Sonrakı peşmançılıq fayda verməz Nəcəf bəy Vəzirov (1854–1926) Sonrakı peşmançılıq fayda verməz (3 məclisdə) Əhli-məclis Səlman bəy – təzə evlənmiş dəftərxana mirzəsi Səlbnaz xanım – onun övrəti Səttar bəy – onun əmisi oğlu Fatma xanım – onun anası Şamama xanım – Səttar bəyin övrəti Çiçək xanım – onun qayınanası Kürd Ələkbər – Səlman bəyin nökəri * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki. Səlman bəy (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb. Səlbnaz xanım. Bu saat hazır olu, çaysız hara gedirsən?.. Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olu. Səlman bəy. Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. Gedib ət-zad alıb göndərənəcən saat olu doqquz. Mən getdim, sən rahat anamı da çağır, çayını iç. (Gedir.) Səlbnaz xanım. Ax, bu qulluq da heç bir zad deyilmiş; biçarəni lap cannan salıbdı, barı heç olmasa qoyalar günortadan sonra bir az dincələ, o da yoxdu. Vallah çay da adamın boğazından ötmür, yediyi-içdiyi haram olur. Fatma xanım (daxil olur, gözündə çeşmək əlində corab hörə-hörə oturur oğlunun yerində). O Səlman necə oldu? Səlbnaz xanım. Genə çay içməmiş getdi. Fatma xanım. Dədəmin dərdin içsin. Neyniyim içmədi, çox mənim vecimə idi! Səlbnaz xanım (kənara). Allah, sən özün xətadan saxla, genə pis başlayıb. Fatma xanım. Vallah, mən özüm bu saat bir haldayam ki, nəinki Səlmanı, qardaşlarımı da gözümün qabağında doğrasalar, əhvalıma təfavüt eləməz. Səlbnaz xanım (kənara). Genə bərk tutulub, Allah sən özün xətadan so... (Ələkbər daxil olur, əlində samavar, çaynik üstdə, samavarı qoyur Səlbnaz xanımın yanında.) Fatma xanım (Ələkbərə). O boynunu yerə soxduğum getdi? Ələkbər. Kimi buyurursan, xanım? Fatma xanım. O adı batmış oğlum. Ələkbər. Bəli, getdi. Fatma xanım. Getsin, neynək. Boynu ha yanının altında qalmayacaq, həlbət gələr. Mən bu gecə sabaha kimi can vermişəm, səsimi qonşular eşidibdi, buradanca bura bir gəlib deyən olmayıbdı ki, niyə ölürsən. (Ələkbər gedir.) Səlbnaz xanım (kənara). Bu canım ölsün ki, başdan-ayağa yalandı, görəsən ürəyinin qurdunu tərpədən nədi? Fatma xanım. Deyən gərək mən nəyə gərəyəm, niyə ölüb qurtarmıram, Allahın çox əziz bəndəsi olmuşam? Səlbnaz xanım (bir stəkan çay əlində). İsti-isti bu çayı iç, bəlkə tərliyəsən. Fatma xanım (çayı tullayıb). Apar özün boğmalan... Mən həmişə çay içənlərdən deyiləm. Səlbnaz xanım. İçmirsən, deyinən içmirəm, daha stəkanın taxsırı nədi sındırırsan? Fatma xanım. Sındırıram, belə bu əllərimin ortasından gəlir. Dədənin ha xarabasının qabın sındırmıram? Səlbnaz xanım. Beş gün deyil ki, onları oğlun alıb gətirib. Fatma xanım. Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib, sənin nə borcun? Səlbnaz xanım. Hər kim gətirib, gətirib. Evdəcə şeydi, axı niyə sınsın? Fatma xanım. Çox artıq danışarsan, duraram hamısını cilik-cilik elərəm. Səlbnaz xanım. Səndən hər nə desən çıxar. Qorxuram mənim özümü də döyəsən. Fatma xanım. Səni döyəndə sən Çingiz xanın nəvəsisən? Səni döymək olmaz? Anan sarımsaq, atan soğan, sən haradan oldun belə gülməşəkər, balam?! Səlbnaz xanım. Çox artıq danışma, sənin də atanı tanıyırlar, mənim də. Fatma xanım. Səndə taxsır yoxdu. Taxsır mənim o arvadağızdı oğlumdadı. Elə oğlun boyuna ip ölçüm... Mən öz əlimlə öz başıma daş salmışam, sənin ananı görə-görə, gedib səni alanda. Səlbnaz xanım. Sən alanda başımıza tac qoymusan? Sən almazdın, həlbət bir hambal tapılardı. Fatma xanım. Dünən bir, bu gün iki, dilinə bax dilinə... Niyə daş yağmır, Allah? Səlbnaz xanım. Sən bu gün aşkara dava axtarırsan. Qoy, Allahı sevirsən, bu bir stəkan çayı içək. Fatma xanım. İç, beşin iç, ağzınacan da qəndin doldur, qazananın canı çıxsın. İstəyənə də ver, qənd ver, çay ver, düyü də ver. Kimdi qabağına duran! Səlman bəyin vayın eləyim! Səlbnaz xanım. Elə bir ovuc düyüdən ötrü ki, dünən o yazıq arvada verdim, qarnına od dolubdu. Bilməmişdik gərək rüsxət istəyəydik, bağışlayasınız? Fatma xanım. Uy, uy, uy! Aman, aman! Dad, balam, sənin kiminin əlindən! Səlbnaz xanım. O bircə qardaşım ölsün ki, sən bir ovuc düyüdən ötrü bu davanı başlamısan. Azarlı sənin kimi dingildəməz. Peşman olmadım ki, bir nəlbəki düyü verdim, sən özün qoltuğuna basıb, atayın evinə aparanda mən sənə deyirəmmi ki, bu evi niyə dağıdırsan? Fatma xanım (əllərini qalxızıb yerdə oynayır). Yarıdıq yaza çıxdıq. Bəxtəvər başımıza, bundan sonra da gərək gəlinə baş açaq, əlimizi döşümüzə qoyub izn istiyək: gəlin, bir parça çörək alıb yeyimmi? Gəlin, ağlaşmaya gedimmi? Ay yiyi! Mən səni bu dildə, bu damaqda qoya bilmərəm, qoy bircə o kafir oğlu kafir gəlsin! Səlbnaz xanım. Gələndə çox qorxan vardı; birin deyər, ikisin deyərəm! Fatma xanım. Dur bu saat sürün buradan, cin sifətli, cinə oxşayanın qızı! Səlbnaz xanım. Odu, qapı açıqdı, özünüz buyura bilərsiniz. Mənim sahibim sən deyilsən. Əgər o desə, kəbinimi qoysun ovcuma, baş üstə, getmək çətin deyil. Fatma xanım. A qız, məni öz evimdən qovursan? A bihəyanın qızı! Ələkbər daxil olur. Ələkbər (Fatma xanıma). Xanım, günorta oldu, ət alıb gətirmişəm, nahara nə bişirim? Fatma xanım. Dədəmin dərdin! Sürün buradan, it südü əmmiş! Gözümə elə nahar görünürdü. Ələkbər. Sənin çox da gözünə görünmədi. Axı ağa gələcəkdi ac-susuz, ona nə deyim? Fatma xanım. Get boğma pişir, zəhər pişir, zəhərmar pişir, dərd, vərəm pişir, yaxşımı?.. Ələkbər. Heyif o oğlana ki, sənin oğlundu. Fatma xanım. Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! Ay səni öyrədənin üstünə ildırım düşsün! Ay səni öyrədənin ciyəri dağlansın! Mənə xoruz-beçə deyirsən! Ələkbər. Məni öyrədib eləyən yoxdu. Sən Səlbnaz xanıma eyham atırsan. Amma imanlı ol, məni öyrədib eləyən yoxdu, doğrusu budu ki, mən dahı burada dura bilmərəm. Fatma xanım. Səni gücnən saxlayıram a mürtəd oğlu! Get, məlun oğlu məlun, yoxsa bağrım çatdar. Səlbnaz xanım. Get balam, get... Görürsən nə canbaza çıxıbdı? Ələkbər. Getməyəndə canımı çöldən tapmamışam, hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. Ələkbər gedir. Fatma xanım. Yaxşı deyirsən, əllərinin içindən gəlir, bacardığını müzayiqə eləmə! Əgər mən də mən ollam, bu evi tar-mar edərəm... Görək, mənə də Fatma xanım deyərlər, uzağa da qoymayacağam, bu gün, ya sabah! Səlbnaz xanım. Belə dolanmaqdansa, elə tar-mar olmaq çox məsləhətdi. Fatma xanım. Bir ev varmı, a səni xeyir görməyəsən ki, siz övladdan ora girə, o tar-mar olmaya? A sizin ocağınızı Allah göyə sovursun! Səlbnaz xanım. Doğrusu budur ki, mən özüm də təngə gəlmişəm. Mən bu evə gələn heç beş ay deyil, yüz yol bu evdə qırğın olub. Bir gün olmaz ki, bu xarabada dava, canbazlıq olmasın. Fatma xanım. Xoşuna gəlmir, qadam?.. Xoşuna gəlmir, qadam? Bəs nə oturmusan? Bir oğlum var onu da əlimdən almaq istəyirsən? O sənin turş xəyalındı, quzu? Səlbnaz xanım. O sənin oğlun, o da sən. Allah vara əl-ayağını dürt gözünə. Fatma xanım. A mürtədin balası, mənə nə deyirsən? Dahı bəsdi. (Çeşməyini çıxardır.) Əlim-ayağım dəyməmiş, buradan elə get olmamış kimi. Səlbnaz xanım (çarşabını götürmüş). Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan... Eybi yoxdu, desən biiman öləsən. (Gedir.) Qapıda anası rast gəlir. Çiçək xanım daxil olur. Çiçək xanım (qızına). Nə var, nə var, hara belə tələsik? Səlbnaz xanım. Ana, sənin qardaşların qırılsın, ana, məni yanar oda saldığın yerdə. Məni nədən ötrü bu kaftarın qıynağına vermisən, canımı yığıb boğazıma... Az qalıb özümü boğam öldürəm! Fatma xanım. A qız, Çiçək, belə şeyin var idi, balam, özcə başına yaxeydin... Məni niyə cəhənnəm oduna salırdın? Səlbnaz xanım. Ana, o qardaşlarımın xəbəri üstümə gəlsin ki, bircə nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. Yalandan azarlayıb, bilmirsən nə qayırır. Fatma xanım. A qız! Sənin bu ləçər qızın mənim üstümə oğurluq yıxır. Mənə deyir ki, düyünü qoltuğuna basıb aparırsan atayın evinə. Buna nə deyirsən? Məni bu ağbirçək vaxtımda oğru eləyir. Bunu Allah götürər? Belə iş harada görünüb, a sənin evini Allah yıxsın! Səlbnaz xanım. Barı ağ birçəyindən utan, gözümün içinə yalan demə, böhtan atma, Allahdan qorx, bəndədən utan! Fatma xanım. Çiçək, görürsən?.. Doğru deyirsən, balam, Allah qardaşını saxlasın... Mən yalançıyam, mən böhtan deyənəm. Çiçək xanım. A Fatma xanım, siz ağbirçək, dünyagörmüş arvadsınız, bu uşağa niyə qoşulursunuz? Fatma xanım. O uşaqdı?.. O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə önnük! Çiçək xanım. Elə danışırsınız ki, xiyar əyri bitir də. Fatma xanım. Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız? Sizə bir toy tutaram, aləm tamaşaya çıxar. Çiçək xanım. Gözünü sil, dürüst bax. Səni də tanıyırlar, məni də. Mən sənnən yavaş danışıram, yoxsa ayağın yer alır? Fatma xanım. Ana-qız məni döyəcəksiz?.. Ana-qız məni evimdən qovacaqsınız?.. Yamanlıq elədim, sənin bu bihəya qızını xoşbəxt eləyib, xanım elədim? Səlbnaz xanım. Yaxşı xoşbəxt eləmisən, üzün ağ olsun, kömür qarası kimi. Fatma xanım. Ay heyvana oxşayan tülkü balası, ananı gördün xoruzdandın? Vallah, bu saat ikinizi də yox kimi elərəm. Çiçək xanım. O sənin xam xəyalındı. Hələ görüm oğlun nə deyir... Səni o qədər süründürüm ki, cızdağın çıxsın. Bəri gəl a qız, səni mən bir dəqiqə bu halda qoymaram, səni mən bir Fatma qayırım ki, dədənin adı yadından çıxsın. (Gedir.) Fatma xanım. Poho, heç dahı dinməyin, dəftərxana qurulub, bizə tənbeh kəsiləcək. Çiçək xanım (başını qapıdan içəri salır). Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! A səni görüm öləndə dilin lailahəilləllah tutmasın, a zəhər torbası! Fatma xanım. Sənə bir od vuracağam, a biçarə, hələ harasıdı, qiyamətəcən dadı damağından getməsin! Çiçək xanım. Cəhənnəm köpəyinə oxşayırsan, a biiman, heç bir güzgü alıb, mürdəşir yumuş üzüvə baxırsanmı? Sənin sifətini görən sill tapar, gərək kəffarə versin. Fatma xanım. Sürünüb getməzsən, a çarxı xoruz? İstəyirsən paya götürüm? Çiçək xanım. Sənə bilirsən nə deyirlər, a qız? Quyudan ilan qaçıran Fatma xala, tumanı cırıx, məclis gülüşü, öz-özündən xəbəri olmayan... Ala, kül başına! Səlbnaz xanım. Bəsdir, Allahı sevirsən, gəl gedək (Gedə-gedə.) Biiman, kaftar, murdar! Fatma xanım. Gedin qabağınız qaya olsun, dalınız qırğın! Məclis tamam olur. Pərdə * * * İkinci məclis Fatma xanım tək, evi süpürə-süpürə. Fatma xanım. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.) Səlman bəy. Bu gədə hara gedibdi bu vaxt? Fatma xanım. Bu gecə sabaha kimi mən titrəmişəm; ölüb, ölüb, ölümlərdən qayıtmışam və indi başımı tərpədə bilmirəm. Səlman bəy (qapıdan aşpazxanaya baxıb). Bu nə işdi, gədə evdə yox, Səlbnaz evdə yox, ocaq üstə qazan yox, od yox. Nə olubdu? Mən axı sabahdan çaysız getmişəm. Fatma xanım. Balam, gədəni arvadın qovdu... Elə gəlini görüm ki, qudursun, çiyinlərin yesin. Mən də ki, görürsən, ağzı üstə qalmışam, tərpənə bilmirəm. Səlman bəy. Axı nə səbəbə Səlbnaz gədəni qovdu? Gədə ilə Səlbnazın nə işi var? Nə alış-verişi var idi? Fatma xanım. Məni artıq danışdırma, görürsən ki, ölürəm, məndə o hal hanı ki, sənə cavab verim? Səlman bəy. Mən də axı bu evin hambalıyam... Saat dördün yarısıdı, yemək istəyirəm, barı heç olmasa deyin görüm Səlbnaz hansı cəhənnəmə getdi? Fatma xanım. Belə anası gəldi, tutdu qolundan, götürdü getdi... Az qalmışdı məni də burada döyələr. Yəqin gördülər ki, məndə o hal yoxdu, getdilər, Allah atalarına rəhmət eləsin. Səlman bəy. Genə başa düşə bilmədim, axı səbəb nə oldu? Fatma xanım. Səbəb nə olacaq? Qudurğanlıq. Onların görüm cəmdəklərinə qurd düşsün. Səlman bəy. Belə zülm heç bir millətdə görünməyib ki, siz mənə eləyirsiniz. Belə zülmü Allah da götürməz, bəndəyə də xoş gəlməz... Tutalım mən elə bir dilsiz, ağızsız heyvanam. Məgər heyvana adamın yazığı gəlməz?.. Nainsaflıq buracaq? Gecə-gündüz sizin qalmağalınıza dözürəm, fəhləlikdən əl çəkmirəm. Allah bir parça çörək veribdi, onu da qoymursunuz heç olmasa bircə gün vədəsində adam kimi yesin. Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız! Məgər arvad tayfasında ləfzi-insaf, mürvət olmaz? Fatma xanım. Bu sözləri mənə niyə deyirsən? Əgər sən yaxşı kişi olsaydın, işlər belə olmazdı. Səlman bəy. Əgər mən sən deyən kişilərdən olsaydım, iki kötək ona vurardım, biri də gərək... Nə eləyim, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Fatma xanım. Mən səndən elə onu istəyirəm ki, bir yumruq ona vuranda beşini mənə vur, mən incimərəm. Səlman bəy. Bəli, elə o qalıb ki, gündə piyabazlıq olsun. Ömür çox xoş keçər. Axı genə mən bilmədim nədən ötrü anası Səlbnazı apardı? Fatma xanım. Nə eləyim, anası gəlmişdi bura, yolu qara gəlmiş. Mən dedim ki, a qız, akuşkanın ağzından belə dur, gəlib-gedən var, mənim acığıma akuşkanı açıb oturdu üstə. Bunun üstə dalaşdılar, getdilər. Çiçək xanım və Səlbnaz xanım daxil olurlar. Səlman bəy (kənara). Bəli, bircə Çiçək xanım əksiydi. Çiçək xanım (Səlbnaz xanımın qolundan tutub). Bircə, qadam, buyur görüm, bu yetimin sahibi sənsən, yoxsa bunun yüz darğası var? Səlman bəy. Mənəm!.. Sonra? Çiçək xanım. Əgər bunun sahibi sənsən, bu evdən niyə qovurlar?.. Bu bədbəxtin qızı niyə bu günə düşübdü? Bir dərisi qalıb, bir sümüyü. Səlman bəy. Səlbnaz, belə dur, bircə mənə de görüm bu nə işdi? Səlbnaz xanım. Vallah, billah, qardaşlarım ölsün ki, heç zad. Sən gedəndən sonra Fatma xanıma çay verdim, stəkanı vurdu yerə, sındırdı; deyir mən bu gecə ölürdüm, mənə baxan olmadı. Fatma xanım. Gör, ləçərin yalanına bax, a qız, sən deyildin mənim atamı-anamı qəbirdən çıxardan? Səlbnaz xanım. Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. Səlman bəy. Gədəni kim qovdu? Səlbnaz xanım. Özü... Gədə gəldi ki, xanım, nahara nə qayırım? Dedi ki, zəhər, zəhirmar! Get də, kafir oğlu, yoxsa bağrım çatdar. Fatma xanım. A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilik-dilik olasan?! Çiçək xanım. Dilik-dilik özün olasan, tamam övlad əcdad-bə-əcdadın olsun! Bu yetim yazıq deyil! Fatma xanım. Səlman, eşidirsənmi, a binamus? Mənim axır qazancım budurmu? Səlman bəy. Arvadın dilini Allah da bilməz, genə işlərin başı sənsən. Fatma xanım. Mənmi, mənmi? Odu ki, yıxmısan mənim də evimi, öz evini də a biçarə! Bircə bu Çiçək xanımdan soruş görək, mənim təqsirim nə idi ki, basdılar məni döydülər, sənin ananı? Səni mən doğmuşam, a südüm gözünə dursun! Çiçək xanım. Səni, balam, Əzrayıl döysün. Fatma xala, səni döymək olu? Səlman bəy. Sənin özün də heç Fatma xaladan geri qalmazsan, qorxma. Çiçək xanım. İndi, qadam, Allah sizdən razı olsun. Çünki belədi, bizi rədd elə gedək. Fatma xanım. Siz gedəndə dağlar qara geyəcək? Oy, amandı, getməyin, yoxsa dünya bərbad olu... Səlbnaz xanım. Mən daş daşımağa razıyam, sən ilə bir dəqiqə oturmağa razı deyiləm. Fatma xanım. Sizin xahişiniz mənim əlimdən oğlumu almaqdı, o sizin xam xəyalınızdı. Çiçək xanım. Bu sənin oğlun, o da sən! Allah vara əl-ayağını dürt gözünə. Fatma xanım. Səlman, eşidirsənmi?.. Allah, mənim Səlman adlı oğlum ölsün, oğulsuz qalım!.. Səlbnaz xanım. Mən səndən bircə belə də narazı deyiləm, Allah səndən razı olsun. Məni çevir öz başına, itiyin başına, ya məni rədd elə gedim, ya da ki, mən bu tövr dolana bilmərəm... Dava bir gün olu, iki gün olu, beş gün olu, ayların qırğınına dözmək olmaz; daha mən az qalıbdı sill azarına düşüm. Səlman bəy. Sənin dərdin bir isə, balam, mənim dərdimin hesabı yoxdu; nə eləyim, qalmışam naçar. Fatma xanım. Görünür ki, mənəm sizin bədbəxtliyinizə səbəb. Neynək, mən gedərəm, sən ol, Səlbnaz xanım olsun. Çiçək xanım ələlxüsus... Burada mırt vurun! (Oynayır.) Oğluma bax, oğluma! Allah, yarıdıq yaza çıxdıq. Sənin kimi oğlun əvəzində bir kor qız çox yaxşıdı! Səlman bəy. Bayaqdan başını tərpədə bilmirdin, indi ləzgihəngi vurursan! Mən də gərək ac-susuz bu hədyana qulaq asam. Fatma xanım. Sən kişi deyilsən, belə sənə bu da azdı. Başına hamam fitəsi sənin kimi kişinin! Çiçək xanım. A qız, dediyin nədi, balam? Hələ bizə bu azdı, istəyirsən ki, burada döyülək, gedək? Gör biiman nə danışır, a başınıza dönüm! Fatma xanım. Biiman sənsən, atandı, anandı, cəddi babandı! Cürətinə bax, cürətinə! (Səlmana.) Sənin kimi oğulun paltarın töküm, üstə şaxseyin təpim, şamını, şaxını qara boyuyum. Səlbnaz xanım. Bu ölsün, sən qal qurdnan qiyamətə. Sənsiz ölkə dolanmaz. Gör dilinə nə tövr gəlir kaftarın. Fatma xanım (qalxır ayağa). Dəxi bəsdi!.. Səlman, bu saat bıçağı soxaram ürəyimin başına, özümü öldürrəm! Mən Fatma olam, axırı mənim başıma sən bu müsibəti gətirəsən? Sərikin burdan, sərikin burdan, mirqdanın balaları!.. Bu saat hirsimdən para-para ollam, dağıllam! Səlbnaz xanım. Ana, sənə qurban olum, gedək, gedək. Yoxsa bu saat it kimi qudurar. Səlman bəy. Bu ev cin-şəyatin ocağıdı, baş götürüb gedən canı qurtarı. (Tez çıxır.) Fatma xanım (süpürgəni götürüb). Sizə demirəm gedin? Sizə demirəm gedin, a ev dağıdanlar? (Süpürgə ilə vurur, gedirlər.) Pərdə * * * Üçüncü məclis Səlman bəy (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.) Şamama xanım (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.) Səlman bəy. Nə qayırırsan? Nə qayırırsan? Ağlama, ayağa dur, görüm nə var? Şamama durur. Səttar bəy. Əmi oğlu, bağışla, gəlmişik sənə zəhmət verməyə, adamımız yoxdu dərdi ona açaq... İkimiz də səndən təvəqqe edirik bizim tərəfimizdən vəkil olub, bunun kəbinin geri oxudasan, çünki dolana bilmirik. Şamama xanım. Bizi rədd elə, ayaqlarına qurban olum. Elə bil ki, bir əsir qul azad elədin. Səlman bəy (kənara). Həmdərdlərim tapılıb. Səttar bəy. Bu gün bazar günüdür, bilirəm asudəsən. Elə olsun ki, bu gün tamam olsun. Səlman bəy. Balam, sizə nə olubdu, dəli olmamısınız ki? Camaat nə deyər? Əstəğfürullah eləyin, gedin işinizin dalıncan, bəs o biçarə tifillər necə olacaqlar? Şamama xanım. Mən bunun evində oldum-olmadım, tifillərdən ötrü hamısı birdi. Çünki, qardaş, qoymurlar bir gün rahat evimizdə oturaq. Səlman bəy. Sizin ki, qayınananız yoxdu, kimdi sizi incidən? Şamama xanım. Belə bu bəyin bacıları! Gündə biri gəlir, ana, bizim qardaşımızı lüt qoydun, ana, bu evi niyə dağıdırsan?.. Ləçər, ona-buna yedirdiyin bir deyil, iki deyil. Başına dönüm, hansına cavab verim? Mənim sahibim də onlara dinə bilmir. Səttar bəy. Qardaş, doğrusu budu ki, bir onlar deyəndə, beşini bu deyir... Ondan sonra peşman oluram. Evə gəlirəm, tutur mənim yaxamdan, ata qalmır, ana qalmır, yalvarırsan səsin kəsmir, döyürsən dəxi hədyan eləyir. Bacılarım bihəyadı, şək yox... Bu onlardan bir az artıq. Qardaş, doğrusu ki, təngə gəlmişəm. Deyəsən ki, bir gün, bir saat, ya bir dəqiqə məndə rahatlıq var, əstəğfürullah! Şamama xanım. Onların hərəsinin öz evi var, getsinlər öz evlərində darğalıq eləsinlər, dəxi məndən nə istəyirlər? Səttar bəy. Buna məsləhət görürlər ki, bacım, ağ günün qara günü də var... Olub qalanını dağıtma... Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir. Şamama xanım. Satanda sənin malını satmıram. Öz atamın evindən gətirdiyim şeydi, nə billəm, elə elərəm. Səlman bəy. Xeyr, bu işlər nahaqdır, sənin oldu, bunun oldu, hamısı birdir, höcətlik bir zad deyil. Şamama xanım. Doğrusu budur ki, bunun bacıları mənə iynə batıranda, mən buna şiş batıracağam. Kefinə baxsın. Onlar o qədər pis-pis sözlər mənim haqqımda deyiblər ki, mən ölənəcən onlarnan varam. Səttar bəy. Bunlar hamısı nahaq danışıqdı. Dahı danışıqdan keçibdi. Mənim ki, atama, anama gündə min kərə üzümə qarşı söyəcək, mən doğrusu buna dəxi dözə bilmirəm. Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir yerdə dilinə yiyəlik eləmir. Səlman bəy. Bizim evin əhvalatın sən haradan bilirsən? Səttar bəy. Heç, rəhmətliyin oğlu, tamam bazar danışır. Fatma xanım, deyib, ağlaşmada öz gününə ağlayıb. Sən nə danışırsan? Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saç-birçək dalaşıblar, camaat yığılıb gücnən ayırıblar. Səlman bəy. Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə həmdərdlilər cəmləşib. Şamama xanım. Səlman bəy, atam, anam sənə qurban! Gün günorta oldu, əgər zəhməti qəbul eləyirsən, durmaq yeri deyil. Səlman bəy (Səttar bəyi kənara çəkir). Ölmək ölməkdi, xırıldamaq dahı nə lazım?.. Əkilək. Səttar bəy. Sən öl, bu saat hazıram. Səlman bəy. Ya Əli, məded – deyib dabanımıza tüpürək, hər nə ola, ola. Səttar bəy. Hara? Səlman bəy. Tanrı böyük, altı gen. Səttar bəy. Əl ver. Səlman bəy. Buyur. Şamama xanım. Əgər siz istəmirsiz, mən bu saat özüm gedim qazıxanaya. Səlman bəy. Bu saat gedirik sizin işinizi tamam etməyə, arxayın olun. (O biri otaqdan bir yapıncı çıxardıb bürünüb tələsik çıxırlar.) Səttar bəy (qapını daldan bağlayıb). Şamama xanım, gözün aydın olsun, gedirik, axtarsanız bizi taparsınız Sibirdə, Sibirdə Sibirdə... (Şamama xanım yüyürüb istəyir qapını açsın, aça bilməyir.) Şamama xanım. Səttar, Səttar, bircə geri qayıt! Səttar, aman günüdür, Səttar!.. Səttar, getmə. Səttar, balalarını kimə tapşırıb gedirsən? Səttar, qurbanın olum, getmə, qələt eləmişəm... (Geri qayıdır.) – Allah, bu nə işdi mən düşdüm, öz əlimdən öz evimi tar-mar elədim. Mən o iki tifilləri nə tövr saxlayacağam? (Ağlayıb yıxılır.) Fatma xanım daxil olur. Fatma xanım (baxıb). Şamama, niyə belə eyləyirsən?.. Şamama! Şamama! (Tez su gətirir.) Şamama xanım (ayılıb). Getdilər, getdilər. Fatma xanım. Bircə özünü düzəlt, ala su iç... Genə... genə Şamama xanım. Getdilər, getdilər. Fatma xanım. Kim, getdilər? Şamama xanım. Getdilər, getdilər. Aman Allah, getdilər, su, su, su! (Fatma xanım su verir.) Fatma xanım. Yasar olma, özünü düzəlt! Şamama xanım. Səlman, Səttar... Fatma xanım. Səlman, Səttar getdilər? (Şamama işarə ilə deyir “bəli”.) Fatma xanım. A qız, məni qorxutma, bircə ağıllı de görüm nə oldu? Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə. Fatma xanım. Ha vaxt getdilər, başına dönüm? Şamama xanım. Elə bu saat. Fatma xanım. Vay, evim yıxıldı. (Yıxılır.) Çiçək xanım və Səlbnaz xanım daxil olurlar. Çiçək xanım. Bu nədi, Şamama xanım, niyə ağlayırsan? Şamama xanım. Evim yıxılıb, başına dönüm, evim tar-mar olub, qurbanın olum! Çiçək xanım. Nə olubdu, bircə özünü toxtat, de görüm nə olub? Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə... Səlbnaz xanım oturur, əlləri ilə üzünü örtür. Çiçək xanım. A Fatma xanım, dincəldinmi? Nasın, pasın yatdımı? Fatma xanım. Sənin qızın bu evə gələn günə daş düşəydi! Səlbnaz xanım. Ana, durmaq yeri deyil, qaçaq divan qapısına. Şamama, Çiçək xanım və Səlbnaz tez çıxırlar. Çiçək xanım. Gəlin, yazıq balalarım. Fatma xanım. Yüyürün, başınıza dönüm, yüyürün, ayaqlarınıza qurban olum... Vay, vay, oğulsuz qalan canım vay... Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-sonraki-pesmanciliq-fayda-vermez İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.