Müxəmməslər Molla Vəli Vidadi (1709–1809) Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün, Eylədi bir növcavanı xak ilə yeksan bu gün. Oldular matəm tutub xəlqi-cahan giryan bu gün, Getdi bu dari-fənadan döndü çün dövran bu gün. Rəkli xanın sevgili fərzəndi ol Livan bu gün. Qopdu bir şivən sanasan çərxi-dövran ağladı, Dözməyib bu möhnətə canı olan qan ağladı. Xaçpərəstlər hər nə var, cümlə müsəlman ağladı, Necə dil tutsun deyim bir hal ilə xan ağladı, Atəşi-əfğanə yandı, külli Gürcüstan bu gün. Cəm edib dörd yanına Gurgin xan mirzaləri Bir-birilə danışır hər bir keçən sövdaləri, Sındırıb düşmənləri, kor etdiyin ə’daləri, Yada düşdükcə çıxar fəryadü vaveylaləri, Eylə sanır xəlqi-aləm qopdu bir tufan bu gün. Bu müsibət məhşərində ol Dedunalı görün, Zəxmi-naxun, sinədə üzdə sirişk alı görün, Fərş olub torpağa üz, bihuşü pamalı görün, Naleyi-zarü fəğanı, böylə əhvalı görün, Daş ola ağlar, necə tab eyləsin insan bu gün. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vidadi-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1809). Public domain (author died 1809). Original text only.