Təzə əsrin ibtidası Nəcəf bəy Vəzirov (1854–1926) Təzə əsrin ibtidası (Qəziyyə, 4 pərdədə) Əfradi-əhli-məclis Hacı Osman – qırx yaşında mülkədar, əkinçi Gülpəri – onun arvadı, otuz beş yaşında Tamaşa – qulluqçu, on dörd yaşında Cavad bəy – qırx yaşında Səlim bəy – otuz beş yaşında Məcid, Qurban, Rəcəb – əkinçilər Vəli – qoca kişi * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib... Gülpəri qolları çirməkli daxil olur. Hacı Osman. Yaxın gəl görüm, ay arvad! Evimin sütunu, evimin direyi, gəl yanımda əyləş görüm, kefin necədir? Dinim, imanım arvad! Cah-calalım arvad! Gülpəri. Bəri bax görüm, ay kişi! Bu gün sənə nə olubdur? Nə danışırsan? Çoxdanmı görüşməmişik? Ta nə deyim sənə? Hacı Osman. Acığın tutmasın, arvad! Evimin bərəkəti... evimin şamı-çirağı. Gülpəri. Qoca kişisən, otur yerində, Allah xatirinə! Kefin gəlməsin bircə! Hacı Osman. Yer üzündə bərabərin yoxdur, ay arvad! Heç bilmirsən sən necə arvadsan, Mikayılın anası, “qədri-zər zərgar şünasəd”. Malım, dövlətim... Gülpəri. Ta bəsdir! Uzun eləmə! Gör nə deyirəm... Hacı Osman. De görüm nə istəyirsən, malım, dövlətim arvad! Gülpəri. Çoban Vəli kişi gəlib səni görmək istəyir, elə bilir ki, yatmısan. Bir-iki pud yağ gətirib, üç də motal... Yağı qoymuşam əriməyə, motalları da duzlayıb qoydum anbara. Hacı Osman. Çox yaxşı, çox gözəl... Vəli kişi gəlsin görüm, işlərimiz nə haldadır. Gülpəri gedir, Vəli başında motal papaq, əlində çomaq, çiynində yapıncı daxil olur. Vəli. Salam əleyküm. Hacı Osman. Əleykəssalam, yaxın gəl görüm, a kişi, necə varsan? Kefin necədir? Uşaqların necədir? Əyləş, söylə görüm, yaylağa nə təhər getdin, nə təhər gəldin? Vəli (əyləşib). Nə təhər gedəcəkdim?.. Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... Yağışlıq oldu, yerdə toz da olmadı. Rahatca yetişdik yaylağa. Ancaq bir neçə qoyun axsadı, onları da yüklədim eşşəklərə, apardım getdim... Cavad bəy (qıraqdan). Hacı, gəlmək olar? Hacı Osman (Cavad bəyin qabağına çıxıb). Buyurunuz, qadan alım, buyurunuz! Vəli kişi də gəlibdir, onunla da görüşərsən... Cavad bəy (daxil olub). Ya Allah, Vəli kişi! Kefin, damağın! Necəsən, a kişi? Çoxdandır səni görmürəm... Uşaqların necədir? Salamətdirlərmi? Vəli. Çox sağ ol, dərdin alım, Cavad bəy! Çox sağ ol! Şəfaətin artıq olsun. Hacı Osman. Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? Cavad bəy. Vəli kişinin qoçaq olmasına söz yoxdur... Ancaq bunu belə eşitmişəm ki, guya Məhəmməd kişinin qızı bəzi ovqat onu əzməçələyir... Vəli. Kimi? Məni? Ağzı nədir!.. O günləri qoyunları sağmağa bir az gec çıxmışdı ki, başın üçün, Cavad bəy, yanbızına dəyənəyi belə yapışdırdım ki, küçük kimi zingildədi. Cavad bəy. A kişi, dəlisən nəsən? Məgər bilmirsən ki, işlər dəyişib, indi arvada güldən ağır söz demək olmaz?.. Yaxşı ki, bu sözü yanımızda dedin, yoxsa, vallah, axırını edərdilər. Vəli. Nə deyirsən a başına dönüm, Cavad bəy? Arvad mənim deyil? Döyərəm də, söyərəm də könlünü alıb barışaram da, kimə nə borc? Kimin nə ixtiyarı var mənnən arvadımın arasına girsin. Cavad bəy. Olmaz, Vəli kişi, olmaz! İndiki hökumət elə deyil, xatalıdır, özünü işə salarsan, sərhesab ol! Vəli. Nə xatası olacaq, a başına dönüm?.. Deyirəm: arvad mənimdir, döymüşəm, qurtardı getdi, ta məni asmayacaqlar ki! Hacı Osman. Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? Vəli. A başına dönüm, nə çoxdur yağ, süd, qatıq, ayran yesinlər dama dönsünlər. Ta artıq onlara nə lazımdır? Ayda bir dəfə də keçidən, qoyundan kəsib yesinlər, dövlətindən köpəklərin də, çobanların da kefləri kökdür, nə qədər desən kökdür. Hacı Osman. Bəri bax, Vəli, Qaraqoyunludan gələn köpəklər necə şeylərdir? Vəli. Başın üçün, hacı, o Qaraqoyunludan gələn köpəklər özgə şeylərdir; belə köpəklər heç yerdə görünməyib. Qanıq, Pələş, Əlləş, Buzdar, Çənbər, Qarabaş, Alabaş... ta nə ərz eləyim?.. Hamısına can qurban eləməlidir. O günləri gecə gördüm köpəklər ulaşırlar. Fit verdim getdilər; yaxınlaşıb nə gördüm?.. Qanıq minib canavarın belinə, qarpıb boynunun dalından. Pələş! Əlləş! Qurban sizə, qoymayınız!.. Canavarı parçaladılar... Qanıq! Belə sənin tellərini sevim, deyib basdım bağrıma. O saat bir keçini sığırlayıb, kəsib parçaladım, atdım köpəklərin qabağına... Onun balaları olanda, öz balalarım təki saxlayacağam.. Gecələr yatmaq bilmir ki... Heyvan sübhə kimi dolanır sürülərin başına. Qalan köpəkləri də qoymur yatmağa... Bəs belə iti mən necə qucaqlamayım, bağrıma basmayım?.. Hacı Osman. Vəli, yataqlarımız nə haldadır? Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki? Vəli. Milin düzündə qoyun korluq çəkər? Allah abad eləsin, ucu yox, bucağı yox, çək sürünü hara kefin istəyir... Özün də yanını ver yerə, al tütəyi əlinə, vəssalam... Qoyunlar xımırt-xımırt yesinlər, sən də ləzzət apar... Ta nə istəyirsən? Cavad bəy. Yerinə olaydım, ay Vəli, dünyanın qeylü-qalından, dərd və qəmindən bixəbər qardaş. Təmiz havada, Məhəmməd kişinin qızı yanında... Yağ, pendir, qaymaq, süd, qatıq, ayran nə qədər kefindir ye, iç, dünyayi-aləmi alma vecinə... pəh, pəh, pəh, nə gözəl ömürdür, a kişi! Vəli. Doğru deyirsən, a Cavad bəy, belədir ki, belədir. Vallah, belədir. Canın üçün belədir. Cavad bəy. Bəri bax görüm... Neçə yaşın ola bilər?.. Mən ölüm, doğrusunu de. Vəli. Bilmirəm, başına dönüm... Ancaq onu bilirəm ki, bu arvadım doqquzuncudur... Kimisini boşamışam, kimisi ölübdür. Nə bilim, a başına dönüm, neçə yaşım var?.. Sən özgə söhbət başlamısan, Cavad bəy, mənim də yolum uzaqdır... Mən gedirəm... Səlamət qal, hacı. Sən də səlamət qal, a Cavad bəy. Hacı Osman. Xoş gəldin. (Vəli gedir.) Ruzigarın necə keçir, dərdin alım, a Cavad bəy? Çoxdandı səni görmürəm... Dəyirmanını verdin əkinçilərə, yerlərini həmçinin, onda pəs necə dolanırsan? Cavad bəy. Ruzigarım bir növ babat keçir, hacı, bir tək bağnan dolanıram. Mikayıl nə işə məşğuldur? Eşitmişəm Firəngistana getmək istəyir, doğrudurmu? Hacı Osman. Bəli, fikrində var. Ancaq bərk ilişib Hüseynəli xanın qızına. Qızın da məhəbbəti var, amma nə eləyəsən ki, xanın yanında bizim adımızı çəkmək olmur. O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. Onun sözündən mən motal papaqdan, çarıqdan əl çəkəcəyəm... Bundan sonra mən bir cır-cır çəkmə geyə bilmərəm ki. Cavad bəy. Onda sarsaqlayıb xan. Dəvədən yıxılıb höt-hötündən əl çəkmir... Tamam mülklərini əlindən alıblar, tək bircə adı qalıb: Hüseynəli xan, ta nöşün naz-qəmzə eləyir, mən bilmirəm. o qanmır ki, iş təzə başlanıb, bir azdan sonra adı da yaddan çıxacaq. Hacı Osman. O deyir ki, gec-tez mülklərin hamısını qaytaracaqlar. Heç qaytarmasınlar, xanlığımı ki, məndən ala bilməzlər. Basdırığım sağ olsun... Cavad bəy. Xanın başı üçün, bir də o mülkləri görməyəcək. Heç adı da qalmayacaqdır. Başı üçün çox o yan-bu yan eləsə, basdırığı da əlindən gedər. Hacı Osman. Bilirsən, Cavad bəy, xanzadələr bir azğın tayfadır ki, ağızları lazımınca örtülmür. Mikayıl da bir tək oğlan, qalmışam məəttəl. Cavad bəy. Hürməklərinə baxma, əllərindən iş gələn deyillər... Burada xan bircə onu deyə bilər ki, Mikayıl mənim rəiyyətlərimi yoldan çıxarıb, mülk-əmlakımı əlimdən alıbdır, o mənə düşməndir, mən ona qız vermərəm... Amma onu qanmır ki, Mikayılda taxsır yoxdur, zəmanə belə gətirib... Bu barədə o məni müqəssir eləyir... Hacı Osman. Axır ki, çətin işə düşmüşəm... Bilmirəm nə çarə qılım? Cavad bəy. Mən gedərəm bir neçə mötəbər adamlar ilə bərabər cənab xanın qulluği-şərifinə, görək xanın cavabı nə olacaq? Hacı Osman. Nə vaxt buyursan, mən də gedərəm... Cavad bəy. Çox yaxşı, Novruz bayramına yaxın, mən sənə xəbər verərəm, gedərik... Balaca işim var, mən gedim. Hacı Osman. Hara gedirsən? Əyləş, əyləş, dərdin alım... (Çağırır.) Tamaşa, ay qız, bir bəri gəl... Tamaşa gəlir. Hacı Osman. Ay qız, Cavad bəyi görmürsən? Nə üçün xoş gəldin eləmirsən? Tamaşa. Cavad bəyə mənim canım qurban, xoş gəlibdir... Cavad bəy. Hacı, gəlsənə mənimlə Şamamanın arasına girməyəsən... Tamaşa. Cavad bəy, nöşün yadından çıxır, başına dönüm? Mənim adım Ta....ma...şa...dır. Şamama deyil, bildin? Cavad bəy. Neyləyim, ay qız, ay Şabaş, qocalmışam, yadımdan çıxır. Tamaşa. Bax, Cavad bəy, başına dönüm, hər dəfə sən bizə gələndə mən sənə deyirəm: mənim adım Şabaş deyil, Şamama deyil. Mənim adam Tamaşadır... Saxla yadında, neçə dəfə demişəm sənə! Cavad bəy. Çox yaxşı... Tamaşa... Tamaşa... Ta yadımdan çıxmayacaq, arxayın ol... Tamaşa... Tamaşa... Hacı Osman. Qızım, nahara nə bişirirsiz? Tamaşa. Qovurma xəngəl, yanında qatıq sarımsaq. Hacı Osman. Çox yaxşı, hamı yığılanda gəlib deyərsən. Tamaşa. Baş üstə. (Gedir.) Cavad bəy. Hacı, öz aramızdır, qəribə şeydir bu qız. Pəh, pəh, pəh! Hacı Osman. Bu qızı Mikayılın anası beş manat verib qaraçılardan satın alıb, dörd yaşından qızlığa götürüb... Mənə ata deyir, Mikayıla qardaş, Gülpəriyə məmə... İndi on beş yaşındadır, gözəl qızdır. Qıraqda səslər: mən razıyam, biz özümüz də razıyıq, Hacı imanlı kişidir, təmiz adamdır, haqqı qoyub nahaq danışmaz, çox yaxşı, buyurunuz gedək. Səlim bəy, Məcid, Qurban, Rəcəb daxil olurlar. Cəmi. Salam əleküm! Hacı Osman. Əleykəssalam... Gəliniz... Əyləşiniz... Xoş gəlmisiniz. (Əyləşirlər.) Məcid. Çox yaxşı oldu ki, Cavad bəy də burada tapıldı. Hər ikinizdən təvəqqe eləyirik münsif olub, iki işimiz var, onu həll edəsiniz: biri budur ki, Səlim bəy Rəcəbdən əlli pud pambıq tələb eləyir, əlavə hamımızdan köhnədən qalmış bəhrə. Hacı Osman. Rəcəb, qardaşım, Səlim bəy səndən əlli pud pambıq iddia eləyir, cavabın nədir? Rəcəb. Hacı, mən bir kasa qaymaq, iki də zorba kök toyuq əlimdə, getdim Səlim bəyin qulluğuna, yalvardım ki, bəy, sizdən təvəqqe eləyirəm, izin verəsiniz bir parça yerinizdə pambıq əkim. Bəy razı oldu. Mən də pambıq əkdim, bir əlli pud pambığım oldu. Hacı Osman. Siz nə buyurursunuz, qadan alım, Səlim bəy? Səlim bəy. Hacı, özünüzə məlumdur ki, mənim bu kənddə altı yüz çuvallıq yerim vardı. İnqilaba görə o yeri mənim əlimdən aldılar, mənə qalan bir həyətim oldu. Həmin həyətdə Rəcəb pambıq əkdi, beş yüz puddan artıq pambığı oldu. O pambıqdan mən əllicə pud istəyirəm. Cavad bəy. Əmi oğlu, de görüm bir kasa qaymaq, iki toyuq sənə çatıb ya yox? Səlim bəy. Bəli, çatıb nə olsun? Cavad bəy. O olsun ki, sovqatı qəbul edib, o yeri bir illiyə verməlisən Rəcəbə, bitəmənna, vəssalam, ta bu nə pambıq davasıdır? Məcid. İmanım haqqı, Səlim bəy qaymağı çömçələyəndə, toyuqplovu aşıranda heç ağlına da gəlmirdi ki, hələ pambıq da alacaq... Qurban. Bu ilki çəyirtkə tökülüb pambığı yesəydi, yəqin ki, Səlim bəy Rəcəbin yanına gedib heç başsağlığı da verməzdi. (Gülüş.) İndi gəlibdir ki, mən də varam. Səlim bəy. Canım, su mənim, yer mənim, burada bir danışıq ola bilməz ki... Məcid. Bəy, biz müsəlmanıq, şərən cəmi torpaqlar, sular təəllüqdür xudavəndi-aləmə, suya və torpağa sahib ola bilər o kəslər ki, torpaqda zəhmət çəkib, özləri üçün ruzi qazanalar. Müftəxorluq şəriətimizdə yoxdur, bəy, necə ki indiyədək bəylərimiz olub müftəxor, hazırın naziri... Əlavə, təzə qaydaya görə ixtiyar biz əkinçilərə yetişib. Hacı Osman. Rəcəb, bəri bax, qardaşım, deyirəm bəlkə halallıq üçün o pambıqdan az-çox Səlim bəyə verəsən, olarmı? Rəcəb. Bəyin haqqını qabaqcadan vermişəm, qurtarıb gedib... Artıq ta nəyə verim ona? Qurban. Bəy aşkar deyir ki, kasıb düşmüşəm, acam, mənə kömək eləyiniz, vəssalam. Səlim bəy (acıqlı). Qurban, sarsaqlama. Qardaş, mən acımdan ölsəm də, sənin kimi gədəyə ağız açmaram. Ağıllı danış, gör o sözü kimə deyirsən... Cavad bəy. Qurban, elə sözlər lazım deyil, eşidirsənmi? Heç lazım deyil. Səlim bəy. Danışıq kifayətdir... Mənə pambıq da lazım deyil, bəhrə də... Sizdə taxsır yoxdur. Taxsır o təzə yoldaşlardadır: biri Mikayıl, biri bizim Cavad bəy... Kommunistlər!.. Aləmi bir-birinə qarışdıran bunlardır... Hacı Osman. Səlim bəy, səndən çox təvəqqe eləyirəm nə mənim oğlumun, nə Cavad bəyin adını çəkməyəsən, yaxşı iş deyil... Səlim bəy. Hacı, sən məni tanıyırsan ki... Onu da bilirsən ki, adamı darıxdıranda çox yaman işlər ola bilər. Məcid. Yəni adam öldürmək kimi, taya odlamaq kimi, ev yandırmaq kimi?.. Belə buyurursan da, bəy? Elə işlər keçmiş ola. Qadan alım, əgər istəyirsən içimizdə bir növ dolanasan, gərək quzu kimi olasan... Eşidirsənmi? Cavad bəy. Elə işlərin üstündə həmən adamı divara söykəyib, başına güllə çaxarlar, qalar yerində... Səlim bəy. Axırı ölüm deyil? Mən ölümdən qorxan deyiləm... Bacarram haqqımı bulardan alaram, bacarmaram qalsın bulara. Rəcəb. Yazıq oğlanın bəylik iyi burnundan getməyib... Ay yazıq! Qurban. İrəli otur, a bəy. Yıxılarsan, qadan alım... Səlim bəy (gedə-gedə). Eybi yoxdur, görüşərik. (Gedir.) Məcid. Kişilərə zəhmət verdik, durunuz biz də gedək... Cavad bəy, Hacı, səlamət qalınız! Hacı Osman. (cavabən) – Xoş gəldiniz! Gedirlər. Cavad bəy. Bədbəxt, elm yox, sənət yox... Naçar, biçarə... Eşitdin nə dedi: “Adam darıxanda çox yaman işlər görə bilər”. Hazırın nazırlığının axırı belə olar... Ay yazıq... Ay bədbəxt... Tamaşa (daxil olub). Qonaqlar gəldilər. Xəngəl hazırdır, buyura bilərsiniz... Hacı Osman. Cavad bəy, bismillah, buyurunuz gedək. Heç ovqatını təlx eləmə... Dünya işidir. Gedirlər. Pərdə * * * İkinci məclis Əfradi-əhli-məclis Hüseynəli xan – altmış yaşında, saqqalı xınalı Bədircahan bəyim – onun övrəti, qırx beş yaşında Zəhra xanım – onun qızı, on səkkiz yaşında Pərzad – evdə qulluqçu, qırx yaşında Qulam – nökər, cavan oğlan Cavad bəy Hacı Sadıq Mirzə Həbib Əhvalat vaqe olur Hüseynəli xanın evində, otaq Avropa qaydasında cahazlanmış, xan səndəl üstə əyləşib. Xan (tək). Mümkün olan iş deyil... Belə qayda uzaq gedə bilməz, gec-tez işlər öz yolu ilə gedəsidir... Hər bir halda mən möhtac olmayacağam... Ölənədək bir kəsə əl açmayacağam, anam məni mərdanə doğub, mərdanə də qəbrə gedəcəyəm... Hər nə vardı əlimdən getdi, amma nəslimi mən itirməyəcəyəm, heç kəs onu tərk edə bilməz. Ancaq səbr lazımdır, səbr. Qulam (daxil olub). Ağa, bar neçə nəfər sizi görmək istəyir... Nə buyurursunuz? Xan. De gəlsinlər. (Qulam gedir.) Gəlsinlər görək nə işdən ötəri məni yadbud ediblər. Cavad bəy, Hacı Sadıq, Mirzə Həbib içəri daxil olurlar. Hamısı. Xan, salam əleyküm! Xan. Əleykəssalam... Buyurunuz... Əyləşiniz. Əyləşirlər. Mirzə Həbib. Ağa, əhvalınız necədir? Salamatsınız, inşallah! Xan. Bir növ başımızı girləyirik... Özünüz bilirsiniz, ta nə deyim... Hacı Sadıq. Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır... Cavad bəy. Neçə il bundan əqdəm, mən xanı gördüm səmənd atın belində, əlində tərlan, yanında tulalar, siz öləsiz elə bil ki, bir cavan oğlandı... Xan. Doğrudur, bizim Səməd xanın qoruğunda, bir neçə saatda tərlanım altı qırqovul göydə vurdu... Bu ov mənə çox ləzzət verdi. O əsr keçmişdə ola, ta biz onu bir də görmərik. Mirzə Həbib. Tərlan ovu gərək çox şirin olsun, ağa? Hacı Sadıq. Mən eşitmişəm ki, tüfəng ovundan tərlan ovu artıq fərəh gətirən olar... Xan. Bəşərti ki, atın saz, tulaların cins, yaxşı öyrənmiş ola. Mirzə Həbib. Gərək elə belə də olsun, əlbəttə. Hacı Sadıq. Bir-iki yaş buyurursunuz. Xeyr a...a, mən cənabınızdan bəlkə altı yaş böyük olam. Mən bərk qocalmışam, xan, amma siz, maşallah, artıq dərəcədə yaxşı durmusunuz. Xan. A Cavad, eşitmişəm sən də əkinçilərin tərəfdarı olubsan, hətta öz dəyirmanını olara bağışlamısan, doğrudurmu? Cavad bəy. Xeyr, xan, bağışlamamışam, ancaq bir-iki qonşularımı özüm ilə şərik eləmişəm. Amma torpaqlarımı çoxdan vermişəm, yeganə bağım qalıb, vəssalam. Xan. Yaxşı... Pəs nə işdən ötrü buraya təşrif gətirmisiniz? Mirzə Həbib. Xan, Hacı Osmanın bir təkcə oğlu vardır, adı Mikayıl, o, bu il darülfünunda təbabət elmini tamam edib, olub həkim... Biz gəlmişik qulluğunuza o ümidnən ki, bizi buradan məyus geri qaytarmayacaqsınız. Cənabınızdan rica edirik Mikayılı oğulluğa qəbul edəsiniz. Hacı Sadıq. Oğlan Zəhra bəyimlə tələbə yoldaşı olub... Çox mübarək işdir, Allah xeyir versin. Bir ildən sonra Zəhra bəyim də həkim olar, xoşbəxt dolanarlar! Cavad bəy. İki yoldaş hər gün bir yerdə ola-ola, yəqin ki, bir-birinə məhəbbət bağlayıblar, ta burada iki fikir ola bilməz... Allah səlamətlik versin, xoşbəxt olsunlar... Mirzə Həbib. Xan, cənablarınızlan mənim ağa-nökərligimiz otuz ildən artıqdır. Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. Mən həmişə sizə duaçı və xeyirxah olmuşam, mən cəsarət edib sizə məsləhət görürəm bu kari-xeyrdən qaçmayasınız. Axırda peşman olarsınız... Cavad bəy. Xan! And olsun vicdanımıza, bu iş mübarək işdir. Bunu qəbul ediniz, yoxsa axırda peşman olarsınız. Xan. Çox bərk çalışırsınız, buyurunuz görüm, bu işi düzəltməyə Hacı Osman sizə nə qədər vəd edib? Hələ Cavada bilmirəm, motal, yağ, qoyun, bəlkə bir at da vəd edib. Pəs Mirzə Həbib, Hacı Sadıq, o motalpapaq çobandan siz nə alacaqsınız? Cavad bəy. Xan, bağışlayınız nə mən, nə yoldaşlarım rüşvət alan deyilik və siz tərəfdən bizə bu kimi sözlər söylənməsi cəfa və çox biməna hərəkətdir... Təvəqqe eləyirəm, bir azca sərhesab olasınız. Mirzə Həbib. Cavad bəy, sakit ol, ağa bizim böyüyümüzdür. Bizi döyə də bilər, söyə də bilər. Burada xatirə dəyən bir söz olmadı, o sözü xan zarafatyana deyirdi. Xan, qurban sənə, bizim bu işimizə qəti surətdə nə buyurursunuz? Xan. Mən çox təəccüb edirəm, siz necə rəva bilirsiniz, mən, İmamqulu xanın oğlu, Məhəmmədcəfər xanın nəvəsi, qızımı götürüb verəm motalpapaq çobanın oğluna? Hərgah bu işdən ötəri mənim yanıma bir qeyri adamlar gəlsəydilər, onda özgə cürə rəftar edərdim... Keçib... Bu iş çoxdan qurtarıb gedib, mən Səməd xana söz vermişəm qızımı verəm onun oğluna. Səfiquluya, vəssalam. Bilməlisiniz ki, başında motal papaq, ayağında çarıx çoban mənə qohum ola bilməz. Təvəqqe eləyirəm bu barədə artıq danışıq olmasın... Əlavə, bir oğlan ki, rəiyyətlərini öyrədib, yoldan çıxarıb, xanimanımı bərbad edə, mən ona qız verrəm? Nə danışırsınız?.. Cavad bəy. Xan, iltifat ediniz. Həmən başında motal papaq, ayağında çarıx əkinçi, dörd min manat xərc çəkib şəhərdə azarxana təmir edib, adını qoyub “Mikayiliyyə”, füqəralara məccani müalicə edir. Amma mən, bax, bu Mirzə Həbib və Hacı Sadıq getdik Səməd xanın qulluği-şərifinə, kasıb mütəllimələr üçün ianə yığmağa... Səməd xan işdən hali olub, o dəqiqə qarnını ikiəlli qarpıb qışqırdı: amandı, ölürəm, həkim gəlsin... Pul almadıqsa da, xanın qarnına sancı salıb, gülə-gülə getdik... Belə-belə işlər var, xan! Hacı Osmanı neyçün bəyənmirsən? Hacı Osman bir təmiz, rəhmli, fəqir-füqəraya kömək edən kişidir. Hacı Sadıq. Xan, heç qəzəbnak olmayınız, olar sözləşiblər bir-birindən ölənədək ayrılmasınlar. Əcəldən savayı heç bir qüvvə onları ayıra bilməyəcəkdir. Onu yəqin edib, inadlığı qoyunuz yerə, bu işə razılıq veriniz... Bir də, xan, indi işlər özgə cürə olubdur. Qorxunuz ki, qız həyasızlıq etməsin. Xan. Namərbut heyvərələr, rədd olun buradan! Yoxsa sizi döyə-döyə atarlar küçəyə. Heç vaxt Hüseynəli xanın qızı elə biqeyrətliyi eləməz, sən yalan deyirsən. Sürünün buradan! Cavad bəy. Qalxınız ayağa gedək... Görünür ki, xanın başı bu gün bir azca nasazdır. (Gedirlər.) Bədircahan bəyim, Pərzad daxil olurlar. Bədircahan bəyim. A kişi, dəli olubsan nədi? Bunların taxsırı nə idi ki, sən bihörmət elədin? Qonağı da adam bu mərtəbədə bihörmət elərmi? Yoxsa dünyadan bixəbərsən? Pərzad. Xan, qız ağacı qoz ağacı, hər ötən bir salba atar... Məgər mümkün deyildi oları bir xoş dilnən yola salmaq? Xan. Artıq danışmağa mən izin vermirəm... Mənim evimdə çoban adı gərək çəkilməsin, vəssalam. Əlavə mənim xanimanımın bərbad olmağına bais elə o oğlan olub. Bədircahan bəyim. Mən qana bilmirəm, sənin qərəzin nədir? Yoxsa fikrində var, qızı o məqama gətirəsən ya özünü öldürsün, ya ki baş götürüb bu evdən qaçsın?.. Xan. Ayağı çarıqlı çobanları mənə qohum etməkdən isə onun ölməyi çox yaxşıdır. Bədircahan bəyim. A kişi, adam gərək özünü aldatmasın... Bu halda nə xan qalıb, nə bəy, hamı bərabərdi. Çulu quduz xan, bəy azdırmı? Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. Sənin mülkünü alanda heç o oğlan burada yoxdu, neyçün böhtan deyirsən? Xan. Mən sərdarın dərgahına ərizəsiz daxil olanda sənin Hacı Osmanını nəinki qapıya, hətta töyləyə də qoymazdılar girsin... İndi işlər özgə cürə olub. Eybi yoxdur, qoy olsun. Amma mən genə elə mənəm... Bədircahan bəyim. Elə odur ki, quru yurdda qalmısan da! Pərzad. Ay ağa, heç olmasa, barı o Səfiqulunun adını çəkməyin. O, bir axmaq, çöldə qalmışın biridir, küçələrdə it qovmaqdan suvayı bir sənəti yoxdur. Bədircahan bəyim. Səfiqulu nə itdir ki, qızıma yaxın gələ bilsin, ya adını çəksin... Xan. Qızın ixtiyarı məndədir. Mən bir yol söz vermişəm, qurtarıb gedib. Mən o köhnə qaydaların üstündə ölənədək davam edəcəyəm. Mən çox peşman olmuşam Zəhranı oxutmaqda. Mən mədəniyyət tərəfdarı deyiləm ki, axırda Allahın varlığını da danam. Qoy mənə molla desinlər, məzhəbpərəst desinlər. Ata-baba nə yol qoyub, mən o yolnan gedəcəyəm, vəssalam... Bu yolda ölənədək vuruşacağam. Bədircahan bəyim. Onda izin ver sifariş eləyim Hacı Osmana, bir cift qoç göndərsin, bir cift qara köpək, iki də qızmış nər. Ata-babalarınız təki qoçları döyüşdür, itləri boğuşdur, dəvələri güləşdir. Əyləş səndəl üstə tamaşa elə, olsun ata-baba yolu, vəssalam. Xan. Arvad axırda sən hədyana düzdün, sarsaqladın. Dur gözümün qabağından sürün, yoxsa dişlərini tökərəm, atamın ərvahına. Bədircahan bəyim. Nöşün acığın tutur. Sözüm haqdır, onun üçünmü? Xan. Əstəğfürullah, lənət sənə kor şeytan. Bədircahan bəyim. Yoxsa fikrində var məni basıb döyəsən də? Xan. Sən istehza başlamısan, üstümə gülürsən? Səni döymək olmaz? Canını da almaq olar. Pərzad. O vaxtlar keçib, xan. Əl saxla, heç kimi döymək olmaz, nəinki öldürmək. Səni bir xan elərlər ki, adın yadından çıxar. Xan. Sən nə qələt edirsən, heyvanın balası? Sən kimsən, nəçisən? Nə cürət edirsən? Pərzad. Xan, məni tanımırsan? Otuz ilin qulluqçusunu, Zəhranın dayasını? O sözləri geri götür, xan. Xan. Əstəğfürullah, səni çoxdan tanıyıram. Səni bu evə kim darğa tikib, kim? Pərzad. Mən darğa-zad deyiləm. Ancaq onu bilərəm ki, Zəhranı mən saxlamışam. Gecələr yuxusuz qalıb, səhərə kimi beşiyini yırğalamışam... O ağlayır, mən dözə bilmərəm... O Səfiquluya baxınız! Mənim beş kor qızım olsa, onun birini ona versəm, atama lənət! Xan. Heç kimin ixtiyarı yoxdur bu işə qatışsın... Səsini kəs! Yoxsa dilini yerindən qopardaram! Pərzad. Gör sən necə daş üzlü atasan ki, Zəhra kimi qızı ağlar günə qoymusan. Mənim dilimi qopartmaq olmaz, xan, əl saxla! Bədircahan bəyim. A kişi, bircə insafın olsun... Məgər qızdan soruşmusan ki, qızım, gedirsənmi filankəsə? Xan. Qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya nağaraçıya. Qız ancaq kəbin kəsilən günü gərək bilsin atası onu kimə verir. Köhnə qaydalarımızdan mən əl çəkə bilmərəm, onu biliz!.. Bədircahan bəyim. A qız, get Zəhranı çağır gəlsin bura. Pərzad gedir. Xan. Mən aşkar görürəm ki, siz məni lağlağı etmək istəyirsiniz. Amma bacarmayacaqsınız, heç zəhmət çəkməyin!.. Zəhra bəyim, dalınca Pərzad daxil olur. Zəhra bəyim. Nə buyurursunuz? Xan. Zəhra, doğrudurmu, sən o motalpapaq Hacı Osmanın oğlu Mikayıla söz vermisən, ölənədək ondan ayrılmayacaqsan və əhdi-peymanın üstə möhkəm durmusan? Zəhra bəyim. Ata! Hərgah bu işdə Səfiqulunun adı olmasaydı, bir piyalə zəhər də mənə versəydin, mən onu içərdim. Ata, mən cəsarət edirəm, məni bağışlayınız, mən ölməyə razıyam, amma sənə yalan deməyə yox... Mən o sözü vermişəm... Xan. O sözün üstündə bərk durmusan və duracaqsan da, belədirmi? Zəhra bəyim. Bəli, ata. Xan. Afərin, indi bildim ki, sən mənim halal qızımsan... Mən də söz vermişəm Səməd xana səni verəm onun oğlu Səfiqulu xana və sözümün üstə bərk duracağam. Zəhra bəyim. Ata, qurban olum sənə, Səfiqulunun heç bir tikə savadı yoxdur, sən necə rəva bilirsən məni o heyvana verməyi? Xan. Səfiqulu bisavad olsa da, bizə taydır, əlavə, mən öz sözümdən dönə bilmərəm... Pərzad. Ay xan, ay xan! Səfiqulu vallah, billah, nökərliyə layiq deyil... Xan. Səsini kəs, heyvərənin balası!.. Zəhra bəyim. Ata, həmişə sən mənə əziz balam, təkcə balam deyib bağrına basırdın, hər gün bir neçə dəfə başımı sığallayıb, üzümdən öpürdün... İndi məgər sənin mənə yazığın gəlmir? Bədircahan bəyim. A kişi, Allaha bax, tanrıya bax, ağlın olsun. Belə rəftarı hər kim eşitsə adamın cəmdəyinə tüpürər... Xan. Kəs səsini, danışma. Yoxsa sümüklərini sındıraram... Bir yol söz vermişəm, qurtarıb gedib. Pərzad. And olsun Allaha, bu evə mən bir od vurram, yalavı ərşə çıxar. Səfiqulu nə itdir ki, bu qapıya yaxın gəlsin? Mən Zəhraya süd vermişəm, qızım deyirəm... Ölənədək ona mən analıq edəcəyəm... Qoymaram ki, o bədbəxt olsun... Rəhmətliyin oğlu! Dəvədən yıxılıb, höt-hötündən əl çəkmir... “Xan”... Xan indi zibil, indi zibil. Xan. Ay Pərzad! Qudurma, yoxsa başına müsibət açaram, and olsun atamın ərvahına... Zəhra, mən gedirəm bir işin dalınca... Sən qalacaqsan bu evdə, iş tamam olanadək... Qandın?.. Zəhra bəyim. Ata, sahibsiz yetim qız ilə belə rəftar etməzlər ki, sən mənim ilə edirsən... Səbəbi də budur ki, mən namusuma qısılıb, bihəyalıq etmək istəmirəm... Amma sən məni vadar eləyirsən ki, əmrindən çıxmağa... Ata, Allah xatirinə, məni o məqama gətirməyiniz ki, mən özümü ləkələndirim... Xan. Atamın ərvahına and olsun, bir elə iş olsa, mən o motalpapaqların yurdunu tar-mar elərəm. Sənin fikrin odur ki, mən sözümdən qaçım, desinlər ki, Hüseynəli xan İmamqulu xanın oğlu bir balaca qızın əlində aciz qaldı. Sözünə əməl edə bilmədi?.. (Çağırır.) Qulam! A gədə, bəri gəl! Qulam (gəlib). Nə buyurursunuz, ağa? Xan. Bir-iki gün darvazanı bağlarsan, bu evdən kənara çıxmağa heç kəsi qoymazsan, eşitdinmi? Qulam. Baş üstə... Xan. İndi gəl bəri, kağız yazacağam, onu aparıb verərsən Səməd xana və cavabını da alıb gətirərsən. Gedirlər. Pərzad. Get, dalınca da bir qara daş... Qızım, Zəhra, ta niyə durmusan? Durmaq yeri deyil... Zəhra bəyim. Pərzad nənə, Mikayılın ölümündən qorxmasaydım, çoxdan başıma bir çarə qılardım, neyləyim... Mən o fikrə düşəndə Mikayıl gəlib durur gözümün qabağında. O gic Səfiquludan hər nə desən çıxar... Ana, mən gedirəm xalamın yanına. Cahangir bəy məni saxlar, qoymaz bir kəs mənə yaxın gəlsin... Əlavə, deməzlər ki, xanın qızı qoşuldu qaçdı. Pərzad. Sənin ağlına, qeyrətinə qurban gedim, ay qız... Bədircahan bəyim, sən də dur bir yana qaç. Zəhra bəyim. Pərzad nənə... (Qucaqlayıb ağlayır.) Mən gedirəm... Kişi sənə əziyyət verəcək. Pərzad. Qorxma, canım sənə qurban... Arxayın ol, get... Kişi evdən çıxan kimi gələcəyəm yanına. Durmaq yeri deyil... Bədircahan bəyim, sən də... Ya Allah. (Gedirlər.) Pərzad (tək). Əlisi dəli, vəlisi dəli, it uşağının hamısı dəli. Söz vermişəm Səməd xana... Çox qələt eləmisən. Yekəbaş axmaq!.. Səfiqulu Mikayılı hədələyir... Yazıq qız da eşidib bilmir neyləsin... Qalmışam naçar... İstəyirdi atasının əli ilə Səfiquludan xilas olsun... Kişi də ki, bir gic inadın biri. (Səktə) Allaha pənah!... Xan (daxil olub ətrafa baxır). Zəhranı görmürəm... Bədircahan hansı cəhənnəmə gedib? (Yan otaqlara baxıb.) Pərzad! De görüm Zəhra necə oldu? Karsan, eşitmirsən? Pərzad, nəfəsini kəsərəm, de görüm bunlar necə oldular? Pərzad. Neyçün qışqırırsan? Mən nə bilim hara getdilər. Xan. Pərzad, and olsun İmamqulu xanın qəbrinə, səni iki parça elərəm, doğrusunu de! Pərzad. Xan, yadından çıxıb? Sahibim əlimdən getdi. Balaca tifilim onun dalınca... İyirmi altı yaşında dul qaldım sənin evində, meylimi saldım Zəhraya, bu evdən getmədim... Sən gəlib yıxıldın ayağıma, yalvardın, üstümə xəncər çəkdin... Əlinə nə gəldi?.. Gördün kənd qızında olan namusu?.. O vaxt səndən qorxmayan kənd qızı indi heç qorxmaz... Əlində iyirmi arşın ipək parça, üstündə gümüş toqqa, gəldin yanıma... Axırı necə oldu? Toqqanı vurdum başına, parçanı atdım ocağa... Zəhranı basdım bağrıma, bilmədim dünyada kişi varmı, yoxmu... Mən də əkinçi balasıyam, indi mənə sözün nədir? Xan. Uzun danışdın... Eybi yoxdur... (Çağırır.) Qulam, bəri gəl... Zəhra... Zəhra... Sən mənim əmrimdən çıxdın? Gərək bu papaq mənə qənim olsun, hərgah o yurdu tar-mar etməsəm... Hər nə var, əlimdən gedib. Qoy canım da bad-fənaya getsin... Qulam (daxil olub). Nə buyurursan, ağa? Xan. Gədə, mən sənə demədimmi darvazanı bağla, qoyma bir kəs kənara çıxsın?.. Necə oldu? Mənim əmrimə beləmi əməl edirsən? Qulam. Ağa, başın üçün, mən qıfıl axtarırdım, onda gördüm ki, Zəhra bəyim anası ilə bir yerdə darvazadan çıxdılar... Ta küçədən tutub onları geri qaytara bilməzdim ki, ağa? Xan (Qulama). Sürün, gözümün qabağından!.. (Qulam gedir.) Məlun balaları məlun. Pərzad. Xan, məsləhətə xəyanət yoxdur... Sən gəl özünü rüsvay eləmə. Zəhranı qaytar evinə, xeyir-dua ver getsin istədiyi oğlana. Səfiquluya buyur farağat otursun yerində, ədavət qaldırmasın... Xan. Bu mənim rüsvay olan günümdür, nə danışırsan? (Qışqırır.) Sürün buradan. (Qolundan tutub atır qırağa.) Rədd ol!.. (Pərizad çıxır.) Mənim qızım qoşulub qaçsın?.. Hay!.. Hay!.. Tamam ömrümdə bir kəs görmədim yanımda nəfəs çəkə bilsin, başı dik gəzdim... İndi gör qəza məni nə hala saldı, bu ağarmış başıma gör fələk nə müsibət gətirdi... Vay fələk, mənim qızım qoşulub qaçsın?.. Mənim... qızım... Mənim qızım. (Bihuş yıxılır səndəl üstə.) Pərdə * * * Üçüncü məclis Əhli-məclis Mikayıl – cavan həkim Yusif – darülfünun tələbələri İbrahim – darülfünun tələbələri Ələkbər – darülfünun tələbələri Leyla – darülfünun tələbələri Züleyxa – darülfünun tələbələri Səadət – darülfünun tələbələri Zəhra bəyim Hacı Osman Gülpəri Tamaşa Cavad bəy Əhvalat vaqe olur Mikayıl bəyin mənzilində, novruz bayramının günündə. Otaq Avropa qaydası cahazlanmış, otağın ortasında böyük miz, üstündə ağ süfrə, dövrəsində səndəllər... Mikayıl tək, otaqda gəzinir. Mikayıl. Olmaz axı, gərək xanzadəliyin göstərsin... Saat on birə söz verib, indiyə kimi təşrif gətirməyib. (Səktə.) Tamaşa, ay qız, boşqabları gətirməzsənmi? Gəl də!.. Tamaşa (o biri otaqdan). Qardaş, bu saat gətirim. Mikayıl sürahiləri, kağız torbaların içindəki xüşkəbəri yığır mizin üstünə, Tamaşa boşqabları gətirir. Mikayıl. İndi bilmirəm boşqabları nə qayda ilə düzmək gərək. Barı xanzadə balası tezcə gələydi... Tamaşa. Qardaş, ta nə gərəkdir? Mikayıl. Ta nə gərəkdir, mən də bilmirəm. Qoy Zəhra bəyim gəlsin, o sənə deyər ta nə lazımdır... Tamaşa. Zəhra bəyim gələcək?.. Zəhra bəyimə mənim canım qurban, qardaş. Gəlsənə ta onu qoymayaq evlərinə qayıtmağa, qalsın bizim evdə, nə olar yanı? Mikayıl. Sən Zəhra bəyimi çoxmu istəyirsən? Tamaşa. Mən Zəhra bəyimi dağlarcan, daşlarcan, ta nə bilim nə qədər istəyirəm. Mikayıl. Zəhra bəyim yaxşı qızdırmı, xoşuna gəlirmi? Tamaşa. Başına dönüm, qardaş, gör məndən nə soruşur?.. Heç bir adam vardır ki, Zəhra bəyim onun xoşuna gəlməsin? O günləri çoban Vəli deyirdi ki, Zəhra bəyim bu evə gələndə, bir dəvə gətirib onun ayağının altında qurban kəsəcəyəm... Mikayıl. Çox yaxşı... İndi get gör, nə qalıbsa götür gəl... Tamaşa. Baş üstə. (Gedir.) Mikayıl. Xanım qız gəlsin görüm iş nə haldadır. Xan genə cins-nəsildən dəm vururmu? Saata baxıb, otaqda gəzişir. Zəhra bəyim daxil olur. Mikayıl. Allah, sənə şükür, axırı ki xanım əfəndim təşrif gətirdi. Zəhra bəyim əl verir. Zəhra bəyim. Bayrami-şərifin mübarək, neçə-neçə belə bayramlara çatasan, sağ-salamat, kefin kök. Mikayıl. Səninlə bir yerdə, mənim cigərim, dinim, imanım. (əllərindən tutur.) Neyçün belə gec gəldin? Bilmirsən ki, darıxıram? Zəhra bəyim. Xəlvətcə getdim anamı, Pərzadı təbrik etməyə, ona görə bir az ləngidim. Mikayıl. Nə var, nə yox... İşlər necə keçir? Zəhra bəyim. Kişini inandıra bilmirlər ki, mən qoşulub qaçmamışam... O günləri ürəyi gedib, yıxılıb yerə. Səfiqulu da ki, Allah göstərməsin, olub divanə. Onsuz da bədbəxt oğlu dəli idi, indi lap sarsaqlayıb... Atam ondan betər. Mikayıl. Neyləyim, əzizim, üzüqara olsun... Qurtarmır bizi o köhnə zibildən... Sən də bilmirəm nə səbəbə razı olmursan ki, bu işi birdəfəlik qurtaraq getsin?.. Zəhra bəyim. Mən işi təxirə salıram iki səbəbə görə: əvvəla, qorxuram sənə bir xəta yetirsinlər. İkincisi, istəmirəm ki, desinlər xanın qızı qoşuldu qaçdı. Qoy görək, kişini inandıraq ki, mən qoşulub qaçmamışam. Bir növ razı edə bilərikmi ki, o axmaq Səfiqulu xanı sakit eləsin və mənə xeyir-dua versin. Mikayıl. Zəhra, səni dürüst inandıraram ki, xandan bizə haray olmayacaq. O inadlıq ki, onda var, onu yola gətirmək qeyri-mümkündür... Doğrusu ki, mən darıxıram... Zəhra bəyim. Arxayın ol, darıxma... Tamaşa (qapıdan baxıb qaçır Zəhra bəyimin yanına). Sənəcə qurban olum, ay xanım (qolundan öpür), mən səni qoymayacağam gedəsən... Vallah qoymayacağam... Özün bil, qoymayacağam... Zəhra bəyim (onu öpüb). Bayramın mübarək, ay Tamaşa, yaxşı qız, ağıllı qız... Mən sənə bayramlıq nə verim? Tamaşa. Mən heç zad istəmirəm, ancaq getmə, qal bizim evimizdə. Zəhra bəyim. Baş üstə, getmərəm... Tamaşa qaçır. Mikayıl. Bu boşqabları hara qoyum? Zəhra bəyim. O boşqabların yeri buradır... Bax belə. Sən torbaları boşalt, mən yerbəyer elərəm. Bircə səbr elə... Bu şərbətləri də qoy, mən yer taparam... Amma nə çox şeylər almısan, bu qədər nəyə lazımdır?.. Mikayıl. Mən istərdim, hətta, ürəyimi də çıxarıb bir boşqaba qoyub gətirəydim yanına, deyəydim budur xanım əfəndim, bayramlıq gətirmişəm sənə... Zəhra bəyim. Bu çox qəliz oldusa da, Mikayıl, mən də o boşqabı öpüb basardım bağrıma. Gülpəri (daxil olub). Bizim bu evimiz sənə qurbandır, yaxşı balam. Bayramın mübarək olsun, əziz balam... Zəhra bəyim. Sənin də bayramın mübarək olsun, anacan... Gülpəri. Hər ikinizə qurban olum. Allah sizi öz pənahında saxlasın, bir-birinizdən ayırmasın öz birliyi xatirinə. Mikayıl. Ana, get, bir az pendir-çörək də göndər gəlsin. Gülpəri. Yaxşı, başına dönüm, gedim bu saat göndərim... (Gedir.) Tələbələr oxuya-oxuya yaxınlaşıb içəri daxil olurlar. Cəmən. Bayramınız mübarək! Görüşürlər. İbrahim (mizə yaxınlaşıb). Pəh, pəh, pəh! Nə gözəl süfrə... Zarafat deyil, canım, həkim evidir. Süfrənin başına toplaşıb yeyirlər. Züleyxa. Balam, nə əcəb Yusif burada yoxdur?.. Mən elə xəyal elədim ki, Yusif hamıdan qabaq burada olcaq. Səadət. Leyla, həmişə cift gəzərdin, hanı yoldaşın durna?.. Leyla. Genə başladın, qoymazsan? Zəhra bəyim. Vecinə alma, ay qız... Qoy hər nə istəyir, desin Züleyxa. Yusif Leylanı gözdən qoyarmı?.. Bu saat harada olsa gələcək. Səadət. Yusif qorxur ki, tərlan uçub qaçmasın, özgə yerə qonmasın. Leyla qulaqlarını tutur. Mikayıl. Xanımlar, kim çay istəyir, kim qəhvə!.. İbrahim, Ələkbər, yaxın gəliniz, əyləşiniz... Xanımlar əyləşirlər, oğlanlar adama bir paxlava götürüb kənarda söhbət edirlər. İbrahim (kənarda). Mikayıl, mən bu süfrədə davacat görmürəm, yoxsa hacı evində davacat olmaz? Mikayıl. Davacat yan otaqda... Nə qədər kefiniz istəyir, vura bilərsiniz. Zəhra bəyim (Mikayıla). Tamaşanı çağır gəlsin. Mikayıl. Tamaşa, ay qız, gəl ha... Tamaşa daxil olur Tamaşa (qonaqlara baxıb). Qardaş, bular hamısı müsəlmandırlar?.. Nə göyçək qızlardır! Allah saxlasın buları. Mikayıl. Hamısı müsəlmandırlar. Tamaşa. Bayramınız mübarək olsun, ay xanımlar... Səslər. Sənin də bayramın mübarək olsun Züleyxa. Tamaşa, yaxın gəl, bacım, sən haralısan? Tamaşa. Mən qaraqoyunluyam. Züleyxa. Sənin də qoyunun varmı? Tamaşa. Var, çox var... Atamın dövlətindən niyə olmasın. Mikayıl. Bunun səkkiz keçisi var. İyirmiyə çatanda, bunu verəcəyik bizim çobanın birinə. Tamaşa. Qardaş, bəsdir, sən Allah, mən ərə-zada getməyəcəyəm. Mikayıl. Nöşün getməyəcəksən? Oların hər ikisi göyçək oğlanlardır. Tamaşa. Qadam oların hər ikisinin ağzına... Mikayıl. Eybi yoxdur, getmə... Hazır çay varmı? Tamaşa. Şankalat da var, kanko da, çay da hazırdır. Səadət. Mən şankalat istəyirəm, Tamaşa. Züleyxa. Mən kanko istəyirəm, ay qız. Cəmən. Xa, xa, xa, xa, xa... İbrahim. Mən də bir kasa araq istəyirəm. Tamaşa. Bağışlayınız, bizim evdə araq-maraq tapılmaz. Züleyxa. Araq araqdır, maraq nədir, ay qız? Tamaşa. Maraq da arağın yoldaşıdır. Qaçır. Zəhra bəyim (pəncərədən baxıb). Leyla, qalx bəri gəl, tezcə. (Aparıb royalın yanına.) Əyləş... Qırmızı Azərbaycan marşı... Hm... Tezcə... Leyla marş çalır. Yusif daxil olur. Cəmən. Ura. ura!.. Züleyxa. Leyla, təbrik edirəm... Yaxşı çal. Yusif. Bayramınız mübarək olsun... Neçə belə bayramlara çatasınız... (Bayramlaşırlar.) İbrahim. Yusif, canın üçün elə səni gözləyirdim. Sənsiz ləzzət vermir. Mikayıl (qapıya tərəf gedib). Tamaşa, gəlməzsən? Tez ol. (Tamaşa gəlir, sini üstə şokolad, kakao gətirir...) Zəhra bəyim. Kim nə istəyir? Çay, şokolad... Səadət. Mən şankalad istəyirəm. Züleyxa. Tamaşa, o kankodan bir fincan ver mənə. Leyla. Tamaşa, mən şankalat istəyirəm. Cəmən. Xa, xa, xa, xa, xa, xa... Tamaşa. Qardaş, sən Allah, bu xanımlara de, mənə sataşmasınlar... Mikayıl. Xanımlar, mən sizdən çox təvəqqe eləyirəm bizim qıza sataşmayasınız. Səadət. Tamaşa, mən bilmirəm şankalat yaxşıdır, yoxsa kanko... Tamaşa. Vallah, daha bir də mən buraya gəlməyəcəyəm. (Qaçır.) Cəmən. Xa, xa, xa, xa, xa, xa. İbrahim, Yusif və Ələkbər gedirlər yan otağa. Züleyxa. Mikayıl, Tamaşa qız doğrudan da tamaşadır... Bunu haradan tapmısınız? Belə də gözəl qız olarmı? Biixtiyar adam həsəd aparır... Mikayıl. Bu qızı anam qaraçılardan beş manata, qızlığa götürüb; ona görə də mənə qardaş deyir... Bunu çox yerdən istəyən var, amma anam vermir, deyir hələ uşaqdır... Səadət. Zalım balasının gözləri ceyran gözləri kimi adamı valeh edir. Leyla. Mikayıl, çağır gəlsin onu bir az danışdıraq... Qəribə uşaqdır... Mikayıl. Tamaşa, gəl bura... Tamaşa (yan otaqdan). Qardaş, sənin canın üçün ta bir də mən oraya gəlməyəcəyəm, mənə gülürlər... Mikayıl. Ta gülməyəcəklər, bəri gəl... Tamaşa. Necə gəlim ki, sənin canına and içdim ki, ta gəlməyəcəyəm. Mikayıl. Mənim canıma and içdi, öldürsən də gəlməyəcək. İbrahim, Yusif və Ələkbər gəlirlər. İbrahim (mizə yaxınlaşıb). Zəhra bəyim! Görünür ki, siz burada sahibxanəlik etmisiniz. Bilmək istəyirəm, bu sürahılarda nə var... Mikayıl. Mən ərz eləyirəm ki, bu moruğ şərbətidir, bu albalı, bu da zoğal. İbrahim. Arqadaşlar, doldurunuz piyalələri. Leyla. Zəhra, sahibxanəlik elə, tök hər kim nə istəyir... Zəhra bəyim. Baş üstə... Kim nədən istəyir? (Zəhra bəyim doldurur piyalələri) Moruqdan, zoğaldan? Mən albalıdan istəyirəm. İbrahim (qalxıb ayağa). Bir neçə kəlmə sözüm var, izin veriniz. Səslər. Buyurunuz!.. İbrahim. Arqadaşlar, yer üzünün behişti hesab olunan bizim Azərbaycan çox dövlətli, sərvətli məmləkətdir... Gülzar yaylaqlar, soyuq bulaqlar, meyvəli meşələr, bağlar varımızdır. Muğan çölü, Milin düzü, Şirvan səhrası kimi qara torpaqlarımız, Kür kimi çayımız, içi dolu şahmahilər, qızıl balıqlar, qurtarmaz neft, tükənməz biyan, cürəbəcür mədənlər varımızdır. Belə sərvətdən istifadə etməməyə səbəb nə olubdur? Səbəb: olmayıbdır elmi-tərbiyə, elmi-sənaye. Kim bais olub bu müsibətə? Nikalayların siyasəti, ruhanilərimizin təsiri... Qalmışdıq qaranlıqda, mədəniyyətdən məhrum... Hal-hazırda, şükürlər olsun, Şura hökumətinin dövlətindən bu saat Avropada yüzlərcə elm oxuyan yoldaşlarımız var. Yaşasın yoldaşlar, bayramları mübarək olsun! Cəmən. Afərin, afərin, yaşasın!.. Züleyxa. Ələkbər paxlavanın hamısını yedi qurtardı, bizə qalmadı. Ələkbər. Sənin əlini tutan yoxdur ki! Sən də ye. Mikayıl (boşqabı alıb verir xanımlara). Qalanı sizindir... Yeyirlər, söhbət edirlər. Yusif. İzin istəyirəm. Səslər. Buyurunuz!.. Yusif. Mədəniyyətə mane olanlar, həmd olsun, fot olub getdilər. Azərbaycanda ali məktəblər açıldı, yüzlərcə elm təhsil edən tələbələr əmələ gəldi. Kimdir mədəniyyəti bu div qədəmi ilə irəli aparan? Məlumdur ki, Şura hökuməti. Yaşasın belə hökumət, yaşasın ali məktəblərin tələbələri! Səslər. Afərin, afərin, yaşasın! Züleyxa. Yusifdən sonra, Leyla, növbə sənindir. Başla, balam. Leyla. Baş üstə. Mədəniyyət yolunda çalışan qocalarımız da var, biri yazı ilə, biri dili ilə. Onların cəhalət, nadanlıq ilə mübarizəsi, vaxtında çox çətin olub. Onlara bidin, biiman deyiblər. Hətta öldürmək də istəyiblər. Amma onlar meydandan qaçmayıblar. Yaşasın bizim qoca rəhnümalarımız! Səslər. Yaşasın, yaşasın! Sən də yaşa, Leyla xanım!.. Zəhra bəyim. Səadət, qalx ayağa, görüm sən nə deyirsən? Səadət. Baş üstə. Yoldaşlar, Azərbaycan sərvətli olmağına görə avropalılar ac qurd kimi gözlərin dikiblər bizim torpağa. Bizim xam mallarımızı aparıb, əndazəsin dəyişib, geri gətirib, bizim özü-müzə artıq qiymətə satıb, qanımızı sorub aparırdılar. Nə etmək lazımdır ki, biz onlara möhtac olmayaq? Olsaq da, bu mərtəbədə yox. Ondan ötrü bizə elmi-sənaye lazımdır. O da ki, şükür olsun, əmələ gəlib. Məktəblər açılıb, yaşasın maarif komissarı və elmi-sənayedə oxuyan cavanlarımız! Cəmən. Yaşasın! Tamaşa qapıda durub Mikayılı çağırır. Mikayıl onun yanına gedib qayıdır. Mikayıl. Atam Hacı Osman və Cavad bəy buraya gəlmək istəyirlər, olarmı? Səslər. Buyursunlar, çox xoşdur. Mikayıl (qapıya yaxınlaşıb). Ata, buyura bilərsiniz... Hacı Osman, Cavad bəy daxil olurlar, qonaqlar qalxırlar ayağa. Cavad bəy və Hacı Osman. Zəhmət nöşün çəkirsiniz, əyləşüz. Əyləşirlər. Hacı Osman. Bayrami-şərifiniz mübarək, Allah sizi həmişə səlamət eləsin. Çox-çox belə bayramlara çatasınız. Səslər. Sizin də bayramınız mübarəkdir! Hacı Osman. Balalar, əziz balalar! Mən sizə bayramlıq nə verim? Hər nə istəsəniz verəcəyəm. İbrahim. Hacı, biz üç bayram edəcəyik, yoldaşlarımız da çoxdur, özümüz də gəzməyə gedəcəyik, iki yüz nəfər tələbə. Hacı Osman. Çox yaxşı, belə olanda mən sizə beş qoyun verərəm, kəsib kabab elərsiniz. Səslər. Sağ olun, Hacı! Ələkbər. Hacı, üzüqaralıq eləyirəm, bağışlayınız! Hacı Osman. Heç utanma, sözünü de. De qadan alım, sözünü de... Mən bir sadə adamam, varın verən inciməz. Utanma, sözünü de... Ələkbər. Bu süfrədəki pendir özgə cürə şeydir. Hacı Osman. Bildim nə istəyirsiniz... Motal. Baş üstə, bir motal da verdim. Zəhra bəyim. Hacı əmi, bizim darülfünunda üç yüzdən artıq tələbə var, onların içində kasıbları çoxdur. Hacı Osman. Pul... Nə qədər verim, qızım, pul?.. De, qorxma, de... Nər kimi durmuşam, de... Sənin qadanı alım, məndən incimə... Atanın acığına verəcəyəm... Məxfi səslər: çox istə, ay qız, çox istə. Zəhra bəyim. Hacı əmi, beş yüz manat necədir, çox deyil ki? Hacı Osman. Bax, belə mənim bu gözlərim üstə. Sabah gəl apar et, əziz balam. Cavad bəy (ayağa qalxıb). İzin istəyirəm. Səslər. Buyurunuz, buyurunuz!.. Cavad bəy. Əziz balalar, hər bir insanın ömründə iki təsəllisi var: biri ümid – gələcəyin yaxşı olmağına, biri yuxu. Həmçinin hər bir millətin yenə də iki təsəllisi var: biri elm oxuyan cavanlardır, biri də yuxu. Elm oxuyan cavanlar olmayanda, qalar xalqa bir təsəlli – yuxu. Xatalı yuxu, xalqı bəlalara düçar edən yuxu... On il bundan əqdəm, camaatımız xatalı yuxuda olan zaman, ünas məktəbinə uşaq cəm etmək üçün mən dilənçi kimi qapılara düşüb yalvarırdım. Kişilərdən nalayıq, avam sözlər eşidib, olardan ümidimi kəsib, arvadlara yalvarırdım. Axırda küçələrdən yetim qızları tutub məktəbə toplayanda, elə bilirdim ki, dünyayi-aləmi mənə verdilər. Hal-hazırda, şükürlər olsun, hara baxırsan məktəb. Kəndlərdə, şəhərlərdə... Sizin bu ittifaqınızı görüb, tələbə qızları, oğlanları bir yerdə, keçmiş halımızı yada salıb, mən aciz qalmışam, söz tapmıram öz şadlığımı sizə bəyan edim. Səslər. Yaşasın, yaşasın! Cavad bəy. Əziz balalar! Xalqımızın ümidi balalar! Nicat sizin əlinizdədir, qoymayınız camaatımız zülmətdə qalıb, ayaq altında tapdalansınlar. Səslər. Afərin, afərin, yaşasın Cavad bəy! Yaşa, sox yaşa! Cavad bəy (əyləşib). Hacı, biz gedək, cavanları darıxdırmayaq... Balalar, səlamət qalınız. Səslər. Xoş gəldiniz! (Gedirlər.) Zəhra bəyim. Ta bəsdir, qalxınız ayağa, bu gün bayram günüdür. Leyla, başla... Kim nə istəyir çal... “Dərbəndi”, “Azərbaycan”, “Brilyant”, “Mustafa Kamal”, “Tamara”... İbrahim. Əvvəl ev sahibi başlasın, Mikayıl, gəl görək. Zəhra sən də... Bir yerdə... Əl vurunuz... Leyla, “Dərbəndi”... Leyla çalır, Mikayıl və Zəhra bəyim oynayırlar. Cəmən. Yaşa, yaşa! İbrahim. Ələkbər, Səadət xanım! Ya Allah! Əl vurunuz... “Brilyant”... Ələkbər ilə Səadət oynayırlar. Zəhra bəyim. İndi mən çalaram, Leyla gəl bəri, Yusif, başla görək. Zəhra bəyim çalır, Leyla ilə Yusif oynayırlar. Cəmən. Ura, ura, ura!.. İbrahim. Zəhra, çal “Mustafa Kamal”. Səadət xanım, gəl... İndi növbə bizimdir. Əl vuruz... Oynayırlar. Pərdə * * * Dördüncü məclis Əfradi-əhli-məclis Hüsenyəli xan Bədircahan bəyim Qulam. Cavad bəy Mirzə Həbib Hacı Sadıq Leyla xanım Züleyxa xanım Yusif. İbrahim Vəli kişi Vaqe olur Hüseynəli xanın otağında. Xan və Bədircahan bəyim əyləşiblər səndəli üstündə. Bədircahan bəyim. Allah sənin insafını kəssin, kişi! Yazıq qızı o məqama gətirdin ki, evdən qoyub qaçdı, gecə-gündüz gözlərindən yaş tökür... Xan. Atasının əmrindən çıxan qıza hələ o da azdır. Elə qızın boğazına çatı salıb öldürmək də olar. Bədircahan bəyim. Səndə insan sifəti bilmərrə yoxdur. Sən cəlladsan. Sən kiminlə əlləşirsən, de görüm? Bacarmazsan kişi, bu zaman o zaman deyil... Farağat otur yerində, yoxsa bəlaya düşərsən... Xan (acıqlı). Çox qudurma, arvad. Atamın ərvahına and olsun, Zəhranın acığını səndən alaram... Bədircahan bəyim. Vurram, öldürrəm, basaram, kəsərəm, boğaram... Bundan savay sən tamam ömründə hələ bir şey qanmamısan... Elə sözləri bəlkə Nikalay zamanında deyə bilərdin, indi nəfəsini də çəkə bilməzsən. Xan. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Arvad, səsini kəsməzsən? Bədircahan bəyim. A kişi, bircə ağlın, insafın olsun, yazıq balam səndən ancaq xeyir-dua gözləyir, sözün nədir? Xan. O məni dost-aşnalar yanında, qohum-əqrəba arasında rüsvay elədi, Allah ona lənət eləsin. Bədircahan bəyim. Allah sənin özünə lənət eləsin ki, o təhər qızı vadar elədin qoşulub qaçmağa... Dünyayi-aləmi qarışdırdın bir-birinə... Camaatı bizə güldürdün, başı aşağı elədin, heç nahaq yerə... Genə də lənət sənə... Xan. Arvad, bəsdir. Arvad, sən ki məni yaxşı tanıyırsan, bilirsən ki, bir yol hirsim vurdu başıma, əlimə düşəni parçalaram... Səsini kəs... Bədircahan bəyim. Ciyərim odlanır, nəfsim darıxır, danışmaya bilmərəm... Zəhradan əl çəkək, a kişi, Allaha bax. Bir belə inadlıq olmaz ki, sən eləyirsən... Zəhra əvvəl-axır bir oğlana gedəcəkdi, ya yox? Axı Səfiqulu Mikayılın əlinə su tökməyə layiq deyil... Xan. Səfiqulu mənə taydır, çoban oğlu mənə tay ola bilməz!.. Onunla qohum olandan sonra ayağı çarıxlı əqrəbası gələcəklər qulluği-şərifinə... Əyləşəcəklər yuxarı başda. Sən özünü ona tay edə bilərsənmi? Sən nahaq yerə zəhmət çəkirsən, arvad. Cəmi qohum-əqrəba, dost-aşnalar töküldülər üstümə, yalvardılar, qoymadılar məni o motalpapaq çobanın yurdunu tar-mar edəm... Qulam (daxil olub). Ağa, bir neçə nəfər gəlibdir, sizi görmək istəyirlər. Xan. Gəlsinlər... A arvad, sən dur buradan get... Bədircahan bəyim gedir. Cavad bəy, Mirzə Həbib, Hacı Sadıq, Vəli kişi, tələbələr: İbrahim, Yusif, Züleyxa, Leyla daxil olurlar. Cəmən. Salam əleyküm! Xan. Əleykümməssalam! Cavad bəy, genə nə olubdu məgər? Yoxsa eşitmişsiniz ki, mənim mülk-maşımı əlimdən alıblar və tamam təmiratlarımı əlimdən çıxarırlar, ona görə gəlmişsiniz mənə başsağlığı verməyə? Mirzə Həbib. Şükür Allaha, sizə nə olubdur ki, başsağlığı verək? Canın sağ olsun... Xan. Bəs nə işdən ötəri təşrif gətirmişsiniz? Cavad bəy. Xan, cənabınıza məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. Biməna, nahaq yerə... Bu biməna ədavətin yox olmağı bağlıdır cənabınıza... Bir dəfə buyursanız ki, iş qurtarıb. Sakit olsun, şək yoxdur, cəfakarlığa yer qalmaz... Bu barədə səndən rica edirik... Mirzə Həbib. Xan, ədavətin davam etməyi hər iki tərəfə ziyandır. Bir də iş qurtarıb gedib... Nə lazım olub işi uzatmaq?.. İbrahim. Biz səkkiz nəfər tələbə “Mikayilliyyə” azarxanasında işləyirik. Çifayda, o həkim ki biz onun rəhbərliyində elm oxuyuruq, Səfiqulu xan onun haqqında böyük cəbr və cəfakarlıq edir... Hətta o dərəcədədir ki, öz azarxanasına gəlib-gedə bilmir... O günləri bir azarlını təşrif edən zaman bir yekə daş atdılar, o daş pəncərəni sındırıb dəydi Zəhra bəyimin çiyninə. Yaxşı ki, başına dəymədi... Yoxsa böyük xəta ola bilərdi... Cənabınızdan rica edirik, belə xətalardan bizi xilas edəsiniz... Ta ki biz rahat öz işimizə məşğul ola bilək... Vəli. Xan ağa, mən Hacı Osmanın çobanıyam... Neçə gün bundan irəli Səfiqulu xan öz dəstəsi ilə gəlib, basqın eləyib bir çobanımızı yaralayıbdır... Əlli, altmış qoyunumuzu qırıb gedibdir. Vallah, bir elə köpəyimizi öldürüblər ki, o köpəyin əvəzində olardan üç-dördünü qırsaydıq, genə ürəyimiz dincəlməzdi... İş belə getsə, o köpəyin qanını biz yerdə qoymayacağıq... Xan. Səsini kəs, heyvərə! Baxınız, belə heyvanlar ilə qızım məni qohum eləyib... Hacı Sadıq (Vəliyə). A kişi, dəlisən, nədir, otur yeridə, axmaq... Mirzə Həbib. Çoban ki, çoban... Belə vücuddan artıq nə gözləmək olardı?.. Axmağın biri... Leyla xanım. Xan, cəmi bəşər, nəbatat, heyvanat arasında şəfqətsiz bir təbii qanun var: biri mübarizə əmridir, biri övladın baqi qalması uğrunda mübarizə və buna bağlı övlada biixtiyar məhəbbət... Bu qanuna görə siz Zəhra bəyimi sevməlisiniz, sevirsiniz və heç bir halda o məhəbbətdən əl çəkə bilməzsiniz... Nə qədər acıqlı olasınız, genə o qanunun altından qaça bilməzsiniz. Ölənədək: Zəhra, qızım, – deyib bağrınıza basacaqsınız. Belə olan surətdə çağırınız Zəhra bəyimi, ona xeyir-dua veriniz, Allah da sizdən razı olsun... Bununla bərabər ədavəti də aralıqdan götürünüz... Yusif. Xan! Dünyada həkimanə, insana layiq rəftarın əvvəlinci şərti güzəşt etməkdir. Belə olmasa, xan, dünyada daş-daş üstə qalmazdı. Aləm bir-birinə düşmən olardı... Bizim yoldaşlar Mikayıl, Zəhra bəyim namünasib iş görməyiblər... Günah sahibi deyillər. Ona görə rica edirik ki, siz də həkimanə, şəfaətli olub köhnə işlərdən əl çəkib, güzəşt edəsiniz... Züleyxa. Xan, insanın qiyməti onun əməlinə görədir... Xan, bağışlayasınız, Səfiqulu xanın halından, işlərindən müxbir olduq, belə qət elədik ki, onun qiyməti ikicə quruş da deyil... O ki qaldı Mikayıla, ona qiymət qoymaq olmaz... O gecə-gündüz azarxanada fəqir-füqəraya müalicə edib, bimənzur zəhmət çəkir... Xan, Şah Təhmasib babamızın zamanı keçib, güzəşt ediniz... Ədavəti puç ediniz... Mikayıl ilə bərabər azarxanada çalışanların biri də Zəhra bəyimdir... Onun xatirinə dəymək günahdır... Xan. Bu balaca xanımın buyurmağına görə, mən köhnələr cümləsində oldum. Haqdır. Bizim ərənlərimizdən bizə irsdir: bir söz ki, ağzımızdan çıxdı, qurtardı getdi. O sözdən qaçmaq, ya o sözü dəyişmək ola bilməz... Səməd xana mən söz vermişdim ki, qızım Zəhranı verəcəyəm onun oğlu Səfiqulu xana... Zəhra mənim əmrimdən çıxıb getdi, bir qeyri oğlana yoldaş oldu. Ona görə ta o mənim evimə qayıda bilməz. Doğrudur, var-yoxum əldən gedib, amma nəslim itməyib və itə də bilməz. Məni öldürmək olar, həbsdə çürütmək olar, amma adımı dəyişmək olmaz. Cavad bəy. Xan, eşitdiniz bu balaca xanımların nitqlərini? Beş-altı il bundan əqdəm mümkün olardımı bir belə məqam, bir belə halət? Xeyr, ağla da gəlməzdi... Bu nədir bəs? Nə əlamətdir? Buna təzə əsr deyirlər... Xan, Şərq oyanıb... Qara buluddək asimanda bərq şəfəqilə, göy gurultusu ilə nərə çəkib irəli gedir... Dayanmaz! O yerişi dayandırmaq mümkün olmayacaq. Nə xan, nə bəy, nə dərviş, nə seyid, nə molla, nə qazi, nə müctəhid, nə padşah... Əkinçi qardaşlar min ildən artıq zülmətdə, cəbr altında qalıb. İndi inqilabdan sonra gözlərini açıb, ixtiyarların qanıblar... İşçilər bədəstur elə... Oların gələcək yolları işıq, parlaqdır... Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... Xan, qoy köhnələr yansınlar, batsınlar... Cavanlarımız ayıq olub, çox yaşasınlar. Sazəndələr, qurban sizə, marş!.. Səhnənin dalında marş çalınır, cift-cift gedirlər. Xan (tək). Qızım Zəhra, təzə əsr məni məğlub etdi. Gəl! Gəl, qızım, gəl ayaqlarından öpüm... Gəl... Taxsırımdan keç... Gəl, balam, gəl, əziz balam... (Bihuş yıxılır səndəli üstünə.) Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-teze-esrin-ibtidasi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.