağla boğazların. Almas şərab təklif edir. Mirzə Səttar xahiş etmir, Poqos qəbul edir. Poqos (əlində şərab). Xanmirzə bəy, Allah səni və yoldaşlarını həmişə belə kefdə eləsin, sizin sağlığınıza. (İçir. Xanəndələr segah çalırlar.) Xanmirzə bəy, Almas, Balaqardaş (dalbadal). Ay sağ ol, dəstxoş, bərəkallah, afərin! Xanmirzə bəy. Dayan, birin də mən oxuyum. (Oxuyur) – Gər əndəlib səcdeyi-ruyin qılar müdam, Az qaldı eşqdən deyim, ey büt, xuda sana. Poqos. Maşallah, pəh, pəh, pəh, pəh, pəh, pəh... Xanəndə Mirzə Səttar. Xanmirzə bəydən sonra dəxi mən qələt elərəm ağzımı açmaram. Pəh, pəh! O guşələri gördün Poqos? Pəh, pəh, pəh! Afərin, Xanmirzə bəy, afərin! Xanmirzə bəy. Şikəstə, Mirzə Səttar, şikəstə. (Şikəstə çalınıb-oxunur.) Balaqardaş. Vu adə, canım çıxdı ki... Zarı qurban sana, zarı... Karapet, çaxır, kabab gətir. Mirzə Səttar bir-iki şikəstə oxuyandan sonra şələküm-məəlləküm çalır. Balaqardaş qalxır oynamağa, Xanmirzə bəy də, Almas da birdən yıxıla-yıxıla dururlar oynamağa. Xanmirzə bəy. Karapet, sən də gəl! Tez!.. Dördü də bir yerdə oynayırlar. Əliheydər daxil olur. Piyanlar Əliheydərin gəlməyini bilmirlər. Bir azdan sonra Əliheydər işarə edir xanəndələrə, sakit olurlar. Oynayanlar hərəsi bir tərəfə yıxılırlar, Karapet çıxır. Əliheydər. Əstəğfürullah rəbbi və ətubi ileyh! Pərvərdigara, bu nə işdir! Bu nə müsibətdir! Belə də bihəya, bidin işlər olarmı?! Xudaya, müsəlman balaları bu surətdə?! Kaş kor olaydım, kar olaydım, bu haləti gəlib görməyeydim... Xanmirzə, sübhdən səni axtarıb, indi səni nə halətdə tapıram? Sənin atan tamam ömründə bir dəqiqə namazını keçirməyib, oxuduğu Quran olub, gecə-gündüz əlləşib, dövlət qoyub gedib ondanmı ötrü ki, sən Allah yolundan, peyğəmbər əmrindən çıxıb, şeytana qulluq edəsən?! Xanmirzə bəy (istəyir qalxsın, bacarmır). Ö... öz malımdı... get... ki, yox...sa, Ağa Əliheydər indi... Əliheydər. Varmı Yer üzündə bir heyvan, hansı ki, bu halda sizdən murdar, bədbuy, bədru olsun? Peyin içində ağnayan donquz kimi murdar olubsunuz. Allahın qotur iti sizdən min kərrə təmizdir. Bacım oğluna baxınız... Tfu, tfu. Poqos. Ağa Əliheydər, nahaq yerə özünüzü bihörmət edərsiniz, qoyun qalsın sabaha. Əliheydər. Beş yetimin güzəranını görün hansı yolda puç edir bu məlun... Xəsərəddünya, tfu, sənin gözünün içinə! Mirzə Səttar. Ağa Əliheydər, məsləhət deyil, buyurunuz gedək. Əliheydər. Yoldaşlarına baxınız, atalarından bixəbər juliklər! Vallahi əlimi murdarlamaq istəmirəm, yoxsa başınıza ip salıb, it ölüsü kimi sizi buradan sürüyərəm. Almas (başını qalxızıb, dura bilmir). İxtiyarı yoxdur. Mirzə Səttar. Nahaq yerə özünüzü incitməyin, belə müsibətə düçar olan çoxdur. Ay rəhmətlik oğlu, kimdir içməyən?! Hamballar da, dəlləklər də içirlər, suçular da, daşçılar da. Şəhərdə yüzdən bəlkə otuzu içmir. Bilirəm ürəgin yanır, amma genə nə etməli? Qalsın sabaha. Əliheydər. Müsəlmanlığı bu hala salan, sənin görüm evin bərbad olsun, hər iki dünyada üzün qara olsun! Vay, şəriət əldən gedib; bizi zülmətə qərq edən şəriət. Bağrım çatlayır, nəfəsim darıxır. Səbəb, səni görüm olmayan bəlaya düçar olasan! Poqos və Mirzə Səttar. Doğru buyurursan, ancaq nə etməli? Buyurunuz gedək, (Gedirlər.) Karapet (daxil olub yatanlara baxır). Zalım uşaqları içəndə əti kəsilmiş kimi içirlər. Bunları bu hala salan o şələküm-məəlləküm oldu. Qarınları çaxır kimi çalxalandı, çaxır vurdu başlarına. (Ayağı ilə vurur.) Almas! Kişi getdi, dur gedək. (İstəyir qalxızsın, dura bilmir.) Ölüb aa! Balaqardaş! Balaqardaş! (Həmin qərar ilə) Uçub! Guruldayıb. Xanmirzə bəy, dayın getdi. Qalx görək, nə var. Cənab bəy də təşrif aparıb. Yox, bu yaxşı olmadı, iş çətinə düşdü. İndi mən necə eləyim? Gecə keçib. Bunları da burada tərpətməgə doqquz həmşəri gərək. (Bağırır.) Almas! Almas! Dur görək də!.. Almas. Yatıra... am... de... də... öl... dü... rü... m. Karapet. Ay özün öləsən, öldürdün ha! Balaqardaş! Balaqardaş! Xanmirzə bəy, Xanmirzə bəy... Xanmirzə bəy. Hm.., hm.., hm.., hm... Karapet. Çor, zəhrimar, hm... Əlac yoxdur, gərək yatıb qalsınlar burada. Canım, yatınız, gecəniz xeyrə qalsın. Sabah Allah qoysa, bir də verim cəmdəginizə. Hesabın da birdən çəkərəm. Yox, belə deyil... Gecə durub dükanı yarıb gedərlər. Yaxşısı budur ki, sürüyüm bunları çulana, ağzını bağlayım, sabahı açaram. (Sürüyür çulana, ağzına qıfıl vurur.) Bu kababları da, şərabları da aparım çopurum yesin, içsin bunların sağlığına, sonra da girsin mənim qoynuma. (Götürür aparır.) Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-pyesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.