Yağışdan çıxdıq, yağmura düşdük Nəcəf bəy Vəzirov (1854–1926) Yağışdan çıxdıq, yağmura düşdük (Komediya, 4 məclisdə) Əhli-məclis Hacı Qəmbər – əlli yaşında, sövdəgər Dilbər xanım – qırx altı yaşında, onun övrəti Cavahir xanım – on səkkiz yaşında, onların qızı Yetər – qulluqçu, on altı yaşında Cəbi – nökər, qırx səkkiz yaşında Hacı Salman – tacir Mayor Xudaverdi bəy – xaşalqarın Əşrəf bəy – cavan oğlan, Dilbər xanımın bacısı oğlu, oxumuş Dəyirmançı Qıdı kirvə – gödək, qoca kişi, üzü qırxıq, uzun sallama bığ Molla Səfi Aşıq Vəli Tıntın İmamqulu – başmaqçı Mahmud – Əşrəf bəyin nökəri * * * Əvvəlinci məclis Cavahir xanım (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.) Əşrəf bəy (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan? Cavahir xanım. Sənə qurban olum, ay xala oğlu, nə yaxşı sən gəldin. Evimiz yıxılıbdır, başına dönüm. Əşrəf bəy. Nə olub, ay qız, nə olub? Cavahir xanım. Nə olacaq? Hacı Salmanı tanıyırsanmı? Evi yıxılmış biçarə atamı tovlayıb, var-yoxunu əlindən alıb verib baramaya, indi deyirlər ki, Qara dəryada gəmi qərq olub, tamam barama batıb... Atam bu əhvalatı eşidən kimi başına hava gəlib, olub dəli, evdən qaçıb. Anam da pir, ocaq qalmayıb ora qaçmaya, bir molla və seyid qalmayıb, ona dua yazdırmaya. Özü də evdən baş götürüb itib. Əşrəf bəy. Bu yaxşı iş olmadı... Həkim gətirmisizmi? Cavahir xanım. Həkim-zad nə qayırır?.. Ancaq qalmışıq kişinin həşrinə, bilmirik nə çarə edək. Əşrəf bəy. Bəs hacı özü haradadır? Cavahir xanım. Mən sənə deyirəm ki, atam belə. adəticə olub dəli. Nə qədər yalvardım ki, ata, sənə qurban olum, getmə, bir az yat dincəl, məni də itələyib yıxdı ora, ayaqyalın, başaçıq, hədərən-pədərən danışa-danışa getdi. Əşrəf bəy. Yaxşı ki, mən gəldim. Heç fikir eləmə, Cavahir, mən bu saat gedib lazımı binagüzarlıq elərəm. Həkim gərək, dərman gərək. Lazımdır hacını evdən çölə qoymamaq. Cavahir xanım. Gözlərinə qurban olum, Əşrəf... Bax, səni qoymayacağam gedəsən, ta ki, atam yaxşı olub, dürüst sağ olanacan. Əşrəf bəy. Durmaq yeri deyil, dəxi mən getdim... Ancaq xalam gələndə deyərsən ki, çox cəzə-fəzə eləməsin, Allah qoysa yaxşı olar. Cavahir xanım. Get, Allah səni bizə çox görməsin. Get, Allah fəryadına yetsin. (Əşrəf gedir.) Pərvərdigara! Şükür sənə. Mənim bacılarım hərəsi gedib bir Allah bəndəsinə, öz evlərində rahat dolanırlar. Mən bədbəxt gərək belə müsibətə düçar olaydım?.. Mal-dövlət əldən gedib. Bundan sonra bizim günümüz nə təhər keçəcək, Allah bilir?! Yazıq canım, fağır canım! Dilbər xanım (daxil olur, yorulmuş, bikef). Cavahir, o suyu mənə ver, dilim ağzımda yanıbdır, ayaqlarım qəbər olub... Görəsən mən hansı saatda dünya üzünə gəlmişəm? Mən olan günə daş düşəydi! Elə bu qalmışdı ki, qəza bizim başımıza gətireydi? Cavahir xanım (su verib). Ana, gəlsənə ayaqlarını isti su ilə yuyam. Dilbər xanım. Lazım deyil, bala, gedəcəyəm... Cavahir xanım. Heç yerə getmək lazım deyil... İndi elə bu saat Əşrəf dava-dərman gətirəcək. Dedi ki, xalam çox cəzə-fəzə eləməsin və qorxmasın. Heç zad olmaz. Atamı da bu saat gətirəcəkdir. Dilbər xanım. Əşrəfin gəlməyi yaxşı oldu... Sizə canım qurban, şəhər tamam dəyib bir-birinə. Hara gedirəm gədələr məndən əl çəkmirlər. Biri deyir pirə apar, biri deyir dua yazdır, birisi hırıldayır, birisi yalandan, guya ki, bizim dərdimizə qalır... Mən də inanıram... Nə bilim? Adamın əli yananda ağzına təpər... Mənə hər nə deyirlər, mən də onun dalınca gedirəm. Nə bilim? Hacı Salmanın evin Allah yıxsın, balaları qırılsın! Cavahir xanım. Allaha yalvarmaqdan savay əlimizdən nə gələr? Dilbər xanım. Məscid qabağında dizi üstə çöküb, nə qədər yalvarmışam, nə qədər söz demişəm. Cavahir xanım. Yavaş bir, deyəsən atamı gətirirlər. Əşrəf bəy (çöldən). Ay kişi, vallah, billah, tallah, mən səni aldatmıram... Bəri gəl, sən nə təhər adamsan? Bəri gəl deyirəm sənə. Bir gəl, de nədir sözün. Hacı Qəmbər, Əşrəf bəy və Cəbi daxil olurlar, Dilbər xanım, Cavahir xanım hacını qucaqlayıb Dilbər xanım. Ay kişi, evindən niyə qaçırsan? Bəri gəl, bir az dincəl. Cavahir xanım. Ata məgər bizə sənin yazığın gəlmir? Əşrəf bəy (acıqlı). Allahı sevərsiz, danışdırmayın, oturun yerinizdə. Nə xəbərdir?! Hacı Qənbər – Bir belə cəhəlkar adamlar olmaz, mən deyirəm: Fikrində idi bir neçə turac ilə kəklik vursun, Əvəzində oların sərçəni bozbaş edən əst. O deyir, xeyr, qardaş, belə deyil... Bat-bat bexur, net rabatay. Yaramadı, getdi, batdı, itdi... İndi bunun cavabı nədir? O deyir: qaz vur, qazan dolsun. Mən deyirəm: xeyr, qardaş, yaramaz, bat-bat bexur, net rabatay! İndi yaydır, qazlar uçub gediblər... Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxalatdırım, Hacı Salmana qonaq gedim, o deyir: xeyr, olmaz, bat-bat bexur, net rabatay. Gəmi batdı, it də getdi, ip də getdi... Bu da beləsi... İndi necə olsun, Əşrəf, sən ağıllı oğlansan, buna nə deyirsən? Əşrəf bəy. Mən deyirəm yorulmusan, get yat, bir az dincəl. Hacı Qənbər. Təəccüb iş burasıdır ki, iki qulaqlarımın birisi mənə düşməndir, birisi dost... Sağ qulağım çığırır ki, vurulan qafilə sənindir, kirədar neçün ağlar? Sol qulağım çığırır: yalan deyir, çox qələt eləyir, bat-bat bexur, net rabatay. O dolu sandıqlar sağ olsun, biri ləl, biri cavahir... Sağ qulağım deyir ki, yüz min təbib neynəsin, bir fələk qarğamışa. Sol qulağım deyir: qələt eləmə, bir şəm ki, haqdan yana, heç bad ilə sönməz. Kafir uşaqları məni lap təngə gətiriblər, bilmirəm hansına inanım... Amma Hacı Salmana bir düdəməyi-hindi ilişdirməyim var... Belədir, Cəbi, ya yox? Cəbi. Sənə gələn dərd-bəla gəlsin Cəbinin balalarına, yazıq ağa! Hacı Qəmbər. Ayağımın birisi deyir: dərya topuqdandır, o birisi deyir: həri, ha-ha... Dərya Bakının neft quyularından da dərindir, ora düşən, get ay batandan sonra gəl. Bat-bat bexur, net rabatay... O qaldı İsrafilin düdək çalmağına. Yat ki, yatacaqsan... (uzada-uzada) Gəmi... dərya... barama... Hacı Salman... Hacı Qəmbər... qutrats!.. Cavahir xanım. Ata, heç bilirsənmi, gecədən nə keçibdir? Gəl gedək yataq, gəl, canım sənə qurban. Gəl axır biz də yazığıq! Hacı Qəmbər. Gedək yataq. İsrafil zurnasını çalanacan (əlini ağzına tutub) du-u-u! Ay İsrafil qardaş, du-u-u!.. öləsən də yatıb durmayacağam, du-u-u!.. (Gedirlər.) Əşrəf bəy. Xala, sən heç fikir eləmə, Allah qoysa hacı bir-iki günə yaxşı olar. O ki qaldı dövlətin əldən getməsinə, o barədə genə fikir lazım deyil. Mənim canımın da, malımın da təəllüqü var sizə. Mən bir gün də qoymaram ki, siz üsrət çəkəsiz. Mənim sizdən savay bir kəsim yoxdur. Dilbər xanım. Allah səni bizə çox görməsin, həmişə ümid yeri eləsin, ay Əşrəf... Ancaq yaman bəlaya düşdük. Əşrəf bəy. Sənin canın üçün, xala, hacının bu əhvalatından artıq məni bu gün müsəlman qardaşların hərəkəti qəmgin edibdir. Biçarə kişini bir hoydu-hoyduya götürmüşdülər ki, Allah göstərməsin... Vəhşi, nadan tayfa! Dilbər xanım. Doğrudur, başına dönüm, Allah onların zülmün artırsın. İmamqulu otağa girmək istəyir. Cəbi. Sən nə istəyirsən, qardaş? Nə üçün gəlmisən? Nə var burada, qoymazsız görək dərdimiz nədir? İmamqulu (burnunda). Gəlmişəm sənin sifətinə baxmağa... Rəhmətliyin oğlu, belə dur görüm... Əlbəttə, işim var ki, gəlirəm də. Əşrəf bəy. Cəbi, qoy gəlsin görək nə deyir (gəlir). Nədir sözün, qardaş nə istəyirsən? İmamqulu. Heç, bir elə artıq iş yoxdur... Deyirlər ki, hacı belə olubdur (şəhadət barmağın salıb ağzına çıxardır). Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm. Vəssalam. Nə lazım, qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. Əşrəf bəy. Buyur görək nə hesabdır. İmamqulu. Hacının özünü görmək olmazmı? Dilbər xanım. Hacı naxoşdur, yatır. Nədir sözün onu de? İmamqulu. Hacını bu gün bazarda gördüm. Allah göstərməsin, çox yaman gündə. Allah kömək eləsin. Nə deyim... Ancaq, qardaş, bir çin külfətim var, zarafat deyil. Əşrəf bəy. Allah xatirinə, qardaş, sözünü de, rədd ol, tul eləmə. İmamqulu. Niyə belə tələsirsiz, ay bəy? Sizi mən burada yemirəm ha. Əşrəf bəy. Əstəğfürullah! Ay tıntın qırışmal, hesabın nədir, onu de, artıq bizə niyə əziyyət verirsən? İmamqulu. Ay bəy, niyə belə kəmhövsələsən? Deyirəm, qardaş, hesabım var, hacı özü yaxşısını bilir. Əşrəf bəy. Cəbi, Allah xatirinə bu kişini çölə çıxart! Füzul oğlu füzul, ovqatımızı təlx elədi. Nə qanır, nə qandırır. İmamqulu. Qanmayanda mən də hacı kimi dəli olmamışam! Belə ona bir cüt başmaq tikmişəm, onun pulunu istəyirəm, vəssalam... Zarafat deyil, qardaş, bir naxır külfətim var. Əşrəf bəy. Tfu, füzul oğlu füzul! Pulu nə qədərdir, ayı, pulu? Qanırsanmı? İmamqulu. Sən məni söyə bilməzsən, ixtiyarın yoxdur! Cəbi. Ala bu sənin bir manatın, sürün buradan cəfəng oğlu cəfəng, yoxsa çənəni oynadaram! İmamqulu (gedə-gedə). Sən öləsən, heç yel də olub yanımdan ötə bilməzsən. Cəbi. Rədd ol, heyvan! (Gedirlər.) Əşrəf bəy. Vay müsəlman qardaş, tərbiyəsiz, vəhşi qardaş... Xudaya, nə vaxt biz bədbəxtlər elm tapıb, heç olmazsa rəftarın qaydasını öyrənəcəyik? Hər bir müsibətdən artıq bizim nadan olmağımızdır. Cəbi (daxil olub). Ay bəy, bundan bədtəri gəlir. Xanım sən buyur o biri otağa. Dilbər xanım. Xudaya, dəxi nə qaldı bizim başımıza gəlməmiş ola? (Gedir.) Əşrəf bəy. Qoy gəlsin görək nə buyurur. Eşidiblər ki, hacının malı batıb, özü dəli olub; onun külfətinə təsəlli vermək əvəzinə, hərəsi bir balta götürüb kişinin evin yurd eləməyə... və adlarını müsəlman qoyublar... Atəşpərəstliyə heç layiq olmayanlar... Mayor və Cəbi daxil olurlar. Mayor. Hacını görmək olarmı? Əşrəf bəy. Xeyr, hacı naxoşdur... Mayor. Cəhənnəmə naxoş olsun, gora naxoş olsun... İndi mənim taxsırım nədir ki, tərləyə-tərləyə bu uzun yolu gəlmişəm? Deyən gərək bihəya oğlu bihəya, pul almısan, niyə vədəsində vermirsən? Bir on gün bundan əqdəm lap nahaq yerə qoymadım gədələr onu saqqallayıb, bazar aşağı sürüsünlər. Əşrəf bəy. Bəy, bir az atınızın başını çəkin! Mayor. Sən nəçisən və nə cürət edib o sözü mənə deyirsən? Məni tanımırsanmı? Əşrəf bəy. Xeyr. Ancaq görürəm ki, adamsan, əlli-ayaqlı və qulaqlı... Mayor. Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdi? Əşrəf bəy (kənara). Fuş... (Mayora.) Bəy, sizdən çox təvəqqe eləyirəm uzun eləməyin, tələbiniz nə qədərdir, onu buyurun. Mayor. Qabaqca mənim sualıma cavab ver görüm Məhəmmədin oğlu deyilsənmi? Xa, xa, xa! Xalqa it hürər, bizə çaqqal. Əşrəf bəy. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? Mayor. Əgər mən səni bu sözün üstə bazarda gədələrimə çubuq ilə döydürməsəm, bu papaq mənə haram olsun! Səbr elə! Əşrəf bəy. Mən əgər bilsəydim ki, siz mənim sözlərimi başa düşə bilərsiz, yaxşı cavab verərdim... Çifayda... Yaxşısı budur ki, tələbinizi buyurasız. Mayor. İndi hər nə istəyirsən de, qəbulumdur. Ancaq axırını gözlə, gör başına nələr gətirəcəyəm. Əşrəf bəy. Təvəqqe eləyirəm müzayiqə eləmiyəsiz... Tələbinizi buyuruz. Mayor. Aşkara deyirəm: hərgah mənim iki yüz əlli manatım bu saat özümə çatmasa, bu evin palaz-paltarın çölə tullayacağam. Canım, Mirzə Petros bir ağıllı kişidir, doğru deyir. Hacı olub dəli. Dəliyə gərək qəyyum tikilə, ondan sonra mənim pulum özümə çata... Mən onu gözləyə bilmərəm, heç vaxt! Əşrəf bəy. Yəqin hacının sizdə təməssükü var, çıxardın görək. Mayor. Əlbəttə var. Onsuz mən bir adama pul vermərəm. Ala. (Verir təməssükü.) Əşrəf bəy. Siz də buyuruz: bu bir yüz, bu iki yüz, bu da əllisi... Təvəqqe eləyirəm, bilatəxir təşrif aparasız. Cəbi (qapını açıb). Ağa, izal olun! Mayor. Neylək, eybi yoxdur, qeyri hesablarımız dursun görək. (Gedir.) Cəbi. Haqqınız çatdı, kifayətdir, buyuruz!.. Buyuruz, ağa! Əşrəf bəy. Cəbi, Allahı sevərsən, get darvazanı bağla, dəxi mən təngə gəldim. Cəbi gedir. Əşrəf bəy (tək). Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, cəmən zəlalətdədirlər... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, bədbəxt, biçarə müsəlman!.. Cəbi (tələsik daxil olub). Ay bəy, muştuluğumu ver, Hacı Salman əlində bir kağız “xeyir xəbər, xeyir xəbər” çığıra-çığıra budur gəlir! Əşrəf bəy. Heç küyə salma, qoy gəlsin görək nə xəbərdir? Gedir qapıya tərəf, Hacı Salmanın səsi gəlir. Əşrəf bəy (qapı ağzında). Allah sizi xeyir xəbər eləsin, hacı əmi, buyurun görək! Hacı Salman (daxil olub). Hacı əmin sənə qurban, bu teli bir oxu. Əşrəf bəy (oxuyur). Рагим в Батуме, груз был застрахован 90 тысяча рублей, ура! Mexti. Mehdi yazır ki, Rəhim Batumda, yük straxovoy olunub doxsan min manata. Hacı Salman. Yük, yəni barama. Şükür olsun pərvərdigara... Rəhim mənim oğlumdur, Mehdi bacım oğlu... İndi bilirsən, qadonu alım, nə var? Mən burada qala bilmərəm, çünki gərək özümü maşına yetirəm... Sabah sizə tel vurram. Hacı Qəmbərə bu əhvalatı bir növ xəbər verin, bəlkə biçarə kişi bir az özün düzəldə... Hələ ki, xudahafiz. Ev adamların da mənim tərəfimdən mübarəkbad eləyin, gözləri aydın olsun. Hələ ki, xudahafiz! Durmaq yeri deyil. Əşrəf bəy. Buyurun, hacı əmi, Allah sizi xeyir xəbər eləsin. Xoş gəldiz. Cəbi. Belə sənin kimi kişiyə bu Cəbinin balaları qurban. Get, get, pəhləvanım! Get, nərim, Allah səni şad eləsin. Hacı Salman (gedə-gedə). Çox sağ ol, Cəbi, çox sağ ol. (Gedir.) Cəbi (bərkdən çağırır). Ay xanımlar, gəlin ha, ha! Allah, sənə şükür, qaz vurulub, qazan dolub. Gəlin ha, ha! Dilbər xanım, Cavahir və Yetər gəlirlər. Dilbər xanım. Dilim tutuldu, başınıza dönüm, nə var? Əşrəf bəy. Qərq olan barama əvəzində hacıya qırx beş min manat pul çatır. Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür! Cəbi. Yol verin, yol verin, ay qız Yetər, belə dur. (Ağzı ilə çalıb-oynayır.) Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür! Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər. Əşrəf bəy. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur. Hacı Qəmbər. Mən bu sözü səndən bir aydır eşidirəm. Bu gün sabah, bu gün sabah! Pəs bunun axırı nə vaxt olacaq? Doğrusu inanmıram, qardaş. Məni sən heç qınama. Rus işidir, yağmadı, bitmədi... O zaftra, zaftranı mən çox görmüşəm. Ta ki, pul gəlib əlimə çatmasa, rahat ola bilmərəm. Vəssalam. Əşrəf bəy. Mən sizi heç qınamıram, ancaq onu mənzur eləyin; həkim bir kəlmə deyir ki, əgər hacı xiffət eləsə, fikir eləsə naxoşluğu təzədən geri qayıdacaq. Özüvüz bilin. Hacı Qənbər. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, əgər bu iş dürüst olmasa, mən gərək Hacı Salmanı dünya üzündə qoymayım sağ qala. Vəssalam. Zalım oğlu zalım elə “qaz vur, qazan dolsun” deyə-deyə mənim evimi yıxdı. Əşrəf bəy. Bu sözü tək mən demirəm, bu xəbəri tamam şəhər danışır. Əgər siz bu tellərə də inanmayanda, mən dəxi bilmirəm sizi nə tövr inandırım. Hacı Qəmbər. Əşrəf, sən hələ uşaqsan, dünyanın işin bilmirsən. Hər saatın bir hökmü olar... İşdir, olmadı, olmadı; yağmadı, bitmədi... Mən özümü güclən inandıra bilmərəm! Əşrəf bəy. Eybi yoxdur, inanmırsız inanmayın, əlbət pul gələndə inanarsız. Dilbər xanım (daxil olub). Deyirəm, Əşrəf, dünyanın işinə bax, o gün gözümün içinə hırıldayanlar bu gün bilmirlər mənə nə qayda gözaydınlığı versinlər... Məsciddən evə gələnəcən yol uzunu bir arvad qalmayıb deməsin: “A Dilbər xanım, gözünüz aydın olsun, Allaha şükür, pulunuz çıxıb”. Mən də ürəyimdə dedim: “Ölün, canınız çıxsın”. Əşrəf bəy. İndi gəl kişini inandır ki, bu xəbər doğrudur. Hacı Qəmbər. Allahı sevirsiz, məndən əl çəkin. Nə istəyirsiz? Mən bilirəm mənim evim yıxılıbdır, dəxi artıq danışmaq nə lazım?.. Mən uşaq deyiləm ki, başa düşməyim. Mənə siz təsəlli verirsiz ki, mən artıq fikir eləməyim; qorxursuz ki, naxoşluğum geri qayıda. Əşrəf bəy. Pa-a-a, rəhmətliyin oğlu, bizi lap ələ salmısız. Biz şadlığımızdan bilmirik nə eləyək, bu da elə öz dediyin deyir... Vallah, sizin acığınıza Aşıq Vəlini çığırıb burada qiyamət eləyəcəyəm... Axırda görək kim peşman olacaq. Hacı Qəmbər. Mənim sizlən işim yoxdur, hər nə istəyirsiz, onu eləyin... Mənim bu işim özü elə bir böyük zurnadır. Əşrəf bəy. Çox yaxşı, çox əcəb! İndi ki sizin zurnavuz var, qoy bizim də barı sazımız olsun... Cəbi! Cəbi! (Çağırır.) Bax, bu canım ölsün ki, Hacı Salman elə doğru deyib: qaz vurmusan, qazan da dolub. (Cəbi daxil olur.) Cəbi, get Aşıq Vəliyə deyinən ki, bu saat sazın da götürüb yoldaşlarilə buraya gəlsin. Cəbi. Bay, sənə qurban olum!.. Bunu çoxdan elə də! Başın üçün, Əşrəf bəy, bu xeyir xəbəri eşidəndən bəri var-yoxumdan əl çəkmişəm. Bax, bircə manat Seyid Əzimə vermişəm, bir üç manat qara pul fəqir-füqəraya paylamışam. Şükür sənə, Allah, gündə min kərə şükür! Hacı Qəmbər. Kor nə istər? İki göz, biri əyri, biri düz... Allah eləsin, nə deyirəm?.. İstəyirsiz zurnaçı da gətirin. Cəbi. Bax belə söylə, mən də deyim ki, bu gün bayramımızdır... Düşməni öldürmüşəm, canına od qoymuşam. Aşıq Vəli qonşuda! Cəbi, vur, bacının toyudur. (Gedir.) Əşrəf bəy. İndi mən bilirəm şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. Dilbər xanım. Hacı Mehdinin arvadı məni görüb deyir: “Ay qız, Dilbər, barı bu xəbər doğru olaydı... Vallah, o qədər şad olmuşam, o qədər şad olmuşam, dəxi nə deyim”. Mən də ürəyimdə dedim: “Yalansa qudurub, çiynini qapasan”. Hacı Qəmbər. Ay balam, deyəsən, mən də yavaş-yavaş inanıram axı. Əşrəf bəy. Nə lazım inanmaq? Hələ inanmayın. Qoy Aşıq Vəli gəlsin. Dilbər xanım. Bizə nə düşüb görəsən, adam alladaq? Kişi, sən özünü suya batmış toyuğa oxşatdın. Cəbi (daxil olub). Aşıq Vəli, buyur. Ay uşaqlar, siz də gəlin... Gəlin görək, nə tövr nəğmə başlayacaqsız. Aşıq Vəli (və qeyriləri daxil olub). Salam əleyküm, ağalar... Əşrəf bəy. Əleyküm salam, Aşıq Vəli. İrəli gəl görək... Sənə bir az zəhmət verəcəyəm. Aşıq Vəli. Hər nə buyursanız, nökəriniz Vəli, can-baş ilən qulluğunuzda hazırdır... Ancaq bir şey ərz eləyim. Məni Cəbi çağıranda ki, sazını da götür gəl, biədəblik eləyirəm, uşaqların anası zəli kimi yapışdı ki, bir az dayan, sözüm var... Arvad, Allaha bax, tanrıya bax, çağırırlar, məndən əl çək, xeyir olmaz, dayan... Rədd ol tünbətünün nəvəsi! Başıma bir qapaz... Dedim eybi yoxdur, sonra hesablaşarıq. İndi başınıza dönüm, qulluğunuza bir neçə kəlmə söz ərz eləyim: hansı arvaddan həzər etmək gərək? Fəda olum, hacı, bir az başağrısı verəcəyəm, əfv buyurasız... Əlhəmdülillah ki, o xeyir xəbəri ki, mən eşitmişəm, o məni artıq şad eləyib. Dilbər xanım. Hər nə deyəcəksən de, ancaq mən onu bilirəm ki, arvadsız kişiləri qarğalar basıb yeyərdi. Birisi də bax bizim bu kişicığaz. Aşıq Vəli. Hanı elə qarğalar məni basıb yeyəydilər, canım qurtaraydı Pərizadın əlindən? Axmağın qızı dünən mənim üçün başın tərpədirdi. Deyir ki, Səttar kişinin arvadı alışdım-yandımdan özünə libas tikib, nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib, kimi zər-zərdən, kimi zərxaradan, kimi gendədurdan, kimi qonşunun canıçıxsından. Nə bilim, başına dönüm, qana da bilmirəm qulaqlarım tıqqıldayır. Deyirəm, ay arvad, nə olsun axı? Deyir belə dərd olsun, vərəm olsun! Sən də aduvu kişi qoymusan? Başıma bir qapaz. Bizim Pərizad indi belə Pərizaddır. (Gülüş) Əşrəf bəy. Bəs hansı arvaddan həzər etmək gərək, Aşıq Vəli, de görək. Aşıq Vəli. Ərz eləyim, ay ağalar, o arvaddan həzər etmək gərək ki, sübhdən axşamacan dodağının altında həmişə donquldana. Əşrəf bəy. Xalasına lənət!.. Aşıq Vəli. Genə o arvaddan həzər etmək gərək ki, təzə ərinin yanında rəhmətlik ərini tərif eləyə. Cəbi. Bizim Şahsənəm kimi. Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həmişə öz baxtından şikayət eləyə. Əşrəf bəy. Afərin, Aşıq Vəli... Dalı gəlsin. Cəbi. Ağa, birini də mən deyimmi? Hacı Qəmbər. Bacarırsan de, Cəbi. Dilbər xanım. Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə! Cəbi. Al gəldi, Aşıq Vəli! O arvaddan həzər etmək gərək ki, hansı ki əri evə gələndə sımsığın sallaya, əri evdən gedəndən sonra şıllaq ata. (Gülüş.) Əşrəf bəy. Aşıq Vəli, al üstün. Aşıq Vəli. Yenə o arvaddan həzər etmək gərək, Əşrəf bəy ki, cavanlığında min bəd əməl eləyib, axırda mərsiyəxanlıq bina edə. Hacı Qəmbər. Mən ömrümdə arvad mərsiyəxanının cəmini elə gördüm. Lənətüllah!.. Əşrəf bəy. Aşıq Vəli bu gün qiyamət eləyir. Hm, dalı gəlsin! Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həftədə birinə siğə olmuş ola. Cəmən. Xa, xa, xa!.. Cəbi. Aşıq Vəli, demə ki, qanmadı ha, axırda mənə sataşdın. Sən öləsən, hərgah bu söhbəti Bədirnisa xalam eşitsə, sənin bığında bir tük qoymaz qala. Aşıq Vəli (sazı kökləyə-kökləyə). Bədirnisa xala, Əşrəf bəy, bir elə artıq siğə olmayıb. Bir Kərbəlaya gedəndə olub, bir Xorasana gedəndə, bir, iki ya üç mərsiyəxana, bir üç-dörd mollaya, vəssalam. Bir yol da meylində var idi ki, nökərinizə siğə olsun, Pərizaddan qorxdum. Cəmən. Xa, xa, xa!.. Xa, xa, xa... Aşıq Vəli. (çalıb oxuyur) – Ey əzizim, uyma bu puç dünyayə, Axır salar səni yaman sevdayə. Nazü nemətinə çox həris olma, Allanma dövlətə, gəzgilən sayə. Təhtanı, fövqani qəsrinə baxma, Xəz xirqəsinə su kimi axma. Qızıl eynəkləri fəxr edib taxma, Mübahat eyləmə zərrin əbayə. Bunlarmıdır, gözüm, insana ziynət? Bunlarla insanlıq olmaz həqiqət. Lazımdır insana, bil ki, mərifət, Mərifətsiz vermə ömrün fənayə. Adımı soruşsuz, Aşıq Vəliyəm, Axtarmayın ağıllı, ya dəliyəm, Nə Bakı, şirvanlı, nə gəncəliyəm, Hardan olsam, bir bəndəyəm xudayə. Hacı Qəmbər. Ay sağ ol, Aşıq Vəli. Çox sağ ol, qardaş!.. Yaxşı sözlərdir. Dilbər xanım. Bərəkallah, bərəkallah, Aşıq Vəli! Əşrəf bəy. Gəlsin qulluği-şərifinə bir üç danə manat. (Üç manat verir.) Aşıq Vəli. Şərafətiniz artıq olsun, ay bəy! Allah o günü eləyəydi ki, sizin də toyunuzu görəydim. Dilbər xanım. Aşıq Vəli, indicə dedin ki, hansı arvaddan həzər etmək gərək. Əgər hünərin var, de görək kişilərin hansından həzər etmək gərək? Aşıq Vəli. Belə mənim bax bu gözüm üstə! Qulaq as, xanımcan, bir-bir ərz eləyim... Əvvala kişilərin şərir, biirzinə lənət. Dilbər xanım. Qoçum, Aşıq Vəli, çox de! Aşıq Vəli. Üzdə bir, batində qeyriyə lənət! Əşrəf bəy. Amin! Aşıq Vəli. Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət! Əşrəf bəy. Vallah, Aşıq Vəlinin bu sözləri layiqdir ki, minbərdən deyilsin. Mərhəba, mərhəba, Aşıq Vəli. Aşıq Vəli. Məqami-ehtiyacda dost olub, sonra dostluğu, aşnalığı kəsənə lənət! Əşrəf bəy. Bərəkallah, Aşıq Vəli, de, qardaşım, de! Aşıq Vəli. Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! Ay Cəbi, mən ölüm, əgər acığın tutsa da, Allaha pənah, sənin özünə də lənət ki, Zeynəb arvadın oğlunu, divanda yalandan and içib şəhadətlik edib, vilayətdən yox elədin! Biçarə arvad əli qoynunda, nalə edə-edə qalıbdır. Cəbi. Odur ki, Allah məni gündən-günə zəlil edir də! Doğru deyirsən, Aşıq Vəli, Allah səbəbə lənət eləsin. Hacı Qəmbər. Bu söhbəti qoyun dursun... Aşıq Vəli, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Başla görək, qəza başımıza nə gətirəcək. Aşıq Vəli. (çalıb oxuyur) – Ay ağalar, qulaq verin ərzimə, Sizlərdən elərəm bu iltiması. Cəhd eləyin dünyayə bənd olmayın, Heç kimə olmayıb dünya vəfası. Allanma dünyanın mülkü malına, Nə qədər çox olsa, çoxdur cəfası. İnsanın ziynəti elmdir, ədəb, Nə xirqəsi xəzdən, tirmə libası. Hacı Qəmbər. Çox sağ ol, Aşıq Vəli, çox sağ ol. Qıdı kirvə (daxil olub). Adə, nə çox adam vaaar!.. Hacı Qəmbər kirvə, Allah saxlasun, bağışla bir az vurmuşam, kepim kökdür... Xanım, Allah saxlasun... Paaa, Əşrəp bəy, Əşrəp bəy, Allah saxlasun! Kepin-damağın, Allah səni də saxlasun, ay Cəbi... Allah sizi də saxlasun, ay uşaqlar! Allah məni də saxlasun. Bir az vurmuşam, bağışlayın. Hacı Qəmbər. Necəsən, ay kişi, çoxdandır səni görmürəm. Necə dolanırsan, qocalmamısan ki? Qıdı kirvə. Allahın dövlətindən kepim çox yaxşıdır... Bir az da vurmuşam, pışdırım çalıram. Gecə-gündüz dəyirman işləyir, qatırlarım saz, kepim saz. Tut arağı bol, çaxır bol, kartoflu qazanı da ocaq üstündən düşmür... Əşrəp bəy kimi otuz qonaq gəlsə, qonşuya getmərəm, dükana getmərəm, elə toyuq kəsərəm, biri bir quzu kimi. Əşrəf bəy. Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahıl arvad almısan, doğrudurmu? Qıdı kirvə. Ərz eləyim qulluğuva. Elə ki, bizim pağır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm. Əlacımı Allah kəsdi, getdim bir qocapəndi dul arvad aldım gətirdim. İndi kepim saz, öz qarımla dolanıram. Əşrəf bəy. Ay Qıdı kirvə, eşitmişəm ki, sən bizim hacıyla lap uşaqlıqdan aşnasan, doğrudurmu? Qıdı kirvə. Mən sənə bir-bir nağıl eləyim, Əşrəp bəy, sən də qulaq as, kepin kök olsun... Mən hacını on iki yaşından tanıyıram. Mənim rəhmətlik atam, Allah sizinkinə də rəhmət eləsin, sağ idi... İki də eşşəyimiz var idi. Mən buğda daşıyırdım dəyirmana. Hacı həmişə bizim kəndə gələndə bizim otağa düşürdü... Belədir, Qəmbər? Hacı Qəmbər. Belədir... Doğrudur. Qıdı kirvə. Buna mən bu gün elə hacı deyirəm ha. Həmişə mən Qəmbər deyirəm. Qulluğuza ərz eləyim, Əşrəp bəy, bu cahıl vaxtı bir laçın oğlandı, bir laçın oğlandı ki, bərabəri yoxdu... Əşrəp bəy, bir az səbr elə, bir burunotu çəkim. (Yavaş-yavaş burunotu çəkir.) Mən özüm də çox qoçaqdım ha! Elə indi bu saat da genə zalım adamam... Müsəlmanlar yorğan-döşəkdə xoruldaya-xoruldaya yatan vaxt mən şəhərə gedib, ev yiyəsini güclən durdurub, dən apararam dəyirmana... Qol yoğunluğunda buğlarımdan buz sallana-sallana gecələr iş görərəm... Bu hacını görürsən, Əşrəp bəy? Ha bunun anası ölsün, bir belə zalım oğlan heç olmaz idi. Vallah, elə gecələr ki, göz-gözü görmür, yağış göydən tökülür, elə bil ki, sel gəlir, görürdüm ki, Qəmbər qabağında bir eşşək, suyun içində, budur gəldi... Qıdı, qapını aç! Rəhmətlik atam deyirdi ki, balam bu gədə dəlidir, nədir... Belə gecələrdə çölə çıxmaq olar ki, bu səpərə çıxır? Dilbər xanım. Amma indi ikicə qara pula dəyməz. Qıdı kirvə. Yox a! Elə genə kalapası durur... Bir gün, Əşrəp bəy, Qəmbər dalında bir dağarcıq dən gətirib, mən də dəyirmanda... Səbr elə, burunotu çəkim... Haa... gəldi ki, Qıdı, bu dəni gərək üyüdəsən! Dedim, ada, görmürsən ki, təknə doludur?! Yox, olmaz... Bu dedi, mən dedim, axırı ki, özgənin sarı buğda unuyla dağarcığı doldurmuşam ki, get! Hələ getməyəcəyəm... Gərək bir kömbə də yeyim gedim! Ada, Allaha bax ki, vallah olmaz... Olmadı, kömbə də bişirdim... Peşman oldum dedim ki, “durum içim arağı”. Qəmbər başladı “sonra qırxgilən parağı”. Ada, parax nədi? Ki, bəs it adıdır... Bi!.. Sənin evin yıxılsın gədə! İndi başına dönüm, Əşrəp bəy, bu Qəmbər belə Qəmbər idi... Baxışlayasız, çox naqqallıq elədim, gedim görüm qatırlarım necə oldu. Cəmən. Xoş gəldin. (Qıdı gedir.) Aşıq Vəli. Ağalar, mən də qulluğunuzdan mürəxxəs olum. Əşrəf bəy. Xoş gəldin... Allah qoysa genə görüşərik. (Aşıq Vəli Cəbiynən gedir.) Hacı Qəmbər. Mən bir belə dayanatdı erməni görməmişəm. Bunlar mənə o qədər hörmət ediblər ki, ölənəcən yadımdan çıxmaz. Əşrəf bəy. Görünür ki, qoçaq adammış. Görəsən bunun bir yetmiş sinni olarmı? Hacı Qəmbər. Gərək artıq olsun. Cəbi (hövlnak daxil olub). Ağa, sənə qurban olum, Hacı Salman elə gəlir, elə gəlir, ildırım kimi! Əşrəf bəy. Əlhəmdülillah! Hacı Qəmbər. Qabağa çıx, ay gədə, tez ol! Ya Allah, sən özün rəhm elə! Hacı Salman (içəri girməmiş). Cəbi, ay gədə, hacı evdədirmi? Cəbi. Evdədir, başına dönüm, evdədir. Buyur, buyur, sənə qurban olum. Hacı Salman daxil olur, əlində qayış torba. Hacı Qəmbər və Əşrəf bəy ayağa dururlar. Hacı Salman (kənardan). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? Hə, necəsən, yassar kişi? Qorxaq kişi! Dəxi mənəm-mənəm deməyəcəksən ki? Əşrəf bəy, salam əleyküm. Əşrəf bəy. Əleyküm salam. Hacı əmi, özü doğru, sözü doğru, biəvəz kişi! Hacı Salman (əlin Hacı Qəmbərin çiyninə qoyub). Hacı yoldaş, dəxi bundan sonra başına hava gəlməyəcəkdir ki? Bazara çıxıb məni söyməyəcəksən ki? De görüm!.. Hacı Qəmbər. Keçənə güzəşt deyərlər. Bəri gəl üzündən öpüm! Hacı Salman. Nə tövr ki, sənin xahişindir. (Öpüşürlər.) Əşrəf bəy, sənin canın üçün, maşından düz buraya gəlmişəm, heç evdən xəbərim yoxdur. Dedim ki, gərək qabaqcan kişini sakit edəm, sonra evə gedərəm... İndi, hacı qardaş, bu pulu say, mənə də bir qəbz şəfaət elə, sonra qulluğunuzdan mürəxxəs olum... Evdə də bilirəm nigarandırlar. (Hacı Qəmbər pulu sayır.) Əşrəf bəy. Bu gün sabahdan indiyə kimi hacını inandıra bilmirəm ki, siz gələcəksiniz və qırx beş min manat pul gətirəcəksiniz. Hacı Salman. Zarafat iş deyil, Əşrəf bəy, qırx beş min manat ağızda deyilir. Siz onu heç qınamayın. Cəbi (Hacı Salmana). Hacı, ağa, bilmirəm, vallah, sənin əlindən öpüm, ayağından öpüm... Allah ömrünüzü uzun eləsin, hər bir xətadan, bəladan saxlasın! Hacı Salman. Allah razı olsun, ay Cəbi. Mən burada bir artıq iş görməmişəm... Kömək Allahdandır... Hə, hacı yoldaş... hamısı qatdanmamış yüzlüklərdir ha! Əşrəf bəy. Şükür Allaha ki, hacı dincəldi. Yoxsa yediyimizi-içdiyimizi bizə haram edəcəkdi. Hacı Salman. Qınama, qınama, Əşrəf bəy. Allah heç bəndəyə göstərməsin, böyük müsibət idi. Zarafat deyil, qırx ildə əziyyət çəkib yığdığın dövlət bir gündə əldən gedə, qalasan müflis. Hə, hacı, saydın? Hacı Qəmbər. Bəli, buyur bu da qəbz. Allah sizdən razı olsun... İndi gəl, dübarə üzündən öpüm. Hacı Salman. Ay yazıq kişi... Gəl. (Öpüşürlər.) Hələ ki, xudahafiz. Cəmən. Xoş gəldüz, Allah razı olsun! Hacı Salman (gedə-gedə). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? (Gedir.) Hacı Qəmbər (dizi üstə çöküb üzü qibləyə). Xudavənda! Şükür böyüklüyünə... Qurtardım zillətdən. Cəmən. Gündə min kərə şükür! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur. Əşrəf bəy. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var? Dilbər xanım (daxil olub). Bizə nə yaxşı qonaq gəlib, ay Allah! Əşrəf, yaxşısanmı, başına dönüm? Bir belə müddətdə bir yol heç olmasa bir kağız da yazmırdın... Bir adam da göndərmirdin. Əşrəf bəy. Sizin canuvuza, macalım olmur, gecə-gündüz əlləşirəm; əkinçilikdir, nə bilim bağdır, dəyirmandır, asudə deyiləm... Dilbər xanım. Hacı hər gün xəbər alır görəsən nə oldu ki, Əşrəfdən bir xəbər çıxmadı? Əşrəf bəy. Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilmirəm. İşi də götürmüşəm böyük. Qapıdakı gədələr də gecə-gündüz mənlən əlləşirlər... İndi əlhəmdülillah evi tamam elədim, bağ-bağça öz yolilə düzəlir. Ancaq təkəm, bu yaman dərddir. Dilbər xanım. Bu zəmanədə ev işi hər bir işdən asan olub, ancaq özün xahiş eləyəsən. Əşrəf bəy. Mənim kimi yetimin işi bu barədə asan ola bilməz. Mənim bir kəsim yoxdur, səndən və hacıdan savayı. Dilbər xanım. Hər kimin qızın istəsən, heç sənə müzayiqə eləməz, hələ deyəsən yalvarar verər... Sən göstər, mən gedim bir gündə tamam eləyim. Əşrəf bəy. Məni bağışlayın, xala, tərkədəblik də olsa əlacım yoxdur... Nə lazım özgə qapısına getmək... Təvəqqe edirəm ki, məni siz və hacı oğulluğa qəbul eləyəsiz. Ərzim Cavahirin xoşbəxtliyidir. Dilbər xanım. Cavahirin başını kəsməyə sənin ixtiyarın var, xalan sənə qurban!.. Sən bacımın balası, yadigarısan. Mənim artıq sözüm ola bilməz. Ancaq bilirsən, qadanı alım, lazımdır ki, bu işdə atasının və qeyri övladın xeyir-duası olsun. Kişi gələr evə, açıb ona deyərəm və onun nə cavabı olsa, sənə məlum edərəm. Əşrəf bəy. Sahib ixtiyarısız. Ancaq təvəqqe eləyirəm mənim bu cür rəftarımı biədəb hesab eləməyəsiz. Dilbər xanım. Nə danışırsan, Əşrəf? Kim sənə biədəb deyə bilər? Vallah, üzünə demirəm, sənin kimi cavan hələ bizim şəhərimizdə olmayıb. Əlavə, sən məgər özgəsən? Əşrəf bəy. Mən həmişə sizi anam yerində qoymuşam... Allah şahiddir ki, bu sözdə xilaf yoxdur. (Saata baxıb). Yolum uzaqdır, xala, mənə rüsxət verin qulluğunuzdan mürəxxəs olum. Dilbər xanım. Get, xalan sənə qurban. Hələ bu günlərdə, sənə xəbər göndərərəm. Əşrəf bəy. Xudahafiz. Dilbər xanım. Xoş gəldin... (Əşrəf bəy gedir.) Mübarək işdir, Allah çox xeyir versin... Bu halda şəhərimizdə Əşrəfdən münasib oğlan yoxdur... Cavahir əlbəttə bu işə razıdır, artıq söz ola bilməz. Mənim heç ümidim yoxdu ki, Əşrəf bəy bu fikrə düşə... Bundan sonra düşmən dəxi artıq yanacaq. Olsun, olsun! Yetər, Yetər. (Çağırır.) Artıq saxlamaq lazım deyil, bu günlərdə işi tamam elərik. (Yetər daxil olur.) Yetər, otağı yığışdır, hacının gələn vaxtıdır... Cavahir görəsən paltarı tikib qurtardımı? (Gedir.) Yetər. Əşrəf bəy gələn kimi mən o saat duydum. Cavahir özü də elə eşitdi... Allah mübarək eləsin, heç belə münasib iş olmazdı... Tək oğlan, əl-ayağına dolaşan yox, cavan, göyçək, özü oxumuş, mülk-maşı. Artıq nə lazım? Buna deyərlər: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım... Allah öz birliyi xatirinə mən yetimə də bir bəxt açsın. Hacı Qəmbər (daxil olub). Ay qız, Yetər, nə qayırırsan, bala? Yetər (başını aşağı salır). Heç, otağı yığışdırıram. Hacı Qəmbər (zənnlə Yetərin üzünə baxır). Başını niyə aşağı salmısan, ay qız? Yuxarı bax görüm. Niyə rəngin qaçıb, naxoş-zad deyilsən ki, yaxın gəl görüm. Sənə yaxın gəl demirəm? (Gedib Yetərin qolundan tutur). Üzünə nə olub, qaralıb ay qız? (Çənəsindən qalxızır.) Kömürçü ha deyilsən. (Yetər yavaşdan çəkilib getmək istəyir.) Yetər... Yetər (dayanır). Bəli. Hacı Qəmbər. Get mənə bir az soyuq su gətir... (Yetər gedir.) Qəribə işə düşmüşəm, bir dəqiqə qızı görməyəndə dəli-divanə oluram... Bir xətadan qurtarıb dübarə təzə xətayə düçar olmuşam. Bilmirəm də nə tövr eləyim. Kəbindən savay bir əlac yoxdur, şəriətə görə də bu bir böyük savabdır. Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam mənə axmaq deyərlər. Hərçənd məsəldir “köpəyin iyə düşəni tuladan yeyin olar”, amma hələ mənə bu sinnimdə köpək demək olmaz, mən özümü heç bir cavana tay tutmaram. (Yetər su gətirir, hacı almır). Ay qız, Yetər, sən lap yekə qız olmusan ha, indi gərək sən on altı, ya on yeddi yaşında olasan... Sən bizim evə gələndə lap balaca uşaqdın... Ay qız, üzünü niyə yumursan? İstəyirsən sənə bir ətirli sabun alım? Yetər (kənara). Qana bilmirəm bu nə deyir. (Hacıya.) Əgər içmək istəmirsiz, aparım. Hacı Qəmbər. Yetər, gərək sənin atan-anan yadına düşməyə, sən çox balaca idin. (Yetər suyu yerə qoyub gedir.) Acığı tutdu. Eybi yoxdur, yavaş-yavaş yola gətirrəm. Hələ ürkütmək lazım deyil. Pəh, pəh, pəh! Nə qədər dedikcən gözəldir. Ondan masəva novrəstədir. Ah, dünya beş gündür, beşi də qara... Bir az istirahət elərik, əcəl yetib Əzrayıl da gələndə deyərik buyur! Dilbər xanım (daxil olub). Ay kişi, yaxşı ki, bu gün tez qayıtdın evə. Sənə bir əhval deyim... Əşrəf bu gün gəlmişdi mənim yanıma. Deyir ki, hacıdan təvəqqe eləyirəm məni oğulluğa qəbul eləsin... Mənim, deyir, bir kəsim yoxdur sizdən savayı... Bu işə indi sən nə deyirsən? Hacı Qəmbər (kənara). Nə yaxşı oldu... Cavahir əl-ayağımıza dolaşmaz. (Dilbər xanıma.) Bilirsən, arvad, nə var?.. Mənim bu axırı kı işimdə Əşrəf bizə həqiqət oğulluq elədi, bizə xəcalət verdi, özün borclu elədi. Ona görə insafdan uzaqdır ki, biz onun sözün yerə salaq. Əlavə mən belə qanıram ki, Əşrəfdən artıq oğlana biz Cavahiri verə bilməyəcəyik. Allah mübarək eləsin. Mən bu işə çox razıyam və şadam. Dilbər xanım. Mən özüm də çox şadam və razıyam. Ancaq indi rüsxət verirsənmi ki, mən bu işə razı olmağımızı Əşrəfə məlum edəm? Hacı Qəmbər. Əgər Cavahir özü də bu işə razı olsa, onda məlum eləyə bilərsən? Dilbər xanım. Məni və Cavahiri qonaq çağırıblar, gərək elə bu saat gedək. Cavahirə də yolda deyərəm. Hacı Qəmbər. Çox yaxşı, elə vaxtdır, gedin... (Dilbər xanım gedir.) Heç bir belə sahmanlı iş olmazdı. Arvadın başın qarışdırrıq Cavahirin işinə, başlarıq Yetərin işini. Qardaş, Allahdan gizlin deyil, bəndədən nə gizlin, dəxi tab-taqətim kəsilibdir, aşkar olmuşam Məcnun. (Gedib qapıdan qulaq asır.) Gedin izalə olun da!.. Mən görüm başıma nə çarə qılıram (səktə). Əgər Yetər razı olsa, mən işi elə bu gün tamam elərəm. İnşallah, Yetər ağasının sözün yerə salmaz... Bir neçə gün xəlvət saxlarıq, sonra Dilbər bilsə də eybi yoxdur. Çox atılıb düşər, mehrin sayaram qabağına, deyərəm xoş gəldin. (Gedib dübarə qulaq asır.) İtilib getməzlər də!.. Əlhəmdülillah, getdilər (səktə). Yetər, Yetər! Yetər daxil olur. Yetər. Nə buyurursuz? Hacı Qəmbər. Getdilər? Yetər. Bəli, getdilər... Hacı Qəmbər. Çox əcəb, çox pakizə. (Yetər getmək istəyir.) Hara qaçırsan, ay qız? Bir az dayan görüm nə var. Cavahirin işinə sən nə deyirsən, razısanmı? Yetər. Mən nəkarəyəm ki, razı olam ya olmayam... Mən bir yetim qız, özüm də qulluqçu. Hacı Qəmbər. Sarsağın qızı, bu evdə əvvəlinci xanım elə sənsən. Ancaq orası var ki, sən o sinnə dolmusan ki, biz şəriətə görə olmuşuq bir-birinə naməhrəm; mən sənin üzünü görüb səsini eşidə bilmərəm; çox günahdır, nə qədər desən günahdır. Yetər. Nə eybi var, ağa, mən bundan sonra sizə heç görünmərəm və danışmaram. Hacı Qəmbər. O nahaq sözdür. Mən elə iş görə billəm ki, sən mənə məhrəm olarsan. Yetər. Mən qana bilmirəm. Bir deyirsən ki, mənə baxmaq günahdır, bir də deyirsən məhrəm olaram. Hacı Qəmbər. Küçüyün nadürüstlüyünə bax a!.. Guya ki qanmır... Nəyindir ki, qanmırsan? Mən səni bu saat başa salım... Bilirsən, Yetər, nə var... Əgər mənim evimin şeylərin və nəqd pulumu hesab eyləsən, əlli beş mindən ziyadədir. Cavahir bu gün-sabah gedir. Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm xoş gəldin. Bir sən qalarsan, bir də mən. Kəbinimizi kəsdirərik. Hər nə olub-qalanım var, hamısını yazdırram sənin adına, olarsan bu evdə xanım. İndi başa düşdünmü, küçük?! Yetər. Mən sizdən təvəqqe eləyirəm bu sözü bir dediz, bir də ağzınıza alıb, danışmayasız. Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. Hacı Qəmbər. Dəli olmusan, nədir, ay qız? Bir dürüst fikir elə gör Allah-taala sənə nə mərtəbədə böyük bəxt açıbdır. Yetər. Elə bəxti mən istəmirəm. Hacı Qəmbər. Niyə? Belə məlum olur ki, məni qoca hesab eləyirsən də? Sənin Əşrəf bəyin kimi oğlanları mən cücə yerində qoymuram! Sən nə deyirsən? Onun kimi oğlanların beşinə bir yumruq vursam, yerlərindən durmazlar. Məni necə hesab eləyirsən?.. Yassar balası, yassar. Gör məni kimə tay eləyir. Yetər. Nahaq yerə özünüzü tərif eləməyin, olan iş deyil. Hacı Qəmbər. Heç o yan-bu yan eləmə. Bu işdə ölmək var, dönmək yoxdur... Bilsəm ki, məni bu işin üstə dar ağacına çəkəcəklər, genə səndən əl çəkməyəcəyəm. Yetər. Bircə fikir eləyin axır, siz mənə həmişə qızım-qızım demisiz. Hacı Qəmbər. Mənim malım, canım, dövlətim sənə qurban, Yetər. Sən gəl mənim bu sözümü yerə salma. Bilseydin ki, mənim gecə-gündüz qərarım yoxdur, bir saat səni görməyəndə dəli-divanə oluram. Bilseydin ki, malımı, canımı qoymuşam sənin yolunda, bu qədər məni incitməzdin. Yetər. Ağa, belə söhbətdən mənim abırım töküldü... Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. Hacı Qəmbər. Dilbər nəkarədir ki, cürət edib sənə güldən ağır söz deyə bilə. Dünyavü aləmi mən sənin üstündə xaraba qoyaram. Yetər. Ağa, Allah xatirinə məni o məqama gətirməyin ki, sizin yanınızda bihəyalıq eləyim. Mən gedib özümü diri-diri quyuya salmağa razıyam, nəinki bu evə qeylü-qal. Hacı Qəmbər. İndi ki, öz xoşuna razı olmursan, mən bu işi sənsiz elərəm, özü də güc ilən... Mən belə deməmişdim. Dürüst fikrində saxla ki, mən deyənə bitməsən, başuvu it başı kimi kəsəcəyəm və əgər o fikrə düşəsən ki, evdən qaçasan, səni yer deşiyindən çıxardıb genə əl çəkməyəcəyəm... İndi mən gedirəm, sən dürüst ağlını başına cəm elə və bu axşam mənə cavab ver. (Gedə-gedə.) Axmağın balası öz xeyrini də bilmir. Yetər (tək). Belə ağrım sənin özünə də, malına da! Axmaq kişi. Hələ görünür ki, ağlı başına yığılmayıb... Dəlidən hər nə desən çıxar, qorxmaq gərək... Allah heç bir bəndəni yetim, köməksiz eləməsin!.. Hənək-hənək, axırı dəyənək... “Qızım-qızım” deyə-deyə axırda belə kələk?.. Səni görüm, kişi, belin sınsın!.. Qüvvətdən dəm vurur, öləsən ha! Mahmud (daxil olub). Xoş gördük, Yetər! Yaxşısanmı, kefin necədir, nə qayırırsan, nə eləyirsən? Yetər. Xoş günün olsun, ay Mahmud! Nə yaxşı oldu ki, sən gəldin bizə. Mahmud. Məni Əşrəf ağam göndərib. Deyir o işdən mənə bir xəbər. Elə sənin yanına gəlmişəm. Yetər. İşə nə var, iş çoxdan düzəlmiş işdir. Əşrəf bəyə deyərsən gözləri aydın olsun... Mahmud, sən özün bir mənə de görüm sən niyə bizə heç gəlmirsən? Mahmud. Nə bilim, ay Yetər. Vallah, o qədər işim olur ki, başımı da qaşımağa macal olmur. Bir yandan bəyin işləri, bir yandan öz işim. Yetər. Sənin işin nədir? Mahmud. Nə bilim... Özümə bir-iki otaq tikdirirəm, töylə-pəyə tikdirirəm... Əşrəf bəy deyir ki, gərək sən də evlənəsən... Mən də hazırlaşıram, əlac nədir? Yetər. Sən Əşrəf bəyin darğasısan? Mahmud. Əşrəf bəy mənim ağamdır, ölənəcən ondan əl çəkməyəcəyəm... Nəinki darğa, bəlkə hər bir ixtiyar mənim əlimdədir. Yetər. Ay Mahmud, vallah, fikir eləyəndə ki, Cavahir xanım bu evdən gedəcək, az qalır bağrım çatlasın, bilmirəm Cavahir xanımsız mən tək bu evdə necə olacağam. Mahmud. Sən özün də gəl bizim kəndə. Vallah, doğru deyirəm. Nə var burada?.. Kənd yaxşıdır, Allah vurub şəhəri, adam göy ot da görmür. Yetər (gülə-gülə). Hacı məni qoyarmı ki, mən də gedim kəndə?! Mahmud. Sənin fikrin olsun gəlməyə, görüm onda səni kim qoymayacaq. Vallah, səni elə aparram ki, hacı olmasın, lap babası olsun, heç ruhun da inciməz. Qoymaram başından bir tük əskik olsun... Hacı o yan-bu yan eləsə, onun özünü də oğurlaram. Yetər. Mahmud, zarafat o yanda dursun, Cavahir xanım gedəndən sonra nə vaxt sənə sifariş eləsəm, gəl məni apar kəndə. Mahmud. Bax, belə mənim bu gözələrim üstə! Nə vaxt istəsən, mən o saat hazıram. Ancaq sən sözündən dönmə. Yetər. Mənim heç kəsim yoxdur, Cavahir xanım gedəndən sonra mən lap yetim qalacağam, sən ol mənə qardaş. Mahmud. Qardaş deyərsən, qardaş ollam, yoldaş deyərsən yoldaş! Yetər. Çox sağ ol, indi get, hacı gəlib səni burada görməsin, yaxşı olmaz. Mahmud. Salamat qal. Yetər. Xoş gəldin. (Mahmud gedir.) Yetər (tək). Bizim hacıya bax, hacıya!.. “İtin əbləhi qaysavadan pay umar” – buna deyiblər... Siz Allah, görün heç rəvadırmı ki, mən nəsib olam kimə, bir dişi düşük, kaftar kişiyə. Bihəya oğlu bihəya zəli kimi yapışıbdır... Bir neçə gün möhlət verə ta ki, Cavahir xanımın işi qurtara, onda mən öz fikrimi yaxşı çəkərəm... Ancaq qorxuram güclə iş görə. Dəlidən hər nə desən çıxar. Allaha pənah. Cəbi (daxil olub). Ay qız Yetər, ala bu şeyləri. (Səktə) Nə durmusan, al da! Şal, üzükdür, hacı bu saat sandıqdan çıxardıb. Allah sənə bir elə bəxt açıbdır ki, heç kimə müyəssər deyil. Yetər. Apar o şal, üzüyü hacı soxsun gözlərinə, eşidirsənmi? Cəbi. Axmaq olma balam. Adam tarısına təpik atmaz... Bu bir belə xoşbəxtlikdir ki, heç yatıb yuxuda da görə bilməzsən. Yetər. Bu ki, belə xoşbəxtlikdir və hacı sənə xoş gəlir, öz bacın qızını versənə. Cəbi. Yetər, Yetər, mən ölüm incimə... Çünki hacıya getmək istəmirsən, lotu lotuyana gəlsənə mən arvadımı boşayım, mənə gələsən. Nə olar, ay qız, axırda ölməyəcəksən? Yetər. Tfu, sənin bihəya saqqalına! Dəxi nə deyim. (Gedir.) Cəbi (tək). Qız deyil ki, bir od-yalovdur... Yanından keçmək olmur... Amma öz aramızdır, necə yaxşıca maldır! Allah ürəyinə bir rəhm sala, özünə halal övrət eləyəsən. Necə yaxşı olar!.. (Səktə) Xeyr a... Mənim xəyalım turş xəyaldır. Milyonçu hacıya getməyən mənə gələrmi? Fələyin üzü qara olsun! Barı bolca dövlətin ola, bunlar da olmasa, barı bir şücaətin ola, gənə dərd yarıdır. Hacı Qəmbər (daxil olub). Cəbi, şeyləri verdinmi? Cəbi. Verdim, ağa götürmədi... Hacı Qəmbər. Nə dedi götürmədi? Cəbi. Nə bilim, ay başına dönüm. Qana bilmirəm. Bir söz deyəndə adamın atası, anası qalmır, ağzına gələni deyir. Hacı Qəmbər. Ay gədə, sən qəribə biməsrəf adamsan, heç zad əlindən gəlmir. Bəs sən nəyə gərəksən? Cəbi. Gədə neyləsin, burada güc işi yoxdur, ustalıq lazımdır. Bir az tələsməyin, görək nə təhər elərik. Hacı Qəmbər. Cəbi, mən gedirəm... And olsun getdiyim Məkkə və Mədinəyə, əgər sən bu işi düzəltsən, sənə yüzcə manat pul verərəm. Cəbi. Siz buyurandan sonra, pulsuz da mən borcluyam çalışım, əlləşim, ancaq bir az səbr lazımdır. Hacı Qəmbər. Nəinki yüz, iki yüz də verərəm, üç yüz də verərəm. Ancaq iş əmələ gəlsin. Qoçum Cəbi, görüm nə tövr fənd quracaqsan. Sən ki, şeytana papaq tikənsən. Cəbi. Arxayın ol, ağa, hər nə kələyim var, işlədəcəyəm. Hacı Qəmbər. Görək, Allaha pənah! (Gedir.) Cəbi (tək). Yüz manat az pul deyil... Bir az bərkitsən bəlkə üç yüz də verə... Görünür ki, kişi çox əl-ayaqdadır. Qan gözün tutub... Amma çifayda! Qancıq elə qancıq deyil ki, adam söz deyə bilsin... Görək... (Səktə və fikir) Yetər, Yetər! Yetər (daxil olub). Qoymazsız bir saat bir yerdə oturaq! Məndən nə istəyirsiz, əl çəkməzsiz? Cəbi. Mənim bu canım ölsün ki, səndə bax bircə belə də ağıl yoxdur. Axmağın balası, mən də səndən ötrü çalışıram, sənə yazığım gəlir, yoxsa mənə nə düşübdür... Mən bileydim ki, hacı mənim bacım qızını alar, mən elə bu saat özümü ataram hacının ayaqlarının altına... Sən nə deyirsən?.. Amma yəqin bilirəm ki, istəməz, o sənə bənddir, səndən ötrü dəli-divanədir. Yetər. Cəbi, vallah, sən axırı məni o yerə gətirəcəksən, saqqaluva lomba ilə tüfürəcəyəm. Cəbi. Vallah, çənəni yerindən oynadaram! Qancıq, bir sözünə bax. Yetər. Tfu! (Tüpürüb qaçır.) Aldınmı payını? Cəbi (tək, səktə). Mənə hələ bu da azdır... Bir mənə deyən gərək ay həpənd, sən nə girmisən meydana? Hacı nər kimi qızışıb norəstə qız alacaq, sənin saqqalına tüfürəcəklər. Mənim kimi də axmaq olarmı? Daş mənim bu axmaq başıma... Könlü balıq istəyənin quyruğu suda gərək. Hacı qoy özü öz işini düzəltsin, mən qələt elərəm bundan sonra Yetərə bir kəlmə söz demərəm. (Gedir.) Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin otaqda. Hacı Qəmbər (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu? Cəbi. Cəbini Allah yer üzündən götürsün... Cəbini buyurursuz bitməz işə, adını qoyursuz yarıtmaz! Cəbi neyləsin?.. Nə qədər əlləşirəm, nə qədər çalışıram, qancıq tora girmir ki, girmir... Deyirəm ay qız, axmağın balası, belə dövlətdən, cah-calaldan kim əl çəkər... İndiyə kimi qulluqçuluq eləmisən, bundan sonra xanımlıq elə... Ye, iç, yat, gəz! Allaha da gündə min kərə şükür elə... Əlac olmur. Çox da bərkə çəkəndə, deyir vallah Dilbər xanıma deyərəm... Dəxi saqqalımda yer qalmayıbdır ki, lomba ilən tüfürməmiş olsun. Hacı Qəmbər. Get onu bəri çağır görüm... (Cəbi gedir.) Nainsafın balası nainsaf, gör necə nəməkbəharamdır. Bir mənə deyən gərək nə düşmüsən həpənd Cəbinin üstünə, çağır mollanı, kəbini kəsdir, qurtarsın getsin... Yetərin harayı onda görək hara çatar. Dilbər xanım (daxil olur, acıqlı və təəccüblü Hacı Qəmbərə xeyli baxıb). Yağışdan çıxdıq, yağmura düşdük. Ay bihəya oğlu bihəya, tfu sənin bihəya saqqalına! Bu saqqaldan utanmırsan heç?! Hacı Qəmbər. Başına at təpibdirmi nədir, arvad? Nədən ötrü və nə cürət edib bu föhşləri mənə deyirsən, hə? Dilbər xanım. Nə cürət eləyirəm?! Nədən ötrü?! Bilmirsən, ay bihəya? Vallah, bu evə bir od qoyaram, bir oyun oynayaram inqirazi-aləməcən danışılar! Bir gözümün içinə dürüst bax! Təzədən dəli olmusan, ay mürtəd, ay məlun? Tfu, sənin saqqalına! Hacı Qəmbər. Bihəyanın qızı, şəriətdən çıxıb üzümə ağ olursan? Mənim cinimi bilirsən ki! Bu saatda bu evdən səni it qovan kimi qovaram. Dilbər xanım. Çaxır içmisən, yoxsa qarğa beyni yemisən, məni evdən qovursan?.. Bəxtəvər başıma, altmış yaşında sahibim təzədən eşqə düşüb!.. Boyunu yerə soxum!.. Hacı Qəmbər. Dinc, farağat otur, heç atlanıb-düşmə, yoxsa axırda peşman olarsan. Məni yaxşı tanı. Dilbər xanım. Yetər, Yetər! Buraya gəl, ay qız! Buraya gəl görüm, indiyə kimi sənə “qızım, qızım” deyən, səni nə tövr zərzibaya münəvvər eləyib bu evdə xanım qayırır. Tfu sənin saqqalına! Hacı Qəmbər. Sənin cürətin yoxdur ona “buradan dur, orada otur” deyəsən! Murdarın qızı murdar, sürün gözümün qabağından! Dilbər xanım. Bu saat qaçaram bazara başıaçıq, ayağıyalın; çağırram aləmi, tökərəm başıma ki, camaat, Hacı Qəmbər təzədən dəli olub, məni, beş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz evindən qovur. Səni bir saatda rüsvayi-cahan elərəm. Hacı Qəmbər. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Sözün nədir, gözünə dönüm, məndən nə istəyirsən, məndən, nə istəyirsən, ay dəli Xudaverdinin nəvəsi? Dilbər xanım. Səndən nə istəyirəm ki, pinəçi Kazımın oğlu? Ay dünənəcən çərçilik eləyən! Yetəri buraya çağır, onda sənə deyərəm. Hacı Qəmbər. Əstəbfürüllah! Xataya düşdük camaat da. Dilbər xanım. Axır deyirəm nədən ötrü Cavahiri başından tez rədd elədi, qızışıb eyşi-işrətə məşğul olmaq istəyirmiş... Tfu, məlun! Heç utanmırsanmı? Yetər xanım, nazlı xanım, norəstə xanım, gəl! Tfu, biqeyrət! Hacı Qəmbər. Yetər səndən pisdir? Yetəri sənin kimi yüz arvada vermərəm. Yavaş, onu xanım eləyəndə görək mən şəriətə namüvafiq iş görürəm?.. Əgər xoşuna gəlmir gözüm üstə yolun var, buyur təşrif apar... Buyur elə bu saat buyur. Dilbər xanım. Sən bu evdə qan salmaq istəyirsən, qan, qan, qan! Vəssallam. Abrı yeyib, isməti atmısan dalına! Hacı Qəmbər. Axmağın qızı axmaq! Bircə onu başa düş ki, Yetərin on beş ya on altı yaşı var, biz olmuşuq naməhrəm, istəyirsən ki, məni günaha batırıb cəhənnəm odilə yandırasan? Dilbər xanım. Bihəyanın üzrünə bax, üzrünə! Xeyr, elə deyil. Sənə belə dikməmə qız gərəkdir, norəstə! Tfu saqqalına, tfu etibarına! Hacı Qəmbər. Dəxi bəsdir, kifayət elər?.. Dur itil gözümün qabağından, yoxsa vallah sür-sümüyünü əzərəm. Dur deyirəm sənə!.. Sən məni lap biqeyrət elədin, sürün!.. Cəbi daxil olur. Dilbər xanım (Cəbiyə). Ay bihəya oğlu bihəya! Yaxşı, hələ bu Məkkə belini sındırmış ağlın itiribdir, sənə nə düşüb, mürtəd oğlu mürtəd, girmisən meydana, çöp altında dəyirman tikirsən? Ay çörəyim səni hər iki gözündən eləsin! Cəbi. Ay xanım, başına dönüm, mənim taxsırım nədir ki, söyürsüz? Mən neyləmişəm? Dilbər xanım. Gözümüz aydın olsun, pişiyimiz oğlan doğub... Allah kişilərin hamısına lənət eləsin ki, bir az yalları artıq düşəndə it kimi kürsəyə gedirlər. Hacı Qəmbər. Yalım artıq olanda, gərək mən də gedib qeyrilər kimi rus arvadı kənarda saxlayıram? Allahın əmrindən, peyğəmbərin şəriətindən çıxıram? Dilbər xanım. Neynək, əgər saqqalına, getdiyin Məkkəyə yaraşar, sən də get bir rus arvadı saxla. Cəbi. Xanım, heç acığın tutmasın... Rus xanımlarında belə naz var, qəmzə var, şivə var, o ki, müsəlman arvadlarında tapılmaz. O yaraşıb rus xanımlarına ki, hər tərpənişi adamın canını alır. Dilbər xanım. Elə o deyilmi hacının beynini qarışdıran? Hacı Qəmbər (ayağa durub). Dəxi sən mənim canımı yığdın boğazıma! Bu saat itil mənim evimdən! Tünbətünün qızı, sürün buradan! (İtələyir.) Get, bu gün mehrini sayaram qabağına. (Güc ilə qovur.) Dilbər xanım (ağlaya-ağlaya). Allah, belə zülmü götürürsən də! Hacı Qəmbər. Hara gedirsən get. Sənin o biri otaqda işin yoxdur, düz get! Dilbər xanım. Gör, a bihəya oğlu, sənin başına nə gətirəcəyəm. (Gedir.) Hacı Qəmbər. Mən belə deməmişdim... Cəbi, bu saat Molla Səfini çağır buraya, artıq məndə səbr qalmayıb, dəxi dözə bilmərəm!.. Bu nə arvad oldu mənim canıma! Yetər (daxil olub). Ağa, indiyə kimi mən sənin üzünə dik baxmamışam, bu evi öz atamın evi hesab eləmişəm. Siz bu fikrə düşəndən bəri mən gecə-gündüz ağlayıram. Bu evi nə üçün dağıdırsız? Heç ola bilərmi ki, Dilbər xanım bu evdən qovulsun, axır o mənə analıq eləyibdir... Mən bu işə razı ola bilmərəm. Hacı Qəmbər. Mən tamam qohum-əqrəbadan əl çəkirəm, otuz il bir yerdə mənimlə yoldaşlıq edən övrətimdən əl çəkirəm, gör bu axmağın balası mənə nə vəz eləyir. Cəbi. Neyləyim ay ağa, başına dönüm, Allah mənə bir elə qız verməyibdir ki, sənə xoş gələ, atam özümü ayaqlarının altına, deyəm: “Ağa, qurbandır sənə, buyur”. Bu veyil qızı veyil öz xoşbəxtliyin qanmır. Yetər. Ağa, Allah xatirinə. Dilbər xanımı qaytarın evə! Xudaya, bu nə işdi mən düşdüm! Allah rizasına, ağa, mənə zülm eləməyin, məni çevir uşaqlarının başına... Mən Dilbər xanımın göz yaşına dözə bilmirəm, camaatı özünüzə güldürməyin. Hacı Qəmbər. Səsini kəs! Dilbər də cəhənnəmə, camaat da cəhənnəmə... İşivü gör, ay gədə, Cəbi, tez ol get Molla Səfini buraya çağır, tez ol! (Cəbi gedir.) Mənim malımın, canımın bundan sonra təəllüqü var sənə. Gör səni necə saxlayacağam! Zər-zibanın içində. Görən desin: afərin, Hacı Qəmbər! Molla gələnəcən... Alıb gətirmişəm. (Tələsik gedir.) Yetər. Anasız, atasız, qardaşsız yetim canım vay... Xudaya! Mən nə günah eləmişdim? Mən Dilbər xanıma nə cavab verim? Cavahir xanıma nə deyim? (Oturub ağlayır.) Hacı Qəmbər (əlində bir kəllə qənd və bir qutu nabat daxil olur). Dinim, imanım, dövlətim, malım, niyə ağlayırsan? Bu canı qoymuşam yolunda. (Yetərə tərəf gedir, Yetər qaçır) Qız uşağı elə belə olar, qabaqcan bir az ağlar, xiffət elər, sonra öyrəşər. Bir az da keçər başlar ki, filan arvada niyə baxdın? Gül kimi Yetəri qoyub kənara kim baxar?.. Bundan sonra namazımız pakizə qılıb əyləşərik evdə, başımızı qoyarıq Yetərin dizi üstə, bir neçə müddət istirahət elərik, Əzrayıl da gələndə deyərik, buyur. Mahmud (daxil olub). Salam əleyküm, ağa! Hacı Qəmbər. Əleykəssalam. Nə var, nə yox, Mahmud? Cavahir necə dolanır, yaxşıdırmı? Mahmud. Allaha şükür, keyfləri kökdür, damağları çağ... Cavahir xanım məni göndərib ki, get gör necə dolanırlar, salamatdırlarmı? Əlavə gəlmişəm bir neçə şeylər alıb aparım, bir də xanım bir az yağ, qaymaq göndərib, onu da verdim Yetərə. Mürəxxəs olum qulluğunuzdan. İşim çoxdur, axşama düşərəm. Hacı Qəmbər. Get, axşama düşərsən və mənim tərəfimdən çox dua apar. Mahmud. Baş üstə, dua göndərən sağ olsun. (Gedir) Hacı Qəmbər. (tək, pəsdən oxuyur): Ey dil, qərar gir ki, çe vəqti-təpidənəst? Ey didə, xun məbər ki, həngami-didənəst. Axır ki, çatdım arzuma, şükür xudaya. Dilbər də bir az atılıb-düşər, sonra yumşalar, hər bir iş düşər öz yoluna. Mən qələt elərəm bir də Hacı Salmana yaxın gedərəm. Nə lazım özümü artıq zəhmətə salım. (Qapını açıb baxır.) Bu Cəbi məlun oğlu getdiyi yerdən qayıtmaz da... Bilmir ki, mən bu saat nə iztirabdayam. (Oxuyur.) Mən bəsteyi-zülfəm, mənə zəncir nə lazım, Öldür məni qurtar, belə təxir nə lazım? Molla Səfi (daxil olub). Salam əleyküm, hacı. Hacı Qəmbər. Əleykəssalam, Molla Səfi. Siz bu evə çox xoş gəlmisiniz! Buyurun, buyurun görək. Molla Səfi (əyləşib). Bu saat Cəbi dedi ki, hacının sizə bir işi düşüb, tez buyurun oraya. Hacı Qəmbər. Bəli, sizə bir xeyir işimiz düşübdür. Çox əziz olasınız ki, tez təşrif gətirmisiz. Molla Səfi. Mən həmişə sizin qulluğunuzda hazır varam. Özünüz bilirsiniz ki, mənim sizə nə qədər məhəbbətim var. Allah özü şahiddir ki, mən həməvəqt sizə duaçı varam, heç sizi yadımdan fəramuş elərəm? Hacı Qəmbər. Allah imanınızı kamil eləsin... Mən sizə bir işdən ötrü zəhmət vermişəm... Mən bir yetim qız, atasız, anasız saxlamışam, lap bir tikə vaxtından. İndi yetişib yekə qız olub. Özünüz bilirsiniz ki, şəriətə görə biz olmuşuq bir-birimizə naməhrəm. Ona görə lazım gəlir ki, onu bir növ xoşbəxt eləyim. Molla Səfi. Yəqin ki, hacı, qızı ərə vermək xahişiniz var... Afərin, səd afərin... Vallahı bir elə iş görürsünüz ki, guya behiştin bir guşəsin satın alan kimi, çox gözəl, tərifəlayiq işdir. Hacı Qəmbər. Xeyr, mənim fikrim onu evdən çıxarmamaqdır. Molla Səfi (diz üstə qalxıb). Pəh, pəh, pəh!.. Buna, bax, heç sözüm yoxdur... Afərin, maşallah! Belə işin nə qədər savabı var, heç bilirsiz? Pəh, pəh, pəh! O qədər savabı var ki, yer ilən göy arası tutmaz!.. Görək, hacı, kəbin nə vaxt olacaq? Cəbi daxil olur. Hacı Qəmbər. Mən elə sizə məhz ondan ötrü zəhmət vermişəm. Xahiş eləyirəm ki, elə bu saat tamam eləyəsiz. Molla Səfi. Çox yaxşı, çox gözəl, çox pakizə və çox mübarək... Allah xeyir versin, ömri-tulani əta eləsin... Bu gün, elə saat da çox xoşdur... ay Cəbi, bu qutudakı nəmənədir? Cəbi. Nabatdır, ay Molla Səfi. Molla Səfi (təbəssümlə). Çox pakizə... Bəs bu qəndin çayı hanı? Hacı Qəmbər (beş manat çıxardıb). Bu beş manat da olsun çay pulu! Molla Səfi. Pəh, pəh, pəh! Çox mübarəkdir, Allah boya-başa çıxartsın... Yaxşı... Hacı, görək qız özü bu saat haradadır və bu işə razıdırmı? Cəbi. Qız evdədir və özü bu işə razıdır. Mən də onun vəkiliyəm. Molla Səfi. Çünki bu işdə artıq savab var, lazım gəlir ki, şərən olsun... Ola bilərmi qız özü gəlib rubəru razılıq versin və mən də tamam eləyim. Cəbi. Mən ərz eləyirəm ki, qız öz dililən yanımda iqrar eləyib və məni özünə vəkil tutub. Mehri də olacaq yüz əlli əşrəfi. Molla Səfi. Yəni nə eyib elər, qız gəlsin dursun o qapıda və bir kəlmə desin ki, mən bu işə razıyam, ya ki, elə işarə eləsin, kifayət elər... Mənim xahişim odur ki, bu gözəl iş şərən olsun, vəssalam... Cəbi, qızı çağır gəlsin... Hacı, qoy mən deyən olsun... Savabı artıqdır. Hacı Qəmbər (kənara). Mollaların elə bu füzulluğu mənə xoş gəlmir. (Cəbiyə.) Cəbi, o qızı çağır gəlsin buraya. Cəbi. Baş üstə, çağırım... Hərçənd lazım deyil idi. Çox vaxt belə də keçər... (Gedir.) Molla Səfi. Nə əcəb xəyalınıza gəldi bu gözəl iş?.. Hacı, sənin başın üçün, bu bir elə işdir ki, hər kim eşitsə afərin deyəcək. Əlavə, bu işin həm bu dünyada, həm axirətdə xeyri var. Hacı Qəmbər. Əlacım yoxdur, yazıqdır, neyləyim? Qorxuram verim özgəsinə bədbəxt ola... Bu zəmanədə adamı tanımaq çətindir. Cəbi (hövlnak daxil olur). Ay ağa, başına dönüm, cürət edib deyə bilmirəm, qız evdə yoxdur, qızı aparıblar... Hacı Qəmbər (başına vurub). Vay, evim yıxıldı!.. Bu dəqiqə qızı Mahmud apardı... Tüfəngi bəri gətir. Ay gədə, dalımcan gəl, ay gədə! (Gedə-gedə.) Vay, evim yıxıldı!.. Zalım oğlu Mahmud!.. (Gedirlər.) Molla Səfi (tək). Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gedəydi... Ölardı hacının halal övrəti, gədə aparseydi də, geri almaq mümkün idi. Biçarə kişinin ovqatı təlx oldu... İndi mən şeyləri neyləyim. Aparmayım, mənə nə borc, mən zəhmət çəkib gəlmişəm, öz borcumu yerinə yetirmişəm. Qızın qaçmağına mən ki, müqəssir deyiləm... Sən öl, aparacağam. (Pulu qoyur cibinə, nabatı bağlayır dəsmala, qəndi alır əlinə, hazırlaşır getməyə.) Cəbi (daxil olub). Yavaş-yavaş, ay molla! Sən o şeyləri hara yığışdırırsan, başına dönüm?.. Yəni it getdi, ip də getsin? Elə zad ola bilməz. Şeyləri qoy yerə, pulu bəri ver! Rəhmətliyin oğlu, sən lap ağ eləyirsən! Molla Səfi. O nədəndir, əzizim, Cəbi? Yəni qızın qaçmağına mən müqəssir deyiləm ki! Zəhmət verib gətirmisiniz, haqqımdır aparıram. Cəbi. Rəhmətliyin oğlu, sən zarafata salmısan nədir? Vallah, hacı adamın dərisinə saman təpər. Molla Səfi. Sən öləsən, Cəbi, göydən mələk yenə, mən bir zəqqum da vermərəm, nahaq özünə zəhmət vermə. Cəbi. Sən öləsən, molla, heç elə fikirlərə düşmə! Qoymaram qədəmini çölə qoyasan! Yaxşısı odur ki, davasız, qeylü-qalsız şeyləri yerinə qoyub təşrif aparasız. Molla Səfi. Mən ölüm, Cəbi, sən gəl mənə bu zülmü eləmə, atamın ərvahına, iki Quran xətm elərəm sənin valideyninə. Belə dur, gedim. Ay kişi, sən nə təhər adamsan! Mən ölüm, belə dur! Cəbi. Heç vaxt olmaz, sən öləsən! Molla Səfi. Ala, bu beş manat da sənin olsun, Allahın dərdi-bəlası da... Di belə dur, gedirəm. A kişi, belə dur deyirəm sənə! (Cəbini itələyib çıxır, qəndi və nabatı aparır.) Cəbi (tək, əlində beş manat). Xa, xa, xa!.. Hacı, get ay batandan sonra gəl! Nə qəribə iş oldu. Qoçağım Yetər hacıya nə yaman turp əkdi... Bu beş manatdan Şahsənəmə bir başmaq, Gülsənəmə bir yaşmaq. Dilbər xanımı muştuluqlayıb, özümə də ondan bir tula payı. Allah dadına yetsin Yetərin! Vəssalam. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.