Şeirlər Molla Vəli Vidadi (1709–1809) Ağlamazmı Ey məni qınayan, ağlama, deyib, Ağlar yarı gedən bəs ağlamazmı? İllər ilən həmdəmindən ayrılıb, Xoş nigarı gedən bəs ağlamazmı? Olmaya yanında yarı, cananı, Puça çıxıb gedə ömri-cavanı, Günbəgün əksilib şövkəti, şanı, İxtiyarı gedən bəs ağlamazmı? Bəxt çönüb, çünki zəmanə dönüb, Şadü xürrəm işi fəğanə dönüb, Ömrünün gülzarı xəzanə dönüb, Novbaharı gedən bəs ağlamazmı? Ərz elərəm sən xasların xasına, Səbr eləyim mən bu dərdin hasına, Göz yollarda, can gedincə ta sinə, İntizarı gedən bəs ağlamazmı? Vidadi xəstəni gəl indi tanı, Hanı o sən görən şəklü nişanı, Rəngü ruyi, cismi, taqəti, canı, Külli-varı gedən bəs ağlamazmı? * * * Ağlaram Çərxi-fələk zülmü ziyad eyləmiş, Hicran məni gündə döyər, ağlaram. Ey yaranlar, sındırıbdır belimi, Möhnət yükü qəddim əyər, ağlaram. Məni belə hər kim görə, bir ağlar, Dağ-daş yanar, ulus, oymaq, el ağlar. Cismim sızlar, göz yaş tökər, dil ağlar, Öz başıma yalqız məgər ağlaram? Ey mənim tək göz yaşını saçanlar, Qürbətlikdə cigər qanın içənlər, Fikr etdikcə cümlə bir-bir keçənlər, Yadə düşər, yanar cigər, ağlaram. Hayıf oldu o dövranlar, o dəmlər, Gəldi, keçdi yar, müsahib, həmdəmlər, Bərhəm olur dərdlər, qəmlər ələmlər, Bir-birinə gündə dəgər, ağlaram. Çərxi-fələk, mən ha köçdüm yurdumdan, Ayrı düşdüm qoşunumdan, ordumdan, Vidadiyəm, aləm tanır dərdimdən, Əgər ağlamanam, əgər ağlaram. * * * Ay ağalar, bir nigarın oduna Ay ağalar, bir nigarın oduna, Dəli könlüm yana-yana düşübdür. Mən ki, düşüb bu odlara yanaram, Nə səməndər, nə pərvanə düşübdür. Açılıb cənnət tək camalın gülü, Ötər çövrəsində şeyda bülbülü, Bu gülşənin yasəməni, sünbülü, Nə bir bağə, nə bostanə düşübdür. Könül dost kuyinə etdikcə güzər Qanlı qəmzəsindən etməzmi həzər? Çıxdı gözüm, bir dəm eylədi nəzər, Gör necə kəsilməz qanə düşübdür. Qaş və gözü durub qanın almağa, Zülf tökülüb din-imanın almağa. Vidadi xəstənin canın almağa, Xət bir yana, xal bir yana düşübdür. * * * Aylar, illər həsrətini çəkərdim Aylar, illər həsrətini çəkərdim, Şükür yetdim vüsalına, sevdiyim! Müştaqinəm, canı qurban eylərəm, O xəttinə, o xalına, sevdiyim! Eşqin elə bu könlümə fənd elər, Danışdıqca göftarını qənd elər, Zülfün ilə hüsnün birdən bənd elər, Xəyalımı xəyalına, sevdiyim! Səndə vardır belə şanü şövkətlər, Həsrətini çəkər mahi-təl’ətlər, Sən bir xoş behiştsən, qəmzən zinətlər, Nə fərq elər əhvalına, sevdiyim! Eşqin məni gündən-günə qeyr elər, Səni sevən əlbəttə ki, xeyr elər. Bax çıxarmış şükufələr seyr elər, O yaşıla, o alına, sevdiyim! Səni mənə bəxş elədi zamana, Yaxşı olan nəsib olmaz yamana. Vidadiyəm sinəm gəldi nişana, Bir ox atdım iqbalına, sevdiyim! * * * Dəli könül, gəl əylənmə qürbətdə Dəli könül, gəl əylənmə qürbətdə, Bir gün olur vətən deyib ağlarsan. Yadlar ilə ömür çürür həsrətdə, Bir gün olur vətən deyib ağlarsan. Yaxşı gündə yarü yoldaş çox olur, Yaman gündə heç bulunmaz, yox olur. Yad ellərin tənə sözü ox olur, Bir gün olur vətən deyib ağlarsan. Mən görmüşəm bu qürbətin dadını, Yanıb-yanıb çox çəkmişəm odunu. Qəmlənirsən hər görəndə şadını, Bir gün olur vətən deyib ağlarsan. Oxuduqca qəmgin şe’ri-qəzəli, Köhnə yaraların bir-bir təzəli, Yada düşər keçən günün əzəli, Bir gün olur vətən deyib ağlarsan. Yada düşər bağçaların, bağların, Ala qarlı, boz dumanlı dağların, Qocalırsan keçər cavan çağların, Bir gün olur vətən deyib ağlarsan. Keçən günü bir-bir xəyal eylərsən, Dolar qəm könlünə məlal eylərsən. Gələndən-gedəndən sual eylərsən, Bir gün olur vətən deyib ağlarsan. Hər məzara düşər olsa güzarın, Yada düşər ata-ana məzarın. Vidadi xəstə tək artar azarın, Bir gün olur vətən deyib ağlarsan. * * * Durnalar Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimana, durnalar! Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar?! Təsbih kimi qatarınız düzərsiz, Havalanıb ərş üzündə süzərsiz, Gah olur ki, danə-xurə gəzərsiz, Siz düşərsiz pərişana, durnalar! Ərz eləyim, bu sözümün sağıdır, Yollarınız həramidir, yağıdır, Şahin-şunqar sürbənizi dağıdır, Boyanarsız qızıl qana, durnalar! Əzəl başdan Bəsrə, Bağdad eliniz, Bəylər üçün ərməqandır teliniz, Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Bir baş çəkin dərmandənin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə Siz yetirin bir nişana, durnalar! * * * Düşər Seyri-gülşən etsən, ey gül’üzarım, Bülbül oxur, bağlar sədayə düşər. Xəttinə baş əyər sünbül, bənövşə Gül xaki-payinə fədayə düşər. Xurşidim, xavərim, hilalım sənsən, Şəkərim, şərbətim, zülalım sənsən. Fikrim, zikrim, sözüm, xəyalım sənsən, Haçan könlüm səndən cüdayə düşər. Arizunu çəkir sahib-diləklər, Dolanıb başına dönər fələklər. Mədhin oxur ərş üzündə mələklər, Hər biri bir türfə vidaya düşər. Xəyalındır xəyalımın həyatı, Dəhanın şəkəri, dilin nəbatı, Cəmalın sədqəsi, hüsnün zəkatı Mənim tək bivanə gədayə düşər. İntizarın mən çəkərəm peyvəstə, Könül pərişandır, xatir şikəstə, Istər vüsalını Vidadi xəstə, Üz xakə fərş eylər, duayə düşər. * * * Ey hymdəmim, səni qanə qərq elər Ey həmdəmim, səni qanə qərq elər, Gəl tərpətmə yaralanmış könlümü. Ayrı düşmüş vətənindən, elindən, Həmdərdindən aralanmış könlümü. Könül verdik hər bivəfa yadlara, Hayıf oldu ömür, getdi badlara, Fələk saldı dürlü-dürlü odlara Şan-şan olmuş, paralanmış könlümü. Qanlı yaşım gündən-günə bollandı, Axdı, axdı sinəm üstə kölləndi, Yenə qəm sinəmi mindi yollandı, Heç bilməzəm yaralanmış könlümü. Gözüm yaşı gündən-günə fərq elər, Eyb eləmək məni qana qərq elər, Rövşən etməz yüz min günəş — bərq elər- Bu möhnətdə qaralanmış könlümü. Vidadiyəm xəstə gözüm mərdümi, İtirmişəm qoşunumu, ordumu, Çox təbibə şərh eylədim dərdimi, Heç görmədim çaralanmış könlümü. * * * Eylədinmi Ey fələk, əlindən dad etməyimmi, Sən məni dərdə bac eyləmədinmi? İtirdin gözümdən yari-həmdəmi, Taydan-tuşdan ixrac eyləmədinmi? Qəvvas olub eşq bəhrin üzərkən, Sevda səməndini minib gəzərkən, Özgələrin əyrisini düzərkən, Öz işimdə qiyqaç eyləmədinmi? Mən necə səbr edim ha belə dərdə, Canü cismim oldu sağ ikən mürdə, İşim saldın hər nakəsə, namərdə, Onlara məni möhtac eyləmədinmi? Gündən-günə dərdim oldu ziyada, Axırda ömürüm getdi bərbada, Keçən günlər bir-bir düşdükcə yada, Əşkimi pürəmvac eyləmədinmi? Gör necə düşübdür Vidadi xəstə, Nitqi lal olubdur, zəbanı bəstə, Qəm ləşkəri durub dəstəbədəstə, Könül şəhrin tarac eyləmədinmi? * * * Gecə-gündüz oda düşüb yanaram Gecə-gündüz oda düşüb yanaram, Siyah telli bir sonanın ucundan. Nə dil deyə bilir,nə qələm yazır, Hər nə ki çəkmişəm onun ucundan. Qəm ki gəlir mənə firqəbəfirqə, Nə Məcnun çəkibdir, nə görüb Vərqə, Neçə mərdümləri vermişəm qərqə, Çeşmimdən tökülən qanın ucundan. Nə xoş olur eşq əhlinin bu halı, Şəmə yana pərvənənin misalı, Gəldikcə xəyala yarın xəyalı, Yanar odlar düşər canın ucundan. Könül düşüb hər havadan enərmiş, Şişə təki hər nə dəgsə sınarmış, Səməndər tək özbaşına yanmamış, Hicran günü can cananın ucundan. Bivəfa dünyada, dəhri-fənada, Fələk məni yetirmədi murada. Vidadi xəstəyəm, ömrümü bada Verdim axır bu sevdanın ucundan. * * * Müsibətnamə Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax, Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax, Cami-heyrətdən dəmi məxmər olub məstanə bax, Tut təfəkkür damənin bir dəm dili-heyranə bax, Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax, Olma mə’murinə rəqib, axiri viranə bax. Bivəfadır, mülki-dünya malına aldanma çox, İzzü cahü dövlətü iqbalına aldanma çox, Tutma ümmid əqlü fəhm əhvalına aldanma çox, Qövmü qardaşü rəfiq əqvalına aldanma çox, Hər biri bir rəmz ilə səndən olur biganə bax. Şərhi bimümkün gəlib-getmiş cahana çox hümam, Hər biri əsrində bir sahibhünər, aliməqam, Şah ola, istər gəda, divanə, ya əhli-nizam, Yetməmiş məqsudinə aləmdə heç ərbabi-nam, Cümləsin məqtul edib bu bisərü samanə bax. Dinlə, ey tuğyani-möhnət, bir rəvayət söyləyim, Didələr giryan edən şərhi-məlamət söyləyim, Dərdi-bidərmanü daği-binəhayət söyləyim, Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim. Lütf edib qıl bir nəzər bu müxtəsər dəstanə bax. Noldu gör ol sərvəri-dövran, əmiri-möhtərəm, Mənbəi-cudü səxavət, mədəni-lütfü kərəm, Mərdi-meydan, əhli-ürfan, sahibi-tiğü qələm, Ərseyi-rəf’ətdə guya kim, tikilmiş bir ələm, Hakimi-Şirvan-Şəki, yə’ni Hüseyn xanə bax. Şir-dil bir mərd idi çox, şövkətü şə’ni əzim, Səfşikən, ə’dafikən, şəmşirzən, bixovfü bim. Sərvəri-sahib həşəm, ətbai çox, mülki qədim, Xoşnüma, xəndan liqa, şirin süxən, təbi həlim, Neylədi, gəl gör, müqəddər hikməti-yəzdanə bax. Haqpərəst, əhli-təvəkkül, pak dil, safi-cigər, Baki yox heç kimsədən, cahü cəlalı biqədər, Bilməmiş rəşkü həsəd insanı eylər dərbədər, Bağlamış onunla kin ə’lavü ədna sərbəsər, Saldılar hər rəng ilə də’va tutub böhtanə bax. Hacı Əbdülqadirü Hacı Məhəmməd kinədar, Saldılar yüz dürlü də’va, oldular ondan fərar, Etdilər ol dəmdə Dar doqqazı səngər istivar, Tapdı düşmən hər tərəf üz, oldu qovğa aşikar, Buldular fürsət, tamami girdilər meydanə bax. Kəndxudalar göndərib oğlilə çox and eylədi, Etmədi bir sud hərçənd əhd-peyvənd eylədi, Hacı Əbdülqadir ol dəm gör necə fənd eylədi, Tutdu onların təmamın, yerbəyer bənd eylədi, Verdi Ibrahim xana, tez saldılar zindanə bax. Gör nələr gəldi o dəm, Hacı Məhəmməd başına, Tutdurub həm onu dəxi qoydu qəl’ə daşına, Qaldı bir il verdi can axir əcəl pürxaşına, Böylədir hər kim olursa xain öz yoldaşına, Getdi hər nə var isə mərdümliyi məccanə, bax. Ol Qarabağ hakimi dövlətli İbrahim xan, Əvvəlü axır onunla ta yaman idi, yaman, Gördü fürsət gəldi, fövt etmək deyil əqlə nişan, Oldu Əbdülqadir ilə müttəfiq həm ol zaman Yığıldılar bihəddi-ləşkər, cəm edib hər yanə bax. Qıldı bu sərriştədə hər hal ol sə’yü əmək, Etmədi təqsir hər dəm verdi simü zər, yemək, Gəldilər Carü Tala bəylər təmami binəmək, Keçdi çox cənglər aradan, tul olur şərh eyləmək, Öldü əvvəl Hacı xan tək növcəvan fərzanə bax. Çəkdi ümmə xanü Əhməd xan, Cönkətay çəri, Hər biri Dağıstan içrə külli-ləşkər sərvəri, Biləsincə necə başçı, cümləsi meydan əri, Bir tərəfdən göndərib topxanə verdi ləşkəri, Arxa durdu onlara valiyi-Gürcüstanə bax. Eylədi hər bir qoşun gəldikcə bir dürlü savaş, Hər tərəfdən qoydular can almağa meydanə baş, Keçdi müddət, düşdü xalqa eylə bir qəhti-məaş, Olmayıb bir böylə zillət mütləqa aləmdə faş, Gəlməyib böylə müsibət Rumə, ya Iranə bax. Artdı qovğa üz verib hər ləhzə bir cəngü cidal, Elə kim gəlməz hesaba oldu məqtulü qital, Gördü kim ol mərdi-meydani-bəla, ol pürməlal, Günbəgün etməkdədir əyyam onu aşüftəhal, Dəmbədəm salmaqdadır dövran onu nöqsanə bax. Fətəli xan yanına əzm etdi ol hicrət qılıb, Neylədi ol mərd gör, əda ikən hörmət qılıb, Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb, Etdi mə’yus onu həm iqbal, binüsrət qılıb, Neyləsin insan əgər yar olmasa sübhanə bax. Gah Ağası xan Şirvan hakimilə bir zaman, Baş qoyub ə’dayə qarşı atdılar meydanə can, Eylə bir cəng etdilər kim, su yerinə axdı qan, Hasili ol dərdiməndə vermədi nüsrət, inan, Atəşi-meydanlara etdi özün pərvanə bax. Döndü çün iqbalü dövlət gəlmədi pərva ona, Olmadı hər yana üz tutdusa bir mə’va ona, Hər nə var yarü müsahib oldular ə’da ona, Hər tərəfdən verdilər qətl etməyə fitva ona, Cümlə xunxarü nəməksiz ol Şəki, Şirvanə bax. Gör necə döndü tamaşa qıl onun əqranına, Aşkaravü nihan qəsd etdilər ta canına. Duydu halı hər tərəfdən yığdı ləşkər yanına, Olmadı, çün çarə yox haqdan işin imkanına, Hər nə tədbir ilə sə’y etdisə ol mərdanə bax. Cəm olub qətlinə onun bir neçə əşrarlər, Bilməyən nanü nəmək, bihörmətü biarlər, Ölməyə, öldürməyə bərk etdilər iqrarlər, Cümlə öz əqvamü əqranı tamam xunxarlər, Qövmü qardaşa inan, gəl, dosta bax, yaranə bax. Bir günorta vaxtı xali buldular fürsət məgər, Qalmamış getmiş dərində hiç dərbandan bəşər, Doldular ol xabi-qəflətdə yatarkən bixəbər, Belədir təqdir “iza caəl qəza ə’məl-bəsər”,* Özgə fikrə düşmə çox, haqdan gələn fərmanə bax. Çıxdı ta olcaq xəbər ə’dayə qarşı bidirəng, Bir zaman naçarü tənha eylədi şiranə cəng, Neyləsin, yox dəsti-bəxt, iqbalü nüsrət payi-ləng, Hər tərəfdən üstünə yağdırdılar tiğü tüfəng, Aqibət məcruh olub, qərq oldu əlvan qanə bax. Etdilər sülh üzrə ol dəm bir neçə qövlü qərar, Oldu razı, bildi yalan olduğun biixtiyar, Saxlayıb bir həftə axır qətl edib məcruhü zar, Külli-varın etdilər taracü yəğma, tarümar, Əhli-beyti cümlə düşdü növhəvü nalanə bax. Əl qoyub cümlə fəsadə tikdilər şeytan evin, Etdilər guya xərabə din evin, iman evin, Açdılar babi-fəsad, bağladılar ehsan evin, Qırdı öz övladını, yıxdı onun sübhan evin, Hacı Qadir tək cahanın fitnəsi şeytanə bax. Gəl yetər, ey zülmə rağib, səngdil, səxtciyər, Munca xunriz olma, eylə zülmi-nahəqdən həzər, Yadına gəlməz məgər ruzi-cəza, ey bixəbər, Noldu, haqdan bir zaman şərm eylə, çıx şamü səhər Guş edib məzlumlərdən ol gələn əfğanə bax. Ah kim ta aləm olmuş, mehrü mahın mənzili, Eylənmiş rövşən dili, ahi-siyahın mənzili, Gəh düşər nisbət gədayə padişahın mənzili, Gəhi şiri-nər yerin eylər rubahın mənzili, Dövri-bər’əksə nəzər qıl, çərxi-kəcgərdanə bax! Kimsə qalmaz nikü bəd, ancaq qalır aləmdə ad, Namurad eylər cahan, hər kim ki istər bir murad, Bu “Müsibətnamə” tarixin bil, ey fərrux-nihad, İki yeddi, iki qırx olmuşdu min yüzdən ziyad**, Oldu mərhumü şəhid ol gövhəri-yekdanə bax. Belədir dövran işi, hər gündə bir al eyləmiş, Aqili nadan ilə pəjmürdə əhval eyləmiş, Üz verib namərdə, hərdəm mərdi pamal eyləmiş, Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş, Gör nələr qıldı fələk Müştaq tək insanə, bax. Qeydlər Qəza gələndə göz kor olar. Min yüz doxsan dördüncü il – miladi 1779-cu il * * * Könül həsrət, can müntəzir, göz yolda Könül həsrət, can müntəzir, göz yolda, Ömr azaldı, və’də keçdi san ilə. Bir də könlüm istədiyin, gözlərim, Görərəmmi ol şövkətlə, şan ilə. İstəmənəm bu dünyanın malını, Qovğasını, fitnəsini, alını, Qəriblikdə bikəslərin halını Fikr elərəm, gözüm dolar qan ilə. Mərdlər ilən gəz ki, vəfadar olur, Nakəslərə yoldaş olan xar olur. Namərd odur yaxşı gündə yar olur, Yaman gündə baxmaz, ötər yan ilə. Mərd olanlar keçər külli varından, Əl götürməz namusundan, arından, Ölənətən dönə bilməz yarından, Meydan günü başın qoyar can ilə. Daim haqdır Vidadinin deməyi, Doğruların hərgiz itməz əməyi, Hər kimin ki, mövla olur köməyi, Nə işi var sultan ilə, xan ilə. * * * Novruzi-bahar oldu, cahan tazətər oldu Novruzi-bahar oldu, cahan tazətər oldu, Rəf oldu ələmlər, Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu, Yandı oda qəmlər. Qırx yeddi rəqəm sındı zimistan qələmindən, Fürsət gülə düşdü. Meydani-tərəbdə bu nə türfə hünər oldu, Sərf oldu kərəmlər. Göydən yerə yağdı nə gözəl şəbnəmi-rəhmət, Bitdi gülü lalə. Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu, Açıldı irəmlər. Yüz həmdü səna mayili-seyri-çəmən oldu, Şad oldu könüllər. Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu. Xoş gəldi bu dəmlər. Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm Sultani-zəmanə? Bu eydi-mübarəkdə ki, dünya xəbər oldu, Saçıldı dirəmlər. * * * Seyri-gülşən etsən, ey gülüzarım Seyri-gülşən etsən, ey gülüzarım, Bülbül oxur, bağlar sədayə düşər, Xəttinə baş əyər sünbül, bənəfşə, Gül xaki-payinə fədayə düşər. Xurşidim, xavərim, hilalım sənsən, Şirinim, şərbətim, zülalım sənsən, Fikrim, zikrim, sözüm, xəyalım sənsən, Könlüm haçan səndən cüdayə düşər. Arizunu çəkər sahibdiləklər, Dolanıb başına dönər fələklər, Mədhin oxur ərş üzündə mələklər, Hər biri bir türfə nidayə düşər. Xəyalındır xəyalımın həyatı, Dəhanın şəkkəri, ləbin nəbatı, Cəmalın sədqəsi, hüsnün zəkatı Mənim tək binəva gədayə düşər. İntizarın mən çəkərəm peyvəstə. Könül pərişandır, xatir şikəstə, İstər vüsalını Vidadi xəstə, Üz xakə fərş eylər, duayə düşər. * * * Səba, əhvalımı bir-bir Səba, əhvalımı bir-bir Varıb ol yarə ərz eylə. Qəmü dərdi-dilim şərhin Deyib, dildarə ərz eylə! Gedərsən kuyinə yarın, O qəddi-sərv rəftarın, Fəğanın bülbüli-zarın Güli-gülzarə ərz eylə! Desən mən zarü giryandan, Vüsudi, bağrı büryandan, Dəmadəm tiği-hisrandan Siyər sədparə, ərz eylə! Səba, gəl seyri-gülzar et, Gülü reyhanı bidar et Təbibə dərdim izhar et, Qəmi qəmxarə ərz eylə! Vidadi xəstə bimarın, Bəlayi-eşqdən zarın, Sözün müştaqi-didarın Yetir Sananə, ərz eylə! * * * Yenə bir leylivəş yara dil verdik Yenə bir leylivəş yara dil verdik, Könül Məcnun təki divanələnmiş, Atəşi-eşqindən dil kəbab olmuş, Dolanır, çövrünür pərvanələnmiş. Apardı ağlımı bir ahü gözlü, Bir bənövşə buylu, bir lalə üzlü, Bir şirin göftarlı, bir şəkər sözlü, Ağzı sədəf, dişi dürdanələnmiş. Düşübdür xəyalım yarın ruyinə, Can quşu bənd olub zülfü muyinə, Salıbdır meylini yarın kuyinə, Əqlü huşum məndən biganələnmiş. Ta ki, xəbər gəldi xublar şuxundan, Əl çəkdim cahanın varü yoxundan. Qəmzə xəncərindən, müjgan oxundan Cigər parə-parə, dil şanələnmiş. Vidadi xəstəyəm, ey gözüm sağı, Artıbdır sinəmin düyünü, dağı, Bir qəmzəsi qanlı, hərami, yağı, Çapdı könlüm şəhrin, viranələnmiş. * * * Yenə yad eylədim keçən günləri Yenə yad eylədim keçən günləri, Axdı gözlərimdən qan gedər oldu, Bihuş oldum, nitqim, səbrim, qərarım, Çıxdı bu cismimdən can gedər oldu. Dil necə ağlayıb çəkməsin zarı, Hər gün artar bir dərmansız azarı. Elə kasad oldu könül bazarı, Sanasan şəhrindən xan gedər oldu. Ey könül pozuldu rəngi-alların, Tər sima, xoş bədən, xəttü xalların, Şirin göftarların, dür xəyalların, Atəşi-hicranə yan gedər oldu. Hanı ol əzəlki nazü rifətlər, O qəddü qamətlər, hüsni-surətlər, Gedərmiş mərdümən qədrü hörmətlər, Elə ki, şövkətü şan gedər oldu. Ey Vidadi xəstə, noldu bazular, Düşdü qələm, itdi gözdən yazılar. Hümmət edin, yar, müsahib, qazılar, Yüz min həsrət ilə can gedər oldu. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vidadi-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1809). Public domain (author died 1809). Original text only.