Təcnislər Molla Vəli Vidadi (1709–1809) Ey dəhanı şəkər, ləbləri badə, Gün camalın eşq əhlinə ayinə. Üzün gördü şeyda könül məst oldu, Nə hacət ki, həşr olunca ayinə. Səni məndən, məni səndən sanaram, Tanrı üçün uzaq tutma sən aram. Vüsalından ayrılalı sanaram, Yetə bilməm həftəsinə, ayına. Sənsiz mənə dolandıqca sal sənə, Əşkim dərya, cismim oldu sal sənə. Nolur niqabını üzdən salsənə Günəş göydə səcdə qıla, ay enə. Neçin kəsdin sinəm üstən ayaqlar, Üzün göstər, sərməst olsun ayıqlar. Həsrət çeşmim, qan-yaş tökər, ay ağlar, Gördüm ola bir də üzün, ayə, nə? Vidadiyi-xəstə oxu miyandır. Qur sən tər sadağın oxumu yandır, Kim hüsnün kitabın oxumayandır, Nə bilir ki, hədis nədir, ayə nə? * * * Kitabxana.az · https://kitabxana.az/collections/vidadi-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1809). Public domain (author died 1809). Original text only.