Gəraylılar Xəstə Bayraməli (1899–1952) Dağlar Bahar fəsli əskilməyir Güneylərdən lala, dağlar. Kaş ki, elə bu gözəllik Səndə hər vaxt qala, dağlar. Dərələrdən keçəm bir-bir, Gəzəm, söhbət açam bir-bir, Çeşmələrdən içəm bir-bir, Əlimdə piyalə, dağlar. Yenə nə müddətdən bəri Dolandıqca bu yerləri, Ürək istər, Ələsgəri Səndən xəbər ala, dağlar. Kəsmə könlümdən gümanı, Qurbanın, Nəcəfin hanı!? Vətəndən Novrəs İmanı Təkmi saldın yola, dağlar!? Bayraməli deyər gerçək, Bir dərmandı hər cür çiçək. Vəfan varsa, gəl əncam çək Bu pərişan hala, dağlar. * * * Yar aşiqi həsrət çəkər Yar aşiqi həsrət çəkər, Pərvanələr oda yansa. Məcnun olar dəli könlüm, Leyli deyib, dağ dolansa. Namərd keçsə ixtiyara, Tərlan möhtac olar sara. Mərd igid çəkilər dara, Gədə durub lovğalansa. Möhtac olsam tülkülərə, İstərəm, yem olum şirə. Bayraməli dönər Kürə, Şair təbi dalğalansa. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-bayrameli-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1952). Public domain (author died 1952). Original text only.