Qəzəllər Molla Vəli Vidadi (1709–1809) Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar! Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar, Künci-zülmətdə əcəb qoydun məni heyranü zar. Yarı yox, dildarı yox, bir munisi, qəmxarı yox, Gözdə nəm, xatirdə qəm, heyrətdə hərdəm dilfikar. Dəstü pa bəstə, bədən xəstə, şikəstə sərnigün, Çeşmi giryan, cismi büryan, müztərib can biqərar. Getdi taqət, nazü rif’ət, qədrü hörmət payimal, Dərdi əfzun, əşk gülgün, bəxt gün-gün tirətar. Neçə yüz daği-fəraq ilən Vidadi xəstəni Tarmar etdin sən, ey gərduni-dun, ol tarimar! * * * Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır, Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır. Pərişandır könül, zülfü pərişanlar həvasında Bu sevdadə olubdur mürği-dil avarə çoxdandır. Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq, Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır. Qərəz canana mətləb can isə inkarımız yoxdur, Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır. Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən, Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır. * * * Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif! Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif, Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif? Bilirdim mən fələk verməz visalə çox da üz, amma Bizi saldı əzabi-intizarə müxtəsər Vaqif. Bu gün danla demə, dövran deyildir bir qərar üzrə, Sən ondan ta olunca vaqif, ol səndən keçər, Vaqif! Məcalın var ikən ol yarü həmdərdi güzar eylə, Könül qəmdən açar, yaxşı olur seyrü səfər Vaqif. Bilirsiz qövli-sünnət, bə’di niyyət məhz vacibdir, Hələ rəhm olduğu mə’lumunuzdur, mötəbər Vaqif. Vətən yad eyləməzsiz gər tutalım könlünüz quşdur, Məgər qəti rəhmdən eyləməzsiz bir xəbər, Vaqif. Fələk bər’əksi-dövran olduğundan bir nişandır bu Vidadi xəstə tək düşmüş vətəndən dərbədər Vaqif. * * * Ey badi-səba, məndən ol yarə salam eylə Ey badi-səba, məndən ol yarə salam eylə, Dərdü ələmim bildir dildarə, salam eylə. Görsən üzün ol mahın, bas bağrına gərdun tək, Dön başına yalvarə-yalvarə salam eylə. Key baği-behiştim, mən bir Adəmdim guya, Düşdüm səri-kuyindən avarə, salam eylə. Dərdü qəmi-hicranın hər ləhzə hücumundan Axır ki, cigər oldu sədparə, salam eylə. Gör xəstə Vidadinin daği-cigərin söylə Ol lalə rüxə, çeşmi-bimarə salam eylə. * * * Ey səba, gəl bir xəbər ver cane, canan xandadır Ey səba, gəl bir xəbər ver canə, canan xandadır? Şəhri-könlüm oldu viran, ona sultan xandadır? Bir pəripeykər, mələkru, cismi nazik, simvəş, Qaməti sərvü sənubər, hüsni-taban xandadır? Ağzı püstə, dişləri dür, dili şəkkər, ləbi bal, Xali hindu, çeşmi cadu, tiri-müjgan xandadır? Qaşları hilalə bənzər, türrəsi ənbərfəşan, Zülfü sünbül, buyi gül, gül xətti reyhan xandadır? Ey fələk, aləmdə düşmüş böylə canandan cüda, Gör Vidadi xəstə tək sən bir didərgin xandadır? * * * Ər libasın geyə hər rənglə zən, mərd olmaz Ər libasın geyə hər rənglə zən, mərd olmaz, Mərd hərçənd ki, zən öldürə, namərd olmaz. Gər rəfiqin ola bidərd, dəvasız dərddir, Əhli-dildən gələ min zəxm, o bir dərd olmaz. Gəzsə gər əhli-təmə, dəhri, yüz il sail olub, Vaqifi-hikmət olub, mərdi-cahangərd olmaz. Demə hər surətə bitəcrübə mərdüm göz ilə, Bərg hər növ ki, gülşəndə bitər vərd olmaz. Qəm yemə, xəstə Vidadi, görüb ə’danı kəsir, Haqqa ixlas ilə meydanə girən fərd olmaz. * * * Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən? Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?! Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən? Tutubsan surəti-Yusif, könül Misrində sultansan, Vüsalın qiyməti keçdi Züleyxadən nə istərsən? Sənin eşqin durur ruhum, bu zülfün əql gəncidir, Apardın əqlimi, bəs ruhi-şeydadən nə istərsən? Sən eşq əhlinə, ey zahid, məlamət etməyi tərk et, Deyilsən sirrə vaqif, zöhdü təqvadən nə istərsən? Vidadi xəstə, gəl ədnasüfət dünyayə meyil etmə, Qıl əqlin var isə tərkin, bu dünyadən nə istərsən? * * * Gərçi yüz min aləm içrə var yarından cüda Gərçi yüz min aləm içrə var yarından cüda, Heç kəs mən tək deyil pərvərdigarından cüda. Dərdü möhnətlər xərab etmiş xəyalım xanəsin, Olmadı ayineyi-dil qəm-qübarından cüda. Eyləmiş rövşən qəmər hicrə fəraq iftadəsin Cümlə yarından cüda, həm külli-varından cüda. Sorsa yar əhvali-dil gör bir necə söylər səba, Canü tən bitab, dil səbrü qərarından cüda. Bir bəlakeş görmədim düşmüş Vidadi xəstə tək, Aşinavü həmdəmü həm dostü yarından cüda. * * * Həbibim, ta səni mən sevmişəm əşraf arasında Həbibim, ta səni mən sevmişəm əşraf arasında, Vücudum, atəşi-eşqin yanıbdır saf arasında. Üzün görmək təhəyyürdən tutulmuş nitqimə baxma, Tərəhhüm qıl, özün bir halə yet insaf arasında. Qiyamın bir əlifdir aşiqin eynü xəyalından, Sevirlər can içində, aləmü ətraf arasında. Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən, Nəzərdə cümlədən baş yazılar əsnaf arasında. Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsli-insanda, Vəli bihudə bir sözdür deyirlər laf arasında. * * * Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə, Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə. Vəfa qıl bir vəfadarə, ulaşma hər biiqrarə, Mətaın atma bazarə, xiridar olmayan yerdə. Mənim həmrazü həmdərdim, deyim hər bədnüma gördüm, Hünər kəsb eyləməz mərdüm, bəli, ar olmayan yerdə. Xuda, sən saxla gəl fərdi, çətindir yalqızın dərdi, Pərişanlıq tapar mərdi havadar olmayan yerdə. Dila, laf etmə mütləqdən, düşərsən zülmə nahəqdən, Neçün mərdüm dönər həqdən bir azar olmayan yerdə?! Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən, Necə məqdur olur məskən gülə xar olmayan yerdə. Könül dünyadə yar istər, olubdur biqərar istər, Vidadi xəstə var istər, xaçan yar olmayan yerdə. * * * Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş, Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş. Tamaşa eylədim üstündə heç əl gəzməmiş guya Çəkib bir surə öz cismi kimi nazik tikən tikmiş. Bilir hər kəs, çıxar xoş nazik işlər nazəninlərdən, Bəli, bir lalə üzlü, sərviqəd, nəsrinbədən tikmiş. Uzaqdır, ey həbibim, böylə iş naəhl olanlardan, Yenə bir dərmənd, eşq əhlinin qədrin bilən tikmiş. Nə xoş olmuş Vidadi xəstənin əhvalına vaqif Ki, sə’y etmiş bilib onu, bir əhvalə yetən tikmiş. * * * Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş! Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş, Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş. Bavər etmən, ey mələklər sərvəri kim, bir bəşər Səncə bu xubluqdəvü simadə görmüş, görməmiş. Sanma qılmış teyi-gülzari-çəmən bülbül-həzər Qamətin tək sərvi-xoş azadə görmüş, görməmiş. Ey gözüm saqi, xəyal etmə bu bəzmin rindəsi Şərbəti-lə’li ləbin tək badə görmüş, görməmiş. Kimsə yox aləmdə mütləq bu Vidadi xəstə tək Bir əsiri-dərdi-eşq iftadə görmüş, görməmiş. * * * Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin! Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin! Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin! Dili bülbül, ləbi mey, xali fülfül, zülfləri sünbül, Mələkxu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin! Yüzüm xaki-rəhində fərşdarəm, xoş qədəm basdın! Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin! Xəyalım gülşəninə sayə saldın sərv qəddindən Açıldı səbzələndi laləzarım, sən səfa gəldin! Vidadi xəstə tək düşmüşdü biaram can sənsiz, Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin! * * * Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar, Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar. Nə qəfilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz, Sədayi-naləmə aləmdə munca göz-qulaq artar. Məni gər məst edibsən, saqiya, xoş halim ondandır, Dolandırdıqca cami-eşq dövründə əyaq artar. Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə, Cərahət qalib olduqca təbibə iştiyaq artar. Vidadi xəstəyəm məşhur halim dövri-hüsnündə Vəli yüz şükür ki, can əksilir eşqi-məzaq artar. * * * Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış, Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış. Demə kim görmüş cahan şəm’i-cəmalın tək çıraq, Ya ona canım kimi pərvanə olmuş, olmamış. Sürmə mən Məcnunu qapından, ey Leyliyi-dəhr, Dərgahında nola bir divanə olmuş, olmamış? Olmadı bir gün, Vidadi xəstə, giryan olmadın, Kimsə onu görmədi xəndanə olmuş, olmamış. * * * Söylə cananə, səba, halım pərişan oldu, gəl Söylə cananə, səba, halım pərişan oldu, gəl! Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl! Qasidi-bisidqə aldanma, yetir, hal özgədir, Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl! Enmədən sinə vücudum, doldu qəbrim qan ilə, Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl! Rəxti-tərdən incinən tən həmdəm olmuş marilə, Üz tutub qarıncalar yollara karvan oldu, gəl! Gördüyün zahir ələm tək şənü şövkət sahibi İndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl! Neçələr giryan olubdur bu Vidadi xəstə tək, Didələr giryan olub çaki-giriban oldu, gəl! * * * Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust! Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust! Dürci-dəhənin höqqeyi-dürdanə, tək ey dust! Gülzari-behişt tək açılıb rövzeyi-hüsnün, Bimar gözün nərgisi-məstanə tək, ey dust! Ol dəm ki, göründü gözümə şəm’i-cəmalın, Yandırdı məni şövq odu pərvanə tək, ey dust! Fikr eylədi ahu gözünü xəstə Vidadi, Düşdü yenə səhralara divanə tək, ey dust! * * * Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm, Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm. Görüb mərdümləri bitəcrübə, ey mərdüm, aldanma, Məhəksiz bilmək olmaz qəlbini, çox simü zər gördüm. Səxavət olmayan kəsdə şücaət fe’li-nadirdir, Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. Əkabirlərdə himmət, aşinalarda sədaqət yox, Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər gördüm. * * * Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür, Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür. Həvayi-eşq sərdə, xatirində vəsl sevdası, Dilində əzbəri-yarü cinan ölmək nə müşküldür. Tamaşayi-camalından nəzərlər olmaya xali, Nizami-xəttü xalı xoşnişan ölmək nə müşküldür. Kəlamı, nitqi, ləfzi xoş, dili şirin, üzü xəndan, Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür. Çəkə həsrət görənlər, görməyənlər arizusunda, Ola dillərdə vəfi hər zaman, ölmək nə müşküldür. Keçib peykan bağrından, düşüb məcruh sərgəştə, Ola al qanına qəltan ölmək nə müşküldür. Verə qürbətdə can, yanında yarü həmdəmindən yox, Qala könlündə hər sirri nihan, ölmək nə müşküldür. Təkəllümdən düşüb dil, tabü taqət qalmayıb canda, Gözü yollarda qalıb bizəban ölmək nə müşküldür Tamam olmaz yüz il şərh eyləsəm bu dərdi-bidərman, Qəribü bikəsü bixaniman ölmək nə müşküldür. Neçə növrəs cəvani-sərəfrazından cüda, həsrət, Vidadi, xəstə düşmək, natəvan ölmək nə müşküldür. * * * Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş, Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş. Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər, Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş. Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhal Hüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş. Demə kim üşşaq qanın tökməyə qəmzən kimi Qatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş. Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib, Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş. * * * Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm! Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm, Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm. Gər görürsən əqlü tədbirü fərasətdən cüda, Bihünər sanma əbəs kim, eşqlə mərdaniyəm. Canı canandan diriğ etmən, dili dildardən, Navəki-qəmzə sevən, əbru kəman qurbaniyəm. Məsti-cami-Cəm olub şürbi degilsən gərçi mən, Tacü təxti-fərq ilən qəm mülkünün xaqaniyəm. İzzü cah ilə mənim qeyr ilə yox davam vəli, Mən Vidadi xəstəyəm, öz şəhrimin sultaniyəm. * * * Yanar cismim bu gün atəşlərə canü cigərdən çox Yanar cismim bu gün atəşlərə canü cigərdən çox, Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox. Açılmaz taleim sübhü, olubdur tirə əyyamım, Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox. Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran, Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox. Demə, ey deyil, cahanda yox mənim tək dəhr pamalı, Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox. Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir, Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox. * * * Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq, Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq. Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən, Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq? Ayağım kəsməzəm laf ursa min səg yar kuyində, Nə surət göstərir ol, surəti-əğyardən artıq. Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm, Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq. Vüsali-yardən gər müddəi yüz müddəa eylər, Vidadi xəstənin könlündə yox didardən artıq. * * * Yarəb, bu gedən sərvi-sərəfraz kimindir? Yarəb, bu gedən sərvi-sərəfraz kimindir? İnsan bu surətdə olur az, kimindir? Xəlq içrə ki, yoxdur belə məqbulü müzəlləf, Meydani-gözəllikdə bu sərbaz kimindir? Qaşı, gözü, əndamı, təmamən əl ayağı, Hər bir sümüyü başına yüz naz kimindir? Munca ki, sərapa bəzənib dürlü cəvahir, Zərrin qəba, simu sərəndaz kimindir? Tuş oldu sənə, xəstə Vidadi, bu əcəldir, Yoxsa ki, nə sözdür belə şəhbaz kimindir? * * * Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar, Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar. Könül şəhbazını əldən uçurdum, taqəti getdi, Düşüb pərvazə meyil etməz, sınıbdır pərrü bal, ağlar. Mənəm o bağibani-baği-möhnət kafəti*-dövran, Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar. Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir, Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar. Əziza, qaldı həsrət həşrə tək didar didarə, Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar. Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş, İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar. Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq, Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vidadi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1809). Public domain (author died 1809). Original text only.